Əli ŞAMİL
MİLLİYYƏTCƏ ALBAN OLAN AZƏRBAYCAN ƏDİBİ NAFİƏ XANIM
20-ci yüzilin 20-ci illərində Azərbaycan mətbuatında hekayə və şeirləri çap olunan Nafiə Abidin milliyətcə alban olduğunu oxucuların çoxu bəlkə də bilmir. Azərbaycanla Albaniya arasında iqtisadi-siyasi əlaqələr zəif olsa da hansı gözə görünməz mənəvi bağlarsa bizləri birləşdirir. M.Ö. 4 yüzillikdən miladın 8 yüzilinədək mövcud olmuş Albaniya dövləti ilə bugünkü Albaniya arasında ad eyniliyindən başqa bir bağlılığa da rast gəlmirik. Odur ki, çox vaxt qədimlərdəki dövləti Qafqazda Albaniya adlandırırlar. Bu dövlətin əsas varisi Azərbaycan Respublikası sayılır. Azərbaycanda albanların yaşayıb-yaşamadığı haqqında fikir söyləmək də çox çətindir. Çünki, albanlar Azərbaycanda yaşasalar belə sayları o qədər azdır ki, siyahıya almada onlar və başqa xalqlar adı altında verilirlər.
Azərbaycanda yaşamış azsaylı albanların hər birinin qəribə taleyi isə oxucuda maraq doğurur. Ona görə də Azərbaycanda əhalinin siyahıyaalmasına düşməyən bir xalqın şair qızı haqqında oxuculara bilgi verməyə çalışacağam. O şairin ki, milliyyəti alban olsa da, yazdığı hekayə və şeirlər Azərbaycan türkcəsində olub, Azərbaycanın azadlıq mübarizəsini tərənnüm edib. 1925-ci ildə İstanbulda yaşayarkən gənc Azərbaycan şairi və alimi Gültəkin-Əmin Abidə müraciətlə yazıb:
Əsiyor Şərqin o munis rüzgarı.
Qafqasiyanın yaşıl yamaclarında.
Ruhumdakı eşqin son yadigarı,
Yakıyor qəlbimi dərindən inan.
Bənim də səsimdə titrəyir duyğun.
Bənim də səsimdə bir sevgi dərun.
Yalnız sen deyilsin o yurda vurğun.
Bən də abidiyəm o şən məbudun.
Nafiə Şükrü imzasıyla çap olunmuş "Qardaş sevgisi" şeirinin əvvəlində "Azərbaycanın millətpərvər şairi Gültəkin bəgə", sonunda isə ithafı ilə başlayır, 15 Qanuni-sani 1925 (Qanuni-sani noyabr ayinin adıdır-Ə.Ş.) Şeir mövzu və üslubca da Gültəkinin şeirlərinə çox yaxındır. Türkiyədəki Azərbaycan mühacir mətbuatında çap olunmuş bu şeiri M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbuldakı Orxaniyyə mətbəəsində ərəb əlifbası ilə nəşr etdirdiyi “İstiqlal uğrunda” kitabına daxil etmişdir. Bu "Milli Azərbaycan nəşriyyatı" seriyasından buraxılmış 8-ci kitabdır. Kitaba qadın şairlərdən Nafiə Şükrü ilə yanaşı M.Ə.Rəsulzadənin əmisiqızı, Seyid Hüseyinin xanımı Ümmugülsümün, Gülsərin(müəllifin kitabın 35 səhifəsindəki “Türkün dərdi” şeiri də “Gültəkin bəgə” ithafıyla verilib-Ə.Ş. ) şeirləri də var. Ədəbiyyat tariximizdə xüsusi yeri olan bu kitabda Gültəkinin 20, Əhməd Cavadın 9, Sənanın 6, Azərizadənin 2, Məsud Səfvətin 2, Məcidzadənin, Yusifin, İsmayıl Zühutinin, Usta Əlinin hərəsinin bir şeiri verilmişdir. Kitaba M.Ə.Rəsulzadə Kamal imzası ilə geniş müqəddimə yazılmış, sonda da "Yeni Kafkasiya" və Azəri-Türk" dərgisindən alınmış iki məqalə əlavə edilmişdir.
Maraq doğura bilər ki, Nafiə Şükrü "Qardaş sevgisi" şeirini nədən "Azərbaycanın millətpərvər şairi Gültəkin bəgə" ithafı ilə çap etdirib?
Gültəkin Əmin Abidin İstanbulda olarkən yazıb mühacir mətbuatımızda çap etdirdiyi şeirlərdə işlətdiyi gizli imzasıdır. Əmin Abid Mütəllib oğlu Əhmədov 1898-ci ildə Bakı şəhərində daşyonan ailəsində doğulub. İlk təhsilini anası Reyhan Adnan qızının evdə qadınlar və uşaqlar üçün açdığı Quran oxutma kurslarında alıb. Sonra Bakıdakı III Aleksandr oğlan gimnaziyasında oxuyub. 1914-cü ildən "Məktəb" jurnalında kiçik hekayə və şeirlər çap etdirib. Bir müddət böyük qardaşı – tanınmış şair, jurnalist, araşdırıcı və naşir Ə. A. Müznibin sahibi və redaktoru olduğu jurnallarda, nəşriyyatlarda çalışmışdır. 1914-1917-ci illərdə onun imzasına “Babayi Əmir”, “Dirilik”, “Övraqi Nefisə”, “İqbal”, “Bəsirət”, “Açıq söz”, “Azərbaycan” və b. qəzet jurnallarda rast gəlinir. 1918-ci ildə İstanbula gedərək "Aliyeyi Darülmüəllimi" daxil olduqdan sonra onun Azərbaycan mətbuatında imzası təkəmseyrək görünür.
Vətənə qayıdan Əmin Abidi Azərbaycan Maarif Komissarlığı 1922-ci ildə ayda 35 ABŞ dolları təqaüdlə İstanbul Universitetinin tarix-ədəbiyyat fakültəsində oxumağa göndərir və ona "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ni yazmağı tapşırır. Universitetində oxuduğu illərdə Ə. Abid Vyana, Budapeşt, Qəzvin şəhərlərinə elmi ezamiyyətə göndərilir. İstanbulda arxiv və kitabxanalarda çalışır. Çoxcildli Azərbaycan türklərinin ədəbiyyatı tarixi əsərini yazmaqla kifayətlənmir, ictimai-siyasi həyatda da fəal iştirak edir.
Ə. Cəfəroğlu "Azəri ədəbiyyatının istiqlal mücadiləsinin izləri" əsərində yazır: "Gültəkin beyin şeirlərinin qüvvət və gücü deyə bilərəm ki, siyasi mətbuatımızdan daha çox rəğbət görə bilmişdi. Ən yaxşı bəzi şeirləri bəstələnib İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir".
Əmin Abid Universitetdə oxuduğu illərdə Nafiə ilə tanış olur və onunla evlənir. 1903-cü ildə Yanya (indi Yunanıstanın tərkibindədir) şəhərində bir alban ailəsində doğulan Nafiəni ailəsi Yunanların Osmanlı dövlətinə üsyanından sonra İstanbula gəlir. Kiçik yaşlarında atası Əhməd Şükrünü itirən Nafiənin anası Zəhra Tevfik Tanurə ərə gedir. Bundan sonra Nafiyənin qızlıq sənədlərində Nafiə Tevfik Tanur qızı yazılır.
Yeddi yaşında İstanbuldakı Camlıq liseyinə daxil olan Nafiə on bir il orada təhsil alır. Bir illik pedaqoji kursu bitirərək İstanbul Universitetinə daxil olur. Əmin Abidlə eyni fakültədə – tarix-ədəbiyyat fakültəsində oxuyur.
Ailə arxivində qalmış şəkillərinin birinin arxasında Nafiə xanımın "Sevgili annemə nigahdan sonra: Qızınız. 1341" qeydi var. Buradakı tarixi miladiyə çevirdikdə 1923-cü ilə uyğun gəlir. Buradan aydın olur ki, Nafiə xanım universitetə qəbul olunduqdan bir il sonra Əmin abidlə evlənir.
1926-cı ildə Universiteti bitirən Ə. Abid xanımı Nafiə ilə birlikdə Bakıya dönür. Bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətini devirdikdən sonra milli kadrların bir qismini güllələmiş, bir qismini həbs etmiş, Sibirə sürgünə göndərmiş, bəziləri də xarici ölkələrə qaçmaqla canlarım qurtara bilmişdi. Buna görə də həmin illərdə ali təhsilli mütəxəssislərə böyük ehtiyac vardı. Tələbatı ödəmək üçün hətta xarici ölkələrdən müəllimlər, həkimlər dəvət edilmişdi. Ölkənin iqtisadiyyatı ağır durumda olmasına baxmayaraq xarici ölkələrdən dəvət edilənlərə valyuta ilə yüksək maaş verilirdi.
Belə bir vaxtda Ə. Abid və xanımı Nafiə kimi gənc mütəxəssislərin diqqətdən kənar qalması təəccüb doğurur.
Ə. Abid bir müddət texnikum və ali məktəblərdə işlədikdən sonra onu mərkəzdən uzaqlaşdırıb Ağdaşa müəllim işləməyə göndərirlər. Bununla yanaşı dövrü mətbuatda onun əleyhinə böhtan və təhqir dolu məqalələr çap olunur. 1930-cu illərdən başlayaraq elmi məqalələrinin çapı əngəllənir. İxtisasına uyğun işlə təmin olunmayan Nafiə xanım isə evdə dərzilik etməklə ailənin maddi durumunu yaxşılaşdırmağa çalışır.
Azərbaycanda yaşayanda hekayə və şeirlərini Nafiə Abid imzasıyla çap etdirən alban qızının Tiflisdəki "Dan yıldızı" jurnalında "Arabaçı Vladimir" hekayə (1927-ci il, sayı 10, səh. 18-19), “Uzun gecənin sonu” şeiri (1927-ci il, sayı 10, səh. 24), Bakıdakı "Maarif və mədəniyyət" jurnalında “Yeni dünya” şeir (1927-ci il, sayı 3, səh. 21), "Maarif işçisi" jurnalında "Bombalar kölgəsində" şeir (1927-ci il, sayı 6-7, s. 63) və b. yazıları çap olunduğu göstərilir.
Ailəsinin təqibindən narahat olan Nafiə xanım Türkiyəyə getməli olur. Ə. Abid Ağdaş, Quba və Ağdamda müəllim işlədikdən sonra 1934-cü ildə Əli Nazimin təşəbbüsü ilə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsində işə götürülür. Aranın sakitləşdiyini güman edən Nafiə xanım 1935-ci il avqustun 14-də Bakıya qayıdır.
1938-ci ildə Əmin Abidi və ömür gün yoldaşı Nafiə xanımı həbs edirlər. KQB müstəntiqi Nafiə xanımdan 1930-cu ildə Türkiyəyə getməsinin səbəbini xəbər aldıqda o belə cavab verir: "Ailənin yeganə qızı idim. Atam tez-tez anamın xəstə olduğunu, məni görmək istədiyini yazırdı". Müstəntiqi ən çox maraqlandıran Nafiə xanımın Türkiyə Cümhuriyyətinin Bakıdakı konsulu Nuru bəyin evində olması və onun Türkiyədəki qohumlarıydı.
Nafiə xanım müstəntiqin birinci məsələ ilə bağlı sualına cavab olaraq anasının 1930-cu ildə onu görmək üçün Bakıya gəldiyini, qohumları Bədriyyə xanımın (Türkiyənin Bakıdakı konsulu Nuri bəyin arvadı – Ə. Ş.) onları evlərinə qonaq çağırdığını söyləyir.
Aydın görünür ki, Nafiə xanım Türkiyəyə anasının xəstəliyinə görə getməyib. Əgər anası elə ağır xəstə olsa 30-cu illərin çətin şəraitində Bakıya gələ bilməzdi. Bakıda görüşdükləri halda elə həmin il uzaq məsafəni qət edib xəstə anasını görmək üçün yəqin ki, belə tez getməzdi.
Müstəntiq dəfələrlə Nafiənin Türkiyədən Bakıya gəlməsi üçün necə, hansı vasitələrlə viza aldığı və qohumlarının harada işləməsi maraqlandırır. Buradan da artıq 1935-ci illərdə Türkiyədən Azərbaycana gəlmək istəyənlərə çətin viza verildiyi aydınlaşır. Nafiə xanım verdiyi izahatdan ana tərəfdən qohumu, Türkiyə Milli Məclisnin üzvü, dəfələrlə Türkiyə hökumətində nazir vəzifəsində işləmiş Əbdülxalıq Renda ona viza almaq üçün Moskvada – Xarici İşlər Komissarlığında kimlərəsə ağız açıb, müraciət etdiyi aydın olur.
Əbdülxalıq Renda haqqında bilgi əldə edən müstəntiq Nafiənin atalığı (istintaqda atası kimi göstərilir – Ə.Ş.) Türkiyə Dəmiryollar idarəsində baş mühasib işləyən Tevfik Tanur, onun qardaşları – Ayvalıq şəhərindəki "Ziraat" bankında işləyən İsmayıl Tanur və haradasa mühasib işləyən Kamil Tanurla da bərk maraqlanır, hətta evdar qadın olan anası Zəhranın tərcümeyi-halını da dəqiqləşdirirlər.
İstintaqın gedişini diqqətlə gözdən keçirəndə aydın görünür ki, Nafiəni ittiham etdikləri casusluq suçu bir kənara buraxılıb. Ən çox müstəntiqləri onun qohumları, xüsusən də Əbdülxalıq Renda maraqlandırır. Buna görə də belə güman etmək olur ki, DTK-ya Nafiədən çox Əbdülxalıq Renda lazımmış.
Nafiə ikinci dəfə Bakıya gəldikdən sonra burada 2 il yaşayır. Həmin vaxt Ə.Abid Ağdamdan Bakıya gəlir. Əli Nazimlə birlikdə M.F. Axundovun əsərlərinin üç cildliyini çapa hazırlayır. Jurnallarda bir-birindən maraqlı, yüksək elmi səviyyəsi ilə seçilən məqalələr çap etdirir. SSRİ EA Rəyasət heyəti qarşısında Ə.Abidə çap olunmuş əsərlərinə və çap olunmamış araşdırmalarına görə (dissertasiya yazıb elmi iş müdafiə etmədən – Ə.Ş.) elmlər namizədi adı verilməsi məsələsi qaldırılır.
Lakin bu uzun sürmür. 1936-cı ildə SSRİ-də yenidən kütləvi həbslər başlayır. Ə. Abid 1937-ci ilin may ayında SSRİ EA Azərbaycan filialından işdən çıxarılır. O, Kürdəmir rayonunun Qaraqoyunlu kəndində müəllim işləməyə başlayır. Mərkəzdən uzaqlaşmaq onu həbsdən xilas etmir. 1938-ci il iyulun 14-də Ə. Abid İsmayıllı rayonunda (Niyə məhz İsmayıllıda? Bu suala hələ də cavab tapa bilməmişik – Ə. Ş.) həbs edilir. Evləri müsadirə olunur. Qardaşı millətçi şair Əliabbas Müznib də həbs edilmişdi. İrticanın qorxusundan qohumları, tanışları da onlardan üz döndərmişdi.
Qəriblikdə çətin durumda qalan Nafiə vətənə dönməyə çalışır. Bakıdan uzaqlaşır. Hansı yollarlasa Batuma gedə bilir. Batumda viza almaq ümidiylə Türkiyə konsulluğuna gedir. Batumda konsul işləyən Nafiə xanımı anasının qohumu Bədriyyə xanımın əri Nuru bəy vasitəsilə viza alacağı ümidindəydi. Konsulluqdan çıxarkən onu həbs edirlər. 1938-ci il avqustun 11-də SSRİ Cinayət məcəlləsinim 58/6 maddəsi ilə əksinqilabi iş aparmaqda, casusluqda ittiham olunan Nafiə xanımın həbs edilməsi haqda 6298 nömrəli order çoxdan yazılıbmış. DTK serjantı Avakova da Nafiə xanımı axtarıb tapmaq və həbs etmək haqda əmr verilibmiş. Həbs edilərkən 165920 nömrəli qızıl qol saatını, brilyant sırğalarmı, iki ədəd qızıl üzüyünü və b. bəzək əşyalarını da əlindən alıblar.
Nafıə xanımın istintaqı heç də asan keçməyib. İstintaq işindəki pasport şəklində yaraşıqlı və gənc bir xanın olduğu görünür. İstintaq təcridxanasında çəkilmiş şəkildə isə o qocalıb əldən düşmüş, sərxoş rus qadınlarını xatırladır. Verilən işgəncələr onu qısa müddətdə tanınmaz şəklə salır. Bunu istintaq sənədləri de göstərir. Verdikləri cəzanın ağırlığına dözməyərək huşunu itirdiyindən istintaqda fasilələr verilirmiş. Həkim müayinəsi zamanı ürək xəstəliyinə tutulduğu aydınlaşır. Lakin ondan əl çəkmək istəmirlər. İstədiklərinə de nail ola bilmirlər.
1938-ci il avqustundan başlayan istintaqa Zaqafqaziya Hərbi Prokurorunun Azərbaycan SSR Daxili İşlər Komissarlığı üzrə köməkçisi, 2-ci dərəcəli hərbi hüquqşünas Kurbanov 1939-cu il aprelin 28-də belə yekun vurur: "N.Ş. Əhmədovanın əleyhinə toplanmış sübutların xarakterini nəzərə alaraq bu işin məhkəmə dindirilməsinə göndərilməsini mümkünsüz sayıram. Bunun üçün də N.Ş. Əhmədovanın işinin SSRİ XDİK yanında xüsusi məşvərətə göndərilməsinə razıyam".
Sonda isə vəzifəsini və rütbəsini, hətta adını və atasının adını göstərməyi belə unudan İvanov 14 nömrəli protokoldan çıxarışı imzalayıb. Orada yazılıb: "Əhmədova Nafiə Şükrü qızı çox təhlükəli ünsür kimi islah-əmək düşərgəsində saxlansın. Cəza müddəti 1938-ci il avqustun 11-dən hesablansın". KQB-nin 269342 sayı istintaq materiallarının üzərində isə “Nafiə Tevfik Tanurun (həm də Şükrü Əhməd) Əhmədovanın istintaq işi” yazılıb.
Əmin Abid 1938-ci il oktyabrın 21-də saat 2130-da güllələnib. Bundan nə qohumların, nə də onu tanıyanların xəbəri olub. Tanışları isə dumanlı şəkildə Nafiə xanımın həbsdən döndükdən sonra Türkiyəyə döndüyünü söyləyirdilər.
Doğrudanmı Nafiə xanım Türkiyəyə dönüb? Türkiyəyə dönübsə nə iş görüb, nə vaxtadək yaşayıb? Bakıda yaşayarkən ictimai-siyasi fəaliyyəti olubmu? Çap olunmuş nümunələrdən əlavə şeirləri varmı? Bu və buna bənzər onlarla sual isə hələ cavabsız qalır. |