UYĞUR TÜRKLƏRİNDƏ FOLKLOR
VƏ ƏDƏBİYYATIN İNKİŞAFI
Əli Şamil Hüseyn oğlu
Bakı
Özət: Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunu (Şincan Uyğur Avtonom Rayonluk) Azərbaycandan təxminən dörd min kilometrlik bir məsafə ayırır. Eyni soydan olduğumuza görəmi, yoxsa tarixin gedişindənmi oxşar taleyi yaşayırıq. Əlaqələrimiz zamanın sürətiylə ayaqlaşmasa da, qan yaddaşı sayəsində hələ də ədəbi əsərlərimizin adlarında, mövzularında bir oxşarlıq var. Toponim və şəxs adlarımızın da böyük bir hissəsi eynidir.
Bu gün Çində yaşayan soydaşlarımız Uyğur, biz isə Azərbaycanlı adlanırıq. Hər birimizin də ayrıca (az qala bir-birindən tədric olunmuş) tarixi, ədəbiyyat tarixi, dil tarixi və s. ya¬radılıb. Əslində, 20-ci yüzilədək Azərbaycan türklərinin ədəbiyyatı Osmanlı türklərinin ədəbiyyatından nə qədər fərqlənirdisə, uyğurların yaratdığı ədəbi əsərlər də özbəklərinkindən bir o qədər fərqlənirdi. Ona görə də bunlar daha çox oğuz və cığatay adıyla adlandırılırdılar. Bu iki qrup arasında elə ciddi fərq də yox idi. Hətta 19-cu yüzildə yaşamış şairlərimizin əsərləri arasında cığatay türkcəsində yazılmış nümunələrə rast gəlindiyi kimi, Özbəkistanda yaşamış şairlər də 20-ci yüzilədək oğuz türkcəsində də qələmlərini sınamışlar.
Dünyada baş verən siyasi hadisələr, bizləri təsir altına alan dövlətlərin strateqlərinin hazırladığı çoxsaylı planlar isə bu fərqi artırmağa xidmət edirdi. Beləliklə, uyğur folkloru, ədəbiyyatı, uyğur nəsri, uyğur poeziyası, uyğur dramçılığı və s. terminlər meydana gəldi. Uyğur ədibləri rus təsiri altında qalan qardaşları aracılığı ilə və ya bizzat Rusiya vasitəsilə dünyanın inkişafını izləyərək Avropa ədəbiyyatından gəlmə janrları da mənimsədilər. Çağdaş uyğur dramçılığı, uyğur teatrı beləcə formalaşdı və şöhrət qazandı. Hazırda uyğur dili və ədəbiyyatı Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda, Qazaxıstanda və Özbəkistanda inkişaf edir. Çinin quzeyində bizimlə eyni dil ailəsinə mənsub olan xalqlardan uyğur, qazax, qırğız, tatar, özbək, salur və sarı uyğur türkləri yaşayırlar.
Məqalədə uyğur folklorundan və yazılı ədəbiyyatından danışılacaq. Bu ədəbiyyatın Abdurehim Nizari (1776-1849), Sadır Pəlvanı (1798-1871), Turduş Axun Qəribi (19-cu yüzil), Noruz Axun Ziyai (19-cu yüzil), Bilal Nazım (1824-99), Abduxaliq Uyğur (1901-33), Molla Şakir (1825-98), Armiya Nimşehit (1906-72), Zunun Qədiri (1911-89), Ahmed Ziyati (1913-89), Lutpulla Mutəllip (1922-45), Xevir Tömür (1922-91), Abdurihim Ötkür (1923), Turqun Almas (1924), Abdulkərim Xoca (1928-88), Teyupcan Əliyop (1930-89), Muhəmmətcan Sadiq (1934), Abduşükür Muhəmmətimin (1934-95), Qəyyum Turdi (1937-97), Zordun Sabir (1937-98), Qurban Barat (1939), Muhammətəli Zunun (1939), Muhəmmətcan Raşidin (1940), Əxət Turdi (1940), Boğda Abdulla (1941), Calalidin Bəhram (1942), Tursun Yünüs (1942), Ruzi Sayit (1943-2001), İmin Əxmədi (1944), Məmtimin Hoşur (1944), Tursuncan Litıp (1945), Toxti Ayup (1945), Muhəmmət Osmancan Savut (1946), Nurmuhəmmət Toxti (1949), Abdulla Savut (1950), Əxmət İmin (1950) İbaydulla İbrahim (1951), Muhəmmət Bağraş (1952), Xalidə İsrail (1952), Əxtəm Ömər (1963) və b. nümayəndələri uyğur dilinin zənginləşməsi və ictimai fikrin formalaşması üçün az iş görməmişlər.
Açar sözlər: Sintzsyan-Uyğur, ədəbiyyat, folklor, çağdaş dramçılıq, teatr, opera
Giriş
Pekinin 90 kilometrliyindəki Çin səddindən ta Xəzər dənizinədək olan bölgə yüzillər boyu coğrafi məkan kimi Türküstan adlandırılmışdır. Türküstanı Sibir, Çin, Monqolustan, Əfqanıstan, Pakistan, Hindistan, İran və s. ərazilər çevrələyir. Türküstan Doğu və Batı Türküstana, onlar da, öz növbəsində, daha kiçik bölümlərə ayrılır. Bu bölümlərin də hər birinin öz adı var. Tarixin müxtəlif çağlarında burada neçə-neçə dövlətlər, imperiyalar yaranmış, inkişaf etmiş və çökmüşdür. Bölgədə aparıcı və hakim xalq türklər olduğundan yaradılmış zəngin ədəbiyyata da ortaq türk ədəbiyyatının bir parçası kimi baxılmalıdır.
Bu da təsadüfi deyildi. Türklərin hərbi, siyasi, mədəni çöküşü güclənən qonşu xalqların yüksəlişi ilə eyni illərə təsadüf edir. Miladi XII yüzildə Çingizxanın yaratdığı qüdrətli imperiyanın əsarətinə düşən Çin dövləti sonradan Minq sülaləsini hakimiyyətə gətirməklə (1368-1644) müstəqilliyini bərpa etmiş oldu. XVII yüzildə ölkəni bürümüş kəndli üsyanları mərkəzi hakimiyyəti laxlatdı və dövləti dağılmaq təhlükəsi qarşısında qoydu. Üsyanları yatırmaq üçün dəvət olunmuş mancur hakimləri Çində Qinq (Çinq oxunur) sülaləsinin hakimiyyətini (1644-1911) qura bildilər.
1759-ci ildə Çin-Mançu höküməti Doğu Türküstan torpaqlarını işğal edərək İli bölgəsində minlərlə uşağı, qocanı, qadını, bir sözlə, savaşda iştirak edə bilməyən insanı öldürmüs, yüz minlərlə insanın isə malını-mülkünü müsadirə edib sürgünə gön¬dərmişdi. 1840-cı ildə də Böyük Britaniyanın Çinə qoşun yeritməsi mərkəzi hakimiyyəti zəiflətmişdir. İngilislərə məğlub olmasına baxmayaraq Çin-Mançu hökuməti yalnız Doğu Türküstanı deyil, işğal etdiyi başqa dövlətləri və xalqları əsarətdən azad etmədi (Dünya dövlətləri, 1999:203).
1864-ci ildə Çin əsarətindən qurtulmağa can atan Doğu Türküstanlılar Yakup bəyin öndərliyi ilə “Sərqi Türküstan İslam Dövləti”ni qura bildilər. Lakin bu dövlətin ömrü o qədər də uzun olmadı. 1877-ci ildə Yakup bəyin qəflətən ölümündən sonra taxt-tac uğrunda gedən savaşlar ölkənin parçalanmasına və yenidən işğal altına düşməsinə səbəb oldu.
Çin imperatorunun 1884-ci il noyabrın 18-də verdiyi əmrlə Doğu Türküstana Çinin 19-cu vilayəti –Sincianq, Şincanq və ya Xinjianq adı verilmişdir ki, bu da hakim çinlilərin dilində “yeni sərhəd”, “yeni xətt”, “yeni qazanılan yer” anlamındadır. (ASE, 1984:452, 9-cu cild, Cengiz, 1997:1405). Azərbaycanda isə bölgənin adı rus dili vasitəsilə alındığından Sintzsyan şəklində yazılmağa başlanmışdır.
1819-1826-cı illərdə Doğu Türküstanda Cahangir xanın başçılığı ilə xalq mançur mənşəli Çinq sülaləsinin hakimiyyətinə qarşı üsyan qaldıranda Qarabağda, İrəvanda, Gəncədə Abbas Mirzənin başçılıq etdiyi hərbi hissələr də rus ordusuna qarşı vuruşurdu. 1830, 1831-ci ildə Car-Balakəni, 1831-ci ildə Lənkəranı, 1837-1838-ci illərdə Şəki və Qubanı, 1829-1861-ci illərdə Şeyx Şamilin başçılığı ilə Qafqazı bürümüş üsyanlar ilə Doğu Türküstanda 1830-cu ildə Yusup Xocanın, 1846-cı ildə Muhəmmətimin Xocanın, 1855-ci ildə Vəli Xan Törənin başçılıq etdiyi üsyanlar bir-birlərinə çox bənzəyir (Türklük, 1991:21). 1864-1872-ci illərdəki Qansu üsyanı, 1895-ci ildə Şansidəki salurların üsyanları 19-cu yüzillikdə də Çin müstəmləkəçilərinə qarşı mübarizənin davam etdiyindən xəbər verir.
1894-cü ildə Yaponiya Çinə savaş elan etdi. Bu savaşda nəinki Yaponiya Çinin bir sıra əyalətlərini öz təsir dairəsinə saldı, hətta Almaniya, Fransa, Böyük Britaniya və çar Rusiyası Çinin bir sıra ərazilərini “icra” adı altında ələ keçirmişdilər. (ASE, 1984:352, 10-cu cild).
1911-1913-cü illərdəki Şin-xay inqilabı Çinq sülaləsini devirdi və Çin imperatoruluğuna son qoydu.1912-ci ildə Çində respublika elan olundu. Doğu Türküstan yenə də Çinin müstəmləkəsi olaraq qaldı. İkinci Mançu istilası adlandırılan bu hadisələrdən sonra bölgənin hakimiyyətini vali ələ keçirdi. Lakin xalq heç də çinli valinin hakimiyyətilə razılaşmadı.
İki süper gücün - Rusiya və Böyük Britanyanın ustalıqla qurduğu diplomatik əlaqələr və güclü siyasət nəticəsində Kaşqar xanlığı 1914-cü ilə qədər yaşamış, ən önəmlisi isə Kaşqar hökuməti Osmanlı sultanı Əbdülhəmid adına xütbələr oxutmaqla birlikdə onun adına sikkələr kəsdirmişdir.
1917-ci ildə II çar Nikolayın taxtdan salınması Doğu Türküstanlıların hakimiyyət əleyhinə təşkilatlanmasını sürətləndirir. Yeni yaranmış Sovet hökuməti də bölgəni təsir dairəsinə salmaq üçün gizli planlar hazırlayır.
1925-1927-ci illər inqilabı Çankayşi (Canq-Cie-Şi) başda olmaqla Quomindanq (Çin dilində siyasi partiya deməkdir -Ə.Ş.) Çin Milli Partiyasının hakimiyyətə gəlməsilə başa çatdı. 1931-ci ildə isə Yaponiya Çinin quzey-doğusunu, Mancuriyanı, Daxili Monqolustanın və Quzey Cinin bəzi rayonlarını işğal etmişdi. 1938-ci ildə isə yapon qoşunları Çinin quzeyini bütövlükdə, Mərkəzi Çinin xeyli hissəsini və Güney Çinin mühüm rayonlarını ələ keçirmişdi.
Bolşeviklər isə hakimiyyəti ələ aldıqdan sonra güneyə və doğuya doğru yürüş edib türklərin yaşadıqları bölgələri işğal edərək keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etməyə çalışırdılar. Onlar hələ zəif olmalarına baxmayaraq Yaponiyanın Doğu Türküstanı, Çini işğal edərək güclənməsini istəmirdilər. Var gücləri ilə Çinə yardım edirdilər. SSRİ Çinə silah, hərbi texnika, döyüş sursatı və b. materiallar verir, ora özünün hərbi və mülki mütəxəssislərini göndərirdi. Yapon işğalçılarına qarşı təslimçilik mövqeyi tutan qomindanqçılar Doğu Türküstanlıların haqlı tələblərini qəddarlıqla qarşılayır, silah gücünə xalq hərəkatını yatırırdılar.
Bir-birindən çox-çox uzaqda olan iki dövlət eyni vaxtda türk bölgələrinə basqın edir, yeni torpaqlar ələ keçirirdilər. Türküstanda basmaçı hərəkatı sovetlərə ağır zərbələr vurur, Doğu Türküstanlılar isə müstəqil dövlətlərini qurmağa can atırdılar. 1931-ci ilin fevral ayında Qumul vilayətində Xoca Niyaz Hacı və Salih Dorğanın öndərliyi ilə xalq Çin-Şu-Jenin (1928-1933) hakimiyətinə qarşı üsyan qaldırdı. Üsyan dalğası sürətlə ölkəni bürüdü. 1933-cü ilin noyabrın 12-də Kaşqarda Doğu Türküstan İslam Cümhuriyyəti elan edildi (Kaşqarlı, 1992:19).
Lakin qurulan bu dövlətin ömrü uzun olmadı. 1934–1944-cü illər arasında Sovetlər Doğu Türküstanı öz təsir dairəsində saxlamaq, ondan Yaponiyaya və Çinin bəzi dairələrinə təsir vasitəsi kimi istifadə etmək üçün diplomatik vasitələrdən və silahlı qüvvələrdən istifadə edirdi.
1937-ci ildə SSRİ ilə Çin arasında bağlanmış andlaşma Doğu Türküstan İslam Cümhuriyyətinin ləğv edilməsilə nəticələnir. Xalq kütlələri isə bu müqavilənin şərtləri ilə razılaşmırdı. Ölkənin müxtəlif bölgələrində itaətsizlik, silahlı üsyanlar davam edirdi.
1938-ci ilin sonlarında müqavimət hərəkatı daha da güc¬lənirdi. Xalqın iradəsini qırmaq üçün olmazın qəddarlığına əl atıldı. Baymirza Hayit yazır ki, Kaşqarda polis idarəsinə rəhbərlik edən sovet vətəndaşı Mavlanov bir gündə 6.000 nəfəri güllələdir, 300 000-dən çox Doğu Türküstanlını həbs etdirir və 10 000-dən çox ailənin malını müsadirə edilməsi haqqında əmir verir. (Hayit B., 1995:322-330).
Zorakılığa, kütləvi həbslərə, sürgünlərə, bölgəyə çinlilərin yerləşdirilməsinə baxmayaraq xalqın narazılığı səngimək bilməmişdi. Sovetlər də xalqın bu narazılığından istifadə edərək ölkədə qarışıqlığı daha da dərinləşdirir, Çini öz təsir dairəsinə salmaq istəyirdi. Dağlarda və mağaralarda gizlənərək silahlı qüvvələrini formalaşdıran, hökumətə qarşı partizan savaşı təşkil edən Çin kommunistləri Doğu Türküstandakı hakimiyyətdən narazı qüvvələri dəstəkləyir, onlardan öz xeyirlərinə isti-fadə etməyə çalışırdılar.
1944-cü ilin iyulunda İli bölgəsində-Qulcada Əli xan Törənin başçılığı ilə çinlilərə qarşı yenidən azadlıq savaşı başladı və bu savaş qələbə ilə başa çatdı. 1944-ci ilin avqustun 7-də “Doğu Türküstan Cümhuriyyəti”nin qurulduğu elan edildi və hökumət başçısı Əli xan Törə seçildi. Lakin beynəlxalq güclər yeni hökuməti tanımaq istəmədilər.
SSRİ müttəfiqlərinin razılığını aldı ki, faşist Almaniyası üzərində qələbədən sonra qoşunlarını Mancuriyadan keçirib Yaponiyaya qarşı savaşa göndərsin. Bu, əslində, sovetlərin Çini təsir dairəsinə salması demək idi. Sovet qoşunları Almaniyanın müttəfiqi Yaponiya üzərinə hərəkət edəndə Çin kommunistləri də silah gücünə hakimiyyəti ələ aldılar.
Sovetlər ilə yeni qurulmuş Çin hökuməti arasında sıx əməkdaşlıq yarandı, hərbi və iqtisadi, siyasi müqavilələr bağlandı. Sovetlərin daha Doğu Türküstan hökumətinə və bir za¬man dəstəklədiyi demokratik qüvvələrə ehtiyacı qalmadı. Çin kommunistləri də SSRİ kimi hərbi qüdrətli, ikinci dünya savaşından qalib çıxmış bir dövlətə arxalandığından Doğu Türküstanın müstəqilliyini istəyən kommunistlərlə əməkdaşlığı düşmənçiliyə çevirdi.
Hər iki dövlətin təzyiqi altında 1945-ci ilin oktyabrın 22-də Urumçidə danışıqlar aparıldı. Zor durumda qalan gənc Doğu Türküstan hökumətinin rəhbərləri hakimiyyəti Çinlilərlə bölüşməyə razılaşdı. Beləcə, 1946-ci ildə çinlilərdən və Doğu Türküstanlılardan qurulan şərikli hökumətin başına Çanq Çih-Çunq gətirildi.
Lakin bu hökumət də ölkədə stabilliyə nail ola bilmədi. Çünki çinli əsgər və zabitlər xalqa olmazın zülm edir, çinli məmurlar isə müsəlmanların müstəqilliyə can atmasının qarşısını zor gücünə almaq, bölgəni müstəmləkə kimi idarə etmək istəyirdilər.
“Doğu Türkistan Cumhuriyetinin Cumhurbaşkanlığına Əli xan Törə, Cumhurbaşkanı yardımçılığına Hakim bəy Hoca, Genel Sekreterliğine Abdulrauf Mahsum getirildi. Doğu Türküstan Cumhuriyeti Devlet Konseyinin 17 kişilik üyesi seçildi. Bakanlıklar tesis edildi ve bakanların tayini yapıldı... Bu tarihi toplantıda yine günlük “Şarki Türkistan Gazetesi”ni neşretmek karara alındı” (Kaşqarlı, 1993:32).
1941-ci ilin avqustunda Sovet qoşunlarının İrana daxil ol¬ması ilə Güney Azərbaycanda milli hərəkat gücləndi və nəti¬cədə 1945-ci ildə S.C.Pişəvərinin başçılığı ilə yeni hökumət təşkil edildi.
Gördüyümüz kimi, Doğu Türküstanda da hər şey Güney Azərbaycandakına oxşar şəkildə cərəyan etdiyindən təfsilata varmağa ehtiyac duymuruq. Çünki ssenari eyni idi. Hər iki böl¬gədə Rusiya strateqləri türklərin milli hisslərindən məharətlə faydalanırdılar.
1946-cı ilin dekabrında şah orduları Güney Azərbaycanda qurulmuş dövlətin varlığına son qoyur və rəhbərləri, fəalları Sovetlər Birliyinə gətirilir. Güney Azərbaycanda qurulmuş, milli hökumətin rəhbəri S.C.Pişəvəri 1947-ci ildə Quzey Azərbaycanda avtomobil qəzası adı ilə öldürüldüyü kimi, “Doğu Türkistan Cumhuriyetinin esaslı liderlerinden reis Ahmetcan Kasimi, Milli Kurtuluş Ordusunun Komutanı general İshak bey, Komutan Yardımcısı general Delil Kan, Milli Kurtuluş Ordusunun Siyasi Komiseri Abdukərim Abbas gibi kişilerin Pekine vardıkdan sonra Mao-Ze-Dong ve Çin Kommünistlerinin Doğu Türkistan meselesindeki fikirlerine “evet” demesini istediler. Ama Ahmetcan Kasimi, İshak bey, Delil Kanlar Stalinin tavsiyelerini nazik bir üslupla redd ederek, Pekinde Çin Kommünist liderlerinden Doğu Türkistana devlet statüsü ve bağımsızlık isteyeceklerini bildirdiler. Sonunda Stalin ile Mao-Ze-Dong gizli anlaşarak «uçak kazası» süsü vererek onları yok ettiler...
Sovetler Birliğinin desteğiyle Kızıl Çin Ordusu Doğu Türkistanı Ekim 1949 tarihinde işğal etti” (Kaşqarlı, 1993:36).
Doğu Türküstanın son yüzilliklərinə qısa bir nəzər salmamızın səbəbi xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan ictimai-siyasi xadimlərin millətinin maariflənməsi üçün folklordan, ədəbiyyatdan istifadə etdiklərini, bədii yaradıcılıqla məşğul olduqlarını, pyeslər yazdıqlarını diqqətə çatdırmaqdır.
***
Avropanın uyğurlara marağı 1878-ci ildə Regel heyətinin səfərindən sonra başladı. Təkləməkan çölündəki xaraba şəhərlər tarixçilərin də, etnoqrafların da, kulturoloqların da, folklorçuların da diqqətini özünə çəkdi. İngilis zabiti Boverin 1890-ci ildə Kuça xarabalıqlarından tapılmış miladi 4-cü yüzilliyə aid əlyazmaları satın alaraq Avropaya aparması dünyanın məşhur araşdırıcılarının diqqətinin bölgəyə yönəlməsinə səbəb oldu.
Almanlardan Qrünvedeldin 1902–1903, 1905–1907-ci illərdəki, V.Le Cokun 1904–1906, 1913–1914-cü illərdəki, ingilislərdən Aurel Steinin 1900–1901, 1906–1908, 1913–1916-cı illərdəki üç səfəri, fransızlardan Pelliotun 1906–1909-cu illərdəki səfəri bölgəyə marağı daha da artırdı. Yaponlardan Otanif və Hedinin coğrafi araşdırmaları üzündən ruslardan Kozlo-Rovorovski, Oldenburqun yazıları 20-ci yüzildə dünya elmini sanki silkələdi. Bölgədən aparılan fresklər, yazılar, heykəllər dünya muzeylərini bəzədi.(Almaz Həsən qızı,)
Azərbaycanda isə uyğur folkloruna maraq sovet hakimiyyəti illərində başlamışdır. Senzura folklorun, ədəbiyyatın, tarixin ümumtürk kontekstində araşdırılmasına icazə verməsə də Azərbaycan folklorunun tarixindən söz açan araşdırıcılardan Vaqif Vəliyev “Azərbaycan folkloru”(1985), Kamil Vəliyev “Dastan poetikası” (1989), Pənah Xəlilov “Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı” (1994), Nizami Cəfərov “Eposdan kitaba” (1999), Azad Nəbiyev “Azərbaycan şifahi xalq ədəbiyyatı” (2002) kitablarında, eləcə də Almaz Həsən qızının Qətibə Vaqif qızı, Vüqar Ömər oğlu öz məqalələrində uyğur folklorundan və mədəniyyətindən geniş bəhs etmişlər.
1. Uyğur folkloru
Uyğurların folkloru zəngin olmaqla yanaşı janr əlvanlığı ilə də seçilir. Ona görə də qonşu xalqların folkloruna, ədəbiyyatına, təfəkkürünə də güclü təsir göstərmişdir. Ümumtürk folkloruna aid edilən bir sıra nümunələrin qədim Çin və fars qaynaqlarında qorunub saxlanması da dediklərimizə ən bariz nümunə ola bilər.
Miflər
Xalqlarımızın minilliklərin arxasındakı dünyagörüşünü öyrənmək baxımından miflər olduqca dəyərli informasiyaları özündə qoruyub saxlaya bilmişdir. Dini-mifoloj sistemin, inancların, əski dövr dünyagörüşlərinin günümüzədək gəlib çatmasında dastanların, əfsanələrin, nağılların və xalq şeirinin xüsusi yeri var. Bu janrlara türk xalqlarının folklorunda kifayət qədər rast gəlmək olur. Uyğurların toplayıb çap etdirdiyi miflərin əsksəriyyəti başqa türk xalqlarından toplanmış miflərlin oxşarı və ya variantlarıdır. Bunlar da bir daha eyni kökdən şaxələndiyimizdən xəbər verir.
Uyğur miflərində qadın qəhrəmanlardan biri Umay Anadır. Umay türk mifoloji sistemində yer alan önəmli tanrılardan biridir. Türk mifologiyasında “tanrı” göylə yerin birliyi sək¬lində düsünülən ilahi düzənlə və bu düzəni yaradıb yaşadan ulu güclə bağlı olan güc kimi təsvir edilir. Uyğurlardakı “Yer və ilahi öküz”, qazaxlardakı “Göy necə yüksəldi”, salurlardakı “Xudanın Göy və Yeri üfürərək yaratması”, tuyqunlardakı “Göy ilə Yerin yaranışı”, monqollardakı “Göy ilə Yerin yaranışı” və b. yer ilə göyün bir olduğu, onların sonradan ayrıldığı ilə bağlı miflərdir.
Mişer tatarları “əqrəba” (tuqankay), “qardaş” (qarindeşkey) kimi çox yaxın qohumlara “amıy” deyirlər. Bu söz Azərbay¬canda atanın qardaşı - əmi kimi işlədilir. Bunun Umayla (Imay, Amıy) bağlılığı haqqında bir sıra maraqlı araşdırmalar vardır. Tatar alimi N. İsenbet “ama”, “eme”, “imi”, emeci”, “emecek”, “imçek” kəlimələrinin kökündə də “analıq” anlamının olduğunu və onların hamısının da əski anaxaqanlıq dovrünün izlərini özündə yaşatdığını yazır (Tatar Miflari, 1996: 25-26).
1. Alimcan İnayet və Adem Öger “Uyğur türklerinin mitolojik, dinî ve tarihî kadın kahramanları üzerine” məqaləsində uyğurların “Əsma Pəri” mifindən söz açarkən yazırlar: “Göy üzü mələklərinin padısahı bütün mələklərdən gözəl imiş və göy üzünün yeddinci qatında yaşyırmış. Təbiətdə baş verənlər bu mələyin əhvalındakı dəyişmələrdən asılıymış. Yəni bu mələk gözünü açanda gün doğar, bütün dünya işıqlanar, gözünü yumanda, yəni yatanda bütün dünya qaranlığa bürünər, ağlayanda yağış yağar, güləndə qar yağar, ağzını açanda tufan qopar, nəfəs alanda yel əsər, qaşını çatsa hava pozulur, hirslənəndə zəlzələ olar, qaşını oynatsa göy qurşağı meydana gəlirmis. Buna görə ona Əsma Pəri deyirlərmiş.” Buradakı “Əsma Pəri”, yəni “göylərin pərisi” Göy Tanrıdan basqa bir şey deyildir. (Alimcan İnayet və Adem Öger, 2009, 4/3)
Əsma Pəri ilə mifoloji Ana arasındakı bağlılıq açıq-aşkardır. Əgər yer ilə göyün baslanğıcda bir olduğu haqqındakı görüş doğru isə, göy ilə yerin ayrılması ilə, əslində, tək olan Ulu Ana və ya mifoloji Ana Göy Tanrı və Yer-Su Tanrısı olaraq ikiyə ayrılmış olmalıdır. O zaman Göy Tanrı və Yer-Su Tanrısının Ulu Ana / mifoloji Ana (Ana Yayaçı) kimi həm yaradıcı, həm yoxedici, həm həyatverici, həm öldürücü, həm verici, həm alıcı xüsusiyyətləri ortaq kökə dayanır. Yaradıcı Göy Tanrıdan Günəş Tanrı, Ay Tanrı, Uldız Tanrısı, Ülgen, Kayraxan; Yer-Su Tanrısından Umay/May Ene/Payana/Bayana/Ayıısıt, dağ, çay və meşə əyələir ortaya çıxmışdır. Yoxedici Göy Tanrıdan İldırım Tanrısı, Simsek Tanrısı, Əjdəha, Erlik; Yer-Su Tanrısından Albastı /Al Qarısı / Yalmavuz / Celbegen / Mestan Kempir / Qara Umay ortaya çıxmışdır. Bütün bu tanrılar, ilah¬lar və əyələr, Ulu Ana / mifoloji Ananın həm yaradıcı həm yoxedici, həm yasamverici, həm öldürücü, həm erkək, həm dişi xüsusiyyətlərini daşıyır. Yer-Su Tanrısından biri olan Umay da həm qoruyucu (Ağ Umay), həm yoxedici ölüm mələyi (Qara Umay) funksiyasına sahibdir. Umay türk mifoloji sistemində yalnız qadın və uşaqların qoruyucusu deyil, eyni zamanda heyvanların, qəbilənin də qoruyucusudur. Onun bu qoruyuculuq funksiyası, eyni zamanda, onun qəhrəman, savaşçı yönünə də isarət edir.
2. Uyğur türklərinin Umay sevgi ilahı, hamilə qadınların tapındıqları ilah və kiçik uşaqları qoruyan ilah olaraq anladılmaqdadır:“Aləmin üzəri yaradıcı Tanrının yasadığı yer olub, nurlu və parlaq bir məkanmış. Üstdəki parlaq məkan ilə altdakı qaranlıq yer arasında Umay varmış. O, övladlarına torpaq və su verən “baxt ilahı”olaraq bilinirmiş. “Umay İlahə”, eyni zamanda sevgi ilahı, hamilə qadınların tapındıqları ilah və kiçik uşaqları qoruyan ilah olaraq da qəbul edilirmiş.” (Alimcan İnayet və Adem Öger, 2009, 4/3)
Dini-mifoloji varlıq olan Umayın qoruyucu və bu vəzifənin qarşılığı olan qəhrəmanlıq və döyüşçülük funksiyası xalq ədəbiyyatının müxtəlif janrlarında fərqli səkillərdə işlənmiş, şaxələnmiş və zənginləşdirilmişdir. Uyğurlar arasında müxtəlif kəramətləri ilə xatırlanan qadın qəhrəmanlardan Əmçək Xocam haqqındakı əfsanədə onun izlərini görmək olar. Əmçək Xocamın Turfanın Toksun qəsəbəsində qəbri var. Buraya in¬sanlar, xüsusən də döşündə xəstəliyi olan, südü az və ya heç olmayan qadınlar ziyarətə gəlirlər. Araşdırıcıların fikrincə, bu ziyarətin kökündə tarixi qəhrəmana sayğıdan çox uyğurlarda Umay Anaya inancın yaşaması durur.
Uyğurlar arasında yadelli işğalçılara müqavimət göstərən qadınlar haqqında da maraqlı əfsanələr vardır ki, araşdırıcılar onlarda da Umayın izlərinin olduğunu yazırlar. Xalq arasında geniş yayılmış “Büvi Rabia haqqında” əfsanəni və “Ana qovuq haqqında” əfsanəni buna misal göstərmək olar.
Uyğurların “Ana kovuk hakkıdə” adlı əfsanəsindəki Kızılçı xanım Umay Ananı xatırlatmaqdadır. Kızılçı xanım “günəş ilə yarışan”, “aydan geri qalmayan gözəlliyi”, “savaşda kişi kimi geyinməsi”, “cəsur”, “çevik”, “bahadır”, “igid” özəlliyi, “qılıç” və “mızraq” işlətməsi, duasının qəbul olub “yerin yarılması” və “onu qoynuna alması” kimi epitetlərlə təqdim edilir ki, bunların da çoxu Umay Anada var.
Müsəlman uyğurların buddistlərlə apardıqları döyüşdən bəhs edən əfsanələrdə də qadın qəhrəmanların təsvirində Umay Ananın izləri görünür.
1.2. Dastanlar
Araşdırıcılar uyğurları türk xalqları arasında ilk oturaq həyata keçənlərdən sayırlar. Türk soyunun ən qədim abidələri hesab edilən “Törəyiş” və “Köç” dastanları uyğurların qədim inanc və təsəvvürlərini, bu etnosun yaranma tarixini poetik dillə ifadə edən mifik dastanlar sayılır. “Köç” demək olar ki, “Törəyiş”dən sonrakı hadisələri özündə əks etdirir. Bəzi araşdırıcılar isə hər iki mətni böyük bir uyğur dastanının parçaları hesab edirlər. Hər iki dastanın türkcə mətnləri günümüzədək gəlib çatmamışdır. Dastanların mətnləri Çin və İran mənbələrindən alınmışdır. 13-14-cü yüzillərdə yaranan “Çingiznamə” (Çingiz xan) dastanında da “Törəyiş” və “Köç” dastanları ilə oxşar motivlər vardır.
Uyğurların toplayıb çap etdirdikləri dastanların əksəriyyəti türk xalqlarının, xüsusən də oğuz türklərinin arasında da geniş yayılmışdır. Onların “Qərib ilə Şahsənəm”, “Tahir ilə Zöhrə”, “Yusup ilə Əxmət”, “Məsud ilə Dilaram”, “Sənevbər”, “Qəmərşah ilə Şəmsi Canan” və b. dastanları, mövzusu Qurani-Kərimdən, Doğu ədəbiyyatından alınmış “Yusup ilə Zileyxa”, “Pərhad ilə Şirin” və b. dastanlarla istər Azərbaycandan, istər İran türklərindən, istər Türkiyədən toplanaraq nəşr edilmiş dastanlar arasında oxşarlıq çoxdur.
Bir sıra dastanlar da vardır ki, bunlar uyğurların 19-20-ci yüzillərdə yaşamı və mübarizəsilə bağlıdır. Bu dastanlarda uyğurların yadelli işğalçılara qarşı mübarizəsi təsvir edilmişdir. “Abdulrehman xan Qoca” dastanı “Tümür Xəlpə” üsyanının təsiri ilə yaranmışdır. Üsyan isə 1911-ci ildə Qumulda baş vermişdir.
İşğalçılara qarşı müqavimət yalnız dastanların deyil, əfsanə, rəvayət və xalq mahnılarının da yaranmasına səbəb olmuşdur. Döyüş, müqavimət, etiraz, sevgi, məhəbbət, sədaqət kimi mövzular epik əsərlərin yaranmasına geniş imkanlar açdığından uyğurlar arasında son yüzilliklərdə maraqlı bölgəsəl dastanlar yaranmışdır. Bu dastanlar arasında “Naziqim” (Nazuqum-Nuzuqum) dastanı daha geniş yayılmış və dillər əzbərinə çevrilmişdir. Dastanda Kaşqar xalqının 1826-ci ildə Çin hökumətinə qarşı başladığı milli azadlıq hərəkatı və bu üsyanın zor gücünə yatırılmasından sonra baş verən hadisələr təsvir edilmişdir. Beləliklə, Naziqim uyğurların milli azadlıq mübarizəsinin və müstəqillik uğrunda savaşının simvoluna çevrilmişdir.
Uyğur folklorunda qəhrəman kimi tanıdılan qadınlardan biri də İparxandır. İparxanın əsil adı Nur Əlanurdur. Apaq Xoca (Hidayitullah) tərəfindən Üçturfana sürgün edilən Saidiyə xanlığının hökmdarı Əmir Muhammədin nəvəsi olan Nur Əlanurxanın gözəlliyi dillər əzbəri olduğuna görə ona xalq arasında İparxan deyilmişdir. “Kitabi Dədə Qorqud”dakı Banuçiçək kimi at minib ox atmaqda mahir olan, savaşlarda qəhrəmanlıq göstərən İparxan Mançu xanlarından İsinqnunun əsgərləri ilə döyüşdə əsir düşür. Onun gözəlliyinə və döyüşlərdə göstərdiyi hünərə heyran qalan İsinqnu xan bu qəhrəman qadınla evlənmək sevdasına düşür. Lakin İparxan əsir olsa da İsinqnu xanın təklifini qəbul etmir. Bütün hiylələr və təzyiqlərə müqavimət göstərməyi bacarır.
Hər iki qadın qəhrəmanın haqqında dastanla yanaşı əfsanə, rəvayət və mahnılar da yaradılmışdır.
1864-1871-ci illərdə Mançu istilasına və onun yerlərdəki əlaltılarına qarşı bir neçə dəfə üsyan olmuşdur. Bu üsyanlarda qəhrəmanlıq göstərən qadınlardan biri də Mayimxan olmuşdur. Mançu hakimiyyətinə qarşı üsyanda göstərdiyi igidliyə görə xalqın sevimlisinə çevrilən Mayimxanı həbs edərək dar ağacından asmışlar. Ona həsr edilmiş xalq mahnılarının birində deyilir:
Zindan tami igiz tam - Zindan damı yüksək dam,
Unin içi gorustan - Onun içi görustan (qəbristan).
Erkinlikke bel bağlap - Azadlığa bel bağlayıb,
Şehit ölgen Mayimhan - Şəhid olan Mayimxan.
Mayimhan özi obdan - Mayimxan çox yaxşı,
Bezide huyi yaman - Bəzən də xuyu yaman.
Unin canini aldi - Onun canını aldı,
Qan içer qara zaman - Qan içən qara zaman.
Doğu Türküstanda 1944-1945-ci illərdə baş verən milli azadlıq hərəkatını çox vaxt “Üç vilayət inqilabı” adlandırırlar. Çin (Quomindanq) əsgərlərinə qarşı vuruşmalarda igidlik göstərən insanlardan biri də Rizvangül olmuşdur. Rizvangül 1944-cü ildə Qulcanın Hərəmbağ bölgəsində yadellilərə qarşı savaşda şəhid olmuşdur. Bu cəsur və qəhrəman qızın şərəfinə də mahnılar qoşulmuş, hünərini öyən şeirlər yazılmışdır. Xal-qın sevimlisinə çevrilən Rizvangül haqqında qoşulan mahnı¬ların birində deyilir:
Xəvər kəldi goya bir -Xəbər gəldi guya bir,
Suldi digən qizil gül -Soldu deyə qızıl gül.
Vətən uçun can pida -Vətən üçün can fəda,
Emesmidu Rizvangül - Deyilmiydi Rizvangül?
Bunlar onu göstərir ki, minillikləri keçib gələn dastançılıq ənənəsi günümüzdə də yaşamaqdadır.
1.3. Koşak, mani-bayatılar
Uyğur folklorunda və yazılı ədəbiyyatında xalq koşaklarının xüsusu yeri var. Koşaklar istər mövzu, istərsə də forma baxımından rəngarəngdir. Zəngin tarixi keçmişə və ənənəyə dayanan koşaklar haqqında çox yazılmışdır və bu janr Azərbaycanda qoşma, bayatı, türkmənlərdə dörtləmə, qazaxlarda şuvmak türi, qırğızlarda tört sap, özbəklərdə koşık, başqırd və tatarlarda dürtyııllık (şiğır), çuvaşlarda takmak adlandırılan şeir növü ilə demək olar eynidir.
“Divanü lüğat-it-Türk”də “koşuğ - şeir, qəsidə” kimi izah edilir. Əmin Abid də 1920-ci illərdə yazdığı bir sıra məqalələrində bu mövzuya toxunmuşdur. Koşak-koşmak, koşuk, koşaş kimi şifahi danışıqda və ədəbi dildə müxtəlif deyiliş və yazılış şəkli olan düzgün, qafiyəli sözlərin müəyyən bir ölçü və ahəng içində bir araya gəlməsi şəklində izah edilir.
Uyğur koşakları Azərbaycan qoşmaları ilə eyniyyət təşkil etsə də, uyğurlarda koşak daha geniş anlamda işlədilir. Onlar koşak dedikdə az qala şifahi xalq ədəbiyyatına aid etdiyimiz şeirlərin əksəriyyətini başa düşürlər.
Uyğurların “Xaliq eğiz icabiyiti” adlandırdıqları ədəbiyyatda koşaklar ən çox dördlüklər şəklindədir. İki, beş və altı misralı koşaklar olduğu kimi misralardakı hecalar da fərqlidir. Misraları 4 ilə 6 arasında dəyişən qəliblər olsa da, ən geniş yayılanı 7 və 8 hecalılardır. Onların qafiyə sistemi də bizlərdə və əksər türk xalqlarında olduğu kimi dördlüklər aaaa, aaba, abab, aaab və abcb şəklindədir.
Bizlərdə olduğu kimi uyğurlarda da araşdırıcılar koşaqları bölgülərə ayıranda bir-birindən fərqlilik ortaya çıxır. Məsələn, “Uyğur xaliq eğiz icadiyiti” kitabında koşaklar aşağıdakı kimi təsnif edilir:
1. Emgek koşakları (əmək koşakları), 2. Mevsim-mərasim koşakları (mövsüm-mərasim koşakları), 3. Işki-muhəbbət koşakları (eşq-məhəbbət koşakları), 4. Tarixi-qəhrəmanlık koşakları (tarixi-qəhrəmanlıq koşakları), 5. 16-cı il koşakları (1916-ci ilin hadisələrini əks etdirən koşaklar). (Uyğur Xelq Eğiz İcadiyiti, 1983)
Muhəmmət Zunun və Abdulkərim Rehmanın təsnifi isə belədir:
1. Emgek koşakları (əmək koşakları), 2. Siyasiy koşaklar (siyasi koşaklar), 3. Turmuş koşakları (gündəlik həyatla bağlı koşaklar), 4. Muhəbbət koşakları (məhəbbət koşakları), 5. Balilar koşakları (uşaq koşakları)
Araşdırıcı Osman İsmail isə koşakları bu şəkildə təsnif etmişdir:
1. Emgek koşakları (əmək koşakları) , 2. Örp-adət koşakları (adət-ənənə koşakları), 3. Siyasiy koşaklar (siyasi koşaklar), 4. Turmuş koşakları (gündəlik həyatla bağlı koşaklar), 5. Muhəbbət koşakları (məhəbbət koşakları), 6. Balilar koşakları (uşaq koşakları)
Uyğur xalq koşakları içərisində bizlərin bayatı dediyimiz janr ağırlıq təşkil etməkdədir. Araşdırıcılar onları aşağıdakı kimi bölgülərə ayırırlar:
1. Düğün, nişan gibi ortamlarda sevgi ve aşkı ifade etmek için söylenen koşaklar.
2. Kızlarla oğlanlar veya aşıklar arasında atışma amacıyla söylenen koşaklar.
3. İşte çalışırken söylenen koşaklar.
4. Ramazanda yardım toplanırken söylenen koşaklar.
5. Dünürlükte kız isteme sırasında söylenen koşaklar.
7. Çocuk oyunlarında, eğlence amaçlı söylenen koşaklar.
8. Nevruz, bahçe, kavun bayramı gibi şenliklerde söylenen koşaklar.
9. Kış aylarında, sazlı-sözlü ortamlarda eğlenmek amacıyla söylenen koşaklar. (Adem Öger, Mani Tarzındaki Uyğur Halk Koşakları Üzerine Bir Degerlendirme)
Bizim bayatılarla demək olar ki, eyni olduğundan, hətta oxşar bölgülərə ayrıldıqlarından üzərində geniş durmadan bir neçə nümunə verməklə kifayətlənirik.
Yarimnin leven sözi - Yarımın gözəl sözü
Oynap turidu közi - Oynayıp durur gözü
Aymikin kuyaşmikin - Aymıdı, günəşmidi
Yarimnin güzəl üzi - Yarımın güzəl üzü
Su bolsa suzuk bolsa - Su olsa, təmiz olsa
Erikta ekip tursa – Ərikda əkib dursa
Aşik bilen meşuklar - Aşiq ilə məşuqlar
Yan xoşna yakin bolsa - Bir birinə yaxın olsa
Yagliğimni yudurdum –Yaylığımı yudurtdum
Bağka alma yaydurdum - Bağa alma yaydırdım
Aran tapkan yarimni - Çətin tapdığım yarımı
Karakçiğa aldurdum -Quldura aldırdım
Karliğaç kara bolur –Qaranquş qara olur
Kaniti ala bolur - Qanadı ala olur
Yarin bivapa bolsa - Yarın vəfasız olarsa
Beşiga bala bolur - Başına bəla olur
Yar boyini körsətti - Yar boyunu görsətdi
İçim ot tolup ketti - İçim od dolub getdi
İşik oti yamanken - Eşq odu yamanmış
Yürekni kavap etti – Ürəyi kabab etdi
Aymidu, aylarmidu - Aymıdır aylar mıdır?
Ayğa bulut daldimidu - Aya bulud gəldimi
Yar yiraktin kəlgüçe - Yar uzaqdan gəlincə
Akkan yeşim deryamidu - Axan yaşım dəryamıdır?
Əksər türk xalqları mani-bayatılarını, uyğurlar da koşakları toylarda, bayramlarda, qış gecələrində təşkil etdikləri əyləncələrdə, tarlalarda, dağlarda dincələrkən, uşaqlarını oynadarkən, eləcə də uşaqlar bir-birlərilə oynayarkən oxuyurlar.
1.4. Uyğurların 12 mukamı
Uyğur ağzında mukam olaraq tələffüz edilən termini Türkiyədə makam, Azərbaycanda muğam kimi tələffüz edirlər. Əslində, muğamların sayı müxtəlif dövrlərdə çoxalıb-azalsa da on iki mukam şəklində günümüzədək gəlib çatmışdır. Musiqi folklorunun əvəzsiz nümunəsi olan 12 mukam həm yazılı, həm şifahi ədəbiyyatın gözəl nümunələrini qoruyub saxlamışdır.
Uyğurlarda on iki mukam rak-rəhab, çebbayat-hüseyni, müşavirək-rast, çargah-hicaz, pencigah-büzürg, özhal-köşək, əcəm, üşşaq, bayat, nəva, segah, iraqdan ibarətdir. Muğamların da hər biri “Çonq nəğmə” (böyük nəğmə), “Dastan” “Meşrep” olmaq üzrə üç yerə bölünür. “Çonq nəğmə” (böyük nəğmə) 9-10 lirik mahnıdan təşkil olunur. “Dastan” qismində 3 ilə 6 arasında dəyişən sayda nəğmə vardır. Bu nəğmələrdə bir sujet, təhkiyə var. Yəni “Pərhad ilə Şirin”, “Qərip ilə Sənəm”, “Tahir ilə Zöhrə” kimi xalq dastanlarından alınan parçalar oxunur. Hər nəğmədən sonra bir mergül gəlir. Mergül muğamda bir şöbədən o birinə keçərkən çalınan keçid, rəng, melodiyadır.
“Meşrep” qismində 3 ilə 6 arasında dəyişən sayda nəğmə olur. Bunlar əvvəlcə yavaş başlayan, getdikcə coşğunlaşan ritmik mahnılardır.
“Çonq nəğmə” (böyük nəğmə) öz içərisində yenə “təzə”, “səlikə”, “təkit”, “nushə”, “cula”, “sənəm”, “peşru” kimi bölmələrə ayrılır.
Uyğur muğamlarından bəhs edən araşdırıcılar onların kökünün miladdan öncə 5-6-cı yüzilliklərdən əvvələ gedib çıxdığını yazırlar.
Musiqi folklorunun ən qədim və olduqca zəngin qolunu təşkil edən muğamlar həm də yazılı və şifahi ədəbiyyatın əvəzsiz nümunələrinin qorunub saxlanmasında böyük rol oynamışdır. Prof. Abdulkərim Rehmanın araşdırmasına görə, uyğurların on iki mukamında 28 şairin 1945 misrası, xalq ədəbiyyatından 931 misra şeir oxunur.
Uyğur xalq mahnılarında əsasən “koşak” və “beyt”lər oxunur. Bunlardan başqa, “takmak”(çaçma) adıyla bilinən bir şəkli də vardır. Bu da rəqs və musiqinin müşayiətilə oxunan duetlərdir. Onlardan bir nümunə belədir:
Bu tağlar igiz tağlar - Bu dağlar uca dağlar,
Qərip yolini bağlar – Qəribin yolunu bağlar.
Qərip ölse kim yığla - Qərib ölsə kim ağlar,
Qəripka qərip yığlar – Qəribə qərib ağlar.
Uyğurlarda da bir çox mahnılar tarixi hadisələrlə bağlıdır. Tarixi şəxsiyyət olan Nazqumun, Sadır Pəlivanın və Mayımxanın həyatlarından, onların faciəli ölümlərindən bəhs edən “Nazuqum mahnısı”, “Sadır Pəlvan mahnısı”, “Mayımxan mahnısı” bunlardandır.
Diqqəti çəkən odur ki, uyğur muğamlarında Kaşqarlı Mahmudun “Divanü lüğat-it-Türk”ündən alınmış şeirlər də oxunur. Amma şeirlər Divanda olduğu kimi oxunmur. Divanın ayrı-ayrı yerlərindəki şeirlər birləşdirilərək yeni bir mahnı mətni yaradılır.
Uyğurlar on iki mukamda dastanlardan da geniş istifadə edirlər. Belə ki, iraqda 24 misra, segahda 56 misra, əcəmdə 8 misra “Yusup ilə Əxmət” dastanından alınıb oxunduğu kimi, rak mukamının dastan şöbəsində “Məsu ilə Dilaram” dastanından 8 misra, qalan misralar isə “Qərip ilə Sənəm” dastanından alınaraq oxunur.
Ümumiyyətlə, uyğurların on iki mukamında “Qərip ilə Sənəm”, “Bəhram ilə Dilaram”, “Sənevbər”, “Yusup ilə Əxmət”, “Kəmərşah ilə Şəmsi Canan”, “Hörlika ilə Həmracan”, “Şahzadə Nizamidin ilə Məlikə Rəna”, “Pərhad ilə Şirin”, “Şahzadə Dildar ilə Məlikə Mihirlıka”, “Şahzadə Fərrux ilə Məlikə Gülrux”, “Yusup ilə Zileyxa” dastanlarından seçilmiş şeir parçaları oxunur.
Çebbayat muğamının üçüncü dastan şöbəsində “Qərip ilə Sənəm” dastanından belə bir şeir parçası oxunur:
Başvan bolup başın içrə - Bağban olub bağça içində,
Tərsəm taza güllərindin - Dərsəm təzə güllərindən.
İgəm səni xoş yaratmış - Mövlam səni xoş yaratmış,
Egsəm nazuk bellərindin - Tutsam nazik bellərindən.
Məni sorisan uşbu halda - Məni sorsan işbu halda,
Rəngim seriķ, közüm yolda - Üzüm sarı, gözüm yolda.
Başrım daşı çahar başda -Bağrımın daşı çahar başda,
Şipa tapsa ķollarındin – Şəfa tapsa qollarından.
Mənzinnin əsli lalədur - Bənzinin əsli lalədir,
Ķarışın canı aladur - Baxışın canı alandır,
Ağzın altun piyalədur - Ağzın altın piyalədir,
Ķuyup içsəm çaylarındin - Koyup içsəm çaylarından.
İraq muğamında da qəhrəmanlıq dastanı olan “Yusup ilə Əxmət”dən bəzı mahnılar oxunur. (İnayet Alimcan, 2007, 2/2)
1.5.Uyğur tapmacaları
Nəzm və nəsr şəklində olan tapmacalar türk xalqlarının hamısında olduğu kimi uyğurlar arasında da geniş yayılmışdır. Şifahi xalq ədəbiyyatının janrlarından biri olan tapmacalar “Divanü lüğat-it-Türk”də “tabuzğu, tabuzğuk, tabzuq, tabızmak, tabuzmak, tapuz, tapzuk nenq” şəklində ilk dəfə yazıya alınmışdır.
Tapmaca terminini Azərbaycan türklərində bilməcə, tapmaca, Abakan tatarlarında tabcan, Altay türklərində tabıskak, tabışkak, tabkak, taptıruv, taptırgış, tabıska, tabısak, tapkış, tavısak, tavusak, tavuskak, tapkır, takpır, tabışkak; başqırd türklərində tabışmak, yomak, yomatgar; xakas türklərində tapçan nımah, tapçan umak, sespak nımak; qaraçay türklərində yumak, qaraqalpaq türklərində jumbak, karaim türklərində tapmaca; qazax türklərində jumbak, Kıbrıs türklərində mesel; qırğız türklərində tabışmak, tabcang- nımah; noqay türklərində tapmacak, özbək türklərində tapişmak cumak, çöpçak, matal, tapar, tapmaca, tatar türklərində başvatkıç, sir, tabışmak; tuva türklərində tıvızık, türkmən türklərində matal, tapmaca; saka (yakut) türklərində taabırın, uyğur türklərində tepişmak termini işlədilir.
Uyğur tapmacaları istər forma, istərsə məzmun baxımından qohum olduğu başqa türk xalqlarının tapmacaları ilə demək olar ki, eynidir.
Onlardan bir neçə nümunə verməklə mövzunu yekunlaşdırırıq.
1. Bir dövidə yette töşük?- Bir təpədə yeddi deşik? (İnsanın başında olan iki burun, iki göz, iki qulaq və bir ağız dəliyi nəzərdə tutulur).
2. Qizil kala yatip qaptu, Qızıl inək yatıb durur,
Qara kala ketip qaptu? - Qara inək gedib durur? (Od ilə his, tüstü)
3. Qara atni qanturup qoydum, - Qara atın yəhərini çəkdim,
Qara cuvini böktürüp qoydum? - Qara kürkünü çiyninə qoydum? (Qazan ilə odun tüstüsü)
4. On beş keçə körsətsə yaruk üzini,- On beş gecə göstərsə parlaq üzünü,
On beş keçə körsətməs sizgə özini?- On beş gecə göstərməz sizə özünü?(Ay)
5. Mindin köptür çəçigi, - Mindən çoxdur çiçəyi,
İkki talla yopurmigi? - İki dənə yaprağı? (Ulduz, gün, ay) (Öger Adem, 2011)
1.6. Uyğur folklorunun başqa janrları
Uyğur folklorunda istər Azərbaycan, istərsə də başqa türk xalqlarının folklorundan fərqli janrlara rast gəlinmir. Mövzu baxımından da oxşarlıq çoxdur. Fərqlilik son yüzillərdə ya¬ranan folklor nümunələrinin mövzusundadır. Onlarda da əski dönəmin folklor nümunələrinin izləri görünməkdədir.
Ona görə də uyğur folklorunun janrlarının hamısı haqqında söhbət açmağa ehtiyac duymadıq. 19-20-ci yüzillərdə sosial ədalətsizliyi, haqsızlığı, istismarı, müstəmləkəçiliyi kəskin tənqid edən xalq şairlərinin şeirləri sürətlə yayılırdı. Seyid Noçi, Tümür Xəlpə və başqaları xalq arasında daha populyar olmuşdur. Onlar çox vaxt SSRİ-də baş verənlərin əsil mahiyyətini anlamadan orada zülmə, haqsızlığa son qoyulduğunu, hamının bərabər yaşadığını düşünmüşlər. Seyid Noçinin “Dihkannin ahi” (Dehqanın-əkinçini ahı), “Cen kilayli xalayik” (Cəng edəli xalqım), “Lenin hikməti” (Lenin höküməti), “Şura biznin dostumiz” (Sovet bizim dostumuz) kimi şeirləri dediklərimizə nümunə ola bilər.
Çin Milli Partiyası Qomindanın yeritdiyi siyasət əleyhinə xalqın qoşduğu mahnılar da geniş yayılmışdır. Xotənlilər arasında geniş yayılmış “Abdulrehman xan Qoca” dastanında da xalqın etirazı öz əksini tapmışdır. Bütün bunlar da yazılı ədəbiyyatın inkişafına güclü təsir göstərmişdir.
2. Uyğur ədəbiyyat tarixindən
Qədim dövr türk dili və ədəbiyyatı tarixindən yazan elə bir araşdırıcı yoxdur ki, bu və ya başqa şəkildə Orxon-Yenisey abidələrindən, Yusif Balasaqunlunun (Yusuf Xas Hacib) “Qutadğu bilig”, Kaşqarlı Mahmudun “Divanü lüğat-it-Türk”, Əhməd Yüknəginin “Hibət əl-həqaiq” əsərlərindən bəhs etməsin. Özbək də, qazax da, qırğız da, tatar da, qaqauz da, başqaları da türk kökənli olduqları ilə qürur duysalar da, bu gün hər biri özünü ayrı bir millət sayır. Amma hamısı ədəbiyyat tarixlərini yazanda ümumtürk qaynaqlarına söykənir.
Uyğur ədəbiyyatının araşdırıcıları miladi 8-ci yüzillikdən başlayaraq yaranan dini mətnləri də ədəbi nümunələr kimi öyrənirlər. Bu dua mətnləri ilk poetik nümunələrdir. Sonralar uyğurlar islam dinini qəbul etsələr də, ondan əvvəlki inanclar zamanı istifadə etdikləri dua mətnlərini də qoruyub saxlaya bildilər.
Kaşqarlı Mahmud zamanında türklər yaşayan bölgənin günçıxanından günbatanına atla doqquz aylıq bir yol idi. İnsanların əksəriyyəti ölənədək doğulduqları kənddə və ya şəhərdə yaşayırdı. Çox az insan ticarət və döyüşlərlə əlaqədar başqa ölkələrə gedərdi. Yəni indiki kimi əlaqələr qurmağa və davam etdirməyə şərait yox idi. Ancaq bununla belə türklər öz dahi şəxsiyyətlərinin yaratdıqları əsərlərə yiyə durur və onu yayırdılar.
Bu gün isə bilgisayar arxasında əyləşməklə dünyanın hər hansı bir guşəsi ilə bağlantı qura bildiyimiz bir zamanda Mahmud Kaşqarlının yerliləri ilə normal əlaqələr yarada bilmirik. Yalnız Mahmud Kaşqarlının nəvələri uyğurlarlamı? Xeyr! Colan türkləri ilə də, Mosul - Kərkük - Ərbil türkləri ilə də, Balkan türkləri ilə də... Az qala Əlcəzairdə yaşayan oğuzları tamam unutmuşuq. Onlar haqqında tarix kimi danışırıq. Bu gün onların varlığından, yoxluğundan xəbərsizik.
Əslində, Orxon-Yenisey abidələrini, Mahmud Kaşqarlının “Divanü lüğat-it-Türk” əsərini ədəbiyyat tariximizə daxil ediriksə, həmin bölgədə bu gün də yaşayan soydaşlarımızın ədəbiyyatını öyrənib təbliğ etməliyik. Bununla uyğur ədəbiyyatının araşdırıcısı kimi görünmək iddiasında deyiləm. Sadəcə olaraq nüfuzlu araşdırıcılarımızın diqqətini Çindən Balkanadək uzanan məkandakı türk ədəbiyyatına yönəltmək istəyindəyəm.
Uyğurların 19-cu yüzilədək olan ədəbiyyatları ümumtürk ədəbiyyatının cığatay qrupunda danışan toplumun yaratdığı bədii nümunələr olduğundan bu gün də bəzi şairləri uyğurlar da, özbəklər də öz klassikləri sayır, ədəbiyyat tarixlərinə daxil edir, öyrənirlər.
Qəribə burasıdır ki, son illər Azərbaycan, özbək, qazax, qırğız, türkmən tarixçiləri ah-vayla Rusiya işğalından danışırlar. Balkan türklərinin, uyğur tarixçilərinin həmin dövrə dair əsərlərində də eyni sözlərlə rastlaşırıq. Sadəcə Rusiya sözü Çin, serb, bolqar, yunan, ərəb, fars və s. sözləri ilə əvəzlənir. Əslində isə miladi 18-ci yüzillikdən türklərin bir millət kimi sürətlə qocaldığının, çökdüyünün, tarix səhnəsindən geri çəkil-diyinin şahidi oluruq.
Təfəkkür tərzimiz eyni olduğundan, eyni taleyi yaşamış, eyni cür düşünmüş, oxşar ədəbiyyat yaratmışıq. Türk dünyasının ayrı-ayrı bölgələrində baş verənləri bütövlükdə qarşılaşdırmaq geniş araşdırma istəyir. Burada yalnız Azərbaycanla ondan az qala 4 min kilometr uzaqda olan Doğu Türküstanı müqayisə edəcəyik. 19-cu yüzillikdə Azərbaycanda A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi və başqaları Azərbaycan ədə-biyyatını, mədəniyyətini avropasayaq tərzdə inkişaf etdirməyə çalışırdılar. “Gülüstani-İrəm”, “Dərbəndnamə”, “Qarabağnamə”lər, Şəki xanlığının, Quba xanlığının tarixləri kimi əsərlər yaranırdı.
Kaşqarda isə Abdurehim Nizari, Turduş Axun Qəribi, Noruz Axun Ziyai, Bilal Nazım, Sadır Pəlvan, Molla Şakir və b. ədəbiyyata yenilik gətirməyə çalışırdılar. Onlardan biri, şair Muhəmmət Sadıq Kaşqarlı “Zübdətül-məsail”, “Təzkireyi-əshabi-Kəhf” adlı tarixi əsərləri yazır və ərəb tarixçisi Təbərinin əsərini uyğur türkcəsinə çevirir. 1830-cu ildə Molla Xocamniyaz Muhəmmətniyaz Kaşqarlı isə Fəxrəddin Əttar Nişapurlunun “Təzkireyi-övliya” əsərinin üzünü köçürüb çoxaldır. Muhəmmət Abduləli Kaşqarlı “Təzkireyi-Mevlana Fakie imam Zeynalabidin Kağiraki”, İsmail bəy Binişan “Pəndnamə” adlı təsəvvüfə aid on min misralıq didaktik fəlsəfi əsərini və “Təzkere-i Buğraxan” dastanını yazırlar. Qafur Kaşqarlı Mirzə Heydərin “Tarixi-raşidin” əsərini tərcümə edir.
Uyğur ədəbiyyatşünasları ədəbiyyat tarixlərini üç mərhələyə bölürlər: birinci mərhələni “Klassik dövr ədəbiyyatı” adlandırırlar. Buraya 1500 ilə yaxın bir dövrün ədəbi-bədii əsərlərini daxil edirlər. Burada türk xalqlarının abidələri, xüsusən də bizlərin özbək ədəbiyyatı klassikləri kimi tanıdığımız ədiblərin əksəriyyətinin irsi öyrənilir. İkinci mərhələ “Müasir dövr ədəbiyyatı” adlandırılır və buraya 20-ci yüzilliyin başlanğıcından 1949-cu ilədək, yəni Doğu Türküstanın Çin tərəfindən son işğalınadək olan dövrdə yaradılmış ədəbi-bədii əsərlər daxil edilir. Üçüncü mərhələ “Bugünkü zamanın ədəbiyyatı” adlandırılır. Buraya son Çin işğalından sonra yaradılmış ideoloji yonlü, təbliğat xarakterli, sosializmi və müstəmləkəçiliyi tərənnüm edən ədəbi nümunələr daxil edilir (Uyğur bugünkü zaman ədəbiyyat tarixi, 2002:1).
3. Ədəbiyyatda yeniləşmə
Yakup bəyin ölümündən sonra Çin hakimlərinin əsarəti altında otuz üç il (1878-1911) qalan uyğur xalqı 19-20-ci yüzildə dünyada meydana gələn dəyişikliklərin təsirilə təkrar milli azadlıq savaşına atılır. Xalq bu mübarizədə ilham qaynağını ədə-biyyatdan alır. Beləcə, uyğur ədəbiyyatında da bir yeniləşmə baş verir. Türkiyədə, Avropada, Rusiyada və Misirdə oxuyub vətənə dönən uyğurlar bir dəyişiklikliyə, yeniliyə can atırlar. Bu hərəkat da Türküstanda “Cədidçilik hərəkatı” kimi məşhurlaşır.
“Cədidçilik hərəkatı”nın təsirilə Doğu Türküstanda da ziyalılar, yazıçı və dramaturqlar, yeni janrlarda şeirlər yazan şairlər yetişir, qəzet və jurnallar yaranırdı. Çinin hökumət məmurları, xüsusən senzorları bu dəyişimə əngəl olsalar da, qarşısını tam ala bilmirdilər.
Azərbaycanda, Kırımda, Tatarıstanda olduğu kimi, Doğu Türküstanda da bəzi yazıçı və şairlər əsərlərini türk dünyasının hər yerində oxuna biləcək bir dildə yazmağa çalışırdılar. Xüsusən İstanbulda təhsil alan, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Yusif Akçuralı və b. türkçülərin yolunu davam etdirən uyğur gənclərinin əsərlərində bunu daha aydın müşahidə etmək olur. “Tərcüman” qəzetinin təsiri açıq-aydın hiss olunurdu.
19-cu yüzilliyin başlarından yeni istiqamətdə formalaşan ədəbiyyatın aparıcı şəxsiyyətləri Abdurehim Nizari, Turduş Axun Qəribi, Noruz Axun Ziyai, Bilal Nazım, Sadır Pəlvan, Molla Şakir, Seyid Muhəmmət Kaşi və başqaları olmuşdur. Bunlardan Abdurehim Nizari, Turduş Axun Qəribi, Noruz Axun Ziyainin dünyagörüşləri, yazı üslubları yaxın olduğu üçün onların əsərlərindən bəziləri 19-cu yüzilliyin birinci yarısında, yəni 1841-1842-ci illərdə “Ədiblər hekayəsi” adı altında toplanaraq əlyazma şəklində xalq arasında sürətlə yayılmışdır. 30 min misradan çox olan bu kitaba bir çox dastanlar, qəzəl və müxəmməslər daxildir.
Başqa bir əlyazma kitaba Abdurehim Nizarinin (1776-1849) “Pərhad ilə Şirin”, “Leyli ilə Məcnun”, “Məhsun ilə Gülnisa”, “Rabiyə ilə Seyiddin” lirik dastan-poemaları, “Çahar dərviş” kimi didaktik dastan-poemaları, Əlişir Nəvainin qəzəllərinə yazdığı təxmislər daxildir. Şair mövzularının əksəriyyətini ənənəvi Şərq süjetlərindən götürsə də, “Rabiyə ilə Seyiddin” mövzusunu yaşadığı zamanda baş verən hadisələrdən almışdır. Ona görə də real hadisələrdən bəhs edən bu əsər sosial ədalətsizliyə, zülmə, haqsızlığa qarşı güclü etiraz notları ilə seçildiyindən xalq tərəfindən sevilə-sevilə oxunmuşdur.
“Ədiblər hekayəsi”ndə Turduş Axun Qəribin uyğur ədəbiyyatının yeniləşməsinə güclü təsir göstərən yeni fikirli qəzəlləri və dastan-poemaları, Noruz Axun Ziyainin “Vamik-Üzra”, “Məsud ilə Dilara” adlı vəfa və vəfasızlıqdan, eşqə sədaqətdən bəhs edən məhəbbət dastan-poemaları da vardır.
Yuxarıda adıçəkilən şairlərin müasiri olan Mir Həsən Saburu qəzəllərini və bir çox şeirlərini Sedai təxəllüsü ilə yazmışdır. 1804-cü ildə Əlişir Nəvainin “Səddi-İskəndər” əsəri üzərində işləmiş şairin şeirlərində vətən həsrəti özünü daha qabarıq göstərir. Qəzəllərinin əsas mövzusu məhəbbət, sədaqət, ədalətdir.
Həmin dövrdə İsmayıl bəy Bınışan da ciddi bədii yaradıcılıqla məşğul olmuşdur. Təsəvvüf ədəbiyyatının öncüllərindən olan sənətkarın 10 min misralıq “Pəndnamə” əsəri insanları mənəvi saflığa, doğruluğa, düzlüyə, ədalətə çağırdığına görə zülmün baş alıb getdiyi bir zamanda oxucuların sevə-sevə mütaliə etdiyi kitaba çevrilmişdir.
Bədii yaradıcılıqla məşğul olan sənətkarlar tərcüməyə də diqqəti artırmışdılar. Kaşqarlı Muhəmmətniyaz bin Qafur tarixçi Mirzə Heydərin farsca yazılmış “Tarixi-Rəşidi” əsərinin bir hissəsini, Şah Muhəmmət bin Nizami Əbulqasım Firdovsinin “Şahnamə”sini tərcümə etmişdir.
Azərbaycan ədəbiyyatında olduğu kimi, uyğur ədəbiyyatında da ciddi yeniləşmə 19-cu yüzilliyin ikinci yarısından başla¬mışdır. Bu, şifahi xalq ədəbiyyatında da, yazılı ədəbiyyatda da ictimai mövzulara diqqətin artması, real həyat hadisələrindən bəhs edən əsərlərin çoxalması ilə özünü biruzə verir.
Bundan sonra milli azadlıq hərəkatından bəhs edən əsərlər yaranmağa başladı. Bilal Nazım, Molla Şakir, Seyid Muhəmmət Kaşqari kimi ədiblər milli azadlıq hərəkatına daha çox diqqət yetirirdilər. Bilal Nazım “Qazavat der mülki-Çin (Çin mülkünə qarşı qazavat)”, “Çangmoza Yusupxan” dastan-poemalarında və başqa şeirlərində uyğur xalqının mübarizəsini tərənnüm etməklə yanaşı, millətini oyanmağa, azadlığa səsləyirdi. 61 yaşlı Molla Şakir “Zəfərnamə” əsərində Kuçada baş vermiş üsyanı böyük ilhamla tərənnüm etmişdir. Şair ahıl yaşlarında böyük həcmli əsər yazmasına baxmayaraq, onu beş aya bitirmişdir. 1886-cı ildə tamamlanmış əsər bir növ həmin günlərin tarixi salnaməsi rolunu oynamışdır.
Diqqəti çəkən odur ki, milli azadlıq mübarizəsini qələmə alan sənətkarların əksəriyyəti yaşlı nəslin nümayəndələri olmuşdur. Onlar sanki yaşları çox olduğuna görə döyüş meydanına atıla bilmədiklərindən qələmləri ilə bu mübarizədə iştirak etmişlər. Yaşı 60-ı keçmiş Kaşqarlı Seyid Muhəmmət1882-ci ildə tamamladığı “Şərhi-şikəstə” əsərində İli üsyançılarının Yeddisuya köçməzdən əvvəl işğalçılara qarşı apardıqları dö-yüşlərdən, xalqın müqavimət hərəkatından, müstəmləkəçilərin və onların əlaltılarının qəddarlığından geniş söhbət açır. Bu, müəllifin günümüzədək gəlib çatan yeganə əsəri olsa da, bədii cəhətdən o qədər bitkindir ki, sənətkarın başqa əsərlərinin də mövcudluğu qənaətinə gəlmək olur. Bu əsər 1909-cu ildə Kazanda rusca və uyğur türkcəsində çap olunmuşdur.
Milli azadlıq hərəkatından bəhs edən əsərlər sırasına Muhəmmət Sadiq Yarkəntlinin “Risaleyi-məktub”, Aşur Axun Qəribinin “Əmir Əli” əsərlərini də daxil edirlər. İkinci əsər 1864-1867-ci illərdə Xotəndə Çin işğalçılarına qarşı baş vermiş üsyandan, Yaqup bəyin tunqanlara (döngənlərə) qarşı apardığı müharibələrdən, milli dövlət qurma cəhdlərindən bəhs edir. Müəllif hadisələrin şahidi olduğuna görə “Əmir Əli” dastan-poeması həm də tarixi əhəmiyyətinə görə qiymətlidir.
Çin zülmünə qarşı xalqı mübarizəyə səsləyən şairlərdən söz açarkən Sadır Pəlvanı (1798-1871) unutmaq olmaz. 1864-1867-ci il üsyanında üç oğlu ilə birgə iştirak edən xalq nəğməkarının heca vəznində qoşduğu şeirlər dillər əzbəri olmuşdur. Yalnız üsyan günlərində deyil, sonralar da el sənətkarı xalqını azadlığa səsləyən nəğmələr, şeirlər yazmışdır. Onun şeirləri mahnı kimi xeyir-şər məclislərində oxunmuşdur.
20-ci yüzilliyi uyğur ədəbiyyatının ən qarışıq və ən zəngin dövrü adlandırmaq olar. Divan ədəbiyyatını davam etdirənlərlə heca vəznində xalq şeiri yazanlar ədəbiyyatı ənənəvi qaydada davam etdirib yaşadırdılar. Ədəbiyyata yeni gəlmiş bir qrup isə Avropa ədəbiyyatının təsirilə nəsri, dramçılığı inkişaf etdirməyə çalışırdı. Poeziyada janr baxımından da dəyişikliklər baş verirdi. Avropanın təsirilə sərbəst şeir yazanlar meydana atılsalar da, klassik Çin, yapon şeir qəliblərindən yararlananlar da vardı.
Mövzu baxımından da ədəbiyyatda bir rəngarənglik, çoxça¬larlılıq meydana gəlmişdi. Bir qrup şair ənənəvi olan mövzuları (Fərhad-Şirin, Leyli-Məcnun və s.) yenidən və yerli şəraitə, xalqın adət-ənənəsinə uyğunlaşdırıb qələmə alırdılar, o biri tərəfdə isə realist ədəbiyyat inkişaf edirdi. Bir tərəfdən Çin işğalçılarına qarşı xalqın mübarizəsindən bəhs edən dəyərli əsərlər meydana çıxırdısa, o biri tərəfdən hakim təbəqəni tərifləyən tərənnüm ədəbiyyatı yaranırdı. Bir tərəfdən sosialist-realizmi adlandırılan metodun təsiri ilə sosial ədalətdən, kommunizmin işıqlı gələcəyindən, sosializmin qələbəsi uğrunda həyatlarından keçən insan obrazlarından bəhs edən ədəbi nümunələr ortaya çıxır, o biri tərəfdən milli azadlıq mübarizəsi bədii əsərlərin əsas mövzusuna çevrilirdi.
Milli azadlıq hərəkatının əsas ağırlığını heca vəznindən istifadə edərək, xalq şeiri ənənəsini yaşadan sənətkarlar daşıyırdılar. Uyğurlar “koşakçı”, biz isə “aşıq” adlandırdığımız bu sənətkarlar kənd-kənd gəzərək milli ruhlu, mübariz əhval-ruhiyyəli mahnılar oxuyur, dastanlar danışırdılar. “Qeni Batur” dastanı, Muhmedemin Buğranın ölümünə Əxmət Tohti Haci Ucatlının qoşduğu dastan, eləcə də 1911-ci ildə Tümür Xəlifənin (Xalipə) Qumulda başlatdığı üsyana həsr edilmiş “Tümür Xəlifə” dastanı milli şüurun yüksəlməsində böyük rol oynamışdır. Xalqın anlayacağı sadə bir dildə şeirlər yazaraq millətini mübarizəyə səsləyən şairlərindən Sadır Pəlvanın, Abdulrəhman Paşanın, Seyid Noçinin və başqalarının adı bu gün də xalq arasında hörmətlə çəkilir.
Mançu-Qinq hökuməti xalqın xarici ölkələrlə əlaqəsini kəsməyə çalışsa da uyğur bölgəsinin qərbində - keçmiş Rusiyada və onun davamı olan Sovetlər Birliyində çap olunan qəzet və jurnallar, kitablar gizli olaraq uyğurlar arasında yayılırdı. Gənc uyğur ədibləri türk ədəbi dilindən bir çox kəlmələr və cümlə şəklini alaraq işlədirdilər.
Xaricdə təhsil alan və yaşayaraq vətənə dönənlər cədidçilik hərəkatını genişləndirirlər. Mədrəsələri Avropa tipli məktəblərlə əvəz edirlər. 1885-ci ildə Bavdun Musabay Kaşqarın Artuş bölgəsinin İksak kəndində Avropa tipli ibtidai məktəb açır. Osmanlıda yaşayan uyğurlardan olan Əbubəkir məktəbdə müəllim işləməyə gətirilir. 1907-cu ildə Həbibizadə Darülmüəllimi açılır. Burada dərs deməyə Osmanlı dövlətindən yeddi nəfər gətirilir ki, onlardan biri də bir müddət Bakıda müəllimlik etmiş, qəzet redaktoru olmuş, Mirzə Ələkbər Sabiri özünə stenoqrafçı götürmüş Əhməd Kamal olmuşdur.
1899-cu ildə “Matbaayı-xurşid”, 1910-cu ildə Kaşqarda Yenihisarlı Nurhacının “Matbaayı-nur” adlı bir daş mətbəəsi açması, 1905-ci ildə yenə Kaşqarda “Şivit”mətbəəsinin, 1920-ci ildə Qulca Kürədə bir daş mətbəəsinin qurulması kitab və qəzet nəşrinə təkan verir. “Şivit”mətbəəsində “Sultan Saltuk Boğraxan” və “Dünya coğrafiyası” adlı kitablar çap olunur.
1911-ci ildə Kaşqar şəhərində Kutluk Şevki açdığı “An” (Fikir), 1922-ci ildə nəşrə başlayan “İli dihkanlırı” (İli dehqanları-əkinçiləri), bu qəzetin davamı olan “İli Şincan” qəzeti, 1934-cü ildə Urumçidəki Uyğur Mədəniy Akartiş Uyuşmisi (Uyğur Mədəniyətini İnkişaf Etdirmə Birliyi) tərəfindən nəşr edilən “Şincan uyğurları” qəzeti və “Keşker Şincan” (Kaşqar Şincan) qəzeti, “Şincan” qəzeti, “Aksu uçurliri” (Aksu xəbərləri) və b. qəzetlər, “Cahangirlikkə karşi birlik sep” (İmperializmə qarşı birlik), “Xalk birlik sepi” (Xalq birliyi), “Cənubtin avaz” (Cənubdan səs), “Şincan mədəniyəti”, “Küreş” (Savaş) jurnalları və başqa nəşrlər yalnız içtimai fikrin formalaşmasına deyil, ədəbiyyatın inkişafına da güclü təsir göstərmişdir.
1936-cı ildə İsa Yusif Alptəkinin rəhbərliyi ilə qurulmuş olan Altay nəşriyyatında işıq üzü görən kitabları uyğur ədəbiyyatının ən qiymətli əsərlərindən sayırlar. Bu nəşriyyatda Məsud Sabri Beykozun çap etdirdiyi kitablar xüsusilə seçilir. Çünki bu kitabların dili ortaq türkcəyə yaxınlaşırdı.
1930-cu illərdə Çin və Sovet hökuməti arasında gizli danışıqlar nəticəsində Doğu Türküstanda cədidçilərə qarşı təzyiqlər artırıldı. Nəticədə xalq hərəkatı gücləndi. Çağdaş uyğur ədəbiyyatında Rozi Muhməd (Turpandan), Merup Seyidi, Xəlil Sattari, Nəzər Xoca (İlidən), Abduxaliq Uyğur və başqaları milli ruhlu əsərlər yaratmağa başladılar.
Ümumiyyətlə, 20-ci yüzillik uyğur ədəbiyyatının ən qarışıq və ən zəngin dövrü adlandırılır. Çünki bu dövrdə divan ədəbiyyatının nümayəndələri ilə heca vəznində, yəni xalq şeiri ruhunda yazanlar ənənəyə sədaqət nümayiş etdirirdilər. Avropa mədəniyyətinin təsiri altında ədəbiyyata gəlmiş bir qrup gənc isə nəsri, dramçılığı inkişaf etdirməyə çalışır, poeziyada da janr baxımından dəyişikliklər edir, sərbəst şeir yazırdılar. Onlar bir tərəfdən də klassik Çin, yapon şeir qəliblərini uyğur şeirinə tətbiq edirdilər.
Uyğur teatr sənətçiləri Avropa teatr məktəbi ilə çinlilərin szinsilərini uyğunlaşdırmaq və sintezini yaratmaq üçün cəhd göstərirdilər. Çin aktyor sənətinin başlıca xüsusiyyəti sayılan təsəvvür olunan əşyalarla oynamaq, şərti ifadə vasitələri, üsul¬ları, simvollaşdırılmış əl-qol hərəkətlərini uyğur teatrına gətirirdilər. Beləliklə uyğur ədəbiyyatı və mədəniyyəti bir axtarış dövrünü yaşayırdı.
Abduxaliq Uyğur (09.02.1901, Turpan - 13.03.1933, Turpan). Qəribə taleli bir şair olan Abduxaliq Uyğur mətbuatın, nəşriyyatların geniş yayıldığı bir dövrdə yaşasa da, şeirləri sağ¬lığında çap olunmamış, yaddaşlarda yaşayaraq günümüzədək gəlib çatmışdır. Yaddaşlardan toplanmış şeirləri 1988-ci ildə ayrıca kitab kimi çap olunmuşdur. Prof. Dr. Alimcan İnayət tərəfindən hazırlanmış olan Abduxaliq Uyğur “Şeirləri” adlı əsər 2008-ci ildə Türk Dil Kurumu tərəfindən yayınlanmış və şairin indiyə qədər bilinən şeirlərinin tamamı uyğur və Türkiyə türkçəsində verilmişdir.
Tacir ailəsində doğulan, evdə dini təhsil almaqla yanaşı, ərəb və fars dillərini də öyrənən Abdulxaliq sonra Turpan şəhərində Çin dilində təhsil verən məktəbdə oxumuşdur. Çin ədəbiyyatının klassik əsərlərindən “Su Boyida” (Su vadisi boyunda) və “Kizil ravaktiki çüş” (Qızıl çadırdakı yuxu) kimi romanları oxuyur, Sun-Cun-Şen və Lu-Şun kimi çinli yazıçıların əsərləri ilə tanış olur. 8 yaşından etibarən şeir yazmağa başlayan Abdulxaliq 1923-cü ildə bir neçə yaşıdı ilə SSRİ-yə gələrək burada üç il təhsil alır. Rus yazıçı və şairlərindən A.S.Puşkinin, L.Tolstoyun, M.Qorkinin, M.Lermontovun və b. əsərlərini oxuyur. Onlardan güclü təsirlənir. Bolşeviklərin sosial ədalət, bəra-bərlik, sinfi mübarizə şüarları ona olduqca xoş gəlir. Necə deyərlər, bolşevik inqilabını ölkəsinə daşımaq istəyir. 1926-ci ildə vətənə dönərək cahillik, savadsızlıq əleyhinə mübarizəyə başlayır.
1927-ci ildə “Akartiş birləşməsi” (Mədəniyyət birləşməsi) adı altında təlim-tərbiyə dərnəyi quraraq, məktəb açır, oranı bitirənlərin bir çoxunu SSRİ-də oxumağa göndərir.
Xalqını maarifləndirməklə yanaşı, hakimiyyətə qarşı mübarizəyə də səfərbər etməyə çalışır. Onun mübarizəsi yalnız işğalçılara qarşı deyildi, həm də öz millətindən olan varlılara qarşı idi. İnsanlar arasındakı bərabərsizliyi aradan qaldırmaq istəyi ilə kasıbları varlılara qarşı üsyana səsləyirdi. Onun fəaliyyətində sovetlərdən aldığı təlimin təsiri açıq-aydın görünür.
Turfandakı milli azadlıq mübarizəsi zamanı gənc şair də döyüşçülər sırasında olur. 1933-cü ildə Çin Qomindan Partiyasının rəhbəri Şenq-Şi-Şey Turpan şəhərinə gələrək şairi və dostlarını həbs etdirir. 1933-cü ilin martın 13-də Abduxaliq Uyğur edam edilir. Onu ölümə apararkən şair mübarizəsində haqlı olduğunu bildirmək üçün “Yaşasın azadlıq”, “Yaşasın azadlıq” deyə qışqırmışdır. Şair ölümü ilə də uyğur ədəbiyyatına qəhrəmanlıq mövzusu vermişdir.
Vətəninin və xalqının azad nəfəs ala bilməsi və müasir mədəniyyətlərə yiyələnməsi üçün ömrü boyu mübarizə apararaq “Oyan”, “Zulumga karşi” (Zülümə qarşı), “Körüngən tağ yirak emes” (Görünən dağ uzaq deyil), “Könül xahişi” və b. şeirlərini yazır. Qadağalara, yasaqlara görə şairin şeirləri sağlığında çap olunmasa belə xalqı onun əsərlərini yaddaşında yaşatmışdır.
Xotən üsyanı zamanı döyüşə atılan uyğurlar onun “Sən kimin oğlusan, oylısanğçı” şeirini marş kimi oxuyurmuşlar. Bundan başqa, bir çox şeirləri də 1947-1949-cu illərdə milli hökumət zamanı məktəblərdə nəğmə kimi söylənirmiş.
Armiya Ali Sayram Nimşehit (1906 - 22.08.1972). 1906-ci ildə anadan olan Armiya Nimşehit yaradıcılığa klassık şeir ənənəsini davam etdirməklə başlamışdır. Dünyada baş verən dəyişikliklər, xaricə gəzməyə və oxumağa gedən uyğur şairlərinin yeni janrlarda və yeni formalarda şeirlər yazması Nimşehitə də təsirini göstərir.
O uyğur ədəbiyyatında klassik şeirlə müasir şeir arasında körpü yaradan bir şair kimi tanınmışdır. Onun şeirlərindəki vətənsevərlik, yeni bədii ifadə vasitələri, üslub əlvanlığı yeni uyğur şeirinə güclü təsir göstərmişdir. Şairin “Vatan muhəbbəti”, “Yürək sözü” adlı şeir kitabları və“Pərhad ilə Şirin” adlı dastanı vardır.
Doğu Türküstanda “Hannin tesnip kilgan yeni işləri” (Xanın gördüyü yeni işlər) adı ilə çıxan qəzet 1924-cü ildən “Şincan qəziti”, daha sonra, yəni 1935-ci ildən Daniş Damollam tərəfindən “Aksu uçurliri” (Aksu xəbərləri) çap olunur. “Aksu uçurliri” (Aksu xəbərləri) qəzetinə 1939-ci ilə qədər Nimşehit redaktorluq etmişdir.
Şairə 1956-ci ildə Həcc ziyarətinə getmək nəsib olur. Həcc ziyarəti zamanı vətən həsrəti ilə “Sėşindim” (Darıxdım) adlı şeirini yazır:
Sėşindim mən, sėşindim mən, sėşindim
- Darıxdım mən darıxdım mən, darıxladım,
Vətən səni təşna bolup sėşindim
-Vətən sənə təşnə olub darıxdım.
Mihriz tolşan yürəkimdin sėşindim
- Sevginin dolduğu ürəkdən darıxdım.
Dolkunlişan kökrekimdin sėşindim
- Coşan bağrımdan darıxdım.
Onun şeirlərinin əsas mövzusunu vətən və millət sevgisi təşkil edir.
* * *
Klassik uyğur şeir ənənəsini yaşatmaqla onu yeniləşdirməyə çalışan, şeirlərinin əsas mövzusunu millətsevərlik və vətənse-vərlik təşkil edən şairlər sırasında 1899-ci ildə Kaşqarın Artuşta kəndində doğulmuş və 1982-ci ildə dünyasını dəyişmiş Abdülaziz Mehsum, 1913-cü ildə Kaşqarda doğulmuş “Qara günlər”, “Rabiyə ilə Seyiddin” adında pyeslərin və “Zəfər xatirəsi”, “Tan faciası”, “Ladah yolunda karvan”, “Tuzimas çiçək-lər” kimi kitabların müəllifi Ahmed Ziyati (1913-1989) və b. vardır.
Xalq həmişə milli azadlıq mübarizəsinə qalxanda şair oğ¬lunu da öndə görmək istəyir. Onun sözünün bədii dəyərindən çox mübarizəyə səfərbəredici gücünə əhəmiyyət verir.
Bu dövrdə cədidçi aydınlardan Abdulqadır Damollam, Muhmədəli Əpəndi, Qutluqhaci Şevqiləri də yada salmaq gərəkdir. Bu böyük aydınlar Buxara, Kazan, Kırım, Bakı, İstanbul, Qahirə və b. şəhərlərdə illərcə oxumuş və sonunda vətənlərinə dönərək böyük əsərlər yaratmışlar. Onlar millətinin yaddaşında izlər buraxsalar da, nə yazıq ki, zalımların qurbanına çevrilmişlər.
* * *
Zunun Qədiri (1911, Tarbaqatay vilayətinin Dörbilcin qəsəbəsi - 24.09.1989, Almatı şəhəri). Kasıb bir ailədə dünyaya gələn Zunun Qədiri yeni uyğur ədəbiyyatında, xüsusən də nəsr və dramçılığın inkişafında böyük əməyi olan ədiblərdəndir. 1937-ci ildə yazdığı “Cahalətnin capası” (Cəhalətin cəfası) adlı pyesi ilə ədəbi mühitə atılan Zunun Qədiri “Uçraşkanda” (Gö¬rüşüncə), “Partizanlar etriti” (Partizanlar dəstəsi), “Hər işnin yoli bar” (Hər işin bir yolu vardır), “Qunçəm” (Qönçəm), “Gülnisa” dramları ilə uyğur ədəbiyyatını zənginləşdirmişdir.
Yeni uyğur nəsrində yeni bir cığır açan Zunun Qədiri 1940-ci ilin ortalarından etibarən hekayə yazmağa başlayaraq 1945-ci ildə “Muəllimnin xəti” (Müəllimin məktubu) və “Rodipay”, 1946-cı ildə “Küçükkə hucum” (Küçüyə hücum) və “İkki bar-mikim bilən” (İki barmağımla), 1947-cü ildə “Güman” və 1948-ci ildə “Mağdur ketkəndə” (Məğdur gedərkən), 1950-ci ildə “Toy” dramını, daha sonra isə əkinçilərin həyatından bəhs edən “Çin qış” (Çətin qış), “Rəhmət” (Təşəkkür), “Esləş” (Xatırla), “Qızıl gül” hekayələrini yazır.
1950-1960-cı illərdə uyğur nəsrinə və dramçılığına ən dəyərli əsərlərini verən Zunun Qədiri Qazaxıstana gələrək orada yaşamış və orada da ölmüşdür. Qazaxıstanda daha çox milli ruhlu əsərlər yaratdığına, Çində gördüklərini tənqid etdiyinə görə son illər o, Çinin hakim dairələri tərəfindən sevilməyən insana çevrilmişdir.
Lutpulla Mutəllip (16.10.1922, Qazaxıstan Respublikası, Almatı yaxınlığındakı Uyğur rayonu kimi tanınan Nilki qəsəbəsinin Çunçi kəndinin Sayboyu məhəlləsi -18.09.1945, Aksu).
Millətini azad və xoşbəxt görmək arzusu ilə yaşayan və bu yolda həyatını qurban verən ədiblərdən biri də Lutpulla Həzim Axun oğlu Mutəllipdir. Haqqında çox yazılsa da, doğum və ölüm tarixləri fərqli-fərqli göstərilmişdir. Əsasən də Şincanın Qulca şəhərində doğulduğu fikri üzərində dururdular. Uyğur araşdırıcısı Tursun Erşidin 1998-ci ildə Urumçidə çap etdirdiyi “Lutpulla Mütəllip və unin keçürmişləri” kitabı şairin doğum ili, yeri və ölüm günü ilə bağlı yanlışlıqlara son qoydu. O, şairin atası Həzim Axunda məxsus “Min bir hədis” adlı kitabın qapağına yazılmış tarixi əsas götürərək 1922-ci ilin noyabrın 16-da anadan olduğunu yazmışdır. Ailədəki müqəddəs kitabların qapağına mühüm tarixi hadisələr və uşaqların doğum günlərinin yazılmasının az qala bir ənənəyə çevrildiyi məlumdur. Həzim Axund da kitabın qapağına oğlunun doğulduğu günü yazıbsa, demək, ən doğru sənəd bu hesablanmalıdır.
Kiçik yaşlarından fitri istedadı ilə ətrafındakıların diqqətini cəlb edən, ilk təhsilini evdə atasından alan Lutbullahı Qulca şəhərindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-ci ilədək oxuyaraq tatar və rus dillərini də öyrənmiş olur. Sonra təhsilini rus gimnaziyasında davam etdirir. İki il də burada oxuyur. 15 yaşında ikən “Mənim xalqım” adlı şeirini “İli qəziti”ndə çap etdirir.
Yeniyetməlik və gənclik illərində yazdığı üsyankar şeirlərinə görə onu “od yürəkli şair” adlandırırlar.
Lutpulla imtahan verərək Urumçi şəhrindəki Darülmuəlliminə qəbul olunsa da, maddi sıxıntı üzündən təhsilini davam etdirə bilmir. 1941-ci ildə sovet mühəndislərinin tərcüməçisi kimi Güney Şincana gedir. Faşist Almaniyasının SSRİ-yə hücumundan sonra sovet mühəndisləri axtarış-kəşfiyyat işlərini yarıda buraxıb geri döndüklərindən Lutpulla Mütəllip işsiz qalır və yenidən Urumçiyə geri dönür.
Təhsilini davam etdirməklə yanaşı “Şincan” qəzetində də işləyir və qəzetdə “Ədəbiyyat gülzarı” adlı səhifə hazırlayır.
İstedadlı şair, publisist və dramçı Lutpulla Mütəllip1942-ci ildə, yəni 20 yaşında yazdığı, elə həmin il də səhnələşdirilən «Gerçək moden» pyesi Çin valisi Şenq-Şi-Şey tərəfindən yasaqlanmış və ona qarşı təqiblər başlanmışdır.
Təqib və təzyiqlərə baxmayaraq o, bədii yaradıcılığını və siyasi mübarizəsini dayandırmır. Rus dilində təhsil alması, bu dilin vastəsilə inqilabi ədəbiyatla tanışlığı, Marksın, Engelsin, Leninin, Stalinin əsərlərini oxuması təsirsiz qalmamışdı. Lutpulla yeniyetməliyindən dünyada kabus kimi dolaşan kom¬mu¬nizm ideologiyasının təsiri altına düşmüşdür. O, bu ideologiya vasitəsilə xalqının azad və firavan yaşayacağına inanırdı.
O, ənənəvi əruz və heca vəznində şeirlər yazmaqla yanaşı, sərbəst vəzndə də qələmini sınayır, bu janrın çılğın təbliğatçısına çevrilir. Həm də “Borandan sonrakı aydınlıq”, “Samsaq ağa hirsləndi” kimi pyeslər yazmaqla oxuma və yazma bilməyən insanlara səhnədən müraciət etməyə, xalqını cəhalətdən qurtarmağa çalışır. Pyeslər yazarkən və onları səhnələşdirərkən rus rejissor və aktyorlarının təcrübəsindən bəhrələnir.
1943-cü ildə Şincanın siyasi həyatında dəyişmələr baş verir. Liberal, demokratik görünməyə can atan vali Şenq Şi-Şey Qomindan Çin Milli Partiyasına daxil olur. Bu, bölgədə tarazlığın pozulmasından, çinlilərin müstəmləkəçilk siyasətinin getdikcə şiddətlənəcəyindən xəbər verirdi. Şincanda yanvar ayında partiyasının vilayət şöbəsi təşkil edilir və iyun ayında partiyasının ən mühafizəkar üzvlərindən Fen Qun-Bini “Şincan” qəzetinə redaktor təyin edilir.
Qomindan Çin Milli Partiyasının hakimiyyətə gəlməsi Şincanda Lutpulla Mütəllip və onun kimi inqilabi əhval-ruhiyyəli, yenilik tərəfdarı vətənsevərlərin vəziyyətini ağırlaşdırır. Bir çox kitablar yığışdırılır, inqilabi ruhlu, vətənsevər kitablar çap edən nəşriyyatlar bağlanılır. Həbs edilmək və ya sürgünə göndərilməklə üzləşən Lutpulla Mütəllip 1943-cü ilin sonunda işdən çıxarılır. Onu Aksudakı “Şincan” qəzetinə redaktor müavini göndərirlər.
Lutpullanın gəlişi Aksu şəhrində vətənsevərlər tərəfindən sevinclə qarşılanır. Qəzetdə “Cənub şamili” adlı səhifə hazırlayır və buraya şair Nimşehit, Bilal Əzizi kimi gəncləri cəlb edir. Gənc şair elm öyrənməklə, bədii yaradıcılıqla yanaşı ictimai-siyasi işlərdə fəal iştirak etdir.
Aksu Vilayətlik Uyğur Mədəniy Akartiş Uyuşmisi (Aksu Vilayət Uyğur Mədəniyyətinin İnkişafı Birliyi) ilə “Aksu Şincan” qəzetinin birgə çıxartdığı “Cənubtin avaz” (Cənubdan səs) jurnalına məsul katiblik edən Lutpulla Mütəllip “Təsiratım” (Duyğularım), “Hoş” (Əlvida),” “Yillarka cavap”(İllərə cavab), “Pəryat” (Fəryad), “Hiyalçan tilək” (Xəyallı diləklər), “Küreş ilhami” (Mübarizə ilhamı), “Şair toğrusida Muveşşeh” (Şair hakkında müvəşşəh), “Muhəbbət həm neprət” (Məhəbbət və nifrət), “Oğlum hekkidə mərsiyə” (Oğlum haqqında mərsiyə), “Vətən ala, xəlik ala (Vətən ala, xalq ala), “Büyük mayak” (Böyük mayak) və b. şeirlərini, eləcə də “Əcəl hudukuşida” (Əcəl anında), “Padişah samuraylari ağir halsiraydu” (Padişah samurayları böyük yorğunluq içində), “Uniz kəlgüsi zor həm parlak” (Onun gələcəyi güclü və aydın) satirik məqalələrini və “Samsak akan kaynaydı” (Sarımsaq ağa əsəbləşir), “Küreş kizi” (Mübarizə qızı), “Borandin keyinki aptap” (Borandan sonrakı günəş), “Çin moden”, “Çiməngül” adlı səhnə əsərlərinin, “Ədəbiyyat nəzəriyyəsi”, “Sənətkə muhəbbət” (Sə-nətə məhəbbət), “Tiyatirmız kelip çikişi və ravaclaniş tarihi” (Teatrımızın yaranması və inkişafı tarixi) adlı məqalələrini yazır.
Bir çox səhnə əsərlərinə rejissorluq edən, özü baş rolları oynayan gənc şair “Tahir ilə Zöhrə” və “Qərip ilə Sənəm” operalarının librettosunu da yazmışdır.
1945-ci ildə İli, Altay, Tarbaqatay bölgələrində yaşayan uyğurların Çin hökümətinə qarşı başladıqları etiraz hərəkatı tarixə “Üç vilayət inkilabı” kimi daxil oldu. “Üç vilayət inkilabı” təşkilatının liderlərinin Aksu şəhrinə göndərdiyi nümayəndələrlə görüşən, onların istəklərini öyrənən Lutpulla Mütəllip onlarla birgə bölgədə hakimiyyəti devirmək uğrunda mübarizə aparacağını vəd edir. Bundan sonra böyük bir eşq və ilhamla “Uçkunlar ittipakı”(Qığılcımlar ittifaqı) təşkilatını qurur. Tam adı “Şərqiy Türkistan Uçkunlar İttipaki” (Şərqi Türküstan qığılcımlar ittifaqı) olan təşkilata millətini sevən Nimşehit, Bilal Əzizi, Muniridin Hoca, Abdulla Davutop, Yusupcan kimi vətənsevərlər daxil olur. Təşkilatın parolu “Biz cümə namaziga teret elip koyduk. Cümə namazini silər bilən billə okumakçimiz” (Biz cümə namazını qılmaq üçün abdəst aldıq. Cümə namazını sizinlə bərabər qılmak istəyirik) olur.
“Üç vilayət inkilabi” ordusu Çin hökümət qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır. Lutpulla Mütəllip qurmuş olduğu “Uçkunlar ittipaki”nın üzvləri də döyüşə hazırlıq işlərini sürətləndirir, Qomindan partiyasının tabeliyində olan əsgəri birliyin silah anbarına girmək, oradakı silahları alaraq öz düyüşçülərinə paylamaq üçün gizlicə anbar qapılarının açarlarını hazırladırlar.
Satın aldığı xainlərin yardımı ilə Qomindan Partiyasının məmurları Lutpulla Mütəllipi və silahdaşları Bilal Əzizi, Müniridin Xocanı, Abla Mevlanjan, Rozi Turdiyof və 30 yaxın məsləkdaşını həbs edirlər. Xalqının azadlığı və xoşbəxtliyi uğrunda Qomindan ordularına qarşı cəsarətlə vuruşan “Üç vilayət inqilabı” əsgəri birlikləri 1945-ci ilin payızında qarlı dağları aşaraq Güney Şincana keçib Aksu şəhrinə doğru irəliləyir. Qomindançılar həbsdə olanların üsyan qaldıracağından, xalqın da onlara qoşulacağından qorxuya düşərək 1945-ci ilin sentyabrın 18-də Lutpulla Mütəllipi və məsləkdaşlarını güllələyirlər. “Uçkunlar ittipaki”nın (Qığılcımlar ittifaqı) üzvlərinin güllələndiyini eşidən xalq kütlələri həbsxanaya hücum edib oranı dağıdırlar. Aksu şəhəri qomindançılardan azad olur. Həbsxanada Lutpulla Mütəllipin divarla qanıyla aşağıdakı misraları yazdığını görürlər:
Bu kən dünya mən üçün boldi duzəx - Bu geniş dünyü mənim üçün oldu cəhənnəm,
Yaş gülümni şazaz kildi kanhor əbləh... - Gənç gülümü xazan qıldı qaniçən əbləh...
Lutpulla vətənin azadlığı uğrunda mübarizədə şəhid olsa da, onun ideyaları reallaşır. Doğu Türküstan höküməti qurulur. Sovetlərin yardımı ilə Çində kommunistlər hakimiyyətə gətirilir. Lakin onlar vədlərini tez unudaraq, dünənki silahdaşlarına və əməkdaşlıq etdikləri insanlara divan tuturlar. Xalqlara azadlıq vəd etsələr də, müstəmləkəcilik siyasətini davam etdirirlər. İki imperialist dövlət, Çin və SSRİ gizli plan quraraq 1947-ci ildə Doğu Türküstanlıların liderlərini təyyarə qəzasında öldürür, hökumətin fəallarını və müstəmləkəçilərə müqavimət göstərənləri də məhv edirlər.
Lutpulla Mütəllip və dostlarının vəhşicəsinə edam edilməsindən beş il sonra xalq ayağa qalxaraq yenidən həbsxanaya basqın edir. Həmin vaxt həbsxanada işləmiş nəzarətcilərə təzyiq göstərərək Mütəllip və məsləkdaşlarının cənazələrinin harada gizlədildiyini tələb edirlər. Həbsxana işçiləri canlarının qorxusundan həqiqəti deyirlər. Məlum olur ki, vətənpərvərlər həbsxana ərazisindəki donuz damında güllələnmiş, sonra da ora ayaqyoluna çevrilmişdir.
Həmin yeri qazarq şairin və əqidə yoldaşlarının param-parça edilmiş cəsədlərinin qalıqlarını tapırlar. Aksu və ətrafından gələn xalq kütlələri bu vətən övladlarının param-parça edilmiş cəsədlərini islam qaydaları və uyğur adət-ənənəsiylə dəfn edirlər.
Çin cəlladları Lutpulla Mütəllipin 18 yaşlı xanımı Sopiyam Baiz qızını təqib edir, nəticədə Lutpullanın yeganə övladı aclıqdan ölür.
Son illərdə Urumçidə baş verənlər onu göstərir ki, Lutpulla Mütəllipin ideyaları yaşayır, bu ideya uğrunda ölümə gedən uyğur gəncliyi var.
Abdurihim Teleşov Ötkür (?.06.1923, Qumulda kəndi). Onun 1940-cı illərdə yazmış olduğu “Muzulqan şəhər” (Donan şəhər), “Bahar çillaymən” (Baharı çağırıram), “Cənubka xət” (Güneyə məktub), “Tan zibasi yokmidur” (Dan gözəli yoxmudur) adlı şeirləri, “Yeni Çunqo Gülistanina” (Yeni Çin Gülistanına), “Keşker geçəsi” (Kaşqar gecəsi) dastanlarını, “Tamçə kandin miliyonlaran çeçəklər” (Damla qandan milyonlarca çiçək), “Çin moden” dramlarını, “Dənizdin sada” (Dənizdən səda), “Baş egim” (Baş geyim) kimi hekayələri vardır.
1946-ci ildə “Yürək munliri” (Ürək fəryadları), 1948-cı ildə “Tarim boyliri” (Tarım boyları) şeirlər kitabları çap olunub. 1950-1970-ci illərə qədər “Vicdan boyliri” (Vicdan boyları), “Səcdiqahımqa” (Səcdəgahıma), “Tova dep tuttum yaka” (Tövbə deyərək yaxa cırmaq), “Küz keçisi” (Payız gecəsi), “Nəvai gəzəligə muxəmməs” (Nəvainin qəzəlinə muxəmməs), “Ak emes saçimdiki” (Ağ deyil saçımdaki), “İz”, 1970-ci ildən sonra isə “Yaxşi”, “Sərlevhisiz şeirlar”, “Ömür hekkidə muxəmməs” (Ömür haqqında muxəmməs), “Keşker güzəligə” (Kaşqar gözəlinə), “Mən ağ bayraq emes” (Mən ağ bayraq deyiləm) kimi lirik şeirlər yazıb.
“Uluq ana hekkidə çöçək”, (Ulu ana haqqında çiçək), “ Gül və azqan” (Gül və yabanı gül), “Şeir və şair”, “Kaştişiqa mədhiyə” (Süs daşına mədhiyə) kimi əsərləri, “İz” və “Oyqanqan zəmin” adlı romanları yazmış ədib 1995-ci ilin oktyabrın 5-də Urumçidə dünyasını dəyişmişdir.
Turqun Almas (?.10.1924, Kaşqar şəhəri). Şair və tarixçi kimi tanınmışdır. İlk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur.
Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşəhərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən buraxmaq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada “Alma” qəzetində işə girir. Son¬ra da isə Urumçi şəhərindəki “Tarım” jurnalında əmək fəaliyyətini davam etdirir.
Turqun Almas “Pıçaq” dramını yazmış, “Tarım şamalları” (Tarım yelləri), “Tan səhər” (Dan səhəri) kimi şeir kitablarını və “Hun tarihi”, “Uyğurlar” adlı tarix kitaplarını çap etdirmişdir.
1922-ci ilin avqustun 22-də Qulca şəhərinin Xudyar Yüzi kəndində doğulan Elkem Ehtəm 1930-cu ildə Korqas qəsəbəsində doğulan Tayipcam Ali və başqaları da yeni uyğur ədə¬biyyatının seçilən nümayəndələrindən sayılır. Elkem Ehtem “Tan” (Dan), “Tanq atti” (Dan attı), “Tan atkanda” (Dan atarkən), “Könüllər güldi” (Gönüllər güldü), “Ümid dolkunliri” (Ümid dalğaları), “Küreş dolkunliri” (Savaş dalğaları), “Yeniş dolkunliri” (Zəfər dalğaları) kimi şeirləriylə yanaşı “Saadetxan”, “Alvasti” kimi lirik dastanları, Tayipcan Ali isə “Şark nahşısı” (Şərq mahnısı), “Tıçlık nahşısı” (Sülh mahnısı), “Tüqümes nahşa” (Bitməz mahnı), “Vətənimni köyləymən” (Vətənım üçün yanıram), “Zepmu çıraylık gəldi bahar” (Nə qədər xoş gəldi bahar) adlı şeir kitablarıyla tanınır. Tayipcan Ali 1989-cu ildə dünyasını dəyişmişdir.
1950-1980-ci illər uyğur ədəbiyyatının tanınmış yazıçı və şairləri sırasında Erşiddin Tatlık, Turdi Samsak, Abdulkərim Xoca (1928-1988), Zordun Sabir, Sultan Mahmut (Kaşqarlı), Muhəmmətcan Sadiq, Cebbar Əxmət, Muhəmmət Ali Zunun, Ehad Turdi, Boğda Abdulla, Abdulhamid Sabir, Mırzayit Kərim, Mamut Zayit, Tursunay Hüseyin, Dilbər Keyum və b. adı çəkilir.
3.1. Uyğur ədəbiyyatında sosializmin tərənnümü
1949-cu ildə Çinin yenidən Doğu Türküstanı işğal etməsi, sosializm quruculuğu adı altında aparılan kütləvi həbslər və təqiblər ədəbiyyatdan milli məsələni demək olar tamam çıxardı. Sosializmi, kommunizmi, Mao-Ze-Donqu, Çin işğalını tərənnüm edən bədii yazılara geniş meydan açıldı. Yaşlı nəslin bir çox nümayəndələri də hakimiyyət orqanlarının təzyiqlərinə tab gətirməyərək sifariş ədəbiyyatı nümunələri yaratdılar.
Uyğur ədəbiyyatının üçüncü mərhələsinə tərənnüm və mədhiyyə ədəbiyyatının nümayəndələri daxil edilirlər. Onlarda da bizdəki kimi sosializm realizmi adı altında keçmişin tənqidi, real əsasları olmayan xoşbəxt gələcəyin tərənnümü, fəhlə və kəndlilərin firavan həyatı əsas yer tutur. Xalqın gerçək fikir və duyğularını, görüşlərini əks etdirən əsərlərə mətbuatda yer verilməz, vətən haqqında, millət haqqında tarixi həqiqətləri yazanları “millətçilikdə”, “türkçülükdə”, “əksinqılabçılıqda” suçlayıb cəzalnadırırdılar. Hətta şeirlərdə “Tanrı dağı”, “Tarım çayı” kimi kəlimələrin işlədilməsi də qadağan edilmişdir.
Maonun ölümündən sonra Çində bir yumşalma hiss edilir. Uyğur ədəbiyyatı üzərindəki sərt sensor nəzarəti yumşalır. Ana dilində kitabların nəşri üçün böyük şəhərlərin əksəriyyətində nəşriyyatlar açılır. Ədəbi nəşrlərin də sayısı çoxalır. “Tarım”, “Köprük” (Göstəri), “Şincan sənəti”, “Miras”, “Bulaq”, “Çolpan” (Dan ulduzu), “Kaşqar ədəbiyyatı və sənəti”, “Turpan”, “Qumul ədəbiyyatı”, “Aksu ədəbiyyatı və sənəti”, “İli dəryası”, “Bostan”, “Tenri Tağ” (Tanrı dağı) və b. jurnalları nəşr olunmağa başlayır. Bu jurnallarda milli dəyərli bədii, elmi əsərlər də çap olunur.
Beləcə, Uyğur şair və yazıçıları əsərlərini rahat nəşr etmək imkanına qazanırlar. Uyğur ədəbiyyatında bir irəliləmə hiss edilməyə başlayır. Şair və yazıçılar tarixi hadisələrdən bəhs edən bədii və elmi əsərlər yaradırlar. Bu əsərlərin içində Abdulla Talıbın 1981-ci ildə Lutpulla Mütəllipin həyatından bəhs edən “Kaynam örkişi”, Abdurihim Ötkürün 1980-ci ildə çap etdirdiyi “Kaşqar kecesi” (Kaşqar gecəsi) dastanı və 1985-ci ildə çap etdirdiyi “İz”, Xevir Tömürün 1980-ci ildə çap etdirdiyi “Molla Zeydin qissesi”, “Əli” adlı tarixi romanı və Abduxaliq Uyğurun həyat mübarəzəsindən bəshs edən “Baldur oyanan adem” (İlk oyanan adam), Turdi Samsakın 1986-ci ildə çap etdirdiyi “Axirəttin gəlgənlər” (Axirətdən gələnlər), Qayrət Abdullahın 1983-cü ildə çap etdirdiyi “Taş abidə” romanları, Teyipcan Hadinin Mançu-Çin hökümdarlarının zulmünə qarşı 1864-1867-ci illərdə uyğurların İli vilayətindəki üsyana rəbərlik etmiş Sadır Pəlvanın fəaliyyətindən bəhs edən “Pəlvan gəldi” (Pəhlivan gəldi) hekayəsi, Muhməd Ali Zununun 1981-ci ildə Rabia Seyiddin, Ahmet Ziyatinin sevgi və azadlıq yolunda mübarizə apararaq sonunda qurban olan iki gəncin hekayəsini anladan, on mindən artıq misradan ibarət olan “Rabiyə ilə Sayd¬din” dastanları daha çox diqqətiçəkəndir. Lakin bu o qədər də uzun sürmür.
1990-cu ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır. 1991-ci ilin fevralından sonra tanınmış uyğur alimi, yazıçı Turqun Almasın “Uyğurlar”, “Hun tarihi”, “Əski uyğur ədəbiyyatı” kitabları tənqid hədəfinə çevrilir, oradakı faktların təftişinə başlanılır. Turqun Almas və diğər nüfuzlu uyğur ədibləri “pantürkist”, “Uyğur şovinisti”, “separatçı” deyə suçlanır, təqib və tənqidlərə məruz qalırlar. Beləliklə, Uyğur ədəbiyyatının inkişafı ləngidilir, təkrar durğunluq dövrünə dönülür.
Bütün bunlara baxmayaraq Teyupcan Əliyop (1930-1989), Qəyyum Turdi (1937-1997), Muhəmmətcan Sadiq (1934), Boğda Abdulla (1941), Qurban Barat (1939), Osmancan Savut (1946), İmin Əxmədi (1944), Muhəmmətcan Raşidin (1940), Ruzi Sayit (1943-2001), Zordun Sabir (1937-1998), Xevir Tömür (1922-1991), Əxət Turdi (1940), Calalidin Bəhram (1942), Məmtimin Hoşur (1944), Muhəmmət Bağraş (1952), Xalidə İsrail (1952), Əxtəm Ömər (1963), Toxti Ayup (1945), İbaydulla İbrahim (1951), Nurmuhəmmət Toxti (1949), Abdulla Savut (1950), Abduşükür Muhəmmətimin (1934-1995), Əxmət İmin (1950) və b. üçünçü dövr uyğur ədəbiyyatının apa¬rıcı ədiblərindən sayılırlar (Baran Lokman, 2007, 42).
Azərbaycan araşdırıcılarından Güllü Yoloğlu, Vüqar Mustafa, Qətibə Vaqifqızı və başqaları uyğur mədəniyyəti, folkloru, tarixi və ədəbiyyatı ilə bağlı qəzet və jurnallarda bir sıra maraqlı məqalələr dərc etdirmişlər.
3.2.Dramçılığın tarixindən
Doğu Türküstanda ənənəvi janrlarda əsərlər çox yazılsa da, 1930-cu illərədək Avropa metodları ilə yazılmış pyeslərə rast gəlinmir.
1934-40-cı illərdə uyğur teatrlarında yerli müəlliflərin əsərləri ilə yanaşı, Ü.Hacıbəylinin “Arşın mal alan” operettası və özbək şairi Həmzə Həkimzadə Niyazinin 1918-ci ildə yazmış olduğu “Bay və muzdur” pyesi tamaşaya qoyulur. Bu əsərlər səhnədə həmişə alqışlarla qarşılanır.
Tamaşalarda aktyorluq, rejissorluq, bəstəkarlıq da edən gənc Lutpulla Mütəllip xalq dastanları əsasında hazırladığı “Qərip ilə Sənəm”, “Tahir ilə Zöhrə” operalarını da xalqının mühakiməsinə verir.
Uyğur araşdırıcılarına görə, bölgədə teatrın mənşəyi çox qədimlərə gedib çıxır. Refik Ahmet Sevengil “Türk tiyatrosu Tarihi. Eski Türklerde Dram Sanatı” kitabında yazır: “Çinde hükümdar olan ilk üç sülalenin kurucuları da Türktür. Bunlar miladdan önce 2202 yılından başlayaraq miladdan önce 250 yılına kadar hüküm sürmüşlerdir. Görülüyor ki, Çinde ilk defa tiyatrodan bahsedilmesi -yani 1150 - türklerin idaresi zamanına aittir…. Çinde dram sanatını himaye edenler ve ilerletenler Türkler olduğu gibi, orada bu sanatı kurmuş olanlar da Türklerdir” (Sevengül, 1969: 17-20).
Araşdırıcı Əli Əziz isə m.ö. 139-cu ildə Türküstana gələn ilk Çin elçisi Canq Çienin: “Uyğurlar kendi dil ve yazısına sahib olmakla kalmayıp, kendilerine özgü müzik, dans, tiyatro, ressamlık ve heykelteraşlık alanında da çox zengin ürünlere sahiptirler” (Əziz, 1989:) fikrinə dayanaraq uyğur teatrının 2000 ildən çox yaşı olduğunu söyləyir. Bu fikirləri davam etdirən Bilge Tigin “Uyğur tiyatrosu” məqaləsində yazır: “Gerek M.S. 629-da Türküstana gelen Budda rahibi Şuan Zangın hatıralarında, gerekse M.S. 981-de Turfana gelen Çin elçisi Vanq Yendenin raporunda ve diger birçok Çin yıllıklarında benzer kayıtlar bulunmakdadır. Doğu Türküstanda “Kızıl ming öy” diye bilinen Budda tapınaklarındaki dans ve orkestro resimleri, 8-9. yüzyıla ait 27 ülüşlük tiyatro eseri “Maytrisimit”in Uyğur türkcesinde çevrilip sahnelerde oynanması, Uyğur Türklerinin zengin tiyatroculuk geleneğine sahip oldu¬ğunu göstermektedir”. Alman türkoloqu A.v.Gabian bu mövzuda daha irəli gedərək yazır: “…O dönem iç bölgelerdeki Çin¬lilere nazaran, eski Sincanın (Doğu Türküstan) bedii sanatı, sessiz tiyatrosu, danslı tiyatrosu, orkestrası ve ilkel tiyatrosu büyük celbetme gücüne sahiptir. Elde bulunan elyazmalara göre Türk Uyğur alfabesinde yazılan sahne eserlerinin konusu Çince sahne eserlerininkinden üstünlük göstermektedir” (Tigin, 1992:94, sayı 346).
Doğu Türküstanda teatrın geriləməsinə səbəb kimi islamın yayılmasını göstərilir. Əslində, teatr zəifləməmiş, sadəcə formasını dəyişmişdi. Belə ki, bölgədə islam yayıldıqca “dans, darbazlık (cambazlık), serik, konçak (kukla) oyunları, meşrep (toplu dans)lar, meddahlık, düğün oyunları, semalar gibi tiyatro unsurları günümüzedeki ulaşabilmiş ve çağdaş uyğur tiyatrosunun temelini oluşturmuştur” (Tigin, 1992:94, sayı 346).
Avropa tipli teatrın yaranması və inkişafı dolayısı ilə də olsa Çin işğalçılarına qarşı xalq üsyanları ilə bağlıdır. Xalq üsyana qalxanda qısa müddətli də olsa, müstəqillik, muxtariyyət əldə edəndə ədəbiyyatın da gücləndiyini görürük. Ən sanballı milli və bədii dəyərli əsərlər də həmin vaxtlarda yaranır.
Çin işğalçılarına qarşı döyüşmüş Xoca Cihanın dul qadını Dilşad Sultan Pekinə aparılaraq zorla Çin imperatoruna arvad edilməyə çalışılmışdır. O, buna etiraz etdikdə zəhərlənərək öldürülmüşdür. “Bu, asil türk kadını Çinde ve Doğu Türküstanda iffet ve namus simvolu sayıldı. Öldürülen kocası Hoca Cihanla birlikte savaşlara katılmış, yararlıklar göstermiş olan Dilşad Sultan adına Çinde ve Avrupada edebi eserler yazıldı.” (Türklük, 1991:19)
Uyğurlarda Çin işğalçılarına boyun əyməyən qadın yalnız Dilşad Sultan olmamışdır. Onların sayı yüzlərlə olsa da, təəssüf ki, çox az hissəsi simvola, ədəbi qəhrəmana çevrilmişdir. Belə ədəbi qəhrəmanlardan biri də Nazıqum xanımdır. “1827-ci il müca-dilesine katılan Nazıqum idi. Nazıqum Kaşqardan İli vadisine sürgün edilen kadınlardan biri olub Çinlilere boyun eğmedi. Gayrımüslüm biri ilə evlendirilmek üçün yapılan baskılara tekbaşına karşı qoydu. Onun ismi uyğur halkının milli tarihinde unutulmaz iz bıraktı. Çinlileri yerdiyi koşmalar uyğur halkının kalbinde devamlı yaşadı” (Turan, 1992:769).
Nazıqum sürgün öncəsində və sürgündə bir çox cəngavər “koşakları”(mübariz, döyüşə çağırış ruhlu şeirlər) söyləmiş və onu xalqı arasında yaymışdır. Uyğur xalq ağız ədəbiyyatının önəmli əsərləri sayılmış bu “koşaklar” günümüzə qədər gəlmişdir. Yeni uyğur ədəbiyyatının öndərlərindən olan, ”Müsəlmanların çinlilərə qarşı cihadı”, ”Çanmoza Yusupxan” və b. mübariz poemaların müəllifi Bilal Nazım (1824-99) bu qəh¬rəman qadın və həmin dövrdə xalqına tutulan divan haqqında “Nazıqum” povestində böyük sənətkarlıqla bəhs etmişdir. (Kartkaya, 1972:756) Qazaxıstan SSR xalq artisti K.Kojamiyarov 1956-cı ildə “Nazıqum” operasını yazmışdır.
“Doğu Türkistanda yaşamakda olan türklərin sayı (uyğur türkləri çoğunlukta olmak üzere kazak, kırgız, özbək, tatar) yaklaşık 30 milyon civarındadır. Bunların içinde Uyğur türklərinin sayı 20 milyona yakındır” (Kaşqarlı, 1992:18). Buna baxmayaraq “Edebiyat ve sanat işlerinde Doğu Türkistan Türkleri real hayatı eks etdiren eserler yazma imkanına sahib deyiller” (Dış işlerinde, 1999:5). Onu da etiraf etməliyik ki, Doğu Türküstanda Çin işğalçılarına qarşı xalqın müqavimətinə həsr edilən əsərlərin sayı Azərbaycan ədiblərinin Rusiya işğalçılarına qarşı yazdıqları əsərlərdən qat-qat çoxdur.
5.1.Çağdaş dramçılığın yaranması və inkişafı
Uyğurlar arasında səhnə əsərlərinin yaranmasında, formalaşmasında və inkişafında Sovetlər Birliyində yaşamış və burada təhsil almış teatr xadimlərinin rolu böyükdür. «Bu sanatçılardan Mümin Efendi 1932-də arkadaşlarıyla birlikde kendi yazdığı “Perixun” adlı tiyatro eserini Urumçide sahnelemiş ve böylece Çağdaş Uyğur tiyatrosu 1932-den itibaren başlamış olur. 1934`te kurulan “Sincan ölkilik Medeni Akartış Uyuşmisi (Doğu Türkistan Kültür Yayım Birliği) ve buna bağlı olarak Doğu Türkistanın mühtelif bölgelerinde tesis edilen “Sana-i Nefise” (20-ci yüzilliyin başlanğıc illərində Azərbaycanda bu adda mədəni-maarif təşkilatları vardı - Ə.Ş.) adındakı sanat heyetlerinin büyük çabalarıyla kısa bir süre içinde Urumçi, Turfan, Qulca başta olmak üzere Doğu Türkistanın her yerinde tiyatro faaliyetleri canlanmış ve halk arasında il-giyle izlenmiştir” (Tigin, 1992:94, sayı 346).
Uyğur teatr sənətçiləri Avropa teatr məktəbi ilə Çinlilərin szinsilərini uyğunlaşdırmaq və sintezini yaratmaq üçün cəhd göstərirdilər. Çin aktyor sənətinin başlıca xüsusiyyəti sayılan təsəvvür olunan əşyalarla oynamaq, şərti ifadə vasitələri, üsul¬ları, simvollaşdırılmış əl-qol hərəkətləri uyğur teatr tamaşalarını bizim alışdığımız tamaşalardan xeyli fərqləndirir.
1934-40-cı illərdə uyğur teatrlarında yerli müəlliflərin operettaları və özbək şairi Həmzə Həkimzadə Niyazinin 1918-ci ildə yazmış olduğu “Bay və muzdur” pyesi də böyük müvəffəqiyyətlə səhnələşdirilmişdir. Həmin illərdə uyğur teatrının repertuarında “Anarhan”, “Şərməndələr” (Rəzillər), “Qərip ilə Sənəm”, “Pərhad ilə Şirin”, “Qönçəm”, “Kanlık tağ”, “Şanq xai keçisi” (Şanxay gecəsi) pyesləri aparıcı yer tutur.
Ü.Hacıbəyovun “Arşın mal alan” operettası xalq arasında o qədər geniş rəğbət qazanmışdır ki, bu günkü nəsil belə operettanın mahnılarını zümzümə edir.
“Bu yıllarda Zunun Gediri, Şükür Yalkin, Armiya Ali Sayram (Nimşehit), Ziya Semidi, Abdulla Rozi gibi yazar ve bestecilerin “Perhad ilə Şirin”, “Cahaletin cefası”, “Leyli ilə Mecnun”, “Garip ilə Sanem”, “Ğunçəm”, “Şanq xai keçisi” (Şan¬xay gecəsi), “Ögey ana” adlı tiyatro eserleri yıllarca sehnelerden inmemiştir (Tigin, 1992:95, sayı 346).
Milli azadlıq mübarizəsi nəticəsində 1944-cü ildə uyğur öndərlərindən İsa Yusuf Alptekin, Muhammedemin Buğra, Məsud Səbri Beyköz çinlilərlə birgə qurulmuş hökumətdə yer aldı. Senzura daha onların yazılarına əngəl ola bilmirdi. Ölkədə bir milli oyanış vardı. 1947-ci ildə yeni hökumətin baş katibi İsa Yusuf Alptekin 80 nəfərlik “Sen min cu yi” (üç ölkə) gənclər teatrını qurur. Urumçi səhnəsində Məsud Səbri Beyközün yazdığı “Niyaz qız” pyesi ilə Muhammedemin Buğranın yazdığı “Kutluk Türkan” operasının səhnəyə çıxması uyğur dramçılığının inkişafına güclü təkan verir (Turan, 1992:778).
Ümumiyyətlə, milli şüurun oyandığı, Çin imperiyasının zəiflədiyi 20-ci yüzilliyin 30-40-cı illərini uyğur dramçılığının “altun dövrü” adlandırırlar. Çünki bu dövrdə Zunun Qədiri, Lutpulla Mütəllıp, Hamit Hakim, Ziya Səmidi, Qasimcan Qəmbəri kimi sənətkarlar “Cəhalətin cəfası”, “Qönçəm”, “Gülnisa”, “Samsak akang kaynadı”, “Kürəş qızı”, “Çin moden”, “Borandın keyinki aptap”, “Kanlıq tağ”, “Zülümğa zaval”, “Pirixun”, “Əmət ilə Sərrap” və s. dram əsərlərini yazırlar (Uyğur bugünkü zaman ədəbiyyat tarixi, 2001: 294).
Çox təəssüf ki, bu yüksəliş uzun sürmür. Sovet-Çin rəhbərlərinin birgə planı əsasında uyğur öndərləri 1949-cu ildə Moskvadan - sovet hökumət rəhbərləri ilə danışıqlardan geri qayıdarkən SSRİ ərazisində təyyarə qəzasına salınaraq öldürülürlər. Doğu Türküstan tamamilə Çin kommunist rejiminə tabe edilir. Bu ağır itki uyğur ədəbiyyatının da, ictimai fikrinin də böyük itkisinə çevrilir.
Təyyarə qəzasında həlak olanlar arasında dövlət adamı, siyasi xadim və dramçı Muhammedemin Buğra da vardı. Onun ölümü ilə dramçılıq sahəsində bir durğunluq yaranır. Buna baxmayaraq, səhnə boş qalmır. Dünya və Çin dramçılarının əsərlərindən tərcümələr edilərək səhnələşdirilməyə başlanır. Uyğur dramçıları sosialist realizmi adlandırılan metoda uyğunlaşaraq sinfi mübarizəni önə çəkən əsərlər yaradırlar. Bütün sahələrdə olduğu kimi, dramçılıqda da kommunist ideologiyası hakim olur. Əsərlərin əsas mövzusunu sinfi mübarizə, keçmişdə kasıbların varlılar tərəfindən istismar və təhqir edilməsi, kommunistlərin hakimiyyət uğrunda mübarizədə qazandıqları qələbələr, proletar diktaturasının dünyanı xilas edəcəyi ideyasının təbliği və s. təşkil edir.
Bu dövrdə “Toy”, “Yeni yer”, “Aşlık” (gida, ərzaq), “Ağust boranliri” (Avqust boranları), “Toy marşı”, “Tamğini tartiveliş” (Möhürü əldə etmə) kimi səhnə əsərləri meydana gəlir. Diqqəti çəkən odur ki, yollar kəsilsə, əlaqələr qırılsa da, ayrı-ayrı imperiyaların tərkibində yaşasaq da, yaradıcı insanlarımız eyni mövzu üzərində işləmişlər. Azərbaycanda Səməd Vurğun “Fərhad və Şirin” (1941) əsərini qələmə alıb, Çinin Sintzsyan-Uyğur Avtonom (Muxtar) Rayonunda da Armiya Ali Sayram Nimşehit “Pərhat ilə Şirin” adlı əsər yazmışdır. Azərbaycanda Sabit Rəhman “Toy” komediyasını (1937), uyğurlarda isə Zunun Qədiri “Toy içində toy” (1954) pyesini (Bu pyes “Toy” adı altında səhnələşdirilib - Ə.Ş.) yazmışdır (Uyğur bugünkü zaman ədəbiyyat tarixi, 2001:295). Zunun Qədirinın sosialist inqilabının qələbəsindən bəhs edən “Toy” pyesi 1956-cı ildə Çində azsaylı xalqların dram əsərlərinin müsabiqəsində birinci yer tutmuşdur. Həmin dövrün ən yadda qalan mədəniyyət hadisələrindən biri də Ahmet Ziyatinin “Rabiyə ilə Seyiddin” operasının tamaşaya qoyulmasıdır.
Sosializm quruculuğuna yeni alışan ədiblər ölkəni bürüyən “mədəni inqilab”la (Küljanr ixtilalı) üzləşirlər. “60-cı illərin ikinci yarısında Çində “mədəni inqilabi” adı altında aparılan siyasi kampaniyada milyonlarla adam cəzalandırılmış, bütün vəzifələr ordunun əlinə keçmiş, ölkənin iqtisadiyyatına böyük zərbələr dəymişdi. Bu kampaniya gedişində ziyalılar təqiblərə məruz qalmış, mədəni nihilizm təbliğ edilmişdir. Çin Elmlər Akademiyası, ali məktəblər bağlanmış, bir sıra mədəniyyət abidələri məhv edilmiş, bir çox kitab və nəşrlər qadağan olunmuşdu” (ASE, 1987:362, 10-cu cild).
“Mədəni inqilab” illərində uyğur səhnəsində sanballı bir əsər görünmür. Ötən illərdə yazılmış pyeslər, hətta xalq mahnıları belə “burjuaziya dövrünün ədəbiyyatı”, “sarı əsərlər” kimi adlar altında yasaqlanır. Yerini “Kızıl çirak”, “Ak çaçlı kız” (Ağ saçlı qız), “Kızılbayrak ləpildəməktə” (Kızılbayrak dalğalanmaqda), “Küreş yolı” (Mücadilə yolu) gibi çoxu çincədən çevrilmiş teatr əsərləri oynanır (Tigin, 1992:96 sayı, 346). Əsas mövzusu yapon və Çin millətçilərinə qarşı kommunistlərin mübarizəsinə, bu mübarizədə göstərdikləri qəhrəmanlıqlara, sinfi mübarizənin dünyanı xilas edəcəyinə həsr olunmuş bədii və sənətkarlıq baxımından sönük, yalnız təbliğat məqsədi daşıyan bu pyeslər özünə tamaşaçı cəlb edə bilmir.
“Mədəni inqilab” 1976-cı ildə başa çatır və bundan sonra Çin kommunist partiyası “Mədəni inqilab”ı tənqid edən qərar (1978) qəbul edir, zərər çəkənlərə bəraət verilir, lakin yaradıcı insanlar asanlıqla xofdan xilas ola bilmirlər. Buna baxmayaraq, əvvəllər yazılıb səhnələşdirilmiş əsərlər yenidən tamaşaya qoyulur, yeni əsərlər yazılmağa başlanır. Zunun Qədiri, Seypidin Əzizi, Əli Əziz, Əxtəm Ömər kimi dramçılar səhnəni canlandırırlar. Məmteli Zunun, Tursun Yünüs, Tursuncan Litıp klassik irsdən yararlanaraq günün tələblərinə cavab verən əsərlər yazırlar. Zordun Sabir, Toxti Ayup, Səmət Duqaylı, Əxtəm Ömər, Turdi Samsaq, Hacı Əxmət kimi sənətkarlar psi¬xoloji pyeslər yazmağa üstünlük verirlər.
Bu dövrdə dramçılığa Cappar Qasım, Əblət Qəyum, Pərhat Abdurehim, Nurnisa Osman kimi gənclər gəlirlər (Uyğur bugünkü zaman ədəbiyyat tarixi, 2001:297). Uyğur dramçılığında tarixi dramları və zamanları bir - birinə qatan pyeslərin sayı artır. Bu da təsadüfi deyildi. Sözünü sərbəst demək imkanı tapmayan sənətkarlar tarixə üz tutmaqla təsvir etdikləri olayların baş verdiyi ölkəni və zamanı dəyişməklə fikirlərini çatdırmaq məcburiyyətində qalırlar. Başqa sözlə, milli şüuru oyatmaq üçün bu üslub onların əlində bir vasitəyə çevrilir. Xalqa doğma olan, yüzilliklərdən keçib gələn süjetlər əsasında söz deməkdə mahir olan uyğur dramçılarının yazdıqları “Qərip ilə Sənəm”, “Pərhad ilə Şirin”, “Tahir ilə Zöhrə” dramları uzun müddət səhnədən düşmür. Zunun Qədirinın “Gülnisa”, Seypidin Əzizin “Amannisa” tarixi dramı aktuallığına görə bu gün də tamaşaçı marağından uzaq deyildir.
Muhammətəli Zunun “Məslihət çeyi”, “Rabiyə ilə Seyiddin”, “Muqam ustazi”, “Cənubtiki cəng marşı”, Tursun Yünüsun “Qanlık yıllar”, “Muqam əcdatları”, “Dunyavı tilsimat”, Tursuncan Litıpın “Siz bizgə işinəmsiz” (Siz bizə inanırmısınız), “Qeri yigitnin toyı” (Yaşı kecmiş dəliqanlının toyu), Cappar Qasımın “Cüləmxan”, İmin Əxmədiylə birgə yazdığı “Mölçərtağ boranları” (müəlliflər bu əsərin mövzusunu Man-cur sülaləsinə qarşı uyğur türklərinin məşhur Üçturpan üsyanından almışlar-Ə.Ş.), Ablet Keyumin “Vətən qurbanları”, Tursuncan Litıp və Şahidin Göhərinin birgə yazdıqları “Çin moden”, Səmət Duqaylının “Sarı ölməydu”, “Rabiyə ilə Seyiddin”, Cappar Qasımın “Vicdan suti aldıda”, Tuxti Əyupun “Qisas”, Zurddim Sabirın “Tuman”, Əxtəm Ömərin “Sırıtmaq”, “Səpqəci”, Pərhat Abdurehimin “Örkəşlə”, “Sayqü dəryası”, Hacı Əxmət Költiqin “Yürügim” əsərləri daha çox səhnələşdirilmişdir.
“Qərip ilə Sənəm”, “Qanlıq yıllar”, “Mölçərtağ boranları”, “Çin moden”, “Qerı yigitin toyi” pyesləri dəfələrlə ölkədə keçirilən dram teatr müsabiqələrinin mükafatlarını alır. Cumlidin “Qulam xan” operası isə “Beş min quruluş” dram müka-fatına layiq görülür (Sultan, 1997:298).
Uyğur teatrşünasları son dövr dramçılığından bəhs edərkən Muhammətəli Zunun, Tursuncan Litıp və Tursun Yünüsə xüsusi diqqət yetirirlər.
Muhammətəli Zunun (1939, Kaşqar şəhərinin Saqiyə məhəlləsi) xırda alverlə məşğul olan bir ailədə doğulmuşdur. 1955-1958-ci illərdə sabiq Şincanq İnstitutunun dil-ədəbiyyat fakültə¬sində oxumuş, ali məktəbi bitirdikdən sonra uzun illər müxtəlif kəndlərdə ədəbiyyat müəllimi işləmişdir. İlk yaradıcılığa şeirlə başlayan Muhammətəli klassik irsdən səmərəli bəhrələnərək ahəngdar lirik poeziya nümunələri yaradıb. “Vüsal səhəri”, “Gülmihri”, “Qucaqla, o, sənin dədən” şeirlər kitabını oxu¬cuların mühakiməsinə vermişdir.
Onun 80-ci illərdə çap etdirdiyi “İki oxuğucum”, “Quş məscid”, “Münapiqin ölümü” və başqa kitablarındakı nəsr nümunələri uyğurlar arasında ən çox oxunan və ən çox sevilən əsərlər sayılır. Muhəmmətəli Zunun ədəbi yaradıcılığa vicdanla yanaşan uyğur ədiblərindəndir. Hansı janrda yazmasından asılı olmayaraq əsərləri həmişə diqqət mərkəzində olur. Onun “Gömülməz izlər” faciəsi daha məşhurdur. Abdurihim Ötkürün 1910-cu illərin hadisələrini əks etdirən “İz” tarixi romanı əsasında yazılmış faciə milli qəhrəman Tümür Xəlpinin zülmkar şaha qarşı mübarizəsindən bəhs edir.
Tursun Yünüs (1942, Yerkən bölgəsi) 1958-ci ildə orta məktəbi, 1964-cü ildə Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmiş, Şincanq Opera Teatrında işləmişdir. İlk yaradıcılığa şeirlə başlayan Tursun 1988-dən Tenqritağ kinostudiyasında çalışmış və 80-ci illərdə dramçılıqda gücünü sınamışdır. “Qanlı illər”, “Muğam əcdadları” silsilə dramlarını, ”Kötülmigən toy”, “Karamət bir gün”, ”Altun böşük”, “Həsən və Hüsən” və s. əsərləri yazaraq səhnələşdirmişdir.
Uyğurlar arasında məşhur olan 12 muğam əsasında yazdığı “Muğam əcdadları” silsilə dramlarını xalqının taleyinin bədii dillə əksi adlandırmaq olar. Diqqəti çəkən odur ki, Azərbaycanın tanınmış şair və dramaturqu Bəxtiyar Vahabzadənin yazdığı ”Muğam” poeması yalnız ad oxşarlığı ilə deyil, mövzuca da “Muğam əcdadları”na yaxındır. B.Vahabzadənin poeması əsasında da televiziya və teatr tamaşaları hazırlanmışdır.
Tursuncan Litıp (1945, Urumçi) 1982-cı ildə Şincanqda Uyğur Ədəbiyyatçılar və Sənətçilər Birliyinə daxil olmuş, “Şincanq sənəti” jurnalında redaktor işləmişdir. 1983-cü ildə birpərdəlik “İzitku”, 1984-cü ildə “Toxtang toxtimat”ı komediyasını, 1986-cı ildə “Bizgə işinəmsiz”, 1990-cı ildə “Qeri yigitnin toyı” pyeslərini yazan ədibin bizə məlum olan son əsərləri ”Tangsikəş tümür xutunlar” və ”Kəçküzdiki qeribliq” adlı bir pərdəlik lirik dramlarıdır. 1990-cı ildə yazdığı “Qeri yigitnin toyı” dramında ənənəvi toy mövzusunu seçmiş, 1988-ci ildə operada fəaliyyətə başlamışdır.
Uyğur teatrının araşdırıcılarından Tigin Bilgə yazır: “Çağdaş Uyğur tiyatrosunun meydana gelişi ve gelişip bugünkü hale gelişmesinde, Kemberhanım, Zikri Elpetta, Hüsencan Cami, Reyhan Abliz, Aytilla Ela, Helçem Sidik, Abdulkərim Baki ve Ablimit Sadık gibi bir çok sanatçıların büyük emeği vardır. Özellikle, Kemberhanım ve Aytilla Elanın Uyğur folklorunu, sanatını dünyaya tanıtmada oynadığı rolu kaydetmeye değer... Uyğur tiyatro nazariyeçisi Tursun Yünüs şunu yazır: «Uyğur tiyatrosu Uyğur halkının destançılık sanatından doğmuştur ki, biz onu geliştirmede yine aynı yolu takib etmeliyiz, sakın bu yoldan çıkır da Avrupanın drama ve operacılık yoluna gitmemeliyiz. Bunun için her şeyden önce Uyğur halk destanlarının ifade kalıplarını, abartma yollarını ve ondaki genel felsefi fikirleri kavrayarak kendimize özgü bağımsız icabiyet üslubunu yaratmamız lazım” (Tigin, 1992:94, sayı 346).
İstər azərbaycanlı, istərsə də türkiyəli oxucu və ədəbiyyatşünasın Doğu Türküstandakı soydaşlarımızın yaratdıqları ədəbi əsərlər haqqında geniş bilgiləri olmadığına görə Sekür Turan “Uyğur türk ədəbiyyatı” məqaləsini bu sözlərlə tamamlayır: «1950-ci ildən sonra ədəbi qaynaqlar kifayət etmədiyi üçün uyğur ədəbiyyatının bu dönəmdəki inkişafından danışmaq çətindir; çünki Doğu Türküstandan çox ağır şərtlərlə gələn kitablarda Çin idarəçiliyinin güclənən siyasi və mədəni basqıları açıq bir şəkildə görsənməkdədir. Bu da geniş bir araşdırma aparmaq üçün əngəl törədir”(Turan, 1992:778).
Sekür Turanın bu fikirlərini, məncə, Azərbaycana şamil etmək olmaz. Çünki Azərbaycanla Doğu Türküstan uzun illər eyni ideoloji cəbhədə, həm də sosialist düşərgəsi ölkələrində olduğundan gediş-gəliş, kitab mübadiləsi o qədər də çətin olmamışdır. Bu gün də çətin deyil. Sintzsyan-Uyğurda bu gün yüzlərlə azərbaycanlı var. Onlar ticarət, iş üçün gediblər. Əlaqələri də çox sıxdır. Kaş onların yüzdə biri qədər də araşdırıcımız gedəydi. Hələlik onları əngəlləyən yoxdur.
Çində yaşayan soydaşlarımızın sayları haqqında əlimizdə doğru bilgi yoxdur. Rəsmi qaynaqlar isə yalnız Sincang Uyğur Muxtar Rayonunun ərazisinin 1,6 milyon kvadrat kilometr olduğunu yazır. Bu, Türkiyə Cümhuriyyətindən 2 dəfə, Azərbaycan Respublikasından isə 20 dəfə böyük bir ərazidir. Bəzi qaynaqlarda isə Doğu Türküstanın ərazisi bir milyon 828 min kvadrat kilometr göstərilir. (Kaşqarlı, 1992:18, Türklük, 1991:11). İlk baxışda diqqəti cəlb etməyən bu fərqdəki rəqəmə nəzər salsaq görərik ki, Azərbaycan, Ermənistan, Gürcüstan respublikalarının ərazisindən xeyli böyükdür.
Sonuc
Tarixçi Eberhardın yazdığına görə, Çinin 1875-ci ildə ye¬nidən Doğu Türküstanı işğal etməsi 10 milyon insanın məh¬vinə səbəb oldu. Onlar arasında çoxlu istedadlı gənc şairlər, yazıçılar, sənətçilər də vardı. Ümumiyyətlə, Doğu Türküstanda daha çox şair və yazıçının gənc ikən dünyasını dəyişdiyi müşahidə olunur ki, bu da ölkədəki irticanın hökm sürdüyünü göstərir. Türk memarlığına uyğun tikilən binalar sökülüb yerində Çin üslubunda binalar tikildi. Türkcə olan yer adları dəyişdirilib çinliləşdirildi. Əhali çincə oxumağa və çinlilərlə evlənməyə təhrik edildi. Milli əxlaqı pozmaq üçün qumarxanalar, meyxanalar, fahişəxanalar və s. yaradıldı. Doğu Türküstan, türk və Türküstan sözlərini işlətmək, qəzet, jurnal nəşr etmək, Türkiyədən və müsəlman ölkələrindən kitab və s. gətirmək yasaqlandı. Bu da ədəbiyyatın, sənətin, mədəniyyətin inkişafında bir durğunluq yaratsa da, milli şüuru da oyatdı. Çin strateqləri əhalini assimilə etmək üçün müsəlman, türk qızlarını zorla çinli kişilərə verməyi planlaşdırdılar. Bu plana qarşı çıxanlar xalq qəhrəmanına çevrilmiş, həyatları bədii əsərlərin mövzusu olmuşdur.
Beləliklə, ədəbiyyatı ümumbəşəri mövzulardan uzaqlaşdırıb xalqın gündəlik problemlərini əks etdirmək səviyyəsinə gətirmişlər.
1911-1933-cü illəri Doğu Türküstanda “Müstəqil çinli baş valilər dönəmi” adlandırırlar. Valilərin bütün təqib və təzyiqlərə baxmayaraq, həmin illərdə ədəbiyyatda bir dirçəliş, oyanış hiss edilir.
Sovetlər Birliyinin təsiri altında (1933-1944) olduğu dövrdə kommunizm ideologiyasının təbliğinə geniş yer verilmişdi. Aşağı təbəqədən olanların savadsızlığının aradan qaldırılmasına imkan yaradılmışdı. Bundan yararlanan ədiblər milli şüuru oyadan əsərlər yazmağa çalışırdılar.
1944-cü ildə qurulmuş hökumətdə baş nazir olan Dr. Məsut Sabir Bayquzunun “Niyaz qiz” pyesi, hökumət konseyinin üzvü olan Muhammetemin Buğranın “Kutluk Türkan” operası səhnəyə qoyulmuşdu. Bu da siyasi xadimlərin, dövlət adamlarının səhnə əsərlərinə yüksək qiymət verdiklərini göstərir.
Kommunist ideologiyasına xidmət edən, kommunizm quru¬culuğunu təbliğ edən səhnə əsərlərinin bir çoxunda sətiraltı, eyhamlı, amma milli hiss oyadacaq fikirlərə rast gəlinir.
Çindəki “mədəni inqilab” Uyğur dramçılığına, teatrlarına ağır zərbə vursa da, onun inkişafını tam dayandıra bilmədi.
Son dönəmlərdə belə təqib və təzyiqlər azalmasa da, Çin hökumətinin ədəbiyyat üzərindəki nəzarəti zəifləməyə doğru gedir. Xüsusən səhnə əsərləri tamaşaya qoyulanda aktyorlar nəzarətin zəif olduğunu hiss edən kimi mətndən kənara çıxıb öz fikirlərini bir-iki ifadə ilə də olsa, deyə bilirlər. Bu da milli ruhun yüksəlməsinə kömək edir.
РАЗВИТИЕ ЛИТЕРАТУРЫ И ФОЛЬКЛОРА УЙГУРСКИХ ТЮРКОВ
Резюме: Около 4000 км расстояния разделяют – Уйгурскую автономную область (Китайская Народная Республика) от Азербайджана. Но, видимо, единые корни предопределили и схожесть наших судеб. И сегодня, несмотря на отсутствие в прошлом должных взаимосвязей, мы видим как близки и схожи названия наших литературных произведений, их сюжеты, наши имена и пр. Также топонимические и антропонимические названия восходят к единому корню.
Сегодня наших сородичей в Китае называют уйгурами, а нас азербайджанцами. И каждый из нас создал свою отдельную (чуть ли не изолированную друг от друга) историю, историю литературы, историю языка и т.д. До 20-го века литература азербайджанских тюрков насколько отличалась от литературы турков-Османов настолько и литература уйгурских тюрков отличалась от литературы узбекских тюрков. Поэтому они больше именовались огузскими и джигатайскими именами. Между этими группами не было серьезных различий. Поэты, жившие в 20-ом веке в Узбекистане, писали на огузском наречии. Как в XIX веке встречались стихи поэтов, писавшие на джигатайском наречии, так и в ХХ столетии поэты, жившие в Узбекистане пробовали, свое перо на огузском наречии.
Политические события, происходящие в мире, а также планы стратегов стран под чьим игом мы находились, способствовали увеличению этих различий. Таким образом, поя¬вились такие термины, как уйгурская литература, уйгурское издание, уйгурская поэзия, уйгурская драматургия и т.д. Уйгурские писатели усвоили и жанры европейской литературы. Сегодня существуют уйгурский театр и уйгурская драматургия, которая известна своими молодыми авторами. В настоящее время уйгурский язык и литература продолжают развиваться в Синцзянь-Уйгурской автономной области Китайской Народной Республики и в Казахстане и в Узбе¬кис-тане. В Восточном Туркестане живут, говорящие с нами на одном и том же языке уйгуры, казахи, киргизы, татары, узбеки, сахиры и другие народы.
В статье говорится о творчестве Абдуррагим Низари (1776-1849), Садир Пехливан (1798-1871), Турди Гариби (19 в.), Норузахим Зияи, (19 в.), Билал Назим (1824-99), Молла Шакир (1825-98), Сеит Мухаммет Каши, Нимшехит (1906-72), Зунун Гадири (1911-89), Ахмед Зияти (1913-89), Лутпулла Муталлип (1922-45), Хывир Томур (1922-91), Абдулкарим Ходжа (1928-88), Теюпджан Алиоп (1930-89), Мухаммеджан Садик (1934), Абдушюкюр Магамматамин (1934-95), Абдуррагим Откюр (1937-97), Геюм Турди (1937-97), Зордун Сабир (1937-98), Курбан Барат (1939), Мухаммеджан Рашидин (1940), Ахад Турди (1940), Бугда Абдуллах (1941), Джалалиддин Бахрам (1942), Рузи Саит (1943-2001), Имин Ахмади (1944), Маметамин Хушур (1944), Тохти Аюб (1945), Усманджан Савут (1946), Нурмухаммат Тохти (1949), Убайдулла Ибрагим (1951), Мухаммат Баграш (1952), Халида Исраиль (1952), Абдулла Савут (1950), Ахмет Эмин (1950), Ахтам Омар (1963) и др. поэтах и писателях, которые также внесли немалый вклад в развитие уйгурского языкознания, формирование национального самосознания и т.д...
Ключевые слова: Синцзянь-Уйгур, литература, фольклор, современная драматургия, театр, опера
DEVELOPMENT OF LITERATURE AND FOLKLORE BY UYGHUR TURKS
Abstract: A distance of 4 thousand kilometers separates Xinjaing-Uyghur Autonomous Region of China People’s Republic (Xinjaing Uyghur Autonomous region) from Azerbaijan. Probably, either our unique origin or historical processes determined similarities in our fates. Although our relations do not catch up with today’s world speed, titles of our literary works and their contents resemble based on the fact that we have blood-memory. Most of our toponyms and special names are the same.
Today our compatriots living in China are called Uyghurs, while we are called Azerbaijanis. Seperate (almost isolated from each other) history, history of literature, history of lan¬guage was created for each of us. In fact until the twentieth century the difference between the Uyghur and the Uzbek literature was as bigger as the difference between the literature of Azerbaijani Turks and the Ottoman Turks. For this reason they were mostly called Oghuz and Jighatay. These two groups had minor differences. It is possible to encounter works written in Jighatay Turkic by our poets from the nineteenth century whereas Uzbek poets created several works in Oghuz Turkic until the twentieth century.
Political events in the world, plans of ruling strategists which kept us under influence served to deepen the differences we had. Thus, such terms as Uyghur literature, Uyghur prose, Uyghur poetry, Uyghur drama, etc. emerged. The Uyghur writers mastered genres of European literature by observing the world development either with the help of their brothers who were under Russian influence or directly through Russia. As a result modern Uyghur drama and Uyghur theatre emerged leading to the fame of Uyghur dramaturgy. Nowadays Uyghur language and literature develops in Xinjiang Uyghur Autonomous Region, Kazakhstan and Uzbekistan. Uyghurs, Kazakhs, Kirgizs, Tatars, Uzbeks, Salurs and Sari Uyghur Turks belonging to the same language family along with us live in the north of China.
The article focuses on Uyghur folklore and written literature. The writers such as Abdurehim Nizari (1776-1849), Sadir Palvan (1798-1871), Turdush Akhun Gheribi (XIX), Noruz Akhun Ziyati (XIX), Bilal Nazim (1824-99), Molla Shakir (1825-98), Abdukhalik Uyğur (1901-33), Nimshehit (1906-72), Zunun Gadiri (1911-89), Ahmet Ziyati (1913-89), Khevir Tomur (1922-91), Lutpulla Mutallip (1922-45), Abdurrehim Otkur (1923), Abdushukur Muhammatimin (1934-95), Abdukerim Khoja (1928-88), Teyupjan Aliyop (1930-89), Muhammatcan Sadik (1934), Geyum Turdi (1937-97), Zordun Sabir (1937-98), Gurban Barat (1939), Muhəmmətcan Rashidin (1940), Akhet Turdi (1940), Boghda Abdulla (1941), Jalalidin Bahram (1942), Tursun Yunus (1942), Ruzi Sayit (1943-2001), Imin Akhmedi (1944), Mamtimin Hoshur (1944), Tursuncan Litıp (1945), Tokhti Ayup (1945), Osmanjan Savut (1946), Nurmuhammet Tokhti (1949), Abdulla Savut (1950), Akhmet Imin (1950), Ebaydulla Ibrahim (1951), Khalida Israil (1952), Muhammet Baghrash (1952), Akhtem Omar (1963) who represent this literature struggled hard for the development of Uyghur language and for the formation of public opinion.
Key Words: Xinjiang-Uyghur, literature, folklore, modern dramaturgy, theatre, opera.
Çap olunub: Uyğur, Qaqauz, Qüzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı, “Nurlan” nəşriyyatı, Bakı, 2011, səh. 25-90
|