AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
ƏZİZƏ ŞAMİL
ƏLİ ŞAMİL
AŞIQ İSGƏNDƏR
AĞBABALI
(Xatirə, məqalə, məktub
və sənədlərin işığında)
II nəşr
“Elm və təhsil”
Bakı – 2012
Redaktor: Əhməd OĞUZ
Əzizə Şamil, Əli Şamil. Aşıq İsgəndər Ağbabalı (xatirə, məqalə, məktub və sənədlərin işığında), “Elm və təhsil” nəşriyyatı, Bakı, 2006, 104 səh.
Kitabda Aşıq İsgəndər Ağbabalının (1925-1992) ömür yolu, yaradıcılığı ön planda olsa da, Qafqazda türklərin Rusiya tərəfindən sıxışdırılmasından, Axıska-Məshəti türklərinin elliklə sürgün olunmalarından, onların Qazaxıstandakı yaşayışlarından, folklorumuzu necə yaşatmalarından, XVIII-XX yüzillərdə Çıldır-Axıska bölgəsində yaşamış, araşdırıcılarımızın diqqətindən kənarda qalmış aşıqlarımızdan söhbət açılır.
ISBN-586874-032-7
© “Elm və təhsil”, 2012
İÇİNDƏKİLƏR
Təkrar nəşrə ön söz.........................................................7
Əhməd Oğuz. Kitab belə yarandı.................................11
Əli Şamil. Səmimi insan, gözəl sənətkar.......................16
Keşəli...........................................................................16
Karslı Aşıq İslam...........................................................19
Xəstə Hasanla bağlı heyrətləndirici bilgi............................20
Redaksiya qapılarında və ya həqiqət ugrunda....................25
Aşıq İsgəndərin axtarışında..............................................27
Naxçıvana dəvət............................................................ 30
Proqram hazırlığı............................................................33
Ağbabadan köç...............................................................37
Əzizə Şamil. Ağbabadan gələn qonaq.......................... .39
Məktublar.....................................................................45
İsgəndər Ağbabalı. 09.02.1983.........................................45
Xəstə Həsən. Yüzdə bir(şeir)...........................................47
İ. Ağbabalı. Səməd Vurğun(şeir)......................................48
İ. Ağbabalı. Sayat Nova(şeir)...........................................49
İ. Ağbabalı. Bizim yerdə(şeir)..........................................49
İ. Ağbabalı. Ağbaba(şeir).................................................50
Əli Şamilov. 06.03. 1983................................................51
İsgəndər Ağbabalı. 07.04.1983........................................52
İsgəndər Ağbabalı. 18.04.1983........................................53
İ. Ağbabalı. Gördüm(şeir)...............................................54
Əli Şamilov. 03.05.1983.................................................52
İsgəndər Ağbabalı. 05.06.1983........................................57
İ. Ağbabalı. Yalançı(şeir)................................................58
Əli Şamilov. 27.01.1984.................................................59
İsgəndər Ağbabalı. 08.02.1984....................................... 60
İ. Ağbabalı. Var orda(şeir)...............................................61
Əli Şamilov. 26.02.1984................................................ 62
Əli Şamilov. 26.03.1984................................................ 63
İsgəndər Ağbabalı.03.04.1984........................................ 64
Bəşirlə Hüseyinin deyişməsindən parça............................65
İsgəndər Ağbabalı. 29.05.1984....................................... 66
Əli Şamilov. 12.06.1984................................................ 67
İsgəndər Ağbabalı................................................... .......70
İ. Ağbabalı. Aramızda(şeir)..............................................70
İsgəndər Ağbabalı.23.06.1984......................................... 71
Qaçaq Yusiflə Hasanın deyişməsi (şeir).............................72
Əli Şamilov. 20.11.1984..................................................73
İsgəndər Ağbabalı. 05.02.1985........................................ 74
Keçəllə Nazani xanımın deyişməsi(şeir).............................74
İ. Ağbabalı. Alagöz(şeir)..................................................76
İsgəndər Ağbabalı.13.04.1985......................................... 76
Daşdan Daşdanov haqqında.............................................77
Əli Şamilov. 21.04.1985..................................................78
Əli Şamilov. 24.04.1985..................................................79
İsgəndər Ağbabalı. 05.05.1985....................................... ..81
İsgəndər Ağbabalı, Murtuza. 20.05.85...............................83
İsgəndər Ağbabalı. 22.08.1985......................................... 83
Əli Şamilov. 21.09.1985.................................................. 84
İsgəndər Ağbabalı. 01.10.1985 .........................................86
İsgəndər Ağbabalı. 22.11.1985......................................... 87
İsgəndər Ağbabalı........................................................... 88
İsgəndər Ağbabalı........................................................... 88
İ. Ağbabalı. Bir nədir(şeir)................................................89
İsgəndər Ağbabalı. 08.09.1986........................................ 89
Qaçaq Yusif dastanından. Amandı(şeir)............................90
İsgəndər Ağbabalı. 11.10.1986....................................... 91
İsgəndər Ağbabalı. 05.04.1987....................................... 91
İ. Ağbabalı. Arax haqqında sözlər. Düzəlməz(şeir)............92
İsgəndər Ağbabalı. 4.12.1987......................................... 93
İsgəndər Ağbabalı. 27.5.1990......................................... 94
İ. Ağbabalı. Qaldı (şeir)..................................................94
İsgəndər Ağbabalı. 09.06.1990....................................... 95
Yetim Məhəmmədi dastanından parça(Pəri ilə
Məhəmmədin deyişməsi).................................................97
Getdilər(şeir)..................................................................99
ƏLAVƏLƏR
Elxan əliyev. Sazlı, sözlü qonaqlar...............................101
Murtaza Tursunov. 31.05.1983......................................104
Murtaza Tursunov. Bir yüz istərəm(şeir).........................107
Əli Şamilov. 26.02.84....................................................108
Əli Şamilov. 24.03.84....................................................111
Murtaza Tursunov. 09.04.1984......................................113
Əli Şamilov. 24.04.1984................................................114
Əli Şamilov. 20.11.1984............................................... 118
Həsən Həsənov yoldaşa...............................................120
Mən Azərbaycana heyranam..........................................122
İslam Ərdənər. Qoşma(şeir)...........................................126
İslam Ərdənər. Cığalı təcnis(şeir)....................................127
Azərbaycan SSRİ Mədəniyyət Nazirliyi
Mədəni-maarif müəssisələri idarəsinin rəisi
R.Kaşıyevin cavabı. 20.05.1983-cü il..............................128
Aşıq İsgəndərin yardımıyla yazdığım məqalələr.......130
Əli Şamil. El sənətkarlarımız. Xəsdə Həsən.
“Sovet Naxçıvanı” qəzeti. 20.03.1984................................131
Əli Şamil. Tədqiqatlar, mülahizələr.
Xəsdə Həsən və müasirləri.
“Sovet Gürcüstanı” qəzeti. 01.07.1984...............................132
Aşıq İsgəndər haqqında məqalələr..................................133
Ceyran Nəbiyeva. Azərbaycan aşıqlarının
IV qurultayı qarşısında.Çal aşıq, çal.
“Sovet Naxçıvanı” qəzeti. 02.04.1983.................................133
Babək Məmmədov. Azərbaycan aşıqlarının
IV qurultayına nümayəndə. Tell sazın sədaları.
“Əmək” qəzet(Amasya rayonu)..........................................134
Əli Abbas. Xalq yaradıcılığı. Aşqı İsgəndər
Ağbabalı. “Ziya” qəzeti, fevral 2011-ci il..............................135
Əli Abbas. Ədəbi düşüncələr. Əli Şamilə
Borçalıdan məktub. “Konqres” qəzeti,
28 apel 2011-ci il, sayı 1(1).................................................136
Əli Şamil. “Konqres” qəzetinin redaktoruna 30.06.2011........137
Tacir Səmimi. Dildən ağızdan. Aşqı
İsgəndər Ağbabalının Naxçıvan səfəri.
“Elimiz, günümüz” qəzeti, sentyabr 2011-ci il........................142
Aydınlatma.......................................................................143
TƏKRAR NƏŞRƏ ÖN SÖZ
şıq İsgəndər Ağbabalının oğlu Murtaza 2012-ci ilin fevralında, Bakıda az təsadüf edilən bir soyuq gündə mənə zəng vuraraq görüşmək istədiyini bildirdi. Sovet Ordusunun polkovniki rütbəsində istefaya çıxan və hələlik son hərbi xidmətdə olduğu yerdə – Vladiqafqazda yaşayan Murtaza Bakıya gələrkən hörmət əlaməti olaraq mənə zəng vurar və biz ya evdə, ya iş yerimdə, ya da şəhərin bir sakit guşəsində oturub uzun-uzadı söhbət edərik.
Bu dəfə onunla həmin gün görüşə bilmədik. Buna səbəb havanın soyuqluğundan çox, əvvəlcədən planlaşdırılmış başqa bir toplantıya qatılmalı olmağım idi. Murtaza ilə şərtləşdik ki, səhərisi gün mənim iş yerimdə, AMEA Folklor İnstitutunda görüşək.
Murtaza səhərisi gün hərbiçi dəqiqliyi ilə qardaşı Cümşüdün oğlu Seymur ilə birlikdə görüş yerinə gəldi. Qardaşı oğlunun əlində də bir ağır çanta vardı. Oturub söhbət etdik. Hal-əhval tutduqdan sonra əlindəki çantanı açdı. Kitabla dolu çantadan birini çıxarıb mənə uzatdı. Kitabın üstündə İsgəndər Ağbabalı Sazda fırtına sözdə ümmanam. Bakı 2011 yazlımışdı.
Nəfis tərtibatla hazırlanmış bu kitabın işıq üzü görməsi üçün Murtaza İsgəndər oğlu təxminən on ilə yaxın idi əziyyət çəkirdi. Atasının şeirlərini toplayır, İsgəndər Ağbabalını tanıyanlarla görüşür, onlardan atası ilə bağlı xatirələrini yazmağı xahiş edir, topladığı materialları redaktə etdirirdi.
Bir sözlə o, fərasətli varis kimi atasına sözdən bir abidə qoymaq, atasının yazdığı şeirləri, söylədiyi dastan və rəvayətləri bir yerə toplamaq istəyirdi. Bizim evdə olanda da dönə-dönə atası haqqında xatirələrimizi yazmağımızı xahiş etmişdi. Mən də, xanımım da onun sözünü yerə salmamışdıq. Murtazanın uzaqdan gəldiyini, tez-tez görüşmək imkanımızın olmadığını nəzərə alaraq həmin günlərdə əlimdə başqa yazılarım olsa da, onları yarıda buraxıb Aşıq İsgəndər Ağbabalı haqqında xatirələrimi yazmışdım.
Xatirələri yazarkən aşığa yazdığım məktubları, aldığım cavabları və başqa sənədləri də gözdən keçirmişdim. Onda gördüm ki, vaxtilə sadə hal-əhval tutma, bir məsələyə aydınlıq gətirmə məqsədilə yazdığım məktublar, aldığım cavablar və bəzi sənədlər heç də xatirələrdən az əhəmiyyət daşımır. Bəlkə də həmin illərin mənzərəsini canlandırmaq baxımından xatirələrdən daha önəmlidir. Keçmişin həsrətilə yaşayanlar, keçmişi idealizə edənlər heç də bu məktubların çap olunmasını istəməzlər, gənc nəsil isə məktub və sənədlərlə tanış olduqda keçmişi durmadan tərifləryənlərin niyə belə unutqan olduqlarına təəccüblənəcəklər.
Görəcəklər ki, məclislərimizi şənləndirən, Ermənistanda, Gürcüstanda, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda onlarla toy yola salan Aşıq İsgəndərin “Jiquli” nədir heç “Zaporojes” almağa da imkanı olmayıb. Moteskiletinə isə dinamo tapa bilmədiyindən Naxçıvana məktub yazmalı olub. Naxçıvanda rayon partiya komitəsinin katibi, vilayət partiya komitəsinin, ali soveti rəyasət heyətinin, nazirlər sovetinin orqanında işləyən müxbir də şəxsi əlaqələrini işə salsa belə ehtiyat hissəsini tapıb aşığa göndərə bilməyib. Planlı sosialist müəssələrində insanlar istədiklərini vaxtında tapa bilmədiklərindən həmişə əziyyət çəkiblər.
Mürtaza İsgəndər oğlunun arzusunu yerinə yetirib xatirələri 2003-cü ildə tamamlayıb redaktora versək də kitabın nəşri yubanırdı. Buna görə də xanımımın və özümün yazdığım xatirələrə, yazışmalarımızı və başqa sənədləri də əlavə edərək “Aşıq İsgəndər Ağbabalı (Xatirə, məqalə, məktub və sənədlərin işığında) adıyla 2006-cı ildə “Səda” nəşriyyatında çap etdirdim. İqtisadi vəziyyətə görə kitabın tirajı 200-ü keçmədi.
Az tirajlı kitabı Aşıq İsgəndər Ağbabalının qohumlarına, tanışlarına, araşdırıcılara, kitabxanalara payladıq.
Kitabın nəşrindən beş il sonra, yəni 2011-ci ildə Gürcüstan Respublikasında Azərbaycan türkcəsində nəşr olunan “Konqres” qəzetində Əli Abbaslının “Ədəbi düşüncələr. Əli Şamilə Borçalıdan məktub” ( 28 aprel 2011-ci il, sayı 01(01), səh. 10) məqaləsini oxudum. O, “Aşıq İsgəndər Ağbabalı (Xatirə, məqalə, məktub və sənədlərin işığında) kitabını oxuduqdan düşüncələrini gecdə olsa oxucu ilə bölüşməyi qərara alıb. Aşıq İsgəndər yaradıcılığının coşğun pərəstişkarı olan Əli müəllim sənətkara soyuq münasibətdən duyduğu narahatlığı dilə gətirməklə qalmayıb kitab haqqında xoş sözlər söyləmiş, həm də oradakı kəsirləri, xüsusən aşığın ölüm tarixindəki yanlışlığa yol verildiyini göstərmişdi.
Murtaza İsgəndər oğlu atasının şeirləri çap olunmuş kitabı mənə bağışlayanda “Aşiq İsgəndər Ağbabalı (Xatirə, məqalə, məktub və sənədlərin işığında)” kitabını ondan oxumaq adıyla alıb qaytarmadıqlarından, az tirajla çap edildiyində bir çoxlarına kitab verə bilmədiyindən gileylərdi. Söz-sözü çəkdi. O yenədə “Aşıq İsgəndər Ağbabalı (Xatirə, məqalə, məktub və sənədlərin işığında) öz xərci ilə çap etdirmək istədiyini bildirdi. Əslində bu kitab Murtuza İsgəndər oğlunun sifarişi ilə yazılmışdı. Yazılmasından altı il sonra isə o kitabın təkrar nəşri üçün icazə istəyirdi. Atasının xatirəsini əziz tutduğuna, onun irsinə sahib çıxaraq təbliğ etməyə çalışdığına görə əvvəllər olduğu kimi yenə də ona təşəkkürümü bildirdim. Geniş oxucu kütləsi üçün önəmli olmasa da, Aşıq İsgəndəri tanıyanların, araşdırıcıların və folklor həvəskarlarının marağına cavab verə biləcəyi düşüncəsilə elektron variantını yenidən gözdən keçirdim, bəzi dəqiqləşdirmələr apardım, necə deyərlər təkrar nəşr üçün hazırladım.
Əli Şamil
KİTAB BELƏ YARANDI
şıq İsgəndər Ağbabalının adı uzun müddət geniş mənada, özünəlayiq nə ədəbi ictimaiyyətə, nə folklorşünaslara, nə də saz-söz həvəskarlarına bəlli olub. Onu bir zamanlar ancaq məhdud sayda ustad aşıqlarımız – o cümlədən, Əmrah Gülməmmədov, Hüseyn Saraclı, Kamandar Əfəndiyev kimi sənətkar-lar tanıyıb, Aşıq İsgəndəri sayıb, sayğı göstəriblər, ondan sözün əsl mənasında öyrənməkdən çəkinməyiblər. O, gördüyümüz və alışdığımız aşıqlardan ifa tərzi, çal-çağırı, mənsub olduğu aşıq mühiti ilə seçilirdi.
Aşığın ustad şəcərəsi özü kimi indiyəcən layiqli qiymətini almayan və yaradıcılığı dəyərincə araşdırılmayan, Aşıq Xəstə Hasana gedib çıxır. İgəndər Ağbabalı uzun müddət mətbuatdan, efirdən, ekrandan, az qala, ağalar, bəylər zamanındakı qədər uzaq düşsə də, doğulub boya-başa çatdığı Ağbaba mahalına sığınıb qalmış, Qazaxıstanda, Özbəkistanda sürgün ömrü yaşayan soydaşlarımız arasında musiqimizi, ədəbiyyatımızı, mədəniyyətimizi yaymaqla, onların vətənlə mənəvi bağlılıqlarının qırılmamasına çalışmışdır. Sadəcə, onun istedadı, mənsub olduğu aşıq məktəbinin orijinallığı və sinəsində yaşatdığı saz-söz xəzinəsi zaman-zaman onu özü də bilmədən yaşadığı coğrafiyadan çox-çox uzaqlarda məşhurlaşdırmışdır.
Belə bir ata sözümüz var: «Pətəyində balın olsun, arısı gələr Bağdaddan!» Bu mənada Bakıdan, Gəncədən belə neçə-neçə sənətçilər, folklorçular Aşıq İsgəndərin sorağıyla Ağbabaya qonaq gedib, onun çal-çağırını lentə alıb, söylədiyi dastanları toplayıblar. Belə cəfakeş – mən belə deyərdim – el sənəti fədailərindən Əli Şamilin, rəhmətlik Azad Ozanın adını xüsusi qeyd etmək yerinə düşər. Doğulub, boya-başa çatdığım bölgə ilə Ağbaba arasında məsafə atla bir günlük yol olmasına baxmayaraq, şəxsən mən Aşıq İsgəndər Ağbabalını radioda işə başladığım 1990-cı illərə qədər düz-əməlli tanımamışam. 1980-ci illərdə, sadəcə adını folklor araşdırıcısı Arif Acaloğludan eşitmişəm.
Yadımdadır, 1992-ci ildə qısa müddətdə AzTV-nin ədəbi-dram verilişləri redaksiyasında işlədiyim zaman hörmətli yazıçımız Mövlud Süleymanlı haradansa Aşıq İsgəndərin bir lent yazısını əldə etmişdi. Hər oturub-duranda onun bənzərsiz ifasından, tamam fərqli bir aşıq məktəbindən gəldiyindən danışırdı. Haqqında geniş bir veriliş hazırlamağı planlaşdırdığı bir vaxtda bədxahlardan kiminsə həmin lent yazısını yoxa çıxartması onu nə qədər yandırıb-yaxdığı bu gün də yadımdadır.
Əli Şamillə tanışlığımdan sonra bildim ki, bu lent yazısı şəxsən onun böyük zəhməti bahasına Naxçıvan televiziyasında araya-ərsəyə gəlibmiş. Vaxtilə «Oğuz eli» qəzetində Əli Şamil mənim xahişim və sifarişimlə Güneyli-Quzeyli Azərbaycan folkloruna, aşıqlarımızın yaradıcılığına dair bir sıra məqalələr yazdı. Onda Aşıq İsgəndərlə bu qədər yaxın olduğunu bilməsəm də, bir misra sözdən ötrü dünyanın o başına getməyə hazır olduğunu, inadkarlığını, həm də istədiyini almayınca dönmədiyini bilirdim.
Azərbaycan radiosunda xalq yaradıcılığı redaksiyasında onu bir veriliş aparmağa dəvət edəndə də şəxsən bu özəlliklərini nəzərə almışdıq. Bilirdik ki, Əli saz-söz, el sənəti, milli-mənəvi dəyərlərimiz barədə dinləyicilərimizə çox şey verə bilər. Belə də oldu.
Günlərin bir günü Aşıq İsgəndərin oğlu Aşıq Faxfur evinə qonaq çağırdı. Orda çox dostları, həmkarlarını gördüm. Əlini də xanımı Əzizəylə orada görəndə açığı bir az təəccübləndim. Sonra bildim ki, Əli Şamil Aşıq İsgəndərlə hamıdan çox yaxın imiş. Bu kitabı oxuduqca həmin yaxınlığı çox incə məqamlarına, məhrəm tərəflərinə rast gəldim, özümü o hadisələrin içində hiss etdim.
Aşıq İsgəndərin oğlu Faxfurun evindəki ziyafət zamanı İsgəndər Ağbabalının qardaşı Şükür əminin saza-sözə az qala ustad görmüş aşıq qədərində bələdliyi, vurğunluğu bu ocağı hamının gözündə bir daha ucaltdı. Və o sazlı-sözlü məclisə Aşıq İsgəndər yaradıcılığının, ifaçılığının imkan daxilində geniş öyrənilməsi, toplanması hamımız üçün mənəvi borca çevrildi.
Sonradan aşığın oğlu, uzun müddət Sovet ordusu sıralarında zabit kimi xidmət edən Murtazanı gördüm, onunla tanışlığımız aşığın həm ədəbi irsinə, həm də səs yazılarına daha diqqətlə yanaşmağıma bir vasitə oldu. Vaxtilə İsgəndər Ağbabalını tanıyanlara, xüsusilə də, folklorçularımıza xatirələrini yazmağı, ondan yazıya aldıqlarını qələmə alıb bizə çatdırmağı xahiş etdim.
Əli Şamilin və xanımı Əzizənin də Aşıq İsgəndər haqqında xatirə yazdıqlarını bilirdim. Birdən gözləmədiyim halda Əli müəllim belə bir kitabı artıq ortaya qoyduğunu bildirəndə və oxumaq üçün mənə verəndə, açığı, təəccübləndim. Düşündüm ki, bu boyda xatirəmi olar, bu ki, bir növ romandı?! Əli müəllim bunu duydu. “Bu təkcə xatirə deyil, Aşıq İsgəndərlə məktublaşmam, ondan öyrənmək istədiklərim, üzə çıxartmaq istədiklərimdi, düşmən kimi oxu”, – dedi, – “lazım bilmədiklərini çıxar.”
Kitabı birnəfəsə oxudum. Məktublar məni qoyub gəldiyimiz dağlar, yurd yerlərimiz kimi qəribsətdi. Yadıma kəndimizdəki sərkar çobanlardan sayılan Qara İsanın bir sözü düşdü. Qara İsa geyim-keçimi ilə seçilərdi – ağ başlığı, buxara papağı, ala corabı bu gün də gözümün qabağındadı. Qoca vaxtlarında deyərdi: «Qabağımda qoyun olmayanda bir az gedən kimi yoruluram». Aşıq İsgəndərin məktubları da belədi:çalıb-çağırıb, söyləmədiyinə görə yazıdığı balaca bir əhvalat «yavan» görünür, hiss olunur ki, yerli-yataqlı çatdırmadığına görə yorulur.
Məktubları Əli müəllim necə yazılıbsa, eləcə də verib – bu çox gözəldi. Lap qrammatik səhvləriylə, yazılış tərziylə, həmin məktublar şəxsən məni çox-çox uzaqlara apardı, o «səhvlər» neçə-neçə doğmalarımı yada saldı. Ustad Xəstə Hasanla bağlı yazışmalar Qazaxıstandan belə səpələnən, bizim dağların o üzündə yurdları qarala qalan böyük bir elin sızlaya-sızlaya qalan səsi kimi içimi göynətdi. Aşıq İsgəndər Ağbabalıdan bəhs edən kitaba ona yazılmış məktublar, aşığın cavabları ilə yanaşı, yenə də Qazaxıstanda yaşamaq zorunda olan, Xəstə Hasanın nəvələrindən Aşıq Murtazaya yazılan məktublar və onun cavabları, Naxçıvan televiziyasının bir verilişinin mətnini, eləcə də Azərbaycan KP MK-nın katibi Həsən Həsənova müraciət, Mədəniyyət Nazirliyindən alınmış cavab da əlavə olunub. Bunlar mövzudan kənar təsiri bağışlamır, əksinə məsələlərin açılmasına xidmət edir. Çox istərdim ki, burada Ə.Şamilin akademik, xalq yazıçısı, neçə-neçə rəsmi və ictimai vəzifə sahibi Mirzə İbrahimova yazılmış məktubun da surəti olaydı. Bu günkü gənclər və gələcək nəsillər də görəydilər ki, müstəmləkəçilərə sədaqətlə qulluq edənlər, xalqın gözündə böyük görünənlər kiçik bir işi görməkdə belə necə aciz vəziyyətdə qalıblar?!
Bu kitab əslində Aşıq İsgəndər də daxil olmaqla böyük bir mədəniyyətin məktəbin hansı doğanaqlardan keçərək yaşadığını, bu günümüzə gəlib çatdığını göstərən və Əli Şamil kimi yorulmaq, usanmaq bilmədən bu uğurda çalışan ziyalılarımızın vətəndaşlıq, vətənpərvərlik göstərməsidir.
Bu kitab həm də, vaxt gələcək demirəm, artıq vaxtı gəlmiş gərəkli bir mənbə, artıq tarix olub tarixə qovuşmuş bir qaynaqdır.
Əhməd OĞUZ
Əli Şamil
SƏMİMİ İNSAN, GÖZƏL SƏNƏTKAR
Keşəli
Aşıq İsgəndərlə tanışlığımın uzun və maraqlı bir tarixi var. Hələ tələbəlik illərində folklorumuzda, aşıq poeziyasında bir-birinə qarışdırılan mətnlər, adlar məni çox düşündürərdi. Nəyin doğru, nəyin yanlış olduğunu aydınlaşdırmaq istəyilə axtarışa çıxmışdım. Bu yol məni İsgəndər Ağbabalıyadək apardı. Axtarışa çıxdığım yol Keşəlidən başlayırdı.
Aşıq İsgəndər Ağbabalı Naxçıvan Televiziyasında
çıxışa hazırlışarkən
Keşəli Kürün sağ sahilində, Tbilisidən 15 kilometr aşağıda bir kənddir. Elə də məşhur deyil. Şəxsən mən orta məktəbi bitirib Bakıya təhsil ardınca gələnədək bu kəndin adını belə eşitməmişdim.
Sumqayıtda kimyaçıların fəhlə yataqxanasında qalırdım. Buradakı fəhlələrin çoxu ya axşam, ya qiyabi şöbələrdə oxuyanlar, ya da imtahanlara hazırlaşanlar idi. Müxtəlif səbəblərə görə qəbul ola bilməyən yeniyetmələr zavodda işə girir, işləyə-işləyə hazırlaşırdılar. Gözəl bir mühit formalaşmışdı. Heç bir müəllim yanına, hazırlıq kurslarına getmədən yeniyetmələr özləri hazırlaşır, hazırlıq səviyyə-lərini yoxlamaq üçün suallaşır, fikir mübadiləsi edir, bir-birlərindən öyrənirdilər.
Belə müzakirələrin birində Osmanla tanış olmuşdum. Yerlilərilə bir otaqda qalırdı. Keşəli kəndinin adını da ilk dəfə ondan eşitmişdim. Gürcüstandakı Marneuli rayonunun Keşəli kəndində doğulan Osman qəbul imtahanlarını uğurla versə də müsabiqədən keçə bilmədiyinə görə gəlib buraya çıxmışdı. İti yaddaşı, çılğın xasiyyətilə seçilir və həmişə çalışırdı ki, ətrafdakılar ona daha çox diqqət yetirsinlər. Arzusu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxumaq idi.
1968-ci ilin avqustunda o, arzusuna çatdı. Həmin illərdə yalnız Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin nəzdində Jurnalistika şöbəsi vardı. Mən də oraya qəbul olundum. Eyni fakültədə oxuduğumuzdan və Sumqayıtdan bir- birimizi tanıdığımızdan çətinlik çəkmədən universitet yataqxanasında bir otaqda qalmağa göndəriş ala bildik.
Bununla Osmanla dostluğumun və onun doğulduğu kəndlə bağlılığımın təməli qoyuldu. Göyçədə, dağlar qoynunda doğulmuşdum. Gözümü açandan uca dağlar, buz kimi suyu olan bulaqlar, yaşıl çəmənlər görmüşdüm. Təbiət gözəlliyindən söz düşəndə nəzərimdə doğulduğum bölgə canlanırdı. Düzənlikdə yerləşən, şirin sulu bulaqları olmayan, qışı palçıqlı, yayı tozlu-torpaqlı kəndlərdən xoşum gəlməzdi.
Amma iş elə gətirdi ki, Osmanın təkidilə onların kəndinə gedəndən sonra Keşəliyə ürəkdən bağlandım. Osmangilin evi Kürün yarğanının qaşında yerləşirdi. Burdan Qarayazı meşəsi ovuc içi kimi görünürdü. Meşədəki maralları, qırqovulları görmək üçün saatlarla oraya baxırdıq. Gah da Kürü keçib böyürtkan və başqa meyvələr yeməyə gedirdik. Osmanın çubuqdan hörülmüş səbətin dibinə yem bağlayaraq axşamdan çayın münasib bildiyi yerinə qoymasına, onu su aparmasın deyə məftillə bir yerə bərkitməsinə, səhər ordan balıq tutmasına maraqla baxardım. Universitet tələbəsi olsam da, neçə ildi Xəzərin sahilində yaşasam da üzməyi bacarmırdım. Kəndin 12-13 yaşlı uşaqları, Kürdə balıq kimi üzür, burulğanda boğulmasınlar deyə yarğanın uca yerindən suya tullanırdılar. Mən də maraqla onlara baxır, ləzzət alırdım.
Kənddəki saza-sözə vurğunluq da mənə doğma idi. İlk dəfə burada Nəqşibəndi təriqətilə, insanların mənəvi dünyalarının tələbatını ödəmək üçün Mir Həmzə Seyid Nigarinin şeirlərini oxuya-oxuya «dınqır» sədaları altında oynamalarını gördüm. Gördüklərimin və eşitdiklərimin təsiridir ki, bu gün də Keşəlinin adı gələndə quşdan qanad alıb oraya uçmağım gəlir.
Karslı Aşıq İslam
Göyçə mahalında doğulduğumdan aşıq mühiti, dastanlarımız, aşıqlarımız və el şairlərimizin yaradıcılığı ilə yaxından tanış idim. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxusam da, filologiya fakültəsinin tələbələri kimi folklor nümunələri toplayır, aşıq musiqisinə daha çox qulaq asır, aşıqların məclisinə daha çox meyl edirdim. 1972-cü ilin yazıydı. Dördüncü kursdaydım. Osman Əhməd oğlu həyəcanla gəldi ki, Qənbər (1) Türkiyədə yaşayan qohumu Aşıq İslamı Keşəliyə gətirdib. Maraq qorxuya üstün gəldi. Biz ikinci kursda oxuyanda fakültəmiz ayrılmış, Şirməmməd Hüseyinov da dekan seçilmişdi. Onun zəhmindən nəinki biz tələbələr, hətta müəllimlər də çəkinərdilər. Fakültədə müxtəlif bəhanələrlə ondan icazə alıb gedən tələbələrin başına gətirdiyi hadisələr geniş yayılmışdı. Aşığın görüşünə getməyə Şirməmməd müəllim icazə verməyəcəyini yaxşı bilirdim. Bir yalan uydursam da sonra üstü açılıcağından qorxaraq dərsləri yarımçıq buraxıb elə həmin axşam qatarla yola düşdük. Səhər tezdən Rustavidə qatardan düşüb Keşəliyə yollandıq.
Həmin illərdə Türkiyədən qonaq gətirtmək hər oğulun işi deyildi. Cəmiyyətdə yüksək mövqeyi, nüfuzu olan, mənəm-mənəm deyənlərin çoxu ən yaxın qohumlarını belə danırdılar. Belə bir çətin şəraitdə Qənbər (Allah rəhmət eləsin) xeyli pulundan keçib, başına bəla açıla biləcəyindən qorxmayıb İslam Ərdənəri Türkiyədən – Ərdahanın Kümbətli köyündən qonaq gətirdə bilmişdi (2).
Aşıq İslamın gəlişi yalnız Keşəlidə deyil, ətraf kəndlərdə də bayram əhval-ruhiyyəsi yaratmışdı. Onu evinə qonaq dəvət etmək üçün adamlar növbəyə düzülmüşdü. Özü də tək İslam kişini deyil, başının dəstəsi ilə qonaq çağırırdırlar. Hər qonaqlıq bir toy məclisini xatırladırdı. Hamı kimi biz də Aşıq İslamın söz-söhbətindən doymaq bilmirdik. Bunun bir səbəbi də o idi ki, Aşıq İslam bir məclisdə etdiyi söhbəti ikinci məclisdə qətiyyən təkrarlamırdı. Türkiyədə adamların həyat tərzinə, yaşayışına, ən xırda məişət məsə-lələrinə dair onlarla sual verirdilər. Aşıq İslam da suallara səbr və təmkinlə cavab verirdi. Bir çoxları da xəlvətdə İkinci Cahan Savaşında və ondan əvvəl izsiz-soraqsız yoxa çıxan qohum-qardaşlarını xəbər alırdı.
Xəstə Hasanla bağlı heyrətləndirici bilgi
Folklora, xüsusən də aşıq yaradıcılığına maraq göstərdiyimizdən Aşıq İslamın söhbətlərini diqqətlə dinləyirdik. Həmin illərdə Türkiyədən Azərbaycana kitab, qəzet, jurnal çox az gəlirdi. M.F.Axundov adına Respublika Kitabxanasının abunəçisi olduğu «Türk Folklor Araşdırmaları», «Yedditəpə», «Dil» və s. jurnalları maraqla oxuyurduq. Oradan, bir də Türkiyə radiosunun verilişlərindən tanıdığımız el sənətkarları–Sümmanı, Şenlik, Zülali, Aşıq Beyhani (İbrahim Əngin) və b. haqqında Aşıq İslamdan əlavə bilgi almağa çalışır, həm də özümüzün məlumatlılığımızı göstərirdik.
Söhbət zamanı «Türk Folklor Araşdırmaları»nın 238-240-cı saylarından əzbərlədiyim aşağıdakı qoşmanı söylədim.
Aşıq İslamın avtoqraf ünvanı
Zibadır sevdiyim qəddi-qamətin,
Necə vəsf eyləyim cananım səni.
Məni Məcnun etdi çeşmi afətin,
Leylaya bənzətdim a canım, səni.
Qaşların kamandır, müjganın oxdur,
Arzı-halın çəkər, müştərin çoxdur,
Dünyanı versələr könlümdə yoxdur,
Vermərəm ey hüsnü fəttahım səni.
Ərbabı, eşqinə ey dil güvəndim,
Həsrətinlə yandı canım əfəndim,
Həqiqət eylə, gəl, səndə ləvəndim,
Könlümün taxtında sultanım səni.
Aşıq İslam Ərbabinin «Səni» rədifli qoşmasını söylə-diyimə o qədər də təəccüb etmədi. Onun haqqında xeyli xoş sözlər söylədi. Mən də bu fürsətdən yararlanıb təssüflə bi-ldirdim ki, jurnalda aşığın çox dəyərli divanisinin bir beyt veriblər. Aşıq İslam hansı divaninin bir beytini verdikləri ilə maraqlandı. Mən də aşığın Türkiyədə çap olunan jurnalı oxumadığını hiss edən kimi daha həvəslə, bir az da özümü göstərənsayaq:
Həsrətindən xəstəyəm, təşni-zəbanım
Hörmət eylə gəl mənə, ey mehribanım bir su ver.
beytini deyəndə Aşıq İslam aramla və şirin bir səslə sanki mənim söylədiyim şeiri davam etdirdi.
Sallanıban bağdan gələn, ay maralım, bir su ver.
Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.
Vücudumu atəş aldı, dumanım ərşə çıxar.
Qurudu dilim-dodağım, dili-fəraqım
Gözəllər xətri əzizdi bir-birindən seçmərəm.
Versələr də dünya malın sevdiyimdən keçmərəm.
Özün doldur, öz əlinlə ey məlalım
«Xəstə Hasan gəldi» deyə çağırarlar adımı.
Eşq ucundan yandı cismim, eşidin fəryadımı.
Neyləyirəm dünya malın, almasam muradımı.
Qaşı hilal, abı zülal, ləbi ballım, bir su ver.
Divaninin möhürbəndindəki Xəstə Hasanın təxəllüsü mənim kimi məclisdə əyləşənləri də çaşdırmışdı. Ona ilk etiraz edən Osmanla mən oldum. Belə gözəl bir şeirin Xəstə Hasanın olduğuna inanmadığımızı, nəsə bir yanlışlıq olduğunu söylədik. Bizim bu çür təpkimiz İslam Ərdənəri çaşdırdı.
Müəllimlərimizin elminə güvəncli olduğumuzdan və oxuduğumuz kitabların təsirindən Aşıq İslamın dediklərini saf-çürük etmədən ona Xəstə Hasanı olduqca zəif və istedadsız bir aşıq kimi tanıtmağa çalışdıq. Fikirlərimizi əsaslandırmaq üçün də Xəstə Hasanın Xəstə Qasımın qıfılbəndini öz adından Aşıq Ələsgərə göndərdiyi, Ələsgərin də qıfılbəndi açdığını və son bəndlərindən birində
Qasım «qaf»nandı, Hasan «hey»inən,
Xeyir çəkməz usdadınnan deyinən,
İşim yoxdur seyidnən, bəyinən,
İxtiyarımda qaldı məxluqat,
Daimil-övqat.
deməklə bu şeirin Xəstə Qasımın olduğuna işarə vurduğu haqda olan məşhur rəvayəti misal çəkdik. Məclisdə əyləşənlər aşıq yaradıcılığı ilə yaxından tanış olduqlarından bizim tərəfimizi saxladılar və Xəstə Hasanı ədəbi oğurluqda qınadılar. Hətta Aşıq Ələsgərin şeirləri çap olunmuş kitabı tapıb məşhur qıfılbəndi və ona verilmiş cavabları da oxudular.
Aşıq İslam çox təəssüfləndi. Ərbabının da, Xəstə Hasanın da “Bir su ver” divanilərini əzbərdən söylədi və dedi ki, Aşıq Ələsgər böyük sənətkardı. Nə onu bu yolla ucaltmaq olar, nə də Xəstə Hasan kimi bir ustadı belə aşağılamaq. Xəstə Hasan İrəvanlı deyil. Axırkələyin Levis kəndindəndir. Aşıq Ələsgərlə də yaşıd olmayıb. Mən Türkiyədə Aşıq Şenliyin şeirlər kitabını çap etdirmişəm. Orada yeniyetmə Hasanı – sizlərin Şenlik kimi tanıdığınız aşığı dayısı İbrahim sınağa çəkdirmək üçün Aşıq Nurunun yanına apardığını yazmışam. Aşıq Nuru da Xəstə Hasanın şəyirdi – çırağıdır. Aşıq Nuru Şenliyi sınağa çəkəndə ustadı Xəstə Hasanın üç şeirini söylədib. Şenlik də eyni qafiyə ilə cavab verib. Yeniyetmə Hasan sınaqdan uğurla çıxdıqdan sonra Aşıq Nuru ona sənətin sirlərini öyrədib, “ustad şilləsi” vurduqdan sonra aşıqlıq etməsinə icazə verib. Bunları da mən Aşıq Şenliyin oğlu Aşıq Qasımdan eşidib yazmışam. Türkiyədə də çoxları bu məsələni bilir. Sizlərin bilmədiyinizə təəccüb qaldım.

Aşıq İslam Ərdənər. 1982-ci il
Görüşdə öyrəndik ki, Türkiyədə sadə bir kəndli olan İslam hərdən aşıqlıq da edir və 1960-cı ildə “Aşıq Şenlik divanı” adlı kiçik bir kitab da çap etdirib. Təssüfləndi ki, həmin kitabını özüylə gətirə bilməyib. Bu kitabla uzun illər keçəndən sonra tanış oldum. Həmin günlərdə isə Aşıq İslamdan Xəstə Hasanın, Şenliyin, Summanın və b. xeyli şeirini yazıya aldıq. Tanınmış aşıqların da bilmədiyi bu şeirlər Azərbaycanda çap olunmadığı üçün folklorşünaslıqdan dərs deyən müəllimlərimizin də xəbərləri yox idi.
Aşıq İslam Ərdənərin avtoqrafla müəllifə göndərdiyi şəkil.
İslam Ərdənərin avtoqrafı.
Redaksiya qapılarında və ya həqiqət ugrunda
Aşıq İslamdan topladığımız şeirlər sənətkarlıq baxımından çox bitkin idi. Onları müəllimlərimizə, o dövr «Ədəbiyyat və incəsənət» qəzetində işləyən və xalq yaradıcılığı guşəsi hazırlayan, böyük ehtiram göstərdiyimiz şair Məmməd Aslana göstərdik. Çox laqeyid qarşıladılar. Bu laqeyidliyi yalnız orada görmədik. Hansı redaksiyanın, nəşriyyatın qapısını döydüksə oradan əliboş qayıtdıq. Səbəbini bilsək də inidkarlıq edirdik. Sovet höküməti tərəfindən xəyanətkar elan edilərək sürgünə göndərilmiş bir xalqın övladlarına kömək etməyə, onlar haqqında xoş sözlər söyləməyə çoxlarının hünəri çatmırdı. Bu haqsızlığı başa düşənlərin də bir qismi «azaçıq aşım, ağrımaz başım» prinsipilə yaşayırdı. Az qala suyu da üfürə-üfürə içənlər 1944-cü ilin noyabrın 14-15-də elliklə sürgün olunan bir xalqın oğlu haqqında məqalə verməkdən çəkinirdilər. Özü də ədəbi oğru kimi tanınıdılmış bir aşığın şeirlərini çap etməkə heç kim başını ağrıtmaq istəmirdi.
Nüfuzlu bir şəxs, Xəstə Hasanın şeirlərini çap etdirə və bu ləkənin onun üzərindən silinməsinə yardımçı ola bilərdi. Belə birisini də tapa bilmirdik.
1973-cü ildə universiteti bitirdim. Məni Naxçıvandakı «Şərq qapısı» qəzetinə işləməyə göndərdilər, Osman da öz kəndlərinə döndü. Buna baxmayaraq Keşəli ilə əlaqəni kəsmədim. İldə olmasa da iki-üç ildə bir oraya gedir, xeyir-şərdə iştirak edirdim.
İslam Ərdənər içimizdə bir şübhə toxumu əkib getmişdi. Biz «Aşıq Ələsgər» kitablarında Xəstə Hasanla bağlı yazılanları yenidən və diqqətlə oxuyanda qarşımıza bəzi suallar çıxdı:
1. Kitabda Xəstə Hasanın İrəvan tərəflərdən olduğu göstərilir. İrəvan bölgəsində belə bir aşıq olubmu?
2. Xəstə Hasan bağlamanın bir surətini Aşıq Ələsgərə göndərib. Nədən həmin vaxt Göyçədə Ağ Aşıq, Aşıq Alı kimi daha tanınmış ustadlar olduğu halda bağlama gənc, hələ məşhurlaşmamış Ələsgərə göndərilib?
3. Bağlamanın bir surətini də Miskin Bürcüyə göndərdiyi, onunsa aça bilməyib beş bəndlik bir qoşma ilə cavab verdiyi göstərilir. Bütöv verilmiş şeirin son bəndi belədir:
Müsəmmə Miskinəm, mən zitzi-camal,
Çün adam güdmüşəm, nə qoyun, nə mal,
Sən ki, cüz etmisən bu nəzmi kamal,
Bizə lazım deyil, özgələrə sat!
Nədən möhürbənddə Miskin Bürcü deyil Müsəmmə Miskinindir?
Qaynaqlardan Gəncədə yaşamış, milliyətcə erməni olan Miskin Bürcünün 1848-ci ildə öldüyünü oxumuşduq. Onun Matenadaranda saxlanan şeir dəftərində Müsəmmə Miskin imzası yoxdu. Şeirlərinin də vəzni, qafiyəsi olduqca pozuqdu.
İlk aydınlaşdırdığımız o oldu ki, Miskin Bürcü ilə Müsəmmə Miskin ayrı-ayrı şəxslərdi.
İrəvan bölgəsində Xəstə Hasan adlı aşıq olmayıb. Xəstə Hasan Axırkələyin Levis kəndindəndir.
Lakin bununla kifayətlənmirdik. Bir tərəfdən Türkiyədə olan Aşıq İslam Ərdənərlə ara-sıra məktublaşır, o biri tərəfdən də tanıdığımız aşıqlardan Xəstə Hasanı xəbər alırdıq. Rəhmətlik Hüseyn Saraclıdan xəbər alanda dedi ki, onu bilsə-bilsə aşıq İsgəndər bilər. O, bilməsə əziyyət çəkib axtarmayın. Hüseyn Saraclı Aşıq İsgəndərin dəqiq ünvanını söyləmədi, Ermənistan tərəfdən olduğunu söyləməklə kifayətləndi.
Aşıq İsgəndərin axtarışında
Aşıq İsgəndəri axtarmağımız 5 ildən çox çəkdi. Bir gün Osman sevinclə telefonda mənə xəbər verdi ki, Marneuli rayonunun Alget üzümçülük sovxozunda yaşayan Güləşməd Bilal oğluyla görüşüb.(3) O, Aşıq İsgəndərin qohumudu. Ünvanını bilir.
Osmandan aşığın ünvanını aldım. Qalırdı Ermənistan SSR Amasiya rayonunun Ellər kəndinə gedib Aşıq İsgəndərlə görüşmək. Oralar mənə tanış idi. Yaxşı bilirdim ki, aşıqlar çox vaxt toylarda, el şənliklərində olurlar. Əvvəlcədən şərtləşməyib getsəm onu tapmaya bilərəm. Odur ki, bir soraqçı məktub yolladım. Familyasını bilmədiyimdən zərfin üstünə «Aşıq İsgəndər Ağbabalıya çatacaq» yazmışdım. Çox keçmədi mənə cavab gəldi.
Bundan sonra başladım aşığın görüşünə getməyi planlamağa. Amasiya rayonu sərhəd bölgəsində yerləşdiyindən oraya xüsusi icazə olmadan gedə bilməzdim. İcazə almaq üçün də gərək oradan mənim adıma rəsmi dəvət – arayış gələydi. Bu dəvəti – arayışı almaq üçün də gərək Aşıq İsgəndər gedib idarə qapılarında boynunu burub dura, məmurlar insafa gəlib onu qəbul edəndə məni niyə çağırdığı, kim və nəçi olduğum haqda onlara izahat verə. Məmurların da könüllərinin xoş vaxtına düşsə aşığa minnət qoyub arayışı verə, kefləri istəməsə onu get-gələ salalar.
Başqa problemlər də vardı. Aşıq arayışı alıb göndərəndə mənim getməyə pulum olacaqdımı, işdən icazə ala biləcəkdimmi? Bu işləri düzüb-qoşub sahmana salanadək də xeyli vaxt keçdi.
Bunları deməkdə məqsədim odur ki, Amasiya mənə tanış idi. Yolunu-izini, gedib-gəlmə qaydalarını yaxşı bilirdim. Buna baxmayaraq Aşıq İsgəndərlə görüşməyə münasib bir vaxt arayırdım.
Amasiya rayonunun Qaraçanta (Əzizbəyov) kəndində müəllim ailəsində doğulmuş Ramiz Əsgərov 1972-ci ildə Azərbaycan Dövlət Universiterinin jurnalistika fakültəsinə qəbul olunmuşdu. O, birinci kursa qəbul olanda mən beşinci kursda oxuyurdum. Buna baxmayaraq söhbətimiz tez tutdu. Mən universiteti bitirib təyinatla işləməyə Naxçıvana, Ramiz də təhsilini davam etdirməyə Moskvaya getdi. Buna baxmayaraq əlaqəmiz kəsilmədi. Ramiz yay tətilində Moskvadan Naxçıvana gələr, bir neçə gün bizdə qalar, gəzər, qəzetə məqalalər yazar, radioya verilişlər hazırlayar, sonra evlərinə yola düşərdi. 1978-ci ildə Unverisiteti bitirib diplomu alandan sonra da bizə gəlmişdi. Oradan da birlikdə Amasiyaya gedib onun «diplom yuma» mərasimində iştirak etmiş, böyük ailə sahibi Baxşəli müəllimi xeyli xərcə salmışdıq.
1980-ci ilin avqustunda Ramizin toyu idi. Ailəliklə toya getmişdik. Bakıdan da tələbə yoldaşlarımız gəlmişdi. Toydan sonra qalmamızı, yaylaqlarda gəzməyimizi, bulaq başına gedib yeyib-içməyimizi təkid edirdilər. Buna vaxtımız yox idi. İşə qayıtmalıydıq.
Bu dar vaxta baxmayaraq Aşıq İsgəndəri görmək istəyirdim. Ramizin əmisi, rayondakı «Əmək» qəzetinin redaktoru Kərim Əsgərov dadıma çatdı. Redaksiyanın maşınına məni Ellər kəndinə aparmağı tapşırdı. Arpa gölündən bir az aralıda, Türkiyənin sərhədində yerləşən Ellər kəndinin təbiətini Göyçəninkindən heç nəyilə fərqləndirmək olmazdı. Hər yer çəmənliklər və buz kimi suyu olan bulaqlardı.
Əvvəlcədən məktub yazdığımdan Aşıq İsgəndər məni gözləyirdi. Görüşüb tanış olduq. Çay-çörək tədarükü görmək istədilərsə də qoymadıq. Elə ilk söhbətilə məni heyrətə saldı. Çox aşıq görsəm də, çox aşıq məclislərində iştirak etsəm də beləsini görməmişdim. O, Göyçə, Qazax-Gəncə, Borçalı, Şirvan aşıqlarından tamam fərqli üslubda oxuyur və Çıldır, Qars, Axıska aşıqlarının şeirlərini və saz havalarını gözəl bilirdi.
İki-üç saatlıq tanışlıqdan sonra hər ikimiz anladıq ki, belə qaçdı-qovduda iş görmək olmaz. Bunun üçün rahat vaxt, uzun-uzadı söhbətlər və məclislər lazımdır. Şərtləşdik ki, münasib olan bir vaxtda görüşək. Hər ikimiz üçün münasib olan vaxtın çatması üçün 3 il keçdi. Görüşümüz 1983-cü ilin Novruz bayramı günlərinə düşdü.
Naxçıvana dəvət
Aşıq İsgəndərin Naxçıvana gəlməsi üçün çağırış göndərməyin bürokratik əngəlləri çox idi. Buna görə də dəfələrlə yararlandığımız bir üsüldan istifadə etməyi qərara aldıq. Yerevan-Bakı qatarı Naxçıvandan keçirdi. Sərhəd bölgələrində qatarı sərhədçilər müşayiət edir, enənlərin sənədlərini diqqətlə yoxlayırdılar. Pasportunda sərhəd bölgəsində yaşadığına dair qeydiyat və yaxud buaxılış vərəqi olmayanlara bilet belə satmırdılar. Bunu bildiyimizdən tanışlara Yerevandan Bakıyadək (Bakıdan gələnlərə də Yerevanadək) bilet almağı tapşırırdıq. Sərhəd stansıyalarında onları hava almaq, su içmək adıyla perrona endirir və sərhədçilərin gözündən yayındırıb aparırdıq. Sərhədçilər adamların əşyaları endiriləndə kiminsə düşmək istədiyinin fərqinə varırdılar. Yükü endirən həmin bölgədə yaşadığından pasportunu göstərməklə sərhədçiləri çaşdırırdı.
Buna görə ona yazdım ki, Yerevandan bileti Bakıyadək alsın və Bakıya gedəcəyini söyləsin. Mən onu Naxçıvanda vaqondan su içmək, havasını dəyişmək adıyla endirəcək və sərhədçilərin gözündən yayındırıb evə aparacaqdım.
1983-cü ilin martın 16-da Ellər kəndinə teleqramma vuraraq onun yolunu gözlədiyimi bildirdim. Bir gün sonra cavab gəldi. Aşıq İsgəndər teleqramda martın 17-də qatarla gələcəyini yazırdı.
Qatar Naxçıvandan keçərkən aşığı vaqondan endirib maşına mindirdik. Hər şey planlaşdırdığımız kimi gedirdi. Sazı endirəndə sərhədçilər duyuq düşdülər. Saz sahibini axtarmağa başladılar. İsgəndərin buxara papağı, xrom çəkməsi onu «ələ verdi». Sərhədçilər onu əlimizdən alıb aparmaq istəyir, biz isə onlara müqavimət göstərirdik. Bu zaman dadımıza bir cavan oğlan çatdı. O, sərhədçilərin aşığı saxlamaq istədiklərini görüb yanımıza gəldi. Vəziyyətin nə yerdə olduğunu öyrəndikdə vəsiqəsini komandirə göstərdi. Ruslar vəsiqəyə baxıb sakitcə uzaqlaşdılar.
Aşıq İsgəndərə vurulmuş teleqramın cavabı
Bizi çətin durumdan qurtaran insanla tanış olduq. Göyçənin Ardanış kəndində doğulan Yusif Novruzov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini qırmızı diplomla bitirib Şəkiyə müəllim işləməyə gedibmiş. Orada vəzifədə işləyən uzaq tanışlarının birnin məsləhəti və yardımıyla Dövlət Təhlükəsizliyi Komitəsində işə girib. Xidməti işə dair xüsusi kurs bitirdikdən sonra onu Naxçıvana işə göndəriblər. Aşıq musiqisinin vurğunu olan, milli dəyərlərimizə həmişə sayqıyla yanaşan Yusif Novruzov reallıqlarla uyğunlaşmayan qanun və təlimatlarla barışa bilmir, bunu söyləməkdən belə çəkinmirdi. Bu xasiyyəti də mühafizəkar məmurların xoşuna getmirdi. Çünki onlar işin mahiyyətinə, işçinin savad və ağlına deyil, görüntüyə, işçinin mütiliyinə və məddahlığına üstünlük verirdilər. Öz düşüncəsi, öz fikri olan insan təhlükəli, etibarsız, bütün göstərişləri «Bəli!», «Baş üstə!» deyərək qul mütiliyi ilə yerinə yerirənlər isə bacarıqlı işçi kimi qəbul edilirdi. Yəni onların nəzərində peşakar təhlükəsizlik işçisi nəinki aşığı sərhədçilərin əlindən alıb buraxmalı, əksinə aşığı da, onu dəvət edəni də cəzalandırmalıydı. Çox şükür ki, Yusifin bu hərəkətindən rəhbərliyini xəbəri olmadı. Sonralar da bir sıra işlərdə beləcə dadımıza çatırdı.
Aşıq İsgəndər gördüyüm aşıqlardan istər oxu tərzi, istərsə də bildiyi şeir və dastanlarla fərqlənirdi. Mən ondan eşitmədiyim dastanları, şeirləri toplamaq istəyirdim. Dost-tanış da maqaqlı bir aşıq qonağım olduğunu eşidib bizə gəlir, onu oxudub qulaq asırdılar. Adətən aşıqlar oxuyanda şabaş verdikcə daha da həvəslənirlər. Aşıq İsgəndərə dost-tanış şabaş verəndə geri qaytararaq dedi: «Mən evdən çıxanda deməmişəm toya, sünnətə gedirəm, demişəm qonaq gedirəm. Burda da məclis aparmıram, dövran yığam» Bununla məclislərimiz yoluna düşdü. O, eşitmədiyimiz dastan və şeirləri oxuyur, saz havalarını çalırdı. Bizim ona sifariş verməyimzə ehtiyac qalmırdı.
Göyçədə və radio-televiziyada aşıqlardan eşitdiyim saz havalarını Aşıq İsgəndər bilirdi. Onun çaldığı havalar haqqında isə nə mənim, nə tanıdığım folklorçuların və aşıqların bilgisi vardı. Şenliyin şeirlərinin əksəriyyətini əzbərdən bilən aşıq onu həm də bir bəstəçi kimi tanıdırdı. Aşıq İsgəndərə görə «Çuxurova», «Xoşdamaq», «Sarı yaylıq», «Otalı qız», «Çalpapaq», «Dəli hicranı», «Kürdoğlu» və s. mahnıların müəllifi Aşıq Şenlik olub. O, «Köşəbaşı», «Dərbədəri», «Qəribi», «Nəcəfi», «Doşanquluoğlu şikəstəsi» və b. saz havalarının da olduğunu söyləyir və çalıb oxuyurdu.
Proqram hazırlığı
Mütəxəssislərin diqqətini çəksin və arxivdə qalsın deyə Naxçıvan radiosunun fondu üçün Aşıq İsgəndərin ifasında «Dastanı» havası üstə Xəstə Hasanın «Ayağı gözdər», «Dərbədəri» üstə Abbas Tufarqanlının «Yetişər», «Çalpapaq» havası üstə Şenliyin «Dedi», «Atüstü» havası üstə «Yaralı Mahmud» dastanından «Yaram var mənim»i, televiziya üçün «Şahsevəni» havası üstə özünün yazdığı «Telli sazım»ı, «Çuxuroba» havası üstə Dəllək Muradın «Eləmə» ustadnaməsini, «Dastanı» havası üstə Xəstə Hasanın «Ayağı gözdər» qoşmasını, «Müxəmməs» havası üstə Molla Cümənin «Pəri» şeirini oxumasını planlaşdırdıq.
Bundan başqa, aşığın ifasında əvvəllər çalınan, indi unudulmaqda olan, buna görə də aşıqların «Köhnə irfanı» dedikləri havanı, «Summanı», «Köhnə keşişoğlu» «Çuxurova», «Xoşdamaq», «Salyanı» havalarını, Aşıq Əsədin qardaşı Məhəmmədin «Bacına», Çorru Məhəmmədin «Arvad səni kursa yazıflar» misrasıyla başlayan şeirləri və «Şair Kazım» dastanı incə yumoruyla seçildiyinə görə onları da yazdırıb özümdə saxladım ki, Naxçıvan radiosunun gələcək verilişlərində və Azərbaycan radiosunun «Bulaq» proqramında səsləndirək.
Qəzetdə və televiziyada mənə ikili münasibət vardı. İşçilərin bəziləri mənə hörmətlə yanaşır, xatirimi istəyir, fikir birliyinə gələ bilirdiksə, bəziləri də məndən xoşu gəlmədiyinə görə imzamın mətbuatda görünməsini, radio və televiziyaya veriliş hazırlamağımı istəmirdi. Buna görə də onlar açıq-aşkar işimə mane olurdular. İşimə mane olmağa çalışanlardan biri də televiziyanın baş rejissoru, komitə sədri ilə ailəvi yaxın olan Əhməd İmanov idi. İstəmirdim mənə görə Aşıq İsgəndərin səsinin yazılmasına, ekranda və efirdə verilməsinə əngəl törətsinlər. Aşıq İsgəndəri tanıyan elə adam da yox idi ki, mən geri çəkiləm, o qabağa düşüb bu işləri görə. Həm də istəmirdim ki, Aşıq İsgəndər kimi bir insan kiməsə rüşvət verməklə ekrana, efirə yol tapa. İstəyirdim o mətbuat işçilərindən razı qayıtsın.
Televiziyada işləyən, vəziyyətdən yaxşıca xəbərdar olan dostlarla məsləhətləşib evdə bir qonaqlıq təşkil etdim. Buraya televiziya komitəsinin sədrini və saz həvəskarı olan aparıcı işçilərindən də bir neçəsini çağırdım.
Aşıq İsgəndərlə əvvəlcədən hansı havaları çalacağını, hansı mahnıları oxuyacağını müəyyənləşdirdik. Məclis başladı. Aşıq çay içməyə fasilə verəndə mən onun oxuduğu mahnılar haqqında söz deməklə əyləşənlər arasında bir fikir mübadiləsinə yol açdım. Məclis olduqca uğurlu keçdi. Elə oradaca qərara aldıq ki, televiziyada 45 dəqiqəlik, radioda 20 dəqiqəlik veriliş və radionun fondu üçün də yalnız mahnılardan ibarət 45 dəqiqəlik lent hazırlansın. Həmin dövrdə Naxçıvan televiziyasının gündə bir saatlıq efir vaxtı vardı. Demək xəbərlərdən sonrakı bütün vaxt Aşıq İsgəndərə həsr olunacaqdı.
Verilişlərin ssenarisini mən hazırlasam da mətnin altına komitə sədrinin imzasını qoydum ki, işçilər verilişin hazırlanmasına həvəslə girişsinlər. Hətta verilişi hazırlayacaq texniki işçilərə araq da aldım. Mənə görə verilişi pozmaq istəyənlər ssenaridə komitə sədri Elxan Əliyevin adını görüb çıxılmaz vəziyyətdə qaldılar. Sadəcə məni verilişin aparıcılığından uzaqlaşdırdılar. Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləyən, hadisələrdən xəbərsiz Əsgər Qədimovu dəvət etdilər. Əsgər müəllim aşıq və onun yaradıcılığı ilə yaxından tanış olmasa da mətni oxumaqla verilişi gözəl apardı və bu da məni qane etdi.
Radio və televiziyada işlərimiz yaxşı getdi. Sonralar da bu verilişləri təkrar-təkrar səsləndirdilər. Səhv etmirəmsə Naxçıvana tələbə yoldaşı Əqidə Ələkbərovaya qonaq gəlmiş Kamilə Axundova radioda Aşıq İsgəndərin oxumalarını eşidəndən sonra onunla maraqlanmış və gəlib məni tapmışdı. Ata-babası Abşeronun Saray kəndindən olan, Bakıda doğulan, orta və ali məktəbi rusca bitirsə də ana dilində səlis danışan və yazan Kamilə Axundova ilk görüşdən yüksək mədəniyyəti və davranışıyla rəğbətimi qazandı. Evimizə gəldilər. Aşıq musiqisi ilə bağlı olduqca cəlbedici söhbətləri məni valeh etmişdi. Bilmirdim ona necə kömək edim ki, saz musiqisilə bağlı sanballı bir əsər ortaya qoysun. Sakit, təmkinli və təmənnasız, kimsəyə əziyyət verməyi istəməyən bu gənc xanım, Naxçıvan radiosu üçün yazılmış lentin surətini və Aşıq İsgəndərin dəqiq ünvanını, istədi. Özü gedib aşığı tapacağını və daha genişliyi ilə lentə alacağını söylədi.
Aşıq İsgəndər haqqında qəzetə məqaləni mən yazsaydım, onu doğrayıb tökəcəkdilər. Ona görə də qəzetin ədəbiyyat şöbəsində işləyən Ceyran Nəbiyevadan xahiş etdim ki, Aşıq İsgəndər haqqında məqaləni o yazsın. Ötkəm, sözü sərt deyən, yaradıcılıqda olduqca lirik ovqatlı Ceyran xanım əvvəlcə aşığın yaradıcılığıyla yaxından tanış olmadığını bəhanə gətirsə də mənim təkidimi görüb razılaşdı. Yaxşı bilirdim ki, əri dövlət təhlükəsizliyi komitəsinin Naxçıvan təşkilatında işlədiyindən onun yazılarında zərrəbinlə sətiraltı mənalar axtarmırdılar.
Aşıq İsgəndəri redaksiyaya aparıb Ceyran xanımla tanış etdim. Aşığı otağına dəvət edərək faktları götürmək istədi. Bir azdan Ceyran xanım məni dəhlizə çağıraraq məqaləni yaza
Aşıq İsgəndər Ağbabalı və Naxçıvan Pedaqoji İnstitutunun
müəllimi Əsgər Qədimov televiziya verilişində.
bilməyəcəyini söylədi. Mən təəccüblə «niyə?» sualını ver-dikdə təbəssümlə bildirdi ki, aşığın dediklərini yaxşı başa düşmür. Əlavə suallar verməyə də utanır. Məni bərk gül-mək tutdu. Zarafatla dedim ki, qoy aşıq nə istəyir danışsın sonra mən «tərcümə» edərəm. Sonra mən aşığın əvəzində müxbirin suallarına cavab verdim. Ceyran xanım həmin faktlar əsasında Aşıq İsgəndər haqqında gözəl bir məqalə yazdı.
Aşıq İsgəndər Naxçıvanda qonaq olduğu müddətdə Dövlət Pedaqoji İnstitutunda müəllim işləyən Məhərrəm Cəfərovla da görüşdü. Bu görüş onda olduqca xoş təəssürat yaratdı. Mənə yazdığı məktublarında həmişə onu da Əsgər müəllimi də hörmətlə xatırlayır, onlara salamını çatdırmamı xahiş edirdi.
On gündən çox Naxçıvanda müxtəlif ailələrlə, insanlarla tanış olan Aşıq İsgəndəri gələndə yalnız mən qarşılamışdımsa yola salmağa gələnlərin sayı 20 nəfərdən çox idi.
Aşıq İsgəndər getdikdən sonra Naxçıvan televiziyasındakı çıxışını görənlər, radioda səsini eşidənlər onu öz məclislərinə dəvət etmək üçün müraciət edirdilər. Naxçıvanda yaşamadığını bildikdə təssüflənir, bir də gəlsə onlara da bildirməyimi xahiş edirdilər.
Ağbabadan köç
Aşıq İsgəndərlə cəmi iki dəfə görüşsək də bu görüşlər bizi elə doğmalaşdırdı ki, o dünyasını dəyişəndən sonra övladları ilə dostluğumuz bu gün də davam edir. Onunla məktublaşmamız isə müxtəlif fasilələrlə on ilə yaxın çəkdi. Milli azadlıq hərəkatı 1988-ci ildən elə bir vüsət aldı ki, dost-tanışa məktub yazmağı, əlaqə saxlamağı düşünməyə belə imkan olmadı. Aşıq İsgəndər də Rusiyanın yaratdığı Ermənistan-Azərbaycan qarşıdurmasının zərərçəkənlərindən biri kimi, min bir zəhmətlə tikdiyi evi-eşiyi qoyub Azərbaycana köçməli oldu. Yazdığı məktubdan xəbər tutdum ki, Şamxor rayonunda yerləşiblər. Cavab yollasam da ona əvvəlkilər kimi geniş məktub yaza bilmədim.
Səhv etmirəmsə, 1992-ci ildə yazıçı Mövlud Süleymanlı bir aşıq haqqında telefilmi, yoxsa böyük bir verilişmi hazırlamaq istədiyini bildirdi. Mən Aşıq İsgəndəri münasib saydım və adresini verdim. Bir azdan Mövlud Süleymanlı Aşıq İsgəndərin dünyasını dəyişdiyini bildirdi. Sonralar öyrəndim ki, Aşıq İsgəndər Gülməmmədov 1992-ci ilin aprelin 24-də dünyasını dəyişib.
1993-cü il hadisələrindən sonra Bakıya köçməli oldum. Aşığın övladları məni tapdılar. Onlar da köçüb Bakıda məskunlaşmışdılar. Mənə həmişə hörmət və sayqı ilə yanaşan bu insanlarla əlaqələrimiz genişləndi. Beləcə Aşıq İsgəndərlə başlanan tanışlığım bir nəsillə səmimi münasibətlərə çevrildi. Aşığın sənətini davam etdirən oğlu Faxfur da, qardaşlırı da, hətta İsgəndərin qardaşı və qardaşı uşaqları da mənim hörmətimi saxlayırlar.
10-15 mart 2003.
Əzizə Şamil
AĞBABADAN GƏLƏN QONAQ
özümü açıb evimizi qonaq-qaralı görmüşəm. Atamın müxtəlif bölgələrdən, müxtəlif peşə sahibi olan dostları vardı. Onlar xüsusən yayda Qubaya gəzməyə gələndə evimiz daha gur olardı.
Ailə qurandan sonra da evimizin qonaq-qaralı olması məni sıxmadı. Kirayə qaldığımız evlərdə də qonaqlar qarşılayıb yola salırdıq, mənzil alandan sonra da. Hər ikimiz jurnalist işlədiyimizdən qonaqlarımız arasında müxtəlif peşə sahibləri olurdu. Amma onların tərkibi eyni deyildi. Ədəbiyyat, mədəniyyət adamları arasında folklorçular çoxluq təşkil edirdi. Həmişə ehtiramla xatırladığım bu insanlar arasında, qəribə davranışı ilə yadımda qalan Aşıq İsgəndər haqqında tez-tez söhbət açıram. Familyası Gülməmmədov olsa da Əliyə yazdığı məktublarına həmişə İsgəndər Ağbabalı imzası qoyardı. Zərfin üstünü də beləcə yazardı. O dövrdə tək-tək adamlar bunu edərdi. İsgəndər Ağbabalı da o tək-təklərdən idi.
Evimizə gələn aşıqlardan o, istər ləhcəsilə, istər oxu tərzilə, istər də səmimiyyəti ilə seçilirdi. Aşıqların əksəriyyətində müşahidə etdiyim özünüöymə onda yox idi. Əli ilə söhbət edəndə tez-tez «onları mən bilmirəm»,- deyə səmimi etiraflar edər, ya da «mən bildiyimdə belədi», deyərdi.
Əli jurnalistika fakültəsini bitirsə də tələbəlikdən folklora, araşdırmaya həvəsli idi. Sonuncu kursda oxuyanda Türkiyədən Gürcüstanın Keşəli kəndinə aşıq gəldiyini eşidib dərsləri buraxıb dostu Osmanla ora getmişdi. Orada görüşdüyü Aşıq İslam Ərdənərdən heyranlıqla danışardı. Elə Aşıq İslamdan da Axırkələkli Xəstə Hasan haqqında maraqlı faktlar toplamışdı. Çox təəssüf edirdi ki, Azərbaycan aşıqları bu böyük sənətkarın şeirlərini bilmir. Folklorşünaslar isə onu ədəbi oğru kimi tanıyır.
Xəstə Hasanın həyat və yaradıcılığını öyrənmək həvəsi də onun İsgəndər Ağbabalı ilə qiyabi tanışlığına səbəb olmuşdu. Onunla məktublaşırdı. Daha yaxından tanış olmaq və bilgi almaq üçün aşığı Naxçıvana dəvət etdi. Naxçıvana xüsusi buraxılışsız gəlməyə icazə vermirdilər. Bu buraxılışı almaq istəyəndə də bürokratik əngəllərlə qarşılaşırdıq. Ona görə də Əli İsgəndər Ağbabalıyı Yerevana gəlib Bakı–Yerevan qatarına bilet almağı, Naxçıvana çatanda su içmək bəhanəsilə stansiyaya düşməyi, perronda onu qarşılayacağını yazdı. Beləcə, Aşıq İsgəndər Ağbabalı 1983-ci ilin martında bizə qonaq gəldi
İsgəndər Ağbabalını qonaq saxladığımız ilk gündən onunla ata-bala münasibətlərimiz yarandı. Yemək hazırlamamışdan öncə ürəyinin nə istədiyini soruşurdum. Bilirdim ki, ömrü boyu kənddə yaşamış, bir bölgənin xörəklərini yeməyə alışmış insan başqa xörəkləri yeməyə çətin alışır. Amma o, məni əziyyətə salmamaq üçün «nə istəyirsən onu da bişir», deyirdi. Sonra bildim ki, çox yerləri gəzib, xüsusən də Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda olub və oraların yeməyini yeyib, müxtəlif mətbəxlərlə tanış olub.
Gündüzlər Əli ilə redaksiyaya, yerli televiziyaya, radioya gedərdilər. Səsini lentə yazar, veriliş hazırlayardılar. Elə aşıq mahnıları var idi ki, ilk dəfə onu İsgəndər Ağbabalının dilindən eşidirdik. Oxuma tərzi də tamamilə özünəməxsus idi. Folkolrçular, musiqiçilər, səs rejissorları buna məəttəl qalmışdılar. Ustad aşıq isə yorulmadan, eyni mahnıları dönə-dönə oxuyur, dastanları həvəslə söyləyirdi.
“Ey-ey çalpapaq, ey-ey gülyanaq”... Bu mahnını Bülbülün ifasında dəfələrlə eşitmişdim. Müəllifi bilinməyən xalq mahnısı kimi tanıyırdım. Birdən onu Aşıq İsgəndərin ifasında sazın müşayətilə eşidəndə təəccübləndim. Aşıq İsgəndər isə məclisdəkilərin təəccübünü görüb dedi ki, bu mahnının sözləri və musiqisi Aşıq Şenliyindir. Öncə mən də onun sözlərinə şübhə ilə yanaşdım. Sonralar evimizdə qonaq olan, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu, araşdırıcı Kamilə Axundova «Çalpapaq» xalq mahnısının saz musiqisi əsasında formalaşdığını izah etdi.
Novruz bayramı günləri olduğundan çoxlu şirniyyat bişirmişdim. Hər dəfə şəkərbura yeyəndə deyərdi: “A qızım, yaman dadlıdır, bunun bişirilmə qaydasını yaz ver aparım, qoy bizim arvad da bişirsin.” Mən isə zarafatla: “İsgəndər əmi, bu təndirdə bişməz”, – deyərdim. Cavabı da bu olardı ki, onda arvadın özünü bura gətirəcəm, öyrədərsən.
Mən də zarafat edərdim. Deyərdim ki, gətir, mən də ondan bəzi xörəkləri bişirməyi öyrənəcəm. Göyçəli gəlini olsam da hələ xəngəli, xaşılı onlar kimi dadlı bişirməyi bacarmırdım. İsgəndər əmi isə uşaq sadəlövhlüyü ilə “yox ay qızım, mən Borçalıda, Qazaxda, Qazaxısıtanda çox oluram. Çox yerdə xəngəl yemişəm. Dadını yaxşı bilirəm. Sənin qurud əzməyinə, xəngəl bişirməyinə mat qalmışdım. Lap yaxşı pişirmişdin. Gördün hamısını yedilər, heç kimin qavağında qalmadı.”
Bir dəfə könlü xoş olsun, özünü evlərindəki kimi hiss etsin deyə qovrulmuş əriştədən xörək bişirdim. Xörəyi görəndə maraqla əriştəni haradan aldığımı xəbər aldı. Qovrulmuş əriştəni kənddən pay versələr də, mən zarafata salıb özüm doğrayıb, qurudub, sonra da qovurduğumu söylədim. Heyrətləndi. Aşığa görə mənim təhsilim və iş yerimlə bişirdiyim xörəklər heç uyğun gəlmirdi. (Onda Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində işləyirdim) Əriştə kəsməyin çox əziyyətli iş olduğun söylədi və mənim bu qədər işi görməyimə mat qaldığını bildirdi. Sonra da Qazaxıstanda gördüyü «lapşa kəsən maşını» təriflədi və «lapşa»ya qoşduğu mahnını oxudu. Mənim əməyimi yüngülləşdirmək üçün Qazaxıstana gedəndə «lapşa kəsən maşın» alıb gətirəcəyini söylədi.
Onun səsindən, sənətkarlığından doymayanlar, haqqında mətbuatda, tele-radioda eşidən dost-tanışlarımız axşamlar bizim evə toplaşırdılar. Belə axşamların birində istədik ki, dostlarımızdan birinə zarafat edək. Aşıq İsgəndər həmin axşam “Göyçəli Şair Kazımın” dastanını danışacaqdı. Əvvəlcədən onu dilə tutduq ki, dastanı danışarkən bir az dəyişiklik etsin, məsələni ona gətirib çıxarsın ki, dostumuzun qısqanc arvadına dərs olsun. Aşıq bizdən soruşdu ki, arvadı nəçidir? Dedik, tibb bacısı. Maraqla gözlədiyimiz an gəlib çatdı. Dastanı şirin bir dillə danışaraq gətirib o yerə çıxaran İsgəndər Ağbabalı: “o kim ola, kim ola” sualına özü də xüsusi vurğuyla “med-sestradır” cavabını verdi. Məclisdəkilərin hamısı məsələni başa düşüb, gülməkdən uğundular.
Aşıq İsgəndər Ağbabalı belə bir səmimi, ürəyiyumşaq, kövrək insan idi. Bizdə qonaq olduğu günlərin birində işdən evə gələndə gördüm ki, bikef oturub. Məni görən kimi: “A, qızım, bu gün bir xəta eləmişəm”, dedi. Soruşdum ki, nə olub, İsgəndər əmi? Əlindəki açar qırığını mənə uzatdı. Sən demə qapını bağlayıb həyətə düşmək istəyəndə açarı kilidin içərisində necə burursa qırılır. Açarın başı aşığın əlində, dili isə kilidin içində qalır. Əli ilə vədələşdiyi yerə gedə bilməyən aşıq kor-peşiman evdə oturub bizi gözləyib. Biz evə gələndə günahkar uşaq təbəssümü ilə üzümə baxıb açarın bir hissəsini mənə verdi.
Aşıqla bağlı yadımda qalan xoş xatirələrdən biri də onun Qazaxıstan səfərləri ilə bağlı söhbətləri idi. Dediyinə görə, hər il olmasa da iki-üç ildən bir Qazaxıstana, Qırğızıstana gedər, orada yaşayan 20-30-cu illərdə sürgün olunan azərbaycanlıların, eləcə də 1944-cü ildə Gürcüstandan sürgün edilən, indi Axıska-Mesxeti türkləri adlandırılan soydaşlarımızın toylarını, şənliklərini aparardı. Həmin toylarda başına gələnlərdən, eləcə də oradakı soydaşlarımızın taleyindən maraqlı söhbətlər açardı. O, həm də Qazaxıstanda, Qırğızıstanda yaşayan soydaşlarımızın bildikləri aşıq şeirlərini, dastanları Azərbaycanda təbliğ edən bəlkə də yeganə sənətkardır.
Doğulub boya-başa çatdığı Ağbaba mahalından, oranın təbii gözəlliklərindən, ailə üzvlərindən, xüsusilə xanımının yaxşı insan olmasından danışar, bizi də kəndlərinə dəvət edərdi.
İsgəndər Ağbabalı yaşca böyük olsa da bizimlə söhbətləri incə, duzlu zarafatsız keçmirdi. İndiyədək neçə-neçə məclislər yola salmışdı, böyüklə böyük, uşaqla uşaq idi. Əsl el sənətkarı kimi el sənətinin incəliklərinə el arasında yiyələnmişdi. Elə bu sərvətin qədrini də böyük həvəs və məhəbbətlə elinə sərf edirdi.
Aşıq İsgəndər Naxçıvandan gedəndən sonra da bizimlə əlaqəsini kəsmədi. Harada olsa bizə məktub yazırdı. Əlinin işi çox olanda, yaxud Naxçıvanda olmayanda onun məktublarına cavabı mən yazırdım. Mövzu ilə yaxından tanış olduğumdan və məktubları makina ilə yazdığımdan Aşıq İskəndər məktuba cavabı Əli yazmadığını hiss etməzdi. Mən yaxşı bilirdim ki, hiss etsə də üstünü vurmazdı. Çünkü adətlərimizə sayqı ilə yanaşan, onu həmişə qorumağa çalışan insanlardan idi.
Aşığın ölüm xəbərini gec eşitsək də bir cümə axşamı ehsan hazırlayıb onu tanıyanları da dəvət etdik. İskəndər Ağbabalını xatırladıq, onun xatirəsini yad edərək fatihə oxuduq. Mühasirə vəziyyətində olan, adamların başı sərhəd bölgələrindəki döyüşlərə qarışan Naxsıvanda daha böyük təbirlər keçirmək o yana qalsın, heç radio və televiziyada verlişlər də hazırlayıb efirə verə bilmədik.
03.04.2003
MƏKTUBLAR
Aşıq İsgəndərlə yazışmalarımızın folklorşünaslıq və mənəvi dəyərlərimiz baxımından əhəmiyyətli ola biləcəyini düşünərək onları da çap etdirməyi münasib saydım. Məktubların dil və üslubuna, oradakı fikirlərə və faktlara toxunmadım.
Aşıq İsgəndərlə 1980-ci illərdən məktubaşmağa başlasam da bu məktubların hamısı məndə qalmayıb. Onların bir çoxu zamanın qovğalı günlərinin güdazına gedib. Olduqca səliqəli olan aşıq köçhaköçdə nəinki məktubları, çox şeyini itirib. Ömrünün ahıl çağlarında rastlaşdığı qarışıqlıq ona çox ağır təsir edib. Mən də milli azadlıq hərəkatına qoşulduğuma görə polis və hərbçilərin müsadirəsindən qurtarmaq üçün arxivimdəki sənədləri, məktubları və yazıları təhlükəsiz bildiyim yerlərdə, dost-tanışlarda saxladırdım. Sonralar onların bir qismini tapa bilmədim. Aşığın ailəsində qalan və məndə olan məktubları bir yerə toplayaraq tarixlərinə uyğun ardıcıllıqla çap etdirməyi qərara aldım. Tarixi olmayan məktubları da məzmunlarına görə müəyyənləşdirib ardıcıllığı gözləməyə çalışdım.
Hörmətli məktub! Ən əvvəla qələmi əlimə alıb, bu qısa məktubum ilə sizə çox-çox salam edirəm. Mən sizin məktubu aldım, oxudum. Çox şad oldum.
Əli can! Sizin sualların hamsı məndə var. Mənim istəkli qardaşım Məhərrəmə çox-çox salam edərsən. Mən bu məktubla sizə həmin sualların cavabını yerli-yerində yazıb, başa gətirə bilmərəm. Yaxşı olar ki, mənim özüm gəlim. Məhərrəmə (4) və sizə yerli yerində olan əhvalatı izah edim. İndi sizdən xahişim odur ki, tez gəlməyim üçün siz mənə bir teleqramma vurun. Bizim milis idarəsindən propuskanı tez alıb gəlim. Propuskasız gəlmək mümkün deyil. Burada da teleqramma olmasa, propuska vermirlər.
Sizə bildirim Xəstə Hasandən. Onun qohumları Qazaxıstandadır. Mən Qazaxıstanda çox olmuşam. Qırğızıstanda, Özbəkistanda və Qazaxıstanda Axırkələkdən gedənlərin əksəriyyəti oradadılar. Xəstə Hasanın qohumlarından biri mənim şagirdimdir. Adı da Murtuzadır. Xəstə Hasanin qardaşı oğlunun oğlu Murad 118 yaşındadır. Hal-hazırda yaşayır. Sizin tanıdığınız İslamı(5) da tanıyıram, xəbərini almışam. Sınıxdan getmədir. Əsli Ağbabalıdır. İkinci bir aşıq da var. O da Ağbabalıdır. Adı Rustam Alyunus oğludur (6). O da buradan getmədir. Mənə öz rəsmini və oxuduğu lenti göndərib.
Xəstə Hasan Əsbincə rayonun Levis kəndindəndir. Axırkələk şəhərindəndir. Xəstə Hasan Aşıq Ələsgəri görməyib. Vaqifin dövrində olub. Xəstə Hasan hicri tarixinin 1214-cü ilində 50-60 yaşındaymış. O, həm aşıq, həm də şair olub. Xəstə Hasanın qardaşı oğlu tutulub. Xəstə Hasan Orucluq bayramında Axırkələk şəhərinin Xosbiya bəylərindən Dədə bəyin yanına minnətə gedib. Dədə bəy də Orucluq bayramını şən keçirmək üçün Aşıq İrfaniyi gətirib. İrfaniyə bəylər deyir ki, sən elə bağlama de ki, Xəstə Hasan aça bilməsin. Əgər açsa, bütün həpisdə olanları azad edəcəm. Aça bilməsə heç kimi azad etmiyəcəm. Həmin sözdən bir bəndini sizə yazıram:
Aradım yoxladım könül şəhrini,
Gördüm bu könlümdə yenə dörd qaldı.
O dördün birini qaldırdım atdım,
Yenə baxdım gerisində dörd qaldı.
Həmin bağlamanı Xəstə Hasan açdı, bütün həpisdə olanları da azad etdi. Onda Dədə bəy Xəstə Hasana dedi ki, sənin tayın kim ola bilər?
Onda da belə dedi:
Abı-çeşmim çaylarında ördək birdi qaz da birdi.
Süsən-sünbül tər bənövşə, bülbül ötər yazda birdi.
Vaqif hər dərddən qanandır,Gövhərin qiyməti yox.
Qul Qaranı qərəz eylər, Aşıq Ömər sözdə birdi.
Qurbanı haqq aşığıdır, o, daimə xamnan sökər.
Çöllü Fidan qələm alıb o xəddinən bir xədd çəkər.
Qul İsmayıl baş tacıdır, o canını candan əkər.
Aşıq Polad kamil usta, Dəli Tamı sazda birdi.
Molla Xəlil həvəs ilə içdi eşqin badasını.
Köfdadı da bir dəryadır, keçmək olmaz adasını.
İrfanıya da veriblər, onlardan ziyadasını.
Kərəm yandı eşq oduna, od da birdi, köz də birdi.
İçdim eşqin badasini, həm oxuyam, həm də yazam.
Belə getməz bu zamana, vallah düzələcək əyam.
Min iki yüz on dörd sənə, tarixim yoxdur ki sayam,
Yüz min aşıq gəldi-getdi, Xəstə Hasan yüzdə birdi.
Bağışla yer yoxdur. Ona görə mən özüm sizinlə Məhərrəm qardaşımla şəxsən görüşmək istəyirəm ki, ətraflı yazaq. Sizin məsləhətinizlə ətraflı yazaq.
Qaldı ki, Xəstə Hasanın məndə sözləri çox-çoxdur. Məsələn: Daşdıqullarda deyişmə, Qaranı ilə Qarzaxda deyişməsi, sonra onun bir dastanı da var. Gürcüstan qızı və Təbriz oğlu və s. Çıldırdan Aşıq Şenlikdir ki, Şenliyin Türkiyədə çap olunan kitabı da məndə var (7). Burada olan əhvalat da mənim özümdə var. Kitabda həmin burada olan əhvalatı yoxdur. Şenliyin şagirdi olub Aşıq Nəsib. Mənim də ustadım olub Aşıq Nəsib. Ustadımın da sözləri məndə var. Özümün də həddindən artıq çoxdur. Öz sözlərimdən də bir neçəsini sizə yazdım. S.Vurğuna dediyim söz:
Hərdən bir sazımı ələ alanda,
Yadıma gəlirsən, ey Səməd Vurğun.
Elə bir kağızla qələm əlində,
Danışıb gülürsən, ey Səməd Vurğun.
Müəllim ki oldun cavan çağında
Bülbüllər ötərdi gülşən bağında,
Elə bil ceyrandı öz ovlağında
Nişanlar alırsan, ey Səməd Vurğun.
İsgəndər unutmaz belə insanı,
Şeirinlə bəzədin gözəl vətəni.
Neyləyək, bu dünya fanıdır-fanı,
İlhamlar alardın, ey Səməd Vurğun.
BİR SÖZÜM DƏ SAYAD NOVAYA
Qocaman Tiflisdən xəbər alanda,
Deyir ölməyibdir var Sayad Nova.
Hərdən bir həvəslə eşqə gələndə,
Çalardı kamança, tar Sayad Nova.
Sən böyük ustasan ucadır sözün,
Söylənir hər yanda tərifin, özün.
Uzumem yes kezi mi dastan yazım,
Vətəndə hörmətin var Sayat Nova.
Yerk aselem kedi hamar sazımla,
Şad uraxem baharımla yazımla.
İsgəndərəm, məndə deyim sözümlə,
Vidadi yoldaşın var Sayyad Nova.
BİZİM YERDƏDİ
İgidlər oylağı, ellər yığnağı,
Baharın göyçəyi bizim yerdədir.
Yarpızın təzəsi, Soyuq bulağı,
Qaymağın çiçəyi bizim yerdədir.
Yusifin məkanı tüfəngin səsi
Qoymadı bəyləri alsın nəfəsi.
O Arpa gölünün sərin havası,
Sözləri gerçəyi bizim yerdədir.
Gürcüstan qonşudur durub yanaşı
Qızıla bənzəyir hər torpaq, daşı.
İsgəndər sözündə olmaynan naşı,
İlqarın gercəyi bizim yerdədir.
AĞBABA
Bulutlar altında salıbsan məskan,
Çiçəkli-güllüsən, gözəl Ağbaba.
Yaralar vəhləmi dərdlərə dərman
Təbibi dərmansan, gözəl Ağbaba.
Uca dağ başında soyuq bulaqlar,
Görünür hər yandan gözəl yaylaqlar
Yaz olanda gələr əziz qonaqlar,
Nə gözəl ellisən, gözəl Ağbaba.
Dağ başında qoyun-quzu mələşər,
Ətəyində bir cüt ceyran güləşər.
Aşıq İsgəndərim səndə yerləşər,
Nə şirin dillisən, gözəl Ağbaba.
Özümdə çox sözlərim var. Daşkəsəndə şair Cavadla deyişməm, Gürcüstanda Quləm Hüseynlə deyişməm. Festivalda iştirakım, diplomum, qramotam və s. Əziz qardaşım sizə, sizin ailə üzvlərinizə öz ürək salamımı bu məktubum ilə göndərirəm. Salam edirəm sizin kimi istəkli qardaşlarıma. Məhərrəmə və sizin ailə üzvlərinə çox-çox salam edirəm. Bağışlayın. İsgəndər Ağbabalı.
Ünvanım belədir: Arm. SSR. qorod Leninakan, selo Ellarkend. İskendar Ağbabalı. Sizdə ünvanım var.
09.02.1983.
Salam, İsgəndər qardaş! Bakıdan bu gün gəlmişəm. Məktubun evdə məni gözləyirmiş. Çox sağ ol! Diqqətinə görə təşəkkürümü bildirirəm. Məktubun qısa olsa da həddindən çox xoşuma gəldi. Aşıqlarımızın layiqli davamçısısan.
İsgəndər, bu gün sənin adına da teleqram vuracam. Allah qoysa yaxın günlərdə görüşəcəyimizi nəzərə alıb məktubu qısa yazıram. Familiyanı, atanın adını və yaşını dəqiq bilmədiyim üçün rəsmi çağırış göndərə bilmədim. Bilmirəm mənim məktubumu alanadək yola düşmüş olacaqsan ya yox? Mən istərdim ki, sənə rəsmi çağırış göndərim. Lakin gec olur. Teleqram alandan sonra yola düşməyibsənsə, məktubumu alan kimi gecikmədən Naxçıvana yol al. Mənim adıma teleqram vur. Gəlib səni qarşılayıb məntəqədən keçirim, ya da oraya tapşırtdırım ki, səni buraxsınlar. Sənin tez gəlməni ona görə istəyirəm ki, 20 martda Naxçıvan televiziya və radiosunda aşıqlara həsr edilmiş veriliş olacaq. Çox arzu edərdim səni orada görüm. Bunun üçün də bir az tələsmək lazımdır. Yerevandan Naxçıvana hər gün saat 11-12-dən sonra 5-6 avtobus gəlir. Hamısı da mərkəzi univermağın yanında dayanır. Birdə Bakı – Yerevan qatarı ilə rahat gələ bilərsən. Mənə əvvəlcədən gəldiyin günü xəbər verə bilsən propuskaya ehtiyac qalmaz.
Ailə üzvlərinizə və qohumlarınıza salamlarımız təbii və tükənməzdir
Səbirsizliklə yolunu gözləyən: Əli Şamilov.
373630 Naxçıvan şəhəri,
Puşkin küçəsi, ev 73, mənzil 44.
06.03. 1983.
Məktub. Məndən salamlar olsun mənim dost-qardaşlarıma Əliyə, Məhərrəm müəllimə, Əsgər müəllimə, Əzizə anam-bacıma və bütün dost-qardaşların özünə, ailəsinə. Əli can, sağ olun! Öz sözümüzü eşitdik televizorda, çox şad və xoşbəxt oldux. Radionunkunu eşitmədik. O da olar, cansağlığı olsun. Qəzetə verdinizsə bizə də göndərin. Bir də sən diyən sözlərdən: Daşdanın tərcümeyi-halını aldım, şəkli yoxdur. Dedilər, qızı oradadı, onda var oldu, yoluyacam. Kor Əhmədin söhbəti Məhərrəm müəllimin yanındadır. Mənim dəftərim onun içindədir. Dəllək Muradın tapa bilmədim.
Aşıq İsgəndər Ağbabalıdan gəlmiş teleqram.
Abbas Divarqanlının 40-dan 5-i ilə deyişməsini (8) yoluyacam. Aşıx Şenniyin və Xəstə Hasanın, şagirdlərinin sözləri, Aşıx Balakişidən o da Məhərrəmin yanında var. Aşıx Nəsibdən yazacam, Çorlu Məhəmməddən yazacam. Daşdanov Daşdan anadan olub 1921-ci ildə Ellər kəndində. 1941-ci ildə əsgər gedib, Böyük Vətən Müharibəsinin II dərəcəli ordeni ilə təltif olunub. Yazacam. Bunu elə belə yazdım. Onun dəfdərini də yoluyacam, sonra geri göndərərsən.
Qal salamat: İsgəndər Ağbabalı.
07.04.1983.
Məktub. Məndən sənə salamlar olsun, mənim əziz qardaşım Əliyə və həyat yoldaşına. Əzizlərim biz tərəflər sağlıqdı, sizinki necə? Allah həmişə sağlıq versin. Sizlərdən razılığımı bildirirəm. Çox sağ olun, Əli can o dəfdəri və Daşdanın şəklini yolluyacam. Onun qızı Marnaulda olur, şəkli ona demişəm, o mənə göndərəcək, mən də sizə. Qaldı sözlər. Abbas 40 aşıqla deyişib onun 4-5-nin adını, hərəsindən 2 xana söz qaldı. Şenliyin şagirdi Nəsibdən, Çorlu Məhəmməddən yazacam. Şenliyin şeirləri yazılmış dəfdərimi Məhərrəmə vermişəm. Orada Balakişinin sözləri də var. İstəsən sən də ondan alıb yaza bilərsən. Sən canın, Məhərrəmə də deynən kitabı, dəfdəri yollasın. Kitab amanatdır, isdəyirlər.
Televizorda gördük və qulaq asdıx. Çox sağ olun qəzeti də oxudux. Ceyran və Əsgər müəllim sizlə bərabər çox sağ olun. Allah can sağlığı versin. İndi sizin ellərdə bir 3 xana söz yazmışam. Yazım oxuyun. Bizlərə Savet Azarbaycanı, yəni «Azarbaycan gəncləri» qazeti gəlir. Qaldı Bulağa (9), ona da çox qulaq asırıq. Canın sağ olsun. İndi eşidin təzə sözləri.
GÖRDÜM
Yolum düşdü Naxçıvanın elinə,
Hörmətli, mərfətli elləri gördüm.
Həvəslənib saz götürdüm əlimə,
Şəkərdən də şirin dilləri gördüm.
Bir yanı baxçadır, bir yanı bağdır,
Bir yanı Arazdı, bir yanı dağdır,
Savet vətənidir, ürəyi sağdır,
Baxçada açılmış gülləri gördüm.
Sovxoz tarlasında fəhlənin səsi,
Gördüm ki, düşübdür qamnizma bəsi,
İsgəndərin buna gəldi həvəsi,
Dadlı duz yatağı, çölləri gördüm.
Kərim (10) müəllimin də çox-çox salamları var.
Qalın salamat. İmza:
sizin Aşıq İsgəndər Ağbabalı.
18.04.1983.
Salam, Aşıq İsgəndər. Məktubunu aldım. Çox sağ ol. Etibarına, sözünə bütövlüyünə, inamına görə təşəkkürümü bildirirəm. Yaxşı bilirəm ki, kəndinizdə poçt yoxdur. Məktubları yola salmaq üçün hər dəfə rayon mərkəzinə, ya da qonşu kəndə getməlisən. Bütün bunlar da sənə artq əziyyətdən başqa bir şey deyil. Hələ üstəlik işini-gücünü atıb bizlərə məktub yazırsan.
İsgəndər, dönə-dönə Daşdanın dəftərini səhifələdim. Çox təəssüf etdim ki, dəftərdə 1-12, 37-40, 66-71, 78-81, 84-85, 92-93, 96-97, 106-109 və 113-cü səhifədən sonrakı səhifələr yoxdur. Dəftərin 57-ci səhifəsindəki qeyddən aydın olur ki, 1951-ci ildə Cəfər Abbasov dəftərin üzünü köçürüb. Həmin şəxs yəqin ki, sizin qohumlardan imiş. Köçürdüyü dəftər durursa Daşdanın ruhu şad olsun deyə alıb bərpa etmək olar. Birdə dəftərin bu gündə olması məni bərk təsirləndirdi. Mən sizin bir kiçiyiniz kimi məsləhət görərdim ki, dəftərin üzünü səliqə ilə köçürəndən sonra onu Akademiyanın Əlyazmalar fonduna verəsiniz. Hər halda orada daha çox yaşayar və daha çox istifadə edilər.
Dəftəri səhifələdikcə bəzi suallar ortaya çıxdı. Onları sizdən öyrənməyə çalışacam.
1. Səh.44-46-da Köləli İbrahimin «Gəlin» rədifli bir pərakəndə müxəmməsi var. İbrahim haqda daha nə bilirsiniz? Şeirin tam variantı sizdə varmı?
2. (səh.53) Molla Nəbi kimdir? Onun başqa şeirlərini bilirsinizmi?
3. (səh.14) Aşıq Heydəri də tanıya bilmədim. Birinci şeirini heç oxuya da bilmədim. Əgər mümkün etsəniz onun şeirlərini də mənə göndərin. Haqqında da bildiklərinizi yazın.
4. (səh.17-18) Aşıq Ələsgərin adına «Yol qurbanı» şeiri verilib. Bu şeir aşığın son kitabında yoxdur. Şeiri oxuya bilmədim ki, Ələsgərin nəvəsi ilə əlaqə saxlayım. İmkan etsəniz həmin şeiri də göndərin.
5. (səh.20) «Var» şeirinin müəllifi sizə məlumdurmu?
6. (səh.33-34) Xayıfı kimdir? Onun haqqında nə bilirsiniz?
Gördüyün kimi suallarım çoxdur. Mümkün etsən hər sualıma ayrıca cavab ver ki, mən də çaşmayım. Sənə məktub yazmaqda kömək etmiş şəxsə də mənim təşəkkürümü bildir. Çox sağ olsun.
O ki qaldı Xəstə Hasana: sənin Murtuzandan bir xəbər çıxmadı. İstəyirəm sənin və Aşıq İslamın materialları əsasında bir məqalə yazam. Daşdanın dəftərində Xəstə Hasanın bir neçə şeiri var. Lakin diqqətlə oxusan görərsən ki, hamısının vəzni, qafiyəsi pozulub. Məncə bu şeirlərin doğru-düzgününü bilirsən. Əziyyətindən keçib. Xahiş edirəm tez «Mən» (səh.62) «Neyləsin» (səh.63), «Atasan» (səh.103-104) rədifli şeirlərin mükəmməl variantını və Usta Polada dediyi bağlamanı göndərəsən.
Çox təəsüfləndim ki, Daşdan haqqında hələlik heç nə əldə edə bilmədim. Mən sizi ona görə tələsdirirdim ki, 9 may Qələbə gününədək Daşdan haqqında yazıb «Ədəbiyyat və incəsənət» qəzetinə göndərim. Sizinlə burada söhbət edəndə mən elə başa düşdüm ki, Daşdanın özü də şeir yazırmış. Elə bilirdim dəftərdə öz şeirləri də var. Daşdanın şairliyi olsa onun haqqında Bakıda çap olunan qəzetlərə yazmaq asan olardı. İndi bir əlac qalır. Ya gərək mən özüm Amasiyaya gələndə Daşdan haqqında sənəd və xatirə toplayıb «Sovet Ermənistanı» qəzeti üçün məqalə yazam. Ya da tanış jurnalistlərdən birindən xahiş edək bu işi o boynuna götürsün. Allah kərimdi, fikirləşib bir iş görərik.
Mənim fikrim budur ki, Xəstə Hasan haqqında yazanda qısaca da olsa Daşdandan və onun dəftərindən danışım. Odur ki, Daşdanın qızının ad, familiyasını və hazırda yaşadığı kəndi də yaz.
Bütün bunlar belə. Məhərrəmlə də danışacam sənin dəftər və kitabını yola salsın. Görüm, əgər, mənə versə elə bu gün yola salacam (Amma heç inamım yoxdur ki, Məhərrəm mənə dəfdər, kitab verə). Nə isə… Çalışacam ki, Məhərrəmi tələsdirim.
Mənim üçün bəzi məsələlər aydın olmadı. Kərim müəllimi gördünmü? Sənin haqqında qəzetdə bir yazı dərc etdilərmi? Yoxsa bizim qəzetin yazdığını verdilər? Bu haqda mənə bir ətraflı məlumat ver. Əgər, lazımdırsa sənə arayış da alım göndərim ki, həqiqətən Aşıq İsgəndərin lentləri Naxçıvan televiziyası və radiosunda tez-tez səsləndirilir. Bu günlərdə Yerevana gedəcəm. Orada söhbət edəcəm. Görüm sənin haqqında qəzetdə və radio televiziyada niyə veriliş təşkil etmirlər.
Xəstə Hasanla bağlı materialları təcili göndərəndən sonra yavaş-yavaş (vaxtın olanda) diktə elə qoy «Məhəmməd və Pəri» (Gürcüstan qızı), «Yaralı Məhəmməd», «Yaralı Mahmud» və başqa dastanları yazsınlar. Yaddaşa çox etibar yoxdu. Yazı daha uzunömürlü olur. Çaşanda özün də baxarsan.
Daşdanın mənə göndərdiyiz şəklindən isə qəzetdə istifadə etmək mümkün deyil. Özünüzün də başqa nə sözü-sovu olsa buyur. Gözümüz üstə. Həmişə qulluğunuzda hazırıq.
Ailə üzvlərinizə və bütün qohumlarınıza salamımız daimidir. Sağlıqla qalın. Səbirsizliklə cavab gözləyirəm.
Dərin hörmətlə: Əli Şamilov.
Naxçıvan şəhəri.
03.05.1983.
Məktub. Məndən salamlar olsun mənim candan əziz qardaşım, qardaş oğluna və həyat yoldaşına, qohum qələbəsinə, qardaşım Məhərrəmə, Əsgər müəllimə və cəmi dost-qardaşlara. Siz də bizləri xəbər alsanız çox sağ olun, cannız sağ olsun, çox yaxşıyıx. Naxçıvan (11) qəzetni Kərim müəllimə və bizi isdəyən dosdara verdim. Sağ olun, siz də, burdakı dost-qardaşlar da! Bunlar da məni qəzetə verdilər. Özünüz oxuyun. Qardaşcan köhnə nağıllardan Qeyis Məhəmmədin bir nağlı var o belədir: İsvahandan Naxçivana parça alverinə gəlib. Naxçivanda 40 gün qalıblar – orada tilsimə düşüblər, sonra Qeysi oradan aparıb belə…
Bir də qurultaydan heç bir xəbər yoxdur. Canın sağ olsun. Qardaşcan öz sözümdən 3 xana yazıram başarsan «Bulağa» ver.
YALANÇI
Bu dünyada üşcə şeydən qorxum var,
Söz gəzdirən, ara vuran, yalançı.
Heç birinnən mənim könlüm düzəlməz,
Söz gəzdirən, aravuran, yalançı.
Söz gəzdirən bu dünyada qalmasın
Aravuran onun üzü gülməsin,
Yalançını görüm mətləb bulmasın,
Söz gəzdirən, aravuran, yalançı.
Mən Aşıx İsgəndərəm, əlimdə sazım,
Xoşdur kütlə üçün gələn avazım,
Onların üçnə bir qəbir qazım,
Söz gəzdirən, aravuran, yalançı.
Naxçıvanı və «Bulağ»ı hər vaxıt tuturux, televizorla və radio ilə. Belə qal salamat.
İmza: sizin Aşıx İsgəndər Ağbabalı.
05.06.1983.
Salam Aşıq İsgəndər. Qulağın Quran səsi eşitsin aşıq qardaş! Bizə tez-tez dərdi-qəmimizi unutdurursan. İşdən gəlib istəyirdim ki, çörək yeyəm. Gördüm küçədən səsin gəlir. Bildim ki, yenə meydan açıbsan. Radionun səsini verdim. Yenə Xəstə Hasanın «Ayağı gözlər»ini oxuyurdun. Əyləşdim maşınkanın arxasında ki, sizləri yad edim. Başladın Şenliyin «Çalpapağı»nı oxumağa.
Küçədə gedəndə, maşınla bir yerə səfərə çıxanda bir də görürəm oxumağa başladın. Bəlkə də Naxçıvan radiosunda ən çox oxudulan sənin lent yazılarındır. Yəqin Naxçıvan Dövlət Pedaqoji İnstitutunda oxuyan ağbabalılar tətilə gələndə sənə də xəbər gətiriblər ki, Naxçıvan radiosunda tez-tez oxuyursan. Bu oxumağın da bizlərə ləzzət verir. Bir çox tanışlar da məndən gileyli qalıblar ki, niyə sən burada olanda onlara xəbər verməmişəm. Bir sözlə radio Naxçıvanda sənə kefin istəyən hörməti qazandırıb. Onu da diqqətinə çatdırım ki, bir neçə gün bundan əvvəl iki saz havanı «İrfani» ilə «At üstünü» «Bulağa» göndərmişəm. Nə vaxt verəcəklərini dəqiq bilmirəm. Qulağın səsdə olsun ki, özün eşidəsən.
Aşıq İsgəndər, bağışla ki, yay və payızda bir az başımız qarışıq olduğundan əlaqə saxlaya bilmədik. İki-üç dəfə Moskvaya və Krıma getdiyim üçün Naxçıvanda da az olmuşam. Amma qəzetləri izləyirəm. «Əmək» qəzetini özün göndəmişdin. «Sovet Ermənistanı»nı isə mən özüm alıram. Şəklini və haqqında yazını oxuyanda sevindim. Amma, təəssüfləndim ki, Naxçıvanda çəkdirdiyin şəkli niyə verməyibsən? Onu versəydilər daha yaxşı olardı.
Aşıqlar qurultayının yubadılması da işlərimizi xeyli pozdu. Şeirlərini saxlayıram ki, qurultay ərəfəsi verim. Onu yaz görüm Qazaxıstana getmişdinmi? Oralarda nə var, nə yox? Nə xoş xəbər, nə yeniliklə gəlibsən? Elə bir yenilik varsa göndər çap etdirək. Bir də yadında varsa «Məhəmməd və Pəri» dastanını göndərəsi idin. O, nə yerdə qaldı? Vaxtın olsa biz tərəflərə də səfər eylə.
Yazmaqla söhbətim qurtarası deyil. Sözüm çoxdur. Ailə üzvlərinizin hamısına çoxlu-çoxlu salamımız var. Hə birdə, bu yaxınlarda qəzet və aşıqlar kitabını sənə göndərəcəm. Qəzetdə sənin dediyin şeirlər olacaq.
Sizlərə daim dərin hörməti olan: Əli Şamilov.
373630 Naxçıvan şəhəri,
Puşkin küçəsi, ev 78, mənzil 44.
27.01.1984.
Məktub. Məndən salamlar olsun mənim candan əziz olan dost-qardaşlarma, Əliyə, ailəsinə, Məhərrəm müəllimə, ailəsinə, Əsgər müəllimə, ailəsinə və bütün dost-qardaşlara, bizi yada salanlara.
Qardaş can, sizlər də bizim tərəfləri xəbər alsanız çox sağ olun, çox yaxşı dolanırıx. Əli can sənin bir kağzını aldım bütün ailəlikcə səni təbrik eləyirik. Doğurdan da ehdibarlı insan var.
İndi deyim eşid: yanvar ayında 2 dəfə Araz radiosunda eşitdim öz sözlərimi. Qazaxsdana getmədim, dedim özümü 5 manata satmam. Çağırdılar da. Əmm bə, şagirdim Murtazadan kağız aldım. O deyirdi ki, sizə məktub yazacax. Bilmirəm yazdımı? Bu da belə.
İndi Yeravandan deyim. Sizdən sonra Yeravan başladı. Məni 10-12 dəfə Yeravana çağırdılar. Qultura Ministirliyi yoldaş Saroyan Hovanesyan Qarniq kəndinin yanında ən qədim vaxtdan bir böyük ev var, orada qansert verdik. Bir də Yerevanda qulubda, Sayyat Novanın heykəlinin yanında yaxşı qansert verdik. Mənə nişan verdilər, bir dəs də paltar, yəni qasdiom, şalvar, jileta verdilər, hökumətin hesabna, pulsuz. Özümü seçdilər Ermənisdanda olan Azərbaycan aşıxlarnın böyüyü. Mənə dedillər ki, sənət məktəbində müəllimdə işləyə bilərsən. Belə oldu işmiz. Sənin qadan alım, mən sizdən çox razıyam. Özümü də qurultaya numayəndə seçdilər. Necə el aşığı, şəklimi Yerevanda arxivə qoydular. Yəqin qazetdə oxuyacaq, ya da eşidəcəksən.
Belə. Qaldı ki qurultay işmiz, hələ vaxdı bilinmir. Qaldı «Məhəmməd Pəri xanım» dasdanı, böyük dasdandır. Bir 3 xana söznü yazacam. Yaz aylarında çağrış eləsəniz gələ bilərəm. Onuda siz bilərsiniz. Onda həmin dasdanı, bir də «Yaralı Mahmud»un dasdanını da Məhərrəm müəllim isdəmişdi, sizə canım da qurbandı (12).
Belə deyir söz çoxdur. Bir də öz sözüm orda
Mən də gəzdim Naxçivanın elini,
Süsən-sünbül, tər bənövşə var orda.
Eşidmişəm şirin-şirin dilini,
Eyvan-otax, bulur-şüşə var orda.
Bir yanı Arazdı, bir yanı dağdı,
Bir yanı süsəndi, bir yanı bağdı,
Qocası, cavanı ürəyi sağdı,
Əməkdar el hər bir peşə var orda.
İsgəndərəm deyim ürək sözümü,
Eşqə gəlib vurdum telli sazımı,
Tərif edim cavan oğlan, qızımı,
Vətənmizə bir tamaşa var orda
Qalın salamat əl tutub ayrıldıx. Aşıx İsgəndər Ağbabalı. Ayın 7-si aldım sənin məkdubun. Cavab yazdım 8-ində.
08.02.1984.
Salam, Aşıq İsgəndər. Aşıq qardaş, ailə və uşaqlarına, qohumlarına tükənməz salamı olan Əli sizləri yenə narahat edəcək. Yazdıqlarını oxuyub sevindim. Sevindim ki, nəhayət Sizə layiq olduğunuz qiyməti verməyə başlayıblar. Görünür Naxçıvan səfərinizin ayağı uğurlu olub.
Məlumun olsun ki, sənin dediyin, uşaqların yazdığı «Xəstə Hasanla İrfaninin deyişməsi» dastanından iki şeiri imkan tapıb qəzetdə dərc etdirə bildim. Allah qoysa o biri şeirləri də yavaş-yavaş çap etdirəcəm. Şeiri söyləyən kimi sənə pul da göndərəciyik. Hər halda bəy verən atın dişinə baxmazlar. İkinci tərəfdən də adı elə sənə bəsdi. Bu gündən sonra Xəstə Hasanı kim çap etdirsə də adı sənindi. Çünki Xəstə Hasan ilk dəfə sənin adınla mətbuata çıxıb. O ki, qaldı Naxçıvana gəlməyini. Könlün nə vaxt istəsə yaz çağırış göndərək. Mən ona görə çağırış göndərmirəm ki, hələ bəzi işlər düzəlməyib. Allah qoysa görək burda bəzi yoldaşları razı sala bilsəm sənin teatrda konsertini (pullu) təşkil edib afişa çap etdirəcəm.
O ki, qaldı qurultaya. Onun nə vaxt olacağını hələ dəqiq bilmirik. Xahişim budur ki, qış gecələrində hərdən danış, qoy uşaqlara «Məhəmməd və Pəri xanım» və başqa bildiyin rəvayət şeirləri yazdır. İmkan düşəndə çap etdirək. «Pəri xanım və Məhəmmədin» yolunu isə səbirsizlikə gözləyirəm. Xahiş edirəm imkan tapıb onu tez göndər. Hələlik sağlıqla qal.
Salam de. Əli.
Naxçıvan şəhəri.
26.02.1984.
Salam, Aşıq İsgəndər. Aşıqların IV qurultayından qayıtdm ki, səndən məktub gəlib. Əslinə qalsa qurultaya elə ona görə getmişdim ki, tanışları, ürəyim istəyən adamları görüm. Çox təəssüf ki, o da baş tutmadı (13). Qurultay çox sönük keçdi. Mən belə gözləmirdim. Sanki tənələrdən canlarını qurtarsınlar deyə başdansovdu bir iclas elədilər. Yəqin kimlərin gəldiyini qəzet-lərdən özün oxuyubsan. Ona görə təfsilatına varmıram.
Maraqlısı o oldu ki, «Bakı» mehmanxanasındakı otağıma 20-25 nəfər aşıq və balabançı yığılmışdı. Söhbət səndən gedirdi. Bu zaman «Bulaq» başladı. Sənin çaldığın «İrfanı» səsləndi. Hamı maraqla qulaq asdı. Etiraz edənə, dodaq büzənə rast gəlmədim. Aşıqların çoxu üzünü görməsə də səni yaxşı tanıyır.
Səni sevindirəcək başqa bir xəbər də verim. Bu gün-lərdə bizə bir qız gəlmişdi. Qız Bakıda Konservatoriyanı bitirib. Azərbaycan Aşıqlar Birliyində işləyir. Məni gör-məmişdən əvvəl Naxçıvan radiosuna gedib. Oradakı musi-qi lentləri arasında sənin səsin yazılmış lentlərə də rast gəlib. Çaldığın havalar və oxuduğun mahnılar qzın çox xo-şuna gəlib. Xüsusən ona görə ki, bu havalar az-az səslənir.
Çoxlarına elə gəlir ki, bakılıların aşıq musiqisi haqqında geniş bilkiləri yoxdur və buna görə də aşıq musiqisini sevmirlər. Əslinə qalsa bu aldadıcı təsəvvürdü. Bizə gələn, səninlə və sənin çaldığın havalarla maraqlanan qızın ata-babası Abşeronun Saray kəndi-ndəndir. Bakıda doğulub, orada da boya-başa çatıb. Səhv etmi-rəmsə orta məktəbi də konservatoriyanı da rusca bitirib. Aşıq mu-siqimizi öyrənənlərin çoxu ana dilimizdə normal danışmağı belə bacarmırlar. Kamilə isə dilimizi çox gözəl bilir. Kaş bizim rusca oxuyanların yüzdə biri onun kimi dilinə, mədəniyyətinə, xalqına hörmətlə yanaşaydı. Allah qoysa sənin görüşünə gələcək. Mənə işinə çox ciddi yanaşan insan təsiri bağışladı. Gələcəkdə aşıq mu-siqimizin ən gözəl tədqiqatçısı ola bilər. Ona əlimizdən gələn köməyi göstərməliyik.
«Bulaq»da çaldığın «İrfanı»yə qulaq asa bilibsən, ya yox? Qarşıdakı həftələrdə yəqin ki, «Bulaq» sənin ifanda «Çalpapaq» mahnısını səsləndirəcək. İmkan etsən özün də qulaq as.
Bir ətraflı yaz görüm zəlzələ siz tərəflərə və sizdən o tərəflərə (14) (televizorda baxırsınız, vəziyyəti bizdən yaxşı bilirsiniz.) elə bir ziyan vurmayıb ki? Gəlib-gedənlərdən, məktublaşanlardan da bir xəbər tut gör İslamın (aşıq) başında nə qəza var, mənə məktub yazmır. Salamını Əsgərə bu gün yetirərəm. «Xəstə Hasan» haqqında yazını da diqqətlə oxuyub fikrini yaz.
Dərin hörmətlə: Əli Şamilov.
373630, Naxçıvan şəhəri,
Puşkin küçəsi ev 73 mən.44.
26.03.1984.
Məktub. Məndən salamlar olsun mənim əziz dost-qar-daşlarım olan Əliyə, ailəsinə, Məhərrəm müəllimə, ailə-sinə, Əsgər müəllimə, ailəsinə. Əzizlərim necəsiniz, kef-halnız necədir? Əgər bizləri xəbər alsanız çox şükürlər olsun Allaha, yaxşı dolanırıq. Əli can sizin məktubu aldım, çox sağ olun, minnatdaram hörmətnizə qarşı. Qaldı «Bulax»dan «İrfanı» havasını eşiddim. Çox şad oldum. 2-3 dəfə də «Araz» radiyosunda eşiddim, bir dəfə də televi-zorda eşiddim. (15) Canın sağ olsun, doğurdan da bafalı dost tək olar, insanlar da yüzdə birdi.
Əli can, qurultaya bizi niyə çağırmadılar? Mən ona görə heç bir yana getmədim ki, ayıbdır. Sizə söz vermişdim. O mənə bir az dəydi. Çünki qəzetlərə qədər məni yazdılar. Axrı heç oldu. Zərəl yox, canın sağ olsun. Xəstə Hasanın çox sözü var, Qarzaxda Qaranı ilə deyişmə, Xosbuya bəylərində İrfanı ilə deyişmə, Daşdıqullurda Aşıx Polatla deyişmə. Gurcusdanda həmin sana yazdığım Gurcusdan qızı və Tərviz oğlu onun yazdığıdır. Sonra bir söz: Aşıx Bəşir Naxçıvandan olur, bilmirəm hansı kəndindən. Onun qızını Tovuza qaçırırlar, Hüseyin adlı bir şəxs, onun da yeznəsi ilə deyişməsi var sözü də:
Bəşir:
Axşamdan nə olsa xub gələr keçər,
Qonağın qaydına qal səhər ertə.
Qonax da qanandı guzaran eylər,
Bir az kərə yağnan, bal səhər ertə.
Hüseyn:
Axşamdan var idi bir az balımız,
Sabax necə keçər bizim halımız.
Qırıldı qoynumuz, tamam malmız,
Qonağa verəcəm şor səhər ertə.
Qurultaya gəlsəydim çox işlər olardı. Mən orda elə köhnə sözlər havalar deyərdim ki, bir aşıxda ola bilməzdi. Yenə də canın sağ olsun qal salamat.
İmza: İsgəndər Ağbabalı
03.04.1984.
Məktub. Məndən salamlar olsun mənim candan əziz olan qardaşım oğluna, qardaşma və həyat yoldaşna. Eləcə də Məhərrəm qardaşma. Əzizlərim, sizlərin sağ və salamat, xoşbəxd olmağınızı o bir Allahdan arzu edirəm. Sizdə bizləri yada salsanız çox şükür Allaha sağ salamat yaşayırıq. Qardaş can, radiyoda, yəni, «Bulax»dan eşiddim sözlərimi. Özüdə dedi: «Naxçivandan Şəmilov Əli verib». Çox razı oldum. Doğurdanda ot bitər kök üsdə, əsli nə isə. Sizin köknüzə Allah rəhmət eləsin, sizində cannız sağ olsun. Sonra 14 manat da pul aldım. Deyirəm Əli can, o pulu özün alıb bir qanyaq ala, orda mənim də sağlığma içəydin, o daha yaxşı olardı. Canın sağ olsun, çox sağ ol.
Bir fikirə düşmüşəm. Olarsa, yaz aylarında isdəyirəm Bakıya gələm. Orada nə bilim televizora, radiyoya yazım. Sənə xəbər eliyəm gəldiyimi. Sən çağrış verəsən mən propuska alam gələm sizə boş olsan barabar – gedək. Çunki sənin tanışın çoxdur. Keçmiş havalardan sözlərdən verək. Belə. Yenə də sağ olun hamnızın. Belə qal salamat. Əl tutub ayrılıram. Qalın salamat. Sənin qəzetə verdiyin Xəstə Hasanın sözlərni yoladım Qazaxısdana, Xəstənin qohum-larna. İnansınlar ki, siz Xəstə Hasanı adlandırırdınız. (16) Belə daha nə yazım. Qal salamat.
İmza: İsgəndər Ağbabalı.
Yeravana da məni tez-tez çağırırlar. Aşıxlar sesyasınnan gəlirəm.
29.05.1984.
Salam, Aşıq İsgəndər. 29.5.84-cü ildə yazdığın mək-tubu aldım. Diqqətinə görə çox sağ ol. Məktubuna cavabın yubanmasının səbəbi Bakıda olmağımdır. Bakıdan dünən gəlmişəm. Sənə məktub yazanda Molla Nəsrədinin bir lətifəsi yadıma düşdü. Mollaya dedilər: «Arvadın gəzə-yəndir. Dedi: – Bəs bizə niyə gəlmir». İndi mən də bu qədər gəzirəm, amma, vacib yerlərdə ola bilmirəm. Bakıda H.Cavidin yubileyi ilə əlaqədar qəzet çıxardıq. Başım ona qarışdığından heç radio-televiziya tərəfə gedə bilmədim.
Mənə Bakıya gedib radio-televiziyada verilişini təşkil etdirməyi təklif edirsən. Sizin qabağınıza düşüb təşkil etmək borcum və vəzifəmdir. Əvvəlcə danışıb razılaş-madan səni Bakıya aparmaq artıq əziyyətdən başqa bir şey deyil. Özün yaxşı bilirsən, nə mənim, nə də sənin elə bir vəzifən var ki, bizi görən kimi hər şeyi təşkil edələr. Nax-çıvanda yarım saatlıq verilişi yazmaq bir həftəyə yaxın vaxt apardığını özün gördün. Hələ onun təşkilatı məsələ-lərini mən əvvəlcədən hazırlamışdım. Qarşıdan yay gəlir. Bakıda tanışların əksəriyyəti də məzuniyyətə gedir. İstəmərəm yayın istisində Bakının küçələrinə qalaq. Əgər, tələsməsən mən tanışlarla danışıb razılıqlarını alaram. Ona kimi də hansı havaları oxuyacağını, hansı dastanı söyləyəcəyini müəyyənləşdirərik (Orada hər şey dəqiqə ilə hesablandığını özün yaxşı bilirsən). Allah qoysa payızda gedib müəyyən olunmuş vaxtda səsini yazdırarıq.
Əvvəlki məktublarından birində Naxçıvana gəlmək istədiyini yazmışdın. Mən ölçüb-biçmişdim ki, aşıqlar qurultayı ərəfəsində çağırış göndərərəm gələrsən Naxçıvana. Buradan da birlikdə gedərik Bakıya. Qurultayı elə tələsik keçirdilər ki, hər şey alt-üst oldu. Qurultaydan qayıdandan sonra aprel ayının axırlarında Qubaya toya getdim. İyunda da bir həftə Bakıda qaldıq. Həm də nə toyun, nə də qəzet çıxarmağa gedəcəyimiz vaxt dəqiq bilinirdi. Ona görə də səni çağırtdırmadım. Qorxdum ki, sən gələn vaxt mən burda olmayam. O da olar yalançılıq. Necə ki, Aşıq Mirzalının yanında oldum yalançı. O kişiyə söz verib, vaxt təyin etmişdim. Çox təəssüf ki, gedə bilmədim.
O ki, qaldı pul göndərməyimizə. 14 manatı alıb konyaka versəm nə mən varlı olardım, nə də sən kasıb. Yüz elə on dörd manatları xərcləyibsən. Bu on dörd manat sadəcə olaraq diqqətdir. Qoy kənddə də hamı görsün ki, Aşıq İsgəndərə Naxçıvan qəzetindən pul göndəriblər. (Allah televiziya işçilərinin üzünü qara eləsin ki, ötən il tənbəlliklərindən və laqeyidliklərindən sənə fərli pul gön-dərmədilər. O pulu heç özləri də almadı. Batdı getdi.) Allah qoysa bundan sonra da hansı şeirini dərc etdirə bilsəm qonararını alacaqsan.
Sənin Naxçıvanda yazdığın lent yazılarından «İrfanı» martın 19-da, «Çalpapaq» isə mayın 20-də «Bulaq»da verilib. İndi növbə Qaçaq Usuvundu. Ona görə də gərək mənə bir balaca yazasan görüm qaçaq Usuv hansı rayon-dan, hansı kənddəndir? Nə vaxt qaçaqlıq edib, niyə qaçaq-lıq edib? Nə kimi hünər göstərib? Mən də onu yazıb gön-dərəm «Bulağa» ki, verələr.
Bütün bunlar öz yerində. Yaz görüm evdə-eşikdə nə var, nə yox? Necəsiniz? Mən də bəlkə bu yay sizin rayo-nun Qaraçanta (Əzizbəyov) kəndinə gəldim. İmkan olsa sizi də görəcəm.
Qal salamat. Ailə üzvlərinizə və qohumlarınıza salamımız daimidir.
Dərin hörmətlə: Əli Şamilov.
12.06.1984.
Naxçıvan televiziyasındakı verlişdən sonra çəkilmiş bir şəkil. Soldan: Əli Şamil, İsgəndər Ağbabalı və Əsgər Qədimov.
Məktub. Məndən salamlar olsun mənim əziz qardaşlarım və qardaş oğlanlarna: Əliyə və Məhərrəm müəllimə və ailələrnə və cəmi dost-qardaşlarına. Əli can, sənin qadan alım doğrudanda ehtibarlı adamlarsınız. Sizin «Bulağ»a verdiyiniz sözləri eşiddik. «Bulax»dan bazar günü və birinci gün verilişi eşitdik. Ayın 17-si məni Yerevan radyosuna çağırmışdılar, söz yazmağa. 8 nömer söz yazdılar. Hələ verməyiblər. Geri gəldim bütün el dedi: «Sənin sözünü «Bulax»da oxudular. Moskva oblastından da mənə təbrik məktubu gəldi. Sənin qadan alım, səndən mən dağlar qədər razıyam, çox sağ ol. Əli can, bu «Araz» radiosu hər gun saat 6-dan sonra danışır. O, sizin radiodurmu? Belə, daha nə yazım. Qalın salamat. Əl tutub ayrılıram. Mən sana 3 xana gülməli sözlər yolladım, çatdımı? Birini də yazıram, öz sözlərimdən.
Keçən sözü yada salasan alagöz,
Nələr gəldi keşdi öz aramızda?
Bir sən idin, bir mən idim, tək yalqız,
Dedim ki, açılmaz söz aramızda.
Sən bilirsən mən də sana mayılam,
Onun üçün ətrafında sayılam,
Yaxşı gündə gözəl halna qayılam,
Olarmı bu qədir naz aramızda.
Aləm bilir ilqarımda duraram,
Şən həyatda gözəl dövran sürərəm,
İsgəndərəm, ilqarımı verərəm,
Gətir kağız, qələm yaz aramızda.
Qal salamat. Əl tutub ayrıldıq. Lazım olsa, yenə də söz yazar, yolluyuram.
İmza: İsgəndər Ağbabalı.
Məktub. Məndən salamlar olsun qardaşım oğlu və qardaşım Əliyə və həyat yoldaşına, Cəfərov Məhərrəmə, həyat yoldaşına, Əsgər müəllimə, həyat yoldaşına və bütün dosdarıma, qardaşlara. Sizlərin xoş günün, şən həyatını isdəyirik, Siz də bizləri xəbər alsanız, çox sağ olun. Bizlər də yaxşı dolanırıq. Əli can, sizin yazdığınız məktubu aldım, çox şad oldum. Sizin də həmişə şad omağınızı o bir Allahdan arzu edirik. Qaldı «Çalpapax», «İrfaini»ni eşitmək. Amma televzorda bircə dəfə gördüm. Sağ olun.
Qaldı indi Dəli Yusub. Dəli Yusub olub Ermənisdanın Amasiya rayonunun Göllü kəndindən. Atası Hacı Alı oğlu. Oğullar: böyük qardaş Omar, ikinci Dəli Yusub. Omarı duşmən tərəfindən öldürüblər. Yusub də düşmənin oğlu Musanı öldürür və qaçaxlığa çıxır. Yusubun qaçaxlığı Niqalay hökməti vaxdında olur. Qinyazlar onu Amasiya rayonunda tutub Qars qubernatına verillər. Qubernat çağrır ki, Dəli Yusubu tuta. O da gedir. Qubernat baxır ki, bir yaxşı oğlandı. tutmur. Onda qubernata pul verillər. Qubernat uryadniqi yoladı Yusubun dalınca ki, get, Yusubu geri qaytar. Onda uryadniq qubernatın öz atnı, silahnı alıb Yusubun dalınca gəlir. Arpa gölünün kanarında çatır və Yusuba deyir ki, «Yusub, səni qubernat geri çağırır». Yusub deyir: «Mən yenicə yanında idim». Amma başa düşür ki, burda dolaşıq iş var. Onda uryadniqə deyir ki, gəl sana da bir az xərclik verim, get deynən: «tapa bilmədim». Uryadniq Çərkəz oğlu Hasan deyir: «Yox, ya özünü aparacam, ya da başnı». Onda Yusub belə deyir:
Özün ki, islamsan, din qardaşısan,
Bir bazar xərcliyi al, geri qayıt.
Məni tanımırsan yəqin, naşısan,
Bir bazar xərcliyi al, geri qayıt.
Hasan:
Çox da laf eyləmə, bu qədər yetər.
Bu sevdadan geri dönmək olarmı?
Eşidər sultanlar gülləyə tutar,
Bu sevdadan geri dönmək olarmı?
Yusub:
Bəylərin sözünü tulla kanara,
Başar ki, özünə yaxşılıq ara,
Anannan-bacına geydirrəm qara,
Bir bazar xərcliyi al geri qayıt.
Hasan:
Eşidsə sultannar dalınca gələr,
Tüfəngin süngüsü sinəni dələr,
Qohumun qardaşın üsdündə mələr,
Bu sevdadan geri dönmək olarmı?!
Yusub:
Mən bilirəm qubernatın zatını,
Eşidmədin, sən Yusubin adını?!
Öldürrəm, əlindən allam atnı,
Bir bazar xərcliyi al, geri qayıt.
Hasan:
Çərkəzin oğluyam, Hasan diyəllər,
Düşmənin bağrını kəsən diyəllər,
İndi görək kimə əhsən diyəllər,
Bu sevdadan geri dönmək olarmı?!
Burada hər ikisi vuruşur, Yusub Hasanı öldürür, atnı, silahını da əlindən alır. Əli can, bu iş nəğdi olub. Amma mən özüm 20-25 xana söz yazmışam, bunun 6 xana sözü var. Belə, daha nə yazım.
Qal salamat. İsgəndər Ağbabalı.
23.06.1984.
Salam, Aşıq İsgəndər! Nə var, nə yox, aşıq qardaş? Çoxdandır səsin gəlmir?! Haralardasan? Nə işlə məşğulsan? Səhhətin necədir?
Neçə vaxtdır bizim başımız Naxçıvanın yubileyinə qarışmışdı. Yubileyi yola saldıq. İndi başımız bir az ayazıyıb. İndi dost-tanışla hal-əhval tutmaq olar. Bizim vəziyyətimiz sizin sağlığınıza yaxşıdır. Elə gördüyün kimi dolanırıq. Özün, ailən və arzu-istəyin haqqında ətraflı məktub yaz.
Ailə üzvlərinə, qohumlarına salamımız daimidir.
Dərin hörmətlə: Əli Şamilov.
Naxçıvan şəhəri.
20.11.1984.
Məktub. Məndən salamlar olsun mənim əziz qardaşlarım və bacılarım oğlanlarına, Əliyə, Məhərrəmə, Əsgər müəllimə, ailələrnə və bütün dost-qardaşlara. Əzizlərim, bizlər çox yaxşı dolanırıq. Allah sizləri də yaxşı eləsin. Əli can, bağışla kağızı gec yazdım. Əli can, səndən bir söz xahiş edirəm. Mən isdəyirəm Bakiya radio uzelə gələm mart ayında. İndi bəlkə də yolun düşdü Bakiya getdin, hələ orada sən də danış. Orada biz tərəfdən işləyən, ya da sənin dosdun olsa mənə adresini yaz. Mən kağızla danışım, orada bütün köhnə havalar və köhnə sözdəri diyərəm. İndi sənə köhnə bir söz yazıram onu «Bulağ»a ver. Burada, indi məni Yeravana radio uzelə çağracax, İsmayıl İsmayılov. Sən canın, yazda da bir qonağım olun. Məhərrəm, sən Əsgər müəllimi görsən çox salamlar söylə. Belə. İndi sözü yazıram:
Bir gün, keçmiş illərdə bir keçəl kasıb oğlan bir ağanın qızına aşıx olur. Qız dağa gedir, o da gedir, arana gəlir o da gəlir. Bir gün qız bulağa, suya gəlir. Keçəl də gəlir. Qız deyir: «Ay keçəl, məndən əl çək, səni öldürəllər yazıxsan». Keçəl deyir: «Yox, ölsəm də sənin yolunda öləcəm». Qız-Nazani xanım deyir: «O ki, elədi sana 3 bağlama diyəcəm, əgər tapsan sana gələcəm, yox tapa bilmədin daha məndən əl çək» Keçəl razı qalır. Nazani xanım belə deyir:
Ay Keçəl:
Qapımızda səlb ağacı,
De görüm nədi, ay Keçəl?
Topuğundan uzun saçı,
De görüm nədi, ay Keçəl?
Keçəl gülür, deyir: «Ay qız, onu mənim anam mənə həmişə lay-lay diyərdi». Aldı Keçəl:
Qapımızda səlb ağacı,
Sən özün deyilsənmi, xanım?!
Topuğundan uzun saçı,
Sən özün deyilsənmi, xanım?!
Nazani xanım:
Evimizdə vardı quyu,
İçində zəm-zəm suyu,
Şöylə salır alçax boyu,
De görüm nədi ay Keçəl?
Keçəl:
Evinizdə vardı quyu,
İçində zəm-zəm suyu,
Şöylə salır alçax boyu,
Lampanız deyilmi, xanım?!
Nazani xanım:
Utan ay keçəl, utan,
İgitlərin yerin tutan,
Sən keçələ yalan satan,
De görüm kimdi, ay Keçəl?
Keçəl:
Utan, ay xanım, utan,
Özünü çox başda tutan,
Mən keçələ yalan satan,
Sən özün deyilsənmi, xanım?!
Odur ki, o Keçələ gedərdimi? Elə də getmir.
Öz sözlərim:
ALAGÖZ
Keçən günü yada salsan, alagöz,
Nələr gəldi, keçdi öz aramızda.
Bir sən idin, bir mən idim, tək yalqız,
Dedim ki, açılmaz söz aramızda?
Sən bilirsən, mən də sənə mayılam,
Onun üçün qapınızda sayılam,
Yaxşı günnən yaman günə qayılam,
Olarmı bu qədər naz aramızda.
İsgəndərəm, ilqarımda duraram,
Şən həyatda gözəl devran sürərəm,
İsgəndərəm, ilqarmı verərəm,
Gətir kağız-qələm yaz, aramızda.
Belə bağışla cavab gözləyirəm. İsgəndər Ağbabalı
05.02.1985.
Məktub. Məndən salamlar olsun mənim əziz qardaşlarım Şəmilov Əliyə və ev – ailəsinə. İkincisi Cəfərov Məhərrəmə. Əzizlərim, ailənizə və bütün el-obanıza salamlarım var. Qazaxısdan elinin Çimkənd oblasdı Lenker rayonu Çuxurbulaq kəndində sizə əziyyət verən də sizin qardaş – Aşıx İsgəndər Ağbabalıdır. Məni burya, toya dəvət ediblər. Yadıma sizin hörmət düşdü. Sizə mən də yazdım. Mən bir ay qalacam həmin Çimkənd oblasdında. May ayında Alma-atada olacam. Əgər cavab yazsanız, tez olsa bu adresə yaz.
İndeks 487950 Çimkendski ob. r-n Vanofqa, Kalxoz Azatlıx, ul. Çuxurbulax. Muratbayov İsgəndər Ağbabalı.
Yox may ayında yazsanız belə adres: A/Atinski ob. Qasdelno, 3 Aşıq İsgəndər Ağbabalı.
Belə, qardaş can, Xəstə Hasanın adamları burada çoxdur. Nə isdəyirsən Xəstə Hasandan yazax. Belə. Qaldı buralarda havalar isdi keçir – sən canın Məhərrəmə də salamlar söylə. Qaldı həmin öz şagirdim Murtəzəni də görəcəm. Belə. Daşdan Daşdanovun tərcümeyi-halını göndərirəm. Əgər istəsəniz Amasiya rayon vayenkomatından çastnı və aldığı orden haqqında soruşa bilərsiniz:
Daşdanov Daşdan haqqında
Daşdanov Daşdan Balabəy oğlu, anadan olub 1921-ci ildə Ellər kəndində orta kəndi ailəsində Ellər kənd ibtidai məktəbini qurtarıb. Güllücə kənd yeddi illik məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra Amasiya rayon orta məktəbinin 8-ci sinfinə daxil olub. 10-cu sinfi qurtarıb, sonra Quzukənd 7 illik məktəbinə müəllim təyin ediblər. 1941-ci ildə Sovet Ordusuna çağırılıb. Orduda kapitan zvaniyası alıb. 1944-cü ildə Böyük Vətən müharibəsində həlak olub. Müharibədə aldığı II dərəcəli Vətən Müharibəsi ordenini ailəsinə Ellər kəndinə yollayıblar. Aldığı ordenin qınşkası və qəbzi Gürcüstanda yaşayan qızıgildədi. Mümkün edə bilsəm, Orden qnışkasını və kağızı sizə yollayacam. Daha nə yazım.
Qal salamat. İmza: İsgəndər Ağbabalı.
13.4.1985.
Salam, Aşıq İsgəndər! Aşıq İsgəndər, yel qanadlı, xoş soraqlı məktubun özünü beş-altı günə mənə yetirib. Yəqin ki, mənim məktubum da sizlərə belə tez çatar.
Aşıq İsgəndər, bizim qəzetdə Xəstə Hasan haqqında yazdığımı yəqin ki, özün oxumuşdun. Səhv etmirəmsə, həmin qəzetdən bir neçəsini Murtuzaya göndərmişdim. Bilmədim nə üçünsə cavab yazmadı.
Sənə yazdığım bu məktubu iki surət edirəm. Birini, Vannovka rayonuna, o birini isə Talqar rayonundakı adresinə göndərirəm. Bu işləri sən məndən çox bilirsən. Ona görə də sənə sual göndərməyi artıq sayıram. Söhbət zamanı özün görürdün ki, mən nəyi daha çox xəbər alıram. Birinci, nə qədər bacarırsan, təzə – bu tərəflərdə məlum olmayan şeirlər gətir. İkincisi, şeirini öyrəndiyin hər bir aşığın hansı kənddə doğulduğunu, təxminən hansı vaxtlar yaşadığını, ata-babasını, uşaqlarını (onlardan kimin harada yaşadığını) müəyyənləşdirməyə çalış. Xüsusən, Xəstə Hasanın «Yüzdə bir» şeirində adı çəkilən Qul Qaranı, Qara Zülal, Aşıq Ömər, Çöllü İsmayıl, Molla Xəlif, Küfdadi, Üfani, Aşıq Teyfi, Usta Polad (hansı ki, danışırdın ki, Xəstə Hasanla deyişif), Dəli Tamı və başqalarının şeirlərini, hansı kənddə doğulduqlarını, kimlərinin indi harada yaşadığını öyrən.
Aşıq İsgəndər, mən bir yazıda oxudum ki, Xəstə Hasanın yaşadığı kənd Mesxet-Cavaxetidən olub. Hasanın nəsli-kökü Qarapapaq tayfalarının İmirhəsənli qolundan olub. Qarapapaqlar, eləcə də İmirhəsənlilər 1830-cu ildən sonra Borçalı və Qazaxdan Axskaya köçüblər. Xəstə Hasan da Levis kəndində deyil, Dırğına kəndində doğulub. Qazax və Borçalıdan köçən Qarapapaqlar (yəni, azərbaycanlılar, Qafqaz türkləri), «Niyal düzü»ndə Levis, Van, Qarzamet, Kiondra, Daşlıqışlaq, Ələncə kəndlərini salıb, «Levis cəmiyyəti» yaratmışlar.
Hər-halda, belə bir tarixi fakt olsa, onu yaşlılar nağıl edib rəvayət şəklində xatırlayarlar. Bir də öyrən gör, Qazaxıstana köçən türklərin Qafqazdakı tarixini kim yaxşı bilir. Onların bir dərin savadlısı ilə mənim məktublaşmamı təşkil et. Təcili cavab yaz! Allah qoysa, qayıdanda da mənə xəbər elə. İmkan tapsan, Murtuzaya yazdığım məktubları da diqqətlə oxuyub suallarıma cavab al! Sağlıqla qal!
İmza: Əli Şamil 21.04.1985
Salam, Aşıq İsgəndər. Aşıq İsgəndər, məktubunu alan gün cavabı yazsam da ikinci məktubu da yazmağa ehtiyac duydum. Məktubumun biri çatmasa da, yəqin o biri çatar. Yaxud da sənə çatmayan məktub hər halda Xəstə Hasanı tanıyanlardan birinin əlinə keçər. Onlar bildikləri haqda mənə cavab yazıb fikir mübadiləsi edərlər. Özün yaxşı bilirsən ki, aşıq şeiri ağızdan-ağıza keçdikcə təhrif olunur. Xəstə Hasanın şeirlərini oxuyandan sonra bu qənaətə gəldim ki, bəzilərində təhrif var. O təhrifləri, yanlışlıqları aradan qaldırmaq üçün yalnız bir yol var. Şeirin daha çox variantını toplamaq. Ola bilsin ki, bir nəfər Xəstə Hasanın cəmi bir şeirini bilir, o şeir də pərakəndə, pozunuq. Həmin şeiri də toplamaq lazımdı. Çünkü onun içərisində də doğru misralar, hətta ifadələr ola bilər. Mən sizi yaxşı tanıdığıma görə bilirəm ki, nə qədər çox bilsəniz də öyrənməyi, düzgününü tapmağı özünüzə ar bilmirsiniz. Bu da sənətkar üçün ən gözəl xasiyyətdir. O sənətkar ki, özündən razı oldu, «yalnız mən bildiyim düzdü, başqalarının bildiyi yalan!» – dedi, onda vay onun halına.
Odur ki, Xəstə Hasanın şeirlərində pozulmuş – yerində olmayan misra, beyt və rədifləri yazıram. Bəlkə Siz həmin şeirlərin daha yaxşı variantlarını, daha doğrularını tapdınız. Məs:
1.İnanmaq olmur ki, Xəstə Hasan kimi qüdrətli bir sənətkar «Əfəndim» rədifli qoşmasının birinci bəndini də, ikinci bəndini də «Aləm bilir» ifadəsilə başlasın. Məncə bunlardan birincisi doğrudu. İkinci bənd başqa cür başlayırmış. Sonradan unudulub bu şəklə düşüb.
2. «Ayağı gözdər» qoşmasında üç misra (2,4 və 8-ci misralar) – «Axlı kamil olan ayağı gözdər» şəklindədir. İnanmaq olmur ki, Xəstə Hasan belə desin.
3. «Azad olur» şeirinin 10-cu misrası «Könlüm evi övlüyalar xocası» şəklində olar.
4. «Bir-bir çək» cığalı təcnisinin ikinci bəndinin birinci misrası «Sin səhərdən oxun atdın bir yerə»dir. Bəlkə bu «Sin səhrada oxun atdın bir yerə» şəklindədir, yoxsa başqa variantı var?
5. Qəlyanla bağlı dediyi: «Neyləsin?» şeirinin son bəndində qafiyə çatışmamazlığı var.
6. «Bu sarayları» bağlamasının bir və ikinci bəndi «Əcəb kim becərib bu sarayları?»dır. Məncə bunlardan biri başqa cür olmalıdır.
7. «Yüz açar indi» bağlamasının da birinci bəndində qeyri- dəqiqlik var.
Bütün bunlardan əlavə, yadındadırsa, mənə Daşdan rəhmətliyin şeir dəftərini göndərmişdin. Orada Hasanın iki şeiri var idi. Həmin şeirlər pozunuqdu. Onları göndərirəm. Bəlkə düzgün variantını tapdın. Sağlıqla qal. Tanışlara salam de.
Dərin hörmətlə Əli Şamilov.
373630, Azərbaycan SSR, Naxçıvan
şəhəri, Puşkin küçəsi ev 73, kv 44.
24.04.1985.
Unudulmaz məktub. Məndən salamlar olsun mənim ən əziz, hörmətli qardaşım və qardaşım oğlu Şəmilov Əliyə və Cəfərov Məhərrəmə, Əsgər müəllimə və ailələrnə və bütün dost-qardaşlara.
Əzizim, bil və agah ol, may ayının 3-də Vannovka rayonun Çuxurbulax kəndində sizin məktubnuzu aldım. Çox şad və xoşbəxd oldum. Sizin qadanız alım, Əli can, onları mən bilirəm. May ayının 15-də də Alma-Atanın Talqar rayonunda olacam. Onları bütün xəbər alıb sizə cavab yazacam. Maxsus, Xəstə Hasanın qardaşı oğlunun oğlu yaşıyırdı, 110 yaşı var idi. O, ölüb. Mənim qonağım Əhdaman dayım da ölüb. Nəysə…. Hələ görüm Murtaza niyə sizə cavab yazmır.
Onu da biləcəm, qadan alım, nə desən mənim gözüm üsdə, çoxu ona səbəb gəlmişəm. Sənə də kağız yazdım, çox sağ ol. Sən də gözəl cavab yazıbsan. Belə. Əli burada Rusdam adlı bir qoca kişi xəbər alır: «1942-ci ildə Şaxtaxdının yanındakı Qıvraq kəndində bir seyid var imiş». Başarsan onun haqqında bir şey öyrənib mənim adresimə yaz. Buralarda havalar çox isdi keçir. Amma vəzyət çox yaxşıdı. May ayının 30-a kimi Alma-Atanın Talqar rayonunda olacam. Murtaza də oralıdır. Belə. Daha nə yazım. Mənim televezorda, radiodakı sözlərmi verillərmi? Çox sağ ol.
Qal salamat. İmza: İsgəndər Ağbabalı.
05.05.1985.
Məktub. Aşıx İsgəndərdən və Aşıx Murtazadan qardaşmız olan Şəmilov Əliyə yazaraq sizlərə bildiririk ki, həmin məktubu Qazaxsdanın Talqar rayonundan yazırıq. Əli can, siz dediyiniz düz deyil. Deyirsiniz, Xəstə Hasan Mesxet-Cavaxetidəki Dırqınada anadan olub. Yox, atası Seyid, anası Sultan Türkiyədəki Vandan olublar. Xəstə Hasangil olub 5 qardaş: 1.Qara Alı, 2.Çiçək. 3.Musdafa. 4.Abdulla. 5.Xəstə Hasan. Oradan köçüllər Gürcüsdana. 3 qardaşı, yəni Musdafa, Abdulla, Xəstə Hasan gəlirlər Əsminzə rayonunun Levis kəndinə. Bir qardaşları – Qara Alı qalır dayısı Məhəmmədin yanında. Bir qardaşları – Çiçək Çayıs kəndində Süleyman kişinin yanında qaldı.
…Abdullanın oğlu Dəli Bayram Xosbuya bəylərindən Dədə bəy tərəfindən tutulur. 8 il iş verillər. Tutduran da Fədinin atası Bayram ağanın oğulları. Kəndin koxası üşgüllü Vəzirə pul verib tutdurmuşdu. Odur ki, Xəstə Hasan gedir Dəli Bayramı azad etdirməyə. Bu olur Oruc-luq bayramında. Xəstə Hasanın orada birinci sözü olur: «Aləm bilir eşq ataşı məndədi», ikinci sözü olur: «Başa sən», Üçüncü sözü: «Qul azat olar». Dədə bəyin məclisində Aşıx Ruhanı, yox İrfanı Hasana «Dört qalar» bağlamasını deyir. Xəstə Hasan bağlamanı açır. Məclisdəkilər onu tərifləyib onun kimi aşığın dünyaya gəlmədiyini deyəndə Xəstə Hasan «Bir» divanisini deyir. Dədə bəy, onun bu sözünnən xoşu gəlir. Açarı Hasanın özünə verir ki, aparıb istədiyi dusdağı azat etsin.
Qardaş, biz bu qədərini Murtaza ilə topladıx, düzəliş verdik.
Qal salamat. Qaldı ki, mən may ayının 30-da evdə olacam. Kağız yazsan mənim öz adresimə yaz. İndi sizə Murtaza salamlar yazır.
Hörmətli məktub. Hörmətli qardaşım Əli. Əvvəla ürəkdə olan qızılgül ətirli salamları siz kimi əziz qardaşa təqdim edirəm. Əgər siz də zəhmət çəkib biz tərəfi xəbər alsanız, çox şükür yaxşı dolanırıx. Amma bir ildir sizlə məktublaşmadığımın səbəbi mənim dayım və Aşıx İsgəndərin qonaxçısı Əhdaman dünyasını dəyişdi. Onnan sonra Əhdamanın bacısı, yəni mənim anam Allahın rəhmətinə getdi. Ona görə mən özümə belə vədə vermişdim: Anamın bir yılı gəlib, illik çörəyini yedirməyincə mən nə saz çalacam, nə də o tərəfnən danışacam. İndiki Aşıq İsgəndər ki, gəldi bizə, ona görə ikimiz birrəşib bu məktubu yazdıx. Əzizim, qal salamat. Əl tutub ayrılıram.
Hələlik. İsgəndər Ağbabalı, Murtuza
20.05.85.
Məktub. Məndən salamlar olsun mənim əziz dost-qardaşlarım Əliyə və Məhərrəm müəllimə, ailələrnə və cəmi tanıyıb bilənlərə. Əzizim Əli can, mən sizin məktubunuzu aldım, Qazax elində. Çox sağ olun. Sən bizdən Xəstə Hasanın tərcümeyi-halını isdəmişdin. Biz də orada olan yaşlı adamlardan soruşub yazdıx. Siz heç bir xəbər vermədiz ki, aldınızmı. Mən Murtaza ilə o işdən ötəri çox dolandıx, yazdıx. Canın sağ olsun.
Əli can, Bakıdan mənim yanıma adamlar gəldi. Məndən köhnə havalar, sözlər, nağıllar yazdı. Apardılar ki, həmi «Bulax»da, həmi də radyolarda səsdəndirələr. Özümü də Bakıya çağıracaqlar. Olsa, sana da xəbər verəcəm. O gələnlərdən biri səni yaxşı tanıyırdı. Adı Axundova Kamilə; ikincisi Məmmədova Kifayət. Məni bu adresə çağırıllar, sən bilərsən: 370000, Bakı, Xaqani 27, Respublika Aşıqlar Birliyi. 26 Bakı Komissarı bağının yanı. Telefon: 93-14-20. Bax məni burya dəvət edəcəklər. Belə. Bunu sən bilərsən, bunları da yollayan Hüseyin Arif olub. Belə, qardaş can, canın sağ olasan. Qaldı bizlərin yaşayışı da yaxşıdı. Çox sağ olun. Daha nə yazım. Qaldı ki, Yerevanda da radioya verdilər. Saat 5-i keçmiş 30-da verirlər. Belə.
Qazaxsdanda da iki ay qaldım. Yaxşı gəzdim. Çambulski ob. Çimkəndi, Alma-Atanı, Talqar və s. gəzdim. Çox sağ olun. Əli can bağışla. Bir xahiş eliyəcəm. Əziyyətdə olsa incimə. Sizin mağazalarda MKA matasqılın 6 voltlu dinamosu olarmı? Mənə bir dənə al göndər, qadan alım.
İmza: İsgəndər Ağbabalı.
22.08.1985.
Salam, Aşıq İsgəndər. Aşıq İsgəndər, xeyli vaxtdır ki, məktubunu almışam. Cavab yazmağı ona görə yubadırdım ki, bəlkə motoskil üçün dinamo tapdım. O da çox təəssüf ki, mağazalarda yoxdu. Bir nəfər söz vermişdi hələ gətirib çıxarmayıb. Ölçüb-biçirdim ki, bir Ağbabaya gəlib sizinlə ətraflı söhbət edim. Ona da imkan tapa bilmirəm.
Sizə Qazaxıstanda olanda da, Qazaxıstandan qayıdandan sonra da məktub yazmışdım. Bilmirəm nə üçün məktubum gəlib çatmayıb. Vaxtlı-vaxtında ətraflı məktub yazdığına görə çox sağ ol. Amma açığını deyim Qazaxıstandan yazdığın məktubun məni qane etmədi. Elə bil mənim məktubumu oxumamışdın. Mən məktubda çoxlu suallar yazmışdım. Cavab məktubunuzda isə bu cavabların heç birinə toxunulmamışdı.
Sizin yanınıza gələn qızlardan Kamiləni 4-5 il olar tanıyıram. Bir neçə dəfə Naxçıvanda olub. Sizin ünvanı da ona mən verib məsləhət görmüşdüm ki, görüşsün. Bu haqda mən əvvəlki məktubumda geniş yazmışdım. Görünür yaddan çıxarıbsan.
O qızların hər ikisi Bakıda Hüseyin Arifin yanında, Respublika Aşıqlar Birliyində işləyir. Kamilə saz havaları ilə maraqlanır. Sizin Naxçıvan radiosunda olan lentinizə də bir neçə dəfə qulaq asıb. Özün də arxayın ol, o, qətiyyən yalan danışmaz. Çox ağıllı, qanacaqlı və savadlı qızdı. Aşıq musiqisini onun sayaq öyrənmək istəyənə hələ rast gəlməmişəm. Onlar nə radioda, nə də televiziyada işləyirlər. Sizdən topladıqları materialları da radio və ya televiziyada işləyənlərə verib xahiş edəcəklər ki, səsləndirsinlər.
Onun işi radio və televiziyadan, qəzetdən daha ciddi, daha sanballıdır. Sizin kimi aşıqlardan topladığı havaları müqayisə edərək elmi iş yazacaq, sonra da onu kitab kimi çap etdirəcək. Belə kitablara ehtiyacımız çoxdur. Nə qədər hava bilirsən gərək ondan əsirgəməyəsən. Bu həm sənin adını yaşadar, həm də millətimizə xeyri olar.
O ki, qaldı səni Bakıya dəvət etməməyimin səbəbi: sənin çıxışını televiziya ilə verdirmək üçün gərək kimlərləsə alverə başlayaydım. Onu da mən bacarmıram. Mən ölüm, sən ölümlə də iş keçmədi. Dostlarım, tələbə yoldaşlarım da orda kiçik vəzifədədir. Onların da gücü çatmadı. O ki, qaldı radioya. Onun üçün də əziyyət çəkib Bakıya getməyə dəyməz. Lazım gəlsə yenə Naxçıvanda təzə mahnılarını yazıb göndərərik, Bakıya verərlər. İstəmirəm ki, gedib bəzi adamları görüb qanın qarala, Bakı haqda fikrin dəyişə. Hər halda özün bilən yaxşıdı. Nə vaxt getsən mənə xəbər elə. Bacardığım köməyi edim. Sağlıqla qal. Ailə üzvlərinizin hamısına salamımız var.
Dərin hörmətlə: Əli Şamilov.
Naxçıvan şəhəri.
21.09.1985.
Məktub. Məndən salamlar olsun mənim əziz qardaşım və qardaş oğlanlarına, Şəmilov Əliyə və Cəfərov Məhərrəmə, ev ailələrinə. Qardaşlarım, xəbər alsanız bizlər çox yaxşı dolanırıq. Sizlərin də yaxşı, gülərüzlü, şad olmağınızı o bir Allahdan arzu edirik. Əli can, məktubunu aldım. Çox şad və xoşbəxd olun.
Əli can, məni bağışla. O dinamonu sizə yazdım. Amma çox peşman oldum ki, niyə sizə elə əziyyət verdim. Ayıb oldu. Məni yenə də bağışla, helə də tapa bilmədim. Sizi qardaş oğlu kimi bildim, yazdım. Qaldı o qadınların gəlməsi. Onlar çox düzdür. Sizi əla tanıyırdı və mənim orada olan sözlərimi və havaları da bilirdilər. Onları Hüseyin Arif yollamışdı, yəni ki, Bakıda Aşıxlar Birliyi var. Məni də oraya çağracaxlar. Şəklimi də apardılar. Əgər, məni çağırsalar sənsiz getmərəm. Sana teleqramma vuracam. Qaldı ki, Qazaxsdanda sizin məktubu aldıx. Orada Əhdaman dayım, Daşdan kişi, Aydın və s. kimi yaşlı adamlar indi yoxdur. Mən Murtaza bir neçə adamdan da soruşdux və sizə də yazdıx. Odur daha nə yazım.
Xəstə Hasanın qardaşı oğlu Murat da ölüb. 115 yaşı var idi. Xəstə Hasan anadan olub Türkiyədə Van kəndində. Atası Seyid, özü də Seyid törəməsi. Anası Sultan. 1.Qara Alı, 2.Çiçək. 3.Musdafa. 4. Dəli Abdulla. 5.Xəstə Hasan. Bunlar Vandan köçür Gürcüsdana. 3 qardaş gəlir Levisə. Xəstə Hasanın da Levisdə 2 oğlu 1 qızı olur. Belə. Bəs sənə belə yazılmış məktubu aldınmı, ya yox? Belə.
Qal salamat. İsgəndər Ağbabalı.
01.10.1985.
Məktub. Məndən salamlar olsun mənim qardaş əvəzində olan Əliyə və Məhərrəm müəllimə. Siz də əziyyət çəkib bizləri xəbər alsanız, çox şükürlər olsun yaxşı yaşayırıq.
Qardaşım can, səndən bir söz xəbər alacam. Sən olasan o bir Allah, düzünü yaz, sizin Naxçivanda bir adam var, məndən söz isdəyir. Deyir: Çapa verdirəcəm. Naxçivan elm, mədəniyyət, folklor şöbəsinin müdiri Cəlilov Cabbar (17) mənə məktub yazıb. Köhnə sözlər və dasdanlar isdəyir. İndi mən səndən qardaş balası və qardaş kimi xəbər alıram, sən canın mənə tez xəbər ver. Bəlkə özün də gördün. Mənim canım da sizə qurbandır. Şərt budur mənim adım olsun. Qardaş can, dünyadan hamı köçəcək, adım qalmağını isdəyirəm. Belə.
Qal salamat. Məhərrəm müəllimə də salamlar söylə. Qaldı sənə yolladığım məktubu aldınmı. Xəstə Hasan haqqında yazmışdım orada da, yəni Qazaxsdan da Murtəzə ilə danışdıx. Belə. Daha nə yazım qal salamat. Əl tutub ayrılıram.
İmza: İsgəndər Ağbabalı.
22.11.1985.
Əli can, bizim rayonun Güllübulaq kəndindən Mustafayev Qasıma məndən salam söylə. İmkanı olsa mənə məktub yazsın. Mən yazardım, ünvanını bilmirəm. Naxçıvana gələndə Qasım müəlliimlə də görüşərik. Mənim ustadım Qasım müəllimin həmkəndlisi Aşıq Nəsib olubdur.
Əli can, bağışla həmin şəklə səbəb gec oldu, əmmə sən canın, sən Allah, həmin şəkli də, dəftəri də geri yolla. Yadigardı. Bir də Cəfərov Məhərrəm müəllimə deynən onda da 1 dəftər, bir də Şenniyin kitabını yollasın. Ona görə ki, kitabı mənə verən istəyir. Belə.
Məktub. Məndən salamlar olsun qardaşım və qardaşım oğlu olan Əliyə və ailəsinə, Məhərrəm müəllimə və ailəsinə, Əsgər müəllimə və ailəsinə və Ceyran qardaş qızna.
İsgəndər Ağbabalı.
Əli can, sənin geri yolladığın dəfdəri aldım, şəkli aldım. Çox razı qaldım ki, doğurdan da söznə düz insan var imiş. Qaldı ki, bizlər də çox yaxşıyıq. Sağ olun, Əli can, Heydər bəy elə bir nağıldı. Göləli İbrahim aşıxdı Türkiyədə. Həmin sözləri deyir, Artvin qəzəsində bir yüzbaşnın arvadna. O ki, deyirdin İrzayev Məhəmməd, sizin Göyçə tərəfdən olub. Bir dənə də Aşıx Bəşir olub. Onun qızını da Tovuz rayonunda Söyün adlı bir oğlan qaçırıb.
Qaldı Gürcüsdan qızı. (18)
Bu uzun söhbətdi. Bağışla, Molla Nəbi kimdi bilmirəm. Bir söz özümdən:
BİR NƏDİR
Haxdan nida gəldi, yarandı insan,
Bu dünya malına paxıllıx nədir?!
Canın sağlam olsa, beynin də dolu,
Axıl başda olar, cavannıx nədir?!
Neçə min insanlar köçdü dünyadan,
Ərəsdun, Əflatun, Fərəzdan, Xəqan,
Urusdam, Zal, İsgəndər, bir də Süleyman,
Bu dünya fanidir, gumannıx nədir?!
Aşıx İsgəndərəm, yaxşı seçərsən,
Elnən gələn şeydir, bir gün köçərsən,
Məzar sıxar axirətini içərsən,
Yaxşılıx ki vardır, yamanlıx nədir?!
Belə. Köhnə söz çoxdur, yazmax-yaratmax çətindir. Görüşərik. Qal salamat.
Murtaza niyə sənə cavab yazmır, bilmirəm. Mən də yazdım, qəzetin də birini ona yolladım.
Belə. İsgəndər Ağbabalı.
Unudulmaz məktub. Məndən salamlar olsun mənim əziz qardaşım oğulları və qardaşlarım Əliyə, Məhərrəmə, ailələrnə və dost-qardaşlara. Əziz qardaşım Əli can, agah ol ki, sənin yolladığın məktubu və «Sovet Gürcüsdanı» qəzetni aldım, çox şad oldum. Çox sağ ol ki, yaddan çıxartmırsınız. Əli can, mən Qazaxsdana keçən ili getdim. Xəstə Hasanın tarixini bir də dəqiqləşdirmək istədim. Dediklərinə görə Türk tarixinin 1214-ci ilində o, aşıxlıx edib. Onda Ələsgər yox idi. Özləri də Qırqınadan köçüb, Əsminzə rayonunun Levis kəndinə gəlib. Onlar 3-4 qardaş olub. Üçü də Qırqınada qalıb.
Şenlik də yeni aşıx olanda daysı Xəstə Hasanın şagirdi Aşıx Nurunun yanına gətirib ki, yoxlasın, bir şey bilirmi. Belə. İndi siz bilərsiniz. Onun qardaşı oğlunun oğlu yəni nəvəsi Mədət iki il əvvəl 117 yaşında Talqar rayonunda ölüb. Belə.
Daha nə yazım. Qal salamat. Bu sözləri «Bulağ»a verərsənmi? Ermənisdanın Ağbaba rayonunun Göllü kəndində Sovetdən qabax bir Dəli Yusub olub. Hansı ki, Niqalay vaxdı Qarsdan qubernat qazaxları Ağbabanın Öksüz kəndində Dəli Yusubu tutmağa göndərir. 100 dənə qazax kəndə gəlir. Onda Dəli Yusub Səməd ağanın dayısı Asdan ağaya deyir:
AMANDI
Başına döndüyüm ay Asdan dayı,
Mərtlik meydanıdı qaçma, amandı.
Yığılan düşməndi, bilinməz sayı,
Mərtlik meydanıdı qaçma, amandı.
Qaçmax olmaz, bərkit atın tikini,
Mən görərəm mərd igidin cəngini,
Bil səni sevirəm, canda can kimi,
Mərtlik meydanıdı qaçma, amandı.
Mən Yusubam, sən də mənə arxasan,
İnanmıram, bu qovğadan qorxasan,
Hərdən-hərdən yada salıb darıxasan,
Mərtlik meydanıdı qaçma, amandı.
Belə. Qal salamat. Bağışla, evdə yoxudum. Məktub gecikdi. Hamınıza salamlarım var.
Bir də bəlkə Bakıya getdim. Mənim tərcümeyi-halımı Kifayətlə Kamilə apardı. Hüseyin Arif qınışqa verəsiydi. Hələlik sağ ol. Mənə də bir cavab yaz. Qadan alım, incimə.
Qal salamat. İsgəndər Ağbabalı.
08.09.1986.
Məktub. Əziz və hörmətli qardaşım oğlu və qardaşım Əliyə və həyat yoldaşına və bütün dost-qardaşlara əziz və hörmətli salamlarımı göndərirəm. Siz də bizləri yada salsanız çox sağ olun. Bizim vəziyyət dolanışığımız çox yaxşıdır. Sizin də şad və xoşbəxd olmağınızı Allahdan arzu edirik. Əli can, sənin məktubunu aldım, amma gec aldım. Ona görə ki, Gürcüsdana toya getmişdim. 10-15 gün qaldım. İndi məni bağışla, canın sağ olsun.
Qal salamat. Hörmətlə: Aşıq İsgəndər Ağbabalı.
11.10.1986.
Məktub. Əziz və hörmətli qardaş oğlu və qardaşlara salamlar göndərirəm. Əli və Məhərrəm qardaşlara və ev ailələrinə, qohum qardaşlarına. Əzizlərim, sizlər də bizləri xəbər alsanız, çox şükür yaradan Allaha, sağ-salamat yaşıyırıq və sizin kimi dost-qardaşları da şad və xoşbəxt isdəyirik.
Əli can, məktubnu aldım, çox sağ ol. Əmmə məndən incimə. Məni Alma-Ataya da, Zalqaya da toya dəvət etdilər. Gedə bilmədim. Ona görə ki, sazımı Marneuli rayonunda ramota verdim. 5 aydı hələ qayırmayıb. Ona görə qaldım, sən Allah, incimə. Qadan alım, yenə də getsəm sənə xəbər edəcəm. Bir də sizin oradan bir oğlan məndən o sözləri isdədi. Mən sənə də yazmışdım. Vermədim ona görə ki, mənə heç bir şey lazım dəyil. Bircə mənim adımla verə. Bu lazımdır. Belə. Məhərrəmə də salamlar söylə. Onun da hörmətini görmüşəm. Qaldı nə vaxd çağırsan, gözüm üsdə. Məncə may, iyul ayları yaxşıdı. İndi bizlərdə metr yarım qar var, boran da çox olur. Belə, qardaş can. Mənim 3 xana sözlərimi «Bulağ»a versən yaxşı olar. Qal salamat. Canın sağ olsun.
Arax haqqında sözlər
DÜZƏLMƏZ
Bir əziz dosdunki irast gələndə,
İsdəkan dolmasa, hesab duzəlməz.
Şirin söhbət edib, məclis quranda,
Qalmaqal olmasa, hesab düzəlməz.
Bir – iki isdəkan qızardır gözü,
Şirindir söhbəti, şirindi sözü,
Gəlhagəl eyləsən bir neçə yüzü,
İrəngin solmasa, hesab duzəlməz.
Dört-beş yüz qramla doyulmur, vallah,
Litirlər gələndə çağrılar Allah.
Künclərə yıxılanda düşəcək kullah,
Ağzından gəlməsə, hesab düzəlməz.
Ey aşıq İsgəndər, belədir belə,
Bu simli sazı vur gülə-gülə,
Birdə ki, məclisdə düşər vəl-vələ,
Məhkəmə olmasa, hesab düzəlməz.
Bağışla. Əli can. Qal salamat. Yazan: İsgəndər Ağbabalı.
İndeks: 377565. Arm. SSR
r-n Amasiya, selo Ellər kəndi
05.04.1987.
Məktub. Məndən salamlar olsun mənim qardaşım oğlu və qardaşım Əliyə, ailəsinə, qardaş-bacılarına, bütün dost-qardaşlına. Əzizlərim, əgər sizdə əziyyət çəkib bizləri xəbər alsanız çox şükür, o bir Allaha sağ və salamat varıq. Siz də sağ olun. Həmin məktubu yazıram Bakıdan. Əli can, məni Bakıya dəvət etdilər. Bakıda oldum, yaxşı çıxış etdik. Qansert verdik, sağlığına birinci yeri tutdum. Sumqayıta da getdik. Məni televizora verdilər. Axırda yaxşı havalar verdim. «Çalpapax», «Ağbabayı», Şenniyin «Çuxurobası», «Dərbədəri», «Xoşdamağ» və sayrə. Ayın 1-dən 4-ünə kimi qaldım. Belə. Məndən köhnə sözlərdən və öz sözlərimdən isdəyillər. Belə. Qardaş can, canın sağ olsun. Qal salamat. Məhərrəm nə işdədi, xahiş edirəm, yetik ol. Şenliyin sözlərini kitaba verdimi? Bəs sən Xəstə Hasandan götürdüyün sözləri kimə verdin? Belə. Qardaşım incimə. Daha nə yazım. Əl tutub ayrıldıx.
İmza: İsgəndər Ağbabalı. (18)
Bakıdan, 2-ci Zabratdan yazıram.
04.12.1987.
Məktub. Məndən salamlar olsun mənim yaddan çıxmaz qardaş oğlu və kiçik qardaşım Əliyə. Əli can, məni unutma. Mən sənin hörmətini görmüşəm və duz-çörəyini yemişəm. Sən necəsən, ailən və mənim dosdum Cəfərov Məhərrəm necədi? Siz də məni yada salsanız, sağ və salamat yaşayıram, Azərbaycanın Şamxor rayonunda. Çox əziyyətlər çəkdim ki, nə cür deyim. 8 göz damlarmı verdim iki göz yer evləri aldım. Çox dar evlərdi. Üsdündədə 3 min manat pul verdim. Belə. Çox çərimə çəkdim. Neynəyim indi zərəl yox, dolanırıx. Köçəndə bir söz yazdım. Nəinki bir, bir neçəsini yazım oxu:
Bu səksən səkizdə, beşinci ayda
Dağıldı el-oba, yaman hal oldu.
Erməni musurman dava eylədi,
Qarışdı ortalıx, qalmaqal oldu.
Kimi dağa köçdü, kimi arana,
Qucağında uşax ağladı ana,
O gözəl vətəni qoydu verana,
Ağ eyvan otaxlar, binalar qaldı.
Aşıx İsgəndər gülərmi, ağlar,
El-oba bu işi yadında saxlar,
Qaralar geyindi, soyux bulaxlar,
Dağlarda açılan lalalar qaldı.
Əli can, mənim sözlərim yenə radio-televizorda varmı? 89 da məni Bakıya çağırdılar. Dekabrın 22-sində Şaumyanın adına olan mədəniyyət evinə Ələsgərin adını verdik. Çaldıx, oxudux, mənə nişan və qnışqa verdilər. İndi Bakıda da radiyo-televizora düşmək isdəyirəm elə adamım yoxdur, varınsa kömək elə. Canın sağ olsun.
İmza: Aşıq İsgəndər Ağbabalı.
27.05.1990.
Məktub. Məndən salamlar olsun əziz qardaş və qardaşım oğluna, yəni, Əliyə və Məhərrəm müəllimə, Əsgər müəllimə və ev ailənizə. Cəmi dost-qardaşlara. Siz də bizləri xəbər alsanız, çox sağ olun yaxşıyıq. Sizin kimi dost-qardaşların qadasın alım. Əli can, Alma-Atadan şagirdim Murtazadan kağız aldım. Deyir, Əli mənə məktub yazmışdı, mən də ona yazdım, cavab almadım. Belə yazıb. İndi sən deyəni, yəni Yetim Məhəmmədi yazıram.
O sənə dediyim «Məhəmməd Gürcüsdan qızı» bu belə olur. Tərvizdən Beçan sövdagar Gürcüsdan dan Ağtəhlədən Valeh sövdagar sövdagarlıx edirlər. Evlənib ayrılanda belə söz qoyullar kimin oğlu olsa, kimin də qızı onda özgəsinə qız verməsinlər. Elə olur ki, Valeh sövdagarın qızı olur, Beçan sövdagarın oğlu. Adnı Məhəmməd qoyullar. Məhəmmədə molla badvalda dərs deyir ki, diqqəti yayınmasın fikrini oxumağa versin. Məhəmməd 18-20 yaşnıa kimi dünya, el görmür. 20 yaşında eşiyə çıxardılar. Öz mollasını da ona lələ verillər. Şəhəri gəzə-gəzə çayxanaya gəlirlər ki, bir aşıx saz çalıb-oxuyur. Onda Məhəmməd deyir:
–Ay lələ, bu nədir?
Lələ deyir:
–Bu aşıxdır.
Deyir:
–Bəs bu qucağındakı nədir?.
Lələ deyir:
–Bu da onun həmdəmidir.
Həmdəm yoldaş deməkdir. Məhəmməd deyir:
–Lələ, mənə də bir həmdəm alın.
O da atasına yazır ki oğlu həmdəm istiyir. Atası da elə başa tüşür ki, oğlu evlənmək isdəyir. Gəlir Gürcüsdan Valeh sövdagarın qızı Pəriyi oğluna gəlin gətirib. Oğlan qızın üznə baxmayıb ki, mən belə həmdəm isdəmirəm.
Onda qızı 6-7 il qaynatası öz balası kimi saxlayıb. Xalq deyib ki, Pəri çirkindi, yəqin bir dərdi var, onunçün Məhəmməd almır. 7 il gözləyir qız. Məhmməd də yaylada. Bir gün qızlar gəzməyə gəlir bağın içinə. Məhəmməd də həmin bağın ətrafında ikinci bir otaxda lələ ilə qalırdılar. İndi qızlar həmin Pəri xanımı da gətirillər. Məhəmməd və lələ həmin günü otaxdan çıxmalıydı ki, gələnlərə, yəni, bütün qızdar baxa. O da deyir ayıfdı. Əmmə Məhəmməd çıxmır, qapıyı kilitlədib pencərədən baxırdı. Həmin Pəri gəlib bir daşın üsdündə oturdu. Qızdar isə bağı gəzməyə düşdülər. Onda Məhəmməd Pəriyi tanımadı. Elə tək otumağna söz demək isdədi. Lələ qoymadı ki, qızdar bizi öldürər ki, niyə evdən çıxmayıbsan. O biri qızlar Pəriyə dedilər:
– Sən niyə üzünü açmırsan, danışmırsan, gülmürsən?
Onda Pəri ağlayıb dedi:
Fələk vurdu ayrı saldı,
Düşdüm bu diyara mən də.
Ya ölərəm bu dərdinən,
Ya edərəm çara mən də.
Havada dövr eliyər laçın,
Fələk qoymur qədim açım,
Baş götürüm harya qaçım,
Gedim nə diyara mən də.
Gözəllərin incəsiydim,
Qızıl gülün qonçasıydım,
Mən Gürcüsdan beçəsiydim,
Qısmat oldum xara mən də.
Mən Pəriyəm sözüm çoxdur,
Hax yanında payım yoxdur,
Gözəllikdə tayım yoxdur,
Yaramadım yara mən də.
Belə diyəndə Məhəmməd yenə də tanımır. Təzdən Pəriyi sevir, ləliyə baxmır. Belə deyir Məhəmməd:
Canım lələ, gözüm lələ,
O gözəl mənim olaydı.
Budur sənə sözüm lələ,
O gözəl mənim olaydı.
Onda qız Məhmmədi tanıyır və gülür. Məhəmməd belə deyir:
Dişləri yaquddu, ləldi,
Bir güldü canım aldı.
Canımı odlara saldı,
O gözəl mənim olaydı.
Məhəmməd də yara keçər,
Eşqə düşən bada içər,
Yazıx canım sərdən keçər,
O gözəl mənim olaydı.
Belə diyəndə Pəri qızlardan icazə alıb belə deyir:
Pəncərədən ayıl-mayıl baxan yar,
Öləsən məməmə yad əli dəyər.
Sınıx könlüm eşq odna yaxan yar,
Öləsən məməmə yad əli dəyər.
Yar-yar deyib mənə qulax asmadın,
Ziyah zülfüm dal gərdəndə kəsmədin,
Yeddi ildir döşəyə qədəm basmadın,
Öləsən məməmə yad əli dəyər.
Mən Pəriyəm gedər vətəndə qallam,
Bir gözəl oğlanı qoynuma sallam,
Axrısında Xurşud bəyə yar ollam,
Öləsən məməmə yad əli dəyər.
Belə bu çox uzun söhbətdi. Burdan Pəri xanım qızdar ilə yola düşüb getməyə başladı. Bu vaxt Məhəmməd yenə oxumağa başladı. Görək nə dedi:
Başına döndüyüm gül üzlü lələ,
Yarı götürüb nə diyara getdilər?
Dalınca get, sən də o qızı bəllə,
Yarı götürürb nə diyara getdilər?
Mən bilmirəm o qız kimin qızıdı,
Səpdiyi eşqin közüdü,
Elə bil ki, mənim sərəndazımdı,
Yarı götürüb nə diyara getdilər?
Məhəmmədəm dəryalara dalaram,
Şirin canım eşq oduna salaram,
Ya ölərəm o gözəli alaram,
Yarı götürüb nə diyara getdilər?
Belə deyəndə lələ qızın dalınca gəlib gördü ki, qız Məhəmmədin öz sevgilisidir. Bu vaxt bu xəbəri Məhəmmədə gətdi. Məhəmməd lələ ilə bərabər qızın yanına gəldilər. Qız Məhəmmədi aldadıb gecə dedi ki, gəl Gürcüstan adəti ilə gedək. Bir az gedək alma-heyva dərək və söhbət edək. Ata minib yola düzəldilər. Ordan qız Məhəmmədə dedi ki, mən Gürcüstana gedəcəm. Bu vaxt Məhəmməd istədi ki, qızı qoymasın. Qız Məhəmmədi qılıncla yaralayıb qaçdı. Məhəmməd geri atası evinə gəldi. Qul Yusif adlı pəhləvanı qızın dalınca getdi. Yolda qıza çatdılar. Qızı əylətdilər. Çadır qayırıb içində gecə qaldılar. Qız Məhəmmədi yuxuya verib yenə Gürcüstana qaçdı. Məhəmməd Qul Yusiflə qızın dalınca gedib qızı geri gətdilər. Toy eliyib qızı Məhəmməd aldı.
Əli can, bu uzun söhbətdi, yazılası deyil. O mənada ki, çox vaxt aparır.
Qalın salamat. Məndən və ailə üzvlərinizdən sənə, ailə üzvlərinizə və dost-tanışlara səmimi salamlar.
İsgəndər Ağbabalı.
Əl tutub ayrılıram, sən Allah, sizlərdə nə var-nə yox yaz. Görüşərik Allah qoysa. Məhərrəmə də çox salamlar söylə, qadan alım. Belə. Cavab yaz. Mənim adresim:
Az. SSR, r-n Şamxor Azi Aslanov, 2-ci küçə, dom. 19, kv 7.
Gülməmmədov İsgəndər Ağbabalı.
09.06.1990
Əlavələr
SAZLI, SÖZLÜ QONAQLAR
Ekranda saz şəkili görünür. Titirdə «Azərbaycan aşıqlarının IV qurultayı qarşısında» yazısı oxunur. Saz şəkili divardan asılmış sazla əvəzlənir. Bir əl saza mizrab vurur. Saz səsi əvvəlcə yavaşdan eşidilir, getdikcə artır və sonra yenə azalır. Musiqinin səsi azaldıqda aktyorun səsi eşidilir və səsi getdikcə gurlaşır. Aktyor şeiri oxuduqca sazın arxasında aşıq görünür. Kamera sazın üzərindəki sədəflə yazılmış «Aşıq İsgəndər Ağbabalı» yazısını önə çəkir. Aşıq «Şahsevər» havası üstə «Telli sazım» mahnısından bir bənd oxuyur. Səs getdikcə uzaqlaşır. Aktyorun səisi eşidilir:
Sən-durna boğazlı, bülbül avazlı,
Ağır yollar gələn yoldaşım mənim,
Xəzərli, Göyçəli, Kürlü, Arazlı,
Uzaq Urmiyalı sirdaşım mənim.
Dilə gəl, saçılsın atəşin, odun,
Sən ki, dərdlərmin tərcümanısan,
Əsirlərin dalından Dədə Qorqudun,
Mənə göndərdiyi ərmağanısan!
Sən – böyük bir elin sevinci, qəmi
Duymadı, sevmədi söylə kim səni?!
Buluddan sıyrılan al günəş kimi,
Köynəkdən çıxartdı Qurbanım səni.
Şeir bitəndə ekranda aparıcı görünür.
Aprıcı: Qədim Naxçıvan xalqımızın tarixini, istər maddi, istərsə də mənəvi sərvətlərini yaşadan bir guşədir. Tariximizin maraqlı səhifələrini açan miflər burada toplanır. Memarlıq baxımından də qədimliyinə görə qiymətli abidələr burada qorunub saxlanılır. Bura həm şeir, həm də sənət məbədi olmuşdur.
Məlum olduğu kimi, şifahi xalq ədəbiyyatımızın ən güclü qolunu aşıqlarımız yaratmış və yaşatmışlar. Naxçıvanlı aşıqlar da bu sahədə həmişə öz sözlərini demişlər. Bu qədim torpaq təkcə öz yetirmələrinin deyil, başqa yerdə doğulub, boya-başa çatan sənətkaların da diqqətini cəlb etmişdir. Müxtəlif əsrlərdə Azərbaycanın ən istedadlı aşıqları Naxçıvana gəlmiş, burada məclislər yola salmışlar. Aşıqların bir yerdən başqa yerə tez- tez səfərə çıxması aşıq yaradıcılığını məhəlliləşməkdən xilas edərək ona ümumimilli xarakter vermişdir. Həm də belə səfərlər yeni şeirlərin, dastanların, rəvayətlərin yaranmasına və yayılmasına səbəb olmuşdur. Dilqəm, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər və onlarla başqa sənrətkarların Naxçıvanda olmasına dair maraqlı rəvayətlər indidə söylənilir. Müasir aşıqlar da bu gözəl ənənəni davam etdirirlər.
Bu günkü qonağımız Amasiya rayon mədəniyyət evindəki «Aşıqlar» ansanbılının bədii rəhbəri Aşıq İsgəndər Ağababalıdır. Aşıq İsgəndər Bəxtiyar oğlu Gülməmədov 1925-ci ildə Ağbaba mahalında, indiki Ermənistan SSR-nin Amasya rayonunun Ellər kəndində doğulub. Uşaqlıqdan aşıq sənətinə böyük marağı olub. Sənətin sirlərini həmyerlisi Güllübulaqlı Aşıq Nəsibdən öyrənib.
Aşıq Nəsib istedadlı şair-aşıq Şenliyin, Şenlik Aşıq Nurunun, Nuru da Xəstə Hasanın şagirdi olub. Aşıq İsgəndər 200 ilədək davam edən ustad-şagird ənənəsinin yetirməsidir. Odur ki, klassik aşıqlarımızın yaradıcılığı ilə yaxından tanışdır. İndi o, sizin üçün getdikcə unudulmaqda olan «Çuxuroba» havası üstə XVII əsrdə yaşayan Dəllək Muradın «Eləmə» ustadnaməsini oxuyacaqdır.
(Aşıq İsgəndər «Eləmə» ustadnaməsini oxuyur.)
Aparıcı: Aşıq İsgəndər Qurbani, Tufarqanlı Abbas, Əmrah və başqa aşıqlarımızın yaradığılıcı ilə də yaxından tanışdır. Ona bu sənəti öyrətmiş ustadını və ustadının ustadlarını da hər məclisdə ehtiramla xatırlayır. O, son illərdə nə konsert salonlarında, nə də efirdə səslənməyən «Dastanı» havası üstə XVII yüzilliyin ikinci yarısı XVIII yüzilliyin əvvələrində yaşamış Xəstə Hasanın «Ayağı gözdər» qoşmasını sizlərə oxuyacaq.
(Aşıq İsgəndər «Ayağı gözdər» qoşmasını oxuyur)
Aparıcı: Aşıq İsgəndər ustadlarından öyrəndiklərini həvəslə el içərisində yayır. Onu tez-tez Ermənistanın, Gürcüstanın, Qazaxıstanın şəhər və kəndlərində el şənliklərinə görmək olar. İstər Zaqafqaziyadan gedib Orta Asiya və Qazaxıstanda məskunlaşanlar, istərsə də də yerli sakinlər aşığı böyük həvəslə dinləyirlər. Aşıq İsgəndər xalq yaradıcılığını hər yerdə yüksək uğurla təbliğ edir.
İndi gəlin, onunu ifasında «Müxəmməs» havası üstə Molla Cümənin «Pəri» müxəmməsini dinləyək.
(Aşıq İsgəndər « Müxəmməs» oxuyur)
Aparıcı: Aşıq İsgəndər dəfələrlə xalq yaradıcılığı festivallarında iştirak etmiş və həmişə fəxri fərmanlar, qiymətli hədiyyələrlə təltif edilmişdir. Klassik aşıqlarımızın yaradıcılığını uğurla təbliğ edən Aşıq İsgəndər hərdən özü də hadisələrə münasibətini sazla, sözlə bildirir. Onun şeirlərindəki, yumor, satira, nəsihətlər xalq ruhundan süzülüb gələn fikirlərin bədiiləşmiş formasıdır. İndi gəlin Aşıq İsəgəndəri dinləyək.
(Aşıq İsgəndər danışır və «Baş Şərili» havası üstə öz şeirini oxuyur)
Aparıcı: Aşıq İsgəndər səmimi və qayğıkeş ailə başçısıdır. Beş övlad böyüdüb boya-başa çatdırıb. Övladlarının da hamısı saz çalmağı bacarır. İndiyədək 6 həvəskar gəncə öz peşəsni öyrədib. Şagirlərindən biri Qazaxıstanda, biri Gürcüstanda, dördü isə Ermənistanda yaşayır.
Aşıq İsgəndər Azərbaycan aşıqlarının IV qurultayına yeni repertuarla gəlir. Arzu edərdik ki, aşıq yaradıcılığında əmək adamlarımızı tərənnüm edən mahnılara da geniş yer versin.
Elxan Əliyev
Məktub. Hörmətli və candan əziz, görməzdən tanış olan qardaşım Əli can. Əvvəli ürəgimin ən dərin guşəsində bəslədiyim qızıl gül ətirli salamlarımı sizin kimi əziz və hörmətli dostlara göndərirəm. Əgər siz də zəhmət çəkib biz tərəfi xabar almalı olsaz, çox şükür Allahın birliginə yaxışıyıq.
Əzizim Əli, sizin 22.3.83-cü ildə yazdığınız məktubu aldım, oxudum, çox şad oldum. Qoy Allah sizi də daim şad və əziz eləsin. Qardaşım, Əli can. Yazırsınız Hasanının ustadı kim olub və neçənci ildə dünyasını dəyişib. Yəni ölub. Kim ona aşıxlıx öyrədib? Əli qardaş, Hasanının ustadı pirlər olub ki, gözə görünməzdi. Deyərsən ki, yanı, nə təhər gözə görunməz?! Bu adam balaca vaxtı, yəni cavannıxda Xabet kəndində danıya gedib, dana otaranda bir nuranı dəvriş gəlib ona bada verib, aşıxlıx badası. Əgər yazsam nə təhir, o çoxa gedər.
Sora da yazırsan nə vədə anadan olub? O da belə məlumdür ki, naxoş olan vaxdı belə sözlər oxuyub:
Xəstə Hasan deyir xəstə sinnidir,
Gey-qurşan əyninə, xəstə sənnidir,
Ölüm haxdan gələr, xəstə sənnidir,
Gəl, kəsmə üsdümnən ayağın, gözəl.
2-ci sözün axır xanası:
Xəstə Hasanam qəmli-qəmli söylərəm,
Yara xançal vurub bağrım teylərəm,
Səksən üşdə ömrü tamam eylərəm,
Sayılmaz tarıxı qədərim mənim.
3-cü sözün axır xanası
İçmişəm eşqin badasın, həm oxuyum, həm yazam.
Böylə getməz bu zaman, bir gün olar eyyəzəm.
Min iki yüz qırx sənədi, tarixim yoxdu sayam.
Neçə aşıx gəldi çatdı, Xəstə Hasan sözdə bir.
Rəhmətdik Daşdan kişi vardı, o deyirdi, guya dədəsi hesab eyliyib: İndi türk tarixi 1403 sənə olsa, Xəstə Hasan 1265 sənədə vəfat etmişdir. Onar da öldüyünü bunnan bilər ki, 83 yaş yaşasa onda 1177-ci ildə anadan olubmuş. Bizim kənddə onun məzarı dururdu. Əgər, hava yağmasa gedirdilər onun baş daşınnan bir çınqıl qırıb suya saldıxları kimi yağış yağırdı.
Onun 2 oğlu olub, bir qızı. İndi nəvələrinnən qalan mənim dayım Əhdaman və Muraddı. Onnarın da uşaxları içində söz düzən yoxdu. Bir tolko Əhdəman dayım az-az bacarar, bir də qız nəvələrinnən mən.
Əli can, birəz Xəstə Hasannan da şeir var. Amma İsgəndər hamısını yazıb. Nə bilim, bilmədiklərini mən deyərəm.
Onnardan başqa Levisdə söz qoşan Aşıx Əhməd olub. O, da yaxşı aşıx olub. Axrı 1933-cü ildə Türkə gedib. Onun da yaxşı sözləri var, məndə.
Bizlər Qazaxıstana köçəndə Aşıx Hasanbalı və Süleyman Layığına Aşıx Sülü balaca deyişidilər və Sədayın aşıx. Bir neçəsin də gah tütülyüb, gah əsgər gedib, bəzi də Türkə keçib. Buruya gələnnərnən danışıram, əgər şeirlərini bilən olsa yazıb göndərərəm.
Qaldı ki, Əli qardaş mənim özüm 2 dənə nağıl (19) yazmışam, düzəltmişəm. Belə. Əli can, əgər xoşuna gəlsə gənə yazım, bir. İkinci, burda bir Bəşir müəllim var, söz düzən, onunnan deyişməmiz var. Sora Ermənistannan Qaraqoyunlusundan bir sözdüzən (20) də var. Onnan da deyişməm var.
Əgər, qardaşdıx eyləyib yazdırsan, özümünkünü də göndərrəm, baxarsan. Əli qardaş, bildir yox irəliki il Kafkaza getdim, Xaçmaza. Köhnə Xaçmazda bizim bu Qazaxıstannan gedən bir neçə ev var, onun içində mənim mamam oğlu da var.
Onnarda oturmuşdux, nərd oynayırdıx. Bir də qonşu gəldi, adı da Paşa. Mən ki, mamam oğlunu yendim, özüm də bir o qədər yaxşı oynaya bilmirəm. Sora Paşa dedi: «Ay Şəfkət, indi mən oynuyaram. Ama yendim qoçu kəsərsən, yox əgər mən yenilsəm, siz nə desəniz qoy olsun. Onda elə gətirdi mən yendim. Onnar dedilər: «De görək nə isder köylün?» Mən götürdüm belə dedim:
Danışıb oynadıx ikimiz nərdi,
Yenildin, hesabı mən düz istərəm.
Açılsın dəstərxan, düzülsün içmək,
Armyan konyakınnan bir yüz istərəm.
Gəlsin suframıza quzu kavabı,
Dolmaynan soyutma doldursun qabı.
Altmış qradus bolğar şərabı,
Becərsən onnan da bir süz istərəm.
Sabahnan qalxanda ağrıdır başı,
Dovğa bişirməkdə sən olma naşı,
On-onbeş illikdə cecənin yaşı,
Becərsən onnardan bir yüz istərəm.
Yeməgə yaxşıdı hinduşqa əti,
Çolpa cücələrin var xoş ləzzəti.
Çəkinmə sufraya vodkanı qəti,
Beçərsən onnan da bir süz istərəm.
Paxmelə unutma yumru xəngəli,
Özün öz başına aşdın əngəli.
Yeyib-içib yoldaşlarım yangəli,
Murtaza, mərəkə bir söz istərəm.
Qal salamat. Ağ kağız üzərinə əl tutub ayrılıram. Hələlik.
Yazan: Murtaza Tursunov.
Qazaxıstan, obl. Alma-Ata, q. Talqar, ul. Çelyuski,
31.05.1983
Salam, Murtaza qardaş.
Səndən məktub alandan sonra istədim bir Qazaxıstana gəlim, sizlərlə qonuşum – söhbət edim. Çox təəssüf ki, gələ bilmədim. Məktub yazmağı da yubatdım. Azərbaycanda da aşıqların qurultayı gecikir.
İmkan düşən kimi Qazaxıstana gələcəm. Yazırsan ki, Xaçmazda biboğlun (mamaoğlun) yaşayır. Yaz görüm, Xaçmazın hansı kəndindəndir, ad, famili necədir? Çünki mən ildə bir-iki dəfə Xaçmaza gedə bilirəm.
Məni maraqlandıran bir neçə məsələdir. Əvvəlki məktubunda buna nisbətən cavab veribsən. Amma tam cavab verməyibsən. Yaz görüm, Levisli qocalar nə deyir: Xəstə Hasanın qəbir daşı üstündə yazı var imişmi? Yəni, mən Levisə getsəm qəbristanlıqda Hasanın qəbir daşını necə tapa bilərəm? Hasan hansı tayfadandır? Atasının, babasının, anasının adı nədir? Hasan kimlərə aşıqlıq öyrədib?
Hasanın şeiri olan qəzeti sənə göndərirəm. Şeiri mənə İsgəndər vermişdi. Sən də Hasanın və başqa aşıqların şeirini göndərsən çap edərik. O ki, qaldı Hasanın məndə olan şeirlərinə. İsgəndər mənə Hasanın İrfanı və Usta Poladla deyişməsini verib. Qəzetdə çap olunan da «Hasanın İrfanı ilə deyişməsi» dastanından Fədiyə qoşulmuş şeirlərdi. Sən mənə Xəstə Hasanın üç şeirinin hərəsindən bir bənd yazıbsan. O şeirləri ki, Hasan naxoş vaxtı deyib. Olardan yalnız biri, «Yüzdə bir» rədifli divanisinin məndə beş nüsxəsi var. Birini Türkiyədən Aşıq İslam Ərdənər, birini Gürcüstanın Borçalı – Dəmirçihasannıdan dostum Osman Əhməd oğlu, birini Aşıq İsgəndər, birini sən göndəribsən, birini də Şenliyin Türkiyədə çap olunmuş kitabından götürmüşəm. Bu şeirlərdəki tarixlər fərqlidir. Türkiyədə çap olunmuş kitabda tarix 1280, Boçalıdan Osmanın və Türkiyədən İslamın göndərdiyi şeirdə 1218, Aşıq İsgəndərin gördərdiyi şeirdə 1214, sənin göndərdiyin şeirdə isə tarix 1240 göstərilir. Bunun hansını düz hesablamaq olar? İsgəndərin mənə verdiyi «Əfəndim» rədifli qoşmada qafiyələr düz gəlmir. Onun səndə doğrusu, yaxşısı varmı?
Murtaza, Hasanın məndə olan şeirlərinin rədiflərini və neçə kuplet olduğunu yazıram ki, məndə olmayannarı göndərəsən. «Dörddü-dörd» (deyişmə) 3, «Ayağı gözdər» 3, «Azad olur» 3, «Neynəsin?» 3, «Bir su ver» 3, «Kimdə var?» 3, «Oynamasın» 3, «Muyların» 3, «Bu sarayları» 3, «Yüz açar indi» 3, «Bir-bir çək» 3, «Aşıq Qoranı ilə deyişmə» 3, «Yalvara-yalvara»3. Bunlardan başqa köhnə, (yəni, 1935-ci ildə yazılmış ) bir dəftərdən «Mən» və «Salmayasan» rədifli iki divani var ki, onların da nə vəzni, nə qafiyəsi, nə rədifi yerindədi.
Səndə Xəstə Hasanın olan şeirlərini göndər mənə tutuşdurum, görüm nə fərqlər var. Bir də mənə yaz görüm. Daşdan kişi nəyə əsasən deyirdi ki, Xəstə Hasan 1265-də vəfat edib? Xəstə Hasanın oğullarının və qızının, arvadının da adını öy-rən yaz. Murad necədir, onun neçə yaşı var, onu da yaz! Yaz görüm sən Hasanın şeirlərini haradansa dəftərdən öyrə-nibsən, yoxsa aşıqdan?
Hasanın «Yüzdə bir» divanisində adı çəkilən aşıqlar haqqında nə bilirlər? Onların hansının şeirini bilirsiniz, hansının oğul-uşağı, nəvə-nəticəsi yaşayır? Yəni, Qaranı, Zülalü, Ömər, Vaqif, Çöllü İsmayıl, Molla Xəlis, Küftadi, Aşıq Teyfi, Polad, Tamı hansı kəndlərdən – köylərdən, hansı ellərdən olub, onlardan istər oğul-uşaq, istər şeir, nə qalıb?
O ki, qaldı sənin öz şeirlərinə. Xahiş edirəm bir neçə li-rik, bir neçə ictimai məzmunlu şeirini göndər Bakıda bax-sınlar. Əgər, çap edəcəklərinə söz versələr sənə yazım, qalan şeirlərini də gətir kitab kimi çap etdir.
Bir məsələni də mənə yaz görüm indi sizin pasportlarda milliyyətinizi necə yazırlar?
Murtaza, bu kitabı da sənə göndərirəm ki, oxuyasan. Burada olmayan şeirləri göndər çap etdirək, altından da sənin göndərdiyini yazaq.
Böyüklərin əllərindən, uşaqların gözlərindən öpürəm.
Dərin hörmətlə: Əli Şamilov.
Naxçıvan şəhəri.
26.02.84.
Salam Murtaza!
Murtaza, səndən cavab almamış ikinci məktubu yazıram. Buna səbəb Azərbaycan aşıqlarının IV qurultayı oldu. Qurultay Novruz bayramı ərəfəsində martın 19-da keçirildi. Bir gün əvvəl isə qurultaya gəlmiş aşıqlar Bakıda – İçərişəhərdə, Qız qalası ətrafında böyük bayram konserti verdilər. Çox təəssüf etdim ki, qurultaya çağırılmış aşıqlar arasında nə sən, nə Aşıq İsgəndər, nə də İslam Ərdənər (İsa oğlu) var idi. Qurultayda Gürcüstan, Ermənistan, Özbəkistan, Qazaxıstan və başqa yerlərdən də gələnlər vardı. Hətta Qazax artisti Kayrat Baybasınov domburda-tamburda çalıb oxudu da.
Nə isə. Keçənə güzəşt deyərlər. Təki sağlıq olsun. Xəstə Hasan haqqında çap etdirdiyim birinci məqaləni göndərirəm. Oxu özünün və qohumlarının fikrini yaz. Səhvləri, yanlışlıqları göstər ki, Xəstə Hasan haqqında daha geniş yazmağı planlaşdırdığım məqalə səhvsiz olsun.
Səni kimi dostlar kömək etsə Axırkələk tərəflərdə yaşamış aşıqların hamısını dirildərik. Yəni, qoymarıq ki, yaddaşlardan silinsin. Onun üçün bir az zəhmətə qatlaşmaq lazımdır. Heç cür inana bilmirəm ki, sizinkiləri Gürcüstandan köçürəndə özləri ilə aşıqların şeir dəftərlərini aparmasınlar. Bir də sizinkilərdən kimlərin harada yaşadığını da bilmirəm.
1. Xırtızlılar indi hardadı, onlarla görüşürsünüzmü?
2. Hasanla deyişən Usta Polad hansı kənddən (köydən) olub, onlardan kim harada yaşayır?
3. Xəstə Hasanın adını «Yüzdə bir» divanisində çəkdiyi aşıqlardan hansının şeirini, kəndini (köyünü) tanıyırsan, qohumlardan kim yaşayır?
4. Sən mənə aydın yazmayıbsan ki, Xəstə Hasanın hansı nəvəsinin övladısan? Daşdan kişinin dədəsinin adı nə idi, savadı vardı, yoxdu? Daşdan kişi və eləcə də dədəsi dünyasını neçənci ildə dəyişiblər? Onlar Xəstə Hasanın necə qohumları imiş?
5. Əhdəman və Murad Xəstə Hasanın hansı oğlunun uşaqlarıdı? Hasanın oğul və qızlarının adını yaz. Bir də onların təxminən neçə il əvvəl dünyalarını dəyişmələrini. Hər halda Əhdəman və Murad dədələrinin neçə yaşında, neçə il əvvəl dünyalarını dəyişdiklərini bilərlər. Əhdəman və Muradın neçə yaşı var?
Murtaza, qardaşım, əziyyət də olsa tələsmə bunlara bir-bir diqqətlə cavab yaz. Bir də səndən xahişim budur ki, yaz görüm Dəllək Murad, Ululu Kərim, Allahverdi (Ağ Aşıq) haqqında kimdən nə eşidibsən? Kitabdan oxuduqlarını demirəm.
Sənə göndərdiyim kitabı oxudunmu? Ordakı şeirlərin hamısı düzdü, yoxsa səhvləri var, səhv saydıqların hansılardır?
Məktubunda Qazaxıstana köçəndə sağ olan aşıqlardan Hasanın, Süleyman Layıxınanın, Sülü Balacanın, Aşıq Sadayın adlarını çəkirsən. Onların şeirlərini və neçənci ildə, harada dünyalarını dəyişdiyini bilirsənmi? Əhmədin də şeirlərini göndər. Bir də yaz görüm Əhməd ölüb, yoxsa sağdı? Onnan bir xəbər varmı?
Görürsənmi Murtaza qardaş, sənə nə çox sualım var? Öz şeirlərini də göndər! Görüm nə edə bilirik.
Ailə üzvlərinizə və qohumlarınıza mənim adımdan salam söylə. Sağlıqla qal. Tez-tez məktub yaz.
Dərin hörmətlə: Əli Şamilov.
Naxçıvan, 24.03.84.
Salam Əli qardaş.
Hörmətli məktub! Ürəgimin ən dərin güşəsində bəslədiyim qızılgül ətirli salamları sizi kimi əziz və hörmətli qardaşa təqdim edirəm. Əli can, çox da üzünü görməsəm də elə bilirəm ki, yaxşı hörmətli və söz qanan yigitmişsən.
Budur, iki məktubunu aldım, qəzet bərabəri. Yazırsan ki, Xəstə Hasan neçənci ildə anadan olub, neçənci ildə dünyasını dəyişib?
1.İndi Əhdəman dayımın 74-75 yaşı, dörd nəvəsi var. Mənim yaşım 52 toçnu düzdü.
2.Murat dayının bu dəqiqə 94-95 yaşı var. O da xəstə Hasanın İsmayıl addı oğlunun törəməsidi.
3.Daşdan kişi Xəstə Hasanın qardaşınnan və qızınnan olandı. O vədə Xəstə Hasan qızını qardaşı oğluna verib.
Xəstə Hasangil beş qardaş olur, üçü bizim kənddə Levisdə, ikisi Türkiyədə. 1.Türkdə olur böyük qardaşı Alı kişi. Qara Alı deyiblər ona. 2.Çiçək, 3.Xəstə Hasan, 4.Avdılla, 5. Musdafa. İndi bunnarın törəmələrini desəm çox gedər. Biz Xəstə Hasanın öz törəməsini alax. Xəstə Hasanın 2 oğlu, 1 qızı olub. Oğlanları İsmayıl və Mədət, qızı Sənəm. Həmən bu Sənəmi qardaşlarının böyüyüdür. Onu Xəstə Hasan qardaşı oğluna verir.
Xəstə Hasan 1154-cü ildə anadan olub» (Türk tarixi ilə). 1237-də dünyasını dəyişib. Özü də 83 yaş yaşeir. Xəsən Hasan «Yüzdə bir» sözünü 58 yaşda demiş, çünki 1212-ci deyir tarix. 1212-1154=58, 1404-1237=167 öləli. 1237-83=1154 anadan olması.
Mən bildiyim beş aşıxla deyişib: 1.Aşıx Polat, 2.Qul Qaranı, 3.Öməri, 4.İlfani, 5. Sefili.
Hələlik, məni bağışla. Xüdafiz. Murtaza Tursunov.
Qazaxıstan, obl. Alma-Ata, q. Talqar, ul. Çelyuski,
09.04.1984.
Salam, Murtaza qardaş!
Səbirsizliklə gözlədiyim məktubun gəlib mənə çatdı. Məktubun üstündəki poçt yazısından belə başa düşdüm ki, sizdən bizə, bizdən sizə məktub yeddi günə, yəni, bir həftəyə gəlir.
Murtaza, çox sağ ol. Ömrün uzun olsun, göndərdiyin dastanı da oxudum. Böyük əziyyət çəkibsən. Səni əziyyətinin qarşısında hələ çox borcumuz var. Gərək. hamımız əl-ələ verib Xəstə Hasanı tanıdaq. Xəstə Hasanı, onun nəslini tanıtmaq üçün də gərək çox işləyək, çox çalışaq.
Özün yaxşı bilirsən ki, Azərbaycanda aşıqların çoxunun kitabı çıxıb. Aşıq Alının, Ələsgərin kitabları isə rusca da çap olunub. Çox təəəsüf ki, indiyədək Xəstə Hasanın kitabda, qəzetdə bir şeiri də olsun çap olunmayıb. Ona görə də bu böyük aşığı tanımırlar. Mənim Bakı radiosunda verdiyim şeirlər, qəzetdə Aşıq İsgəndərdən alıb çap etdirdiyim şeirlər və bir də məqaləm Xəstə Hasan haqqında qəzet və jurnallarda çap olan, səslənənən yeganə şeirlərdir. Amma mən istəyirəm ki, Xəstə Hasanı bütün böyüklüyü, düzlüyü ilə hamıya tanıdım. Siz tərəflərdə mənim yazdığım məqaləyə necə baxdılar?
Murtaza, göndərdiyin dastana və yazdığın məlumata görə çox sağ ol! Amma bəzi məsələlər yenə də mənim üçün aydın deyil. Mənə şeirləri düz çap etdirmədiyimə görə irad tutursan. Düz də eləyirsən, qardaş. Amma ataların bir məsəli var: «Varını verən utanmaz». Özün oxuyubsan ki, mən qəzetdə çap etdiyirdiyim şeirləri Aşıq İsgəndərdən almışam. O necə deyib eləcə də çap etmişik. Aşıq İsgəndər də mənə Xəstə Hasanın Fədi ilə bağlı rəvayətini göndərmişdi. O, da çox sağ olsun. Mənim çap etdirdiyim də həmin rəvayətdən idi. Aşıq İsgəndərin göndərdiyi ilə sənin göndərdiyin arasında xeyli fərq var. Sən göndərən nisbətən genişdi. Aşıq İsgəndər göndərəndə isə sonda Hasan İrfani ilə deyişir və « Yüzdə bir» divanisini deyir.
Murtaza, Xəstə Hasanın doğumu, ölümü dəqiq deyil. Bunu sənin məktublarında da aydın görmək olar. Ona görə də mən də məqalədə şübhə ilə yanaşmışam. Mənə Gürcüstandan Osmanın göndərdiyinə görə Xəstə Hasan türk tarixi ilə 1257-ci ildə (Rus tarixi ilə 1841-ci ildə) 69 yaşında vəfat edib – dünyasını dəyişib.
Sənin mənə 31 may 1983-cü il tarixdə yazdığın məktubda deyirsən: «Rəhmətlik Daşdan kişi vardı. O, deyirdi ki, guya dədəsi hesab eləyib indi türk tarıxı 1403 sənə olsa, 1265 vəfat edib (Bu tarix Osmanın göstərdiyi tarixdən cəmi 8 il fərq edir. Bu da ki, o qədər çox deyil.
9 aprel 1984-cü il tarixli məktubunda isə yazırsan: «Xəstə Hasan 1154-cü ildə anadan olub» (Türk tarixi ilə). 1237-də dünyasını dəyişib. Özü də 83 yaş yaşeir. Xəsən Hasan «Yüzdə bir» sözünü 58 yaşda demiş, çünki 1212-ci deyir tarix. 1212-1154=58, 1404-1237=167 öləli. 1237-83=1154 anadan olması».
Murtaza, mən heç də sənin səhvini, yanlışını tutmaq istəmirəm. Məqsədim odur ki, düzünü-doğrusunu bilək. Hamıya da doğrusunu deyək. İndi bu gün səhvi qəzetə-jurnala versək sonra onu düzəldə bilmərik. Çətin olar. Odur ki, əziyyət də olsa indi dəqiqləşdirməliyik.
Ötən il mənə yazdığın şeiri olduğu kimi yazıram:
İçmişəm eşqin cəmini, həm oxuyam, həm yazam,
Böylə getməz bu zamana, bir gün olar eyyəzəm.
Min iki yüz qırx sənədi tarıxım yoxdu sayam.
Neçə aşıx gəldi-getdi Xəstə Hasan yüzdə bir.
Bütün bunları dəqiqləşdirmək üçün mənim sənə ötənlərdə yazdığım məktubları bir də oxu. Xahiş edirəm bu məktubumu qoy qabağına mənim yazdığım hər bəndə ayrıca cavab ver.
1. Xəstə Hasanın qəbir daşında yazı olubmu? (Muratdan və başqa qocalardan öyrən).
2. Daşdan kişinin dədəsi nədən, haradan bilirmiş ki, Xəstə Hasan nə vaxt dünyasını dəyişib? (Kitabdan, dəftərdən oxuyubmuş, yoxsa, təxminən hesablayıbmış?).
3. Muratın dədəsi Mədət neçə yaşında, təxminə, neçənci ildə dünyasını dəyişib?
4. Xəstə Hasanın dədəsinin, anasının adı necə olub? Hansı tayfadandır?
5. Xəstə Hasanın «Yüzdə bir» divanisində adı çəkilən aşıxlar hansı kəndlərdəndirlər?
6. Xəstə Hasanın uşaqlarından – İsmayıl və Mədət söz qoşub, aşıqlıq edib, ya yox?
Görürsən qardaş, 6 sualdır. Sən də 1. yaz sonra mənim dediyimə birinci suala cavab yaz. 2. yaz ikinci sualıma cavab yaz. və.s.6 sualıma sən də 6 cavab yaz!
Bundan başqa sən ötən ilki məktubunda mənə iki xana şeir yazmışdın.
Xəstə Hasan deyir xəstə sənindir,
Gey-qurşan əyninə, xəstə sənindir,
Ölüm haxdan gələr xəstə sənindir,
Gəl kəsmə üstümnən, ayağın gözəl.
Xəstə Hasanam qəmli-qəmli söylərəm,
Yara xançal vurub bağrım teylərəm.
Səksən üşdə ömrü tamam eylərəm,
Sayılmaz tarıx-i qədərim mənim.
Sənə yazdığım məktubda demişdim ki, bu şeirlərin əvvəlki kupletləri məndə yoxdu. Onları yaz, mənə göndər. Yəqin yadından çıxıb göndərməyibsən. Xahiş edirəm, bu məktubunda mütləq onları da göndər.
Murtaza qardaş, üç sualım yaddan çıxmışdı, onları da yazıram.
1. Deyirlər «Məhəmməd və Pəri» (Buna bəzən «Gürcüstan beçəsi», və ya «Təbrizli Becan sövdayarla Ağ Təhləli Valeh sövdayar ilə dosluq etməsi və övladlarını adaxlaması») nişanlaması haqda dastanını da Xəstə Hasan qoşub? Bunu doğrumu sayırsan?
2. Sənin Xaçmazdakı qohumların kimlərdir, hansı kənddə yaşayır, onlara nə vaxt gələcəksən?
3. Xəstə Hasanın Türkiyədəki qohumlarından sənə və ya qohumlarına məktub gəlirmi?
Murtaza, səndən xahişim budur, məktubumu alan kimi mənə tez, lap tez cavab yaz. Mənə cavab yazandan sonra vaxtın olduqca Xəstə Hasanın Polat, Qarani, Öməri, İlfani, Sefili ilə deyişmələrini də yaz, göndər.
Murtaza, sənə yazdığım məktuba başqa bir məktub da əlavə edirəm. Onu da üzünü köçürüb mənə yox, aşağıda yazdığım adresə göndərərsən. Mənim sənə yazdığım məktub qalar özündə. Aşıq İsgəndərin adından Xəstə Hasanın şeirlərini necə vermişiksə sənin adından da elə verəcəyik. Xəstə Hasanın şeiri ilə bərabər öz şeirini də göndər. Amma konyakdan, dindən olmasın. Gözələ, təbiətə, Vətənə, partiyaya həsr edilmiş şeirlər olsun. Sənə göndərdiyim məktubun özünü saxlayıb üzünü köçürüb bu adresə göndər: 363630 Az. SSR.
Naxçıvan şəhəri, Çaparidze küçəsi, 7. «Sovet Naxçıvanı» qəzetinin redaktoru S.A.Kərimova yoldaşa.
Murtaza qardaş, başqa nə sözün-sovun, istəyin olsa yaz. Bütün qohumlarınıza tükənməz salamım var. Əhdiman və Murat babalara da salam de!
Dərin hörmətlə: Əli Şamilov.
Naxçıvan şəhəri, Puşkin küçəsi, ey.73, mənzil 44.
24.04.1984.
Salam Murtaza qardaş!
Murtaza, bütün yayı səbirsizliklə sənin yolunu gözlədim. Dedim, Murtaza, bizim Qafqaza bu gün gələr, ya da sabah. Gəlib çıxmadın ki, çıxmadın.
Gəlməyin bir yana qalsın, hələ son məktubuma da cavab yazmadın. Murtaza, sənə bir kitab göndərirəm. Oxuyub sevinəsən. Bu kitabda Bəkir Paşanın şeirləri dərc olunub. Yəqin Bəkiri tanımamış olmazsan. Arzu edərdim ki, sənin də şeirlərin bu kitablara, eləcə də ayrıca kitab halında çap olunsun.
Kitabı oxuyandan sonra mənə ətraflı cavab yaz. Xahiş edirəm, mənim son məktuıbuma da cavab yaz.
Bütün qohumlarına və tanışlarına salamımız daimi və təbiidir.
Dərin hörmətlə: Əli Şamilov.
20.11.1984.
AZƏRBAYCAN KP MK-NIN
KATİBİ HƏSƏN HƏSƏNOV YOLDAŞA.
Hörmətli Həsən müəllim.
Salam. Sizinlə şəxsi tanışlığım olmasa da, mədəniyyətimizin coşğun təbliğatçısı və tədqiqatçısı olduğunuzu bildiyimə görə, məhz Sizə müraciət edirəm. Türkiyədə azərbaycanlıların yaşadığını, onların 1930-cu illərədək respublikamızla müntəzəm əlaqə saxladığını yazmaqla Sizin üçün yeni ola biləcək bir fikir söyləmiş olmaram. Tarixdən, Rus-Türk müharibələrindən də söz açmağı yersiz sayıram. Gözəl bir atalar misalı var: «Yük əyməsə, daş qürbətə düşməz» deyiblər. Türkiyədə yaşayan azərbaycanlılar orada doğulub boya-başa çatsalar da, özlərini qərib sayırlar və buradakılar da onlar üçün qəribsəyiblər. Buna səbəb əlaqələrin olmamasıdır.
Məlumat üçün onu deyim ki, mənim nəinki Türkiyədə, heç bir xarici ölkədə qohumum və simsarım yoxdur. Amma Türkiyədə yaşayan bir aşıq mənim üçün qohum qədər əzizdir. 10 ildən çoxdur onunla yazışıram. Şifahi xalq ədəbiyyatımızın zəngin bir xəzinəsini sinəsində daşıyan bu el sənətkarı daim Bakıya gəlmək, bildiklərini xalqımıza və tədqiqatçılara çatdırmaq istəyir. Azərbaycanda klassik irsə böyük əhəmiyyət verildiyindən xəbərdardır.
Arzu edərdim ki, Siz Aşıq İslam İsa oğlu Ərdənərin Azərbaycan aşıqlarının IV qurultayında iştirakına köməklik göstərəsiniz. Bunu Siz etməsəniz, kiminsə edə biləcəyinə və etmək istəyəcəyinə ümidim yoxdur. Bu barədə Akademik Mirzə İbrahimova da müraciət etmişdim. İndiyədək heç məktubuma cavab ala bilməmişəm. (20)
Aşıq İslam Bakıya gəlsə, yalnız qurultayda iştirak etməklə kifayətlənməyəcəkdir. Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin əməkdaşları ondan unudulmaqda olan aşıqlarımızın çoxlu şeirini, indiyədək yazıya alınmamış dastanlarımızı toplaya biləcəklər.
Aşıq İslamın hazırda 62 yaşı var. İndi ondan istifadə edib yaddaşındakı «xəzinəni» yazıya köçürməsək, sonra gec ola bilər. Aşıq İslam haqqında Sizdə dolğun təsəvvür yaratmaq üçün haqqında kiçik bir məqalə də yazıb məktubuma əlavə edirəm.
Dərin hörmətlə: Əli Şamilov,
SSRİ Jurnalistlər İttifaqının üzvü.
Aşıq İslamın ünvanı belədir: İslam Ərdənər, Mərkəzi Hümmətli köyü, PTT şöbəsi, Kars, Türkiyə.
Mənim ünvanım:
İndeks 373630, Naxçıvan şəhəri, Puşkin küçəsi, ev 73, mənzil 44.
MƏN AZƏRBAYCANA HEYRANAM
Sərlövhədəki üç kəlmə Aşıq İslam İsa oğlunundur. Onunla on bir ilə yaxındır tanışıq. Müntəzəm də olmasa, ara-sıra məktublaşırıq. Aramızdakı yaş fərqi 27-ni keçsə də, yaxın dost, müsahib kimi söhbətimiz tutur. Ədəbiyyatımızı, incəsənətimizi coşğun bir məhəbbətlə sevən və tədqiq edən el sənətkarı respublikamızın əldə etdiyi hər bir nailiyyətinə ürəkdən sevinir.
Aşıq İslam Ərdənər 1921-ci ildə Kars ilinin (Türkiyədə ərazi bölgüsüdür) Ərdahan şəhəri yaxınlığında Hümmətli köyündə doğulub. 1878-ci il San-Stefano sülh muqaviləsindən 1917-ci ilədək bu yerlər Rusiyanın tərkibində olub. Dəfələrlə inzibati ərazi bölgüləri dəyişilməsinə baxmayaraq burada yaşayanlardan haralı olduğunu xəbər aldıqda: «Çıldır mahalındanıq» – cavabını almaq olar. Əhalisinin əksəriyyətini azərlaycanlılar təşkil edən Çıldır mahalı da özünün saz-söz ustaları ilə məhşurdur. Adı indiyədək bir aşıq musiqisində yaşayraq günümüzədək gəlib çatmış Aşıq Ruhani, Aşıq Şenlik, Gövhəri, Qaranı və başqaları burada döğulub boya-başa çatmış, aşıqlıq sənətinə burada yiyələnmiş, burada şöhrət tapmışlar. Maraqlı burasıdır ki, istər Türk folklorşünasları, istərsə də yerli əhali bu el sənətkarlarını azərbaycanlı aşıqlar adlandırsalar da, hələ də bizim mətbuatda onları Türkiyə sənətkaraları kimi təqdim edilirlər.
Hörmətli akademikimiz H.Araslı 1972-ci ildə «Azərbaycan» jurnalında dərc etdirdiyi bir məqaləsində (beşinci nömrəsində, səhifə 16) yazır: «Türk aşıq şeri mütəxəssislərindən Nijat Birdoğan görkəmli türk aşığı Şenliyə həsr etdiyi məqaləsində yazır: «Bu günkü Van, Kars, Ərzurum ətrafında hər saz çalan aşığın dilində uç ad əzbərdir. Göyçəli Aşıq Ələsgər, Tikmədaşlı Xəstə Qasım, Çıldırlı Aşıq Şenlik. Bütün ruhu və ifadələri ilə xalqla bağlı olan bu üç aşıq bu gün də ətrafda yaşayanlara görə bütün keçmiş sənətkarlardan qabaqdır. Onları hətta Summanı və Aşıq Abbasdan da üstün tuturlar. Zaman etibari ilə bir-birinə yaxın olan bu üç sənətkarı bir-birlərini tanımamışlar, əsərləri isə tamamilə Azərbaycan dilindədir. Buna baxmayaraq, bu gün o yerlərdə gəzənlər – Müdami, Hicrani, İslam (haqqında söhbət açdığımız İslam İsa oğlu Ərdənərdir – Ə.Ş.) Lütfi, Cövlani və Dəryami kimi sənətkarlarla danışmalar bu üç aşığın adı çəkiləndə onların sayğı salamına durduqlarını aydın görərlər».
Gördüyümuz kimi, turk folklorşünası Nijat Birdoğan da Şenliyin Azərbaycan aşığı kimi təqdim etməsinə baxmayaraq, H.Araslı yenə də el sənətkarını türk aşığı adlandırır. Aşıq Şenliyinin əlimizdə olan şerlərindən, İslamın məktublarından aydın görünür ki, Qars-Ərzurum ətrafındakı aşıq məktəbi – Azərbaycan və türk aşıq məktəbləri formalaşıb.
Azərbaycan aşıq məktəbinin təsir dairəsi, nüfuzu daha geniş, daha möhkəmdir. İslam Ərdənər Azərbaycan aşıq ənənələrini yaşadıb davam etdirməklə yanaşı, ona yad xallar vurmağa çalışanlara qarşı da mubarizə aparan sənətkarlardandır. 30 may 1977-ci ildə göndərdiyi bir məktubunda yazır: «Aşıq Şenliyin kitabını (söhbət Ensar Aslanın 1975-ci ildə Ankarada çap etdirdiyi «Çıldırlı Aşıq Şenlik» kitabından gedir. – Ə.Ş.) göndərmirəm. Bu səbəbdən göndərmirəm ki, onu yazan adam (tərtibçi E. Aslan nəzərdə tutulur. – Ə. Ş.) yalan-yanlış yazıb. Osman Sarıvəllinin, Aşıq Ələsgərin mahnılarını Aşıq Şenliyə mal edib. Kitab başdan sona qədər olduqca qələtdir. İndi mən Şenliyin kitabını sənə göndərsəm….xəcalət çəkərəm».
Asıqlıq sənətinin məşhur el şairi Şenliyin oğlu Qasımdan öyrənən və onunla 20 ildən çox bir yerdə məclis aparan Aşıq İslam daim öz üzərində çalışır, gəzir və öyrənir. O 1980-cı ildə yazırdı: «İrana getdim. Mərkəzi Təbrizdə çox qaldım və çox…. şəhərlərinə getdim. Cox gözəl aşıxlaranan görüşdüm. Yaxşı söhbətlərimiz oldu. Şair Şəhriyarı da ziyarət etdim. Əmə, nə yazıx, çox naxoş idi!
Aşıq İslam müntəzəm respublikalarımizdan radio ilə verilən əbədi-bədii verilişlərə qulaq asır. Onun yazdığına görə, Azərbaycan radiosunun «Bulaq» proqramına qulaq asanlar daha çoxdur. Məktublarının birində deyir: «Çox hörmətli qardaşım, biz burada «Bulax» dədə verilişinə qulax asırıx. Yəni Azərbaycan ədəbiyyatını qaçırmırıx. Həmişə dinləyirik!»
Klassik aşıqlarımızın yaradıcılığını gözəl bilən və təbliğ edən Aşıq İslam çox təəssüf edir ki, Turkiyədə aşıq yaradıcıdığına (xüsusən də, Azərbaycan dilində yazıb-yaratmış aşıqların yaradıcılığına) bir ögey munasibət var. Bir dəfə ondan Tufarqanlı Abbasın şerlərini yazıb mənə göndərməsini xahiş etmişdim. Cavab məktubunda ürək ağrısı ilə yazırdı… «bir də deyirsən Divarqanlı Abbasın kitabının (Bakıda Gənclik nəşriyyatının 1973-cü ildə nəşr etdiyi 72 şer kitabı nəzərdə tutulur. – Ə. Ş.) içində olmayan mahnılarını mənə yaz göndər. Ay Əli, cox mahnılar var (yəni, kitabda nəşr olunmamış – Ə.Ş.) mən hansı birini yazım sənə göndərim. Sənin və Qənbərin canı üçün çox mahnılar var. Mən nə təhər eyləyim?!»
Aşıq İslam qədim Çıldır mahalını el-el, oymaq-oymaq gəzərək məclislər yola salır, məclislərdə Qurbanidən, Abbasdan, Xəstə Qasımdan, Ələsgərdən, Alıdan, Şenlikdən, bir də bizə hələ adları da məlum olmayan 17-19-cu əsrlərdə yaşamış Ruhanidən, Gövhəridən, Çöllü İsmayıldan, Molla Xəlisdən, Aşıq Teyfidən, Usta Poladdan, Dəli Tamıdan və başqa onlarla el sənətkarlarından söhbət açır. Hərdən yeri düşəndə özü də şer qoşur. Həmişə də qədbində bir nisgil – Bakını görmək, necə illər sinəsində dolandırdığı el şairlərinin şerlərini bir elmi müəssisəyə təqdim etmək niskili dolandırır. Bu nisgili – Bakı həsrətini aşıqdan hər məktub alanda daha coşğunlaşdığını hiss edirəm. Məktublarının birində yazır:
Qolay ağlar,
Şamdanı qolay ağlar.
Yetim gülsə zor gülər,
Ağlasa, qolay ağlar.
Və yaxud
Kömür yandı köz oldu,
Haqqınızda söz oldu.
Röyada gördüm sizi
Ciyarım köz-köz oldu.
Arzu edərdik ki, Aşıq İslam respublikamıza qonaq dəvət edilsin, Nizami adına Ədəbiyyat İnstitutu Ərzurum-Qars ətrafındakı azərbaycanlılar yaşayan kəndlərə folklor ekspedisiyası təşkil etsin, el şairlərnin əsərlərini toplayıb nəşrə hazırlasın. Aşıq İslama görə, bu ərazidə 150-dən çox azərbaycanlı kəndi var.
Aşağıda Aşıq İslamın iki şerini veririk: istər məktubda istifadə etdiyimiz sitatlarda, istərsə, aşağıda verdiyimiz şerlərdə aşığın dil üslubunu olduğu kimi saxlamışıq.
QOŞMA
İydir qəzasında səni sevmişəm,
Gəl eyləmə mənə naz, gedən gəlin.
Səndən özgə çox gözəllər görmüşəm,
Bulunar əmsalım az, gedən gəlin.
Ağlım başdan çıxıb, olmuşam dəli,
Yanıram oduna səni görəli,
Bir neçə sözum var sənə deməli
Ömür dəftərinə yaz, gedən gəlin.
Zümrüd xoşdur, amma almaza gəlməz,
Yaqutun yerini heç biri, verməz,
Kim deyir ki, gəlin qıza tay olmaz,
Qurban sənə on beş qız, gedən gəlin.
Mailəm dilbərin uca boyuna,
Gözəl əxlaqına, gözəl xoyuna
Bu Xəstə İslamı alsan qoyuna,
Bil ki şəfa bular tez, gedən gəlin.
CIĞALI TƏCNİS
Nəsihət eylərəm, divana könül
Bafası olmayan yara yar demə.
Mən aşığam yar demə,
Beyilqara yar demə,
Mansırtək dara çəkil
Sitəmkara yar demə.
Dərdə dərman olmaz naşı təbibdən,
Davası olmayan yara yar demə.
Süsən yarım, sünbül yarım, gül yarım,
Şirin söhbət eylə, danış-gül yarım,
Mən aşığam gül yarım,
Lalə yarım, gül yarım,
Gəl bağa bağban olax,
Mən bülbül, sən gül yarım.
Şölə salıb camalına gül, gül yarım
Səfası olmayan yara yar demə.
Mehmanım ol, otağımda qal indi,
Mənzilə yetişdin, məskən sal indi,
Mən aşığam al indi,
Al yanağım al indi,
Ağ gərdənə yaraşır,
Mor bənövşə al indi.
İslam deyər, şirin canım al indi,
Cəfası olmayan yara yar demə.
Əli Şamilov.
«Sovet Naxçıvanı» qəzetinin əməskdaşı.
Ünvan: 373630 Naxsıvan şəhəri, Puşkin kuçəsi, ev 73, mənzil 44.
15 fevral 1983-cü il.
Qeyd: Həsən Həsənova göndərdiyim məktuba bir neçə ay sonra aşağıdıkı cavabı aldım.
Azərbaycan SSRİ Mədəniyyət Nazirliyi
Bakı, 370016. Hökümət evi. Tel. 93-30-02
№ Ş-272/04 20.V. 1983-cü il.
Naxçıvan şəhəri, Puşkin küçəsi, ev 73, mənzil 44-də yaşayan Ə. Şamilov yoldaşa.
Sizin Azərbaycan KP MK-nın katibi H.Həsənov yoldaşın adına yazdığınız ərizəyə cavab olaraq bildiririk ki, hələlik Azərbaycan aşıqlarının IV qurultayı nə vaxt çağrılması dəqiq müəyyənləşdirilmədiyindən Türkiyədə yaşayan Aşıq İslamın həmin qurultaya çağrılması barədəki təklifinizin həyata keçirilməsinə imkan və əsas yoxdur.
Mədəni-maarif müəssisələri
idarəsinin rəisi: R.Kaşıyev.
R.Kaşıyevin məktubunun şəkili
AŞIQ İSGƏNDƏRİN
YARDIMIYLA
YAZDIĞIM MƏQALƏLR


AŞIQ İSGƏNDƏR HAQQINDA MƏQALƏLƏR
AŞIQ İSGƏNDƏR HAQQINDA MƏQALƏLƏR
Əli Abbasın “Konqres” qəzetində “Ədəbi düşüncə-lər” rubrikası altında verilmiş “Əli Şamilə Borçalıdan məktub” məqaləsinə yazdığım aşağıdakı cavab həmin qəzetin 30 iyun 2011-ci ildə nəşr olunan 3(3)-cü sayın-da, səhifə 2-də kiçik ixtisarla çap edilmişdir. Onu da kita-bın təkrar nəşrinə daxil etməyi münasib bildik.
“KONQRES” QƏZETİNİN REDAKTORUNA
Hörmətli redaktor! Bu günlərdə Bakıya gələn tələbəlik dostum Osman Əhməd oğlu sizin qəzetinizin 2011-ci il aprelin 28-də çap olunmuş birinci nömrəsinin bir vərəqini mənə gətirdi. Orada redaktorun adı, qəzetin adresi olmadığına görə sizə ad və familyanızla müraciət edə bilmədim.
Yüz il bundan əvvəl Kırımda, Kazanda, Orenburqda, San Peterburqda, Misirdə, Kəlküttədə və b. yerlərdə çap olunan qəzet və jurnalları, Bakıdakı, Gəncədəki, Naxçıvandakı, Şəkidəki, Şamaxıdakı ziyalılar gec də olsa, alıb oxuyurdular. O dövrdə rabitə xidməti zəif olduğundan qəzet və jurnallar həftələrlə, aylarla yol gələrək sahibinə çatır və oxunurdu.
Bu gün isə texniki tərəqqi hər şeyi sürətləndirsə də, bir ziyalı kimi nəinki Gürcüstanda çap olunan qəzet-jurnalları, kitabları oxuya bilmirəm, heç Bakıda çıxan qəzet və jurnalların adlarını belə bilmirəm. O qədər çox qəzet çap olunur ki, onları oxuyub çatdırmaq mümkünsüzdür.
Ona görə də Borçalıda “Konqres” adlı qəzetin varlığından xəbərsiz olmağımızı və onu oxuya bilməməiyimizi normal sayın. Qəzetinizin mənə gəlib çatan 10-cu səhifəsində Əli Abbasın “Ədəbi düşüncələr” rubrikası altında mənə ünvanlanmış “Əli Şamilə Borçalıdan məktub” məqaləsini həyacanla oxudum.
Yazı məni olduqca kövrəltdi. Beləki, Ağbabalı İsgəndərin sənətinə olan hörmətinizi gördükdə sevinc və fərəh hissi keçirdim. Halbuki uzun illər sənətkarın həyat və yaradıcılığına qarşı laqeyidliyin şahidi olmuşdum.
Əli Abbasın çılğınlıqla İsgəndər Ağbabalıya verdiyi dəyər, onun saz-söz sənətinə xidmətinin belə həssaslıqla dəyərləndirilməsinə sevindim.
Açığı məktubun məni duyğulandırmasının bir səbəbi də 2006-cı ildə Bakıda çap olunmuş bir kitaba 5 il sonra Gürcüstandan fikir söylənməsi oldu. Oxucu üçün qəribə görünə bilər ki, kitaba nədən belə gec münasibət bildirilir. Bunun səbəbi Əli Abbasın diqqətsizliyi kimi qiymətləndirlməməlidir. “Aşıq İsgəndər Ağbabalı” kitabını öz vəsaitimizlə 200 tirajla çap etdirərək kitabxanalara, folklor mütəxəssislərinə, Aşıq İsgəndərin ailəsinə, onu tanıyanlara və qohumlarına payladıq. 150-160 manat maaş alan bir elmi işçinin və ondan bir o qədər də çox maaş almayan həmkarlar işçisinin ailə büdcəsində qənaət etdiyi pula ancaq 200 kitab çap etmək mümkün idi.
Əli Abbasın böyük hünəridir ki, Borçalıda yaşaya-yaşaya Bakıda 200 tirajla çap olunmuş kitabı tapıb oxuya bilib. Kitabı oxumaqla kifayətlənməyib, fikrini oxucularla da bölüşüb. Hər bir insanın çəkdiyi əməyə görə müəyyən bir məbləğ alması gərəkdir ki, onunla yaşamını təmin etsin. Əli müəllim isə yazdığı məqaləyə görə heç bir haqq almağı qarşısına məqsəd qoymayıb. Bu məqalə ilə şöhrətlənəcəyini, nüfuz qazanacağını da düşünməyib. Sadəcə olaraq daxildən gələn hiss və duyğularını “Konqres” qəzetinin oxucuları ilə bölüşüb.
“Aşıq İsgəndər Agbabalı” kitabını çap etdirəndə “Nə Aşıq İsgəndər elə məşhur aşıqdır ki, ona görə yazdığını oxusunlar, nə özün məşhur alimsən ki, kitabından da istifadə etsinlər” – deyənlərə, gördüyüm işi boş və mənasız sayanlara da rast gəldim.
Həqiqətən də kitab Bakıda çap olunsa da, çalışdığım AMEA Folklor İnstitunun əməkdaşlarının əksəriyyətinin, eləcə də bir çox folklorçu və saz-söz həvəskarının kitabdan xəbəri var idi, lakin heç biri fikir və münasibətini bildirməmişdi. Üstündən beş il keçəndən sonra Borçalıdan Əli Abbasın kitab haqqında məqalə yazması və Ankaradan tanınmış folklorçu Nail Tanın “Aşıq İsgəndər Agbabalı” kitabından məqaləsində istifadə etməsi onu göstərir ki, heç də bədbinləşməyə dəyməzmiş. Bu yazıları oxuyanda kitabın dəyərini anlayanların mövcudluğunu gördüm. Onun dəyərini anlayanları gördükdə isə qürur hissi keçirdim.
Kitab haqqında nə tənqid, nə də tərif söylənməməsi, ona diqqət yetirilməməsi məndə nə qədər təəssüf hissi doğurmuşdusa, Əli Abbasın səmimi duyğuları məni o qədər qürurlandırdı.
Qəzetinizə məktub yazmağa hazırlaşarkən Xəstə Hasanın yorulmaz araşdırıcısı, rəhmətlik Valeh Hacıların oğlu Fəxri bəylə görüşdük. Ona Əli Abbasın məqaləsindən söz açdım və qəzetinizin ünvanını xəbər aldım. Fəxri bəy Marnaulidən Nizami Məmmədzadənin baş redaktorluğu ilə çap olunan “Ziya” qəzetinin 2011-ci ilin fevralında çap olunmuş 23 (32)-cü sayını verdi. Orada da Əli Abbasın “Aşıq İsgəndər Ağbabalı” məqaləsi çap olunmuşdu.
Əli müəllim hər iki məqaləsində müasirimiz olan Aşıq İsgəndərin ölümü ilə bağlı rəqəmlərin fərqliliyinə narahat olduğunu bildirir. Haqlı narahatlıqdır.
Əli Abbas Aşıq İsgəndərin oğlu Murtazanın xatirələrinə (xartirələrin harada çap olunduğundan xəbərsizəm) dayanaraq sənətkarın ölümünün 1993-cü ildə olduğunu hesab edir. Murtaza hərbçidir. Atası rəhmətə gedəndə Azərbaycanda deyildi.
Mən aşığın ölümü ilə bağlı rəsmi sənədi görməmişəm. 1988-ci ildə Ermənistanı müsəlmanlardan təmizləmək kompaniyası başlayanda Aaşıq İsgəndər də ailəsi ilə Şəmkir rayonunun keçmiş Leninkənd qəsəbəsinə köçmək məcburiyyətində qalmışdı, orada da rəhmətə getmişdi. Aşığın qardaşı Şükürün, eləcə də həmin vaxt Leninkənd qəsəbəsində yaşayan oğlanları, atasının sənətini davam etdirən Faxfur və Cümşüdün mənə verdiyi bilgiyə əsasən İsgəndər Gülməmmədovun 1991-ci il aprelin 24-də dünyasını dəyişdiyini yazmışam. Həmin vaxtdan uzun illər keçməsinə baxmayaraq, yolum Şəmkirə düşməyib. Aşığın qəbrini də ziyarət etməmişəm və qəbir üzərindəki başdaşını da görməmişəm. Bu günlərdə Faxfur İsgəndəroğlu ilə görüşdük. Ondan xahiş etdim ki, atasının qəbrinin başdaşını və ölüm şəhadətnaməsinin surətini sizin qəzetə göndərsin. Bununla da Aşıq İsgəndər Ağbabalının ölüm tarixini dəqiqləşdirmiş olsun.
Əli müəllim Xəstə Hasanın ölüm tarixinə minasibət bildirəndə yazır: “Həm sizə, həm də Valeh müəllimə bu “tarixi” Aşıq İsgəndər Ağbabalı verib və tam olaraq eyniyət təşkil edir. Amma Murtuza Dursunovun (Xəstə Hasanın qohumlarından olan, saz-söz həvəskarı, bir müddət aşıqlıq etmiş Mutuza Dursunov Qazaxıstanın Talqar rayonunda sürgün həyatı yaşayırdı – Ə.Ş.) sizə göndərdiyi şeiri gərək bu kitaba salmayaydınız. Çünki gələcəkdə tarixi dəyişməyə meyilli olan bəzi adamlar mübahisə etməyə bəhanə tapacaqlar”.
Hörmətli, Əli Abbas, mən Murtuza Dursunovdan alınmış şeiri və mənə məlum olan bütün variantları ona görə kitaba daxil etdim ki, araşdırıcılar bəlkə, onlardan bir ipucu kimi istifadə edib, həqiqətləri aşkara çıxaralar. Nə aşıq İsgəndərdən, nə Murtuza Dursunovdan, nə İslam Ərdənərdən və başqalarından toplanmış şeirlər Xəstə Hasanın doğum və ölüm tarixini dəqiq vermir. Bunun üçün yazılı qaynağın olması vacibdir. Nə yazıq ki, hələlik əlimizdə Xəstə Hasanın doğulduğu və yaşadığı Levis kəndinin təhrir dəftərləri – vergi toplanma dəftərləri olmadığından və başqa yazılı qaynağa rastlamadığımızdan qəti hökm verə bilmirik. Buna görə də bütün nümunələri qoyuruq ki, gələcəkdə onları saf-çürük edə bilsinlər.
“Əli Şamilə Borçalıdan məktub” məqaləsini çap etdiyinizə görə sizlərə; Aşıq İsgəndəri ürəkdən gələn bir məhəbbətlə xatırladığına və oxuculara tanıtmağa çalışdığına görə isə Əli Abbasa bir daha minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə Əli Şamil
Bakı şəhəri, 23.06.2011.
AYDINLATMA
1. Osman Əhmədoğlunun qohumu, Keşəlili Qənbər Ömər oğlu Usubov (30.08.1940-01.12.1980)
2. İslam İsa oğlu Ərdənər 1921-ci ildə Qarsın Ladıqars (Vladiqars) kəndində anadan olmuş, Aşıq Şenliyin oğlu Qasımdan aşıqlığın sirlərini öyrənmiş və 1959-cu ilədək (20 ildən çox) onunla birgə məclis aparmışdı. Keşəlidə qonaq olduğu günlərdə aşıqlarla görüşmüş, Hüseyin Saraclı və Azaflı Mikayılla şeirləşmişdi. Aşıq İslamın atasıgil 1918-ci ildə daşnak silahlılarının basqınından qurtulmaq üçün doğulub boya-başa çatdıqları Soyuqbulaq kəndindən (Ermənistandakı Kalinino rayonunu) qaçıb Ladıqarsda yerləşmişlər. Osman Əhmədoğluna görə aşığın ulu babaları Keşəli kəndindənlir.
Aşıq İslam Ərdənər haqqında 1970-ci illərdə yazdığım məqaləni 1989-cu ilin fevralın 19-da «Odlar yurdu» qəzetində çap etdirməyə imkan yarandı.
3. Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləyən, folklorçu Məhərrəm Cəfərov.
4. Türkiyəli Aşıq İslam Ərdənər.
5. Söhbət Turkiyənin Ərzurum ilinə bağlı Saqaruma kəndində yaşayan Rustam Alyunus oğlundan gedir.
6. Özbék Orhan. Aşık Şenlik(deyişmélér karşılaşdırmalar), “Ay yıldız” néşriyyatı, Ankara, 1969.
7. «Abbas-Gülgəz» dastanında Aşıq Abbasın 40 aşıqla qarşılaşdığından söbət gedir. Dastanın çap variantlarında o aşıqlardan üçünün – Aşıq Hüseyinin, Aşıq Sənanın, Aşıq Şirvandostunun adı çəkilir və yalnız Aşıq Hüseyinlə deyişməsi verilir. İnəkdağlı Aşıq Qənbərin söylədiyi «Abbas-Gülgəz» dastanında Abbas Pərinin arxasınca gedərkən Batmanqılıcın aşıqlarıyla deyil, şahın saraydakı 40 aşığıyla deyişir. Aşıq Qənbər saraydakı üç aşığın Abbasa dediyi bağlamanı və Abbasın onlara verdiyi cavabı bilirdi. Mən Aşıq İsgəndərdən Aşıq Abbasın 40 aşıqla deyişməsindən neçəsini bildiyini xəbər almışdım. O, beş aşıqla deyişməsini bildiyini yazır və göndərəcəyini bildirir.
Bu sualım təsadüfü deyildi.1970-ci ilin iyulunda tələbə yoldaşım İsrafil Qurbanovla Aşıq Ələsgərin oğlu Aşıq Talıbı görməyə getmişdik. Söhbət zamanı o, atasıyla bağlı xatirələrini danışanda «Abbas-Gülgəz» dastanından da söz düşdü. Aşıq Talıb dedi ki, əmim ( Aşıq Ələsgərin övladları atalarına əmisi uşaqlarının diliylə «əmi» deyə müraciət edirlərmiş – Ə.Ş.) İrandan Göyçəyə gəlib məclis aparmış Aşıq Abbası çox tərifləyərdi. Biz Aşıq Abbasın hansı üstün cəhəti olduğunu xəbər aldıqda deyərdi: «O, (yəni, Göyçədə məclis aparmış Aşıq Abbas – Ə.Ş.) «Abbas-Gülgəz» dastanını 7 gecəyə danışan tək aşığıydı. Saraydakı 40 aşığın Abbasa hansı sözü dediyini, Abbasın onnara necə cavab verdiyin bilirdi.»
8. Azərbaycan radiosunda həftədə bir dəfə gedən «Bulaq» proqramı nəzərdə tutulur.
9. Amasiyadakı «Əmək» qəzetinin redaktoru Kərim Əsgərov tələbəlik yoldaşım Ramiz Əsgərin əmisiydi.
10. Aşıq İsgəndərin haqqında məqalə dərc olunmuş «Sovet Naxçıvanı» qəzetindən söhbət gedir.
11. Sonrakı məktubunda aşıq şeiri təkrar yazdığından burada ixtisar etdik.
12. Azərbaycan Aşıqlarının IV Qurultayına Aşıq İsgəndəri, Aşıq Murtazanı, Aşıq İslamın və b. dəvət edilməsinə çox çalışırdım. Hüseyin Arif də Aşıqlar Birliyi yaradılmasını, özünün də oraya sədr seçilməsinə çalışırdı. O, söz vermişdi ki, keçmiş SSRİ ərazisndə yaşayan aşıqların qurultaya dəvətinə yardımçı olacaq. Amma xarici ölkələrdə yaşayanların dəvət etdirilməsinə gücü çatmaz. Bu işdə ona kömək lazımdır. Məsləhət gördü ki, İslam Ərdənərin dəvət edilməsi xahişiylə Azərbaycan KP MK-nın katibi Həsən Həsənovun adına ərizə yazım, qalan işləri isə Hüseyin Arif özü həll etsin. Mən də belə bir məktubla Həsən Həsənova müraciət etdim. Yazdım. Məktubu və aldığım cavabı kitabın əlavələr bölməsində veririk.
13. Aşıq İsgəndərin yaşadığı Ağbaba Türkiyə sərhəddindədir. O tərəflər dedikdə, Türkiyəni nəzərdə tuturdum.
14. Həmin dövrlərdə Azərbaycanın ucqar bölgələrində, eləcə də Ermənistan və Gürcüstanın çox yerində Azərbaycan Televiziyasının görüntüsü yayınlanmasa da, səsini radio ilə eşitmək mümkün olurdu.
15. Adlı-sanlı etdiniz, tanıtdınız anlamında.
16. Aşıq sonrakı məktubunda bu haqda nisbətən geniş danışdığına görə, buradakı parçanı ixtisar etdik.
17. Söhbət Azərbaycan Elmlər Akademiyası Naxçıvan şöbəsinin bölmə müdiri, filologiya elmləri namizədi, folklorçu Cabbar Cəlilovdan gedir.
18. Bu məktubdan sonra Ermənistanda müsəlmanların təqibi, sıxışdırılıb qovulması başladığından Aşıq İsgəndərdən xəbər tuta bilmədim.
19. Aşıq nağıl deyəndə dastanı nəzərdə tutur.
20. Murtazanın adını yazmadığı Qaraqoyunlu şairinin kim olduğunu bilmirik.
21. Həmin illərdə akademik Mirzə İbrahimov Asya və Afrika Ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri işləyirdi. Ona yazdığım məktubun surəti mənim arxivimdə qalmadığından kitaba salınmadı. Məktub onun şəxsi arxivində, yoxsa, çalışdığı idarələrin arxivində olduğunu da müəyyənləşdirə bilmədim.
Əzizə Şamil, Əli Şamil.
Aşıq İsgəndər Ağbabalı, Bakı, 2012
Nəşriyatın direktoru:
Nəşriyatın redaktoru:
Korrektorları: Könül Əliyeva
Kompüterdə yığdə:
Kompüter tərtibatçısı:
Kağız formatı: 60/84 1/16
Mətbəə kağızı: № 1
Həcmi: 7 ç/v.
Tirajı 200
hazır diapozitivlərdən
çap edilmişdir.
Təkrar nəşrin səbəbkarı
Mürtəza İsgəndər oglu Gülməmmədov 1953-cü ildə Ermənistan SSR Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılıb. 1977-ci ildə əsgəri xidmətini başa vurduqdan sonra Orcanakidze (Vladikafqaz) şəhərində Ali Hərbi Akademiyaya qəbul olunub. 1981-ci ildə təhsilini başa vursa da həmin Akademiyada zabit kimi xidmətini davam etdirib. Gələcək zabitlərin hazırlanmasında fəal istirak etdiyinə görə dəfələrlə mükafatlandırılıb. 1992-ci ildən Rusiyanın Daxili Qoşunlarında Hərbi Hissə kamandiri olub. 1999-cu ildən polkovnik rütbəsində istefaya çıxaraq Vladiqafqazda (RF Şimali Osetiya Respublikasi) şəhərində yaşayır və Azərbaycan diasporasının rəhbərlərindən biridir.
təşni-zəbanım-farsca dili susamış
dil-farsca ürək, firaq-ərəbcə ayrılıq, hicran.
məlal(ə)- usanma, sıxılma, kədər,qəm
|