İtgilərimiz
AŞIQ ƏLİƏKBƏRİN ÖLÜM XƏBƏRİ
Kərəcdə yaşayan, şair, folklorumuzun yorulmaz araşdırıcısı və toplayıcısı Həmid bəy Əhmədzadədən bu günlərdə göndərdiyi məktubda yazırb: “Salam, hörmətli Əli müəllim. Təəsuflə bildirim ki, bu il bayramın altıncı günü,(1390/1/6 Günəş ili bərabərdi 26 mart 2011-cı ilə) Aşıq İpək Qurbani dünyasını dəyişdi. Mən aşıqdan bir neçə naği yazmışam. Onlardan “Əsli və Kərəm” dastanını çap etdirmişəm, “Tahir və Zöhrə” dastanı isə mətbəədədir”.
Həmidin Aşıq İpək Qurbani kimi yazdığı sənətkarın sənədlərdə adı Əliəkbər Zeydulla oğlu Qurbani kimi yazılır. İpək isə onun doğulduğu kəndin adıdır. Səkkiz il axtardıqdan sonar mən Aşıq Əliəkbəri tapıb onunla görüşmüşdüm.
Rəhmətlik Əli Kamalinin arxivində hər biri bir saatlıq 7 kasetə «Koroğlu» dastanının qolları yazılmışdı. 4 qolun hər biri bir kasetə, bir qolsa üç kasetə yazılmışdır. Kasetlər köçürülərkən başlanğıcında və sonunda səs qırıqlığı yaranmışdı. Bu hala kasetin bəzi yerlərində də rast gəlinirdi. Söyləyənin kimliyi kasetlərdən bilinmirdi.
Dolaşıqlıqlara aydınlıq gətirmək üçün söyləyici ilə görüşmək lazım idi. Onu tapmaq isə o qədər də asan olmadı. 1996-cı ildən, Əli Kamalinin ölümündən sonra aşığı axtarırdım. Ə.Kamali ilə birlikdə işləmiş Hüseyin Məmmədxani Güneyli söyləyicinin Aşıq Əliəkbər olduğunu mənə yazdı. 2004-ci ilin dekabrında Tehranda keçirilən simpoziuma gedərkən Aşıq Əliəkbərlə də görüşməyi planlaşdırdım. Dekabrın 31-də ədəbiyyatımızın və dilimizin vurğunlarından H.M.Güneyli, Dərviş Bəhrəvan İnallı, Əskər Yaşıllı və Aşıq Əhədlə birlikdə hazırda Kərəc yaxınlığındakı Səidabad kəndində yaşayan aşıqla görüşdük. Aşıq Əliəkbər Qurbaninin çalıb-oxumasını, danışığını lentə almaq üçün özümüzlə kamera və diktofon da götürmüşdük. Yaxşı ki, «Koroğlu» dastanının lentdən kağıza köçürdüyümüz mətn və aşığın Əli Kamali üçün söylədiyi lentlər də yanımızda idi.
Lentdən kağıza köçürdüyümüz mətndəki pərakəndəliyi və anlaşılmazlığı aradan qaldırmaq üçün Aşıq Əliəkbərə müraciət etdik. Bizi mehriban və qonaqpərvər qarşılayan aşıq yazıya aldığımız mətnləri eşidəndə yad-yad üzümüzə baxırdı. Sanki bu mətnlərdən onun heç xəbəri yoxmuş. Aşıq Əliəkbər dastanı yazıya aldığımız kimi söylənmədiyini bildirdi. Lentləri səsləndirmək zorunda qaldıq. Aşıq heyrətləndi. Səmimi etiraf etdi ki, 1986-1988-ci illərdə söylədiklərini unudub.
Biz ondan lentə qulaq asarkən anlaya bilmədiyimiz və fikir dolaşıqlığı olan parçaları yenidən söyləməsini xahiş etdik. Aşıq lentdəkindən nisbətən fərqli bir variant danışmağa başladı. Onun söylədiklərini yenidən lentə köçürsəydik yazıya köçürüb çapa hazırladığımızdan fərqli bir variant yaranacaqdı. Buna isə aşığın həvəsi və vaxtı yox idi.
Aşığın yardımı ilə kağıza köçürdüyümüz mətndəki pərakəndəliyi və anlaşılmazlığı aradan qaldıra bilməyəcəyimizi gördük. Odur ki, dastanı kimdən öyrəndiyini, məhəlli sözlərin mənasını xəbər aldıq və bəzi parçaları təkrar söyləməyi xahiş etdik. Aşıq Əliəkbər Qurbani ustadının Savənin Səngək Mərəğeyi kəndindən (Tilimxan da bu kənddə doğulub) Aşıq Əbülqasım olduğunu və ondan 20-ci yüzilin 50-ci illərində 18 dastan öyrəndiyini söylədi.
Aşıq qısa özkecmişini belə anlatdı: Əliəkbər Zəbiulla oğlu Qurbani 1932-ci ilin iyunun 2-də Qəzvin ostanının (vilayət) Bunizəhra mahalının İpək kəndində doğulmuşdur. Soydaşları arasında yaşayan rəvayətlərə görə, ulu babaları elliklə Muğandan Şiraz ətrafına, XVIII yüzilliyin sonlarında isə Qəzvinə köçmüşlər. Aşığın babası Sərxoş İpək kəndində doğulub və orada dünyasını dəyişib.
Əsgəri xidmətini başa vurduqdan sonra Tehrana gələn Aşıq Əliəkbər Qurbani burada Savənin Səngək-Mərəğey kəndindən olan (Telimxan da bu kənddə doğulub) Aşıq Əbülqasımla tanış olur və ona şagirdlik edir. Aşıq Əbülqasımdan 18 dastan öyrənib məclislər aparmağa başlayır. 1980-ci illərin ikinci yarısında Əli Kamali ilə tanış olan Aşıq Əliəkbər onunla əməkdaşlıq edir. «Koroğlu» dastanının bir neçə qolunu və Telimxanın onlarla şeirini lentə yazıb Əli Kamaliyə verir.
Sonralar Kərəc yaxınlığındakı Səidabad kəndinə köçən aşığın Mehdi və Bəhmən adlı iki oğlu və dörd qızı, nəvələri var.
Dilimizin şirinliyinin keşiyində mübariz bir əsgər kimi dayanan, məclislərdə dastanlarımızı, məsəllərimizi, aşıq şeirlərimiz oxumaqla xalğı keçmşinə bağlayan aşıq Əliəkbər özü də şeirlər söyləyərmiş.
Dostlarından birisi onun məzarı başında aşığın aşağıdakı şerini oxumuşdur:
Qohumlarım, qardaşlarım, ellərim.
Mən gedirəm, can sazımın, can sizin.
Süsənlərim, sünbüllərim, güllərim,
Mən gedirəm, can gülümün, can sizin.
Şeyda bülbül qünçelərə naz eylər,
Aşiqlərə məclislərdə naz eylər,
Hər nə desəm , yar yoldaş naz eylər.
Allah sənə rəhmət etsin Aşıq Ələkbər. Qəbrin nurla dolsun. Sən getdin, bizlərə sazın, sözün, söylədiyin dastanlar, şeirlər yadigar qaldı.
https://ali-shamil.tr.gg/A%26%23351%3B%26%23305%3Bq-%26%23399%3Bli%26%23601%3Bkb%26%23601%3Br-Qurbani.htm
|