Qafqazda Qaqauz izləri və bölgə xalqlarinin dini inanclarina dair bəzi mülahizələr

Əli Şamil,

AMEA Folklor İnstitu direkturunun

xarici əlaqələr üzrə müşaviri,

ali.shamil94@gmail.com

 

QAFQAZDA QAQAUZ  İZLƏRİ VƏ BÖLGƏ XALQLARININ DİNİ İNANCLARINA DAİR BƏZİ MÜLAHİZƏLƏR

 

Özət: Bir dillər muzey olan Qafqaz çoxsaylı xalqların və etnik qrupların yaşadığı bir bölgədir. Burada yaşayan xalqlar həm də dünyanın üç böyük dininə və onun təriqətlərinə inanmaqla yanaşı qədim dinlərin yaranmasından öncəki inanclarını da qoruyub saxlaya bilmişlər.  Bu da arşdırıcıya tariximiz, mədəniyyətimiz haqqında bilgi verir.

 Bu bilgilərə dayanaraq Qafqazda xiristian dininin qriqorian və provaslav təriqətinə itaət etmiş türklər, tatlar, udunlər, eləcə də iudeis inanclı tatlar yaşadığını söyləmək mümkündür. Hə də bölgədə qaqauz izlərinə rast gəlinir.

Zəngin folklore olan qaqauzların yazılı ədəbiyyatı 19-cu yüzildən başlasa da 20-ci yüzilin ikinci yarısından formalaş mışdır. Azərbaycanda da qaqauzların tanıdılmasına 20-ci yüzildən başlansa da orta çağ qaynaqlarında burada Qaqauz kəndinin olduğu göstərilir.

İndiki Moldova Respublikasının bir hissəsi olan Qaqauz Yeri Muxtar Respublikasının başkəndi Komratdır. Bölgə bu gün də xalq arasında və coğrafi vahidlərdə Bucaq adlanır. Azərbaycanın Qəbələ rayonunda da Komrat adlı dağ və pir, ocaq var. Həmin bölgədə 20-ci yüzilin başlarında 10 dan çox Bucaq kəndi olmuşdur. İndi onların sayı azalsa da, bucaq adını yaşadan başqa toponimlər də qeydə alınmışdır.

Açar sözlər: Qafqaz, Qaqauzlar, Komrat, Bucaq, dinlər və inanclar

 

     Giriş

Qafqazı dillərin muzeyinə bənzətmək olar. Dünya xəritəsində çox kiçik olan bu bölgədə yaşayan çoxlu xalqlar və etnik quruplar  müxtəlif  dillərdə danışırlar. Onlar qonşu xalqlar və etnik quruplarla ünsiyət qurmaq üçün tarixin müxtəlif dövürlərində fərqli-fərqli dillərdən istifadə etmişlər. 19-20-ci yüzillərdə bölgədəki xalqların və etnik qrupların dillərinin öyrəniməsinə diqqət artsa da onların dini inancları gərəyincə öyrənilməmişdir.

Bu da azsaylı xalqlara və etnik qruplara ağır zərbə vurmuş, onların məhv olmasına tarix səhnəsindən silinməsinə gətirib çıxarmışdır. Belə ki, bölgədə əsasən üç din- müsəlman, xristian, iudaizm və  bu dinlərin müxtəlif təriqətləri hakim olmuşdur. Bilgisizlikdənmi, yoxsa imperialis dövlətlərin yeritdiyi siyasətdənmi üç din və fərqli təriqətlərinə inanan azsaylı xalqlar və etnik qruplar erməni, gürçü, azərbaycanlı kimi göstərilməyə başlanmışdır.

Nəticədə Alban klisəsinə bağlı olan xalqlar, qiriqorian inançlı türklər və tatlar, provaslav inanclı türklər türklər yox olmuş, ibere-qafqaz dilli udunlər, türk dilli urumlular(bu xalqı gürcülər berzen, rusdilli qaynaqlar yanlış olaraq qreklər adlandırırlar), tat dilli iudeislər( onlar da yanlış olaraq yəhudi, yevrey adlandırırlar) yox olmaq üzrədilər.

Unutmamalıyıq ki, xalqlar və etnik qruplar yox olsalar da onların mədəniyyətinin izləri yaşayır. Bunu qaynaqlarda qriqorian inanclı olduqlarına görə yanlış olaraq erməni, pracoslav olduqlarına görə gürcü adlanırılmış qafqaz xalqlarını və etnik qruplarını misal göstərmək olar. Son illərdə aparılan araşdırmalar bir daha isbatladı ki, qiriqorian inanclı xalqların heç də hamısı ermənilər (haylar) deyilmiş.

Bu gün qaqauzlar dedikdə adətən Moldovada, Ukraynada, Ruminiyada, Bolqarıstanda və b. ölkələrdə yaşayan bir xalqı düşünürük. Qaynaqlar və etnoqrafik ekspedisiyalar isə onu göstərir ki, Qafqazda da xiristian inanclı qaqauzlar yaşayırmış.

 Çağdaş statistik qaynaqlarda qa­qauzlar haqqında verilən bilgilər bir-birindən o qədər də fərqlənmir. Ək­səriyyətində yazılır ki, türk xalqı olan qaqauzlar əsasən Moldova, Ukrayna, Qazaxıstan Respublikalarında, Quzey Qaf­qazda, eləcə də Bolqarıstan, Rumıniya, Yunanıstan, Türki­yə və Amerikada yaşayırlar. Dindarları xristianlığın ortodoks (pravoslav) təriqətinə inanan qaqauzların sayı 200 min nəfər­dən çoxdur. Moldova Respublikasındakı Qaqauz Yeri Muxtar Vilayətinin 26 kəndində və Komrat, Çadır-Lunqa, Vulkaneş rayonlarında toplu, Bessarabka rayonunda bolqar, ukraynalı, moldav xalqları ilə qarışıq yaşayırlar. Qaqauzlar 1994-cü il dekabrın 23-də Qaqauz Yeri Muxtar Vilayətini qurmuşlar və türk dilinin güney-batı (oğuz) ləhcəsində danışırlar. 1957-ci ildən 1993-cü ilədək kiril əlifbası əsasında yaradılmış əlifba­dan istifadə etmişlər. Sovetlər Birliyi dağıldıqdan sonra bir çox türk xalqları kimi onlar da 1996-cı ildən latın qrafikalı əlifbaya keçmişlər (Dünya xalqları, 1998:89).

 

1.      Azərbaycan qaynaqlarında Qaqauz kəndi

 

Sovetlər Birliyi dağıldıqdan sonra əsarətdə olan xalqlar azad­lıq əldə etmələrindən yararlanaraq tarixlərinə, mədəniy­yətlərinə dair olduqca dəyərli araşdırmalar aparmaqla yanaşı, qaynaqları da nəşr etməyə başladılar. Bu da ərəb, fars dillərini, əski əlifbanı bilməyən, arxivlərə getmək imkanı olmayan araşdırıcıların da işini asanlaşdırdı. Akademik Ziya Bünyadov və tarix elmləri namizədi Hüsaməddin Məmmədov (Qara­man­lı) İstanbulda Başbakanlık arxivində saxlanan, Azərbaycan ta­rixinə aid qaynaqlardan bir qismini 1996-cı ildə Bakıda «Elm» nəşriyyatında kiril əlifbası ilə çap etdirdilər (İrəvan, 1996).

Bu qaynaq bir vergi dəftəridir. 16-cı yüzilin sonlarında Sə­fəvi və Osmanlı dövlətləri arasında doqquz il sürən savaş 1590-cı il anlaşması ilə başa çatmışdır. Səfəvilərin quzey-batı bölgələri Osmanlı dövlətinin tərkibinə qatılmışdır. Yeni bölgədə vergi toplanmasını nizama salmaq üçün Osmanlı mə­murları siyahıyaalma keçirmişlər. Bu siyahıyaalma dəftərlə­rindən biri «İrəvan əyalətinin müfəssəl dəftəri» adlanır. Dəf­tərin 210-cu səhifəsində İrəvan əyalətinin Karni nahiyəsində Qaqauz adında bir kənd olduğu göstərilir (İrəvan, 1996:171). Daha sonrakı dövrlərdə isə bu bölgə Səfəvi və Osmanlı savaşlarında əldən-ələ keçir. Osmanlılar bu bölgəni təkrar zəbt etdikdə, yəni 1728-ci ildə vergi dəftərini yeniləşdirirlər.

Bölgənin tarixini öyrənən araşdırıcı Əziz Ələkbərli yazır: “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Karni nahiyə­sinin Qaqauz kəndi, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə həmin nahiyənin Kafavus kəndi kimi qeydə alın­mış­dır, lakin dəftəri çapa hazırlayanlar kəndin adını düzgün oxuya bilmədiklərindən Kafavus adından sonra sual (?) işarəsi qoy­muşlar. Kənddə Həsən adlı şəxsin timarından dövlətin müxtəlif vergilər şəklində ildə 3.000 ağca gəlir götürdüyü də həmin bəlgədə göstərilmişdir.

İ.Şopen (1832) isə Kakavus adını Gərnibasar mahalının kənd­ləri siyahısında vermişdir ki, bu da onun 1826-1829-cu il­lərdə Rusiya-İran, Rusiya-Osmanlı savaşları zamanı böyük dağıntılara məruz qalmasından irəli gəlirdi” (Ələkbərli Ə., 2002:449).

Əziz Ələkbərli Budaq Budaqov və Qiyasəddin Qeybulla­yevin Qaqauz toponimini Orta Asiya türklərinin dillərindəki “qala xarabalığı” anlamında “kaka” sözündən və yunan dilin­dəki “us” şəkilçisindən ibarət olması fikri ilə razılaşmır. Onun fikrincə, adın hər iki komponenti türk dilindədir. Fikrini də belə izah edir: “…burada söhbət Qaqauz (Qaqa-uz, yəni “ata uz”, “böyük uz”) türklərinin adından gedə bilər və getməlidir. Qərbi Azərbaycan ərazisində uz tayfasının adı ilə bağlı to­po­nimlərə nə qədər tez-tez rast gəlinməsi barədə bu kitabın I cil­dində, Vedibasar mahalı ərazisindəki bəzi kəndlərdən (Kotuz, Küsüs, Heyranus, Hakıs və s.) danışarkən ətraflı bəhs etmişik. Bununla belə, bir daha xatırlatmaq istəyirik ki, toponimlərdəki uz komponenti bir necə anlam daşıya bilər: 1. əski türk tay­fa­larından olan uz tayfasının adını; 2. tərəf, yan anlamını; 3. türk dillərindəki “dərə” anlamını; 4. cəm şəkilçisi kimi.

Son olaraq xatırladırıq ki, “İrəvan əyalətinin müfəssəl dəf­təri”ndə (1590) Kavis adlı kəndi, İ.Şopendə (1832) isə Kavus­dar (Gavuslar –Ə.Ə.) adlı monastır da qeydə alınmışdır ki, biz bütün bu toponimləri eyniköklü hesab edirik” (Ələkbərli Ə., 2002:449).

Bu bölgədən XX yüzildə türklər qovulmuş, yerində Rusiya­nın yardımı ilə Ermənistan Respublikası qurulmuşdur. İndi orada Qaqauz adında kəndə rast gəlinmir. Bolqarıstanın baş­kəndi Sofiyada Kiril və Mefodi kitabxanasında «Dəftəri-sicili-livayi-İrəvan» adlı bir vergi dəftəri də mövcuddur. Bu bəlgəni görmədiyimiz üçün orada Qaqauz adında kəndin olub-olma­dığından xəbərsizik.

 

1.1. Azərbaycanda qaqauzlar haqqında

Azərbaycan mətbuatında qaqauzlar haqqında ilk bilgiyə 1930-cu ildə rast gəlinir. Ədəbiyyatşünas alim, 1938-ci ildə, 40 yaşı tamam olmamış repressiyaya məruz qalmış  Əmin Abid 1928-ci ilin oktyabrında tamamladığı “Türk xalq ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xü­susiyyəti” məqaləsində beş min bayatı-mani üzərində araş­dır­ma aparmışdır (Abid Əmin, 1930, 4-5(9-10):9-42). O, Tür­kiyə, İraq türkmənləri, özbək, qazax, tatar və digər türk xalq­ları arasında geniş yayılmış olan dördlüklərin tarixini incələ­miş, müqayisələr aparmış və nəticədə fərqli coğrafiyalarda yaşayan və fərqli adlar daşıyan dördlüklərin köklərinin eyni nöqtədən gəldiyi və eyni kökə dayandığı qənaətinə gəlmişdir (Şamilov Ə., 1986: 26-27, sayı 11).

Bu məqalədə qaqauz və qumuk xalq şeiri olan, heça vəznli dördlüklərə də geniş yer ayrılmışdır. Bundan sonra qaqauzlar haqqında Azərbaycan mətbuatında ciddi bir yazıya rast gəlinmir. 1937-ci ildə milli düşüncəli insanların həbs edil­məsi, güllələnməsi və sürgünə göndərilməsi Azərbaycan ay­dın­ları arasında qorxu, xof yaratmışdı. Həbs və təqiblərdən qurtara bilən qələm sahiblərinin heç biri təkrar bu mövzuya qayıdaraq həyatını təhlükəyə atmaq istəmirdi.

Azərbaycanda qaqauzlar haqqında yazılara bir də 1960-cı illərdən sonra rast gəlinir. Sovet dövründə respublikalar ara­sında əlaqələr mərkəzi hökumət tərəfindən tənzimlənirdi. Öl­kə­də baş verənləri nəzarət altında saxlamaq üçün respublikalar arasında sosializm yarışı şərtlərinin yoxlanılması, mədəniyyət, incəsənət, ədəbiyyat həftələri, kino festivallar keçirilirdi.

1965-ci ildə Kommunist Partiyası funksionerlərinin rəhbər­liyi ilə Moldova Respublikasının bir qrup ədəbiyyat və in­cəsənət xadimi Azərbaycanda dostluq həftəsi keçirməyə gəlir­lər. Onların arasında qaqauz şairi Dionis Tanasoğlu da olur. “Ədəbiyyat və incəsənət” qəzeti həmin günlərin hadisələrini işıqlandırarkən Moldova ədibləri ilə yanaşı, qaqauz şairinin də “Duyğum” adlı şeirini verir.

Bu, Azərbaycan mətbuatında rast gəldiyimiz yazarı bəlli ilk qaqauz şeiridir. Həmin şeirdən bir bənd veririk:

Hanı sənin gəlişin, ey duyğum!

Göstər bana atəşin, ey duyğum!

Alıb yenə üfləyim,

Yoxsa yanar ürəyim, ey duyğum!

    (“Ədəbiyyat və incəsənət”, 1965, 4 sentyabr)

Yeddi il keçdikdən sonra “Ədəbiyyat və incəsənət” qəzeti yenə də Dionis (Dəniz) Tanasoğlunun bir şeirini çap edir. “Sənsizəm” adlı bu şeir də sadəliyi ilə seçilir. Şair deyir:

...Sənsizəm sanki

Bülbül nəğməsiz

Yetim vətənsiz.

...Sənsizəm sanki

Gündüz günəşsiz

Anam vətənsiz.

Kalmışam sənsiz.

  (“Ədəbiyyat və incəsənət”, 1972, 8 iyul)

Bundan sonra Azərbaycan mətbuatında qaqauz mövzusu getdikcə aktuallaşır. Qaqauz şairlərinin şeirləri, ədəbiyyatları, tarixləri, yaşam tərzləri haqqında yazıların sayı artmaqla yanaşı elmi və bədii səviyyəsi də yüksəlir. Onların içərisində Allah­ver­di Məmmədovun S.Kuroğlu ilə müsahibə əsasında hazır­ladığı “Neredesen, Göy Oğuz?” (məqalənin sonunda jurnal şairin “Acı sevda duası” və “Əllərin alovu” şeirlərini də vermişdir) (“Ulduz”, 1982, dekabr), Əhməd Nehmətovun “Uzun karvan. Bizim karvan” (“Ədəbiyyat və incəsənət”, 1985, 27 dekabr) məqalələri elmi və bədii dəyərinə, insanlara təsir etmək, qa­qauz xalqına maraq oyatmaq baxımından seçilir.

Azərbaycanda qaqauzların tanıdılmasında Güllü Yoloğlu­nun xidməti böyükdür. 1980-ci ilin sonlarında “Azərbaycan-Moldova ədəbi əlaqələri” mövzusunda namizədlik disserta­si­yası yazmağa başlayan gənc araşdırıcı qaqauzlar haqqında ardıcıl məqalələr yazmaqla yanaşı, radio-televiziyada, toplantı­larda bu mövzuda olduqca diqqətçəkən çıxışlar da etmişdir. Tədiqatçı 1992-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra da qaqauzlar mövzusundan uzaqlaşmamışdır.

 Güllü Yoloğlunun təmənnasız şəkildə, özünə mənəvi borc bilərək girişdiyi mövzusu az zamanda onu yalnız Azərbaycan­da deyil, bütün türk dünyasında qaqauzşünas kimi tanıtmışdır. O, Azərbaycanda, eləcə də keçmiş sovet respublikalarında, Tür­ki­yədə, Rumıniyada, Moldovada, Quzey Kıbrısda keçirilən elmi simpoziumlarda qaqauzlarla bağlı dəyərli məruzələri ilə yadda qalmışdır. Güllü xanımın elm aləminə gəlişi ilə respublikamızda qaqauz ədəbiyyatının və mədəniyyətinin ardıcıl öyrənilməsinin yeni mərhələsi başlanır. Mövzu ilə bağlı Azərbaycanda çap etdirdiyi məqalə və tərcümələrinin sayı 30-u keçmişdir. Radio-televiziyada, toplantılardakı çıxışları, verdiyi konfransların mətnləri toplansaydı, yəqin ki, bir neçə cildlik kitab alınardı. Qaqauz mətbuatında çap olunan məqalələrinin də sayı Azər­baycandakından az deyildir.

O, Azərbaycan televiziyasında “Ana sözü” qəzetinin redak­toru Todur Zanetlə, Bakıda tələbə olan Tudora Arnautla apar­dığı müsahibələrdə qəzetə abunə yazılmağı da təbliğ etmiş, həmvətənlərimizi bu qəzetə yazılmağa çağırmış, bunun da sayəsində qəzetin tirajı yüksəlmişdir.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Dövlət Nəşriyyatı türk xalqlarını və toplum­larını tanıtmaq üçün dünya türkləri haqqında silsilə kitablar çap etdirməyi planlaşdırdı. Amma “Axısqa Türkləri”, “Uyğurlar”, “Qaqauzlar” adında broşürlar işıq üzü gördükdən sonra nəş­riyyatın iqtisadi sıxıntısından bu iş dayandı. Həmin seriyadan olan “Qaqauzlar” kitabını Güllü Yoloğlu hazırlamışdı (Yoloğ­lu G., 1996). Elə həmin il “Yazıçı” nəşriyyatının çap etdiyi “Qaqauz folkloru” kitabının da tərtibçisi və ön sözün yazarı Güllü Yoloğludur.

Güllü Yoloğlu 1999-cu ildə Türkiyədə Atatürk Kültür Mər­kəzi tərəfindən çap olunan “Türklərin ailə mərasimləri” kita­bında ailə mərasimləri müqayisəli araşdırılan dörd türk boyun­dan biri də qaqauzlardır.

Onun qaqauz sözünün mənşəyindən bəhs edən «Qaqauz», yoxsa “qaqouz?” (“Novruz”, 1991, 16 iyul), Çağdaş qaqauz ədəbiyyatı” (“Ədəbiyyat və incəsənət”, 1989, 21 aprel), “Bu­caq­dan səslər” (“Ulduz”, 1989, 57-60, sayı 1), “Qaqauz yazı­çılarının hekayələri”(“Xəzər”, 1991, 124-129, sayı 4) “M. Kö­sə-60” (“Ədəbiyyat qəzeti”,1993, 5 mart), “Qardaş qaqauzlar” (“Ədəbiyyat qəzeti”, 1996, 4 oktyabr) və “İstər Azərbaycan, istərsə də qaqauz ziyalıları arasında qısqanclıq var” (T.Zanetlə müsahibə) (“Dövran”, 1999, 30 noyabr-6 dekabr) və başqa yazıları mövzu ilə maraqlananlara geniş bilgi verir. Özəlliklə Kişinyovda çıxan “Ana sözü” qəzetində çap olunan 10-a qədər məqaləsi aktuallığı ilə seçilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da qaqauzları tanısın, onların tarixin­dən, ədəbiyyatından xəbərdar olsun deyə G.Yoloğlu “Xuda­fərin” (Polşa) (“Xudafərin”, 1996, 75-79, sayı 1 (2)), “Araz” (İsveç) (“Araz”, 1996, 49-53, sayı 2) və başqa jurnallarda da maraqlı məqalələrlə çıxış etməklə yanaşı, internet saytlarında, eləcə də internetdə yaradılmış diskussiya otaqlarında da mövzu ilə maraqlananların suallarını cavablandırır.

Bakı Slavyan Universitetinin professoru Nizami Tağısoyun (Məmmədov) elmi konfranslarda oxuduğu məruzələri, universi­tetdəki mühazirələri, qəzet-jurnallarda çap etdirdiyi “Qaqauz­lar: keçmişdən bu günə”, “Qaqauzların tarixindən səhifələr”, “Qaqauzların toy-düyün mərasimləri”, “Qaqauz ədəbiyyatı” məqalələri elmi səviyyəsini, yüksəkliyi ilə seçilir. O həmin məqalə və məruzələrini 2010-cu ildə Bakıdakı “Mütərcim” nəş­riyyatında çap etdirdiyi “Etnos və epos: keçmişdən bu günə” kitabına daxil etmişdir.

Azərbaycanlı araşdırıcılardan Cəlil Nağıyevin (Qəriboğlu), Tamella Əliyevanın, Əli Şamilin, Qalibə Hacıyevanın və b. da uluslararası simpoziumlardakı çıxışlarında və məqalələrində qaqauz ədəbiyyatı və mədəniyyət ilə bağlı maraqlı fikirlər vardır.

Azərbaycanda qaqauzların tanıdılmasında Ağası Hunun (Məm­mədovun) da əməyi az olmamışdır. İstər qaqauzlar haq­qında Azərbaycan mətbuatında yazdıqları, istərsə də televiziya və radioda hazırladığı verilişlər, “Ana sözü” qəzetinin Azər­baycanda tanınması, yayılması və qəzetə abunə kampani­yası­nın təşkilindəki xidmətləri Azərbaycan-qaqauz əlaqələrinin in­kişafına təkan vermişdir. 1980-ci illərin sonlarında Azərbay­canda fəaliyyət göstərən “Ana dili” cəmiyyəti (Bu cəmiyyətin fəallarından biri də Ağası Hundur. Onun qaqauzlara böyük mə­həbbəti şəxsi həyatına da təsir etdi. Qaqauzla ailə qurdu. Dörd övlad atasıdır. Xanımı filologiya üzrə fəlsəfə doktoru, şair Güllü Qərənfil də Azərbaycan-qaqauz əlaqələrinin möhkəm­lən­məsində yorulmadan çalışır) qaqauz ziyalılarının Azər­bay­cana səfərlərinə xüsusi diqqət yetirir, onların görüşlərini təşkil edir, rəssamların sərgilərini açır və folklor ansambllarının Azər­bay­canda konsert vermələrinə nail olurdu.

Araşdırıcı Səid Sədiyevin filologiya elmləri namizədi alim­lik dərəcəsi almaq üçün 2005-ci ildə AMEA Nizami adına Ədə­biyyat İnstitutuna təqdim etdiyi “Balkan türklərinin ədə­biy­yatı” dissertasiyasının bir fəsli də qaqauz ədəbiyyatına həsr edilmişdir.

Azərbaycanda qaqauzlara yalnız mətbuatda geniş yer ayrıl­mamışdır. Milli kadrlar hazırlanmasında da onlara daha çox yardım göstərilmişdir. Belə ki, Dionis (Dəniz) Tanasoğlu 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiy­yat İnstitutunda akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə “Çağdaş qaqauz türkcəsində tabeli mürəkkəb cümlə” (Şamil Ə., 2006: 177), Fedora (Tudora) Arnaut 1999-cu ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda professor Qara Namazovun rəhbərliyi ilə “Qaqauz folklorunda mani nevi (Türkiyə və Azərbaycan mani-bayatı örnəkləriylə qarşılaşdırma) (Arnaut T., 1999) və Valentina (Güllü) Qərənfil 2005-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda professor Həsən Quliyev və professor Dionis Tanasoğlunun rəhbərliyi ilə “Qaqauz dilinin məişət leksikası” (Qərənfil G., 2004) mövzularında elmi iş yazaraq filologiya üzrə fəlsəfə doktoru almışlar. 60-a yaxın qaqauz gənci isə ali məktəblərimizdə oxumuşlar. Onların böyük əksəriyyəti 1988-1996-cı illərdə Bakı Dövlət Universitetini bitirmişdir.

Bir sözlə, Azərbaycanda türk xalqları haqqında yazılanları qarşılaşdırsaq sayca az olan qaqauzlara daha çox yer ayrıl­dığını görərik.

 

            Bucaq kəndləri və bucaq tayfası

 

İlk baxışda elə təsir yaranır ki, Azərbaycanda qaqauzlar haqqında xeyli araşdırma aparılmış və qaqauzların tanıdılması da yetərincədir. Amma bir az dərinliklərə getdikdə öyrənil­mə­miş, qaranlıq qalmış çox mövzuların olduğunu görürük.

Dayım qızı Ülviyyə Qarayeva qonşu kənddə-Böyük Məz­rədə yaşayan qohumumuz İsgəndər İbrahim oğlu ilə ailə qurduqdan sonra ərinin təyinat yeri – Şəki rayonunun Turan qəsəbəsinə köçmüşdü. İsgəndər Gəncədə Kənd Təsərrüfatı İns­ti­tutunun baytarlıq fakültəsini bitirmişdi. Mən də Turan qəsə­bəsinə gedəndə adamların əhval-ruhiyyəsini öyrənmək üçün onunla çayxanaya gedər, söhbətlərə qulaq asar, müzakirələrə qoşular, folklor örnəkləri toplayardım. Çayxanada bəzən kim­lərəsə “qaqauz”, “türkman” deyə zarafat etdiklərini eşitsəm də, buna o qədər əhəmiyyət verməmişdim.

Qəbələ rayonundakı Komrat baba piri haqqında oxuyanda yadıma qaqauzların yığcam yaşadıqları Moldova Respublika­sındakı Komrat şəhəri düşdü. Bizimlə eyni illərdə jurnalistika fakültəsində qiyabi oxuyan, Qəbələnin Çarxana kəndində doğul­muş Akif Hacıyev rayonlarındakı Zizik və Dizax kəndlərində yaşayanlara “türkman” deyildiyini, “türkmanlar” evlənərkən öz tayfalarından qız aldıqlarını, hətta münasıb qız tapmayanda qon­şu kəndlərdən deyil, Bərdədəki “türkman­lar”dan qız aldıq­larını eşitdikdə bölgəyə marağım artdı. Turan qəsəbəsində eşitdiklərim yenidən diqqətimi çəkdi.

Turan qəsəbəsindəki çayxanada Oğuz rayonunun Baş Da­şağıl kəndində yaşayanlara qaqauzlar deyildiyini qeydə almış­dım. Məsələni aydınlaşdırmaq üçün Baş Daşağıl kəndinə get­dim. Kəndin çevrəsindəki qəbiristanlıqlarda başdaşlarının çoxu torpağa batıb. Kənddən aşağıda isə xristian məbədinin xara­balıqları qalır. Burada araşdırma aparılmayıb.

Kəndin indiki sakinlərinin əksəriyyəti Qafqazda Rusiya müs­təmləkəçiliyinə qarşı Şeyx Şamilin başçılığı ilə 30 il davam edən müridizm hərəkatı məğlub olduqdan sonra, yəni son 100-150 ildə burada məskunlaşmışlar. Hətta elə ailələr var ikinci dünya savaşından sonra buraya köçmüşlər.

Rayon mərkəzindən Baş Daşağıla gedən yolun sağında Bucaq adlı kənd var. Bu kənd haqqında “Azərbaycan toponim­ləri. Ensiklopedik lüğət” kitabında yazılmışdır: “Bucaq-Oğuz ra­yo­nunda kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsil adı Bu­caq Daşağıl. 19-cu yüzildə kənd ərazisində Güllü Bucaqlı adlı icma vardı. Bölündükdən sonra bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaq ad­landırılmışdır. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə, “Qozlu Bucaq” da adlanırdı.

Toponim bucaq tayfasının adı ilə əlaqədardır. Keçmişdə Azər­baycanda Bucaq adlı 10-dan çox kənd olmuşdu. Bucaq etnonimi ilə bağlı toponimlər Qafqazda geniş yayılmışdır. 13-cü yüzildə moğollar qıpçaqları Şimali Qafqazda sıxışdırdıqdan sonra bir hissəsi, o cümlədən bucaqlar Azərbaycana gəlib məskunlaş­mışlar. Bucaqlar qədim türkdilli bulqarların bir hissəsi idilər. Dnepr-Dunay çayları ilə Qara dəniz arasında Bucaq adlı yerdə məskunlaşdıqlarından qədim bulqarların bir hissəsi bu adı qə­bul etmişlər. Həmin ərazi yunan qaynaqlarında Oqloss (künc, bucaq) adlandırılırdı. Toponimin yayılma arealı genişdir. Mol­dova ərazisindəki cənub-şərqi Bessarabiya düzü Bucaq düzü adlanır. Türkiyədə eyni adlı yaşayış məntəqəsi, rayon ərazi­sində Bucaq çayı, İlisu kəndində (Qax rayonu) tabun tirəsi var” (Azərbaycan toponimləri, 1999: 101).

Baş Daşağıl kəndi yaxınlığında indi də Qoca Bucaq bulağı və Qoca Bucaq çəməni var. XX yüzilin əvvəllərində Azər­baycanda ondan çox Bucaq kəndi vardısa, indi onların sayı azalaraq Oğuz rayonunda Bucaq, Yevlax rayonunda Yuxarı Bucaq, Aşağı Bucaq, Salyan rayonunda Qara Bucaq və b. qalmışdır.

 

            Komrat dağı və Komrat baba piri

 

Baş Daşağıl kəndində xristianlıq abidələrinin olması, buranı müsəlmanların da ziyarət etmələri, qışlağının Bucaq adlanması ilə yanaşı, Qəbələ rayonunda Komrat baba adlı dağın və bu dağ­da eyniadlı ocaq-pirin varlığı da diqqətçəkəndir. Sovetlər Birliyi dönəmində dini yerləri ziyarət etmə yasağı olduğundan, Komrat baba piri üzərindəki bina da uçmuşdur. Son illərdə orada təmir işləri görülmüşdür. Təmir zamanı binanın əski memarlığı qorun­mamışdır. Səbəb-bu işi mütəxəssislərin deyil, həvəskarların gör­məsidir. Onlar təmiri öz bildikləri kimi aparmışlar.

Komrat baba pirinə, əsasən, uşağı olmayan qadınlar ziyarətə gəlirlər (Azərbaycan folklor antalogiyası, 2005, 13:502). Araş­dırıcı Mətanət Abdullayeva Qəbələ rayonunun Mirzəbəyli kəndindəki 70 yaşlı Anaxanım Ağayevadan “Komrat” əfsanə­sini toplamışdır (Azərbaycan folklor antalogiyası, 2005, 13: 517). Əfsanədə Hz. Əlinin (Dördüncü xəlifə Əli Əbu Talib - Ə.Ş.) bölgədə savaşdığından, burada bir xanımla evləndiyin­dən, doğulacaq övladına qolbağı yadigar qoyub getdiyindən söz açılır. Yeddi il sonra geri dönən Hz. Əli Murad adlı bir uşaq­la qarşılaşır. Uşağın dikbaşlığı onun xoşuna gəlmir və hirslənərək “Ko-Murat” deyib ona sağ ayağı ilə bir təpik vurur. Uşaq gedib dağın başına düşür və orada böyük bir çuxur meydana gəlir. Hz. Əli oğlunu öldürdüyünü bilib peşman olur. O gündən bəri həmin yer pir olaraq ziyarət edilir.

Bu əfsanədən bəlli olur ki, adamlar Komrat sözünün mə­nasını unutduqlarından onu belə yozmuşlar. Kırımda, Türküs­tanda, xüsusən də qaraqalpaqların yaşadığı bölgədə də Komrad toponimi geniş yayılmışdır. Bu mövzuda özbək və qaraqalpaq araşdırıcılarının maraqlı məqalələri çap olunmuşdur.

Baş Daşağıl kəndi yaxınlığındakı və bölgədəki xristian abi­dələri dağıdıldığından yazılı qaynaqlar, qəbir daşları tapa bil­mədik. Buradakı əski xristian qəbir daşlarında adlar xristian adları, soyadlar türk adları olsa, qaqauzlarla bağlılıq artardı. Böl­gənin yaşlı sakinləri isə 20-ci yüzilin başlarında Otmannı kəndində və başqa kəndlərdə yaşayan xristianların qonşu xris­tian kəndlərdən fərqli olaraq, türkcə danışdıqlarını xatırlayırlar.

Bölgədə xristian türklərinin yaşadığı haqda qaynaqlarda da maraqlı bilgilər var. Nə yazıq ki, bunlar geniş araşdırmaya cəlb edilməmişdir. Əmir Teymurun Qafqaza yürüşündən bəhs edən bir qaynaqdan parçaları Aydın Məmmədov dilimizə çevirmişdir. Ərəb­cə yazılmış və farscaya çevrilmiş bu qaynağın yazarı İbn Ərəb­şahdır. Aydın Məmmədova görə, Əmir Teymur Şamı aldıqda özü ilə Səmərqəndə apardığı adamlar arasında yeniyetmə İbn Ərəbşah da olub və o, Əmir Teymurun ordusu ilə birlikdə Şəkiyə gəlib. Salnaməsində də gördüyü hadisələri təsvir edib. Bir neçə qaynağı qarşılaşdıran Aydın Məmmədov “Əcaibül-məqdur fi nəvaib Timur” əsərindəki Şəkiyə dair naməlum bəhslər (Gələ­sən-Görəsən qalasında və ətrafında 1403-cü ildə baş vermiş hadisələr barədə məlumatlar)” məqaləsində yazır: “Şirvanşah Şeyx İbrahimin dililə yerli əhali gürcü yox, tatar adlanır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayələrdəki (İbn Ərəbşahın salnaməsindəki hadisələrin təsviri nəzərdə tutulur-Ə.Ş.) gürcü sözləri millət yox, hümmət və məzhəb, yəni xristian-pravoslav mənasında işlənilir”(Məmmədov Aydın, 2007:7, 30 Oktyabr).

Tarixçi Sevda Süleymanovanın “Albaniyanın şimal-qərb sər­həd bölgəsi liniya-ereti” məqaləsi də (Süleymanova S.Ə., 2007:56-74) mövzuya aydınlıq gətirə biləcək faktlarla zəngin­dir.

Nəinki orta yüzillərdə, hətta 19-cu yüzildə, 20-ci yüzilin əv­vəllərində milliyyətlə dini inancın eyni mənada işləndiyini müşahidə edirik. Çox vaxt isə dini inancın milliyyəti üstə­lədiyinin şahidi oluruq. Adamlar mənsub olduqları millətin adı ilə deyil, dininə görə adlandırılırdılar.

Bölgədə folklor toplayarkən Baş Daşağıllı 79 yaşlı Mehralı Səmədov Göybulaxlı Aşıq Donu, Çalıflı Aşıq Əvək və baş­qalarından da söz açdı. Erməni kimi tanıdıqları bu aşıqların əsasən türkcə oxuduqlarını söylədi. Araşdırıcılar isə 300-dən çox erməni aşığının türkcə çalıb-oxuduğunu, şeir yazdığını göstərirlər. Çox təəssüf ki, bu günədək onlardan hansının hay-yəni bu gün erməni adlandırılan xalqdan olduğuna, hansının xristian türkü olduğuna aydınlıq gətirilməmişdir. Son zamanlar bu mövzuda yazan araşdırıcıların fikrincə, qriqorian təriqətinə inanan bütün xalqlar erməni adlandırılmış, bugünki erməni ad­landırılan xalqın soykökünü təşkil edənlər hay adlandırılmışlar.

 Qafqaz xalqlarının, xüsusən etnik qrupların dini inancları haqqında ciddi araşdırmalar aparılmadığından xristianlığın qriqorian təriqətinə inananlar  ermənilərlə, pravoslav təriqətinə inananların böyük bir qismi isə yunanlarla (qrek) və gürcülərlə eyniləşdirilmişdir. Pra­voslav inanclı qaqauzların, çuvaşların, bəzi tatar toplum­ları­nın türk kökənli olmaları, dillərini, mədəniyyətlərini qoruyub saxlamaları göz önündədir. Demək, xristianlığın başqa təriqət­lərinə inanan türklərin də tarixinin öyrənilməsinə yenidən nə­zər salmaq lazımdır. Onda görəcəyik ki, türkcə çalıb-oxuyan er­məni aşıqları siyahısına saldığımız aşıqların bir çoxu qriqo­rian inanclı türklər, yunan (qrek, urumlu) adlandırdıqlarımızın böyük bir qismi isə pravoslav inanclı türklərdir.

Bölgədəki toponimlərin qaqauzların yaşadıqları yerin adı ilə uyarlığı, burada yaşayanlara zarafatla da olsa, “qaqauz” de­yilməsi 20-ci yüzilin əvvəllərinədək burada xristian türklərin yaşamasın­dan xəbər verir. Bu da yeni araşdırmalar üçün ipucu ola bilər.

 

2.      Qaqauz türkcəsinin ilk yazılı qaynaqları

 

Rusiya uzun illər Osmanlı dövlətinin tərkibində olmuş, Os­manlılarla eyni dildə danışan və eyni mədəniyyətin daşıyıcısı olan qaqauzları yeni işğal etdiyi bölgəyə köçürdükdən sonra onları keçmişindən qoparmaq üçün dini inanclarının möhkəm­lənməsinə və xristian dininə dair mətnlərin ana dillərinə çev­rilməsinə xüsusi diqqət yetirirdi. Bu işi görə biləcək kadrlar isə yox dərəcəsində idi. Rusiya qaqauzlar arasında xristian dininin möhkəmlənməsi üçün anadilli kadrlar hazırlamasına da şərait yaratdı.

1810-cu illərdə Vyanada çap olunmuş “Psaltıra”(Zəbur) və Yunanıstanlı şair Aristofanın (M.Ö.455-385) komediyaların­dan parçalar, Nikolay və İvan Fazlı qardaşlarının Aleksandr Puşkinin “Qış yolları”, “Kahırsız quşcığaz” (Zavallı quşcuğaz) və  “Qış gecələri” şeirlərinin tərcümələri qaqauz türkcəsinin ilk ədəbi məhsulları sayılır (Arnaut T., 2001).

Qaqauz yazılı dilinin formalaşması, tarixinin yazılması isə Mixail Çakırın adı ilə bağlıdır.

Mixail Çakır (27.04.1861, Çadır qəsəbəsi- 08.10.1938, Ki­şinyov şəhəri). 1812-ci ildə qaqauzlar Bucaq bölgəsinə köçü­rüləndə Mixail Çakırın ata-babası da Çadır (indi Çadır–Lunqa adlanır. Lunqa sözü də moldavca çadır deməkdir) yerləşdirilir. İlk təhsilini doğulduğu Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhə­rindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda öyrətmən işləməyə göndərirlər. Qısa bir za­manda din xadimi və öyrətmən kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yana­şı, keşiş vəzifəsini də yerinə yetirir. Mixail Çakır protoiyerey (dini rütbə, keşiş - Ə.Ş.) rütbəsinə yüksəlir.

1884-cü ildə onu dini işlər üzrə məhəllə müvəkkili və rusca və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər. O, qazandığı nüfuzdan istifadə edərək kilsədə duaların milli dil­lərdə oxunmasına razılıq ala bilir (Türkiye dışındakı…, 1999:351, 12-ci cild).

Xalqının dini anlayaraq sitayiş etməsi üçün “İncil”dən və baş­qa din kitablarından çox istifadə olunan duaları ana dilinə və moldovcaya çevirib çap etdirir və kilsələrdə oxuyur. O, xristian dininin müqəddəs kitabı olan “Evangeliya” (İncil), “Psal­tır” (dini nəğmələr), “Liturqiya” (kilsə duası), “Çasos­lov”, “Kilsənin qısa tarixi”, “Yeni müqəddəslərin tarixi”, “Keç­­miş müqəddəslərin tarixi” və s. əsərlər tərcümə etmiş və yazmışdır(Çebotar,7). Hətta 1907-ci ildə qaqauz türkcəsində bir səhifəlik dini qəzet də çıxarmağa nail olmuşdur.

O, qaqauzların keçmişini, adət-ənənəsini, xalq ədəbiyyatını araşdırıb “Гагаузы Бендерского уезда” (“Bender vilayətinin qaqauzları”) adlı irihəcmli bir əsər və “Qaqauzca-Romence laflık” kimi sözlük də yazmışdır. Latın hərfləri ilə və rumın (romen) əlifbasında qaqauz türkcəsi ilə yazılan bu əsərlər yüksək bədii dəyərə malik olmasa da, qaqauz türkcəsinin söz ehtiyatından yararlanmaq baxımından bugün də diqqətçə­kən­dir. Araşdırıcıların verdiyi bilgiyə görə, M.Çakırın 34 kitabı nəşr olunmuşdur. Əsasən xristian dininin yayılmasına xidmət etməsi planlaşdırılmış bu əsərlər milli şüurun oyanmasına da səbəb olurdu. Yazar öz xalqının tarixini, soykökünü öyrən­dik­cə özünün də milli duyğuları güclənirdi. Onun yaradıcılığının ən məhsuldar dövrü Bessarabiyanın Rumıniya hökumətinin tərkibində qaldığı dövrdür.

M.Çakır bu dövrdə Türkiyənin Rumıniyadakı səfiri, böyük millətsevər və maarifçi Həmdullah Süphi ilə tanış olur. O, M.Çakıra güclü təsir göstərir, elmi araşdırmalar aparmasına münbit şərait yaradır, onu hakimiyyət orqanlarının basqıların­dan qoruyur.

Qaqauzlar 1918-ci ildə Rumınyanın tərkibində deyil SSRİ-də yaşasaydılar, yəqin ki, bolşeviklər din adamı kimi M.Çakırı da ya gülləyəcək, ya da ən yaxşı halda Sibirə sürgün edəcək­dilər.

 SSRİ-nin Bessarabiyanı işğalından sonra çox kilsələr qa-pan­dığından, ibadətlər yasaqlandığından, dini məktəblər bura-xıldığından qaqauz türkcəsinin inkişafında bir durğunluq yaran­dı. Din xadimləri də unutdurulmağa çalışılır. Bunun nəticə­sində Mixail Çakırın da qəbrini ziyarət edənlər olmur. 1980-ci illərin ikinci yarısından, milli oyanışdan sonra qaqauz ziyalıları uzun müddət Mixail Çakırın qəbirini axtarsalar da, tapa bil­mirlər.

2000-ci illərdə qəbirüstü abidələrdəki qiymətli metalları oğurlayıb satanların sayəsində Mixail Çakırın da qəbrinin yeri müəyyənləşir. Qəbirüstü başdaşı öncəki şəklinə salınır. İndi qaqauz aydınları buranı tez-tez ziyarət etməklə yanaşı, gələn qonaqları da oraya aparırlar.

 

 

     Sonuc

Orta yüzillərdə adətən xalqlar milliətə görə deyil, daha çox dini inanclarına görə tanıdılırdı. Belə ki, Qafqazda yaşayan türklər, avarlar, ləzgilər, noqaylar, qaraçay-malkarlar və b. müsəlman, qiriqorian inancli haylar, türklər, udinlər və b. erməni, pravaslav inanclı meqrellər, svannar, osetinlər, abxazlar və b. gürcü adlandırılırdılar. Qəbirüstü abidələri və gürcü, erməni, ivrit əlifbası ilə yazılmış dini mətinləri araşdırdıqda aydın olur ki, bunların hamısı gürcü, erməni, yəhüdi dillərində deyil. Buna görə də istər Dağıstanda, istərsə də Qafqazın qüzeyində və güneyində olan qəbirüstü abidələrdə, dini əlyazmalarda, məişət əşyaları üzərindəki olan eməni, gürcü və ivrit əlifbası ilə yazılmış mətinləri yenidən diqqətlə araşdırmaq lazımdır. Bu bu zaman aydınlaşar ki, bəzi qafqaz xalqları 19-20-ci yüzillərdə dini inanclarına görə yanlış olaraq erməni, gürcü və yəhüdi adlandırılmışlar.  

 

Qaynaqlar

1.      Abid Emin.(1930) Türk halk edebiyatında mani nevi ve Azerbaycan bayatilerinin hususiyeti (Beş bin bayatı-manı üzerinde yapılmış bir teteböönamedir), “Azerbaycanı öyrenme yolu”,sayı 4-5(9-10).

2.      Arnaut Fedora,(1999) Gagauz folklorunda mani nevi(Türkiye ve Azerbaycan mani-bayatı örnekleriyle karşılaştırma) Avtoreferat, Azerbaycan İlimler Akademisi Nizamı adına Edebiyat Enstitüsün, Bakı.

3.      Azerbaycan toponimleri. Ansiklopedik luğet(1999). Azerbaycan Ansiklopedik Neşriyat Birliyi. Bakı.

4.     Azərbaycan Folkloru Antologiyası. (2005). (Şəki-Zaqatala folkloru), Tərtibçilər: prof, f.e.n. İsrafil Abbaslı, f.e.n. Oruc Əli­yev, f.e.n. Mətanət Abdullayeva, “Səda” nəşriyyatı, Bakı.

5.      Aziz Alekberli(2002). Gerbi Azetrbaycan. İkinci kitap, Zengıbasar, Gernıbasar ve Kırkbulak mahalları.  “Ağrıdağ” neşriyatı, Bakı.

6.      İrevan eyaletinin icmal defteri(1996) Araştırma, tercüme, kayd ve ilavelerin müellifleri akademik Ziya Bünyadov və tarih ilimleri namzedi Hüsameddin Memmedov(Qaramanlı) “Elm” neşriyatı, Bakı

7.     Məmmədov Aydın. (2007). “Əcaibül-məqdur fi nəvaib Ti­mur” əsərindəki Şəkiyə dair naməlum bəhslər. (Gələsən-gö­rəsən qalasında və ətrafında 1403-cü ildə baş vermiş hadisələr ba­rədə məlumatlar), “Elmqəzeti, 30 oktyabr, sayı 33-34(840-841).

8.      Süleymanova Sevda. (2007). Albaniyanın şimal-qərb sər­həd bölgəsi liniya-ereti, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Elmi əsərləri, 20-ci cild, Bakı.

9.      Şamilov Ali.(1986) Emin Abid bayatilerimiz hakkında. “Elm ve heyat” dergisi, sayı 11.

10.   Şamil Ali, Arnaut Tudora. (1998) Emin Abid ve Gagauz manileri, Kadimliyimiz-diriliyimizdir (tedkikatlar elmi toplusu).

11.   Şamil Ali.(2006) İtkilerimiz. Türk dünyasının Deniz Tanasoğlu itkisi. “Dede Korqud” dergisi, sayı 4.

12.        10.Şamil Əli. (2011). Uyğur, Qaqauz, Quzey Qafqaz Türklərinin folkloru və ədəbiyyatı,”Nurlan” nəşriyyatı, Bakı.

13. Türkiye Dışındaki Türk Edebiyatları Antolojisi. (1999). Gagauz ədəbiyyatı, Ankara, 12. cilt.

14.   Yoloğlu Güllü.(1996)  Gagauzlar, Azerbaycan Devlet Neşriyatı, Bakı.

15. Чeбoтaръ П.A.(1993). Xудoжeственнaя литература 50-80-х гг. XX в. Очерки, “Штинитса”, Kишинев.

 

 

CHRISTIAN TURKS IN THE CAUCASUS AND GAGAUZIAN SIGNS

 

Ali Shamil Huseyinoglu 

Scientific worker in ANAS, Institute of Folklore

Baku, Azerbaijan

 

 

ABSTRACT: Introducing all the Grigorian Christians as Armenians has been a tradition in scientific researches and Mass Media. Since different nations can have faith in one religion such as Arabians, Turks, Kurds, Persians who are Muslims there are Grigorian  Turks, Kurds, Udins and others not only Armenians. Among them only Udins were able to keep their old religious beliefs.

Nowadays Georginas, Armenians, Abkhazians, Urums and Udins are Christians in the Caucasus. But historical sources prove that in old times in the Caucasus there were more nations who believed in Christianity. Gagauzian signs can be found here as well.

The thesis will consider the topics such as the existence of a Gagauzian village in Azerbaijan during middle Ages; Komrat Baba Mountain in Azerbaijani regions, the information about the holy place on that mountain; Dashaghyl and Boujag villages in Oghuz region in comparison with the same villages in Gagauz region.

 

Key words: Christian Turks in the Caucasus, Urumus, Greeks, Azerbaijan, Gagauz

 Region, Komrat, Boujag

ONE OF THE YOUNGEST LITERATURES-LITERATURE BY GAGAUZ TURKS

Abstract: Of other Turkic people Gagauzians were late to form their written literature and started this process in the nine­teenth century. Although Azerbaijan was introduced to Ga­gau­zians in the twentieth century sources dating back to Middle Ages inform about the existence of Gagauz village here.

The capital of the Autonomous Republic of Gagauz Yeri situated in Moldovian Republic is Comrat. This region is still called Boujag by the people and geographic units nowadays. The holy place and mountain in Qebele in Azerbaijan bears the same name Comrat. That place had 7 Boujag villages at the beginning of the twentieth century. Though they decreased to 3, other toponyms bearing the name boujag were registered as well. It falsifies the chance coincidences.

Though the development of Gagauz written literature accelerated in the first decades of the twentieth century given the translations of religious books, prayers, historical and ethnographic articles by a man of religion, Michael Chakir, yet the most important change in the literature came in 1957 after the new alphabet was created on the basis of Cyrillic alphabet. As a result, lessons started to be held in mother tongue in secondary schools, newspapers were printed and text-books were published in Gagauz.

Key words: Azerbaijan, Gagauz Region, Komrat, Bou­­jag, manis and bayaties.

 

 

ОДНА ИЗ НОВЕЙШИХ    ЛИТЕРАТУР -  ЛИТЕРАТУРА ГАГАУЗСКИХ ТЮРКОВ

 

Резюме: Письменная  литература гагаузов  среди тюркских народов начала  формироваться  в  конце  19-го столетия. Хотя  в Азербайджане и  признали  гагаузов в 20 столетии, но средневековые источники указывают на наличие здесь деревень с  Гагаузским  населением.

В Гебелинском  районе Азербайдждана есть гора и святые места, идентичные с названием столицы Гагаузии – Комрат, находящееся  на  территории  нынешней  Молдовы. Существование селений с названием Буджак на этой же территории нам не кажется случайной схожестью с названием Буджак – региона, населенного гагаузами. В этой  местности было 7 деревень Буджак. Теперь  их  численность  уменьшилось  до  трех  селений, но  свое  географическое  название  Буджак  не  утратило и  это  название  сохранилось  и  отмечено  в  других  топонимах. И это не  похоже  на  случайность.

Письменная литература гагаузских тюрков начала формироваться ускоренными темпами в первой  половине  20-го  века  трудами  религиозного  деятеля  Михаилом Чакыр.  Известный  своими переводами  религиозных  книг, молитв, исторических и этнографических  статей  хоть  и  сыграли  немаловажную  роль, но основательное  изменение в  литературе  началось  в 1957- ом году  после  создания  нового  алфавита  на  основе  кириллицы. Так, в гагаузских  школах  начали  изучать  родной  язык, газеты  печатались  на  гагаузском  языке, издавались  учебники.

 

Ключевые слова: Азербайджан, Гагауз Ери, Комрат, Буджак, мани и баяты.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol