ali-shamil.tr.gg/Deniz-Tanaso%26%23287%3Blunu-T.ue.rk-d.ue.nyas%26%23305%3B-itgisi.htm
Türk dünyasının Dəniz Tanasoğlu itkisi
Bu günlərdə Qaqauz yerindən acı bir xəbər aldım: Deniz ağa dünyasını dəyişdi!
Bütün qaqauzlar kimi, kilsədə ona Dionis adı qoysalar da, türk dünyasında böyük də, kiçik də Dəniz ağa kimi tanıyırdı. Çünki özünü bu adla təqdim edir, şeirlərini bu imzayla yazırdı. Son illər Bakıya gələ bilməsə də, əvvəllər tez-tez gələrdi. Televiziya və radiodakı çıxışları, qəzetlərdəki müsahibələri böyük maraqla qarşılanardı.
Milli oyanış başlayanda əsl ziyalılar güclərini, enerjilərini yalnız bir sahəyə yönəldə bilmirlər. Harada boşluq görürlərsə, orada bir iş görməyə, xalqına o sahədə xeyir verməyə çalışırlar. Dəniz ağanın da yaradıcılığı bu baxımdan çoxşaxəlidir.
Yaradıcılığa şeirlə başlayıb. Sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, alim, ictimai-siyasi xadim sözləri yazılıb. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur edib. 1957-ci ildə ilk qaqauz əlifbasını yaradan da, ilk qaqauz romanını yazan da, qaqauzların ilk peşəkar rejissoru və dramaturqu da Dionis Tanasoğlu olub.
1922-ci il iyulun 7-də Kiriyət kəndində doğulub və ilk təhsilini də orada alıb. Kişinyov Pedaqoji İnstitutunun tarix-ədəbiyyat, Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsini bitirən Dionis Tanasoğlu Bakıda filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1969-cu ildə Kişinyovda "Çal Türküm" və "Adamın işləri" şeirlər kitabları çıxan D.Tanasoğlu 1970-ci ildə "Hosluk", 1975-ci ildə "Gənclik türküləri" kitablarını çap etdirməklə yeni qaqauz ədəbiyyatının inkişafına güclü təsir göstərdi. "Uzun Karvan" romanı, "Oğlan və Lanka", "Bucakta yalın", tarixi mövzuda yazılmış "Keykavus" pyesləri yalnız ona deyil, qaqauz ədəbiyyatına şöhrət qazandırıb. "Ana dilim" adlı şeirində ana dilini "tatlı bal"a, "salxım çiçəyinin qoxusu"na, "gözəl səs"ə, "kövrək söz"ə bənzədərkən dili qorumağın vacibliyini belə tamamlayıb: Dili lazım bilelim Biz ona inan evladız: Dili hiç kaybetmeyelim Salt onunnan biz insanız!
Müəllimlik, rejissorluq edən, musiqi və teatr kollektivləri yaradan, yeni qaqauz əlifbasıyla "Bucaktan səslər", "Almanax" toplularını çapa hazırlayan, dünya ədəbiyyatının seçmələrini ana dilinə çevirən, vətən və millət üçün çalışan insanın düşmənləri də az deyildi. Onun işgüzarlığına da, istedadına da paxıllıq edənlər həmişə ayağının altını qazırdılar. Ucaboylu, mavigözlü, yaraşıqlı türk oğluna xanımların xoş münasibəti də sovet orqanlarının onu cəzalandırması, sıxışdırmasıyla nəticələnirdi. Sovetlər Birliyi dağılandan sonra ona münasibət dəyişməyə başladı. Öncə yeni açılan Kornrat Qaqauz Universitetinə rektor təyin etdilər. 1998-ci ildə Balkanlarda Türk Kültürü Böyük Xidmət mükafatını aldı. Ömrünün son illərində isə Kişinyov Pedaqoji Universitetində professor işləyirdi.
Azərbaycan ziyalıları ilə sıx dostluq əlaqələri saxlayan, ədəbiyyatımızın yorulmaz təbliğatçısı Dəniz ağa 23 avqust 2006-cı ildə 84 yaşında vəfat etdi.
Qəbrin nurla dolsun, Dəniz ağa!
Əli ŞAMİL
525-ci qazet, 2006-cı il, 29 avqust, sayı 159(2266), seh. 7 |