Vətənsevər könüllərdə yaşayan Həsən Azərbaycan
Əli ŞAMİL
alishamil@yahoo.com
19.07.18 15:39
Həsən Azərbaycanın ölüm xəbərini elə həmin gün aldım. Rəsmi sənədlərdə soyadı Hərgəli yazılsa da, dost-tanış onu Həsən Azərbaycan kimi tanıyırdı.
Şeirlərində, konsert afişalarında Həsən Dəmirçi yazırdı. Görüşəndə özünü Həsən Dəmirçi kimi təqdim edirdi. Ailəsinin dolanışığını dəmir işindən çıxardığından Dəmirçi ləqəbini götürmüşdü.
Peşəsini çox sevirdi. Yeniyetməliyində atası onu zərgərə şagird verir. Ustasının düzəltdiyi zinyət əşyalarının qızılına mis vurduğunu gördükdə "mən haram tikə yeyə bilmərəm" deyərək oradan uzaqlaşır. "Dəmir elə şeydir ki, heç kim ona ucuz metal qatıb baha satmır" - deyirdi.
Dünyada ədalətli cəmiyyət quracaqlarını vəd edən kommunistlərin yaratdığı ilk dövlətdə nə sosial ədalət oldu, nə insanların hüquqları qorundu, nə də xalqlara azadlıq bəxş edildi. Əksinə, Sovetlər Birliyi sərhədlərini "dəmir pərdə" ilə qapatmağa çalışdı. Sovet imperiyası yaşasaydı nə Həsən Dəmirçi kimi bir vətənpərvəri tanıyacaqdıq, nə də illər keçəndən sonra onun dünyasını dəyişdiyindən xəbərimiz olacaqdı. Sərhədlər açılmamışdan Quzey Azərbaycanda yaşayanlar Güney Azərbaycanda və İranın digər yerlərindəki ata-anasının, bacı-qardaşlarının, doğma-tanışlarının ölümündən illərlə xəbərsiz qalır, ya da aylar, illər sonra xəbər tuturdu. İndi texniki imkanlar da hər hansı bir xəbərin sürətlə yayılmasına kömək edir.
Həsən Dəmirçinin huşsuz vəziyyətdə xəstəxanaya aparılması xəbərini Seyid Məhəmməd Təbrizidən eşitdim. Yaşının çoxluğu və xəstəliyi onun vəziyyətinin ağır olduğundan xəbər verirdi. Buna baxmayaraq, Seyid Məhəmməd Təbrizi mənə təskinlik verərək bildirdi ki, məşhur həkim Cəlil Şərəbyan xəstəni müayinə edib. Təbriz şəhər bələdiyyəsi sədrinin müavini Purmehdi də xəstəyə baş çəkib. Yəni Həsən Azərbaycanın müalicəsi diqqət mərkəzindədir.
İçimdə onun sağalacağına, yenidən görüşəcəyimizə bir ümid yaranmışdı. Həmişə onu şən və nikbin görmüşdüm. Başına açılan oyunları gülə-gülə yola vermişdi. Heç zaman zəmanədən, sıxıntıdan, basqıdan, xəstəlikdən söz açmazdı. Düşünürdüm ki, dəmir iradəli Həsən xəstəliyi dəf edəcək. O, çox çətinlikləri, istintaqları, təqibləri, təzyiqləri, həbsləri arxada qoymuşdu.
Həbs edilənlər, istintaqa çağrılanlar, adətən, oradakı zorakılıqdan, insanların alçaldılmasından şikayətlənərlər. Həsən Azərbaycandan isə bir dəfə də olsun, giley-güzar eşitməmişdim. Həbsindən, istintaqından söz salanda incə bir yumorla mövzudan uzaqlaşardı. Bir dəfə ondan instintaqa çağrıldığı və həbs edildiyi haqqında dəqiq bilgi almağa çalışdım. Mənim inadımı görüb xatırlamağa başladı. Yaddaşı, sanki, bilgisayar idi. O dedikcə mən dəftərcəmə qeyd edirdim. Baxıb-gördüm ki, mühakimə olunub zindana göndərilməsi və istintaq edilib üç-beş gün saxlandıqdan sonra buraxılması hallarının sayı 20-yə yaxındır.
Təbrizin küçələrinə ana dili ilə bağlı şüarlar yazdığına görə 1360-cı (miladi 1981) ildə həbs etmişdilər. Onu həbs edəni də, istintaqını aparanı da, istintaqın gedişini də təfsilatı ilə xatırlayırdı. İncidilməsini, təqib edilməsini faciəyə çevirmir, özünü qəhrəman kimi tanıtmağa da çalışmırdı. Gündəlik məişət söhbəti edirmiş kimi danışırdı.
Təxminən, 20 il əvvəl Təbrizdə Həsən Dəmirçi ilə görüşəndə o, gülə-gülə demişdi:
- Məni istintaq edən, vətənə xəyanətdə suçlayan xaricə qaçıb. Ora gedən kimi də millətçi, insan hüquqlarının müdafiəçisi olduğunu deyib, İran İslam rejiminin düşməni kimi xaricə qaçanlardan bir qisminin ETTELAAT-la (İran İslam Respublikasının Kəşfiyyat İşləri üzrə Nazirliyi) əməkdaşlıq etdiyini bildirib. Bunu getdiyi ölkənin xüsusi xidmət orqanlarına bildirməklə kifayətlənməyib, şərlədiyi adamların siyahılarını da mətbuatda dərc etdirib. Özü xəyanətkar olması azmış kimi, başını götürüb xaricə qaçanların bəzilərini də güdaza verib.
Hər dəfə Təbrizə gedəndə, Həsənlə söhbət edəndə onu incidən, istintaq edən xüsusi xidmət orqanı işçilərinin birinin və ya bir neçəsinin bəd əməllərinə görə cəzalandırıldıqlarını eşidirdim.
Həsən Dəmirçi qorxu hissini çoxdan özündən uzaqlaşdırmışdı. Avropaya da, Azərbaycana da dəvət edilən kimi musiqiçi dostları ilə birlikdə gedirdi.
2014-cü il aprelin 27-də həbsdən çıxandan bir az sonra görüşünə getdim. Tanışlar məni qorumaq üçün zəng vurmamağı, evinə getməməyi məsləhət görsələr də, ürəyim dözmədi. Zəng vurdum, görüşdük. Bilirdim ki, həbsxanada keçirdiyi günlərin ağırlığından danışmayacaq, haqsız tutduqlarından şikayətlənməyəcək. Fikirləşdiyim kimi də oldu. O, gülə-gülə zindanda adamları başına toplayıb onlara musiqi alətlərində çalmağı, ana dilində yazıb-oxumağı öyrətməsindən, şeir əzbərlətməsindən, ədəbiyyatımızdan, tariximizdən mühazirələr təşkil etməsindən söz açdı. Sonda da "zindanda hamamın suyu çox gur gəlirdi, ləzzətlə duş qəbul edirdim" - dedi.
Bir dəfə Təbrizdə söhbət edə-edə gedirdik. Orta boylu bir nəfər bizə yaxınlaşıb Həsənlə görüşdü. Mənə də gözucu nəzər salıb, ağızucu salam verdi. Deyəsən, Azərbaycan Respublikasından olduğumu hiss etmişdi. Həsən Azərbaycanla çox mehriban danışdı. Onun üçün darıxdığını, işlərinin yaxış getmədiyini söylədi. Xahiş etdi ki, bir şey eləsin yenə gəlsin. O, olanda işləri yaxşı gedir, gedəndən sonra ara qarışır, iş çoxalır. Anlaya bilmədim ki, bu adam Həsən Azərbaycanı haraya çağırır. Ayrılandan sonra Həsən Azərbaycan gülümsəyərək, "zindanbanlardandır" - dedi. Mən zindanda olanda oradakılar başıma yığılırlar. Kiminə ana dilində yazıb-oxumağı, kiminə çalıb-oxumağı öyrədirəm. Baş qarışır, dava-dalaş salan, pis işlərlə məşğul olan, zindanbanları rahatsız edən olmur. Bunların da qulağı dinc olur. Ona görə mənim zindanda olmağımı istəyir.
Yadıma 1950-ci illərdə Təbrizdə yaşamış Hacızadə soyadlı bir komik artist haqqında eşitdiklərim düşdü. Haqsız yerə tez-tez həbs edirlərmiş. Həbs müddəti bitdikdə zindandakılar müxtəlif bəhanələrlə onun həbs müddətini yenidən uzadılmasına çalışırlarmış. "Sən getsən, biz burada darıxacağıq" deyirlərmiş. Həsən Azərbaycan da belələrindən idi. Onun üçün təkcə vətənsevərlər deyil, həbsdə yatan cinayətkarlar da, zindanın işçiləri də darıxırdılar.
Həsən Azərbaycanla yaddaqalan və tarixi tanışlığımız var.
... İlk dəfə onunla 1990-cı il yanvarın 25-də Təbrizdə görüşmüşdük. O, tək deyildi. Rəhmətlik şair Yəhya Şeyda, şair-memar Yaqub Təqəvi, radioda işləyən Behruz Sultanpur, Səhər ləqəbilə şeirlər yazan Əhməd Heydəroğlu və Hüseyn Vüsiqi ilə birlikdə qaldığımız "Təbriz İnterneyşn" otelinə gəlmişdilər. Biz də səkkiz nəfər - Naxçıvan Nazirlər Soveti yanındakı Beynəlxalq İqtisadi Əlaqələr təşkilatının rəhbəri Yadigar Babayev, Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Şəhər Təşkilatı idarə heyətinin üzvləri Sülhəddin Əkbər, Sərdar Cəlaloğlu, Fəxrəddin Şeyxələsgərsoy, Azərbaycan Xalq Cəbhəsi fəalı Abbasqulu Əmiraslanov, Naxçıvandakı dini yönlü xeyriyyə təşkilatının sədri Sahib Axundov, Naxçıvan Cümə Məscidinin axundu Məhəmməd və Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilatı idarə heyətinin üzvü kimi mənim də daxil olduğum bir qrup Naxçıvanın SSRİ-dən ayrılması haqqında qərarı dünya ictimaiyyətinə çatdırmaq üçün İrana getmişdik.
Xüsusi xidmət əməkdaşları gəlişimizdən xəbər tutmuş Təbriz ziyalılarının içəri keşməsini əngəlləməyə çalışırdılar. Bizim hay-küylü etirazımız və onların təkidindən sonra otelin foyesinə keçə bildik. Lakin söhbət etməyimizə icazə vermədilər. Onları yarı zor, yarı xoş otelin ikinci mərtəbəsindəki bir otağa apardılar. Bizi dəsakitləşdirməyə çalışdılar. Lakin bu mümkün deyildi. Bizim əksəriyyətimiz rəsmi dövlət idarələrində işləmədiyimizdən diplomatik qaydalara əməl etmirdi. Mitin əhval-ruhiyyəsi özünü göstərirdi. Az qalırdı hotelin qarşısına enib orada mitinq təşkil edək. Xüsusi xidmət əməkdaşları da bizim davranışımıza təəccüblə baxırdılar. Tez-tez qonşu otaqdakı telofonla müxtəlif yerlərə zəng vururdular. Onların kimlərlə danışdıqlarını, nələri müzakirə etdiklərini bilməsək də, səslərindən çox əsəbi və həyəcanlı olduqlarını hiss edirdik. Bir saata yaxın höcətləşdikdən sonra görüşə icazə ala bildik.
Foyedə xüsusi xidmət əməkdaşları nəzarəti altında söhbətə başladıq. Onlar bizim görüşümüzü kamera ilə çəkirdilər. Biz nə üçün çəkdiklərini xəbər aldıqda "Biz çəkmirik, televiziya işçiləri çəkir. Sizinlə Təbriz ziyalılarının görüşünü televiziyada verəcəklər" deyirdilər. Uşaq başı aldadan bu fikirlərə gülürdük. Açıq şəkildə də yalan dediklərini üzlərinə vururduq. Onlar dediklərimizi eşitmir kimi öz işlərini görürdülər.
Nəzarət altında olmağımıza baxmayaraq, Həsən Dəmirçigillə çox səmimi və qızğın söhbət etdik. Öyrəndik ki, Quzey Azərbaycanda baş verənləri diqqətlə izləyirlər. Son günlər Bakıda radio-televiziya işləmədiyindən xəbərləri Naxçıvan və Şuşadan yayımlanan verilişlərdən öyrənirlər. Bizdən Azərbaycanda baş verən hadisələrin təfsilatını öyrənməyə çalışırdılar. Söhbətlərindən anladıq ki, doğru-düzgün bilgiləri olmasa da, baş verənlərdən bərk narahatdırlar.
... 1990-cı il yanvarın 17-dən Sədərək yaxınlığında atışmalar gedirdi. Orada olan SSRİ Daxili İşlər Nazirliyinin xüsusi dəstələri nizam-intizam yaratmaq əvəzinə, erməni silahlı birləşmələrinə kömək edirdilər ki, Kərki kəndini tutsunlar. Kərki kəndinin işğalı Yerevan-Görus yolunun təhlükəsizliyini təmin etməklə yanaşı, Sədərək kəndinə bir neçə yerdən hücuma da imkan yaradırdı. Naxçıvanın rəhbər partiya-sovet işçiləri Bakıya, Moskvaya zəng vuraraq vəziyyətin ağır olduğunu bildirirdilər. Oradan çox sərt və təhqiramiz cavablar alırdılar. Vəziyyətin çıxılmaz olduğunu görən muxtar respublikanın rəhbər işçiləri yerli xalq cəbhəsinin başında dayananlara "Gedin xalqı necə bacarırsınız, eləcə də qoruyun. Bizlik daha bir iş qalmayıb" - deyirdilər.
Hökümət orqanlarına kömək ümidilə gedənlərin hamısını Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilatına yönəldirdilər. Xalq Cəbhəsinin kiçik qərərgahı arı yuvasını xatırladırdı.
İki il əvvəl SSRİ Daxili İşlər Nazirliyindən Naxçıvana göstəriş gəlmişdi ki, ov tüfəngləri əhalidən zor-xoş alınsın. Milis işçiləri də vəzifə borclarını "şərəflə" yerinə yetirmişdilər. Əhalinin erməni quldurları qarşısında əliyalın qaldığını görəndə isə peşmançılıq keçirirdilər.
Dar gündə nəinki, ov tüfəngləri, 19-cu yüzildən qalmış köhnə beşatılanlar, hətta qılınc və xəncərlər də üzə çıxdı. Beş-on Kalaşnikov avtomatı ilə silahlanmış milis işçiləri ilə yanaşı, balta-dəhrə ilə silahlanmış dinc əhali də Sədərək kəndinə, erməni quldurlarının qarşısını kəsməyə getmişik. Hər yerdə, idarə və təşkilatlarda vəziyyətdən çıxış yolları müzakirə edilirdi. Yanvarın 19-da Sədərək yaxınlığında döyüşlər şiddətləndi. Bu tərəfdən də xəbər gəldi ki, Sovet Qoşunları Bakıya hücum edib.
Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilatı Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin növbədənkənar fövqəladə sessiyasının keçirilməsi üçün fəaliyyətə keçdi. Belə bir sessiyanın keçirilməsi üçün Naxçıvan Vilayət Partiya Komitəsinin göstərişi lazım idi. Oradan da belə bir göstəriş almaq mümkünsüz idi. Ona görə Xalq Cəbhəsi Ali Sovetə təzyiq vasitəsi kimi fəhlə-kəndli deputatlardan istifadə etməyi qərara aldı. Yaxşı bilirdik ki, rəhbər vəzifədə işləyənləri belə bir sessiyanın keçirilməsinə razı salmaq mümkün olmayacaq.
Minlərlə insan Ali Sovetin binası ilə Vilayət Partiya Komitəsinin binası arasındakı meydana toplanmışdı. Mitinq gedirdi. Həmişə mitinqləri xalq cəbhəsinin fəalları idarə edirdilər. Bu gün isə vəziyyət tamam qarışmışdı. Xalq Cəbhəsinin fəallarının əksəriyyəti Sədərəkdə idi. Bəziləri də Xalq Cəbhəsinin qərərgahında telefonla Bakıdakı hadisələrdən xəbər tutur, meydana gəlib çıxış edirdilər. Mitinq Naxçıvanda əsas informasiya mənbəyinə çevrilmişdi. Sədərəyə döyüşə getmək istəyənlərin qruplaşdırılması, dəstələrə bölünməsi, yaralıların və dinc sakinlərin köçürülməsi, mitinqin idarə edilməis də Xalq Cəbhəsinin üzərinə düşmüşdü.
Bununla yanaşı, cəbhəçilər kəndlərdəki deputatları Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar fövqəladə sessiyasına gətirdilər. Sessiya başladı. Rəhbər vəzifədə olanların əksəriyyəti qaçıb gizlənmişdi. Naxçıvan Muxtar Sovet Sosialist Respubilikası Ali Soveti Rəyasət Heyətinin sədri Səkinə Əliyeva, necə deyərlər, meydanda tək qalmışdı. Onun ətrafındakılar isə yalnız Ali Sovetin Rəyasət Heyətinin aparatında çalışan bir neçə vətənsevər gənc idi. Növbədənkanar fovqalədə sessiyada ediləcək məruzə və çıxışlar əvvəlcədən yazılıb, vilayət partiya komitəsində oxunmamışdı. Qəbul ediləcək qərarların layihələri də yazılmamışdı.
Sessiyada Naxçıvanın ictimai-siyasi vəziyyəti müzakirə edildi. Əvvəllər sessiyanın toplantılarına buraxılmayan ziyalılar, xalq cəbhəsi fəalları indi aparıcı natiqlərə çevrilmişdi. Toplantıda iştirak edən Naxçıvan MSSR-in, Azərbaycan SSR-in, SSRİ Ali Sovetinin fəhlə-kəndli deputatları təsəvvürolunmaz dərəcədə dəyişmişdilər. Onlar indi yuxarılardan əmr və göstəriş gözləmirdilər. Xalq Cəbhəsi fəallarına bir xilaskar kimi baxırdılar. "Siz nə məsləhət görsəniz, hansı qərarı desəniz, onun qəbuluna səs verəcəyik" - deyirdilər.
Biz də yaranmış imkandan istifadə edərək istəklərimizi reallaşdırmağa çalışdıq. Naxçıvan MSSR-ə və Bakıya silahlı dəstələrin yeridilməsinə təsir göstərmək məqsədilə 1921-ci ildə beş ölkənin Moskvada və Qarsda bağladıqları müqavilələrə əsaslanaraq, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsi, Naxçıvan Respublikası yaradılması və yeni respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdik.
Naxçıvan Ermənistanın əhatəsində mühasirə vəziyyətində idi. Azərbaycanla yeganə əlaqə təyyarə vasitəsi ilə idi. Həmin gecə tərslikdən hava sıx dumanlı olduğundan təyyarə də işləmirdi. Uçuşlar olsa da, onun bir əhəmiyyəti yox idi. Bakı hava limanını sovet hərbiçiləri tutmuşdular. Bakıda xarici ölkələrin diplomatık nümayəndəlikləri də çox deyildi ki, qəbul edilmiş qərarı onlar vasitəsilə yayaq.
Qəbul edilmiş qərarı dünya ictimaiyyətinə çatdırmaq üçün hər biri beş nəfərdən ibarət iki nümayəndə heyəti yaradıldı. Bu heyətin birinin İran İslam Respublikasına, o birisinin də Türkiyə Cümhuriyyətinə getməsi planlaşdırıldı. Sərhədləri sovet əsgərləri qoruyurdular. Onlar da belə bir qərarı aparan nümayəndə heyətinin xarici ölkələrə çıxmasına yol verməzdilər.
Arazda buz salları axan bir dövrdə nümayəndə heyətinin üzvlərinin bir qrupu səhərə yaxın Yayıcı kəndi yaxınlığında çayı gizli keçərək İran Cülfasına gedə bildi. Nümayəndə heyətinin tərkibinə salınmış dörd nəfər rəhbər vəzifəli isə bizi qoyub qaçdılar. Açıq şəkildə dedilər ki, sərhədçilər icazə verməsə, biz Arazı o taya keçməyəcəyik.
İran İslam Respublikasının xüsusi xidmət orqanları baş verənləri anlaya bilmir, tez-tez Tehranla danışırdılar. İran İslam Respublikasının rəhbərliyi çaşqınlıq içərisində idi. Nümayəndə heyətinin təkidi və yerli hakimiyyət orqanlarının cəsarəti sayəsində Təbrizə getməyimizə icazə verildi.
Lakin Təbrizdə bizi çox soyuq qarşıladılar. Hətta nümayəndə heyətinin gəlişini mətbuat işçilərindən, xarici ölkələrin diplomatik nümayəndələrindən gizlətməyə çalışdılar. Təbrizli vətənpərvərlərlə görüşdə öyrəndik ki, Tehran qəzetləri Bakıda Sovet qoşunlarının törətdiyi qırğınla bağlı prezident Rəfsancani və xarici işlər naziri Vilayətinin bəyanatlarını veriblər. Bəyanatda deyilirdi ki, İran İslam Respublikası Rusiyanın (həmin vaxt Sovetlər Birliyi hələ ləğv edilməmiş, Rusiya Federasiyası da yaradılmamışdı) dostudur, Rusiyaya qarşı çıxanlara düşmən kimi baxır.
Onda anladıq ki, nəhəng Sovet imperiyasının qorxusundan İran rəhbərləri bizim gətirdiyimiz rəsmi sənədə belə laqeyd yanaşıblar. Buna baxmayaraq, Güney Azərbaycanda xalq həyacanla Quzey Azərbaycandan gələn xəbərləri dinləyirdi. Təbrizdəki bir qrup millətsevər gənc isə mərkəzi hökumətin mövqeyindən xəbərdar olsalar da, risk edərək imamcümə Müslüm Məlakütünün qəbuluna gedib Bakıda yanvarın 19-20-də şəhid olmuş insanlara yas tutmağa icazə istəyib. Mərkəzi hökumətin müsəlmanları deyil, onları haqsız yerə öldürənləri müdafiə etməsi Müslüm Məlakütünü də əsəbləşdirib. Təbriz şəhirlərindəki Cümə məscidində Bakı şəhidlərinə yas tutulmasına icazə verib. Millətsevərlər də tez pul toplayaraq vərəqələr çap edərək xalqı Cümə məscidində keçiriləcək yas mərasiminə dəvət edirlər.
Belə bir yas mərasimi keçiriləcəyindən xəbər tutub təkid etdik ki, bizi də oraya aparsınlar. İranın xüsusi xidmət orqanlarının əməkdaşları məcbur qalıb bizi məscidə apardılar. Cümə məscidində, həyətində və ətrafında insan əlindən hərəkət etmək çox çətin idi. Məscidin ətrafındakı dirəklərin başına səsucaldanlar qoyulmuşdu. İçəridə deyilən hər bir söz, ağlaşma səsi ətrafa yayılırdı. Orada olanların dediyinə görə, Cümə məscidində və ətrafında 30 mindən çox adam vardı.
Tükürpədici ağlaşma səsindən qulaq tutulur, bəzən danışanların sözünü eşidilməz edirdi. Toplantı zamanı məsciddəki insanlar bizə yaxınlaşmağa, görüşüb söhbət etməyə can atırdılar. Çevrəmizdə bir sıxlıq yaranmışdı. Hərəkət edə bilmirdik. Adamlarsa bizə yaxınlaşıb nəsə vermək, nəsə demək istəyrdilər. Biz "Təbriz İnterneyşn" otelində qaldığımızı söyləyə bildik.
Çətinliklə bizi toplumun arasından çıxarıb avtobusa mindirdilər. Adamlar otelə gəlməsin deyə bizi Cümə məscidindən birbaşa qaldığımız yerə gətirmədilər. Bu əngəllərə baxmayaraq, Həsən Dəmirçi və onun məsləkdaşları bizimlə görüşüb geniş söhbət etdilər. Bir-birimizə ünvan verdik.
1990-cı il noyabrın 19-da Təbrizə gedəndə Həsən Dəmirçi ilə yenidən görüşdük. Şair Rza Əfşarpurun təşəbbüsü ilə bizim gəlişimiz şərəfinə 60-70 nəfərlik bir yığıncaq təşkil etmişdilər. Toplantıya şairlər, rəssamlar, musiqiçilər və milli ruhlu insanlar qatılmışdılar. Ölkədə musiqi ifası yasaq olsa da, Həsən Dəmirçi də musiqiçi dostları və tələbələri ilə gəlmişdi. Diqqətdən yayınmaq üçün məclisi Təbriz ETTELAAT-ının binasının qarşısındakı bir evin zirzəmisində təşkil etmişdilər. Axşamdan başlayan toplantı səhərədək davam etdi. Orada onlarla yeni milli ruhlu insanla görüşüb tanış olduq.
Sonralar nə vaxt Təbrizə gedirdimsə, çalışırdım ki, Həsən Dəmirçi ilə görüşüm. O da Bakıya gələndə zəng vurub gəlişini xəbər verirdi. Söhbətlərimizdən bilirdim ki, Həsən 1320-ci (miladi 1941-ci) ilin şəhrivərin ayında anadan olub. Atası Həbib, anası Kübra Təbriz yaxınlığındakı Hərgilan kəndindəndir. Təbrizdə beşsinifli məktəbi bitirib. 16 yaşında güləş dərnəyinə yazılıb. 18 yaşında bir neçə dəfə mükafata layiq yer tutdub. Lakin burada da özünü tapa bilməyib. Sərablı ustad İsa Balanın yanına gedib ondan tar çalmağı öyrənib. Sonra bölgənin məşhur musiqiçisi və bəstəkarı Mahmud Şatirianla birlikdə musiqi kursları açaraq gəncləri milli ruhda tərbiyələndirmək üçün Azərbaycan musiqi alətlərində çalmağı öyrədib.
İran İslam İnqilabı zamanı Həsən Dəmirçi heç bir siyasi cərəyana qoşulmayıb. İnqilabı da dəstəkləməyib. Fəaliyyətsiz də qalmayıb. Ana dilində şeirlər yazıb, milli ruhlu şeirlərə musiqi bəstələyərək onları məclislərdə oxuyub.
Həsən Dəmirçi milli ruhlu bir insan idi. Musiqi qadağan olunmuş bir ölkədə qeyri rəsmi kurslar açıb uşaqlara musiqi alətlərində çalmağı öyrətməsi də, şeir yazması da, bəstəçiliyi də milli ruhun oyadılmasına yönəldilmişdi. "Səhəndiyyə" adlı opera da yazmış və onun tamaşaya qoyulmasına nail olmuşdu.
Ana dilinin və milli dəyərlərin qorunmasında bəzən fanatiklik edirdi. Buna görə haqqında lətifələr də qoşurdular. Bu lətifələrin birində deyilir:
Yaraşıqlı bir qıza gözü düşən oğlan ona yaxınlaşaraq soruşur:
- Adınız nədir?
- Pərvanə!
Həsən Azərbaycanın yaxınlaşdığını görən qız tez sözünü dəyişərək deyir:
- Farslar mənə Pərvanə deyirlər, mənim adım Kəpənəkdir!
Həsən Dəmirçinin Azərbaycan sevgisi böyük idi. Təbrizin mühafizəkar mollaları onun musiqi kurslarını bağlatdıqdan sonra ruhdan düşməyib. "Azərbaycan" adında bir musiqi kursu açıb. Burada yeniyetmə və gənclərə tarda, qarmonda, kamançada, nağarada çalmağı öyrədib. Yaratdığı orkestrlə 1991-ci ildə "Baba Bağı"nda cüzamlı xəstələrin nəfinə konsert verib.
Özü dərin musiqi təhsili ala bilmədiyinə görə oğlu Mazyarı Bakı Konservatoriyasında oxutdu, bu tay Azərbaycandan da bir qız aldı ki, əlaqələr möhkəmlənsin.
2006-cı ildə Tehranda çap olunmuş bir karikaturada türk dili təhqir edilmişdi. Təbriz ayağa qalxmışdı. Küçə və meydanlar insan axını ilə dolmuşdu. Etiraz hərəkatı ətraf şəhərlərə də yayılmışdı. Dil məsələsi Həsən Azərbaycanın ən həssas yeri olduğundan o, 30 nəfərlik orkestri ilə mitinq iştirakçılarına konsert vermişdi. Buna görə onun musiqi kursları və orkestri dağıdılmışdı. Özünə də 6 ay həbs cəzası vermişdilər. Həbsdən çıxandan sonra oğlu Mazyarın adına bir orkestr qurmuşdu. Bu orkestrlə Almaniyada, İsveçdə, Türkiyədə, Azərbaycanda konsert vermişdi.
Lakin hər qastroldan qayıdandan sonra onu istintaqa çəkir, xarici pasportunu əlindən alır, hədələyirdilər. Borçalı Cəmiyyətinin, Bütöv Azərbaycan Ocaqlarının üzvləri qarşısında konsert verib Təbrizə qayıdanda onu yenə istintaq etmişdilər. Həsən Azərbaycan isə istintaqı aparanların məntiqsiz davranışını lağa qoyub gülürdü. Deyirdi: "Bu ağılsızlar konsertdə nə oxuduğum, nəyi təbliğ etdiyimlə maraqlanmırlar. Mənə irad tuturlar ki, niyə Bütöv Azərbaycan Ocaqlarının embleminin qarşısında şəkil çəkdiribsiniz". Şəkil çəkdirəndə heç əhəmiyyət vermirəm ki, arxa fonda nə var.
Həsən Azərbaycan Təbrizdəki Əli Nəsəb xəstəxanasında 2018-ci il iyunun 24-də gözlərini əbədi yumdu. Bir gün sonra minlərlə insan onu "Azərbaycan sənsən mənim ülviyyətim, şan şöhrətim" musiqisinin sədaları altında və "Azərbaycan sənin başın sağ olsun! Böyük ustad, sənin üzün ağ olsun!" şüarları ilə Təbrizdəki sənətkarlar qəbiristanlığında dəfn etdilər.
Bütün həyatını Azərbaycanın mədəniyyəti və milli varlığımızın yaşamasına sərf etmiş Həsən özünü Dəmirçi ləqəbilə təqdim etsə də, çoxluq onu Həsən Azərbaycan kimi tanıdı və sevdi.
26.06.2018
Çap olundu: Vətənsevər, könüllərdə yaşayan Həsən Azərbaycan, 525-ci qəzet, 19 iyul 2018-ci il.
|