Rauf Denktaşın dedikləri
ali-shamil.tr.gg/Rauf-Denkta%26%23351%3B%26%23305%3Bn-dedikl%26%23601%3Bri.htm

Rauf Denktaşın 20 il əvvəl “Azadlıq”a dedikləri

http://www.azadliq.az/images/stories/denktash-azadliq2.jpg

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“HÜRRIYYƏT ZOR KAZANILAN, KOLAY KAYB EDILƏNDIR”, - DEYƏN DENKTAŞI "KAYB ETDIK "

Rauf Raif Denktaşı vəziyyəti ağırlaşdığına görə xəstəxanaya apradanda ailə üzvlərinə deyib: “Məni aparatlara bağlamasınlar. Camiyə gedib dua edin ki, rahat ve tez canımı tapşırım”. Televiziyada bu xəbəri eşidəndə qəhər məni boğdu. Mübarizələrdə mətanətlə keçən, milləti və vətəni üçün canını belə əsirgəməyən bu böyük insan ölümü də mərdilklə qarşıladı. Onunla şəxsi tanışlığımızın 20 ili bu il avqustun 26-də tamam olacaqdı.

1992-ci ilin avqustunda Azərbaycan Respublikasının prezidenti Elçibəy Azərbaycan Xalq Cəbhəsi sədrinin ideoloji işlər üzrə müavini Arif Rəhimoğlunu və məni Quzey Kıbrıs Türk Cümhuriyyətinə yola saldı. Mən o zaman da heç bir rəsmi və qeyri-rəsmi vəzifə daşımırdım. “Azadlıq” qəzetinin bölgə müxbiri işləyirdim.

Biz Türkiyədə bəzi ictimai-siyasi xadimlərilə, millət vəkili ilə görüşməli, sonra da Kıbrısa gedərək oradakı durum haqqında geniş arayış hazırlamalı idik. Bu arayışda Quzey Kıbrıs Türk Cümhuriyyətinin qısa tarixi, adanın türklər yaşayan hissəsindəki siyasi durum və Azərbaycanın bu türk dövlətini tanıyarsa, qarşıya çıxa biləcək problemlər öz əksini tapmalı idi.  

http://www.azadliq.az/images/stories/denktash-azadliq3.jpg

Quzey Kıbrısda Rauf Denktaşın müşaviri, professor, Əhməd Qazioğlunu tanıyırdıq. Onunla bir neçə ay əvvəl Naxçıvanda tanış olmuşduq. Əhməd Qazioğlunun Naxçıvan Məclisinin sədri və baş nazirlə görüşlərini təşkil etmişdik. Bu görüşlər olduqca səmimi və yüksək səviyyədə keçmişdi. Hər iki görüşdə Rauf Denktaş haqqında yüksək fikirlər söylənmiş, yaxın vaxtlarda Naxçıvan Ali Məclisinin Quzey Kıbris Türk Cümhuriyyətini tanıyacağı haqqında qərar qəbul ediləcəyi söylənmişdi.

http://www.azadliq.az/images/stories/denktash-azadliq.jpg

Avqustun 25-də Kıbrısa çatdıq. Əhməd Qazioğlu bizi qarşıladı. Görəcəyimiz işləri planladıq. Adada olduğumuz qısa müddətdə radio-televizyada çıxış edərək Azərbaycandakı durumu anlatmalı, qəzetlərə müsahibə verməli, baş nazir, Milli Məclisin sədri və prezidentlə   görüşməli, adada gedən döyüş yerləri ilə tanış olmalı, şəhid məzarlıqlarını ziyarət etməli və adanın tarixinə dair materiallar toplamalı idik.

Vaxt az, görüləsi iş isə olduqça çox idi. Avqustun 26-da Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Rauf Raif Denktaşla görüşdük. Elçibəyin göndərdiyi hədiyyələri ona təqdim edəndə bir manat onun diqqətini daha çox çəkdi. Bu, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çap etdirdiyi ilk pullardan idi. Bir manatı diqqətlə gözdən keçirdikdən sonra sakitcə: “Biz bunu edə bilmədik. Siz doğru edibsiniz və zamanı kayb etmək olmazdı”, - dedi.

Söhbətimiz bir saatdan çox çədki. Daha çox o suallar verir, biz çavablandırırdıq. Görüşün sonunda diktofonumun düyməsini basmağa icazə istədim. O, gülümsəyərək: “Jurnalist  bunu xatirə üçün yazıram, deyə vəd etsə belə, ona inanma! Peşə marağı ona güç gələcək və hardasa yayınladacaq”, - dedi və Azərbaycan oxucularına və radio dinləyicilərinə aşağıdakıları bildirdi:  

- Gələ bildiyiniz üçün məmnun olduq. Az qalırsınız, erkən gedirsiniz. Azərbaycan olaylarını təqib ediyoruz. Hürriyyətə qovuşduğunuz üçün sevindik. Hürriyyətdən həmən sonra qovğaların başlanması, saldırıların başlanması bizi üzmüşdür. Öhdəsindən gələcəksiniz. Səbrlə dayanmaq lazım. Hürriyyət, bağımsızlıq qazanıldıqdan sonra mücadilə bitməz. Bir də onu qorumaq üçün mücadiləni davam etdirmək lazım. Türkiyə bağımsızlığını 70 ildir imperialist güclərə qarşı verdiyi mücadilə ilə qazandı və 70 ildir bağımsızlığını param-parça etmək üçün uğraşırlar, Türkiyənin bağımsızlığını ortadan qaldırmaq üçün mücadilə davam edir. Amma, türk xalqı və türk milləti buna sahib çıxmışdır.

Siz də bağımsızlıq üçün səbr etdiniz, mücadilə etdiniz. Bağımsızlığınızı qazandığınız gündən etibarən, türk dünyasının birləşməsini önləmək için, yeni cümhuriyyətləri parçalamaq üçün mücadilə başlatdılar. Bizi tanımamaq üçün bütün dünya birləşdi. Rumu yenidən bura hakim qılmaq üçün təkyanlı qərarlarla bir uğraş verildi. Bunun çarəsi dik durmaqdı, tuzaqları görməkdir. O tuzaqlara düşməməkdir, girməməkdir. Türklük dünyasının birliyini, sağlamlığını qorumaqdır. Bu təbii iletişilmə olur, təmaslarla olur. Biz bunlara açığız, varız, həmişə hazırız.

Qardaşlara salam söyləyin. Heç bir zaman ümidsizliyə düşməsinlər. Hürriyyət zor qazanılan, qolay qayb edilən şeydir. Ümidsizliyə düşməmək lazım. Ümüdsizliyə düşülərsə qayb edilər. Sizlər güclü insanlarsınız. Güclü bir lideriniz vardır. Onunçün bu mücadilədə başara biləcəksiniz.
Bizdə nələr yapıla bilər: Ticarət açısından, ekonomik açısından, kültür açısından? Biz sizlərə nə verə biliriz, sizdən nə ala biliriz? Bunları iyi dəyərləndirəlim. Əhməd Qazioğlu arkadaşımız ora üçün uzman olmağa başlamışdır. Burada bir arkadaşımız vardır. Canla-başla uğraşır. Bir-birimizə dəstək olalım.

Amerikalılar dünyayı təkid etməsəydilər şimdi dünyaca tanınmış ikinci türk dövləti olardıq. Bunu bizə çox gördülər. Şimdi biz iyi niyyətlə “rumlularla bir ortaqlıq cümhuriyyəti yapa bilirizmi” deyə kaç yıldır dənəmə yapırıq. Amma, rum tərəfi bütün dünyanı yanında gördüyünə görə bu yola gəlməməkdədir. Bizi  cəzalandırmaq için, bizi qurtardığına görə Türkiyəni cəzalandırmaq için əlindən gələn hər şeyi yapmaqdadır. Bizim də zorluqlarımız var. Amma əyilmirik. Çünki haqlı davada er- geç qazanıldığına inanırıq.

Elçibəyə bizdən selam söyləyin.

Rauf Raif Denktaşla sonralar da bir neçə dəfə görüşdüm. Hər görüşdə da söhbətlərini diktafona yazdım. Onlardan Azərbaycan mətbuatında çap etdirdiyim məqalələrimdə, radioda hazırladığım verlişlərdə, kitablarımda gen-bol istifadə etdim. Bununla üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışdım. İndi qalır həmin səslər yazılmış lentləri köcürüb Azərbaycan səsyazmalar arxivinə vermək.

Qoy gələcək nəsillər Rauf Rauf Denktaşın Azərbaycana necə diqqət yetirdiyindən xəbərdar olsunlar. Böyük türkük sevdası ilə yaşayan, qüdrətli dovlətlərin təzyiq və basqılarına mətanətlə sinə gərən Rauf Denktaş haqq dünyasına qovuşdu. Allah rəhmət etsin, qəbrin nurla dolsun, Rauf bəy!

 

Əli Şamil
14 yanvar 2012-ci il

“Azadlıq” qəzetinin 16 yanvar  2012-ci il saytında verilib.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol