ŞEİRLƏRİ İLƏ TÜRK DÜNYASINI FƏTH EDƏN, İSLAMIYAYAN ƏHMƏD YƏSƏVİ
Əli ŞAMİL
Azərbaycan Milli ilimlər Akademiyası Folklor İnstitutu
direktorunun xarici ölkələr üzrə müşaviri
Əhməd Yəsəvinin adını ilk dəfə 1968-ci ildə, Azərbaycan Dövlət Unversitetinin birinci kursunda oxuyarkən eşitdim. Azərbaycan şifahi xalq ədəbiyyatından dərs deyən müəllimimiz filologiya elmləri namizədi Vaqif Vəliyev bayatılar haqqında mühazirə oxuyarkənƏmin Abidin “Azərbaycanı öyrənmə yolu” dərgisinin 1930-cu ildə yayımlanan 4-5-ci sayındakı “Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyəti (Beş bin bayatı-mani üzərində yapılmış bir tətöbbənamədir)” məqaləsini də oxunmalı qaynaqlar sırasına salmızı məsləhət görmüşdü. 1929-1939-cu illərdəAzərbaycanlatın qrafikalı əlifbadan istifadə edilmişdi. Məqalə də latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuşdur.Bizim nəsil isə Kiril qrafikalı əlifbadan istifadə edirdi.
Məqalədəki fikirlər məni özünə o qədər çəkdi ki, əlifba fərqinin yaratdığı çətinliyə baxmayaraq diqqətlə oxudum. Araşdırıcı yalnız Azərbaycandan toplanmış bayatılar haqqında fikir söyləməklə kifayətlənməmişdi, Turfan, Altay, Özbək, Mişər, Kazan, Krım, Qaqauz, Anadolu, İran və Dağıstan türkləri arasında geniş yayılmış 4 misralı 7 hecalı şeir şəklini müqayisəli təhlil etmiş, keçdiyi tarixi yolu qaynaqlarla işıqlandırmışdı. Belə ağır və şərəfli işə girişən araşdırıcı heç cür Əhməd Yəsəvinin yazdığı 7 hecalı dördlüklərdən yan keçə bilməzdi. Məqalənin yazıldığı tarix 1928-ci il, oktyabrı göstərlimişdir. O vaxtdan 40 il keçsə də Azərbaycanda bayat-mani-çır-əşulə haqqında belə dəyərli bir əsər çap olunmamışdı.
Əhməd Yəsəvinin adına ilk dəfə həmin məqalədə rast gəldim. Əmin Abid yazırdı: “Əhməd Yəsəvinin əsərlərindən Azərbaycanın mətbuatında ilk dəfə olaraq “Maarif işçisi” jurnalında nəşr olunmuşdur.” (Əmin Abid, 1930, 4-5:17). “Maarif işçisi” dərgisinin 1927-ci ildə yayınlanan 3,4 və 6-7-ci saylarındakı, ərəb əlifbası ilə yazılmış“Heca vəzninin tarix” məqaləsinin müəllifi də Əmin Abid idi. Çox çətinliklə olsadə həmin məqaləni də oxudum.
Dərsliklərdə, qəzet və jurnallarda Əhməd Yəsəvinin adına rast gəlmirdik. Onun adının belə ciddicəhdlə unutdurulmağa çalışıldığı, milli dəyərlərə qarşı sərt təbliğat getdiyi bir zamanda Əmin Abidinmilli dəyərlərimizə, dinimizə sahib çıxmağı məni olduqca heyrətləndirdi.
“Əmin Abid “Heca vəzninin tarixi” əsərində yazırdı: “Təkkiyəçiliyin ümumi xarakteri göz önünə gətiriləcək olursa, heca vəzninin onlarca məqbul görünməsinin mənası qolaylıqla anlaşılır. Qayəsi daha böyük bir əksəriyyətə – məfkurəvi təlqinlərə təsir yapmaq olan təkkətəşkilatı xalq ruhunu nəzərə almaq və xalq ədəbiyyatı elementlərini qullanmaq məcburiyyətində idi. Bunun üçün təkkə şeiri milli xalq şeiri olan heca ilə yaradılırdı.” (Əmin Abid,1927, 6-7:48).
“Təkkəşeirini milli xalq şeiri olan heca ilə yaradan kimdir?” sualına Ə.Abidin araşdırmasında belə cavab veri: “Heca vəznini ilk müdafii olaraq Yəsəvi təkkəsində buluruz. Yəsəvilik təriqəti üzrə doğan ədəbiyyatın məşhuru miladi 12-ci əsrdə yaşamış şair, həkim Əhməd Yəsəvinin “Divani hikmət” adında toplanan əsərləridir. Əhməd Yəsəvi hecayi qullanmaqla bərabər ona daha əski zaman məhsullarındakı vəziyyətdən ayıran mütəkamil bir şəkil verməmişdir. Onun əsərlərində də heca itiradlı misrai ahəngdən məhrum bulunaraq ibtidai texnikayı mühafizə etməkdədir.” (Əmin Abid, 1927, 6-7:49).
Əhməd Yəsəvinin “Divanı hikmət”ini diqqətlə nəzərdən keçirən və onu öncəki qaynaqlarla qarşılaşdırmalı şəkildə araşdıran Əmin Abid 12 hecalı şeir şəklinin də mayasında yeddiliklərin duraqı (bölgüsü) olduğunu söyləyir. Fikirlərinə aydınlıq gətirmək üçün Əhməd Yəsəvidən bir yeddilik, bir on ikilik şeir nümunə göstərir. Yeddi hecalıya nümunə kimi Əhməd Yəsəvinin məşhur “Aşiqlər” rədifli şeirini verir.
Əhməd Yəsəvi yaradıcılığını əsərlərinin mövzusu ilə bağlı araşdırmaya cəlb edən Ə.Abid yazır: “Əhməd Yəsəvi zamanında Orta Asiya Türkləri heca vəznilə bir çox xalq mənzumələrinə malik olmuşdur. Hələ bu xalq mənzumələri içində yeddi hecai çox modda olmuş olacaq ki, mühitin ədəbi təsiri altında Əhməd Yəsəvi də yeddili vəznə çox əhəmiyyət vermişdi.” (Əmin Abid,1930, 4-5:18).
Nəinki tələbəlik illərimizdə, ondan sonralar da Azərbaycanda Əhməd Yəsəvi kimi Əmin Abid haqqında da bilgiyə rast gəlmək mümkün deyildi. Uzun axtarışlardan sonra Əmin Abidin 1898-ci ildə Bakıda doğulduğunu, 1919-1926-cı illərdə İstanbulda təhsil aldığını və Darülfününda oxuduğu illərdə altı cildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” yazdığını, həmin əsərin son cildini, “məzuniyyət tezi” kimi universitetin professorları qarşısında müdafiə etdiyini öyrəndim. (Şahbazov Əli, 1926: 9 yanvar).Çox heyf ki, bu millətsevər və istedadlı araşdırıcı ideologi nədənlərdən1938-ci il oktyabrın 21-də, saat 21.00-da DTK (KQB) zindanında güllələmişdir.(AMTBA, dosye 32796)
Sovetlər Birliyi çokməyə başladıqda Əhməd Yəsəvinin də, Əmin Abidin də, onlar kimi yüzlərlə milli düşüncəli, islamçı fikir adamının haqqında məqalələr, kitablar yayınlanmağa, radio, televizya verlişləri hazırlanmağa başlandı. Qazaxıstanda Əhməd Yəsəvini türbəsi təmir edildi. Təəssüf ki, böyük filosof-şairin, ilahiyyatçının məzarı aşılaraq günümüzün elmi-texniki imkanlarından istifadə edilib yaşı müəyyənləşdirilmədi. Buna görədir ki, hələ də onun ölümü və doğumu haqqında fərqli fikirlər söylənilir. Türkiyədə nəşr edilənİslam Ansiklopedisikimi ciddi bir nəşr Əhməd Yəsəvidən söz açarkən yazır: “11-ci yüzilin ikinci yarısında dünyaya gəldiyini söyləmək mümkündür”, “Ahmed Yesevi altmış üç yaşına geldiğinde geleneğe uyarak tekkesinin avlusunda müridlərinə bir çilehane hazırlatır, vefatına kadar burada ibadet və riyazetlə meşğul olur. Çilehanede ne kadar kaldığı belli değildir, fakat ölünceye kadar buradan çıkmadığı ve hücrede vefat etdiği mühakkakdır. Doğum tarixi bilinmediğinden kaç yıl yaşadığı hüsusunda da keskin bir şey söylemek mümkün değildir”. (İslam Ansiklopedisi, 1989:160, cilt 2).
Əhməd Yəsəvinin doğum yeri haqqında da iki fikir söylənilir: Birində indiki Qazaxıstanın Çimkənd yaxınlığındakı Türküstan(keçmiş Yesi) şəhərində doğulduğu,o birisində isə Tarım çayıın bir qolu olan Şahyara axan Qarasu çayının üzərindəki Sayram qəsəbəsində doğulduğu yazılır. Sayram qəsəbəsi keçmiş dönəmlərdə İspicab(İsficab) və Akşəhər də adlanıb.
Xacə Əhməd, Xacə Əhməd Yəsəvi, Kul Xacə Əhməd kimi tanınan bu böyük sufu alimindən söz açanlar onu Piri Türküstan, Həzrəti Türküstan, Həzrəti Sultan deyə tanıdıblar. Soykökünün Həzrət Əlinin oğlu Mühəmməd bin Hənifeyə bağlandığını yazırlar. Mühəmməd bin Hənifeyə də Həzrət Fatimadan deyil, Həzrət Əlinin başqa xanımından doğulduğundan, yəni peyğəmbərimiz Mühəmməd Əleyhissəlama bağlanmadığından onlara seyid deyilmir. Bölgədə Mühəmməd bin Hənifə soyundan gələnlərə xacə deyilir. (Türk dünyası evliyaları, 2006:273, 2-ci cild).
Şeyx İbrahimlə Ayşe xatunun izdivacından doğulan Əhmədin kiçik yaşlarında anası, yeddi yaşında isə atası ölür. O, özündən böyük bacısı Gevher Şehnazın himayəsində böyüyür və ilk təhsiliniAzərbaycanlı Yusif əl-Həmədanidən (ölümü 1140-41) alır. İlk müəlliminin vəfatından sonra Buxara mədrəsəsində oxuduğu, dövrün məşhur alimlərindən Abdullahi Berkidən, Şeyx Həsən Endakidən dərs aldığı söylənilir. Onun bir sufi kimi yetişməsinin səbəbkarı isə Arslan Baba olmuşdur.
Mehmed Fuad Köpürlüzadə Xazinin 1594-cü ildə yazdığı “Cəvahirül əbrar min ənvasil bihar” əsərinə dayanaraq Xoca Əhməd Yəsəvinin 1166-cı ildə dünyasını dəyişdiyini yazmışdır. Ensiklopediyalarda isə doğum tarixi 1105-ci il göstərilir.
İsveçin Upsala Unversiteti kitabxanasında saxlanan Doğu əlyazmalarının araşdırılması böyük sufi alimi və şairinin həyat və yaradıcılığına sanki bir işıq saçdı. Sufi Məhəmməd Danişmənd Zərnikinin yazmış olduğu “Miratül kulup” əsəri yalnız Xoca Əhməd Yəsəvinin həyat və yaradıcılığını öyrənmək baxımından deyil, həm də dəvrişlik, sufi cəryanlarını öyrənmək baxımından olduqca qiymətli qaynaq oldu.
Sufi Məhəmməd Danişmənd Zərniki Xoca Əhməd Yəsəvinin birinci və ya üçüncü nəsil dəvrişlərindən sayılır. Onun qırx dəfə mürşidi Xoca Əhməd Yəsəvi ilə riyazətə çəkildiyini, yəni kiçik və qapalı bir yerdə yaşayaraq, dünya nemətlərindən ən az şəkildə istifadə etmək və insanlarla ünsiyyətddən uzaq olmaqla nəfslərini tərbiyə etmiş, kamillik məqamına yüksəlməyə çalışdığını yazırlar. Müridlikdən mürşidliyə gedən ağır yolu keçdikdən sonra Xoca Əhməd Yəsəvi Məhəmməd Danişmən Zərnikini Otar şəhərinə islamı təbliğ etməyə və ətrafına dəvrişlər toplamağa göndərir.(Şamil Əli.http://ali-shamil.tr.gg/%26%23399%3 Bhm%26%23601 %3Bd-Y%26%23601%3Bs%26%23601%3Bvi.htm). Orta yüzilliyin qaynaqlarından Ali bin Hüseyin (1462-1533) farsca yazdığı (1503) “Reşahât Ayn-ül Hayât” kitabında Nakşî büyüklerini anlatır. Kitabın baş tərəfində isə“Hâce AhmedYesevî hazretleri silsilesi mensuplarından bahseder” yazılıb(KILIÇ Dündar Ali, 2016:304).
Hənəfi məzhəbindən olan, zahiri və batini elmləri dərindən bilən Əhməd Yəsəviyə şöhrət qazandıran hikmətləri olmuşdur. Qısa və yığcam şəkildə türkçə söylədiyi dördlüklərini dəvrişləri Türk dünyasında yaymışdı. O, bu dördlüklərdə türklərin əski inancları tanrıçılığı islamla birləşdirərək yeni bir təriqətin əsasını qoymuşdur (Hüseyinoğlu Ali Şamil. 2002:41, sayı 100).
Əhməd Yəsəvi sadə bir şeir şəkililə islamı yaymamışdı. Ədəbiyyatımızda vücudnamə-yaşnamə şeir şəkilinin yaradıcısı da Əhməd Yəsəvi sayılır. Türk dünyasında vücudnamələri müqaisəli şəkildə öyrənən Elmira Məmmədova-Kekeç yazır: “Klassik ədəbiyyatda vücudnamə yaradıcılığında xüsusi yeri olan və janrın məzmun və formaca ilk kamil nümunəsi böyük Türküstan piri Əhməd Yəsəvi tərəfindən yaradılmışdır. O, “Divan-ihikmət” əsərində ilk klassik vücudnaməni qələmə almışdır. Epik mətnlərdə (dastan və məsnəvilərdə) vücudnaməyə qəhrəmanın sadəcə dünyaya gəlişinin və sürətlə böyüməsinin təhkiyəsini vermək üçün müraciət edilir. Əhməd Yəsəvi isə türk xalqları ədəbiyyatında ilk dəfə lirik mənin dilindən ömrün(ün) sonu və hətta axirət dünyasındakı vəziyyəti haqqında məlumat verir. Daha sonra aşıq yaradıcılığındakı vücudnamə mətnləri də məhz “Divan-ihikmət”dəki vücudnamənin arxitektonikası üzərində qurulur”.(Kekeç E., 2016.)
Tibbi biliklərin zəif inkişaf etdiyi bir dövrdə Əhməd Yəsəvinin insanın yaşamını dolğun və dəqiq təsvir etməsi günümüzün təbiət elmləri sahəsində çalışanların da heyrətinə səbəb olur.
Əhməd Yəsəvi vaxtını üç yerə ayırırmış. Günün çoxunu ibadət və zikirlə məşğul olar, ikinci hissəsini tələbələrinə zahiri və batini elmlər öyrədər, üçüncü hissəsində isə ağacdan qaşıq düzəldərək onu satmaqla dolanarmış.
Rəvayətə görə Əhmd Yəsəvinin öz sağlığında Yesi çevrəsində 12 min, dünyanın müxtəlif guşələrində isə doxsan doqquz min müridi olmuşdur (İslam Ansiklopedisi, 1989:161, cilt 2). Oturaq həyat sürməyən, yəni şəhər və qəsəbələrdə yaşamayan türklərin islamlaşmasında yəsəviyyə təriqətinin üzvü olan dəvrişlərin rolu böyükdür. Sonralar bu təriqətdən yeni təriqətlər də yaranmışdır. Ardıcılları Əhməd Yəsəvinin hikmətlərini “Divani hikmət” adı altında toplamışlar.
Köçəri həyat keçirən insanların yanlarında kitab gəzdirməsi, bir yerə toplaşaraq yazıb oxumaq öyrənmələri, səriət qaydalarına ciddi əməl etmələri çətin idi. Buna görə də bölgədə islam zəif inkişaf edirdi. Əhməd Yəsəvinin hikmətlərini isə türklərin bütün tayfalarından olan insanlar asan başa düşür və tez də əzbərləyirdilər. Onların əzbərlədiyi hikmətləri nə yağış, qar silə bilirdi, nə də onları daşımaq üçün araba, at, dəvə, ulaq lazım idi. Beyinlərə hopmuş hikmətlər hər yerəd təkrarlanır və nəsillərdən-nəsillərə öyürülürdü.
Yüz illər boyu dərvişlər Əhməd Yəsəvinin hikmətlərini Azərbaycanın bütün kənd və qəsəbələrində oxuyublar. Həsənoğludan başlayaraq20-ci yüzillikdə yaşamış bir çox Azərbaycan şairi az və ya çox dərəcədə Əhməd Yəsəvidən yararlanmışdır. İmperializmin inkişafı, Rusiyanın Qafqazı, Türküstanı işğalı xalqlarımız arasındakı tarixi bağları qırmışdı. Rusiyanın işğalçı yürüşləri nə qədər zərərli olsa da aydın düşüncə sahibləri bundan millətin və xalqın xeyrinə istifadə etməyə çalışdılar.
Bütün müstəmləkəçilər kimi Rusiya da əsarət altına aldığı xalqları əbədi əsarətində saxlamaq üçün uzunmüddətli planlar hazırlayıb onu həyata keçirirdi. Bu plana işğal altındakı xalqların xristianlaşdırılması və ruslaşdırılması da vardı. Çar Rusiyası dönəmində bu plan yarıgizli və nisbətən mülayim həyata keçirilirdi. Öncə türk və müsəlman xalqlarının yüzillər boyu işlətdikləri ərəb əlifbasını dəyişmək, məktəb və mədrəsələri bağlamaq, qadınları-anaları xristianlaşdırmaq istəyirdilər. Lakin onlar unudurdular ki, islam dinini ana dilində yayan Yəsəvi dərvişlərinin rolu heç də məktəb və mədrəsələrdən az deyil. Köçəri həyat sürən toplum arasında dəvrişlərin apardığı təbliğatın gücü kitablardan, mədrəsələrdən daha böyük idi. Ona görə də Rusiyanın əsarət altında saxladığı xalqları xristanlaşdırmaq, sonra da Ruslaşdırmaq siyasətinini həyata keçirmək heç də asan olmurdu.
Bolşeviklər hakimiyyəti silah gücünə ələ aldıqda sonra çarizmin Ruslaşdırma siyasəti sərt və açıq şəkildə həyata keçirilməyə başlandı. Bolşeviklər hakimiyyətlərinin ilk illərindən dinin hökumətdən ayrırdıqlarını elan etdilər. Öncə dinə qarşı sərt şəkildə mübarizə aparmadılar. Hakimiyyətlərini möhkəmləndirdikcə məscidləri, mədrəsələri bağladılar, dinə qarşı dövrü mətbuatda, radio və televizyada, təbliğatçıları vasitəsilə sistemli təbliğat apardılar, mübarizənin sərt formalarından istifadə etdilər. Beləcə ateist bir toplum formalaşdırmaq, sonra da onları beynəlmiləlçilik adı altında Ruslaşdırmaq istədilər.(http://modern.az/articles/45732/1/#gsc.tab=0)
Sovetlərin apardığı sərt siyasətə baxmayaraq islam dinini insanların qəlbindən silmək mümkün olmadı. Heç bir yerdə rəsmi qeydiyyatı olmayan, hər hansı bir təşkilat ətrafında birləşməyən dəvrişlər Əhməd Yəsəvinin ənənəsini yaşadaraq ana dilində islam dinini təbliğ edirdilər.
Sovetlərin çöküşündən sonra qısa zamanda Azərbaycanda Əhməd Yəsəvinin həyat və yaradıcılığının öyrənilməsinə, əsərlərinin təbliğinə başlandı. Pənah Xəlilovun "Əhməd Yəsəvi", Füzuli Bayatın "Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri", yenə həmin müəllifin “Türk təkkə (təsəvvüf) ədəbiyyatı, Sərxan Xavərinin “Milli mədəniyyət sistemində poetik təsəvvüf kodu”, Gülşən Əliyeva-Kəngərlinin "Sufizm" monoqrafiyaları, Əziz Mirəhmədovun "Yəsəvi və yəsəvilik Azərbaycanda", Bəhlul Abdullanın "Yəsəvilik və Azərbaycanda şaman-dərviş mədəniyyəti" Əziz Mustafanın“Xoca Əhməd Yəsəvi Türküstandan doğan bir türk günəşi”,Fazil Qaraoğlunun“Tarixdə iz buraxanlar: Əhməd Yəsəvi”,Zaman Əsgərlinin
“Könüllərin fatehi - Əhməd Yəsəvi”,Salidə Şərifovanın “Mənəvi-mədəni qaynaqlarımız: Əhməd Yəsəvinin bədii və fəlsəfi-dini irsi”,Vügar Sultanzadenin “Ahmed Yesevi’nin Felsefesi Hakkında”, Seadet Şihiyevanın“Azerbaycan Edebi Tasavvufi Fikir Tarihi ve Yesevilik”,Əli Şamilin “Xoca Əhməd Yəsəvinin öyrənilməsinin qadağan edilməsinin və onu araşdıranların güllələnməsinin səbəbləri”, Aynur Qəzənfər qızının “Ahmet Yesevi Düşüncelerinin Dağıstan’da Yayılmasında Yahsay Medressesinin Önemi” və b. onlarla məqalələri çap olunmuş, Azərbaycanlı araşdırıcılar onlarla nüfuzlu beynəlxalq sempozyumlarda Əhməd Yəsəvi haqqında məruzələr oxumuşlar.
Qaynaqlar
1. ASE (Azərbaycan Sovet Ensiklopediyası), 1976, Bakı, I cild
2. Azərbaycan Milli Elimlər Akademiyası Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi Arxivi (AMEA AEİTVSMA), fond 39, siyahı 374, Əhmədov Əmin Abidin qovluğu.
3. ƏMİNAbid.(1927) Heca vəzninin tarix. “Maarif işçisi” dərgisi, , sayı 3,4, 6-7.
4. ƏMİN Abid.(1930) Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyəti. (5000 bayatı-mani üzərində yazılmış bir tətəbönamədir) “Azərbaycanı öyrənmə yolu” dərgisi, sayı 4-5.
5. HÜSEYİNOĞLUAli Şamil. Emin Âbid'in H. Ahmed Yesevî hakkındaki makalesine dair. Aylık Sevgi Dergisi “Yesevi”, 2002, sayı 100, (9 yıl), Nisan.
6. İslam Ansiklopedisi.(1989). Türkiye Diyanet Vakfı, İstanbul, 2-ci cilt.
7. KEKEÇ-MƏMMƏDOVA Elmira. (2016).Türk xalqlarinin məsnəvi yaradiciliğinda vücudnamələr
8. KILIÇ Dündar Ali.(2016). Reşahât Ayn-ül Hayât Kitabında Hâce Ahmed Yesevî ve Yolu Geçmişten Geleceğe Hoca Ahmed Yesevî Uluslararasi Sempozyumu Bildiri Özetleri, 26-28 Eylül 2016 Istanbul/Türkiye
9. Sovet dövründə Azərbaycanda İslam dini: loyallar və radikallar (http://modern.az/articles/45732/1/#gsc.tab=0)
10. ŞAHBAZOV Əli. Türkiyə məktubları. İstanbul Darülülfununda Azəri ədəbiyyatı tarixi. ”Yeni fikir” q. 1926, 9 yanvar.
11. ŞAMİL Əli. Əhməd Yəsəvi, (http://ali-shamil.tr.gg/%26%23399%3 Bhm%26%23601 %3Bd-Y%26%23601%3Bs%26%23601%3Bvi.htm)
12. Türk dünyası evliyaları (Afganistan, Azerbaycan, Kazakıstan, Tacikistan, Rusiya Federasiyonu, Türkmənistan). (2006) Türkiye gazetesi yayınları, İstanbul, 2-ci cilt.
Çap olundu: Şamil Əli. Şeirləri ilə Türk dünyasını fət edən, islamı yayan Əhməd Yəsəvi, “Sebilürreşad” dergisi, 2017(hicri 1438), Şubat-Mart (Recep), sayı 1014, cild 41, Səh. 50-52.
|