Türk Dünyası səmasından bir ulduz da axdı...

Türk Dünyası səmasından bir ulduz da axdı...

http://525.az/site/?name=xeber&duzelis=0&news_id=70206

http://kafkassam.com/turk-dunyasi-səmasindan-bir-ulduz-da-axdi.html

http://www.anl.az/down/meqale/525/2016/dekabr/521553.htm

 

Ədəbiyyat
Oxunub: 31 dəfə
Описание: Türk Dünyası səmasından bir ulduz da axdı...<b style="color:red"></b>  22.12.16   14:01

 

Başqırdıstanın görkəmli folklorçusu Əxmət Söləymənovla 1999-cu il martın 18-20-də Türkiyənin Elazığ şəhərində Fırat Universitesi Rektörlüğü, Atatürk Yüksek Kurumu, Atatürk Kültür Merkezi Başkanlığının birgə keçirdiyi "Türk dünyasında Nevruz. Üçüncü Uluslararası bilgi şöleni"ndə tanış olmuşduq.

Uca və şux qamətinə milli geyimi, başındakı canavar dərisindən olan papağı xüsusi bir yaraşıq verirdi.

Onunla söhbət edərkən haqqında oxuduğum və yazmağı planladığım ictimai-siyasi xadimlər, alimlər yazıçı və şairlər haqqında qaranlıq qalan məsələləri aydınlaşdırmağa çalışırdım.

Bu söhbət bizi bir-birimizə yaxınlaşdırdı. Həmin günlərdəki kiçik bir hadisəni də heç vaxt unuda bilmirəm. Tədbirin proqramında adı və soyadı Ahmet Suleymenov kimi yazılan, mənim də ona proqramda yazıldığı kimi müraciət etdiyim alim vizit kartını verərkən bir anlığa duruxdu, əlindəki karta baxıb geri qaytardı. Yenidən cibinə qoydu. Bir az ciblərini qurtdalayandan sonra mənə də vizit kartını verdi. Payladığı vizit kartlarında adı və soyadı Ahmet Suleymenov yazılmışdı. Mənim üçün çıxardığı vizit kartını əlində bir anlıq saxladı və "mənə müraciət edəndə, məktub yazanda burada yazılanlara əməl et" -dedi. Vizit kartını gözdən keçirəndə orada "Əxmət Möxəmmətvəli ulu Söləymənov" yazıldığını gördüm. Onda əvvəl vermək istədiyi vizit kartını qaytarıb cibinə qoyduğunun səbəbi mənə aydın oldu. Sonralar görüşəndə də, məktub yazanda da həmişə onun istəyinə əməl etdim.

Şəxsi tanışlıqdan sonra yaradıcılığını diqqətlə izlədim. 2004-cü ilin martın 18-21-də Bakıda Folklor İnstitutunun keçirəcəyi İkinci "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" simpoziumuna, yolxərci üzündən, dəvətlilərin bir çoxu gələ bilmədi. Əxmət Söləymənov isə qızı Leysanla  birlikdə gəldi. Onun "Başqırd eposu "Ural Batır"da "əbədi həyat sirrinin axtarışı" motivinin interpretasiya xüsusiyyətləri" mövzusunda oxuduğu məruzə diqqətçəkən oldu. Milli geyimi isə yalnız iclas salonunda deyil, küçə və meydanlarda da diqqəti çəkirdi. Anadan olmasının 65 illiyi münasibətilə, yubileyindən 3 gün keçsə belə, kiçik bir məclis də düzəltdik.

Sadə və səmimi bir insan olan Əxmət Söləymənov kasıb bir ailədə doğulub. 1939-cu il martın 15-də Başqırdıstandakı  Burzyan rayonunun Nabi kəndində doğulan Əxmət 1957-ci ildə rОписание: http://525.az/img/pics/large/76594_bdict1rhvn.jpgayon mərkəzindəki orta məktəbi bitirdikdən sonra iki il kolxozda işləyib. 1958-ci ildə onu hərbi xidmətə aparıblar. Diribaşlığına görə tankçılar hazırlayan kursa yazıblar. Tank komandiri olub, hərbi məktəb bitirməsə, ali təhsili olmasa da ona zabit rütbəsi veriblər. 1961-ci ildə əsgəri xidmətini leytenant rütbəsində başa vurub kəndlərinə dönüb. Elə həmin il də Ufadakı Başqırdıstan Dövlət Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. Ali məktəbdə oxuyarkən tələbələr arasından seçilənlərdən olub. 1964-1965-ci illərdə təhsilini dayandırıb səkkizillik məktəbdə müəllim işləyib.

1967-ci ildə Universiteti bitirdikdən sonra yenə də kəndlərinə dönüb. Kənd səkkizillik məktəbində müəllim işləyib, folklor toplayıb, aspiranturada təhsilini qiyabi davam etdirib. 1972-ci ildə onu Başqırdıstan Dövlət Universitetində başqırd dili və folklorundan dərs deməyə dəvət ediblər. 1973-cü ilin fevralında isə yazdığı dissertasiyanı müdafiə edərək  "10.01.09 - folklorşünaslıq" ixtisası üzrə elmlər namizədi elmi dərəcəsi alıb.

1973-1991-ci illərdə universitetdə dərs deyən Əxmət Söləymənov əsasən pedaqoji fəaliyyətlə məşğul olub. Özünün dediyi kimi, "həmin illərdən ona elmi fəaliyyət adına yazdığı beş-on məqalə, 1991-ci ildə Moskvada Lomonosov adına Universitetdə müdafiə etdiyi "Başqırd məişət nağıllarının janr özünəməxsusluğu" (1990-ci ildə Ufada rus dilində kitab kimi nəşr edilmişdir--Ə.Ş.) mövzusunda doktorluq dissertasiyası, bir də Başqırdıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adı qalıb". 1994-cü ildə isə Moskvadakı "Elm" nəşriyyatı onun "Başqırd xalq məişət nağılları: süjet repertuarı və poetika" kitabını çap edir.

Əxmət Söləymənov ciddi elmi fəaliyyətlə Sovetlər Birliyi çökdükdən sonra məşğul olub. Elə həmin il Rusiya Federasiyası Elmlər Akademiyasının M.Qafuri adına Tarix, Dil və Ədəbiyyat İnstitutunun folklor və incəsənət şöbəsində müdir kimi işə başlayıb, dosent seçilib. Gənclik illərində yazdığı, topladığı, lakin çap etdirə bilmədiyi əsərlərinin üzərində yenidən işləyərək dalbadal nəşr etdirməyə başlayıb. 1997-ci ildə "Nağılda həqiqət", 1998-ci ildə "Yumoristik xalq nəsri", 1999-cu ildə R.Rajapovla birgə yazdığı  "Başqırd xalqının arxaik eposu", 2000-ci ildə L.Baraq ilə birgə yazdığı "Başqırd folklorunun təhkiyə janrları", 2001-ci ildə "Möcüzənin mənbəyi", 2002-ci ildə  "Hesabını bilən qədirbilən olar" kitablarını nəşr etdirir.

2003-cü ildə isə üç kitabı- "Yolumuz hayanadır?", "Ayıq-sayıq olaq" və "Şairi ulduzlar işıqlandırdı: şair Rif Mitxatovun ədəbi portreti" kitablarını çap etdirir.

Folklorla bağlı "Başqırd xalq novellası" (2005), Q.Xusainov və M.Naderqulovla birgə yazdığı "Yazılı dastanlar" (2006),  "Akmullanın soydaşlarının - minlərin folkloru" 1-ci hissə (2006), "Uşaq oyun folkloru"(2007), "Bizim epik abidələr" (2007), "Məhəbbət dastanları" (2007), qızı Nərgiz Xubiddinova ilə birgə hazırladığı "Akmullanın soydaşlarının - minlərin folkloru. 3-cü hissə" (2008), yenə  Nərgiz Xubiddinova ilə birgə hazırladıqları "Başqırd uşaq təhkiyə folkloru. 3-cü hissə" (2008) kitablarını nəşr etdirmişdi.

Əxmət Söləymənov ictimai-siyasi işlərdə də fəal olmuş, zamanında baş verən hadisələrə münasibətini yazıları və radio-televiziyadakı çıxışları ilə bildirmiş, başqırdların müasir yazılı ədəbiyyatı haqqında dəyərli əsərlər yazmışdı. Bunu onun aşağıda adını çəkdiyimiz əsərlərinin timsalında aydın görə bilərik: "Seçkilər haqqında düşüncələr" (2004), "Ölkəmizin sevinci - xalq şairi Mustay Kərim haqqında esse" (2007), "Üç möcüzə: M.Akmulla, Ş.Babiç yaradıcılığının folklorizminə dair və Xalq şairi Mustay Kərim haqqında esse" (2009), Nərgiz Xubiddinova ilə birgə yazdığı "Ədəbi əsərlərin təhlil yolları" (2012) və başqaları.

Elmi və pedaqoji fəaliyyətindəki uğurları nəzərə alıb 1997-ci ildə ona Başqırdıstan Respublikasının "Əməkdar elm xadimi", 1999-cu ildə Başqırdıstan Respublikasının "Təhsil Əlaçısı", 2006-cı ildə Rusiya Federasiyasının "Əməkdar elm xadimi" adlarını vermişdilər. Onun təltifləri sırasında 2004-cü ildə aldığı "Cəlil Kiakbayev" adına, 2009-cu ildə aldığı "Miftaxetdin Akmulla" adına mükafatlar da vardı. İkinci mükafatı o, Miftaxetdin Akmulla əsərlərinin tərtibinə, kitaba yazdığı izahlar və ön sözə görə almışdı.

1991-2002-ci illərdə Rusiya Elmər Akademiyası Ufa Elm Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri işləyən Əxmət Söləymənovu Ümumdünya Başqırdları Qurultayı İcraiyyə Komitəsinin sədri seçirlər. Dörd il bu vəzifəni ləyaqətlə yerinə yetirdikdən sonra 2006-cı ildə Miftaxetdin Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin Başqırd Ədəbiyyatı və Mədəniyyəti kafedrasına müdir seçilir. Burada işləyərkən "Folklor mərkəzi" yarada bilir və ona da rəhbərlik edir.

30-a yaxın monoqrafiya, 400-ə yaxın elmi məqalə, orta və ali məktəblər üçün 40-a yaxın metodik vəsait çap etdirən Əxmət Söləymənov bədii yaradıcılıqla da məşğul olduğuna görə onu Başqırdıstan və Rusiya Fedarasiyası Yazıçılar Birliyinə üzv seçmişdilər.

Azərbaycana böyük sevgisi olan folklorçu-alimin Başqırdıstandakı Azərbaycan diasporuna qayğı göstərdiyi, hər yerdə Azərbaycanla bağlı qürurla danışdığı xəbərləri bizlərə də gəlib çatırdı. Alim Azərbaycanla Başqırdıstan arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəmirdi.

O, elmi-pedaqoji fəaliyyətlə, ədəbi-bədii yaradıcılıqla məşğul olmaqla, ictimai işlərə zaman xərcləməklə yanaşı, vətən və millət üçün gərəkli övladlar da tərbiyə edib böyütmüşdü. Böyük qızı Leysan İtkulova fəlsəfə elmləri namizədidir. Hazırda Başqırdıstan Dövlət Universitetinin etika, estetika və dinlər tarixi kafedrasına rəhbərlik edir.

Kiçik qızı, filologiya elmləri doktoru Nərgiz Xubbetdinova Rusiya Federasiyasi Elmlər Akademiyası Ufa Elmi Mərkəzində böyük elmi işçidir.

Oğlu Cəlil Söləymanov Başqırdıstan Respublikası Rəssamlar İttifaqı sədrinin müavinidir və Şeyxzadə Babiç adına Respublika mükafatına layiq görülüb.

Uzun illər Başqırdıstan radiosunun Musiqi redaksiyasına rəhbərlik etmiş xanımı Faniya Bayqidiyeva xalq artisti adını  almış və Başqırdıstan Respublikasının Şaqit Xudayberdiyev adına mükafatına layiq görülmüşdür.  

Ufada 75 illik yubileyi keçiriləndə AMEA Folklor İnstitutu onu təbrik etmişdi. Bu təbrik yalnız  Əxmət Söləymənovu və ailəsini sevindirməmişdi. Başqırd alimləri və ziyalıları arasında ruh yüksəkliyi doğurmuşdu.

AMEA Folklor İnstitutunun tövsiyəsi ilə Əxmət Söləymənov yeni nəşrə başlayan "Türkologiya" jurnalının redaksiya heyətinə daxil edilmişdi. Ondan sonuncu məktubu sentyabrın 15-də almışdım. Xahiş edirdi ki, "Türkologiya" jurnalının nəşr olunan saylarını ona göndərim. Əfsus ki, jurnallar Ufaya çatanacan Əxmət Söləymənov dünyasını dəyişdi.

Əli ŞAMİL

26.11.2012

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol