Üzünü görmədiyim dost-Şakir Səlim
ali-shamil.tr.gg/-Ue-z.ue.n.ue.-g.oe.rm%26%23601%3Bdiyim-dost_%26%23350%3Bakir-S%26%23601%3Blim.htm

  

   ÜZÜNÜ GÖRMƏDİYİM DOST-ŞAKİR SƏLİM

 

Əli Şamil

İnternetdə oxudum ki, görkəmli Kırım tatar şairi, ictimai xadim, tərcüməçi Şakir Səlimi 2008-ci ilin noyabrın 18- dünyasını dəyişmiş və bir gün sonra onun cəsədini Akmescitdə (Simfrapolda) torpağa tapşırmışlar. Uzun müddət nə edəcəyimi qərarlaşdıra bilmədim. Ölümünün qırxıncı günü dostlarımın kiçik bir qrupuyla evimizdə ona ehsan verib, ruhuna fatihə oxuyanda düşündüm ki, Şakir Səlimim ölümünü oxucuların da diqqətinə çatdırım.

Şakir Səlim Kırımda doğulsa da 66 illik ömrünün 47 ilini Özbəkistanda keçirmişdi. Uşaq ikən anasını itirən Şakirə Özbəkistan ikinci ana, ikinci vətən, birinci müəllim, birinci ustad olub. O qələm tutmağı da, yazıb oxumağı da, şeir yazmağı da, mübarizə aparmağı da Özbəkistanda öyrənib. Özbək ədəbiyyatından bəhrələndiyi kimi, öyrənib və bildiklərini də özbək gənclərinə öyrədib.    

Mənim isə onunla tanışlığımdan 20 ildən çox keçsə də, iş elə gətirdi bir dəfə də olsun görüşə bilmədik. Naxçıvanda vilayət partiya komitəsinin orqanı “Sovet Naxçıvanı” (Şərq qapısı) qəzetində müxbir işləyəndə bir qrup tanışımla razılaşmışdıq ki, bizə yarı zor, yarı xoş abunə yazdırılam rusdilli mərkəzi mətbuatdan əlavə hər birimiz müttəfiq və muxtar respublikaların qəzet və jurnallarına da abunə yazılaq. Bu qəzet və jurnalları da oxuyun bir-birimizə ötürək və ya maraqlı yazılar haqqında bir-birimizə bilgi verək.

Mənim abunə olduğum nəşrlər arasında  sürgündə yaşayan Kırım tatarlarının Daşkənddə çap etdirdikləri “Yıldız” ədəbi-bədi, ictimai jurnalı da vardı. Şakir Səlimin şeirlərini də ilk dəfə bu jurnalda oxumuşdum. Biz abunəçisi olduğumuz qəzet və jurnalları oxumaqla kifayətlənmir, təbliğ edir, dost və tanışlarımızı  abunə yazılmağa həvəsləndirir, rastlaşdığımız yanlışlar haqqında redaksiyalara  və müəlliflərə məktublar yazırdıq.  Onlar da bizə təşəkkür məktubu yazmaqla kifayətlənmir, bəzən də yazdıqlarımızı olduğu kimi çap edirdilər.

Şakir Səlimin 1989-cu ildə Kırıma dönərək orada Kırım tatarca “Dostluq” adlı qəzetin yaranmasında yaxından iştirak etdi və özü də bu qəzetdə redaktor müavini işləməyə başladı. Biz “Dostluq” qəzetinin nəşrə başlamasını ruh yüksəkliyi ilə qarşıladıq.  Naxçıvanda “Dostluq” qəzetinin abunəçilərin sayının artması üçün kampaniyalar keçirirdik. Bununla yanaşı oraya məqalələr də göndərirdik. Bizim kiçik xidmətimiz Şakir ağanı bərk təsirləndirirdi. Onun mənə yazdığı məktublar həmişə “Dostum Ali Şamilov!” müraciətiylə başlayırdı. Məktubunu belə başlaması bilmirdim mənə şəxsi münasibətinin yaş olduğundandır, yoxsa yaz üslubundandır.

Nə yazıq ki, mənə dostum deyən adamla bir dəfə də olsun rastlaşmadıq.

 Şakir Səlimin 1942-ci ilin aprelin 10-da Kırımın Ağşeyx rayonundakı Böyük As kəndində anadan olmuşdu. İki yaşında ikən soydaşları ilə birlikdə Türküstana sürgün olunur, anası sürgün həyatının acılarına dözməyin dünyasını dəyişir. Şakir kiçik yaşlarından yetimliyin acısını dadsa da ruhdan düşmür. Özbəkistanın Cambay rayonunda yaşadıqları zaman da, Səmərqənd şəhərinə köçdükdən sonra da oxuduğu məktəbin əlaçı şagirdi kimi tanınır. 1958-ci ildə orta məktəbi bitirib Səmərqənd Universitetinin filologiya fakültəsinə qəbul olunur. İlk şeirlərini də 1963-cü ildə, Kırım tatarlarının Daşkənddə çıxan “Lenin bayrağı” qəzetində çap etdirir. “Lenin bayrağı” qəzetində və “Yıldız” jurnalında  çap etdirdiyi şeirləri və A.S.Puşkindən, M.Lermantovdan, A.Tvardovskidən, T.Şevcenkodan etdiyi tərcümələri ilə  oxucuların diqqətini özünə cəlb edə bilir.

    1972-ci ildə Daşkənddə "Ağ bardaq" adlı şeir kitabı çap olunan Şakir Səlimin daha sonra "Duyğularım" (1979), "Sevgi alovu” (1981),  "Oyanış"(1986), "Ellərini dinlə" (1990) və  "Düşünce" adlı şeir kitapları işıq üzü görür. Sərt Sovet  senzurasının təzyiqi altında olan Kırım tatar şairlərinə vətənpərvərlik mövzusunda yazmaq, sürgünü xatırlamamaq, Kırımın, Qara dənizin və qoyub gəldikləri yer-yurd adlarının çəkilməsi tapşırıldığından onlar fikirlərini bəzən mücərrəd, bəzən eyhamla verirdilər. Onlar  sanki soydaşlarını səbirli olmağa, güclərini qarşıdakı mübarizəyə saxlamağa çağırırdılar. Şakir Səlimin fikrincə ömür bitməyən maneələri şərəflə keçdikdə mənalı olur. Şairin 1987-ci ildə “Yıldız” jurnalında çap etdirdiyi “Var gücnən” poeması olduqca maraqla qarşılanır.

Şakir Səlim 1989-cu ildə Kırıma qayıtdıqdan sonra daha çox ictimai işlərlə məşğul olur, soydaşlarının Kırıma dönmələri üçün əlindən gələni əsirgəmir, sürgündən qayıdanların yerləşmələrinə, özlərinə təsərrüfat qurmalarına mane olmağa çalışan hökumət məmurlarına, rusların faşistpərəst qüvvələrinə qarşı durur.

Kırımı bir istirahət və dinləmə yeri, cənnət kimi problemsiz yaşam yeri hesab edən soydaşlarına müraciətlə yazdığı  “Kırım cənnət deyil dostlar” şeiri az zamanda dillər əzbərinə çevrildi. Lirik şair kimi tanınan  Şakir Selim bu şerində də xalqını qarşıdakı çətin günlərə, mübarizəyə səsləyərək deyirdi:

Kırım cənnət deyil dostlar,

Verilsə də Allahdan.

Bunda çoxdan nə huriylər, nə mələklər qalmaqda.

Kırım cənnət deyil dostlar,

Siz cənnətdə qızmanız!

Allandırıp-ballandırıp yalan rəsim sızmanız

O tək Qara dəniz deyil sazlığı var, gölü var.

Kırım, Kırım! Bəlkə bir evlərdə sən bir cənnət məkansın?

Bizgə isə cənnət degil

Kırım, bizə Vətənsən!

 Kırım tatar ədəbiyyatında lirik şeirlər müəllifi kimi tanınan Şakir Səlim həm də gənc şair və yazıçıların yetişməsi üçün əlindən gələni əsirgəməmişdir. Odur ki 1992-ci ildə Kırımda keçirilən qurultayda Şakir Səlim Kırım Tatar Yazıçılar Birliyinin sədri seçilir və “Yıldız” jurnalına redaktor təyin edilir.

Xalq ona böyük etimad göstərərək Krımtatar xalq məclisinə üzv seçmişdilər.   Onun əməyinin qiymətləndirilməsi, fəaliyyətinin təqdir edilməsi də vətənə döndükdən sonra başlanır. Belə ki, 1996-ci ildə  Ankarada "kutlu doğum haftası" münasibətiylə düzənlənən şeir yarışmasında birinciliyi ona verirlər. Həmin il Türkiyə Yazarlar BirliYinin   Qüzey Kıbrıs Türk Cümhuriyyətində və Ankarada düzənlədiyi "Türkçenin 4. Uluslararası şeir şöləni"ndə Arif Nihat Asya mükafatını qazanır. 1997-ci ildə isə Adam Mitskeviçin "Kırım söneləri" əsərini Kırım türkçəsinə tərcümə etdiyi için "Polkul" fondunun Polşa  mükafatını, elə həmin il Türkiyənin "Taras Şevçenko" adına Ukrayna Dövlət mükafatı qazanır.
 Şairə 1998-ci ildə Kırım Tatar Teatrının rejissor və aktyor qrupu ilə birliktə
yüksək dövlət mükafatı verilir. Bir çağırış Kırım Tatar Milli Məclisinin  üzvü olan Şakir Səlim 1997-cu ildən "Yıldız" jurnalının baş  redaktoru işləyir. Sürgün həyatı, uşaqlıqdan aclıq və qıtlıqla üzləşməsi, səhiyyə xidmətindən uzaqlıq, daimi həyəcan içində yaşamaq öz təsirini göstərir. Xəstəlik şairin fəaliyyətini məhdudlaşdırır.  Buna görə də tutduğu  vəzifədən uzaqlaşsa da onu  Kırım Tatar Yazıçılar Birliyinin fəxri sədri və Avrasya Yazarlar Birliyinin fəxri üzvü seçirlər.

Şakir Səlimin  son şeirlər kitabı 2007-ci ildə oxuculara təqdim edilən “Kırımnamə” oldu.

Lirik şair, coşqun ictimai xadim Şakir Səlimin itkisi yalnız Kırım tatarlarının  deyil Türk dünyasının aydınlarının üzüntüsünə çevrildi.

27.12.2008

 “Yazı” jurnalı, 2009-cu il, sayı 3, səh.104-105

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol