Qaqauzlar Stepan Kuroğlunu da itirdi

525-ci qəzet

http://edingagauz.com/content/view/2489/1/   http://vikna.stb.ua/news/2011/8/9/71009/  

 

Qaqauzlar Stepan Kuroğlusunu da itirdi

Əli Şamil
18:16 / 09.08.2011


Kiyevdə yaşayan qaqauz şairi və araşdırıcısı Tudora Arnautdan aldığım elektron məktubda Stepan Kuroğlunun 2011-ci ilin iyunun 23-də haqq dünyasına qovuşduğunu oxudum. Lakin Azərbaycanda olmadığım üçün düşüncələrimi oxuculara çatdıra bilmədim. Geri döndükdən sonra qərara aldım ki, Stepan Kuroğlunun qırxında da olsa onun haqqında yazım.
Azərbaycanı candan sevən, dəfələrlə Respublikamıza gələrək Sabir, Nizami günlərində iştirak edən, Nəsiminin yubiley tədbirlərinə qatılan, geri döndükdən sonra gördüklərini şeirə çevirən S.Kuroğlu universitetlərimizdə müəllim və tələbələrlə görüşər, akademiyanın institutlarına gedərək yeni nəşirlərlə tanış olar, şeirlərini oxuyar, qəzet və jurnallarda, televiziya və radioda qaqauzlar haqqında bilgi verərdi. Bakının küçələrini gəzərək tanımadığı adamlarla belə şirin söhbət etməkdən ləzzət alar, sonra da onları həvəslə dost-tanışına danışardı.“Ulduz” jurnalının 1982-ci ildə çap olunan 12-ci sayında rəhmətlik Allahverdi Məmmədovun S.Kuroğlu ilə müsahibə əsasında hazırladığı “Neredesen, Göy Oğuz?” (məqalənin sonunda jurnal şairin “Acı sevda duası” və “Əllərin alovu” şeirlərini də verib) məqaləsi elmi və bədii dəyərinə, insanlara təsir etmək, qaqauz xalqına maraq oyatmaq baxımından seçildi. Bu məqalə mənə də S.Kuroğlunu sevdirdi və onunla tanış olmağa maraq oyatdı.
Stepan SSRİ-nin Bessarabiyanı işğal edərək Ukraynanın tərkibinə qatandan az sonra, yəni 1940-cı ilin yanvarın 9-da indiki Odessa vilayətindəki Bolqrad rayonunun Dmitirovka kəndində doğulmuşdu. Onun uşaqlığı çox çətin və ağır illərə təsadüf etmişdir. Sovetlərdən sonra faşist Almaniyasının bu yerləri işğalı, Rumun polislərinin özbaşınalığı, yenidən SSRİ-nin oraya sahiblənməsi böyük qarışıqlıq yaratmış, əli silah tutanları savaşa cəlb etmişlər, iş qabiliyyəti olanları cəbhə xətti üçün işlətmişlər, beləliklə, təsərrüfatı dağılmış minlərlə insan acından ölmüşdür.
İndi həmin günləri qaqauzlar böyük aclıq deyə xatırlayır, acından ölənlərə xatirə abidəsi ucaldılır, kitablar yazılır, filmlər çəkilir. Sovetlər zamanı onu xatırlamaq belə yasaq olduğu halda, sonralar bu işin önündə gedən, xalqının məruz qaldığı zülmdən söz açanlardan biri də Stepan Stepanoviç Kuroğlu olmuşdur.
Yeniyetmə yaşlarından xalq mahnılarını təsiri ilə şeirlər yazan S.Kuroğlu orta məktəbi bitirib Kişinyov Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunur. Ali təhsil aldıqdan sonra kəndlərinə dönərək bir ara müəllimik edir. 1969-72-ci illər arasında Moldaviya Elmlər Akademiyasının aspiranturasında oxuyur. Etnoqrafiyadan elmi iş götürür. Vaxtında müdafiə edərək tarix elmləri namizədi adını alır.
Moldaviya Elmlər Akademiyasında elmi işçi kimi çalışmaqla kifayətlənmir, Qaqauzşünaslıq şöbəsini açılmasına nail də olur və şöbəyə uzun illər rəhbərlik edir, kadrlar toplayır, yeni mütəxəssislər hazırlanması qayğısına qalır.
1977-ci ildə Moskvada çap etdirə bildiyi “Liçnıe imena u qaqauzov. İstoriçeskaya onomastika” kitabı qaqauzların bolqar, yunan, hətta rumunkökənli olduğunu təbliğ edənlərə sərt bir cavab olur. Qaqauzların türk kökənli olduğunu sanballı faktlarla ortaya qoyduğuna görə onun elm aləmində nüfuzu da artır.
Ana dilində lirik və səmimi şerlər yazmaqla qaqauz türkcəsinin yazılı ədəbi dilinin formalaşmasına təsir göstərir. Qaqauz dilində çap olunan ilk şeirlər toplusuna onun da şeirləri daxil edilir. Az sonra özünün şeirlər kitabını oxucuların mühakiməsinə verir. Onu SSRİ Yazıçılar İttifaqına üzv seçirlər. S.Kuroğlu Moldova Yazıçılar İttifaqının nəzdində qaqauz bölümünün yaradılması üçün də çox əmək sərf edən insanlardandır.
O, poeziyaya sadəcə bir sənət kimi baxmır, hiss və duyğulara təsir etməklə xalqını oyatmaq, maarifləndirmək, dünyanın inkişaf etmiş xalqları sırasına çıxarmaq vasitəsi kimi yanaşırdı. Dilini, tarixini, vətənini sevməyin vacibliyindən söz açanda Mixail Çakırı nümunə göstərərək yazır:
Bir düş görmüşdü Mixail Çakır
Da okumayı istermiş kendisi.
Manasını düşün, çağrısını duy...
Duasında anlamış: Bu Allahdan izin.
Mixail Çakırı XIX-XX yüzillərdə yaşamış nüfuzlu din adamı olmaqla yanaşı, xalqının tarixinə, etnoqrafiyasına dair sanballı əsərlər yazmış, qəzet nəşr etmiş, dini kitabları və çox oxunan duaları qaqauz dilinə çevirərək kilsələrdə oxutmuşdur. S.Kuroğlu da soydaşlarını hansı vəzifədə işləməsindən, harada yaşamasında asılı olmayaraq MixailÇakır kimi vətənpərvər olmağa çağırır. S. Kuroğlu şeirlərində sadə və kiçik görünən mövzulara müraciət edərək onları ümumiləşdirə bilir. Yazda pəncərəsinə dayayan bir şaftalı ağacının çiçəkləməsindən təsirlənən şair “Şefteli” şeirini belə tamamlayır:
Elcaazinnan urma sırçaya,
Pencereya dikma çiçeeni,
Görüşelim çaarma başçaya,
Gelina benzaar bir şefteli!
Yaxut “Tatlı ses” şerində anasızlıqdan doğan açılarını şirin bir xatirə ilə belə başlayır:
Anacıım işler yapaa
Hem bana masal söleer,
Bu eski masal bana
Nice düş geleer.
İnsan üçün əbədi olan mövzulardan S.Kuroğlu da yan keçə bilmir. “Sənsiz” şeirində yazır:
Nica kör - kafadarsız,
Nica kırlangaç - eşsiz,
Nica zingeca - şafksız,
Sensiz zor, nica sensiz...
Həyatını qaqauz türklərini dünyaya tanıtmağa həsr etmiş bu insan ölkə daxilində və xaricində təşkil olunmuş çox sayda toplantılarda iştirak edərək qaqauz tarixi, dili, folkloru və başqa bir çox mövzularda məruzələr oxumuş, bir çox qəzet və jurnallarda məqalələrlə çıxış etmişdir.
Dəfələrələ Azərbaycanda olan şair buradan aldığı təəssuratlarını “Nizaminin cavabı”, “Nizam –Nizam yıllargöçer...”, “Geminməz Sabir durer...” və b. şeirlərində əks etdirmişdir. “Nizamiyə cavab” şeirində yazda yaşıllığa bürünmüş Gəncə çollərini, Nizami məqbərəsi üzərində şer oxuyan Azərbaycan şairlərini qaqauz oxucusuna belə tanıdır:
Bayırlar - yeşiltınaz
Biri-biri ardına.
Göy Gölü almış Kəpəz
Taşlı avuçlarına.
...Te Cabir Novruz baarer,
Mamed İsmail, Fikret
Peetinceler niaareer...
Tebir ses verdi Nüsret...
Şirvana səfərini, Şamaxıda M.Ə.Sabirin, S.Ə.Şirvaninin məzarlarını ziyarət etmələrini, Sabir günlərində iştirakını S.Kuroğlu belə xatırlayir:
Maalim Şirvani divan,
Mezardan kalkıp durer,
Her bir peet sevan insan
Seslemaa onu uureer.
...Çaarkonaa, Fikret Sadık,
Şemahayı çok andık,
Sabiri görma artık
Hepsiciimiz uyandık.
Sovetlər Birliyinin dağılmasından sonra qaqauzların müstəqillikləri uğrunda dayanmadan mübarizə aparan S.Kuroğlu bir müddət Moldova parlamentində, bir müddət isə Qaqauz Muxtar Respublikasının Xalq Məclisində deputat kimi fəaliyyət göstərmişdir. Qaqauziya Respublikasının taleyinin nə olacağını müəyyənləşdirən Moldoviya parlamentində kəskin, sərt və milli çıxışları ilə Moldoviya millətçilərinin narazılığına səbəb olmuşdur.
Stepan Kuroğlunun elmi əsərləri ilə yanaşı, ədəbi əsərləri də milli yönümlü, təbliğ xarakterli olmuşdur. Bədii ədəbiyyata ilk gəlişi şeirlə olmuş, 60-cı illərdə ilk şeirini təqdim etmişdir. Daha sonra ardı-arası kəsilmədən yazılan şeirlərini toplayaraq “Bir qucaq gunəş” kitabını nəşr etdirdi. Nəsr əsərlərindən daha çox nəzm əsərləri diqqəti çəkdi və o, şair kimi tanındı. Onun “Bir qucaq günəş” kitabı ilə yanaşı həm də “Yollar”, “Maneələr”, “Lalələr”, “Yol ulduzu” kimi kitabları da nəşr olunmuşdur. Şeirlərinin başlıca mövzusu təbiətin gözəlliyi, qaqauz xalqının taleyi, azadlıq uğrunda mübarizə, insanlar arasında dostluğun, sevginin geniş yayılması kimi mövzulardır.
Stepan Kuroğlu qaqauz folkloruna yaxından bələd idi. Yaradıcılğında da folklorun təsirini və izini aydın müşahidə etmək mümkündür.
S.Kuroğlu ilə Azərbaycanda da, Moldovada da görüşmüşdük. Maraqlı və mübahisəli söhbətlərimiz də olmuşdu. O, yalnız özünü düşünən, özünü təbliğ etməyi sevən birisi deyildi. Bir dəfə mənə zəng vuraraq Türkmənistanda keçiriləcək simpozyuma Qaqauz Yeri Muxtar Respublikasının keçmiş prezidenti Stepan Topalın da qonaq sifətilə dəvət edilməsinin lazım olduğunu söylədi.
Biz Aşxabatda simpozyum günlərində görüşdük. S.Kuroğlu məruzəsini oxumaq, gəzib dolanmaqla işini bitmiş hesab etmirdi. Stepan Topalın Türkmənistan radio və televiziyasında çıxışına, qəzet və jurnallara müsahibə verməsinə, rəsmi şəxslərlər və iş adamlarıyla görüşünə nail olmağa çalışırdı. Açıq aşkar görünürdü ki, elm adamı, şair olmaqla yanaşı xalq diplomatiyasından bacarıqla istifadə edərək Türkmənistanla Qaqauz Yeri Muxtar Respublikası arasında birbaşa əlaqələrin yaranmasına nail olmağa çalışır.
Qaqauz tarixçisi, dilçisi, folklorşünası və şairi StepanKuroğlu haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin! Qaqauz türklərinin və bütün türk dünyasının başı sağ olsun!
Əli Şamil



Bu yazı ( 1081 ) - dəfə oxunmuşdur

Çap olundu: Qaqauzlar Stepan Kuroğlusunu da itirdi. “525-ci qəzet” 6 avqust 2011-ci il, sayı 142(3458), səh.27.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol