ƏMİN ABİD VƏ “KİTABİ-DƏDƏ QORQUD” HAQQINDA
Əli Hüseyn oğlu Şamil
“Kitabi-Dədə Qorqud”u ilk qeydə alan Alman şərqşunası Y.İ.Reyske (1770-ci illər) olsa da araşdırıcıların diqqətini bu abidəyə yönəldən F.F.Dits olmuşdur. Onun 1815-cı ildə “Təpəgöz” boyunu Alman dilinə tərcümə və şərhlərlə nəşr etdirməsi ətalət buzunu sındırdı. Bununla Qorqudşünaslığın əsası qoyuldu. Azərbaycanda isə bu işi Əmin Abid gördü.
Mədəniyətimizin coşğun və yorulmaz araşdırıcısı Əmin Abid (Zeynalabdin Əhmədov) 1898-ci ilin noyabrın 2-də Bakıda daşyonan Mütəllibin ailəsində anadan olub. İlk təhsilini anası molla Reyhan Adnan qızının evdə uşaqlar və qadınlar üçün təşkil etdiyi “Molla məktəbi”ndə alıb. Buruda "Qur'an”ı, Sədinin “Gülüsdan" və "Büsdan” əsərlərini, Hafizin "Divan”ını və b. kitabları orjinaldan oxumağı öyrənib. Sonra Bakıdakı Avropa tipli III Aleksandr oğlan gimnaziyasında oxuyub. 1912-1918-ci illərdə Qafqazdakı qəzet və dərgilərdə müxtəlif imzalarla şeirlər, hekayələr, məqalələr, yayımladıb, Rus və Avropa klassiklərindən tərcümələr edib. Bədii yaradıcılığa böyük qardaşı tanınmış şair, naşir, siyasi xadim Əliabbas Muznibin və anası Molla Reyhanın təsiriylə başlayıb. 1912-1922-ci illərdə yazdığı və tərcümə elədiyi bədii nümunələrin həcmi 50 müəllif vərəqindən çox olduğunu deyə bilərik.
Əmin Abid İstanbulda Darülüfunda və Darülmüllimeyi-aliyedə oxuduğu illərdə
(1919-1926) istər Türkiyədə, istər Qafqazda yayımlanan qəzet və dərgilərdə bədii yazılarla çıxış edib. Təhsil illərində elmi yaradıcılıqla da ciddi məşğul olan Əmin Abid Qafqazdakı, Türkiyədəki, İrandakı kitabxana və şəxsi kolleksiyaları araşdırmaqla kifayətlənməyib, Budapeşə, Buxarestə elmi ezamiyyələrə gedib, Avropanın unlu araşdırıcıları ilə görüşüb. Onlardan öyrənib.
Qaynaqların verdiyi bilgiyə görə Ə.Abidin6 cildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi" kitabının xülasəsin gənç macar şərqsünası Margit Paullinin ana dilinətərcümə edib. Çoxcildliyin son cildini – Azərbaycan ədəbiyyatının XX yüz illiyndən bəhs edən bölməsini diplom işi kimi müdafiə edib. Universitetin professor heyəti tərəfindən yüksək qiymətləndirən diplom işinin basılması qərarı alınıb1.
Ə.Abid 1923-1926-cı illərdə yazdığı “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”nin əlyazmasının birinci cildi Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivindədir. Şagird dəftrəinə, qara mürəkkəblə, səliqəli və seyrək xətlə yazılmış əlyazma 316 səhifədir. Əlyazmanın az qala yarısı “Kitabi-Dədə Qorqud”a aiddir. Bu Azərbaycanda “Kitabi-Dədə Qorqud”un öyrənilməsi sahəsində ilk, ciddi və elmi cəhətdən bitkin araşdırmadır2 (həmin fondda saxlanan “Azərbaycan Folkor” və b. əlyazmalarda da dastandan bəhs edilir – Ə.Ş.).
Qafqaz mətbuatında isə Ə.Abidin “Kitabi-Dədə Qorqud”la bağlı ilk qeydinə 1927-ci iləd rast gəlirik3. O, yazır: “Dədə Qorqud kitabının bu nüsxəsinin (Drezden nüsxəsi nəzərdə tutulur. Ə.Ş.) Hər nə qədər müsəlmanlığın oğuzlar tərəfindən qəbulundan sonra köçürüldüyü məlum olsa da fəqət mündəricatı istər mövzu, istər yazı üslubu etibarilə olsun tamamən vəzinli nəsr dövrünün xarakterini göstərir”.
“Heca” vəzninin tarixini araşdıran Ə.Abid “Kitabi-Dədə Qorqud”dakı şeirləri Turfan yazılarındakı və Kaşğarlı Mahmudun “Divan-i lüğət it-türk”dəki bədii nümunələrlə qarşılaşdırır. Bu qənaətə gəlir ki, öncələr on iki hecalı olmuş poetik nümunələr sonralar onbirliyə çevrilmişdir. Mövzusu dastanı araşdırmaq olmasa da belə nəhəng abidə haqqında bilgi vermədən keçinə bilməyərək yazır: “əsərin birinci nüsxəsi Drezden kitabxanasında Fleyşer kataloqunda 86 nömrə ilə müqayedir. Ötən əsrin başından alman türkoloqlarından Dits bunun üzünü köçürtmüşdür. Həmin nüsxə Berlin kitabxanasının kataloqunda 203 nömrə ilə qeyd olunmuşdur. Bu ikinci kopyanın fotosu alınaraq İstanbulda kitab halında basılmışdır”4. Bu qısa qeydlər “Azərbaycan mətbuatında “Kitabi-Dədə Qorqud”un saxlandığı yer haqqında ilk bilgi olmaqla yanaşı, dastanla maraqlananlara, onu araşdırmaq istəyənlərə bir istiqamət, yol göstərəndir.
Əmin Abid 1928-ci ildə tamamladığı “Türk xalqı ədəbiyyatında mahnı növü və Azərbaycan bayatılarının xüsusiyyətləri”5 (həcmi iki müəllif vərəqindən çox olan araşdırmada türk, tatar, qaqauz, özbək və b. ellərdən toplanmış, mahnı, bayatı, cır aşülə və s. adlandırılan beş min dördlük qarşılaşdırılır, sənətkarlıq xüsusiyyətləri, tarixi öyrənilir – Ə.Ş.), “Azərbaycan ədəbiyyatı Tarixi ətrafında”6 “Səlcuq dövlətinin daxili quruluşuna dair”7 və b. yayımlanan məqalələrində oğuzlardan, “Kitabi-Dədə Qorqud”dan bəhs etsə də dastanın araşdırılmasına ayrılıqda iki məqalə həsr etmişdir.
Oğuzlar, onların yaşadıqları ərazi və yaratdıqları əbədi nümunələr, xalq şairləri – ozandan geniş bəhs edən Ə.Abid yazır: “Oğuz türkcəsində ozan xalq şairi deməkdir. Bunlar qopuz deyilən əski saz çalaraq, mənqəbə və dastanlar oxurlardır. XIV əsrə qədər bizim məmləkətimiz ilə Şimali İrandakı Azərbaycan türkləri arasında bunların yaşadığını bilirik”8.
Atam ozan olubdur,
Dərdə dözən olubdur.
Quş dili bilməz canım,
Ərizə yazan olubdur.
Naxçıvan
Evimə ozan gəlib,
Pərdəni pozan gəlib.
Gündüz olan işləri
Gecələr yazan gəlib.
Gəncə
Qızım, qızım, qız ana,
Qızım verrəm ozana.
Ozan axça qazana,
Qızım geyə bəzən.
Şəki9
Ozanların xalq arasında böyük nüfuz olduqları, bu gələnəyin hələ də yaşadığını söyləyən araşdırıcı yazır: “Aşıqlar da əski ozanlar dövründən qalma ənənələrin davamı olaraq xalq arasında möhtərəm adamlar sayılmaqdadır. Onlar hər ocaq üçün öz adamı kimi olmuşdur. Xalq kütləsi aşığı ailəsi müqabilində saymışdır. Buna görədir ki, xalq arasında aşıqlar “aşıq el atasıdır” kimi məsələlər meydana gəlmişdir”10. Ə.Abidin fikrincə ozan – aşığın adı qarşısına dədə, baba, yaxud ata sözləri əlavə olunması, xalq qəhrəmanları dastanlarında aşıq kimi çalıb-oxuyan təsviri ozana sonsuz hörmətin nəticəsidir. Oğuzlar arasında mövcud dastanları yazıya alan və ya köçürən katib də bu xalq incilərinə Dədə Qorqud kitabı adını vermişdir. Ozan xalqın ən yaxın məsləhətçisi, müdrik ağsaqqalı, müqəddəs saydığı şəxsiyyətdir. Araşdırıcı ozanın xalq tərəfindən ilahi qüvvəyə malik şəxsiyyət səviyyəsinə, qaldırıldığını, hətta, rəvayətə görə Azərbaycan dilini tərtib edənin Dədə Qorqud olduğunu söylədikdən sonra M.F.Axundovun arxivindən tapılmış məşhur bir bəndlik “Ayrana doyuran demədim, mən Dədə Qorqud” şeirini verir11.
“Dan ulduzu” (Tiflis) dərgisində yayımlanan “Türk el ədəbiyyatına elmi bir baxış. Oğuznamə”12 (prof. Somoyloviçə qeydi ilə verilib – Ə.Ş.). Abidin mətbuatda “Kitabi-Dədə Qorqud” haqqında ilk geniş həcmli araşdırmasıdırsa, ikinci araşdırması “Azərbaycanı örgənmə yolu” dərgisindəki “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına aid vəsiqələrdir”13 (folklorçularımız bundan bəhrələndiklərinə dair qeydlər var. Nədənsə əksər araşdırmaçılar birinci məqalədən bəhrələndiklərini yazmırlar – Ə.Ş.).
Ə.Abid yazır: “Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı naminə tapa bildiyimiz ən əski əsəri deməkdir”14. O, bu cümlənin üzərində işarə qoyaraq səhifənin aşağısında qeyd verir: “Son günlərdə çapdan çıxan “Ədəbiyyatdan iş kitabı” adlı dərs kitabında “Musaxanlı Atababa imzalı bir məqalədə mənim ilk dəfə olaraq irəli sürdüyüm bu fikir eynilə kopya edilmiş və məndən alındığına aid heç bir işarə qoyulmamışdır. Halbuki bu fikri 27-ci ildə Bakı Darülfünunda verdiyim məruzədə irəli sürdüyüm kimi, yenə eyni sənədə Bakı Pedaqoji Texnikumunda və 28-ci sənədin başlanğıcında Bakı Maarif Evi ədəbiyyat dərnəyində “Azərbaycan ədəbiyyatının başlanğıcı” mövzusunda verdiyimi məruzədə təkrarlamışdım. Bundan başqa 1927-ci ildə Ruhulla Axundov yoldaşa təslim etdiyim “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlı əsərimdə uzun-uzadı izah edilmişdir”15.
Bu qeyd Ə.Abidin Dədə-Qorqud haqqında məqalələr yazmaqla kifayətlənməyib, araşdırmaları barədə mühazirələr və məruzələr oxuduğunu, necə deyərlər təbliğatla da məşğul olduğunu göstərir.
“Kitabi-Dədə Qorqud” Azərbaycan araşdırıcıların əksəriyyəti dastanın Azərbaycanla bağlılığını sübuta çalışarkən böyük rus şərqşünası, akademik V.V.Bartovun 1930-cu ildə dərc etdirdiyi “Türk eposu və Qafqaz” məqaləsindəki “Qorqud adı ilə bağlı olan epik silkin Qafqaz mühitindən kənarda yaranmış olduğunu təsəvvür etmək çətindir”16 cümləsinə istinad edirlər. Halbuki Ə.Abid 1928-1929-cu illərdə yayımlatdığı məqalələrində yazırdı: “Qorqud kitabındakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlər də eski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir. Masalların içində zikr olunan və zəmanəmizcə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim. Mardin qalası, Bayburt hisarı, Ağ hisar, Ağbaza, Gürcüstan ağzı, Göyçə dənizi, Gəncə, Dəmirqapı, Qara Dərvənd, yaxud Darvand... Bu yerləri xəritə üzərində bir-birinə bağlasaq bu nəticəni əldə edərik: İndi Şərqi Anadolu adlanan, əski Ermənistan və Qara dənizdən Dərbənd şəhərinə qədər uzanan bir sahə... Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdusa da vəkələrin gedişindən Şimali İranın (Cənubi Azərbaycanın) da bu sahənin cənub ətəyini təşkil etdiyini təxmin edəriz. Məsələn, Dərbənd və Gürcüstana kafirləri çapıb yağma etməyə gedərkən axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhirləri ilə qollarıdır”17.
Ə.Abidin Dədə Qorqudla bağlı araşdırdığı mənbələr arasında XIII yüzil tarixçisi Əbdül-Həqq ibni Süleymanül Azərbaycanının, Süleyman Üzbəkil Buxarinin, Rəşəddinin Əbülqazi Bahadırın əsərləri, 1638-ci ildə Dərbənddə Qazan xanın məzarını olduğunu söyləyən saksoniyalı Olearusun, 1722-ci ildə I Pyortla Dərbəndə gəlmiş Kantemirin, XVII yüzil səyyahı Evliya Çələbinin səyahətnamələri, Bursalı Məhəmməd Tahirin yazıları, Fon Ditsin 1815-ci ildə basdırdığı “Həzətür risalə min qəlimati Oğuznamə əl məşhur atalar sözü”, XIII yüzil tarixçisi Aybədid Dəvadərinin “Dorril tican” (tacların dürləri deməkdir) əsəri və s. vardır.
“Kitabi-Dədə Qorqud”un Azərbaycan araşdırıclarının əksəriyyəti yuxarıdakı mənbələrə dönə-dönə müraciət etmiş və Ə.Abidin söylədiyi fikir mübahisə doğurmamışdır. Təpəgözdən söhbət gedəndə araşdırıcılar bu əsrə müraciət edir və M.F.Köprülüzadənin “Türk ədəbiyyatında ilk mutasarrıfları”ndan məşhur parçanı köçürürlər.
Ə.Abid M.F.Köprülüzadənin, yoxsa: “Bu kitab (söhbət “Dorril tican” əsərindən gedir – Ə.Ş.) haqqında ilk yazı yazan Misirli Əhməd Zəki Paşa adlı birisidir. Məqaləsi “Arxive dAciatique”dədir. Türkcə mətbuatda ilk əks etdirən İstanbul müəllimlərindən M.Cevdetdir. (“Yeni məcmuə”nin fövqəladə nüsxəsi etmişdir. (“Türk ədəbiyyatında ilk mütəsəvviflər” səh. 1279-208). Gənc müdəkkiklərdən Hüseyn Namixin “Yeni məcmuə”nin son nüsxəsində ilk məqaləsi bu mövzuya həsr olunmuşdur. Bartoldun... bir çox yazılarından o vaxta qədər bu kitabı görmədiyi anlaşılır. Misirdə-Şamda hökmdarlıq etmiş Məlik Nəsirəddinin (1293-1340) saray məmurlarından olan Əyu Abdullah ibn Aybək Dəvadəri “Kənz əd dürər və cami əl-qürər (Dürlər xəsinəsi və secilmişlərin toplusu) əsərində “Oğuznamə”dən geniş bəhs etmişdir. O yazır: “...Hicri 709 tarixdə (miladi 1308) atam idarə mərkəzi Bilbas olan Şərq vilayətinin valisi idi. Tatarlarla aid bir neçə alimlə yapdığım münaqişədən sonra yoldaşlarımdan Əminəddin-ül Həməvi mənə bir kitab göstərdi. Bu kitabın yeganə nüsxə olduğunu əmin Bədrəddin Beysəri tərəfindən özünə verildiyini əlavə eylədi.
Əsər naxışlı və ulduzlu (miniatürlü) idi. yazısını Əli İbn Hilal-əl Bəvval adında xəttarın bir şagirdi yazmışdır. Kitabın Bağdad şəhərində yapılmış ipəkdəndi, cildi də sarı rəngdə ipəkdən işlənmişdi. Kitabın altından ayrıca bir qapağı da vardı. Yoldaşlarım Mənsur-ül Abbas, Əminəddin-ül Həməvi və şair Cəmaləddin ibn Zeytuni ilə birlikdə oturub əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildiyi parçaları mən kopya etdim. Silinmiş hissələri çox olduğundan bir takım yerlərini oxuya bilmədik.
Kitabdakı izahatdan anladıq ki, Cəbrail ibni Baxtişu tərəfindən tərcümə olunmuşdur... Baxtişun əlavəsinə görə “Oğuznamə” əvvəlcə türkcədən farscaya tərcümə edilmiş və sonra özü tərəfindən hicri 211 tarixdə (miladi 826) farscadan ərəbcəyə tərcümə olunmuşdur. Bu farsca nüsxə isə məşhur Əbi Müslüm Xorasaninin xəzinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. Boxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyləmişdir”19.
Milliyyətcə türk olub, ərəbcə yazan Dəvadari “Dorril tican” əsərində yazır: “əski türklər arasında iki kitab var. Bunlardan birisi “Ulu xan Bitqiçi” deyilən kitabdır. Bu kitab ilə moğollar və qıpçaqlar iftixar edirlər. O biri türklərin də “Oğuznamə” adlı kitabı vardır. Bu kitab türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqda biliyim vardır”20.
Dəvadari də “Oğuznamə”dən bəhs edərkən yazır: “Burada bu qövmün ilk xruclarını və onlara aid umrun ibtidasın zikr etmək istərdik ki, bu xüsusda öz kitablarında (“Oğuznamə” nəzərdə tutulur – Ə.Ş.) da məlumat vardır. Fəqət onların bəziləri şəriətimizcə caiz deyildir. Ə.Abid “Kitabi-Dədə Qorqud”dakı “Qəmbörənin oğlu Bamsı Beyrək boyu” və “Basat Təpəgözü öldürdiyi boyu” “Dorril tican”dakı “Təpəgöz” hekayəsilə qarşılaşdırılır, hər iki boyu “Təpəgöz” hekayəsinin əsasında yarandığını söyləyir. Bu paralellərə uyan araşdırmaçı “Kitabi-Dədə Qorqud”lu Dəvadərinin ərəbcəsini gördüyü “Oğuznamə”nin bir hissəsi hesab edir və bu abidənin miladi V-VI əsrdə yazlıya köçürüldüyünü fikrini irəli sürür.
Əmin Abid “Dorril tican”da “Türklərin and üsulu”, “Altunxan”, “Arslan hekayəsi” olduğunu yazır. Əhməd Yəsəvinin şeirlərindən, Hacıb Yusifin “Kudatqu bilik”indən, Kaşğarlı Mahmudun “Divan-i luğat it-türk”ündən, Əlinin “Yusif və Züleyxa”sından və başqa mənbələrdən gətirdiyi misallarla X-XI yüzildə türkdili xalıqların ədəbiyyatında şeirin özünə möhkəm mövqe qazandığını söyləyir.
Görünür ki, Ə.Abidin “Tarix-i ali Səlcuq”un nəql etdiyi məlumat Qorqud kitabının müqəddiməsinən başqa bir şey deyildir. O halda “Tarix-i ali Səlcuk”un XV əsrin ilk yarısında yazıldığına bakılarsa “Kitabi-Dədə Qorqud”un XVI əsrdə yazıldığını iddia edənlərin hökmlərindəki zəiflik öz-özünə meydana çıxar... Qorqud kitabının başında görülən cümlə kitabın Osmanlı hökumətinin təşkilindən sonra yazıldığını deyil, kopya edildiyini göstərir”21 fikirləri ilə razılaşmamaq mümkün deyil.
Vaxtilə Təbrizdə mükəmməl bir “Oğuznamə” nüsxəsinin olduğunu, Həsən ibn Mahmudun “Cami-Cəmayin” adlı əsərini yazarkən 886 (1481-ci il) ondan istifadə etdiyini və 1660-1661-ci illərdə “Şəcərey-i tərakimə”ni yazmış Əbülqazi Bahadırın “Türkmən mollaları, şeyxləri, bəyləri mənim tarixi yaxşı bildiyimi eşidib dedilər ki, bizim içimizdə oğuznamə kop tutur, amma heç yaxşısı yox, barçasa da qelət və birisi-birisilə müvafiq irmas”22 qeydləri, elm aləminə “Topqapı mətnləri” kimi tanınan yazılar, eləcə də bu gün bizə məlum olan “Kitabi-Dədə Qorqud” eposunun adı əvəzində yazılmış “Kitabi-Dədəm Qorqud əla lisan tayifeyi Oğuzan” (Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı) cümləsi də göstərir ki, “Oğuznamə” şərqdə, istər yazılı, istərsə də şifahi şəkildə yalnız oğuzlar arasında deyil ərəblər, farslar və başqa xalqlar arasında da geniş yayılıbmış.
“Kitabi-Dədə Qorqud”u köçürən katib bu eposun müxtəlif dillərdə tərcüməsi ilə tanış olduğu üçün oxucu çaşmasın deyə əsərin üzərində “Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı” sözlərini yazmışdır.
Bizcə Ə.Abid “Kitabi-Dədə Qorqud”un “Oğuznamənin” bir hissəsi hesab etməklə yanılmırdı. Lakin o, bu gün bizə məlum olan “Kitabi-Dədə Qorqud”un Dəvadarinin gördüyü “Oğuznamə”dən köçürüldüyünü söyləməkdə yanılırdı.
Bizcə “Kitabi-Dədə Qorqud” Dəvadarinin qeyd etdiyi “Oğuznamə”dən köçürülməsə də hər iki əsər eyni kökdən su içmişdir. “Basatın Təpəgözü öldürdüyü boyu bəyan edən” boyundakı “Oğuz xanın ilxıçısı gəlib xəbər gətirdi” cümləsi də abidənin qədimliyinə dəlalət edir. Bizcə bu cümləni katiblərin səhvi hesab etmək doğru deyil. Görünür bu boyda əvvəllər Oğuz xandan, onun oğlanlarından söhbət gedirmiş. Sonralar Oğuz xanı Bayandır, Qazan, Oğuz xanın oğlanları, arvadı düşmənləri də başqa-başqa adlarla adlandırılmağa başlamışdır.
“Kitabi-Dədə Qorqud” haqqında 1815-ci ildən 1930-cu ilədək yazıçıları nəzərdən keçirən Ə.Abid “yuxarıda yad edilən bütün mənbələr Bartoldun ilk məqaləsindəki qısa sətirlər müstəsna olmaq şərtilə Qorqud kitabının dil və ədəbiyyat tarixi mövqeyi nəzərindən əhəmiyyət və qiyməti təhlil ediləcək ümumi mahiyyətdə deyil”23 qənaətinə gəlir. Araşdrıcı eposu 1916-cı ildə İstanbulda nəşr etmiş müəllim Rüfət bu gün bizim başa düşdüyümüz (şillə üzünə və s.) sözləri düzgün oxuya bilmədiyi, Osmanlı ləhcəsinə görə təhlil etdiyini, əsərin adını “Kitabi-Dədəm Qorqud əla lisani tayifeyi Oğuzan” şəklində deyil, “Kitabi-Dədə Qorqud əla lisani tayifeyi Oğuzan” kimi oxunması və eləcə də alman şərqşünaslarının kitabda olan “Osman paşanın vəfat tarixi 993 qeydinə əsaslanıb XVI əsr əlyazması hesab etmələri və M.F.Köprülüzadənin müəyyən vaxt göstərməyərək “Kitabi-Dədə Qorqud”u Osmanlı dövlətinin təkinindən sonra yazıya alınması”24 fikri ilə razılaşmayaraq yazır: birisi doğuldumu və ya öldümü, və yaxud zəlzələ, aclıq-xəstəlik, istilah kimi mühüm hadisələr zühr etdimi, vaqiənin tarixi ailənin böyükləri və yaxud oxumaq biləni bir iki sətirlə evdə bulunan bir kitabın başına və ya sonuna qeyd edirdi.
... Ola bilər ki, Osman paşanın vəfat tarixi qeyd edilən çox köhnə zamanda yazılmışdır”25.
Ə.Abid araşdırmalarını yekunlaşdıraraq yazır: “Oğuznamə nağıllarının hicri tarixinin ilk əsrlərindən başlayaraq XVIII əsrə qədər Azərbaycanlılar arasında qəti surətdə isbat etməkdədir” – və qeyddə əlavə edir: “Azərbaycan Proletar Yazıçıları Cəmiyyətində açılan ali dərəcəli ədəbiyyat seksiyasında idarə etdiyim məşğuliyyətlər arasında “Oğuznamə”nin mündəricatını təmin edərkən gənclərədn birisi bu mövzulardan bəzilərinin indi belə kəndlərimiz arasında yaşadığını söyləmiş və yaxında bunu təsdiq edib verəcəyini vəd etmişdir”26. Zəmanəmizdə yaşayan xalq nağılları səlahiyyət sahibi türkoloqlar tərəfindən tədqiq edilərsə əski mənkəbələrimizin təsirlərinin bulunduğunu tapmaq və yaxud onların başqa şəkillərə girdiyini görmək ehtimaldan uzaq deyildir”27. Sonralar aparılan geniş araşdırmalar Ə.Abidin mülahizələrinin doğruluğunu bir daha sübut etdi.
Azərbaycanda “Kitabi-Dədə Qorqud” haqqında Avropada, Rusiyada, Türkiyədə yazılanları orijinaldan oxuyub araşdıran, zəngin biblioqrafiya yaradan ilk alim Əmin Abid olmuşdur. Onun 1923-1930-cu illərdə “Kitabi-Dədə Qorqud” üzərində ardıcıl çalışdığına aid sənədlər kifayət qədər tapa bilməməyimiz onun mövzudan uzaqlaşması, işini bitmiş sanması demək deyildir. Ə.Abidi tanıyanlar həmin illərdə “Kitabi-Dədə Qorqud” mövzusunda daha ardıcıl araşdırmalar apardığını söyləyirdilər. Bəs həmin araşdırmaların nəticəsi hanı? Görünür, bu mövzuda daha ciddi araşdırmalar aparmaq lazımdır. Buna dövr və zaman da imkan verir.
Qaynaqlar
1. Şahbazov Əli. “İstanbul Darülfünunda Azəri Ədəbiyyatı tarixi. (Türkiyə məktubları. Əmin Abidin “Azəri-türk ədəbiyyatı tarixi” adlı elmi əsərinin İstanbuldakı Darülfünunda müdafiə etməsi haqqında) “Yeni fikir” qəzeti (Tiflis), 1926-cı il, 9 yanvar”. Yenə həmin yazarın “İstanbul Türkiyə Cümhuriyyətində bir azərbaycanlı. İstanbul məktubları. “Yeni fikir” qəzeti. (Tiflis), 1926, 2 iyul.
2. Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivi fond 170, siy.1 iş 1.
3. Abid Ə. “Heca vəzninin tarixi” (Ədəbiyyat teoriyası haqqında), “Maarif işçisi” dərgisi, 1927-ci il, sayı 3, səh.50-55, sayı 4, səh.58-61, sayı 6-7, səh. 45-62.
4. 3-cü qeyd, sayı 3, səh 52.
5. Abid Ə. “Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri”, “Azərbaycanı öyrənmə yolu” dərgisi, 1930-cu il, sayı 4-5, səh.9-12.
6. Abid Ə. “Azərbaycan ədəbiyyatı tarixi ətrafında”, “İnqilab və mədəniyyət” dərgisi, 1929-cu il, sayı 1, səh.45-47.
7. Abid Ə. “Səlcuq dövlətinin daxili quruluşuna dair”. “Azərbaycanı öyrənmə yolu” dərgisi, 1930-cu il, sayı 1(6), səh. 57-61.
8. 3-cü qeyd, sayı 3, səh.53.
9. 5-ci qeyd, səh.12 və 12-ci qeyd sayı 8 (32) səh.28.
10. Abid Ə. “Azərbaycan folkloru”, 2-ci qeyd, fond 170 siy.1, iş 9, səh.64
11. 7-ci qeyd, səh.35.
12. Abid Ə. “Türk el ədəbiyyatına elmi bir baxış. “Oğuznamə”, “Dan yılduzu” dərgisi (Tiflis), 1929-cu il, sayı 5(29) səh.30-32, sayı 8 (32) səh.28-29.
13. Abid Ə. “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələri”, “Azərbaycanı öyrənmə yolu” dərgisi, 1930-cu il, sayı 3, səh. 48-52.
14. 12-ci qeyd, səh.30.
15. 12-ci qeyd, səh. 29.
16. V.V.Bartold . “Soçinenie”, V tom. Moskva, 1972.
17. 12-ci qeyd, sayı 5 (29) səh.3.
18. 12-ci qeyd, sayı 5 (29) səh.31, 13-cü qeyd, səh.52.
19. 12-ci qeyd, sayı 5 (29) səh.31,
20. 12-ci qeyd, sayı 5 (29) səh.31.
21. 13-cü qeyd, səh.52.
22. Ə.Bahadurxan. “Şəcəreyi-tərəkəmə”. Moskva, 1958, səh.14
23. 13-cü qeyd, səh.52
24. M.F.Köprülüzadə. “Türk ədəbiyyatının ilk mütəsəvvüfləri”, İstanbul, 1926.
25. 13-cü qeyd, səh.52.
26. 12-ci qeyd, sayı 8 (32) səh.29.
27. 13-cü qeyd, səh.49.
Çap olunub: Əmin Abid “Kitabi-Dədə Qorqud haqqında”, “Milli folklor”dərgisi, (Ankara) 1998, sayı 38, səh. 46-51.
|