Qaşqay xalqının böyük itkisi
ÜNLÜ MUSİQİÇİ FƏRHAD QORQİNPUR DÜNYASINI DƏYİŞİB
06.11.18 15:36
Əli ŞAMİL
ali-shamil@yahoo.com
Əmin Cahangir Niya zəng vuraraq qaşqay musiqisinin təbliğində və gənc musiqiçilərin hazırlanmasında böyük əməyi olan Fərhad Qorqinpurun avqustun 31-də haqqa qovuşduğunu bildirdi. Adətən, ölüm xəbərindən söhbət gedəndə onu acı xəbər kimi dəyərləndirirlər.
Fərhad Qorqinpurun yaxın vaxtlarda dünyasını dəyişəcəyini öz dilindən eşitmişdim. O, buna bir yerdən başqa bir yerə gedən adam kimi hazırlaşırdı. Hətta deyərdim ki, tələsirdi.
Fərhad Qorqinpurun ölüm xəbərini Bursaya gedən avtobusda eşitdim. 2018-ci il noyabrın 5-6-da Türk Ocakları Dərnəyi Bursa Şöbəsi ilə Uludağ Universiteti birlikdə Uluslararası Cengiz Dağcı Bilgi Şöləni keçirəcəkdi. Türk Ocakları Dərnəyinin "Her Yıl Bir Büyük Türk bilgi Şölenleri dizisinin beşinci şöleni"nin məruzəçilərindən biri də mən idim. Sovet dövründən xarici radio verilişlərindən tanıdığım Cengiz Dağcı haqqında son illərdə bir neçə məqalə də mən yazmışdım. Onu Azərbaycanda ən geniş təbliğ edən "525-ci qəzet" idi. Cingiz Dağcı 2011-ci ildə dünyasını dəyişəndə bu qəzet rəhmətlik Tofiq Abdinin də, mənim də məqaləmi nəşr etmişdi. Sonralar da bu mövzuya təkrar-təkrar yer ayırmışdı.
Avtobusda yolboyu Fərhad Qorqinpurla görüşümüzü və onun haqqında eşitdiklərimi yada saldım. Axşam Uludağ Universitetinin hotelində yerləşəndə də özümə borc bildim ki, Fərhad Qorqinpur haqqında "525-ci qəzet"ə bir məqalə yazım. Çünki "525-ci qəzet" son dövrlər qaşqaylara diqqəti artırdığı kimi, qaşqaylar da bu qəzetin saytını diqqətlə izləyir, yazılanları oxuyur və münasibətlərini bildirirlər.
Fərhad Qorqinpurla cəmi bir dəfə, 2018-ci ilin aprelində görüşmüşdük. Şiraz Universitetinin salonunda Məsud Namidarın başçılıq etdiyi qaşqay musiqi ansamblının konserti vardı. Konsert hələ başlamamışdı. Səhnənin pərdəsi də qaldırılmamışdı. Bir yeniyetmənin uca boylu, dolu bədənli qocanın əlindən tutub səhnəyə gətirməyi salondakıların ayağa qalxıb onu sürəkli alqışlamasına səbəb oldu. Bu o demək idi ki, salondakıların hamısı onu tanıyır və sevir. Yeniyetmə gözləri görməyən musiqiçinin oturmasına kömək etdi və akkordeonu onun qucağına qoydu. Aparıcı Kave İrəvani səhnəyə çıxaraq Fərhad Qorqinpur haqqında danışmağa başladı. Onun hər cümləsi alqışlarla qarşılanırdı.
Fərhad Qorqinpur akkordeonda qaşqay mahnıları çalmağa başladı. Mənim Türkiyənin Girasun şəhərindəki toplantıdan tanıdığım və səsinə heyran olduğum İbrahim xan Kohendli Purun da səhnəyə çıxdı. Fərhad Qorqinpur akkordeonda çaldı, İbrahim xan Kohendli Purun gur və yanıqlı səslə "Koroğlu" dastanından "Beş durna" mahnısını oxudu. Mahnı məni yaman kövrəltdi. Qəhrəmanlıq ruhunda oxunan bu mahnıda həzin bir kədər vardı. Dara düşən Koroğlu dərdini durnalara deyir, dara düşdüyünü dəlilərinə xəbər aparmalarını istəyir.
Fərhad Qorqinpur səhnəyə çıxanda necə alqışlanmışdırsa, səhnədən enəndə də o cür alqışlandı. Səhnədən endirib salonda mənim yanımdakı yerdə oturtmağa gətirdilər. Ayağa qalxıb əl verib salamlaşdım. Əlimi tutan kimi dedi: "Xoş gəldiniz! Nə yaxşı bizi unutmayıbsınız. Sizin gələcəyinizi söylədilər deyə mən də gəldim. Bu, mənim son çıxışımdır. Yaxın vaxtda bu dünyadan köçəcəm, haqq dünyasına gedəcəm". Mən korların duyma qabiliyyətinin güclü olduğunu bilirdim. Səsimi çıxarmamışdım. Sadəcə əlimi uzadıb əlini tutmuşdum. Buna baxmayaraq, mənim qonaq olduğumu həmin dəqiqə bildi.
Mən zarafatla "Siz ki müsəlmansınız, kimin nə vaxt köçəcəyini bir Allah bilər. Siz nədən Allahın işinə qarışırsınız?" - dedim. Gülümsəyərək: "Allahın verdiyi ömür başa çatır. Mən özüm bunu bilirəm. Daha heç kim, dünyanın ən məşhur doktorları da məni saxlaya bilməz" - dedi.
Səhnənin pərdəsini qaldırdılar. Mikrofonları, musiqiçilərin oturacağı yerləri nizama saldılar. Musiqiçilər yerlərini tutana kimi Fərhad Qorqinpurla söhbət etdik. Sonra da hərdən musiqiçilərin ifalarına münasibət bildirdi. Musiqiçilərin onun səsini eşitmədiyini bilsə də, gah onların ifaçılığını alqışlayır, bəzən də narazılığını bildirirdi. Konsert bitəndən sonra da ayaqüstü beş-üç dəqiqə söhbət etdik. Bu söhbətlərdən doymadığını bildirdi. Evlərinə dəvət etdi ki, geniş söhbətləşək.
Mən təyyarə biletimizi dəyişmək mümkün olmadığına görə sabah mütləq Bakıya qayıtmalı olduğumuzu bildirdim. Vəd etdim ki, yaxın vaxtlarda bir də Şiraza gələcəm. Allah qoysa, onda görüşüb geniş söhbət edərik. Bakıya döndükdən sonra "525-ci qəzet"in 2018-ci il sentyabrın 7-də çap etdirdiyim "Qaşqay elinə səfər. Üçüncü yazı"da Fərhad Qorqinpurdan bir neçə sətir də yazdım. Planlaşdırmışdım ki, görüşəndən sonra geniş yazı hazırlayaram.
Mən vədimə əməl etdim. Söz verdiyim vaxtda, yəni avqust ayında Şiraza, Əmin Cahangir Niyanın bacısı Səhinənin toyuna getdim. Əminə Fərhad Qorqinpura verdiyim vədi xatırladıb onu görmək istədiyimi bildirdim. Əmin zəng vurdu və kədərli halda bildirdi ki, Fərhad Qorqinpurun vəziyyəti yaxşı deyil, xəstəliyi şiddətlənib, ailə üzvləri deyir görüşməyə halı yoxdur.
... Qaşqay musiqiçisi, xalq arasında gözəl tanburçalan kimi tanınan Həbibxanın ailəsi qışı Firuzabad şəhəri yaxınlığındakı Zəncirvan qışlağında yaşayır, yayı isə Simurun şəhəri ətrafındakı Qaleyi Muxtarxan yaylağına qalxarmış. Məsumə ilə evlənən Həbibxanın övladlarından altısı yaşayır və boya-başa çatır. Lakin onların dördünün gözü yaxşı görmür.
1948-ci ildə Şirazda doğulan Fərhadın da gözləri zəif görür. Onun böyük qardaşları Fudud, Mustafa Kamalın, baçısı Pəricöhr də onun kimi eyni xəstəlikdən əziyyət çəkir. Yalnız qardaşları Allahqulu və Qulaməlinin gözləri normal görür. Həbibxan zəif görən uşaqlarının da oxumasına can atır. Onları İsfahandakı xüsusi məktəbə qoyur. Lakin məktəbdəki baxımsızlıq valideynləri rahatsız edir. Uşaqlarını oradan götürür və Şiraz şəhərinə gətirirlər. Burada zəif görən uşaqlar üçün xüsusi məktəb olmur. Həbibxan Fərhadı Zəncivan qışlağında açılmış ibtidai məktəbə yazdıra bilir. Fərhad 5 illik ibtidai təhsili 2 ilə başa vurur. Böyük qardaşı Firud, sonra Fərhad 1957 ilindən başlayaraq Əmirəzidi Salmanpurdan akkordeon dərsi almağa başlayıb. Az bir zamanda qardaşların istedadı ətrafindakıların diqqətini cəlb edir. Onların bacarığından Şiraz radiosunun əməkdaşları da xəbər tuturlar. 1958-ci ildən Şiraz radiosunun uşaq verilişlərində çıxış etməyə başlayırlar..
Oğlunun uğuru atanı bərk sevindirir. Ailəsini də götürüb 1963-də Tehrana köçür.
Cəsarəti və sərt xarakteri ilə seçilən, qaşqay musiqisini təbliğ etməklə milli ruhu qorumağa çalışan Həbibxan Rza şah rejiminin basqısından çəkinməyərək oğlanlarının birinə Mustafa Kamal adı da qoyur. Övladlarını da milli ruhda böyütməyə çalışır. Ailədə nəsildən gələn gözəl bir musiqi yaddaşı olduğundan uşaqlar kiçik yaşlarından musiqi alətlərində çalmağa meyllənirlər. Öncə Furud akkordeon çalmağı öyrənir, sonra da Fərhad.
Fərhad Qorqinpur Tehranda litseydə oxuyarkən Şenavərdən, Aləm Ohaniandan, Ənişuran Ruhanidən, kor Dudangədən sənət dərsləri alıb. Qısa müddətdə o qədər məşhurlaşıb ki, onu Tehran televiziyasında uşaq verilişlərinə dəvət ediblər. İranın məşhur müğənni Nadiri Qulcini televizya verilişlərində akkordeonda adətən Fərhad Qorqinpur müşayiət edir. Bu, onun daha da məşhurlaşmasına səbəb olur. Uşaqlarda musiqiyə maraq oyadan bu verilişlər böyük tamaşaçı marağına səbəb olub.
Litseyi bitirən Fərhad Şiraz Universitetinin Dil və Ədəbiyyat fakültəsinə qəbul olunur. Oranı uğurla bitirdikdən sonra yenidən Tehrana dönür. Tehran Universitetinin İncəsənət Fakültəsinin magistraturasında oxuyarkən Nurəlixan Burumənd, Ələsgər Bahari, Məhəmmədrza Lütfi kimi istedadlı müəllimlərdən dərs allır.
21 yaşında gözləri tam tutulsa da, Fərhad Qorqinpur ruhdan düşməyib, Tehran Universitetində araşdırmalar apararaq doktorluq dissertasiyasını müdafiə edir. 1974-cü ildən 1994-cü ilədək liseydə müəllim işləməklə yanaşı, qaşqay xalq musiqisini toplayır, yeniyetmələrə musiqi dərsləri verir.
1994-cü ildə onu İsfahanla Şiraz arasındakı Abadeh şəhərində açılmış Azadi İslam Universitetinə müəllim dəvət edirlər. Təqaüdə çıxanadək orada müəllim işləyir.
Fərhad Qorqinpur ailəsini hökumət məktəblərində dərs deməklə dolandırır. Amma onun qaşqay musiqisinin təbliğinə, yeniyetmələrin musiqi alətlərində çalmağı öyrənməsinə xərclədiyi enerji maaş aldığı təşkilatlardakından çox olmuşdur. Gözləri görməsə də, 2006-cı ildə Abadeh şəhərindəki "Ərmağan dəbiran" nəşriyyatında İranın Fars vilayətində yaşamış şairlərin şeirlərindən seçmələri "Qanidən Təvəllaya" adı altımda çap etdirir.
Bu, onun nəşr etdirdiyi yeganə kitab olmur. 2007-ci ildə "Avri İraniyan" nəşriyyatında Ələsgər Naderi ilə birlikdə məşhur qaşqay şairi Məzun Qaşqainin şeirlərindən seçmələri fars dilinə çevirib "Ayrılıq çağı" adlı ilə çap etdirirlər. Bu, qaşqay şairlərinin fars dilli oxucular arasında yayılmasına xidmət etmiş olur.
Hafiz Şirazinin yaradıcılığına böyük məhəbbəti olan Fərhad Qorqinpur şairin haqqında olan rəvayətləri və şeirlərinin bir qismini toplayaraq 2014-cü ildə Şirazdakı "Təxte Cəmşidi və Qaşqai" nəşriyyatında Hafiz şeirinin öyküsü" adı altında nəşr etdirir.
Yaxın dostu İlyaşar Qüdrərzifərlə birlikdə hazırladıqları iki kitab - "Koroğlu hamasəsindən bir bölüm" və "Qərib və Sənəm" kitablarını Şirazdakı "Təxte Cəmşidi və Qaşqai" nəşriyyatında 2016 və 2017-ci illərdə nəşr etdirirlər. Onlar bu kitabları oxucuların ixtiyarına verməklər qaşqaylarda bir qürur hissi aşılamış olurlar.
2007-ci ildə qaşqayları sevimli tanburçusu olan atası Həbibxanı itirən Fərhad Qorqinpur 2018-ci il oktyabrın 31-də, saat 9.30 radələrində Şirazın Namazi Xəstəxanasında xərçəng xəstəliyinə yenik düşüb. Onun cənazəsi ilə noyabrın 2-də Abadeh şəhərindəki Mədəniyyət Mərkəzində vidalaşaraq dəfn ediblər.
Olduqca təvazökar bir insan olan Fərhad Qorqinpurdan müsahibə alan müxbir: "Sizin ailə qaşqay musiqisini qoruyub saxladı, yaşatdı!" - deyəndə o, etiraz edərək: "Qaşqay musiqisini bizim ailə deyil, qaşqayların çobanları, sarvanları, xalça toxuyanları və b. sadə adamları qoruyub saxladılar. Biz sadəcə olaraq onlardan eşitdiklərimizi toplayıb ifa etdik" - cavabını vermişdi.
Fərhad Qorqinpur dünyadan köçəndə qaşqay şairləri onun haqqında şeirlər qoşmuşlar. O şeirlərdən iki nümunəni aşağıda veririk.
Əvəzulla Səfəri Kəşküllü
Ağlasın
Söylə, neçin daha dinməz sazımız?
Ərşə sindi, tar, akkordeon ağlasın.
Musiqidə soldu bizim yazımız.
Yanıqlı saz, ud, viyalon ağlasın.
Tər burmaqlar mizrabına ilişməz.
Daha Fərhad saz diliylə qonuşmaz.
Daha laylay Məsumunnan danışmaz.
Nigardağ, Qara Bisutun ağlasın.
Çətin bitər zar ürəklər yarası,
Yondu Fərhad Bisutunun xarası,
Hanı dərman, hanı dərdm çarası?
Gözlər çayı olsun Karun ağlasın.
Şəhram Bədri Alikürdi
Furud, Fərhad eldən köçdü, gəl.
Əcəl baxçamızdan soy gül biçdi, gəl.
Məssiy bibi yaman günə düşübdür,
Musiqi dünyasından tərlan uçdu, gəl.
Qeyd: Şeirlərdəki "Məsum" qaşqaylarda bir bəstənin adı, Nigardağ, Qara Bisutun dağ adları, Karun Əhvazdakı çayın adıdır. Məssiy bibi Fərhadın anası Məsiməyə işarədir. Fərhad və Şirin əfsanəsində adı çəkilən, eləcə də məşhur qayaüstü yazılar olan Bisutun dağına bölgədə Qara Bisutun da deyirlər.
02.11.2018
Çap olundu: Qaşqay xalqının böyük itkisi. Ünlü musiqiçi Fərhad Qorqinpur dünyasini dəyişib, “525-ci qəzet”, 06.11.2018. https://525.az/site/?name=xeber&news_id=109499#gsc.tab=0
|