ƏLİFBA İSLAHATÇISI, FOLKORÇU, PEDAQOQ, DÖVLƏT QURUCUSU AHMET BAYTURSUNOV
Əli Şamil Hüseyin oğlu
AMEA Folklor İnstitutu direktorunun
xarici əlaqələr üzrə müşaviri
Özət
Qazaxların Arqun nəslindən olan Ahmet Baytursunov 1872-ci ildə doğulub. 1895-ci ildə Orenburq müəllimlər seminariyasını bitirərdikdən sonra qəzalarda müəllim işləyib. Hökümət əleyhinə təbliğat apardığına görə 1907-ci və 1909-cu ildə həbs edilib. 1911-ci ildə “Masa” (Ağcaqanad) adlı ilk şeirlər kitabını, 1913-cü ildə qazax yırçılardan topladığı “Er Sayin” dastanını nəşr etdirib. 1913-cü ildən “Kazax” qəzetinin redaktoru olub. Qazax-qırğızların “Alaş” milli təşkilatının (bu təşkilat sonralar partiyaya çevrilib), eləcə də 1917-ci ildə keçirilən qazax-qırğız qurultaylarının təşkilatçılarından olan Ahmet Baytursunovu Torğay vilayətindən Rusiya Müəssələr Məclisinə seçib.
Əli xan Bekeyxanovun rəhbərliyi altında qurulan Alaş Orda Hökumətinə Ahmet Baytursunov da daxil olub. 1919-cu ilin aprelində sosialist yönlü bir qrupun tərkibində Moskvaya gedərək Sovet rəhbərləri ilə görüşüb.
1926-ci ildə Bakıda keçirilən I Türkoloji Qurultayda iştirak edib və latın əlifbasının deyil, islah olunmuş əski əlifbanın tərəfdarı kimi çıxış edib. 1929-cu il iyunun 12-də həbs edilib. 1934-cü ildəhəbsdən azad edildikdən sonra Almatı şəhərinə dönüb.
1937-ci ildə onu yenidən həbs edərək güllələnib.
Açar sözlər: Ahmet Baytursunov, qazax, Alaş Orda hökuməti, əlifba islahatçısı, I Bakı Türkoloji Qurultayı.
ALFABE REFORMCUSU, HALKBİLİMCİ, PEDAGOG, MEMUR AHMET BAYTURSUNOV
Ali Şamil Hüseyinoğlu
Azerbaycan Milli Bikimler Akademisi Folklor Enstitüsü başkanının Uluslararası İlişkiler Danışmanı
Özet
Kazakların Argun neslinden olan Ahmet Baytursunov 1872 senesinde doğar. 1895 yılında Orenburg öğretmenler okulunu bitirdikten sonra çalışmak için bölgelere gider. Hükumet aleyhinde propoganda yaptığı için 1907 ve 1909 yıllarında hapsedilir. 1911 yıllnda “Masa” (Sivrisinek) adlı ilk şiirler kitabını, 1913 yılında kazak yırçılardan topladığı “Er Sayin” destanını yayımlatmış. 1913 senesinde "Kazak" gazetesine editörlük yapmaya başlar. Kazak Kırgızların “Alaş” milli teşkilatının (bu teşkilat sonralar parti olur), hem de 1917 yılında düzenlenmiş Kazak-Kırgız kongresinin organizatörlerinden biri Ahmet Baytursunov Torğay vilayetinden Rusya Müessisler Meclisine seçilir.
Ali han Bekeyhanov'un rehberliyi altında kurulan Alaş Orda Hükumetine Ahmet Baytursunov da dahil olur. 1919 yılı Nisan ayında sosyalist yönümlü bir grup ile Moskova'ya gelerek Sovyet rehberliği ile görüşür.
1926 yılında Bakı'da düzenlenmiş I Türkoloji Kongreye katılır ve Latin alfabesinin değil, reform olmuş eski alfabenin taraftarı gibi sunum yapar. 1929 senesi Haziran'ın 12'de tutuklanır. 1934 yılında hapisten çıkar ve Almatı şehrine döner.
1937 senesinde yeniden tutuklanır ve kurşuna dizilir.
Anahtar kelimeler: Ahmet Baytursunov, Kazak, Alaş Orda hükumeti, alfabe reformcusu, I Bakı
Türkoloji Kongresi.
AHMET BAYTURSUNOV, THE ALPHABET REFORMER, FOLKLORIST, PEDAGOG, EMPLOYEE
Ali Shamil
The Counselor of International Relationship of Folklore Institute
Ahmet Baytursunov who is the member Argun was born in 1872. He begun work as a teacher after finishing The Teacher Seminary of Orenburg at 1895. He was arrested because of propagating against the government in 1907 and 1909. Was published his first poem book by the name Masa at 1911, and the book of "Er Sayin" saga, collected from the kcazakh yirchis (singer of traditional music). He was an editor of newspaper of "Kcazakh" at 1913.
Ahmet Baytursunov who was the member of organization of "Alash" and was one of the organizers of Kcazakh-Kcirgiz congresses, was selected to the Assembly of Russia at 1917.
Ahmet Baytursunov was accepted to the administration of Alash Orda which was established by Ali khan Bekeykhanov. He had meet the Soviet leaders at Moscow on 1919.
He took part at the 1st Turkologic congrees which was organized at Baku on 1926. Ahmet Baytursunov protested to use the Latin alphabet, he was a supporter of reformed Old Arabic alphabet. Was arrested on 12 July of 1929. He turned back to Almaty city after imprisonment on 1934.
He was execute by shooting on 1937.
Key words: Ahmet Baytursunov, kcazakh, Alash Orda admnistration, alphabet reformet, 1st Turkological Congress
Giriş
Müstəmləkəçilər işğal etdikləri bölgələrin maddi və mənəvi sərvətlərini daha çox və daha tez mənimsəmək üçün yerli əhalinin öndəgedənlərindən istifadə edirlər. İşğalçılara açıq və sərt müqavimət göstərənləri öldür, həbsxanalara atır, sürgünlərə göndərir, tabe olanların, yeni ağalarına sədaqətlə qulluq edəcəklərini nümaiş etdirənlərin, mülayim davrananların, baş əyənlərin nəinki özlərinə, hətta övladlarına və yaxın qohumlarına da müəyyən imtiyazlar verirlər.
Rusiya da müstəmləkəçilərin klassik metodundan yararlanaraq öncə işğal etdiyi bölgələrin öndərlərinin övladlarının bir qismini özünün ciddi nəzarəti altında olan təhsil ocaqlarında oxudur, sarayda və hərbi hissələrdə müəyyən qulluqlarda işlədərək təlim verir, sədaqətinə inandıqdan sonra döğulub boya-başa çatdığı bölgəyə idarəetmə və nəzarət sahəsində işləməyə göndərirdi.
19-cu yüzildə sənayenin sürətlə inkişafı ixtisaslı mütəxəssislərə, müxtəlif peşə sahiblərinə, ali və orta ixtisaslı insanlara təlabatı artırırdı. Tələbatı kənardan gətirilən kadrlarla ödəmək mümkün olmurdu. Buna görə də çar Rusiyası həm kadra olan təlabatını ödəmək, həm də bölgə əhalisini xristianlaşdırmaq, ruslaşdırmaq üçün ibtidai və orta təhsil verən məktəblər açır, oradan seçilənləri isə ali məktəblərdə oxudurdu.
İşğal edilmiş bölgələrdə işləməyə göndərilmiş məmurların övladlarının təhsil alması üçün açılan ibtidai və orta məktəblərdə yerli seçkinlərin uşaqlarının oxumasına da icazə verilirdi. Hökümət vəsaiti hesabına açılmış bu məktəblərdə yerli xalqların dillərinin, adət-ənənəsinin öyrənilməsinə də çəhd göstərilirdi. Lakin həmin məktəblər sürətlə artan təlabatı ödəmirdi. Buna görə də yerli təşkilatların büdcələri, xeyriyyə təşkiltlarının maliyə dəstəyi və valideyinlərin vəsaiti hesabına da məktəblərin və təlim kurslarının açılmasına icazə verilirdi. Bu məktəblərdə tədris proqramından tutmuş, təlim-tərbiyəyədək hamısı hökumət məmurlarının nəzarəti altında olurdu.
Milli ziyalıların açdıqları təhsil müəssisələrinin əksəriyyətində proqram Rusiyanın hökumət məktəblərinin proqramı əsasında tərtib olunurdu. Rus şovinizmi ölkədə əsarət altındakı xalqlar üçün də hakim ideologiyaya çevrilmişdi. Proqram materiallarında, dərs deyən müəllimlərin söhbətlərində imperiya təriflənir, tərənnüm edilir, əsarət altında qalan xalqlar isə geridəqalmış kimi təqdim edilirdi. Müəllimlərin, şagird və tələbə yoldaşlarının davranışları müstəmləkə altında olan xalqların ayıq övladlarına da təsir edirdi. Onlar da öz xalqlarını azad görmək və demokratik bir cəmiyyətdə yaşamaq üçün yollar axtarırdılar.
Buna görə də dünyanın inkişaf etmiş ölkələrinin tarixini, mədəniyyətini öyrənir, onların təcrübəsindən yararlanmağa çalışırdılar. Müstəmləkə altında olan xalqlarının öndərlərinin mübarizə formaları və metodları bir birindən fərqlənirdi. Buna görə də mübarizədə fikir birliyinə nail ola bilmir, bəzən də güclərini biri-birini sıradan çıxarmağa sərf edirdilər.
Bütün ziddiyyətlərə, qarşıdurmalara, xəyanətlərə baxmayaraq xalq dar gündə ümidini oxumuşlara, ziyalılara bağlayırdı. Qazaxların məşhur nəsillərindən olan Ahmet Baytursunov mustəmləkəçilərin nəzarəti altında olan təhsil ocaqlarında tərbiyə alsa da, ömrünü xalqının xoşbəxt gələcəyi üçün mübarizəyə həsr etmişdir.
1. Ahmet Baytursunovun nəsli və ailəsi
Ahmet Baytursunovun doğum tarixi qaynaqlarda fərqli-fərqli göstərilir. Bu da səbəbsiz deyil. Nəinki onun doğulduğu illərdə, hətta ondan 100 il sonralar da yeni doğulan uşaqların çoxuna doğum şəhadətnaməsi yazılmırdı. Yüz illər boyu qazaxlarda doğum və ölüm qeydləri ədətən məscidlərdə aparılırdı. Rusiya məscidlərin apardığı qeydləri rəsmi sənəd saymırdı. Doğum və ölüm haqqında qeydiyyatın dövlət idarələrində aparılması qanuniləşdirilmişdi. Əsarət altında qalan xalqlar da məcburiyyət qarşısında qalmasalar dövlət idarələri ilə əlaqə saxlamaq istəmirdilər. Hökumət məmurları isə obaları, qışlaqları gəzərək yeni doğulan və ölənlərin nizamlı qeydiyyatını aparmırdılar.
Ona görə də araşdırıcılar haqqında söhbət açacaqları insanların döğumu və ölümü haqqında çox vaxt rəsmi sənədlərdən deyil, onların müxtəlif illərdə, oxumağa gedərkən, işə girərkən yazdığı özkeçmişlərindən, həbs edilərkən müstəntiqlərin sorğularına verdiyi cavablardan, xatirələrdən istifadə edirlər. Bu da fərqli rəqəmlərin ortaya çıxmasına səbəb olur.
Ahmet Baytursunovun özkeçmişində də bunu aydın görmək ölur. Onun doğumunu gah 1870-ci il, gah 1872-ci il sentyabrın 5-i, gah 1873-cü il yanvarın 15-i, gah 1875-ci il yazırlar. Qazaxıstanlı araştırıcı, Ahmet Baytursunovun ev muzeyinin direktoru R.S.İmaxanbet onlarla sənədi tutuşduraraq bu qənaətə gəlib ki, Ahmetin doğum tarixi 1872-ci il sentyabrın 5-i olmalıdır (İmaxanbet R.S., 2013:89)
Qazaxlar onun adı və soyadını Ahmet Baytursınulı kimi yazsalar da, Rusya mənbələrinin təsiri ilə Ahmet Baytursunov kimi tanınır. Əslində Baytursun Ahmetin atasının adıdır. Türklərdə ada ata adı, nəsil-tayfa adları əlavə edilirsə, Rusiyada soyadına daha çox önəm verilir. Ruslar rəsmi məclislərdə insanları adətən öz adları ilə deyil, soyadları ilə çağırır. Bu üsul Rusiya əsarəti altında olan türk, müsəlman xalqlarına da tətbiq edildiyinə görə minlərlə qazax, qırğız, başqırd və b. xalqların övladlarının sənədlərində ata adları soyadı kimi yazılıb. Beləcə Ahmet Baytursun oğlu da Ahmet Baytursunova çevrilib.
Ahmet Baytursunov qazaxların Orta juzun (cuz) Arqun tayfasının Şoşak nəslindəndir. Bu nəsil ulu babaları, xalq batırı (pəhlivan, cəngavər –Ə.Ş.) Umbetayla həmişə qürür duymuşdur. Yaşadıqları bölgə də nəslin adı ilə Şoşak bölgəsi adlandırılmışdır. Bu nəsildən olan bir çox nüfuzlu, ötkəm insanların adları tarixə düşmüşdür.
Ahmetin anadan olduğu illərdə Rusiya Qazaxıstanı tamamilə işğal etmiş, Sırım Batur, Colaman Tileniş, İsatay Tayman, Kensarı Kasımoğlu üsyanlarını qəddarlıqla yatırmışdır. Necə deyərlər, Rusiya çarı I Pyotr Çin və Hindistanla ticarət əlaqələri qurmaq, karvan yollarını nəzarət altında saxlamaq üçün varislərinə: “Orda (indiki Qazaxıstan-Ə.Ş.) bütün Asiya ölkələrinə girmənin açarı və qapısıdır. Bütün Asiyaya oradan gedə biləcəyiniz üçün Ordanın Rusiyaya tabe olması lazımdır” vəsiyyətini etmişdir. Varisləri də onun vəsiyyətlərini 150 illik qanlı savaşlardan sonra yerinə yetirə bilmişlər (Özdemir E., 2007:11).
Rusiya işğal etdiyi bölgələrdə savaşları durdursa da, soyuq savaş davam edirdi. İşğalçılar Qazax torpaqlarında qalalar tikir, yaylaq-qışla həyatı yaşayan qazax ellərinin köclərinə nəzarətdə saxlamağa çalışır, karvan yollarından xərac toplayır, bölgədə möhkəmlənmək üçün qazaxların əkinəyararlı torpaqlarını əllərindən alıb oraya Rusiyadan köçürüb gətirdiyi kəndiləri yerləşdirir, ənənəvi idarəetmə sistemini dağıdaraq özününkünü tətbiq edir, yeni inzibati-bölgülər yaradırdı. Ənənəvi olaraq qazax sultanlarından bəylər seçirdi. Rusiya 1824-cü ildə sultanların hökumət tərəfindən təyin edilməsi haqqında qanun qəbul etdi. Qazaxlara vətəndaşlıq hüququ verilmədi, onlar gəlmə statusunda saxlandı.
Ahmet Baytursunovun ata-babasının yaşadığı Torğay (bu ad rusdilli qaynaqlarda Turqay kimi yazılır- Ə.Ş.) bölgəsi və Ural bölgəsi Orenburq valiliyinə, Akmola və Semey bölgələri Batı Sibir valiliyin tabe edilmişdi. Çar II Nikolayın 1891-ci il mayın 25-də verdiyi fərmanla dörd bölgə əsasında Omsk mərkəz olmaqla Stepnoy (yəni Çöl) quberniyası yaradılmışdır. Torğay vilayəti də bu quberniyanın ərazisinə daxil edilmişdir (Stepnoe qeneral-qubernatorstvo, ).
Ahmet Baytursunov Torğay vilayətindəki Jilançık çayının Akkol gölünə töküldüyü yerdəki Sarıtubek aulunda doğulmuş (http://ksu.edu.kz/about/ego_imya_nosit_universitet/), orada oxuma-yazma bilən insanların, sonra da Buxara mədrəsəsindən gəlmiş bir mollanın yanında ibtidai təhsil almışdır(Cumabayev M., 1996:3). “20. yüzyilin baslarında Kazakistan’da fikir hareketleri”, mövzusunda doktora tezi yazan türkiyəli araşdırıcı Emin Özdemirin fikrincə, Ahmet Baytursunov mollaxananı bəyənmədiyinə görə atası onu iki sinifli Rus-qazax məktəbinə oxumağa göndərmişdir (Özdemir E., 2007:11).
2. Şoşakların məmurlarla toqquşması və həbslər
Şoşak nəsli ata-baba yurdları Torğay və Jinqildi çaylarının birləşdiyi yerdəki qışlaqda olarkən qəza rəisi, polkovnik Yakovlev kazak dəstəsilə buraya gəlir. Qəza rəisi yaylaq-qışlaq həyatı sürən qazax ellərindən vergi toplamaqla yanaşı, nizam-intizama da nəzarət edirdi. Bölgədə yaşayan qazaxlar sürülərini yaylağa və qışlağa apararkən qəza rəisindən içazə almalı idilər.
Polkovnik Yakovlevin 1885-ci il oktyabrın 12-də (bəzi qaynaqlarda oktyabrın 20-də. – Ə.Ş.) Şoşak nəslindən vergi toplaması qalmaqalsız keçmir. Qəza rəisin gözü qarşısında kazaklar qışlaqdakı qocalara, qadınlara, uşaqlara rəhm etmədən onları döyür, təhqir edir, özlərini soyğunçu kimi aparırlar. Şoşaklar məmurlara müqavimət göstərir. Ciddi qarşıdurma yaranır. Ahmetin atası Baytursun polkovnik Yakovlevi atdan yerə salır. Toqquşmada iştirak edən şoşakların çoxu yaralanır, bir nəfər ölür. Müqavimətlə rastlaşmış, döyülmüş kazaklar başı yarılan və huşunu itirən rəisləri Yakovlevi də alıb qaçırlar(http://bankreferatov.kz/people/133-2009-01-13-15-58-37.html).
Az sonra İrqız və Torğaydan qışlağa böyük cəza dəstələri göndərilir. Cəza dəstələti üsyançı adlandırdıqları qazaxlara divan tutur, qışlaqdakıların hamısını aparıb Torğay hərbi dairəsinin qaupvaxtına salır, mal-mülkləri də müsadirə edirlər. Bir il sonra Kazan Hərbi Dairəsinin Məhkəməsi şoşakları mühakimə edir. Rus dilini bilməyən qazaxların dediklərini tərcüməçilər olduğu kimi hakimə çatdırmır, əksinə, ifadələri Yakovlev və onun kazak dəstəsinin xeyrinə, təhrif edilmiş şəkildə çevirirlər. Hakim bunu başa düşsə də bilərəkdən üstünü vurmur.
Kazan Hərbi Dairəsinin Məhkəməsi Ahmetin atası Baytursunu, əmiləri Aktası, Sabalakı və b. hökumətə qarşı çıxmaqda suçlayır. Baytursunua 15 il həbs cəzası kəsərək Sibirin dərinliklərindəki İtjekkenə, katorqaya yollayır. Qışlaqdakı kişilərin çoxu da müxtəlif müddətli həbs cəzasına məhkum edilir. Ahmetin əmisi Erqazıya da dörd il həbs cəzası verilir.
Uşaqlıqda şahidi olduğu bu hadisəni Ahmet Baytursunov 1909-cu ildə Semey həbsxanasında olarkən yazdığı “Anama məktub” şeirində geniş və duyğusal təsvir etmişdir (Aytbayev Ö., 2013:12). Erqazı həbsdən döndükdən sonra qardaşı uşaqlarını da himayəsinə götürür. O, Rus dilini bilmədiklərinə görə məhkəmədə və hökumət idarələrində çox əziyyət çəkdiklərin görür. Gələcəkdə belə hallarla rastlaşanda onlara kömək edə biləcək birisinin olmasını istəyir. Buna görə də qardaşı Aktasın oğlu Aspandiyarı rusca oxutmağı qərara alır. Ahmet də əmisinə rus dilində təhsil almaq istədiyini bildirir.
Anası Künşinin razılığı ilə əmisi Ahmeti 1886-cı ildə də Torğay qəsəbəsindəki ikisinifli rus-tuzem (Qafqazda rus-tatar məktəbi adlandırılan bu tip məktəblər Türküstanda və Sibirdə rus-tuzem məktəbi adlanırdı. Bu məktəblər əsasən kiçik məmur, tərçuməçi hazırlamaq üçün nəzərdə tutulsa da, oranı bitirənlər çoxu sonralar xalqının öndərinə çevrilmişlər. – Ə.Ş.) məktəbinə oxumağa göndərir (http://bankreferatov.kz/people/133-2009-01-13-15-58-37.html). O, bu məktəbi 1891-ci ildə bitirir (İmaxanbet R.S., 2013:92). Cünki bir sinifli məktəblərdə təhsil müddəti iki il, iki sinifli məktəblərdə isə təhsil müddəti üç il idi.
3. Rusiyanın bölgəni xristianlaşdırma, ruslaşdırma siyasəti və A.Baytursunovun təhsil illəri
Əslində Ahmet Beytursunov və onun kimi yüzlərlə yeniyetmənin mollaxanalardan, mədrəsələrdən uzaqlaşdırılıb, hökumətin, ictimai təşkilatların və Rusiyada təhsil almış ziyalıların açdığı rus-qazax məktəblərinə göndərilməsinin arxasında hökumətin ruslaşdırma siyasəti dururdu. Krım savaşından (1853-1853) sonra Rusiyada millətçilik düsüncəsinin yüksəlməyə başlamasıyla birlikdə panslavyan düşüncəli Rus ziyalıları, Rusiyadaki müsəlman millətlərini ruslaşdırmaq, rus mədəniyyəti içərisində əritmək istəyirdilər. Bunun da yeganə yolunu onların xiristianlaşdırılmaısnda görürdülər.
Çar Rusiyasının müsəlman xalqlarına qarşı apardığı soyuq savaş təhsil sahəsində özünü daha qabarıqlığı ilə göstərirdi. Min ildən çox ənənəsi və tədris metodu olan, şagirdlərə və müəllimlərə böyük sərbəstlik verən mədrəsələrin açılmasını əngəlləyir və durmadan onu tənqid edirdilər. Təbliğata uyan, Avropanın inkişafından gözləri qamaşan yerli ziyalılar da bilməyərək bu təbliğatın fəal iştirakçısına çevrilirdilər. Hansı ki, günümüzdə ABŞ və Avropanın bir sıra təhsil ocaqları mədrəsələrin tədris metodundan bacarıqla istifadə edir və bunu dünyaya bir yenilik kimi tanıdırlar.
Mədrəsələrin açılmasının əngəllənməsi azmış kimi, uşaqlarını orada oxutmaq istəylər valideyinləri bölgə müdirlərindən yazılı içazə almağa məcbur edirdilər. İçazə almayan valideynlər cərimələnirdilər. Hökumət 1874-cü ildə Qazaxıstandakı bütün məktəb və mədrəsələri Rusya Təhsil Nazirliyinin nəzarətinə götürmüşdü. 1876-ci il qanunu ilə qazax məktblərinin yanında rus dilində dərs keçilən siniflərin açılması və mədrəsədə dərs deyən müəllimlərin rus dilində yazıb-oxumağı bacarması, rus hökumət məktəblərinin proqramı ilə tanış olması məcburi idi.
Təhsil Nazirliyi 1877-ci ildən qəza müdirlərinin icazəsi olmadan evlərdə, məscidlərin nəzdində məktəb və mədrəsə açılmasını qadağan etmişdi (Özdemir E., 2007:41-49).
Təsir isə əks təsir doğururdu. Hökumətin yaratdığı əngəllərə baxmayaraq məktəb və mədrəsələrin, eləcə də evlərdəki, məscidlər yanındakı icazəsiz fəaliyyət göstərən kursların sayı durmadan artırdı. 19-cu yüzilin sonlarında bölgədə məktəb və mədrəsələrin sayı 600-ə çatmışdı. Araşdırıcı H.Sebitovun yazdığına görə, 1895-ci ildə Semey əyalətindəki 17 məktəb və mədrəsədə 900 şagird, Akmola əyalətindəki 15 məktəb və mədrəsədə 340 şagird, Sırdərya əyalətindəki 2409 məktəb və 34 mədrəsədə 28.988 şagird, 1897-cu ildə Yedisu əyalətindəki 88 məktəb və mədrəsədə 12 835 şagird, 1911-ci ildə Torğay əyalətindəki 13 məktəb və mədrəsədə 340 şagird təhsil alırdı. Rusiyanın Həştərxandakı qubernatoru İvanovski milli məktəb və mədrəsələrin artımından bərk rahatsız olurdu. O, 1882-ci ildə hökumət dairələrinə yazdığı məktubda məktəb və mədrəsələrin artmasının qarşısını almaq üçün tədbir görmələrini xahiş edirdi. Mədrəsələrdəki təhsil sisteminin sadəliyi, məzunların “Qurani-Kərim”i və tatarca yazılmış kitabları asanca oxumaları və anlamalarında onu bər narahat edirdi.
Qazaxları rəsmi dövlət məktəbləri vasitəsilə ruslaşdırmağın və xristianlaşdırmağın planlaşdırdıqları sürəylə getmədiyini görən hökumət yetgililəri 1872-ci ildə Almatıda missionerlərdən ibarət bir komitə qurdular (Mirzahmetov M, 1993:31). Bu komitənin missionerləri qarşısında iki vəzifə qoyulmuşdu: islam dininin əleyhində təbliğat aparmaq və xristianlığı təbliğ etmək! 1846-cı ildə Kazan şəhərində açılmış İlahiyyat Akademiyanın bitirən yüzlərlə məzun qazax çöllərində, şəhər və qəsəbələrdə, Sibirdə durmadan islam dini əleyhinə təbliğat aparır, xirstianlığı təbliğ edirdilər. 1847-ci ildə təşkil edilmiş Tərcüməcilər Komitəsi xiristianlığ haqqında dini kitabları türk dillərinə tərcümə edib yayırdı. Hökümət, dini qurumlar, ictimai təşkilatlar xiristianlığı qəbil edənlərə köməklik göstərirdilər. Kilsələr bu işdə xüsusi fəallıq göstərirdi. Orenburq və Ural şəhərlərinin Baş piskoposu Daxili İşlər Nazirinə yazırdı: “Torğay əyalətində din dəyişdirmiş 26 qazax ailənin hər birinə ev tikmək və əkinçiliyi inkişaf etdirmələri üçün ildə 200 ruble (pul vahidi-Ə.Ş.) olmaqla 5200 ruble verilməsini rica edirəm.” (Pirmanov A. ve Kapeyeva A, 1997:69-70)
Ahmet Baytursunov sonralar, yəni 1913-cü ildə “Kazak” qəzetinin 12-ci sayındakı “Cer cumusunda din cumusun kıstırmalav” məqaləsində yazırdı ki, 1892-ci ildə Kustanayda aclıq üzündən bir qazax kəndi, 1893-cü ildə 69 qazax dinini dəyişib xristian oldu. Rusiyanın qazaxları oturaq həyata keçirməkdə əsil məqsədi budur: yəni qazaxları xristianlaşdırmaq (Baytursunov A, 1996).
Ahmet maddi sıxıntı içərisində yaşasa da müəllim olmaq fikrinə düşür. 1891-ci ildə Orenburqdakı Müəllimlər Seminariyasında oxumağa gedir. Ailəsi bölgənin sayılıb-seçilən ailələrindən sayılsa da, atası və əmilərinin həbsi, torpaqlarının əllərindən alınması, vergilərin çoxluğu onu təhsil illərində çox çətinliklərlə üzləşdirir.
Rusiya hökümətinin qanunlarına görə, qazaxların yaşadıqları torpaqlar dövlət torpaqları idi. Bu torpaqlar yerli xalqa, yəni qazaxlara müəyyən vergi müqabilində heyvanlarını otarmaq üçün verilirdi. Bölgəyə köçürülmüş rusların isə vəziyyəti tamam fərqli idi. Onlar əsasən əkinəyararlı torpaqlarda yerləşdirilmişdilər. 1905-ci ilədək Stepnoe (Çöl) quberniyasında yaşayan qazaxların məhsuldar torpaqlarından 5.144.115 desyatini, sonrakı illərdə Rusiyadan, Ukraynadan gətitilən 1 milyon 950 min kəndliyə 30.327.940 desyatin torpaq verilmişdir. Bunun nəticəsində də 1880-ci illə müqayisədə 1905-ci ildə qoyun və keçilərin sayı 24 faiz azalmışdı.
Hələ bu azmış kimi hər bir qazax ailəsindən rus idarəsinin xərclərini ödəmək üçün 2,5-3 ruble vergi alınır, bu vergilərə beş ildə bir ruble artırılırdı. Bundan əlavə poçt yolları və məktəblərin saxlanması üçün də vergi ödəməyə məcbur edilirdilər (Özdemir E., 2007:17-18).
Ahmet Baytursunov kimi gənclərinin oxudulması, onlardan hökümət idarələrində istifadə edilməsi Rusiyanın gizli siyasətinin bir parçası idi. Hökumət öncələr qazax çöllərində və Sibirdə yaşayan türkləri soydaşları olan tatarların vasitəsilə istismar etmək istəyirdisə, sonradan bölgədə nüfuzu gücləndikcə onları sıxışdırmağa başladı. Quberniyalara mərkəzdən təlimat göndərimişdi ki, yerli xalqlardan olan yeniyetmə və gənclərin təhsil haqqları ödənilsin, tatarlarınkı isə ödənilməsin. 1882-ci ildə qanun ilə quberniya və qəza mərkəzlərində tatar tərcüməçilər qazaxlarla əvəzlənməyə başladı.
1871-ci ildə milli məktəblərə nəzərət üçün müfəttişlik qurudu. Bu müfəttişliyə Radloff rəhbər təyin edildi. Təşkilata tatar məktəb və mədrəsələrini nəzarətdə saxlamaq, Sibirə, Türküstana gedən tatar müəllimlərinin yerli xalqlar arasında işləməsini, türksoylu uşaqlara dərs deməsin əngəlləmək tapşırıılmışdı. Rusya tatarların qazaxlara yalnız təhsil sahəsində təsirini azaltmaqla kifayətlənmirdi, din, idarəçilik, mətbuat sahəsinə işləmələrinə də bir sıra məhdudiyyətlər qoymuşdu. Rus ziyalılarının və missionerlərin təsiri ilə hökumət 1868-ci ildə Orenburq müftülüyünün səlahiyyətlərini məhdudlaşdırdı, qazaxları müftülüyün idarə aparatından çıxarıldı. 1886-cı ildə verilən qanun isə tatarların Orta Asiyada geniş torpaq sahələri almalarını əngəllədi (Özdemir E., 2007:46-58).
1870-ci ildə martın 27-də Rusiya Təhsil Nazirliyi Qazaxıstanda və Türküstanda təhsilin səviyyəsini artırmaq adı altında missioner Nikolay İvanoviç İlminskinin (1822-1891) də üzv olduğu bir komissya qurur. Penzada doğulan, ortodoks missioneri kimi hazırlanan Nikolay İlminski Kazan İlahiyyat Akademiyasını bitirdikdən sonra 1851-1854-cü illərdə Osmanlı dövlətinin İstanbul, Dəməşq, Misir və b. şəhərlərinə səyahətə göndərilmişdir. Türk, ərəb, fars dillərini dərindən öyrənən, araşdırmalar aparan, missioner 1861-ci ildə “Türk-tatar dilçiliyi kursuna giriş” kitabını yazmışdır. 1863-cü ildə Kazan Universitetinin türk-tatar dilləri kafedrasının professoru seçilmiş, uzun muddət Kazandakı Müəllimlər Seminariyasına rəhbərlik etmişdir. Rusiyanın əsarət altına aldığı türk-müsəlman xalqlarını ruslaşdırmaq, xristianlaşdırmaq siyasətinin nəzəri və əməli prinsiplərini hazırlayanlardan olan biri də Nikolay İlminski idi. Rusiya Təhsil Naziri D.A.Tolstoyun “Vətənimizin sərhədləri daxilində yaşayan xalqların (O, işğal altına alınan xalqları nəzərdə tutur.-Ə.Ş.) təhsili, onların ruslaşdırılmasına və qeyri-şərtsiz rus xalqı ilə qaynayıb qarışmasına xidmət etməlidir” - göstərişinə cavab olaraq Nikolay İlminski yazırdı: “ İslam dini var olduqca, rus hərflərinin ərəb hərflərinə qarşı savası çox çətin olacaqdır.”
Nikolay İlminskinin proqramına görə, Rusiya türk-müsəlman xalqlarının min ildən çox istifadə etdiyi ərəb əlifbasını kril əlifbası ilə əvəzlənməli, hər bir türk ləhcəsi üçün fərqli əlifba hazırlatmalı, bununla da yerli xalqları keçmişlərindən, mədəniyyətlərindən uzaqlaşdırılmalı, bir-birləri ilə əlaqəsini kəsməlidir. Onu bu proqramı çar Rusiyası dövründə tam həyata keçmədisə, Sovetlər çox bacarıqla bunu yerli ziyalıların əli ilə reallaşdırdı.
1870-ci ildə qurulan komissyanın fəaliyyətinin üzdə görünən tərəfi qazax və rus-qazax məktəblərində təhsilin səviyyəsini yüksəltmək idi. Hətta komissiyanın təklifi ilə hökümət 1874-cü ildə rus-qazax məktəblərinin ehtiyacını ödəmək haqqında qanun da vermişdi. Bu qanundan sonra yerli xalqlardan əlavə vergi toplamağa başlanmışdı. Əsdində bu qanun və göstərişlərin hamısının arxasında xalqı əski əfifbadan uzaqlaşdırmaq, öz tarixini, keçmişini untdurmaq dururdu. Bu məktəblərin bir mühümm vəzifəsi də dərslərdə - rus dilinə xüsusu önəm vemək, qazaxları rus dilində danışmağa, rus təfəkkürü ilə düşünməyə alışdırmaq idi. (Özdemir E., 2007:46).
Maarif və mədəniyyət vasitəsi ilə xristianlaşdırmanın getdiyi bir vaxtda Ahmet Baytursunov yaşamış, Rus-qazax məktəbində və Orenburq Müəllimlər Seminariyasında oxumuşdur.
4. Xristian türklərindən, çuvaş Aleksandr Alektorovun Ahmet Baytursunova təsiri
Orenburq Müəllimlər Seminariyasını (1895) bitirən Ahmet Baytursunovun dünyagörüşünün formalaşmasına Aleksandr Alektorov (1861-1919) kimi bacarıqlı pedaqoq və xristian missionerinin güclü təsiri olmuşdur. Omsk, Akmola və Semey qəzalarındakı məktəblərə nəzarət edən, bacarıqlı pedaqoq, milliyətcə çuvaş türklərindən olan Aleksandr Alektorov yalnız Ahmete deyil, onlarla qazax, tatar, başqırd gəncinə güçlü təsir göstərə bilmişdir. Gələcəyin millətsevər, vətənpərvər ictimai-siyasi xadimləri, məşhur pedaqoqları, elm adamları ondan təsirlənmişlər.
Bu da səbəbsiz deyildi. Bölgədə İlminskinin missionerlik fəaliyyəti geniş yayılmışdı. Hökumət də hər vasitə ilə onu və onun tərəfdarlarını dəstəkləyirdi. Aleksandr Alektorov da İlminski ilə tanış olub onun missionerlik fəaliyyətini bəyənmişdi. Lakin onun yolu ilə getməmişdi. Belə ki, o kilsəyə bağlı qalmamışdı. Missionerlik fəaliyyətini təhsil sahəsində davam etdirmişdi. Onun təliminə görə missioner işğal altında olan xalqların dilini, dinini, tarixini, folklorunu, etnoqrafiyasını, həyat tərzini dərindən öyrənməlidir. Bunları bildikdən sonra əsarət altında olan xalqları əritmək üçün tədbirlər görülməlidir.
Ahmet Baytursunov kimi yeniyetmələr, gənclər və ziyalılar da Aleksandr Alektorovun hansı siyasəti yürütdüyünü görmür, onun millətələrinin mədəniyyətini, dilini öyrənməsinə böyük sevgi ilə yanaşır, tapşırıqlarını həvəslə yerinə yetirir, həm də ondan elmi araşdırmaların üsullarını öyrənirdilər. Bu da öz təsirini göstərirdi. Belə ki, Ahmet Baytursunovun gələcəkdə bir folklorçu və dilçi alim, tərcüməçi kimi formalaşmasında Aleksandr Alektorovun təsiri böyük olmuşdur. Qazax alimi A.Aldaşın yazdığına görə, hələ seminariyada təhsil alarkən, yəni 1894-cü ilin avqustunda A.Baytursunov rus təmsil ustası İvan Krılovdan etdiyi tərcüməni “Dala uyaleti qazeti”ndə çap etdirmişdir (Aldaşın A. 2013:68) .
1895-ci ildə seminariyanı bitirən A.Baytursunov Aktöbe qəzasının Batpak nahiyyəsindəki Ahmetgeray Katıbakovun açdığı rus-qazax məktəbində müəllim işləməyə başlayır. Bir müddətdən sonra Ahmet Kustanay vilayətinin Auliekoldakı ikisinifli məktəbə dəyişilir. Həmin illərdə A.Baytursunovun doğulub, boya başa çatdığı Torğay əyalətində 71 rus-qazax məktəbi fəaliyyət göstərirdi, o da müəllim işləməklə yanaşı qələmini bədii yaradıcılıqda da sınamağa çalışırdı. İlk qələm təcrübələrindən olan “Kirqızskaya primetı i poslovitsı” məqaləsi 1895-ci ildə “Turqayskaya qazeta” nın 39-cu sayında çap olunur. (İmaxanbet R.S., 2013:92).
A.Baytursunov Auliekoldakı işlərkən evində qaldığı meşəbəyi Aleksandr İvanovun qızı Aleksandra ilə dostlaşır. 1878-ci ildə Çelyabinskidə doğulan və rus-qazax məktəbində dərs deyən Aleksandra İvanovna ilə Ahmet Baytursunovun dostluğu çılğın bir məhəbbətə çevrilir. Elə bir məhəbbətə ki, onun qarşısını nə missionerlər, nə də kilisə ala bilir. Onlar 1897-ci ildə Troitsk şəhərindəki məsciddə islami qaydada nikahlarını qeyd etdirirlər. Aleksandra İvanovna dəliqanlı sevgilisinin eşqilə adını və ata adını dəyişdirərək Badrisafa Muxammedsadıq qızı edir. Bu cəfakeş qadın ömrünün sonunadək də rus missionerlərinin, Sovet xüsusi xidmət orqanlarını təzyiqləri altında olsa da Ahmet Baytursunovun bütün ağrı və acılarına şərik olur (http://ksu.edu.kz/about/ego_imya_nosit_universitet/) .
1896-cı ildən qazax çöllərini gəzərək etnoqrafik, folkor və dialek materialları toplayan gənc vətənsevər xalqının yaşadığı çoğrafiyanı, millətinin yaşam tərzini öyrənir, uşaqların daha yaxşı təhsil alması, biliklərə tez yiyələnməsi üçün metodlar axtarır. Yeniyetməliyində dombura çalmağa böyük maraq göstərən Ahmet həm də qazaxların cır (jır) adlandırdığı xalq mahnılarını toplayır. Bu axtarışlar onu köhnə tədris üsulu ilə dərs deyən, keçmişi olduğu kimi qoruyub saxlamaq istəyənlərdə ayırır və təhsili Avropa metodlarına uyğunlaşdırmaq istəyən, elmi-texniki yeniliyi tətbiq etməyə çalışan cədidçilərə yaxınlaşdırır. Lakin o cədidçilərlə də məsləkdaş ola bilmir.
5. Çədidçilər və qərbçilər
1905-ci ildə Rusiyada baş verən qarışıqlıqlar çar II Nikolayı Oktyabr Mansifestini imzalama məcbur edir. Bundan sonra qazax ziyalıları da siyasi təşkilatlarını qurmağa başlayırlar. Həmin dövrdəki milli öndərləri dörd qrupa bölmək olar:
1. Ənənəni yaşatmaq istəyən, üsuli-qədim adlandırılan mədrəsənin ətrafında birləşən, ata-babalarının keçmişdəki qəhramanlıqları ilə qürur duyanlar,(bunlar çox vaxt mühafizəkar adlandırılırdı-Ə.Ş.),
2. Sənayesi, iqtisadiyyatı inkişaf etmiş ölkələrin qabaqçıl təcrübəsindən bəhrələnərək milli inkişafa nail olmaq istəyən, üsuli-cədid məktəbləri ətrafında birləşən cədidçilər-yenilikçilər;
3. Rusiyanın və Avropanın güclü təsiri altında olan, milli ənənəyə o qədər də önəm verməyən qərbçilər;
4. İnqilabçı sosialistlərin təsiri altında sosial ədalətə nail olmaq istəyən, beynəlmiləlçiliyə önəm verən sosialistlər.
Üsuli-qədimçilər təşkilatlanıb siyasi partiyalarını qura bilmədikləri üçün siyasi həyatda öncüllər sırasına çıxa bilmədilər. Qazaxıstana sürgün edilmiş inqilabçı sosialistlərin təsiri altında olan qazaxların sayı az olduğundan onlar da müstəqil təşkilatlarını qurub siyasi mübarizədə aparıcı rol oynaya bilmədilər. Buna görə də rus sosialist qruplarının içərisində görünməz oldular.
Siyasi və milli mübarizədə öndərliyi ələ alan iki qüvvə vardı: Cədidşilər və qərbçilər. Bu qüvvələr bir çox məsələlərdə fikir birliyinə gələ bilsələr də, mübarizə metodlarındakı fərqlilik və fikir ayrılığı bəzən qarşıdurmaya da gətirib çıxarırdı.
Qərbçilər Osmanlıya və Buxaraya yön çevirməsinə pis baxır, gənclərin orada oxumalarını əngəlləyir, islam hüququ qəbul etmir, ənənədən tezliklə yaxa qurtarmağı təbliğ edirdilər. Türk xalqlarının birliyini təbliğ edən qazax ziyalılarına gerilikçi kimi baxırdılar. Avropadakı ictimai-siyasi fikirin təsirində olan qazax qərbçiləri ölkənin iqtisadi-mədəni yüksəlişi üçün Rusiya vasitəsilə Qərbə yön çevirməyi, Avropadakı elmi və texnologiyanı gənclərə öyrətməklə xalqın rifahına nail olacaqlarına inanırdılar (Dulatov M, 1991:45).
Qazaxlararın oturaq həyata keçməsi məsələsində də cədidçilərlə qərbçilər arasında fikir ayrılığı vardı. Cədidçilər düşünürdülər ki, oturaq həyata keçilərsə, yeni qurulan kəndlərdə məktəblər açmaq olar, əkinçilik mədəniyyəyi yüksələr, bununla əhalinin gəliri artar, şəhərləşmə sürətlənər. Qərbçilər isə belə hesab edirdilər ki, oturq həyata keçilsə hökumət hər bir qazax ailəsinə 15 desyatin torpaq verəcək, qalan torpaqları dövlət mülkiyyətinə keçirəcək. Qazaxlar oturaq həyata keçdikdə ənənəvi həyat tərzindən uzaqlaşacaqlar. Bundan istifadə edən hökumət məmurları qazaxlar üzərində nəzarəti artıracaq, xristianlaşdırma və ruslaşdırma prosesi surətlənəcək.
Onların bu cür düşünməsi heç də səbəbsiz deyildi. Hökumətin apardığı xristianlaşdırma və ruslaşdırma siyasətinini görməmək mümkün deyildi. Rus ziyalılarının, hökumət məmurlarının əksəriyyəti də bu siyasəti dəstəkləyirdilər. Milliyətcə rus olan deputat Qilinko Dövlət Dumasında çıxışında təklif edirdi ki, qazaxları oturaq həyata keçirdikdən sonra boş qalan torpaqlarda rus kəndliləri yerləşdirilsin. A.Baytursunov məsələyə siyasi və mədəni yöndən baxaraq Rusiyanın qazaxları oturaq həyata keçirmə siyasətinin arxasında həm də ölkənin kənd təsərrüfatı məhsullarına artan təlabatını ödəmək istəyi durduğun yazırdı (Özdemir E., 2007:173).
Cədidçilər Rusiya məhkəmələrini bürümüş rüvətxorluğun kökünün kəsilməyəcəyini, qazaxların rus dilini bilmədiklərinə görə məhkəmələrdə uduzduqlarını əsas gətirərək şəriət məhkəmələrinə keçilməsinin vacibliyini vurğuladıqları halda, qərbçilər bunun əleyhinə çıxaraq qazax adət-ənənəsi əsasında Avropa tipli məhkəmələrin yaradılmasını istəyirdilər.
Qərbçilərlə cədidçilər arasında biri də qazaxçılıq məsələsi idi. Qərbçilər qazaxçılığı qabardır, ona daha çox önəm verir, türk xalqlarının yaxınlaşmasın məsələsin nəinki qeyri-ciddi yanaşır, hətta bir yerdə yaşadıqları türk xalqlarına yuxarıdan aşağı baxırdılar. Bu 1917-ci il hadisələrindən sonra özünü daha qabarıq göstərməyə başladı. Qərbçilər geridəqalmış saydıqları özbək, uyğur, türkmən və b. türksoylu xalqlarla bir çatı altında hökumət qurmağı az qala özlərinə təhqir sayırdılar.
Xalqını xoşbəxt görmək, firavan yaşamasını istəyən qərbçi və cədidçi öndərlər arasında ziddiyyətlər getdikçə o qədər dərinləşdi ki, qərbçilər türkçülük hərəkatına yaxın gəlmədilər və onların siyasi təşkilatları olan İttifaki-Müslüminlə əməkdaşlıq etməməklə yanaşı, 1905-1906-cı illərdə təşkil edilən I, II və III. Rusiya Müsəlmanlar Qurultaylarına qatılmadılar (Özdemir E, 2007:106).
Qərbçilər islam dinində yeniləşməni Rusiya və Avropa mədəniyyətləri nümunəsi əsasında görürdülər. Xüsusən hüquq, qadın azadlığı məsələsi fikir ayrılığını dərinləşdirirdi. Cədidçilər isə yeniləşməni islam dinindən və milli ənənədən uzaqlaşmadan, Rusiya əsarəti altında olan türk xalqları arasında genişlənən cədidçilik hərəkatı ilə gerçəkləşə biləcəyinə inandılar.
Qərbçilər hərəkatının öndərləri Ahmet Baytursunov, Əli xan Bökeyxanov (1870-1937), Mircakıp Dulatovla (1885-1935) və b. cədidçilərin öndərləri isə Muhammetcan Seralin (1872-1925), Bakıtcan Karatayev (1870-1934), Cihanşa Seydalin (1877-1923) və b. idi (Bökeyxan Ə., 1995:21).
.
6. Ədəbi, ictimai-siyasi fəaliyyəti. Həbs edilməsi və sürgün həyatı
1896-1901-ci illərə Aktöbe, Kostanay, Karqaralı qəzalarındakı rus-qazax məktəblərində dərs deyən A.Baytursunov 1902-ci ildə Torğay qəzasının Ombı qəsəbəsinə gəlir və burada müəllimlik fəaliyyətini davam etdirmək, direktor müavini işləməklə yanaşı İvan Krılovun təmsillərini də qazax dilinə tərcümə edir. Karqaralı qəzasında işlərkən ictimai-siyasi fəallığı artır. 1905-ci ildə Rusiyanı bürümüş inqilabi əhval-ruhiyyə onun da siyasi cəhətdən aktivləşməsinə səbəb olur. O dövrdə çoxları hələ də elə bilirdi ki, çar II Nikolay hümanist və ədalətlidir. Onun rüşvətxor, qəddar, xalqı haqsız yerə incidən məmurlardan xəbəri yoxdur. Xəbər tutarsa, günahkarları cəzalandırar. Buna görə də çoximzalı məktublar tərtib edərək çar II Nikolaya təqdim etmək istəyirlər. İmza toplayanlar keşiş Qaponun öndərliyində, 1905-ci il yanvarın 9-da çar sarayına yaxınlaşdıqda mühafizə dəstələrinin odlu silahlardan açdığı atəşlə qarşılaşırlar. Faciə ilə sona çatan dinc yürüş tarixə Qanlı bazar günü kimi daxil olur. Bununla da çar II Nikolaya olan inam sarsılır.
Qazax xalqı arasında çar II Nikolaya və onun idarə aparatının demokratikləşəcəyinə ümüd bəsləyənlər çox idi. Bu inamı qırmaq üçün qazax ziyalıları 1905-ci ilin iyununda Karqaralı şəhərində keçirilən Kuyandı yarmarkasından istifadə etməyi qərara aldılar. A.Baytursunov, Əli xan Bökeyxanov (1870-1937), Mircakıp Dulatov (1885-1935) və başqalarının fəallığı ilə açıq havada bir toplantı keçirilir. Orada hazırlanmış 47 maddəli diləkçədə qazax xalıqının istəkləri ümumiləşdirilir. 14500 imza atılan bu diləkçə qazax və rus dillərində hazırlanaraq çar II Nikolaya, Rusiya Daxili İşlər Nazirliyinə, “Sın Oteçestva” və “Russkiye Vedomosti” kimi mətbuat orqanlarına göndərilir.
Tarixə “Karqaralı petisyası” adı ilə daxil olan bu petisya-diləkçənin hazırlanmasında gələcəyin fəal siyasi xadimləri Ahmet Birimcanov, Bakıtcan Karatayev, Cakıp Akbayev və b. da iştirak etdi. “Karqaralı petisyası” sanki Ahmet Baytursunovun, Əli xan Bökeyxanovun, Mircakıp Dulatovun taleyini bir-birinə bağlayır.
1870-90-cı illərdə Qazaxistanın Sortandı, Karqaralı, Oyıl, Temir, Çernoyarsk, Evliyaata, Kökçetav, Akmola, Tayınsagöl və b. şəhərlərində 50-dən çox kiçik və orta yarmarkalar fəaliyyət göstərirdi. Hər yaz və payız qurulan bu yarmarkalardan kənd təsərrüfatı malları ucuz qiymətə alınınb Rusiyanın və Avropanın iri şəhərlərinə göndərilirdi. Qazaxıstanda ticarətin inkişafı rus taçirlərini, fabrikantlarını zənginləşdirir, müstəmləkə altında yaşayan xalqı isə daha yoxsul hala salırdı (Özdemir E., 2007:28).
Bu yarmarkaları Rusiya hakim dairələri iqtisadi məqsədlə təşkil etsə də, oraya toplaşan qazaxlar da görüşür, dərdləşir, fikir mübasiləsi edir, necə deyərlər, təşkilatlanırdılar. “Karqaralı petisyası” qazaxların Rusiya tərəfindən istismarına qarşı yönəldilmiş siyasi bir hərəkat olsa da, qərbçilərlə və cədidçilər arasında bir rəqabət, mübarizə metodu ayrılığı olduğu da qabarıqlığı ilə özünü göstərdi. Birinci qrup çoxluq təşkil etdiyindən iclası Əli xan Bökeyxanov aparır və qərarlar da onların təsiri altında qəbul edilir. Hətta Rusiya Türklərinin I Qurultayında yaradılan İttifaqı-Müslümin təşkilatı da onları dəstəklədi. İttifaqı-Müslümin Orenburq, Omsk, Semipalatinsk və Semeydə sürətlə təşkilatlanırdı. Onların fəaliyyəti qazax ziyalılarının siyasiləşməsini və etiraz hərəkatını gücləndirirdi.
Lakin Əli xan Bökeyxanov, Ahmet Baytursunov, Mircakıp Dulatov və bir çox qazax öndərləri İttifaqı-Müslümi qəbul etmədilər. Rusya Türklərinin I Qurultayında qazaxları Şahmərdan Koşcuqulov təmsil etmişdir. Siyasi təşkilat olaraq Rusiyadakı bütün müsəlmanları birləşdirmək istəyən İttifaqı-Müslümin mülayim-yumşaq bir sağçı siyasət yeridirdi. Onların proqramında müstəqillik və torpaq tələbi yox idi (Özdemir E., 2007:200).
Bundan az sonra “Qazax çöllərindəki torpaqların mərkəzi quberniyalardan köçürülənlərə verilməsinin dayandırılması, qazax dilinin məhkəmələrdə və dövlət idarələrində işlədilməsinə icazə verilməsi” diləkcəsilə qazax ziyalılarından və tayfa başçılarından təşkil edilmiş bir qrup Peterburqa çar II Nikolayın qəbuluna gedir. Onların istəkləri baş tutmasa da, I Dövlət Dumasına seçkilər qarşısında olduğundan nümayəndə heyəti Kadetlər partiyasının rəhbərliyi ilə görüşür, onlarla əməkdaşlıq etmək haqqında razılığa gəlirlər. Razılaşılır ki, 1905-ci ilin dekabrında qazax-qırğızların bir konfransı keçirilsin (Şamil Ə., 2013:33).
Qazaxların, eləcə də Rusiya əsarətində olan bir çox xalqların öndərlərinin Kadetlər Partiyasına meyil etməsi heç də səbəbsiz deyildi. Həmin illərdə Rusiyada üç siaysi təşkilat daha fəal idi. Bunlardan birincisi-inqilabçı sosialistlər idi ki, onlar rus olmayan millətlərə ikinci dərəcəli kimi baxırdılar və Rusiyanın unitar bir dövlət kimi idarə edilməsini istəyirdilər. İkincisi- bolşevik-menşevik və sasial demokratlar idi ki, onlar nəinki Rusiyanı federal dövlət kimi idarə edilməsini istəyirdilər, əksinə dünya sosialist inqilabından, proletariatın birləşməsindən söz açırdılar. Üçüncülər isə Kadet adlandırılan Konstitusiyalı Demokratlar Partiyası idi. Kadetlər Qərb demokratiyasını müdafiə edir, ruslaşdırma əleyhinə çıxır, azsaylı xalqlara mədəniyyətlərini inkişaf etdirməkdə azad və sərbəst olacaqlarını vəd edir, əsarət altında olan xalqların övladlarını təhsilə ana dilində başlamalarını dəstəkləyirdilər.
1905-ci ildə Uralski şəhərində beş əyalətdən gələn qazax öndərləri Kadet Partiyasının Qazaxıstanda şöbəsini yaratdıqlarını elan etdilər. Elə ilk toplantıdan qazaxlarla ruslar arasında fikir ayrılığı yarandı. Qazaxlar torpaq məsələsini, Rusiyanın mərkəzi quberniyalarından aztorpaqlı kəndlilərin köçürülməsinin dayandırılmasını, Rusiyanın işğalçılıq siyasətinə son qoyulması, ana dilində məktəblər açılması məsələlərini proqrama salınmasını istədilər. Kadet Partiyası isə Uralski Konfransında qazaxların qəbul etdiyi qərarlardan köçün durdurulması və Qazaxıstandakı torpaqların qazaxla məxsus olması fikrini qəbul etmədilər. Bundan narazı qalan qazaxların bir qrupu 1906-ci ilin aprelin 10-da Semey şəhərində bir konfrans keçirdilər. 150 nəfər nümayəndənin iştirak etdiyi konfransda Əli xan Bökeyxanov Xalq Azadlığı Partiyasının yaradılmasından söz açdı və partiyanın proqramı ilə konfrans nümayəndələrini tanış etdi. Lakin bu proqram bəyənilmədiyindən Əli xan Bökeyxanov, Ahmet Baytursunov, Mircakıp Dulatov siyasi fəaliyyətlərini Kadet Partiyasında davam etdirməli oldular (Özdemir E., 2007:197-198). Beləliklə, qazax cədidçilərinin də, qərbçilərinin də böyük bir qismi 1917-ci ilədək Kadet Partiyasının tərkibində siyasi fəaliyyət göstərmişlər.
İctimai-siyasi fəaliyyətini gündən günə genişləndirən A.Baytursunov 1905-1908-ci illərdə Karqaralıdakı rus-qazax məktəbində dərs deyərkən proqramda dəyişiklər aparmaq istəyir. 1907-ci ildə valinin qazaxlar arasında tatarların maarifçilik fəaliyyətinin əngəllənməsi üçün cədidçilərin nəşr etdikləri qəzet və jurnalların bəziləri bağlanmış, senzur nəzarəti hər yerdə gücləndirilmişdir. Bu azmış kimi Step (Çöl) vilayətinin və Türküstan vilayətinin rəsmi hökumət qəzetlərində tatarlar əleyhinə məqalələr çap olunmağa başlamışdı. Bütün bunlar planlı surətdə tatar ziyalılarını gözdən salmağa, onları bölgənin təhsil ocaqlarından, ticarət sahəsindən çıxarmağa hesablanmışdır (Özdemir E., 2007:60).
“Karqaralı petisyası” və Kadet Partıyasının Qurultayından sonra çar jandarması ona və əqidə yoldaşlarına nəzarəti artırır. Əli xan Bökeyxanovun, Yakup Akpayevin və Ahmet Baytursunovun və b. müsəlman qazaxların xristianlaşdırılması əleyhinə təşkilatlanmağa təşəbbüs göstərmələri, qəzetlərə məqalələr yazaraq hökümətin xristianlaşdırma planını tənqid etmələri, xüsusi xidmət orqanlarını bərk narahat edirdi. Birinci və İninci Dövlət Dumalarında qazax nümayəndələr torpaq məsələsində sərt mövqe nümayiş etdirdiklərinə, mərkəzi quberniyalardan rus kəndlilərinin qazax çöllərinə köçürülməsinə kəskin etirazlarını bildirdiklərinə görə onların 3-cü və 4-cü Dövlət Dumasına seçilməsinə içazə verilmədi. Hökumət qazax ziyalılarının öndərlərini həbs etməklə, sürgünə göndərməklə, təqib etməklə, sıxışdırmaqla kifayətlənmir, onlar arasında qarşıdurma yaratmağı, kiçik ziddiyyətləri dərinləşdirməyi də planlayırdı.
Hökümət əleyhinə təbliğat aparmaqda suçlanan A.Baytursunovu 1908-ci ildə həbs edilərək Karqaralı jandarmasına aparırlar. Onun əqidə dostları da eyni illərdə cəzalandırılır. Çar II Nikolay deputatların hökuməti sərt tənqid etməsindən əsəbləşib 1906-cı ildə I Dövlət Dumasının buraxilması haqqında sərəncam imzalayır. Buna etirza edən bir qurup deputat Vıborqda bir bəyanna imzalayırlar. Tarixə Vıborq bəyannaməsi kimi daxil olan bu sənədə imza atanlar sırasında Əli xan Bökeyxanov da olur. Onu bəyannaməyə imza atdığına və hökümət əleyhin çıxışına görə 1908-ci ildə həbs edərək üç ay Semey şəhərində həbsxanada saxlandıqdan sonra Samaraya sürgün edirlər.
1907-ci ildə nəşrə başlayan “Serke” (serkerde, başçı-Ə.Ş.) qəzetinin birinci sayında Mircakıp Dulatov “Gənçlərə” şeirini, ikinci sayındakı “Bizim məqsədimiz” məqaləsini çap etdirir. Məqalədə Rusiyanın Qazaxıstandakı müstəmləkəçilik siyasətini kəskin tənqid edir. İlk saylarından hökumətin siyasətini gözdən salan məqalələri ilə diqqəti çəkən qəzeti senzor komitəsi bağladır. Şairin “Oyan Qazax” şeir az bir zamanda dillər əzbərinə çevrilir. Buna görə də Mircakıp Dulatovu 6 ay həbsxanada yatırtdıqdan sonra Akmollaya sürgünə göndərirlər. Kitabı satışdan və mətbəədən yığışdırılan şair sürgündə keçimini qazax uşaqlarına fərdi dərs deməklə təmin etməli olur (Dulatov M., 1991:9).
A.Baytursunov çar jandarmasının diqqətini yayındırmaq üçün müəyyən müddət siyasi fəaliyyətini ədəbi fəaliyyətlə əvəzləyir. Rusiyanın təmsil ustası İvan Krılovun şeirlərinin tərcüməsi üzərindəki işini davam etdirir və 1909-cu ildə “Kırk masal” adı altında kitab halında çap etdirir.
Qazax ziyalılarının Rusiyaya qarşı silahlı müqavimətin uğur qazanmayacağını görüb xalqı maarifləndirməyə girişmələri onunla nəticələnmişdi ki, 1912-ci ildə Qazaxıstanda cədidçilərin 121 məktəbində 1810 şagird oxuyur. Belə məktəblərin iqtisadi bazasının möhkəmləndirilməsi üçün yeni cəmiyyətlər qurulur.
Bunda rahatsız olan Türküstan valisininin təhsil müfəttişi Yedisu əyalətindəki rus-qazax
məktəblərinin müfəttişinə 1910-cu ildə yazır: “Məktəb və mədrəsələrin xalq üzərində təsiri güclü olduğundan onların üzərində nəzarət gücləndirilsin və hər altı aydan bir yerlərdəki vəziyyət haqqında bizə yazılı raport göndərilsin”.
Ruslaşdırma siyasəti əsasən iki xətt üzrə aparılırdı: 1.Türk xalqları arasındakı mədəni əlaqələri, dil birliyini pozmaq; 2.Türk xalqlarını ruslaşdırmaq.
Nikolay İlminski, Aleksandr Alekterov və N.P.Ostromov kimi missionerlər gizlində raportlar, təlimatlar hazırlayıb hökümət idarələrinə göndərməklə kifayətlənmirdilər. Onlar fikirlərini açıq şəkildə mətbuatda da söyləyirdilər. A.E.Alektorov “Rusiyanın Doğusundakı xiristianlaşdırma vəzifələrimiz haqqında bizim qəzetlər” məqaləsində Türküstan xalqlarını ruslaşdırmaq üçün birinci növbədə onların qızlarını, yəni gələcəyin analarını xristianlaşdırmağın vacib olduğunu vurğulayırdı. Onun fikrincə, uşaqlar ailə içində milli və mənəvi dəyərlərdə tərbiyə olunurlar. Analar xristian olarsa, ruslaşdırmanı daha surətlə və asan həyata keçirmək olar (Özdemir E., 2007:45).
Professor L.N.Smirnov “Yerliləri ruslasdırma və ruslaşdırma siyasətinin məqsədləri” məqaləsində ruslaşdırma siyasətinin təməlində yerliləri xıristianlaşdırmaq durduğunu yazırdı (Özdemir E., 2007:18).
Qəzet və jurnallarda, kitablarda özünə geniş yer tapan bu və buna bənzər yazıları türk ziyalıları da oxuyur, xalqının necə bir təhlükə qarşısında qaldığını görür, onun qarşısını almaq üçün yollar arayırdılar. Yeniyetmə və gənclik illərində müəllimi A.E.Alektorovun təsiri altında olan Ahmet Baytursunov kamillik yaşına çatdıqda dünyagörüşündə xeyli dəyişiklər baş verir. Milli məsələyə daha həssaslıqla yanaşır. Hökumətin qazax-qırğız, qaraqalpaq, türkmən, özbək gənclərinin İdil (Volqa)-Ural bölgəsindəki, eləcə də xarici ölkələrdəki mədrəsələrdə oxumasını əngəlləyən qanunları ilə barışa bilmir. Sosialistlərin sosial ədalət uğrundakı mübarizəsini dəstəkləyir.
Bütün bunlar onu hökumətin nəzərindən salır, xüsusi xidmət orqanların ona diqqətini artırır. Nəticədə hökumət əleyhinə təbliğat aparmaqda suçlayıb yenidən, 1909-cu il iyulun 1-də Karqaralıda həbs edirlər. Oradan Semey şəhərindəki həbsxanaya göndərirlər. 1910-cu il fevralın 21-dək həbsdə saxlanan A.Baytursunovu 1910-cu il martın 9-da isə Orenburqa sürgünə göndərirlər (İmaxanbet R.S., 2013:92).
Sürgün illərində çədidçilərin yeni nəşrinə başladıqları “Aykap” (1911-1915/16) jurnalına müntəzəm milli məsələ ilə bağlı məqalələr yazır. Azərbaycanda ədiblərimiz Mozalan, Zənbur və b. kimi imzalardan istifadə etdikləri kimi A.Baytursunov da Masa (Ağcaqanad) imzasından istifadə edir. Kəskin satirik şeirləri və məqalələri ilə xalqını qəflət yuxusundan oyatmağa çalışır. Sürgün həyatı keçirdiyi Orenburq şəhərində rus siyasətçilərini, savadsız və öz şəxsi mənafeyindən çıxış edən din xadimlərini satira atəşinə tutan, həcv edən şeirlərini 1911-ci ildə “Masa”(Ağcaqanad) adıyla kitab kimi nəşr etdirir. İ. Krılovdan A.P.Sumarakov, V.İ.Maykov, İ.İ.Hemnitser, A.S.Puşkin, M.Lermantov və S.Y.Nadsondan etdiyi tərcümələrlə qazax dilinin bəddi vüsətini, zənginliyini ortaya qoymuş olur.
Bədii yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətini davam etdirən A.Baytursunov təcrübəsinə dayanaraq “Əlippe-(Əlfba)” və “Okuv kuralı (Oxuma qaydası)” kitablarını yazıb çap etdirir. Müəllimlər üçün hazırlanmış kitabda qazaxlar ərəb əlifbası ilə yazıb-oxuyarkən səslilərin necə oxunmalı olduğu öyrədilir. Əslində bu İsmayıl bəy Qaspıralının başladığı üsuli-cədid təliminin qazaxlar arasında yayılmasına xidmət edirdi. Kitabı 1912-ci ildə Orenburqda çap etdirə bilir. Bir il sonra oxucuların diqqətini çəkdiyinə görə təkrar nəşr etdirməli olur.
7. Mətbuatda ilk çıxışları
Ahmet Baytursunov 1911-ci ildən başlayaraq “Türküstan valayatı” (1870-1918), “Dala valayatı” (1888-1902) qəzetlərində və Rızaeddin Fahrettinin redaktorluğu ilə Orenburqda çıxan türkçü-islamçı “Şora” (Şura) (1908-1918) jurnallarında məqalə və şeirlərini çap etdirir. Jurnalistik fəaliyyəti onu gələcəyin redaktoru kimi formalaşdırır.
Hökumət bölgədə rus dilində "Turkistanskiye Vedomosti” (1870-1917) (Daşkənddə çap olunan bu qəzet qazax və özbək dillərində də məqalələr verirdi-Ə.Ş.), “Dala vilayəti qəzeti” (1882-1902) (Ombi şəhərində çap olunan bu qəzet Step (Çöl) valiliyinin qəzeti idi.-Ə.Ş.), “Turqanskiye qazeta” (1895-1910) (Bu qəzet də Orenburq şəhərində çap olunurdu-Ə.Ş.) qəzetləri açmışdı. Hər üç qəzetin əsas materiallarını quberniya idarəsinin tərcüməciləri hazırlasalar da, burada rus missionerlərinin və yerli ziyalılarının məqalələri də verilirdi. Yerli ziyalılar əsasən xalqlarının tarixindən və folklorundan yazırdılar. Onlar hansı mövzuda yazmalarından asılı olmayaraq dövlət siyasətinə xidmət edirdilər. Hökumətin qəzet açmaqda məqsədi qanunları, sərəncamları yerli xalqların dilinə çevirib yaymaq idi. Qəzetlərdə Avropa tipli məktəblərdə oxuyanların sayının çoxaldığı, oturaq həyata keçən qazaxların güzaranının yaxşılaşdığı tərənnüm olunurdu. İşğalçılar xilaskar mələk donunda göstərilirdi. Bununla bölgədə hökumətin mövqeyini möhkəmlətmək istəyir, baş verə biləcək üsyanların, narazılıqların qarşısını ideoloji yolla almağa çalışırdılar. Əslində hökumətin maarifçiliyinin, təbliğatının arxasında ruslaşdırmanı sürətləndirmək dururdu(Allabergen K., Nuskabayuli C, 1996:12).
Rahimcan Dusenbayevin “Dala vilayəti qəzeti”nin 1897-ci il 10-cu sayında çap etdirdiyi məqaləsi ərəb həriflərinin qazax dilinə uyğun gəlmədiyinə həsr edilmişdir. Əksər islahatçılar kimi o da ərəb əlifbasının fonetik cəhətdən türk dillərinə uyğun olmadığını göstərir, “Qurani Kərim”dən başqa bütün kitabların islah olunmuş əlifbada çapını təklif edirdi. Hətta qazax, özbək dillərindəki bəzi məqalələr kiril əlifbası ilə çap olunurdu (Özdemir E., 2007:76-88).
Ölkədə baş vermiş üsyanlardan, etiraz hərəkatlarından çəkinən hökumət 1905-ci il oktyabrın 17-də Manifest imzalasa da senzor nəzarəti aradan qaldırılmamışdı. Senzor qaydaları isə yeni açılan qeyri hökumət qəzet-jurnallarını da müstəmləkəçilik siyasətini təbliğ etmək məcburiyyətdə qoyurdu. Senzor nəzarətinin sərtliyinə baxmayaraq ziyalılar mətbuat yaratmağa, fikirlərini xalqa çatdırmaq üçün nəşriyyatların gücündən istifadə etməyə çan atırdılar. Belə bir gərgin vəziyyətdə cədidçilər “Aykap” jurnalını (1911-1915) nəşrə başladılar.1912-ci ilin martında isə azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və Cahangir xanın nəvəsi Şengerey Sulatanın maddi yardımı ilə rusca və qazaxca “Qazaxıstan” qəzeti nəşrə başlayır. Bu qəzet sosialist yönlü məqalələrə geniş yer verir (Allabergen K., Nuskabayuli C., 1996:32).Ahmet Baytursunov, Əli xan Bökeyxanov və b. qərbçilər “Qazaxıstan” qəzeti ilə deyil, “Aykap” jurnalı ilə əməkdaşlıq etməyə üstünlük verirlər. Lakin “Aykap” onları qane etmir. Odur ki, özlərini mətbuatını yaratmağı qərara alırlar.
8. “Kazax” qəzetinin redaktorluğu dövrü
Qərbçilərin öndərlərinin həbs edilməsi, sürgünə göndərilməsi, necə deyərlər, hökümətin nəzərindən düşmələri onların adına qəzetin açılmasını əngəlləyirdi. Odur ki, Samarada sürgündə olan I Dövlət Dumasının deputatı Əli xan Bökeyxanovun ideya rəhbərliyi və dəstəyi ilə Aliyə mədrəsəsinin məzunu, “Aykar” jurnalında məqalələri çap oluan, cədidçi Mustafa Orazayevin adına “Kazax” qəzetinin nəşrinə icazə alınır. Faktlar da onu göstərir ki, həmin illərdə hələ çədidçilərlə qərbçilər arasında qarşıdurma dərinləşməmişdi.
“Kazax” qəzetinin ilk sayı 1913-cü ilin fevralın 2-də nəşrə başlayır. Qəzetə redaktorluğu Ahmet Baytursunov edir. Akmollada sürgün müddətini başa vurduqdan sonra əqidə dostu Ahmet Baytursunov yanına - Orenburqa gələn Mircakıp Dulatov redaktor müavini sayılsa da, əslində hər ikisi işi bərabər aparırdılar. Həftədə bir dəfə işıq üzü görən qəzetdə ilk vaxtlar Aliyə və Hüseyniyə mədrəsələrindəki qazax tələbələr, yəni çədidçilər fəallıq edirdilər (Nurpeyisov K., 1995:55).
Şərq mədrəsələrindəki tədris metoduna qarşı olan A.Baytursunov “Kazak” qəzetində öncələr üsuli-cədid ilə təhsil verən Aliyə və Hüseyniye mədrəsələrin bitirənlərin hərtərəfli elmi biliklərə sahib olduqlarını, onların qazax ibtidai məktəblərində yüksək səviyyəli dərs keçdiklərini yazdı.
A.Baytursunov ilk baş məqaləsində qəzeti millətin görən gözü, eşidən qulağı, danışan dili adlandırırdı. Odur ki, qəzetdən xalqının maariflənməsi üçün var gücü ilə istifadə etməyə çalışır. (Aytbayev Ö., 2013:13). Qəzetin tirajını birinci il 3000-ə çatdırır. 1915-ci ildən həftədə iki dəfə çıxan qəzetin tirajı 8000-i keçir. “Aykar” jurnalı bağlandıqdan sonra isə “Kazak” qəzetinin oxucuları daha da artır. 1918-ci ildə bolşeviklər qəzeti bağlayana kimi 256 sayı çıxır.
Gənc redaktorun təşkilatçılığı sayəsində qəzetin ətrafına böyük bir ziyalı dəstəsi toplanır. Ahmet Orazayev qəzetə maddi dəstək verirdisə, Beyimbet Maylin şeir və məqalələr göndərir. Cakıp Akbayev adət-ənənəsi və hüquq, Ahmet Birimcanov hüquq, Xəlil Dostmuhammetov tibb və Alaş (Qazaxların əfsanəvi ataları olan Alaşın adından yaranmışdı. Çox vaxt Alaşla Orda eyniləşdirilir-Ə.Ş.) hərəkatı, Muhammetcan Tınışbayev sosial və iqtisadi, Mustafa Çokay siyasi, Sabit Dönentayev təhsil və təlim-tərbiyə mövzularında olduqca aktual məqalələr yazır, təhlillər aparırdılar. Muhtar Avezovun, Cihanşa Seydalinin, Gumar Karaşeyin, Cusupbek Aymavıtovun, Sultan Mahmut Torayqırovun, Şekerim Kudayberdiyevin və b. da məqalələri maraqla qarşılanırdı (Allabergen K., Nuskabayuli C., 1996:58).
“Kazax” qəzetinin redaktoru gah ziyalıların gördükləri işləri təqdir edən məqalələr yazır, gah da diskussiyalar açırdı. Onun bəzi məqaləsi cədidçilər tərəfindən heç də yaxşı qarşılanmırdı. Xüsusən yaramaz, mühafizəkar və rüşvətxor məmurları kəskin tənqid edən məqalələri adamları qorxuya salırdı. Qəzetdəki tənqidlər və mübahisələr milli öndərlər arasında zəif hiss olunan qrşıdıurmanı getdikcə dərinləşdirirdi. A.Baytursunovun “Aykap” jurnalının 1912-ci il dördüncü sayında çap etdirdiyi “Cazı tertibi” (yazı qaydaları) məqaləsində ərəb qrafikası əsasında qazax fonetikasına uyğun yeni bir əlifba yaradılmasından söz açılırdı. Cəditçi C.Şuyaşov isə jurnalın həmin il çap olunan altıncı sayındakı “Birge kozgalayık” (“Birliktə hərəkət etməliyik”) məqaləsində Ahmet Baytursunun “Biz qazağız, bizim əlifabamiz fərqlı olmalı” tezisinə qarşı çıxır, bunu türk xalqlarını bir-birindən ayırmaq, işğalçılara qarşı dura biləcək gücləri parçalamaq kimi dəyərləndirirdi. Mircakıp Dulatov da C.Şuyaşovu A.Baytursunovun oxuma və yazmağı asanlaşdırmaq üçün düzəltdiyi yeni əlifbanı anlamamaqda təqsirləndirirdi. Beləcə qarşıdurma getdikcə dərinləşirdi.
Ahmet Baytursunovun “Kazak” qəzetinin 1914-cü il 61-ci sayında çap etdirdiyi “Bastavış Mektep” (Başlanğıc məktəb) və 62-ci sayında çap etdirdiyi “Mektep kerekleri” (Məktəb ehtiyacları) məqalələri də maariflənməyə nə qədər önəm verdiyini göstərir.
Qərbçilərlə cədidşilər arasındakı qadına münasibət məsələsində də fikir ayrılığı qarşıdurmaya səbəb olurdu. Qərçilər islam dininin qadını əzdiyini, kölə halına saldığını, cədidçilər isə islam dininin yüzillərdir qadınların hüququnu qoruduğunu yazırdılar.
“Kazak” qəzetinin səhifələrində Rusiyadan, Ukraynadan torpaqsız və aztorpaqlı kəndlilərin Qazaxıstana göndərilməsinə, oranın sürgün yerinə çevrilməsinə etiraz edən məqalələrə də geniş yer verilmişdir.
“Aykap” jurnalı səhifələrində başlamış bu və buna bənzər müzakirələri Ahmet Baytursunov “Kazax” qəzeti səhifələrində yenidən davam etdirdi. O, bununla öz fikrindən bir addım da olsa geri çəkilməyəcəyini bildirmiş oldu.
Qərbçilərlə cədidçilər arasında mübahisə heç də kör-koranə, yəni “birisi nə deyirdisə o birisi də əksini söyləyirdi” şəkilində davam etmirdi. Fikirlərini əldə edə bildikləri faktlara söykənərək izah etməyə, xalqa çatdırmağa çalışırdılar. Buna görə də bəzən eyni fikirə gəlirdilər. Məsələ, Mukaş Boştayev adlı tələbə redaksiyaya göndərdiyi məktubda maddi sıxıntı altında olan qazax tələbələrinin oxumaları üçün ruslarda və tatarlarda olduğu kimi yardım cəmiyyətləri qurularmasını vacib sayır. Əli xan Bökeyxanov da nüfuzundan istifadə edərək Mukaş Boştayevin fikrini dəstəkləyir və qəzet vasitəsilə xalqa müraciət edərək yardım cəmiyyəti qurmağa çağırır. Qəzetin 1915-ci il 112-ci sayında çap olunmuş “Sutudettere iyilik kavmı” məqaləsindən sonra “Erkin Dala”, ”Birlik”, “Talap”, “Birlik Kavımı”, “Gılım”, “Kazak Cedremi” və b. cəmiyyətlər qurulur.
Ahmet Baytursunovun 1913-cü ildə “Kazax” qəzetində çap etdirdiyi “Qazaqtın bas akını” (Qazağın baş şairi) məqaləsində Abayın (İbrahim Kunanbayev) həyatından, yaradıcılığından, ictimai fəaliyyətindən, qazax ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açırdı. Jurnalın 1914-cü ildəki 80-ci sayında çap etdirdiyi “Qırğız (qazax) vilayətini idarə etmə üsulları” tənqidi yazısı böyük əks-səda doğurur. Dəfələrlə qəzetin redaksiyasında axtarışlar aparıır, redaktoru qubernator və jandarma idarəsinin rəisi tərəfindən istintaqa çağrılır. Qubernator, general-leytenant Nikolay Aleksandroviç Suxumlinov qəzetin redaktoru A.Baytursunovu 1500 manat cərimə edir. Beləcə “Kazax” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşir.
Redaktor qəzet bağlanmasın deyə cərimə əvəzində səkkiz ay həbsdə yatmağa razı olur. Səhhəti həbsxana üçün münasib olmasa da, özü həbsxanaya gedir. Bundan xəbər tutan oxucular və xeyirxah insanlar müxtəlif şəhər və kəndlərdən cərimə pulunu teleqrafla göndərirlər. 4-5 gündən sonra Ahmet Baytursunov həbsdən azad edilir (1916-cı ildə qəzet yenidən üç min manat cərimə olunanda da, oxucular cəriməni ödəyərək qəzetin bağlanmasına yol vermirlər) (Şamil Ə., 2013:52-53).
“Kazax” qəzetinə redaktorluq etməklə böyük təşkilatçılıq işi görən, ciddi məqalələr yazmaqla xalqını qəflət yuxusundan oyadan, müəllim işləyən, metodik vəsaitlər çap etdirən Ahmet Baytursunov həm də istedadlı müsiqiçi və bacarıqlı bir folklor toplayıcısı, araşdırıcı olmuşdur. Belə ki, onun qazax yırçılarından (el nəğməkarı, aşıq – Ə.Ş.) toplayıb, yazıya aldığı və izahlar yazaraq 1913-cü ildə Moskvada çap etdirdiyi “Er Sayın” hələ də elmi əhəmiyyətini itirməyib.
Ahmet Baytursunov yalnız gəncliyində folklor toplamaqla kifayətlənmir. Sonralar da dastan, joqtav (ağı) və b. folklor nümunələri toplayıb, sistemə salaraq 1926-cı ildə Moskvada "Joqtaw" adlı ilə çap etdirir. Bu kitaba daxil etdiyi şeirlər Mamay Batır, Kaz Davıstı Kazıbek, Kenesarı-Navrızbay, Ertorı, Erğazı, Abdığapar və b. tarixi şəxsiyyətlər haqqında 23 joqvat (ağı) olur.
Bu nəşrlər qazax ədəbiyyatında folklorun toplanması, araşdırılması, sistemləşdiriməsi, pasportlaşdırılması sahəsində ilk nümunələr idi. Araşdırıcı A.V.Zataeviç Ahmet Baytursunovun qazax xalq müsiqisi və nəğmələri ilə bağlı “Qazax xalqının 1000 nəğməsi” adlı əsərinin olduğunu yazır (Şamil Ə., 2013:52-53).
Ahmet Baytursunov “Kazax” qəzetində yalnız qazax xalqının tarixindən, mədəniyyətindən, folklorundan, gündəlik mübarizəsindən bəhs edən yazılar çap etməklə kifayətlənmir. Birinci Dünya Savaşı illərində Rusiya İmperiyasının işğal dairəsində qalan Kars vilyətindəki aclıq və qıtlığı da gündəmə gətirir.
Çünki bu faciə minlərlə insanın ölümünə, yüzlərlə uşağın ata-anasız qalmasına səbəb olmuşdur. Belə ağır günlərdə Ahmet Baytursunov qəzetin 1915-ci ildə çap olunan 103-cü sayında qazax xalqına müraciət edərək onları Karslı soydaşlarına və dindaşlarına yardım etməyə çağırır. Bu çağırışdan sonra xalq qubernatora müraciət edərək “Karslı müsəlmanlara yardım komitəsi” yaratmağa nail olur. Mərkəzi Bakı şəhəri olan yardım təşkilatının Orenburda Ahmet Baytursunovun rəhbərliyi ilə bir komitəsi yaradılır (Koygeldiyev M., :170).Toplanan yardımlar Karsa göndərilir. Əslində bu Rusiya əsarətində olan müsəlmanların hökumətə etirazı idi.
Hökümətə loyal münasibətin, Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı sərt durmalarının, neçə deyərlər, Rusiyanın demokratikləşməsini istəmələrinin, bu demokratikləşmədə qazaxlara da pay düşəcəyini düşündüklərinə görə, “Kazax” qəzetinin ayrı-ayrı məqalələrinə görə təzyiqlər olsa da, cərimələnsə də, çar hökuməti qəzeti bağlanmamışdı.
9. 1916-cı il üsyanı və Ahmet Baytursunov
İqtisadi vəziyyəti onsuz da ağır olan Rusiyanı Birinci Dünya Savaşı çıxılmaz bir bataqlığa soxur. Ölkədə əhalinin vəziyyəti getdikcə pisləşir. H.Karasuyuulunun araşdırmasına görə, Türküstan və Qazaxıstanda1900-cu ildə 75 dəfə, 1905-ci ildə 235 dəfə, 1910-cu ildə 334 və 1915-ci ildə 372 dəfə kiçik üsyanlar və xalq etirazları olmuşdu (Karasuyuulu H., 1993:217). Etiraz və narazılıqlara baxmayaraq xalqdan toplanan vergilərin həcmi gündən günə artırılırdı. 1914-cü ilin avqustundan ötən müddətdə təkcə qazax-qırğızlardan vergilərdən əlavə 300.000 put ət, 40.899.244 put pambıq,3.109.000 put pambıq yağı, 473.928 min put balıq, 299.000 put sabun, 38.044 arşın keçə çadır,13.441 sadə çadır, 70 min at, 12.797 dəvə və b. kənd təsərrüfatı məhsulları alınmış (Abdırahmanov C., 1991:385), əsgəri xidmətə aparılmadıqlarına görə gəlirlərinin 21 faiz əlavə vergiyə cəlb edilmiş(İbraimov O., 1993:224), 1916-cı ildə xalqdan üç milyard som (pul vahidi – Ə.Ş.) toplanmışdır.
Bölgəyə torpaqsız və ya aztorpaqlı rus kəndlilərinin yerləşdirilməsi yerli əhalinin vəziyyətini olduqca ağırlaşdırmışdı. Hökumətinin “Step qanunu” adlandırılan sərəncamının 119-cu maddəsini əldə əsas tutaraq quberniyalarda 1907-ci ildə “Qırgızları yerləşdirmə”, 1908-ci ildə “Yedisu bölgəsini kalonyalaşdırma” qərarlarını hazırlanmışdı. Bu qərarlarla yaylaq-qışlaq həyatı yaşayan yerli əhalinin torpaqları dövlət mülkiyəti hesab edilmişdir. Beləcə 45 milyon hektar torpaq yerli xalqın əlindən alınaraq Rusiyadan köçürülənlərə verilmiş, 1907-1912-ci illər arasında 2 milyon 400 min rus qazax torpaqlarında yerləşdirilmişdi. Qazaxlar dağlıq və quraq bölgələrə sıxışıb qalmışdı 1916-cı ildə rus köçkünləri bölgənin bütün əkiləbilən torpaqlarının 58,6 faizinə sahiblənmişdi. Yerli əhali əkin sahələrində ən az haqqa sahib idi (Kara F., 2011).
Bütün bunlar xalqın səbrinin tükətdiyi bir zamanda, yəni 1916-cı il iyunun 25-də çar II Nikolay xristian olmayan xalqların 19-43 yaşlı kişilərinin səfərbərliyə alınaraq səngər qazılmasına, hərbi sursat daşınmasına və s. işlər görülməsinə göndərilməsi haqqında fərman imzalayır. Çar II Nikolayın Dövlət Dumasına millət vəkili seçilmələrinə icazə verilmədiyi qazaxlarla hökumət indi savaş qanunları ilə davranmaq istəyirdi. Fərmandan istifadə edən məmurlar da özbaşınalıq edir, 50-60 yaşlı kişilərin də yaşını az göstərərək səfərbərliyə cəlb edirlər (Karasuyuulu H., 1993:263).
Məhsul yığımının qızğın vaxtına və Ramazan ayına düşdüyündən Türküstanda və Qazax-Qırğız çöllərində yaşayan, oruc tutmuş müsəlmanlar elliklə çarın fərmanına qarşı çıxırlar. Beləliklə, kortəbii xalq üsyanı başlayır. Üsyanı yatırmaq üçün bölgəyə general İvanov-Runovun komandanlıq etdiyi ordu yeridilir.
Üsyanın ən qaynar nöqtələrindən olan Cizaq (Jizak) şəhəri yerlə yeksan edilir, qadınlar, uşaqlar, qocalar rəhm edilmədən öldürülür. Şəhər və kəndlər dağıdılsa da, minlərlə insan öldürülüb həbs edilsə də, üsyan ocaqları gah burda, gah orda alovlanır.
Qəribə görünən bu idi ki, vətənsevər, millətini azad və xoşbəxt görmək istəyən A. Baytursunov və onun məsləkdaşları üsyançılara qoşulmur. Hətta “Kazax” qəzetində üsyanla bağlı tənqidi fikirlər özünə yer tapır. Bu da səbəbsiz deyildi. Onlar düşünürdülər ki, körtəbii üsyan xalqın qırılmasından, öndərlərinin məhv edilməsindən başqa bir şey verməyəcək. Lidersiz, təşkilatsız üsyançı dəstələri nizami ordular vasitəsilə dağıdılacaq.
Tarixçilər bu üsyanın məğlubolma səbəblərini belə dəyərləndirir:
1. Üsyan çar II Nikolayın fərmanına etiraz əlaməti olaraq heç bir hazırlıq aparılmadan, qəflətən başlamışdı.
2. Üsyanın müəyyən bir mərkəzi və idarəedəcək təşkilatı, lideri olmamışdı.
3. Üsyançı dəstələrin bir-birilə heç bir əlaqəsi, mübarizə planı olmadığı kimi, üsyan başlayandan sonra da aralarında əlaqə qura bilməmişlər.
4. Xalq hökumətə qarşı çıxmaq istəyində deyildi, sadəcə olaraq mallarının əllərindən alınmasına və səfərbərliyə alınmalarına etiraz əlaməti olaraq ayağa qalxmışdı.
5. Üsyançıların əlində lazımi qədər və atıcı silahlar yox idi.
6. Hökumət üsyanı yatırmaq üçün nizami silahlı dəstələr göndərməklə yanaşı, bölgəyə köçürdüyü rus kəndlilərini də silahlandırıb üsyançılara qarşı göndərmişdi (Şamil Ə., 2013:56).
Dəyişikliklərin inqilabi yolla deyil, islahatlarla aparılmasının tərəfdarı olan A.Baytursunov qazax-qırğız xalqının öndə gedənlərinə üsyançı adı verilib məhv ediləcəyindən qorxurdu. Onun və məsləkdaşlarının düşündüyü kimi də oldu. Üsyan yatırıldıqdan sonra qurulan hərbi səhra məhkəmələri 1917-ci il fevralın 1-nə kimi 347 nəfərin edam edilməsi, 168 nəfərin sürgünə göndərilməsi, 129 nəfərin müxtəlif müddətli həbs cəzasına məhkum edilməsi haqqında qərar çıxardı. 300 min nəfərdən çox qazax-qırğız isə Çinin batısına köçməli oldu. Bu köç zamanı da yollarda minlərlə insan və insanların yaşamını təmin edəcək heyvan tələf oldu (Tursunov H., 1987:8, İsake B., 1993:109).
“Kazak” qəzetini milli ziyalıların ideoloji mərkəzinə çevirən, ərəb əlifbasının türk dilləri üçün yaramadığını görüb yeni əlifba yaradan, ictimai-siyasi xadim kimi formalaşan Ahmet Baytursunov qazax-qırğızların üsyanını dəstəkləyənlər sırasında olmur. Qərbçilər üsyanın qazax xalqına qarşı edilən haqsızdıqdan doğduğu fikrində olsalar da, üsyanın xalqa xeyirdən çox zərər gətirəcəyi yönlərini qabardırdılar. Car ordusunun əsgəri birliklərini törətdiyi vəhşiliklər haqqında bəzi rus ziyalıları qədər cəsarətlə də söz açmırdılar. Məsələn, Sosialist Kerenski 13 dekabr 1916-cı ildə Dördüncü Dövlət Dumasındakı çıxışında hökuməti ittiham edərək demişdi: “Bütün cəbhələrə bir də Türkistan cəbhəsi əlavə edildi. Cənablar, görmürsünüzmü Türküstan və Qazax çölləri bir Tula və ya Tambov vilayətləri deyildir” (Özdemir E., 2013:228).
Mircakıp Dulatov “Kazak” qəzetinin 1916-cı ildə çap olunan 168-ci sayındakı “Qosudarstvennıy Duma hem soldattık meselesi” məqaləsində yazırdı ki, Samardan Əli xan Bökeyxanov, Aktöbeden Nısanqali Beqimbetov, Orenburqdan Ahmet Baytursunovdan ibarət bir heyət yaradılıb. Onlar Dövlət Duması ilə görüşə gedəcəklər. Heyət hökümətə təklif edəcək ki, qazaxlar arxa cəbhə üçün səfərbərliyə alınmasınlar, onlardan süvari dəstələri yaradılıb ön xəttə, döyüşün qızğın bölgələrinə göndərsinlər. Bütün bunlar da yalnız cədidçiləri deyil, inqilabçıları da, mühafizəkarları da onlardan uzaqlaşdırırdı.
7. A. Baytursunov siyasi partiya quruculuğunda və milli təşkilatlanmada
Çar II Nikolay taxtdan salınıb Krenskinin başçılığı ilə Müvəqqəti Hökumət qurulduduqdan sonra qazaxlar arasında da siyasi təşkilatlanma gücləndi. Cəditçilərdən Cihanşa Seydalin 1913-cü ildə “Aykap” jurnalının 16-cı sayında qazaxların problemlərini həll etmələri, gələcək fəaliyyətlərini planlamaları üçün bir araya gəlmələrinin vacibliyindən bəhs edən “Baş kosu” adlı məqaləsini çap etdirəndə qərbçilər onun əleyhinə çıxmışdılar. Ahmet Baytursunov “Kazak” qəzetinin 1913-cü il 21-ci sayındakı “Baskosuv turasında” və 32-ci sayındakı “Baskosuga rushat berilmedi” məqalələrində belə bir toplantıya tərəfdar olduqlarını, lakin hələ şəraitin yetişmədiyini yazırdı.
1916-cı ildə sürgün müddəti başa çatan Əli xan Bökeyxanov da Orunburqa gələrək siyasi fəaliyyətini burada davam etdirirdi. Müvəqqəti Hökümət yerlərdə dayaqlarını möhkəmlətmək üçün komitələr qurmuşdu. Bu komitələrə də rəhbərlik etməyi keçmiş məmurlara tapşırdığından xalqda onlara qarşı bir inamsızlıq vardı. Buna görə də qazax öndərləri bu təşkilatlara paralel əyalətlərdə öz komitələrini yaradırdılar. Krenski yaxından tanıdığı Əli xan Bökeyxanovu Torğay əyalətinə komissar təyin edir. Kadetlər Partiyasının və Müvəqqəti Hökumətin qazax xalqına mədəni muxtariyyat belə vermək fikirində olmadığını gördükdəƏli xan Bökeyxanov partya üzvlüyündən çıxır. 1917-ci ilin aprelin 2-8-də Orenburqda qazaxların Torğay əyalət konfransı keçirilir. 300 nəfərin iştirak etdiyi konfransda Müvəqqəti Hökumətin komissarı Əli xan Bökeyxanov, Mustafa Çokay, Maqcan Cumabayev, Mircakıp Dulatov, Ahmet Baytursunov və b. fəallıq göstərirlər. A.Baytursunov konfransın sərdi, Velihan Taşanov ve Kalmanov onun müavini seçilir. Qərbçilərin böyük üstünlüyü ilə keçirilən və vilayət, qəza, şəhər və kəndlərdə Müvəqqəti Hökuməti dəstəkləyən komitələr yaradılmasını, Rusiyanın Demokratik Parlamentli Respublika olmasını istəyən konfrans 10 maddəlik qətnamə qəbil edir (Özdemir E., 2013:236).
Belə konfranslar və başqa toplantılar Qazaxıstanın, Türküstanın müxtəlif bölgələrində də keçirildi. Bunlar bir növ Ümumqazax Konfransının keçirilməsinə hazırlıq rolunu oynadı. Hazırlıqlar başa çatdıqdan sonra Orenburq şəhərində 1917-ci il iyulun 21-də Akmola, Semey, Torğay, Ural, Yedisu, Sırdərya və Fərqanədən gələn nümayəndələrin iştirakı ilə konfrans işinə başladı. İyulun 28-dək davam edən konfransda Xəlil Dosmuhammetov sədr, Ahmet Baytursun və Almuhambet Ketibarov sədr müavini seçilmişdi. Gündəlikdə Kazaxıstanın sosial və iqtisadi məsələləriylə əlaqədar 14 mövzu müzakirə edilmişdi.
Bu konfrans qərbçilər arasındakı fikir ayrılıqlarını da ortaya çıxardı. Ahmet Baytursunov, Mircakıp Dulatov inzibati-ərazi muxtariyyatı tələbi ilə çıxış etdilər. Bu da müstəqil Qazax dövləti yaratmağa doğru ilk təşəbbüs idi. Lakin ruspərəst mövqedə olan, Qazaxıstanın müstəqil dövlət qurması üçün kadrlarının və iqtisadi gücünün olmadığını söyləyən Əli xan Bökeyxanov Demokratik Federal Parlamentli Rusiya Respubilkası içərisində muxtar əyalət tələbini irəli sürdü. Əli xan Bekeyxanovun təklifi səs çoxluğu ilə qəbul edildi. Kadetlər Partiyasından ayrılmış qazaxlar özlərinin yeni siyasi təşkilatını yaratmalı oldular. Müvəqqəti Hökumətin Müəssisələr Məclisinə seçkilər haqqında qanunu qazax öndərlərini də siyasi partiya qurmaq məsələsini sürətləndirməyə məcbur etdi. Çünki seçkilərə siyasi partiya şəkilində qatılmaq olardı (Bökeyxanov Əli xan, 1994:120).
Qazaxlar üçün yeni qurulacaq siyasi partiyanın proqramını hazırlamaq mərkəzi Peterburqda yerləşən Şura-i İslam Komitəsinin rəhbərliyinə tapşırılmışdı. Onlar da bu işi yubatdılar. Bu arada bolşeviklərin çevrilişlə hakimiyyəti ələ almaları qərbçiləri də, cədidçiləri də bərk rahatsız etdi. Bolşeviklər ilk bəyanatlarında sülh, xalqlara azadlıq, kəndliyə torpaq vədi ilə çıxış etsələr də, qazaxlar bunlara inamla yanaşmadılar. A.Baytursunov bu çevrilişin qazaxları qorxutduğunu yazırdı. Onun fikrincə, qazaxlar fevral inqilabının xoş qarşılasalar da, oktyabr çevrilişinin anlaşılmaz olduğunu, üzüntü və qorxu yaratdığını söyləyirdi.
Bunu görən Əli xan Bökeyxanov, Ahmet Baytursunov, Mircakıp Dulatov, Eldes Qumarov, Esengali Turmuhammetov, Qabdulhamid Cundibayev, Kazimbek Birimcanov Birinci Ümumqazax Konfransının qərarları əsasında Alaş Partiyasının proqramını hazırladılar və onu əyalətlərdəki qazax komitələrinə göndərdilər. Partiyanın proqramında Rusiyanın Demokratik Federal Respublika kimi qurulması və bu ölkədə əyalətlərin özünüidarə hüququ olması planlaşdırılırdı. Əslində bu Kadet-Konustitusiyalı Sosialistlər Partiyası qazax şöbəsinin müstəqil milli partiyaya çevrilməsi idi (Bökeyxanov Ə., 1994:260). Qısa bir zamanda yeni partiyanın Semey və Omsk şəhərlərində şöbələri yaradıldı. 1917-ci il avqustun 20-25-də Aktubinskdə Torğay Vilayətinin II Qazax Qurultayı keçirilir. Bu qurultayların təşkilatçılarından olan Ahmet Baytursunov Alaş hərəkatının partiyaya çevrilməsində böyük rol oynayır.
Beləcə Torğay qəzasında qurulan Alaş Partiyasının rəhbərliyinə Orenburq şəhərində yaşayanlardan 10, Qazaxıstanın başqa dörd qəzasının hər birindən bir nümayəndə seçildri. Onlar da Əli xan Bökeyxanovu sədr, Ahmet Baytursunovu sədr müavini, Mircakıp Dulatov katib seçirlər.
Yeni siyasi partiyanın yaradılması qazax öndərləri arasında fikir ayrılığını dərinləşdirdi. Qazaxıstanın müxtəlif bölgələrində keçirilən konfranslarda muxtariyyat məsələsi əsas müzakirə mövzusuna çevrilmişdir. Bir qrup qazaxlara muxtariyyat verilməsini istəyirdisə, ikinci qrup Sibirlə birlikdə, üçüncü qrup isə Türküstanla birlikdə muxtariyyata nail olmağın tərəfdarı idi.
1917-ci ilin noyabrın 26-da Kokandda keçirilən Dördüncü Fövqaladə Müsəlman Konfransı Türküstan Muxtar Respublikasının qurulduğunu elan etmişdi. Buraya keçmiş Türküstan quberniyası və Sırdərya, Yedisu əyalətləri daxil idi. Mustafa Çokayev yeni qurulmuş hökumətə daxil olmuş və qazaxların yaşadıqları əyalətlərin hamısının buraya daxil olmasını istəyirdi. Əli Beköyxanov isə nəinki iç-içə, birgə yaşadıqları özbək, türkmən, uyğur türkləri ilə bir hökumət qurulmasını, heç Şərq ölkələri ilə də əlaqə yaradılmasını istəmirdi. Hətta çıxışlarının birində dəvə ilə eşşəyin bir arabaya qoşulmasının mümkünsüzlüyündən söz açmışdı. Yəni qazaxları dəvəyə, özbək və b. türk-müsəlman xalqlarını eşşəyə bənzətmişdi. O, xalqının gələcəyini Rusiyanın tərkibində görürdü. Odur ki, Sibir muxtariyyatına qatılmağı qazaxlar üçün daha məqbul sayırdı.
Əli xan Bökeyxanov Sibirdəki muxtariyyat tərəfdarlarından Tomskdəki toplantısına 9 nəfər qazaxla birlikdə qatılmışdı. Toplantı iştirakçılarına Birinci Ümumqazax Konfransının qərarı haqqında bilgi vermiş və yeni hazırlanacaq Konstitusiyaya qazaxların istədikləri vaxt ayrılma hüququnun yazılmasını istəmişdi. Lakin onun bu istəyi qəbul edilməmişdi. Sibirdə isə monarxiyapərəst Kolçak özünü Rusiyanın Ali Hökümdarı elan etmişdi.
Bütün bunlar da Əli xan Bökeyxanovla Ahmet Baytursunov və b. qərbçilər arasında fikir ayrılığını dərinləşdirirdi.
Rusyadakı Sosialist Partiyalarının, eləcə də tatar və başqırt sosialistlərinin təsiri ilə Kolbay Toqusov, Şaymerden Alcanov, Abulhayır Dosov, İshak Köbesov, Muhan Aytpesov və b. fəallar 1917-ci ilin aprelində Üç Cüz Partiyasını (sonralar bu partiya Qazax Sosialist Partiyası adlandırılsa da, çox yaşaya bilməmişdir. – Ə.Ş.) yaratdılar. Az sonra onlar alaşçılara qatı müxalif oldular. Üç Cuzçular qərbçilərin əksinə olaraq şəriətdən uzaqlaşmaq istəmir, Türküstan Müxtariyyatını dəstəkləyir, Rusiya müsəlmanları ilə birləşərək bolşeviklərlə eyni cəbhədə çıxış etməyi tələb edirdilər.
Qərbçilər Rusiyada baş verən hadisələri müzakirə etmək və quracaqları hökumətin təşkilat strukturunu planlamaq üçün İninci Ümumqazax Konfransına hazırlıq görməyə başladılar. Toplantıda Əli xan Bökeyxanov, Ahmet Baytursunov, Cihanşah Dostmuhammetov və Mustafa Çokayev kimi Alaş liderləri ilə yanaşı başqırd Zaki Validov da iştirak edirdi. Toplantıda qərara alındı ki, Rusiyadakı Müəssisələr Məclisinə seçkiləri yüksək səviyyədə keçirsinlər, bolşeviklərlə iş birliyinə getməsinlər, Ukraynadakı kimi Muxtariyyata nail olmağa çalışsınlar. Bunun üçün 1917-ci ilin dekabrın sonlarında Ümumqazax və Başqırd Konfransların keçirməyi, Türküstandakı Muxtariyyatın yolu ilə getməyi planladılar.
Konfransa hazırlıq üçün Ahmet Baytursunov, Mircakıp Dulatov, Sağındık Dostcanov, Eldes Omaravdan ibarət beş nəfərlik bir komitə yaratdılar.. Əli xan Bökeyxanov da “Kazak” qəzetində iki bəyanat yayaraq arzu və istəklərini xalqa çatdırır. Komitə quracaqları Alaş Orda Muxtar Hökumətini qarışıqlıqdan, anarxiyadan qorumaq üçün 25 nəfərlik Xalq Şurası və idarə etmənin təşkili üçün Milli Məclis yaratmağı planladı.
Əli xan Bökeyxanovun rəhbərliyi altında Semey şəhərində qurulan Alaş Orda Hökumətində Əli xan Bökeyxanov prezident, Xəlil Abbas vitseprezident, Alim xan Ermək Hərbi Nazir, Ahmet Berimcan Ədliyyə Naziri, Muhammedtjan Tınışbayev Daxili İşlər Naziri, Ahmet Baytursunov Milli Təhsil Naziri, Mustafa Şokayev (Çokayev) (Rusiyada yaşadığı dövürdə adı və soyadı Mustafa Şokayev (Çokayev) yazılırdı. Mühacirətə getdikdən sonra Mustafa Çokay kimi tanındı-Ə.Ş.) Xarici İşlər Naziri, Cihanşah Dostmuhammedov, Xəlil Dostmuhammedov və Ahmet bəy Sarsan isə Alaş Orda Hökumətinin batı bölgəsi üzrə məsul nazirlər təyin edilirlər.
Alaş Orda Muxtar Hökumətinin yarandığını elan etmək məsələsində yenə fikir ayrılığı meydana çıxır. Əli xan Bökeyxanov, Ahmet Baytursunov və Mircakıp Dulatovun başçılıq etdiyi qrup Muxtariyyat elan edilməsini yubadılmasını istəyirdilər. Onların fikrincə, qazaxların muxtariyyatlarını elan etmələri bölgədəki rusları qıcıqlandırar. Həm də Türküstan bölgəsindəki qazaxların Alaş Muxtariyyatına qatılıb qatılmayacaqları bəlli oluncaya qədər gözləmək gərəkdir. Vaxtı yubatmaqla onlar bolşeviklərlə ağqvardiyaçılar arasında savaşın necə nəticələnəcəyini bilmək istəyirdilər.
1917-ci il dekabrın 13-15-də Orenburq şəhərində Ümumqazax Konfransı çağırılır. Qurultayda Rusiyanın tərkibində Alaş Orda Hökumətinin qurulduğu elan edilir. Ahmet Baytursunova və Mirjakıp Dulatova əhalini səfərbərliyə almaq, partiyanın gücünü artırmaq və özünümüdafiə məsələləri tapşırılır. Azsaylı qazax sosialistləri isə milli dövlətin qurulmasına etiraz edir. “Üç Cüz” qəzeti 2 mart 1918-ci il sayında Alaş Orda Muxtariyyatı haqqında yazırdı: “Qazax - qırğızlar elm-sənət və digər dünya zənginliklərindən uzaq qalmışlar. Müstəqil olmadan öncə zənginlik dəryasından az da olsa, faydalanmaq gərəkir. Belə çətin bir zamanda muxtariyyata necə baxa bilərik. Bizim qazax çöldəki yaban atı kimidir. Yaban atı qorxutmax nə qədər çətindirsə, qazax-qırğızları muxtariyyata alışdırmaq o qədər çətindir. Qazaxıstanın təkbaşına Muxtar Respublika olması imkansızdır. Qazax-qırğızın başı Həştərxanda, ayağı Çindədir. Ortamızdan İrtış, Esil, Tobul, İdil, Cayık kimi çaylar axmaqdadır. Bunların kənarında yerləşdirilən rus kəndləri var. Onlar bizimlə nə Muxtar Respubilka qurmaq istəyi, nə də Qazaxıstandan ayrılmaq. Qazaxlarla rusların dostluğu da imkansız görünür” (Nurpeyisov K., 1995:149).
Alaş Orda Muxtariyyatının elan edilməsi bir birinə düşmən olan, ölüm-qalım savaşı aparan bolşeviklərlə ağqvardiyaçıların hər ikisini eyni dərəcədə narahat edir. Alaş Ordaçılar Orenburqda əlində kazak hərbi birliklərini cəmləşdirmiş çar ordusunun polkovniki Aleksandr Dutovla və başqırdların lideri Zaki Validovla (Rusiyada yaşadığı dövürdə adı və soyadı Zaki Validov yazılırdı. Mühacirətə getdikdən sonra Zeki Validi Toğan kimi tanındı-Ə.Ş.) ittifaqa girmək istəsələr də, bu istəkləri baş tutmur.
Qərbçılərin İkinci Ümumqazax Konfransında qazaxları birləşdirmək istəyi baş tutmadı. Bu birlik üçün ən çox səy göstərənlərdən biri Mustafa Çokayov idi. O, Sırdərya qazaxlarına müraciət edərək onları Alaş Orda bayrağı altında birləşməyə çağırmışdı. 1918-ci il yanvarın 5-də Sırdərya qazaxlarının toplantısında Kokand Muxtariyyatını qorumaqla Alaş Orda və Türküstan Muxtariyyatını fedarasiya şəkilində birləşdirilməsi haqqında qərar qəbul edildi. Bu da Əli xan Bökeyxanovu qane etmədi. Beləliklə, qazaxların bir bayraq altında birləşməsi arzusu puça çıxdı.
Böyük ərazisi olan Qazaxıstanı idarə etməyə Alaş Orda Hökumətinin nə kadrı çatır, nə də hərbi gücü. Çar II Nikolayın taxtdan salındığı günlərdə qazaxlar arasında ali təhsillilərin sayı cəmi 70 nəfərə yaxın idi (Özdemir E., 2007:73). Bolşeviklər də Qazaxıstanın müxtəlif yerlərində qarışıqlıqlar, silahlı toqquşmalar yaradırdı.
Türküstanla birləşmə fikrinə qarşı olan Əli xan Bökeyxanov vəziyyətin getdikcə gərginləşdiyini, qazax bölgələrinin gah bolşeviklərin, gah ağqvardiyaçıların təsir dairəsinə düşdüyünü, minlərlə soydaşının öldürüldüyünü, ev-eşiklərinin dağıdıldığını, kəndlərinin xarabalığa çevrildiyini görərək güzəştə getməyi qərara alır. O, görürdü ki, istər bolşeviklər, istərsə də ağqıvardiyacılar onların gücündən rəqiblərinə qarşı istifadə etməyə çalışıqları halda qazaxlara və digər türk xalqlarına özünüidarə hüququ vermək istəmirlər.
Türk xalqlarının birliyinin qaçılmaz olduğunu görən Alaşçılar Başqırd və Türküstanlı liderlərlə öncə 1918-ci ilin iyulunda, sonra isə sentyabrda Orenburq və Samarada biraraya gəlirlər. Samaradakı toplantıda Alaş Ordadan Əli xan Bökeyxanov, Ahmet Baytursunov, Mircakıp Dulatov, Kokand Hökumətindən Mehmetcan Tınışbayev, Mustafa Çokayev, Ubeydullah Hocayev və Başqırdlardan Zaki Validov və b. iştirak edirlər.
Bu toplantıda hökumətlərdən “Güney-Doğu Müslüman Ölkələri Federasiyası” qurulması, Başqırd və qazax ordularının bir mərkəzdə idarə olunmasını, Sibir, Samara hökumətlərinə, Ural və Orenburq rus kazaklarına müraciət edərək, onların da iştirakı ilə ilə bir “Doğu-Rus İttifaqı” əsasında geniş federativ hökumət yaradılması müzakirə edilir (Toğan Z. V., 1999:1994).
Bundan sonra üç hökumətin nümayəndələri Ufa şəhərinə gedərək bolşeviklərə qarşı qüvvələri birləşdirmək üçün bir toplantı keçirirlər. Toplantıda Sibir Müvəqqəti Hökuməti, Yekaterinburq Əyalət Hökuməti, Məhəlli Bələdiyyələr, Alaş Orda Hökuməti, Başqırt Hökuməti, Kokand Hökuməti, Rusiya və Sibir Tatarları iştirak edir. Lakin Sibir Müvəqqəti Hökumətinin sağçı nümayəndələri ilə Müəssisələr Məclisinin solçu nümayəndələri arasındakı qarşıdurma yaranır. Əli xan Bökeyxanov və digər türk nümayəndələrlə birlikdə solçuları dəstəkliyirlər. Toplantıda beş üzvdən ibarət bir direktorluq qurulması qərara alınır. Lakin Ayaz İsaki, Fuat Tukrar kimi tatar öndərlər belə bir federasiyanın yaranmasına xoş baxmırlar. Bu arada Osmanlı Qızıl Ay Təşkilatının nümayəndəsi kimi Rusiyaya gələn Yusif Akçuralı ilə görüşür və onunla məsləhətləşirlər. O da bu federasiyanın adının “Doğu Türkləri Federasiyası” olmasını təklif edir. Əli xan Bökeyxanov bu ada qurulacaq hökumətə pantürkizm damğası vrurlacağını söyləyir (Toğan Z. V., 1999:1994).
Çar hakimiyyəti illərində Orenburq valiliyində məmur olan, Muhammed Tunqaçinin Sovet Rusiyasının Millətlər Məsələsi Xalq Komissarlığında Kazak məsələləri müdiri təyin edilməsi, Üç Cüz Partiyasının rəhbəri Kolbay Toqusovun Torğay və Akmola bölgələrinə komissarı təyin edilməsi, bir ortodoks xristian missioneri olan Əli Cangəldini də Qazaxıstan Əyalətlərinə Fövqaladə Komissar təyin etilməsi və s. məsələlər onsuz da ağır olan Alaş Orda Hökumətinin vəziyyətini pisləşdirdi.
Vəziyyətin getdikcə bolşeviklərin xeyrinə dəyişdiyini görən Alaş Orda Hökumətinin bəzi üzvləri bolşeviklərlə danışıqlara getməyi daha münasib sayırlar.
1919-cu ilin yanvarında Ahmet Baytursunovun rəhbərliyi ilə Moskvaya bir nümayəndə heyəti getdi. Nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. ilə görüşür. Ahmet Baytursunovun Rusiya Milli Məsələlər Üzrə Xalq Komissarı İosif Stalinin görüşü haqqında daha geniş yazırlar. Bu görüşlərdə razılığa gəlinir ki, bolşeviklər qazaxların muxtariyyatını tanıyacaq və Alaş Orda Hökumətinin bolşeviklərə qarşı vuruşmuş üzvləri əfv ediləcəklər. Alaş Ordaçılardan Ahmet Baytursunov, Mirjakıp Dulatov, Jusipbey Aymautov, Maqjan Jumabayev və başqa öncülləri də bolşeviklərin sırasına qoşulurlar. Moskvanın göstərişi ilə Diyar İnqilab Komitəsi qurulur. Komitəyə S.Pestkovskı sədr A.Baytursunov, B.Karatayev, S.Mendeşev, M.Tunqaçin üzv seçilirlər.
Razılaşmadan sonra Alaş Ordaçıların bir qismi bölşeviklərin tərəfinə keçir, qazaxların Sovet Ordusuna müqavimət göstərməsinin qarşısını alır.
Sovet hökuməti 1920-ci ilin fevralında Qoleşçekin başçılıq etdiyi əsgəri birliyi Semeyə, Alaş Ordanın üzərinə yeridir. Bu hərbi hissə M.Tunqaçinin suvari alayı ilə birləşib Alaş Orda Hökumətinin polislərini atəşə tutur və hökuməti dağıdır. Yerində Qırğız Sovet Sosialist Muxtar Respublikası qurduqlarını elan edirlər. Hökumət başına da M.Tunqaçin gətirilir. Alaş Ordaçıların bir qismi isə təslim olmayaraq qazax çöllərinə çəkilərək bolşeviklərə qarşı döyüşü davam etdirir.
Ruslar həmişəki kimi yenə də verdikləri vədə əməl etmirlər. Diyar İnqilab Komitəsi 1920-ci ilin martın 5-də Batı Alaş Ordasının ləğv edildiyini bildirir. Ahmet Baytursunovun yaxın dostu və məsləkdaşı, Alaş orda Hökumətinin rəbhəri Əli xan Bökeyxanovu da həbs edirlər(Nurpeyisov K., 1995:221).
Qaynaqlar Ahmet Baytursunovu Moskvada olarkən M.S.Soltanqaliyev, Z.V.Togan, T.Rıskulov, V.İbrahimov, F.Hoca və N.Hocayev ilə birlikdə "İttihad və Tərəqqi" adlı gizli bir təşkilat da qurduqlarını yazırlar.
8. Ahmet Baytursunov bolşeviklərin xidmətində
Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul edilən Ahmet Baytursunovu 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı yanındakı Qazax bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin edirlər. Bölgədə bolşeviklər hakim olduqdan sonra Ahmet Baytursunov Qazaxıstan MSSR Maarif Komissarı olur. Ənənəvi təhsil sisteminə qarşı olan Ahmet Baytursunov öncələr fikirlərini “Aykap” jurnalındakı və “Kazak” qəzetindəki məqalələri ilə xalqa çatdırırdısa, indi nazir kimi onları rəsmi qərar və göstərişlərlə yerinə yetirilməsinə nail olmuşdur. O, ərəb əlifbası əsasında hazırladığı qazax əlifbasını tədris etdirir, üsul-i sövtiyənin üzərinde dəyişikliklər aparırdı.
Bolşeviklər əhalinin mal-mülkünü mənimsəməyə, kütləvi həbslər və sürgünlər təşkil etməyə, azacıq müqavimət göstərəni güllələməyə başlayırlar. Qazaxlar qonşu ölkələrə köçməklə ölümdən və alçaldılmadan qurtulmağa çalışırlar.
Ahmet Baytursunovu bir müddət Kommunist Partiyası Vilayət Komitəsinin mərkəzi aparatında, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə işlədirlər. Bolşeviklər mövqelərini möhkəmlətdikçə onlara sözsüz əməl etməyən, fikirlərini sərbəst söyləyən, keçmiş “müttəfiqlərini” rəsmi hökumət vəzifələrindən uzaqlaşdırırlar. Əksər Alaş Ordaçılar kimi A.Baytursunov da hökumət vəzifələrindən uzaqlaşdırılır. O, pedaqoji, elmi, ədəbi sahələrdə çalışmağa başlayır. 1921-1925-ci illərdə elm və ədəbiyyat komissiyasına rəhbərlik edir, Orenburqdakı Qazax Pedoqoji İnstitutunda dərs deyir, Qazaxıstandakı Tədqiq-Tətöbbə Cəmiyyətinin fəxri sədri seçilir. Bütün bunlara baxmayaraq üzərində Sovet xüsusi xidmət orqanlarının nəzarəti bir an da olsun azalmır.
1924-cü il iyunun 12-18-də Orenburqda keçirilən Qazax-qırğız Elm və Mədəniyyət İşçilərinin Qurultayının təşkilində fəal iştirak edir. Yeni əlifba, ədəbi dil, qazax dilinin qrammatikası mövzusunda çıxışlar edir. Onun ərəb əlifbasının əsasında hazırladığı yeni əlifba qazax-qırğızlar üçün rəsmi əlifaba kimi qəbul edilir və məktəblərdə tədrisinə göstəriş verilir. 1925-ci il mayın 25-27-də Pişpekdə keçirilən Birinci Elmi-Pedoqoji Qurultaydakı çıxışları da qazax-qırğız maarifçiləri tərəfindən maraqla qarşılanır (Musayev S., 2013:33).
1910-cu illərdən ərəb əlifbasının türk dilləri üçün uyğunlaşdırılması üzərində işləyən Ahmet Baytursunovun 1915-ci ildə Orenburqda "Til Qurah" (Dil qaydaları), 1920-ci ildə Kazanda nəşr etdirdiyi “Kazaxca əlippege bayanşı” (Qazaxca əlifbaya başlama), 1925-ci ildə Orenburqda çap etdirdiyi “Til tanıtkış” (Dil nəzəriyyəsi), 1926-cı ildə Daşkənddə çap etdirdiyi "Ədebiyet tanıtqış" (Ədəbiyyat nəzəriyyəsi) kitabları onun çoxsahəli elmi fəaliyyətindən xəbər verir. Muxtar Ayvazov isə məqalələrinin birində Ahmet Baytursunovun 1923-cü ildə “Mədəniyyət tarixi” adlı bir kitabını tamamladığını yazsa da, bu kitab haqqında bugünədək yeni bir bilgi əldə edilməmişdir. Aleksandr Nikolayeviç Kononov Ahmet Baytursunovun yazdığı qrammatika kitablarını yüksək qiymətləndirmiş, onun məşhur türkoloqlardan biri olduğunu yazmışdır. Ahmet Baytursunovun yazdığı şeirlərin və etdiyi poetik tərcümələrin sayı 100-ə çatmır. İstər satirik şeirləri, istər tərcümələri, istərsə də “Jubatuw”(Təsəlli), “Dostima hat” (Dostuma mektup), “Qazaksalti”(Qazax adətləri) və b. kimi cidd, didaktik şeirləri bədii cəhətdən o qədər də güclü olmadöğından onların təhlilinə ehtiyac duymadım.
9. Bakıda keçirilən Birinci Türkoloji Qurultayda
Ahmet Baytursunov 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda türk xalqları üçün hazırladığı əlifba layihəsini müzakirəsi üçün gəlir. Onu qurultayda böyük hörmətlə qarşılayırlar. Qurultayın ilk iclasını Səmədağa Ağamalı oğlu açır, onun qısa təbrik nitqindən sonra Əbdül Cəfərov aşağıdakı namizədlərin Qurultayın rəyasət heyətinə seçilməsini təklif edir: “1. Ağamalıoğlu, 2. Axundov Ruhulla - Azərbaycan, 3. Bartold , 4. Bəytursun (I Türkoloji Qurultayın materiallarında Ahmet Baytursunovun soyadı belə yazılıb-Ə.Ş.) - Qazaxıstan, 5. Barahov - Yakut Respublikası, 6. Borozdin - Şərqşünaslıq Assosasiyası (Bolşeviklər hakimiyyətə gəldikdən sonra, 1921-ci ildə yaratdıqları SSRİ Mərkəzi İcraiyyə Komitəsi yanında Ümumittifaq Elm Şərqşünaslıq Assosiyasıının adı qısa belə yazılırdı. İlya Nikolayeviç Borozdində (23.10.1883, Yaroslavl-13.10.1959, Voronej) həmin vaxt oradakı tarix-etnologiya şöbəsinin müdiri işləyirdi.-Ə.Ş.), 7. Cəbiyev Həbib, 8. İbrahimov Qalimcan - Tatarıstan, 9. İdelquzin - Başqırdıstan, 10. Köpürlüzadə - Türkiyə, 11. Qorxmasov - Dağıstan, 12.Nahamov İ. - Özbəkistan, 13. Naqovitsin - RSFSR Xalq Maarif Nazirliyi, 14. Oldenburq-akademik, 15. Pavloviç-Şərqşünaslıq Assosasiyası, 16.Samoyloviç-professor, 17. Tinstanov-Qara - Qırğızıstan, 18. Çobanzadə - professor, 19. Berdiyev-Türkmənistan, 20. Akçokraklı-Krım, 21. Əliyev Umar - Şimali Qafqaz, 22. Menzel-professor, Avropa alimlərinin nümayəndəsi” (1926-cı il, 2006:17-19). Əbdül Şəfərovun təklifi qəbul edilir.
Əlişir Nəvainin 500 illik yübileyi Türkoloji Qurultay keçirilən günlərə düşdüyündən “Perenqiliyev, Bəytursun, Şakircan Rəhimi, İnoqamov, Nağıyev, Lemanov, İbrahimov, Çobanzadə, Məmmədzadə, Habbitovdan ibarət bir komissiya yaradılır” ki, yubiley tədbirlərini planlasın ( 1926-cı il, 2006:127).
Orfoqrafiya, terminologiya, ana dilinin tədrisi üzrə yaradılan komissiyalara, eləcə də qurultayın qəbul etdiyi qətnamələri redaktə edəcək qrupa Ahmet Baytursunovun seçilməsi onun qurultayda necə böyük nüfuz sahibi olduğundan xəbər verir. Qurultayın çıxış edən tatar siyasi xadimi və dövlət adamı onun hazırladığı əlifbanın mətbəədə sınaqdan keçirildiyindən söz açırsa, Turaqulov martın 3-dəki onbirinci iclasda Ahmet Baytursunovun türk xalqları üçün latın qrafikalı vahid əlifbasını yaradılması əleyhinə getməsini tənqid edir.
Qurultayda Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və b. ilə görüşərək onlar vasitəsilə mühacirətdə olan keçmiş məsləkdaşları ilə əlaqə yaratmağa çalışan Ahmet Baytursunovun ərəb əlifbasını islah əsasında hazırladığı əlifba layihəsi qəbul edilimir. Səs çoxluğu ilə latın qrafikalı əlifbaya keçirilməsi qərara alınır.
10.Təqiblər, təzyiqlər və həbslər
Bir ara Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı “Ak jol” qəzetində işləyən, sonra Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyən Ahmed Baytursunovu Kommunist Partiyası üzvlüyündən çıxarırlar. Bu açıq aşkar Sovet hökumətinin nəzərindən düşdüyü demək idi.
Bütün bunlara baxmayaraq, o, yorulmadan elmi və pedaqoji fəaliyyətini davam etdir. 1928-ci ildə Ahmet Baytursunovu Almatı Qazax Universitetinə işə dəvət edir və burada qazax dili və ədəbiyyatı professoru seçilir. Lakin onun professor işləməsi çox uzun sürmür. 1928-ci ildə Qızıl Ordada çap etdirdiyi “Til jumsar” (Dilin işlədilməsi) son kitabı olur.
Bolşeviklərə aldandığını anlayan Ahmet Baytursunov maarif sahəsində çalışsa da, elmi araşdırmalarla məşğul olsa da gizlində siyasi fəaliyyətini davam etdirir. Qazaxların təkbaşına Sovetlərə qarşı duruş gətirə bilməyəcəyini görüb türk xalqlarının birg mübarizəsini planlayanlara qoşulur. Qazaxıstanda gizli millətçi təşkilatın qurulmasında iştirak edir.
Sonuc
Bolşeviklərin Qazaxıstanı və Türküstanı işğalına yardımçı olmasına, maarif və elm sahəsindəki böyük xidmətlərinə, qazax-qırğızlar üçün əlifba, fonetika, sintaksis, etimoloji sözlük və s. yazmasına əhəmiyyət verməyən Sovet KGB-si Ahmet Baytursunovu 1929-cu il mayın 4-də 30 nəfərlə birlikdə həbs edir. Onu və yoldaşlarını antisovet fəaliyyətdə, millətçi təşkilat qurmaqda suclayırlar. Bir ay keçən işgəncəli istintaqdan sonra, yəni iyunun 12-də məhkmə güllələnməsi haqqında hökm oxuyur. Səkkiz ay güllələnəcəyi günü gözləyən Ahmet Baytursunovun hökmündə dəyişiklik edilir.Güllələnmə 10 illik həbslə əvəzlənir və Solovkidəki islah-əmək düşərgələrinə göndərilir. (Aytbayev Ö., 2013:15). Xanımını - Badisəfanı da xalq düşməninin arvadı kimi Tambova sürgün edilir.
Solovki adalarındakı islah-əmək düşərgələrindəki qeyir insani davranışlar haqqında xarici ölkələrdəki mətbuat çox yazıb. SSSİ dağıldıqdan sonra keçmiş Sovetlər Birliyində də bu mövzuda çox yazıldı, çoxlu arxiv sənədləri ortaya qoyuldu. Azərbaycanlı yazıçılar Solovkiyə səfər edərək əsərləri üçün material topladılar. Mühacirlərin İstanbulda çap etdirdiklər “Bildiriş” qəzetində hissə-hissə verilmiş “Solovkidə gördüklərim” xatirəsini bu sətirlərin müəllifi bir yerə toplayaraq Bakıdakı “Günış” nəşriyyatında kitab kimi çap etdirdi. (Ağaoğlu B.E., 2004).
Bolşeviklərin qəddarlıqlarına qarşı duran, canilərlə bir həbsxanada qalmaq istəməyən, onlara siyasi məhbus statusu verilməsini tələb edən Azərbaycanlı məhbuslar ilk dəfə siyasi tələblərlə kütləvi ölüm aclığı elan edirlər. 56 gün davam edən açlığa rəhbərlik edənlərdən biri də 1923-cü illərdə Parisdəki Ali Siyasi Elmlər Akademiyasını bitirib vətənə dönmüş və 1927-ci il fevralın 28-də 10 illiyə islah əmək düşərgəsinə göndərilmiş şair Əli Yusif (Yusifzadə) olmuşdur. Aclığın 53-cü günü Gəncəli İbrahim Axundzadə və Şəkili Əlovsət (Əfsər) Nəcəfov şəhid olmuşlar. (Qəhrəmanlı N., 2010:125). Bütün bunlar Ahmet Baytursunovun gözləri qarşısında baş verirdi. Bir zamanlar millətçi görünməmək üçün özbəklərdən, türkmənlərdən, azərbaycanlılardan uzaq durmağa çalışan insanın indi olara böyük ehtiyacı vardı. Onu cəsarət edib ata bilmədiyi addımları, siyasi aksiyanı azərbaycanlılar həyata keçirirdi. İndi Ahmet Baytursunov onlara qoşulmasa da, onlarla qürur duyduğunu da gizlətmirdi.
V.İ.Lenin və 1917-ci ildə hakimiyyəti silah gücünə ələ almış bölşeviklərin öndərlərinin bir çoxu ilə yaxın dost olan, sosialist ədəbiyyatının banilərindən sayılan Maksim Qorki 1917-ci ildən sonra keçmiş dostlarının ölkədə yaratdıqları qarışıqlardan, yüzminlərlə insanı öldürdüklərindən qorxuya düşüb xaricə mühacirət etmişdi. Sovet rəhbərliyi bir neçə il çalışdıqdan sonra onu geri qaytara bilmişdi. Məqsədləri onu qurduqları dövlətin təbliğatçısına çevirmək idi. Odurki M.Qorkiyə müəyyən güzəştlər də vermişdilər. Hətta ona Solovki adalarındakı islah əmək düşərgəsinə, xalqın “buzlu cəhənnəm” adlandırdığı yerə getməsinə icazə vermişdilər.
Bu haqqda Azərbaycanın Tibb Unversidetinin müəllimi, gizli antisovet təşkilatının fəalı Mədinə Qayıbovanın (1897-1938) da bilgisi olmuşdur. Mədinə xanımı 1937-ci il dekabrın 8-də Bakıda həbs etmişdilər. İstintaq zamanı KQB müstəntiqinin suallarına cavabında Mədinə xanım demişdir ki, Maksim Qorki Solovki adalarına gedərək oradakı məhbuslarla görüşmüşdür. Düşərgələrindəki məhbuslar rəhbərliyin qorxusundan yazıcıya həqiqətləri açıq şəkildə deyə bilməmişlər. Lakin Solovkidə siyasi tələblərlə ilk ölüm aclığı elan etmiş Azərbaycandakı “Müsavat” Partiyasının üzvlərindən biri, həyatı bahasına da olsa dusdaqların çəkdikləri məhrumiyyət və gördükləri işgəncələr haqqında hazırladıqları sənədi gizlincə M.Qorkinin xanımına verə bilmişdi.(Qəhrəmanlı Nazif, 2010:124, Bünyadov Ziya, 1993:61-62). Bu sənədə əsaslanan M.Qorkinin xanımı E.P.Peşkovanın Dünya Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlətinə, eləcə də RK(b)P Mərkəzi Komitəsinə məktubla müraciət edərək faciənin böyüklüyünü anlatmış və orada həbsdə olan ziyalıların, yazıçı və şairlərin silahlı müqavimətdə iştirak etmədiklərini, azad düşüncəli sənətkarlar olduqlarına görə həbs edildiklərini göstərmişdi. O, məktublarında yazır ki, yazıçı və şairlər, sənət və elm adamları fikirlərini sərbəst söylədiklərinə görə həbs edilmişlər. Bu da nəinki SSRİ-də, həm də dünyada mədəniyyətin, elmin inkişafına, ağır zərbə vurur. Müraciət etdiyi təşkilatların rəhbərləərindən xahiş edir ki, fikirlərini sərbəst söylədiklərinə görə həbs edilmiş yazıçı və şairlər, elm və sənət adamları əfv edilsinlər. (Aytbayev Ö., 2013:16).
E.P.Peşkovanın bu məktubu ağzınadək dolmuş, yeni məhbusları qəbul edə bilməyəcək həddə çatmış həbsxanaların bir qisminin boşaldılmasına təkan vermişdir.
1934-cü ildəAhmet Baytursunov Solovkidəki həbsxanadan, xanımı Badisəfa da Tambov sürgünündən azad edilir. Onlar Almatıya dönərək çətinliklə də olsa övladları Aymatı, Kazixanı, Şolpanı müxtəlif şəhər və kəndlərdə tapıb yanlarına gətirirlər. Ahmet Baytursunovun sənədlərinin üzərinə “Heç bir peşə sahibi deyildir” yazdığına görə ona iş verən tapılmır.Ailə maddi sıxıntı içərisində qalır.
Həbs və sürgündə elmi və bədii yaradıcılıqla məşğul ola bilməyən Ahmet Baytursunov maddı sıxıntı içərisində olduğundan 1934-1937-ci illərdə də elə bir əsər yarada bilmir.
1937-ci ildə Ahmet Baytursunovu həbs edilərək Moskvadakı Butrsk həbsxanasına göndərilir. Keçmiş alaşçılardan Qabbas Nurumovla, Almuxammad Kasımovla, Alimxan Yermakovla, eləcə də Qazax Xalq Maarif Komissarı Teymurbek Jurqenevlə, RSFSR Xalq Komissarlar Sovetinin müavini Turar Rıskulovla, Bakıda yaşayan professorlardan Bəkir Çobanzadə və Qaziz Qubaydullinlə və b. ilə birlikdə antisovet təbliğat aparmaqda, Sovet dövlətini devirməyə cəhd etməkdə suçlayıb 1937-ci il dekabrın 8-də güllələyirlər.(http://lists.memo.ru/index2.htm).
1956-cı ildə repressiya qurbanlarının çoxuna bəraət verilsə də, Ahmet Baytursunova bəraət verilmədi. Heç kimə gərək olmayan, əhəmiyyətini çoxdan itirmiş bəraət ona 1988-ci ildə SSRİ-nin dağılması ərəfəsində verilir. 1998-ci ildə isə anadan olmasının 125 illiyi qeyd edilərək əsərlərinin çapı, adının əbədiləşdirilməsi üçün bəzi işlər görüldü.
Qaynaqlar
1. 1926-cı il I Bakı Türkoloji Qurultayı (2006) (Stenoram materialları, bibloqrafiya və foto-sənədlər), Ruscadan tərcümə, ön söz və şərhlərin müəllifləri: professor Kamil Vəli Nərimanoğlu, Elmi işçi Əliheydər Atakişiyev. “Çinar-Çap” nəşriyyatı, Bakı.
2. Abdırahmanov C.(1991). “Kırgızdardın 1916-cıldagı Kötörülüşü Cönündö”, Kırgızdar, Bişkek, s. 374-390.
3. Ağaoğlu B.E. (2004). Solovkidə gördüklərim(Nəşrə hazırlayan və ön söz yazan Əli Şamil), “Günəş” nəşriyyatı, Bakı.
4. Aldaşın A. (2013) Aydarmadağı janırlık-stildik erekşelikter (A. Baytursunulunun “Kırık mısalı” neqizinde), Ahmet Baytursınulı-Kazak ruxaniyatının kösemi (Xalkarlık ğılmi-teoryalık konfersntsiya materialdarı), “Eltanım” nəşriyyatı, Almatı.
5. Allabergen Kırıkbay, Nuskabayuli Carılkasın ve Orazay Fezolla.(1996). Kazak curnalistikasını tarıhı, Almatı.
6. Aytbayev Ö.(2013) Ult medenietinin xantəniri, Ahmet Baytursınulı-Kazak ruxaniyatının kösemi (Xalkarlık ğılmi-teoryalık konfersntsiya materialdarı), “Eltanım” nəşriyyatı, Almatı.
7. Baytursunov Ahmet.(1996). Cana Nizam, Almatı.
8. Bökeyhan Alihan (1994). Men Kadet Partiyasınnan nege şıgtım, Şıgarmaları, Haz. Mambet Koygeldiyev. Almatı, 261-262.
9. Bökeyhan Əlixan. (1995). Tandamalı, (Haz. R.N. Nurgaliyev), Almatı.
10. Bünyadov Ziya. (1993). Qırmızı terror, “Azərbəşir”, Bakı.
11. Cumabayev Mağcan. (1996). Şıgarmaları, (Haz.M.Bazarbay), Almatı.
12. Dulatov Mırcakıp. (1991) “Tarşılık Halimiz Hakkında Az Munacat”, Şıgarmaları, Haz.Marat Semetov ve Gulnar Dulatova, Almatı, 40-48.
13. Dulatov Mırcakıp.(1991) “Nasihat Gumimiya”, Şıgarmaları, Haz. Marat Absemetov və Gülnar dulatova, Almatı, 58-75.
14. İbraimov O. 1993, s.224. “Kızıl kırgın”, Ürkün, Bişkek.
15. İmaxanbet R.S. (2013). Ahmet Baytursınulının ömir jolı, Ahmet Baytursınulı-Kazak ruxaniyatının kösemi (Xalkarlık ğılmi-teoryalık konfersntsiya materialdarı), “Eltanım” nəşriyyatı, Almatı.
16. İsake B. (1993) “1916-cıl”, Bişkek, Ürkün.
17. Kara Füsun. (2011). 1916. Büyük Kırgız isyanı: Ürkün,Turkish studies - ınternational periodical for the languages, literature and history of turkish or turkic volume 6/2 spring.
18. Koygeldiyev Mambet. (1996). Alaş kozgalışı, Almatı.
19. Qəhrəmanlı Nazif. (2010). Vətən və istiqlal aşiqi Əli Yusif, “Avropa” nəşriyyatı, Bakı.
20. Mirzahmetov Mekemtas. (1993).Kazak Kalay Orustandırıldı,Almatı. 31.
21. Mirzahmetov Mekemtas. (1998). Turkistanda Tugan Oydar, Almatı, 51
22. Nurpeyisov Kenes. (1995). Alaş hem Alaş Orda, Almatı. 55.
23. Özdemir Emin. (2007). 20. yüzyilin baslarinda Kazakistan’da fikir hareketleri, (Doktora tezi), Gazi Üniversitesi Sosyalb İlimler Enstitüsü Tarih Anabilim Dali Türkiye Cumhuriyeti Tarihi Bilim Dali, Ankara.
24. Pirmanov Adilcan və Kapeyeva Aycan. (1997). Kazak inteligetsiyası, Almatı. 68.
25. Şamil Əli. (2013). Türkçülüyün qurbanları.(Qazaxıstan), “Elm və təhsil” nəşriyyatı, Bakı. 164 səhifə.
26. Şamil Əli. Ahmet Baytursunov. http://www.trtazerbaycan.com/trtworld/az/ newsDetail.aspx? HaberKodu=6574ae18-3d99-4c5f-9955-e712fb2afd93
27. Şimşir Sebahettin. (2009). Dünden Bugüne Türkistan Türkleri, İQ kültür Sanat Yayınçılık, İstanbul.
28. Togan Zeki Velidi.(1999), Hatıralar, Ankara, 1994.
29. Tursunov H. (1987). Urta Osiyo Kozogistonda 1916 yılı halk Kuzgoloni, Taşkent.
30. Байтурсунов Ахмет Байтурсуновичhttp://bankreferatov.kz/people/133-2009-01-13-15-58-37.html
31. Яркое светило казахской науки и культурыГордость казахского народаhttp://ksu.edu.kz/about/ego_imya_nosit_universitet/
32. http://lists.memo.ru/index2.htm
Çap olundu: Əlifba islahatçısı, folkorçu, pedaqoq, dövlət qurucusu Ahmet Baytursunov, Prof.Dr. Nuri Yüce Armağanı (editor Prof.Dr. Ali Akar), Günce yayınları, 2017, səh. 240-285.
desyatin - Keçmişdə Rusyada geniş istifadə olunan ölçü vahidi. 1 desyatin yaklasık 2.5 dönüm etmektedir.
Put- çəki vahidi. 16,3 kiloqrama bərabərdi.
Arşın- Keçmişdə içlədilmiş uzunluq ölçüsü. 71 santımetrə bərabərdir.
|