Haqqın zəfərini görmədən dünyadan köçən İsmayıl Fark, yaxud Azərbaycandakı albanlar
22.03.19 21:28
Əli ŞAMİL
ali-shamil@yahoo.com
Heyif ki, dediklərim doğru çıxdı...
2018-ci ilin martında Tiranaya gedərkən içimdə bir ümid qığılcımı vardı. Albaniyanın hökümətinin diqqətini İsmail Farkın məsələsinə yönəldə biləcəyimi düşünürdüm. Heyif ki, ümidlərim puça çıxdı. Geri dönəndə yazdığım məqaləni belə bitirmişdim: “Aclığa, səfalətə, üzərində aparılmış eksperimentlərə, döyülməyə, təhqirlərə tab gətirmiş İsmail Fark isə hələ yaşayır. Onu yaşadan iradəsinin möhkəmliyi, hüquqlarının bərpa olunacağına, vətəninə bir qəhraman kimi dönəcəyinə bəslədiyi ümiddir. Haqq nazilər, amma üzülməz deyiblər. İsmail Farkı bilmirəm, mənim haqqın üzülməyəcəyinə, haqqın qalib gələcəyinə, bu insanın vətənə dönəcəyini görəcəyimə inanmım qalmayıb. Bu hadisə nə vaxtsa baş verəcəyinə inanıram. Amma onda mən olmayacam”.
Təəssüf ki, nə ümidləri, nə iradəsi, nə dözümü İsmail Farkı haqqın qalib gələcəyinə, vətənə dönməsinə şərait yaradılacağına qədər yaşada bilmədi. 2018-ci il oktyabrın 12-də İsmail Fark yolunda minbir zülmə dözdüyü vətəninin yetkililərindən, qohumlarından, onu sevən Bakıdakı tanışlarından xəbərsiz Şüvəlan qəsəbəsində dünyasını dəyişdi. Ölümünü mən də qırxından sonra oğlu Bayramdan öyrəndim.
Azərbaycan sevdalısı Əli Heydər Bayat
2008-ci ildə may ayının 20-24-də Konyada keçirilən Birinci Uluslararası Türk Tibb Tarixi və Onuncu Ulusal Türk Tibb Tarixi Kongresilərndə də iştirak edirdim. İxtisasım nə tibblə, nə də tibb tarixi ilə bağlı idi. Məni simpoziumun təşkilatçıları ilə tanış edən Əli Heydər Bayat (1941-2006) olmuşdu. Tibb elmləri doktoru, professor Əli Heydər Bayatın musiqi təhsili, o sahədə dərin biliyi vardı. Ona görə də tibb sahəsində çalışmaqla yanaşı konservatoriyaya da rəhbərlik edirdi. Onun tibb və müsiqi sahəsindəki fəaliyyəti haqqında geniş bilgim də yox idi. Yəni əsərlərini oxumamışdım.
Azərbaycan sevdalısı bu insanın Əli bəy Hüseyinzadə haqqında yazmış olduğu dəyərli monoqrafiysını isə oxumuşdum. Monoqrafiyanı oxuduqdan sonra ona hörmətim birə-beş artmışdı. Hər bir sözünü, tapşırığını canla-başla yerinə yetirirdim.
20-ci yüz ilin başlarında Azərbaycanda və keçmiş Rusiya İmperiyasında baş verən ictimai-siyasi hadisələr haqqında az-çox bilgim də məni onun üçün maraqlı müsahibə çevirmişdi. Tez-tez yazışmağa, bir-birimizə əldə etdiyimiz yeni materiallar haqqında bilgi verməyə, simpoziumlarda görüşməyə, fikir mübadiləsi etməyə, daha doğrusu dərdləşməyə can atardıq.
Mənə Əfzələddin Xaqaninin əsərləri əsasında Kafiəddin Ömər ibn Osmanın Darüşşəfası adlı bir məruzə hazırlamağı tapşırmışdı. Məruzə üçün materiallar toplayarkən onun dünyasını dəyişdiyini eşitdim. Həvəsdən düşmədim, əksinə ruhu şad olsun deyə çalışdım ki, gözəl bir məruzə hazırlayım. Simpoziumun təşkilatçıları da mənimlə əlaqəni kəsməmişdilər. Əlaqə saxlayırdılar. Konyadakı simpoziuma dəvət etdilər. Xanımımlə birlikdə getdik.
Səlcuk Universitetində keçirilən simpoziumda iştirak edəndə rəssam Məzahir Avşarla görüşdük. Azərbaycandakı sıxıntıdan, təziqlərdə baş götürüb qardaş ölkəyə getmiş vətənsevər və millətpərvər Məzahir bəy orada gözəl sənətlər bölümünə (incəsənət kafedrası) rəhbərlik edirdi. Neçə il idi görüşmürdük. Söhbətimizin əsas mövzusu Azərbaycan, Azərbaycandakı ictimai-siyası durum, milli azadlıq hərəkatı fəallarının taleyi, harada olduqları, neçə yaşadıqları idi.
Konyada gözlənilməz tanışlıq
Simpoziumlarda fasilələr zamanı çay, qəhvə, şirniyat verilən yerlər adətən arı yuvasını xatırladır. İştirakçılar çay, qəhvə növbəsində də, salonda gəzişəndə də söhbətləşir, fikir mübadiləsi edir, gələcək işlərini, görüşlərini planlaşdırırlar. Bu dəfəki fasilədə isə nədənsə bir seyrəklik vardı. Məzahir Avşar və mən xanımlarımızla bir küncə çəkilərək çay içə-içə dərdləşirdik.
Məzahir Avşar və xanım Lalə Konyada
Əlində iki istəkan çay olan qarabuğdayı, arıq və uçaboy bir xanımın bizim stola yaxınlaşması diqqətimizi çəkdi. Məzahir Avşar maraq dolu baxışla: “Bu kimdir?” deyərək sanki özü-özündən soruşdu. Mən və xanımım qonaq idik və buradakıları da yaxşı tanımırdıq. Əslində gələn Məzahir Avşarın və ya xanımının tanışı ola bilərdi. Onun da belə heyrətlə sual verməsi diqqətimizdən yayınmadı. Xanımım Məzahir Avşara müraciətlə: “Narahat olmayın, Əlinin yanına gəlir” deyərək Lalə xanıma eyham vurdu. Lalə xanımın toplum arasında heç vaxt Məzahir bəyi qısqandığını görməmişdik. Elə buna görə də Əzizə xanımın zarafatına üçümüz də güləndə Məzahir bəydə bir anlıq çaşqınlıq yarandı.
Əlində çay stəkanları olan xanım bizim eyhamla gülməyimizə əhəmiyyət vermədən stəkanının biri mənim, birini də öz qarşısına qoyub əyləşdi. Əzizə xanımın söylədiyinin doğru çıxması bizim bir birimizə manalı baxaraq gülümsəməyimizə səbəb oldu.Yeni gələn xanım isə heç nə olmamış kimi mənə müraciətlə, avşarlar mövzusunda araşdırma apardığını, bu işdə ona yardımçı ola biləcək Azərbaycanlı axtarırdığını bildirdi. Danışığından Türkiyə türkü olmadığı açıq-aydın seçilən xanımın sözünə dördümüz də güldük. O, yenə heç nə olmamış kimi bizim verəcəyimiz cavabı gözlədi. Üçümüz də Məzahir Avşarı göstərərdik. Sonra da Məzahir bəyin avşar olduğunu, Azərbaycandan gəlib Səlcuk Unversitetində Gözəl Sənətlər bölümünə rəhbərlik etdiyini bildirdik. Bizim təqdimatımız xanımı çox sevindirdi.
Məzahir Avşarın vizit kartını aldı. Özü də bizə vizit kartını verdi. Aşvarlar mövzusunda başlayan söhbətin bir azdan yönü dəyişdi. Biz onu tanımaq üçün suallar verməyə başladıq. Öyrəndik ki, Tiranadan gəlib. Baş Arxivlər İdarəsində Türk Əlyazmaları şöbəsinin müdiridir. Ona Azərbaycanla maraqlanmasının səbəbləri, Avşarlar mövzusunda nə yazmaq istədiyi, Albaniyanın bu günkü durumu və s. haqqında suallar verməyə başladıq. O, ağır-ağır, sanki demək istədiklərini beynində tərcümə edərək, suallarımızı cavablandırırdı. İlk görüşdən xoş ovqat oyadan xanıma əlimizdən gələn köməyi əsirgəməyəcəyimizi vəd etdik.
Entela Muçonun Azərbaycan sevgisi
Simpozium günlərində bir neçə dəfə Entela Muço ilə görüşdük, məruzəsini də dinlədim. Azərbaycan Albaniya əlaqələri, qədim Qafqaz Albaniyası ilə bu gün Balkanlarda mövcud olan Albaniya dövlətlərinin ad oxşarlığı, Tiranadakı türkdilli əlyazmalar arasında Azərbaycan yazıçı, şair və alimlərinin əsərləri mövzusunda xeyli söhbət etdik. Sağ olsun Məzahir bəyi, qısa müddətdə avşarlarla bağlı xeyli material toplayıb Entela Muçoya verdi.
Bir neçə ay sonra Entela Muçodan məktub aldım. Bakıya gəlmək, kitabxanalarda, arxivlərdə işləmək, avşarlar mövzusu ilə bağlı ədəbiyyat toplamaq istədiyini yazırdı. Vəziyyəti götür-qoy etdim. Gördüm ki, istəklərini reallaşdırmaq üçün 4-5 ay Bakıda qalması lazımdır. Buna da nə maddi imkan var, nə də şərait. Odur ki, gənc alimlərdən Elmira Fikrətqızından, Aida Ağakərimqızından, Səadət Şıxıyevadan xahiş etdim ki, mövzu ilə bağlı kitabların, qəzet və jurnal məqalələrinin surətlərini çıxartsınlar.
Entela Muço Azərbaycanlı araşdırıcılar arasında
Entela Muçonun aylarla axtaracağı materialların yerini onlar az qala əzbər bilirlər. Çox sağ olsunlar, sözümü yerə salmadılar. Lazım olan materialları seçib hazırladılar. Entela Muçoya qaldı Bakıya gələndə araşdırıcılarla görüşsün, fikir mübadiləsi etsin.
Onu hava limanında qarşılayıb evimizə gətirdim. Sonra da kitabxanaları, arxivləri gəzdirdik. Araştırıcılarla görüşdürdük. 2-3 ay sonra mənə geniş bir məktub yazdı. Bakıdan apardığı materialları onu çox məmnun etmişdi. Tanımadığı gənc alimlərin təmənnasız yardımından bərk təsirlənmişdi. Onlara təkrar-təkrar təşəkkürünü çatdırmağımı xahiş edirdi. Beləcə Azərbaycanlı gənclərin işgüzarlığı və təmənnasız yardımı Entela Muçonu Azərbaycanla sıx bağladı... Entela Muço Tiranada Albaniya-Azərbaycan Dostliq Cəmiyyəti qurdu.
2018-ci ildə Albaniyadan aldığım bir dəvət məktubunda martın 20-də Tiranada keçiriləcək simpoziuma dəvət edilirdim. Yaşımın çoxluğunu və əməliyyatdan sonra həkimin məsləhətlərini nəzərə alaraq ölçüb-biçməyimə, götür-qoy etməyimə başladım. Tiranadakı Kutsal Sarayda Dünya Bəktaşilərinin baş dədəsi Edmond Brahimayın (İbrahimin albanca deyiliş şəkilidir-Ə.Ş.) rəhbərliyi altında “Ənənə və müasirlik arasında İmam Əli dünyası” mövzusunda elmi simpoziuma gedim, getməyim? Mövzu araşdırma sahəmdən kənar idi. Azərbaycan sevdalısı, tarix elmləri doktoru Entela Muço ilə internet vasitəsilə əlaqə saxladım. Sən demə bu dəvətnamənin göndərilməsinin səbəbkarı elə Entela xanım imiş. O, bildirdi ki, simpoziumu bəktaşilər keçirdiyinə görə Albaniyanın prezidenti İlir Metaya da orada olacaq və açılış toplantısında məruzə edəcək. Orada İlir Meta ilə görüşmək və İsmail Fark haqqında ona nə isə demək imkanı olacaq. İsmail Fark haqqında məqalə yazmaqla kifayətlənməmişdim. Ayrı-ayrı təşkilatlara müraciətlərim də olmuşdu. Hətta məqaləmi Entela Muço alban dilinə şevirərək Albaniyanın ən nüfuzlu qəzetlərindən olan "Standart" qəzetinin 24 may 2009-cu il və 25 may 2009-cu il sayında çap etdirmişdi. Butün bunların heç bir nəticəsi olmamışdı.
Düşündüm ki, son cəhdimi də edim. Yaranmış inkandan istifadə edərək bu açı taleli insanın məsələsini gündəmə gətirim. “Ənənə və müasirlik arasında İmam Əli dünyası” mövzusunda elmi simpoziuma 20 illik narahatçılığıma son qoyacaq bir imkan kimi baxdım. Güçümü toplayıb məruzə hazırladım və göndərdim. Dəvətnamədə göstərilirdi ki, məqalələri hakimlərin rəyindən keçənlərin yol və Tiranada qonaqlama xərcləri ödəniləcək.
Tiranadakı hava alanında məni Entela Muço və simpoziumun təşkilatçıları qarşıladılar. Məruzələr sinxron tərcümə ediləcəkdi. Buna baxmayaraq məruzəmi Entela Muço özü Alban dilinə çevirmişdi və tərcüməni də özü oxuyacaqdı. Onunla mövzudan kənara nə vaxt və neçə çıxacağımı, İsmail Fark haqqında nələr deyəcəyimi də planlaşdırdıq. Onları da Entela Muço alban dilinə çevirib əlinin altında hazır saxladı. Entela Muçonun sayəsində mənim məruzəm plenar iclasa salınmışdı ki, İsmail Fark haqqında dediklərimi prezident, orada iştirak edən nazirlər və dövlət adamları eşitsinlər.
İsmail Fark kimdir və onun bəxti-yığvalı nədən qara gəlmişdi?
İsmailin atası Rubeyzi Abadini Fark Albaniyanın Şıkoddere şəhərində vəkil işləyirmiş. Anası Siuri Zübeydi Bayram da həmin şəhərdənmiş. Onların evliliyindən 1933-cü il aprelin 23-də dünyaya gələn uşağa İsmail adını qoyurlar. O, ailənin tək övlad olur. İsmail atasını İkinci Dünya savaşında, anası Siuri Zübeydi Bayramı isə 1943-cü ildə aclıq və xəstəlikdən itirir. 10 yaşlı uşağı nənəsi Renni Farklə əmisi Metin böyüdür.
İsmail 1949-cu ildə Tiranada gimnaziyanı bitirir. Həmin dövrdə Sovetlər Birliyi Sosialist Cəbhəsi adı altında Şərqi Avropanı öz təsiri altında saxlayırdı. Birinci və İkinci Dünya Savaşları Alban xalqına da ağır zərbə vurmuşdu. Bu zərbə sadəcə olaraq iqtisadiyyata, insanlara dəyməmişdi. Alban xalqının yaşadığı bölgəllər bir neçə dovlətin tərkibinə qatılmışdı. Ənvər Xocanın cəsarəti və apardığı məqsədyönlü siyasət nəticəsində Balkan yarmadasının cənubi-şərqində, Adriatik dənisi ilə dağlar arasındakı vadidə, 28.7 min kvadratkilometir (28,748 km2) sahədə Albanya Xalq Sosialist Respublikası yaradılır. Albanların bir hissəsi Makedoniyada, bir hissəsi Kosovoda, bir hissəsi Qaradağda, bir hisəsi Yunanıstanda, hətta bir hissəsi də İtalyada və Sicilya adasında qalır. Beləcə onsuz da azsaylı olan xalq 5-6 yerə bölünür. Yeni qurduqları dövləti müstəqil saysalar da İosif Stalinin istəyi xaricində nə daxili, nə də xarici siyasət yürüdə bilirlər.
Sosializm düşərgəsi adlandırılan ölkələrdə Sovetlər Birliyinin mövqeyini möhkəmlətmək, müstəmləkəçilərə xidmət edəcək kadırlar hazırlamaq məqsədilə rusdilli məktəblər açılır, yeniyetmə və gənclərin bir qismini də ali və orta ixtisas, texniki-peşə məktəblərində, ixtisas artırma kurslarında oxumaq üçün SSRİ-yə göndərilir.
İsmail Farkı da 1950-ci ildə Leninkraddakı (indiki Sankt-Peterburk) Meşə Texnikası Akademiyasına oxumağa gətirilir. Qısa müddətdə rus dilini öyrənir. İti yaddaşı, məntiqi, zəhmətsevərliyi, insanlarla qısa müddətdə ünsiyyət qurması, içtimai işlərdə fəallığı ilə yaşıdlarından seçilir. Yalnız müəllimləri, tələbə yoldaşları deyil, universitetin içtimai təşkilatları, onları oxumağa gətirən qurumun nümayəndələri də bu gəncə diqqət göstərir. Qızlar da ondan lətafətlərini, mehribanlıqlarını əsirgəmirlər. Görünür elə buna görə də onların təsirindən çıxa bilmir və tələbə ikən Sovet vətəndaşı Marqarita Dyomina ilə evlənməli olur. 1955-ci ildə universiteti bitirsə də vətənə dönməyə tələsmir. 1956-ci ildə bir qızları dünyaya gəlir. Bundan sonra, yəni iyunda ailəliklə Albaniyaya dönür.
Onu gənc mütəxəssis kimi Elbasan şəhrindəki ağaç emalı kombinasında mühəndis işləməyə göndərirlər. İki aydan sonra isə Albaniya Xarici İşlər Nazirliyinə dəvət edirlər. Qısa söhbətdən sonra məsləhət görürlər ki, Tirana Dövlət Universitesinin Avropaşünaslıq və dilcilik fakültəsində oxusun. Yenidən tələbəliyə başlasa da ailəsini dolandırmaq üçün şərait yaradılır.
1960-cı ildə universiteti bitən İsmail Farkı Albaniyanın Fransadakı səfirliyinə ezam edilir. Orada 10 ay işlədikdən sonra yenidən Albaniya Xarici İşlər Nazirliyinə gətirilir. Bir neçə aylıq hazırlıqdan sonra 1961-ci ilin mayın 2-də Albaniyanın Moskvadakı səfirliyinə mühəndis-texnik məsələləri üzrə referent işləməyə göndərilir. Moskvada işlərini qaydaya salıb, ev kirayələyənədək xanımının və qızının Tiranada qalmasını məsləhət görürlər.
Sovet-Albanya münasibətinin gərginləşməsi, Ənvər Xocanın İosif Stalinin dəfninə gəlməməsi, “Stalini öldürdülər” deməsi, Mao Tszedunqla əməkdaşlığı, SSRİ ilə münasibətlərini soyutması İsmail Farkın işini də gərginləşdirir. Sovet hökuməti Albaniyanın səfirliyi vasitəsilə Ənvər Xocaya təsir göstərmək istəyir. KQB əməkdaşları İsmail Farkla görüşür və onu inandırmağa çalışırlar ki, Ənvər Xoca opportinizmə yuvarlanmış, marksizmi-leninizmi ideologiyasından uzaqlaşmşıdır. Mao Tszedunqla yaxınlaşması Albaniyanı təklənməyə və fəlakətə aparır. Sovetlər Birliyi sosializm cəbhəsinin rəhbəri kimi Alban xalqının əsarətə düşməsini istəmir. Leninqradda təhsil alması, xanımının Sovet vətəndaşı olması ona böyük imtiyazlar verdiyini xatırladırlar. Eyhamla bildirirlər ki, yaxın vaxtda Ənvər Xoca hakimiyyətdən uzaqlaşdırılacaq və yerinə marksist-leninçi bir kommunist hakimiyyətə gətiriləcəkdir. İsmail Fark da bu işdə onlarla əlbir çalışsa yüksək vəzifə tuta bilər.
Hökümətlərarası münasibətlərin pisləşməsinin insanların taleyinə təsiri
İsmail Fark açıq-aşkar görür ki, KQB əməkdaşları onu agentliyə çəlb etmək istəyir. Vətənpərvər və mərd bir insan olan İsmail Fark KQB əməkdaşlarının təklifinin Albaniyanın daxili işinə qarışmaq kimi qiymətləndirir. Onlara çox sərt cavab verir. Buna baxmayaraq onlar İsmail Farkdan əl çəkmirlər. Səfirlikdə çıxıb iş dalınca haraya gedirsə onu saxlayıb söhbətə tutur, gah da hədələyir, şantaj etməyə çalışırlar.
Vəziyyətin dalana dirəndiyini görən İsmail Fark durumu rəsmi şəkildə səfirə bildirir və xahiş edir ki, Albaniya Xarici İşlər Nazirliyini məlumatlandırsın, onun vətənə qaytarılması məsələsinə baxılsın. Səfir İsmail Farkın raportlarına ciddi yanaşır. Narazılığını SSRİ Xarici İşlər Nazirliyinə bildirir. KQB əməkdaşlarının beynəlxalq hüquq normalarını pozmaqda, diplomatik işçilərin fəaliyyətlərini məhdudlaşdırmaqda suçlayır.
Məsələnin rəsmiləşdirilməsi İsmail Farkın vəziyyətini daha da ağırlaşdırır. SSRİ Xarici İşlər Nazirliyi İsmail Farka təziq edən KQB əməkdaşları haqqında heç bir tədbir görmür. Səfir çıxılmaz duruma düşdüklərini görüb Albaniya Xarici İşlər Nazirliyinin razılığını alaraq onu Tiranaya göndərməyə hazırlaşır.
KQB ilə əməkdaşlıqdan boyun qaçıran İsmail Farkın Albaniyaya dönməyə hazırlaşması xüsusi xidmət orqanlarının diqqətindən yayınmır. KQB əməkdaşları İsmail Farkın Tiranaya döndükdən sonra məsələni beynəlxalq təşkilatlara bildirməsinin qarşısını almaq üçün planlar hazırlayırlar. Onun davranış və hərəkətlərini daha ciddiliklə nəzarətdə saxlayırlar.
Moskvadan Tiranaya təyyarə reysləri olmadığından səfir İsmail Farkı Albaniyanın Odessadakı konsulluğuna ezam etməyi qərara alır. Planlaşdırırlar ki, konsul da onu Avropa ölkələrinə gedən gəmi ilə Albaniyaya göndərsin.
Albaniyanın Moskvadakı səfirliyin əməkdaşları 1961-ci il dekabrın 23-də İsmail Farkı Moskva-Odessa qatarının “SV” vaqonuna mindirirlər. Təlimata görə diplomatik kuryerin olduğu kupeyə kimsə minməməli və o da Odessaya çatınca kupenin qapısını kimsəyə açmamalıydı. Lakin dekabrın 25-də gecəyarısı vaqon bələdçisi kupenin qapısını döyərək qatarda nasazlıq və qəza vəziyyəti yarandığını, buna görə də texniklərin onun kupesindən keçən xətləri yoxlamalı olduqlarını bildirir. İsmail Fark küpenin qapısını açmaq məcburiyyətində qalır. Vaqon təmirçisi geyimində kupeyə girən 3 nəfər ondan pasportunu göstərməsini tələb edir.
İsmail Fark onların KQB əməkdaşları olduğunu başa düşsə də başqa çıxış yolu tapa bilmir. Ehtiyatla yatağın altındakı çantadan pasportunu çıxarmağa əyilir. Bu anda boynunun ardından vurulan ağır zərbədən huşunu itirir.
İsmail Farkın qoruyub saxlaya bildiyi yeganə şəkli
İflic olan və nitqi pozulan İsmail ayılanda özünü xəstəxana palatasında görür. Bir tərəfi iflic olmuş İsmail Farkın nitqi də pozulur. Danışmağa başlayanda tibb işçilərindən müalicə olunduğu yerin Moskovadakı Botkin adına hospital olduğunu öyrənir. Həkimdən və tibb bacısından çantası və oradakı sənədləri istəyir. Onlar isə heç bir çanta və sənəd görmədiklərini, onu xəstəxanaya gətirənləri isə tanımadıqlarını deyirlər.
Alban İsmail Farkı KQB neçə Şəmsəddin Mehdiyevə çevirir
İsmail Fark vəziyyətin nə yerdə olduğunu, KQB əməkdaşlarının onun başına nə oyunlar açdığını anlayır. Odur ki, səbirli davranır, özünü huşu tam bərpa olunmamış kimi aparır. Tibb işçilərini arxayın saldıqdan sonra imkan tapıb Albaniyanın Moskvadakı səfirliyinə zəng vurduraraq vəziyyəti xəbər verir. Elə həmin gün səfirliyin iki əməkdaşı xəstəxanaya gəlir, baş həkimlə, onu müalicə edən həkimlə və İsmail Farkla görüşür. Məlum olur ki, onu Şəmsəddin Mehdi oğlu Mehdiyev kimi xəstəxanaya qəbil ediblər. Xəstəxanaya gətirilərkən çibində Şəmsəddin Mehdi oğlu Mehdiyev adına verilmiş Elmi-Texniki Cəmiyətin şəkil qoparılmış, möhürü pozulmuş vəsiqəsi olub.
İsmail Fark xəstəxananın baş həkim və müalicə həkiminin yanında vəziyyəti səfirlik işçilərinə tam anlada bilmir. Səfirlik işçilri baş həkimə xəstənin Moskvadakı Albaniya səfirliyinin əməkdaşı İsmail Fark olduğunu bildirirlər. Lakin baş həkim onların fikrilə razılaşmır, xəstənin Şəmsəddin Mehdi oğlu Mehdiyev olduğunu, onların sənədə istinad etdiklərini söyləyir.
Bir neçə gündən sonra səfirliyin əmkdaşı, İsmail Farki yaxından tanıyan İdris Şeyxu hosbitala gəlir, onun vəziyyəti haqqında Albaniya Xarici İşlər Nazirliyinə bilgi verdiklərini söyləyir.
1962-ci il fevralın 12-də Albanyanın Moskvadakı səfirliyi bağlanır. Səfirliyin işlərini yekunlaşdırmaq üçün üç əməkdaş qalır. İdris Şeyxu da onları arasında olur. İsmail Fark 1962-ci ilin may ayında xəstəxanadan buraxılır. O, İdris Şeyxun yanına gəlir və xahiş edir ki, vətənə dönməsinə yardımçı olsun. İdris Şeyxu Sovet Sosialist Respublikaları İttifaqı Xarici İşlər Nazirliyində görüş üçün vaxt alır və İsmail Fark ilə birlikdə oraya gedir. İsmail Fark başına gələnləri nazirliyin əməkdaşlarına danışır. Lakin onlar bu işin KQB ilə bağlı olmadığını söyləyirlər. İnandırmağa çalışırla ki, bu soyğunçuların törətdiyi bir cinayətdir. Vəd edirlər ki, Bolqarıstanın Moskvadakı konsulluğu ilə danışıb onu Bolqarıstan üzərindən Albaniyay göndərəcəklər.
Bu hadisədən sonra Bolqarıstanın Moskvadakı səfirliyində İsmail Fark qəbul edirlər. Başına gələnləri dinləyirlər. Baş verənləri yazılı şəkildə bildirməsini istəyirlər. O da səfirliyin tələblərini yerinə yetirir. Səfirlikdə ona şəxsiyyətini təsdiq edən müvəqqəti bir sənəd və Moskvdakı “Kiyev” hotelində yaşaması üçün 10 günlük kupon verilir.
1962-ci il noyabrın 16-da gecə yarısı “Kiyev” hotelinə gələn milis mayoru sənədlərini dəqiqləşdirmək adı ilə onu milis bölməsinə aparır. Orada bildirilir ki, haqqında cinayət işi aşılıb. Cinayət işində göstərilib ki, Azərbaycan vətəndaşı Şəmsəddin Mehdiyev xariciə qaçmaq üçün saxtakarlıq edərək özünü Albaniya vətəndaşı İsmail Fark kimi təqdim edib.
Ona heç bir yerlə əlaqə saxlamasına imkan vermirlər. Elə həmin gecə Sovet Sosialist Respublikaları İttifaqında siyasi məhbusların daha çox saxlandığı Butırsk həbsxanasına aparırlar. İsmail Fark hüquqlarının tapdandığına etiraz edərək açlıq elan edir. Onu karserə (ağır şəraitli təkadamlıq kameraya) salırlar. Orada ayakları şişsə də heç bir tibbi yardım göstərmirlər. 12-ci gün huşunu itirdikdə Serbski adına Umumittifaq Elmi Tədqiqat Umumi və Məhkəmə Psixatrik İnstitutuna aparırlar. İnstitutun direktoru, Feliks Dzerjinskinin qızı KQB generalı Marqarita Feliksovna Talcenin təşkil etdiyi konsilum ona “şizofreniya” diaqnozu qoyur və ətrafdakılar üçün təhlükəli ola biləcəyi qərarını verir.
Alban İsmail Fark Bakıdakı Respublika Ruhi Xəstəxanasında
Bu qərar Moskvadakı Lenin rayon Xalq Məhkəməsinə göndərilir. Hakim onun “məcburi müalicə olunması” haqqında qərar çıxarır. Bu qərara əsasən onu iki tibb işçisinin nəzarətində “dəli” adıyla Bakıya gətirir və 1964-cü il aprelin 27-də Bakıdakı 2 saylı Klinik Ruhi Xəstəxanasında yerləşdirirlər. 5 gündən sonra isə onu 1 saylı Respublika Ruhi Xəstəxanasında ömürlük “müalicə etməyə” başlayırlar.
Albaniya səfirliyinin əməkdaşlarının Moskvadakı axtarışları, Albaniya Xarici İşlər Nazirliyinin məktubları da bir nəticə vermir. Beləcə İsmail Fark itgin sayılır, mərkəzdən uzaqda, Bakıda isə Şəmsəddin Mehdiyev “müalicə olunur”.
İsmail Fark həbsxanada və klinik ruhi xəstəxanada onun kimi günahsız insanlarla tanış olur. Beynəlxalq təşkilatların insan haqları konvesiyalarından xəbərdar olduğundan fərqli düşündiklərinə görə həbs edilən, “dəli” adıyla psixi klinikalarda işgəncə verən insanların da haqqını müdafiə etməyə çalışır. Onların adından və öz adından Beynəlxalq Təşkilatlara məktublar göndərir. Lakin bu məktubların Sovet Sosialist Respublikaları İttifaqıdən xaricə çıxmasına KQB əməkdaşları imkan vermir.
İsmail Farkın ailəsinin Şüvəlanda yaşadığı evin görünüşü (Şəkil 2009-cü ilin iyul ayında çəkilib)
İsmail Fark Azərbaycanda olmasından istifadə edərək Şəmsəddin Mehdiyevin vaildeyinlərinin yerini öyrənir və onların 1 saylı Respublika Ruhi Xəstəxanasına “oğlanlarını görməyə” gəlmələrinə nail olur. Şəmsəddin Mehdi oğlu Mehdiyevin ata və anası Qasım İsmailov rayonundan (indiki Goranboy) 1964-cü il mayın 25-də itkin düşmüş oğlanlarını tapmaq ümidilə xəstxanaya gəlirlər. Neçə ildir axtardıqları 180 santımetr boyu olan, dördüncü sinfi bitirmiş, Azərbaycan türkcəsindən başqa bir dil bilməyən oğlanları əvəzində, 164 santımetir boylu olan, Alban, Rus, Fransız dillərində sərbəst danışan və yazan, ərəb, fars dillərində fikrini ifadə edən birisilə qarşılaşırlar. Onlar xəstəxanada “müalicə olunan” adamın onların oğlu olmadığını söyləməsi də heç nəyi dəyişmir. Onda anlayırlar ki, oğlanları KQB tərəfindən “itkin saldığından” tapılmır.
İsmail Farkın xəstəxanadakı fəaliyyəti, öz adından və orada hüquqları pozulan insanların adından Sovet Sosialist Respublikaları İttifaqınin rəhbərlərinə və Beynəlxalq təşkilatlara ərizə və şikayətlər yazması Azərbaycan KQB-nin və Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarını narahat edir. Dəfələrlə onunla görüşür, söhbətlər edir, “proflaktik tədbirlər görür” və bildirirlər ki, Albaniya vətəndaşı olmasına, xaricə getməsinə Moskva heç vaxt razı olmayacaq. Azərbaycan vətəndaşlığını qəbul etsə, onu xəstəxanadan buraxarlar və Şəmsəddin Mehdiyev adı ilə işləməsinə və yaşamasına şərait yaradarlar. İsmail Fark hər dəfə onları təklifini rədd etdikcə, onu döydürür, günlərlə ac və susuz saxlayır, fiziki və mənəvi işgəncələr verirlər. Həkimlər də icdikləri Hippokrant andını unudub ona trisidil, kaloperidol, sulfazin və başqa ağrıverici iynələr vururlar.
İsmail Fark övladları Bayram, Rubeyzi, Adil, Zübeydə ilə birlikdə (Şəkil 2009-cü ilin iyul ayında çəkilib).
İsmail Fark və Azərbaycan dissidentləri
İsmail Fark 1 saylı Respublika Ruhi Xəstəxanasında Azərbaycan dissidentlərindən Çingiz Abdullayev, Nadir Ağayev və başqaları ilə tanış olur. Onlar təşkilatlanaraq birlikdə insan haqlarını müdafə etməyi panlayırlar. Bu plandan xəbər tutan KQB onları daha sərt cəzalandırır və bir-birlərilə görüşməsini məhdudlaşdırır. İsmail Fark isə heç vaxt mübarizəsini dayandırmır, yaranmış hər bir vəziyyətdən istifadə etməyə çalışır.
1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının MK-nın Baş katibi vəzivəsinə Mixail Qarbacov gəldikdən təxminən bir neçə ay sonra İsmail Farkin yanına bir nəfər gəlir. O, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olduğunu bildirir. İsmail Farka ölkədə baş verən dəyişikliklərdən geniş söhbət edir. Bildirir ki, Mixail Qarbacovun adına ərizə yazsa bəlkə xəstəxanada azad edilməsinə imkan yaranar. İsmail Fark bu məsləhətə inanır və Moskvaya məktub göndərir. Az keçmir ki, Azərbaycan Sovet Sosialist Respublikası Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin əməkdaşı onun yanına gəlir, söhbətlərini dinləyir, dediklərini imzası ilə təsdiq edəcək bir məktub alıb gedir.
Azərbaycan Tibb Universitetini bitirib 1 saylı Respublika Ruhi Xəstəxanasında işləməyə gələn Əyyub Əliyev müalicə etməli olduğu xəstələrdən İsmail Farklə söhbət edərkən onun dediklərini diqqətlə dinləsə də özünə heç bir söz demir. Əvvəlki baş həkimin yenisi ilə əvəzlənməsi və ölkədə baş verən demokratikləşmə gənc həkimə də təsir edir. İsmail Farkın ruhi xəstə olub-olmadığını yoxlamaq qərarına gəlir. Onun dediklərini yoxlamaq üçün sorgu hazırlayıb baş həkimə imzaladaraq Leninqraddakı Meşə Texnikası Akademiyasına göndərir. Sorğuya cavab gəlir ki, həqiqətən 1950-ci illərdə Akademiyada albaniyalı İsmail Fark adlı bir tələbə oxuyub.
Yeni sənəd İsmail Farkin işində olan, 1964-cü ildə və sonrakı illərdə Leninqrad Meşə Texnikası Akademiyası göndərilmiş “burada sizin soruşduğunuz ad və soyadlı tələbə oxumayıb” cavablarının təzkib edirdi. Həkimlərin konsilumunun təşəbbüsünə baxmayaraq İsmail Farkın azadlığına qovuşması 1989-cu ilin avqustun 9-dək uzanır.
Azərbaycanda Milli Azadlıq mübarizəsi İsmail Farkı dəlixanadan çıxardı, lakin...
İsmail Fark azadlığa çıxsa da öz hüquqlarını bərpa edə bilmir. Azərbaycanlı dissidenlər də ona yardım edə bilmir. Şair Xəlil Rza Ulutürk şəxsi nüfuzundan istifadə edərək Bakıdan 40-50 kilometir aralıda, Şüvalan bağlarında tikilməkda olan yarımcıq kiçik bir evdə onu yerləşdirir. İsmail Fark 1990-cı ildə Şüvəlandakı orta internat məktəbi bitirmiş, kəlbəcərli Şəlalə Hüseynova ilə evənir.
İsmail Fark Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Axtarışlar Üzrə Bölməsinin rəisi M.Şteynberqlə, Münxendəki Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti ilə, 1992-ci ildə Albaniyanın Moskvada açılmış səfirliyi ilə əlaqə qurur. Səfir Pertef Asmatayni İsmail Farkı Moskvaya dəvət edir. Onu Albaniyada ölmüş bildiklərini, hətta 1962-ci ildə oğlu olduğunu, oğlunun evləndiyini də bildir. Lakin onun vətənə göndərə bilməsi üçün ölkəsində hələ münasib şərait olmadığını da söyləyir.
Onu ölməyə qoymayan ümid
Qoçalmış, vətəndəkilərin ona qarşı laqeydliyindən qəlbi qırılmış İsmail Farq yenidən Azərbaycana dönür. Azərbaycan hakimiyyət orqanlarına, Bakıdakı Beynəlxalq təşkilatlara dəfələrlə müraciət etsə də nə şəxiyyətini təsdiq edən sənəd, nə də siyasi mühacir statusu ala bilmir. Azərbaycan Xalq Çəbhəsi fəallaşdığı dövürdə ona yardım etmək istəyənlərin sayı artır. Lakin 1993-cü ilin iyununda baş vermiş çevriliş onun işini yenidən çıxılmaza salır. Nə vətəninə göndərirlər, nə də Azərbaycanda yaşaması üçün şərait yaradır, ona şəxsiyyətini təsdiq edən sənəd verirlər.
Taleyin hökmünə boyun əyməli olan İsmail Farkın Şəlalə Hüseyinova ilə evliliyindən 6 övladı dünyaya gəlir. O, övladlarına valideynlərinin və qohumlarının adlarını qoyur: Rubeyzi (24.04.2000), Bayram(13.03.2001), Adil(02.02.2006), Zibeyde (30.03.2005) və Zurayde (25.07.2008). Bir övladı isə kicik yaşlarında baxımsızlıqdan ölür.
İsmail Fark anasının adını verdiyi qızı Zubeydə ilə. (Şəkil 2009-cü ilin iyul ayında çəkilib)
Albaniyaya getmək ərəfəsində öyrəndim ki, İsmail Fark bir nəfər imkanlı adamın villasında bağban işləyir. Onu bağban işlədən insana bilmədim minnətdarlığımı neçə bildirim. 85 yaşını haqlamış birisinin bağban işləməsi o qədər də asan deyil. Görünür bağ sahibi xeyirxah bir insandır. Onun yaşaması üçün bağban kimi saxlayır.
Əslində İsmail Farkın normal qidalanmış, firəvan yaşamış, müntəzəm həkim müayinəsindən keçmiş, hər cür qayğı ilə əhatə olunmuş yaşıdlarının çox azı sağdır. Aclığa, səfalətə, üzərində aparılmış eksperimentlərə, döyülməyə, təhqirlərə tab gətirmiş İsmail Fark isə hələ yaşayırdə. Onu yaşadan iradəsinin möhkəmliyi, hüquqlarının bərpa olunacağına, vətəninə bir qəhraman kimi dönəcəyinə bəslədiyi ümid idi.
Lakin bunlar da onu əbədiyaşar edə bilməzdi. İsmail Fark 2018-ci il oktyabrın 12-də doğmalarından, onun xatirini əziz tutanlardan xəbərsiz Şüvalanda dünyasını dəyişdi.
Amma içimdə bir əminlik var ki, nə vaxtsa İsmail Fark vətənsevər, əyilməz bir insan kimi gənclərə nümunə göstəriləcək, adı əbədiləşdiriləcək.
Çap olundu: Haqqın zəfərini görmədən dünyadan köçən İsmayıl Fark, yaxud Azərbaycandakı albanlar, “525-ci qəzet”. http://525.az/site/?name=xeber&news_id=117132#gsc.tab=0 |