EMIN ABID AHMET YASEVI HAKKINDA
Ali Şamil Hüseyin oğlu
Azerbaycan Milli Ansiklopedisi grup rehberi, Bakü, AZERBAYCAN
“Azərbaycanı öyrənmə yolu” dərgisində belə bir qeyd var: “Əhməd Yəsəvinin əsərlərindən Azərbaycanın mətbuatında ilk dəfə olaraq “Maarif işçisi” jurnalında nəşr olunmuşdur.”1 Bu sətirlərin müəllifi Əmin Abiddir.
Bu fikir Ə.Yəsəvinin Azərbaycanda ilk tanıdılması kimi başa düşülməlidir. Həsənoğludan başlamış ta XX yüziİlikdə yaşamış bir çox Azərbaycan şairi az və ya çox dərəcədə Ə.Yəsəvidən yararlanmışdır. İmperializmin inkişafı, Rusiyanın Qafqazı, Türküstanı işğalı xalqlarımız arasındakı tarixi bağları qırmışdı. Rusiyanın işğalçı yürüşləri nə qədər zərərli olsa da aydın düşüncə sahibləri bundan millətin və xalqın xeyrinə istifadə etməyə çalışdılar. Avropanın inkişaf etmiş texnologiyasını öyrəndilər. Orada ali təhsil aldılar, tarixə, ədəbiyyat tarixinə, folklora Avropa metodları ilə yanaşmağa başladılar. Milli düşüncəli aydınlar yeni metodlarla Türk dünyasını öyrənməyə, xalqda milli şüur oyatmağa çalışdılar. Belə araşdırıcılardan biri də Əmin Abiddir.
Ə.Abid 1928-ci ildə Bakıda çapa hazırlanan “Bayatılar” kitabına ön söz yazmaq haqqında tapşırıq alır. İşə yüksək milli şüurla yanaşan Ə.Abid yalnız Azərbaycandan toplanmış bayatılar haqqında fikir söyləməklə kifayətlənmir, Turfan, Altay, Özbək, Mişər, Kazan, Krım, Qaqauz, Anadolu, İran və Dağıstan türkləri arasında geniş yayılmış 4 misralı 7 hecalı şer şəklini müqaisəli təhlil edir və janrın tarixini də dərindən araşdırır. Belə bir ağır və şərəfli işə girişən araşdırıcı heç cür Əhməd Yəsəvinin yazdığı 7 hecalı dördlüklərdən yan keçə bilməzdi.
“Maarif işçisi” dərgisində Əhməd Yəsəvidən bəhs edən, Azərbaycan mətbuatında ilk dəfə onun şerlərini çap etdirən Əmin Abid “Heca vəzninin tarixi” əsərində yazır: “Təkiyəçiliyin ümumi xarakteri göz önünə gətiriləcək olursa, heca vəzninin onlarca məqbul görünməsinin mənası qolaylıqla anlaşılır. Qayəsi daha böyük bir əksəriyyətə - məfkurəvi təlqinlərə təsir yapmaq olan təkiyyə təşkilatı xalq ruhunu nəzərə almaq və xalq ədəbiyyatı elementlərini qullanmaq məcburiyyətində idi. Bunun üçün təkiyyə şeri milli xalq şeri olan heca ilə yaradılırdı.”3
Bəs bu dini ideoloji ədəbiyyatın əsasını qoyanlar kimlər olmuşdur? İslam dini İspaniyadan Yapon imperatorluğuna qədər yayıldığı Avroasiya məkanında geniş bir ərazini kapsadığı bir vaxtda “təkiyə şerini - milli xalq şerini yaradan kimdir?”- sualına Ə.Abidin araşdırmasında aydın cavab verilir. O yazır: “Heca vəznini ilk müdafii olaraq Yəsəvi təkiyəsində buluruz. Yəsəvilik təriqəti üzrə doğan ədəbiyyatın məşhuru miladi 12-ci əsrdə yaşamış şair, həkim Ə.Yəsəvinin “Divani hikmət” adında toplanan əsərləridir. Əhməd Yəsəvi hecayi qullanmaqla bərabər ona daha əski zaman məhsullarındakı vəziyyətdən ayıran mütəkamil bir şəkil verməmişdir. Onun əsərlərində də heca itiradlı misrai ahəngdən məhrum bulunaraq ibtidai texnikayı mühafizə etməkdədir.”4
Yəsəvi “Divan”ını diqqətlə nəzərdən keçirən və onu öncəki qaynaqlarla qarşılaşdırmalı şəkildə araşdıran Ə.Abid “Divan”da və başqa qaynaqlarda rastlaşdığı 12 hecalı şer şəklinin də mayasında yeddiliklərin duraqı (bölgüsü) durduğunu söyləyir. Fikirlərinə aydınlıq gətirmək üçün Ə.Yəsəvidən bir yeddilik, bir on ikilik şer nümunə göstərir. Yeddi hecalıya nümunə kimi Ə.Yəsəvinin məşhur “Aşiqlər” rədifli şerini verir. Şer:
On səkkiz min aləmdə
Heyran bolğan aşıqlar,
Tapmaq məşuq surağın
Sərsan bolğan aşiqlər.
bəndi ilə başlayır və
Əhməd sihnəm aşıq bol,
Sidqini birlə sadıq bol,
Dərgahına layıq bol,
Canan bolqan aşiqlər.
bəndi ilə tamamlayır.
On iki hecalı:
Xızır babam saldı məni o şubu yolğa,
Ondan sonra dərya bulub taşdım dostlar.
beytilə başlayan şerini də bütünlüklə məqaləsində verib.5
Əmin Abidə görə “Kitabi-Dədə Qorqud”da, “Kutadgu bilig”də, “Divani-lüğət-it Türk”də rastlanılan, Əhməd Yəsəvinin “Divani hikmət”ində geniş işlədilən on iki hecalı şer növü miladi 13 yüzildə Əli tərəfindən qələmə alınmış “Yusif və Züleyxa” dan sonra öz yerini on bir hecalı qoşmaya verməyə başlamışdır. On iki hecalı şer tamamilə sıradan çıxmasa da, on birlik qoşma qədər fəal olmamışdır.
Əhməd Yəsəvi yaradıcılığını mövzusu ilə bağlı araşdırmaya cəlb edən Ə.Abid yazır: “Əhməd Yəsəvi zamanında Orta Asiya Türkləri heca vəznilə bir çox xalq mənzumələrinə malik olmuşdur. Hələ bu xalq mənzumələri içində yeddi hecai çox modda olmuş olacaq ki, mühitin ədəbi təsiri altında Əhməd Yəsəvi də yeddili vəznə çox əhəmiyyət vermişdi.”6
Ə.Abid yalnız tarixdən yazanda deyil, müasirləri ilə ədəbi mübahisələrdə də Əhməd Yəsəvi yaradıcılığına söykənmişdir. Məs: Əli Nazim Moskvada nəşr olunan “Peçat i revolyutsiya” jurnalının 1929-cu il iyul sayında “Azərbaycan ədəbiyyatı” adlı bir məqalə çap etdirmişdi. Ə.Abidə görə Ə.Nazimin “İnqşilab və mədəniyyət” (Azərbaycan), “Dan yıldızı” (Gürcüstan), “Türk Yurdu” (Türkiyə) dərgilərində çap etdirdiyi məqalələrinin ruscaya tərcüməsi olan bu əsərdə çoxlu yanlışlıqlar var.
Biz iki araşdırıcı arasındakı elmi mübahisəyə aydınlıq gətirməkdən uzağıq.7 Yalnız mövzumuzla bağlı bir məsələyə toxunacağıq.
Ə.Nazimin Azərbaycan ədəbiyyatı tarixinin 13-cü yüzildə yaşamış Həsənoğlu ilə başlanması fikrinə etiraz edən Ə.Abid yazır: “Azərbaycan ədəbiyyatı Nazimin təkrar etdiyi kimi nə Həsənoğlu kimi sufi bir şeyxlə, nə də Şah İsmayıl Xətai kimi bir dərəbəyi ilə başlamaz. Bizim ədəbiyyatımız Azərbaycan torpaqlarına köçməyə başlayan əşirətlərin, buralarda kəndlər təsis etmələri və kənd təsərrüfatının təməlini qurmaları sayəsində inkişafa başlamışdır ki, bu da hicri tarixinin əvvəllərinə qədər enir. …Həsənoğludan daha əvvəl Veys oğlu Əhməd, ondan da əvvəl Şəms Təbrizi (Araşdırıcı yanılır, Şəms TəbriziYəsəvidən sonra yaşayıb - Ə.Ş.) var ki, bu surətlə Türkcə əsərləri məlum olan ilk sxolastik şailərimiz hicri altıncı əsrə qədər enmiş olur.”8 (Ə.Abid Azərbaycanın yazılı ədəbiyyatını nəzərdə tutur. Ümumilikdə isə ədəbiyyat tarixini “Kitabi-Dədə Qorqud”la başlayır - Ə.Ş.)
Ə.Abidin yaradıcılığı, onun ədəbiyyat tariximizə baxışları ilə yaxından tanış olmayan oxucu araşdırıcının Veys oğlu Əhmədi Azərbaycan ədəbiyyatı tarixinə daxil etməsində bir yanlışlıq görər və onu türk xalqları arasında ziddiyyət yaratmaqda təqsirləndirər. Onun yaradıcılığı ilə yaxından tanışlıq isə Ə.Abidin coşqun bir millətsevər, türk xalqlarının birliyinə çalışan və bu yolda canından keçən bir şəxs olduğunu görər. O, hələ İstanbul Universitetində tələbə ikən Bakıya göndərdiyi məktubunda yazırdı: “Azəri türkcəsinin… on dördüncü əsrin ortalarına qədər doğurduğu məhsulatın fonetik etibarilə Səlcuq türkcəsinin məhsulu aid etsək yanlış bir hərəkət olmaz.”9
Miladi 14-cü yüzilin ortalarına qədər türk xalqlarının ədəbiyyatının ortaq olduğu qənaətində olan araşdırıcının fikrincə, sonrakı yüzillərdə bu ayrılma sürətlə, yəni bir-birini anlamayacaq dərəcədə olmamış, əksinə, həmişə bir-birindən bəhrələşmilər. Fikirlərini isbatlamaq üçün Ə.Abid on beşinci əsrə doğru cığatay ədəbiyyatının gücləndiyini, Əlişir Nəvai kimi dahilər yetişdiyini və Azərbaycanda neçə-neçə şairin, lüğət müəllifinin cığataycadan bəhrələndiyini yazır. Onun araşdırmalarına görə bu ötəri bir təsir olmamış 17-18-ci yüzilədək davam etmişdir. XIX yüzillikdə isə M.F.Axundov yaradıcılığından istər tatarların, istər qazaxların, istərsə də özbəklərin bəhrələnməsini təbii və qanunauyğun sayır.
Türk xalqlarının ədbiyyat tarixini, mədəniyyətini dərindən öyrənən, onun ortaq cəhətlərini ortaya qoyan Əmin Abidi bu gün türk dünyası lazımınca tanımır. Bunun da əsas günahkarı Sovet irticasıdır.
1898-ci ildə Bakı şəhərində kasıb bir ailədə doğulan Əmin Abid (Zeynalabdin Mütəllib oğlu Əhmədov) araşdırıcıların fikrincə sonuncu Bakı xanının nəslindəndir.10 İlk təhsilini anasının uşaqlar və qadınlar üçün evdə açdığı kurslarında almış, sonra təhsilini doğulduğu şəhərdəki rus dilində təhsil verən III Aleksandr litseyində davam etdirmişdir.11
Əmin Abidin böyük qardaşı Əliabbas Müznib çarizmə qarşı döyüşən mübariz, Müsavat Partiyasının əsasını qoyanlardan biri, satirik şair, tərcüməçi, publisist, tanınmış naşiri olmuşudur. Görünür, dünyagörüşünün formalaşmasına ailə tərbiyəsinin rolu böyük olduğundan sonralar təkidlə İstanbuda ali təhsil almaq istədiyini bildirmiş və istəyinə də nail oliuşdur.
Litseydə oxuduğu illərdə Qafqazda çap olunan qəzet və jurnallarda Abid, Abid Mütəllibzadə, Abid Mütəllib oğlu, Qoqurab bəy və s. imzalarla Türkcə çap etdirdiyi şer, hekayə, tərcümə və publisistik məqalələrdə coşğun bir millətsevərlik və vətənsevərlik ruhu hakimdir. Satirik şerlərində öz dilinə xor baxanlar, gününü sərxoşluqla keçirənlər tənqid edilirdisə, ictimai siyasi şerlərində Türk gənclərini mübariz olmağa, birləşməyə çağırırdı. “Türkün səmasından qanlar damdığından”, “öksüz Vətəndə bayquş yuvası artdığından” narahat olan 15-16 yaşlı şair “canlı addımlar at, ey Türk oğlu” deyərək hayqırır.
Bağlar xarab oldu bahar çağında,
Çiçək görünməyir Türkün bağında.
Obasında, çölündə, yaylağında
Məzarlığa bənzər Turan elləri.12
deyən şair Turan ellərini xarabalığa döndərən imperiyaları da göstərərək yazır:
Bu gün Qərbin göklərində Türkə aqrşı
Kəsafətli buludlar da qabarıyor.13
Yetişməkdə olan nəsli qorxmaz, mübariz olmağa səsləyən, millət və vətən yolunda başdan belə keçməyin şərəf olduğunu söyləyən gənc şair “Türkün dərdi” şerini aşağıdakı misralarla bitirir:
Fəqət, ey arslan yürəkli bəgim!
Ey yigit, qəhərman, rəşid Türküm!
Əldə Türklük nişanı al bayrağı
Bu çəkişmə cəhanına çıkarak
Yaşasın tacidar millət!
Yaşasın şəhriyar millət!14
Ə.Abid siyasi cəhətdən ən coşğun, döyüşkən şerlərini 1920-1926-cı ildə yazaraq Gültekin imzası ilə çap etdirmişdir15. Əhməd Cəfəroğlu bu şerlər haqqında yazır: “Gültekin bəgin şerlərinin qüvvət və gücü, deyə bilərəm ki, siyasi mətbuatımızdan daha çox rəğbət görə bilmişdi. Ən yaxşı bəzi şerləri bəstələnib İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir.”16
Rusiyanın Sovetlər Birliyi adı altında yenidən Qafqazı, Türküstanı müstəmləkə boyunduruğu altında saxlamaq cəhdinə qarşı çıxaraq gürcüləri (“Gürcü qardaş”)17, Qafqaz xalqlarını (“Kafkas türküsü”)18, dünyanın mütərəqqi insanlarını düşmənə qarşı birləşməyə çağırır. Onun “Buzlu Cəhənnəm”, “Bayrağım və İstiqlalım”, “Azərbaycan istiqlalı”, “Annemə”, “Canavar”, “Çeka”, “Bolşevik”, “Moskova” və b. şerləri Sovet ideologiyasını ifşa edən, ona qarşı sərt təpki göstərən bir insanın ürək qanyıla yazdığı misralar idi.19
Ə.Abid İstanbuldan Bakıya döndükdən sonra burada Gültəkin imzası ilə yazdığı şerlərdə olduğu kimi açıq döyüşkən mövqedə dayanmadı. Tamam başqa bir yol seçdi. Ədəbiyyatımızın tarixini araşdırmağa başladı. Sovet xüsusi xidmət orqanları (KQB) onun elmi məqalələridəki türklük ruhunu görür, bundan qorxuya düşürdü. Ona elmi dəlillərlə cavab verə bilmədiklərindən təqib edir, işdən çıxarır, mərkəzdən -ədəbi-siyasi mühitdən uzaqlaşdırırdılar.
Bütün təzyiq və təqiblərə baxmayaraq Ə.Abid əqidəsindən dönmür, Orxan-Turfan abidələrini, “Kutadgu bilig”i, “Qivani-lüğət it türk”ü, “Divani hikmət”i və s. təbliğ edirdi. Onun öhdəsindən gələ bilməyəcəklərini görən Sovet ideoloqları ölümünə fitva verdilər. 1938-ci il oktyabrın 21-də saat 21.00-da DTK (KQB) zindanında 40 yaşı tamam olmamış istedadlı bir alimi, coşğun vətənpərvəri güllələdilər.20
Əmin Abid güllələnsə də, ömrünü həsr etdiyi ideya yaşadı. Türk xalqlarının nümayəndələrinin tez-tez bir araya gəlməsi, mədəniyyətlərini, ədəbiyyatlarını, tarixlərini öyrəməsi Əmin Abid və onun kimi millətsevərlərin ideyalarının ölməzliyinə gözəl nümunədir.
Kaynakça
Ə.Abid. Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyəti. (5000 bayatı-mani üzərində yazılmış bir tətəbönamədir) “Azərbaycanı öyrənmə yolu” dərgisi, 1930, sayı 4-5, s.17.
Ə.Abid. heca vəzninin tarix. “Maarif işçisi” dərgisi, 1927, sayı 3,4, 6-7.
A.g.ə. sayı 6-7, s.48.
A.g.ə. s. 49.
A.g.ə. sayı 3-4, s.49.
1-ci qaynaq, s. 18.
Bu mövzuya N.Babayev “Ədəbi mübahisələr” (Bakı-1988) kitabında mübahisəli də olsa, geniş yer ayırıb.
Ə.Abid. Zərərli tənqidlər. “İnqilab və mədəniyyət” dərgisi, 1929, sayı 10, s.31.
Ə.Abid. Azərbaycan ədəbiyyatında türkcənin təkamülü. “Maarif və mədəniyyət” dərgisi, 1926, sayı 2-3, s.20.
İ.Ağayev. Əliabbas Müznib. “Elm” nəşriyyatı, Bakı, 2000, s.5.
Azərbaycan EA Əlyazmalar İnstitutunun arxivi. Ə.A.Əhmədovun şəxsi işi.
Gültekin - Əmin Abid. Buzlu Cehennem. “Günəş” nəşriyyatı, Bakı, 1999. s.90.
A.g.ə. s.92.
A.g.ə. s.74.
A.g.ə. s. 9-19.
Ə.Cəfəroğlu. Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsi izləri. “Azərbaycan yurd bilgisi” dərgisi, 1932, sayı 8-9. (Məqalə həmin il İstanbulda kitabça kimi çap edilmişdir Ə.Ş.).
12-ci qaynaq, s.59.
A.g.ə. s.57.
A.g.ə. s. 22-60.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi. Ə.A.Əhmədovun istintaq işi, N 32796.
Çap olundu: Eli Şamil Hüseyinoğlu. Emin Âbid'in H. Ahmed Yesevî hakkındaki makalesine dair. Aylık Sevgi Dergisi “Yesevi”, 2002, sayı 100,(9 yıl), Nisan, səh. 40
|