Ağ Aşıq təxəllüslü Allahverdi Suldurludurmu?

Aşıq təxəllüslü Allahverdi Suldurludurmu?

Doktor Əli Şamil

 

Aşıq Alın ustadı Ağ Aşıqın həyatı:

20-ci yüzillikdə Azərbaycanın Quzeyində aşıq yaradıcılığının öyrənilməsinə diqqət artmışdı. Lakin bu araşdırma və yayınlar dərin elmi əsaslarla deyil zəmanənin tələblərinə uyğun aparılmışdı. Sosializm quruculuğunu, kolxozu, fabriki, Lenini, Marksı, Stalini və b. mədh edən zəif şeirlər dəfələrlə yayınlandığı halda dini məzmunlu, irfani şeirlər sıxışdırılmışdı. Avtoritar rejimin tələblərinə uyğun olaraq tək-tək aşıqlar geniş təbliğ olunmuş, onlarla aşıq isə tamamilə unudulmuşdur.

1971-ci ildə göyçəli Alının doğumunun 170 illiyi qeyd edilən zaman aşığın ustadı Ağ Aşığa da diqqət artdı. Öncələr çap olunan aşıq şeirləri kitablarda Allahverdinin Ağ Aşıq olduğunu, Alının sənət dərsini ondan aldığını heç kim yazmamışdı. Bu işdə ilk söz deyən şair Hüseyn Arif olmuşdur. 1969-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində Ağ Aşıq haqqında qısa bilgi ilə birlikdə aşığın üç şeirini (1) yayınlamışdı. Bu tanıtma nədənsə sükutla qarşılandı. H.Arifin 1970-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində yayınlatdığı kiçik həcmli “Axtaran tapar” məqaləsi (2) isə böyük əks səda doğurdu.

Alıdan bəhs edən araşdırmalar aşığın ustadından da söhbət açmağı özlərinə borc bildilər. Ağ Aşıq haqqında müstəqil araşdırmalar aparıldı, şerləri haqqında olan dastan-rəvayət toplanıb yayınlandı. Geniş araşdırmalar həm də fikirlərin şaxələnməsinə səbəb oldu. Bu şaxələnməni aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Allahverdi milliyyətcə ermənidir. Türkcə yazıb-yaratmişdir (3).
  2. Allahverdi. Ağ Aşıq adi ilə taninmiş türk aşiğidir (4).

İstər azərbaycanlı, istərsə də erməni araşdırıcıları milliyyətcə erməni olub, aşıqlıq edən Allahverdi haqqında bilgi vermişlər. Lakin bu bilgilər çox yayğındır. Allahverdinin kimliyi, atasının adı, doğulduğu və öldüyü tarix, ən əsası da hansı şeirlərin müəllifi olduğu dəqiq göstərilməmişdir. Məsələn, ömrünü Azərbaycan-erməni ədəbi əlaqələrinin araşdırılmasına həsr etmiş Əkbər Yerevanlının verdiyi bilgi aşağıdakı şəkildədir:

1. “Əsli Naxçıvanlıdır. Azərbaycan dilində aşıqlıq etmişdir. 2.İsfəhanlıdır. Tərcümeyi-halına dair dəqiq məlumat yoxdur. 3.Oşaqanlı. 19-cu əsrin 50-ci illərində yaşayıb, yaratmışdır”. 4.Zəngəzurli imiş tərcümeyi-halına dair dəqiq məlumat yoxdur” (5).

Araşdırmacı Əkbər Yerevanlı  bir neçə Aşıq Allahverdidən söz açsa da  yalnız naxçıvanlı Allahverdi kimi təqdim etdiyi şəxsin adına “Dərdimi” rədifli üç bəndlik bir qoşma verib. Bu qoşmanı da Azərbaycanın cəfakeş araşdırıcısı S.Mümtazın tərtib etdiyi “El şairləri” (6) kitabından götürüb. S.Mümtaz isə həmin kitabı ikinci dəfə düzəlişlərlə nəşr etdirəndə (7) Allahverdinin adını, onun haqqında verdiyi bilgini və şeiri çıxarıb. Nədənsə Əəkbər Yeravanlı bu incəliyə diqqət yetirməyib.

Gürcü dilli mənbələrdə 17-ci yüzildə Borçalıda yaşayan Aşıq Allahverdi haqqında bilgi verilir. Onun bir nəvəsinin də adı Allahverdi olduğu, aşıqlıq xanəndəlik etdiyi, 19-cu yüzildə yaşadığı göstərilir. Bəzi Azərbaycan və Ermənistan müəllifləri də Keşişoğlu ilə Allahverdinin Borçalıda – Tiflis ətrafında deyişdikləri və deyişmə zamanı hansı  şeirləri söylədiklərini də yazıya almışlar.

Keşiş oğlu Davud Yasayandır.  Zəngəzurlu Bədr Allahverdi kimi təqdim edilən aşığın adının önündəki Bədr sözü ərəbcə ondörd gecəlik ay, bütöv ay, məcazi mənada isə gözəl sifət kimi izah edilir. Ağ Aşıqda gözəl sifət anlamına yaxındır. Rəvayətlərdə 1804-cü ildə anadan olmuş, 20-22 yaşlarında Muş vilayətindəki Sarp Karapet qəbrinə ziyarətə gedən, bir daha Qafqaza qayıtmayıb Osmanlıda, əsasən İstanbulda yaşayan, Keşişoğlundan yaşca böyük olduğu göstərilir. Adlarının, yaşadıqları dövrlərin eyniliyi, təxəllüslərinin oxşarlığı (Ağ-Bədr) bir şəxsdən söhbət getdiyi ehtimalını yaradır.

Naxçıvanda yaşadığım 20 il ərzində Naxçıvan, Zəngəzur, Vedibasar bölgəsində onlarla aşıqla, saz-söz həvəskarı ilə, yaşı yüzü keçmiş qoca və qarı ilə söhbət etmişəm. Milliyyətcə erməni olub saz çalıb, söz qoşmağı bacaran aşıqlar və  onların deyişmələri haqqında məlumatlara rast gəlmişəm. Amma heç kimin milliyyətcə erməni olan aşıq Allahverdi haqqında bilgisi olmayıb.

Uzun illər ərzində topladığımız materiallara əsaslanıb, türkcə  çalıb-oxuyan Allahverdi adlı aşıq və ya aşıqlar olubsa da onlar elə bir ədəbi irs qoyub getmədiklərini deyə bilərik. Hətta ifaçılıq məharətini, gözəl saz çalma bacardıqları ilə də hafizələrdə qalmayıblar. Milliyyətcə türk olan Allahverdinin isə bizə yüzə yaxın şeiri, haqqında bir dastan – rəvayət (hekayə) gəlib çatmışdır(8). Aşıq Alının ustadı olmuş Ağ Aşıq təxəllüslü Allahverdinin yaşadığı dövr, mahal və şeirlər haqqında araşdırmaçılar arasında elə bir ciddi fikir ayrılığı yoxdur. Alının ustadı olduğu, Göyçə mahalının Kərkibaşı kəndində yaşadığı 1860-cı ildə 104 yaşında öldüyü, qəbri də həmin kənddə olduğu fikri ilə araşdırıcıların əksəriyyəti razılaşır. Mürsəl Həkimov aşığın ömrünün son illəri və ölümü ilə bağlı 1981-ci ildə çap etdirdiyi məqalələrdə Ağ Aşığın 1832-ci ildə çarın xüsusi fərmanı ilə Peterburqa apardırıldığı, sonrakı taleyi haqqında məlumatın olmadığını yazmışdı. Az sonra yanlışlığa yol verdiyini bildirdi və Ağ Aşığın şeirlərini yayınlatdı, haqqında da yeni araşdırmalar apardı.

Ağ Aşığın – Allahverdinin söylədiyi mübahisəsiz qəbul edilən şerləri də aşığın yaşadığı mahal, kənd bu yerlərdən keçən çay, yaxınlığındakı dağ adı və s. olan misralar kifayət qədərdir. Məsələn: “Sığındım Göyçəyə, bu mahala mən”, “Vəsf edər Göyçəni, öz mahalını”, “Əlqərəz ruzumuz oldu üç batman, Çatınca nobatım sındı dəyirman, Yerdə qalanın apardı siçan, Güldü Ağ Aşığa Göyçə mahalı!”, “Dərya kimi çalxalanıb daşarsan, salırsan Göyçəyə qalmaqal Gilli”, “Yaxın dostlar Ağ Aşığın halını, Sormaq üçün Kərkibaşa gəlibdi”.

Aşığın doğulduğu yer haqqında fikirləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. – Qazaxda doğulmuş (9)
  2. – Kosacanda doğulmuş (10)
  3. – Sulduzda doğulmuş (11)

H.Arif  Ağ Aşığın Qazaxda doğulduğunu Kosacana köçdüyünü ordan Göyçəyə Kərkibaşa gəldiyini yalnız bir dəfə müsahibəsində deyib. Sonralar bu fikrinin üstündə inad etməyib, öncəki mülahizəsinə - aşığın Kosacanda doğulmasına üstünlük verib.

Aşığın Sulduzda doğulması (12) fikri aşığın Balazrə (Göyçə mahalı) kəndinə ərə getmiş qızı Gülənbərin törəmələri tərəfindən yayılıb. Aşığın Kosacanda doğulmasını söyləyən araşdırıcılar isə Allahverdinin Kərkibaş kəndində (Göyçə mahalı) yaşamış oğlunun törəmələri və kəndin ədəbiyyat müəllimi, Ağ Aşığın şerlərini toplayıb, həyatını öyrənən, topladığı materialları ürək genişliyi ilə araşdırıcılara və redaksiyaya təqdim edən Zeynalabdin Cəfərov tərəfindən yayılmışdır (13). Z. Cəfərov Ağ Aşıq təxəllüslü Allahverdinin şeirlərini topladığı dəftəri çap olunmaq üçün Basarkeçər bölgəsində nəşr edilən “Bolluq uğrunda” qəzetinin redaksiyasına təqdim edib. Lakin şeirlər çap olunmur. Dəftər isə itir. O, yenidən toplamağa başlayır. İkinci dəfə ehtiyatlı tərpənib dəftərin üzünü köçürərək 1967-ci ildə H.Arifə təqdim edir. H.Arifin 1969-cu ildə çap etdirdiyi üç şeir və bilgi də həmin dəftərdəndir.

Aşıq Alının ustadı olmuş Ağ Aşığın Kosacanda doğulduğunu söyləyənlər sırasında bu sətirlərin müəllifi də olmuşdur. Sonralar apardığımız araşdırmalar nəticəsində yalnışlığa yol verdiyimizi etiraf etdik. Müəyyənləşdirdik ki, 19-cu yüzillik sonları 20-ci yüzillik önlərində Kosacanda da Allahverdi adlı aşıq olub. Onun (14) atasının adı Baba, anasının adı Nənəqız imiş. Ailənin yeganə övladı olan Allahverdi ərköyün böyüyüb. Gəncliyində saza-sözə maraq göstərib. Birinci dəfə qonşu Siyaqut kəndindən Zeynəb adlı bir qızla evlənib. Ondan Abbas, Əli, Qiyas adlı oğlanları dünyaya gəlib. İkinci dəfə Dərələyəzin Zirək kəndində yaşayan Pəri ilə evlənmişdir. Pəridən dörd oğlu, dörd qızı olmuşdur. Qışı Kosacanda , yayı Zirəkdə keçirən aşıq Şərur – Dərələyəzin toylarını, el şənliklərini yola salarmış.

Kosacan kəndindən olan yaşı 90-ı keçmiş Cilovxan Bayramov isə Allahverdinin Dərələyəzin Quşçubilək kəndindən olduğunu, sonralar Kosacana köçdüyünü söyləyirdi.

80-ci illərdə aşığın sonbeşik qızı Zülfünaz   Seyidova sağ idi. Yaşı 80-i haqlayırdı. Altmışa yaxın nəvə, nəticə, kötücəsi vardı. Kosacanın yaxınlığındakı Aşağı Aralıq (Şərur bölgəsi) kəndinə ərə getdiyindən orada yaşayırdı. Zülfünaz nənə, övladları, Cilovxan və başqa qocalar söyləyirdilər ki, saz çalıb oxuya-oxuya Kərbəla ziyarətinə gedən aşıq orada sazını qırmış, bir daha çalıb oxumamışdı. Onun adı və yeri-yurdu bilinməyən qadın aşıqla deyişməsi haqda bir rəvayətdə dolaşır. 1918-20-ci illərdəki erməni-müsəlman davasında qoca aşıq da doğma ocağını, ev-eşiyini tərk edib Arazın o tayına – İranın Ərəblər kəndinə (indi bu kənd İran İslam Cümhuriyyətində Puldaş adlanır və bəxş (ilçə) mərkəzidir) qaçmalı olur. Elə orada da ölür.

Allahverdini xatırlayanlar onun görünüşünü belə təsvir edirlər: Ucaboylu, enli kürəkli, yumru sifətli, qısa çənəli, sivri burunlu, qara bığ və saqqal saxlayan bir şəxs idi. Kosacanlı Allahverdinin portret çizgilərini belə təfsilatı ilə verməmiz təsadüfi deyildi. Kərkibaşda özünü Ağ Aşığın törəməsi adlandıranlar arasında yuxarıda təsvir etdiyimiz görünüşlü insanlara təsadüf edilmir. Amma Kosacanlı Allahverdinin Şərurda və Dərələyəzdə  yaşayan törəmələri arasında yuxarıda təsvir edilən cizgili adamlar var. Kosacanlı Allahverdiyə aid edilən cəmi üç-beş  şer var. Onlar da bədii cəhətdən çox sönükdür (15).

Naxçıvan bölgəsində yaşayan aşıqlardan, yaşlı şəxslərdən ikinci bir Allahverdi haqqında başqa bilgi ala bilmədik.

Alının ustadı olmuş Allahverdinin həyatını araşdıranlar “Ağ Aşıq və Süsənbər”i dastan-rəvayətini əsas götürürlər. Həmin dastan-rəvayəti diqqətlə göz önünə sərdikdə bunun sonralar hansısa bir aşıq tərəfindən qoşulduğu aydınlaşır. Özü də bu aşığın Şərurdan xəbərsizliyi  ilk anlardan üzə  çıxır. Dastan-rəvayətdə Allahverdinin atası Qara Osmana yuxuda Araz qırağında bitmiş dağdağan ağacını sel aparmaqda olduğu deyilir. Həmin ağacı xilas etməyi tapşırılır. Elə buradaca onu da qeyd edək ki, 18-ci yüzildə şiyənin, özü də  şeyx nəsilli bir şiyənin oğluna Osman adı qoyması inandırıcı deyil. Ağ Aşığın – Allahverdinin atasının adının Qara Osman kimi yazılması həqiqətdən uzaqdı.

Dastan və rəvayətləri (hekayədəki) “Arazdöyən tərəfdən şah qoşunları talan başladı. Camaat el obasından pərən-pərən oldu. Ağ Aşıq da külfəti ilə gündə mənzil, üz qoydu Göyçəyə” ifadələrinə inanıb aşığın həyatını yazmaq doğru deyil. Çünki Ağ Aşıq gənclik çağında Azərbaycan xanlıqları müstəqil siyasət yeridirdi. 1795-97-ci illərdə Ağa Məhəmməd şah Qacar iki dəfə üsyankar xanları cəzalandırmaq üçün  Qafqaza yürüş etdi, müqavimət göstərən Tiflis şəhərini yandırdı. Şuşanı isə mühasirədə saxlamaqla kifayətləndi. İrəvan xanlığı ərazisində isə elə sərt tədbirlər görməyə ehtiyac görmədi. Başqa tarixi mənbələr, rəvayətlər həmin dövrdə Azərbaycandan Göyçəyə köçlər olduğunu təsdiqləmir.

Ümumiyyətlə dastan-rəvayəti (hekayəni) yaradan aşıq nəinki coğrafiyanı, tarixi zəif bilirmiş, həm də dövrün siyasətindən, ab-havasından xəbərsiz imiş. Urum deyəndə adətən indiki Türkiyə ərazisi nəzərdə tutulub. 18-ci yüzilin sonları, 19-cu yüzilin önlərində Osmanlı imperatorluğu  Qafqazda hakim deyildi və sərdar titulu (ünvanı) da tətbiq edilmirdi. Sərdar ünvanı Səfəvilərin qurduqları imperatorluğun ərazisində tədbiq edilirdi.

Aşığın yaşadığı dövrdə İrəvanda hakim olmuş iki xanın – Həsənəli (xanlığı 1764-83), Hüseynqulu (xanlığı  – 1907-27) (16) adı xalq arasında Söyün kimi işlənirdi. Əksər xanlar kimi onlar da sərdar ünvanı daşımışlar. Demək Ağ Aşığı Uruma deyil İrəvana sərdar Söyünün hüzuruna aparıblar. Bu da təbii idi. Xanlığın ərazisində yaşayan hər bir şəxs cəzalandırılmaq üçün xanın yanına apara bilərdilər, daha Uruma yox!

Aşığın şerlərini diqqətlə nəzərdən keçirsək onun Söyun sərdarın yanına aparılmasının səbəbini aydın görərik. Buna dastan-rəvayətdə deyildiyi kimi sərdarın xəstəliyindən, nə də aşığın rənginin ağlığındandır.

Aşıq deyir:

Aşıq da dərd əlindən dəlidi,

Kənddə koxa qanı soran zəlidi,

Gözüm yaşı Qıjoy çayın selidi,

Canımı atəşə, nara çəksələr.

Və ya:

Fərraş hüzurunda qolu bağlıyam,

Müxənnəs kəndxuda – sinə dağlıyam.

Misralardan Ağ Aşıqla yerli hakimlər arasında ziddiyyət olduğu aydın görünür. Bu ziddiyyət də verginin ödənilməməsindən, məhəlli münaqişələrdə baş verə bilir.

Nə qədər əlləşsəm var-dövlət yığam,

Bir yandan çapılıb, talanmalıyam.

Misraları da fikrimizi gücləndirmiş olur. Sərdar Söyun da yerli hakimlərin tərəfindədir. Ona görə də aşıq deyir:

Sərdar Söyun tək sitəmkar olmaz,

Zülmündən dünya kimsənə qalmaz.

Bacısı Ümmülbanuya söylədiyi qoşmadakı:

“Yazıq qardaşını qara qul kimi

Aparırlar hüzuruna sərdarın”,

“Dolaşmışam mən toruna sərdarın”.

Misraları aşıqla sərdar Söyün arasındakı ziddiyət də ola bilər, zəmanədən, haqsızlıqdan narazı olan məclislərdə xandan, bəydən, ağadan narazılıq edən, onları ədalətsizlikdə suçlandıran şeirlər də çalıb oxuyardı. Bundan narazı qalan xan da aşığı bir bəhanə ilə tutdura bilərdi. Çünki İrəvan xanlığı Rusiya işğalı altına düşəndən sonra da aşıq etiraz ruhlu şeirlər yazmaqdan əl çəkməmişdi.

Məsələn:

Bir yandan pristav, bir yandan qazaq,

Biçarə rəiyyət dara çəkilir.

Misralarındakı pristav, qazaq ifadələrindən hakimiyyətin dəyişdiyini görürük.

Yuxarıda deyilənlərdən bu qənaətə gəlirik:

Ağ Aşıq – Allahverdi İrəvan xanlığı ərazisində yaşayıb. Bəs Sulduz? Aşığın qız nəvələri axı babalarının oradan gəldiyini söyləyirlər? Bu məsələyə aydınlıq gətirmək üçün yaxın dövr tariximizə və aşığın öz yaradıcılığına nəzər yetirmək kifayətdir.

1826-27-ci illərdə rus orduları Qafqazın yeni bölgələrini işğal edəndə İrəvan xanlığı qəti müqavimət göstərirdi. Güclü düşmən qarşısında məğlub olduqlarını hiss etdikdə isə ailələrini, mal-qaralarını Güneyə doğru – yeni savaş bölgələrindən arxaya çəkirdilər. Ruslara işğal etdikləri ərazidə boş kəndlər qalırdı.

Rus qoşunlarının komandanı (fərmandeh) qraf  İvan Paşkeviç ayrı-ayrı qoşun bölgələrinə qalaların mühasirəsini dayandırıb geri çəkilən dinc əhalinin qarşısını kəsməyi, onları kəndlərinə qaytarmağı əmr etmişdi (17). Bütün bu əmrlərə, Rusiyanın həyata keçirdiyi tədbirlərə baxmayaraq müsəlmanlar, xüsusən Qarapapaq elinin xeyli hissəsi Osmanlı və İran ərazisinə çəkildi. Onların bir ilə yaxın Xoy ətrafında qaldıqdan sonra İran şahzadəsi Abbas Mirzənin əmrilə Sulduz mahalında – Urmiyə gölünün Guney-batısında yerləşdirilir.

1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış anlaşmanın onuncu fəslinə əsasən Arazın həm bu tayında, həm o tayında mülkləri olan adamlar üçün mülklərini alıb-sata bilmələrindən ötrü  üç il möhlət təyin edildi. Lakin İrəvanın keçmiş sərkərdəsi Hüseynqulu xan, eləcə də Naxçıvan valisi Həsənxan xüsusi fərmanlaə bu müqavilədən məhrum edilirdi. Çünki onların döyüşlərdə göstərdiyi hünər və vətənpərvərlik Rusiyanın hakim dairələrini qəzəbləndirmişdi. Rusiya dövlət səviyyəsində bağladığı müqavilədə belə şəxslərdən intiqam almaqdan çəkinmirdi (18). Müqavilə şərtlərindən səmərəli bəhrələnən Rusiya İrəvan xanlığının ərazisindəki boş qalmış kəndlərə  İrandan 40 min, Osmanlıdan 80 min erməni gətirib, yerləşdirdi (19).

Abbas Mirzənin əmrilə Sulduzda yerləşdirilən Qarapapaqlar İran dövlətinin sərhədlərini basqınlardan qorumalı oldular. İndi də orada (İran İslam Cümhuriyyətinin Nəqədey bəxşində) 90-a yaxın kənddə Qarapapaqlar yaşayır (20).

Türkmənçay müqaviləsinin şərtlərinə əsasən İrəvan xanlığından gedənlərin az bir qismi geriyə qayıtdı (21). Ehtimal etmək olar ki, Ağ aşıqda bu qarmaqarışıq dövrdə Sulduza gedib çıxıb sonra da geriyə dönüb. Nəsil yaddaşında da bu səfər Sulduzdan gəlmə kimi qalıb. Sulduzda yaşayan Canəhmədli tirəsinin bir qolunun da Ağ Aşığın yaşadığı Kərkibaş kəndindən 16-17 kilometr aralıda Canəhməd adlı kənddə yaşamaları da bizdə bu qənaəti möhkəmləndirir.

Yuxarıda nəzərdən keçirdiyimiz mənbələri, xatirələri, rəvayətləri göz önünə sərdikdən sonra aşağıdakı qənaətə gəlirik:

Ağ Aşıq təxəllüsü Allahverdi İrəvan xanlığı ərazisində yaşayıb, xan divana çağırsa da az sonra azad olub. Rusiya-İran müharibəsində soydaşları ilə birgə Sulduza getsə də sonra geri dönüb. İki oğlu, bir qızı olub. Oğul nəvələri 1988-ci ildəki Ermənistanın Vardenisi rayonun Kərkibaş, qız nəvələri isə həmin rayonun Bala Məzrə kəndlərində (keçmiş Göyçə mahalı) yaşayıblar. Aşığın qəbri üzərindəki başdaşı yazısız idi. Odur ki, aşığın doğulduğu və öldüyü il-gün haqqında fikir söyləmək olmasa da 18-ci yüzilin sonları və 19-cu yüzilin birinci yarısında yaşadığı qənaətindən də qaçmaq olmaz. Aşıq Alıya və başqalarına aşıqlığı öyrətmiş sənətkarın şeirləri aşıq Alının, aşıq Ələsgərin, aşıq Musanın, Məhəmməd Hüseynin, aşıq Növrəst İmanın şeirlərindən zəifdir. Bütün bunlara baxmayaraq yetişdirdiyi şagirdlərlə Göyçədə güclü bir aşıq məktəbi yaratmış, sənətkarın ömür yolunu, şerlərini dəfələrlə, diqqətlə incələməyə dəyər.

Qaynaqlar:

  1. H.Arif. Ağ Aşıq, Ədəbiyyat və incəsənət qəzeti 1969, 28 iyun.
  2. H.Arif. Axtaran tapar, Ədəbiyyat və incəsənət qəzeti 1982, 5 may.

3.      G.Tarverdiyan. “Erməni aşıqları”, Aleksandropol 1982. Q.Teyvunyan. “Aşıqlar və onların sənəti”, X.Abovyan.“Ermənilərin tam külliyyatı”, 10-cu cild, İrəvan 1941, Ə.Yerevanlı. “Erməni-Azərbaycanlı şifahi xalq ədəbiyyatı əlaqələri”, İrəvan, 1958, Ə.Yerevanlı “Azəri-erməni ədəbi əlaqələri” 1948, Y.Ramazanov “Azərbaycan dilində yazıb-yaratmış erməni aşıqları”, Bakı, 1977, İ.Abbasov. “Azərbaycan folkloru 19-cu əsr erməni mənbələrində”, Bakı, 1977; Y.Ramazanov. “19-cu əsr erməni nəşrində Azərbaycan folklor motivləri”, Bakı, 1985; S.Paşayev “Azərbaycanca yazan erməni aşıqlar”, Bakı, 1978 və b.

4.      H.Arif. Yuxarıda adı çəkilən məqalələr. H.Arif. Azərbaycan jurnalı, 1982 nömrə 11, M.Həkimov. “Folklordan çöl materialları toplusu üzrə (Bayatılar)”, Bakı, 1982, Ustad aşıqlar, Bakı, 1983, M.Məmmədova. Azərbaycan qadınıjurnalı, 1981, nömrə 11, Vaqif  Vəliyev. “Azərbaycan folklorşünaslığı məsələləri”, Bakı, 1983, Ə.Şamilov. “Sovet  Naxçıvan qəzeti 1981, sentyabr 18 və s..

  1. Ə. Yerevanlı. “Erməni-azərbaycanlı şifahi xalq ədəbiyyatı əlaqələri”, İrəvan 1958, səh.150-159-154-150-141.
  2. Mümtaz Salman. “El şairləri” 1-ci cild, səh.141-142. Bakı, 1927.
  3. Mümtaz Salman. “El şairləri” 1-ci cild, Bakı, 1934.
  4. Ustad aşıqlar. Bakı, 1983, Xalqımızın deyim və duyumları, Bakı, 1984, Folklordan çö materiallar toplusu üzrə(Bayatılar)”, Bakı , 1982 (Həüç kitabda Ağ Aşığışeirlərini toplayıb tərtib edən MürsəHəkimovdur).
  5. H.Arif. “Azərbaycan” jurnalı, 1982, nömrə 11.
  6. Bax. 4-cü qeyddə birincidən sonrakı qaynaqlar.
  7. M.Məmmədova. “Azərbaycan qadını” jurnalı, 1971, nömrə 11.
  8. Müəllifin şəxsi arxivindən.
  9. Müəllifin şəxsi arxivindən.
  10. Ə.Şamilov. Aşıq Alının ustadı kimdir?,  Sovet Naxçıvanı qəzeti 1983, aprel 27.
  11. Müəllifin şəxsi arxivi.
  12. Azərbaycan Sovet Ensiklpediyası 4-cü cild, səh.79.
  13. Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi (Sənədlər məcmuəsi, rusca) cild 1, 1801-1813.
  14. Nasir Nəcmi (Abbas Mirzə) 19-cu əsr Rusiya-İran-Azərbaycan münasibətləri, səh.14-15.
  15. Ermənistanın tarixi coğrafiyası, Bakı, 1995.
  16. El Qarapapaq, Mehdab Rzai, Tehran 1380 və Yusif Qəhrəmanpur, Qarapapaq elinin mədəniyyəti və tarixi kitabının əlyazması.
  17. Bax. 17 və 19-cu qeydlər.

 

Çap olundu: Əli Şamil. Ağ Aşıq təxəllüslü Allahverdi Sulduzludurmu?, "Varlıq" ( türkcə-farsca fərhəngi dərgi),19-cu il, yay və payız 1376, sayı 105-2 və 106-3 səhifə 270.İran – Tehran. Səh 44.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol