ƏLİ ŞAMİL
ƏLİ KAMALİNİN TOPLAYICILIQ VƏ ARAŞDIRICILIQ FƏALİYYƏTİ*
Əli Əkbər oğlu Kamalinin ədəbi və elmi fəaliyyəti Salman Mümtazı yada salır. Onları bir-birindən 60 illik bir zaman ayırsa da fəaliyyətlərində, ömür yollarında bir oxşarlıq vardır. 1944-cü ilin mart ayının 30-da İranın Əraq ostanındakı (vilayət) Qərağan bəxşinin (rayon) Bəndəmir kəndində anadan olan Əli kiçik yaşlarında kəndlərindəki mollaxanada, sonra isə Savə və Tehran şəhərlərində təhsil almışdır. Tehran universitetində hüquq fakültəsini bitirəndən (1966) sonra əsgəri xidmətdə olduğu iki il müddətində hərbi məktəbdə dərs demiş, seçdiyi ixtisasa həmişə hörmət və ehtiramla yanaşmışdır. Əsgəri xidməti başa vurduqdan sonra yüksək lisans bitirib Tehranın mərkəzində birinci dərəcəli ədliyyə vəkili kimi işləsə də, qəlbində həmişə bir ədəbiyyat sevgisi olmuşdur.
Uşaqlıqdan şe'rə böyük maraq göstərən, gəncliyində "Nəflə", "Ağ - kamal" imzaları ilə şe'rlər yazıb "Tevfiq" dərgisində çap etdirən (Ə.Kamali sonralar şe'rlər toplusunu da "Nəflə"(1) adlandırmışdır) Əli Kamali ömrünün 30 ilini folklorumuzun toplanmasına, təbliğinə həsr etmişdi. Unudulmuş el şairi Telimxana olan ögey münasibət onu bu sahədəki boşluğu doldurmağa ruhlandırmışdır. XVIII yüzilliyin ikinci yarısında yaşamış, əsasən heca vəznində şe'rlər yazmış Telimxanın adının heç bir kitaba düşməməsi, şe'rlərinin toplanıb nəşr edilməməsi Əli Kamalinin bir vətəndaş kimi narahat edir.
Telimxan Ə.Kamalini anadan olduğu Bəndəmir kəndindən 30-40 kilometr aralıdakı Marağa (Mərəğey) kəndində doğulub və ömrünün çoxunu da orada yaşayıb. Marağa kəndi bu günkü inzibati-ərazi bölgüsü ilə Əraq ostanındakı Nübəran (keçmiş Mələzğan) bəxşindədir. Əraq tarixən məşhur bir bölgə olsa da qaynaqlarda tez-tez Əraqi-əcəm deyə yad edilsə də, Savə şəhəri ətrafında yaşayanlar özlərini savəli adlandırmağı sevirlər. Görünür, bu da təsadüfi deyil. Savə ətrafında yaşayanların əksəriyyəti türklərdir. Onlar Əraq ostanında yaşayan farslardan özlərini fərqləndirmək üçün savəli olduqlarını söyləyir və bununla da qürur duyurlar. Hətta bu günün özündə də əhalisinin əksəriyyəti türklərdən ibarət olan Cəfərabad bəxşinin Əraqdan alınıb Qum ostanına daxil edilməsi ilə barışmırlar. Bunu Savənin parçalanması kimi qiymətləndirirlər.
XX yüzilliyin önlərində Savə bölgəsindəki kəndlərin sayı 800-ə çatırmış. Sonralar urbanizasiya nəticəsində kəndlərin sayı 450-yə enmişdir(2). Əli Kamali də ilk dəfə məhz bu kənddən folklor örnəklərini yazıya almağa, burada yaşamış şairlərin əsərlərini toplamağa başlamışdır. Tehranda "Varlıq" (1979) dərgisinin nəşri isə onu daha da həvəsləndirmişdir. Həmyerlisi Telimxan haqqında yazdığı "Qara buluddan çıxan ay Telimxan" məqaləsi professor Qulamhüseyn Bekdilinin "Yeni tapıntılar və mədəni irsimizə bir nəzər" adlı təqdimatı ilə birlikdə "Varlıq" dərgisində çap olunmuşdur(3)
İlk araşdırmaların qədəmləri uğurlu olmuşdur. Həmin vaxtdan ta 1989-cu ilədək "Varlı"ğın az qala hər nömrəsində Əli Kamalinin bir araşdırması işıq üzü görmüşdür.Həmin günləri xatırlayan Əli Kamali deyirdi: “Telimxanın şe'rlərini toplayıb nəşr etdirməklə vətəndaşlıq borcumu yerinə yetirmək istəyirdim. Topladığım Telimxan divanını tanıdığım mütəxəssislərə rəyə verdim. Onlar mənə "Divan"da M.P.Vaqifin, Xəstə Qasımın, Abbas Tufarqanlının və başqalarının şe'rləri də olduğunu söylədilər. Mən bu yanlışlığı aradan qaldırmaq üçün yenidən işə başladım. Beləliklə XVIII-XX yüzillərdə Orta və Güney İranda yaşayan onlarla türk şairinin əsərini toplamalı, cüngləri, əlyazmaları tutuşdurmalı, aşıqların söylədiyi dastanları lentə və yazıya almalı oldum(4). Əli Kamalinin toplayıb nəşr etdirdiyi əsərlərin, çapa hazırladığı kitabların hamısı haqqında bəhs etməyəcəyik. Bu geniş bir araşdırmanın mövzusudur
. Əli Kamalinin topladığı materiallar və çap etdirdiyi məqalələri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Heca vəznində yazmış şairlər və aşıqların həyatı, yaradıcılığı və əsərləri.
2. Dastanlar. (Buraya dastanların bütün bölgülərini daxil etmək olar)
3. Sölcəklər (nağıllar), bayatılar, ata sözləri və tapmacalar.
Heca vəznində yazan şairlərin və aşıqların əsərlərini toplamaqla kifayətlənməyən Əli Kamali araşdırmalar da aparıb. Buraya Telimxan, Türkmən Mahmud, Gərgərli Məhəmməd, Xəstə Qasım, Abbas Tufarqanlı, Aşıq Rzaəli, Qaradağlı Dədə Qurbani və b. daxil etmək olar. Əli Kamalinin topladığı dastanların bir çoxunun qəhrəmanı yaradıcı aşıqlarımızdır. Lakin Əli Kamali onlar haqqında (yuxarıda adlarını sadaladığımızdan savayı) heç bir bilgi vermir. Toplayıcı kimi çıxış edir. "Varlıq" dərgisində çap etdirdiyi məqalələrində, tərtib etdiyi əsərlərə yazdığı ön sözdə yalnız folklorçu kimi çıxış etmir. Onun məqalələrində tarixi faktlara, etnoqrafik lövhələrə, səyahət qeydlərinə, toponimikaya da bol-bol rast gəlmək olar. Bu da təsadüfi deyil. Əraq ostanında, Güney İranda yaşayan türklərin tarixi öyrənilib təbliğ edilməmişdi. Əksinə az qala türklərin varlığının danılması dövlət siyasətinə çevrilmişdi. Buna görə də Əli Kamali dağ-daş, dərə-təpə, çay-göl, kənd, tayfa adlarının türkcə olmasını yazmaqla bu yerlərdə türklərin tarixinin qədim olduğunu göstərmək istəmişdir. Həqiqətən bu günün özündə də Savə ətrafında yaşayan türklərin çoxlaylılığına rast gəlmək olar.
Şahsevən türkləri onlardan öncə bu yerlərdə məskunlaşmış xələc türklərini kəndlilər adlandırırlar Şahsevənlər 20-30 il öncəyədək bu yerdə köçəri yaşamış, yayda yaylada, qışda qışlaqda olmuşlar. Son 20-30 ildə mülk alıb oturaqlaşmanı sürətləndirsələr də hələ də yaylağa qalxmaq ən'ənəsini yaşadırlar. Savə, Qum, Həmədan ətrafında yaşayan şahsevənlər özlərini həm də eli Bağdadi - yə'ni Bağdad eli adlandırırlar. Bu da təsadüf deyil. I Şah Abbas (1571-1629) dövlətin nüfuzunun zəiflədiyini, türk elbəylərinin bir çoxunun az qala müstəqil siyasət yeritdiyini görüb cəza tədbirlərinə əl atdı. Güclü elləri müxtəlif üsullarla darmadağın etdi. İraqi- ərəbdə - yə'ni Bağdad ətrafında yaşayan bəydilli, əfşar, bayat, qaraqoyunlu, bozçalı, lək, arıqlı, inanlı, saatlı, dügər, alpoutlu, mosul, sulduz, çelepli və b. el və tayfalardan olan türkləri orta İrana köçürərək Şahsevən eli adı altında birləşdirdi. Həmin dövrdə ölkənin bir çox yerlərində Şahsevən elləri yaradıldığından Orta İranda yerləşənlər özlərini Bağdad eli şahsevənləri adlandırdılar.
Azərbaycan ədəbiyyatında, xalq yaradıcılığında öz xüsusi yeri olan bayat, əfşar, bozçalı və b. tayfaların gəlişi xələclərin qoruyub saxladığı ənənəni daha da zənginləşdirdi. Bu yerlər saz-söz məkanı kimi şöhrətləndi. Əli Kamali yaradıcılığının əsasını Telimxan irsinin toplanması, araşdırılması, nəşrə hazırlanması təşkil edir. Araşdırıcı min səhifəlik bir divan tərtib etmiş, burada şairin 5 minə yaxın cinasının izahını, divanda işlədilmiş on minə yaxın ərəb, fars sözlərinin tərcüməsini vermiş və geniş həcmli ön söz yazmışdır. Əli Kamali araşdırdığı şairlərin əsərlərini Azərbaycan ədəbiyyatında geniş təbliğ edilən şairlərin əsərləri ilə qarşılaşdırmağa üstünlük verir. Araşdırıcıya görə Telimxanın nəvəsi və ya yaxın qohumu olan Türkman Mahmudun həyatı və yaradıcılığı ilə Mollah Pənah Vaqifin həyatı və yaradıcılığı arasında bir oxşarlıq var. Türkman Mahmud da M.P.Vaqif kimi məktəbdarlıqla məşğul olmuş. Şe'rlərinin mövzusu da əsasən lirik sevgi qoşmalarından, təbiət lövhələrindən, bir az da ictimai-siyasi həyatın təsvirindən ibarətdir.
Araşdırıcı səngəkli (Savə şəhəri yaxınlığında kənd) Aşıq Rzaəlinin 150-yə yaxın şe'rini toplaya bilmişdir. Tərtib etdiyi kitabçaya yazdığı ön söz "Varlıq" dərgisində dərc olunmuş məqalənin bir az genişləndirilmiş variantıdır. Əli Kamalinin araşdırmasına görə Savə ətrafında ustad aşıq kimi tanınan Rzaəlinin lirik qoşmaları və ustadnamələri, nəsihətamiz şe'rləri indi də aşıqların, şe'r həvəskarlarının dillərinin əzbəridir. Əli Kamali Aşıq Rzaəlinin qəbrini görməmişdi. Aldığı bilgilərə görə 1920-1930-cu illər arasında öldüyü qənaətinə gəlmişdir.
Əli Kamalinin diqqət yetirdiyi el şairlərindən biri də Mustafaquludur. Lakin o, el arasında Əsəd Nizam kimi tanınır(5). Əli Kamali Əsəd Nizama gözəl şe'rlər müəllifi, geniş yaradıcılığı olduğuna görə deyil, zəngin və faciəli ömrünə görə maraq göstərmişdir. Əsəd Nizam şıxlar tayfasının (Şahsevən eli) xanlıq tirəsindəndir. İgidliyinə və qabiliyyətinə görə camaat onu elxan seçir. Hökumət də xalqın fikrilə hesablaşmaya bilmir, rəsmən onu elxan e'lan edir. 1900-cu ilin yayında sel gəlir. Əsəd Nizami qardaşı oğlunu və gəlinini sel aparır. Bundan tə'sirlənən şair heca vəznində - müxəmməs janrında yanıqlı bir dillə faciəni təsvir edir. Şe'r o qədər axıcı olur ki, qısa müddətdə dillər əzbərinə çevrilir. Bu hadisədən sonra yenə də güclü sel gəlir. Şahsevənlərin yurdunu dağıdır. Əsəd Nizam alaçıqda qalmış üç yaşlı oğlunu xilas etmək istəyərkən ata-oğul selin qurbanına çevrilir. Bu faciə də "Aparma sel, amandı" adlı mənzuməyə çevrilir və dillər əzbəri olur. Əli Kamali Əsəd Nizamdan söz açarkən onun mənsub olduğu Şahsevən elinin üç tayfaya, bu tayfaların da 27 tirəyə bölündüyünü yazır və tirələrin hamısının adını qeyd edir. Əli Kamali arxivində həcmi 400 səhifədən çox olan bir qovluq da var.
Burada Xəstə Qasımın şe'rləri, haqqında olan dastan, əldə etdiyi mə'lumatlar var. Ön söz əvəzi isə "Xəstə Qasım, Şikəstə Qasım, Dədə Qasım, Molla Qasım" adlı bir məqalə var. Kamali Xəstə Qasım haqqında "Varlıq" dərgisinin bir neçə nömrəsində məqalə çap etdirmiş, onun məqaləsinə cavablar gəlmiş və bu cavablar da çap olunmuşdur(6). Araşdırıcı Bakıda və Türkiyədə Xəstə Qasımla bağlı çap olunan yazıların bə'zilərinə öz münasibətini bildirir, onların yanlışlığa yol verdiklərini qeyd edir. Ə.Kamaliyə görə Qasım fiziki cəhətdən çox sağlam bir adam olub. Cəmiyyətin nöqsanları onun ruhunu sıxdığından Xəstə təxəllüsünü götürüb. Atası da Şahzadə Nurəddin deyil, Tikmədaşda yaşamış əkinçiliklə məşğul olmuş bir insandır. Qasımın doğulduğu kənd haqqında da Ə.Kamali mübahisəyə girir. Ona görə Xəstə Qasım Təbriz şəhəri yaxınlığındakı Tikmədaş kəndində deyil, Zəncan ostanındakı Tikmədaş kəndində doğulub, indi də aşıqlar onun qəbrini ziyarətə gəlirlər. Ə.Kamali əbədi ictimaiyyətin diqqətini Xəstə Qasıma yönəldəndən az sonra Güney Azərbaycanda Xəstə Qasımla bağlı iki kitabı nəşr olundu(7)
Kitablarda Ə.Kamalidən bəhs edilməməsi, onun yazılarına münasibət bildirilməməsi təəssüf doğurur. "Varlıq" dərgisində A.Mehyarın yayınlatdığı "Tufarqanlı Aşıq Abbasın rəvayəti" məqaləsi Ə.Kamalinin diqqətini çəkir. Orta İran türkləri arasında geniş yayılmış Daharxanlı və ya Tuharhanlı Abbas dastanı ilə dərgidə çap olunan(8) variant arasında müqayisələr aparır, fərqləri ortaya qoyur.
Arxivində heca vəznində şe'rlər olan şairlərin, aşıqların hamısı haqqında Ə.Kamali araşdırma aparmayıb. Topladıqları dastanların qəhrəmanlarının bə'zilərinin məşhur aşıqlarımız olduğuna dair folklorşünaslarımız geniş bilgi versələr də Ə.Kamali onlara münasibətini bildirməyib. Bir sözlə dastanların əksəriyyətinə, sölcəklərə (nağıllara), bayatılara, atalar sözlərinə, tapmacalara araşdırıcı kimi deyil, toplayıcı kimi yanaşıb. Yə'ni heç birini pasportlaşdırmayıb.
Tayfaların, ellərin tarixini işıqlandıranda yanlışlıqlara yol verib. Bu bir tərəfdən Ə.Kamalinin peşəkar tarixçi olmamasından irəli gəlirdisə, o biri tərəfdən də İran kimi qapalı ölkədə yaşamasından, lazımi ədəbiyyatları vaxtlı-vaxtında ala bilməməsindən doğurdu.
Əli Kamalinin arxivində 30-dan çox dastan vardır. Bunlardan bir çoxu səliqə ilə köçürülərək makinada və ya bilgisayarda yığılmaq, çap olunmaq üçün hazırlanmışdır. Onların əksəriyyəti Quzey Azərbaycanda müxtəlif illərdə çap edilənlərdən xeyli fərqli, həm də həcmcə böyükdür. Araşdırıcılarımızın diqqətini çəkəcəyini nəzərə alıb Əli Kamalinin arxivində olan folklor materiallarının siyahısını (həcmi göstərilməklə) aşağıda veririk(9): Qərib Şahsənəm 189 səh., 2. Əsli Kərəm 167 səh., 3. Şah İsmayıl 161 səh., 4. Tufarqanlı Abbas 121 səh., 5. Vərqa və Gülşən 113 səh., 6. Tahir Mirzə 103 səh., 7. Məhəmməd Pəri 89 səh., 8. Səyyad və Səadət 90 səh., 9. Əmrah 83 səh., 10. Qarabağlı Dədə Qurbani 67 səh., 11. Nəcəfxan-Mahcamal 64 səh., 12. Məsum-Əfruz 59 səh., 13. Kəlb-Hürzad 59 səh., 14. Seyid-Pəri 62 səh., 15. Mahmud-Nigar 54 səh., 16. Fərhad-Gürşad 39 səh., 17. Fərhad-Şirin 31 səh., 18. Bəhram-Güləndam 98 səh., 19. Xan Əsgər-Məhbub 78 səh., 20. Heyif səndən Məmmədhəsən xan 12 səh., 21. Əsəd Nizamı sel apardı 10 səh., 22. Vanlı Göyçək 28 səh., 23. Siyamək və Süsən 37 səh., 24 Həsrət 16 səh., 25 Səlim və Şəms 37 səh., 26 Şirini-Birçək 30 səh., 27 Leyli-Məcnun 13 səh., 28. Fəğfur bəy 40 səh., 29 Xosrov və Sənəm 16 səh., 30. Sölcəklər (nağıllar) 40-50 səh., 31. Bayatılar 30-40 səh., 32. Ata sözləri 5-6 səh., 33. Tapmacalar 50-60 səh.
Ə.Kamali folklorumuza niyə belə çox diqqət yetirirdi? Bu suala "Varlıq" dərgisində yayınlatdığı məqalədəki bir cümlə ilə "O zaman ki, dəftərlər yırtılıb, kitablar sulara atılıb və qələmlər sındırıldı onda türkün aşıqları ellərinin ədəbiyyatına qulluq etməyi zəruri sayıb(10)", -deyə cavab verir.
Əli Kamali Orta və Güney İranda, hətta İraqda yaşamış şairlərin əsərlərinə diqqət yetirməklə, folklorunu toplamaqla bir bölgənin müstəqil ədəbiyyatını formalaşdırmaq fikrində deyildi. Sadəcə ədəbiyyatşünaslarımızın, tarixçilərimizin, etnoqraflarımızın diqqətini həmin bölgəyə cəlb etmək istəyirdi. Topladığı materialların ortaq türk ədəbiyyatının məhsulu olduğunu dəfələrlə vurğulayırdı. O, dönə-dönə qeyd edirdi ki, Savə bölgəsi istər dil, istərsə də ədəbiyyat materialları baxımından Türkiyə, Azərbaycan, İraq türkmanları ilə, Türkmənlər və Xorasan türkləri arasında bir körpüdür. Məhz buna görə də araşdırmalarında Mahtumquluya da diqqət yetirirdi. Ə.Kamali bu qədər ədəbi məhsulun bir hissəsini qarşılıqsız əldə edə bilmişdisə də, çoxunu pulla almış, özü gedə bilmədiyi yerlərə maşın tutub, pul verib ayrı-ayrı adamları göndərmişdir. Ə.Kamalinin başladığı böyük iş isə yarımçıq qaldı. Xorasan ətrafında, Orta və Güney İranda yaşayan türklərin folklor materiallarını, eləcə də o yerlərdə yaşamış şairlərin əsərlərini toplayıb nəşr etməklə mədəniyyətimizi daha da zənginləşdirmiş olarıq.
Çap olunub: Əli Kamalinin toplayıcılıq və araşdırıcılıq fəaliyyəti. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. IX kitab, Bakı, 2000, səh. 220-226.
* Məqalə Nizami adına Ədəbiyyat İnstitutunun 1996-cı ilin noyabrın 6-da keçirdiyi “Güney Azərbaycanında folklor bölgələri” elmi-nəzəri konfransında oxunmuş mə'ruzə asasında hazırlanmışdır1.
Ə.Kamali. "Nəflə. Tehran, 1358 (miladi 1979).
(2) Ə.Şamilov. Vəkil, ədəbiyyatşünas, ictimai xadim Əli Kamali. Metodik vəsait. Nizami adına Ədəbiyyat İnstitutu Folklor Elmi-Mədəni Mərkəzinin arxivi. Əlyazma. Bakı. 1996
(3) "Varlıq" dərgisi, 1360 (1981), № 25, s. 49-58.
(4) Ə.Şamilov Vəkil, ədəbiyyatşünas, ictimai xadim Əli Kamali. Bakı, 1996.
(5) "Varlıq" dərgisi, 1982, №35, s. 74-82
(6) "Varlıq" dərgisi, 1985-1986, №73-74, №75-76, №77-78, s. 86-92, №79,
(7) Əli Niqabi. Xəstə Qasım Həyatı və şe'rləri. Təbriz 1374 (1995) Xəstə Qasım. I cild. (Toplayanı, tərtib edəni və ön söz müəllifi tikmədaşlı Hüseyn Siyami) Təbriz, 1373 (1994)
(8) "Varlıq" dərgisi, 1984, № 63-64, s. 83-88.
(9) Ə.Kamalinin arxivindəki "Koroğlu" dastanında ayrıca bəhs edəcəyik.
(10) "Varlıq" dərgisi, 1981 № 25, s. 51.
|