Dastanlaşmış ömürlər

http://ali-shamil.tr.gg/Dastanla%26%23351%3Bm%26%23305%3B%26%23351%3B-.oe.m.ue.rl%26%23601%3Br.htm

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

DƏDƏ QORQUD ADINA FOLKLOR

ELMİ-MƏDƏNİ MƏRKƏZİ

 

 

ƏLİ  ŞAMİL

 

 

 

 

 

 

 

 

 

DASTANLAŞMIŞ ÖMÜRLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2001


 

 

 

REDAKTORU:                      MUXTAR QARADAŞLI

                                                         filologiya elmləri namizədi

 

 

 

 

NƏŞRİNƏ MƏSUL:     ƏZİZ ƏLƏKBƏRLİ

                                               filologiya elmləri namizədi

 

 

 

 

Əli Şamil. Dastanlaşmış ömürlər. Bakı, “Səda“ nəşriyyatı, 2001.

 

Rusiya Qafqazı işğal etsə də əhalinin müqavimətini tam qıra bilmədi. Azərbaycan türkləri arasında müstəmləkəçilərə qarşı mübarizənin ən geniş yayılmış forması qaçaqçılıq hərəkatı oldu. Qafqazın müxtəlif bölgələrində qaçaqlar 150 ilə yaxın hökumətə müqavimət göstərdilər. Təqib və təzyiqlərə baxmayaraq xalq onları sevdi, şəninə mahnılar qoşdu.

Bu kitabda da indiki Ermənistan Respublikası adlanan bölgədə və Naxçıvan Muxtar Respublikasında doğulub XIX-XX yüzillikdə qaçaqlıq və xalq sərkərdəliyi etmiş insanlardan və onlar haqqındakı rəvayətlərdən, mahnılardan söhbət açılır.

 

 

 

ISBN - 5-86874-231-1

 

 

 

                                                          © “Səda“ nəşriyyatı, 2001

                                  

 


DASTANLAŞMIŞ ÖMÜR...

 

Pasportlaşdırmanı folklorun qızıl qanunu adlandırmaq olar. Oxucuya ilk baxışda elə gələcək ki, «Dastanlaşmış ömürlər» kitabında bu qanuna əməl edilməyib. Ayrı-ayrı adamların söylədiyi xatirə, rəvayət, şer parçası, qəzet-jurnallardan, kitablardan alınmış parçalar publisistik məqalələrin içərisində «əridilib». Bir az diqqətli və ayıq gözlə baxan oxucu folklorumuza böyük məhəbbətin, vətəndaş yanğısının şahidi olacaq.

Müəllif özü danışanda yazılı ədəbi dil normalarına əməl edir. Topladığı materialları isə söyləyicinin danışdığı ləhcədə, onun dünyagörüşünə uyğun şəkildə təqdim edir. Anlaşılmasının çətinlik törədə biləcəyi şübhə doğura bilən hər hansı bir fakt, rəqəm informatora əlavə suallar verilməklə dəqiqləşdirilir. Sənətkarlarımızın yaratmış olduğu bədii nümunələrə böyük qayğı və diqqətlə yanaşılır. Müəllif hər kiçik detalın konkret bədii, tarixi funksiya və vəzifə daşıdığını, mühüm məna və əhəmiyyət kəsb etdiyini çox aydın dərk etdiyindən yaddaşlarda qorunub saxlanılan xırda bir təfərrüata, kiçik bir şer parçasına biganə qalmır.

Rusiyanın Qafqazı işğalı bölgədə yaşayan xalqların hamısı tərəfindən eyni qarşılanmadı. Xüsusən tüklər işğalçılara qarşı uzun müddətli mübarizəyə başladılar. Bunun ən geniş formalarından biri də qaçaqçılıq hərəkatı idi. XIX-XX yüzilliklərdə Qafqazda yaşamış və döyüşmüş qaçaqların siyahısı tərtib edilsə orada yüzdə doxsanının tüklər olduğunu görərik. Bu da səbəbsiz deyil. Son illərdə yaxın tariximizə dair yazılmış elmi əsərlərdə məsələyə geniş və obyektiv qiymət verildiyindən mövzu üzərində dayanmayıb ona yalnız folklor yönündən nəzər salacağıq.

Yüzillər boyu davam edən türk dastançılıq ənənəsi tarixin gedişi nəticəsində öləziyirdi. Dramaturgiyanın, bədii nəsrin inkişafı daha qabarıq ön plana çıxırdı. Lakin bu dastan yaradıcılığını da tam dayandıra bilməmişdi. Son yüzilliklərdə dastan yaradıcılığımızı öləziyən, nəsr və dramaturgiyamızı isə alovlanan ocağa bənzədə bilərik.

«Qaçaq Nəbi», «Qaçaq Kərəm», «Qandal Nağı», «Dəli Alı» və b. buna nümunə ola bilər. «Dastanlaşmış ömürlər» kitabına daxil edilmiş məqalələri oxuyanda bu siyahının daha geniş olduğunu görürük.

«Şərq qapısı» («Sovet Naxçıvanı») qəzetində müxbir işləyən Əli Şamil də 1980-ci illərdə qaçaqlar haqqında söylənən rəvayətləri və xatirələri toplayıb çap etdirməklə sanki öləzimiş ocağı yelpikləmiş oldu. Xatirələr oyandı. Naxçıvanda folklorumuzun toplanmasının yeni dalğası başladı. Toplanan materialların bir qismi «Sovet Naxçıvanı» qəzetində «Elimizin söz boğası» səhifəsində çap olundu. Ə.Şamilin hazırladığı bu səhifədə verilən folklor nümunələrində pasportlaşdırmaya ciddi diqqət yetirildi. Rayon qəzetləri də öz səhifələrində  folklor nümunələrinə yer ayırdı. Beləliklə, peşəkar və həvəskar folklorçular az müddətdə olduqca maraqlı nümunələr topladılar. Bu nümunələr sonralar «Naxçıvan folkloru» kitabında nəşr olundu.

Əli Şamilin «Dastanlaşmış ömürlər» kitabı folklorçularımızın, tarixçilərimizin daha geniş araşdırmaları üçün bir ipucu ola bilər. Müəllif xatirə və rəvayətləri söyləyənlər haqqında ya mətn içərisində ya da məqalənin sonundakı qaynaqlar və notlarda bilgi verir. Bu da folklorun pasportlaşdırmasını əvəz edəcək bir üsuldur.

 

Hüseyn İsmayılov

filologiya elmləri namizədi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ÖN SÖZ

 

On illər boyu dünyanı qorxu içərisində saxlayan, 160-a yaxın xalqın «həbsxanası»na çevrilən nəhəng Sovetlər Birliyi çox qısa vaxtda çökdü. Onun sərhədlərini illərlə dünyaya bağlayan «dəmir pərdələr» dağıldı. Xalqlar yüzillik əsarətdən qurtardı, illər boyu      bir-birinə həsrət qalan ana oğula, bacı qardaşa qo-vuşdu. Sərhədlər açılandan sonra Azərbaycana nəinki İran İslam Respublikasından, Türkiyə Cümhuriyyətindən, hətta Avropanın, Amerikanın, Avstraliyanın müxtəlif guşələrindən soydaşlarımız gəlməyə başladılar. Taylı-tayını tapar deyiblər. Mənimlə görüşən, dostluq edən, əlaqə qurmağa çalışanların əksəriyyəti də folklorumuzu, tariximizi, mədəniyyətimizi araşdıranlar oldu.

Naxçıvanın Türkiyə və İranla yaxın olması, bu yerlərin adamlarını bir-birinə daha sıx bağlamışdı. Rusiya Qafqazı işğal etdiyi ilk onilliklərdə Türkiyə və İranla sərhədləri möhkəm bağ-laya bilməmişdi. İcazəli-icazəsiz gediş-gəlişlər 1950-ci illərədək davam etmişdi. Xüsusən qaçaqlar çar Rusiyasının təqiblərindən yayınmaq üçün tez-tez İrana və Türkiyəyə keçməli, müvəqqəti orda daldalanmalı olur, ara sakitləşən kimi yenidən dönüb doğ-ma yerlərdə fəaliyyətlərini davam etdirirdilər.

«Şərq qapısı» qəzetində işlədiyim illərdə (1973-1992) folklor nümunələri toplayır, Naxçıvan bölgəsinin yaxın keçmişini öy-rənir, əldə etdiyim materiallar əsasında məqalələr çap etdirirdim. Amma bu məqalələri olduğu kimi çap etdirə bilmirdim. Həmişə müxtəlif əngəllərlə rastlaşır və məqalələrin ixtisarla çap olun-ması zorunda qalırdım. Məqalələrim çap olunandan sonra haqlı irad tutanlar, əlavə bilgi verənlər də olurdu. Beləliklə, unudul-maqda olan insanlar yenidən xatırlanır, xatirələr yenidən dilə gəlirdi.

Sərhədlər açılandan sonra İrandan, Türkiyədən gələn, eləcə də əsli oralardan olub, Avropada, Amerikada yaşayan araşdırıcı-lar XIX-XX yüzillikdə Naxçıvan və İrəvan bölgələrində yaşamış qaçaqlar, el şairləri, sənət adamları ilə bağlı bilgi istəyəndə hə-vəslə eşitdiklərimi onlara söyləyir, mən də onlardan əlavə bilgi-lər almağa çalışırdım. Qəzet və jurnallarda çap olunmuş məqa-lələrin surətlərini də onlara verirdim. Aradan bir-iki ay keçəndən sonra bəzən giley dolu məktublar alırdım. Araşdırıcılar şifahi verdiyim bilgilərə məqalələrdə rast gəlmədiklərini yazırdılar.

Qəzet və jurnallarda çap olunmuş məqalələri toplayıb kitab halında çap etdirməkdən xoşum gəlməsə də, bu işi görmək zorunda qaldım. Çünki kirill əlifbası ilə çap olunmuş yazıları Quzey Azərbaycanından kənarda yaşamış soydaşlarımız ya heç oxuya bilmir, ya da çox çətinliklə oxuyurdular. Haqqında şerlər qoşulmuş, dastanlar söyləmiş qaçaqlar və xalq sərkərdələri haqqında olan məqalələri bir yerə topladım. Onları yenidən gözdən keçirdim, bir vaxt ixtisar olunmuş parçaları bərpa etdim. Beləliklə, məqalələrdən ibarət «Dastanlaşmış ömürlər» kitab-çasını ərsəyə gətirdim. Məqalələr üzərində yenidən əl gəzdirsəm də, sonunda qəzet və jurnallarda çap olunduğu, radioda səslən-diyi tarixi qoydum.

Quzey Azərbaycanda rus və Avropa dillərindən gəlmiş bəzi sözlər xalq ağzında dəyişik, dilimizin qanunlarına uyğun-laşdırılıb işlədilir. Onları deyildiyi şəkildə yazmışıq. Həmin sözlər bizə aydın olsa da, Azərbaycan Respublikasından kənarda yaşayan oxucular və araşdırıcılar üçün çətinlik törədəcəyini nəzərə alaraq sözlərin üzərində (*) işarəsi qoyub səhifənin ətək yazısında onların qarşılığını və izahını verdik. Söylənilən şer və söhbətləri isə ədəbi dilə uyğunlaşdırmadıq. Qoy ləhcə və şivə-lərimiz haqqında da aydın təsəvvür olsun. Lazım gəlsə dialekt-oloqlarımız da bu yazılardan qaynaq kimi istifadə edə bilsinlər.

Yer, şəxs adları, qaynaq kitablar haqqında isə mötərizə içəri-sində göstərilən rəqəmə uyğun olaraq hər məqalənin sonundakı “qaynaqlar və notlar”da bilgi verdim. Səhifələrin ətək yazısında, eləcə də məqalələrin sonunda qaynaq və notlarda bir dəfə veri-lən izahatları sonrakı səhifələrdə təkrarlamağa ehtiyac görmədik.

 

 

 


DEMƏYİN MEYDANNAN QAŞDI

MİRZALI

 

Axtarış: On ilə yaxındı Mirzalı haqqında eşidirəm. Eşit-diklərim məni yeni adamlarla görüşməyə, Mirzalı haqqında daha çox məlumat toplamağa sövq edir. Şahbuz (1) rayonunda* az-az məclis olar orada Mirzalıdan söhbət getməsin. Həmişə də qocalar yaddaşlarından gileylənər, bəzən də ötən zəmanəni ya-manlayarlar. Axı çarizmə,** xan-bəy üsul-idarəsinə qarşı vuru-şan bir adam haqqında o vaxt danışmaq çox çətin idi.

Mirzalı haqqında söyləmlər yalnız yaddaşlarda yaşamışdır. Qocalar, qarılar bu dünyadan köçdükdə özləri ilə bərabər bildik-lərinin bir çoxunu da aparmışlar. Bizim günlərə qədər gəlib çatan az-çox rəvayətlər isə bugünkü qocaların ata-babalarından eşitdikləridir. Belə qocaların, qarıların neçəsi ilə görüşüm? Onuyləmi, iyirmisiləmi bilmirəm. Əksəriyyəti də eyni rəvayəti, hadisəni müxtəlif çalarda, müxtəlif variantda xatırlayır. Odur ki, eşitdiyim rəvayətləri qruplaşdırmağa çalışdım.

Mirzalının yaxın qohumlarından olan Qara kişi Kolanı kəndində*** doğulsa da, 40 ildən artıqdır Naxçıvan (2) şəhərin-də yaşayır. Yaşı 80-i keçib.

Birinci rəvayət – xatirə və ya Qara kişinin dedikləri:

Kolanı (3) kəndi 3 tayfadı: qazaxlı, kolanı, gülümlü. Mirzalı qazaxlı tayfasındandır. Atamın dayısıdır. Mirzalıya qoşulmuş şeirdə adı çəkilən Nənəş mənim doğmaca nənəmdir. Onu yaxşı xa-tırlayıram. Birinci erməni-müsəlman davasında sağıymış. İkinci erməni-müsəlman davasında ölmüşdü. Deyirlər, öləndə 150 yaşı varmış. Qardaşı haqqında yana-yana, kövrələ-kövrələ danışırdı.

«Böyük aclıq ili» camaat bərk aclıq çəkirmiş.  Keşiş**** də Gömür (4) kilsəsinə  çoxlu taxıl yığıbmış. Ətraf kəndlərin ermə-ni və müsəlmanları keşişdən borc istəyirmiş, o da vermirmiş. Gözdüyürmüş qiymətlər qalxsın, baha qiymətə satsın. Belədə

-------------------

* İlçə, bəxş. ** Tezarlıq. ***  Köy.**** Papaz.


Mirzalı bir neçə yoldaşı ilə kilsəyə hücum edir, keşişi dirəyə sarıyır, taxılı camaata paylayır. Buna görə də qaçaq düşür...

Mirzalının tutulmasına isə Molla Cəfər səbəb olur. Molla Cəfər bir cadu yazır. Onun təsirindən Qarabağda qaçaqlıq edən Mirzalı oradan bir günə Kolanıya gəlir. Tozanaq qar yağdı-ğından izindən Mirzalının kəndə gəldiyindən xəbər tuturlar. Hökumət adamları onu tutmaq üçün kəndə gəlirlər. Atışma olur. Mirzalının atdığı güllə Molla Cəfərə dəyir, onu öldürür.

Deyirlər qubernat* da Mirzalının qoçaqlığından çox eşidi-bmiş. Ona görə İrəvandan (5) Əşrəf ağa və başqalarını Naxçıvana göndəribmiş. Tapşırıbbış Mirzalını vurmağa qoyma-sınnar, onu diri tutsunnar. Mirzalının gizləndiyi evə heç kim yaxın düşə bilmir. Qardaşı Ağanı dilə tutur, yarızor, yarıxoş Mirzalının yanına göndərirlər. Onunla danışıb, qollarını bağlayıb bayıra çıxarmağı tapşırırlar. Ağa deyilənlərə inanıb içəri girir. Qardaşının qollarını bağlayıb bayıra çıxaranda Molla Cəfərin qohumları Şəmi və Şəmşimalı xəncərlə onu doğruyur.

Müəllifdən: Yaşlı nəslin yaddaşında 1906-1907-ci illər birinci erməni-müsəlman davası kimi, 1918-20-ci illər isə ikinci          erməni-müsəlman davası kimi qalıb. Buradan belə qənaətə gəlmək olar: Nənəş 1907-1917-ci illər arasında ölüb. Onun 150 yaşında ölməsini isə dəqiq fakt kimi qəbul etmək olmaz. Adətən yaşı yüzü keçən adamlardan söz düşəndə həmişə rəqəmin şişirdilməsinin şahidi oluruq. Nənəşin 150 yaşında öldüyü ilə razılaşsaq, onda doğum tarixi 1757-67-cı illər arasına düşür. Qoy Mirzalı da bacısından 10-15 yaş kiçik olsun. Lap 30-40 yaşlarında da qaçaqlıq etsin. Bu da 1822-ci ili keçmir. Rusiya isə İrəvan və Naxçıvan xanlığını 1828-də işğal edib. Mirzalı ilə bağlı söhbətlərdə adı çəkilən vəzifələr Rusiyanın Qafqazı işğalından sonra yaranıb. Bunlardan belə qənaətə gəlmək olar: Mirzalı 1820-30-cu illərdən öncə deyil, sonra qaçaqlıq edib.

İkinci rəvayət: - Bunu da Aşağı Qışlaq kəndində yaşı 80-ni keçmiş Əziz Mahmud oğlu danışdı:

 ------------------

* Vali.


– Quş Mirzalı cavanlığında cəld və zarafatcıl bir adam kimi ad çıxarıbbış. Bir gün quzu növbəsinə gedibbiş. Axşamüstü çöldə bir dovşan qaçır. Dovşan hansı tərəfə qaçırsa, Mirzalı qabağını kəsib qaytarır quzunun içərisinə. Bu minvalla dovşanı sürü ilə gətirir kəndə.

Camaat çəpişini, quzusunu seçib aparmağa gələndə Mirzalı dovşanı göstərərək zarafatla deyir: – Bu çər dəymiş çəpiş kimindi? Qoymayıb bu gün bir az dincimi alım. Sabah onu çölə aparmayacam.

Yuxarı Qışlaqlı Abbasəli Abdullayev (6) Quş Mirzalı ilə bağlı rəvayətlərlə yanaşı, şerləri də yaxşı xatırlayır. Bu şeirlərin biri Quş Mirzalının dilindən sevgilisinə müraciətlə söylənən gəraylıdır. Gəraylının bəzi misralarında vəzn və qafiyə pozuqluğu var. Gəraylıda deyilir:

Cavan ömrüm bada getdi,

Salmadı  yar yada məni.

Fələk görün nələr etdi,

Yar gətirdi dada məni.

 

Ömrüm getdi hədər yerə,

Qan ağlar kim məni görə.

Dost gəlmədi bu dar günə,

Yar salmadı yada məni.

 

De, bu dərdə dözüm necə,

Dərdim bilən yoxdu bircə,

Can vermərəm yar gəlincə,

Cəllad çəksə dara məni.

İstər Abbasəli əmi, istərsə də Qışlaq, Kolanı, Biçənək, Remeşin(7) və başqa kəndlərdə Quş Mirzalını xatırlayan qocaların və qarıların əksəriyyəti onun ölümü ilə bağlı pərakəndə bir qoşmanı tez-tez xatırlayır. Qoşmanın belə geniş yayılmasının və yadda qalmasının səbəbi, bizcə, süjetli olması və orda bir çox şəxs adlarının çəkilməsidir. Qoşmada deyilir:

Çərşənbə günündə çıxdım səfərə,

İçdiyim şərbətim döndü zəhərə,


Qəfil gülləm dəydi Molla Cəfərə,

Deməyin meydannan qaşdı Mirzalı,

On arşın divarı aşdı Mirzalı.

 

Ağa qardaş qollarımı bağladı,

Şəmi vurdu, Şəmşimalı doğradı,

Nəsir ağa başa döydü, ağladı,

Deməyin meydannan qaşdı Mirzalı,

On arşın divarı aşdı Mirzalı.

Şerin misralarının başqa variantlarında deyilir:

Nənəş bacım birçəyimi oxşadı.

və ya

Eşidənnər deyir: ağlı zayıldı,

Görənnər deyir: quşdu Mirzalı.

 

Üçüncü rəvayət: Bunu da yaşı 100-ü haqlamış, Zərnətündə (8) böyüyüb boya-başa çatmış, hazırda Naxçıvan şəhərində yaşayan Fətulla Musayev (9) danışdı:

– Quş Mirzalı Kömür kilsəsini dağıdandan sonra xeyli qaçaq-lıq edir. Mirzalının bir bacısı Məşədi Gilə Ağcabədi (10) rayonunun Qaravəlli kəndində yaşayırmış. Mirzalı Qaravəllidən bir günə Kolanıya gəlib çatmışdı. Onun belə qoçaqlığına mahnı qoşmuşdular. Yadımda bunnar qalıb:

Sübh çağı Xan (11)  bağınnan yığdım üzümü,

Günorta Şahbulaqda (12) aşdım onun üzünü.

 

Danışırdılar ki, Mirzalı dəfələrlə həbsdən qaçıb. Qubernat da Mirzalının həbsdən qaçmasıynan çox maraqlanırmış. Bir gün eşidir ki, Mirzalını tutub İrəvan həbsxanasına gətiriblər. Özü durub onun yanına gəlir. Öyrənmək istəyir Mirzalı həbsxanadan necə qaçır. Qubernat Mirzalını bir neçə dustaqla birgə uca hasarlı, üstüaçıq həbsxana meydanında gəzintiyə çıxardıqlarını görür. Tərcüməçi vasitəsilə Mirzalıdan silahlı nəzarətçilərin, uca divarların olduğu bir yerdən necə qaça bildiyini xəbər alır. Həbsxananın naçalniki*

 -----------------

* Naçalnik (rus) – polis, jandarma komutanı.


və başqaları  da qubernatın yanındaymış. Mirzalı gülümsəyərək: «Çox sadəcə» deyib, «qaçma-ğını» göstərir. Mirzalı geri çəkilib divara doğru qaçır. Ayağının birini yerə vurub sıçrayıb o birisini divarın bir metr ucalığına vurur. Yerə düşüb bir də geri çəkilir. İkinci dəfə qaçıb ayağının birini yerə vurduqda ikincisini bayaqkından xeyli yuxarı vurur. Üçüncü cəhddə Mirzalı sıçrayıb ayağını divarın adam boyundan çox uca yerinə vurur və əlini atıb divarın üstündən tutur. Bir anın içərisində qubernatın, naçalnikin və başqalarının gözü qarşısındaca divarı o üzə aşır. Keşikçilər bu tamaşadan ayılıb Mirzalının qaçdığını yəqinləşdirənə kimi o aradan çıxır.

Çayxanada söhbət: Bir payız günü Aşağı Qışlaq kənd çayxa-nasında ağsaqqalları yenə də Mirzalıdan söhbət etməyə sövq etdik. Fikirlər şaxələndi. Mübahisə qızışdı. 105 yaşlı Zal Rüstəm oğlu hadisələrə daha obyektiv yanaşmağa, özündən kiçik və ya-şıdı olan qocaların sözlərinə düzəliş verməyə çalışırdı. Qocalar deyəndə ki, Mirzalını Molla Cəfər cadu ilə bir günə Qarabağdan Kolanıya gətirdi. O, gülərək:

– Ay oğul, bunların sözünə inanma – dedi. – Mirzalı ilə Molla Cəfər bərk dost olub. Hökumət Mirzalını tuta bilmədiyini görəndə Kolanıdan, bizim kənddən və Yuxarı Qışlaqdan Mirzalıya yaxın olan 15 ailəni Sibirə (13) sürgün edəcəyini bildirir. Bu ailələr arasında Molla Cəfər və onun qohumlarının da ailəsi var imiş. Molla Cəfər də vəziyyəti məktub vasitəsilə Mirzalıya bildirir. Ona görə də Mirzalı birpayız günü – yerə yenicə qar düşəndə Kolanıya gəlir. Onu tutmaq istəyənnər düşünürlər ki, neyləyək-neyləməyək? Axşam olsa Mirzalı qaçıb aradan çıxacaq. Biçənəkli (14) Kəblə Mustafa da atıcılıqda ad çıxarıbbış. Naçalnik onu gətirdir ki, Mirzalını vursun. Mirzalı da uzaqdan Kəblə Mustafanı görən kimi işi başa düşüb onun tüfəngini vurur. Kəblə Mustafaya təzə tüfəng verib yenə Quş Mirzalının üstünə göndərillər. Bu dəfə Quş Mirzalı Kəblə Mustafanın özünü vurur. Şeirdən göründüyü kimi, Mirzalı Molla Cəfəri qəsdən yox, təsadüfən vurmuşdu.

Mirzalının qaçaqlıq etdiyi vaxtı dəqiqləşdirmək istədikdə Zal Rüstəm oğlu dedi:


– Nəbinin (15) qaçaqlıq elədiyi yuxu kimi yadıma gəlir. Nəbi yoldaşlarıynan bizim evə gəlmişdi. Xurcunlarına çörək, yemək yığıb getdilər. Amma Quş Mirzalının qaçaqlığı mənim yaşımnan qabaq olub. Onun haqqında böyüklər danışanda eşitmişəm. Mir-zalıdan, onun qoçaqlığından söz düşəndə bir də onu deyirdilər: O zaman pristav* Qarababada (16) otururmuş. Mirzalıya bir məktub verib İrəvana aparmasını tapşırır. Səhəri gün axşam pristav Mirzalını görəndə hirslənir. Ondan nə üçün tapşırığını yerinə yetirmədiyini soruşur.

Mirzalı deyir:

– Dünən tezdən məktubu vermişdiniz, mən də tənbəlliyimdən Kolanıya qayıtmayıb elə ordan İrəvana getdim. Bu gün də qayıdıb gəlmişəm.

Pristav hirslənərək deyir:

– Bəs nə üçün cavabı gətirməmisən?

Mirzalı deyir:

– Sizin dediyiniz vaxta hələ iki gün var. Vədənin tamam ol-masını gözləyirdim ki, gəlib Sizə xəbər verim.

Pristav gülərək Mirzalının qoçaqlığına heyran qalır və təşək-kürünü bildirir.

Deyillər bu hadisədən bir xeyli sonra yolda poştu soyullar. Nə qədər axtarıllarsa, poştu soyanı tapa bilmirlər. Çuğullar xəbər verir ki, poştu soyub belə cəldliklə aradan çıxan Quş Mirzalı olar. Ona görə də pristav Mirzalını həbs etmək haqqında əmr verir.

– Zal əmi, Quş Mirzalının şairliyi, şer deməyi olubmu? - sualıma: – A bala, bildim nə deyirsən. Quş Mirzalının şairliyi, aşıxlığı olmayıb. Məncə, onun dilində söylənən şerləri qışlaqlı Molla İsmayıl deyib – cavabını verdi.

Dördüncü rəvayət: Bunu da 1903-cü ildə Sisian (17) uyez-dinin** Şükar kəndində doğulmuş, daşnakların (18) Zəngəzurda (19) nahaq qanlar axıtdığı dövrdə – 1918-1920-ci illərdə qaçıb Şahbuz rayonunun Aşağı Remeşin kəndinə gəlmiş Tahir Allahyar oğlu danışdı.

 --------------

* Pristav (rus) – məhəlli polis məmuru. **Uyezd (rus) - qəza.


– Ay oğul, uşağın yaddaşı iti olar. Uşaqlıxda eşitmişəm bun-narı. Bir çoxu da yadımdan çıxıb. Elə ki, Mirzalı gecə Kolanıya çatır, kəndə girməyə ehtiyat edir. Kəndin üst tərəfində bir dəyirman varıymış, girir dəyirmana. Hava soyuq olduğundan, su donduğundan dəyirmanı gecələr işlətmirlərmiş. Mirzalı dəyirmanın pərdilərindən söküb çelvarda (təndirin yarısı qədər olan ocaq – Ə.Ş.) ocaq qalayır. Undan xəmir yoğurub özünə kömbə* bişirir.

Səhər dəyirmana adam gələcəyindən ehtiyatlanıb, Hindizan məhləsinin yuxarısındakı Sarı yoldakı mağarada daldalanır. Kimi deyirdi dəyirmançı gecə ocaq qalanıb kömbə bişirildiyindən duyub ki, Mirzalı gəlib. Kimi də deyirdi ki, sübh tezdən su gətirməyə gedən bir gəlin Mirzalını görüb qorxub. Qorxusundan hay-haray salıb.

Kənddə olan, Mirzalının gəlişini səbirsizliklə gözləyən Əşrəf yüzbaşının dəstəsi onu mühasirəyə alır. Mirzalı yerinin o qədər də münasib olmadığını görüb, İsmayılın evinə qaçıb (Kolanıda kəndin sakinləri həmin evin təxmini yerini bizə göstərdilər. İndi həmin yerdə Bayram Nəcəfov yaraşıqlı ev tikib, bağ salıb – Ə.Ş.) girir. Tək olmasına baxmayaraq, bir nəfəri də qoymur evin həndəvərinə gəlsin. Əşrəf yüzbaşı Quş Mirzalını döyüşdə  məğlub edə bilməyəcəyini, gecə düşən kimi qaranlıqdan istifadə edib mühasirədən çıxıb qaçacağını görüb hiyləyə əl atır. Mirzalının qardaşı Ağanı al dilə çəkir. Ağa da evə girib Mirzalının qollarını bağlayır. Lakin namərdlər verdikləri vədə əməl etmillər. Qolubağlı igidi, görda** və xəncərlə doğrayırlar.

O ki, qaldı Molla Cəfəri vurması. Onu da qəsdən vurmayıb. Şeirdə də deyib:

 

Bənümmə*** günündə çıxdım səfərə,

İşdiyim şərbətlər döndü zəhərə,

Nahaq gülləm dəydi Molla Cəfərə

Oxuduğu qara yazı ağ oldu.

-----------------------

** Ocaqda, xəmrəsiz (mayasız) bişirilmiş çörək növü.

** Görda - birağızlı əyri qılınc, yatağan.

*** Cümə axşamı.


Mirzalı ölüm ayağında çox şer deyib. Huşumda ilişib qalan bu azacıqdı:

 

Əşrəf ağa çapar saldı hər yana,

Kazak* düzdü, məni qatdı meydana,

Doğradılar, batdım qızılı qana,

Haray, bizim ağır ellilər, haray!

 

Ağa qardaş qollarımı bağladı,

Mirzə Nəsir dəsmal çəkdi ağladı,

Kəlməm deyilməmiş Şəfi məni doğradı,

Haray, bizim ağır ellilər, haray!

 

 

Müəllifdən: Rəvayətlər, söhbətlər ziddiyyətli və bir az da əfsanəvidir. Bu da təbiidir. 19-cu yüzildə qaçaqlıq etmiş el qəhrə-manı haqqında xalq məhəbbətlə rəvayətlər yaratmış, şerlər qoşmuşdur. Yaradılmış rəvayətlər və şerləґ pərakəndə halda bizim günlərə gəlib çıxmışdır. Şerləri kim qoşmuşdu, dastanı kim yaratmaq istəmişdi? Suallarımız cavabsız qaldı.. Naxçıvanı, İrəvanı bürümüş, xalq arasında «böyük aclıq ili» kimi məşhurlaşmış ili də müəyyənləşdirə bilmədik.

                                                     

15.X.1983.

 

----------------------

*** Rusiyada yaşayan əhalinin bir qrupuna verilmiş ad. Bəzi araşdırıcıların fikrincə türk mənşəli olub sonradan ruslaşan bu xalq azadlıqsevərliyi və döyüşkənliyi ilə seçildiyinə görə Rus çarları XVIII yüzildən başlayaraq onlardan xüsusi ordu yaratmışlar. Bu ordudan daha çox cəza dəstəsi kimi istifadə edilmişdir


Qaynaqlar və notlar

 

1. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında rayon.

2. İndiki Azərbaycan Respublikasında şəhər, Naxçıvan Muxtar Res-publikasının paytaxtı. Miladdan öncə II-I minilliklərə aid maddi mədəniyyət nümunələrinin tapılması şəhərin üç min ilə yaxın tarixindən xəbər verir. Səlcuqların Azərbaycandakı canişininin iqamətgahı (12-ci yüzil) burada yerləşirdi. Uzun illər Naxçıvan xanlığının mərkəzi olub. Rusiya 1828-ci ildən bu yerləri işğal edib. 1841-ci ildən Naxçıvan qəzası elan edib və Gürcüstan-İmeretiya quberniyasına qatıb. 1849-cu ildən İravan quberniyasının tərkibində olub. 1918-ci ildə Güney Qafqazda Azərbaycan, Gürcüstan və Er-mənistan Respublikası yaradılanda ermənilər Naxçıvanı işğal etməyə çalışıblar. Əhalisinin çoxunu türklər təşkil etdiyinə görə güclü müqavimətlə rastlaşıblar. Ermənistan respublikasının silahlı dəstələri, eləcə də Andranik Ozanyanın başçılığı ilə Türkiyədən qaçan ermənilər Naxçıvan kəndlərində qırğınlar törətsələr də tam qələbə çala bilməyiblər. Naxçıvan 1918-ci ildə yaradılmış Araz Türk Respublikasının tərkibinə daxil olub. Bu respublikanın ömrü qısa olsa da əhali iki il ermənilərə qarşı müqavimət göstərib.

1920-ci ildə Rusiya bolşeviklərin rəhbərliyi ilə Qafqazı işğal edəndə Nax-çıvanı Ermənistan Respublikasına qatmaq istəyib. Yerli əhalinin əksəriyyətini tüklər təşkil etdiyindən güclü müqavimətlə rastlaşıblar. 1921-ci ildə Karsda (mart) və Moskvada (oktyabr) bağlanmış anlaşmaya əsasən Naxçıvan Sovet Sosialist Respublikası (Azərbaycan respublikasının tərkibində olmaqla) elan edilib. Sovetlər Birliyi Qafqazda mövqelərini möhkəmlətdikdən sonra uluslararası anlaşmanı kobud şəkildə pozaraq 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yara-tdığını elan edib. 1929-cu ildə isə birtərəfli qaydada Naxçıvana bağlı 9 kəndi Ermənistana verib. Beləliklə, Naxçıvanı Azərbaycandan ayıran Meğri dəhlizini böyütmüş olub.

3.  Şahbuz rayonunda kənd.

4. Naxçıvana bağlı Şahbuz rayonunda ermənilərin yaşadığı dağ kəndi. Yerevan şəhərində və ətraf qəsəbələrdə  daha rahat şərait olduğuna görə 1950-ci illərdə ermənilər kəndi tərk edib oraya köçmüşlər.

5. Son yüzillikdə Yerevan-Erivan şəklində yazılır.

6. Abdullayev Abbasəli Məhəmməd oğlu. 1904-cü ildə Yuxarı Qışlaq kəndində anadan olub. Kənddəki molla məktəbində üç il təhsil alıb. Şahbuz rayonunda müxtəlif vəzifələrdə işləyib. 6 sentyabr    2000-ci ildə doğulduğu kənddə vəfat edib.

7. Bu kəndlər Naxçıvana bağlı Şahbuz rayonundadır.

8. Şahbuz rayonunda kənd. 1950-ci illərdə əhalisi yaxınlığındakı Biçənək kəndinə köçürülüb.

9. Musayev Fətulla. 1887-ci ildə Şahbuz rayonunun Zərnətün kəndində doğulub. Savadsızdır. 1987-ci ildə Naxçıvan şəhərində vəfat edib.

10. Qarabağ bölgəsində rayon.

11. İndiki Dağlıq Qarabağ vilayətinin mərkəzi Stepanakertin əski adı. Xankəndi olmuş, kənd yaxınlığındakı bağ Xanbağı adlanmışdır.

12. Keçmiş Qarabağ xanlığının Zəngəzur qəzasında (indiki Ermənistan Respublikasında) bulaq adı.

13. Sibir – Türklərin savir, sabir tayfasının adı ilə bağlı bölgə. Rusiya bu yerləri 18-ci yüzildə işğal etmiş və yerli əhalini sıxışdırmaq üçün hökumətdən narazı insanları daima buraya sürgün etmişdir. Qışı olduqca soyuq və uzun keçdiyinə, sərt təbiətinə görə bura Rusiya hökumətinin cəza bölgəsi – sürgün yeri olmuşdur.

14. Şahbuz rayonunda kənd.

15. Qaçaq Nəbi (1854-1896) nəzərdə tutulur.

16. Şahbuz rayonunda kənd.

17. Keçmiş Qarabağ xanlığında kənd İndiki Ermənistan Respublikasında rayon mərkəzi.

18. Ermənilərin 1890-cı ildə Tiflisdə yaratdıqları Sosialst təmayüllü partiya. Bu partiyanın üzvlərinin 1905-07-ci illərdə və 1917-21-ci illərdə törətdikləri qırğınlar, əsasən də dinc müsəlman əhalisinin məhvində fəal iştirakı onu irqçi bir təşkilat kimi tanıtdı. 1918-ci ildə yaradılan Ermənistan Respublikasının hökumətində Daşnaksütun partiyası aparıcı – iqtidar partiya idi.

19. Keçmiş Qarabağ xanlığında qəza. 1920-ci ildə ruslar bolşevizm adı altında Qafqazı yenidən işğal edəndən sonra Zəngəzur qəzası ləğv edildi və Ermənistan Respublikası yaradılmaq üçün bölgənin çox hissəsi oraya qatıldı.

 

 


  HAYIFSAN, HAYIFSAN,

A TELLİ QARA!

 

«Qaçaq Nəbi» (1) dastanı həcmcə böyük olsa da, bu dastanın Dədə Qorqud boyları, Koroğlunun səfərləri qədər bitgin süjeti, bədii dəyəri yoxdur. «Qaçaq Nəbi»də bir hadisəçilik, təsvirçilik var. Ümumiləşdirmənin olmaması dastanın bədii dəyərini azal-dır. 19-cu yüzildə yaşamış, Qarabağın Mollu (2) kəndində do-ğulmuş Nəbi Alı oğlu (təqribən 1854-cü ildə doğulmuş – 12.03.1896-cı ildə Qərbi Azərbaycanın Larnı kəndində öldürülmüşdü.) (3) yalnız Güney Qafqazda deyil, Anadoluda, İran Azərbaycanında igidliyi ilə ad çıxarmışdı. Onun şəxsi düş-mənləri ilə, sonra da hökumət məmurları ilə silahlı mücadiləsi dildən-dilə, ağızdan-ağıza keçərək dastanlaşmışdı.

İstirahət günlərində tələbəlik dostum Ələddin Həsənovun (4) doğulduğu Xanağaya (5) gedərdim. Ailə üzvlərinin səmimiyyəti məni bu ailənin üzvünə, Əlincə qalası ətəyindəki kəndi doğma kəndimə çevirmişdi. Tarixi abidələrlə zəngin, açıqsüfrəli bu kəndə nəinki öz ailəmlə, hətta dost tanışlarla qonaq getməkdən ləzzət alardım. Elə burada da Qaçaq Nəbi və silahdaşları ilə bağlı çox söhbət, rəvayət eşitdim.

«Qaçaq Nəbi» dastanında onun silahdaşlarının çoxunun adı çəkilir, haqqında bəhs edilir. Dastanda adı çəkilən silahdaşlarından biri də Telli Qaradır. Epizodik görünməsinə baxmayaraq, bir çox detallara görə onun ömür yolu diqqətimizi özünə çəkdi. Adətən, dastanlarda ikinci sırada duran igidlərin də doğumu, haralı olması, əsas qəhrəmanla ilk tanışlığı və s. təsvir olunur. Amma «Qaçaq Nəbi»də çox vaxt bu prinsip gözlənilməyib. Telli Qara haqqında geniş bilgi yoxdur. Onun ölüm səhnəsi nisbətən geniş təsvir edilir. Dastanda göstərilir ki, Hacı İsmayıl Qarakilsədə (6) pristav İsmayıl bəydən, naçalnik Cəfərqulu bəydən çoxlu qoşun alıb Camal (7) qalasında olan Qaçaq Nəbinin dəstəsinin üzərinə yeriyir.

Dastanda deyilir: «Üç gün, üç gecə atışma oldu. Hər yerə hay düşdü, söz yayıldı. Naxçıvan, İrəvan tərəfindən də qoşun gəldi. Özünə ümidi gələn kəndlilər də əllərinə tüfəng keçirib Nəbigilə köməyə getdilər, Naxçıvandan və İrəvandan da külli qoşun gəldiyini kəndlilərdən Ağaəli Tağı oğlu Nəbiyə xəbər verdi.

Dağın sol tərəfində Hacı İsmayıl bir dəstə ilə köhnə bir barı-nın* dalına girmişdi. Onlardan az yuxarıda Telli Qara dayaz bir xarımı** özünə səngər eləmişdi. Bu elə bir xarım idi ki, Telli kənardan tamam görünürdü. Düşmən olanda nə olar, gərək hər tərəfi deyəsən. Hacı İsmayıl bəy də çox igid adam idi. Onun gül-ləsindən toz da yayına bilməzdi. O, Telli Qaranı gördü. O saat tüfəngi üzünə alıb onu nişan aldı. Telli Qaranın ortasından bir güllə keçirdi. Telli Qara yerə yıxıldı, tüfəng əlindən düşdü, nə qədər çalışdı tüfəngi götürə bilmədi, bircə dəfə Nəbinin adını çəkib, canını yoldaşlarına tapşırdı. O biri tərəfdən Hacı İsmayıl özünü bir divarın dalına atdı. Ora-bura göz gəzdirdi ki, Nəbini görsün, onu da vursun. Hacı İsmayıl Nəbinin yerini öyrənmişdi. Divarın üstünə dırmanırdı ki, onu güllə ilə vursun, Mehdi Hacı İsmayılı görüb aynalını*** üzünə aldı, onun incəsindən bir güllə keçirdi. Hacı İsmayıl mayallaq aşıb divarın başından yerə düşdü, canını qardaşına tapşırdı.

Hacı İsmayıl öldürülən kimi düşmən qoşunu geri qayıdıb qaçmağa başladı. Nəbigil düşmənləri qovub gözdən itirdilər. Çiçəklinin ayağında Nəbi Telli Qaranı görmədi. Yoldaşlarından soruşdu:

– Telli Qara harada qaldı?

Həcərin ürəyi döyünə-döyünə dedi:

– Telli Qara mənim səngərimin yaxınlığında idi. Ay aman, yəqin onu gorbagor Hacı İsmayıl vurdu!

Adamlar hərə bir tərəfə dağılıb soraq saldılar, car çəkdilər, Telli Qaranı axtarmağa başladılar. Həcər atını düz Çətəndaşa (8) Telli Qara vurulduğu yerə sürdü. Baxıb nə gördü? Gözlər olsun görməsin. Telli öz qanına boyanıb. Atı da gəlib başının üstündə dayanıb. At Həcəri görən 

* Barı – divar, hasar.

** Xarım- çuxur, xəndək

*** Aynalı - üstdən doldurulan tək patronlu tüfəng.


kimi bərkdən kişnədi. Həcər Telli Qaranın qanlı cəsədi yanında diz çökdü, gözlərinin yaşını abi-leysan kimi tökməyə başladı.    Ağlaya-ağlaya Nəbini görək nə cür haraya çağı-rdı:

Telli Qara Çətəndaşda vurulmuş,

Axıb qanı çalalarda durulmuş,

El-obada yas məclisi qurulmuş,

Özünü tez yetir, ay Qaçaq Nəbi!

Dəstəsi yanında, ay qoçaq Nəbi!

 

Telli boyanıbdı qızıl qanına,

Ana, bacı yoxdu gəlsin yanına,

Düşmən qıyıb güllə vurub canına,

Özünü tez yetir, ay Qaçaq Nəbi!

Dəstəsi yanında, ay qoçaq Nəbi!

 

Həcər deyər, zülüm-zülüm ağlaram,

Ciyərimi düyünlərəm, dağlaram,

Başıma zil qara yaylıq bağlaram,

Özünü tez yetir, ay Qaçaq Nəbi!

Dəstəsi yanında, ay qoçaq Nəbi!

Nəbi Həcərin ağısını eşitdi, atını düz Çətəndaşa sürdü. Nə gördü? Telli Qaranı vurublar. Həcər özünü onun meyidinin üstünə salıb ağlayırdı. Nəbi Boz atın belindən yerə düşdü, Telli Qaranın başının üstündə diz çöküb onun qanlı gözlərindən öpdü, hönkürtü ilə ağlamağa başladı.

– Zalım düşmən, ürəyimi parçaladı! Can Qara! And içirəm, ölüncə düşmənlə barışmayacağam! Ax, zalım düşmən! Ax, zalım düşmən!

Həcər bir ağı çəkdi:

Bu dağlar ulu dağlar,

Çeşməli, sulu dağlar,

Burda bir qərib ölüb

Göy kişnər, bulud ağlar.

Yoldaşları hamısı gəlib çıxdı. Telli Qaranın meyidi üstündə ağlamayan olmadı. Hər yerə səs düşdü, erməni, müsəlman bütün kəndlilər tökülüb gəldilər. Bir şivən var idi ki, dağa-daşa lərzə düşmüşdü. Telli Qaranın ölməsinə hamı yanırdı. Nəbi lap qov-rulurdu. Nə eləsin, nə çarə qılsın, ölənlə ölmək olmaz. Telli Qaranın meyidini Çətəndaşda dəfn elədilər. Yeddi gün, yeddi gecə yas saxladılar. Buradan atlanıb Qırxlara getdilər. Telli Qaranın ölməsindən xeyli keçmişdisə də, Nəbinin nə qəlbi açılır, nə də üzü gülürdü» (9)

1973-cü ilin payızından Naxçıvanda yaşayırdım. İşimlə əla-qədar tez-tez kəndlərə gedirdim. Folklor həvəskarı olduğumdan eşitdiyim atalar sözlərini, məsəlləri, bayatıları, nağılları və s. toplayırdım.

«Qaçaq Nəbi» dastanında Telli Qaranın ölümünün təsvirində bir qeyri-dəqiqlik vardı. Bunu özüm üçün aydınlaşdırmaq istəyi ilə axtarışa başladım.

Camal qalası Şahbuz rayonunun Keçili və Nurs kəndlərinin yaxınlığında, Zəngəzur dağ silsiləsində yerləşir. Çətəndaş isə Culfa rayonunun Xanağa kəndinin ərazisində Anzır kəndinin xarabalığı yaxınlığındadır. Çətəndaş qayasından Camal qalası deyil, Əlincə qalası, İlanlı dağ, Araz boyu, bir sözlə, Culfa tərəf aydın görünür. Camal qalasından Çətəndaşa 20-25 kilometrlik bir məsafə var. Ca-mal qalasında mühasirəyə düşən Çətəndaşda necə vurula bilər? Qaçaq Nəbi yanında olduğu halda Həcər niyə «Özünü tez yetir, ay Qaçaq Nəbi!» – deyə ağlamalıdı? Bəlkə Camal qalası yaxınlığında da Çətəndaş deyilən yer var?

Qaçaq Nəbinin Camal qalası ətrafında döyüşü dastanda öz əksini belə tapır:

Camal qalasında səngərə yatdı,

Aynalı tüfəngi doldurub atdı,

Bəy, xanları bir-birinə qatdı!

Qoy sənə desinlər, ay nadan Nəbi!

Aynalı tüfəngi oynadan Nəbi!

 

Həcər minib kürən atın belinə,

Vəli tüfəngini alıb əlinə,

Uymaz yağıların fitnə-felinə,

Qoy sənə desinlər, ay nadan Nəbi!

Aynalı tüfəngi oynadan Nəbi!

 

İgid Nəbi Koroğludan yamandı,

Bəylər, xanlar deyir, Allah, amandı!

Gəlin bir görüşək, axır zamandı!

Qoy sənə desinlər, ay nadan Nəbi!

Aynalı tüfəngi oynadan Nəbi!

Bu şerdən də Camal qalası ətrafında döyüş olduğu aydın gö-rünür. Nədənsə Camal qalası ətrafındakı döyüşlə Çətəndaş ətra-fındakı döyüş eyniləşdirilib.

Bunun səbəbini tapmaq üçün illərlə aradım, insanlarla görüş-düm, onları söhbətə tutdum. Bəziləri qan düşmənçiliyinin oyana biləcəyindən qorxub bildiklərini demirdisə də, əsas qorxu höku-mətdən idi. Telli Qara, qardaşları, əmioğlanları çarizmə qarşı vu-ruşsa da, insanlar Sovet rejiminin qəddarlığından elə qorxmuş-dular ki, susmağı başın salamatlığı hesab edirdilər. Bütün bu çətin-liklərə baxmayaraq, bəzi şeyləri dəqiqləşdirə bildim.

Folklorda nəsr şerə nisbətən tez dəyişikliyə uğrayır. Şerin vəzni, qafiyəsi, misraların ritmi onu ilkin şəkildə daha çox qoruyub sax-layır. Buna görə də şeiri əsas götürüb Çətəndaş (Camal qalası ya-xınlığında Çətəndaş deyilən yer yoxdur – Ə.Ş.) bölgə-sində araşdırma apardım.

 Saltaxda müəllim işləyən bənənyarlı Ələkbər Hüseynov (10) nənəsi Əzizə Alı qızından(11) Telli Qara və Qaçaq Nəbi haqqında eşitdiklərini səliqə ilə qələmə alıb saxlayıb. O, Telli Qara ilə ma-raqlandığımızdan xəbər tutub yazdıqlarını bizə təqdim etdi. Həmin yazıdan bə’zi parçaları aşağıda veririk:

“Tivililər (12) heyvandarlıqla məşğul olduqlarından növbə ilə gedib Naxçıvan şəhəri yaxınlığındakı mədəndən duz gətirirdilər. Bir gün də duz gətirmək növbəsi Piriş kişigilə çatır. Misirxan kiçik qardaşı Sədirxanla öküz arabasını qoşub Duzdağa gedir. Arabanı duzla yükləyib geri qayıdanda Misirxan qardaşına deyir:

– Sən yavaş-yavaş arabanı sür getsin, mən Naxçıvanda bir az bazarlıq edim. Arxanca gəlib çataram.                                                           Misirxan bazarlıq edib qardaşının ardınca tələsir. Yolda ona çatır. Görür ki, Sədirxan ağlayır, öküzlərdən də biri yoxdur. Misirxan qardaşından nə üçün ağladığını xəbər aldıqda Sədirxan deyir:

– Bu yol ayrıcına çatanda bir atlı ilə rastlaşdım. Atlı məndən yo-lu xəbər aldı. Mən də onun nabələd olduğunu görüb haraya, nə məqsədlə getdiyini soruşdum. Atlı bildirdi ki, pəhləvandır. Onu bu tərəflərə güləşməyə dəvət ediblər. Mən təkid etdim ki, gəl əvvəl mənimlə güləş. Yıxsan get, yıxmasan elə burdan geri qayıt. Pəh-ləvan etiraz etdi. Elə başa düşdüm ki, məndən qorxur. Odur ki, ayağım daha da yer aldı. Dedim:

-Yıxılsan atını alacam. Yıxsan arabamı sənə verəcəm. Pəhləvan gördü mən əl çəkən deyiləm, güləşdi. Ona güc gəlirdim. Necə oldusa bir də gördüm kürəyim yerdədir. Bəhanə gətirdim ki, ayaq-larım dolaşdı. İkinci dəfə bir də güləşdik. O yenə mənim kürəyimi yerə vurdu. Daha əlacım qalmadı, arabanı və öküzləri ona verdim. O da bir öküzü açıb apardı. Gedəndə də çörək bağlamasını verdi ki, ac qalmayım. Bir də mənə dedi:

– Öküzü ona görə aparıram ki, sənə ibrət dərsi olsun, tanı-madığın adamla mərc qoşma.

Misirxan gördü ki, qardaşına hirslənməyin mənası yoxdur. Odur ki, pəhləvanın getdiyi səmtə yol aldı. Sədirxan qardaşının məq-sədini başa düşüb qarşısını kəsdi:

– Hara gedirsən? – dedi. – Pəhləvanla güləşib öküzümüzü almaq üçün mərcə nə qoyacaqsan?

– Bu biri öküzü də mən mərcə qoyacam.

– Bayaq sənə demədimmi arabanı da, öküzləri də uduzmuşam. Bunlar pəhləvanındır. Özü aparmadı. Qərara almışdım ki, bu biabırçılıqdan sonra kəndə qayıtmayım, gedim İranda, Turanda işləyim. Heç kim bilməsin ki, öküzü mən mərcə qoymuşam. Bir halda ki, sən də gücünü sınamaq istəyirsən, gəl gedək. Yıxsan ökü-zümüzü alarsan, yıxılsan məni pəhləvana nökər verərsən.

Misirxan qardaşının bu şərtinə razı olmaq istəmədi. Lakin Sədirxanın təkid etdiyini, sözündən dönməyəcəyini görüb razılaşdı.

Qardaşlar pəhləvanın olduğu kəndə o vaxt çatdılar ki, neçə-neçə cavanın kürəyi yerə dəymişdi. İndi də pəhləvan kənd camaatı ilə əyləşib çörək yeyirdi. Sədirxan aralıdan pəhləvanı göstərərək:

– Məni yıxan odur! – dedi. - Özü isə kənarda durdu.

Misirxan məclisə gəlib salam verdi. Qonaq olduğundan  ona pəhləvanın yanında əyləşməyi təklif etdilər. Misirxan əlini bardaş qurmuş pəhləvanın ayağına söykəyib, yerə əyləşdi. Pəhləvan sir-sifətini turşutsa da, bir kəlmə dinmədi. Çay, çörək məclisi yığışdırılandan sonra Misirxandan haradan gəlib, haraya getdiyini xəbər aldılar. Misirxan pəhləvanla güləşməyə gəldiyini bildirdi. Pəhləvan isə hamı eşitsin deyə bərkdən:

– Bu igid, kimdirsə, əhsən onu doğan anaya. Məni məğlub etdi – dedi.

Məclisdə əyləşənlərin hamısı pəhləvanın bu sözünü istehza kimi başa düşdü. Pəhləvan vəziyyəti belə görüb əl atdı şalvarının balağına, şalvarın balağını dizinə kimi cırdı və ağsaqqallardan xahiş etdi ki, bir sınıqçı gətirsinlər. Hamı mat qaldı.

Pəhləvan dedi:

– Bayaq çörək üstə olduğumuza görə istəmədim ayağım qırıldığını bilib qanınız qaralsın. Əlimdəki maça (bud) sümüyünü basıb qırdım ki, şaqqıltısını eşidəndə elə biləsiniz ki, bayaqkı şaqqıltı da yediyim ətin sümüklərinin şaqqıltısından olub. Mən söz vermişdim ki, kim məni yıxsa adımı ona verəcəyəm. Bu gənc məni məğlub etdi. Lakin güləş meydanında yıxmadığı üçün adımı ona vermirəm.

Üzünü Misirxana tutub dedi:

– Düzdür ayağımı qırdın, amma çox da gücünə güvənmə. Mən güləşə heç vaxt qazanc mənbəyi kimi baxmamışam. Ancaq bu gün bir gəncin təcrübəsizliyindən istifadə edib onu yıxıb, öküzünü əlindən almışam. Onun qarğışı məni tutdu. İndi qalib sənsən. Nə istəsən verəcəm.

Misirxan dedi:

– Məni bağışlayın. Sizin belə nəcib bir insan olduğunuzu heç təsəvvürümə də gətirməzdim. Yalnız qardaşımdan aldığınız öküzü qaytarmağınızı xahiş edirəm.

Pəhləvan öküzü qaytardı və əlavə olaraq Misirxana xələt də verdi. Kənd ağsaqqalları xoşagəlməz hal üçün pəhləvana üzrxahlıq etdilər və sınıqçı gətirib ayağını sarıtdılar. Camaatın təkidinə baxmayaraq, pəhləvan ayağı sarındıqdan sonra atını minib getdi.

Kəndi xoş bir uğultu bürüdü. Çoxları bu şəxsin məşhur Osmanlı pəhləvanı Sani Süleyman olduğunu söylədi.

Kənd camaatı Misirxangili də hörmət və ehtiramla yola saldılar. Qardaşların hərəsinə də bir at bağışladılar. Evlərində pəhləvanın verdiyi «çörək boğçası»nı açanda isə gördülər ki, içərisində bir öküzün dəyəri qədər pul var.

Tivili Pirməmməd kişinin qızı Xanımın gözəlliyi dillər əzbəri idi. Kəndin, eləcə də ətraf kəndlərin cavanlarından çoxu Xanımla evlənmək fikrində idilər. Onlar arasında nisbətən varlı olan Ələsgər də var idi. Ələsgərin atası Pirməmmədin qapısına getsə də, boş qayıtmışdı. Pirməmməd kişi elçiliyə gələn el ağsaqqallarına «yox» deməsə də, kəbin xərci üçün 100 bacaqlı qızıl istəmişdi. Bu da      açıq-aşkar «yox» demək idi.

Kənddə Piriş kişini hamı səxavətli, əliaçıq və cəsur bir adam kimi tanıyırdı. Onun 5 oğlu var idi. Piriş kişinin böyük oğlu Misirxan da Xanımı istəyirdi. Lakin Pirməmməd kişinin Ələsgərin elçiləri qarşısında qoyduğu şərtə görə, öz fikrini valideynlərinə bildirmir... Amma qızdan da keçə bilmir və Xanımı alıb qaçır.

Əzizə nənənin yaddaşında bir də aşağıdakı şer parçaları qalıbmış:

 

Bir vaxt gördülər ki, Telli yox oldu,

Dəstəsi artıban mindən çox oldu.

...Tellini qoyun getsin kəndinə,

Aynalı tüfəngin salsın çiyninə,

Xanımın əlini alsın əlinə...

...Zəhmi ağır, özü fağır Tellimiz...

...Sübh azanı hər kəs durar namaza,

Bir cüt igid qərq olubdur Araza.

 

Görünür, son misralar Telli Qaranın qardaşı Sədirxanın və əmioğlanları Məmmədhüseynin, Şirinin, Fərhadın Yaycı (13) kəndi yaxınlığında pəl* ilə Güney Azərbaycana keçərkən Arazda qərq olmalarına qoşulmuş şerini bizə gəlib çatmış misralarıdır.

 ------------------------

* Çayı keçmək üçün vasitə.

Culfa rayonunun Saltax (14) kəndində də Telli Qaranın Nəbi və başqa döyüş dostları ilə buraya gəlməsi haqqında maraqlı rəva-yətlər danışır, şer parçaları söyləyirlər. Ələkbər müəllimin topladığı bu rəvayətlərdən biri belədir:«Cavan ikən bir yetimlə dul qalmış Saltaxlı Laçın xanım təsərrüfatı idarə etmək üçün çobanları Hü-seynə ərə getmək məcburiyyətində qalır. Hüseyn isə bir neçə ildən sonra keçmişini unudub özünü başqa cür aparır. Bir dəfə də Nəbi və Telli Qara Saltaxa gəlir. Laçın onları çox yaxşı qarşılayır. Onlar da Laçının ağlına və bacarığına heyran qalıb Hüseyni öldür-məkdən, var-yoxunu aparmaqdan əl çəkirlər. Hətta Laçına oğlunun toyuna gələcəklərini vəd edirlər. Vədlərinə sadiq qalıb Saltaxa toya da gəlirlər. Bundan xəbər tutan hökumət adamları Nəbini tutmaq istəyir. Atışma olur. Nəbiyə atılan güllənin qarşısını Laçın öz bədə-ni ilə kəsir. Toy yasa dönür».Xanağa kəndində də yaşlılar, cavanlar  Telli Qaradan həvəslə söhbət açdılar. El qəhrəmanının döyüşdə həlak olduğu yeri göstərdilər.

Həsən (15) əminin dedikləri:

– Haqqında çox eşitmişəm. İgid, namuslu bir insanmış. Haqqında çoxlu mahnı oxuyurdular. Heyif ki, yadımda qalmayıb. Eşitdiyimə görə, ata-baba nəsli Kürmahmudlu tayfasındanmış. Haqsızlığa dözməyən, igid bir tayfa olub Kürmahmudlular. Ona görədə tez-tez yer dəyişməli olurmuşlar. Telli Qaranın nə üçün qa-çaq düşdüyünü bilmirəm. Amma, ağsaqqallardan eşitdiyimə görə, Nəbi ilə bir yerdə döyüşən Baş Anzırlı (16) Şahhüseyngillə əmi-uşağı olub. Şahhüseyngil qlava* Kərbəlayı Heydərin qardaşı Kərbəlayı Səftəri öldürəndən sonra qaçıb Telli Qaraya qoşulublar. Bir də onu söyləyirdilər ki, Nəbi dəstə ilə İrana keçəndə bərkə dü-şəndə Həcəri Telli Qaranın yanında qoyarmış. Telli Qaranın arvadı da qaçaq imiş. Yenə Nəbi çar məmurlarının diqqətini yayındırmaq             

üçün İrana keçibmiş. Telli Qara, arvadı Xanım, Həcər və bir neçə qaçaq bu tayda daldalanıblarmış.

Telli Qaragil dinclərini almaq, bir az da azuqə götürmək üçün Baş Anzır kəndinə gəlirlər. Çuğul bunu hökumətə xəbər verir. Kazaklar,

------------------------

*  Qlava (rus) – bələdiyyə rəisi

yasovullar* kəndi mühasirəyə alanda qaçaqlar Çətəndaşa çəkilirlər. Çətəndaş çox bərk yerdi. Oradan baxanda hər tərəf ovuc içi kimi görünür. Belə gözəl təbii səngərin olmasına baxmayaraq, qüvvə üstünlüyü öz işini görür. Telli Qara bu döyüşdə şir kimi vuruşur. Qadınları mühasirədən çıxarsa da, özü qəhrəmanlıqla həlak olur. Deyirlər, Qaranın ölümündən təsirlənən Həcər Nəbiyə belə bir sifariş göndərir:

Telli Qara Çətəndaşda vuruldu,

Qanı axıb çalalarda duruldu,

El-obada yas məclisi quruldu,

Özünü tez yetir haraya, Nəbi!

Düşmən bizi alıb araya, Nəbi!

 

Eşitdiyimə görə, hökumət adamları Telli Qaranın meyidini Nax-çıvana aparmaq istəyirmişlər. Yolda camaat qoymayıb ki, hökumət adamları meyidi aparsın. Gətirib kamal-ədəblə Göynük (17) kənd qəbristanlığında dəfn ediblər...

Şerin son beytindəki azacıq dəyişiklik və söylənilən rəvayət bizə daha inandırıcı göründü.

Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Yusif Səfərovun isə Culfa rayonundan topladığı bir rəvayətdə deyilir ki, Telli Qara kiçik bir qaçaq dəstəsinin başçısı imiş. Nəbini də qardaşı Mehdi və qaynı ilə birlikdə İlanlıdağ ətrafında qaçaq dəstəsinə o, qəbul edib.

Bu fikri Culfa və Ordubad rayonlarının ağsaqqal-ağbirçəkləri tez-tez təkrar edirlər.

 

*        *        *

Şahbuz rayonunda da Telli Qara haqqında rəvayətlər yaşayır. Külüs kəndində bir yay  axşamı ağsaqqallardan Telli Qaranı xəbər aldıq. Divarın dibində əyləşib sakit-sakit söhbət edən qocalar, elə bil, birdən-birə canlandılar. Bir-birinin sözünü  kəsərək  mübahisəyə  başladılar.  Hər biri öz dediyinin doğru olduğunu sübuta yetirməyə çalışırdı. İllər öz işini görmüş, qocaların yaddaşları zəifləmişdi. Diqqətlə qulaq asanda

---------------------------

* Polis vəzifəsini yerinə yetirən məmur. Kazak ordusunda yüzbaşıya uyğun gələn zabit rütbəsi.

 

hiss edirdin ki,  ağsaqqalların hər biri el qəhrəmanının həyatından bir parçanı söyləyir, haqqında qoşulmuş şerləri xatırlamağa çalışır. Külüslü qocalar yalnız aşağıdakı şer parçalarını xatırlaya bildilər:

 

Telli Qara Saqqarsuda (18) durubdu,

Bənövşəyi bığlarını burubdu,

Əzəl əldə uryadniki* vurubdu...

...Telli Qara tellərini əsdirir,

İncə belə gümüş kəmər kəsdirir.

...Hayıfsan, hayıfsan, a Telli Qara,

Qubernat əlindən gəlibdir zara...

 

Rüstəm Rüstəmzadə «El qəhrəmanları xalq ədəbiyyatında» (19) kitabında Əli Əliyevin «Azərbaycan» jurnalının 1958-ci il 11-ci nömrəsində yayınlanmış «Qaçaq Nəbi» məqaləsinə istinadən aşa-ğıdakı şeri verir:

Qaçaq Nəbi Şahbulaqda (20) durubdur,

Bənövşə bığların dalda burubdu.

Hardasan, hardasan, a telli Nəbi?

İrəngin lalədir, bil, telli Nəbi!

Aydın görünür ki, şerdə bir misra çatışmır. Dastandakı onlarla şerdən heç birində Nəbiyə «Telli Nəbi» deyə müraciət edildiyinə rast gəlinmir. Bu onu göstərir ki, şeri Nəbiyə uyğunlaşdırmaq istəyiblər. Yamaq da aydınca gözə çarpır.

Külüslü qocalar Telli Qaraya qarşı mübarizə aparan, onu öldürməyə çalışan Qara bəydən də söhbət açdılar. Onun da haqqında şerlər qoşulduğunu  söylədilər. Məsələn:

 

Qara bəydi atlıların baqqalı,

Öldürəndə hökumətdən haqq alı...

 

-----------------------

* Uryadnik (rusca) – bölgədə ən kiçik polis məmuru.

 

 

Və yaxud:

Atlılar yığılıb nizam quruldu,

Hamı dedi: onu vurdu Qara bəy!

 

Qara bəyin şəxsiyyəti, vəzifəsi ilə maraqlandıqda ağsaqqallar dedilər: «Ay oğul, eşitdiyimizə görə, o da qoldan  güclü, gözdən iti, qoçaq adam olub. Bəyliyizadı yox imiş. Hökumət qaçaqların öhdəsindən gələ bilmirmiş. Çünki “qaçağı el dolandırır”, deyiblər. Ona görə də hökumət məmurları yerli camaatın bəzilərini müxtəlif vədlərlə aldadaraq qaçaqlara qarşı qaldırırdılar. Qaraya da başına bir neçə nəfər toplayıb, qaçaqları güdüb hökumətə xəbər verdiyinə, onlarla vuruşduğuna görə bəylik veribmişlər.»

Maraqlıdır. Yaddaşlarda iki Qara yaşayır; biri elin igid oğlu, məzlumların, haqqın, ədalətin tərəfdarı Qara, o biri qoçaq olsa da, hökumətə xidmət etməsi ilə elin nəzərindən düşmüş Qara. El-oba isə nə yaxşını unudub, nə də pisi.

         Telli Qaranın sorağı ilə Ordubad rayonunun Tivi kəndinə yol-landıq. Kimi dindirdiksə, hamı bir ağızdan dedi: «Yaxşısın Məmmədxan bilir.» (21)

Məmmədxanın 55-60 yaşı ancaq olar. Gözəl hafizəsi, həsəd aparılacaq yaddaşı, bir də hərdən şer demək qabiliyyəti var. Telli Qara ilə maraqlandığımızı bildikdə isə çox məmnuniyyətlə ata-babasından, xüsusən Telli Qaranın arvadı Xanımdan eşitdiklərini təfsilatı ilə söylədi. Xanım 100 ilə yaxın ömür sürüb. 20 ildən çox qaçaqlıq edib. 1955-ci il aprelin 16-da Tividə vəfat edib.

Məmmədxanın söylədikləri:

– Telli Qaranın atası Piriş Baş Anzırda doğulub. 4 qardaş olub-lar. Qardaşlarından Mirzə Hüseynin də beş oğlu olub. Adları belə-di: Şahhüseyn, Ağahüseyn, Məmmədhüseyn, Şirin və Fərhad. Şahhüseyn və qardaşları uzun illər Nəbi ilə birlikdə qaçaqlıq etmişlər. Tayfamıza Həsənalı tayfası deyirlər. Deyilənə görə, nə səbəbdənsə dədələrimiz Dərələyəzdən köçüb Asəbülkəhf (22) yanında bina qurublar. Ordan da Baş Anzıra köçüblər. Piriş qardaşlarından ayrılıb Tiviyə gəlib. Sultan bəyin qızı Nazxanımı aldıqdan sonra ömrünün sonunadək bu kənddə yaşayıb. Pirişin Nazxanımdan Misirxan, Sədirxan, Məmmədxan, Zeynalabdin, Vəliş adlı 5 oğlu olub. Məmmədxan mənim babamın əmisidir ki, o adı da indi mən daşıyıram. Qara adını isə kiçik qardaşım daşıyır. Erməni cəlladı Andranik (23)  1918-ci ilin yayında danışıq adı ilə 18 nəfərlə birlikdə babam Məmmədxanı da bir evə yığıb, oraya od vurub, hamısını yandırıb.

Piriş kişi böyük oğluna cavan ikən ölmüş qardaşı Misirxanın adını qoysa da, ailədə hamı uşağı əzizləyərək, qarayanız olduğuna görə Qara deyə çağırırmış. Bu qarayanız uşağın əsl adı Misirxan unudularaq Qara kimi tanınır.

Telli Qara igid, cüssəli, söz götürməyən, haqsızlığa dözməyən bir oğlan imiş. Öz kəndlisi Pirməmmədin qızı Xanım ilə evlə-nibmiş. Bir gün həmkəndlisi Ələsgərlə dalaşır, Qara Ələsgəri dö-yür. Ələsgər də ondan qisas almaq üçün hökumət məmurlarına çuğullayır ki, guya iki il əvvəl üç erməni tacirini öldürüb malını aparan Telli Qara olub. Pristav Tiviyə (24) gəlib Qaranı həbs edir, qollarını arxadan örkənlə* bağladır. Yasovul Adıgözəl Cəfəroğluya da göstəriş verir ki, Telli Qaranı Bist (25) kəndindəki müvəqqəti həbs evinə aparsın.

Axşamın qaranlığından istifadə edən Qara yasavulun qabağından qaçır.

Kəlbə Məhəmməd xatırlayırdı ki, bir payız günü sübh tezdən tövlənin peyinini təmizləyib çölə tökürdüm. Gördüm alçalıqda bir şirvanı çarıq izi var. Bunu atam Əlabbasa xəbər verəndə dedi:

– Yəqin ki, Telli Qara qaçıb.

Səhər öyrəndim ki, həqiqətən də, Telli Qara gecə evlərinə gedib, ailə üzvləri ilə görüşüb və qardaşı Sədirxanı, arvadı Xanımı gö-türüb o dövrün məşhur qaçaqlarından olan Kələntərdizəli (26) Ələkbərin dəstəsinə qoşulub. Sonra o biri qardaşları da hökumət məmurlarının təhqir və təqibinə dözməyərək qaçıb Telli Qaraya qo- şulurlar. Bir ara azalı (27) Saro da onlarla birlikdə qaçaqlıq edib.

Pristav dəfələrlə Tiviyə gəlib Piriş babanı və Nazxanım nənəni döyür ki, Qaranı tutub təhvil versinlər. Qara da dəfələrlə onu nahaq böhtana ________________________________________________

* Keçi qəzilindən əl ennilikdə uzun toxunan məişət avadanlığı. Heyvanlara yük vurarkən örkənlə bağlamağa üstünlük verilir. Çünki örkən kəndirə, çatıya nisbətən enli olduğundan heyvanın dərisini sürtüb yara etməz.

salmış Ələsgəri öldürməyə cəhd göstərsə də, baş tutmur. Çünki Ələsgər Qaranın ondan intiqam alacağından qorxaraq evdə-eşikdə yatmır, gündə bir yer dəyişirmiş.

Xanım nənə Nəbinin qaçaq dəstəsinə qəbul edildiyini yaxşı xatırlayıb deyirdi: – Nəbi hamıdan çox Qaraya inanır, onun xatirini istəyirdi. Bu da səbəbsiz deyildi. Qara ilqara düz, dosta sədaqətli, namuslu bir adam idi. Nəbigil yenə İrana keçmişdilər. Qara, Həcər, mən və bir neçə nəfər bu tayda qalmışdıq. Bir dəfə Şahbulaqdan  (28) keçəndə Həcər qışqırıb atını onunla yanaşı sürən qaçağı təhqir etdi. Hədələməyə başladı. Telli Qara qaçaq yoldaşının Həcərə xəbis baxdığından xəbər tutan kimi tüfənglə onu vurdu.

Telli Qara haqqında qoşulmuş şer parçalarını xatırlatdıqda Məmmədxan dedi:

– O, şerləri el şairləri qoşublar. Bəlkə onun çoxunu Qaranın heç özü də eşitməyib. Xanım nənə də deyirdi: Telli Qaraya o qədər söz qoşulmuşdu ki, Nəbidən də çox. Heyif, Qara tez öldü. Sonra Nəbi məşhurlaşdığından Telli Qara yaddan çıxdı.

«Telli Qara Saqqarsuda durubdu» misrası ilə başlayan şerin yaranma tarixi haqqında Məmmədxan belə bir rəvayət söylədi: – Bir gün pristav Mirzəmehdi xana xəbər verirlər ki, Telli Qara dəstəsi ilə Saqqarsu yaylağındadır. Pristav qoşun toplayır. Qaçaqlara qarşı mübarizə aparan dəstəyə yerli bəylər də səfərbərliyə alınır. Tivili qlava Məşədi Şahvələdin bələdçiliyi ilə qoşun gedib Şahbulaqda düşərgə salır. Hazırlıq görülür ki, qaçaqları mühasirəyə alıb tutsunlar. Telli Qara da üstlərinə qoşun gəldiyindən xəbər tutub, dəstəni möhkəm yerdə daldalayıb özü vəziyyətdən xəbər tutmaq üçün dərə ilə gizlənə-gizlənə Şahbulağa tərəf gəlir. Görür ki, onlara qarşı gələn dəstənin başçısı Balyov gah bu, gah da o xörək qazanının arxasında yataraq sağa-sola atəş aça-aça məşq edir. Yerini möhkəmlədib diqqətlə onu nişan alır, birinci gülləyə onu vurur. Sonra da ocağı atəşə tutur. İstirahət edənlər qa-çaqların onları mühasirəyə aldığını güman edib qaçmağa üz qoyurlar”.

Xanım nənə deyirdi ki, o vaxt Naxçıvandakı dustaq evinin altıncı kamerasından Nəbini qaçıran da Telli Qara olmuşdu.

Hətta Nəbinin Telli Qaraya belə bir sifariş də göndərdiyini söy-ləyirdi:

 

Yastığım kərpicdi, döşəyim saman,

Yorğanım həsirdi, üşüdüm, aman.

Mənim bu günümdə gələsən, Telli

Qazamat divarın dələsən, Telli.

 

Telli Qara öləndən (29) sonra da arvadı, qardaşları, əmisi uşaqları uzun müddət qaçaqlıq etmişlər. Onu da deyim ki, 1914-cü ildə Kəngərli bəyləri ilə Tivililər arasında Tivi kəndi yaxınlığındakı And, Top sahələri üstündə münaqişə baş verəndə birinci silaha sarılan yenə Piriş kişinin uşaqları olub. Hətta Xanım, Nazxanım da əlinə tüfəng götürübmüş. Həmin iş üstündə babam Məmmədxanı da iğtişaşçı kimi həbs ediblər.

Məmmədhüseynin iki oğlu Hüseyn, Əsgər İranın Zunuz (30) kəndində yaşayıb. 1914-cü ildə Hüseyn Tiviyə gəlib. Məmmədxanın həbs edildiyini, qohumlarının təqibə məruz qaldığını görüb Vəlişi təqibdən qurtarmaq üçün İrana – öz yanlarına aparmaq istəyib. Amma qohumları qoymayıb.

Telli Qara haqqında söylənilən rəvayətləri şer parçalarını diqqətlə dinlədikdə bu qənaətə gəlmək olur ki, el qəhrəmanı haqqında şerlər və rəvayətlər varmış. Sonradan bunların bəzi parçaları Qaçaq Nəbi dastanına qarışmış, bəzi parçalar isə yaddan çıxmışdı.

 

                                                                  25.X.1984.

 

Qaynaqlar və notlar

 

1. Qaçaq Nəbi (dastan). Bakı Azərbaycan Dövlət Nəşriyyatı, 1961.

2. Azərbaycan Respublikasının Qubadlı rayonunda kənd.

3.  Azərbaycan Sovet Enisklopediyası. Bakı, 1979, 10 cilddə,  3-cü cild, s.104.

4. Ələddin Həsən oğlu Həsənov. 1950-ci ildə Culfa rayonunun Xanağa kəndində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsini bitirib. Ərəfsədə məktəb direktoru, Bənənyarda sovxoz direktoru, rayon maarif şö’bəsinin müdiri, rayon partiya komitəsinin şö’bə müdiri, II katibi və I katibi, 1993-cü ildə isə Azərbaycan Hərbi Polis İdarəsinin rəisi işləyib.

5. Culfa  rayonunda Əlincəçay üzərində Əlincə dağı ətəyində kənd. Gözəl təbiəti, Əlincə qalası və tarixi abidələri və qonaqsevər insanları ilə məşhurdur.

6. Keçmiş Zəngəzur mahalında kənd. 2.III.1940-cı ildən adı dəyişilərək Sisian edilmişdir. İndiki Ermənistan Respublikasında rayon mərkəzidir.

7. Zəngəzur dağ silsiləsində, Şahbuz rayonunun Keçil və Nurs kəndləri yaxınlığında, indiki Ermənistan Respublikası ilə sərhəddə qala.

8. Culfa rayonunda keçmiş Baş Anzur kəndi yaxınlığında dağ.

9. Qaçaq Nəbi. (dastan), “Azərbaycan Dövlət Nəşriyyatı”, Bakı, 1961, s. 87-89.

10. Hüseynov Ələkbər. 1952-ci ildə Culfa rayonunun Bənənyar kəndində doğulub qonşu Saltax kəndində müəllim işləyirdi.

11. Şahidlərin verdiyi bilgiyə görə, Əzizə Alı qızı, 1982-ci ildə, təxminən 120 yaşında Bənənyar kəndində vəfat edib. Savadsız olub.

12. Ordubad rayonunda kənd. Anzırın 8-9 kilometrliyində yerləşir.

13. Culfa rayonunda Arazın sol sahilində kənd.

14. Culfa rayonunda Əlincə çayının sağ sahilində kənd. Əlincə qalasının 3-4 kilometr güneyindədir.

15. Həsənov Həsən Kərbəlayı Əbil oğlu. 1912-ci ildə Culfa rayonunun Xanağa kəndində doğulmuş, 3 sentyabr 1982-ci ildə həmin kənddə vəfat etmişdir. İbtdai təhsilli idi.

16. Əlincə qalasının doğusunda kənd. İkinci Dünya Savaşından sonra əhalisi Əlincə çayı sahilinə köçmüş, kənd xaraba qalmışdır. 19-cu yüzildə bölgənin abad və tanınmış kəndlərindən olub.

17. Culfa rayonunda Əlincə qalasının batısında kənd.

18. Ordubad rayonundakı Bist kəndindən yuxarıda Göygöl yaylağında çay adı.

19. Rüstəmzadə Rüstəm. El qəhrəmanları xalq ədəbiyyatında, “Gənclik” nəşriyyatı, 1984, s. 71.

20. Zəngəzur dağ silsiləsində bulaq adı.

21. Məmmədov Məmmədxan Sədirxan oğlu. Tivi kəndinin sakini, natamam orta təhsilli.

22. Naxçıvan Muxtar Respublikasında Culfa və Babək rayonları arasında dağ. Dağ oradakı  mağaranın adı ilə məşhurlaşıb. Hökümdar zülmündən qaçıb mağaraya gizlənmiş yeddi nəfərin 300 ildən çox burada yuxuya getdikləri, ayıldıqdan sonra qeybə çəkildikləri haqqında əfsanə bu yerlərdə geniş yayılıb. Qurandakı Kəhf surəsində təsvir olunan hadisələr bu mağarada baş verdiyini söyləyirlər.

23. Andranik Ozanyan  (1865-1927) xarici ölkələrdən yardım alaraq erməni silahlı dəstəsi yaradıb müsəlman kəndlərinə basqınlar təşkil etmişdi. Osmanlı dövləti 1890-cı illərdə onun dəstəsini dağıdıb özünü həbs etsə də Rusiya və Böyük Britaniyanın təzyiqi ilə həbsdən azad etməli olmuşdur. Andranik Birinci Dünya Savaşında yenidən Anadolunun doğusunda ətrafına silahlı dəstə toplayaraq müsəlman kəndlərini talamağa, dinc sakinləri öldürməyə başlamışdır. Bununla Rusiya qoşunlarının Osmanlı dövlətinin içərilərinə doğru irəliləməsinə şərait yaratmışdır 1918-ci ildə Osmanlı hərbi birləşməsi qiyamçıları İraqa çıxarılmış B.Britaniya  orduları ilə birləşməsinə əngəlləmişdir. Andranik vəziyyətin çıxılmazlığını görüb ətrafındakı silahlı dəstə və cəzadan qorxaraq qaçan erməni əhalisi ilə İrana oradan da Naxçıvana və Zəngəzura keçmişdir Yol boyu onlarla müsəlman kəndini dağıtmış əhalisini qəddarlıqla məhv etmişdir. Culfadan Bakını işğal etmiş Rus-erməni birliyinin təşkil etdiyi hökumətin başçısı Stepan Şaumyana 1918-ci ilin 14 iyulunda «Türk qoşunlarının Naxçıvan qəzasının içərilərinə irəliləməsinə mane olmağa çalışacağam. Cavabınızı və sərəncamınızı gözləyirəm general-moyor Andranik» məzmunlu teleqram vurmuşdur. Müsbət cavab alsa da türk qoşunlarının yaxınlaşdığından xəbər tutan kimi tələsik dağ yolu ilə Zəngəzura qaçmışdır. «Naxçıvanı Rusiya Respublikasının ayrılmaz hissəsi», özünü isə həmin hökumətin təmsilçisi elan edən Andranikin arzuları baş tutmamışdı. Zəngəzurda, Dərələyəzdə, Vedi ətrafında da onlarla müsəlman kəndini dağıtdırmış, əhalisini məhv etmişdir. Ermənistan Respublikasının hökuməti ilə dil tapa bilmədiyinə görə dəstəsini buraxıb xaricə getməli olmuşdur. 1999-cu ildə cənazəsinin qalıqlarını Parisdən Ermənistana gətirərək təntənə ilə dəfn etmişlər.

24-27. Ordubad rayonunda kənd adları.

28. Ordubad rayonundakı Tivi kəndində yuxarıda Gəmiqaya dağında yer adı.

29. Sağ qalan əqrəbalarının şəcərə ağacından Telli Qara adı ilə tanınmış Misirxan Piriş oğlunun təxminən 1840-1888-ci illərdə yaşadığını müəyyənləşdirdik.

30. İran İslam Respublikasının  Şərqi Azərbaycan ostanında kənd. Arazın sağ sahilində Mərənd şəhəri yaxınlığındadır.


USUF GƏLDİYİNİ KAFİR NƏ BİLDİ?

 

 Doğulub boya-başa çatdığım Göyçə mahalı (1) aşıqlar diyarı kimi tanınır. Burada yalnız toyda, düyündə deyil, üç-beş kişinin toplaşdığı bir məclisdə də söhbət, əsasən, ya aşıqlardan olar, ya da qaçaqlardan. Kiçik Qafqaz dağlarının çevrələdiyi Göyçə mahalı Güney Qafqazın coğrafi anlamda mərkəzini xatırladır. Qaçaqların daldalanması və mübarizə aparması üçün bu yerlər təbii qalanı xa-tırladır. Həm də qaçaqlar buradan asanlıqla Kür boyu tuqay meşə-lərinə, oradan Böyük Qafqaz dağlarına, Qarabağ düzlərinə, eləcə də İrana, Türkiyəyə çəkilə bilirlərmiş. Qışda havası yumşaq Mu-ğanda, Mildə, Qarabağda, Kür boyunda daldalanan qaçaqlar yazdan payızadək Göyçə dağlarında at oynadarlarmış. Qaçaq Nəbi (1854-12.3.1896), Qandal Nağı (1870-1917), Qaçaq Kərəm (1860-1909), Dəli Alı (1887-1917) və b. qaçaqlar haqqında söhbətləri, şerləri və onları tanıyanların xatirələrini dinləyə-dinləyə böyümüş-düm. Universitetdə oxuyanda (1968-73) kitabxanalarda, arxivlərdə köhnə kitabları, qəzet və jurnalları, sənədləri də oxumağa həvəs göstərirdim. Salman Mümtazın (2) «El şairləri» kitabında «Öysüzlü Qaçaq Yusifin dastanından» (3) başlığı altında verilmiş şer məni düşünməyə vadar etdi. Şeri köçürdüm.

Nahaq yerə bizi yazdılar qaçaq,

Dağların başında biz olduq naçaq,

Ad mənim adlanır, yoldaşım qoçaq,

Yoxdur mənim bir imdadım, ağlaram.

 

Qismət buydu bizə, dağlarda gəzək,

Zülümkar divana ərzələr yazaq,

Bir iyidə insafdımı yüz kazaq

Yoxdu mənim bir imdadım, ağlaram.

 

Biz də endik dağdan, getdik Öysüzə, (4)

Quzu kəsib hörmət etdilər bizə,

Çuğul getdi Hamasada (5) kinyaza

Yoxdu mənim bir imdadım, ağlaram.

 

Öysüzün ətrafı çayırdı, çöldü,

Usuf gəldiyini kafır nə bildi,

Aslan qardaş getdi, yoldaşım öldü.

Yoxdu mənim bir imdadım, ağlaram.

Öysüzlü Qaçaq Yusif haqqında heç nə bilmirdim. Azərbaycanda yayınlanan kitablarda, qəzet və dərgilərdə də bu haqda bir bilgi yox idi. Folklor tarix araşdırıcıları olan müəllimlərimiz də bu haqda əla-və bir bilgi verə bilmədiklərindən axtarış həvəsinə düşdüm.

Axtarış üçün ən önəmli olan iki şey vardı. Birincisi qaçağın adı, ikincisi onun yeri-yurdu. Elə bir çətinlik çəkmədən Öysüzün Ama-siya rayonunda kənd olduğunu öyrəndim. Amasiyadan tanıdığım tələbə dostlarımın və məşhur aşıqların da qaçaq Yusif haqqında elə bir bilgiləri yox idi. Maddi vəziyyətim də imkan vermirdi gedib Amasiyada axtarış aparım.

Universiteti bitirib Naxçıvanda işləməyə getdim. Amma Qaçaq Yusif mövzusunu da unutmadım. 1978-ci ildə tələbə dostum Ramiz Əsgər Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib bizə gəldi. Birlikdə onlara getməli olduq. Ramizin doğulduğu Qaraçanta (6) kəndi də Amasiya rayonuna daxil idi. Türkiyə ilə sərhəddə yerləşdiyindən buraya gediş-gəliş əngəllənirdi. Kənar şəxslərin oraya getməsi üçün icazə sənədi olmalıydı. Bizim rəsmi gediş sənədimiz olmasa da məmurlarla dil tapıb Qaraçantaya gedə bildik.

Amasiya rayonu rəsmi sənədlərdə bir inzibati vahid sayılsa da iki yerə bölünürdü. Arpa gölünün sahillərində, Ağbaba dağının ətrafında olan kəndlərə Ağbaba, Güney bölgəsinə isə Şüröyül deyilirdi. Bu yerlərdə yaşayanların əksəriyyəti türklər idi. Qara-çanta Şüröyüldə, Öysüz isə Ağbabadaydı.

Qaçaq Yusiflə bağlı şe’ləri, söhbətləri toplamaq istədiyimi biləndə Ramizin atası Baxşəli (7) müəllim babasından eşitdiklərini belə xatırladı: «Usuf bizim kəndə də gəlif. Qurvan Haxverdi oğlu-nun qonağı oluf. Necə olufsa, həyətdə söhbət eliyəndəmi, gəzi-nəndəmi tüfəngi üzünə götürüf Məmməd İsgəndər oğlunun xoru-zunu vurur. Məmməd kişi də deyir: «Qaçağa bax, qaçağa! Xoruz vurur».

Usuf çıxarır, xoruz sahibinə üç qızıl verib deyir: «Özümü sına-yırdım, görüm düz vura bilirəmmi! Sonra da mərc gəlib yoldaşının ovcundakı pulu güllə ilə vurur. Qaraçantalı Hacı Mustafa var-döv-lətini, zinyət əşyalarını Usuf əlindən alacağından qorxurmuş. Qızıllarını gizlətsə də öz-özünə deyirmiş «nal, mıx, Usuf! Nal, mıx, Usuf».

Söhbət zamanı Baxşəli müəllimin böyük qardaşı, rayon qəzetinin redaktoru Kərim (8) müəllimin də Yusiflə bağlı araş-dırmalar apardığını öyrəndik. Onunla görüşdük. Kərim Əsgərov Qaçaq Yusifin həyatından bəhs edən sənədli povest yazmaq istə-diyini, ona görə də xeyli şer və rəvayət topladığını söylədi. Hətta topladığı şerlərdən «Ağlaram», «Qalsın», «Al, geri qayıt» rədifli qoşmaların üzünü köçürüb mənə verdi. Şerlərin nə vaxt, harada, kimdən köçürüldüyü haqda heç bir bilgi yox idi. Yəni pasport-suzdu. Bu da mənim işimə yaramırdı. Amma işimə yarayanlar da oldu. Dəli Usuf, Qaçaq Usuf adı ilə məşhurlaşan igidin Öysüzdən deyil, qonşu Göllü kəndindən olduğunu öyrəndim. Atasına Hacı Alı oğlu Məhəmməd deyərmişlər. Yusif uca boylu, sarıyanız, ol-duqca cəld və çevikmiş. Kərim müəllimin hesablamasına görə təxminən 1870-ci illərdə doğulub. Öysüz kəndi ətrafında döyüşdə yaralanaraq ölüb. Buna görə də yanlışlıqdan «Öysüzlü Yusif» yazıblar.

Topladığım bilgiləri Azərbaycan radiosunda hər bazar günü efirə çıxan «Bulaq» verilişində danışdım. Elə bir əks-sədaya rast gəlmədim. Üstündən iki-üç il keçəndən sonra yenidən Qaraçantaya getdim. Bir həftəyədək orada qaldım. Ağbabanın kəndlərini gəz-dim. Qaçaq Yusif haqqında bilgisi olanlarla görüşdüm. Göllü kənd qəbristanlığında Yusifin və atası Məhəmmədin qəbirləri üstündə ruhlarına Fatihə oxudum. Ellər kəndindən olan Aşıq İskəndər Ağbabalıdan (Gülməmmədov) (9) Qaçaq Yusiflə bağlı iki dastan – rəvayət topladım. Aşıq bunlardan birini «Qaçaq Usufun Kars Səfəri», o birisini isə «Dəli Usufun Pənbək səfəri» adlandırmışdı.

Aşıq İskəndərə: «Bu dastan-rəvayətləri hansı aşıqdan, hansı ustaddan öyrənibsən?» sualı ilə müraciət etdikdə: «Yalançı Allahın düşmanıdı. Uşaqlıqda ondan-bundan eşitdiyim söhbətlərə, bir-iki şerə bir az da mən əlavə edib danışmışam. Camaatın da xoşuna gə-lib», – cavabını aldım.

Aşıq İskəndərin özünün əlavə etdikləri hansıdır, öncədən olanlar hansı? Bu suala aşıq nədənsə aydınlıq gətirmədi. Bir onu söylədi ki, Qaçaq Yusif haqqında ilk şer qoşanlardan biri Ellərli Qasım əfəndinin oğlu Heydər Xoca olub. Sənin kitabdan köçürdüyün şer də Heydər Xocanındır. Özü də şer dörd bənd yox, beş bənd olub. Kitaba düşməyən bənd belədir:

Saat üç oldu, dava quruldu,

Axdı qanım daşlar üstə duruldu,

Əzəlbaşdan Allahyarım vuruldu,

Yoxdu mənim bir imdadım, ağlaram.

Aşıq İskəndərin söylədiyi qoşmanı Salman Mümtazın çap etdirdiyi ilə tutuşdurdum. Fərq olduqca az idi.

Kərim müəllim də, görünür, povest yazmaq fikrindən daşın-mışdı. Mənə iki şagird dəftəri verdi. Bu dəftərlərin birində misrası, vəzni, qafiyəsi pozuq doqquz şer vardı. Yazılma tarixi göstərilməsə də, təxminən 1960-cı illərdən sonra qələmə alındığı aydın olurdu. Şeirlər kimdən toplanıb, gəncliyində özü də şerlər qoşan Kərim müəllim özü hansı dəyişikliyi aparıb, yoxsa yazıb? – bu suallara cavab vermək çətindir.

İkinci dəftəri daha mötəbər qaynaq saymaq olar. Yazısından aydın görünür ki, hələ Azərbaycanda işlədilən kiril əlifbasında ə, ё, ö işlədilən vaxt – yə’ni 1959-cu ildən öncə qələmə alınıb. Dəftərin özündəki «1378-ci il» qeydini hicri tarixindən miladiyə çevirəndə 1957-ci ilə uyğun gəlir. Bu da dəftərin yazılma tarixinə düşür. Kərim müəllimə Qaçaq Yusif haqda bilgi verən isə Öysüzlü yüz yaşlı Bayram Əziz oğlu Hüseynov olub. Bayram kişi hadisələrin canlı şahidi imiş. Özü də Yusifgilin ailəsi ilə yaxın olduğundan bir çox məsələləri təfsilatı ilə bilirmiş.

Bayram kişinin söylədiyinə görə, Göllülü (10) Hacı Alı oğlu Məhəmmədin Omar, Osman və Usuf adlı üç oğlu olub. Usuf son-beşikmiş. Özü də uşaqlıqdan bərk at minmək həvəskarı, atıb-vurmaq aşiqiymiş. Nişan almaqda, güllə ilə nişan vurmaqda yaşıd-larından seçilirmiş.                                                                                       Aşıq İskəndərin söylədiyi «Qaçaq Usufun Kars səfəri» dastan-rəvayəti ilə Bayram Əziz oğlunun söylədikləri üst-üstə düşür: Usuf Təpəgöydən (11) Mirzə kişinin oğlu Musaynan dostuymuş. Usufun arvadının da Mirzə kişiyə bir az qohumluğu çatırmış. Bir gün Usuf Musagilə gəlir. Musa evdə olmur. Amma arvadı Mədinə onu hör-mətlə qarşılayır. Evə dəvət edir. Qaynı İrvahamın da dalınca adam göndərir. İrvaham da gəlib Usufnan çay-çörək yeyir, söhbət edir, sonra da onu hörmətlə yola salır.

Axşam Musa gələndə Mədinə Usufun gəldiyini söyləyir. Bu iş Musanın xoşuna gəlmir. Arvadından şübhələnir. Atasını və qardaş-larını çağırıb məsləhətləşdikdən sonra Mədinəni bərk döyür. O vaxtdan Mədinənin gününü göy əskiyə bükürlər. Göz verirlər, işıq vermirlər. Mədinə görür bunlar sakitləşmək bilmir, Usufa xəbər göndərib başına gələnləri ona bildirir.

Usuf da atını minib gəlir Mirzə kişinin qapısına. Atdan düşmədən Mirzə kişini qapıya çağırtdırıb deyir:

– Ay Mirzə dayı, bu nə işdi siz eləyifsiniz? Adam da heç kəsdiyi duz-çörəyi ayaxlayarmı?! Dostluğu düşmənçiliyə çevirərmi?! Gəlinin təmiz adını ləkələyərmi?!

Mirzə kişi Usufa ağır cavab qaytarır. Mədinə də son vaxtlar ba-şına gətirilənləri Usufa deyir. Bundan qəzəblənən Usuf elə Mirzənin yanındaca Mədinəni alıb qoyur atın tərkinə. Atı da sürür Bavrada (12) bığlı Osebgilə. Mirzə kişi Amasiya pristavı Paşalova şikayət edir. Pristav Göllüyə gəlib kəndin arvadlarını bir yerə top-luyur. Bir-bir üzdərini açıb baxırlarmış görsünnər Mədinə hansıdı. Usufun atası pristava hirslənir, onu ölümnən hədəliyir. Deyir: «Naməhrəm kişinin arvadlarımızın üzünə baxmağa haqqı yoxdu. Usuf  Mədinəni Bavraya bığlı Osebgilə aparıb. Bacarırsan get tut».

Bundan sonra Paşalov (13) geri qayıdır.

Mirzə kişi Yusiflə açıq döyüşdə qisas ala bilməyəcəyini görüb kələyə əl atır. Pristava rüşvət verib Omarı Amasiyaya gətirdir. Atası Məhəmməd Omara ehtiyatlı olmağı tapşıranda o: «Əşi, Kosa Mirzədənmi qorxacam?» – deyir.

Omarı Amasiyada şər qarışanədək yubadırlar. Geri dönəndə Alı koxa Omara deyir: «Eşitmişəm Mirzə səni öldürtmək istəyir. Gəl Düzkənd (14) yolu ilə gedək.» Onun bu təklifinə Omar razı olmur. Kəsə yolla – Təpəköy yolu ilə gəlir. Yolda Omar tanışı Şərifə rast gəlir. Onu atının tərkinə alır. Şərif də ona ehtiyatlı olmağı məsləhət görəndə Omar hirslənir, deyir: «Qorxursan düş piyada get!» Şərif də atdan düşüb piyada gedir. Omar Təpəköyə çatmamış bir təpənin yanında pusquya düşür. Mirzə kişi Amasiyada xəncər, qılınc dü-zəldib satan üç ləzgini də pulnan ələ alıbmış. Üç ləzgi, bir də Mirzənin uşaqları İbrahim, Osman, Musa Omarı öldürmək istə-yirlər. Omar qamçı ilə İbrahimi üzündən yaralasa da, onu öldü-rürlər. Omarın atı Göllüyə gəlib çıxır. Məhəmməd kişi Omarın ölüm xəbərini Yusifə göndərir. Omarın dilindən deyilmiş beş bənd-li şerin birinci bəndinin bir, ikinci bəndinin üç misrası qalıb. Nisbətən bütöv qalmış bəndlər aşağıdakılardır:

 

Zalım düşmən gəlib kəsdi yolumu,

Aynalı açılıb qırdı qolumu,

Öz-özümə fərz eylədim ölümü,

Aman qardaş, bir yamana uğradım.

 

Fələk vurğunuydum, ağrıdı başım,

İndən belə tərsə düşübdü işim.

Yanımda olaydı Usuf qardaşım,

Aman qardaş, bir yamana uğradım.

 

Omar deyərlər mənim adıma,

Çağırdım Allahı yetməz dadıma.

Onda düşdü Usuf qardaş yadıma,

Aman qardaş, bir yamana uğradım.

 

Aradan xeyli keçəndən sonra bir gün Yusif qaçaq yoldaşı Allah-verdi ilə uryadnik paltarında gəlir Mirzə kişinin qapısına. Mirzə ki-şinin arvadından Musanın, İbrahimin, Osmanın yerini xəbər alır. Anaları onnarın yerini demir. Belə olanda Yusifgil gedib Gay Süleymanı gətirirlər. Gay Süleyman rusca bilirmiş. Gay Süleyman Mirzə kişinin arvadına deyir: «Bunlar Karsdan (15) gəliblər. Höku-mət adamlarıdır. Oğlanlarını Karsdan istəyirlər.» Arvad da deyir: «Oğlannarım Omar öləndə ot biçirlər.»

Yusifgil atlarını sürür ora. İbrahim Amasiyaya, Mirzə kişi də-yirmana gedibmiş. Musa Yusifi aralıdan görən kimi tanıyır. Qaçıb gizlənmək istəyir. Mümkün olmur. Yusif onu güllə ilə vurur və papağını da götürüb gətirib anasına verir.

Aşıq İskəndər variantında bu hissə xeyli bədiiləşdirilib. Guya Yusif Musanın başını kəsib bir parçaya bükür. Gətirib anasına verəndə deyir: «Qarpızdı, Mirzə kişi gələndə kəsib yesin. Ürəyi sərinləsin.»

Kərim müəllimin verdiyi birinci dəftərin hadisələr təsvir edilən hissəsində şer yoxdu. Hətta bu yerdə şer söyləndiyinə işarə belə yoxdur. İkinci dəftərdə isə ilk üç şer Yusifin dilindən söylənilir. Dastan-rəvayətdəki şe’rlər məzmunca eyni olsa da, ayrı-ayrı şəxslər tərəfindən qoşulduğu aydın görünür.

Məsələn, dastan-rəvayətdə şerin ilk bəndi belədir:

Omarın adını qaldır o yerdən,

İndi ora Musaölən desinnər.

Mərd iyiddər gəlif keçəndə hərdən,

İndi ora Musaölən desinnər.

Kərim müəllimin variantında isə şerin son bəndində deyilir:

Qaçaq Yusif Təpəkəndə gələndə,

Dedilər ki, Musa Omar öləndə

Biçin biçir, onnarı ki, görəndə

Damarım quruyub qanım ağladı.

Yusifin Dağıstana getməsi, qardaşı Omarın qatillərini tapıb öldürməsi haqqında rəvayətdə də bir neçə şer var.

Diqqəti çəkən odur ki, Yusif Dağıstandan gələndən sonra Zur-zunada (16) Aşıq Şenliyin (17) məclisində olur. Aşıq qaçaqlar üçün çalıb-oxuyanda hökumət adamları məclisi mühasirəyə alırlar. Qaçaqlar döyüşə-döyüşə mühasirəni yarıb çıxırlar. Aşıq Şenlik hö-kumət adamlarının əlinə keçir. Onu hədələyib deyirlər: «Qaçaqları saxladığınız bəs deyil, hələ onların şəninə mahnı da oxuyursunuz?» Kərim müəllim bu yerdə mötərizə açıb yazıb: «Aşıq Şenniyin qaçaqlara Zurzunada qoşduğu mahnılar».

Yusifin Mədinəni aparandan sonra başlanan qaçaq ömrünün ən çox xatırlanan əhvalatlarından biri “Karsa səfər»idir.

Karsa patron almağa gedən Yusif Bayrampaşa məhləsindəki dostu Əhmədin evində qonaq qalır. Geri dönəndə çuğul qubernata Yusifin Karsa gəldiyini xəbər verir.

Qubernat milliyyətcə çərkəz* olan, igidliyi, qorxmazlığı ilə ad çıxarmış uryadnik Əbdül Məcidi** yanına çağırıb ona Qaçaq Yusifi həbs etməyi tapşırır. Əbdül Məcid iki silahlı əsgər də gö-türüb Yusifin arxasınca gedir. Qaradağda (18) Məzrə yaxınlığında onlar Yusifə çatırlar. Üzdən tanımadıqları üçün ondan sənəd istə-yirlər. Qaçaq Yusif isə özünü danır. Gümrülü  (19) stracnik*** Yusif olduğunu, Karsa okruqdan**** məktub gətirdiyini söyləyir. Sənəd əvəzinə bir 25-lik pul çıxarıb verir. Əl çəkmədiklərini görüb bir yüzlük də verir. Əbdül Məcid pulu almır. Yusifi zorla Karsa aparmaq istəyir. Yusif də əl atır tüfəngə. Üçünü də öldürür. Atlarını və tüfənglərini alıb çəkilir dağlara.

Bu mövzu da şerə çevrilmişdir. Lakin əldə olan şerlər bir-birindən fərqlidir. Yalnız bəndin sonundakı misra – «Bir bazar xərcliyi al, geri qayıt!» misrası eynidir.

Nümunə üçün Aşıq İskəndərdən topladığımız şerdən üç bəndi aşağıda veririk:

 

   Aldı  Usuf:

Özünkü islamsan, din qardaşımsan,

Bir bazar xərcliyi al, geri qayıt.

Məni tanımırsan, yəqin naşısan,

Bir bazar xərcliyi al, geri qayıt.

 

  Aldı Hasan:

Çox da laf eyləmə, bu qədər yetər,

 Bu sevdadan geri dönmək olarmı?!

Eşitsə qubernat gülləyə tutar.

           Bu sevdadan geri dönmək olarmı?!

 

 ---------------------------

* Bə’zi variantlarda ləzgi kimi qeyd edilir.

** Aşıq İskəndər variantında bu ad Hasan kimi qeyd edilir.

*** Stracnik – kiçik polis nəfəri, qoruqçu, nəzarətçi.

**** Okruq – dairə, inzibati-ərazi bölgüsü.

Aldı  Usuf:

Qubernat sözünü tulla kənara,

Başar ki, özünə yaxşılıx ara.

Anana, bacına geydirrəm qara,

Bir bazar xərcliyi al, geri qayıt.

 

  Aldı  Hasan:

Eşitsə qubernat dalınca gələr,

Tüfəngin süngüsü bağrını dələr,

Ana, bacın cəsədin üstə mələr,

Bu sevdadan geri dönmək olarmı?!

 

  Aldı  Usuf:

Mən Usufam, eşitmişəm adını,

Yaxşı billəm qubernatın zatını,

Səni öldürrəm, allam atını,

Bir bazar xərcliyi al, geri qayıt.

 

  Aldı Hasan:

Çərkəzəm, adıma Hasan deyəllər,

Düşmənin başını kəsən deyəllər,

İndi görək kimə «əhsən» deyəllər,

Bu sevdadan geri dönmək olarmı?!

 

Kərim Əsgərovun hesablamasına görə, Qaçaq Yusifin Kars yaxınlığındakı Qaradağda uryadniki öldürməsi 1895-ci ildə olub. Bundan qəzəblənən qubernat hər yerə teleqram vurub ki, Qaçaq Yusifi tutsunlar. Hətta bu işə yerli camaatı da cəlb edib. Göllü kəndindən Abdulla və Alı koxaya da tüfəng, pul verib Yusifin üs-tünə göndərib. Qubernatdan vəzifə, mükafat almaq eşqi ilə qaçaq-ların üstünə gedənlər peşman olurlar. Qaraxaçda (20) gedən bir döyüşdə Qaçaq Yusif çoxlarını öldürür və ya yaralayır. Mühasirəni yarıb Lori (21) meşələrinə çəkilir.

Bu hadisəni əks etdirən şerin vəzn və qafiyəsi pozulmuş olsa da, günümüzədək gəlib çatıb. Kərim müəllimin qeydlər dəftərində şer belədir:

Dörd yanımı mətərisin aldılar,

Güllə atdım, qayalara doldular.

Zalım yerlilərim qubernatdan pul aldılar,

Girdilər qəsdimə mənim, ay fələk.

 

Fələk heç kimdən gözün əyməsin,

Heç iyid meydanda tək qalmasın.

Necə olsun, mənim gülləm dəyməsin?!

Yəqin ki, yetişib əcəlim mənim.

 

Alı koxaya həsr edilmiş yarımçıq şerin birinci bəndi isə belədir:

Başına döndüyüm, ay Alı koxa,

Sənə nə olubdu bərk ağlayırsan?

Çərkəzi öldürüb bir qan eylədim,

Yoxsa sən də qorxudan ağlayırsan?

 

Şerin ikinci bəndinin son misrası yoxdur. Üçüncü bəndinin isə ilk misrası tam, ikinci misra isə yarımçıqdır.

Elə oradan Yusifin qaçaq yoldaşlarının Qazaxlı Dilbaz oğlu Allahyar bəy, Həmid bəy, Aslan ağa Qasımlı, Halay bəy Qızıl-hacılı, kor İsmayıl Borçalı və başqaları olduğunu öyrənirik.

Qaçaq Yusifin Amasiyada posta basqın edib başda uryadnik ol-maqla 12 nəfəri tərksilah etdiyindən, 600 patron götürdüyündən, sonra da patronların pulunu ödədiyindən, stracnik Yusiflə Əlirzanın gecə ikən gedib Gümrüdən patron alıb gətirdiklərindən və səhər işə gələn pristavın hər şeyi yerində görüb, Qaçaq Yusifin Amasiyaya gəlişini dedi-qodu saydığından bəhs edən söhbətlər də ağızdan-ağıza dolaşır, müxtəlif variantlarda söylənirdi.

Qaçaq Yusifin Pəmbəyə (22) getməsi, Petralı Səfərlə görüşü, onu öz dəstəsinə dəvət etməsi də dastanlaşıb.

Yusif haqqında ən geniş yayılmış söhbət isə onun ölümü ilə bağlıdır. Hadisələrin canlı şahidi Bayram Əzim oğlunun söy-lədiyinə görə, payız vaxtı qaçaqlar ucqar kənddə bir neçə gün dincəlmək istəyirlər. Yusif Öysüzü münasib bilir. Orada Səfər Hü-seynovun evinə gəlirlər. Səfər Yusifə deyir: «Amandı, mənim evimə düşmə. Rus bizi qırar. Çünki kənddə bir Alverdi adlısı var, o mənimlə düşməndi. Hökumətə xəbər verəcək».

Yusif də deyir: «Ya onu bura çağırtdır, ya da qaçaqlardan biri onnarda qalsın».

Qaçaqlara quzu kəsirlər. Yeyib-içirlər. Sən demə, Bayramın əmisi oğlu Heydər onnara gəlirmiş. Göyüş kişi qaçıb Heydərə deyir: «Kəndə gəlmə. Yusif burdadı. Səni öldürər».

Heydər İsmayıl oğlu kəndə girmir, Göllüyə dönür, stracniklərə qaçaqların Öysüzdə olduğunu xəbər verir. 12 stracnik və keçəl Alı, Molla Bayram öz dəstələri ilə Öysüzü mühasirəyə alırlar. Yusif-gildə altı yoldaşıymış. Onlardan ikisi keşikdə durubmuş. Keşikçilər Yusifə mühasirəyə düşdüklərini deyiblər. Yusif evdən çıxıb Keçəl Alıya deyir: «Gəl! Gələrsən də, görərsən!»

Yusif Bayramın anası Fatmaya deyir: «Bizim xurcunlarımızı çölə atın. Qoy görsünlər. Sonra deyərsiniz zornan evimizə girmişdilər».

Yusif ilk güllə ilə üstlərinə gələn dəstənin başçısının atını qaşqa-sından vurur. Aslan ağa deyir: «Bu yerlər açıqlıqdı, hər tərəf çılpaq dağdı. Bizi qıracaqlar. Gəlin mühasirəni yarıb Lori tərəfin meşə-lərinə çəkilək».

Qaçaq Yusif razı olmur. Deyir: «Bunlar kimdi qabaqlarından qaçaq. Gəlin bunlarla zarafat edək». Beləcə də döyüşə-döyüşə Ellər kəndinin dağlarına tərəf çəkilirlər. Sultanabad, Bozyoxuş, Qurdbulaq, Axırkələk (23) tərəfdən kazaklar gəlib dağları müha-sirəyə alırlar. Atışma uzanır. Yusifin yoldaşı Allahyar ölür, özü də ağır yaralanır. Həm də patronu qurtarır. Buna baxmayaraq heç kim onun daldalandığı yerə yaxın düşə bilmir.

Bayram Əzim oğlunun xatirəsinə görə, Yusifi mühasirəyə alanların başçısı yüz kazakla gəlmiş milliyətcə çeçen olan Şahnəzərov imiş. Patronu qurtaran, aldığı ağır yaradan tərpənə bilməyən Yusifi düşməni İbrahim öldürmək istəyir. Şahnəzərov qoymur. Deyir: «Kişi idin sağ vaxtı vuraydın!» Yaralı Yusifi Ellər kəndinə gətirirlər. Atası Məhəmməd gəlib oğlunu görəndə deyir: «Qaçaq dağda olar, evdə nə gəzirsən?!».                                        Bir də Yusifin atasının Karsdan gəlmiş prokurora dediyi: «Neçə il əvvəl bir kor qızım evdə öldü. Əgər Yusif evdə ölsəydi, onun kor qızdan nə fərqi olacaqdı» sözləri həmin bölgədə dillər əzbəridir.

Yusifin Öysüzə gəldiyini xəbər verdiyinə görə pristav Heydərə yüz manat pul, bir qızıl medal və bir təzə berdanqa* (tüfəng) verir. Buna baxmayaraq Heydər təhlükəsizliyini təmin etmək üçün hökumətə ərizə yazır. Hökumət onun üç qardaşına, qaynına və iki əmioğlusuna tüfəng verir ki, Heydəri qaçaqlardan qorusun.

Qaçaq Yusifin son döyüşü ilə bağlı üç bəndli bir qoşma da var. Əlimizdəki bir neçə variantdan birini – Aşıq İskəndərdən topladığımızı burada veririk:

   Başına döndüyüm, ay Aslan dayı,

Mərdlik meydanınnan qaşma, amandı.

Yığılan düşməndi, bilinməz sayı,

Mərdlik meydanınnan qaşma, amandı.

 

Qaşmaq olmaz, bərkit atın təngini,

İndi görrəm mərd iyidin cəngini,

Mən səni sevirəm canda can kimi,

Mərdlik meydanınnan qaşma, amandı.

 

Mən Usufam, sən də mənə arxasan,

İnanmıram bu qovğadan qorxasan.

Hərdən-hərdən yada salıb darxasan,

Mərdlik meydanınnan qaşma, amandı.

Şerin başqa variantlarında misralar «Aslan** qardaş getdi, yoldaşım öldü», «Namərd Aslan məni tək qoydu», «Getdi Aslan dayım, Allahyar öldü» və b. şəkillərdə işlədilib.

Kərim müəllimin 1950-ci illərdə topladığı şer və rəvayətlər dəftərində «Ağlaram» qoşmasının hər bəndi beş misradır. (Bu növ şerə 19-20-ci yüzildə formalaşan qəhrəmanlıq dastanlarında az-az da olsa rast gəlmək olur. - Ə.Ş.). Son misralar belədir:

Pozuldu növrağım, gülüm, ağlaram,

Hər yandan kəsildi yolum, ağlaram.

-------------------------

* Berdanqa (rusca) – 1870-91-ci illərdə Rus ordusunda işlədilən bir patronlu tüfəng növü. ** Aslan ağanın 22 il qaçaqlıq etdiyini söyləyirlər.

 

Həmin dəftərdəki hesablamalarda da bir yanlışlıq var. Bir tərəfdən Yusifin 1870-ci ildə doğulduğu, 1913-cü ilin payızında öldüyü qeyd edilirsə, son səhifədə Yusifin iki il qaçaqlıq etdiyi göstərilir. Yusifin Əbdül Məcidlə Kars yaxınlığında 1895-ci ildə döyüşdüyünü həqiqət kimi qəbul etsək, onda bu iki il qaçaqlıq etməsi ilə uyğun gəlmir.

Xatirələrə görə, Yusifin ölümünə dözməyən atası Məhəmməd Hacı Alı oğlu da bir il sonra ölür. Bizim əldə edib toplaya bildiyi-miz bu qədərdir. Yusifin qaçaqlığı, ölüm tarixi yəqin ki, Kars qu-berniyasının polis və jandarma sənədlərində öz əksini tapıb. Kars arxivləri isə əlyetməz olub.

Sözardı: Sovetlər Birliyi dağıldı. Azərbaycan müstəqillik əldə etdi. Bunlara baxmayaraq hələlik Kars arxivlərindən xəbər verənimiz yoxdur. Bakıda «Yazıçı» nəşriyyatının 1994-cü ildə çap etdiyi «Qaçaq Usuf» (toplayanları: Aftandil Ağbabalı, Nizami Məmmədxanlı), Azərbaycan Dövlət Nəşriyyatının 1997-ci ildə çap etdiyi «Ağbaba folkloru» (toplayan və tərtib edən Sürəyya Ağbabalı) və «Ozan» nəşriyyatının 1998-ci ildə çap etdiyi «Aşıq İskəndər Ağbabalı. Ayırdılar Ağbabadan», I kitab (toplayanı və tərtib edəni: Tacir Səmimi) kitablarında Qaçaq Yusiflə bağlı maraqlı folklor nümunələri var.

                                                                  10.09.1986

Qaynaqlar və notlar

 

1. İndiki Ermənistan Respublikasında bir bölgə adıdır. Rusiya Qafqazı işğal edəndən sonra (1828) bölgənin adını rəsmən dəyişsə də,                          

xalq arasında bu gün də o yerlərə Göyçə deyilir. 1988-ci ildə bölgənin əsas əhalisi olan türklər zorla buradan qovuldular.

2. Azərbaycan ədəbiyyatının fədakar araşdırıcısı. 1884-cü ildə Şəki şəhərində doğulmuş, 1937-ci ildə həbs edilmiş 1941-ci ildə Bakıda güllələnmişdir.

3. Kitab Bakıda «Azərnəşr» tərəfindən iki dəfə – 1928-ci ildə əski əlifba ilə, 1935-36-cı ildə latın qrafikası ilə nəşr edilib. II cild, s.75

4. İndiki Ermənistan Respublikasında kənd. 1988-ci ilin noya-brında, Türklər oradan qovulanadək kəndin adı dəyişməmişdi.

5. İndiki Ermənistan Respublikasında rayon mərkəzi olan Amasiyanın xalq ağzında deyiliş forması.

6. İndiki Ermənistan Respublikasının Amasiya rayonunda kənd. 04.05.1939-cu ildə kəndin adı dəyişilərək Əzizbəyov edilmişdir. 1988-ci ildə Ermənistandan bütün Türklər kimi Qraçantalılar da qovuldular.

7. Əsgərov Baxşəli Qələndər oğlu. 1927-ci ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. Ali təhsillidir. 1988-ci ildən Sumqayıt şəhərində yaşayır.

8. Əsgərov Kərim Qələndər oğlu. 1925-ci ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. Ali təhsilli idi. 1991-ci ildə vəfat edib.          

9. 1925-ci ildə Ağbaba mahalının Ellər kəndində doğulub. Natamam orta təhsilli olub. Aşıqlığı məşhur el sənətkarı Aşıq Şenliyin şagirdi Kor Nəsibdən öyrənib. Onlarla dastan bilirdi. Özü də şerlər, rəvayətlər qoşardı. 1988-ci ildə erməni irqçiləri Ermənistandan müsəlmanları qovanda Aşıq İsgəndər də Azərbaycanın Şəmkir rayonuna köçmək zorunda qaldı və 1992-ci ildə orada vəfat etdi.

10. Ağbaba mahalında kənd adı. Ermənistan Respublikasındadır. 1991-ci ildə adı dəyişdirilib.

11. Ağbaba mahalında kənd adları. Ermənistan Respublikasındadır. 1991-ci ildə adları dəyişdirilib.

12. Gürcüstan Respublikası Axalkalaka qəzasında kənd.

13. İkinci dəftərin sonunda «Amasiyada pristav Ohannes naçalnik idi» qeydi var. Müəyyənləşdirə bilmədik ki, Ohannes Paşalovun adıdır, yoxsa bunlar ayrı-ayrı şəxslərin adı və soyadıdır.

14. Ağbaba mahalında kənd.

15. Türkiyədə il mərkəzi. Rusiya – Osmanlı müharibəsindən sonra (1929) bağlanmış anlaşmaya əsasən Kars Rusiyanın işğal zonasında qaldı. Osmanlı dövləti 1853-1856-cı il savaşında bu yerləri azad etdi. Lakin Kars 1877-1878 savaşında yenidən ruslar tərəfindən işğal olundu və quberniya mərkəzinə çevrildi. 1918-ci ildən sonra Kars Rusiya işğalından azad oldu.

16. Kars yaxınlığında kənd.

17. Çildirli Aşıq Şenlik. 1850-ci ildə Türkiyənin Kars ilinə bağlı Suhara kəndində doğulub və 1913-cü ildə də həmin kənddə dəfn edilib.

18. Kars yaxınlığında dağ.

19. İndiki Ermənistan Respublikasında Araz sahilində şəhər. Rus ordusu 1829-cu ildə bu yerləri işğal edəndə şəhərin adını dəyişib Aleksandropol etdilər. Sovet hakimiyyəti illərində isə (27.01.1924) yenidən dəyişib Leninakan etmişdilər. 1991-ci ildən əski adı özünə qaytarılıb.

20. Keçmiş İrəvan quberniyasında kənd və yayla adı.

21. Ermənistan və Gürcüstan ərazilərində bölgə. Adı dəyişilsə də coğrafi məkan kimi Lori-Pənbək şəklində hələ də işlədilir.

22. Keçmiş İrəvan quberniyasında bölgə.

23. İndiki Gürcüstan və Ermənistan Respublikalarında yer adları.


YAZIQ  SÜLEYMANI  SALDIN  ƏNGƏLƏ

 

Sədərək (1) kənd orta məktəbində müəllim işləyən, şair Vaqif Məmmədov (2) mənə bir neçə bəndlik vəzni, qafiyəsi, ahəngi pozulmuş şer parçaları verdi: «Bəlkə sən bir yana çıxara bildin» – dedi. Misralarda bir neçə ad vardı: Süleyman, Budaq, Pəsərək və Süleymanın anası Gövhər.

Axtarış üçün bu az deyildi. Açar rolunu oynaya bilərdi. Amma çətini o idi ki, Naxçıvan bölgəsi İranla, Türkiyə ilə sərhəd oldu-ğundan burada qaçaq çox olub. Dağlar, meşələr qaçaqları həm qo-rumuş, həm də yedirtmişdi. Rusiya hökuməti onları lap cidd-cəhdlə təqib edəndə Arazı keçib üç-beş ay, bəzən də illərlə İranda, İraqda, Türkiyədə daldalanır, ara sakitləşəndə yenidən geri dönür, qəflətən bir tufan qoparır, çar məmurlarının dincliyini pozurdular. Çar mə-murları Tiflisə-canişinliyə, Peterburqa – hökumət dairələrinə «Öldürdük!» deyə sevinclə xəbər verdikləri, orden-medal, mükafat aldıqları bir vaxtda qəflətən «ölmüş» qaçaq yenidən meydan sulayıb.

Atasının adını, doğulduğu kəndi bilmədən 150 illik bir zaman içində yaşamış qaçaq haqda bilgi toplamaq olduqca çətin olur. Bir tərəfdən də təxminən eyni zaman kəsiyində, eyni bölgədə yaşamış, adları da eyni olan qaçaqlar haqqında gəl, bilgi əldə et, görüm, necə edirsən?!

Naxçıvan bölgəsində Süleyman adlı üç qaçaq haqqında  dumanlı bilgim vardı. Rusiyanın jandarma və polis idarələrinin gizli yazış-malarından arxivlərdə qalmış sənədlərdə  qaçaq Süleyman adına rast gəlmişdim. Lakin bu bilgilər də aydın deyildi. Gizli yazışma-larda hansı Süleymandan söhbət getdiyini aydınlaşdırmaq olmur. Bunu yazanların heç özləri də dəqiq bilmirlər.

Haqqında az-çox bilgim olan Süleymanlardan biri Arayatlı Süleyman adı ilə tanıdılan Süleyman Ağahüseyn oğludur. O, 1872-ci ildə Füzuli rayonunun Əhmədallar kəndində doğulub. 1891-ci ilin yazında Şuşa qalasına aparılarkən qaçıb. Quzey və Güney Azərbaycanda daha çox məşhur olub. Səttərxanın rəhbərlik etdiyi məşrutə hərəkatına (1906-1909) yardım edib. Qaçaqlar arasında nisbətən siyasiləşmiş şəxs olub. 1917-ci il aprelin 5-6-da Acıdərədə (Güney Azərbaycan) Rusiya və İran hökumət qoşunlarına qarşı döyüşdə həlak olub. (3)

Tivili Süleymanı 1918-ci ilin yayında erməni quldurbaşısı Andranik Ozanyan 17 kənd ağsaqqalı ilə birlikdə danışıq aparmaq, sülh şərtlərini müəyyənləşdirmək adı altında bir evə toplayır. Silah-larını təhvil verib danışmağa gələnlərin toplaşdığı evi Andranik odladır, kəndi də dağıtdırır. Deyilənə görə, Tivili Süleyman 25 il qaçaq olub.

Dərələyəzli (4) Süleyman haqqında isə bilgim lap az idi. Şeri Vaqif müəllim sədərəklilərdən topladığına görə axtarışa da o böl-gədən başladım.

Sovxoz (5) kəndində yaşayan, yaşı 80-i keçmiş Süleyman Əhmədovun söhbətləri axtarışımıza ipucu oldu. O dedi:

– Eşitdiyimə görə, Süleyman Dərələyəzin Qaraqaya, ya da Ayı-səsi kəndindən olub. Danzik (6) kəndinin örüşündə – Zərdə dərədə öldürülüb. Danziklilər indi Xanlıqların (7) üstündəki qəsəbədə (8) yaşayırlar. Onnar yaxşısını bilər.

– Süleyman əmi, Qaçaq Süleyman haqqında şerlər var. Bu şerlər hansı Süleymana qoşulmuş olar? – sualımıza kişi belə cavab verdi:

– Hansı şeri deyirsiniz? Qocalmasaydım, Süleymannan sizə çox şer deyərdim. Huşum yaman dağılıb. Aşıxlar bir gecə Süleymannan danışar, oxuyardılar. Yadımda qırıq-sökük bunlar qalıb:

Yorğanım adyaldı*, döşəyim həsir,

Bavıska** gələndə dizdərim əsir.

Nəçənnik yazır, divan da iş kəsir,

Deyillər, deyillər, ay Qaçaq Süleyman,

Anası özündən qoçaq Süleyman.

   Atına minəndə dedilər nazat,***   

Altına yaraşır bir dənə bozat,

İşlərin mayası binamaz Hürzat,

Deyillər, deyillər, ay Qaçaq Süleyman,

Anası özündən qoçaq Süleyman.                                                
 ------ ------ -------

* odeyal (rusca) - battaniye, nazik yorğan

** povestka (rusca) - əsgərliyə çağırış

*** nazad (rusca) - geriyə, arxaya

Süleymanın yanında Budaq, Paşa, Pəsərək də gəzirdi. Onnar haqqında da şer qoşmuşdular. Budaq haqqında oxuyurdular: 
         
 

Ağmanqal (9) deyilən bir gözəl yaylaq,

Burda şırıltıdan tutulur qulaq.

Sənə qurban olum Qaynamaz bulaq, (10)

Bulaq mənim xan Budağmı neynədin?!

 

Başqa bir şerdən isə bunnar yadımda qalıb:

 

Gödəkli* qısnadı yıxıldım tara,

Qaralı kürdləri gəldi havara.

Budaq Saraşdıdan (11) idi. Qızı Naciyə Aşağı Daşarxda (12) yaşıyırdı. Bir-iki il (13) olar ölüb. Uşaxlarınnan soruşsan, bəlkə dayıları haqda bir şey biləllər.

Təəssüf ki, Naciyənin övladlarından və nəvələrindən elə bir bilgi ala, şer və rəvayət toplaya bilmədik.

Yuxarıdakı şer parçaları isə başqa qaçaqlara da aid edilir. Kimin dilindən söylənməsindən asılı olmayaraq, həmin dövrün əhval-ruhiyyəsini özündə əks etdirir. Evdə yorğan-döşəkdə yatmağa alışmış insanlar həbsxanadakı həsirə, adyala alışa bilmir. Hər «bavıska» gələndə elə bilirlər ki, Sibirə göndərəcəklər. Türk oğlu atsız olanda onun üstünə yerimək asan olur. Elə ki, atına mindi, onda ruslar qorxudan «nazad!» komandası – yəni geri çəkilmək əmri verirlər.

Aşağı Daşarxda çox söhbət etdik. Zaman öz işini görmüşdü. Şerlərin və hadisələrin çoxu unudulmuşdu. Yadda qalanlardan onu bərpa edə bildik ki, Budağın Hacı Məhəmməd, Məhəmmədhəsən adlı qardaşları, Əminə adlı xanımı olub. Qaçaq düşməsinə səbəb isə adam öldürməsi olub. Budağın Şora (14) kəndindəki dədə-baba torpaqlarına İrəvanlı Seyid nasos qoydurub, Arazdan su çıxararaq əkmək istəyirmiş. Bu mübahisəli torpaq məsələsi ölümlə nəticələnib.

Aşağı Daşarxlı Sabir Əşrəf oğlu Kamalov da yadında qalan aşağıdakı misraları söylədi:                                                              
 --------------

* Tayfa adı

Bu görünən Pəsərəyin dağıdı,

Şamda yanan ürəyimin yağıdı.

İki xalaoğludu Həsoynan Paşa,

İgidlikdə tayı yoxdu, Süleyman,

Patronu çiynində çoxdu, Süleyman.

 

Ayağını apardı səngərin daşı,

Yaxasını çürütdü gözünün yaşı,
İki xalaoğludu onun yoldaşı,

Ona deyillər ki, ay dəli Budaq.

 

Budaq haqqında Aşağı Daşarxlı tarix müəllimi Vaqif Məmmədovun topladığı şe’r parçaları da on bir hecalı, hər bəndi dörd misralıdır. Vəzn və qafiyədə qoşmanı xatırlatsa da, ahəngcə fərqlidir. Ona görə    aşıqlar «müxəmməs» üstə oxuyarlar.

V.Məmmədovun Budaq haqda topladığı şerlər aşağıdakılardır:

 

Saymaz nəçənniyi, kattanı, xanı,

Döyüşə girəndə ona tay hanı?

Elə bir iyiddi, şöhrəti-şanı

Düşübdü dağlara, daşa Budağın.

 

Onu qaçaq salıb Meydannan Xəlil.

Yalvarıb ediblər nəsihət, dəlil.

Şəninə söz qoşur Şahablı Cəlil,

Keçməyir gülləsi boşa Budağın.

 

Şeirin qafiyə quruluşuna əsaslanıb ilk bəndin olmadığını yəqin-liklə söyləyə bilərik. Bundan belə qənaətə gəlmək olar: şeir beş, yeddi, bəlkə də daha çox bənddən ibarət olub. Möhürbənddən şeiri qoşanın Şahablı Cəlil olduğu bilinir. Bu da xəyali bir şəxs deyil. Vedibasarda, Dərələyəzdə, Şərurda yaxşı tanınan bir aşıqdır. Belə söyləyirlər ki, Abbasqulu bəy Şadlinski və başqa qəhrəmanları öyən şeirlər yazıb oxuduğuna amma erməni quldurlarını tərifləyən mahnılar oxumadığına görə 1918-ci ilin yayında Andranik Ozanyanın quldur dəstələri Cəlilin dilini dartıb boğazından qopa-raraq öldürüblər. Aşıq Cəlilin kürəyinə qaynayan  samavar bağla-yaraq oxumağa məcbur etdikləri, kərmə qalağında yandırıldığı haqqında da rəvayətlər var.

Danziklilərlə də çox söhbət etdik. Süleymanın Zərdə dərədə öl-dürülməsini təfsilatı ilə danışdılar. Şer bilən isə yox idi. Dərələ-yəzin Kotam kəndində doğulan, sonra köçüb Danziyə gələn aşıq Həmid Ağamalıyev (15) bu boşluğu doldurdu. O dedi:

– Süleymanın, Budağın igidliyindən çox eşitmişəm. Aşıq oldu-ğumdan məni şerlər daha çox ilgiləndirib. İstəmişəm məclislərdə çalıb-oxuyam. Görünür, ona da gec başlamışdım. Şerləri bilənlərin çoxu dünyasını dəyişmişdi. Cağazirli (16) Cəfərdən eşitdiyim şeri deyim yaz:

 

Beşaçılan tüfəngi mıxdan endirdi,

Endiribən sinə üstə mindirdi.

Yeddi gündə on beş düşmən öldürdü,

İgidlikdə tayı yoxdu Süleyman!

Patronu çiynində çoxdu Süleyman!

 

Süleymanı öyən şerlərlə yanaşı, onun dilindən söylənmiş lirik şerlər də var. Onlardan biri belədi:

 

Qurban olum başındakı əyməyə,

Gözüm düşüb yaxandakı düyməyə,

Əhdim budu anan səni döyməyə.

Naz-naz eylə, Kəlbə Xəlilin qızı,

Xara tuman, mintənəsi qırmızı.

 

Qurban olum başındakı puşduya,

Anan qoymur bir gələsən qonşuya,

Əhdim budur, ərin səni boşuya,

 Naz-naz eylə, Kəlbə Xəlilin qızı!

Xara tuman, mintənəsi qırmızı!

 

Qurban olum başındakı çəngələ,

Duman gələ, çisgin gələ, çən gələ,

Yazıq Süleymanı saldın əngələ,

Naz-naz eylə, Kəlbə Xəlilin qızı!

Xara tuman, mintənəsi qırmızı!

 

Danziklilərlə söhbətdən Süleymanın Qaraqayalı olduğunu yəqinləşdirdim. 1985-ci ilin bir yay günü İliç rayon Mədəniyyət Evinin müdiri Qivami Baxşəliyevin «jiquli»sində Naxçıvan Vilayət Partiya Komitəsi Siyasi Maarif Evinin məsləhətçisi, folklor həvəskarı Yusif İmranovla, yol aldıq Sədərəyə. Vaqif müəllimi də götürüb dağlar qoynunda yerləşən Qaraqayaya üz tutduq. Kərki (17) kəndinin yanından keçəndə Vaqif müəllim hay-harayla Qiva-midən maşını saxlamağı xahiş etdi:

– Vidadi müəllim yolun qırağında durmuşdu. Şənbə günüdü, yəqin evlərinə gedir. Maşın gözləyir. Tez geri dönüb onu da götürək! – dedi.

Deyəsən, Allah işimizi rast salmışdı. Qaraqayada doğulan Vida-dinin təyinatını Naxçıvanda Pedaqoji İnstitutunu bitirəndə Kərkiyə veriblər. Orda müəllim işləyir, istirahət və bayram günlərində kən-də – ata-anasının yanına gedir. Biz də 50-100 metr arxaya dönüb onu da maşına aldıq. Bizim yanından keçib, bir də geri dönməyi-miz onu təəccübləndirmişdi.

Bir zamanlar Süleymanın at oynatdığı, meydan suladığı yerlər-dən – Yelpin, Civə, Arpa, Ələyəz, Qovuşuq, Gülüdüz və b. kənd-lərdən keçib üç saat sonra Qaraqayaya çatdıq. Vidadi müəllimgildə bir az dincimizi alıb çörək yeyəndən sonra axşamüstü kənd içinə çıxdıq. Qaçaq Süleymanla maraqlanmağımız bu kiçik dağ kəndinə səs saldı. Bizim harayasa getməyimizə, kimisə gör-məyimizə ehtiyac qalmadı. Süleyman haqqında bilgisi olanlar bizi görməyə gəldilər.

Qaraqayalı 67 yaşlı Mərcan Rzayevanın dediklərindən:

– Bir anam vardı. Şair idi, şair. Toya da aparırdılar, yasa da. Anam oturub-durub Süleymannan danışardı. Süleymanın dədəsi Məmməd Qaraqayalı, anası Göhər qonşu kənddən-Ayısə-sinnəniydi. Onnarın 7 oğlu, 4 qızı olub. Süleymanı kiçik yaşlarında maması (atasının bacısı) Hürzadın qızı Səadətlə nişanlayıblar.         Allah baisin evini yıxsın. Sonralar nə olursa, bu iki ailənin ara-sında bir soyuqluq olur. Səadəti dədəsi Qasım qızını xəlvəti Qara-bağlı bir tacirə ərə verir. Özü də «Süleyman qızımı qaçırıb» deyə hay-haray salır.

Yalan ayaq tutar, yeriməz, deyiblər. İşin üstü açılır. Süleyman Qasımı öldürmək istiyir. Ağsaqqal-qarasaqqal yığılır. Deyillər: «Qasım bir səhvdir eləyib, qanmayıb. Buna görə iki nəsil arasında qan düşmənçiliyi salmaq olmaz. Biri dəli  olanda, biri ağıllı olar». Qasımın qardaşı qlava Hasan deyir: «Altı qızım var. Süleyman hansını istiyir, onu alsın. Təki nəsillərimiz arasında qan düşmənçiliyi salmasın».

Süleyman ağsaqqal-qarasaqqal sözünü eşidir. Sakitləşir. Deyir: «Hər şeyə dözəcəm, hər şeyi bağışlayacam. Amma kimsə bunu mə-nim başıma qaxsa, Qasımı da, oğlanlarını da öldürəcəm».

 Heç aradan bir il keçmir. Süleyman erkək otarırmış. Başı qar-ışır. Erkəklər* Fatma qarının noxud zəmisinə dolur. Fatma qarı da, nə  Fatma qarı! Açır ağzını, yumur gözünü: – Nişannısını saxlaya bilməyən qurumsaq, məni sahibsizmi görübsən?! Noxudumu ota-rırsan?! – deyir. Süleyman Fatma qarının təhqir və söyüşündən can qurtarmaq üçün qaçıb evə girir. Başına yaylıq bağlayır. Deyir: «Mənə daha papaq gəzdirmək yaraşmaz».

Yenə ağsaqqal-qarasaqqal yığılır. Çox nəsihət edir, dəlil gəti-rirlər. Süleyman sakitləşmir ki, sakitləşmir.

Qaraqayalı 84 yaşlı Ələkbər Məşədi Ələsgər oğlu Məmmədovun söylədiyinə görə, Süleyman var-dövlətini satıb, baş götürüb kənddən gedir. Bir il nə öldüsündən, nə qaldısından xəbər çıxır.Bir gecə Süleyman, yanında da bir yoldaşı ilə kəndə gəlir. Məqsədləri Qasımı öldürmək olur. Gecə Qasımın evinin üstünə çı-xıllar. Bacadan baxıb, içəridə kim olduğunu öyrənmək istiyillər. Hürzad evin içində gəzinirmiş. Yoldaşı tüfəngi üzünə götürür, istiyir onu vursun. Süleyman qoymur. Deyir: «Uşaqlıqda dizinə çox baş qoyub, laylasına qulaq asmışam. Bir də deyərlər, Süley-manın zoru kişiyə çatmadı, arvad öldürdü».

Gecəynən Qasımı axtarıllar. Gülüdüz  kəndinin  üstündə taxıl zəmisini   

 ------------------------

* Ətlik üçün burulmuş və ya axtalanmış erkək davarlara deyilir.

suvaran yerdə tapıllar. Yoldaşı Qasımı vurmaq istəyəndə Süleyman qoymur. Deyir: «Arxadan vursaq, kişilik olmaz. Üzbəüz gəlsək də bizi tanıyıb qaçacaq. Öldürə bilməyəcəyik. Bir də qız onundu. Kimə istəsə verə bilər. Buna görə də onu öldürməyə haqqımız yoxdu».

Çox ölçüb-biçdikdən sonra Qasımı hirsləndirməyi qərara alıllar. Gəlib arxı uçurub yaxınlıqda gizlənillər. Qasım gəlib çətinliklə arxı düzəldib zəmini suvarmağa gedir. Onnar arxı bir də uçurullar. Qa-sım gəlib bir də düzəldib gedir. Üçüncü dəfə su kəsiləndə Qasım bunun qəsdən edildiyini annıyır. Amma Süleymanın qayıtması ağ-lına gəlmir. Söyüş söyə-söyə arxın uçan yerini düzəltməyə gəlir. Onda Süleyman deyir: «İndi vaxt gəldi. Ana-bacımızı söyəni öldür-məyə haqlıyıq». Gizdəndiyi yerdən çıxıb Qasımı vurur. Hürzadın Süleymana tikdiyi arxalığı və beş patronu da Qasımın meyidinin yanında qoyub dağlara çəkilirlər. Sabah Qasımın meyidini tapıllar. Nişanələrdən Süleymanın gəldiyini bilillər.

 Bu gün də Gülüdüzün üstündəki dərəyə Qasımölən deyillər. Bunnan başqa kəndimizin yaylağında Süleymanın adıyla bağlı yer-lər var. Qızılqayada Süleyman səngəri, Süleyman kahısı var. Bun-nar qaçaq Süleymanın adıyla bağlıdır.

Bununla da balaca bir kənddə iki nəsil arasında qan düşmən-çiliyi başdıyır. Süleyman da qaçaq düşür.

45 yaşlı Ağakərim Əhmədovun söylədiyinə görə, Süleyman Qarabağa gedir. Dilənçi paltarında Səadətgilə gedib pay istəyir. Sə-adət gözlərindən Süleymanı tanıyır. Ərini öldürəcəklərindən qorx-ub      hay-haray salır. Nə qədər eləyillər, Süleymanı tapa bilmillər. O qaçıb aradan çıxır. Süleyman Qarabağlıların sürülərini yaylağa buraxmır. Qaçaqlığı dövründə Süleyman 72 adam öldürür. Çox cəld və çevik imiş. Gülləsindən kimsə yayına bilməzmiş. Quşu gö-zündən vurarmış. Rus qoşununu bu dağlarda çox pərən-pərən salıb.

Ona görə də aşıq Süleymanı:

 

Çıxarıf çəhmeyi, geyifdi məsi,

Ordu pozur, top dağıdır gülləsi,

Deyillər tayı yoxdu, Süleymanın

Belində patronu çoxdu, Süleymanın. – deyə təriflərmiş.

 

– Süleymanın sevgilisi Səadətdirsə, niyə ona şer qoşmayıb? Yəni qəhrəmanın dilindən niyə sevgilisinə deyil, Kəlbə Xəlilin qızlarına, Qaragözə şer qoşulub? – sualımıza Mərcan Rzayeva anası Xanımdan eşitdikləri əsasında belə  cavab verdi:

 – Qaragöz ad deyil, bənzətmədi. Kəlbə Xəlilin qızdarı Zəhra, Sona və Xanım çox qoçaq imişlər. Nə hökumətdən qorxullarmış, nə də Süleymanın düşmənnərinnən. Süleymanın öldürdüyü Qasım qlava Hasanın qardaşı olsa da, Kəlbə Xəlilin qızdarı həmişə gizlicə çörək, patron aparar, vəziyyətdən onu halı eliyərmişlər. Ona görə də Süleyman onnarı çox istəyirmiş. İslam aləmində qadının adının çəkilməsi qəbahət sayıldığından Süleyman onnarı Kəlbə Xəlilin qızdarı deyə tərif edib. Bu qızdarın anası Tükəz Süleymanın doğmaca əmisi qızıymış. Kəblə Xəlilin qızlarına qoşulmuş mahnı dillər əzbəriydi. Təkcə Dərələyəzdə deyil, Şərurda, Naxçıvanda da toylarda oxunardı. Onnardan yadımda qalan bunnardı:

 

Ələyəzin (18) üstü xaş-xaş,

Xaş-xaşı biçərlər yaş-yaş,

Bir cüt məmən mənə peşkəş,

Çəpgəni xal-xal Qaragöz,

Məməndə var bal, Qaragöz.

 

Ələyəzin cəvizdəri,

Kəlbə Xəlilin qızdarı,

Yarımın ala gözdəri,

Çəpgəni xal-xal Qaragöz,

Məməndə var bal, Qaragöz.

 

Ələyəzdə sonam təkdi,

Əhməd yanında köpəkdi,

Süleyman kəsən ipəkdi,

Çəpgəni xal-xal Qaragöz,

Məməndə var bal, Qaragöz.

 

Qaçaq Süleymana aid edilən

 

Naz-naz eylə, Kəlbə Xəlilin qızı,

Xara tuman, mintənəsi qırmızı,–

 

sözləri yalnız Şərur-Dərələyəzdə deyil, İrəvan, Naxçıvan bölgə-sində də məşhur olub. Onu azacıq dəyişməklə müxtəlif bölgələrdə, dəyişik şəkildə oxuyublar. Dediklərimizə Rafiq Babayevin toplayıb çap (19) etdirdiyi «Səmədin qızı» şerində aşağıdakı beyti nümunə olaraq göstərə bilərik:

 

Adı Sura, yanaqları qırmızı.

Naz-naz eylər, gəlməz Səmədin qızı.

 

Mərcan Rzayeva onu da söylədi ki, Göhər kişi kimi qadınmış, yanında silah gəzdirərmiş. Dəfələrlə İrəvana gedib naçalniknən, qubernatnan danışıb. Elə olub ki, həbs olunmuş oğlanlarını həbs-dən, Sibir sürgünündən azad etdirib. Onun düşmənlərinin qarşısına silahla çıxmasına, İrəvana getməsinə də şerlər qoşulubmuş. Göhə-rin dediyi bir neçə bayatı Mərcan Rzayevanın yadında qalmışdı. Onlar aşağıdakılardır:

İrəvanın uşaxları,

Kətannan qurşaxları,

Təndirə düşüf yansın,

Səvəvin uşaxları.

 

Sinəmi büryan eylərəm,

Didəmi giryan eylərəm,

Daha cannan usanmışam,

Qoysalar qurvan eylərəm.

 

Süleymanın döyüşlərindən, çar əsgər və zabitlərini üç-dörd qa-çaq yoldaşı ilə darmadağın etdiyindən, jandarma və polisi dəfələrlə pərən-pərən saldığından da danışdılar.

Süleymanın şəxsi intiqam hissi ilə başladığı mübarizə getdikcə ictimailəşirmiş. Birinci Dünya Savaşı illərində Rus orduları Kars-Ərzurum ətrafında cəmləşibmiş. Döyüşən orduya ərzaq, hərbi sursat daşımaq üçün at, araba səfərbərliyə alınırmış. Camaat bundan narazı qalsa da hökumətin qorxusundan könülsüz də olsa, əmri yerinə yetirirmiş. Süleyman cəbhəyə kömək edənləri cəza-landırır, hədələyir, yük aparan karvanlara basqınlar təşkil edirmiş. Osmanlı orduları ilə döyüşən rus ordularının arxasında belə təx-ribatçı qüvvələrin olması hökuməti bərk narahat edir. Bir tərəfdən hökumət dağlara — qaçaqların arxasınca silahlı dəstələr göndərir, o biri tərəfdən də qaçaqları öz içərisindən parçalayıb dağıtmaq üçün gizli casuslardan istifadə edirmiş. Qaçaqlarla yaxınlıq edən adamları aşkarlayıb ələ alırmış.

Süleymanın da başına belə bir iş gəlir. Çivəli dəllək Səfəralı neçə illərmiş Süleymanın saçını-saqqalını qırxırmış. Süleyman da ona çox inanırmış. Süleyman gəlir Danzikin yaxınlığındakı Zərdə dərəyə və milliyyətcə erməni olan dəllək Səfəralıya sifariş göndərir. O da gəlir. Süleyman Qızılqışlağın (20) ağası Arpakəndli (21) Teto-vosu da özü ilə gətiribmiş. Tetovos at, araba, ərzaq toplayıb rus ordusuna göndərirmiş. Süleyman ona neçə dəfə xəbər göndərib, bu işdən əl çəkməyi tapşırıb. Amma Tetovos çar Nikolaydan orden al-maq, hökumət yanında nüfuzunu artırmaq üçün daha da fəallaş-ırmış. Süleyman yolda ona rast gələndə əl-qolunu bağlayıb gətiribmiş ki, cəzalandırsın.

Süleyman saçını-saqqalını qırxdıranda yorğun olduğundan yuxu onu tutur. Bundan istifadə edən Səfəralı Tetovosun əl-qolunu açır. Birləşib Süleymanı öldürürlər. Xəbər öncə Süleymanın düşmən-lərinə çatır. Onlardan Hacı Namazallı Qara (Qovuşuqlu) (22) gedib Süleymanın cənazəsini öz gözü ilə görür. Qamçısını da qanına bə-ləyir. Sonra da Süleymanın qohumlarına «Gedin itinizin leşini sürüyüb bir çuxura atın. Qoxuyub ordan keçənnərin ürəyini bulandırır!» sifarişini göndərir. Bu söz Süleymanın adamlarına ya-man toxunur. Öncə gedib Qaranı öldürür, sonra meyidi aparıb el adətilə dəfn edirlər.

Deyirlər, Hacı Namazallı Qaranın yasında qardaşı arvadı Niyar belə oxuyurmuş:

Həyatdarın, həyatdarın,

Tövlədə bədoy atdarın,

Xanım-xatın arvatdarın,

Balqonuynan kimə qaldı?!

Hay dizdərin, hay dizdərin,

Çuxura endi gözdərin,

Zər-ziba geyən qızdarın,

Balqonuynan kimə qaldı?!

 

Süleymanın qardaşı Məşədi Ələsgərin oğlu Ələkbərə görə, qaraqayalı Məmmədin ayısəsili Göhərlə olan izdivacından olan övladlar bunlardı: qızları Almaz, Ballı, Nərgizxatun, Vəsmiyyə, oğlanları Əmiraslan, İbrahim, Abdüləzim, Abdülkərim, Məşədi Ələsgər, Həşim, Süleyman.

Kinişik (23) kəndindən milliyyətcə erməni olan Yeranus da Süleymana gizlincə kömək edirmiş.

Süleymanın qaçaq yoldaşları sırasında aşağıdakı adlar sadalanır: qardaşları Abdüləzim, Əmiraslan, dayısı oğlu Əli, xalası oğlu Pəsərək (bir rəvayətə görə, o Tiflis tərəfinin türklərindən imiş), Saraşdı Budaq, Bəşki kürdlərindən Həso, Paşa və başqaları. Bu qaçaqlardan Budağın, Həsonun ölümündə bir yəqinlik vardı. Paşaya isə Türkiyədə zəhər verib öldürdüklərini söyləyirdilər.

Süleyman öldükdən sonra onun dəstəsi də başsız qaldığından hökumət az vaxtda onları həbs edib, ya da öldürtdürüb.

Süleyman haqqında rəvayət və şerlər arasında dağlara həsr edilmiş bir bənd şer də var. Şer belədi:

 

Bir adın Məzədi, (24) bir adın Qonqar, (25)

Alıfdı köksünü çiskin, duman, qar.

Uçufdu tərlanım, çox görünür sar,

Boş qalıf sonalı göllərin, dağlar.

 

Bu şer parçaları onu göstərir ki, Qaçaq Süleyman haqqında zəif də olsa, bir dastan varmış. Bu dastanın yaradıcılarından biri, bəlkə də elə birincisi şahablı Aşıq Cəlil imiş.

Qaçaq Süleymandan söz açanların tez-tez təkrarladıqları bir deyim də yaddaşıma hopub:

Az qaçaqlıq elədi,

Çox qoçaqlıq elədi!

15.  VI. 1986.

Qaynaqlar və notlar

1.Naxçıvan Muxtar Respublikasında kənd. 1989-cu ildən rayon mərkəzinə çevrilib.

2.Məmmdov Vaqif Cəfər oğlu. 1950-ci ildə Noraşen rayonunun (indiki Şərur) Sədərək kəndində doğulub. Naxçıvan Dövlət Pedoqoji Universitetini bitirib.

3.Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, Bakı, 1980, 9-cu cild. s.98,

4.Tarixən Şərur-Dərələyəz bütöv bir bölgə kimi idarə edilmişdi. Çünki Şərurdan qışlaq və əkin sahəsi kimi. Dərələyəzdən yaylaq kimi istifadə edilib. 1828-ci ildə Rusiya Azərbaycanı işğal edəndə də bu bölgünü pozmadı. 1921-ci ildə Dərələyəz Ermənistan Respubliasına verildi. Bu yerlərin adı dəyiş-dirilsə də, yeni inzibati mərkəz yaradılsa da, xalq həmişə Dərələyəz dedi. 20-ci yüzilin əvvəlindən başlayaraq bu yerlərdən müsəlmanlar zaman-zaman sıxışdırılıb çıxarıldı. Son kütləvi köçürmə isə 1988-ci ildə oldu.

5.Şərur rayonunda kənd.

6.Şərur rayonunda kənd. 1970-ci illərdə Doğu Arpaçay üzərində baraj tikildiyindən çay sahilindəki kənd köçürüldü.

7. Şərur rayonunda kənd.

8. Şərur rayonundakı bu adsız qəsəbəyə 1990-cı ilin yanvarında Sədərək yaxınlığında ermənilərin basqınının qarşısını alarkən şəhid olmuş Məmmədin adını verdilər.

9. Göyçə dağlarında, Dərələyəz bölgəsində yayla adıdır.

10. Göyçə dağlarında, Dərələyəz bölgəsində bulaq adıdır.

11. Arazın sol sahilində, Dilucu yaxınlığında Şərur rayonu ərazisində kənd. 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır.

12. Şərur rayonunda kənd.

13. 1976-cı ili nəzərdə tutur. Naciyə 1913-cü ildə doğulub.

14. Kənd 1918-ci ildə erməni quldurları tərəfindən dağıdılıb.

15. Aşıq Həmid Məmmədbağır oğlu Ağamalıyev 1925-ci ildə Əzizbəyov rayonunun Kotam kəndində (indiki Ermənimtsan Respublikası) doğulub. 4 noyabr 1986-cı ildə Şərur rayonunun Yenikənd kəndində vəfat edib.

16. Şərur rayonunda kənd.

17. Naxçıvanın batısında kənd. 1990-cı ilin yanvarın 17-də Rus Sovet qoşunlarının köməyi ilə erməni silahlı dəstələri kəndi işğal etdi.

18. Dağ adıdır İndiki Ermənistan Respublikasındadır.

19. Babayev Rafiq. Səmədin qızı. «Yeni ordubad» qəzeti və «Qobustan» dərgisi.

20, 21, 22, 23. Dərələyəzdə kənd adları İndiki Ermənistan Respublikasındadır.

24, 25. Göyçə dağ silsiləsində zirvə adı.


QORXMAZAM, MƏN OLDUM

ELİMDƏN QAÇAQ

 

«Azərbaycan» jurnalının 1970-ci il 8-ci nömrəsində yazıçı, araşdırıcı Əzizə Cəfərzadənin çap etdirdiyi «Aşıq şe’ri tərzində ictimai motivlər» (1) məqaləsi sanki Naxçıvanda yatmış hissləri oyatdı. Çayxanalarda, xeyir-şər məclislərində Qorxmazın adı tez-tez çəkilməyə, xatirələr dilə gəlməyə başladı. Əzizə xanım yazır: «Naxçıvanın Sədərək kəndində qaçaq olmuş Qorxmazın adı ilə bağlı şerlər diqqəti cəlb edir. Bu yoxsul kəndli eyni zamanda öz sevgili arvadı Tellini də (Nəbinin Həcəri kimi) yanına alıb dağlara çıxmalı ol-muşdur. Onu da elindən, günündən, qohum-qardaşlarından ayrı sa-lmışdılar. Qorxmazın adı ilə bağlı olan şerlərdə dərin bir kədər, həzin bir sızıltı var:

 

Bir gün çıxdım Sədərəyin düzünə,

Qarşı durdum mən düşmənin yüzünə,

Güllə dəysin müxənnətin gözünə,

- Ağla Tellim, ayrılırsan elindən,

Tasma kəmər asılıbdır belindən.

 

Mən sığındım Sədərəyin daşına,

Səni alıb qaşdım dağın başına,

Axır həsrət qaldım yar-yoldaşıma,

Ağla Tellim, ayrılırsan elindən,

Tasma kəmər asılıbdır belindən.» (2)

 

Sədərəkli gənc şair Vaqif Məmmədov əlavə bilgi almaq ümidilə Əzizə Cəfərzadəyə müraciət edir. Əzizə xanım isə cavab mək-tubunda Qorxmaz haqqında əlavə bilgisi olmadığını və yalnız şeri aldığı qaynağı göstərməklə kifayətlənir.

Qəzetçilər daha çevik olurlar. Çingiz Nağıyev və İslam Əliyev Qorxmazı tanıya biləcək adamlarla görüşür, xatirələri toplayır və geniş məqalə yazırlar. Bu məqalə İliç rayonunda çıxan «İşıqlı yol» qəzetinin 1970-ci il, 4 dekabr №112 (586)–cı sayında 3-cü və 4-cü səhifələrdə «Qaçaq Qorxmaz» (3) başlığı ilə, həmin məqalənin bir az redaktə və ixtisar edilmiş variantı isə «Şərq qapısı» qəzetinin 1970-ci il, 25 dekabr, №296 (9696) sayında 4-cü səhifədə «Qaçaq Qorxmaz kimdir?»  (4) başlığı altında çap olunur.

Mənimsə Naxçıvanda gedən bu işlərdən xəbərim yoxuydu. Ba-kıda Universitetin jurnalistika fakültəsində oxuyurdum. Əzizə Cə-fərzadənin məqaləsi də diqqətimi o qədər çəkməmişdi. Son kursda oxuyanda təyinatımı Naxçıvana verəcəklərini bildim. Odur ki, kö-hnə qəzet və jurnallarda, kitablarda Naxçıvanla bağlı diqqətimi çə-kən yazılardan, faktlardan özüm üçün qeydlər götürür, gələcəkdə görə biləcəyim işləri planlaşdırırdım. Bu qeydlər sırasında Hümmət Əlizadənin tərtib etdiyi iki cildlik «Aşıqlar» kitabındakı (5) «Sədə-rəkli Qorxmaz» şeri və Əzizə Cəfərzadənin «Aşıq şe’ri tərzində ictimai motivlər» məqaləsi də vardı.

1973-cü ilin payızında «Şərq qapısı» qəzetində işə başladığım ilk günlərdə Qorxmazla maraqlandıqda iş yoldaşlarım qəzetimizdə «Qaçaq Qorxmaz kimdir?» başlıqlı məqalə çap olunduğunu söylədilər.

Bu xəbər mövzuya marağımı söndürmədi. Əksinə, qəzetin ötən illərdəki saylarını səhifələyib məqaləni tapdım. Çingiz Nağıyev və İslam Əliyev də şerdəki Sədərək sözünə görə ilk axtarışa oradan başlayıblar. Yaşı yüzü keçmiş Həbib baba və b. ilə görüşüblər. Topladıqları məlumatları aşağıdakı şəkildə qələmə alıblar:

«–Qorxmaz elə bir igid idi ki, gördüyünüz dağlara onun qorxusundan quş da səkə bilməzdi. O, illərlə bu dağlarda yaşadı, ka-sıblara əl tutdu, varlılara qan uddurdu. Ayrı-ayrı yerlərdən Naxçıvana, Ordubada, Şərura və Dərələyəzə gəlib keçən xan, bəy və tacir karvanlarının qabağını kəsir, əldə etdiyi qəniməti yaxınlıqdakı Azərbaycan və erməni kəndlərinin yoxsullarına, məzlumlarına paylayırdı. Yadıma gələni azı on dəfə Şərur pristavı onun üstünə atlı kazaklar göndərdi. Hər dəfə Qorxmaz qalib gəldi, ələ keçmədi. Az müddətdə bu igid qaçaq özünə yaxşı dostlar tapmışdı. Sədərəkli Keçəl Rəsul, Məşədi və Qara onun sınanmış silahdaşları idilər.

– Həbib dayı, bəs Qorxmaz nə üçün qaçaq olmuş, Tellini də götürüb dağlara çəkilmişdi?

– Daha dürüstünü bilmək istəsəniz, Kərimbəyliyə (6) gedin, orada dünyagörmüş qocalar çoxdur, tapın, onlarla söhbət edin.

Kərimbəylidə bizə 112 yaşlı İsa Şəfiyevi nişan verdilər. Bu qoca ilə söhbətimiz müqəddiməsiz başladı:

– Sizin kənddə Qorxmaz adlı adam olubmu?

– Qaçaq Qorxmazı deyirsiniz, Almazoğlunu?

– Bəli.

– Necə ki olmayıb, ay oğul. Heç Qorxmazı da unutmaq olar? Doğrudan da Qorxmaz  idi. Heyf ki, namərdlər onu didərgin saldılar.

– Axı nəyə görə?

– Bu, uzun söhbətdi, bala. İndi ki, maraqlanırsınız, qısa da olsa danışaram. Qorxmaz  ortaboylu, sağlambədənli bir gənc idi. Toylarda onun kürəyini yerə vuran, qolunu qatlayan olmazdı. Amma kasıb idi. Bu cavan həm də bir az dikbaş, heç kimin qarşısında əyilməyən idi. Qorxmaz Telli adlı bir qızla sevişir. Bundan xəbər tutan qızın qohumları Qorxmazın kasıb olduğunu nəzərə alıb Tellini əlüstü əmisi oğluna nişanlayır və Qorxmaza xəbər göndərirlər ki, əgər bu tərəflərdə görünsə, onu öldürəcəklər. Bu hadisə Qorxmaza pis təsir göstərir. O, Telliyə sifariş göndərir ki, əgər mənimlə ge-tmək istəyirsənsə, gecə səni də götürüb kənddən çıxacağam. Bu xəbərdən hədsiz dərəcədə sevinən Telli razılıq verir. Qorxmaz ata minib kənd çayxanasının qarşısına gəlir. Qızın adamları onun üstünə tökülürlər. Elə camaatın gözü qabağındaca kəndin varlılarından Əzizi və Kəlbə Rəsulun oğlunu güllə ilə vurub atı Telligilin qapı-sına sürür. Demə Telli də atasının atlarından birini yəhərləyib Qorxmazı gözləyirmiş. Həmin gecədən bu iki gənc kəndi tərk edib Sədərək dağlarına çəkilirlər. Qorxmazın qızı Əfruz hazırda rayo-numuzun Mahmudkənd (7) kəndində yaşayır. Atasının son günləri haqqında o, yəqin ki, sizə müfəssəl məlumat verər. Bir onunla da görüşün.

Əfruz xalanı Çomaxtur (8) kəndində qızıgildə tapdıq. Üz-gözündən, necə deyərlər, nur tökülən bu ağbirçək qadın atasını yaxşı xatırlamır: – O, vəfat edəndə mənim 6-7 yaşım var idi, – deyir. Danışırlar ki, atam xəstə olarkən anamı və məni Kərimbəyliyə gətirib qoymuş və gecə o taya qayıtmışdır. Məni əmimgil böyüt-dülər. Ata nəvazişi, ana qayğısı görmədim. Amma onların haq-qında mənə o qədər danışıblar ki...

Bir gün atam Qızıldaşda (9) ov edirmiş. Uzaqdan bir dəstə atlının ona tərəf gəldiyini görüb iri bir qayanın dalına yatır. Onun gizlənməsindən şübhələnən atlılar qayanın hər tərəfini mühasirəyə alır və atama oradan çıxmasını əmr edirlər. Dalbadal atılan güllə-lərdən sonra kazaklardan bir neçəsi yerə sərilir. Atamın gizləndiyi qayaya güllə dolu kimi yağır. Bir neçə yerdən ağır yaralanmış ata-mın gülləsi qurtarır. Onun qollarını bağlayır, Keşişkəndə (10) gətirirlər. Bundan xəbər tutan anam iki gündən sonra qaçaqlardan bir neçəsini də götürüb gecə ilə Keşişkəndə gəlir. Anamgil gecə həbs-xanaya basqın edib iki gözətçini öldürür, atamı da götürüb Sədərək dağlarına çəkilirlər. Daha bu yerlərdə yaşaya bilməyəcəklərini başa düşür, yoldaşları ilə birlikdə İrana keçirlər.

Hər dəfə atamdan xəbər gətirənlər başımı tumarlayıb: – Qızım, atan deyirdi ki, darıxmasın, tezliklə gələcəyəm, – deyə mənə təsəlli verirdilər. Lakin gəlmədi. Bir gün eşitdik ki, atam İranın Yovşanlı (11) kəndində acanlarla vuruşarkən həlak olmuşdur.» (12)

Məqalədə oxuduqlarımı uğurlu axtarış kimi təqdir etsəm də, ümumilikdə məni qane etmədi. Müəlliflərlə görüşdüm. «İşıqlı yol» qəzetində çap etdirdikləri ilə «Şərq qapısı»nda çap olunanların məzmunca fərqləndiyini bildirdim. Çingiz Nağıyev Qorxmazın ölümü ilə bağlı fakta belə aydınlıq gətirdi: Biz «İşıqlı yol»da Əf-ruzdan eşitdiyimiz kimi «...İranın Yovşanlı kəndində vəfat etmişdir» yazmışdıq. «Şərq qapısı»nda yazını çapa hazırlayarkən kimsə onu siyasiləşdirmək məqsədilə «acanlarla* vuruşarkən həlak olmuşdur» şəklində redaktə etmişdi. Biz də bir söz deyə bilmədik. Desək də əhəmiyyəti olmayacaqdı. Nə düzəliş verəcəkdilər, nə də... Ortada başağrısı qalacaqdı bizə.

Məqalə müəlliflərinin diqqətini aşağıdakı bəndlərə cəlb etdim (Ə.Cəfərzadə şerin yalnız birinci və ikinci bəndlərini nümunə kimi verib -Ə.Ş.):

   Dalımca yeridi pristav, kazak,

Yoxdu bir kimsəmiz ərizə yazaq,
Qohumdan, qardaşdan biz düşdük uzaq,   
                                  
 --------------------

* Həmin zamanda İranda polis vəzifəsi.

 

Ağla Tellim, ayrılırsan elindən.

Tasma kəmər asılıbdır belindən.

 

Vermədi haqqımı İbrahim ağa,

Divanda üz gördü Aleksan dığa,

Çəkdilər sinəmi düyünlü dağa,

Ağla Tellim, ayrılırsan elindən.

Tasma kəmər asılıbdır belindən.

 

Qorxmazam, mən oldum elimdən qaçaq,

Gəlməyib dünyaya mən təki qoçaq,
Yan yerdə yatıram düşmüşəm naçaq,

Ağla Tellim, ayrılırsan elindən.

Tasma kəmər asılıbdır belindən.

 

Şerdən aydın görünür ki, Qorxmazın narazılığına səbəb İbrahim ağanın ona qarşı haqsızlığı və divanda Aleksan dığanın üzgörənlik etməsidir.

«Qorxmazın qaçaq düşməsinin səbəbini, bəlkə, qız götürüb qaçmada deyil, ictimai məzmunlu bir məsələdə arayaq», – dedim.

Bildirdilər ki, şerin tam mətni əllərində olmadığından görüşdükləri qocalara bu mövzuda sual verməyiblər. Onlardan nə eşi-diblər onu da yazıblar.

Mən yenidən axtarışa başlayanda artıq məqalədə adları çəkilənlər həyatda yox idilər, dünyalarını dəyişmişdilər. Mən də ardıcıl axtarış apara bilmirdim. İşimlə bağlı yolum Şərura düşəndən-düşənə görüşdüyüm adamlardan Qaçaq Qorxmazı xəbər alır, topladığım informasiyaları dəftərimə köçürürdüm.

1977-84-cü illərdə Qorxmazın nəvəsi Tərlan Paşa qızı Quliyeva ilə görüşdüm. Mahmudkənddə doğulan Tərlan Çomaxdurlu Hey-dərə ərə gəlib. Anası Əfruz da ömrünün son günlərini qızının yanında keçirib. Yaşı 40-ı keçmiş Tərlan Paşa qızı ali təhsil almasa da, geniş biliyə malik idi. Babası ilə bağlı məqalənin hazır-lanmasından söz düşəndə dedi:

– Qəzetçilər gəlib anamı tapanda yazıq arvad bərk qorxdu. Bilmədi necə cavab versin. Qorxması da səbəbsiz deyildi. Gözü qarşısında nə qədər yaxın adamını öldürmüşdülər. Qardaşı Vəlini    12-13 yaşı olanda Arazda çimərkən güllə ilə vurub öldürüblər. Qan davası uzun illər nəsli qırıb tükədib.

Babamgil Kəsəmənli tayfasınnandı. Arazın qırağında Kəsəmən adlı kəndləri də varmış. Çay daşıb kəndi su basdığına görə onları köçürdürlər. Kərimbəyliyə bitişik bir məhəllə saldılar. Oraya indi də Kəsəmənnilər deyillər. Çətin qaynayıb-qarışan tayfaydı. Çoxu da     20-30-cu illərdə Arazı o taya keçib İranda, Türkiyədə yaşayır.

– Tərlan xanım, babanızın qaçaq düşməsinə, sizcə, səbəb nə olub?

– Mən bilən, babam bir neçə dəfə qaçaqlıq edib. Əvvəl adam öldürdüyünə, qız qaçırdığına görə. Ağsaqqal, qarasaqqal yığışıb bu işə əncam çəkir, araya barışıq qoyurlar. Sonralar da kürd İbrahim ağanın sürüsünü otarırmış. Muzd üstündə sözləri çəpləşir. Divana düşürlər. Divan ağanın tərəfini saxlayır. Belədə qalır məsələni ölüb-öldürməklə həll etməyə. Babam yenidən qaçaq düşür.

Babamın bir qardaşı, iki bacısı varmış. Bacılarının birinin adı Telli, o birinin adı Ballı imiş. Ballının iki qızı – Sona, Şamama, səhv etmirəmsə, sağdılar. Qan düşmənçiliyinin oyanacağından qorxmasalar, bəlkə də bir şey deyələr.

Tərlan xanımın məsləhətindən sonra Kərimbəylidə Kəsəmənlilər məhəlləsinə yollandıq. Çox təəssüf ki, heç bir şey öyrənə bilmədik. İllər keçsə də, qorxu hissi insanları tərk etməmişdi.

Aşağı Daşarx kəndində müəllim işləyən Vaqif Məmmədov kən-dlisi Qəhrəman Qəhramanovdan eşidib qələmə aldığı bir deyişməni də mənə verdi. Vaqif müəllim güman edirdi ki, bu deyişmə Qorxmazla Telli arasında olub:

Oğlan:

Dolaydan gedənin yolu olaydım,

Bilbilli bağçanın gülü olaydım,

Sən cürə xanımın qulu olaydım,

Telli gəlin, qonaq deyin al məni.

 

Qız:

Dolaydan gedənə yol əskik deyil,

Bilbilli bağçamdan gül əskik deyil,

Mən cürə xanıma qul əskik deyil,

Yeri, oğlan, burda qonaq əylənməz.

 

Oğlan:

Qızıl üzük yerdə qalsa, çürüməz,

Gözəl olan heç üzünü bürüməz,

Quruyar qədəmim indi yeriməz,

Telli gəlin, qonaq deyin al məni.

 

Qız:

Qızıl üzük yerdə qalsa, çürüyər,

Gözəl olan hey üzünü bürüyər,

Qurumaz qədəmin indi yeriyər,

Yeri, oğlan, burda qonaq əylənməz.

 

Oğlan:

Dəvəmi tapşırdım yolda sarvana,

Lənət gəlsin o Yezidə, Fərmana,

Gün də batır yetişmənəm karvana,

Telli gəlin, qonaq deyin al məni.

 

Qız:

Dəvəni tapşırma yolda sarvana,

Lənət gəlməz o Yezidə, Fərmana

Gün də çoxdu yetişərsən karvana,

Yeri, oğlan, burda qonaq əylənməz.

 

Sədərəkdə, Mahmudkənddə, Kərimbəylidə, Çərçiboğanda (13) və b. kəndlərdə neçə-neçə insanla görüşsəm də, yenə ən etibarlı və geniş bilgi sahibi Tərlan Quliyevanı gördüm. O da xeyirdə-şərdə, uzaq-yaxın qohumlarından babası haqqında xatirələri toplayırdı.

Tərlan xanıma və Qorxmazın bacısı qızı Sonaya görə, Qorxmaz Yovşanlı kəndində ölməyib. 1919-20-ci illərin erməni-müsəlman davasında şərurluların, vedililərin hamısı kimi Arazın o tayına-İrana keçsə də, sonra geri qayıdıb. Axaməddə (14) Qəribovların mülkünü alıb. 1922-ci ilin yayında Axaməddə 50-55 yaşlarında ölüb. Orada da dəfn edilib.

Tərlan xanıma: – Babanızın dilindən deyilmiş şerləri kim qoşmuş olar? – deyə xəbər aldıqda Tərlan xanım Həvva Tağı qızının yaddaşında ilişib qalmış bir bənd dedi. Bu bənd də sanki yuxarıdakı deyişmədən qopub:

 

Dəvəmi yüklədim, iz verdim dağa,

Buludlar qarışdı, qorxuram yağa,

Dəvəmin başıdı Məhəmməd ağa,

Telli gəlin, qonaq deyib al məni.

 

Tərlan xanım sözünə belə davam elədi: kəsəmənlilərin hamısı şair təbiətlidir. Anamın da şer demək qabiliyyəti vardı. Çox zaman başqalarının şerləri ilə özününkünü də qarışdırıb deyərdi. Heyif ki, Sizə onu görmək qismət olmadı. 1972-ci ildə dünyasını dəyişdi. Cavanlığında at minən, tüfəng atan, toylarda oynamaqdan yorul-mayan olub. Ən çox babamın qardaşı oğlu Heydərlə sözü-söhbəti düz gələrmiş. Özü deyərdi ki, toyda Heydərlə oynayanda 7 hava dəyişməsək, zurnaçıları yormasaq ortadan çıxmazdıq. Anamın əsl adı Püruzə idi. Heydərin kürd qızı Çileyi (əsil adı Çimnaz imiş) alıb qaçmasına da anam kömək edibmiş.

Heydərlə Çileyin məhəbbət macərası Leyli-Məcnun, Əsli-Kərəm kimi bir dastanıymış. Eşitdiyimə görə, Fatma müəllimə kərimbəylili Səlbi Usub qızından (neçə ildi Allah rəhmətinə gedib) «Sarı mintənə» adlı bir dastan toplayıb Azərbaycan Dövlət Universitetində Vaqif Vəliyevə verib. Onu tapsanız bəlkə işinizə yaradı.

– Tərlan xanım, Sizcə, o dastan nədən bəhs edir?

– Anam Heydərin şerlərini daha çox söyləyərdi. Anam həmişə radioda «Kürdün gözəli» mahnısı oxunanda ağlayardı. Deyərdi Heydərin sözlərini niyə o günə salıblar?! Anam onu belə oxuyurdu:

 

Kürd qızı oturub toxuyur xalı,

Yanına qoyubdu yağınan balı,

 

Onu görən neynər dünyada malı

Dur sallan dağlardan kürdün maralı.

1950-60-cı illərdə Azərbaycan xalq mahnılarının üzərində redaktə işi aparılmasından, bu mahnıların zəmanəyə uyğunlaş-dırılmasından xəbərdaram. İlkin mətn əldə olmasa da, Cahangir Cahangirovun musiqi tərtibatı verdiyi mahnını mətni aşağıdakı şəkilə salınmışdı:

Kürd qızı oturub toxuyur xalı,

Dillərdə əzbərdir hüsnü camalı,

Onu sevən neynər dünyada malı,

Nəqərat

Söhbəti şirindi, sözü məzəli,

Sözü məzəli, kürdün gözəli, kürdün gözəli.

 

Kürd qızı oturub telini bəzər,

Nişanlı qızlarla dolanıb gəzər,

Xumar baxışları canları üzər.

 

                   Nəqərat

Kürd qızı batıbdır şala-qumaşa,

Yerişi ahutək, boyu tamaşa,

Ömrü xoşbəxt keçir dolduqca yaşa. (15)

 

1920-ci ildə Kərimbəylidə anadan olub. Çərçiboğan kəndinə ərə gəlmiş Fatma Kəblə Qadir qızı Abdullayeva da vəzni, qafiyəsi poz-ulmuş şer parçalarının Heydər Əziz oğlunun olduğunu söylədi:

 

Akrucut* etdilər evin Heydərin,

Talana çəkdilər malın Heydərin.

 

Yaxud:

Qorxmaynan, əcəm oğlu,

Bir dəvəynən qaldırasan,

Gül bənizin soldurasan

------------------

* Okruceniya (rus) – mühasirəyə almaq, çənbərə salmaq.

Yaxud:

Kürd qızıyam, hovur-hovur,

Ele gəldi xirmənin sovur.

Heydərin ölümü ilə bağlı fikirlər şaxələnirdi. Heydər Trabzondan, Ərzurumdan, İrəvandan, Naxçıvandan yük daşıyan dəvə karvanının cilovdarıymış. Çox qoçaq adamıymış. Fatma Kəlbə Qə-dir qızına görə, İranda 4-5 pəhləvanın kürəyini yerə vurubmuş. Bir rəvayətə görə, düşmənləri qəhvədə zəhər verib öldürüblər. Tərlan Quliyevanın və Səlbi Usub qızının eşitdiyinə görə, Heydər Trab-zonda və Ərzurumda qəhvəxanada çalıb-oxuyur. Heydərin söz qoş-maqla yanaşı tulum zurnada, neydə, balabanda, sazda çalmağı da varmış. Qəhvəxanada çalıb oxuyandan sonra tərli-tərli yola çıxır. Yolda bərk soyuqlayır. Bu hadisə təxminən 1929-30-cu illərin payız-qış aylarında olur. Həmin soyuqdəymədən də Heydər 35-40 yaşlarında vəfat edir. Ölüm ayağında dediyi şerdən Səlbi Usub qızının yadında qalan aşağıdakı bəndlərdir:

 

Bu gələndi Nağdəlinin dəvəsi,

Heydər can verir kürdün pəyəsi,

Mən gedirəm, fani dünya, qal indi.

 

Gedin Əfruza deyin məni ağlasın,

Ağı açsın, o qaranı bağlasın,

Heydər deyib kürdün qızı ağlasın,

Mən gedirəm, fani dünya, qal indi.

 

Folklorçu, filologiya elmləri namizədi Cabbar Cəlilov da bu şeirin başqa bir variantını Cütcülü  (16) Məhəmməddən toplamışdı. Həmin variant belədir:

Mən Heydərəm, qoymaynan Yəməndə,

Nə bileydim mən düşərəm bu dərdə,

Xəbər verin Əpruza bu dəmdə,

Mən gedirəm, fani dünya, qal indi

Gül nisbəti, gözəl yarım, qal indi.

 

Heydər xan deyilən bir qulbeçədir,

Qoynuma girmə, yarı gecədir,

Ayrılıq günüdü, halım necədi?

Mən gedirəm, fani dünya, qal indi

Gül nisbəti, gözəl yarım, qal indi.

 

Mən Heydəri Ərzurumda qoymayın,

Nökərlərim, libasımı soymayın,

Mən cavanam, ağlamaqdan doymayın,

Mən gedirəm, fani dünya, qal indi

Gül nisbəti, gözəl yarım, qal indi.

 

Dəvələr yüklənib qalxır yoxuşu,

Ağ məmələr bir-biriynən toqquşu,

Kağız yazıb yada sallam tay-tuşu,

Mən gedirəm, gözəl dediyi, qal indi.

 

Dəvələr yüklənib yenirdi əvə,

Qaşların qaradı, gözlərin şəvə,

Dur, qolumu salım bir gedək əvə,

Mən gedirəm, gözəl dediyi, qal indi.

 

Mən də düşdüm İrəvandan aralı,

Dost elində heyva kimi saralı,

Bu nər mayalar gör kimi  qalı,

Mən gedirəm, gözəl dediyi, qal indi.

                          ***

Damlarının dalı gərmə qalağı,

Camışları vurar, oynar balağı,

Sən bir Hacı qızı – dağın maralı,

Mən bir əcəm oğlu – ürək yaralı.

                          ***

Damlarının dalı peyin,

Yavaş yeri, sözüm deyim,

Təzə çıxmış məmən yeyim,

Ay qız, dur gəl, sabah oldu,

Yandı bağrım, kabab oldu.

 

 

                       ***

Damlarının dalı qaya,

Qayadan baxarlar aya,

Qonşu qızı ağca maya,

Ay qız, dur gəl, sabah oldu,

Yandı bağrım, kabab oldu.

                     ***

Damlarının dalı çuxur,

Ağacda bülbüllər oxur,

Mənim yarım bafta toxur,

Ay qız, dur gəl, sabah oldu,

Yandı bağrım, kabab oldu.

 

İliç qəsəbəsində yaşayan, 1924-cü il təvəllüdlü Hava Tağı qızından da aşağıdakı şerləri topladıq:

 

Dəvələr gəlir dağdan,

Yükün tutub ahu-zardan,

Sənin kimi zalım yardan

Mən dönürəm, könül dönmür.

 

Dəvələrim gəlir daşdan,

Yükün tutub al qumaşdan.

Sənin kimi qələm qaşdan

Mən dönürəm, könül dönmür.

Yaşı 70-i haqlamış, Naxçıvan şəhərində yaşayan Leylan Mana-fova isə uşaqlıqda ata-baba yurdu Sərdarabadda (17) öyrəndiyi həmin mahnını belə oxuyurdu:

Dəvələr gəlir Gəncədən, ay molla,

Qurtarmadım işgəncədən, ay molla,

Ağız şirin, bel incədən, ay molla,

Mən dönürəm, könül dönmür, ay molla.

 

Dəvələr götürüb bardan, ay molla,

Qurtarmadım ahu-zardan, ay molla,

Ağız şirin, bel incədən, ay molla,

Mən dönürəm, könül dönmür, ay molla.

Aşıq İsgəndər Ağbabalı Amasiya rayonunun Ellər kəndinin sakini Daşdan Daşdanovun (İkinci Dünya savaşında – 1944-cü ildə mayor rütbəsində həlak olmuşdu – Ə.Ş.) 1933-35-ci ildə tərtib etdiyi bir şeir dəftərini tanış olmaq üçün mənə göndərmişdi. Latın əlifbası ilə yazılmış bu dəftərdə aşıqların və şairlərin 50-60 şeri vardı. Heydər təxəllüsü ilə təqdim olunmuş iki gəraylı da vardı. Onlardan biri:

Duman-çən alçaqlara çəkilir,

Alçaqlardan ucalara tökülür,

On dördündə qəddi bükülür,

Bu eli yardan ayrılanın.

 

Bülbül gülsüz ötməzmiş,

Gül tikənsiz bitməzmiş,

İşə güclə getməzmiş,

Əli yardan ayrılanın.

 

Heydər bəyim olarmış,

Pərvanətək dolarmış,

Qönçə ikən solarmış,

Gülü yardan ayrılanın.

«Ağılar» rədifli gəraylının birinci bəndinin üçüncü misrası vəzncə pozuq, üçüncü bəndin isə son üç misrası yox idi.

C.Cəlilov həmin gəraylının təkmil variantını toplayıb «Sovet Naxçıvanı» qəzetinin 1982-ci il 29 may sayında (18) çap etdirdi. Onu aşağıda veririk:

 

İki sevgi bir araya gələndə

Sanasan behiştdə güllər açılır.

Bir-birinə nazü-qəmzə edəndə

Utana-utana dillər açılır.

 

Zər-zibadan geyinib əyninə,

Qızıl həmayıl salıb boynuna,

İstədim ki, əl uzadım qoynuna,

Öz-özünə düymələri açılır.

 

Mən Heydərəm, mənzil oldu iraqlar,

Yar sevəndə yanar şamlar, çıraqlar.

İki həsrət bir-birini qucaqlar,

Axar güllər kimi ellər açılır.

Gəraylını oxuyanda bu qənaətə gəldim: Dəvəçi Heydərin, Kəsəmənli Heydərin şerləri yalnız Naxçıvan bölgəsində deyil, Ağbaba bölgəsində də yayılıbmış. Onda güman etmək olar ki, Heydərin şerlərini İğdır, Kars bölgələrindən də toplamaq olar.

Rüstəm Rüstəmzadə də dastanlarımızdakı şer formalarından bəhs edərkən Qorxmaz haqqında olan şerin dördüncü və beşinci bəndlərindən istifadə edib. (19)

Mövzusu başqa olduğundan Qorxmazın şəxsiyyəti, ömür yolu ilə bağlı heç bir söz deməyib.

Bütün bunlar onu göstərir ki, Qorxmaz, Heydər mövzusunu qapanmış, bitmiş hesab etmək olmaz. Bu mövzuya yenidən qayıtmaq və daha geniş araşdırmalar aparmaq lazımdır.

Qaynaqlar və notlar

1. Cəfərzadə Əzizə. Aşıq şeri tərzində ictimai motivlər. «Azərbaycan» jurnalı, 1970, N8, s.196.

2. Orada s.196.

3. Nağıyev Çingiz və Əliyev İslam. Qaçaq Qorxmaz. «İşıqlı yol» qəzeti, 1970, 4 dekabr, N112 (5860), s.3-4.

4. Nağıyev Çingiz və Əliyev İslam. Qaçaq Qorxmaz kimdir? «Şərq qapısı» qəzeti, 1970, 25 dekabr, 296 (9696), s.4.

5. Əlizadə Hümmət.Aşıqlar. Bakı «Azərnəşr», 1,2 cild, 1935-1936.

6, 7, 8. Naxçıvana bağlı Şərur rayonunda kənd adları.

9. Naxçıvan Muxtar Respublikasının Şərur bölgəsində yayla.

10. Keçmiş Dərələyəz mahalında kənd. İndiki Ermənistan Respublikasındadır, kəndin adı dəyişilib.

11. İran İslam Respublikasının Qərbi Azərbaycan ostanında Maku şəhəri yaxınlığında kənd.

12. Bax 2-ci qaynaq.

13, 14. Şərur rayonunda kənd adları.

15. Cahangir Cahangirov. (tərtib edən Qafar Namazəliyev). Azərbaycan xalq mahnıları və təsnifləri. «İşıq» nəşriyyatı, Bakı, 1985, s.20.

16.  Şərur rayonunda kənd.

17.  İndiki Ermənistan Respublikasında bölgə adı.

18. «Sovet Naxçıvanı» qəzeti, 1982, 29 may, s.3.

19. Rüstəmzadə Rüstəm. El qəhrəmanları xalq ədəbiyyatında, «Günclik» nəşriyyatı, Bakı, 1984, s.160.


HAYIF  Kİ,  ƏMƏYİ  ZAY

ABBASQULU

 

Ana nənəm Ababil (1) Zod (2) kəndində doğulmuş, 15-16 yaşlarında İnəkdağına (3) ərə gəlmişdi. Altmış ilə yaxındı burada yaşayır, ayda-ildə bir xeyrə-şərə Zoda gedərdi. Amma bu kənddə 200 il öncə baş verənləri də 20-30 il öncəkini də elə təfsilatıyla danışırdı, deyərdin bütün bunların canlı şahidi olub. Tez-tez danışdığı mövzulardan biri də Səməd ağa, (4) onun səxavəti, başına gələnlər və öldürülməsi olardı.

Nənəmin Səməd ağa ilə uzaq qohumluğu vardı. Amma danışıqları, söhbətləri qohumluq əlaqəsinə görə deyildi. Ümumiyyətlə, o, söhbətcil, keçmişdən danışmağı sevən bir insandı. Bizim kəndə gəlməzdən öncə burada baş verənləri də təfsilatı ilə danışardı. Kəndimizin ondan yaşlı sakinləri də nənəmin söhbətlərini dinləyəndə onun yaddaşına həsəd aparardılar.

Səməd ağadan yalnız nənəm maraqla söhbət açmazdı. Hətta Göyçədən çox-çox uzaqlarda yaşayan yaşlı göyçəlilərin bir yerə toplaşanda həvəslə Səməd ağadan danışdıqlarının şahidi olmuşdum. Göyçəlilər Səməd ağadan belə geniş və həvəslə danışsalar da onun bacısı oğlu Abbasqulu bəy Şadlinskini (5) az-az xatırlayırdılar. Abbasqulu bəy Şadlinski haqqında bilgini mən də əksər göyçəlilər kimi qəzet-jurnal məqalələrindən, kitablardan almışdım.

Göyçə inzibati bölgüyə görə Ermənistan Respublikasına daxil idi. Mərkəzi də Yerevan şəhəriydi. Tarixən də İrəvan xanlığının ərazisi olmuşdu. Amma adamlar bazar-dükana, alış-verişə Gəncə şəhərinə getdiklərinə görə Gəncə bölgəsini daha yaxşı tanıyırdılar. Abbasqulu bəyin doğulub boya-başa çatdığı, mübarizə apardığı Vedi (6) isə İrəvan və Naxçıvanla sıx bağlıydı. Abbasqulu bəyə göyçəlilərin diqqətini yönəldən Fərman Kərimzadənin (7) «Qarlı aşırım», «Qırmızı zirvə» romanları və Azərfilmin 1971-ci ildə çəkdiyi «Axırıncı aşırım» filmi oldu.

Naxçıvanda «Şərq qapısı» qəzetində işləməyə başlayandan son-ra Abbasqulu bəy Şadlinski, onun başçılıq etdiyi «Qırmızı tabor» haqqında daha çox oxumağa, eşitməyə başladım. Qəzet səhifələrində bu mövzuda özünə yer tapan yazıların əksəriyyəti mənim ça-lışdığım şöbədə hazırlanırdı. Naxçıvanda Abbasqulu bəy Şadlinskini görənlər, onun dəstəsində döyüşənlər, bir sözlə, onu xa-tırlayanlar hələ də yaşayırdı.

Abbasqulu bəy haqqında şeri ilk dəfə onu şəxsən tanıyanlardan deyil, ömrünü dağlar qoynunda keçirmiş, bir dəfə də olsun onu görməmiş Abbasəli əmidən eşitdim. Tələbəlik dostum Məmməd Abdullayevin (8) atası Abbasəli əmi 1904-cü ildə Şahbuz rayo-nunun Yuxarı Qışlaq kəndində doğulmuşdu. Ömrü boyu da bu kənddə yaşamışdı. Naxçıvanın nəfəs kəsən istisindən qurtulmaq üçün şənbə-bazar günləri biz də Məmmədə qoşulub Abbasəli əminin evinə sığınırdıq.

Mollaxanada cəmi üç il oxumasına baxmayaraq həvəslə dini ki-tablar oxuyar, məclislərdə dini mövzuda söhbətlərə coşqunluqla qoşulardı. O, islamı ehkamlara ciddi əməl etsə də, dünyəvilik hissi olduqca güclü idi. Kefi kök olanda, dağda ot biçəndə, gəzəndə şövqlə Əsli-Kərəmdən, Abbas-Gülgəzdən, Koroğludan oxumağı vardı. Evdə də həvəslə dastanlardan parçalar, nağıllar, rəvayətlər, keçmişdə baş vermiş hadisələr söyləyərdi.

Bir dəfə də Abbasqulu bəy Şadlinskidən söz düşəndə Abbasəli əmi dedi:

–Daşnakların qoşunu Vediyə hücuma keçəcəkmiş. Qoşun baş-çısının arvadı yuxuda Həzrət Abbası görür. Görür Həzrət Abbas erməni qoşununu tamam qılıncdan keçirdi. Onun ərinə çatanda qı-lıncını saxlayıb dedi: «Səni təmiz qəlbli, pak imanlı arvadına bağış-ladım.» Arvadın əvvəlcədən də islamdan xəbəri varmış. Ürəyində müsəlmançılığı qəbul etsə də, ətrafındakıların qorxusundan dilinə gətirmirmiş.

Yuxu arvadı dilə gətirir. Ərinə deyir müharibədən əl çəksin. Müsəlmanların qanını axıtmasın. Görür yox, əri fikrindən dönən deyil. Deyir:

– Ay kişi, bu gün sənin başında bir qəza var. Yuxuda görmü-şəm. Neylədim səni yolundan döndərəmmədim. Qoy bir məktub yazım cibinə qoy. Dara düşsən bəlkə dadına çatdı. Qoşun böyüyü arvadının könlünü qırmır. Yazdığı məktubu alıb cibinə qoyur.

Döyüş başdıyır, Allah göstərməsin, nə başdıyır. Ermənilərin to-pu, topxanası, dünya savaşında iştirak edib təcrübə qazanmış əsgər və zabitləri. Müsəlmanların isə köhnə-küşkül tüfəngləri. Müsəlman kəndlərinin çoxu dağıdılıb. Ölən ölüb, qız-gəlin əsir-yesir düşüb. Sağ qalanın bir qismi yığılıb Vediyə. Bu kəndi bir alınmaz qalaya çeviriblər.

Döyüşdə ermənilər güc gəlir. Vedililərin səngəri seyrəlir. Birdən göyün üzünə balaca qara bulud gəlir. Bu qara bulud böyüyür. Ora-dan çəpinə – ermənilərin üzünə tərəf bir yağış çırpır, gəl görəsən. Yağışın göz açmağa imkan vermədiyini görən müsəlmanlar sən-gərlərdən çıxıb hücuma keçirlər. Yağış onnarı arxadan vurduğundan güllə atmalarına əngəl olmur.

Ermənilər görürlər ki, budu ha, müsəlmanlar gəlib çatdılar. Üz qoyullar qaçmağa. Ölən ölür, sağ qalan qaçıb canını qurtarır. Amma qoşun böyüyü qaçıb canını qurtara bilmir. Onu tuturlar. Üstünü yoxlayanda bir kağız çıxır. Baxırlar, kağızda bir şer yazılıb:

Vedinin dağları batıbdı yasa,

Daşnaqlar istəyir Vedini basa,

Bir kağız yazaram ağam Abbasa, (9)

Millət sənə qurban, bəy Abbasqulu,

Var olsun, gül olsun, bəy Abbasqulu.

 

Vedinin dağları dönübdü qana,

Qağtağan (10) cəmdəyin verib yan-yana,

Bir kağız yazaram Şahi-Mərdana

Millət sənə qurban, bəy Abbasqulu,

Var olsun, gül olsun, bəy Abbasqulu.

 

Vedinin üstündə toplar quruldu,

Topların qurğusu tərsə buruldu,

Soltanım (11) gəlmədi borğu pozuldu.

Millət sənə qurban, bəy Abbasqulu

Var olsun, gül olsun bəy Abbasqulu.

 

Qoşun başçısını gətirirlər Abbasqulu bəyin yanına. Abbasqulu bəy xəbər alır:

– Bu nə kağızdı?

Qoşun başçısı başına gələnləri danışır. Abbasqulu bəy ona aman verir. Arvadının ürəyində islamı qəbul etdiyinə görə onu buraxır.

Abbasqulu bəy Şadlinski haqqında neçə-neçə məqalə oxumuşdum. Fərman Kərimzadənin «Axırıncı aşırım» romanı da Abbasqulu bəyin ömrünün son illərini geniş əhatə edir. Amma heç bir yerdə Abbasqulu bəyə şer qoşulduğunu eşitməmişdim. Abbasəli əminin söylədiyi şer və rəvayət məndə belə bir qənaət yaratdı: «Ya Abbasqulu bəy  Şadlinski haqqında dastan qoşulmuş, ya da buna təşəbbüs göstərilmişdir.»

Odur ki, axtarışa başladım. Abbasqulu bəyin əminəvəsi Abbasqulu bəy haqqında böyük həcmli xatirələr yazsa da, onu çap etdirə bilməyən Bilas (12) müəllimlə görüşdüm. Şamxor rayonunun Leninkənd kəndində yaşayan Bilas müəllimdən Abbasqulu bəy haqqında dastan olub-olmadığını xəbər alanda o dedi:

– Elə bir dastan yadıma gəlmir. Bəlkə də olub, mən eşitməmişəm. Amma aşıqların oxuduqlarını eşitmişəm. Şahablı (13) Cəlil Abbasqulu bəydən yaman şövqlə oxuyurdu. Deyillər onun da güdazına getdi. Andranik Qaraxaç (14) tərəf kəndləri dağıdanda qələbəsini qeyd etmək üçün kef məclisi qurubmuş. Aşıq Cəlili də o məclisə gətirirlər. Deyillər, çal, oxu, kefimizi aç. Yanındakılar da deyir Andranikin qəhrəmanlığına şer qoş.

Aşıq Cəlil başdıyır çalıb-oxumağa. Görürlər ki, bu Abbasqulu bəydən oxuyur, onu tərifləyir. Kimi deyirdi dartıb dilini   malazasından – boğazından qoparmışdılar. Kimi də deyirdi Aşıq Cəlilin üryan bədəninə qaynar samavar bağlayıb deyiblər: «İndi oxu!» Hər nə isə, Aşıq Cəlil orada öldürülmüşdü.

Abbasqulu bəydən yaşda kiçik olsam da (O məndən 16-17 yaş böyük idi) çox şey eşidib, çox şey görmüşdüm. Deyirdilər Abbasqulu bəyin özünün də şer qoşmaq qabiliyyəti varmış. Əmim Xanbaba rəhmətə gedəndə Abbasqulu İrəvanda müəllimlər seminariyasında oxuyurmuş. Məktəbi yarımçıq qoyub ailəyə başçılıq etməyə gəlir.

O vaxtlar da bizim Böyük Vedidə Balasultan adlı bir şəxs varmış. Cuvarıymış. Vediçayı, kəhrizlərin suyunu əkin sahibləri arasında bölürmüş. Vedidə də o vaxtlar çoxlu pambıq əkirlərmiş. Pambıq da elə bitkidir ki, üçcə gün suyunu gecikdirdin, daha ondan məhsul ala bilməzsən.

Pambıq su tələb edən vaxt Balasultan müxtəlif bəhanələr gətirir. Kimisinə deyir, ötən ilin su pulundan qalıb, kimisinə deyir, suyu çox işlədib az pul verirsən. Camaatın narazılığının artdığını görən Abbasqulu bəy belə bir şer yazır:

 

Ay Balasultan,

Qaşları qaytan.

Allahdan utan!

Pambığımız yandı.

Bu məzlum xalqın,

Naləsi yerdən

Ərşə dayandı.

 

Vedidə hər yerdə bu şer mahnı kimi oxunurmuş. Xüsusən, uşaqlar Balasultanı görəndə xorla oxuyub onu cırnadarmışlar.

Bu hadisədən sonra camaat Abbasqulu bəyi cuvar-mirab seçir. O dövrdə bu ən mötəbər iş olub. Hamının düzlüyünə, doğruluğuna inandığı, həm də heç kəsə güzəştə getməyəcəyini bildikləri adamı cuvar seçirlərmiş. O dövrdə təkcə Abbasqulu bəy haqqında deyil, Osmanlı ordusunun sərkərdələri haqqında da mahnılar vardı. Biz onları marş şəklində oxuyardıq. Yadımda bir neçəsi qalıb. Orda Şükrü Paşanın, Muxtar paşanın adı çəkilir.

 

Qara dəniz axmam deyir.

Ətrafımı yıxmam deyir.

Adı gözəl Şükrü paşam

Ədirnədən çıxmam deyir.

 

Araz çayı axdı getdi,

Ətrafını yıxdı getdi.

Kor olasan Muxtar paşa.

İrəvandan çıxdı getdi.

 

Abbasqulu bəy Şadlinskini yaxından tanıyan Qasım Tağıyev (15) də maraqlı söhbətlər etdi. Dedi:

– 1918-ci illərdə yalnız Vedidə deyil, Naxçıvanda, İrəvanda, Makuda, Mərənddə də Abbasqulu bəyin böyük nüfuzu vardı. Haqqında qoşulan mahnıları mən də çox eşitmişəm. Amma yaş öz işini görüb. Heyif, yadımda bütöv qalmayıb. Bir bəndi vəzni, qafiyəsi pozulmuş şəkildə yadımda qalıb. Təxminən belədir:

 

Aman, aman, a Sərkisim, amandı.

Vedinin davası axır zamandı.

Vedi atlıları sanki tufandı.

Tufan qoparacaq, Abbasqulu bəy,

Əsir aparacaq, Abbasqulu bəy.

 

Abbasəli əminin söylədiyi rəvayətdə və şerdə erməni sərkərdəsinin adı çəkilmir. Amma Qasım Tağıyevin söylədiyi şer parçasından erməni sərkərdəsinin adını öyrənmək olur. Qasım Tağıyev onu da xatırladı ki, Naxçıvanlı könüllülərdən təşkil olunmuş döyüş dəstələri də Osmanlı ordusunun əsgərləri kimi marşlar oxuyarmışlar. Bu marşların çoxu Osmanlı imperiyasında oxunan marşların yerli şəraitə uyğunlaşdırılmış variantları imiş. Məsələn:

 

Arpa çayı axmam deyir

Ətrafımı yıkmam deyir

Naxçıvanın igidləri

Şu Dəhnədən çıkmam deyir.

 

Abbasqulu bəyi tanıyanlar onun haqqında mahnı eşitdiklərini söyləyirdilər. Bunların əksəriyyəti Abbasəli əmidən eşitdiyim mahnının müxtəlif variantları idi.

Şiddili Mədət Bağırovun (16) söylədiyi mahnının sonu aşağıdakı nəqarətlə bitir:

 

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf kı, əməyi zay, Abbasqulu.

 

Bu misralar onu göstərir ki, Sovet hakimiyyəti illərində Abbas-qulu bəy Şadlinskinin əməyinin, xidmətinin düzgün qiymət-ləndirilməməsi adamlarda bir narazılıq hissi oyatmışdı.

Millətinin dar günündə qabağa çıxan, elinə ağsaqqallıq edən, heç bir hərbi təhsil görməsə də, xalq sərkərdəsi kimi şöhrətlənən, Rus ordusunda general rütbəsinə yüksəlmiş, Birinci Dünya Savaş-ında iştirak etmiş erməni sərkərdələrinin üzərində qələbələr çalmış Abbasqulu bəyi Sovet hakimiyyəti illərində müxtəlif vasitələrlə sı-xışdırmağa başlamışdılar. Onun torpaqlarını, malını, mülkünü ya-vaş-yavaş əlindən almağa çalışmışdılar. 1930-cu ilin martında da elə bir iş dalınca göndərmişdilər ki, oradan cənazəsi gəlmişdi.

Görünür «Hayıf kı, əməyi zay, Abbasqulu» misraları da Sovet hakimiyyətinin ilk illərində və ya Abbasqulu bəyin ölümündən sonra şerə əlavə edilmişdi.

Mədət Bağırovun söylədiyi şer ruhən Abbasqulu bəy Şadlinski haqqında öncədən topladığım şerlərlə vəzn, rədif, üslubca eyni olsa da, məzmunca bir az fərqlidir. Elə bil eyni şerin müxtəlif bəndləri və ya bənzətmələridir:

Bizim əsgər maşın yolunu aldı.

Davanın gücünü Vediyə saldı.

Bir hücumla on iki pulemyot aldı.

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf kı, əməyi zay, Abbasqulu.

 

Müsəlmanlar bürc başına toplaşdı.

Toplar açılanda gözdər qamaşdı.

Ana-bacılar saç yolub ağlaşdı

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf kı, əməyi zay, Abbasqulu.

 

Gavur meydan açıb, atın oynadır,

Vedinin dağların qana boyadır,

Qəlbimdə düşmənə nifrət oyadır,

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf kı, əməyi zay, Abbasqulu.

Naxçıvan Elm Mərkəzi folklor bölməsinin müdiri, filologiya el-mlər namizədi Cabbar Cəlilovun İliç rayonunun Cütcülü kəndində Məhəmməd kişidən topladığı şerdə isə bəndlər «Millət sənə qurban, bəy Abbasqulu!» misraları ilə başa çatır.

Bundan başqa müxtəlif vaxtlarda cib dəftərimə yazdığım, lakin kimdən topladığımı unutduğum şer parçaları arasında:

Əlində mauzeri, Abbasqulu bəy!

Belində dəhdürü, Abbasqulu bəy!

 

Dedim Sərkis, gəl getməynən, amandı,

 

Bəs deyirdin, bizim soldat yamandı,

 

Axırki apardı sağ, Abbasqulu bəy

 

Amandır, qoymayın Vedini ala.

 

Yaşasın, yaşasın bəy Abbasqulu!

 

Və başqa misralar da var.

Şərur tarix-diyarşünaslıq muzeyinin müdiri Abdulla Qurbanov (17) Abbasqulu bəylə maraqlandığımdan xəbərdar olduğundan bir şer verdi. Şer 1921-ci ildə «Qırmızı tabora» qoşulmuş, orada əsgərlərin xörəyini bişirən, paltarlarını yuyan Əfruzun (18) dilindən deyilib:

 

Mən Əfruzam ayrılıram elimdən,

Zara gəldim bəyin, xanın əlindən.

Məni də qoş, Abbasqulu, dəstənə,

Adım düşsün nəğmələrə, dastana.

 

Qırıldı qanadım, qolum yox.

Dörd yanımda düşmənim çox, zalım çox.

Səndən başqa kimsənəm yox, kimim yox.

Məni də qoş, Abbasqulu, dəstənə,

Adım düşsün nəğmələrə, dastana.

 

At minərəm, ər oğlu ər kimi,

Döyüşlərə girişərəm nər kimi,

Qoruyaram Sədərəyi, Kərkimi,

Məni də qoş, Abbasqulu, dəstənə,

Adım düşsün nəğmələrə, dastana.

Dəfələrlə xəbər alsam da, Abdulla bu vəzni, qafiyəsi pozuq şeri kimdən topladığını söyləmədi. Onun özünün şairlik qabiliyyəti var-dı. Kütləvi tamaşalar, bayram şənlikləri hazırlayanda hətta məşhur şairlərin şerlərinə «əl gəzdirib» məclisin əhval-ruhiyyəsinə uyğunlaşdırardı.

Abbasqulu bəy Şadlinski haqqında, onun sərkərdəliyi, el ağ-saqqallığı barədə də çoxlu rəvayətlər var. Bunların kökündə olmuş hadisə dursa da, bir az bədiiləşdirilmiş təsir bağışlayır. Həmin rəvayətlərdən bir neçəsini aşağıda veririk.

Birinci rəvayət: Vedi yarım mühasirə vəziyyətindənmiş. Vəziyyət getdikcə pisləşirmiş. Amma Abbasqulu bəy ruhdan düş-mür, səngərləri gəzir, deyirmiş: «Bir az da dözün, səbir edin. Os-manlıdan kömək gələcək.» Axşamüstü Vedi döyüşçülərinin sıraları seyrəlib patronları azalanda bir də görüllər Araz tərəfdən yolda toz-duman qalxdı. Budu, atlar Vediyə tərəf çapıllar. Bunnan ruhlanan Vedililər özdərinnən qat-qat çox olan erməni qoşununun üzərinə hücuma keçirlər. Ermənilər qaçmağa üz qoyur. Vedililər ermənilərin xeyli tüfəngini, patron və başqa hərbi sursatını ələ keçirirlər.

Sən demə, köməyə gələn yoxmuş. Abbasqulu bəy hiylə işlədib adamlarından beş-altı atlını ayırıb göndəribmiş. Tapşırıbmış ki, naxırı Vediyə tərəf qovsunlar. İki-üç silahlı da naxırın qabağında atını çapsın. Onlar da komandirlərinin tapşırığını yerinə yetiriblər.

Ermənilər də uzaqdan baxanda silahlı atlıları seçiblər. Toz-dumandan arxadan gələnin naxır olduğunu seçə bilməyiblər. Osmanlı əsgərlərinin köməyə gəldiyini güman edib qaçıblar.

İkinci rəvayət: Abbasqulu bəy yenə şayiə yayır ki, Osmanlılar Vediyə top göndərəcəklər. Bundan bir neçə gün sonra nehrələrin bir başını qırdırıb içərisinə daş doldurur. Sonra da onları dəvələrə yüklədib Vediyə gətirdir. Vedini mühasirəyə almış ermənilər görürlər dəvələr ağır-ağır Vediyə tərəf gəlir. Durbinlə baxıb dəvə-nin üstündəki nehrələrin qırıq tərəfini top lüləsinin ağzına bən-zədərək qorxub geri çəkilirlər.

Üçüncü rəvayət: Döyüşdə alınan qənimətlər komandirə – Abbasqulu bəyə peşkəş edilirmiş. Abbasqulu bəy də bunun müqabilində silah, patron, geyim, qida verərmiş. Bir dəfə döyüşdən sonra iki nəfər hərbçilərin çöl şəraitində xörək bişirilən təkərli qazanı Abbasqulu bəyə peşkəş edirlər. Abbasqulu bəy qoşqu üzərindəki qazanı gətirənlərin qürurunu, sevincini görüb xəbər alır:

– Bu nədir?

– Abbasqulu bəy, samalyot* vuran topdu!

– Bunun harası topdu?

Həmin iki nəfər dil-boğaza qoymadan qazanın altındakı ocaq yerini göstərib: «Bəy burdan mərmi qoyurlar» – tüstü çıxan bacanı da göstərib «burdan da göydə uçan samalyot vurulur» – deyirlər.

Abbasqulu bəy hərbi xidmətdə olmamış, topu səyyar mətbəx qazanından seçə bilməyən, amma şərəf və namuslarını qorumaq üçün əllərinə silah alıb erməniyə qarşı döyüşən bu insanlara bərkdən gülsə də, hərəsinə bir eşşək bağışlayaraq deyir: «Aparın, qoy ailəniz dəyirmana dən aparsın, çöldən otunuzu, samanınızı daşısın».

Dördüncü rəvayət: 1920-ci ilin iyun ayında ermənilər bütün qüvvələrini səfərbərliyə alaraq hər yerdən köməyi kəsilmiş Vediyə hücuma keçirlər. İki il döyüşə cəsarətlə rəhbərlik etmiş Abbasqulu bəy vəziyyətin getdikcə pisləşdiyini, düşmən qabağında uzun müddət duruş gətirə bilməyəcəklərini görüb adamlara tapşırır ki, arvad-uşağı, mal-heyvanı Arazın o tayına – İrana keçirsinlər.

Bir ada kimi mühasirədə qalmış Vedi boşalır. Abbasqulu bəy də silahlı dəstəsilə ermənilərlə döyüşə-döyüşə Arazı o taya keçir. Görür Ərəblər (19) kəndi yaxınlığında bir qarışıqlıq var. Adam göndərir ki, səbəbini öyrənsin. Gedən gəlir ki, Abbasqulu bəy, Xəlilin (20) əmioğlusu və bacısının əri İbrahim Sədərəkli Baxşəli ağanın qoyun sürüsünü bölüb aparıb. Yerdə qalanını da camaat dağıdıb.

 ----------------------

* Samalyot (rusca) – təyyarə, uçaq

 

Abbasqulu bəy deyir: «Gedin, ona deyin, erməni-müsəlman da-vasından başımız ayılmamış bu da Sədərəkli-Vedili toqquşması yaratmasın!»

Gedən geri dönüb deyir: « Abbasqulu bəy, İbrahim az qala məni də öldürmüşdü. Gülləsindən birtəhər yayındım. Sizə də sifariş gön-dərdi. Dedi: – «Abbasqulu bəyin ağalığı Arazın o tayında qaldı. Burada mən özüm özümün ağasıyam. Neylədiyimi də özüm yaxşı bilirəm.»

Abbasqulu bəy atını sürüb gəlir. Camaatın içindəcə İbrahimi güllələyir. Sonra da əmr edir. «Kim sürüdən nə aparıb, gətirib qoy-sun yerinə! Bir azdan kim nə aparıbmış qaytarır. Bundan sonra nəinki Sədərəkli-Vedili münaqişəsi baş vermir, qaçqınlar arasında oğurluğa da son qoyulur.

İbrahimin tayfası qisas almaq istəyi ilə Abbasqulu bəyi öldürmək istəyəndə, Xəlil öz qohumlarının, atasının, əmisinin üstü-nə qalxır. Deyir: « Abbasqulu bəy düz elədi!»

Abbasqulu bəy araya ağsaqqal-qarasaqqal salıb ortaya barışıq qoydurur. İbrahimin ailəsinə də qan pulu olaraq bir camış, yük-lərini aparmağa bir eşşək, qoyun, pul, və s. verir. O, nəinki qaç-qınlıq illərində – İranda, hətta Vediyə dönəndən sonra da, ömrünün sonunadək bu ailəyə yardım edir.

Bütün bunlardan belə qənaətə gəlmək olur ki, Abbasqulu bəy Şadlinski haqqında dastan yaradılmasına təşəbbüs olub. Bunun üçün zəngin material olduğu kimi münbit şərait də varmış. Sovet hakimiyyətinin gəlişi və yeritdiyi siyasət bu dastanın yaranmasını və formalaşmasını əngəlləyib.

                                                                  5.V.1984.

 

Sözardı:1988-ci ildən erməni-müsəlman qarşıdurması Rusi-yanın təsiri ilə yenidən dərinləşdi. Müstəqillik əldə etmiş Azər-baycanla Ermənistan arasında müharibəyə çevrildi. Bu müharibədə on minlərlə insan öldü, yüz minlərlə insan yurd-yuvasından qaçqın düşdü, onlarla kənd və qəsəbə xarabalığa çevrildi. Tarix yenidən təkrarlandı. Keçmişdə baş verənlər yenidən xatırlandı. Yüzlərlə məqalə, onlarla kitab çap olundu. 1996-cı ildə Bakıda «Sabah» nəşriyyatı filologiya elmləri namizədi Əziz Ələkbərlinin «Abbasqulu bəy Şadlinski», 2000-ci ildə «Ağrıdağ» nəşriyyatı «Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı» kitablarını çap etdi. 1960-cı ildə Vedinin Qaralar kəndində doğulan Əziz Ələkbərli bu dəyərli kitablarda yalnız Abbasqulu bəydən, onun ömür yolun-dan deyil, şəcərəsindən, döyüş dostlarından da geniş söhbət açmış, qəzet və jurnallarda çap olunmuş məqalələrdəki  faktları tutuş-durmuş, həqiqəti ortaya qoymuşdur.

Ə.Ələkbərli filologiya elmlər namizədi olmasına baxmayaraq, hadisələrə tarixçi kimi yanaşmış, yeri gəldikcə eşitdiyi şerlərdən də istifadə etmişdir.

«Dastanlaşmış ömürlər» kitabı çapa hazırlanarkən Ə.Ələkbərli vaxtilə öz kitabına daxil etdiyi Abbasqulu bəylə bağlı şerləri də mənə təqdim etdi. Onları aşağıda veririk:

 

Aşıq Xudayar

                   ABBASQULU BƏY

Haqq evinə ziyarətə

Varıbdı Abbasqulu bəy!

Öz gücünü yaradandan

Alıbdı Abbasqulu bəy!

Döyüş vaxtı neçə köhlən

yorubdu Abbasqulu bəy!

Zəhmət çəkib nizam ordu

Qurubdu Abbasqulu bəy!

 

Vedibasar yeriyibdi,

Bir qanlı davadan deyim.

Dəstəsində şir oğullar,

Bu eldən, obadan deyim.

Məhərrəmlə İbrahimdən,

Xəlillə Nəbodan deyim.

Andranikin bağrını

Yarıbdı Abbasqulu bəy!

Nəcəf Koroğlu dəlisi,

Vedidə Qəmlo bir igid.

Hamını bir-birmi sayım,

Sayıqda burda hər igid.

Bu torpaq şahin yuvası,

Kəblə İsmayıl nər igid.

Daşnakları bəndə salıb,

Qırıbdı Abbasqulu bəy!

 

Tanrı ona nüsrət versin,

Müsəlmanın dayağıdır!

yoxsulların, fağırların

Evlərinin çırağdır!

Ay Xudayar, bu mərd oğul

Qoçaqların qoçağıdır!

Bu millətin xilasına

Durubdu Abbasqulu bəy!

 

 

       CAN ABBASQULU

Abbasqulu bəy tez havara çatdı,

Njdenin qoşunu al-qana batdı.

yüzlərlə daşnaqı qırıb da çatdı,

yağının cəsədi yan-yana yatdı,

                   Qılıncı əlində Xan Abbasqulu,

                   Xalqının ümidi can Abbasqulu.

 

Abbasqulu bəy dönüb aslana, şirə,

Qoymur ki, yağılar Vediyə girə.

Tağı bəy göndərmir qoşuna cirə,

Zeyvə-Düdəngini eyləyib Şürə.

                   Qılıncı əlində Xan Abbasqulu,

                   Xalqının ümidi can Abbasqulu.

 

Tağı bəyin  tüfəngi də uyuxdu,

Namusu da yoxdu, qanı soyuxdu.

Övnədə  yediyi bircə toyuxdu,

Abbas bəyi görcək qorxdu, huyuxdu.

                   Qılıncı əlində Xan Abbasqulu,

                   Xalqının ümidi can Abbasqulu.

 

Şahabli Aşiq Cəlil

QEYRƏT GÜNÜDÜR!

 

Vedinin dağları düşüb araya,

Düşmən cəhd eləyir kəndi talaya.

Naməni yazmışam Abbas ağaya,

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya, gəlsin!

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Vedinin dağları batıbdı yasa,

Daşnaklar istəyir Vedini basa.

Bir məktub yazmışam o xan Abbasa,

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya gəlsin!

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Vedinin dağları batıb dumana,

Qana dönsün görüm, belə zamana.

Abbasqulu qan uddurar düşmana,

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya, gəlsin.

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Vedinin dağları batıbdı qana,

Daşnakı qırmaqla biz gəldik cana.

Yazmışam Vətənin o mərd oğluna

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya gəlsin!

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Vedinin dağları qar-boranlıdır,

Düşmən silahlıdı, əli qanlıdır.

Mənim bəyim igid, adlı-sanlıdır,

Yazmışam, durmasın, haraya gəlsin,

Yağı salıb bizi araya, gəlsin.

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

 

Qaynaqlar və notlar

 

1. Ababil Əhməd qızı Qarayeva. Təqribən 1895-ci ildə Göyçə mahalının Zod kəndində doğulmuş 1985-ci ildə İnəkdağ kəndində vəfat etmişdir. Savadsız olsa da çoxlu nağıl, rəvayət, bayatı və s. bilirdi.

2,3. Göyçə mahalında kənd.

4. Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov-Kəsəmənli 1868-ci ildə doğulmuş ağlı və fərasəti ilə var-dövlət, mal-mülk sahibi olmuşdur. Səxavəti, xeyirxahlığı, bacarığı haqqında maraqlı rəvayətlər danışılır. Aşıq Ələsgərin

 

Naxçıvan xanları, Şərur bəyləri

Səxada Səmədə qul ola bilməz! –

 

beytin də Səməd ağa Kəsəmənli nəzərdə tutulur. Erməni-müsəlman davalarında onlarla erməni ailəsini labüd ölümdən xilas edib. Ermənilər arasında da böyük nüfuz və hörmət sahibi olduğuna görə 1918-ci ildə toqquşmalara son qoymaq üçün bir qrup ağsaqqal və nüfuzlu şəxslə Basarkeçərə-ermənilər yaşayan kəndə, bölgənin inzibati mərkəzinə gedərək Ermənistan hökumətinin hərbi nümayəndəliyi ilə danışıq aparmaq istəyib. Danışıq vaxtı Ermənistan hərbi dəstəsinin komandiri Səmədağanı təhqir edir. Bu gözlənilməz təhqir Səməd ağanın ürəyinin partlamasına səbəb olur.

5. Abbasqulu bəy  Xanbaba bəy oğlu Şadlinski 1886-cı ilin 24 fevralında Böyük Vedi kəndində doğulub. Atası öldüyündən İrəvan seminariyasında təhsilini yarımçıq qoyub təsərrüfatlarını idarə etməyə gəlir. 1912-ci ildə gizli səsvermə ilə mirab seçilir.

Birinci Dünya Savaşında Rusiyanın məğlub olması ölkədə qarışıqlığı daha da artırdı. Yerli özünüidarə təşəbbüsləri artır. Əhalini quldurlardan, soyğunçulardan qorumaq üçün özünümüdafiə dəstələri yaradılır. 1917-ci ildə Abbasqulu bəy Şadlinski İrəvan quberniyasında dördüncü sahənin komissarı təyin edilir.

Rusiya strateqləri Qafqazın nüfuz dairələrindən çıxa biləcəyindən ehtiyatlanaraq bir neçə yerdə milli zəmində toqquşmalar törədilir. Qafqaz cəbhəsindən geri dönən Rus ordularının silahları ermənilərə verilir. Onlara hər cür köməklik göstərilir. Bundan ruhlanan erməni irqçiləri müsəlmanlar yaşayan kənd və məhəllələrə basqınlar təşkil edirlər.

Böyük Vedi kəndinin əhalisi də Abbasqulu bəyin rəhbərliyi ilə özünümüdafiə dəstəsi yaradır. Çox təəssüf ki, müsəlmanların yaratdıqları özünümüdafiə dəstələrində silah, hərbi sursat azlıq etməsi, dəstə üzvlərinin hərbi təlim görməməsi azmış kimi rəhbərlər arasında da fikir, fəaliyyət birliyi olmur. İndiki Ermənistan Respublikası ərazisindəki onlarla müsəlman yaşayan kəndi erməni silahlı dəstələri 1917-18-ci illərdə dağıdaraq mərkəzi İrəvan şəhəri olan Ermənistan Respublikası qura bilirlər. Yeni yaranmış Ermənistan hökumətinə tabe olan silahlı birləşmələr də irqçilərdən, quldur dəstələrindən  fərqlənmir.

İrəvan quberniyasının əksər kənd və şəhərləri irqçi erməni quldurları tərəfindən dağıdılıb soyqırımına  məruz qaldığı bir vaxtda Abbasqulu bəyin başçılıq etdiyi özünümüdafiə dəstəsi Böyük Vedini iki ilə yaxın qoruyur. Əsasən döyüşlərdən əldə etdiyi silah və hərbi sursatla keçinən vedililər 1920-ci ilin «taxıl biçimində», yəni iyun-iyul aylarında məğlubiyyətin qaçılmazlığını görüb mühasirəni yararaq Şərura, oradan da Şahtaxtı körpüsü vasitəsilə İrana keçirlər.

1920-ci ilin oktyabrın 12-də Naxçıvan Hərbi İnqilab Komitəsinin sədri, Fövqəladə Komissar Bahadur Vəlibəyov A.Şadlinskini öz tərəfdarları ilə birlikdə Naxçıvana  çağırır.

A.Şadlinski Naxçıvana gələrək «Qırmızı Tabor» adı ilə məşhurlaşan silahlı dəstəni yaradır. Bu dəstə Şərurun, Vedibasarın, Dərələyəzin, Zəngəzurun erməni silahlı dəstələrindən təmizlənməsində fəal iştirak edir. Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi 1921-ci ilin mayın 30-da 56 saylı fərmanla 21 nəfəri həmin dövrün ən yüksək mükafatı — «Qırmızı Bayraq» ordeni ilə təltif edir. 1921-22-ci illərdə Naxçıvan Sovet Sosialist Respublikasının 3-cü qornizonunun rəisi işləyən A.Şadlinski sonradan Böyük Vediyə qayıdır. Dəvəli yaxınlığında kirəc mədənini (sonralar bu mədən genişləndirilərək Ararat sement zavoduna çevrildi — Ə.Ş.) işə salır.

Sovetlərin yeritdiyi siyasət əhalini narazı salır. Bir zaman A.Şadlinski ilə birlikdə döyüşən Sovet hökumətinin ordenini alanlardan bir çoxu hökumətə qarşı çıxır. «Qırmızı Tabor»da xidmətinin görə «Qırmızı Bayraq» ordeni almış Fətulla Hüseynovun qaçaq dəstəsi uzun illər Qafqazın hökumət adamlarının narahat etmişdir. Ona görə də xalq arasında böyük nüfuz sahibləri müxtəlif vasitələrlə aradan götürülürdü.

Kollektivləşmə adı altında kəndlilərin var-dövlətlərini əllərindən alırdılar. Ölkəni qiyamlar, itaətsizliklər bürümüşdü. Abbasqulu bəy kimi bir şəxsin belə haqsızlığa dözməyəcəyi məlum idi. Üsyana Abbasqulu bəy Şadlinski başçılıq etsə onu yatırtmaq da çətin olacaqdı. Odur ki, Kərbəlayı İsmayılı 1930-cu ilin əvvəllərində üsyana təhrik edirlər. Sonra da «əhalini qırğında qorumaq üçün» Abbasqulu bəyi Kərbəlayı İsmayılla danışmağa göndərirlər. Üsyançılara isə Abbasqulu bəyin kəşfiyyat və təxribat məqsədilə gəldiyi xəbərini sızdırırlar. Beləliklə, Abbasqulu bəy Şadlinski 1930-cu ilin martın 3-də Cığın dərəsində, Kolanı kəndi yaxınlığında keçmiş silahdaşlarının gülləsinə tuş olur. Döyüş dostu və silahdaşı Xəlil Mehdi oğlu ilə birlikdə öldürülür.

Bir neçə gün sonra üsyan qan içində boğulur. Abbasqulu bəyin və Xəlilin meyitləri qəbirdən çıxarılaraq gətirilib Böyük Vedidə məktəbin həyətində təntənə ilə dəfn edilir.

6. 1988-ci ilədək tüklər yaşayan qəsəbə. 1990-cı ildə adı dəyişdirilib.

7. Fərman İsmayıl oğlu Kərimzadə tarixi romanları ilə məşhurlaşan yazıçı. 1937-ci ilin 3 martında Böyük Vedidə doğulub. Atası İsmayıl Şıxəli oğlu Abbasqulu bəyin silahdaşı olub. Fərman Bakıda rəssamlıq texnikumunu bitirsə də gənc yaşlarından istedadlı, milli şüurlu yazıçı kimi tanınıb. 1988-ci ildə müsəlmanları Ermənistandan zorla qovanda Azərbaycan hökumət məmurlarının cəsarətsizliyini etiraz edərək bir qrup millət vəkili və ziyalı ilə Moskvaya şikayətə gedib. Moskvada hökumət dairələrində, qəzet və jurnallarda ictimai təşkilatlarda olub, müsəlmanların başına açılan oyunlara dair topladığı materiallarla onları tanış edib. Heç bir tədbir görülməyəndə hər şeyin mərkəzdən idarə olunduğunu görərək kor-peşman geri qayıdıb.

Azərbaycanda Ermənistandan gələn qaçqınların yerləşdirilməsi, onların problemlərinin həlli ilə məşğul olmağa çalışıb. Bu işə hökumət məmurlarını laqeyd yanaşdığına dözə bilməyən həssas ziyalının ürəyi 1989-cu ilin 17 martında qaçqınlar arasında dayandı.

8. Məmməd Abbasəli oğlu Abdullayev. 1948-ci ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində doğulub. 1974-cü ildə BDU-nin hüquq fakültəsinin axşam şöbəsini bitirib. Uzun illər Culfada, Naxçıvanda, Bakıda xalq hakimi işləyib. 1 oktyabr 1999-cu ildə Bakıda Azərbaycan Ali Məhkəməsinin hakim kimi işə baxarkən ürəyi dayanıb.

9. Dördüncü Xəlifə Əlinin oğlu 680-ci ildə Kərbəla döyüşündə öldürülən Abbas nəzərdə tutulur. Onun döyüşdə göstərdiyi hünəri tərənnüm edən çoxlu mərsiyə, hekayət və rəvayət var. Şiələr hər il məhərrəm ayında keçirdikləri mərasimlərdə Abbası da yad edir, onu qəhrəmanlığını öyür, faciəli ölümünə ağlayırlar.

10. 1914-cü ildən sonra Osmanlıdan Rusiya İmperiyasına qaçmış ermənilərə verilən ad. Ermənicə qaçqın, köçkün anlamındadır.

11. Osmanlı Sultanlarınla işarədir.

12. Bilas Heydər oğlu Şadlinski 1903-cü ildə Böyük Vedidə doğulmuş, özünümüdafiə dəstəsinin üzvü olmuşdur. 1948-ci ildə Ermənistandan müsəlmanlar Azərbaycana köçürüləndə B.Şadlinski ailəsi ilə Şəmkir rayonuna gəlmiş, 1992-ci ildə orada vəfat etmişdir. Pedoqoji fəaliyyətinə görə bir neçə dəfə orden, medal və fəxri ad almışdır. A.Şadlinskinin Böyük Vedidə abidəsinin ucaldılması üçün uzun illər partiya - sovet orqanlarına müraciət etmişsə də, buna nail ola bilməmişdi.

13. Dərələyəzlə Vedi arasında Türklər yaşayan kənd. Türkiyədən qaçıb yerli ermənilərlə birləşərək Naxçıvanda, Zəngəzurda və Dərələyəzdə müsəlman kəndlərini dağıdan əhalini min bir əziyyətlə öldürən erməni silahlı dəstələri. İrəvanla birləşməyə, oradan yardım almağa can atırdılar. Qış olduğundan Selim gədiyi Göyçə yolu bağlanmışdır. Vedibasar isə Abbasqulu bəyin özünümüdafiə dəstələrinin nəzarəti altında idi. Buradan erməni silahlı dəstələrinin gedib-gəlməsi və ya yardım alması qeyri-mümkün idi. Türklər yaşayan Qaraxaçda 1918-ci ilin dekabrında özlərinə qərargah quran erməni silahlı dəstələri ilk günlər özlərini sakit aparır. Yalnız özlərinə yemək və atlarına arpa-saman almaqla kifayətlənir. Silahlı dəstələrini ətraf kəndlərdə də yerləşdirirlər. Hətta qərargah rəisi, alay komandiri Qazarosun imzası ilə Abbasqulu bəyə məktub göndərərək Şahablı, Qədirli, Çimən, Böyük Vedi və b. kəndlərdə də silahlı dəstələrini və qaçqınları yerləşdirməyi tələb edirlər. Abbasqulu bəy qan tökülməsin deyə dözümlülük göstərir. Erməni silahlı dəstələri Vedidə, Çimənkəndə uğur qazana bilməyəcəklərini görüb Çanaxçı dərəsindəki Şahbalı və Qədirli kəndinə çəkilərək hərbi vəziyyət elan edir, əhalinin gediş-gəlişini əngəlləyir və müsəlmanlarda olan silahları yarı xoş, yarı zor yığırlar. 1919-cu ilin 19 fevralında isə həmin kəndlərdə yerli sakinləri evlərə toplayıb yandırırlar.

Vedidən, Çimənkəndən silahlı dəstələr gəlib, erməniləri oradan  qovsa da, qəddarlıqda ad çıxarmış Vahanı öldürsə də artıq gec idi. Onlarla insan bir güllə atmadan nizə ilə, balta ilə, tonqalda yandırmaqla öldürülmüş, kəndlər tamam dağıdılmışdır. Aşıq Cəlil də orada öldürülmüşdür. Ölümü ilə bağlı rəvayətlər söylənilir. Rəvayətlərin birində də deyilir ki, aşıq Abbasqulu bəyi təriflədiyinə görə sazı ilə birlik 6 iyulda kərmə qalağında yandırılıb.

14. Türklər yaşayan kənd. İndiki Ermənistan Respublikasındadır.

15. Qasım Tağıyev. 1903-cü ilin 14 martında Naxçıvan yaxınlığındakı Nehrəm kəndində doğulub. Kənddəki ikisinifli hökumət məktəbini bitirib. 1920-ci ilin avqustunda Rus-Sovet ordularının Naxçıvana gələn hissəsinə qoşulub komsomol, partiya təşkilatlarında çalışıb. 1970-ci illərdən partiya komsomol veteranı kimi toplantılarda tez-tez çıxış edir. Andranikin törətdiyi qəddarlıqlardan söhbət açırdı. 1987-ci ildə Naxçıvanda vəfat etdi.

16. Mədət Bağırov. 1936-cı ildə Vedi bölgəsindəki Şidli kəndində doğulmuşdur. Savadsız olsa da çoxlu mahnı, şer,  rəvayət bilirdi.

17. Abdulla Novruz oğlu Qurbanov (Qurbani) -1956-cı ildə Şərur rayonun Mahmudkənd kəndində doğulub, Azərbaycan İncəsənət İnstitutunu bitirib. 1980-ci illərdə Naxçıvanda bir çox kütləvi tədbirlərin rejissorluğunu etmiş, «Qırmızı Tabor» muzeyi yaratmışdır. Bir neçə kitabın müəllifidir.

18. Əfruz İsmayıl qızı Kərimova. 1899-cu ildə Şərur - Dərələyəz qəzasının Kərimbəyli kəndində doğulmuş. 1921-ci ildə «Qırmızı Tabor»a qoşulmuş və orada da ailə qurmuşdur. 1946-cı il Şərurun Keşdaz kəndində vəfat etmişdir.

19. İran İslam Respublikası Qərbi Azərbaycan Ostanında qəsəbə. İndi Poldəş adlanır. Şahtaxtı kəndinin qarşı tərəfində Araz çayının sağ sahilindədir.

20. Xəlil Mehdi oğlu Mehdiyev. 1892-ci ildə Böyük Vedi kəndində doğulub.  Vedi özünümüdafiə dəstəsinin ən fəal üzvlərindən olub. «Qırmızı Tabor»un Qırmızı bayraq ordenini alan döyüşçülərindən biri də Xəlil Mehdi oğludur. 1921-ci ildən sonra kənd sovetinin sədri, kolxoz sədri və b. vəzifələrdə işləyib. Kərbəlayi İsmayılın başçılıq etdiyi üsyançılarla danışıqlara gedərkən 1930-cu ilin 3 martında Abbasqulu bəylə birlikdə öldürülüb.


KİTABIN  İCİNDƏKİLƏR

 

Dastanlaşmış ömürlər (H. İsmayılov)..........................................3 

Ön söz.......................................................................................5

Deməyin meydannan qaşdı Mirzalı...............................................7

Hayıfsan, hayıfsan, a Telli Qara.................................................17

Usuf gəldiyini kafır nə bildi........................................................34

Yazıq Süleymanı saldın əngələ...................................................48

Qorxmazam, mən oldum elimdən qaçaq......................................61

Hayıf kı, əməyi zay, Abbasqulu..................................................75


 

Əli Şamil.

Dastanlaşmış ömürlər

Bakı,  “Səda“  nəşriyyatı, 2001.

 

 

 

 

 

 

 

 

 

Nəşriyyat direktoru:                         T.Quliyev       

 

Kompüterdə yığdı:                Vəfa Saleh

                                               Ruhəngiz Əfəndiyeva

                                               Samirə Əlihüseynova

Korrektor:                             Vüsalə

Kompüter tərtibçisi və

texniki redaktoru:                 Baxşəli Süleymanov

 

 

 

 

 

 

 

 

 

Kağız formatı:   84/1108  32/1

Mətbəə kağızı: №1

Həcmi: 96 səh.

Tiracı: 500

Qiyməti müqavilə ilə


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitab Dədə Qorqud adına “Folklor“ EMM-in

kompüter mərkəzində yığılmış,

“Nurlan“ NPM-də ofset üsulu ilə çap edilmişdir.


 

 

 

 

ƏLİ ŞAMİL HÜSEYN OĞLU

(ŞAMİLOV)

 

1948-ci ildə Göyçə mahalının İnəkdağ kəndində (indiki Ermənistan Respublikası) doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, təyinatla Naxçıvandakı “Şərq qapısı“ qəzetində işləməyə göndərilib. Çalışdığı qəzetdə “Elimizin söz boxçası“ səhifəsini açıb, orada folklor materialları verib. Qəzetlərdə, Azərbaycan və Naxçıvan Televiziya və Radiosunda xalq yaradıcılığı ilə bağlı verlişlər hazırlayıb.

1993-cü ildən Azərbaycan Ensiklopediyasında qrup rəhbəri, 1998-ci ildən Azərbaycan MEA Folklor Elmi-Mədəni mərkəzində işləyir. Folklora dair elmi məqalələri Azərbaycanda, İranda, Türkiyədə, Türkmənistanda, İsveçdə və başqa ölkələrdə çap olunub.

 

 

 

 
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol