Türkçülüyün qurbanları (Qazaxıstan)

 

 

 

 

 


Əli Şamil

 

 

 

 

 

 

 

 

 

 

Türkçülüyün qurbanları

(Qazaxıstan)

 

 

 

 

                             Bakı 2013








Redaktor: Nigar Eldar qızı

filologiya üzrə fəlsəfə doktoru

 


 Əli Şamil.

Тürkçülüyün  (Qazaxıstan)

Bakı,«Elm və təhsil», 2013, 164 səh.

(alishamil@yahoo.com)

 

Kitaba 19-20-ci yüzillərdə Rus-Sovet işğalçılarına qarşı döyüş­müş, eləcə də düşmənin güclü olduğunu bilərək onunla əməkdaşlıq et­sə­lər də gizlində xalqının mənafei naminə çalışmış qazax və­tən­se­vərləri və Qazaxıstanın doğusunda, Çin işğalı altında qalmış Do­ğu Türküstanda müstəmləkiçələrə qarşı savaşmış Osman Batur və mil­liyətcə uyğur olsa da Qazaxıstanda döğulmuş, çox gənc yaş­la­rın­da faciəli şəkildə öldürülmüş, şair Lutpulla Mütəllip haqqında mə­qalələr daxil edilmişdir.

 

ISBN-586874-032-7

 

 qrifli nəşr

                       © «Elm və təhsil», 2013

 © Əli Şamil, 2013


 

 

 

 

 

 

 

 

Kitabı Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə həyatlarını qurban verməyə hazır olmuş, lakin müstəqillik qazandıqdan sonra mühacirətə getməyə məcbur edilmiş dostlarıma həsr edirəm!

 

 

 

 

 

 

 

 



 

 

 

 

ÖN SÖZ

 

Q

azaxıstan haqqında ilk dəfə eşitdiklərimi çox dumanlı xatırlayıram. Çünki o vaxtlar çox kiçik idim. Ailəmizdə hamımızın hörmətini saxladığı, eh­tiramla yanaşdığı və “Bəşir əmi” deyə mü­ra­ciət etdiyi Bəşir Rustam oğlunun ailəsindən söz dü­şəndə tez-tez Qazaxıstanı yada salırdılar. Çün­ki Bəşir əminin böyük oğlu Mayıl zorla aparıldığı İkinci Dün­ya Savaşından qaçaraq dağlarımıza sığınıbmış.

Kəndimizin adamlarında qaçaqlara qarşı bir hörmət, sayqı vardı. Onlar çar Rusiyası dövrünün qaçaqlarının da, Sovet hökumətinə qarşı çıxanların da haqqında həvəs və qürurla danışırdılar. Sovetlərin bütün təbliğatları, necə deyərlər, yalnız rəsmi idarələrdə, hökumət məmurlarının yanında eşidilirdi.

Ümumiyyətlə, bizim tərəflərdə daha çox qaçaqlardan və aşıqlardan danışardılar. Qaçaqlıq bir qürur doğuracaq iş, qəhrəmanlıq sayılırdı, onlar haqqında xatirələr, rəvayətlər söyləyirdilər.

Bəşir əminin oğlu Mayıl az müddət də olsa, qaçaqlıq etmiş, ancaq kəndimizdən və ya ətraf kəndlərdən kimisə öldürdüyünü eşitməmişdim. Sovet hökuməti əsarət altına aldığı xalqların azadlıq mübarizəsinə qalxacaqlarından qorxaraq qaçaqlara, ailələrinə, qohumlarına, onlara yardım edənlərə çox sərt divan tuturdu. Belə ki, savaşdan qaçan Mayılı da öldürməklə kifayətlənməmişdi. Onun bacı-qardaşlarını, hətta analığını da Qazaxıstana, atası Bəşir Rüstəm oğlunu da başqa yerə sürgünə göndərmişdi. Sürgündə Bəşir əminin kiçik oğlu Ələmdar ölsə də, anaları Gülbayaz, ata bir ana ayrı qardaşları Ərzuman, Ənvər, bacıları Gilas, Gülbəs eləcə də Bəşir Rustam oğlu Qazaxıstandan çətinliklə kəndimizə dönə bilmişdi.

Qazaxıstan bir sürgün yeri olaraq gündəmdən düşməmiş “xam torpaqlar” kimi aktuallaşmışdı. 1960-cı illərdə bizim kənddən də “xam torpaqlar”da müvəqqəti işləməyə, ailələrinə çörəkpulu qazanmağa gedənlər olurdu. Onlar geri döndükdə iş şəraitinin çətinliyindən nə qədər gileylənsələr də, görüşdükləri, ünsiyyətdə olduqları qazaxlardan xoş xatirələr danışırdılar.

Onların söhbətlərindən qazaxların bizimlə anlaşıqlı dildə danışdıqlarını, islam dininə inandıqlarını öyrəndim. Onlardan öyrənə bilmədiyim yalnız bu idi ki, qazax çölləri nədən boş qalmış, “xam torpağ”a çevrilmişdir. 1960-cı illərdə SSRİ-nin hər yerindən “komsomol putyovkası”, “tələbə inşaat dəstəsi”, “sürgün” adı altında “xam torpaq”ları əkib-becərməyə yüz minlərlə insan göndərilirdi. Ailəsini dolandırmaq üçün, iş tapmaq üçün müvəqqəti, müqavilə ilə işləməyə gedənlərin sayı da az deyildi.

Qəribəsi bu idi ki, kəndimizdə işçi qüvvəsi çatışmayanda qonşu Çәmbәrәk (Krasnıselo) rayonunda yaşayan malakanları müqavilə ilə gətirib taxıl biçinində, ot biçinində işlədirdilər. Amma öz kəndimiz­dən olanlara müqavilə ilə iş vermirdilər. Ona görə də kəndimizdən fiziki cəhətdən sağlam, işgüzar gənclərin bəziləri də çox vaxt yaz-yay aylarında Qazaxıstana müqavilə ilə işləməyə gedirdilər. Çox vaxt onlar haraya gedəcəklərini, iş tapıb-tapmayacaqlarını bilmədən oraya yola düşürdülər.

Uzun illər beynimdə dolaşan bu suala çox-çox sonralar cavab tapa bildim. Anladım ki, Rusiya bu yerləri işğala başlayandan sonra yüz minlərlə qazağı məhv edib. Özünü dünya füqәrasının, kasıb-küsubunun himayədarı elan edən, insan haqlarının qoruyucusu kimi göstərən, millətlər arasında bərəbərlik yaradacağını vəd edən Sovetlər, hakimiyyətə gəldikləri ilk gündən sinfi mübarizə, vətəndaş müharibəsi adı altında yüz minlərlə insanı məhv edib. Varlıların var-dövlətini əlindən alaraq ölkəni yoxsulluq girdabına soxdular. Bu azmış kimi 1920-ci illərin sonlarında kollektiv təsərrüfat yaratmaq istəyilə milyonlarla heyvanın baxımsızlıqdan, aclıqdan qırılmasına səbəb olub. Qazaxların əsas dolanışıq mənbəyi olan qoyun sürüləri məhv edildiyindən minlərlə qazağın aclıqdan, soyuqdan ölmələrinə səbəb olub. Sonralar oxuduğum qaynaqlardan öyrəndim ki, 1917-1929-cu illərdə aclıqdan, xəstəlikdən, silahlı basqınlardan ölən qazaxların sayı dörd milyona çatır.

Universitetdə oxuyanda artıq qazaxların Qıbçaq soyundan gəldiklərini, türklərin bir qolu olduğunu bilirdim. Ali məktəbi bitirib Naxçıvan vilayət partiya komitəsinin qəzetində işləyəndə bir neçə dəfə Qazaxıstana getməyi planlasam da, maddi durumum buna imkan vermədi.Əksər azərbaycanlı kimi mənim də içimdə qazaxlara qarşı bir ehtiram, məhəbbət vardı.

Bir hadisəni unuda bilmirəm. Həmişə oturub-durub Sovet dövrünü tərifləyən Suliddin Qasımlı yeni nəşr etdirdiyi kitabını mənə bağışladı. Suliddinlə eyni illərdə jurnalistika fakültəsində oxumuşuq. 1990-cı illərin sonlarında da bir təşkilatda –  Azərbaycan Ensiklope­diya Nəşriyyat Birliyində çalışmışıq.

Kitabı səhifələyərkən diqqətimi şairin 1970-ci illərdə yazdığı “Qa­zax qardaşım, traktorçu Tanabaya” şeiri diqqətimi cəlb etdi. Kom­munist partiyasının üzvü olub-olmadığını bilmədiyim, kom­mu­nist partiyasını tərifləyən Suliddin bəyə millətçiliklə yoğrulmuş şeirini göstərərək: “kommunistsinizsə, nədən belə millətçi şeirlər yazıb­sınız, beynəlmiləlçilikdən uzaqlaşıbsınız?” – deyə xəbər aldıqda o, gülümsəyərək: “Kitabı diqqətlə oxusan, ondan da millətçi şeirlərlə rastlaşa­caqsan. Sənə qalsa, məni pantürkist də elan edəcəksən!” – cava­bını verdi.

Az keçmədi Suliddin Qasımlının kitabı haqqında Bakı Dövlət Universitetinin magistrlərindən birinin məqaləsini oxudum. O, şairin türkçülük ideyalarının təbliğindəki rolunu yüksək qiymətləndirmişdi. Demək istədiyim odur ki, özünü kommunist, beynəlmiləlçi sayanlarımızın da daxilində həmişə bir millətsevərlik şüuru hakim olmuşdur. Bunu kitaba daxil etdiyimiz məqalələrdə də oxucularımız aydın görəcəklər. Belə ki, Rusiyaya – Sovetlərə xidmət edənlər, onlarla iş birliyində olanlar da milli məsələ gələndə özlərini saxlaya bilməmiş, millətini müdafiə etmiş, həyatlarını təhlükəyə atdıqlarını görsələr də, yollarından çəkilməmişlər.

Yaxın tariximizlə maraqlandıqda görürdüm ki, azərbaycanlıları Qazaxıstana yalnız sürgünə, həbsxanalara göndərməyiblər. 1920-ci illə­rin sonlarında xeyli partiya-sovet işçisi də Qazaxıstana və Qırğızıs­tana rəhbər vəzifələrdə işləməyə göndərilib. Çox-çox sonra­lar bildim ki, 1916-cı ildə başlayan xalq üsyanından sonra bölgədə ziyalılara da divan tutulub. 1927-1929-cu illərdə isə hətta Sovetlərə xidmət edən, onlar üçün işləyən qazax-qırğızların böyük bir qisimini də millətçilikdə suçlayıb həbsə atdıqlarından kadr qıtlığı yaranıb.

1986-cı ildə Almatıda Sovet hökumətinə qarşı baş qaldırmış üsyan yatırılanda, yüzlərlə insanın məhv edildiyini, izsiz-soraqsız yoxa çıxarıldığını eşidəndə də bərk narahat oldum. Lakin oraya gedib kədərimi onlarla bölüşə bilmədim. Dost-tanış arasında Sovetlərin işğalçı siyasətini qınamaqla qaldım.

Qazaxıstana getməyə can atmamın səbəbi sürgünə göndərilmiş axısqa türkləri, xüsusən də Aşıq Xəstə Hasanın nəslindən olanlarla görüşmək idi. Universitetin son kursundan axısqalı Xəstə Hasanın şeirlərini toplamağa başlamışdım. Bu həvəsi məndə 1972-ci ildə Türkiyədən Gürcüstanın Keşəli kəndində yaşayan bacısını görməyə gəlmiş karslı aşıq İslam Ərdənər oyatmışdı. Bütün ciddi-cəhdlərimə baxmayaraq Xəstə Hasanın nə ömür yolunu öyrənə bilirdim, nə də şeirlərini toplaya bilirdim. Azərbaycan aşıqlarının böyük qismini tanı­sam da, onlar bu işdə mənə yardımçı ola bilmirdilər. İstər aşıq­la­rı­mı­zın, istərsə də aşıq yaradıcılığını öyrənən araşdırıcılarımızın bu möv­zuda yetərincə bilgisi yox idi.

Ağbabalı aşıq İsgəndər Gülməmmədovla tanışlıqdan sonra Xəs­tə Hasan haqqında bilgilərim artdı. Tez-tez Qazaxıstana sürgün olu­nan­la­rın toy-düyünlərində çalıb-oxumağa gedən İsgəndər Gülməm­mə­dov Xəstə Hasanın şeirlərini çalıb-oxumaqla yanaşı, Çıldır-Axısqa böl­gə­sinin aşıqlarını yaxşı tanıyan, aşıq havalarını yaşadan, bir sözlə, aşıq mühiti haqqında çox bilgisi olan birisiydi.

İlk dəfə Xəstə Hasanın nəslindən olanların Almatı yaxın­lı­ğın­da­kı Talqar şəhərində yaşadığını Aşıq İsgəndərdən eşitdim. O, sonralar bi­zim aramızda bir körpü oldu. Bu “körpüdən” yararlanıb Xəstə Ha­sa­nın ömür yolunu öyrənməyə, şeirlərini toplamağa çalışdım.

Xəstə Hasanın nəslindən olanlarla görüşə bilməyim 2007-ci ildə müm­kün oldu. Elmi simpozyumlardan tanıdığım Balıkəsirli, Azər­bay­can siyasi mühacirətinin araş­dırıcısı Səbahəttin Şimşir xanımı Na­hidə Şimşir ilə birlikdə Almatı şəhərindəki Abay adına Pedaqoji Uni­ve­rs­itetinə müəl­lim işləməyə getmişdilər.

Təşkilatçılıq bacarığı ilə seçilən, oraya gedən kimi “Abay Yıl­lı­ğı” adlı məqalələr toplsu çap etdirən Səbahəttin bəy 2007-ci il mayın 16-20-də Almatıda bir simpozyum da təşkil etdi. “Birinci Ulus­lar­ara­sı Ortak Dəyərlər Simpozyumu” adlanan toplantıya Azərbaycandan Ba­kı Dövlət Universitetinin professoru Vaqif Soltanlı və mən də qatıl­mış­dıq. Bü­tün xərcləri ödənən simpozyuma getməklə Xəstə Ha­sa­nın sürgündə olan qo­humları ilə görüşdüm.

Görüşün təşkilatçısı isə Almatıda o zaman kiçik bir yeməkxana işlə­dən, Naxçıvandan tanıdığım, xalq hərəkatı fəallarından Elçin Ab­ba­sov oldu. O, sürücüsü uyğur olan bir maşın kirələyib bizi Almatı­dan təxminən 70-80 kilometr aralıdakı Talqar şəhərinə, Xəstə Ha­sa­nın nəslindən olanlarla görüşə göndərdi.

Səfərimiz uğurlu alındı. Aşıq İsgəndər Ağbabalı vasitəsilə qiyabi tanış olduğum və məktublaşdığım Murtuza Tursunovun evinə getdik. Onun süfrəsində çörək kəsdik. Xəstə Hasan mövzusunda xeyli söhbət et­dik. Sonra arxivindəki Xəstə Hasanla bağlı materialları da alıb gəl­dik. Mən Xəstə Hasan kitabını çapa hazırlasam da, institumuzdakı bə­zi səbəblərdən kitabın nəşri ildən-ilə təxirə salınaraq 2012-ci ilədək yuba­dıldı.

“Axısqalı Xəstə Hasan” gec çap olunsa da, kitaba maraq böyük ol­du. Az sonra Elçin Abbasovun səyi və işgüzarlığı nəticəsində “Axıs­qalı Xəstə Hasan” kitabı Almatıda yaşayan Xəstə Hasanın qohum­ları tərəfindən təkrar nəşr olundu.

Bu məni Türkiyə Radiosunun Türkiyənin səsi və Azərbaycan İcti­mai Radiosunun birgə hazırladığı “Qorqud Ata” proqramında səs­lən­dirilmiş verilişlərini yenidən gözdən keçirməyə həvəsləndirdi. “Türk dünyasının məşhurları” rubrikası altında gedən bu verilişlərin bə­zi­ləri üzərində işləyib qəzet-jurnallara məqalələr yazmışdım. Qazax­lar haqqında yazdıqlarımı yenidən gözdən keçirdim. Bəzi məqa­lə­ləri yenidən redaktə etdim, bəzilərini də yeni faktlarla zəngin­ləş­dirdim.

İnzibati ərazi bölgüləri adətən dəyişkən olur. Kitabdakı məqa­lə­lər­də hadisələrin bəzən bu günkü Qazaxıstan Respublikasının sər­həd­lə­rindən kənarda cərəyan etməsi oxucunu çaşdıra bilər. 19-cu yüzilin son­la­rı, 20-ci yüzilin əvvəllərində Rusiya İmperiyası qazaxların əsa­sən toplu halda yaşadıqları əraziləri Türküstan, Həştərxan, Kazan, Oren­burq (bu quberniya bəzən də sadəcə Çol və ya Çol quberniyası ki­mi də yazılır. Bu quberniyanın böyük qismi Başqırdıstan Cüm­hu­riy­yәtinә daxildir. – Ə.Ş.) quberniyaları arasında bölmüşdü. Buna gö­rə də qazaxların muxtariyyat uğrundakı mübarizəsi adı çəkilən qu­ber­ni­ya­larda gedirdi.

Kitabı hazırlayarkən təkrarçılıqdan qurtarmaq üçün məqal­ələr­də­ki ­bəzi faktları ixtisar etdik. Rus və Avropa qaynaqlarında qazax­la­rın ad və soyadları qazaxlardakı kimi deyil, öz dillərinin qaydalarına uy­ğun yazılır. Biz isə dillərimizdə eyni səslərin olduğuna görə və qa­zax­la­ra sayqı olaraq haqqında söhbət açdığımız adamların ad, ata adı, so­ya­dı və toponimləri onlarda olduğu kimi yazmağa çalışdıq. Onu da xatır­la­dım ki, türk xalqlarında insanlar daha çox ad, ata adı və mən­sub olduqları tayfanın adı ilə tanınırlar. Ruslarda isə nəsli bildirən, so­nu “ov”, “yev”lə bitən familiya daha çoxdur. Onlar Rusiya əsarətində olan türk, müsəlman xalqlarının övladlarını qeydiyyata alanda, haq­qında yazanda familyalarını öz dillərinə və sistemlərinə uy­ğun­laş­dır­mış­lar. Beləcə  Kenesarı Qasım ulu (yəni oğlu, qıbçaq qrupuna daxil olan türklər oğlu sözünü ulu, ulı kimi yazırlar – Ə.Ş.) Kenesarı Ka­sı­mo­va, Əli xan Bökeyxan ulu Alixan Bukeyxanova, Mustafa Şokan ulu Mustafa Çokanova və b. çevrilmiş olur. Ona görə də məqalə­lə­ri­miz­də eyni adamın ad və soyadının fərqli yazılışına rast gəlinəcəkdir.
Qazaxıstanla Azərbaycan uzun illər Rusiya İmperiyasının, son­ralar da SSRİ-nin tərkibində olduğundan sıx iqdisadi, siyasi, mədəni əla­qə­ləri olmuşdur. Lakin bizim haqqında söhbət açdığımız insan­lar­dan uzun illər nəinki Azərbaycanda, hətta Qazaxıstanda da ya heç ya­zıl­ma­mış, yazılanlarda isə onların əsil fəaliyyətlərinə kölgə salın­mış­dır.
Türk xalqları ilə əlaqələrimdən xəbərdar olan şair Əhməd Oğuz 1995-ci ildə məni Azərbaycan Radiosunda veriliş hazırlamağa dəvət etdi. Mənəvi təlabatımı ödədiyinə görə qonararının azlığını dü­şün­mə­dən razılaşdım. Beləcə hər ay bir dəfə otuz dəqiqəlik veriliş ha­zı­rl­­a­mağ­a başladım. “Qonaq eldən gələr” adlanan bu verilişdə mən hər də­fə bir türk xalqının tarixindən, mədəniyyətindən, insanlarından söh­bət açırdım. Səyahətlərdə, xarici ölkələrdə qatıldığım sem­po­z­yum­larda görüşdüyüm insanlardan aldığım müsahibələri dostların gön­dərdiyi lentlərdəki musiqi parçaları ilə bəzəyərək verilişi maraqlı et­mə­yə çalışırdım.
Azərbacan radiosunun ötürücüləri zəif olduğundan hazırladığım veriliş­lər istədiyim təsiri göstərmirdi. Azərbaycana tez-tez gələn TRT Tür­ki­yәnin Sәsi Radiosu Azәrbaycan Verilişlәri Redaksiyasının rәh­bә­ri Seyfəddin Altaylı da rodiomuzun qüsurlarını görür və jur­nalist­lərin əməyinin səmərəli olmamasından narahat olurdu. Var gücü ilə çalışırdı ki,  Azərbaycan jurnalistlərinin vətənpərvərlik mövzusunda hazırladığı yazıları, radio verilişləri geniş yayılsın. Onun illәr uzunu yaratdığı dostluqlar, apardığı danışıqlar öz bәhrәsini verdi vә hәyata keçirmәk istәdiyi layihəsinin reallaşmasına imkan yarandı. 2007-ci ildә Bakıda Türk Dünyası Qurultayı keçirilәrkәn, onun sәylәri nәticәsindә TRT-nin rəhbərliyi özünün də iştirakıyla, Azərbaycan Radiosu və Azərbaycan İctimai Radiosu ilə müqavilə bağladı. Müqavilə şərtlərinə görə  gündə bir saat birgə veriliş hazırlanıb efirdə səsləndiriləcəkdi. Verilişləri, müqavilə bağlayan tərəflərin hər biri öz vəsaiti hesabına hazırladacaqdı. Beləcə verilişləri, Azərbaycanın ötürücüləri vasitəsilə cumhuriyyәtimizin ərazisində, TRT-nin ötürücülərinin texniki imkanları güclü olduğundan isə dünyanın hər yerinə yayacaqdılar. Beləliklә istər Azərbaycan Dövlət Radiosu, istәr Azərbaycan İctimai Radiosu heç bir vəsait ödəmədən gündə bir saat da olsa, şərikli hazırlanmış verilişlərini dünyanın hər yerinə yaymaq imkanı qazanacaqdı.
2008-ci ildәn qәdәm götürәn vә ayda bir dәfә hәr iki radio ilә aparılan ortaq verilişlәr ilin axırına kimi davam etdi. Hәmin ilin avqust ayında yenә Seyfәddin Altaylının sәylәri ilә Azәrbaycanın hәr iki radiosu ilә әlavә protokol imzalandı. Bu protokola әsasәn 2009-cu il yanvar ayının 1-dən hәr gün olmaqla ortaq canlı verilişlәr başlanmalı idi. Azərbaycan İctimai Radiosu müqavilə şərtlərinə əməl edərək, Seyfәddin Altaylının adını qoyduğu “Qorqud Ata” adlı ortaq veriliş başladı. Azərbaycan Radiosu ilə bağlanmış müqavilə isə pozuldu.  Seyfəddin Altaylı bundan bərk əsəbləşdi, çünki o, Türkiyә ilə qardaşı olan Azәrbaycanın müstәqilliyinin möhkәmlәnmәsini, dövlәtçiliyinin çiçәklәnmәsini hәr şeydәn üstün tuturdu, bunu müstәqillik dövründә vә müstәqillikdәn sonrakı zamanda da öz әmәllәri ilә sübut etmişdi. Uzun müddət əziyyət çəkib rəsmiləşdirdiyi, üstәlik Azәrbaycan üçün әvәzsiz önәmi olan, dövlәtimizin dünya miqyasında tәbliğatına imkan yaradacaq bu önәmli layihәsi çox asanlıqla pozulmuşdu. Özü də bu işi pozan uzun illər Seyfəddin Altaylı ilə dostluq edən, millətçi kimi tanıdığımız bir insan idi.
TRT ilə Azərbaycan İctimai Radiosunun birgə proqramı olan “Qorqud Ata” rubrikasında mənə Seyfәddin bәy tәrәfindәn həftədə bir dəfə on üç-on dörd dəqiqəlik  “Türk dünyasının məşhurları” verilişini aparmaq tapşırıldı. Bu verilişdə mənim qarşıma Sovet təbliğatının məşhurlaşdırdığı insanları deyil, əsasən milləti üçün böyük işlər görmüş, lakin hakim rejimlər tərəfindən məhv edilmişləri tanıtmaq tapşırıldı. Beləcə türk xalqlarının millətsevər insanları haqqında bilgilər toplayaraq dinləyicilərə çatdırmağa çalışdım.
Mən təkcə radio verilişlər hazırlamaqla qalmadım, milləti və vətən üçün fədakarlıq edənləri oxuculara da tanıtmağa çalışdım. Düşündüm ki, müstəmləkəçiliyə qarşı mübarizədə eyni yolu keçmiş xalqlarımızın tarixini öyrənməklə oxucularımızın Qazaxıstana və qazaxlara diqqəti bir az artar.
Bu kitaba daxil edilən məqalələr də TRT və Azərbaycan İctimai Radio­sunun birgə proqramı olan “Qorqud Ata” rubrikasında səsləndirilmiş verilişlər və qəzet-jurnallarda çap olunmuş məqalələr əsasında hazırlanmışdır.

 

 

 

 
 
 

 

 


 

 

SONUNCU QAZAX XANI KENESARI QASIM OĞLUNUN ŞƏRƏFLİ ÖLÜMÜ

 

Кенесары Қасымұлы Rus işğalçılarına qarşı sa­vaş­da şəhid olmuş son qazax xa­nı  Kenesarı haqqında çox az ya­zı­lıb, yazılanların böyük bir qis­mi­ni da işğalçı dövlətin siya­sə­tinə xidmət edənlərin yarın­maları təşkil edir. Bolşe­vik­lər 1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də – Ə.Ş.) silahlı üsyan yolu ilə hakimiyyəti ələ aldıqdan son­­ra keçmişə, xüsusən də keç­­­miş­də­ki idarəçilik siste­mi­nə qarşı güçlü təbliğat başladı. Çox təəs­süf ki, bu təbliğatda da səmimi olmadılar. Sinfi mübarizə adı altında çarlara və ha­kim təbəqəyə qarşı yönəltdikləri bu təb­li­ğat əməldə veli­ko­rus şovinizmindən, müstəmləkəçilik si­ya­sətindən uzaq ol­ma­dı.

 Sovetlər zamanında rus çarlarının yeritdiyi siyasət, on­ların idarəetmə üsulları tənqid edilsə də, işğal altına alınmış xalq­ların azadlıq mübarizəsi obyektiv öyrənilmədi. Bu sə­bəb­dən də qazax xalqının qəhrəman oğlu  Kenesarı Qasım oğlu lazımınca tanıdılmamışdı.

Nəsil şəcərəsi Çingiz xana bağlanan Ablay xanın nəs­lin­dən olan Qasım xanın 1802-ci ildə doğulan oğluna  Kenesarı adı qoyurlar. Lakin sonralar onun adı və soyadı qaynaqlarda Kine Sarı Soltan, Kenesarı Qasımov kimi yazılır. Kenesarı do­ğulanda gündən-günə güclənən Rusiya artıq qazaxların bö­yük bir qismini öz təsiri altına salmışdı. Rusiya karvan yol­ları üzərində tikdiyi qalalar, bu qalalarda saxladığı əsgəri bir­lik­lər vasitəsilə ticarətə nəzarət edir, tacirlərdə xərac top­la­yır­dı.

Lakin Rusiyanın yeni işğal etdiyi böyük əraziləri tam əldə sax­laya biləcək qədər nə ordusu, nə də o yerləri idarə edə bilə­cək sayda məmurları vardı. Buna görə də öncə Hin­dis­tan­dan və Çindən gələn karvan yollarını nəzarətdə saxlamaqla kifa­yətlənir və yerli xanlara təsir göstərsə də, onların daxili işlə­rinə qarışmırdı.

1715-ci ildən etibarən Rus əsgəri birlikləri və qalalardakı silah­lı dəstələr vasitəsilə qazax xalqının ata-baba yurdunda yaşa­mağına əngəl törətməyə, yaylaq, qışlaq köçlərinin niza­mı­nı pozmağa başlayır. Yerli xanlar odlu silahlarla təchiz olun­muş, qalalarda möhkəmlənmiş Rus əsgəri birliklərini və­tən­lərindən qova bilmədiklərindən onlarla danışıqlar aparır, sülh müqavilələri bağlayırdı. Belə bir sülh müqaviləsi 1731-ci ildə Rusiyaya daha yaxın bölgədə yaşayan, qazaxların Ki­çik juzunun (cuz) (Qazaxlar üç juza (cuz), yəni tayfaya bö­lü­nür. Bu juz-tayfalar Böyük juz (cuz), Orta juz (cuz), Kiçik juz (cuz) adlanır. – Ə.Ş) xanı Əbül Xeyri ilə bağlanır. Mü­qa­vi­lə şərtlərinə görə xanlıq Rusiya imperiyasının işğal dai­rə­si­nə daxil edilir.

1750-ci ildən sonra Rusiya qalalarının sayını sürətlə artı­ra­raq təsir dairəsini daha da genişləndirir. Beləliklə, qazax­la­rın Orta və Böyük juzu da Rusiyanın əsarəti altına düşmür. La­kin xalq bununla razılaşmaq istəmir. Kiçik dəstələr şək­i­lin­də, pərakəndə də olsa, ruslara müqavimət göstərir.

Zəifləmiş, mərkəzi hökumətlərini itirmiş xalqlar onların torpaqlarını Rusiyanın getdikcə daha çox işğal etməsinə, hərəkətlərinin məhdudlaşdırılmasına etiraz etsələr də, güclü düşmənə qarşı sərt və qəti mübarizə apara bilmirdilər. 1785-1797-ci illərdə Kiçik juzdan Batır Sırım adıyla məşhurlaşan Sı­rım Datoğlunun öndərliyi ilə Rusiyaya qarşı üsyan baş qal­dırır. Rusiya üsyanı qəddarlıqla yatırır. Bundan sonra qa­zax­lar İsatayın rəhbərliyi ilə yenidən ayaqlanırlar. Üsyan dalğası sü­rətlə bölgəni bürüyür. Üç il davam edən bu üsyan rusların İsatayı aldadaraq öldürmələrilə başa çatır.

Kenesarı doğulandan 10 il sonra isə Bökey Ordada müqavimət hərəkatını başlayır. 1822-ci ildə Rusiya Kiçik və Orta juzda xanlıq idarəetmə sistemini ləğv edir. 1827-ci ildə Bökey Ordakı müqavimət hərəkatı, 1836-37-ci illərdə İ.Taymanov və M.Ötemişovun başçılıq etdiyi üsyanlar da Rusiyanın hakim dairələri tərəfindən qan içində boğulur.

Lakin bütün bunlar xalqın iradəsini qıra, azadlıq eşqini söndürə bilmir. Az sonra qazax çöllərində Rusiya əleyhinə yeni bir hərəkat – ayaqlanma başlanır. Bu hərəkata son qazax xanı Kenesarı başçılıq edir.

Atası Qasım xan və böyük qardaşı Sarcan xan öldükdən sonra milli mübarizənin başına keçən Kenesarı 1820-1830-cu illərdəki üsyanlardan özünə dərs götürür və yeni taktika seçir. Rusiyanın gündən-günə gücləndiyini, qalalarını möh­kəm­lətdiyini, ordusunu, təchizatını yaxşılaşdırdığını gördüyü üçün başqa bir taktika seçir. Yaxşı bilirdi ki, nizami ordu, mərkəzləşmiş hakimiyyət olmadan düşmənə qalib gəlmək olmaz. Buna nail olmaq üçün gücünü iki istiqamətə yönəldir: Birincisi, rus əsgəri birliklərinə, qalalarına və karvanlarına qəflətən basqın edir, qənimətləri götürüb gözdən yayınmaqla güc toplamaq. İkincisi, qazaxlar arasında mövcud olan tay­fa­ları (Böyük, Orta və Kiçik juzları), eləcə də Türküstandakı ki­çik hökumətləri bir mərkəzdə birləşdirmək.

Kenesarı Qasım oğlu rusların aldadaraq öldürdüyü İsatayın döyüşçülərini də öz tərəfinə çəkir. Onun başladığı hərə­kat ilk günlər nə işğalçılara qarşı savaşı, nə də üsyanı xa­tır­ladır. Kenesarının dəstəsi sanki bir yolkəsən, quldur dəs­təsi idi. Onlar rus qalalarının zəiflərini, karvanların az mü­ha­fizə olunanını seçərək oraya basqın edirdilər. Basqını uğurla ba­şa vurduqdan sonra qəniməti də götürüb geniş qazax çöl­lərində “yoxa” çıxırdılar.

Rus əsgəri birlikləri Kenesarının dəstəsini axtara-axtara əl­dən düşür, sonra da uğursuzcasına geri dönürdülər. Bəzən ge­ri dönərkən gözlənilmədən ortaya çıxan qazaxlarla döyüş­mə­li olurdular. Belə gözlənilməz döyüşlərdə isə məğ­lu­biy­yətdən yaxa qurtara bilmirdilər.

 Bu döyüş taktikası ilə Kenesarı həm silah və hərbi sursat əl­də etmiş olur, həm də rus əsgəri birliklərini bir səksəkə, qor­xu içində yaşamağa məcbur edirdi. Bir-birindən min kilo­metr­lərlə uzaq olan qalalara ərzaq, hərbi sursat aparan kar­van­lara basqın edərək “yoxa çıxan” Kenesarı xan haqqında əfsa­nələr dolaşmağa, xalq mahnıları yaranmağa başlayır. Qa­zax­lar onun timsalında müdafiəçilərini, xilaskarlarını görür və ətrafında toplaşmağa başlayırlar. Be­ləcə, Kenesarı xanın silahlı dəstəsi gündən-günə böyü­dük­cə yerli xanlar və hakimlər də onunla hesablaşmalı olurlar. 1841-1845-ci illər Kenesarının Rusiyaya qarşı apardığı mübarizənin ən yüksək mərhələsi olur. Bu illərdə o, cəsur və qorxmaz bir döyüşçü, bacarıqlı sərkərdə, mahir siyasətçi və diplomat olduğunu göstərir.

Kenesarı səriştəli, uzaqgörən bir lider idi və bu məziyyət döyüşlərdə onun qələbə çalmasına köməklik göstərirdi. Hələ 35 yaşında ikən Aktav ətrafında rus qoşunları ilə qarşılaşır və düşməni məğlub edərək xeyli miqdarda silah-sursat əldə edir. Bu qələbə onu yeni açıq döyüşlərə ruhlandırır. 1838-ci il aprelin 26-da Akmola qalasına hücuma keçərək qısa mühasirədən sonra oranı alır.

Kenesarının bu qələbəsi Rusiyanın hakim dairələrini bərk na­rahat etsə də, hücumlarının qarşısını da ala bilmirlər. Onun rəh­bərlik etdiyi dəstələr Akmoldan Torqaya qədər olan əra­zini Rusiya işğalından azad edərək güneyə doğru irəliləyir.

Kenesarı döyüşləri qələbə ilə başa vurmaq üçün daxildə sərt intizam yaratmağa çalışır. Ruslarla işbirliyində olan boy – tayfa bəylərini cəzalandırır, həmçinin qonşuluqdakı kiçik xanlıqlarla möhkəm diplomatik münasibətlər yaradır. Güneydəki Buxara Əmirliyi, Çin ilə diplomatik və dostluq münasibətləri qurur. Orduda da islahatlar aparır. Nizami ordu və kəşfiyyat təşkilatı yaradır.

Orta və Kiçik juzu özünə tabe etdikdən sonra Kenesarı bütün qazaxların xanı elan edilir. Beləcə o, 1841-45-ci illərdə Qazaxıstanın ərazisinin böyük bölümünü idarə edir. Bu səriştəli, uzaqgörən xan ruslarla apardığı bütün döyüşlərdən qələbə ilə çıxır. Xivə xanı və Buxara Əmiri də ona hərbi yardımlar etməyə başlayırlar.

Ruslar 1844-cü ildə böyük qüvvə toplayaraq hücuma hazırlaşır. Kenesarı onunla ittifaqa girməyən, ruslara yardım göstərə biləcək Kokand xanını cəzalandırmaq üçün 1845-ci ildə yürüşə başlayır. Bundan xəbər tutan ruslar quzeydən, Baykal gölü tərəfdən qəfil hücuma keçir. Ruslarla Kokand xanlığının hərbi qüvvələri arasında mühasirədə qalan Kenesarı qardaş xalqa – qırğızlara müraciət edir.

Lakin istəyinə nail ola bilmir. Çünki ruslar qırğızları ön­cədən inandıra bilir ki, Çinlə ittifaqa girmiş Kenesarı xan Ko­kand xanlığını məğlub etdikdən sonra qırğızların üzərinə hü­cum edəcək. Düşmənin bu hiyləsinə inanan qırğızlar Kenesarıya kömək etməməklə həm qazaxların, həm də özlərinin Rusiya işğalı altına düşməsinə şərait yaratmış olurlar.

Qazaxların milli şüurunun oyanmasına böyük təsir gös­tər­miş Kenesarı xan 1845-ci ildə rus ordusunun mühasirəsinə dü­şür. Böyük ümid bəslədiyi dini bir, dili bir qırğızlardan kö­mək ala bilmir. Məğlubiyyətin qaçılmaz olduğunu görsə də, döyüşü davam etdirir. Hər zaman mərdliklə döyüşən sərkərdə bu dəfə də prinsipinə sadiq qalır. Böyük Qazax çöllərini, dağlarını yaxşı tanıyan, mühasirəni yararaq qaçmaq im­kanı olan Kenesarı Qasım oğlu sonadək döyüşü davam et­di­rir.

Odlu silahlarla təchiz olunmuş, toplardan istifadə edən rus or­dusu qəhrəmanlıqla döyüşən qazax əsgəri birliyini dar­ma­da­ğın edir, onun cəsur rəhbəri Kenesarı xan Qasım oğlunu dö­yüşdə öldürtdürür. Bununla da qazaxlar yenidən Rusiyanın əsa­rətinə düşür.

Kenesarı xan vətən, millət və din uğrunda şəhid olur. Qa­zax xalqı Rusiyanın əsarətini qəbul etməyə məcbur olsa da, iş­ğalçılara qarşı zaman-zaman üsyanlar, etiraz hərəkatları baş qal­dırır. 1918-ci ildə qurmuş olduqları Alaş Orda dövlətini bol­şeviklər dağıdırlar.

Son ayaqlanma isə 1986-cı ilin dekabrında Almatıda baş ve­rir. Həmin gün yüzlərlə insan şəhid olsa da, onların qanı yer­də qalmır. Bu ayaqlanma SSRİ deyilən nəhəng impe­ri­ya­nın yaxınlarda çökəcəyindən xəbər verirdi. Nəhayət, azadlıq ax­taran xalqlar istəklərinə nail olurlar.

Almatı ayaqlanmasından sonra SSRİ-nin tərkibindəki res­pub­likalar suverenlik aktlarını imzaladılar. Beləcə, Qa­za­xıs­tan da 1991-ci ildə müstəqilliyinə qovuşur, Kenesarı xan Qa­sım oğlunun arzuları 146 il sonra reallaşır.

 

(Bu yazı TRT Türkiyənin səsi və Azərbaycan İctimai ra­dio­sunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2011-ci il fev­r­a­lın 3-də efirdə səsləndirilmiş verliş (www.trtazerbaycan.com) və “525-ci qəzet”in 7 dekabr 2011-ci il sayında çap olunmuş “So­nuncu Qazax Xanı Kenesarı Qasım oğlunun şərəfli ölü­mü” məqaləsi əsasında hazırlanmışdır).

 

RUSLARA XİDMƏT EDƏN VƏTƏNPƏRVƏR

XAN NƏVƏSİ ŞOKAN VALİXANOV

 

Ч. Ч. Валиханов.Qazaxlar onun ad və soya­dı­nı Şokan Şınğıs ulı Uəlixan ki­mi yazırlar. Ruslar isə sə­nəd­lərdə Şokan və Çokan Va­li­xanov kimi yazdıqlarından dün­yanın çox yerində onu bu ad və soyadla tanıyırlar.

 Orta juzda doğulan Şo­ka­nın qulağına əzan oxuyan Ab­lay xanın şəxsi həkimi, qa­zaxlar arasında Maral baba kimi tanınan Kalkay İşan ona Mühammad Hanafi adının verildiyini yazırlar. Vətəninin ağır günlərə düşdüyünü, xalqının güzəranının getdikcə pisləşdiyini görən Kalkay İşan istəyridi ki, VII yüzildə Ərəb çöllərində Məhəmməd peyğəmbərin xalqı üçün etdiklərinə bənzər bir işi də Ablay xanın nəvəsi görsün.

Bu şirin və xoş bir arzuydu. Zaman isə başqa bir zamandı. Şokana atası Şınğıs (Çingiz) Soltan oğluna xan övladlarına layiq bir təhsil verməyə çalışırdı. Onun üçün şəxsi müəllimlər və məşqçilər təyin etmişdi. Özü isə oğluna adət-ənənələri, nəslinin keçdiyi tarixi yolu öyrədirdi. Şokanın nənəsi Ayxanım oğlu Şınğıs (Çingiz) Soltanın təlim-tərbiyəsinə necə diqqət yetirmişdisə, nəvəsinə də eləcə diqqət yetirirdi. Şınğıs (Çingiz) Soltan qazax tarixi və ədəbiyyatını dərindən bilməklə kifayətlənmir, Sibir türklərinin miflərini, əfsanələrini, rəvayətlərini, dastanlarını, nağıllarını, geyim-keçim, məişət əşyalarını toplayır. İşğalçı rusların köləsi kimi deyil, xalqına bağlı bir ruhda böyüdüyünə görə Ayxanın tərəfini tutan soltanlar və bəylər Şınğısı (Çingiz) 1834-cü ildə “böyük soltan” elan edirlər. 1935-ci ilin noyabrında isə “böyük soltan” elan edilən Şınğısın (Çingiz) oğlu Şokan dünyaya gəlir.

Qazax çöllərində Sırımbetdə dünyaya gələn Şokan uşaqlığını indiki Kustanay vilayətinin Kuşmurun qışlağında keçirir. Sonra isə ailəsi ilə birlikdə Kökçe dağa köçür. Onun uşaqlıq illəri Kenesarı Qasım oğlunun Ruslara qarşı qazaxları ayaqlandırdığı bir vaxta təsadüf edir. Nədənsə Şokanın aliəsi ruslara qarşı bu döyüşlərdə fəal iştirak etmir.

Şokanı 12 yaşında Omsk şəhərindəki Kadet korpusuna oxumağa göndərirlər. Çar ordusu üçün kadrlar hazırlayan bu tip məktəblərə yalnız əsilzadələrin uşaqları qəbul edilirdi. Təhsil illərində F.N.Kostilevski, P.B.Qonsevski kimi təcrü­bəli pedaqoqlardan dərs alır, gələcəyin məşhur etnoqrafı, folklor­çusu və səyyahı Q.N.Potanin və N.F.Anneniski ilə bir sinifdə oxuyur. Rus dili ilə yanaşı, fransız və alman dillərinin incəliklərini də öyrənir. Son sinifdə oxuyanda İ.N.Beryozinin xahişilə “Toxtamış xanın tamğalatı” mövzusunda ilk elmi məqaləsini yazır.

1853-cü il noyabrın 8-də Kadet korpusunu bitirən Şokan Valixanovu Sibirdəki Rus-Qazax Süvari Alayının şeypurçular bölüyünə komandir təyin edirlər. Türküstanda yaşayan türklərin ləhcələri ilə yanaşı, ərəb və fars dillərini bilməsi, iti yaddaşı, xüsusən dil öyrənmək marağı Şokanı tezliklə hərbçilər arasında məşhurlaşdırır.

Çara sui-qəsd təşkil etdiklərinə görə məsuliyyətə cəlb edilmiş, Rusiya tarixində “petraşevçilər” kimi tanınanların bir qismi Sibirə sürgün edilmişdi. 19 yaşlı Şokan 1854-cü ildə sürgündə olan psixoloji romanlar müəllifi F.M.Dostoyevski və şair S.F.Durovla tanış olur. Şokan Dostayevski ilə sonradan Semplatinskdə də görüşür.

Batı Sibir valisi, general qubernator Qustav Qasfort onu özünə yavər götürür. Yüksək rütbəli hərbçilər onun məharəti haqqında rəhbərliklərinə raportlar yazırlar. İşğal dairəsini Doğuya genişləndirmək istəyən Rusiya rəhbərlərinin diqqətini belə bir kadrın olması dərhal çəkir. Ondan gələcəkdə işğal etmək istədikləri ölkələr haqqında bilgi toplamaqda istifadə etmək qərarına gədikləri üçün hərbi strateji araşdırmalar qrupuna daxil edirlər. Sonra isə Müdafiə və Daxili İşlər Nazirliklərinin Asiya departamentində işlədirlər.

Soykökünün Çingiz xana bağlılığı, müsəlman olması, çox din bilməsi Şokan Valixanova şans verirdi ki, Doğu Türküstanda rahat və sərbəst dolaşsın, yerli hakimlərin saraylarına yol tapa bilsin.

1855-ci ildə onu qazaxların və Sibir türklərinin Yeddi su, rusların Semireçye adlandırdıqları bölgəyə və Kokand xanlığına gedən ekspedisiyanın tərkibinə daxil edirlər. Şokana öncə Batı Sibir xalqlarını, onların adət-ənənəsini, dünyagörüşünü öyrənmək tapşırılır. O, tapşırığı istənilən kimi yerinə yetirir. Topladığı materiallar Rusiya hərbiçilərinə və hökumət məmurlarına bir kəşfiyat materialı kimi yarayırdısa, alimlər də onun folklorçuluq və etnoqraflıq məharətinə heyran qalırdılar.

1856-cı ilin aprelində, yəni 21 yaşında İli çayı boyunca elmi heyətlə birlikdə ekspedisiyaya göndərilir. Çarı çayının İliyə qovuşduğu yerə, Karqaralıya gəlir. Mayın 26-da manasçılarla görüşür. Üç gün, üç gecə məşhur “Manas” dastanını dinləyir. Kuketay xan haqqında olan qolu toplayır. Bu dastanın ilk yazıya alınmış hissəsi olur.

Şokan Valixanov yalnız “Manas” dastanını toplayıb rus dilinə çevirməklə kifayətlənmir, “Kozı Korpeş və Bayan Slu” dastanını da elm aləminə qazandırır.

Şokan Valixanovun rəssamlıq qabiliyyəti olduğuna görə o getdiyi yerləri yalnız sözlə təsvir etmir, qələm və fırça ilə də şəkillər çəkir. Fotonun geniş yayılmadığı bir dövrdə şəkillər Rusiya xüsusi xidmət orqanları üçün olduqca vacib olan materiallar sayılırdı. Onun vaxtilə çəkmiş olduğu Cuban ananın məzarüstü rəsmindən sonralar abidənin bərpasında istifadə edilmişdir.

1857-ci il fevralın 21-də Şokan Valixanov P.P.Sem­yono­vun zəmanətilə Rus İmperator Coğrafiya Cəmiyyətinə üzv qə­bul edilir.

Rusiya Türküstanın böyük bir qismini – Qazax çöllərini işğal etsə də, Böyük Britaniya Hindistanı tutsa da, Çin isə Doğu Türküstanı ələ keçirmək üçün dəridən-qabıqdan çıxsa da, işğal altına aldıqları ərazilərlə kifayətlənmir, yeni torpaqlar tutmağa çalışırdılar. Onlar arasında yeni ərazilər ələ keçirmək üçün qarşıdurma dərinləşirdi.

Türküstan torpaqlarında Rusiyanın da, Böyük Britaniyanın da, Çinin də gözü vardı. Lakin bölgə haqqında bilgi yetərsiz idi. Oraya gedən yolların vəziyyəti, əhalinin milli tərkibi, hakimiyyət orqanlarına münasibəti və s. haqqında geniş bilgi olmadığından bölgəyə əsgəri birliklər yeridilməsi yubadılırdı. Rusiya lazımı kəşfiyyat bilgiləri əldə etmək üçün böyük bir ticarət karvanı təşkil edirdi. Şokan Valixanov da bu karvana qatılır.

Rusiya hökumətinin xüsusi tapşırığı ilə bölgəni öyrənən, çoğrafiyaçı alim, səyyah kimi məşhurlaşan, Rus İmperator Coğrafiya Cəmiyyətinin sədr müavini (1873-1914) Pyotr Petroviç Semyonov-Tyanşanski (14.01.1827-11.03.1914) ilə Şokan Valixanov 1856-cı ildə tanış our.

Doğu Türküstanın batısındakı Qulcudə olmuş, o yerləri öyrənmiş Şokan Valixanovu Rusiyanın xüsusi xidmət orqanları Kaşqara göndərməyi qərara alır. Hazırlanmış karvan 1858-ci il iyunun 28-də yola çıxır. Qazaxların Yeddi çadır, rusların Semipalatinski adlandırdıqları bölgəni keçib Kaşqara gedən karvana “tacir” Şokan Valixanov rəhbərli edir. Çingiz xanın nəslindən olması və ağllı və səbirli davranışı onu ölümün pəncəsindən qurtarır. Şokan Valixanov 1859-cu il aprelin 12-də Kaşqar haqqında zəngin məlumatla geri dönür.

Onun gətirdiyi məlumatlar və özünün davranışı quberniya sərhədlərini aşaraq mərkəzi hökumətə də çatır. Buna görə də Müdafiə Nazirinin göstərişi ilə Şokan Valixanov 1860-cı ilin əvvəllərində Peterburqa göndərilir. Paytaxtda onu yüksək səviyyədə qarşılayırlar. Çar II Aleksandr onu Müqəddəs Vladimir ordeni ilə təltif edir. Hərbi rütbəsi yüksəldilir. Çar ordusunun Baş ştabında Orta Asiya və Doğu Türkistanın xəritəsini hazırlayan qrupda işə götürülür. Lakin burada işləməsi o qədər də uzun sürmür. May ayında Xarici İşlər Naziri, knyaz A.M.Qorçakovun zəmanətilə Asiya departamentində işə qəbul edilir.

Peterburqda yaşadığı iki il müddətində Şokan Valixanov professor A.N.Beketovla, Rus İmperiya Coğrafiya Cəmiyyətinin jurnalına redaktorluq edən, diplomat, publisist E.P.Kovalevski ilə, universitet müəllimi, alim, milliyətcə Azərbaycan türkü olan, xristianlığı qəbul etdiyinə görə Aleksandr adını götürmüş Məhəmmədəli Kazım bəylə, İ.N.Berezinlə, V.P.Vasilyevlə, V.V.Qriqoryevlə və b. ilə görüşür, elmi fəaliyyətində onlarla məsləhət alır. Bir ara Parisə də gedir.

Şokan Valixanov qısa müddətdə Orta Asiya, Doğu Tür­küs­tan və Sibiri Peterburqda ən yaxşı bilən mütəxəssis kimi tanı­nır. Ensiklopediyaya “Ablay” məqaləsini yazır, Kaş­qar­dan gətirdiyi “Təzkirə-i Boqrax”, “Təzkirə-i Xocaxan” əl­yaz­malarını elmi ictimaiyyətə tanıdır, şair və yazıçılarla gö­rü­şür, onların söhbətlərində iştirak edir.

“Muhamməd Heydər Dualtın “Tarix-i Rəşidi” əsərini dün­ya elminə qazandıran Şokan Valixanovun Peterburqda ictimai təşkilatlarla yaxınlıq etməsi, demokratik fikirli ziyalılarla tez-tez görüşməsi hökumət dairələrinin də diqqətindən yayınmır.

1861-ci ilin mayında vətənə dönən Şokan Valixanov yenə də elmi-ictimai fəaliyyətini davam etdirir. 1862-ci ildə isə Atbasar dairəsinə soltan secilir. Lakin generel –qubernator onu bu vəzifəyə təsdiq etmir.

Dünyagörüşünün genişlənməsi, biliyinin artması, oturub-durduğu adamlardan eşitdikləri onun Rusiya hökumətinin işğalçı siyasətini dərindən anlamasına köməkçi olur. Kokand xanlığına 1864-cü ilin mart-iyun aylarında hücum edən rus ordusunun tərkibində Şokan Valixanov da olur. Hərbçilərin dinc əhaliyə tutduqları divanı gördükdə dözə bilmir. Onların qəddarlığını durdura bilməyəcəyini görüb geri dönür.

Şokan Valixanov Rusiya hökumətinə xidmətdə yanıldığını başa düşərək hərbidən istefa verib Məkkə ziyarətinə getmək istəyir. Lakin bu ziyarət baş tutmur. 1865-ci il aprelin 10-da Taldı Kurqan vilayətinin Alınamel aşırımında dünyasını dəyişir.

Avropa tipli ilk qazax rəssamı, “Böyük Orda qazaxları”, “Sartay tayfasından olan Sarı Baqış”, “Burumbayın portreti” və b. tabloları çəkən, “Cunqirya oçerkləri”, “Qırğızlar”, “Çin imperiyasının batısı və Qulca şəhəri” və b. əsərlərin müəllifi 29 yaşında dünyasını dəyişir. Əsərləri isə yaşayır.

 Onun fəaliyyətindən işğalçılar, hökumət dairələri xalqları əsarət altında saxlamaq məqsədilə istifadə ediblər. Xeyirxah insanlar isə onu bir alim, arşdırıcı kimi tanıyıb və tanıdıblar.

Bədxahların işləri unudulmaqda və pislənməkdədir. Şokan Valixanov yaradıcılığı isə dünya mədəniyyətinə verdiyi xeyirlə ölçülür. Ona görə də vətənində adının əbədləşdirilməsi üçün xeyli iş görülmüşdür.

 

 (TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2012-ci il avqustun 16-da efirdə səsləndirilmiş verlişin mətni. www.trtazerbaycan.com).

 
 

 

CUCİ XANIN NƏSLİNDƏN OLAN ƏLİ XAN BÖKEYXANOVUN TALEYİ

 

http://memory.pvost.org/pics/bukejhanov.jpgQazaxların adı və soyadını Əli xan Bökeyxan, Əli xan Bükeyxan ulu yazdıqları halda ruslar onu Alixan Bukeyxanov kimi tanıtmışlar. Dünyanın çox yerində, hətta eyni soylu xalqlar arasında belə onun ad və soyadı rus dilin­də olduğu kimi yazılır. Qay­naqlar onun nəslinin Çin­giz xanın nəvəsi Cucuyə bağlı olduğunu göstərir. Doğum tarixini 1866-cı il, 1869-cu il, 1870-ci il kimi yazırlar.

Rusiya İmperyiasının inzibati ərazi bölgüsünə görə Əli xan Nurmuhammed ulu Bökeyxanov Orenburq quberniyası Semiplatinski (Yeddi çadır) vilayəti Karqaralı qəzasının Tokrayın nahiyəsində doğulmuşdur.

Nurmuhammed xan oğlu Əlinin təhsil alması üçün özəl müəllimlər tutmuş, sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərmişdir. 1879-1886-cı illərdə bu məktəbdə oxuyan Əli xan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövrkü general-qubernatoru Q.A.Kolpa­kovs­­kinin köməyi ilə Omsk Texniki Məktəbinə da­xil olur. 1890-cı ildə məktəbi bitirib Sankt-Peterburqa ge­də­rək Peterburq İmperator Meşəçilik İnstitunun iqtisadiy­yat fa­kül­təsinə qəbul olunur.

Peterburqdakı mədəni mühit ilk günlər onu olduqca hey­rətlən­dirir. Rusiyanın mərkəzi quberniyalarının Qazaxıstanla mü­qayisəyəgəlməz inkişafı bir vətənsevər kimi Əli xanı düşünməyə vadar edir. O, da xalqının dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi yaşamasını arzulayır.

Oxuduğu kitab və qəzet-jurnallardan, tez-tez görüşüb söh­bət etdiyi demokratik fikirli rus ziyalılarından öyrənir ki, Av­ropa ölkələri istər mədəni, istər iqtisadi cəhətdən Rusiyadan çox irəlidədir. Ona görə də Rusiyanın imkanlı, tərəqqipərvər insan­ları övladlarını oxumağa oradakı ali məktəblərə gön­dər­məklə kifayətlənmir, özləri də tez-tez səfərə çıxır, Avropada yaşa­mağa üstünlük verirlər.

Rus ziyalılarının qərbmeyilliyi Əli xan Bökeyxanova təsir edir. Ölkəni islahatlar yolu ilə dəyişdirmək istəyənlərə qoşulur.

Tələbəlik illərində Rusiyadakı idarəetmə sistemini tənqid et­diyinə, əsarət altında olan xalqların hüquqlarının tap­dan­dı­ğı­nı dilə gətirdiyinə görə adı jandarma idarəsinin “qara siyahı”sına düşür.

1894-cü ildə ali məktəbi başa vurub Omsk şəhərinə qayıdıqdan sonra Əli xan Bökeyxanov Meşə Təsərrüfatı Məktəbində riyaziyyat müəllimi işləməyə başlayır.

Xalqının dünyanın inkişaf etmiş ölkələrinin əhalisi ilə müqayisədə çox geridə qalmasının səbəblərini və bu geriliyi aradan qaldırma yollarını axtarmaq üçün aulları, bölgələri gəzir, müxtəlif insanlarla görüşür, onlarla fikir mübadiləsi edir. Belə səfərlər ona xalqının yaşam şərtlərini, adət-ənəsini, tari­xini, etnoqrafiyasını, folklorunu, düşüncə tərzini öyrən­məyə şərait yaradır.

Onun marağından və araşdırmalarından xəbər tutan Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir şöbəsi Əli xan Bökeyxanovun gücündən və bacarığından istifadə etməyi qərara alır.

1896-cı ildə Əli xan Bökeyxanovu Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir şöbəsinə həqiqi üzv seçirlər. Cəmiyyətə həqiqi üzv olması onu elmi axtarışlara həvəsləndirməklə yanaşı, bir çox alimlərlə və ziyalılarla yaxından tanış olmasına da şərait yaradır.

Rusiya hökuməti Güney Sibirin təbir sərvətlərinin istisMariya nail olmaq üçün F.A.Şerbinin rəhbərliyi altında bir ekspedisiya göndərir. Bu ekspedisiya bölgə ilə tanış olacaq, oradakı insanlarla ünsiyyət yararada biləcək, bir sözlə, həm bələdçilik, həm araşdırma apara biləcək birisinə ehtiyac duyur. F.A.Şerbin Əli xan Bökeyxanovu 1904-cü ildə ekspedisiyaya cəlb edir.

1903-cü ildə Peterburqda nəşr olunan “Rusiya. Vət­əni­mi­zin tam coğrafi təsviri” çoxcildliyinin (1899-1914-cü illərdə 19 cild halında çap olunmuşdur. – Ə.Ş.) 18-ci cildindəki “Böl­gədə yaşayan qazax-qırğız əhalisinin etnoqrafiyası, mədə­niy­yəti və məişəti” adlı məqaləni Əli xan Bökeyxanov ya­zır. Məqalədə qazaxların məşhur “Kozı-Kopreş və Bayan” dastanı da ilk dəfə geniş təhlil edilir.

1905-ci ildə məşhur qazax ədibi Abayın, yəni İbrahim Kunan­bayevin ölümü münasibətilə “Semiplatinskiy listok” qəzetin­də çap etdirdiyi məqaləsində ilk dəfə şairin yaradıcı­lığı­nın özəlliklərini ortaya qoyan Əlixan Bökeyxanov 1907-ci ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir Şöbə­si Semiplatiniski Bölməsinin “Zapiski” (Qeydlər) jurna­lın­da çap etdirdiyi portret oçerklə Abayı rusdilli oxucuya tanıt­mış olur.

Rusiyanın geri qalmış bir aqrar ölkə olması vətən­daşlar­ı­nın çoxunu narahat edirdi. Onların çoxu geriliyin səbəbini mo­nar­xiya idarəçiliyində görürdülər. Ölkənin islahatlara böyük ehtiyacı vardı. Lakin islahatlar çox ləng aparılırdı. Buna görə də ölkədə konstitusiyalı monarxiya tərəfdarlarının sayı gündən-günə artırdı. İkiqat zülm altında qalan əsarət altına alınmış xalqların vəziyyəti isə daha çətin idi.

1905-ci ildə Rus-Yapon savaşını Rusiyanın uduzması vəziyyəti daha da gərginləşdirdi. Ölkəni bir itaətsizlik, mitinqlər, etirazlar dalğası bürüdü. 19-cu yüzildə Avropada görünməyə başlayan “kommunizm kabusu” Rusiyada özünə daha çox tərəfdar tapmağa başladı. İnqilabi yolla dəyişiklərə çan atanların sayı da gündən günə artdı. Əli xan Bökeyxanov mərkəzdən uzaqlarda olsa da, oxuduğu qəzet və jurnallardan, dostlarından aldığı məktublardan ölkədə baş verənləri diqqətlə izləyirdi.

1905-ci ildə tarixə “Karqaralı petisiyası” adı ilə daxil olan hökumətə etiraz məktubunu hazırlanmasını təşkil edən Əli xan Bökeyxanov qısa bir zamanda on dörd min beş yüz nəfərin imzasını toplayıb petisiyanı hökumətə göndərir. Bu onun ictimai-siyasi fəaliyyəti haqqında Peterburqda, Moskva­da və b. şəhərlərdə yaşayan demokratik fikirli ziyalıla­rın xəbər tutmasına səbəb olur.

Ölkədə narazılığın artması hökumət orqanlarını islahatlar aparmağa məcbur edir. 1862-ci ildə Almaniyanın Drezden şəhərində anadan olan, Qrodno (1902) və Saratov (1903-06) vilayətlərində qubernator işləmiş P.A.Stolipin 17-19-cu yüzillərdə Avropanın bir sıra ölkələrində keçirilən aqrar islahatlarla yaxından tanış idi. O, bu islahatların Rusiyada da həyata keçirilməsini istəyirdi.

1906-cı ildən Daxili İşlər Naziri və Nazirlər Şurasının səd­ri olan P.A.Stolipin sərt cəza tədbirləri və aqrar islahatları ilə yaddaşlara hopmuşdur. O, Rusiyanın mərkəzi quber­ni­yalarındakı az torpaqlı, narazı, üsyana hazır kəndliləri Sibirə, Tür­küstana, Qafqaza köçürərək böyük torpaq sahələri ver­məklə onları sakitləşdirmək və həm də bununla bölgələrdə ruslaş­dırma siyasətini gücləndirmək istəyirdi. Lakin bu islahatlar, sərt cəzalar da Rusiyanı gerilik bataqlığından çıxarmırdı. Əslində bunlar ciddi deyil, kosmetik islahatlar təsiri bağışlayırdı.

Ölkədəki qarışıqlığı sakitləşdirmək üçün çar II Nikolayın 1905-ci ilin oktyabrında imzaladığı manifest söz, mətbuat, toplantı azadlığına şərait yaratdı. Siyasi partiyaların qurulmasını sürətləndirdi. 1905-ci ilin oktyabrında Moskvada Konstitusiyaçı Demokrat Partiyasının birinci qurultayı çağırıldı (Bu partiya əsasən rus dilində qısaca Kadetlər partiyası kimi tanındı. – Ə.Ş.). Əli xan Bökeyxanov da bu qurultaya qatıldı.

Az sonra, yəni 1906-cı ilin yanvarında keçirilən ikinci qurultay proqram və nizamnaməni təsdiqləməklə yanaşı, P.N.Milyukov, S.A.Muramtsev, M.A.Maklakov, P.B.Struve və b. partiyanın rəhbər heyətinə seçdi. Rusiyanın əsarət altına aldığı xalqların bir çox öndərləri də bu partiyaya daxil oldular. İslahatlar yolu ilə Rusiyanı Avropanın inkişaf etmiş dövlətləri sırasına çıxaracaqlarına inanan bu insanlar bölgələrdə də partiyanın təşkilatlarını yaratdılar.

1906-cı ilin yanvarında Bakıda da partiyanın təsis yığın­cağı keçirildi. Fabrikantlardan K.İ.Xatisov, M.Q.Alibekov, S.L.Şifrin, neft sənayeçilərindən S.S.Taqianosov, knyaz İ.İ.Dadiani, gəmi sahibi F.F.Skrepinski, Bakı şəhər Duma­sının qlasnılarından İ.Hacınski, İ.Səfərəlibəyov, “Kaspi” qəze­tinin redaktoru Ə.M.Topçubaşov və yerli ziyalıların bir neçəsi büroya seçildilər. Yeni yaranan təşkilatın yerli nümayəndələrinin elə ilk gündən Qafqaza muxtariyyat tələb etməsi fikir ayrılığına səbəb oldu və onları nümayəndələrin tərkibindən çıxardılar.

Əli xan Bökeyxanovun təşkilatçılığı ilə Konstitusiyaçı Demokrat Partiyasının Uralsk şəhərində təsisi qurultayı keçirildi. Qurultayda qazaxlar, başqırdlar, tatarlar iştirak etsələr də, orada muxtariyyat tələbi irəli sürülmədi. Bundan xəbər tutan xüsusi xidmət orqanları Əli xan Bökeyxanovu və onun məsləkdaşlarının bir qismini qırğız (o dövrdə Qazaxıstan, qazax adı çox az işlədilirdi. Qazaxlar əsasən qırğız kimi tanıdılırdı. Buna görə də biz sənədlərdə olduğu kimi qırğızlar, Qırğızıstan yazanda bu qazaxlar, Qazaxıstan kimi də qəbul edilməlidir. – Ə.Ş.) siyasi hərəkatının rəhbəri kimi həbs edir. Lakin üç aydan sonra onları həbsdən azad etməli olurlar.

Akmolla vilayətindən Birinci Dövlət Dumasının seç­kiləri­nə qatılan Əli xan Bökeyxanov seçimdə uğur qazanır. Du­manın toplantılarında fəallığı ilə seçilir, Dumadakı Çançılar fraksiyasına üzv olur. Çar II Nikolay Dövlət Dumasını buraxdıqda deputatlardan bir qismi Vıborqa toplaşaraq etiraz bəyan­naməsi imzalayırlar. Bəyannaməyə Əli xan Bökey­xanov da imza atır.

Əli xan Bökeyxanov Kadet partiyasının üzvü kimi Omskda nəşr olunan “İrtış”, “Omiç”, “Qolos stepi” qəzetlə­rinə redaktorluq etməklə yanaşı, 1908-ci ildə menşeviklərin “Tova­riş” qəzetininə də rəhbərlik edir, Kadetlərin Peterburq­dakı “Reç”, “Slova” nəşrlərinə də müntəzəm məqalələr göndərir.

Fəal ictimai-siayasi mövqeyinə görə onu 1908-ci ildə yenidən həbs edirlər. Bir müddət Semiplatinsk və Pavlodar həbsxanalarına saxladıqdan sonra Samaraya sürgün edirlər. Təqib və həbslər gənc vətənsevəri ruhdan salmır. “Yeni ensiklopedik sözlük” və “Müasir dövlətlərdə milli hərəkatın forması” toplusunda “Qazaxlar” elmi-siyasi məqaləsini çap etdirir.

Qaynaqlar onun Peterburqdakı masson tipli “Çeramka”nın (bəzi qaynaqlarda bu “Polyarnaya zvezda” da adlanır) lojasına da daxil olduğunu və təşkilatın Samaradakı bölməsini yaratdığını, bu təşkilatda da gələcəkdə Müvəqqəti Hökumətə rəhbərkik edəcək A.F.Krenski ilə tanış olduğunu yazırlar. Fransız massonları ilə sıx əlaqədə olan Rusiyadakı “Kiçik ayıcıq” masson qrupuna adətən Krenskinin təşkilatı deyilirdi. Əli xan Bökeyxanovun masson lojasına daxil olması onu Rusiyanın konstitusiyaçı monarxiya tərəfdarları ilə sıx bağlayır.

 Sürgündə olmasına baxmayaraq 1913-cü ildə Ahmet Baytursunov və Mirjakıp Dulatovla birlikdə “Kazax” qəzetinin nəşrini təşkil edə bilir. Əli xan Bökeyxanov və məsləkdaşları qısa bir zamanda qəzeti milli ziyalıların ideoloji mərkəzinə çevirirlər. Qəzetlərdə açıq imza ilə və “Qır balası”, “Stepniyak”, yəni Çöllü oğlu təxəllüsü ilə “Duma partiyası”, “Duma və qazaxlar”, “Avqust Bebel” və b. məqalələr çap etdirir.

Sürgündə də siyasi fəaliyyətini davam etdirən Əli xan Bökeyxanov 1914-cü ilin iyununda keçirilən Ümumrusiya Müsəlmanları Qurultayının da fəal təşkilatçılarından biri olur. O, Dövlət Dumasında müsəlman deputatlarının fraksi­yasının təşkilatçılarından və fraksiyanın büro üzvü olmaqla yanaşı, 1912-17-ci illərdə Kadetlər partiyasının Mərkəzi Komitəsinin üzvü kimi də siyasi fəaliyyətini davam etdirir.

1915-ci ilin avqustunda Xalq Azadlıq Partiyasının Samara Quberniya Komitəsinə üzv seçilən Əli xan Bökeyxanov 1916-cı ildə Ümumrusiya Əkinçilər Qurultayının təşkilatçı­ları sırasında mühüm işlər görür. Həmin qurultay yaradılması planlaşdırılan Sibir Respublikasının tərkibində Qazaxıstana muxtariyyat verilməsini qərara alır.

1917-ci ilin fevralında çar II Nikolay taxtdan uzaqlaşdırı­laraq Müvəqqəti Hökumət qurulur. Hökumətdə Kadetlər aparıcı mövqe tutur. Partiyanın liderlərindən olan A.F.Krenski hökumətə rəhbərlik edir. Müvəqqəti Hökumət yeni idarəetmə sistemi qurmağa çalışır. Müvəqqəti Hökumətin Məclisinə türk-müsəlmanlardan Sədri Maksudi, Muhammedjan Tınışbay və Əli xan Bökeyxanov qəbul edilir. Onlar məclisdə azlıq təşkil etdiklərindən millətləri üçün gərəkli heç bir qərar qəbul etdirə bilmirlər.

Əllərindən zorla alınan torpaqları geri qaytarmaq, rusların bölgəyə axınının qarşısını almaq, müsəlmanların haqlarını müdafiəsinə nail olmaq üçün türküstanlılar 1917-ci ilin aprelində Müsəlman Konfransını çağırdılar. Müsəlmanların haqlarının qorumaq məqsədilə konfransda Türküstan Mərkəzi Şurası yaradılır ki, sonra bu təşkilatın adı dəyişdirilərək Milli Mərkəz adlandırılır.

1917-ci il mayın 14-24-də Moskvada IV Dövlət Dumasının müsəlman nümayəndələri və türk ziyalıları, siyasi xadimləri Rusiya Müsəlmanlarının Konfransını keçirirlər. Konfrans çox gərgin keçir. Gərginliyə səbəb isə milli mədəni muxtariyyat, mədəni muxtariyyat və müstəqillik tərəfdarları­nın fikirləri üzərində qətiyyətlə durmaları idi.

 Əli xan Bökeyxanov masson lojasındakı, Kadetlər parti­ya­­sı­nın fəaliyyətinə və A.F.Krenski ilə şəxsi münasibətinə görə Turqay vilayətinə Müvəqqəti Hökumətin Komissarı təyin edilir.

Lakin az keçmir ki, Əli xan Bökeyxanov “Mən Kadetlər partiyasından niyə çıxdım?” məqaləsini çap etdirir. Məqalədə göstərir ki, çar II Nikolay hakimiyyətdən uzaqlaşdırılsa da, masson qardaşları və Kadet partiyasının rəhbərliyi imperiya təfəkküründən əl çəkməmişdir. Onlar əsarət altına alınmış xalqların azadlığa qovuşmalarına əngəl törədirlər.

Əli xan Bökeyxanov muxtariyyata nail olmaq üçün siyasi qüvvələrlə danışıqlar aparır, ortaq məxrəcə gələcəkləri nöqtələri axtarırdı. 1917-ci ilin iyul ayında onun rəhbərliyi və təşkilatçılığı ilə Birinci Ümumqazax Qurultayı çağırılır və Alaş (Hərəkat öz adını qazaxların əfsanəvi atası Alaş xandan almışdır. Qızıl Ordanın bir adı da Alaş Ordasıdır – Ə.Ş.) xalq hərəkatı əsasında 1906-cı ildə yaradılan Konstitusiyaçı Demokrat Partiyasının Omsk qrupunun üzvlərinin çoxu yeni yaradılan milli Alaş Partiyasına daxil olur. Bu partiya yarandığı ilk gündən qazax-qırğızların muxtariyyatına nail olmağa çalışır.

Bolşeviklər 1917-ci il oktyabrın 25-də Müvəqqəti Höku­məti silah gücünə hakimiyyətdən uzaqlaşdırır və noyabrın 28-də (yeni təqvimlə dekabrın 11-də – Ə.Ş.) Kadetlər partiya­sını “xalq düşmənlərinin partiyası” elan edərək fəaliy­yətini yasaqlayır. Ökədə irticanın baş qaldırdığını görən Kadetlər gizli fəaliyyətə keçirlər. Baş verənlər qazaxların milli qüvvələrinin böyük əksəriyyətinin Alaş Partiyası ətrafında birləşməsini sürətləndirir. Alaşçıların hakimiyyəti ələ alan Sovetlərin antidemokratik hərəkatını kəskin tənqid etdiklərindən bolşeviklərlə aralarında dərin ixtilaf yaranır.

Çimkənd, Almatı, Bökeyevski Orda, Türküstan, Ka­zalinsk, Kokçetav, Akmolla müqavimətsiz Sovetlərin əlinə keçir. Lakin Orenburq, Uralsk, Semiplatinsk bölgələrində Sovetlərə qarşı güclü müqavimət hərəkatı başlayır. O dövrdə Orenburq qazaxların mərkəzi sayılırdı.

1917-ci il dekabrın 5-13-də Orenburq şəhərində keçirilən II Ümumqırğız Qurultayında qazaxların necə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri geniş müzakirə olunur. Çoxluğun səsverməsi ilə Alaş Orda Muxtariyyatının qurulduğu elan edilir. Yeni hökumətin Müvəqqəti Xalq Şurasına 25 nəfər seçilir. Bölgədə yaşayan bütün xalqların Müvəqqəti Xalq Şurasında təmsil olunması üçün 15 yer qazax-qırğızlar, 10 yer isə burada yaşayan başqa xalqlar üçün ayrılır. Əli xan Bökeyxanov hökumətin rəhbəri seçilir. Əslində Qazaxıstan əslində iki yerə bölünmüşdü. Batı tərəfin lideri Əli xan Bökeyxanov idisə, doğu bölməsinə Amangəldi İmanov rəhbərlik edirdi. 1905-06-cı il üsyanlarının fəal iştirakçısı, 1916-cı il üsyanının rəhbərlərindən biri olan Amangəldi İma­nov (3.4.1873-18.5.1919) 1918-ci ildə Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına keçdiyindən Albi Jangildin­lə birlikdə Sovetlərin mövqeyini müdafiə etdi.

Daşkənddə isə silah gücünə hakimiyyəti ələ alan Sovetləri isə yalnız əsgərlər və dəmiryolçular müdafiə edirdilər. Əllərində silah hərbi güc olan Sovetlər erməniləri də səfərbərliyə alaraq şəhərdə müsəlamanların kütləvi qırğınını təşkil etdilər. Hakimiyyəti ələ alan yerli əhali arasında proletariy­yat, fəhlə sinfi olmadığını bəhanə edən bolşeviklər müsəlmanları hökumətin idarə edilməsinə yaxın buraxma­dılar. Türküstan Sovet Komissarlığının yürütdüyü bu siyasət Moskva­nın xalqlara azadlıq verəcəyi haqda vədin puç olduğunu ortaya qoydu.

Çar II Nikolay taxtdan salındıqdan sonra ona qarşı mübarizə aparan qüvvələr arasındakı fikir ayrılığı ölüm-dirim savaşına, vətəndaş müharibəsinə gətirib çıxarır. Əli xan Bökeyxanov və onunla həmfikir olanlar Başqırd-Tatarların milli qüvvələrilə və Kokandda Türküstan Muxtariyyatı elan edənlərlə razılığa gələ bilmirlər. Bu da milli qüvvələrin onsuz da zəif olan gücünün parçalanmasına səbəb olur.

Əli xan Bökeyxanovun rəhbərlik etdiyi hökumətin yetərincə kadrı, ordusu olmadığından qazaxların yaşadığı böyük bir ərazini yeni qaydalarla idarə edə bilmir. Bolşeviklərdən yardım alan və onların qazax xalqına azadlıq bəxş edəcəyinə inananlar ölkənin Quzey-Batısını nəzarətləri altından saxlayırlar. Çar ordusunun polkovniki, kazak qoşununun atamanı A.İ.Dutov 1917-ci ilin noyabrında tatar, başqırd, qazax iş adamlarının, torpaq sahiblərinin və ziya­lıların yardımı ilə Uralın güneyində Sovetlərə tabe olmadığını bildirərək dəmiryolunu və bir çox strateji məntəqələri tutmaqla Sovetlərin Sibir və Türküstanla əlaqəsini kəsdi. 1918-ci ilin aprelinədək hakimiyyətini sürdürdüyü hərbi hökumət qurur. Belə gərgin, milli qüv­vələrin parçalanmış halda olduğu vəziyyətdə Əli xan Bökeyxa­nov Tomskda keçirilən qurultayda yeni yaradılacaq Müvəq­qəti Sibir Hökumətinin tərkibində qazaxlara muxtariyyat verilməsi fikrilə razılaşır.

Bolşeviklər qazax inqilabçılarından A.T.Jangildinin başçılıq etdiyi əsgəri birlikləri Orenburq üzərinə, A.İ.Dutova qarşı döyüşə göndərir. 1918-ci il yanvarın 29-dakı döyüşdə Dutovçular məğlub olaraq Yuxarı Urala çəkilirlər. Lakin bolşeviklər də Orenburqda çox qala bilmir.

Belə ki, 1918-ci il yanvarın 6-da bolşeviklərin göstərişi ilə matros A.Jelezniyak Tavriya sarayında keçirilən Müəssisələr Məclisinin toplantısını dağıdır. Çünki toplanmış 410 deputatların böyük əksəriyyəti eserler və Kadetlər idi. Bolşeviklər silah gücünə əldə etdikləri hakimiyyəti seçimlə itirmək istəmirdilər. Onlar Müəssisələr Məclisini dağıtmaqla kifayətlənməyib müxalif partiyaların fəaliyyətinə qadağa qoydular. Müəssisələr Məclisinin üzvlərinin əksəriyyəti gizli fəaliyyətə keçdilər.

Birinci Dünya Savaşında Avstriya-Macarıstan ordusunun hərbi əsirlərindən və Rusiyada yaşayan çexlərdən təşkil edilmiş 45 min nəfərlik korpus ilə bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra özlərini Fransa ordusunun tərkib hissəsi elan edərək Avropaya göndərilmələrini tələb etdi. Bolşeviklər isə onlara qısa yolla getmələrinə izin verməyin, silahlarını təhvil vermələrini və Vladivostokdan getmələrini təklif etdi. Bolşeviklərin vədlərinə əməl etməyəcəklərini düşünən Çexoslavokiya Korpusunda üsyan baş verdi.

1918-ci il mayın 25-də Marinskdə, 26 Çelyabinskidə başla­yan qiyam qısa müddətdə dəmirboyunda, Vladivosto­ka­dək uzanan 7 min kilometrlik bir məsafəyə yayıldı. Samara şəhəri də onların əlinə keçir. İyulun 1-də Orenburq da bolşe­viklərdən təmizlənir. Eserlərin böyük bir qismi də qiyamçıları müdafiə edir və bu üsyandan yararlanmağa çalışırlar.

Vəziyyətin gərginliyi, bolşeviklərin inqilabi dəyərlərə əməl etməyərək diktatura qurmalarından narazı qalan Müəssisələr Məclisinin üzvlərindən 29 nədər 1918-ci il iyulun 8-də Samarada toplantılarını keçirdilər və qısa adı Komuç olan təşkilatı qurub Xalq Ordusu yaradaraq bolşeviklərə qarşı döyüşlərə hazırlaşdılar. Onlar mövqelərini möhkəmlətmək üçün Alaş Ordaçılardan Əli xan Bökeyxanovu və Mustafa Çokayevi Samaraya dəvət edərək hərbi-siyasi ittifaq bağlamağı təklif edir.

 Müəssisələr Məclisi deputatlarının bir qismi də Omskda toplanaraq Müvəqqəti Sibir Hökumətini qurdular. Sonra hər iki qrup birləşdi. 1918-ci il sentyabrın 23-də Uralsk şəhərində Ümumrusiya Müvəqqəti Hökuməti, Ufa direktoriyası kimi tanınan Müvəqqəti Sibir hökuməti qurulur. Çox vaxt Ufa drektoriyası adlandırılan bu hökumət 1918-ci ilin oktyabrında Omska köçürülür. Noyabr ayında isə admiral Aleksandr Kolçak hökumətə Hərbi Dəniz Naziri təyin edilir. Az sonra A.Kolçak çevriliş edərək Drektoriyanın rəhbərlərinin həbs edilməsi, eləcə də Alaş Orda və Başqırdıstan Müxtariyyatlarının ləğvi də sərancam imzalayır.

Qazax-qırğız vətənpərvərləri belə gərgin, tez-tez dəyişən bir vəziyyətdə kimin yanında olmaq, kiminlə əməkdaşlıq etmək məsələsində çətinlik çəkirdilər. Onların arasındakı fikir ayrılığı milli mənafeyə ağır zərbə vururdu.

Həmişə Rusiya meyilli olan Əli xan Bökeyxanov belə gərgin və qarışıq bir dövrdə A.V.Kolçakla əmkdaşlıq etməyə üstünlük verir. V.İ.Leninin rəhbərliyi ilə bolşeviklərin silah gücünə hakimiyyəti ələ almalarını demokratiyaya və qanunçuluğa zidd sayan Əli xan Bökeyxanov “Ümumsibir qurultayı” məqaləsini “Sarı arka” qəzetində nəşr etdirir.

Əli xan Bökeyev bir tərəfdən 1917-ci ilin dekabrında Kokandda qurulmuş Türküstan Muxtariyyatının rəhbərlərini Orenburqda dekabrın 5-13-də keçirilən İkinci Ümumqırğız Qurultayına dəvət edərək onlara Alaş Orda Muxtariyyatında nazir vəzifələri verir, bir tərəfdən Ahmet Baytursunovu Moskvaya bolşeviklərlə danışığa göndərir, o biri tərəfdən də Başqırdıstan Muxtariyyatı rəhbərlərilə, A.Dutov, A.Kolçak və b. danışıqlar aparır. Alaş Ordaçılar Mustafa Çakoyev tərəfindən qurulmuş Türküstan Müslümanları Komitəsi ilə sıxı etdikləri kimi Osmanlı dövlətindəki Gənc (Jön) Türklər hərəkatı və İtil-Kama bölgəsindəki M.Soltanqaliyev tərəfindən qurulmuş Türk-Tatar Komitəsi ilə də əməkdaşlıq etdiklərini yazırlar.

 1919-cu ildə bolşeviklərin güclənərək ağqvardiyaçıları sıxışdırması Alaş Oradçılar arasında fikir ayrılığını artırır. 1919-cu ilin aprelində Moskvaya gələn Alaş Ordaçıların nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. görüşür. Razılığa gəlinir ki, bolşeviklər qazaxla­rın muxtariyyatını tanıyacaqlar və Alaş Orda hökumə­tinin bolşeviklərə qarşı vuruşmuş üzvlərinə aministi­ya verəcəklər.

 Alaş Ordaçılardan Ahmet Baytursunov, Mirjakıp Dulatov, Jusipbey Aymautov, Maqjan Jumabayev və başqa öncülləri də bolşeviklərin sırasına qoşulsunlar.

Sovet hökuməti 1919-cu il noyabrın 4-də Alaş Ordaçılara aministiya verildiyi haqqında qərar qəbul edir. Bunun ardınca, yəni 1919-cu il dekabrın 21-də Alaş Orda Şurası Uş juz milli partiyasının buraxılması və hökumətinin Sovet Rusiyasının tərkibində müxtariyyat hüququnda fəaliyyət göstərməsi haqqında qərar qəbul edir.

1917-ci il dekabrın 13-də yaradılmış Alaş Orda Muxtariy­yatı 1920-ci il avqustun 26-da Qırğızıstan muxtariyyatına çevrilir. Lakin bolşeviklər verdikləri vədə əməl etmir. Nümayəndə heyəti Moskvadan ayrılan kimi İosif Stalin Rusiya Fəhlə Kəndli Şurasına teleqram vuraraq qazax milliyətçilərinə qarşı sərt tədbirlər görmələrini əmr edir. Bundan sonra bolşeviklərin Qızıl Ordu adlandırdıqları əsgəri birliklər Alaş Ordanın ərazisində yerləşdirilir.

Əli xan Bökeyxanovu yeni yaradılan Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası Xalq Torpaq Komissarlığında kollegiya üzvü təyin edirlər. Az sonra o, bolşeviklərlə əməkdaşlıq edəcək hökumətdən çəkilərək mədəni quruculuq işlərində, xalqının maarifləndirilməsi sahəsində çalışmağı qərara alır.

1922-ci ildə bolşeviklərin basqısına tab gətirməyən alaş ordaçılar üsyan qaldırır. Milli kadrların böyük bir qismi həbs eilir və ya istintaqa çağırılır. Əli xan Bökeyxanov bu tuthatutdan qurtularaq Moskvaya göndərilir. Əslində bunun arxasında onun xalqdan, Qazaxıstandan uzaqlaşdırılması dururdu. Moskvada Xalq Komissarlığı yanındakı Mərkəzi Nəşriyyatda milli məsələlər üzrə elmi işçi kimi fəaliyyətə başlayır. 1926-27-ci illərdə isə Rusiya Elmlər Akademiya­sında elmi işçi kimi çalışır.

Onun Qazaxıstanın torpaqlarının bölüşdürülməsi komissiya­sın­da olduğuna dair də sənədlər var. Sənədlərdən aydın olur ki, Əli xan Bökeyxanov Qazaxıstana rusların köcürülmə­sinin münasib olmadığı haqqında arayış hazırlayıb. Lakin onun hazırladığı arayış nə Qazaxıstan Ölkə Partiya Komitəsinin birinci katibi F.İ. Qoloşşekin, nə də mərkəzin xoşuna gəlir.

Əli xan Bökeyxanovun Sovet hakimiyyəti illərindəki fəaliyyəti haqqında geniş bilgi əldə edə bilmədik. Bir onu öyrənə bildik ki, daimi nəzarət, təqib və təziq altında olub. Sənədlərdən aydın olur ki, Sovet xüsusi xidmət orqanların­dan icazəsiz Moskvadan çıxıb Aktyubnskiyə gəldiyinə görə 1926-cı ildə həbs edilərək Moskvadakı Butırsk həbsxanasına göndərilir. İki həftəlik istintaqdan sonra onu hansısa şərtlərlə həbsdən azad edirlər.

Butırsk həbsxanasından buraxıldıqdan sonra harada işlədiyi, nə işlər gördüyü haqda bilgi toplaya bilmədik. Əldə etdiyimiz yeganə bilgi ondan ibarətdir ki, 1937-ci ildə yenidən həbs edilərək sentyabrın 27-də güllələnib.

1937-ci ildə həbs edilənlərin əksəriyyətinə Sov.İKP XX qurultayından sonra bəraət verilsə də, Əli xan Bökeyxanova bəraət verilməmişdir. Sovet hökumətinin dağılması ərəfəsində, yəni 1989-cu il mayın 14-də bəraət verilmişdir.

Uzun illər adının çəkilməsi qadağan olunsa belə, qazax xalqı onun xidmətlərini unutmamışdır. Sovet hökuməti dağıldıqdan sonra Qazaxıstanda Əli xan Bökeyxanovun adı əbədiləşdirilib, əsərləri nəşr olunmağa başlanıb.

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2013-ci il martın 14-də efirdə səsləndirilmiş verlişin mətni( www.trtazerbaycan.com) əsasında hazırlanmışdır.)

 
 

 

ƏLİFBA İSLAHATÇISI, FOLKORÇU, PEDAQOQ, DÖVLƏT QURUCUSU AHMET BAYTURSUNOV

 

http://upload.wikimedia.org/wikipedia/commons/8/8f/%D0%90%D1%85%D0%BC%D0%B5%D1%82_%D0%91%D0%B0%D0%B9%D1%82%D2%B1%D1%80%D1%81%D1%8B%D0%BD%D0%BE%D0%B2.jpgAhmet Baytursun oğlu Orta ju­zun (cuz) Arqun  nəslin­dən­dir. Bu nəsil ulu babaları, xalq batırı (pəhlivan, cəngavər – Ə.Ş.) Umbetayla həmişə qürür duymuşdur. Ahmetin babası Şoşak bölgənin nüfuzlu, ötkəm kişilərindən olmuşdur.

Ahmet Baytursunovun do­ğum tarixi qaynaqlarda fərqli-fərq­li göstərilir. Müxtəlif illər­də həbs edilərkən müstən­tiq­lə­rin sorğularına verdiyi cavab­larda gah 1870-ci ildə, gah 1875-ci ildə, gah 1872-ci il sentyabrın 5-də doğulduğunu söyləsə də onun doğum tarixi əsasən 1873-cü il yanvarın 15-i (yeni tarixlə yanvarın 28-i) kimi göstərilir.

Qazaxlar onun adı və soyadını Ahmet Baytursun ulu kimi yazsalar da daha çox Ahmet Baytursunov kimi tanınmışdır. Rusiya İmperiyasının inzibati ərazi bölgüsünə görə Turqay vilayəti Turqay qəzasının Sartıbek aulunda ortabab kəndli ailəsində doğulmuşdur. Uşaqlıqda molla yanına gedərək orada yazıb-oxumağı, əsasən də Quran oxumağı və şəriət qay­dalarını öyrənmişdir. İbtidai təhsil verən bu tipli mək­təb­lər adətən mollaxana kimi tanınır. Ahmet hələ mollaxanada oxu­duğu illərdə Rus hakim dairələrinin qəddarlığı ilə rastlaş­mışdır.

1885-ci il oktyabrın 12-də (bəzi qaynaqlarda bu hadisənin oktyabrın 20-də baş verdiyi göstərilir. – Ə.Ş.) qəza rəisi polkovnik Yakovlev kazak dəstəsilə Şoşak nəslinin Turqay və Jinqildi çaylarının birləşdiyi yerdəki qışlağına gəlir. Burada qocalara, qadınlara, uşaqlara da rəhm etmədən onları döyüb təhqir etməyə, soyğunçuluğa başlayır. Haqsızlığa dözə bilməyən kəndlilər silahlı kazaklara müqavimət göstərir. Ahmetin atası Baytursun polkovnik Yakovlevi vurub atdan salır. Toqquşmada kəndilələrdən bir nəfər ölür və çoxlu yaralanan olur. Ciddi müqavimətə rast gəlmiş, döyülmüş kazaklar başı yarılan və huşunu itirən rəisləri Yakovlevi də alıb qaçmaq məcburiyyətində qalırlar.

Az sonra İrqız və Turqaydan aula cəza dəstələri göndərilir. Cəza dəstələti üsyançı adlandırdıqları qazaxlara divan tutur, auldakıların hamısı aparılıb Turqay hərbi dairəsinin qaupvaxtına salır, mal-mülkləri də müsadirə edirlər. Bir il sonra Kazan Hərbi Dairəsinin Məhkəməsi şoşakları mühakimə edir. Rus dilini bilməyən qazaxların dediklərini tərcüməçilər olduğu kimi hakimə çatdırmır, əksinə, ifadələri Yakovlev və onun kazak dəstəsinin xeyrinə, təhrif edilmiş şəkildə çevirirlər.

Kazan Hərbi Dairəsinin Məhkəməsi Ahmetin atası Baytursunu, əmiləri Aktası, Sabalakı və b. hökumətə qarşı çıxmaqda ittiham edərək 15 il həbs cəzası kəsərək Sibirin dərinliklərindəki İtjekkenə, katorqaya yollayır. Auldakı kişilərin çoxu da müxtəlif müddətli həbs cəzasına məhkum edilir. Ahmetin əmisi Erqazıya da dörd il həbs cəzası verirlər. Erqazı həbsdən döndükdən sonra qardaşı uşaqlarını da himayəsinə götürür. Rus dilini bilmədiklərinə görə məhkəmədə çəkdikləri əziyyət Erqazı qardaşı Aktasın oğlu Aspandiyarı rusca oxutmağı qərara alır. Ahmet də əmisinə rus dilində təhsil almaq istədiyini bildirir.

Anası Künşinin razılığı ilə əmisi 1886-cı ildə Ahmeti də Turqay qəsəbəsindəki ikisinifli rus-tuzem (Qafqazda rus-tatar məktəbi adlandırılan bu tip məktəblər Türküstanda və Sibirdə rus-tuzem məktəbi adlanırdı. Bu məktəblər əsasən kiçik məmur, tərçuməçi hazırlamaq üçün nəzərdə tutulsa da, oranı bitirənlər arasından çoxlu məşhur insanlar çıxmışdır. – Ə.Ş.) məktəbinə oxumağa göndərir. Ahmet maddi sıxıntılar içərisində yaşasa da, 1891-ci ildə burdan məzun olub Orenburqdakı müəllimlər seminariyasında oxumağa gedir.

1895-ci ildə müəllimlər seminariyasını bitirən Ahmet Baytursunov Aktyubinsk qəzasının Batpak nahiyyəsindəki Ahmetgeray Katıbakovun açdığı məktəbdə müəllim işləməyə başlayır. Bir müddətdən sonra Ahmet Kustanay vilayətinin Auliekoldakı ikisinifli rus-tuzem məktəbinə dəyişilir. Orada işlərkən evində qaldığı meşəbəyi Aleksandr İvanovun qızı ilə evlənir. Xanımı Ahmetə hörmət əlaməti olaraq islamı qəbul edir və adını, atasının adını dəyişərək Bədirsəfa Muhamet­sadık qızı kimi qeyd etdirir.

1896-cı ildə qazax çöllərini gəzərək folkor toplayan, qa­zax xalqının etnoqrafiyasını, dialektlərini öyrənən çuvaş araş­dı­rıcısı Alektorovla tanışlıq gənc müəllimin dünyag­ö­rü­şün­də böyük dəyişiklik yaradır. Ahmet Baytursunova ilk də­fə ondan qazaxların yaşadığı geniş ərazi haqqında, Rusiya hö­kumətinin işğalçılıq siyasətinin mahiyyəti haqqında, eləcə də rus alimi İlminskinin maarifçilik adı altında missionerlik fəaliy­yəti ilə məşğul olduğu haqqında geniş məlumat alır. Gənc vətənsevər xalqının yaşadığı çoğrafiyanı, millətinin ya­şam tərzini öyrənir, folklorunu toplayır, uşaqların daha yaxşı təh­sil alması, biliklərə tez yiyələnməsi üçün metodlar axtarır. Ye­ni­yetməliyində dombura çalmağa böyük maraq göstərən Ah­met həm də qazaxların cır adlandırdığı xalq mahnılarını topla­yır. Bu axtarışlar onu köhnə tədris üsulu ilə dərs deyən, keç­mişi olduğu kimi qoruyub saxlamaq istəyən mühafizə­kar­lar­dan ayırır və təhsili Avropa metodlarına uyğunlaşdırmaq istə­yən, elmi-texniki yeniliyi tətbiq etməyə çalışan cədid­çilərin sırasına gətirir.

Ahmet Baytursunov Karqaralı qəzasında işlərkən ictimai-siyasi fəaliyyəti aktivləşir. 1905-ci ildə Rusiyanı bürümüş inqilabi əhval-ruhiyyə ona da güclü təsir edir. O dövrdə çoxları hələ də elə bilirdi ki, çar II Nikolay hümanist və ədalətlidir. Onun rüşvətxor, qəddar, xalqı haqsız yerə incidən məmurlardan xəbəri yoxdur. Xəbər tutarsa, günahkarları cəzalandırar. Buna görə də çoximzalı məktublar tərtib edərək çar II Nikolaya təqdim etmək istəyirlər. İmza toplayanlar keşiş Qaponun öndərliyində, 1905-ci il yanvarın 9-da çar sarayı yaxınlaşdıqda onlara çarın mühafizə dəstələri odlu silahlardan atəş açır. Faciə il sona çatan dinc yürüş tarixə Qanlı bazar günü kimi daxil olur. Bununla da çar II Nikolaya da inam sarsılır.

Qazax xalqı arasında çar II Nikolaya və onun idarə aparatının demokratikləşəcəyinə ümüd bəsləyənlər də çox idi. Bu inamı qırmaq üçün qazax ziyalıları, başda Əli xan Bökeyxanov və Ahmet Baytursunov olmaqla qazaxların 1905-ci ilin iyununda Karqaralı quberniyasının Kuyandı bölgəsində keçirilən yarmarkadan istifadə etməyi qərara aldılar.

Əli xan Bökeyxanovun rəhbərliyi ilə açıq havada bir toplantı keçirildi. Toplantıda Rus hökumətinə torpaq, mülk, dini azadlıq və mədəniyyət məsələlərinə aid bir diləkçə göndərilməsi qərara alınır. Toplantıda çıxış edənləri iki qrupa-milli dəyərlərə üstünlük verənlərə və demokratikləşmə tərəfdarlarına, yəni Avropaya meyillilərə ayrılır. Birinci qrup çoxluq təşkil etdiyindən iclası Əli xan Bökeyxanov aparır və qərarlar da onların təsiri altında qəbul edilir.

Əli xan Bökeyxanov və Ahmet Baytursunov hazırladığı məktuba on dörd min beş yüz imza atılır. Çarizmin bölgədəki idarəçiliyinə, xüsusən rusların bölgəyə köçürülməsinə etirazı özündə əks etdirən məktub Peterburqa göndərilir. Tarixə “Kar­qaralı petisyası” adı ilə daxil olan bu sənədin hazırlan­ma­sında, imzatoplama kampanyasında Ahmet Baytursu­no­vun fəallıq göstərməsi hökumət məmurlarının diqqətindən ya­yın­mır. Ona qarşı təzyiq və təqiblər başlayır. Bu da gənc müəllimin ictimai-siyasi fəallığını daha da artırır.

Bundan az sonra “Qazax çöllərindəki torpaqların mərkəzi quber­niyalardan köçürülənlərə verilməsinin dayandırılması, qazax dilinin məhkəmələrdə və dövlət idarələrində işlədi­l­mə­si­nə icazə verilməsi” diləkcəsilə qazax ziyalılarından və tay­fa başçılarından təşkil edilmiş bir qrup Peterburqa çar II Niko­layın qəbuluna gedir. Onların istəkləri baş tutmasa da, I Dövlət Dumasına seçkilər qarşısında olduğundan nümayəndə heyəti Kadetlər partiyasının rəhbərliyi ilə görüşür, onlarla əməkdaşlıq etmək haqqında razılığa gəlirlər. Razılaşılır ki, 1905-ci ilin dekabrında qazax-qırğızların bir konfransı keçirilsin.

Qazax-qırğız, türkmən, özbək gənclərinin İdil (Volqa)-Ural bölgəsindəki, eləcə də xarici ölkələrdəki mədrəsələrdə oxumasını əngəlləyən qanunların aradan qaldırılması üçün mübarizə aparan Ahmet Baytursunovu hökumət əleyhinə təbli­ğat aparmaqda suçlayıb 1909-cu il iyulun 1-də Karqaralı­da həbs edirlər. Oradan Semey şəhərindəki həbsxanaya, 1910-cu il martın 9-da isə Orenburqa sürgünə göndərirlər.

Sürgün illərində pedaqoji təcrübəsinə dayanaraq “Oxu qaydları” kitabını yazır (1910). Müəllimlər üçün hazırlanmış kitabda qazaxlar ərəb əlifbası ilə yazıb-oxuyarkən səslilərin necə oxunmalı olduğu öyrədilir. Əslində bu İ.Kaspıralının başladığı üsul-i cədid təliminin qazaxlar arasında yayılmasına xidmət edirdi. Kitabı 1912-ci ildə Orenburqda çap etdirə bilir.

Rus dili vasitəsilə etdiyi çevirmələrini 1909-cu ildə toplayaraq kitab kimi çap etdirir. “Qırx misal” adlandırdığı bu kitaba əsəsən İvan Krılovdan etdiyi tərcümələrlə yanaşı, A.P.Sumarakov, V.İ.Maykov, İ.İ.Hemnitser, A.S.Puşkin, M.Lermantov və S.Y.Nadsondan etdiyi çevirmələri daxil edir.

Satirik şeirlər yazan, rus dili vasitəsilə Rus və Batı Avropa klassiklərindən tərcümələr edən Ahmet Baytursunov 1911-ci ildən başlayaraq “Türküstan valayatı” (1870-1918), “Dala valayatı” (1888-1902) qəzetlərində, “Aykap” (1911-1915/16) və “Şura” jurnallarında məqalə və şeirlərini çap etdirir. Azərbaycanda ədiblərimiz Mozalan, Zənbur və b. kimi imzalardan istifadə etdikləri kimi Ahmet Baytursunov da Masa (Ağcaqanad) imzasından istifadə edir. Onlar qəflət yuxusunda olanları sanki sancmaqla oyatmaq istəyirdilər.

Ahmet Baytursunovun satirik şeirlərdən ibarət “Masa”(Ağcaqanad) kitabı da 1911-ci ildə Orenburqda nəşr edilir. Bütün bunlar onu gələcəyin redaktoru kimi formalaş­dırır. 1913-cü ildə I Dövlət Dumasının deputatı olmuş Əli xan Bökeyxanov “Kazax” adlı qəzetin nəşrinə icazə alır. Qəzetin redaktorluğu Ahmet Baytursunova tapşırılır.

“Kazax”a yazdığı ilk baş məqalədə qəzeti millətin görən gözü, eşidən qulağı, danışan dili adlandıran Ahmet Baytursunov millətinin maariflənməsi üçün çox çalışır. O, gah xalqının ziyalı övladlarının millət üçün gördükləri işləri təqdir edən məqalələr yazır, gah məktəblərin yenidən qurulması, dərslərin hansı metodla keçilməsi haqqında müzakirələr açır, gah da yaramaz, mühafizəkar və rüşvətxor məmurları kəskin tənqid edir. Qazax-qırğızların ictimai-siyasi və mədəni həyatını işıqlandıran yeganə qəzetə çevrildiyinə görə abunəçilərin sayı elə birinci il üç min nəfərə çatır.

1913-cü ildə “Kazax” qəzetində çap etdirdiyi “Qazaqtıñ bas akını” (“Qazağın baş şairi” məqaləsində Abayın (İbrahim Kunan­bayev) həyatından, yaradıcılığından, ictimai fəaliy­yətindən, qazax ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açır. 1914-cü idə çap olunan səksəninci saydakı “Qırğız (qazax) vilayətini idarə etmə üsulları” tənqidi yazısı böyük əks-səda doğurur. Dəfələrlə redaksiyasında axtarışlar aparılan, redak­to­ru qubernator və jandarma idarəsinin rəisi tərəfindən istin­taqa çağırılan “Kazax” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşir. Çünki, qubernator general-leytenant Nikolay Aleksandro­­viç Suxumlinov qəzetin redaktoru Ahmet Bay­tursu­novu 1500 manat cərimə edir.

Ahmet Baytursunov qəzet bağlanmasın deyə cərimə əvə­zində səkkiz ay həbsdə yatmağa razı olur. Səhhəti həbsxana üçün münasib olmasa da, özü həbsxanaya gedir. Bundan xə­bər tutan oxucular və xeyirxah insanlar müxtəlif şəhər və kənd­lərdən cərimə pulunu teleqrafla göndərirlər. 4-5 gündən sonra Ahmet Baytursunov həbsdən azad edilir (1916-cı ildə qə­zet yenidən üç min manat cərimə olunanda da oxucular cəriməni ödəyərək qəzetin bağlanmasına yol vermirlər).

“Kazax” qəzetinə redaktorluq etməklə böyük təşkilatçılıq işi görən, ciddi məqalələr yazmaqla xalqını qəflət yuxusun­dan oyadan, müəllim işləyən, metodik vəsaitlər çap etdirən Ahmet Baytursunov həm də istedadlı müsiqiçi və bacarıqlı bir folklor toplayıcısı, araşdırıcı olmuşdur. Belə ki, onun qazax yırçılarından (el nəğməkarı, aşıq – Ə.Ş.) toplayıb, yazıya aldığı və izahlar yazaraq 1913-cü ildə Moskvada çap etdirdiyi “Er Sayın” hələ də elmi əhəmiyyətini itirməyib.

Ahmet Baytursunov yalnız gəncliyində folklor toplamaqla kifayətlənmir. Sonralar da dastan, joqtav (ağı) və b. folklor nümunələri toplayıb, sistemə salaraq 1926-cı ildə Moskvada çap etdirir. Bu kitaba daxil etdiyi şeirlər Mamay Batır, Kaz Davıstı Kazıbek, Kenesarı-Navrızbay, Ertorı, Erğazı, Abdı­ğapar və b. tarixi şəxsiyyətlər haqqında 23 joqvat (ağı) olur.

Bu nəşrlər qazax ədəbiyyatında folklorun toplanması, araşdırılması, sinifləndiriməsi, sistemə salınması sahəsində ilk nümunələr idi. Araşdırıcı A.V.Zataeviç Ahmat Baytur­sunovun qazax xalq müsiqisi və nəğmələri ilə bağlı “Qazax xal­qının 1000 nəğməsi” adlı əsərinin olduğunu yazır.

Ahmet Baytursunov “Kazax” qəzetində yalnız qazax xalqı­nın tarixindən, mədəniyyətindən, folklorundan, gün­dəlik mübarizəsindən bəhs edən yazılar çap etməklə kifayət­lən­mir. Birinci Dünya Savaşı illərində Rusiya İmperiyasının iş­ğal dairəsində qalan Kars vilyətindəki aclıq və qıtlığı da gün­dəmə gətirir.

Çünki bu faciə minlərlə insanın ölümünə, yüzlərlə uşağın ata-anasız qalmasına səbəb olmuşdur. Belə ağır günlərdə Ahmet Baytursunov qəzetin 1915-ci ildə çap olunan 103-cü sayında qazax xalqına müraciət edərək onları Karslı soydaşlarına və dindaşlarına yardım etməyə çağırır. Bu çağırışdan sonra xalq qubernatora müraciət edərək “Karslı müsəlmanlara yardım komitəsi” yaratmağa nail olurlar. Toplanan yardımlar Karsa göndərilir. Əslində bu Rusiya əsarə­tində olan müsəlman xalqları nümayəndələrinin höku­mətə etirazı idi.

Birinci Dünya Savaşı iqtisadi vəziyyəti onsuz da ağır olan Rusiyanı çıxılmaz bir bataqlığa soxur. Ölkədə əhalinin vəziyyəti getdikcə pisləşir. Belə ki, savaş başlanan vaxtdan ötən müddətdə təkcə qazax-qırğızlardan vergilərdən əlavə 38 min kvadratmetr keçə çadır, 300 min put balıq, 70 min at alınmış, yalnız 1916-cı ildə xalqı üç milyar som (pul vahidi – Ə.Ş.) verməyə məcbur etmişdilər. Bu vergilərdən, vergi adına zorla müsadirəldən xalq cana doymuşdu.

Xalqın səbrinin tükəndiyi bir zamanda, yəni 1916-cı il iyunun 25-də çar II Nikolay xristian olmayan xalqların 19-43 yaşlı kişilərinin səfərbərliyə alınaraq səngər qazılmasına, hərbi sursat daşınmasına və s. işlər görülməsinə göndərilməsi haqqında fərman imzalayır. Fərmandan sitifadə edən məmurlar da özbaşınalıq edir, 50-60 yaşlı kişilərin də yaşını az göstərərək səfərbərliyə cəlb edirlər.

Məhsul yığımının qızğın vaxtına və ramazan ayına düşdüyündən Türküstanda və Qazax-Qırğız çöllərində yaşayan, oruc tutmuş müsəlmanlar elliklə çarın fərmanına qar­şı çıxırlar. Beləliklə kortəbii xalq üsyanı başlayır. Üsyanı yatır­­maq üçün bölgəyə general İvanov-Runovun koman­dan­lıq etdiyi ordu yeridilir.

Üsyanın ən qaynar nöqtələrindən olan Cizaq (Jizak) şəhəri yer­lə yeskan edilir, qadınlar, uşaqlar, qocalar rəhm edil­mə­dən öldürülür. Şəhər və kəndlər dağıdılsa da, minlərlə insan öldü­rülüb, həbs edilsə də, üsyan ocaqları gah burda, gah orda alovlanır.

Qəribə görünən bu idi ki, vətənsevər, millətini azad və xoş­bəxt görmək istəyən Ahmet Baytursunov və onun məs­lək­daşları üsyançılara qoşulmur. Hətta “Kazax” qəzetində üs­yanla bağlı tənqidi fikirlər özünə yer tapır. Bu da səbəbsiz deyildi. Onlar düşünürdülər ki, körtəbii üsyan xalqın qırılmsından, öndərlərinin məhv edilməsindən başqa bir şey verməyəcək. Lidersiz, təşkilatsız üsyançı dəstələri nizami ordular vasitəsilə dağıdılacaq.

Tarixçilər bu üsyanın məğlubolma səbəblərini belə dəyərləndirir:

1.        Üsyan çar II Nikolayın fərmanına etiraz əlaməti olaraq heç bir hazırlıq aparılmadan, qəflətən başlamışdı.

2.        Üsyanın müəyyən bir mərkəzi və idarəedəcək təşkilatı, lideri olmamışdı.

3.        Üsyançı dəstələrin bir-birilə heç bir əlaqəsi, mübarizə planı olmadığı kimi, üsyan başlayandan sonra da aralarında əlaqə qura bilməmişlər.

4.        Xalq hökumətə qarşı çıxmaq istəyində deyildi, sadəcə olaraq mallarının əllərindən alınmasına və səfərbərliyə alınmalarına etiraz əlaməti olaraq ayağa qalxmışdı.

5.        Üsyançıların əlində lazımi qədər və atıcı silahlar yox idi.

6.        Hökumət üsyanı yatırmaq üçün nizami silahlı dəstələr göndərməklə yanaşı, bölgəyə köçürdüyü rus kəndlilərini də silahlandırıb üsyançılara qarşı göndərmişdi.

Dəyişikliklərin inqilabi yolla deyil, islahatlarla aparılmasının tərəfdarı olan Ahmet Baytursunov qazax-qırğız xalqının öndə gedənlərinə üsyançı adı verilib məhv edilə­cə­yindən qorxurdu. Onun və məsləkdaşlarının düşün­dü­yü kimi də oldu. Üsyan yatırıldıqdan sonra qurulan hərbi səhra məhkəmələri 1917-ci il fevralın 1-ə kimi 347 nəfərin edam edilməsi, 168 nəfərin sürgünə göndərilməsi, 129 nəfərin müxtəlif müddətli həbs cəzasına məhkum edilməsi haqqında qərar çıxardı. 300 min nəfərdən çox qazax-qırğız isə Çinin batısına köçməli oldu. Bu köç zamanı da yollarda minlərlə insan və insanların yaşamını təmin edəcək heyvan tələf oldu.

Qəzeti milli ziyalıların ideoloji mərkəzinə çevirən, ərəb əlifbasının türk dilləri üçün yaramadığını görüb yeni əlifba yaradan, ictimai-siyasi xadim kimi formalaşan Ahmet Baytursunov qazax-qırğızların milli təşkilatı olan Alaş Partiyasının proqram və nizamnaməsini yazanlardan, bir sözlə, təşkilatı quranlardan olur.

Maraqlı burasıdır ki, çar hökuməti zamanı “Kazax” qəzetinə təzyiqlər olsa da, cərimələnsə də, bağlanmamışdır. Qəzet Müvəqqəti Hökumət zamanı, yəni 1917-ci ilin martında məhkəmə qərarı ilə bağlanmışdır. Baxmayaraq ki, qəzetin sahibi, təsisçisi Əli xan Bökeyxanov Müvəqqəti Hökumətin rəhbərliyində təmsil olunur, hökumətin başçısı A.F.Krenski ilə şəxsi münasibətləri vardı.

II Nikolay çar taxtından salınıb Müvəqqəti Hökumət qurulduqda qazax-qırğız ziyalıları da müstəmləkə zülmündən xilas yolları axtarırlar. Ahmet Baytursunov 1917-ci il aprelin 2-8-də Orenburqda keçirilən Turqay Vilayəti Qırğızlarının Qurultayında iştirak edir. Qurultayda rəhbərliyə Ahmet Baytursunovun başçılığı altında 8 nəfər seçilir və onlara Ümumqırğız qurultayını hazırlamaq tapşırılır.

Onlar bu vəzifənin öhdəsindən bacarıqla gəlirlər. 1917-ci il iyulun 21-27-də keçirilən İkinci Ümumqırğız Qurultayında Konstitusiyaçı Sosialistlər Partiyasının adı dəyişilərək Alaş Pariyası adlandırıldı. Ahmet Baytursunovu qurultaya sədr və Turqay vilayətindən nümayəndə seçirlər. 1917-ci il avqustun 20-25-də Aktubinskdə Tuqay Vilayətinin II Qırğız Qurultayı keçirilir. Bu qurultayların təşkilatçılarından olan Ahmet Baytursunov Alaş hərəkatının partiyaya çevrilməsində böyük rolu oynayır.

Bolşeviklərin Peterburqda silah gücünə Müvəqqəti Höku­məti hakimiyyətdən uzaqlaşdırması vəziyyəti daha da gərginləşdirir. Ölkəni bir xaos bürüyür. Rusiyanın əsarət altında olan xalqları müstəqil dövlətlərini qurmağa çalışırlar. 1917-ci il dekabrın 13-15-də Orenburq şəhərində Ümum­qır­ğız Qurultayı çağırılır. Qurultayda Rusiyanın tərkibində Alaş Orda dövlətinin qurulduğu elan edilir. Ahmet Baytursunova və Mirjakıp Dulatova əhalini səfərbərliyə almaq, partiyanın gücü­nü artırmaq və özünümüdafiə məsələləri tapşırılır. Az­saylı qazax sosialistləri isə milli dövlətin qurulmasına etiraz edir.

Əli xan Bökeyxanovun rəhbərliyi altında Semey şəhərində qurulan Alaş Orda Hökumətində Əli xan Bökeyxanov prezident, Xəlil Abbas vitseprezident, Alim xan Ermək Hərbi Nazir, Ahmet Berimcan Ədliyyə Naziri, Muhammedtjan Tınışbayev Daxili İşlər Naziri, Ahmet Baytursunov Milli Təhsil Naziri, Mustafa Şokayev (Çokayev) Xarici İşlər Na­ziri, Cihanşah Dostmuhammedov, Xəlil Dostmuham­me­dov və Ahmet Biy Sarsan isə Alaş Orda Hökumətinin batı böl­gə­si üzrə məsul nazirlər təyin edilirlər.

Əslində bu ərazisi bir-birndən ayrı salınmış iki bölgəli bir öl­kə idi. Alaş Orda Muxtariyyatının elan edilməsi bir birinə düş­mən olan, ölüm-qalım savaşı aparan bolşeviklərlə ağq­var­diyaçıların hər ikisini eyni dərəcədə narahat edir.

Alaş Ordaçılar Orenburqda əlində kazak hərbi birliklərini cəmləşdirmiş çar ordusunun polkovniki Aleksandr Dutovla və başqırdların lideri Zəki Validovla ittifaqa girmək istəsələr də, bu istəkləri baş tutmur.

Yeni yaradılan Kokand Milli Hökuməti ilə işbirliyinə nail olmaq üçün 1918-ci ilin yanvarında Türküstan şəhərində bir konfrans təşkil edilsə də, istənilən nəticəyə nail olunmur. Hökumət başcısı Əli xan Bökeyxanov Sibir, Tatarıstan və Başqırdıstanla ittifaqa getməyə hazır olduğu, Türküstandakı Rus yönlü inqilabçı təşkilatlarla əlaqənin tərəfdar çıxdığı hal­da, Türküstandakı milli qüvvələrlə hər hansı bir şəkildə işbir­li­yinə getmək istəmir. Ahmet Baytursunov isə Türküstandakı milli qüvvələrlə işbirliyinin tərəfdarı idi.

Qəribəsi budur ki, 1917-ci ilin aprelində Toquzov və Şakir Alicanovun rəhbərliyi ilə yaradılan, millətçi partiya kimi tanınan Üş Juz Partiyası da (sonralar bu partiya Qırğız Sasialist Partiyası adlandırılsa da, çox yaşaya bilməmişdir. – Ə.Ş.) Alaş Ordaya qarşı olmuşdur.

Böyük ərazisi olan Qazaxıstanı idarə etməyə Alaş Orda Hökumətinin nə kadrı çatır, nə də hərbi gücü. Bolşeviklər də Rusiyada qurulmaqda olan yeni hökumətin təhriki ilə Qaza­xıs­tanın müxtəlif yerlərində baş qaldırır, silahlı toqquşmalar yara­dır. Vəziyyətin getdikcə bolşeviklərin xeyrinə dəyiş­diyini görən Alaş Orda Hökumətinin bəzi üzvləri bolşe­viklərlə danışıqlara getməyi daha münasib sayırlar.

1919-cu ilin yanvarında Ahmet Baytursunovun rəhbərliyi ilə Moskvaya bir nümayəndə heyəti göndərilir. Nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. ilə görüşür. Ahmet Baytursunovun Rusiya Milli Məsələlər Üzrə Xalq Komissarı İosif Stalinin görüşü haqqında daha geniş ya­zırlar. Bu görüşlərdə razılığa gəlinir ki, bolşeviklər qazax­la­rın muxtariyyatını tanıyacaqlar və Alaş Orda Hökumətinin bolşe­viklərə qarşı vuruşmuş üzvləri əfv ediləcəklər. Alaş Orda­çılardan Ahmet Baytursunov, Mirjakıp Dulatov, Jusipbey Aymautov, Maqjan Jumabayev və başqa öncülləri də bolşeviklərin sırasına qoşulurlar.

Razılaşmadan sonra Alaş Ordaçıların bir qismi böl­şe­vik­lə­rin tərəfinə keçir, qazaxların Sovet ordusuna müqavimət gös­tər­məsinin qarşısını alır.

Sovet hökuməti 1920-ci ilin fevralında Qoleşçekin baş­çılıq etdiyi əsgəri birliyi Semeyə, Alaş Ordanın üzərinə yeri­dir. Bu hərbi hissə Tunqaçinin suvari alayı ilə birləşib Alaş Orda Hökumətinin polislərini atəşə tutur və hökuməti da­ğı­dır. Yerində Qırğız Sovet Sosialist Muxtar Respublikası qur­duq­larını elan edirlər. Hökumət başına da peşəsi faytonçuluq olan Tunqaçin gətirilir. Alaş Ordaçıların bir qismi isə təslim ol­ma­yaraq qazax çöllərinə çəkilərək bolşeviklərə qarşı döyü­şü davam etdirir.

Qaynaqlar Ahmet Baytursunovu Moskvada, M.S.Soltan­qa­liyev, Z.V.Togan, T.Rıskulov, V.İbrahimov, F.Hoca və N.Ho­cayev ilə birlikdə "İttihad və Tərəqqi" adlı gizli bir təşkilat da qurduqlarını yazırlar.

Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul edilən Ahmet Baytursunovu 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı yanındakı Qırğız (Qazax) bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin edirlər. Bölgədə bolşeviklər hakim olduqdan sonra Ahmet Baytursunovu Qazaxıstan MSSR Maarif Naziri təyin edirlər. Bolşeviklər əhalinin mal-mülkünü mənimsəməyə, kütləvi həbslər və sürgünlər təşkil etməyə, azacıq müqavimət göstərəni güllələməyə başlayırlar. Qa­zaxlar qonşu ölkələrə köçməklə ölümdən və alçaldıl­ma­dan qurtulmağa çalışırlar.

Ahmet Baytursunov Mərkəzi Komitədə, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə və Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı “Ak jol” qəzetində işləyə-işləyə elmi-pedaqoji fəaliy­yət­dən də uzaqlaşmır. 1926-ci ildə onu partiya üzvlüyündən və vəzifədən azad edirlər.

1910-cu illərdən ərəb əlifbasını türk dilləri üçün uyğun­laş­dırılması üzərində çalışan Ahmet Baytursunov 1915-ci ildə Orenburqda “Til kuralı”, 1920-ci ildə Kazanda nəşr etdirdiyi “Kazaxca əlippege bayanşı” (Qazaxca əlifbaya başlama), 1925-ci ildə Orenburqda çap etdirdiyi “Til tanıtkış” (Dil nəzəriyyəsi), 1926-cı ildə Daşkənddə çap etdirdiyi “Ədəbiyet tanıtkış” (Ədəbiyyat nəzəriyyəsi), 1928-ci ildə Qızıl Ordada çap etdirdiyi “Til jumsar” (Dilin işlədilməsi) və b. kitabları onun çoxsahəli elmi fəaliyyətindən xəbər verir.

Muxtar Ayvazov isə məqalələrinin birində Ahmet Baytur­su­novun 1923-cü ildə “Mədəniyyət tarixi” adlı bir kitabını ta­mamladığını yazsa da, bu kitab haqqında bugünədək yeni bir bilgi əldə edilməmişdir. Aleksandr Nikolayeviç Kononov Baytursunovun yazdığı qrammatika kitablarını yüksək qiymətləndirmiş, onun məşhur türkoloqlardan biri olduğunu yazmışdır.

1924-cü ildə Orenburqda qazax-qırğız elm və mədəniyyət xadimlərinin qurultayında Ahmet Baytursunovun ərəb əlifbasının islahatı əsasında hazırladığı əlifba qazax-qırğızlar üçün rəsmi əlifaba kimi qəbul edilir və 1928-ci ilə, yəni latın hərfli əlifba qəbuluna qədər işlədilir.

Ahmet Baytursunov 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda türk xalqları üçün hazırladığı əlifba layihəsini müzakirəyə təqdim etsə də, onu qəbul etdirə bilmir. Qurultayda Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və b. ilə görüşərək onlar vasitəsi ilə mühacirətdə olan keçmiş məsləkdaşları ilə əlaqə yaratmağa nail olur.

1921-1925-ci illərdə elm və ədəbiyyat komissiyasına rəhbərlik edən, Qazaxıstan Tədqiqlər Cəmiyyətinin fəxri sədri olan A.Baytursunovun üzərində Sovet xüsusi xidmət orqanlarının nəzarəti bir an da olsun azalmır.

Orenburqdakı Qazax Pedoqoji İnstitutunda müəllimlik edən, sonra Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyən A.Baytursunovu 1928-ci ildə Almatı Qazax Universitetinə işə dəvət edirlər. O, burada qa­zax dili və ədəbiyyatı professoru seçilir. Lakin bu hal çox da uzun sürmür.

Ahmet Baytursunov maarif sahəsində çalışsa da, elmi araş­dırmalarla məşğul olsa da siyasi fəaliyyətdən əl götür­mür. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının Rus işğalçılarına qarşı birgə mübarizə aparmasının planlaş­dırıl­masında fəal iştirak edir.

Maarif və elm sahəsindəki böyük xidmətlərinə bax­ma­yaraq onu 1929-cu il iyunun 12-də həbs edirlər. Uzun və işgən­cəli istintaqdan sonra məhkəmə millətçi təşkilatda iştira­kına görə güllələnmə hökmünü oxuyur. Səkkiz ay güllələnə­cəyi günü gözləyən Ahmet Baytursunovun güllələ­n­mə hökmü 10 illik həbslə əvəzlənir.

Solevki adalarındakı həbsxanalara göndərilən Ahmet Bay­tur­sunov vaxtından əvvəl 1934-cü ildə həbsdən azad edilir. Buna səbəb məşhur rus yazıçısı Maksim Qorkinin xanımı E.P.Peşkovanın Dünya Qırmızı Xaç və Qızıl Aypara Cəmiy­yət­lətinə, eləcə də RK(b)P Mərkəzi Komitəsinə yazdığı məktublar olur. O, məktublarında ziyalıların, yazıçı və şairl­ə­rin silahlı müqavimətdə iştirak etmədiklərini, azad düşüncəli sənət­karlar olduqlarına görə, fikirlərini sərbəst söylə­dik­lə­rindən həbs edildiklərini və bunun da mədəniyyətin, elmin inkişafına ağır zərbə vurduğunu yazır və xahiş edir ki, onlar əfv edilsinlər.

Həbsdən azad olunduqdan sonra ailəsi də sürgündən bura­xı­lır. Ahmet Baytursunov xanımı Badisəfaya, övladları Ay­ma­ta, Kazixana, Şolpana qovuşur. Ailə bir yerə toplanaraq Alma­tıya gəlir. Lakin burada Ahmet Baytursunovun sənədlərinin üzərinə “Heç bir peşə sahibi deyildir” yazdığına görə ona iş verən tapılmır. Ailə maddi sıxıntı içərisində qalır.

Ahmet Baytursunov həbs və sürgündə elmi və bədii yaradıcılıqla məşğul ola bilmir. 1937-ci ildə onu yenidən həbs edirlər. Ahmet Baytursunov keçmiş alaşçılardan Qabbas Nurumovla, Almuxammad Kasımovla, Alimxan Yermakovla, eləcə də Qazax Xalq Maarif Komissarı Teymurbek Jurqenevlə, RSFSR Xalq Komissarlar Sovetinin müavini Turar Rıskulovla, Bakıda yaşayan professorlardan Bəkir Çobanzadə və Qaziz Qubaydullinlə və b. ilə birlikdə antisovet təbliğat apardığına, Sovet dövlətini devirməyə cəhd etdiyinə görə güllələnməyə məhkum edirlər. Ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilir.

1956-cı ildə repressiya qurbanlarının çoxuna bəraət verilsə də, Ahmet Baytursunova bəraət verilmədi. Heç kimə gərək olmayan, əhəmiyyətini çoxdan itirmiş bəraət ona 1988-ci ildə SSRİ-nin dağılması ərəfəsində verilir. 1998-ci ildə isə anadan olmasının 125 illiyi qeyd edilərək əsərlərinin çapı, adının əbədiləşdirilməsi üçün bəzi işlər görülür.

 

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2013-ci il martın 28-də efirdə səsləndirilmiş verlişin mətni                                     ( www.trtazerbaycan.com) əsasında hazırlanmışdır.)

 


 

ÇILĞIN ŞAİR, COŞĞUN VƏTƏNSEVƏR MİRJAKIP DULATOV

 

http://upload.wikimedia.org/wikipedia/commons/9/94/Alash-orda.jpg Onun adını və soyadını qazaxlar Mirjakıp Dulat ulu kimi yazsalar da, rusdilli sənədlərdə Miryakub və ya Mir-Yakup Dulatov kimi yazılır. O, 1885-ci il noyabrın 25-də Kus­tanay vilayətinin Sarıkopo kən­din­də anadan olmuşdur. Qazaxların Or­ta cuzuna daxil olan Arqın tayfa­sının zadəganlarının ailəsində do­ğu­lan Mirjakıp iki yaşında anasını, 12 yaşında isə atasını itirmişdir.

1893-cü ildə kənd mollası yanı­na oxumağa gedən Mirjakıp orada “Qu­ran” oxumağı, şəriəti, fars və türk dillərini öyrənir. 12 yaşın­da olanda onu Torqaydakı ikisinifli rus-tuzem mək­tə­bi­nə gönərirlər. Bu məktəbləri bitirənlərin böyük əksəriyyəti son­ralar rus dili vasitəsilə Rusiyadakı millətçilik şüuru ilə ta­nış olmuş və beləcə vətənlərini Rusiya əsarətindən qurtarmaq uğrun­da mübarizə aparan vətənsevərlərə çevrilmişlər. Mirjakıp Dulatov da belə bir yol keçmişdir.

Mirjakıp Dulatov rus-tuzem məktəbi adlandırılan, Avropa tipli təhsil ocağını bitirdikdən sonra əsası Ufa şəhərində 1906-cı ildə qoyulan Qaliya mədrəsəsində oxumağa gedir. Daha çox Ziya Kamal kimi tanınan Pərvaz əd-din Camal əd-din Kamal əd-Dinovun rəhbərlik etdiyi mədrəsədə təhsil sistemi Doğu-Badı metodlarının sintezi əsasında qurulmuşdu. Mədrəsədə təhsil dörd pilləli idi və burada oxuyan şagirdlərdən təhsil xərci alınmırdı. Üç illik təhsil ibtidai, sonrakı dörd illik təhsil rüşdi, ondan sonrakı dörd illik təhsil iqdadiyə, son üç illik mərhələ isə qaliyə, yəni ali (tatar və başqırdlarda səssizi ilə başlayan bir çox sözlərin əvvəlində q səslisi işlədilir. – Ə.Ş.). Buraya xarici ölkələrdən qəzet, jurnal, kitab gətirilməsi ilə yanaşı şagird və tələbələri əlyazma hüququnda ədəbi-bədi, elmi, publisist jurnallar hazırlamağa həvəslədirirdilər.

Mədrəsədə Lütfülla Bayçurun, Xatmulla Fazılov, Zarif Hazret Alkayev kimi dövrünün tanınmış pedaqoqları dərs deyirdi. Bölgənin ən məşhur el ocaqlarından olan bu mədrəsədə oxuyanların əksəriyyəti tatar-başqırdlar olsa da, 154 qazax yeniyetməsi də buranı bitirmişdir.

Qaliyya mədrəsəsində tatar, başqırd, özbək, qazax, qırğız mədəniyyətinin inkişafına və ictimai fikrin formalaşmasına təsir göstərmiş Qalimcan İbrahimov, Şeyxzadə Babiç, Məcid Qafuri, S.Kudaş, K.Q.Xakimov, B.İşemqul, S.S.Atnaqulov, Q.X.Alparov, Q.Q.Kudoyarov və b. tanınmış şəxsiyyətlər oxumuşlar. Belə bir mühitdə təhsil alan Mirjakıp Dulatov da çox gənc yaşlarında bədii yaradıcılıqla məşğul olur və ictimai-siyasi məsələlərə böyük maraq göstərir.

Qaliya mədrəsəsini bitirib müəllim işləməyə başlayan Mirjakıp Dulatov 1905-ci ildən ölkəni bürüyən inqilabi hərəkata qoşulanlardan olur. Karqaralıdakı demokratlara qo­şu­lan Mirjakıp 1906-cı ildə Əli xan Bökeyxanovun təşəb­bü­sü ilə Uralskidə təşkil edilən Konstitusiyaçı Demokrat Partiya­sının (Kadet) təsis qurultayında fəal iştirak edir. Qurultay­da onu rəhbər heyətə seçirlər və bu heyətin tərkibin­də Peterburqa gedir.

Çar Rusiyasının mərkəzi quberniyalarının rus əhalisini Qazaxıstanın ən məhsuldar torpaqlarına köçürülməsinə qarşı çıxanlardan olan Mirjakıp Dulatov ideyalarını həm də şeirlərilə təbliğ etməyə çalışır.

“Gənclərə” adlı ilk şeirini 1907-ci ildə Peterburqda Abdülle­şid İbrahimovun qazaxca nəşr etdirdiyi “Serke” (qa­za­xlar qoyun sürüsü borana düşəndə onun qarşısına keçərək sürünü labüd məhvdən xilas edən insana serke deyirlər. – Ə.Ş.) qəzetinin birinci nömrəsində işıq üzü görür. Qəzetin ikinci nömrəsində isə onun “Bizim vəzifələrimiz” məqaləsi çap olundu. Bu məqaləyə görə, senzor qəzetin bağlanması haqqında qərar verir və məqalənin müəllifi də həbs edilərək Semeplatinsk həbsxanasına göndərilir.

Qəzetin naşiri məşhur din adamı, ictimai-siyasi xadim Abdülleşid İbrahimovun “Serke”dən əvvəl Peterburqda ortaq türk dilində çap etdiyi “Ülfət” və müsəlman xalqlarını bir araya gətirmək üçün ərəbcə nəşr etdirdiyi “Tilimiz” jurnalları da bağlanmışdı.

 Millətinin dərdini şeirləri və publisistik yazıları ilə təsvir edən, xalqını oyatmağa, mübarizəyə çağıran şair 1909-cu ildə “Oyan, qazax” adlı şeirlər kitabını çap etdirir. Kitab böyük uğur qazanır. Qısa müddətdə satılıb qurtarır.

Bədii yaradıcılıqda qazandığı ilk uğurdan ruhlanan Mirjakıp Dulatov 1910-cu ildə “Baxtsız Jamal” romanını yazır. Başlıq qarşılığında varlı bir kişiyə verilən Jamalın acı taleyindən bəhs edən roman qazax ədəbiyyatında ilk roman olsa da, maraqla qarşılanır.

Mirjakıp Dulatov 1911-ci ildə “Oyan, qazax” kitabını təkrar nəşr etdirdi. Lakin kitabdakı şeirlər və ona yazılmış ön söz bu dəfə hökumət dairələrinin diqqətini cəlb edir. “Oyan, qazax” şeirlər kitabı müsadirə edilir.

Əli xan Bökeyxanov Samarada sürgündə olsa da, 1913-cü ilin yazında Orenburqda “Kazax” adlı qəzetin nəşrinə icazə ala bilir. Onun qazax dilində çap olunacaq qəzeti Orenburqda nəşr etdirməsi heç də təsadüfi deyildi. Həmin dövrdə Oren­burq qazaxların əsas mədəni mərkəzi, baş şəhərləri sayılırdı.

Əli xan Bökeyxanov nəşrinə icazə aldığı qəzetin redaktor­lu­ğuna yaradıcılıqlarına və ictimai-siyasi fəaliyyətlərinə yaxın­dan bələd olduğu Mirjakıp Dulatov və Ahmet Baytur­sunovu təyin edir. Onlar qısa bir zamanda yazıları və təşkilat­çılıq bacarığıyla qəzeti ictimai-siyasi, milli fikir mərkə­zinə çevirə bilirlər.

Abayın (İbrahim Kunanbayovun) başladığı maarifçilik hərəka­tının ən fəallarından olan Mirjakıp Dulatov, Ahmet Bayturs­unov, Maqjan Jumabayev var gücləri ilə müstəm­ləkəçiliyə qarşı mübarizə aparır, xalqı öz haqları uğrunda mübarizəyə səsləyirlər.

Bədii yaradıcılıqla yanaşı, ardıcıl ictimai-siyasi fəaliyyətlə də məşğul olan Mirjakıp Dulatov 1913-cü ildə “Azamat”(İnsan) adlı şeir kitabını çap etdirir. Kitaba müəllif öz şeirləri ilə yanaşı, Fridrix Şillerdən, Aleksandr Puşkindən, Abdulla Tukaydan, Mixail Lermantovdan etdiyi tərcümələri də daxi edir. 1915-ci ildə isə “Terme” adlı kitabını nəşr etdirir. Kitaba ədib ədəbi-bədii, publisistik məqalələrini daxil edir.

1917-ci ilin oktyabrınadək müxtəlif qəzet və jurnallarda işləyən, haqsızlığa, zülmə qarşı məqalə və şeirlərində meydan oxuyan, sosial ədaləti tərənnüm edən Mirjakıp Dulatov xalq arasında sayılıb-seçilən öndərlərdən birinə çevrilir.

1917-ci ilin fevralında çar II Nikolayın taxtdan salınıb Müvəqqəti Hökumətin qurulması Mirjakıp Dulatovun həyatdının ən gərgin günlərinin başlanğıcını qoyur. Millətini azad və firavan görmək istəyən, zülmə, haqsızlığa son qoyulması üçün var gücü ilə çalışan vətənpərvər şair sanki bir burulğana düşür. Yaxın dostlarının bir qismi qazax xalqının Rusiya işğalından azad olub öz dövlətini qurmaq uğrunda mübarizə meydanına atılmışdırsa, başqa bir qismi kadr çatışmazlığından, ordu yetməzliyindən qazaxların Rusiya tərkibində muxtariyyatla kifayətlənməsini daha münasib sayırdı. Zülmə və savaşlara son qoymaq, sosial ədalətə nail olmaq istəyənlər də dünya inqilabı eşqiylə yaşayırdılar.

Mirjakıp Dulatov ideyaca sosialist olsa da, milli dəyərlərə də önəm verir, hörmət və ehtiram bəslədiyi Əli xan Bökeyxanovun qazaxların Rusiya Federasiyasının tərkibində olması ideyasından da uzaqlaşa bilmirdi.

Mirjakıp Dulatov 1906-cı ildə qurulmuş Konstitusiyaçı Sosialistlər Partiyasının Alaş Partiyasına çevrilməsinin tərəfdarlarından olmuşdur. 1917-1918-ci illərdə bölgədə keçirilən qurultay və toplantılarda fəal iştirak edən Mirjakıp Dulatov Alaş Orda dövlətinin quruçuları sırasında olsa da, az sonra hökumətin Sibir Respubilikası və onun rəhbəri Aleksandr Kolçakla əməkdaşlığından narazı qalır.

 1918-ci ilin yanvarında Ahmet Baytursunov Moskvaya gə­lərək Sovet rəhbərləri ilə danışıqlar aparmasının tərəf­darla­rın­dan olur. Sovet rəhbərlərinin verdiyi vədə aldanan Mirjakıp Dulatov 1919-cu ildən bolşeviklərlə bir sırada həya­tının yeni mərhələsini başlayır. 1920-30-cu illərdə “Ak jol”, “Yenbekap kazax” qəzetlərində, “Qızıl Kazaxıstan” jurnalın­da işləyir. Kommunist partiyasının üzvü olsa da, sosializ­mi tərənnüm etsə də, Sovet rəhbərliyi ona heç vaxt eti­mad göstərib rəhbər vəzifəyə irəli çəkmir. Tərcüməçi kimi işlət­məklə kifayətlənir.

Alaş Partiyasının üzvləri ilə əlaqəsini kəsməyən, parti­yanın gizli təşkilatlarının işində fəal iştirak edən Mirjakıp Dulatov daimi təzyiq və təqib altında olduğunu hiss etsə də, millə­tinin xoşbəxt gələcəyi naminə mübarizəsindən əl çək­mir. 1922-ci ildə alaşçılar ölkənin müxtəlif bölgələrində üs­yan qaldırırlar. Mirjakıp Dulatovu da bu üsyanın ideoloqu ki­mi həbs edirlər. Lakin silahlı müqavimətdə iştirak etmə­diyi­nə görə, ölkədə savadlı milli kadrlara böyük ehtiyac duyul­du­ğunu düşünüb onu az sonra həbsdən azad edirlər.

 SSRİ-də ərəb əlifbasının latın əlifbasi ilə əvəzlənməsi kam­paniyası başlayanda Mirjakıp Dulatov bunun əleyhinə çıxır və Ahmet Baytursunovla bir cəbhədə olur. Bunu xalqın keçmişi, tarixi ilə əlaqəsinin kəsilməsi kimi qiymətləndirir. Qazax dilində islahat adı altında türk xalqları arasında ayrımçılıq siyasəti yeridildiyinə də kəskin etirazını bildirir. Onun fikirlərini açıq söyləməsini dövlət siyasətinə qarşı çıxması kimi dəyərləndirir və 1928-ci ildə yenidən həbs edilir. Hələ rəbər vəzifələrdə olan milli qüvvələrin təsiri və təzyiqi ilə onun həbsdən azad edilməsi mümkün olur.

Lakin 1930-cu ilin aprelində yenidən həbs edildikdə onu heç kim xilas edə bilmir. Uzun və işgəncəli istintaq onun antisovet fəaliyyətini aşkarlayır. Sovet məhkəməsi qanunlara uyğun olaraq Mirjakıp Dulatova güllələnmə hökmü oxuyur. Bir neçə ay güllələnmə hökmü ilə həbsxanada saxlandıqdan sonra güllələnmə hökmü 10 il həbslə əvəz edilərək Solovetski adalarındakı Sosnovets həbs düşərgələrinə göndərilir. Mirjakıp Dulatov 1935-ci il oktyabrın 5-də Murmanski dəmir yolunun beşinci söbəsinin mərkəzi xəstəxanasında dünyasını dəyişir. Ona bəraət çox gec, 1988-ci ildə verilir.

Bəraət gec də verilsə, istər qazax xalqının vətənsevər oğulları, istərsə də, dünyanın demokratik fikirli insanları Mirjakıp Dulatovu unutmur, onun əsərlərini qoruyub saxlayırlar. Sovetlər Birliyi dağıldıqdan sonra Mirjakıp Dulatovun əsərlərinin nəşri və adının əbədiləşdirilməsində xeyli iş görülür.

 

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2013-ci il aprelin 5-də efirdə səsləndirilmiş verlişin mətni( www.trtazerbaycan.com) əsasında hazırlanmışdır.)


 

İŞĞALÇILARA QARŞI MÜBARİZƏNİ VƏTƏNDƏ BAŞLAYIB, MÜHACİRƏTDƏ DAVAM ETDİRMİŞ MUSTAFA ÇOKAY (ŞOKAY)

 

http://dic.academic.ru/pictures/wiki/files/109/mustafa_soqay.jpgMustafa Çokayın soyadını Ço­kay oğlu, Çokay ulu, Çoka­yev, Şoqay ulu, Şokay oğlu, Şokay ulu, Şokayev ki­mi də yazılır. Bunun bir səbə­bi türk dillərində [ç] səsinin [ş] səsi ilə əvəzlənməsidir. Qa­zax-qırğız dillərində aktiv olan bu səsdəyişimi Azər­baycan türkcəsində passivləş­miş­dir. “Qapını aç”, “qapını aç­dım” və s. yazsaq da, danışıqda [qapıyı aş], [qapıyı aşdım] ki­mi işlədirik. Oğuz qrupuna daxil olan türklər “oğlu” deyir və yazırlarsa, qıbçaq dil qrupunda bu “ulu” kimi işlədilir.

Əslində Çokay Mustafanın atasının adıdır. Rusiya qay­daları­na görə ona “ov” şəkilçisi artırmaqla soyadı yarat­mış­lar. Mustafanın atası Çokayın şəcərəsi Xivə xanlarına, anası Bax­tı xanımın şəcərəsi isə Çingiz xanın nəvəsi Batı xana da­ya­nır.

Mustafa Çokayın doğum tarixi haqqındakı rəqəmlər də fərqlidir. Belə ki onun 1890-cı il dekabrın 25-də və 1891-ci il yanvarın 7-də doğulduğunu yazırlar. Bu yanlışlıq Rusiyanın 1918-ci ildə köhnə təqvimdən yeni təqvimə keçməsindən doğmuşdur. Mustafa köhnə təqvimlə 1890-cı ilin yanvarın 25-də anadan olmuşdur. Yeni təqvimlə bu 1891-ci ilin yanvarın 7-nə uyğun gəlir. Nədənsə, onun yanvarın 7-də doğulduğunu yazanlar da ili yanlış olaraq 1890-cı il kimi göstərirlər.

Mustafa Sırdərya kənarındakı Qırğız çölləri adlanan bölgədə, yəni Akmescit (indiki Qızıl Orda) yaxınlığındakı Taranqul aulunda doğulub. Onun nəsli ata tərəfdən Orta Juzun Toraqay tayfa ittifaqının Şaştı tayfasına daxildir. Şaştı tayfası da içərisindəki böyük Boşay adlanır. Mustafa da Boşay nəslindən gələn qoldakı Janaylara bağlıdır. Mustafa uşaqlıq və yeniyetməliyini Akmescitdə keçirmiş, ilk təhsilini də burada almışdır. Buna görə də çox vaxt onun Akmescitdə doğulduğunu yazırlar.

Rusiya Türküstanın böyük qismini işğal etdiyindən orada Türküstan quberniyası yaratmışdır. Mustafa Çokay da işğal altında olan bölgədə doğulduğundan Rusiya vətandaşı sayılırdı.

Mustafa istər ata, istərsə də ana tərəfdən xan nəslindən olsa da, onların ailəsi o qədər də zəngin olmamışdı. Soykökü Xarəzmşahlara bağlı olan bu böyük insan gənc yaşlarından zülmə və haqsızlığa qarşı mübarizəyə atılmış, keçməkeşli bir ömür sürmüşdür.

 Heyvandarlıq və əkinçiliklə gün keçirən nüfuzlu bir qazax ailəsində dünyaya göz açmış Mustafanın atası Çokay birinci qadından övladı olmadığına görə ikinci dəfə evlənir. İkinci qadından onun iki qızı və Sadıq, Nurtaza, Mustafa adlı oğul uşaqları olur. Ailənin sonbeşiyi olan Mustafa ilə Sadıq arasındakı yaş fərqi 15 ilə çatır. Uşaqların təlim-tərbiyəsi ilə birinci qadını məşğul olduğundan Mustafa onu həmişə böyük məhəbbət və ehtiramla xatırlayıb.

Aulda uşaqlara dərs deyən müəllimin də çoxlu sayda əlyazma kitabı olur. Mustafa da kiçik yaşlarında auldakı müəllim-molla yanında təhsil alır, Qurani-Kərimi bəlağətlə oxumağı, şəriəti, eləcə də ərəb, fars dillərini öyrənir.

Dövlət idarələrində rus dili hakim olduğundan, dövlət məmurları da Rusiya quberniyasından köçürülərək Türküs­tan­da, Qazax-Qırğız çöllərində yerləşdirilən rusların tərəfini saxladığından yerli xalqlar həmişə əziyyət çəkirdi. İşi dövlət idarə­lərinə, məhkəmələrə düşənlər haqlı ikən haqsız duruma düş­mə­lərinin səbəbini, dil bilməməkdə, fikirlərini məhkə­mə­lər­də, hökumət məmurları yanında doğru ifadə edə bilmə­məkdə görmüşlər. Buna görə də Çokay kiçik oğlu Mustafanı Rus-tuzem məktəbində oxutmağı qərara alır. Öncə onu Daşkəndə aparmaq istəyir. Ora auldan min kilometrdən çox uzaqda yerləşdiyindən oğlunu daha yaxındakı məktəbə – Akmescitə aparır. Atası yeddi yaşlı Mustafanı Akmescitə aparanda ailə üzvləri onun böyüdükdə ailəsindən, elindən-obasından uzaq düşəcəyindən, xristian dininə etiqad edəcəyindən, öz dilini unudub rusca danışacağından, adət-ənəni unudacağından çox nigaran qalıblar.

Atası bütün bu narahatlıqları göz önünə alaraq oğlunu Akmescitdəki milliyyətcə tatar olan, tacir dostunun evinə aparır. Mustafaya da tapşırır ki, məktəbdə deyilənləri öyrənsin, amma adət-ənənədə tatar tacir dediyi kimi hərəkət etsin. Məktəbdə yaxşı oxuyan, musiqi yaddaşına görə yaşıd­la­rından seçilən Mustafa Çokay son sinfə keçib yay tətilinə aula – evlərinə gələndə qara çiçək xəstəliyinə tutulur, ölüm­dən zorla qurtulur. Buna görə də Akmescitdəki məktəbə de­yil, aullarına nisbətən yaxın olan Sarışıqanaq stansiyasındakı məktəb­də oxumalı olur. Buna görə də yaşıdlarından gec, yəni 12 yaşında ibtidai məktəbi bitirir.

1902-ci ildə imtahan verərək Daşkənddəki bir saylı oğlan gimnaziyasına qəbul olunan Mustafa Şokayevin (Çokayev) təhsil illəri olduqca xoş və yaddaqalan keçir. Dərs əlaçısı olmaqla yanaşı, nümunəvi davranışı, dombrada qazaq xalq mahnıla­rını məharətlə ifa etməsi ilə yaşıdlarının və müəllim­lərinin sevimlisinə çevrilir. Yerli xalqların ərizə və şika­yətlərini rus dilinə çevirib hökumət idarələrinə çatdırdığına görə onu rəhbər işçilər yaxından tanıyırlar. Hətta bölgənin qubernatoru general Samsonov da tərcüməçi kimi ondan istifadə edir. Generalın onu yaxşı tanımasına baxmayaraq, gimnaziyanı bitirdikdə böyük bir qalmaqalla rastlaşır. Mustafa Şokayevə (Çokayev) tərifnamə və qızıl medala təqdim edilməsi general Samsonovu razı salmır. O, qızıl me­dalın milliyyətçə rus olan Zepremetova, gümüş medalın isə yerli xalqlardan olan Mustafa Şokayevə (Çokayev) verilməsini tələb edir. Generalın bu tələbi nəinki bölgənin yerli xalqlarından olan ziyalılarının, hətta məktəbdə dərs deyən rusların da narazılığına səbəb olur. Vəziyyət o qədər gərginləşir ki, Zepremetov Mustafa Şokayevin (Çokayev) ondan yaxşı oxuduğunu, buna görə də qızıl medala, özünün isə gümüş medala layiq olduğunu bildirir.

General Samsonov Mustafa Şokayevdən (Çokayev) təh­silini harada davam etdirəcəyi ilə maraqlanır. Onun Peter­burq Universitetinin hüquq fakültəsində oxumaq istədiyini eşit­dikdə deyir ki, Türküstan quberniyasından hüquq təhsili alan ruslara təqaüd verilir. Ona görə yaxşı olar ki, sən tibb fakültəsində oxuyasan. Mustafa Şokayev (Çokayev) bu təklifi qəbul etmir. Gələcəkdə xalqının hüquq­larını qorumaq arzusuyla hüquq fakültəsinə qəbul olunur. Tatar iş adamları isə qazax gəncini təqaüdlə təmin edirlər.

1910-cu ildə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunan Mustafa Şokayev(Çokayev) 1912-ci ildə vətənə dönməli olur. Atası öldüyündən onu tayfa rəhbəri seçmək istəyirlər. Bu illər Rusiya tarixinə Stolipinin islahatları illəri kimi daxil olub. Rusiyanın Daxili İşlər Naziri olduğu zaman müxalifətlə sərt davranan Stolipin Baş Nazir təyin olunduqda bir sıra islahatlar həyata keçirməyə çalışdı. Onlardan biri də Rusiyanın Avropa hissəsində yaşayan, torpaqları olmayan və ya aztorpaqlı rus kəndlilərinin kütləvi surətdə Qazaxıstana və Sibirə köçürməsi oldu. Ata-baba torpaqlarının gəlmələrə verilməsindən, onların hökumət məmurları tərəfindən müdafiə olunmasından qazaxlar, qırğızlar, başqırdlar və Sibirin yerlı xalqları narazı qalsalar da sərt müqavimət də göstərə bilmirdilər. Pərakəndə göstərilən müqavimət də sərt yatırılırdı. Mustafa Şokayevin (Çokayev) həmyerliləri düşünürdü ki, doğru-dürüst olan, rus dilini və Rusiyanın qanunlarını yaxşı bilən, neçə deyərlər hökumət məmurlarının da hörmətlə yanaşdığı Mustafa Şokayev(Çokayev) nəinki tayfanı yaxşı idarə edər, həm də bölgəyə köçürülmüş ruslara verilən ata-baba torpaqlarını geri almaqda onlara kömək göstərər.

Mustafa Çokayev vətənə dönsə də buradakı durumu dəyərləndirdikdən sonra geri qayıtmağı qərara alır. O, yalnız öz tayfasının deyil, bütövlükdə Türküstanda və Qazax-Qırğız çöllərində yaşayan soydaşlarının mənafeyini qorumaq, onların hüquqlarının tapdalanmasının qarşısını almaq istəyirdi.

Mustafa Çokayevın Peterburqda oxuduğ illər Rusiyanın və Avropanın bir sıra irticaçı dövlətlərinin Balkan xalqlarını Osmanlıya qarşı üsyana təhrik etdiyi vaxta təsadüf edir. Belə ağır bir zamanda Mustafa Çokayev dostlariyla Osmanlı dövlətinə yardım dərnəyi qurur. Onlar müxtəlif tədbirlər həyata keçirirərək Rusiya vətəndaşı olan türklərdən və müsəlmanlardan pul toplayıb Osmanlı dövlətinin Rusiyadakı Büyük elçisi Turhan Paşaya verirlər.

Təhsil illərində müəllim və tələbələr arasında özünə nüfuz qazanan gənc Mustafa Çokayevi paytaxtla əlaqəsi olan, orada yaşayan və işləyən türküstanlı, qafqazlı, kırımlı, tatarıstanlı müsəlmanların nümayəndələrinin əksəriyyəti də tanıyırdı. 1914-cü ildə onu keçmiş Duma üzvü, katet partiyasının fəallarından olan Əli xan Bökeyxanovun zəmanəti ilə IV Dövlət Dumasının müsəlman fraksiyasının katibi seçirlər. İşinə olduqca məsuliyyətlə yanaşan gənc hüquqşünas az zamanda müsəlman deputatlar arasında deyil, dumanın əksər üzvləri arasında bacarıqlı və savadlı bir işçi kimi tanınır. Burada Azərbaycandan Əlimərdan bəy Topçubaşovla, Xəlil Xasməmmədovla, Qüzey Qafqazdan Ahmed Salikovla, Kırımdan İsmayıl Lemanovla və b. tanış olur. Gələcək Başqırdıstan Muxtar Respublikasının rəhbəri Əhməd Zəki Vəlidovla da burada tanış olur və dostlaşır. Onların milli məsələyə münasibətdəki baxışlarında da bir oxşarlıq vardı. Düşünürdülər ki, Rusiya güclü və böyük dövlətdir. Rusiyanın işğal altında saxladığı xalqların isə müstəqil hökumət qura biləcək kadrları və dövləti qoruyacaq ordusu yoxdur. Buna görə də Rusiyasız yaşaya bilməzlər. Odur ki, başqırdlar, qazaxlar, tatarlar və b. xalqlar da Rusiyanın tərkibində muxtariyyət əldə etməli, xalqlarının hüquqlarını qorumalıdırlar. Muxtariyyat uğrunda mübarizə aparanların fikirləri Rusiyanın federasiya kimi idarə olunmasını arzulayan Kadetlər partiyasının proqramına çox yaxın idi.

Birinci Dünya Savaşının ağır günlərində, Rusiyanın savaşda uduzmağa doğru getdiyini görən çar II Nikolay 1916-cı il iyunun 25-də qeyri-xristian xalqlarının 18-45 yaşlı kişilərinin səfərbərliyə alınaraq səngər qazılmasında, hərbi sursat daşınmasında və s. işlərdə çalışdırılması haqqında fərman imzalayır. Türküstanda məhsul yığımının qızğın vax­tına və Ramazan ayına düşdüyündən oruc tutmuş müsəl­man­lar elliklə çarın fərmanına qarşı çıxırlar. Amangəldi İma­no­vun rəhbərlik etdiyi üsyanı yatırmaq üçün bölgəyə general İva­nov-Runovun komandanlıq etdiyi ordu yeridilir. Üsyanın mərkəzi olan Cizaq (Jizak) şəhərini yerlə yeskan edir, qadınlara, uşaqlara, qocalara da rəhm etmədən öldürür. Şəhər və kəndlər dağıdılsa da, minlərlə insan öldürülsə və həbs edilsə də üsyan dalğası sönmək bilmirdi.

Vəziyyəti aydınlaşdırmaq və bölgədə stabillik yaratmaq üçün Dövlət Duması komissiya yaradır. Senatın üzvü Kutluq Muhammed Tevkelev və Dumada qətiyyətli çıxışları ilə diqqəti cəlb etmiş, deputat A.F.A.F.Kreniskinin rəhbərlik etdiyi komissiyaya Mustafa Çokayev də tərcüməçi kimi daxil edilir. Aleksandr Fyodroviç Krenskini Mustafa Çokayevdən on il əvvəl Daşkənddəki gimnaziyanı bitirmiş və ondan on il əvvəl də Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu. Fərqli illərdə eyni gimnaziya və universitetdə təhsil almış gələcəyin iki siyasi xadimi 1916-cı ilin avqustunda bir komissiyanın tərkibində Daşkəndə gəlir. A.F.Kreniski bu səfər zamanı Mustafa Çokayevlə yaxından tanış olur və onun iş­güzar­lığını, başverən hadisələrə tərəfsiz yanaşmasını yük­sək qiymətləndirir. A.F.Kreniskinin IV Dövlət Dumasındakı məru­zəsi Rusiyada böyük əks-səda doğurur və onun çar höku­mətinin Türküstanda yeritdiyi siyasətini kəskin tənqid et­mə­si demokratik fikirli insanlar tərəfindən yüksək qar­şı­la­nır. Bununla da II Nikolay taxtdan əl çəkməyə məcbur edilən­də yaradılan Müfəqqəti Hökumətə onun rəhbər seçilməsinə şərait yaradır.

Mustafa Çokayev də müsəlman fraksiyası adından geniş məruzə hazırlayır. Lakin II Nikolay IV Dövlət Dumasını buraxdığından həmin məruzə Dumada oxunmur.

Bir çox qaynaqlar Mustafa Çokayevin 1910-cu ildə universitetin hüquq fakültəsinə daxil olduğunu əsas gətirərək 1914-cü ildə ali məktəbi bitirdiyini yazır. Lakin Mariya Qorina-Çokayın xatirələrində göstərir ki, Mustafa Çokayev 1912-ci ildə vətənə döndüyündən və ictimai işlərə qoşulduğundan universiteti 1914-cü ildə deyil, 1917-ci ildə bitirir.

A.F.Kreniskinin rəhbərlik etdiyi Müvəqqəti Hökumət zamanında quberniyaların özünüidarə hüquqları artır. Bölgələrə yeni, demokratik düşüncəli qubernatorlar təyin edilir. 1917-ci il aprelin 7(20)-də Müvəqqəti Hökumətin Türküstan komitəsi təşkil edilir və hakimiyyət bu komitədə olur. Ölkəninin demokratik yolla idarə edilməsi üçün yeni qanunverici orqan, Müəssisələr Məclisi yaradılması planlaşdırılır. (Lakin Müəssisələr Məclisinə seçkilər 1917-ci ilin sonlarında başa çatsa da, bolşeviklər hərbi çevrilişlə hakimiyyəti ələ aldıqlarından təşkilat fəaliyyət göstərə bilmir, zor gücünə qapadılır – Ə.Ş.).

Rusiyada yaşayan türklərin və müsəlmanların öndərləri xalqlarına xoşbəxt gələcək arzulasalar da, bu yöndə apardıqları mübarizədə fikir birliyinə gələ bilmirdilər. Böyük çoxluq Rusiyanın tərkibində qalmağın tərəfdarı olsa da, onlar arasında da fikir ayrılığı vardı. Bir qismi demokratikləşmiş unitar Rusiyanın tərəfdarı idisə, böyük qismi Rusiyanın Fedarasiya şəklində idarə olunmasını istəyirdilər. 1917-ci il mayın 1-11-də qızğın müzakirələrlə davam edən I Ümumrusiya Müsəlmanlar Qurultayında federasiya tərəfdarları çoxluq təşkil edərək istədikləri qərarın qəbuluna nail ola biliblər.

“Demokratikləşmiş Rusiya” tərəfdarlarından olan Mustafa Çokayev Orenburqda keçirilən I Qırğız (qazax) Qurultayında (21-28 iyun 1917-ci il) Sır dəryadan seçilmiş nümayəndə kimi iştirak edir. Sonra yeniyetməlikdə yaşadığı və təhsil aldığı Akmescitə gəlir. Akmescitdə onun çıxışları etirazla qar­şılanır. Mustafa Çokayev görür ki, xalqının azadlığı uğrun­da mübarizəyə qoşulanlar arasında kəskin fikir ayrılığı var.

Odur ki, Türküstanın mərkəzi sayılan Daşkəndə gəlməyi qəra­ra alır. Yolboyu kənd və qəsəbələrdə görüşdüyü insan­la­rın onlara qarşı edilən haqsızlıqdan şikayətçi olduğunu görür.

1917-ci ilin aprelində Daşkəndə gələn Mustafa Çokayev burada yüksək qarşılanır. Vali və yüksək vəzifəli hökumət məmurları ilə görüşür. O, xalqını cəhalət yuxusundan oyatmaq üçün jurnalistika ilə ardıcıl məşğul olmağa başlayır. Daşkənddə keçirilən Türküstan İctimai Təşkilatlarının Qurultayında bölgənin demokratik üsullarla idarə edilməsi müzakirə edilir. Qurultay Milli Soveti seçir. Sovetə rəhbərlik isə 27 yaşlı Mustafa Çokayevə həvalə olunur.

Daşkənddəki “Uluğ Türküstan” qəzetinin ən fəal müxbirlərindən birinə çevrilir. Sonra özü Daşkənddə “Birlik tuı”(Birlik bayrağı) qəzetini nəşr etməyə başlayır. Qəzetində ilk dəfə türk xalqlarının müstəqilliyi ideyası irəli sürülür. Rus dilində nəşr etdirdiyi “Svobodnıy Turkestana” (Azad Türküstan) qəzetində isə demokratiya təbliğ olunurdu. Qəzet və jurnallar ona yalnız fikrlərini yaymaq üçün deyil, həm də özünə məsləkdaşlar tapmaq, onları bir araya gətirmək üçün əvəzsiz vasitə idi.

 İctimai-siyasi təşkilatların toplantılarında fəal iştirak edən, fikirlərini mətbuat vasitəsilə yayan və yeni yaranan təşkilatların formalaşmasında böyük rolu olan M.Çokayevi Ümum­rusiya Müəssisələr Məclisinə və Ümumrusiya Müsəl­man­larının Şurai-İslam Qurultayına da üzv seçirlər.

1917-ci il aprelin 17-də Daşkənddə 440 nümayəndənin iştirak etdiyi Türküstan Müsəlmanları Qurultayında “Rusiya­nın gələcəkdəki idarəetmə sistemi və burada Türküstanın vəziy­yəti”, eləcə “Bölgəyə köçürülmüş ruslara verilmiş torpaq­lar” məsələsi müzakirə edilmişdir. Konfransda Ubey­dulla Xoca Türküstanlıları bir mərkəzdə birləşdirmək məq­sədilə Milli Mərkəz yaradılmasını təklif etmişdir. Numa­yən­dələr bu təklifi qəbul edərək Mustafa Çokanovun rəhbərliyi ilə Türküstan Müsəlman Mərkəzi Şurasını qurmağı qərara almış­lar.

Lakin mühafizəkarlar Şurada lazımınca təmsil edil­mədiklərini bəhanə gətirərək iyun ayında Şir Ali Lapinin rəhbərliyində Ülamə Cəmiyyətini yaratmışlar. Bu cəmiyyətin üzvləri dindar olsalar da, öz soydaşlarından olan cədidçilərlə əlbir işləməkdənsə rus mühafizakarlarla əməkdaşlıq etməyi üstün tuturlar.

Müvəqqəti Hökumətin zəifliyi və demokratik islahatlar ke­çirə bilməməsi Türküstan Müsəlmanlarının ikinci konfran­sının keçirilməsinə səbəb olmuşdur. Konfransda Rusiya təsirin­dən kənar bir çıxış yolu axtarılması gündəmə gətiril­miş­dir. Milli qüvvələr Türküstanda Rusiya qanunlarının işlə­mə­məsini, milli dəyərlər əsasında qanunlar hazırlanmasını istəyir­dilər. Müvəqqəti Hökumətin Türküstandakı Mərkəzi idarə orqanında milli kadrlara ayrılan yerin 35-ə çatdırılması və onların səlahiyyətlərinin artırılmasını tələb etmək məqsə­dilə Mustafa Çokayev, Narbutabek, Polatcan və Şah İsmayıl­dan ibarət bir heyət Petroqrada-Mərkzə yola salınır. Nüma­yən­də heyəti ilə müzakirələrdə A.F.Kreniski “Türküstanda Ru­siyaya qarşı bir üsyan baş qaldıracağına inanmıram. Baş qaldırsa belə sərt tədbirlərlə qarşısı alınacaqdır” – deyir.

 Müvəqqəti Hökumətin başçısı A.F.Kreniski 1917-ci il avqustun 31-də Türküstan Milli Şurasının zəmanəti ilə Mus­tafa Çokayevi, I və II Dövlət Dumasının üzvü olmuş Əli xan Bökey­xanovu və Muhammedjan Tınışpayevi Turküstan Ko­mitəsinə üzv təyin edir. Türküstanda milli qüvvələr arasında fikir birliyi olmadığından onlar bu komitəni milli demokratik bir orqana çevirə bilmirlər. Ölkə qarmaşa içərisində olduğun­dan siyasi partiyalar, hətta siyasətdən uzaq, müxtəlif mənafe birliklərinə görə formalaşmış qruplaşmalar da hakimiyyəti ələ almaq uğrunda qızğın mübarizəyə girişirlər.

Hökumət idarələrində işləyən rusların böyük bir qismi bu qarışıq­lıqdan şəxsi mənafeləri üçün istifadə edir. Akmesçit və çevrəsindən çoxlu şikayət gəlir. Şikayətləri doğuran səbəb­ləri araşdırmaq və aradan qaldırılması yollarını öyrən­mək üçün bölgəyə 50 nəfərli bir yoxlama qrupu göndərilir. Mustafa Çokayev də bu qrupun tərkibində olur. Qrup üzvlərinin hazırladıqları arayışa əsasən xalqa zülm edən mə­murlardan Aqapov, Selokov, Tunkuncov və Yerdyev izahat verməyə cağırılır. Onlar arayışda yazılanların doğru olduğunu, lakin gördükləri işi “inqilab naminə” etdiklərini söyləyirlər.

1917-ci ilin avqustunda Ali Baş Komandan təyin edilən Lavra Kornilov Müvəqqəti Hökumətdən hərcmərcliyə son qoymaq üçün sərt tərbirlər həyata keçirməsini tələb edir. Bu tələ­binin demokratiyaya zidd olduğunu düşünən A.F.Kre­niski hökuməti qüvvələr balansı yaratmaq üçün Fəhlə və Əsgər Deputatları Sovetlərinin silahlanmasına şərait yaradır. Bu da qarşıdurmaları, toqquşmaları daha da artırır.

1917-ci il noyabrın 1(14)-də Daşkənddə əsgəri birliklərin və dəmiryolçuların gücü ilə Müvəqqəti Hökumətin binasına basqın edilərək Fəhlə və Əsgər Sovetlərinin hakimiyyəti ələ aldıqlarını elan edirlər. Bu hadisə şəhərdə müsəlmanlara qarşı kütləvi qırğın, zorakılıq və talanla davam edir. Daşnaksütun Partiyası adı altında birləşmiş erməni silahlı dəstələri ilə birlikdə minlərlə dinc müsəlman sakini öldürür, malını-mülkünü qarət edir. Onlar yeni-yeni formalaşmağa başlayan demokratik görüntülü hökumətin fəaliyyətini dayandırır və hökumət üzvlərinə qarşı sərt tədbirlər görməyə başlayır.

Şir Ali Lapinin rəhbərliyi ilə Ülamə Cəmiyyəti Daşkənd 525 nümayəndənin iştirakı ilə bir konfrans təşkil edir. Şir Ali Lapinin Fəhlə və Əsgər Sovetlərinin rəhbərlərinə təklif edir ki, qırğın dayandırılsın, müsəlman və rusların bərabər səviyyədə iştirak etdiyi bir komissiya yaradılsın. Dəmiryol işçisi olan, Sovetin rəhbəri Fyodur Kolesnikov bu təklifə “yerli xalq arasında proletariyat olmadığına görə onlar proletar dövlətinin idarə edilməsində iştirak edə bilməzlər” – cavabını verir.

 Mustafa Çokayev və Sovetlərə müxalif olanlar Fərqanə vadisindəki Kokand şəhərinə çəkilməli olurlar. Uzun illər Kokand xanlığının mərkəzi olmuş bu şəhərin əhalisi antirusiya əhval-ruhiyyəliliyi ilə seçilirdi. Türküstanlı mühafizəkarlar ruslarla birgə işləməyin mümkünsüzlüyünü gördükdən sonra cədidçilərlə əməkdaşlıq etməli olurlar. Hər iki qrupun nümayəndələri 1917-ci iln noyabrında Kokandda bir toplantı keçirmək qərarına gəlir.

 1917-ci il dekabrın 9-da Kokanddakı Xan Sarayında 180 nəfər nümayəndənin iştirakı ilə Türküstan Müsəlmanlarının Fövqəladə Dördüncü Qurultayı keçirilir. Gündəliyə dörd məsələ çıxarılır:

1.Türküstanın hökumət qurluşu,

2.Türküstanın Güney-Doğu Fedarasiyonuna girməsi məsələsi,

3.İcraiyyə Komitəsinin yaradılması,

4.Türküstanda bir Konstitussiya Məclisinin qurulması.

Dekabrın 10-da Mustafa Çokayev Rusiyanın tərkibində Kokandda Türküstan Məhəlli Muxtar Hökumətin qurulduğunu elan edir. Şir Ali Lapin Hökumətin başçısı seçilir. Dekabrın 11-də isə 10 nəfərlik bir İcraiyyə Komitəsi yaradılır.

1917-ci il dekabrın 5-13-də Orenburqda keçirilən II Ümum­qırğız Qurultayında Türküstan Məhəlli Muxtariy­yatı­nın Baş Naziri kimi Mustafa Çokayev də iştirak edir. 1917-ci il dekabrın 26-da isə Əli xan Bökeyxanovun rəhbərlik etdiyi Alaş Orda Hökuməti qurulur. Yeni hökumət özünü Rusiya Fe­de­rasiyasının muxtar bir subyekti elan edir. Qazaxların qur­duğu bu hökumətin 25 üzvündən 10-u ruslar və yerli olma­yan xalqlardan idi. Qəribədir ki, Muhammedjan Tınışbayev Kokand Hökumətinin Baş Naziri və Alaş Orda Höku­mətinin Daxili İşlər Naziri, Mustafa Çokayev hər iki hökumətdə Xarici İşlər Naziri işləmələrinə baxmayaraq bu hökumətləri birləşdirmək üçün göstərilən səylər bir nəticə vermir.

Kokand Hökumətinin Maliyyə Naziri Şah İsmayıl 1918-ci il yanvarın 15-də iqtisadi vəziyyəti düzəltmək üçün xalqdan 30 milyon som kredit toplanması təklifini irəli sürür. Xalq Şurası bu təklifə səs vermir. M.Tanışpayev Şuranın tərkibindəki fikir ayrılığına son qoya bilmədiyi üçün istefa verir. Yerinə Ubeydulla Hocanı təklif etsələr də, o bu təklifi qəbul etmir. Beləcə M.Çokayev Baş Nazir, Ubeydulla Hoca isə ona müavin təyin edilir.

 M.Çokayev platformasını şərh edərkən deyir ki, bizim müstəqil dövlət qurmamız çətindir. Buna bizim nə kadrımız var, nə də təcrübəmiz. Yaradacağımız dövləti qoruyacaq ordumuz da yoxdur. Rusiya nə qədər zəifləsə də, bizdən qat-qat güclüdür. Buna görə də Rusiya ilə sülh və dostluq şəraitində yaşamağa çalışmalıyıq. Mən bolşeviklərin yeritdiyi siyasətlə razılaşa bilmirəm, lakin onların necə bir dağıdıcı gücə malik olduğunu görürəm.

Kokand hökuməti 1918-ci il martın 20-də seçki keçirərək yeni parlament formalaşdıracağını elan edir. Bu parlamentin üçdə ikisini yerli xalqlar, üçdə birini isə rus və yerli olmayan xalqlardan seçilən nümayəndələr formalaşdıracaqdı. Bunu Türküstanda demokratiyanın ilk addımı saymaq olardı.

Daşkənddə silah gücünə hakimiyyəti ələ almış, özlərini Fəhlə və Əsgər Sovetləri adlandıran qüvvələr yanvarın 31-də Konfrans keçirərək Kokand Muxtariyyatını “qiyamcı burjua dövləti” kimi qiymətləndirib ona qənim kəsildiklərini elan et­dilər. Onların yaratdığı Türküstan Hökumətinin 14 üzvü arasında bir nəfər də olsun yerli xalqların nümayəndəsi yox idi.

M.Çokayev 1918-ci ilin yanvarında bəyanat verir ki, qeyri de­mokratik addımlar atan, yerli xalqların hüququnu tapda­layan Sovetləri tanımayacaq. Bundan qəzəblənən Moskva Daşkəndə 11 qatar top, pluemyot və avtomat silahlarla silahlanmış ordu birləşməsi göndərir. Daşkənddəki qarnizon və erməni daşnakları da bolşevik hərbi hissələri ilə birlikdə şəhərin müsəlmanlar yaşayan hissəsinə hücuma keçir. O zaman Daşkəndin müsəlmanlar yaşayan hissəsində, köhnə Daşkənd adlanan yerdə yarım milyona yaxın müsəlman, xristianlar yaşayan, yeni Daşkənd adlanan hissədə isə 75 min insan vardı.

O dövrdə Türküstanda, xüsusilə, Daşkənddə avstriyalılar, macarlar, çexlərdən ibarət xeyli hərbi əsir vardı. Almanlar çox az idi. Avstriyalıların bəzi imtiyazları vardı, onlar aşbaz, xarrat işləyir, həmçinin musiqi və dil dərsləri verirdilər. Çexlər də bu işlərlə məşğul olurdular. Deyilənə görə macarlar, qismən də türklər özbək ordusunda xidmət etməyə hazırlaşırdılar.

Bolşeviklərin əsgəri birlikləri və erməni daşnakları fevralın 6-da Kokanda hücuma keçir. Üç gün içərisində şəhəri dağıdır və talayırlar. Oradan sağ qurtulanlar Fərqanə vadisinin kəndlərinə və dağlarına qaçırlar.

1918-ci il fevralın 18-də Kokand Muxtariyyatında silahlı müqavimət başa çatır. Yeni ordu yaratmağa imkan tapmamış, könüllülərdən təşkil edilmiş dəstələri zəif silahlandırmış Muxtariyyat Kokandın müdafiəsini təşkil edə bilmir. Dinc əhalini qəddarlıqla qırmaq və mal-mülklərini talamaqla qürrələnən Sovet rəhbərləri anlamadılar ki, bu addımları ilə Sovetlərə qarşı 15 ilə yaxın davam etmiş Basmaçı hərəkatının əsasını qoymuş oldular.

Sovetlərin yaratdığı proletar diktaturası qırmızı terrora başlayır. Milli qüvvələri yerindəcə güllələyən, həbs edən və ağır işgəncə verən bolşeviklərin əlindən M.Çokayev sağ qurtularaq Fərqanə vadisinə qaça bilir. Bolşeviklər onun başını gətirənə 1000 manat verəcəklərini vəd etməsinə bax­mayaraq, M.Çokayev Fərqanə vadisini xeyli dolaşdıqdan son­­ra yaxın silahdaşlarının köməyi ilə Daşkəndə gəlir. Vax­tilə Türküstan qiyamını araşdıran komissiyanın tərki­bində gələr­kən tanış olduğu aktrisa Mariya Qorinanın evində gizlə­nir və apreldə isə onunla evlənir. Onun Daşkənddə qalması öz həyatı və onu qoruyanlar üçün təhlükə yaratdığından oranı tərk etməyi planlayır. Lakin şəhərdən çıxmaq o qədər də asan olmur. Həmin günlərdə tərk edilmiş, işsiz qalmış, zor gün­lərini yaşayan Mariya Qorinaya da Moskvada opera teatrından işə də təklif gəlir.

Mariya Qorninanın təkidi və qurduğu plan əsasında və düzəltdiyi saxta sənədlərlə M.Çokayevi yaralı hərbçi kimi üz-gözünü sarıyıb Moskvaya gedən qatara mindirirlər. Qatarla 1918-ci ildə mayın 1-də Daşkənddən hərəkət edir. Pulsuz-parasız, geyimsiz və ərzaqsız yola düşən gənc ailəyə Akmolla stansiyasında Mustafanın dostları yardım edir.

Volqadakı hərbi döyüşlərə görə Aktübinskdən sonra onlar yollarına davam edə bilmirlər. 10 gün orada qaldıqdan sonra Temir qəsəbəsinə gedirlər. Orada da həbs olunurlar. Qısa­müd­dətli həbsdən qurtardıqdan sonra Mustafa Uralskə get­məyi qərara alır. Çöllərində, aullarda dolandıqdan sonra yay­da qazaxların yun və dəri satmaq üçün Qızılkurtda təşkil etdik­ləri yarmarkaya gəlirlər. Orada Alaş Ordanın nüma­yən­dələri Xəlilin və Caniş Dosməhəmmədin aulunu tapır və yeni­dən siyasi mübarizələrə qoşulur.

Birinci Dünya Savaşında Avstriya-Macarıstan ordusunun tərkibində döyüşərək Rusiyaya əsir düşmüş Çexoslavakiya Korpusunun (bu korpusda 45 min nəfər silahlı hərbçi vardı – Ə.Ş.) vətənə dönməsinə bolşeviklər müxtəlif bəhanələrlə əngəlləyirlər. Onlar da üsyan qaldırıb Penza yaxınlığından Vladivastoka qədər dəmiryol stansiyalarını tuturlar. Samara şəhəri də onların əlinə keçir. Eserlərin böyük bir qismi də onları müdafiə edir və bu üsyandan yararlanmağa çalışırlar. Bolşeviklərin demokratik seçimdə uduzduqlarını görərək matros Jelezniyakın rəhbərliyi ilə cəbhədəki bir qrup matrosu Müəssisələr Məclisinin toplantısı keçirilən Tavriya sarayına göndərir. Onlar toplantını yanvarın 6-da dağıdırlar. Yanvarın 7-də Müəssisələr Məclisinin üzvlərindən Şinqaryov və Kokaşkin öldürülür.

Vəziyyətin gərginliyi, bolşeviklərin inqilabi dəyərlərə əməl etməyərək diktatura qurmaları eserlərdən V.K.Volsk baş­da olmaqla, 29 nəfər Müəssisələr Məclisinin üzvü 1918-ci il iyulun 8-də qısa adı Komuç olan Ümumrusiya Direk­tori­ya­sını təşkil edirlər. Onlar Xalq Ordusu yaradaraq bolşeviklərə qarşı döyüşlərə başlayırlar. Mövqelərini möhkəmlətmək üçün də Alaş Ordaçılardan Əli xan Bökeyxanovu və M.Çokayevi Samaraya dəvət edərək hərbi-siyasi ittifaq bağlamağı təklif edir.

1918-ci il sentyabrın 23-də Ufadakı iclasda tarixə “Ufa direktoriyası” kimi daxil olan Ümumrusiya Müvəqqəti Hökumətini yaradırlar. Mustafa Çokayev də komitəyə büro üzvü seçilsə də, ona nazir vəzifəsi verilmir. Oktyabrın 9-da “Ufa direktoriyası” Omska köçür və antisovet güclərini birləşdirmək məqsədilə əvvəlcə bütün kazak qoşununu, sonra da Alaş Orda Hökumətinin, Başqırd Muxtar Respublikasının eləcə də Sibirin, Uralın antibolşevik qüvvələrini rəhbərləri ilə danışıqlar aparılır.

Çar ordusunun admiralı A.V.Kolçakın yeni yaradılmış Si­bir Hökumətinə Hərbi və Dəniz Naziri təyin edilməsi nəinki da­nışıq­ları dayandırır, Alaş Orda Hökuməti ilə müna­sibətlərin dəyişməsinə səbəb olur.

Müəssisələr Məclisi nümayəndələrinin Yekaterinburqda 1918-ci ilin noyabrında keçirdikləri qurultayda qərara alınır ki, ABŞ prezidenti V.Uilsonun yanına nümayəndə heyəti yola salınsın. Bu nümayəndə heyəti Rusiyadakı xalqların durumunu ona çatdıraraq yardım istənilsin. ABŞ-a gedəcək nümayəndə heyətinin tərkibinə M.Çokayev, İdil Ural hökumətinin nümayəndəsi tatar İlyas Akin, Türkmənistan eseri Vadim Çaykın, Yusif Minar və b. daxil edilir. Onlar üçün qatara bilet də alınır. M.Çokayevin xanımı Mariya Qornina-Çokayeva nümayəndə heyətilə birlikdə getməsi planlaşdırılır. 1918-ci ilin noyabrın 19-da Yekaterinburqda Amerikaya getməli olan nümayəndələrin qaldığı hoteldə partlayışı törədilir. Bu partlayışda bir neçə nəfər həlak olur ki, onların biri də Amerikaya getməli olan nümayəndə olur.

Bu, A.V.Kolçakın hərbi çevrilişinin başladığını elan edirdi. Hökuməti silah gücünə devirmiş A.V.Kolçak Ufa direktoriyasının rəhbərlərinin həbs edilməsinə və Alaş Orda Hökumətinin, Başqırdıstan Muxtariyyatının buraxılmasına göstəriş verir. M. Çokay və onun məsləkdaşları da həbs edilərək Çelyabinskiyə göndərir. Bununla güclü bir dövlət qurmağa çalışır və özünü Rusiya Dövlətinin Ali Hakimi elan edir.

Ölkədə vəziyyətin hər an dəyişdiyini yaxşı bilən, şəhər və qəsəbələrin tez-tez bu və ya başqa bir silahlı qruplaşmanın əlinə keçdiyinin dəfələrlə şahidi olan M.Çokayev oradan qaça bilir.

A.V.Kolçakın diktator davranışları hətta ona tabe olan zabitlər, onun hökumətində olan demokratik fikirli insanlar və eserlər arasında etirazlar doğurur. Yaranmış vəziyyətdən istifadə edən eserlər başqırd və qazax hərbi güclərini polkovnik Maxinin rəhbərliyində olan Orenburq və Ural qazaxlarının demokratik qanadı birləşdirərək antisovet cəbhədə birləşdirməyə təşəbbüs göstərirlərr. Bu fikri reallaşdırmaq məqsədilə 1918-ci il 1 dekabrda Orenburqda Karvansaray binasında Başqırd hökumətinin və Ufa Drektoriyasının təmsilçiləri toplanılar. Rus eserlərinin rəhbəri Viktor Çexov, Ufa Direktoriyasının Xarici İşlər Naziri, eser Mikayıl Vedenyapin Şetqeman, Türküstan eserlərinin rəhbəri, eser Vadim Çaykin, eləcə də Alaş qazax hərəkatından Mustafa Şokay, Başqırd Hökumətindən Ahmet Zeki Validov və b. toplantıda iştirak edir.

Uraldakı kazak qoşunlarının atamanı A.Dutov onların həbsinə göstəriş verir. M.Çokayev oradan da qaça bilir. Yaxın dostu Ahmet Zeki Validov 1919-c il martın 20-də Le­nin, Satlin və b. danışığa girərək Sovet Başqırd Respublika­sının yaradılması şərti ilə Sovetlərin tərəfinə keçir. Sonralar M.Çokayev yazır: “Validi xaincəsinə Sovetlərin tərəfinə keçdi, bununla da bizim aksiyalarımıza mənəvi və siyasi zərbə vurdu”.

Mustafa Çokayev bir neçə dəfə ölümlə üzləşərək, Uralın bir neçə şəhər və qəsəbəsini dolaşaraq Qüzey Qafqaza gələ bilir. Burada Sovet Rusiyasına qarşı mübarizəni davam etdirir. Oradan Gürcüstana gəlir və Tiflisdə çıxardığı “Azad Dağlılar” adlı həftəlik qəzetdə Türküstanda baş verənləri oxuculara çatdırmağa çalışır.

Xanımı Mariya da aylarla çətin, təhlükəli və üzücü yollar keçərək ərinin arxasınca gəlir.1920-ci ildə Qüzey Qafqaz Milli Təşkilatının və Türküstan Milli Mərkəzinin nəşr etdiyi “Yeni dünya” qəzetinə rəhbərlik edən Mustafa Çokayev burada dəyərli məqalələr yazır. O, Tiflisdə çıxardığı “Şəfəq” qəzetində Anadoludakı Kuvay-i Milliyə hərəkatını dəstəklə­yən yazılar çap etdirir.

Azərbaycan Xalq Cümhuriyyətini dəstəkləyən və daima ona yardımçı olan Mustafa Çokayev Bolşeviklər Qafqazı işğal etdikdən sonra Batum-Trabzon dəniz yolu ilə İstanbula gedir.

İstanbulda çıxan “Yeni Türküstan”, Berlində yayımlanan “Yaş Türküstan” adlı jurnallarda və Avropa dillərində çıxan mətbuatda Mustafa Çokayev deyil Çokay imzası ilə həmişə Türküstan ve türklük mübarizəsini davam etdirir. M.Çokay 1921-ci ilin yazında İstanbuldan gəmi ilə Fransanın Marsel limanına gəlir və oradan qatarla Parisə gedir.

Tatar liderlərindən Fuat Toktar M.Çokay və xanımı Mariyanı qarşılayaraq kasıb bir oteldə yerləşdirir. Bir neçə gün sonra Çokaylar ailəsi iki otaqlı kiçik bir mənzilə köçməli olur. İki həftə sonra maddi sıxıntı çəkdiklərinə görə mənzillərini yeməkxanaya çevirirlər. Burada Rusiyadan gəlmiş qaçqınlar üçün ucuz qiymətə yemək hazırlayırlar.

 Bir zamanlar Türküstan hökumətinin rəhbəri olan M.Çokay Parisdə çörəkpulu qazanmaq üçün kartof, soğan soymaqla, düyü təmizləməklə gün keçirir. Azərbaycanın mühacirətdə olan lideri Məhəmməd Əmin Rəsulzadə onunla görüşə gələrkən Çokay üzr istəyərək kartof soya-soya söhbətini davam etdirir. M.Ə.Rəsulzadə M.Çokayı belə gördüyünə üzülmür. Əksinə, onun əyilməzliyinə, qüruruna, ağıl və mətanətinə heyran qaldığını yazır.

1922-ci ilin ortalarında M.Çokayın xanımı Mariya xəstə­lə­nir. Onu Parisdə müalicə etdirməyə pulları çatmadığına görə Almaniyaya aparırlar. Çünkü Almaniyada infilasiyaya görə hər şey Parislə müqayisədə ucuz idi. Belə ki, 100 Fransız frankı ilə aylarla bir pansiyonda qalmaq olurmuş. Çokaylar ailəsi altı ay Almaniyada qaldıqdan sonra 1923-cü ildə Fransaya dönür.

M.Çokay Parisdə yalnız ideoloji baxışıyla deyil, doğruluğu, dürüstlüyü və dostlarına olan vəfası ilə də məşhurlaşır. O, Parisdə yaşayan Azərbaycan mühacirləri Əlimərdan bəy Topçubaşov və Ceyhun bəy Hacıbəyli ilə tez-tez görüşür, birgə mübarizə planları hazırlayır, toplantılar keçirir, fikir mübadiləsi edir.

Həyatının son iyirmi ilini M.Çokay Parisdə keçirir. 1921-1941-ci illərdə Parisdə yaşayıb ictimai-siyasi fəaliyyətini davam etdirməklə yanaşı, tez-tez Berlinə də gedir. Bu da səbəbsiz deyildi. Həm oradakı siyasi mühacirlərlə görüşür, həm də “Yaş Türküstan” jurnalı orada çap etdirirdi. O, 1929-1939-cu illər arasında “Yaş Türküstan” jurnalının 117 sayını çap etdirərək oxuculara çatdıra bilir. Bu jurnalda yalnız Türküstanın azadlığı uğrunda gedən mübarizədən söz açılmırdı. Keçmiş Rusiya ərazisində əsarətdə yaşayan xalqların milli mübarizəsi burada öz əksini tapır. Azərbaycan siyasi mühacirlərinin məqalələrinə də jurnalın səhifələrində rast gəlinir. Jurnalın əsas qayəsi əsarətdə olan xalqları Sovet əsarətindən qurtarmaqla yanaşı, Türk xalqlarının birliyinə da nail olmaq idi. Buna görə də araşdırıcılar “Yaş Türküstan” jurnalını Mustafa Çokayın ən böyuk əsəri sayırlar. Çokayın baxışları jurnalda çap olunan məqalələrdə özünə geniş yer tapır.

Faşist Almaniyası Fransanı az zamanda işğal etdikdə siyasi mühacirlərin çoxu bu ölkəni tərk etməli oldu. Mustafa Çokay isə bu ölkəni özünə ikinci vətən saydığından Parisi tərk etmir. Bu da onun siyasi fəaliyyətinin zəifləməsinə səbəb olur. Lakin faşist rejimi onun bu hərəkətindən də razı qalmır. 1941-ci ilin iyunun 22-də Almaniya ilə SSRİ arasında başlayan müharibədən az sonra Mustafa Çokay evində həbs edilir və Berlinə aparılır. Alman faşistlərinin məqsədi Mustafa Çokayın nüfuzundan istifadə edərək əsir alınmış türküstanlılardan, tatar və başqırdlardan ordu yaradaraq Sovetlər Birliyinə qarşı döyüşə göndərmək idi. Mustafa Çokay müharibədən sonra Türküstanın azadlıq əldə edə bilməyəcəyini gördüyündən Alman faşistləri ilə işbirliyinə getmir. 1941-ci ilin dekabrın 27-də anidən xəstələnərək dünyasını dəyişir. Onun şübhəli ölümü məsləkdaşlarını üzsə də, xanımı Mariyanın köməyi ilə cənazəsini alıb islami adətlərlə, Quran oxutduraraq Berlindəki Müsəlman qəbristanlığında dəfn etdirirlər. Hətta ölümünün 40-cı günü Parisdəki ən böyük məsciddə ehsan da verirlər.

Mustafa Çokaydan söz açarkən onun xanımı, milliyətcə rus olan Mariyanın da xidmətlərini unutmamaq lazımdır. Mustafa Çokay mənalı ömrünü Rur müstəmləkəçilərinə qarşı mübarizəyə həsr edəndə Mariya xanım həmişə onunla birlikdə olmuşdur. Mariya Mustafa Çokayı müsəlman adətlərilə dəfn etməklə yanaşı, onun irsinin qorunmasında da mühüm rol oynamışdır. Mustafa Çokayın ölümündən sonra onun arxivini Parisdəki Şərq Dilləri və Mədəniyyətləri İnstitutuna vermişdir. Orada M.Çokayın şəxsi sənədlərindən ibarət bir arxiv yaradılmışdır. Mariya M.Çokayın zəngin kitabxanasını da M.Çokayın adı veriləcək bir bölüm yaradılmaq şərtilə İnstituta bağışlamışdı. Bununla yanaşı, Mustafa Çokay haqqında xatirələrini yazaraq çap etdirmişdir. Almatıdakı Qazaxıstan Dövlət Arxiv Parisdən Mustafa Çokayın arxivinin mikrofilmlərini apararaq qazax araşdırıcılarının istifadəsinə vermişdir. Buna görə də Qazax xalqı Mariya Çokayı da həmişə hörmətlə xatırlayacaq.

Qazaxıstan Prezidenti Nursoltan Nazarbayev Türküstan birliyi yaratmaq ideyasını ortaya atdıqdan sonra Mustafa Çokaya diqqət yenidən artmışdır. Belə ki, Qazaxıstan BTA Bankının sponsorluğuyla 2008-ci ildə Mustafa Çokayın həyatını əks etdirən sənədli film çəkilmişdir. Bu filmin bir çox kadrları Özbəkistanın Daşkənd, Kokand, Qazaxıstanın Qızıl Orda, Rusiyanın Peterburq, Azərbaycanın Bakı, Gürcüstanın Tiflis, Türkiyənin İstanbul şəhərlərində, Fransa və Almaniyada çəkilmişdir. Onun adının əbədiləşdirilməsi, ideyalarının təbliği sahəsində də işlər davam etdirilir.

 

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2010-ci il martın 22-də efirdə səsləndirilmiş verlişin mətni( www.trtazerbaycan.com) əsasında hazırlanmışdır.)

 

 
 
 

 

 

VAHİD TÜRK TATAR DÖVLƏTİ QURMAQ İSTƏYƏN KOMMUNİST SANJAR ASFANDİYAROV

 

Sanjar Aspandiyarovun adı­na ilk dəfə SSRİ dağıldıq­dan sonra Azərbaycanda 1937-ci ildə həbs edilən icti­mai-siyasi xadimlərin və alim­lərin istintaq material­ların­da rast gəlmişdim. Ziya Bün­yadovun 1993-cü ildə Azər­baycan Dövlət Nəşriy­ya­tın­da çap etdirdiyi “Qırmızı terror” kitabında onun haq­qın­da RSFSR MİK-in keçmiş katibi Səncər İsfəndiyarov ki­mi yazılır. Ruhulla Axundovun, Bəkir Çobanzadənin və b. da istintaq materiallarında ad və soyad azərbaycanlıların söylədiyi kimi yazılır.

Qazaxlarda onun adı və soyadı Sanjar Jafar ulu (Seyitjapar ulu, Jağıpar, Seyitjağıpar), rusdilli qaynaqlar isə Sanjar Djafaroviç Asfandiyarov (Aspandiyarov) kimidir. Onun şəcərəsi Əbilxayır xana bağlıdır. Anası Güləndam da qazax xalqının qəhrəman oğlu, Rus işğalcılarına qarşı savaşda şəhid olmuş Kensarı Qasım oğlunun nəvələrindən olduğunu ehtimal edirlər. Rusiyanın işğal etdiyi qazax torpaqlarının hökmdarlarının nəslindən olan Seyitjapar Türkistan Quberniya İdarəsində general-qubernatorun doğu dilləri üzrə tərcüməçisi işləmiş və polkovnik vəzifəsinədək yüksəlmişdir. Buna görə də Sanjar ata-baba mülklərində deyil, 1889-cu ilin oktyabrın 20-də atasının işlədiyi Daşkənd şəhərində anadan olur.

Sanjar Asfandiyarov ilk təhsilini evdə xüsusi müəllim­lər­dən alaraq ərəb, fars, fransız, ingilis dillərini, Türküstanda yaşayan xalqların ləhcələrini, şəriəti öyrənir. Sonra Daşkənd realnı məktəbinə daxil olur və oranı 1907-ci ildə bitirir.

Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasını Rusiya Hərbi Dəniz Nazirliyinin təqaüdü ilə oxuyan Sanjar Asfandiyarov 1912-ci ildə ali təhsilini başa vurub orduda xidmətə başlayır. Buxara əmirliyinin Termez şəhərindəki Rusiyanın hərbi hissəsinin 10-cu süvari polkunda həkim kimi işə başlayan Sanjar Asfandiyarov sonra 9-cu süvari polkuna baş həkim, oradan da Səmərqənd və Aşxabad şəhərlərindəki süvari polkunda xidmətə göndərilir.

1914-cü ilin avqustunda Birinci Dünya Savaşı başladıqda Sanjarın xidmət etdiyi 5-ci Türküstan süvari polkunu Polşanın Prussiya ilə sərhəddəki Lodz qalasının müdafiəsinə göndərirlər. Lakin müdafiə düzgün təşkil edilmədiyindən elə ilk həmlədəcə alman orduları Lodz qalasını alır. Əsirləri Almaniyanın içərilərindəki hərbi əsir düşərgəsinə göndərirlər. Bir neçə dil bilməsi, qazax ailəsində doğulması, həkim olması Sanjarın köməyinə çatır. Əsir düşərgəsində tərcüməçi, həkim kimi işləyir və qısa bir vaxtda alman dilini də öyrənir.

 Bir ilə yaxın Tornodakı, Kutnodakı, Aleksandrovkadakı əsir düşərgələrində həkim işlədikdən sonra, yəni 1915-ci ilin axırlarında Qırmızı Xaç Cəmiyyəti Alman əsirliyində olanların bir qrupunun azad edilməsi haqında hökumətin razılığını alır. Rusiya ordusundan əsir düşənlər İsveçrəyə gətirilir. Onların arasında Sanjar Asfandiyarov da olur. İsveçrədən də keçmiş əsirləri Sankt-Peterburqa yola salırlar.

Rusiyaya qayıdan Sanjar Asfandiyarovu alman hərbi əsirlərinin düşərgəsində həkim işləməyə göndərirlər. 1917-ci ildə 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulur, II Nikolay çar taxtından salınır. Əsarət altında olan xalqlar arasında milli azadlıq ideyası genişlənir. Geridə qalmış, aqrar bölgə sayılan Türküstan da siyasi mübarizələr meydanına çevrilir. Sanjar Asfandiyarov da siyasi fəaliyyətə başlayır.

1917-ci ildə Buxara Müsəlman Şurasına üzv seçilən Sanjar Asfandiyarov, sonra Daşkənd Sovetinin deputatı, Türküstan quberniyası Müsəlman Şurasının üzvü kimi ictimai-siyasi fəaliyyət göstərir. Həmin illərdə o, Türküstanın Rusiyadan ayrılaraq müstəqil yaşaya biləcəyinə inanmır. Buna görə də vətəninin xoşbəxt gələcəyini Rusiyanın tərkibində görür.

Hərbi həkim və Çerniyayevski polku Müsəlman bürosunun üzvü olan və Daşkənd Sovetinə Köhnəşəhər seçki dairəsindən müsəlman deputatı seçilən Sanjar Asfandiyarov boşeviklərin səkkiz saatlıq iş günü, əsarətdə olan xalqlara azadlıq, sosial bərabərlik, torpaqların kəndilərə verilməsi, söz və vicdan azadlığı kimi şüarlarına aldanır. Onlarla birgə çalışır, xalqının xoşbəxtliyini bolşeviklərin hakimiyyətə gəlməsində görür. Bolşeviklərin də yerli xalqlardan olan Sanjar kimi savadlı və işgüzar kadrlara böyük ehtiyacı vardı.

Odur ki, Sanjar Asfandiyarovu Türküstan Muxtar Sovet Sosialist Respublikasında Səhiyyə Komissarı, sonra da Torpaq və Su Təsərrüfatı Komissarı vəzifəsinə təyin edirlər. 1919-1920-ci illərdə nazir işləyən Sanjar Asfandiyarov Turar Riskulovla dostlaşır. Partiya, sovet orqanlarında yüksək vəzifə tutan qazax xalqının bu iki mübariz oğlunun dostluğu və məsləkdaşlığı ömürlərinin sonuna kimi davam edir.

1923-1925-ci illərdə Türküstan MSSR Xalq Komis­sar­lığında Torpaq və Su Təsərrüfatı şöbəsinin müdiri, Rusiya Kommunist (bolşeviklər) Partiyası Türküstan Vilayət Komitəsinin məsul katibi, RK(b)P Mərkəzi Komitəsinin Orta Asiya bürosunun üzvü olan Sanjar Asfandiyarov xalqına divan tutulduğunun şahidi olur. Özü rəhbər vəzifədə işləsə də, rusların çarizm dövründəki kimi xalqına yuxarıdan aşağı baxılmasının, hüquqlarını tapdamasının qarşısını ala bilmir. Odur ki, hakimiyyətdən narazı olan rəhbər işçilər və ziyalıların qurduqları gizli təşkilata daxil olur.

İdarəetmədən narazılığını hiss edən hakim dairələr onu vətənin­dən, çevrəsindəki yaxın adamlarından və məslək­daşların­dan uzaqlaşdıraraq Moskvaya rəhbər işə aparırlar.

Sandjar Asfandiyarov Moskva Dövlət Universitetinin professoru, N.Nərimanov adına Şərqşünasılq İnstitutunun rektoru olduğu müddətdə Sovetlərin yeritdiyi siyasətdən narazı qalan rəhbər partiya-sovet işçilərilə yaxından tanış olur. RSFSR Xalq Komissarlar Şurası sədrinin müavini işləmiş Turar Rıskulovla, Özbəkistan K(b)P Mərkəzi Komitəsinin katibi işləmiş Rahimbayovla, Kırım MSSR Xalq Kommisarlar Şurasının sədri işləmiş Şuqu Əmirəsənlə, RSFSR Xalq Maarif Komisarlığının əməkdaşı olmuş Xaris Jumanqulovla, Dağıstan MSSR Xalq Maarif Komissarı işləmiş Toxo Qodi, Qaraçay-Çərkəz İcraiyyə Komitəsinin sədri işləmiş Ömər Əliyevlə, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının Xalq Torpaq Komissarı işləmiş Dadaş Bünyadzadə, Azərbaycandan Mərkəzi İcraiyyə Komitəsinin sədri işləmiş Soltanməcid Əfəndiyevlə, Xalq Maarif Komissarı Mustafa Quliyev, ali müktəblərdə dərs deyən, elmi idarələrdə çalışan, məşhur professor Bəkir Çobanzadə və b. ilə birlikdə Vahid Türk Tatar Respublikası qurmağı planlayırlar. Bu adamların hər birinin rəhbərlik etdiyi gizli quruplarda da onlarla ziyalı, tələbə, rəhbər partiya-sovet işçisi, hərbçi olur.

 Sandjar Asfandiyarovu Moskvadan uzaqlaşdıraraq Qazaxıstana göndərirlər. 1928-1931-ci illərdə Qazaxıstan Pedaqoji İnstitutunun rektoru və tarix kafedrasının müdiri işləyən Sandjar Asfandiyarov 1931-1933-cü illərdə Qazaxıstan MSSR Səhiyyə Komissarı və Qazaxıstan Tibb İnstitunun rektoru vəzifələrində çalışır.

1933-1934-cü illərdə Qazaxıstan MSSR Xalq Maarif Komissarının müavini işləyən Sandjar Asfandiyarovu rəhbər partiya-sovet işindən uzaqlaşdırıb elmi tədqiqat sahəsinə göndərirlər. Bu o demək idi ki, Sovetlərin ona inamı və etibarı azalmışdı.

1934-1937-ci illərdə SSRİ EA Qazaxıstan filialında tarix-arxeologiya komissiyasında şöbə müdiri, Filial direktorunun müavini işləyən, ali məktəblərdə dərs deyən, professor Sandjar Asfandiyarov gizli fəaliyyətini də davam etdirir, ətrafina daha çox elmi kadrlar toplayır.

Qazaxıstanın yaxın tarixinə dair bir neçə sanballı əsər ya­zan Sandjar Asfandiyarov əleyhinə 1937-ci ildə kampaniya başla­yır. Həmin ilin sentyabrın 27-də onu Almatı şəhər Partiya Komitəsinin bürosu kommunist partiyası sıralarından azad edir. İki gün sonra çap olunan “Kazaxıstanskoye pravda” qəzet onun əleyhinə kəskin məqalə yazır.

KQB tərəfindən həbs edilən Sandjar Asfandiyarov uzun və işgəncəli istintaqdan sonra həbs edərək 1918-ci il fevralın 25-də güllələyirlər. 1954-cü ildə həbsxanada dünyasını dəyişən alimin ölümünü ailəsindən və qohumlarından gizli saxlayırlar.

Sovetlər dağıldıqdan və Qazaxıstan azadlığına qovuş­duq­dan sonra Sandjar Asfandiyarov adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Vaxtilə dərs dediyi və rektor işlədiyi Tibbi İnstitutuna onun adı verilir.

 

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2013-ci il yanvarın 18-də efirdə səsləndirilmiş verlişin mətni( www.trtazerbaycan.com)


 

TÜRKÇÜ BAXIŞLARINA GÖRƏ HƏBS EDİLƏN VƏ HƏBSXANADA ÖLƏN

MAQJAN JUMABAYOV (CUMABAYOV)

 

ANd9GcS2tBsObp4brDzDn1rIVTF-P2r3sVz8IJDBBjt2WFkwOYh1NHnFQazax-qırğız türkcəsində [j] səsinin [c] səsinə çevril­mə­sinin geniş yayıldığı haq­qın­da söbət açacağımız Maq­janın adı Maqcan, soya­dı Jumabayov hətta Cuma­ba­yov kimi də yazılır. Maqjan Be­ken bəy (Ceken bəy) oğlu Ju­ma­bayov 1893-cü il iyu­nun 25-də Qazaxıstanın qüze­yində – Akmolla vilayə­tinin Qızıljar bölgəsindəki Sarıay­qır rayonunun Sasık­kul aulunda doğulmuşdur. Beken bəy və Gülsüm xanımın niga­hından Müslüm, Qəhraman, Maqjan, Muhamedjan, Sal­tay, Qalijan, Sabirjan adlı oğlanlar və Güləndam, Gülbahar adlı qızlar doğulmuşlar.

Atası Beken bəy oğlu Maqjanı din xadimi görmək ümidilə xalq arasında mollaxana adlandırılan ibtidai məktəbə oxu­ma­ğa göndərir. O, ibtidai məktəbi dərs əlaçısı kimi başa vur­duq­dan sonra Qızıljar şəhərindəki Çala Qazax Mədrəsəsində oxu­mağa gedir. Dörd il, 1906-1910-cu illərdə Petropav­lovski­dəki mədrəsədə oxuyur. Oradan da Ufaya gedərək 1910-1911-ci illərdə məşhur Qaliya mədrəsəsində təhsilini davam etdirir. Burada dərs deyən müxtəlif dünyağörüşlü müəllimlərlə tanış olur. Mədrəsəni bitirib orada müəllimlik edən Qalimcan İbrahimovla dostlaşır. Gələcəyin ünlü tatar ziyalısı, yeni tatar ədəbiyyatının klassiki adlandırılan Qalimcan İbrahimov aralarında yaş fərqinin az olmasına baxmayaraq Maqjanın dünyagörüşünün formalaşmasına, ədəbiyyata marağının artmasına güclü təsir edir. Qalimcan İbrahimovla söhbətlərindən cəsarətlənərək ilk şeirlərini gənc müəlliminə oxuyur. Muəllimi də onu yaradıcılığa ruhlandırır və dəyərli məsləhətlər verir.

Lakin Qalimcan İbrahimov keçmiş müəllimləri ilə arasın­dakı fikir ayrılığına görə mədrəsəni tərk edir. Avropanın bəzi sosioloq və siyasətşünaslarının, xüsusən onların təsiri altında olan Rusiya sosialistlərinin təbliğatına uyaraq islahatlarla də­yişiklikləri qəbul etmir, dünyanın düzənə salınmasının, ədələ­tin hakim olmasının yeganə yolunu inqilabda, qan axıtmaqda görür.

Dini və dünyəvi elmlərlə yanaşı, ərəb, fars, rus və cağatay türkcəsini öyrənən Maqjan müəllimindən uzaqlqşmalı olsa da, onun təsirindən çıxa bilmir. Omsk şəhərindəki Rusiya hökumətinin açdığı seminariyada oxuyanda inqilabi təbliğat aparır. Valideynləri ilə məsləhətləşmədən atdığı bu addımlar oğlunu islam dinini təbliğ edən bir molla görmək istəyən Beken bəylə Maqjanın münasibətlərinin pozulmasına səbəb olur.

Ailənin maddi yardımından məhrum olan Maqjan Jumabayov xeyriyyəçi insanların köməyi sayəsində nəinki seminariyanı qızıl medalla başa vurur, həm də 1912-ci ildə Uralsk şəhərindəki “Qazaxıstan” qəzetinin mətbəəsində çap olunan “Uzuk” toplusunda “Qazaxların keçmiş vəziyyəti” şeirini və Kazanda Kərimov qardaşlarının nəşriyyatında “Şolpan” (Dan ulduzu) şeir toplusunu nəşr etdirir.

Qazax dilində və ərəb əlifbası ilə çap olunan “Şolpan” kitabındakı şeirlərin milli ruhu Maqjana nəinki qazaxlar arasında, qırğız, tatar, başqırd, özbək gəncləri arasında marağı artırır. O dövrdə türk, müsəlman xalqlarının əksəriyyəti ərəb əlifbasından istifadə etdiklərindən Maqjanın millətsevər şeirlərini asanlıqla oxuyub başa düşürdülər.

Maqjan Jumabayovun “Şolpan” kitabına daxil edilən şeirləri sadəcə duyğusal bir şair düşüncəsinin məhsulu deyildi. Burada Şokan Velixanovdan, İbray Altınsarından, Abaydan (İbrahim Kunanbayov) gəlmə bir maarifçilik xətti vardı. Maarifçilərin təsiri altında da çox gənc yaşlarından bir ictimai-siyasi xadim kimi formalaşırdı.

1913-1916-cı illərdə Omsk Müəllimlər Seminariyasında oxuyanda burada gələcəkdə ünlü Sovet şairi Saken Seyfullin kimi tanınacaq Səid Vakkasla tanış olur. Onlara gələcəkdə akademik kimi tanınacaq, məşhur etnoqraf, folklorçu Qriqori Nikolayeviç Potanin, isdedadlı şair və pedaqoq Mirjakıp Dulatov dərs deyir. Seminariyanın direktoru Aleksandr Nikitiç Sidelnikovun da yeniyetmə Maqjana xüsusi diqqət yetirir. Q.N.Potanin elə ilk görüşdəcə Maqjan haqqında “bu gənc gələcəyin Şokan Valixanovu olacaq” deyir. Seminariyada oxuduğu illərdə əlyazma şəklində “Birlik” adlı ədəbi-bədii jurnal da hazırlayır.

Birinci Dünya Savaşı illərində çar II Nikolay Qafqazda, Türkistanda, Sibirdə müsəlman kişilərin məcburi surətdə cəbhəyə yaxın bölgələrdə işlətmək üçün səfərbərliyə alınması haqqında fərman imzalayır. Türküstanlılar çarın fərmanına qarşı çıxdılar.

1916-cı ildə Turqay vilayətində Amangəldi İmanovun baçılıq etdiyi üsyan, xüsusilə, fərqləndi. Üsyanın yatırılması üçün cəbhə xəttindən də əsgəri birliklər gətirməyə məcbur olurlar. Düşmənlə savaş üçün hazırlanmış əsgəri birliklər çar hökuməti silahsız təbəələrinin üzərinə yeridir. Mərkəzi quberniyalardan Qazaxıstana köçürülmüş ruslar da əsgəri birliklərə kömək etdiyindən Türküstanda onminlərlə dinc sakin öldürülür. Kəndləri yandırıldığından, mal-mülkləri əllərindən alındığından, aclıqdan, soyuqdan və xəstəlikdən ölənlərin sayı da az olmur.

 Rus ordusu xalqa divan tutsa da, qiyam ocaqlarını tam söndürə bilmədi. 1917-ci ilin fevralında II Nikolayın taxtdan əl çəkməyə məcbur edilməsi qırğız-qazaxların milli təşkilatlarını formalaşdırmasını sürətləndirir.

 Omskdakı Pedaqoji Seminariyasında oxuduğu illərdə “Kazax” qəzeti, “Aybək” jurnalı ilə əməkdaşlıq edən, əlyzama şəklində “Balapan” jurnalı hazırlayan Maqjan Jumabayov Miryakıp Dulatovla, Ahmet Baytursunovla, Əli xan Bökeyxanovla, Saken Seyfullinlə, Muhammedjan Seydalin və b. tanış olur, şeirlərilə, publisistik məqalələrilə Alaş hərəkatına siyasi dəstək verir.

Alaş Partiyasının Qurultayına Akmolla vilayətindən nü­ma­yəndə seçilən Maqjan Jumabayov qurultayın işində fəal iştirak etməklə kifayətlənmir, 1917-ci il dekabrında yaradılan Alaş Orda Hökuməti qurucularından birinə çevrilir. Orenburqda keçirilən II Ümumqırğız qurultayında Maqjanı Ahmet Baytursunovla birlikdə səfərbərlik komissiyasına seçirlər. Milli qüvvələrin qələbəsindən ruhlanan gənc şair “Nə görsəm də, Alaş üçün görərəm, Mənə ərmağandır, ulu xalqım üçün ölərəm” – deyə hayqırdı.

1917-ci ildə seminariyanı bitirən Maqjan öz təşəbbüsü ilə Omsk və Petropavlovskidə qazax müəllimləri üçün kurslar açır və bu kurslara rəhbərlik etdi. Lakin o arzu və istəklərini həyata keçirə bilmir. Bölşeviklərin, ağqvadriyaçıların, eləcə də ayrı-ayrı silahlı dəstələrin əsgəri birlikləri Türküstana ağır zərbələr vurur.

1916-cı ildə, yəni seminariyanı qurtaran kimi Çokan Valixanovun qohumlarından olan gözəl və yaraşıqlı Zeynəblə evlənir. Yeni ailə qurmasına baxmayaraq ictimai siyasi mübarizədən əl çəkmir. Belə qarışıq günlərdə, yəni 1918-ci ildə bolşeviklər Maqjan Jumabayovu Uş juz (üç cuz) milli qazax prtiyasının nümayəndəsi və ideoloqu kimi həbs edirlər. Yeddi aya yaxın Omsk həbsxanasında saxlanılan gənc şair zamanədən şikayət dolu bir sıra şeirlər yazır. Həbsxanada xanımına yazdığı “Yan-jarımdı bir suyein tusimde” həsrət şeiri dillər əzbərinə şevrilir.

 Bolşeviklərin əsgəri birlikləri Alaş Orda Hökumətinin pərakəndə halda olan əsgəri birliklərini dağıdır, qazax, qırğız, özbək milliyətçilərinin bir qismini öldürür, həbsxa­na­la­ra göndərir və ya mühacirətə getməyə məcbur edir. Bu­nun­la da Rusiya yenidən qazaxlar və b. türk, müsəlman xalqlar yaşa­yan Orenburq Türküstan quberniyalarını işğal etmiş olur.

 Ruh etibarı ilə millətçi olmasına baxmayaraq, bolşe­vik­lə­rin xalqlara azadlıq, sosial ədalət, bərabərlik şüarları Maq­janı da aldadır. Hətta doğulub boya-başa çatdığı bölgədə – Qızıl­jar­da qazax dilində çap olunan ilk Sovet qəzeti “Bostandıq tuı”nin redaktoru olur.

1922-ci ildə onu Türküstan Muxtar Respublikası Xalq Komissarlar Sovetinin sədri Turar Rıskulov Daşkənddəki Qazax-Qırğız İnstitutuna müəllim işləməyə göndərir. Daşkənddə müəllim işləyərkən vətənsevər, millətçi şeirlərini, publisistik məqalələrini “Ak jol”, “Sana”, “Şolpan” və b. mətbuat orqanlarında çap etdirir. Daşkənd dövrü Maqjan Jumabayovun yaradıcılığının ən məhsuldar dövrü hesab edilir. O, burada “Şərq”, “Peyğəmbər”, “Azadlıq”, “Alov”, “Yoldaş” və b. şeirlərini, “Erteqi”, “Batır Bayan” və “Qorqud” poemalarını yazır.

“Kokşe tay”, “Ural dağları”, “Meşə”, “Ağcaqayın”, “Qış yolları”, və b. şeirlərində vətənin gözəlliklərini tərənnüm edirdisə, “Külək”, “Alov”, “Əhval-ruhiyyəm”, “Dalğa”, “Ölüm, mənə layla çal” şeirlərində yaşam fəlsəfəsini ortaya qoyur. Onun qadınlara həsr etdiyi “Gülsaram”, “Sən hamıdan gözəlsən”, “Cəmilə” şeirləri ictimai məzmunlu da olsa, “Arzum”, “Sevirəm”, “Ey, Sarsembay”, “Qaranlıq burulğanlı gecə” və b. şeirləri dərin intim məzmunu ilə seçilirdi. Hansı mövzuda yazmasından asılı olmayaraq onun şeirlərində həmişə milli ruh hakim olur.

Necə deyərlər, ilham pərisinin qanad çaldığı, poeziyada böyük uğurlar qazandığı bir dövrdə onun dünyagörüşündə dəyişikliklər baş verir. Bolşeviklərin verdiyi vədlərə əməl etmədiklərini görür. Odur ki, keçmiş əqidə yolaşları ilə görü­şüb məsləhətləşərək xalqa divan tutan Sovet məmurlarını durdur­maq üçün gizli təşkilatların işini fəallaşdırmağa çalışır­lar.

1922-ci ildə Orenburqda pedaqoji məqalələr toplusu olan “Pedaqoqika” kitabını nəşr etdirir. Bu kitab ona yalnız elmi, pedaqoji sahədə deyil, siyasi dairələrdə də böyük nüfuz qazandırır. İkinci bədii kitabı, şeir və poemalarını daxil etdiyi “Maqjan Jumabayevin şeirləri” kitabı 1923-cü ildə Daşkənd­də işıq üzü görür.

Savaşlar, bolşeviklərin əsilzadələrə və ziyalılara tutduğu divan hər yerdə bir kadr qıtlığı yaratmışdı. Sovetlər kadra olan tələbatlarını ödəmək üçün yeni təhsil ocaqlarının açılmasına, oraya gənc kadrların cəlb edilməsinə xüsusi diqqət yetirirdi. Turar Rıskulov Maqjan Jumabayovun bacarığını, istedadını, işgüzarlığını yüksək qiymətləndirən, yaradıcılığını diqqətlə izləyən rəhbər işçilərdən olmuşdu.

 Seminariyanı bitirsə də, ali məktəbdə dərs deyən şairi Türküstan Muxtar Respublikası Xalq Komissarlar Soveti 1923-cü ildə Moskvada yeni təşkil edilmiş V.Bryusov adına Ali Ədəbiyyat İnstitutunda oxumağa göndərir. Orada oxuyarkən Lermontovdan, Koltsovdan, Balmontadan, Merejkovskdən, və s. İvanovdan, Mamina-Sibiryakdan, M.Qorki­dən, Blokdan, eləcə də Hötedən və başqalarından bədii tərcümələr etməklə kifayətlənmir, K.Marksın, F.Eng­elsin, V.İ.Leninin siyasi əsərlərindən də tərcümələr etmə­klə sanki qazax dilinin zənginliyini ortaya qoyur. Onu qazax ədəbiyyatının gah Puşkini, gah Bayronu, gah da Şekspiri adlandırırlar. Xarici görnüşünə, şeir oxuyarkən göstərdiyi hərəkətə görə onu Sergey Yeseninə bənzədənlər də olur.

 Moskvada Ali Ədəbiyyat İnstitutunda oxuyarkən dünyagörüşünü genişləndirməklə yanaşı, qırğız-qazax yazıçılarını birləşdirəcək “Alka” (Dairə) adlı ədəbiyyat təşkilatının proqramını hazırlayaraq poçtla Türküstanda tanıdığı ədiblərə göndərir. Bu proqramdan Sovet xüsusi xidmət orqanları da xəbər tutur. Proqramı diqqətlə incələyərək onu Alaş Orda ideyalarının davamı, millətçiliyin təbliğinə xidmət edən bir sənəd kimi qiymətləndirirlər.

Ali Ədəbiyyat İnstitutunda oxuyan və Kommunist İnternasionalı Universitetində Şərq dillərindən dərs deyən Maqjan Jumabayev qırğız-qazax ibtidai məktəblərində ana dilinin tədrisi metodikası kitabını yazaraq 1925-ci ildə Moskvada çap etdirir.

Lakin Maqjan Jumabayevə qarşı hücumlar da ara vermirdi. Onu millətçilikdə, antisovet təbliğatı aparmaqda suçlayırdılar. Şairin bolşeviklərin hakimiyyətə gəlməsindən əvvəl yazdığı, Rusiyanın müstəmləkəçilik siyasətini tənqid edən şeir və poemalarındakı baxışlarını antisovet təbliğat, Rus xalqına qarşı nifrət oyadan əsərlər kimi təhlil edirlər.

1924-cü ilin sonlarında Moskvada təhsil alan qırğız- qazax tələbələr Maqjan Jumabayevin şeirlər kitabını müzakirə edərək belə qərar qəbul edirlər: Birincisi Juma­bayın bütün əsərləri əksinqilabi, antipartiya və əməkçilər üçün yararsız hesab edilsin, ikincisi, nəşt edilmiş toplu böyük yanlışlıq kimi müəyyənləşdirilsin, yaxın əlli illikdə kitabın haqqında söz açılmasını qadağan edilsin,

... Biz Moskvada oxuyan qazax gəncləri Maqjan Jumabayevə ideya mövqeyinin yanlış olduğunu xatırladır və bütün gəncləri səsimizə səs verməyə çağırmağı özümüzə borc bilirik”.

Maqjan Jumabayevə xalqının ata-baba yurduna sahib çıxıb azadlığına qovuşmaq çağırışları, nəsihətləri, Turançılıq eşqi, Türkiyəyə məhəbbəti hakimiyyəti çox rahatsız edirdi. Bu cür düşüncəsinə görə Sovet hökumətinin qara siyahısına düşdü. Başqa əsərləri o yana Türkiyədəki istiqlal savaşına həsr etdiyi "Alıstaki bavrım" (Uzaqdakı qardaşıma) şeiri kifayət etdi ki, adı Sovet xüsusi xidmət orqanları Maqjanı təqib etsinlər. Türkiyəyə müraciətlə “Uzaqdakı qardaşıma” şerində yazırdı:

Uzaqda ağır əzab çəkən qardaşım!
Qurumuş lalə kimi çökən qardaşım!
Ətrafını sarmış düşman ortasında
Göl qılıp göz yaşını tökən qardaşım!

Önünü ağır qayğı örtmüş qardaşım!
Ömrüncə yaddan cəfa görmüş qardaşım!

 1927-ci ildə milli kadrlara böyuk ehtiyac olduğu adı ilə Maqjan Jumabayovu Qazaxıstana gətirdirlər. Lakin ona burada nəinki münasib bir iş verirlər, əksinə təqib etməyə, təzyiqlər göstərməyə başlayırlar. Vətənə dönən gənc şair Kızıljarda müəllimlik etməyə başlayır. Turançılıq ruhu aşılayan “Türküstan” şeiri, milləti azadlıq eşqilə alovlandıran “Jusıb xan”, “Taksan Tobu” poemalarını yazır.

Qazaxıstan diyar partiya Komitəsinin birinci katibi Qoloşekin 1927-ci ildəki çıxışında yaşlı nəsl yazıçı və alimlərindən söz açarkən deyir ki, siz Maqjan Jumabayın məşhur “90” şeirini oxumusunuz və bir çoxunuz onun səmimi olduğunu düşünürsünüzsə yanılırsınız. “100”-ə, bütün qazax xalqına istinad etsələr də onlar məğlub oldular. Bu məğlubiyyəti qəbul edə bilmədikləri üçün bu dəfə “90”-a şeirini yazıb, öz ideyalarını yaya bilmək üçün bizimlə belə bir oyun oynayırlar. Belələrinə aldanmaq və onların bizimlə olduğuna inanmaq olmaz.

Ədəbi tənqidçi Q.Toqjanov da məqalələrində partiya işçilərinin dediklərini təkrarlayaraq yazır ki, Maqjan özünün təsirli “90” şeirini yazmaqla əsas məsələni dəyişməyə çalışır. O, bu şeirində oxucunu “90” uğrunda “10”dan vaz keçdiyinə inandırmağa çalışır. Məhz elə burda onun heç bir ciddi problemi olmayıb.

Şair-alimin 1929-cu ildə Moskvada böyüklərə əlifba öyrədən “Savadlı ol” kitabı nəşr olunur. Lakin bu nəşrlər, Rus şairlərinin onun haqqında yazdıqları xoş sözlər Maqjan Jumabayovu 1929-cu ilin kütləvi həbslərindən xilas edə bilmir. İyul ayinda onu da Petropavlovskdə 42 nəfər keçmiş alaşordaçılarla birlikdə tuturlar. O, pantürkizmdə və Yaponiyaya casusluqda ittiham edilərək 10 il azadlıqdan məhrum edilir. Öncə Moskvadakı siyasi dustaqların saxlandığı Butırka həbsxanasında saxlanılır, sonra da Kareliya və Arxangelski vilayətlərindəki həbs düşərgələrinə göndərilir.

Maqjan Jumabayov müxtəlif hökumət orqanlarına haqsız həbs edildiyi haqqında ərizələr yazsa da, heç bir cavab çıxmır. 1934-cü ildə Maksim Qorkiyə məktub yazaraq onun hekayələrini qazax dilinə tərcümə etdiyindən, yaradıcılıq yolundan, Rus və Avropa yazıçılarının əsərlərini qazaxcaya çevirdiyindən söz açır, vəziyyətini anladır. Xanımı Züleyxa bu məktubun ünvanına çatdırılmasına nail olur. M.Qorki və xanımı Yekaterina Peşkovanın Dünya Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinə, eləcə də RK(b)P Mərkəzi Komitə­sinə yazdığı məktublardan sonra Maqjan Jumabayo­vun adı da əfv olunanlar sırasına salınır. Svirski həbs düşərgəsindən azad edildikdən sonra 1936-cı ildə Petropavlevskə dönərək texnikumda dərs deməyə başlayır. Dar günlərində ona maddi kömək edən S.Seyfullin də çox vaxt kömək edib onu təqib və təzyiqlərdən qoruya bilmir.

1937-ci il dekabrın 30-da Almatıda yenidən həbs edilən Maqjan Jumabayovu 1938-ci il martın 19-da güllələyirlər.

Züleyxa Maqjan Jumabayovun əsərlərinin bir qismini qoruyub saxlaya bilir. 1956-cı ildə Sov.İKP-nin XX qurultayından sonra Maqjan Jumabayov və onun kimi on minlərlə insana bəraət verildiyi elan edilsə də, əsərlərinin çapına icazə verilmir.

Qəlbi Türklük, Turançılıq eşqilə yanan Maqjan Jumabayovun arzuları gec də olsa, reallaşır. Qazaxıstan və başqa Türk Respublikaları Rusiya əsarətindən xilas olur. 1993-cü ildə Petropavlovskdə üç metrlik qranitdən şairin oturaraq kürəyini qayaya söykəmiş təsviri olan heykəlini, 2000-ci ildə Bulakev qəsəbəsində və 2003-cü ildə doğulduğu kənddə büstünü qoyurlar. 1990-cı ildə “Qazaxtelefilim” “Maqjan” adlı sənədli film və 1993-cü ildə şairin eyni adlı poeması əsasında “Bayır Bayan” adlı bədii filmi çəkilir.

Qazaxıstan Sovetlər Birliyindən qopduqdan sonra Maqjan Jumabayovun əsərlərinin kütləvi nəşrlərinə başlanır və onun türkologiya, tarixçilik, dilçilik, pedaqoqika sahəsindəki fəaliyyəti araşdırılıb məqalə və kitablar şəklində xalqa təqdim edilir.

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2011-ci il martın 31-də efirdə səsləndirilmiş verlişin redaktə edilmiş mətni( www.trtazerbaycan.com)

 
 

 

RSFSR XALQ KOMİSSARLARI SOVETİ

SƏDRİNİN MÜAVİNLİYİNƏ YÜKSƏLDİLƏN

VƏ MƏHV EDİLƏN TURAR RISKULOV

 

Рыскулов Турар (1894 — 1938 гг.)Qazaxıstanda rəhbər vəzifə­də işləyən azərbay­can­lıla­rın sayı çox olub. Amma Azər­baycanda rəhbər vəzi­fə­lərdə işləmiş qazağı axtarmaq sa­manlıqda iynə axtarmaq kimi­dir. Bunun bir səbəbi də möv­zunun işlənməməsi, ak­tual­laş­dırılmamasıdır.

Turar Rıskulovun 1921-22-ci illərdə Bakıda işlədiyi haq­qın­da bilgim vardı. Onun haq­qın­da yazmaq istəyəndə qan­yaqları yenidən gözdən keçirsəm də, rastıma kiçik infor­ma­si­ya­dan başqa bir şey çıxmadı.

 Turar 1894-cü il dekabrın 26-da Semreç vilayətinin Be­saqaş (Beşağac – Ə.Ş.) aulunda (indi bu kənd Almatı vila­yətinin Talqar rayonuna daxildir – Ə.Ş.) Dulat tayfasından olan Rıskul Jılkaydar ulunun, yəni Jılkaydar oğlunun ailəsində dünyaya göz açmışdır. Aulda Turar Rıskululı kimin tanındığı halda rus məktəblərinə getdikdən sonra sənədlərində adı və soyadı Turar Rıskulov kimi yazılmağa başlanmışdır. Beləcə atasının adı Rıskul çevrilib Turarın soyadı olmuşdur.

Turarın atası Rıskul Jılkaydar ulu haqqını tələb etdiyinə görə onun hərəkatını hökumətə qarşı çıxmaq kimi qiymət­lən­diriblər. 1904-cü ildə onu 10 illiyə Sibirə sürgünə gön­dərirlər. Atasının həbsi və ailəsinin iqtisadi vəziyyətinin ağırlaşması balaca Turarı ruhdan salmır. O, əsas diqqətini oxumağa yönəldir.

Ortabab kəndli ailəsinin tək övadı olan Turar Rıskulovu ailəsi oxuda bilir. Aullarında molla yanında ibtidai təhsilini başa vurduqdan sonra onu 1907-ci ildə Merke qəsəbəsindəki rus-tuzem məktəbinə göndərirlər. Bu məktəbin proqramı bizlərdə rus-tatar məktəbi kimi tanınan təhsil ocaqlarının proqramı ilə eyni idi. Üç il burada oxuduqdan sonra Turar Rıskulov indi Biştek kimi tanınan Pişpek şəhərinə yollanır. 1914-cü ildə Pişpek şəhərindəki kənd təsərrüfatı məktəbini bitirdikdən sonra Daşkənd şəhərində işləməyə gəlir.

Daşkənd Müəllimlər İnstitutunda oxuyarkən inqilabçılarla yaxından tanış olur və gənclik çılğınlığı ilə monarxiyanı devirmək, sosial ədaləti bərpa etmək istəyənlərin sırasına qoşulur. 1916-cı ildə çar II Nikolayın ölkədə vergi alınaraq əsgəti xidmətə cağrılmayan müsəlmanların 19-43 yaşlı kişilərinin səfərbərliyə alınması haqqında fərman verməsi Türküstanda üsyana səbəb olur.

Xalqı arxasınca apara biləcək adamlar peşəsindən, yaşından asılı olmayaraq üsyançıların dəstələrinə rəhbərlik edir. Yedisu (Semireçiye) bölgəsində də üsyan rəhbərləri sırasında Tokaş Bökin, Bekbolat Eşekeyev, Uzak Saurıkovla ya­naşı 22 yaşlı Turar Rıskulovun da adı çəkilir. Rus əsgəri bir­liklərinin yüzlərlə insanın öldürüldüyü, həbs edildiyi günlərdə üsyançı qruplarından birinə rəhbəri kimi onu da tüturlar.

1917-ci ilin fevralında Romanovlar sülaləsinin hakimiy­yə­tinə son qoyulması, A.F.Krenskinin rəhbərliyi ilə Müvəqqəti Höku­mət qurulması, bu hökumətin Rusiyanı fedarativ idarəetmə istəyi Turar Rıskulovun həbsdən qurtarıb inqilabi mübarizəyə qoşulmasına şərait yaradır.

O, Merkeyə dönərək qırğız-qazax gənclərinin inqilabi təşkilatını yaradır və Aulietidəki Sovetlərlə əlaqəyə girir. 1917-ci ilin sentyabrında isə Rusiya Kommunist (bolşeviklər) Partiyasına daxil olaraq fəal siyasi mübarizəyə başlayır. Kokandda qurdulan Türküstan Muxtariyyatına qarşı çıxan Turar Rıskulov Aulieti Soveti İcraiyyə Komitəsinə sədr seçilir. 23 yaşlı, heç bir həyat və idarə təcrübəsi olmayan bir gəncin belə böyük vəzifənin öhdəsindən gəlməsi heç də asan olmur.

Ölkədəki hərc-mərclik, Sovetlərin görməli olduğu işlərin dəqiq müəyyənləşdirilməməsi, inqilabçılar arasındakı fikir ayrılığı, Rus əsgəri birliklərinin ermənilərin silahlı dəstələri ilə birlikdə Daşkənddə, Kokantda törətdikləri kütləvi qır­ğınlar Turar Rıskulovu və onun kimi inqilabçıları çətin vəziy­yətdə qoyur. Bütün çətinliklərə baxmayaraq o, həm yerli əhalinin müəyyən qisminin, həm də Moskvanın diq­qətini özünə çəkə bilir.

Turar Rıskılov K.Puşkarevin qızını almaqla ona əks cəbhədə döyüşən, Alaş Orda Muxtariyyatının batı bölgəsi nazirlərindən olan D.Docmuxammedovla bacanaq olur. Sovetlərin Türküstan qoşun quruplaşmasını komandırı olarkən M.V.Furunze Rusiya Xalq Komissarlar Sovetinin sədri V.İ.Leninə yazır: “Əksər yerli kadrlar arasında Rıskulov və Xocayev çox fərqlənirdi. Onlar sadəcə ağılları ilə deyil, qeyri-adi xarakterləri ilə də diqqət mərkəzin­də­dir­lər”.

1918-ci ilin iyul-dekabrı ayları yeni yaradılan Türküstan Mux­tar Sovet Sosialist Respublikasının Səhiyyə Naziri işlə­yən Turar Rıskulova bolşeviklər daha böyük etimad göstərib onu Muxtar Respublika Xalq Komissarlar Soveti sədrinə müavin təyin edillər.

Turar Rıskulov bir vəzifədə möhkəmlənməmiş onu bu və­zifədən o vəzifəyə göndərirlər. Bunun bir səbəbi kadr çatışmazlığı, inqilabçılar arasından fikir ayrılığı, ölkəni idarə edəcək qanunların stabilləşməməsi idisə, başqa bir səbəbi də rus­ların müsəlman xalqlarından olan məsləkdaşlarına inam­sızlığı idi.

Rusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Ko­mitəsi Türküstanda və Qırğız-Qazax çöllərində yaşayan­ların onlara inamsız yanaşdığını görüb yeni bir taktika seç­dilər. Onlar partiyanın “Müsəlman bürosu”nu yaratmağı qə­rara aldılar. Həmin dövürdə Türküstanda milliyətindən asılı olma­yaraq partiyanın üzvlərinin sayının 900 nəfərə yaxın oldu­ğu qeyd edilir.

1919-cu ilin may ayında təşkil edilən “Müsəlman büro­su”na rəhbərliyə Turar Rıskulov, Abbas Əliyev, Tursun Hocayev və b. seçilir. Sovet rəhbərliyi “Müsəlman büro­su”nun fəaliyyətindən razı qalmasa da, ona qarşı sərt tədbirlər də görə bilmir. Sovet ordusunun komandanı M.V. Frunzenin rəhbərliyində “Müsəlman bürosu”na gizli alternativ kimi düşünülmüş bir Türküstan Komissiyası (Türkkomissiya) qurur. Bu təşkilata Kuybuşev, Rudzutakla yanaşı Turar Rıskulov da daxil edilir.

 Türkkomissiya iki məsələyə xüsusi diqqət yetirir: biri­ncisi Türküstana qonşu ölkələrdəki iqilabi hərəkata kömək et­mək, ikincisi Türküstanın iktisadiyyatını yüksəldib ondan Rusiyanın xeyrinə istifadə etmək.

Türküstanlı ziyalılar Sovetlrə qarşı açıq silahlı mübarizədə uğur qazana bilməyəcəklərini görün “Müsəlman bürosu”nun tərkibin­də saylarını artırmağa başlayır. Kommunist Partiya­sının onlara partiya ədəbiyyatını milli dillərə çecirmək, qəzet, jurnal nəşr etmək, təbliğatçı kadrlar hazırlamaq üçün ayırdığı vəsaiti milli məsələlərə xərcləməyə çalışırdılar. Bu da Moskvanı bərk rahatsız edir.

1920-ci il yanvarın 12-18-də Müsəlman bürosunun üçün­cü və Türküstan Kommunist Partiyasının beşinci konfransları keçirilir. Konfranslarda Turur Rıskulov “Milli məsələlər və milli kommunist şöbələri” mövzusunda bir çıxış etdi. T.Rıskılov və tərəfdarları təkli edirdilər:

1.   Türküstan Sovet Sosialist Rsepublikasının adı dəyişilib Türk Respublikası adlandırlsın. Çünki belə olduqda çar Rusiyası zamanı Türküstan və Çöl quberniyaları kimi inzibati bölgələr birləşər. Bu bölgələrdə yaşayan türk xalqları və müsəlmanlar bir mərkəzdən idarə olunar.

2.   Türküstan Kommunist Partiyasının adı da dəyişilib Türk Kommunist partiyası olsun.

3.   Müsəlmanlardan ibarət Türk ordusu qurulsun, Müsəlmanlardan təşkil edilməyən hərbi hissələr ölkədən çıxarılsın

4.   Yeni qurulacaq Türk Respublikası kənar təzyiq və təsirlər olmadan özünün konstitusiyasını yaratsın

5.   Xarici siyasət, hərbi, ticarət və maliyyə siyasəti Türk Respublikasının nəzarətində olsun.

Müsəlman bürosunun III Konfransının iştirakşıları yekdilliklə bu layihəni qəbul etməsi Moskvanı bərk narahat edir.

M.V.Frunze Daşkəndə gələrək fevralın 24-də Türkkomis­si­yanın iclasını və konfranslar keçirərək qərarın qəbulunu sərt tənqid edir, narahatlıqla bu barədə Leninə xəbər verir. RK(b)P MK-sı 1920-ci il martın 8-də bu qərarı ləğv edərək və aşağldakı təlimatı göndərir: “Türküstanda Moskvaya bağlı tək bir kommunist partiyası ola bilər. Məhəlli komitələr isə milli bürolar və şöbələr təşkil edə bilər. Türküstan Kommunist Partiyası bir bölgə kommunist partiyasıdır və RK(b)P MK tabedir”.

Turar Rıskılov və onunla həmfikir olan Tursun Hoca, Soltan Hoca, A.Muhittin, İ.İbrahim və b. bu təlimatın əleyhinə çıxmışlar. Problemi həll etmək üçün 1920-ci ilin mayında Turar Rıskulov, Nizamettin Hoca Bek, İvanov Moskvaya gedir. Gərgin keçən müzakirələr heç bir nəticə vermədiyini görən Moskva 1920-ci il iyulun 19-da Turar Rıskulov və məsləkdaşlarından yaxa qurtarmaq üçün Türküstan Komissiyasını və Türküstan Kommunist Partiya­sını ləğv edib yeni bir komitə yaradır.

Turar Rıskulov təkidlə Türküstan Muxtar Sovet Sosialist Respublikasının konstitutusiyasında əsaslə dəyişikliklər edilməsini istəyir. Ondan yaxa qurtarmaq üçün 1921-ci ildə Xalq Komissarlığının milli məsələlər üzrə səlahiyyətli nümayəndəsi kimi Azərbaycana işləməyə göndərirlər. Burada da çox qalmağa imkan vermirlər. Turar Rıskulovu 1922-ci ilin əvvəllərində yenidən Moskvaya apararaq Rusiya Sovet Fedarativ Sosialist Respublikasının Xalq Komissarlar Sovetinə milli məsələlər üzrə müavin təyin edirlər.

Ədalətli cəmiyyət quracaqlarına, xalqların bərabərhüquqlu və firavan bir dövlətdə yaşayacağına ürəkdən inanan Turar Rıskulovu 1922-ci il sentyabrın 6-da Türküstan Mərkəzi İcraiyyə Komitəsinə sədr göndərirdilər. Həmin günlərdə Türküstan-indiki Qazaxıstanın bir hissəsin, Qırğızıstan, Öz­bə­kistan, Tacikistan, Türkmənistan dövlətlərini əhatə edirdi. Əhalinin böyük əksəriyyəti də bölgənin Rusiya tərəfindən yenidən işğal edilməsi ilə razılaşa bilmirdi. Müqavimət hərəkatına bölgənin hər yerində rast gəlmək olurdu. Sovet əsgəri birliklərinə və təşkilatlarına qəflətən basqın edərək aradan çıxan dəstələri basmaçılar adlandırırdılar. Türküstandakı bu müqavimət hərəkatı tarixə də basmaçı hərəkatı adıyla daxil olmuşdur.

Turar Rıskulovu Sovet Sosialist Respublikaları İttifaqı yaradılması üçün Türküstanı hazırlamağa göndərirlər. Bir ay sonra isə onu geri çağırırlar. Çünkü o eyni dilin, eyni dinin, eyni mədəniyyətin daşıyıcısı olan xalqların vahid bir dövlət halında idarə olunmasını istəyirdi. Türküstanın beş yerə bölünməsi, beş müttəfiq və bir muxtar respublika yaradılması ideyasını bəyənmirdi. Odur ki, onu pantürkizmdə ittiham edərək rəhbər vəzifədən və idarəetmədən uzaqlaşdırıb Kom­munist İnternasionalına işə göndərirlər. 1924-cü ilin aprelindən 1926-cı ilin iyununadək Kominter Şərq şöbəsinin müdir müavini işləyir və burada dünya kommunist hərəkatının liderləri arasındakı fikir ayrılıqları və qarşıdurma ilə yaxından tanış olur.

Kommunterndə çalışarkən əqidə yoldaşları saydığı, mətin inqilabçı kimi tanıdığı insanların öncədən verdikləri vədlərə əməl etmədiklərini, bütün güclərini hakimiyyətlərini möhkəm­­ləndirməyə yönəltdiklərini və sosializm yaymaq adı altında Rusiya imperiyasının sərhədlərini bərpa etməyə çalış­dıqlarını görür. Turar Rıskulov da sosialistlərin verdiyi vəd­lərə inanıb fikrini sərbəst ifadə edir, idarəetmədəki nöqsa­nları göstərərək onların aradan qaldırılmasını təklif edir.

Onun proletar diktaturası qurulmasına əngəl olacağını görürlər. Türküstanı Rusiyadan ayrmaq istəyən birisinin Türküstan Respublikasının sədri vəzifəsində saxlası olduqca təhlükəli idi. Rusiya bununla barışa bilmirdi. Odur ki, zəngin bir bölgəni əldən verməmək üçün tədbirlər görməyə başlayır. Turar Rıskulovun və məsləkdaşlarının əvvəlcə “Türküstanın Birliyini qorumaq!” şüarları tənqid edilməyə başlanılır. 1925-ci ildə İ. Stalin müsəlman bölgələrinin rəhbərlərinin müşavirəsini keçirir və çıxışında Turar Rıskulovu basmaçılala eyni fikirdə olmaqda, Tatar inqilabının başçısı M.Soltanqaliyevi dəstəkləməkdə günahlandırır.

Turar Rıskulovu ölkədən uzaqlaşdırıb Kommunternin Mon­­qolus­tanda səlahiyyətli nümayəndəsi vəzifəsinə göndə­rirlər. Əslində Monqolustanda Kommunist İnternasionallıq elə bir iş yox idi. Sovetləşmiş Rusiya sadəcə olaraq yeni adla oranı da işğal dairəsində saxlamaq istəyirdi. 1925-26-cı illərdə Monqolustanda işləyən Turar Rıskulov çətinliklə də olsa geri qayıda bilir.

Bu dəfə onu 1926-cı ilin martında RK(b)P MK-nın Qaza­xıstan üzrə mətbuat şöbəsinə müdir təyin edirlər.

Turar Rıskulov yanıldığını, bolşeviklərin vədlərinə aldan­dığını anlayır və mübarizəsini gizli davam etdirməyi plan­laş­dırır. Bunun üçün də rəhbər vəzifələrdə işləyən, ziyalı, maarifpərvər türk-müsəlman xalqlarının nümayəndələri ilə görüşür, onların yaratmış olduğu gizli təşkilata yardım edir.

1926-cı ilin iyulunda Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarlar Soveti sədrinə müavin təyin edilən Turar Rıskulovun həyatı 1929-cu ildə tükdən asılı vəziyyətdə olur. Tatar komministi və dövlət xadimi M.Soltanqaliyevi pantürkzmdə suçlayıb həbs edəndə onun məsləkdaşları sırasında Turar Rıskulovun da adı çəkilir. Turar Rıskulov isə 1929-cu ildə “İzvestiya” qəzetində bir məqalə çap etdirir. Orada göstərir ki, yanlışlığa yol verib, kommunist partiyasının siyasətindən uzaqlaşıb. Bu etirafına görə, ya da hər hansı başqa səbəblərdən dolayı Turar Rıskulovu vəzifədən azad edib həbsxanaya göndərmirlər.

Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının 16 və 17-ci qurultaylarına nümayəndə seçilən Turar Rıskılov 1927-ci il dekabrın 2-19-da Moskvada keçirilən 16-cı qurultayda deyir ki, Rusiyadakı kəndlilər ilə Mərkəzi Asiyadakı dixan­la­rın( əkinçilərin) vəziyyətini eyniləşdirmək olmaz. Mərkəzi Asiya hələ də çar Rusiyasının kolonial rejiminin izlərini özündə daşıyır. Mərkəzi Asiyada Mosbüronun rəhbəri və Türküstanın idarəçisi olaraq o konkret olaraq Türküstanın birliyi məsləsini ortaya qoyuu. O, Türküstanın türk dilli xalqlarının eyni millət olduğunu, tarixən bölündüyünü, ayrı düşdüyünü sübut etdi. Onu pantürkizmdə günahlandırdılar. Turar haqlı idi. Ancaq onun belə prinsipial mövqeyi pariyanın məqsədlərinə xidmət etmirdi. Turar Rıskulovun dürüstlüyünü və prinsipiallığı bir çoxlarını qıcıqlandırırdı.

Turar 1937-ci il may ayınadək RSFSR Xalq Komissarlar Sovetinin sədrinin müavini vəzifəsini yerinə yetirir. May ayının 21-də isə onu Kislavodskdəki sanatoriyada həbs edirlər. Ondan bir az əvvəl isə həmin yerdə əqidə və məslək dostu professor Bəkir Çobanzadəni həbs etmişdilər.

Ağır və işgəncəli istintaq öz təsirini göstərir. Turar Rıskulov keçmiş Rusiya imperiyası ərazisindəki türk-tatar xalqlarını Sovet əsarətindən qurtarıb Vahid Türk Tatar Dövləti qurmaq məqsədilə gizli təşkilat yaratdıqlarını, bu təşkilatın üzvləri və onların planları haqqında istintaqa geniş bilgi verir. Bu bilgilər də onun və məsləkdaşlarının güllələn­məsi haqqında qərar çıxarmağa kifayət edir.

1938-ci il fevralın 10-da Turar Rıskulovu da Moskva vilayətindəki Kaluqa şossesinin 25 kilometirliyində, DTK-nin (KQB) “Kommunarka” adlandırdığı yerdə güllələyirlər. Memorial fondu 1999-cu ildə “Kommunarka”da 4,5 min nəfər siyasi xadimin güllələndiyini müəyyənləşdirir.

Turar Rıskulov güllələnsə də, istintaqa verdiyi bilgilər xalqımızın mübariz oğullarının ömür yoluna işıq saçır.

 

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2012-ci il noyabrın 29-da efirdə səsləndirilmiş verlişin redaktə edilmiş mətni( www.trtazerbaycan.com)

 
 

 

SOVETLƏRİN SƏUDİYYƏ ƏRƏBİSTANINDA SƏFİR KİMİ İSTİFADƏ EDİB SONRA MƏHV ETDİYİ NƏZİR TÖREKULOV

 

 Nəzir Törekulovun adını bəzən Nəzim kimi də yazırlar. Töre­qul isə onun atasının adı­dır ki, sonradan soyadı kimi işlədilməyə başlanmışdır. Rus­dilli qaynaqlarda isə onun adı Nazir, soyadı Törekulov, Tyureku­lov kimi yazılır. Onun 1892-ci ildə Fərqanə vila­yətinin Kokand şəhərində pam­bıq tacirinin ailəsində do­ğul­duğunu yazırlar. Lakin in­diki Qazaxıstan Respublikası Türkmənistan şəhəri yaxın­lı­ğındakı Kandaz kəndində doğulduğunu yazanlar da var.

Kokand şəhərində məhəllə məktəbində, yəni mollaxanada oxuduqdan sonra mədrəsədə təhsilini davam etdirmişdir. Atası Törequl rus dilinə tələbin gündən-günə artdığını görüb oğlunu bölgədə rus-tuzem məktəbi adlanan təhsil ocağına göndərir. Oranı bitirdikdən sonra, yəni 1905-ci ildə Kokanddakı ticarət kadrları hazırlayan məktəbə daxil olur. Səkkiz il burada oxuduqdan sonra müxtəlif sahələrdə çalışır.

1914-cü ildə isə Moskvaya gedərək İqtisad İnstitutuna qə­bul olunur. Qazax və Rus dillərini mükəmməl bilən, ərəb və fars dillərindən, islam dini və tarixindən, türk ləhcələrin­dən xəbərdar olan Nəzir təhsil illərində fransız və alman dillərini öyrənir.

Rusiyada baş verən qarışıqlıq Türküstana da öz təsirini göstərir. Vətəninin ağır durumda olduğunu görən Nəzir təhsilini yarımçıq qoyaraq 1916-cı ildə Kokanda qayıdır.

Nəzir Törekulov millətinin alçaldılmasına və kölə halına salınmasına dözə bilmir. Xalqını azad və xoşbəxt görmək üçün yollar axtarır. Rusiya Sosial Demokratlarının irəli sürdüyü şüarlar, dünyanı dəyişmək istəkləri ona çox şirin gəlir. “Azad torpaq” adlı dərnək qurur.

1917-ci ilin fevralında çar II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması, oktyabrın 25-də bolşeviklərin zor gücünə hakimiyyəti ələ keçirib ölkəni vətəndaş mühribəsinə sürükləməsi Türküstanda da vəziyyəti ağırlaşdırır. Əsarət altına düşmüş qazax, qırğız, özbək, türkmən və b. xalqların bir qrup öndə gedəni vəziyyətdən istifadə edərək müstəqil döv-lətlərini qurmağa can atırlar. Sosial ədalət şüarının şirin­liyinə aldanmışlar isə Rusiyanın müxtəlif siyasi təşkilatlarına daxil olmaları xalqlarının müstəmləkə zülmü altında qalma­sına şərait yaradır.

Nəzir Törekulov da belələrindən olur. O, 1917-ci ildə qısa adı eser olan, Rusiya Sosialist İnqilabçlıar partiyasına daxil olur. 1901-ci ildə yaradılan bu partiyanın liderleri B.M.Çernov, N.D.Avksentyev, B.M.Savinkov idi. Eserlər 1917-ci ildə II Nikolay taxtdan salınıb Müvəqqəti Hökumət qurulanda həmin hökumətə daxil olurlar. Eserlər partiyası 1917-ci ilin yayında eserlər partiyasından sol fraksiyası ayrılaraq sol eserlər partiyasını yaradırlar.

 1918-ci ildə Nəzir Törekulov Müvəqqəti Hökumətin Ko­kand Sovetinin İcraiyyə Komitəsinə katib seçirlər və hə­min günlərdə Kokanddakı sol eserlər partiyasına sədrlik edir.

Müvəqqəti Hökumət Rusiyada seckili orqan-Müəssisələr Məclisi yaratmağı planlaşdırır. 1917-ci ilin noyabr-dekabrında Müəssisələr Məclisinə seçkilər baş tutur. Lakin ucqarlarda seçkiləri başa çatdırmaq 1918-ci ilin yanvarında mümkün olur. 1918-ci il yanvarın 5-də (yeni təqvimlə 18-də – Ə.Ş.) Müəssisələr Məclisinin iclası başlayır. Rəhbər heyətə seçkilər zamanı bolşeviklər azlıqda qaldıqlarını görüb toplantı keçirilən binanı mühasirəyə alır və seçkinin nəticələrinin elan olunmasına imkan vermirlər. İki gün sonra isə Ümumi Rusiya Mərkəzi İcraiyyə Komitəsi V.İ.Leninin məruzəsi əsasında Müəssisələr Məclisinin buraxılması haqqında dekret verir. Məclisdə çoxluq təşkil edən eserlər, Kadetlər və b. partiyalara qarşı təzyiqlər başlanır. Bundan sonra Nəzir Törekulov eserlər partiyasından çıxıb 1918-ci ilin sentyabrında Rusiya Kommunist (bolşeviklər) Partiyasının sıralarına daxil olur və Qızıl Ordu adlandırılan silahlı dəstələrdə xidmət etməyə başlayır.

Nəzir Törekulovun bu xidmətlətini nəzərə alan bolşeviklər onu müxtəlif rəhbər vəzifələrə işə göndərirlər. 1918-19-cu illərdə Kokand İnqilab Komitəsinin katibi, Fərqanə vilayət İnqilab Komitəsinin üzvü, maarif komissarı, xalq təhsil şurasında şöbə müdirinin müavini işlədikdən sonra onu bolşeviklərin müsəlman bürosunun Daşkənddə nəşr olunan “İştiratiyyun” qəzetinə redaktor göndərirlər.

Lakin bu vəzifədə də çox saxlamırlar. 1920-ci il iyulun 19-da onu Türküstan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Müvəqqəti İcra bürosuna sədr təyin edirlər. Bu vəzifədə cəmi bir ay iyrimi dörd gün işlədikdən sonra başqa işə keçirirlər.

Kadr çatışmazlığına görə Nəzir Törekulov eyni vaxtda bir neçə vəzifəni yerinə yetirməli olur. 1922-ci ilədək onu Türküstan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Ko­mitənin məsul katibi, Rusiya Kommunist (bolşeviklər) Par­tiyası Orta Asiya bürosunun üzvü, Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi Türküstan Komissiyasının üzvü, Türküstan Müxtar Sovet Sosialist Respublikası Təhsil Naziri, Hərbi İnqilab Şurası Türküstan Cəbhəsinin üzvü, Türküstan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifələrində görmək olur.

Kokandda “Xalq” qəzeti çıxaran, “İnqilab”, “Həqiqət”, “Elm ocağı”, “Türkmən yurdu” və b. jurnallara redaktorluq edən Nəzir Törekulov həm də bir jurnalist kimi formalaşır. Məqələlərində xalqının kasıb təbəqələrini iqtisadi sıxıntıdan, yoxsulluqdan qurtarmaq üçün yollar axtarır. Bolşeviklərin fitvasına uyaraq Fərqanə vadisinin varlılarını və ağıllı adamlarını kütləvi surətdə həbs etdirir. Kasıb və yoxsullar onun bu hərəkətini sevinclə qarşılayır, onu qəhrəman kimi alqışlayırlar.

Amma vəziyyət getdikcə gərginləşir. İdarəçilik bacarığı olma­yan yoxsullar varlılardan alınıb onlara verilmiş təsərrüfatları idarə edə bilmirlər, əllərindən var-dövləti alın­­mışlar isə hökumətdən narazı qalır.

 Nəzir Törekulov kasıb və yoxsulların övladlarını oxutmağa, savadsızlığın aradan qaldırılmasına ciddi diqqət yetirir. Əhalinin böyük əksəriyyətinin savadsız olmasının səbəbini iqtisadi çətinlikdə, çar Rusiyasının yeritdiyi siyasətdə deyil, ərəb əlifbasında görür.

 Rusiya Kommunist Partiyası Orta Asiya bürosunun, Türküstan Hərbi İnqilab Komitəsinin üzvü olarkən ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsi üçün əlindən gələni əsirgəmir. Hətta bir müddət əlifba komitəsinə də rəbərlik edir.

1922-ci ildə Alaş Ordaçılar bolşeviklərin təqib, təhqir və təzyiqlərinə dözə bilməyib üsyan qaldırırlar. Üsyanın yatırılması üçün minlərlə insan öldürülür, həbs edilir, sürgünə göndərilir, evindən-eşiyindən didərgin salınır, xarici ölkələrə qaçmağa məcbur edilir.

Moskvadan üsyanın qarşısını vaxtında ala bilmədiklərinə görə milli kadrların bir çoxunu bölgədən uzaqlaşdırmaq məqsədilə mərkəzə – göz önünə gətirir və ya Rusiyanın müxtəlif yerlərinə göndərir. Nəzir Törekulovu da 1922-ci ildə Moskvaya – Mərkəzi Şərq Xalqları Nəşriyyatı İdarəsinə direktor təyin edirlər. Ona həm də müsəlman türk xalqlarını ərəb qrafikalı əlifbadan uzaqlaşdırılıb latın qrafikalı əlifbaya keçmlərini təşkil etmək tapşırılır. O, latın qrafikalı yeni türk əlifbasının layihəsini hazırlayanlardan olur.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaya gələn Nəzir Törekulov toplantıda olduqca fəallıq göstərir. Ərəb qrafikalı əlifbanı islah etməklə yeni türk əlifbası yaratmaq istəyənlərin məntiqli çıxışları qarşısında əsaslı dəlillər gətirə bilmədiyindən onlara yumşaldıcı, elmi deyil siyasi məzmunlu cavablar verir. O, deyir ki, əlifbamızı dəyişdirmək dünyanın sonu gəldi demək deyil. Hamınızın gördüyünüz kimi, yeni hərflər gündən-günə geniş yayılır və ozünə çoxlu tərəfdar tapır. Bizim ruhumuza uyğun, ehtiyaclarımızı qarşılayacaq yazı ərəb hərfləri deyil, latın qrafikalı əlifbadır.

 Ehtiyaclara cavab verə biləcək, çağdaş, mədəni, texniki olaraq hadisələrə cavab verə biləcək əlifba latın əsaslı Türk yazısıdır. Bu yazı Qərbin elm və texnologiyasını qəbul etməkdə bizə köməklik göstərəcək. Bizim əski yazını dəyişdirmək istəməmizin ən önəmli səbəblərindən biri budur.

Nəzir Törekulovun vətənsevərliyi, millətinin savadlan­ması və təşkilatlanması üçün bir çox işlər görməsi müstəmlə­kə­çilərin xoşuna gəlmir. Bolşeviklər hakimiyyətlərini mö­kəm­lədənə kimi bu tip kadrları özlərindən narazı salmamağa çalışırdılar. Onlardan bacarıqla da istifadə etdilər. Sonra isə onları “rəhbər vəzifəyə irəli çəkirik” adı altında vətəndən uzaqlaşdırdılar.

Nəzir Törekulov Moskvada işlədiyi beş il ərzində milli dillərdə onlarla dərslik, elmi kitab, jurnal və s. çap etdirməyə nail olur.

1928-ci ildə onu SSRİ Xarici İşlər Komissarlığında işləməyə göndərirlər. Ata-babası müsəlman olan, özü də gəncliyində islami dəyərlərə sadiq, mədrəsə təhsilli Nəzir Törekulovu həmin ilin iyulunda Səudiyyə Ərəbistan Kırallığının Hicaz və Necd şəhərinə diplomatik agent və baş konsul təyin edirlər. Bu təyinat birbaşa İ.Stalinin tərəfindən verilməsinə baxmayaraq, onun Sədiyyə Ərəbistanına gəlişi 8 aya yaxın çəkir.

Heç bir diplomatik təcrübəsi və bu sahədə təhsili belə olmayan Nəzir Törekulov təcrübəli Sovet diplomatı Kərim Həkimovdan az vaxt içərisində çox şey öyrənir.1932-ci ilin mayında onu Kərim Həkimovun yerinə səfir təyin edirlər.

Nəzir Törekulov qısa müddətdə Səudiyyə Ərəbistanının kralı Əziz Abdunun diqqəyini özünə çəkir. Kralın övladları da ona böyük etimad göstərir və sevirlər. Kral Əziz Abdunun yanında böyük nüfuza malik Türkiyə səfiri Seni bəy ölkəsinə qayıtdıqdan sonra onun yerini Nəzir Törekulov tutur.

Diplomat şəxsi nüfuzundan istifadə edərək Rusiya ilə Səu­diyyə Ərəbistanı arasındakı ticarət əlaqələrini inkişaf etdirir və canlandırır. O, Moskvaya göndəriyi məktublarda Qırmızı dəniz ətrafındakı ölkələrlə ticarətin vacibliyini dəfələrlə vurğulayır. İxtisasca iqtisadçı olan Nəzir Törekulovun iqtisa­di məsələlərə çox önəm verməklə SSRİ-nin dirçəlməsinə yardım göstərdiyini düşünür.

O, 1932-ci ilin mayında Səudiyyə Ərəbistan Kırallığının şahzadəsi Feysəl ibn Əbdül Əziz as-Saydanın Moskvaya səfərini yüksək səviyyədə təşkil edir. Lakin onun uğurları monarxiyaya düşmən gözlə baxan, hər bir işə ideoloji yanaşan, dünyaya proletar inqilabını yayacaqlarını düşünənlərin heç də xoşuna gəlmir. Onların fikrincə prolet diktaturası qurmuş, sosializmə doğru “sürətlə irəliləyən” bir ölkənin monarxiyalarla, xüsusən Şərq şahları və kralları ilə heç bir xoş münasibəti ola bilməz. Onlar ideoloji məsələlərə daha çox önəm verir, səfirdən az qala Səudiyyə Ərəbistanı ateist bir dövlətə çevirməsini istəyirlər.

Nəzir Törekulov dəfələrlə şəxsi nüfuzundan istifadə edərək SSRİ ilə Səudiyyə Ərəbistanı Krallığı arasında gərginləşən münasibətləri yoluna qoya bilir. Lakin SSRİ Xarici İşlər nazirinin müavini L.Qaraxanovun Türkiyəyə səfir göndərilməsilə Nəzir Törekulovun vəziyyəti pisləşir.

1934-35-ci illərdə Nəzir Törekulov Səudiyyə Ərəbis­ta­nın­da səfirlik etdiyi halda, demək olar ki, heç bir iş görə bilmir. Nə­hayət, 1935-ci ilin sonlarında Nəzir Törekulovu “başqa işə təyin edilməsi” adıyla Moskvaya çağırırlar. Onu Leninqirad­da­kı (Peterburq) Şərq Xalqları İnstitunda işləməyə gön­dərirlər. Az sonra isə Nəzir Törekulovu Moskvadakı Şərq Xalq­larının Dili və Yazısı İnstituna gətirirlər.

Sovet İttifaqı ciddi cəhdlə İkinci Dünya Savaşına hazırlaşdığından ölkə daxilindəki etibarsız saydığı, müxalif gördüyü insanlardan xilas olma planları hazırlayır. Beləcə kütləvi həbslər başlanır. Həbsə alınanlar arasında bir neçə xarici dil bilən, mədrəsə təhsili görmüş, müsəlmanların dini mərkəzi – Məkkənin yerləşdiyi ölkədə səfir olmuş, dərin zəkalı və millətsevər Nəzir Törekulovun həbsdən xilas ola bilməsi mümkünsüz olur.

Uzun-uzadı istintaqdan sonra onu xarici ölkələrə casus­luq­dan tutmuş Trotskiçi qrupun üzvu olduğuna və Türkçü terrorist qrupun başçıları və üzvləri ilə sıx əlaqə qurmağa kimi müxtəlif cinayətlərdə suçlayaraq 1937-ci il iyulun 15-də həbs edirlər.

O dövr üçün qısa sayıla biləcək bir istintaqdan sonra oktyab­rın 3-də (başqa bir varianta görə noyabrın 9-da) gül­lə­lə­yirlər. Onun edamından sonra qohum-əqrabası sürgün edi­lir, arvadı Nina Aleksandrovna Törekulovaya 5 il həbs cəzacı ve­rirlər.

Nəzir Törekulovun ölümündən iyrimi il sonra, yəni Sov.İKP-nin 20-ci Qurultayından sonra onun suçsuz olduğu elan edilir. Xalqına işıqlı gələcək vermək üçün kom­mu­nist­lərə qoşulan insanın ömrü beləcə faciə ilə başa catır.

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2010-ci il noyabrın 25-də efirdə səsləndirilmiş verlişin redaktə edilmiş mətni( www.trtazerbaycan.com)

 

 

 
 

 

AZADLIQ UĞRUNDA ŞƏHİD OLAN ALTAY PƏLƏNGİ-OSMAN BATUR

 

 Bu günkü Çin Xalq Res­pub­likasında milli azlıq olaraq ta­nınan və milli haqları uğ­run­da mübarizə aparan man­cur­ların dilini Ural-altay dil qru­pu­nun Altay qoluna daxil edir­lər. Hazırkı Rusiya Fede­ra­siyasında yaşayan mancurlar isə tunquz adlandırılırlar. Bu ki­çik xalq 1644-1912-ci illərdə Çin imperiyasını idarə et­məklə qalmayıb, hətta Çin səddindən kənarda Doğu Türküstanda olan türk xalqlarını da əsarətləri altına almışdır. Ha­kimiyyətdə olan mancurlar çinləşmiş, Çin dövlətinin mə­na­feyini qorumuşlar. Onlar 1850-ci illərdə Doğu Türküstanı və Cunqariyanı işğal edərək oranı Sintszyan, yəni yeni xətt, ye­ni sərhəd adlandırmışlar. Hakimiyyətə qarşı bölgədə yaşa­yan xalqların dəfələrlə üsyanı olmuşdur.

1905-ci ildə Sun Yat Sen Mancur sülaləsinin devrilməsini, res­pub­lika qurulmasını, torpaqların bərabər bölüşdürülməsini qar­şıya məqsəd qoyan inqilabi Tunmenxoy partiyasını yara­dır. 1912-ci ildə Çində mancurlar sülaləsinin hakimiyyətinə son qoyulub respublika elan edilsə də, əsarətdə olan xalqlar azadlıq­larına qovuşa bilmirlər. Tunmenxoyla Qomindan partiyası birləşir. Qubernator Yan Sizen Sin Sintszyanda hərbi diktatura yaradır. 1927-ci ildə Quançjoyda üsyan baş qaldırır. Bundan istifadə edən Sovet hökuməti “dünya sosialist inqilabına kömək” adı altında bölgəni ələ keçirməyə cəhd edir.

1928-ci ildə Yan Sizen Cini Çin militaristi Şen Şitsay əvəz edir. Lakin bu da bölgədə sabitlik yaratmır. 1933-cü ilin noyabrın 12-də ayağa qalxmış xalq Doğu Türküstan İslam Cümhuriyyəti qurduğunu elan etsə də, bu hökumətin ömrü uzun olmur.

Vəziyyətdən çıxmaq üçün 1933-cü ildə Şen Şitsay başda olmaqla əyalət hökuməti SSRİ ilə mədəni və ticarət əlaqəsi yaradılması haqqında müqavilə bağlayır. Əslində bu müqavilə əyalətin şərikli idarə olunmasında SSRİ-nin iştirakını təmin etmiş olur. SSRİ xüsusi xidmət orqanlarının və hərbi hissələrinin əməkdaşları qısa bir zamanda bölgədə 60 min nəfərə yaxın insanı məhv edir. Buranı da Sovetlərdə olduğu kimi idarə etməyə çalışırlar. Dinə, imkanlı adamlara qarşı sərt tədbirlər görürlər. Bu da xalq kütlələrinin haqlı etirazına səbəb olur.

Osman Batur uzaq keçmişin adamı deyil. Onu görənlər, yaxından tanıyanlar hələ də var. Haqqında keçmiş dövr qəhrəmanları kimi bəlağətlə danışırlar. Yazılarda da bu üslub hakimdir. Həqiqətlə sevgidən doğan tərənnümü biri birindən seçmək o qədər də asan olmur. Bizə inandırıcı görünməyən hadisələri şahidlər gördüklərini və mötəbər insanlardan eşitdiklərini təkidlə bildirirlər. Söylədiklərinə görə, Osman Batur 10 yaşında at minməkdə, ov etməkdə mahir olub. 12 yaşında Böke Baturun partizan dəstəsinə qoşularaq ondan döyüş sənətinin sirlərini öyrənib. Böke Baturun ona: “Mə­nim sənə verə biləcəyim başqa bir şey qalmadı. Mə­nim işim bitdi. Artıq mənə ehtiyacın olmayacaq. Fəqət millə­ti­mi­zin sənə ehtiyacı var... Kafirlərin sayı Təkləməkan çölün­dəki qum dənələri qədər olsa belə bir gün biz yenə on­ları çöllərin o biri tərəfinə atacağıq - vəsiyyəti, eləcə də çinlilərin təyyarəsini kəməndlə yerə salması haqqında xatirələr və məqalələr dastanları yada salır.

Onun hünəri ilə yalnız doğulub boya-başa çatdığı bölgədə yaşayanlar deyil, Türk Dünyasının vətənsevərləri, dünyanın cəngavərlik eşqi ilə yaşayan gəncləri də qürur duyurlar.

Adı Osman, Ospan, atasının adı isə İslam, Silam kimi yazılan vətənsevər cəngavər 1889-cu ildə Altay vilayətinin Öndiqara bölgəsinin Göytoğay qışlağında ortabab kəndli ailəsində doğulub. Uşaqların doğum günü o dövrdə adətən ya məscidlərdə qeydə alınırdı, ya da ailədəki qiymətli və ya müqəddəs kitabların titul səhifələrindəki, səhifə kənarındakı boş yerlərə yazılırdı.

Osman Baturun atası kəndin din adamı olsa da, oğlunun doğulduğu gün və ay haqqında bilgiyə rast gəlinmir. Nəsli haqqında yazanlar isə qeyd edirlər ki, Osman İslam oğlu Altay bölgəsində yaşayan qazaxların Orta juzunun (cüz) Molki tirəsindəndir.

Qazaxlar bu gün toplu halda Qazaxıstan Respublikası ilə yanaşı, Qırğızıstanda, Özbəkistanda, Rusiya Federasiyasında, Çin Xalq Respublikasında və b. ölkələrdə yaşayırlar. Bu gün onların fərqli-fərqli ölkələrdə yaşaması təəccüblü görünə bilər. Əslində isə o yerlər vaxtilə Türküstan adlanırdı. Qazax ailələrinə də Türküstanın hər yerində rast gəlmək olurdu.

Altay bölgəsi 19-cu yüzildə Rusiya ilə Çin arasında bö­lün­düyündən Osman İslam oğlunun ailəsi Çinin işğal dairə­sin­də yaşamalı olmuşdur. İslam və Ayça xanımın nikahından Os­man və Delixan doğulur. Osman kiçik yaşlarında baba­sın­dan Quran oxumağı, şəriəti öyrənsə də, ömrünü yaylaqda və qışlaqda heyvan bəsləməyə həsr etmişdir.

İki arvaddan yeddi oğlu və yeddi qızı olan Osman böyük ailəsini də heyvandarlıqdan əldə etdiyi gəlirlə keçindirmişdir. Onun taleyinin Səttarxan Sərdarimillinin taleyi ilə oxşar cəhətlər də vardır. Məşrutə hərəkatı başlamasaydı, Təbrizdə döyüşlər getməsəydi, Səttarxan da mömin bir insan kimi ömrünü yaşadığı şəhərdəcə başa vuracaqdı. Çin məmurları da məscidləri bağlatmağa, “Qurani-Kərim”i və dini kitabları yasaqlamağa, əhalidən tüfəngləri yığmağa başlamasaydılar, Osman da bəlkə ömrünün sonunadək heyvandarlıqla məşğul olan sadə bir kəndli olaraq qalacaqdı.

1938-1939-cu illərdə sosialist inqilabını dünyaya yaymaq adı altında Sovetlər Monqolustanda və Sintsizyanda DTK-yə bən­zər təşkilatlarını yaratmışdı. Bu təşkilatlar əslində Moskvanın təlimatı ilə hərəkət edirdilər. Ona görə də az bir za­manda Sintsizyanda 60 min nəfər məhv edildi, minlərlə in­san həbsxanalara və sürgünlərə göndərildi. Məscidlərə bağ­la­nı­lır, “Qurani-Kərim” ayaqlar altına və ya oda atılır, bununla da xalqın heysiyyəti tapdanılırdı. Rus və Çin işğalçılarının bir-birindən o qədər də seçilməyən müstəmləkəçilik siyasəti yerli xalqların qəzəbini artırırdı. Xalq üsyanlarının baş verəcəyini aydın görən hökumət məmurları əhalidə olan ov tüfənglərini belə alırdı.

 Osmanın atası və ailəsindən bəzi kişilər, qohumları, kəndliləri silahlarını Çin əsgərlərinə təhvil verməli olurlar. Osman İslam oğlu isə “Bu gün silahımızı alanlar, sabah canımızı da alarlar. Mən silahımı çinlilərə vermərəm. Gücləri çatır, gəlib alsınlar!” deyir və 1940-cı ildə dağlara çəkilir. Onun fikrinə şərik çıxan və ona ilk qoşulan, dostu Süleyman, böyük oğlu Şerdiman olur. Qısa zaman içərisində Osman bəyin ətrafına Zelebay Telci, Nurgocay Batur, Kaseyin Batur, Canım Han Hacı, Süleyman Batur, Musa Mergen Aktepe, Sulibay, Ökürbay, Nogaybay, Ahid Hacı, Halil Teyci, Karakul Zalin və başqaları qoşulur.

Silahını çinlilərə təhvil verən qoca İslam kişi oğluna tutduğu yolda xeyir-dua verir və oğlunu qoruması üçün Allaha dua edir. Anası Ayça xanım isə: “Mən oğlumu bu günlər üçün doğmuşam. Çinlilər əsirlərdir qoyun boğazlayan kimi bizi öldürürlər. Bizim canımız, bizdən öncə ölənlərin canından daha qiymətli deyildir. Bizdən sonrakıların yaşaması üçün mən də, oğlum da digər uşaqlarım da ölməyə hazırıq !”- deyir.

Beləcə 1940-cı ildə Göytoğay dağlarında Sintisyan valisi Şen Şitsayın yeritdiyi siyasətin əleyhinə Osman İslam oğlunun başçılığı ilə qazaxların üsyanı başlamış olur. Sovet-Alman savaşı bu üsyanı şiddətləndirir. Belə ki, savaşın başlanğıcında Alman ordularının sürətlə irəliləyərək SSRİ-nin ərazilərini işğal etməsi Sovetləri Uzaq Şərqdəki əsgəri birliklərinin böyük qismini Avropa cəbhəsinə göndərməyə məcbur etdi. Qominqon hökuməti yaranmış vəziyyətdən yararlanaraq siyasətində bir dəyişiklik etdi.

Almaniya və Yaponiya ilə ittifaqa girib SSRİ-yə savaş elan etməsə də, əvvəlki dost münasibətini də saxlamır. Sərbəst siyasət yeritməyə çalışır. Sovet rəhbərliyinin başı nə qədər Avropa cəbhəsinə qarışsa da, Uzaq Şərqdən də əl götürmür, orada baş verənləri diqqətlə izləyirdi. SSRİ-də uran yataqları hələ kəşf edilməmişdi. Hərbi sənayenin urana isə təlabatı gündən-günə artırdı. Doğu Türküstanda da zəngin uran yatağı vardı. Sovet hökuməti nə yolla olursa olsun, bu yataqları ələ keçirmək istəyirdi. Odur ki, Qominqon hökumətinə qarşı açıq savaş elan etməsələr də, ölkədəki hakimiyyətdən narazı qüvvələri, milli azlıqları dəstəkləyərək hökumətə qarşı qaldırmağa çalışırdılar.

 Osman İslam oğlunun başladığı üsyan isə Sovet rəhbərləri üçün göydəndüşmə olmuşdur. Sovet xüsusi xidmət orqanları Osman İslam oğluna açıq və gizli kömək göstərməklə yanaşı, onu nəzarətlərində saxlamaq üçün yanında casuslarını saxlayırdı. Bu casuslar Osman İslam oğlunun etimadını qazanaraq onunla birlikdə döyüşsələr də, vaxtlı-vaxtında Moskvaya və Sovetlərin Baykal Ordu Birləşməsinin komandanlığına hesabatlar göndərirdilər.

Osman İslam oğlunun partizan dəstələrinə qoşulanların sayı sürətlə artır. Bu dəstənin min nəfərlik döyüşçüsü hücum edərək Göytoqay şəhərini çinlilərdən azad edir. Lakin hərbi sursat istehsal edən zavodları olmadığından əllərindəki patron və mərmilər də qurtarır. Partizan savaşına alışmış silahlı dəstə şəhərin müdafiəsini təşkil edə bilmir. Göytoqayı çinlilər yenidən tuturlar. Osman İslam oğluna kömək etdiyinə görə əhaliyə divan tutulur. Yüzlərlə insan öldürülür və həbsxanalara salınır.

Düşmənləri Osman İslam oğlu ilə birlikdə döyüşən qardaşı Delixanı əsir alaraq öldürməklə kifayətlənmir. Savaşa qatılmayan dinc insanlara da olmazın divanını tutur. Xüsusən partizan hərəkatına qoşulanların ailələrinə və qohumlarına qarşı qəddarlıq edirlər. Osman İslam oğlunun ikinci xanımını üç oğlu və beş qızını da əsir almış çinlilər onlardan təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Lakin bunun bir nəticə vermədiyini, Osman İslam oğlunun partizan savaşını davam etdirdiyini görüb 18 yaşlı qızı Kabirya ilə 14 yaşlı oğlu Baybollanı anaları Mameyin gözü qarşısında doğrayırlar. 11 yaşlı oğlu Kariy və 9 yaşlı qızı Sariyanı isə diri-diri 20 metr dərinliyindəki quyuya atırlar. Övladlarının qəddarlıqla öldürülməsinə dözə bilməyən ana-Mamey xanım ağlını itirərək özünü çaya atır. Qaynaqlar Osman Baturun övladlarından səkkizinin qəddarlıqla öldürüldüyunu xəbər verir.

İlyarımdan çox davam edən partizan savaşı uğurla nəticələnir. Osman İslam oğlunun partizan dəstəsi 1943-cü il iyulun 22-dək Altayları bütövlükdə, Şərqi Türküstanın da bir neçə bölgəsini işğaldan azad edir. Bulqunda təşkil edilən təntənəli toplantıda Osman İslam oğlu Batur-Bahadur, qazaxların xanı elan edilir. 400 nəfərlik dəstəsi ilə Urumçiyə gələn Osman Baturu İsa Yusif Alptəkinin təşkilatçılığı ilə qarşılayırlar.

Qominqon əsgəri birlikləri və polis qüvvələri üzərində Osman Baturun parlaq qələbəsi Sovet rəhbərliyinin diqqətindən yayınmır. Bir neçə il öncə milli qüvvələri məhv etməkdə yerli hökumətə yardımçı olan Sovet xüsusi xidmət orqanları və hərbiçiləri indi onları keçmiş müttəfiqinə qarşı savaşa həvəsləndirir. 1943-cü il oktyabrın 6-da Sovetlərin yüksək rütbəli hərbiçisi Paxomovun rəhbərliyi ilə 40 nəfərlik heyət Osman Baturla gizli görüş keçirir və şəxsən özünə 27 silah, 2600 patron, 10 mauzer, min patronla birlikdə ingilis avtomatı, ərzaq verirlər.

Osman Batur bu hədiyyələrin onu ələ almaq, Sovet höku­mətinin əlində oyuncağa çevirmək istədiklərini başa düş­dü­yündən onlara 38 at, 8 xalça, 137 qıram qızıl bağışlayır.

Sovetlər Osman Baturla birbaşa əlaqə qurmaqda ehtiyatlı davranırdı. Yaxşı bilirdilər ki, azad ruhlu bu insanı kiminsə, hansı siyasi qüvvəninsə əlində alətə çevirmək heç də asan deyil. Odur ki, şəxsi münasibətlərdən, dostluqdan istifadə etməyə çalışırlar. Monqolustan hökumtinin rəhbəri Suxa Baturun oğlu Qalsını da bu işə qoşurlar. Monqolustan hökuməti hətta Osman Baturun doğulduğu kəndin sakinlərindən 360 ailəni Qominqonçuların soyqırımından qurtarmaq üçün onları öz ölkəsində yerləşdirir və normal yaşamalarına şərait yaradır.

1944-cü il fevralın 25-də Bulqunun Kobdu çayına tökülən yerdəki sərhəd məntəqəsində (zastavada) monqolustanlı mar­şal Çoybalsanın, Monqolustanın Daxili İşlər Naziri Şa­qoırjanın, onun Sovetlər tərəfindən göndərilmiş məsləhətçisi Qrediyevin, SSRİ-nin Monqolustandakı səfiri İvanovun, Baykal Cəbhəsinin komandiri Rubinin, bölgədəki Sovet kəşfiyyatının rəhbəri Lanpanıkın və b. Qeyri-rəsmi şəxslərin iştirakı ilə Osman Baturla görüş keçirilir. Görüş zamanı heç bir cəbbəxanası olmayan, silah və hərbi sursatı əsasən düşmən üzərinə basqınlarda qənimət kimi ələ keçirən Osman Batura Suxa Baturun oğlu Qalsının adından 395 beşatılan, iki min güllə, 30 yüngül pulemyot, 6 ağır pulemyot, 45 avtomat, iki min patron hədiyyə edilir.

Osman Batur əldə etdiyi hərbi sursat və kəşfiyyat məlumatları ilə Qominqonçulara qarşı daha qətiyyətlə mübarizə aparır və savaşlarda uğurlu qələbələr qazanır. Həmin illərdə Sovet mətbuatı da Osman Batur və onun döyüş şücaətindən xoş xəbərlər yayır. Sovet siyasi işçiləri Bulqunda Doğu Türküstan hərbi komitələri üçün “Ağ ev” yaratmışdılar. Burada Sovet siyasi işçiləri “Ağ ev”ə toplaşanlara nə təlimat verdikləri bilinməsə də, bu təlimatların Osman Baturla üç vilayətin rəhbərlərindən general Delilxan Suqirbayev arasında ziddiyyət yaradır

Sovetlərin Osman Batura yardım etməsinin arxasındakı gizli planlar çox-çox sonralar açıldı. SSRİ-də uran yataqları hələ kəşf edilmədiyindən Sovetlər Altaylardakı uran yataqlarını ələ keçirmək istəyirdi. Hətta ilk nümunələri də maşınlara yükləyib aparırdılar. Osman Batur onların bölgənin qızıl, gümüş yataqlarını deyil, “qara torpağ”ı aparmalarından şübhələnərək Urumçidəki Amerika konsulluğundan bu məsələyə aydınlıq gətirməyi xahiş edir. Konsulluq nümayəndəsi də oradan alınmış “qara torpaq”dan nümunə götürüb ABŞ-a tərkibini yoxlamağa göndərirlər.

1944-cü ilin martın 5-də Monqolustan Ordusuna rəhbərlik edən Çaybalsan Osman Batur üçün ağ keçədən şahanə bir yurd qurdurur və ona ölkəsinin ən yüksək rütbəsi olan “Baturxan” rütbəsini verir. Osman Batur isə Çaybalsanın təkliflərini nəzakətlə rədd edərək: “Hələlik mən açıq səma altında yaşamaq istəyirəm, kiminsə tabeçiliyinə keçmək istəmirəm, xüsusən də Çinin”. Marşal Çaybalsan Osman Baturun planlarından vaxtında xəbər tutmaq, onun mübarizəsini Sovetlərin istədiyi istiqamətə yönəltmək üçün Noqay Şımşır ulunu onun yanına müşavir göndərir.

Osman Batur xalq arasından çıxmış, partizan savaşını gözəl mənimsəmiş bir döyüşçü idi. Onun siyasətlə, dövlətin idarə olunması ilə o qədər də işi yoxdur. Odur ki, verilən yüksək adlara, vəzifələrə qətiyyən meyil göstərmirdi. Onun ətrafında yerləşdirilmiş casuslar isə durmadan Moskvanı məlumatlandırırdılar.

Qomindon hökuməti isə belə düşünürdü ki, Sovet sərhədlərində mövqelərini möhkəmlətsə, silahlı müxalifətin xaricdən yardım almasının qarşısını alar. Beləliklə, onları asanlıqla zərərsizləşdirər. Sovet kəşfiyyatçıları çinlilərin bu planın­dan xəbər tutduqlarından Osman Baturu qomindon­çular üzərinə hücuma yönəldirlər.

1944-cü ilin yayında Qəni və Əkbər baturların partizan dəstələri də Osman Baturun rəhbərliyi altına keçir. Osman Batur partizan hərəkatı rəhbərindən böyük bir ordu rəhbərinə çev­rilir. O, qısa bir müddətdə İli və Tarbaqata bölgələrini qo­mindonçulardan nəiniki təmizləməklə kifayətlənir, oranın idarə olunmasını da təşkil edir.

Bəzi qaynaqlar isə Monqol ordularının komandiri Çoybalsan və Sovet generalı Popov Osman Baturla görüşdən sonra onlara 1000 tüfəng, 20 pulemyot və onun patronlarını, hətta iki təyyarə və 200 döyüşçü verdiyini və bu qüvvələrini yardımı ilə çinlilərin əlində olan Bulqun qalası, eləcə də Şinqil, Koktoqay rayonları - bir sözlə, Altay diyarının qomindonçulardan təmizləndiyini yazır.

Çinlilərin Sintizyan –“Yeni torpaq” adlandırdıqları böyük bir bölgəni etnik üsyanlar bürümüşdü. Uyğurlar, qırğızlar, tatarlar, taciklər, monqollar da öz haqları uğrunda savaşa atılmışdılar. Lakin onlar arasında fikir birliyi, hərəkət birliyi yox idi. Çinin qüzey-batısı Sovetlərin təsiri ilə idarəolunmaz hala gəlmişdi.

Doğu Türküstandakı milli azadlıq hərəkatı uğrunda döyüşlərə Osman Baturun əsasən qazaxlardan təşkil edilmiş ordusu öncüllük edirdi. Ona görə də 1944-cü il noyabrın 12-də Ali xan Törənin başçılığı ilə Qulcada qurulan Doğu Türküstan Cümhuriyyəti Osman Batura Milli Qəhrəman adı verir və Altay Diyarına general-qubernator təyin edir. Onu silahlı qüvvələrin komandiri Delilxan Suqirbayevə müavin təyin edir, ailəsi qırmızı kərpicdən tikilmiş evə köçürülür, Sovet konsulu oğluna velosiped və başqa qiymətli hədiyyələr bağışlayır.

Osman Batur evi də, vəzifəni də qoyub yenidən çölə üz tutur. Qara İrtışın sahillərinə gəlir. Orada özünə yurd belə qurmadan açıq havada yaşayır və azadlıq mübarizəsini davam etdirir. Onu təkidlə rəhbərlikdə işləməyə çağırırlar. Lakin o usanmadan eyni cavabı verməkdə davam edir: “Mən öz xalqım üçün qarda, bürküdə döyüşmüşəm. Ancaq bəhrəsini qırmızılar(yəni kommunistlər və sosialist düşüncəlilər-Ə.Ş.) gördü. Mənə təklif etdiyiniz vəzifəni Delilxana verin. Mən qazaxam və sizin oyunlarınızı oynamıram. Sizin əlinizdə oyuncaq olmaq istəmirəm”.

Sovet generalı Viktorov polkovnik Doskeyev vasitəsilə Osman Batura “Müstəqillik uğrunda mübarizə” ordeninin I və II dərəcələrini, qiymətli hədiyyələr göndərir. O isə uzun müddət Doskeyevlə görüşmək belə istəmir. Görüşdükdə isə ona: “Mən mübarizə aparmıram ki Qızıl Ordu güclənsin. Burada vaxt itimədən özününkülərin yanına qayıt. Bu zınqırov­ları (medalları-Ə.Ş.) da özünüzünkülərin buynuzu­nuz­dan asın. Mən sizin davranışınızda Döğu Türküstanın azad­lığını görməsəm də, uğrunda sonadək döyüşəcəm. Sözü­mü bitirdim!” – deyir.

Onun bu ipə-sapa yatmayan, sərbəst hərəkətləri İosif Stalini özündən çıxarır və Altay pələngini “nadan türk”, “ictimai quldur” adlandırır. Monqolustan rəhbərliyinə göstəriş verir ki, Osman Baturu aradan götürsün. Onlar da bir zamanlar Osman Baturla birlikdə döyüşmüş Teskembaya təlim keçib göndərirlər. Teskembay münasib məqam tapıb Osman Batururu öldürmək istərkən onun zəhmindən özünü itirir.

Adətən Türküstanda yaşayanların əksəriyyəti boydan kiçik, bədəndən zəif olurlar. Osman İslam oğlu isə 1 metr 85 santi­metr ucalığında, qısa və qalın boynu, qalın çatma qa­ş­ları, yarı qapalı qıyıq gözləri, heybətli görünüşlü, çox az danı­şan, özünə olduqca inamlı, istədiyi işi həyata keçirəcəyinə əmin bir insan imiş. O, keçmiş silahdaşı Teskembaya deyib: “Nəyə baxırsan? Silahı at və otur. Bilirəm səni məni öldürməyə göndəriblər. Danış görüm səni kim göndərib və məni niyə aradan götürmək istəyirlər?”

Teskembay qorxusundan ona verilən tapşırığı təfsilatı ilə Osman Batura desə də, Osman Batur onu öldürtdürmür. Keçmiş silahdaşına deyir: “Sən deyəsən mənim yalnızılığıma təəssüflənməyə gəlmisən... Sən məni öldürmək istəsən də, mən səni öldürməyəcəyəm. Özün də bilirsən ki, qazax nə monqollara nə də özbəklərə əsla silah qaldırmaz...” Osman Batura sui-qəsd üçün onun ən yaxın qohumlarını seçirlər, lakin bu da baş tutmur. O, sui-qəsdin üstünü vaxtında açır. Tale elə gətirir ki, onun yaşadığı yurdu güllə-baran etsələr də, Osman Batur sağ qalır.

Altay Müvəqqəti Xalq Cümhuriyyəti rəhbərliyinə seçilən Osman Batur 1944-1945-ci illərdə, Tanrı Dağlarının qüzeyindəki Doğu Türküstan qazaxlarının yaşadığı bölgələri də Çin istilasından qurtararaq, 1945-ci ilin oktyabrından 1947-ci ilin fevralına qədər üç vilayətdən təşkil olunan Doğu Türküstan hökumətinin hərbi və mülki rəhbəri kimi valilik, 1947-ci ilin fevralından 1949-cu ilin sentyabrınadək Doğu Türküstan Cümhuriyyəti koalision hökumətinin üzvü vəzifələrini yerinə yetirir.

Çoxsaylı nizami ordu saxlaya bilməyəcəyini görən Osman Batur çinlilərə qarşı döyüşmək üçün yenidən dağlara çəkilir. Qazax və uyğurlardan süvari dəstələr hazırlayaraq döyüşlərə atılır.

Osman Baturun mübarizəsi yalnız Sovetlərin diqqətində deyildi. Dünyanın imperialist güclərinin əksəriyyəti ondan öz mənafeləri üçün istifadə etməyə çalışırdılar. Amerkanın Urumçidəki konsulunun köməkçisi Duqlas Şakaranının Osman Batura 100 dunqan (Çində yaşayan, müsəlman xalq) döyüşçüsü göndərməsi də bunun nəticəsidir.

Sovet rəhbərliyi Doğu Türküstan hökumətinin rəhbərlərini Moskvaya dəvət edərək onları Mao-Tsunun rəhbərlik etdiyi Çin Kommunist hökumətinə tabe olmağa çağırır. Doğu Türküstan rəhbərləri isə Sovetlərin onlara əvvəllər verdiyi vədləri xatırladır, Doğu Türküstanın müstəqilliyini qoru­ya­caq­larını bildirirlər. Onları vətənə gətirən təyyarəni Sovet hərbçiləri Qazaxıstan üzərində vururlar. Təyyarədəkilərin ha­mısı həlak olur. Həmin günlərdə Çin Xalq Ordusu Doğu Tür­küstan üzərinə basqın edir. Qomindonçular silahlarını Çin Xalq Ordusuna təhvil verərək onlarla birlikdə döyüşməyə ha­zır olduqlarını bildirirlər.

Lakin Osman Batur Qomindon Hökumətini qəbul etmə­di­yi kimi, Çin Xalq Ordusu komandirlərinin əmrinə də tabe ol­mur. Vətəninin azadlığı uğrunda partizan müharibəsini da­vam etdirir.

Tarqabatay və Altaylarda döyüşərkən Osman Baturun ko­man­danlığında otuz min nəfərlik bir əsgəri birlik vardısa, 1950-ci ildə onu ətrafında dörd-beş minlik bir toplum olur. Bu­nun da bir qismini qadınlar, qocalar, uşaqlar-bir sözlə, dinc əhali təşkil edir.

Çin Xalq Orsusu onun hərbi sursatı tükənməkdə olan, sayı azalmış döyüşçü dəstəsini Qansu diyarının Xayzı əyalətinə doğru sıxışdırır. Osman Batur qarlı Tibet dağlarına, keçilməz aşırımlara, dağlarda Çin Xalq Ordusunun ağır silahlardan, tanklardan, toplardan istifadə edə bilməyəcəyindən yararlanıb döyüşü davam etdirir. Lakin Çin Xalq Ordusuna səfərbərliyə alınmış milyonlarla insan vardı. Ona görə də çinli komandirlər böyük itkilər verməsinə baxmayaraq Osman Baturu dağların daha keçilməz və yaşam şərtləri çətin olan yerlərinə sıxışdırır.

Osman Batur yalnız özü və döyüş dostları ilə birlikdə Kamambal dağına doğru çəkilmir. Onu ətrafında özünün və döyüş dostlarının ailə üzvləri, arvad-uşaqla birlikdə 3-4 min nəfərə yaxın insan və onların bəslədikləri heyvan sürüləri olur. Sovetlər Birliyindən yardım alan Çin hökuməti nizami ordu yeridərək Doğu Türküstanın vilayətlərini işğal etdikdən sonra 1950-ci ilin noyabrında Osman Baturun yaşadığı bölgəni mühasirəyə alır. Hərbi sursatları qurtardığından və qar-buz dağ keçidlərini tutduğundan onlar çinlilərin mühasirəsini yarıb çıxa bilmirlər. Çin Xalq Ordusunun silahlı dəstələri tez-tez onların yurdlarına basqınlar edir. Çin Xalq Ordusunun səkkiz alayı 1951-ci ilin fevralın əvvəllərində Gez Kurt bölgəsinə edilən basqından qazaxların bir qismi qurtula bilir.

Osman Baturun qızı Azpay və bir çox qadın-qız Çin Xalq Ordusu hərbiçilərinin əlinə keçir. Bundan xəbər tutan Altay pələngi təkbaşına qadın və qızları qurtarmağa yollanır. Çinlilər cəbhə xəttini keçib buz bağlamış Kayız gölünə doğru irəliləyir. 200 nəfərlik çinli hərbiçisi ilə təkbaşına döyüşür. Atının büdrəyib yıxılması onun vəziyyətini ağırlaşdırır. Patronu qurtarana kimi döyüşür. Son anda onu tutmaq istəyən çinlinin qamçı ilə üzünə vurur. Kamambal dağlarının keçidləri qarla-buzla bağlandığı bir yerdə, fevralın 19-da Çin Xalq Ordusunun hərbiçiləri Osman Baturu əsir alaraq Tunq-Huanq şəhərinə aparırlar. Əlləri və ayaqları zəncirlənərək zindana atılır. Hər gün işgəncə verərək onlara kömək edən insanların adlarını, dağlarda döyüşənlərin yerlərini öyrənmək istəyirlər.

1951-ci ilin fevralın 21-də Çin Xalq Respublikasının radio­su və informasiya agentlikləri Osman Baturun tutuldu­ğu­nu xəbər verir.

 Osman Batur işgəncələrə dözümlülüyü ilə də düşmən­lərini heyrətə salır. Bir neçə il əvvəl alqışlarla qarşılandığı Urumşi şəhərinə gətirilir. Onu at üstündə küçələri gəzdirərək: “Türkləri Çin əsarətindən qurtaracam deyən adamın halına baxın!” deyə car çəkdirdikdə Osman Batur da hər küçədə “Mən ölə bilərəm, amma dünya durduqca mənim millətim mübarizəsini davam etdirəcək!” deyə bağırır.

İki aya yaxın davam edən istintaq və məhkəmə sonda, yəni 1951-ci il aprelin 19-da ona qulaqları və qolları kəsilməklə ölüm hökmü oxuyur. Hökmün icrası aprelin 29-da yerinə yetirilir. Xalqı zorla Urumçidə meydana yığırlar ki, qəhrəmanlarının öldürülməsini görüb gözləri qorxsun. Həmin gün Osman Baturun öldürülməsinə etiraz edənlər şəhər çevrəsindəki meşə zolaqlarına od verdiklərindən hər yeri tüstü bürümüş, qapqara olmuşdu.

Cəlladlar xalqın gözü qarşısında “Altay pələngi” ləqəbi qa­zanmış Osman Baturun qulaqlarını və qollarını kəsdikdən sonra əsgərlərə əmr verilir ki, onu güllələsinlər.

Osman Baturun “Allahu Əkbər” səsinə güllə səsləri qa­rı­şır. O namaz qılırmış kimi dizləri üstə düşür, sonra da alnı yerə dəyir.

Osman Batur güllələndikdən sonra da oğulları Şerdiman, Nimetullah və Nəbi partizan müharibəsini davam etdirirlər. Onlar odlu və avtomatik silahların mövcud olduğu müasir dövrdə belə bəzən düşmənə qarşı orta yüzillərdə olduğu kimi, qılıncla, başına mıxçalar çalınmış dəyənəklərlə döyüşürlər. Onların mübarizəsi 1953-cü ilə qədər davam edir. Çin Kommunist Partiyasının rəhbərləri onlarla da­nı­şıq­lara getmək məcburiyyətində qalır. Danışıqlardakı ra­zı­laş­maya əsasən Osman Baturun cəsədi oğlanlarına verilir. Oğ­lan­ları da cəsədi islami qaydada və yüksə ehtiramla Göy­doğay bölgəsinin Kürti kəndində dəfn edir və üzərində abidə ucaldırlar.

Sonralar Çin təyyarələri bir neçə dəfə bu abidəni bambalayır.

Doğu Türküstanın azadlığı uğrunda gedən mübarizəni dərindən öyrənən və “Köç” adlı roman yazan Qodfey (Qofedey) Lias deyir ki, Osman Batur 4-5 yüz il öncə, yəni təyyarələrin, zirehli maşınların, avtomat silahların kəşfindən öncə yaşamış olsaydı, sözsüz Monke, Cingiz xan, Əmir Teymur kimi böyük sərkərdə olacaqdı.

Osman Batur vəhşicəsinə məhv edilsə də, çinlilər və Sovet rəhbərliyi onların istəklərini tamamilə yox edə bilmirlər. 1955-ci ildə 1,6 milyon kvadratmetirlik bir ərazidə Sintez­yan-Uyğur Muxtar Rayonu yaradıldığını elan etmək məcburiyyətində qalırlar.

Çin hökuməti uzun illər Osman Baturun adının çəkilməsini qadağan etməsinə baxmayaraq, 2009-cu ildə Urimçidə milli zəmində baş verən toqquşmada Osman Batur və silahdaşlarının adları şüarlar kimi səsləndirilir.

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2010-cu il yanvarın 15-də efirdə səsləndirilmiş verlişin yenidən işlənmiş mətni( www.trtazerbaycan.com)

 
 

 

AZADLIQSEVƏR UYĞURLAR ÜÇÜN ŞƏHİD ŞAİR

LUTPULLA MÜTƏLLİP NÜMUNƏSİ

 

 Əsasən uyğurlar yaşayan Sintszyan-Uyğur Muxtar Ra­yo­nunu (Şincan Uyğur Apto­nom Rayonluk) Azər­bay­can­dan təxminən dörd min kilo­metrlik bir məsafə ayırır. Böl­gə keçmişdə Döğu Türküstan adlandırılırdı. Çin buranı işğal etdikdən sonra imperator 1884-cü il noyabrın 18-də ver­diyi əmrlə bölgəni Çinin 19-cu vilayəti –Sincianq, Şincanq və ya Xinjianq adlandırdı. Bu da hakim çinlilərin dilində “ye­ni sərhəd”, “yeni xətt”, “yeni qazanılan yer” anla­mın­dadır. Qəribəsi budur ki, Çin imeratorluğu avropalıların təsir dairə­sində olmasına, ölkənin ayrı-ayrı bölgələrinin xaricilərə “ica­­rəyə verilməsi”nə, Yaponiyanın Çinin bir çox ərazilərini iş­ğal etməsinə baxmayaraq məğlub Çin işğalçılıq siyasə­tin­dən əl götürmürdü.

 Doğu Türküstanda uyğurlarla yanaşı, qazaxlar, qırğızlar, tatarlar, altaylılar və b. türk xalqları da yaşayır. Eyni soydan olduğumuza görəmi, yoxsa tarixin gedişindənmi oxşar taleyi yaşayırıq. Əlaqələrimiz zamanın sürətiylə ayaqlaşmasa da, qan yaddaşı sayəsində hələ də ədəbi əsərlərimizin adlarında, mövzularında bir oxşarlıq var. Toponim və şəxs adlarımızın da böyük bir hissəsi eynidir.

Bu gün Çində yaşayan soydaşlarımız uyğur, biz isə azərbaycanlı adlanırıq. Hər birimizin də ayrıca (az qala bir-birindən təcrid olunmuş) tarixi, ədəbiyyat tarixi, dil tarixi və s. yaradılıb.

1819-1826-cı illərdə Doğu Türküstanda Cahangir xanın başçılığı ilə xalq mancur mənşəli Çinq sülaləsinin hakimiyyətinə qarşı üsyan qaldıranda Qarabağda, İrəvanda, Gəncədə Abbas Mirzənin başçılıq etdiyi hərbi hissələr də rus ordusuna qarşı vuruşurdu. 1830, 1831-ci ildə Car-Balakəni, 1831-ci ildə Lənkəranı, 1837-1838-ci illərdə Şəki və Qubanı, 1829-1861-ci illərdə Şeyx Şamilin başçılığı ilə Qafqazı bürümüş üsyanlar ilə Doğu Türküstanda 1830-cu ildə Yusup Xocanın, 1846-cı ildə Muhəmmətimin Xocanın, 1855-ci ildə Vəli Xan Törənin başçılıq etdiyi üsyanlar bir-birlərinə çox bənzəyir.

1931-ci ilin fevral ayında Qumul vilayətində Xoca Niyaz Hacı və Salih Dorğanın öndərliyi ilə xalq Çin Şu Jenin (1928-1933) hakimiyətinə qarşı üsyan qaldırdılar. Üsyan dalğası sürətlə ölkəni bürüdü. 1933-cü ilin noyabrın 12-də Kaşqarda Doğu Türküstan İslam Cümhuriyyəti elan edilir. Lakin qurulan bu dövlətin ömrü uzun olmur. 1934–1944-cü illər arasında SSRİ Doğu Türküstanı öz təsir dairəsində saxlamaq, ondan Yaponiyaya və Çinin bəzi dairələrinə təsir vasitəsi kimi istifadə etmək üçün diplomatik vasitələrdən və silahlı qüvvələrdən istifadə edir.

1937-ci ildə SSRİ ilə Çin arasında bağlanmış andlaşma Doğu Türküstan İslam Cümhuriyyətinin ləğv edilməsilə nəticələnir. Xalq kütlələri isə bu müqavilənin şərtləri ilə razılaşmır. Ölkənin müxtəlif bölgələrində itaətsizlik, silahlı üsyanlar davam edir.

1938-ci ilin sonlarında müqavimət hərəkatı daha da güclənir. Xalqın iradəsini qırmaq üçün olmazın qəddarlığına əl atıldı. Kaşqarda polis idarəsinə rəhbərlik edən sovet vətəndaşı Mavlanovun bir gündə 6.000 nəfəri güllələtməsi, 300.000-dən çox insanı həbs etdirməsi və 10.000-dən çox ailənin malını müsadirə etməsi Azərbaycanda 1936-1938-ci ildəki kütləvi həbslər və sürgünləri yada salmırmı?!

1944-cü ilin iyulunda İli bölgəsində-Qulcada Ali xan Törənin başçılığıyla çinlilərə qarşı yenidən üsyan baş qaldırdı və qələbə ilə başa çatdı. 1944-ci ilin avqustun 7-də Doğu Türküstan Cümhuriyyətinin qurulduğu elan edidi və hökumət başçısı Ali xan Törə seçildi. Lakin beynəlxalq güclər yeni hökuməti tanımaq istəmir.

1946-ci ilin dekabrında şah orduları Güney Azərbaycanda qurulmuş hökumətin varlığına son qoyur və rəhbərləri, fəalları Sovetlər Birliyinə gətirilir. Güney Azərbaycanda qurulmuş, milli hökumətin rəhbəri S.C.Pişəvəri 1947-ci ildə Quzey Azərbaycanda avtomobil qəzası adı ilə öldürüldüyü kimi, İ.Stalin ile Mao-Ze-Dong gizli razılaşmasıyla Doğu Türküstan Cümhuriyyətinin prezidenti Ahmetcan Kasimi, Milli Azadlıq Ordusunun Komandiri general İshak bəy, onun müavini general Delil Kan, Ordunun Siyasi Komissarı Abdukərim Abbas və b. təyyara qəzasına salınarak məhv edildilər. Təşkil olunmuş bu təyyarə qəzasının ardından işğalçı ordu 1949-cu ilin oktyabrında Doğu Türküstanı tutur.

Ölkələrimizin taleyi kimi insanlarımızın talei də oxşardır. Uyğur inqilabçısı, şair və dramçı Lutpulla Mütəllipin gənc yaşlarında qəddarlıqla öldürülməsi Mikayıl Müşfiqin, sonradan onun sümüklərinin tapılaraq təntənə ilə dəfn edilməsi Hüseyn Cavidin taleyini yada salır.

Bu yazıda xalqımızın yaxından tanımadığı, lakin tanı­ma­sına və sayğı göstərməsinə ehtiyac olan Lutpulla Mütəllipin ömür yolundan söz açacağıq.

Lutpulla Həzim Axun oğlu Mütəllip 1922-ci il oktyabrın 16-da Qazaxıstan Respublikasında, Almatı yaxınlığındakı Uyğur rayonu kimi tanınan Nilki qəsəbəsinin Çunçi kəndinin Sayboyu məhəlləsində anadan olub.

Millətini azad və xoşbəxt görmək arzusuyla yaşayan və bu yolda həyatını qurban verən Lutpulla Mütəllip haqqında çox yazılsa da, doğum və ölüm tarixləri fərqli-fərqli göstərilib. Uzun illər Şincanın Qulca şəhərində doğulduğu fikri üzərində durulub. Uyğur araşdırıcısı Tursun Erşidin 1998-ci ildə Urumçidə çap etdirdiyi “Lutpulla Mütəllip və unin keçürmişləri” kitabı şairin doğum ili, yeri və ölüm günü ilə bağlı yanlışlıqlara son qoydu. O, şairin atası Həzim Axunun evindəki “Min bir hədis” adlı kitabının qapağına oğlunun doğum tarixini hicri təqvimi ilə yazdığını aşkara çıxardı. Həmin tarixi miladiyə çevirdikdə 1922-ci ilin oktyabrın 16-na uyğun gəldiyini yazdı. Ailədəki müqəddəs kitabların qapağına mühüm tarixi hadisələr və uşaqların doğum günlərinin yazılmasının az qala bir ənənəyə çevirildiyi mə­lum­dur. Həzim Axun da kitabın qapağına oğlunun do­ğul­du­ğu günü yazıbsa, demək, ən doğru sənəd bu hesablanmalıdır.

Kiçik yaşlarından fitri istedadıyla ətrafındakıların diq­qə­ti­ni cəlb edən, ilk təhsilini evdə atasından alan Lutpullanı Qulca şəhrindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-cı ilədək oxuyaraq tatar və rus dillərini öyrənmiş olur. Sonra təhsilini rus gimnaziyasında davam etdirir. İki il də burada oxuyur. 15 yaşında ikən “Mənim xalqım” adlı şeirini “İli qəziti”ndə çap etdirir.

Yeniyetməlik və gənclik illərində yazdığı üsyankar şeirlərinə görə onu “od yürəkli şair” adlandırırlar.

Lutpulla imtahan verərək Urumçi şəhərindəki Darül­muəl­limə qəbul olunsa da, maddi sıxıntı üzündən təhsilini davam etdirə bilmir. 1941-ci ildə Sovet mühəndislərinin tərcüməçisi kimi Güney Şincana gedir. Faşist Almaniyasının SSRİ-yə hücumundan sonra Sovet mühəndisləri axtarış-kəşfiyyat işlərini yarıda buraxıb geri döndüklərindən Lutpulla Mütəllip işsiz qalır və yenidən Urumçiyə geri dönür.

Təhsilini davam etdirməklə yanaşı “Şincan” qəzetində işləyir və qəzetdə “Ədəbiyyat gülzarı” adlı səhifə hazırlayır.

İstedadlı şair, publisist və dramçı Lutpulla Mütəllipin 1942-ci ildə, yəni 20 yaşında yazdığı, elə həmin il də səh­nələşdirilən «Gerçək moden» pyesi Çin valisi Şenq Şi-Şey tərəfindən yasaqlanmış və ona qarşı təqiblər başlanmışdır.

Təqib və təzyiqlərə baxmayaraq o, bədii yaradıcılığını və siyasi mübarizəsini dayandırmır. Rus dilində təhsil alması, bu dilin vasitəsilə inqilabi ədəbiyatla tanışlığı, K.Marksın, F.Engelsin, V.İ.Leninin, İ.Stalinin əsərlərini oxuması təsirsiz qal­­mır. Lutpulla yeniyetməliyindən Avropada kabus kimi dola­şan, oradan da dünyada yayılan kommunizm ideologiyasının təsiri altına düşür. O, bu ideologiya vasitəsilə xalqının azad və firavan yaşayacağına inanır.

 O, ənənəvi əruz və heca vəznində şeirlər yazmaqla yanaşı, sərbəst vəzndə də qələmini sınayır, bu janrın çılğın təbliğatçısına çevirilir. Həm də “Borandan sonrakı aydınlıq”, “Samsaq ağa hirsləndi” kimi pyeslər yazmaqla oxuma və yazma bilməyən insanlara səhnədən müraciət etməyə, xalqını cəhalətdən qurtarmağa çalışır. Pyeslər yazarkən və onları səhnələşdirərkən rus rejissor və aktyorlarının təcrübəsindən bəhrələnir.

1943-cü ildə Şincanın siyasi həyatında dəyişmələr baş verir. Liberal, demokratik görünməyə can atan vali Şenq Şi Şey Qomindan Çin Milli Partiyasına daxil olur. Bu, bölgədə taraz­lığın pozulmasından, çinlilərin müstəmləkəçilk siya­sətinin getdikcə şiddətlənəcəyindən xəbər verir. Şincanda yanvar ayında partiyasının vilayət şöbəsi təşkil edilir və iyun ayında partiyasının ən mühafizəkar üzvlərindən Fen Qun Bini “Şincan” qəzetnə redaktor təyin edilir.

Qomindan Çin Milli Partiyasının hakimiyyətə gəlməsi Şincanda Lutpulla Mütəllip və onun kimi inqilabi əhval-ruhiyyəli, yenilik tərəfdarı vətənsevərlərin vəziyyətini ağırlaşdırır. Bir çox kitablar yığışdırılır, inqlabi ruhlu, vətənsevər kitablar çap edən nəşriyyatlar bağlanılır. Həbs edilmək və ya sürgünə göndərilməklə üzləşən Lutpulla Mütəllip 1943-cü ilin sonunda işdən çıxarılır. Onu Aksudakı “Şincan” qəzetinə redaktor müavini göndərirlər.

Lutpullanın gəlişi Aksu şəhərində vətənsevərlər tərəfindən sevinclə qarşılanır. Qəzetdə “Cənub şamili” adlı səhifə hazırlayır və buraya şair Nimşehit, Bilal Əzizi kimi gəncləri cəlb edir. Gənc şair elm öyrənməklə, bədii yaradıcılıqla yanaşı ictimai-siyasi işlərdə fəal iştirak etdir.

Aksu Vilayətlik Uyğur Mədəniy Akartiş Uyuşmisi (Aksu Vilayət Uyğur Mədəniyyətinin İnkişafı Birliyi) ilə “Aksu Şincan” qəzetinin birgə çıxartdığı “Cənubtin avaz” (Cənubdan səs) jurnalına məsul katiblik edən Lutpulla Mütəllip “Təsiratım” (Duyğularım), “Hoş” (Əlvida),” “Yillarka cavap”(İllərə cavab), “Pəryat” (Fəryad), “Hiyalçan tilək” (Xəyallı diləklər), “Küreş ilhami” (Mübarizə ilhamı), “Şair toğrusida muveşşeh” (Şair haqqında müvəşşəh), “Muhəbbət həm neprət” (Məhəbbət və nifrət), “Oğlum hekkidə mərsiyə” (Oğlum haqqında mərsiyə), “Vətən ala, xəlik ala (Vətən ala, xalq ala), “Büyük mayak” (Böyük mayak) və b. şeirlərini, eləcə də “Əcəl hudukuşida” (Əcəl anında), “Padişah samuraylari ağir halsiraydu” (Padişah samurayları böyük yorğunluq içində), “Uniz kəlgüsi zor həm parlak” (Onun gələcəyi güclü və aydın) satirik məqalələrini və “Samsak akan kaynaydı” (Sarımsaq ağa əsəbləşir), “Küreş kizi” (Mübarizə qızı), “Borandin keyinki aptap” (Borandan sonrakı günəş), “Çin moden”, “Çiməngül” adlı səhnə əsərlərinin, “Ədəbiyyat nəzəriyyəsi”, “Sənətkə muhəbbət” (Sənətə məhəbbət), “Tiyatirmız kelip çikişi və ravaclaniş tarihi” (Teatrımızın yaranması və inkişafı tarixi) adlı məqalələrini yazır.

Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının Doğu Türküstanda uğurla səhnələşdirilməsi və böyük tamaşaçı marağı qazanması bir çox səhnə əsərlərinə rejissorluq edən, özü baş rolları oynayan gənc Lutpulla Mutallipi “Tahir ilə Zöhrə” və “Qərip ilə Sənəm” operalarının librettosunu yazmağa ruhlandırır.

1945-ci ildə İli, Altay, Tarbaqatay bölgələrində yaşayan uyğurların Çin hökumətinə qarşı başladıqları etiraz hərəkatı tarixə “Üç vilayət inkilabı” kimi daxil oldu. “Üç vilayət inkilabı” təşkilatının liderlərinin Aksu şəhrinə göndərdiyi nümayəndələrlə görüşən, onların istəklərini öyrənən Lutpulla Mütəllip onlarla birgə bölgədə hakimiyyəti devirmək uğrunda mübarizə aparacağını vəd edir. Bundan sonra böyük bir eşq və ilhamla “Uçkunlar ittipakı”(Qığılcımlar İttifaqı) təşkilatını qurur. Tam adı “Şərqiy Türkistan Uçkunlar İttipaki” (Şərqi Türküstan Qığılcımlar Ittifaqı) olan təşkilata millətini sevən Nimşehit, Bilal Əzizi, Muniridin Hoca, Abdulla Davutop, Yusupcan kimi vətənsevərlər daxil olur. Təşkilatın parolu “Biz cümə namaziga teret elip koyduk. Cümə namazini sizlər bilən billə okumakçimiz” (Biz cümə namazını qılmaq üçün abdəst aldıq. Cümə namazını sizinlə bərabər qılmak istəyirik) olur.

 “Üç vilayət inkilabi” ordusu Çin hökumət qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır. Lutpulla Mütəllip qurmuş olduğu “Uçkunlar ittipaki”nın üzvləri də döyüşə hazırlıq işlərini sürətləndirir, Qomindan partiyasının tabeliyində olan əsgəri birliyin silah anbarına girmək, oradakı silahları alaraq öz düyüşçülərinə paylamaq üçün gizlicə anbar qapılarının açarlarını hazırladırlar.

Satın aldığı xainlərin yardımı ilə Qomindan Partiyasının məmurları Lutpulla Mütəllipi və silahdaşları Bilal Əzizi, Müniridin Xocanı, Abla Mevlancan, Rozi Turdiyof və 30 yaxın məsləkdaşını həbs edirlər. Xalqının azadlığı və xoşbəxtliyi uğrunda Qomindan ordularına qarşı cəsarətlə vuruşan “Üç vilayət inqilabı” əsgəri birlikləri 1945-ci ilin payızında qarlı dağları aşaraq Güney Şincana keçib Aksu şəhrinə doğru irəliləyir. Qomindançılar həbsdə olanların üsyan qaldıraca­ğın­dan, xalqın da onlara qoşulacağından qorxuya düşərək 1945-ci ilin sentyabrın 18-də Lutpulla Mütəllipi və məsləkdaşlarını güllələyir­lər. “Üçkunlar ittipaki”nın (Qığılcımlar ittifaqı) üzvlərinin güllələndiyini eşidən xalq kütlələri həbsxanaya hücum edib oranı dağıdır. Aksu şəhəri qomindançılardan azad olur. Həbsxanada Lutpulla Mütəllipin qanıyla divara aşağıdakı misraları yazdığını görürlər:

Bu kən dunya mən üçün boldi duzəx - Bu gen dünya mənim

                                                       üçün oldu cəhənnəm,

Yaş gülümni şazaz kildi kanhor əbləh... - Gənç gülümü

                                                     xazan qıldı qaniçən əbləh...

 Lutpulla vətənin azadlığı uğrunda mübarizədə şəhid olsa da, onun ideyaları reallaşır. Doğu Türküstan hökuməti qurulur. Sovetlərin yardımı ilə Çində kommunistlər hakimiyyətə gətirilir. Lakin onlar vədlərini tez unudaraq, dünənki silahdaşlarına və əməkdaşlıq etdikləri insanlara divan tuturlar. Xalqlara azadlıq vəd etsələr də, müstəmləkəcilik siyasətini davam etdirirlər. İki imperialist dövlət, Çin və SSRİ gizli plan quraraq 1947-ci ildə Doğu türküstanlıların liderlərini təyyarə qəzasında öldürür, hökumətin fəallarını və müstəmləkəçilərə müqavimət göstərənləri də məhv edirlər.

Lutpulla Mütəllip və dostlarının vəhşicəsinə edam edilməsindən beş il sonra xalq ayağa qalxaraq yenidən həbsxanaya basqın edir. Həmin vaxt həbsxanada işləmiş nəzarətçilərə təzyiq göstərərək Mütəllip və məsləkdaşlarının cənazələrinin harada gizlədildiyini tələb edirlər. Həbsxana işçiləri canlarının qorxusundan həqiqəti deyirlər. Məlum olur ki, vətənpərvərlər həbsxana ərazisindəki donuz damında güllələnmiş, sonra da ora ayaqyoluna çevrilmişdir.

Həmin yeri qazaraq şairin və əqidə yoldaşlarının param-parça edilmiş cəsədlərinin qalıqlarını tapırlar. Aksu və ətrafından gələn xalq kütlələri bu vətən övladlarının param-parça edilmiş cəsədlərini islam qaydaları və uyğur adət-ənənəsiylə dəfn edirlər.

Çin cəlladları Lutpulla Mütəllipin 18 yaşlı xanımı Sopiyam Baiz qızını təqib edir, nəticədə Lutpullanın yeganə övladı aclıqdan ölür.

Son illərdə Urumçidə baş verənlər onu göstərir ki, Lutpulla Mütəllipin ideyaları yaşayır, bu ideya uğrunda ölümə gedən uyğur gəncliyi var.

(TRT Türkiyənin səsi və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən Qorqud Ata proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2010-cu il martın 25-da efirdə səsləndirilmiş verlişin mətni( www.trtazerbaycan.com) əsasında hazırlanaraq “525-ci qəzet”in 14 sentyabr 2011-ci il, 166(3482) sayında “Azadlıqsevər uyğurlar üçün şəhid şair Lutpulla Mütəllip nümunəsi” məqalə)

 


İÇİNDƏKİLƏR

Ön söz............................................................................... 4

Sonuncu qazax xani  Kenesarı

Qasım oğlunun şərəfli ölümü............................................... 13

Ruslara xidmət edən vətənpərvər

xan nəvəsi Şokan Valixanov................................................ 20

Cuci xanın nəslindən olan

Əli xan Bökeyxanovun taleyi............................................... 28

Əlifba islahatçısı, folklorçu, pedaqoq,

dövlət qurucusu Ahmet Baytursunov................................... 46

Çılğın şair, coşğun vətənsevər

Mirjakub Dulatov............................................................... 65

İşğalçılara qarşı mübarizəni vətəndə başlayıb,

mühacirətdə davam etdirmiş Mustafa Çokay........................ 72

Vahid Türk Tatar Dövləti qurmaq istəyən,

kommunist Sanjar Asfandiyarov.......................................... 97

Türkçü baxışlarına görə həbs edilən və həbsxanada

ölən Maqjan Jumabayov (Cumabayov)................................ 103

RSFSR Xalq Komissarlar Soveti

sədrinin müavinliyinə yüksəldilən

və məhv edilən Turar Riskulov............................................ 115

Sovetlərin Səudiyyə Ərəbistanında səfir kimi

istifadə edib sonra məhv etdikləri Nəzir Törekulov................ 126

Azadlıq uğrunda şəhid olan

Altay pələngi-Osman Batur................................................. 135

Azadlıqsevər uyğurlar üçün şəhid şair

Lutpulla Mütəllip nümunəsi.................................................. 153


 

 

 

 

 

ƏLİ ŞAMİL

 
 
 

TÜRKÇÜLÜYÜN QURBANLARI

(Qazaxıstan)

 

 

 

 

 

 

 

 

 

 

 

«Elm və təhsil» nəşriyyatının direktoru:

professor Nadir MƏMMƏDLİ

 

 

Kompüterdə yığan və

korrektura edən: Aynur Qəzənfərqızı

 

Yığıma verilmişdir 28.03.2013

Çapa imzalanmışdır 04.04.2013

Şərti çap vərəqi 10,2. Sifariş № 81

Kağız formatı 60х84 1/16. Tiraj 300

 
 
 Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya müəssisəsində  hazır  diapoziyivdən çap olunmuşdur.

E-mail: elm_ve_tehsil@box.az

Тел: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

 

 

 

 

 

.

 

Kitabın nəşrinin səbəbkarı

Elcin Abbas 

Elçin Abbas oğlu Abbasov 1971-ci il iyulun 1-də Babək rayonunun Qaraçuxur kəndində çoban ailəsində doğulub. Kəndlərindəki orta məktəbin son sinfində oxuyanda gizli dərnəyə üzv olub. 1988-1992-ci illərdə Naxçıvan Politexnik Texnikumununda oxuyub. Milli azadlıq hərəkatının fəal üzvlərindən biri olan Elçin mitinqlərin təşkilində xüsusilə fəallıq göstərib.

Azərbaycan Xalq Cəbhəsi Naxçıvan şəhər şöbəsinin qurulmasında fəal iştirak edən Elçin Abbasov “Güney”, “Azadlıq” (Xalq cəbhəsinin qəzetləri) və “Naxçıvan” qəzetində maraqlı məqalələrlə çıxış edib.

Azərbaycan Demokratik Gənclər təşkilatının yaradılmasında iştirak edən Elçin Abbasov 1993-cü ildən başlayan təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün 2000-ci ildə qaçıb Qazaxıstanın Almatı şəhərinə gedib. Az sonra ailəsini də yanına apararaq orada yaşamağa başlamış və işini qura bilib. Kiçik sahibkar olan Elçin bəy daima Azərbaycanda baş verənləri izləyir, burada nəşr olunan qəzet-jurnalları, kitabları alıb aparır. Bu kitabın nəşrinin xərcini də o, ödəmişdir.


 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol