Azərbaycan Cümhuriyətinin təsiri ilə yaranmış Azadıstan dövləti və onun ideoloqu Mirzə Təqixan Rəfət

AZƏRBAYCAN CÜMHURİYƏTİNİN TƏSİRİ İLƏ YARANMIŞ AZADISTAN DÖVLƏTİ VƏ ONUN İDEOLOQU MİRZƏ TƏQİXAN RƏFƏT[1]

Əli Şamil,

AMEA Folklor İnstitutu,

alishamil@yahoo.com

Özət

Azərbaycn Cümhuriyətinin(1918-1920) təsiri ilə Təbrizdə 1920-ci ilin iyunun 24-də  Azadıstan adlı yeni bir dövlətin qurulduğu elan edilmişdir. Yeni qurulan Milli Hökumətin liderlərindən Mirzə Təqixan Məhəmməd oğlu Təbrizi Rəfət həm də İranda sərbəst şeirin (şeire-nou) yaradıcılarından biri və ədəbiyyatın yeniləşməsi uğrunda mübariz kimi tanınır. Onun yaratdığı ədəbi məktəb çox vaxt “Rəfət səpti” adlandırılır. Trabzondakı (Türkiyə) “Naseh”, Təbrizdəki (İran) Məhəmmədiyyə mədrəsələrində ədəbiyyat, coğrafiya, həndəsə, rəssamlıq və fransız dili fənlərindən dərs demişdir. “Təcəddüd” qəzetinin və “Azadistan” jurnalının redaktoru olmuşdur. Türk, fars, fransız dillərində yazdığı şeirləri və ədəbi-tənqidi məqalələri ilə İran ədəbiyyatına yenilik gətirən Mirzə Təqixan çox gənc yaşlarında 1920-ci ildə siyasi mübarizənin qurbanı olmuşdur.

Açar sözlər: Mirzə Təqixan Təbrizi Rəfət, “Rəfət səpti”, şeri no, Azadıstan, Milli Hökumət.

Giriş

İdeoloj qarşıdurmada məhv edilən insanların sayı 20-ci yüzildə insanlıq tarixınin ən yüksək həddinə çatdı. Bu da səbəbsiz deyildi. Sənaye inkişaf etdikcə xammala tələbat artdığı kimi, eilmi-texniki tərəəqqi də insanları kütləvi öldürə biləcək silahları çoxaldırdı. Mülliözünüdərk gücləndikcə insanlarda soykökünə, ana dilinə sayğı göstərmək istəyi, milli dövlətini qurmaq arzusu gündən-günə güclənirdi.

19-cu yüzilin ortalarından getdikcə güclənən  sosialist hərəkatı da dünyada ideoloji zəmində savaşları körükləyirdi. Nəticədə milli azadlıq uğrundan mübarizəyə yüz minlərlə insan qoşulurdu. Onlar mübarizədə haqlı olduqlarını düşündüklərində cəsarətlə ideyaları uğrunda ölümə belə gedirdilər.

Rusiya İmperiyasının Birinci Dünya Savaşında məğlubiyyəti əsarət altındakı xalqların azadlıq mübarizəsinə qalxmasına imkan yaratdı. Bu mübarizə nəticəsində Rusiya imperiyasının xarabalıqlarından 20-dən çox dövlət yaradıldı. Rusiya imperiyasını xalqlar həbsxanası adlandıran, əsarət altındakı xalqlara azadlıq vədi ilə hakimiyyətə gələn bölşeviklər mövqelərini möhkəmlətdikcə verdikləri sözü unutdular, müstəməkəçilik siyasətini davam etdirdilər. Müstəqil dövlətini qurmuş xalqları əzərək onları yenidən əsarət altına aldılar.Azərbaycan Cümhuriyəti(1918-1920) məhv edildisə ondan azacıq sonra İranda Azadıstan dövləti yaradıldı. Bu dövlətin də ömrü uzun olmadı. Lakin onların azadlıq, müstəmləkədən qurtulmaq arzusunu məhv olmadı.

 Bəşəriyyətə, mənsub olduğu xalqına, haqqını müdafiə etdiyi sinfə xoşbəxtlik bəxş edəcəyinin düşünən bu insanların adının çəkilməsi, həyat və fəaliyyətinin öyrənilməsi, daşıdıqları ideyaların təbliği müəyyət müddət qadağan olunsa da yaddaşlardan silmək mümkün olmayıb. Belə insanlardan biri də Mirzə Təqixan Ağa Məhəmməd oğlu Təbrizi Rəfətdir

1.      Mirzə Təqixan Ağa Məhəmməd oğlu Təbrizi Rəfətin nəsli və gəncliyi

Onun yaşadığı dövr uzaq keçmiş deyil. Haqqından da yetrərincə qaynaq var. Lakin bu qaynaqların verdiyi bilgilər o qədər qarışıq və dolaşıqdır ki, onlara aydınlıq gətirmək olduqca çətinləşib. İran İslam Respublikasından yaşayan araşdırıcılar Mirzə Tağıxan Rəfət haqqında məqalələr yazarkə əsasən xatirəldən, dövrü mətbuatdan istifadə ediblər, ilkin qaynaqlara, arxiv sənədlərinə o qədər də diqqət yetirilməyib. Buna görə də onun doğum tarixinin 1881, 1889 və 1890-cı illər olduğu göstərilir, doğulduğu gün, ay haqqında isə heç bir bilgi verilmir.

Təbrizdən şair Niyar Xiyavinin, Seyid Məhəmməd Təbrizinin, Sami Sərdarimillinin, Rza Əfşarpurun və b. göndərdikləri bilgilər demək olar, eyni idi. Urmiyadan Fərhad Cavadinin göndərdikləri içərisində mənim bilmədiyim xeyli fakt vardı. Onların bir çoxunu Əhəd Fərəhmənd hazırlamışdı. Əhəd bəy İran İslam Respublikasında çap olunan kitab, qəzet və jurnallardan əlinə keçənləri bir yerə toplayaraq, onları Azərbaycan türkcəsinə çevirmişdir. Mirzə Təqixan Rəfətin xatirini əziz tutub mənə yardım eədn insanların hamısına minnətdarlığımı bildirirəm. Lakin onların göndərdiklər materiallar da  mövzunu tam əhatə etmirdi.

Məs. Mirzə Təqixan Məhəmməd oğlunu yaxında tanıyan, onunla eyni təşkilatın-Demokrat Firqənin üzvü olan, tarixçi Əhməd Kəsrəvi “Şeyx Məhəmməd Xiyabanı üsyanı” kitabında yazır:  “Mirzə Təqinın atası Trabzon iranlılarından idi. Altı, ya da yeddi oğlu varmış. Onlardan iki böyük oğulu-Mizə Möhsünxan və  Mirzə Təqixan Trabzondakı katolik missionerlərinin açdığı məktəbdə dərs oxuyub diplom almışdılar. Bu iki qardaş 1916-di ildə Təbrizə gəlir. Bir yaxın qohumlarının yardımı ilə Mirzə Möhsünxan “Firdovs” mədrəsəsində (keçmiş adı “Məhəmmədiyyə”  olan bu mədrəsədə Hüseyin Cavid və böyük qardaşı Abdulla, Azərbaycan mühacirlərinin məşhur jurnalisti və yazıçı Məmməd Aran Axundzadə və b. da təhsil alıblar-Ə.Ş. ) müdir,  Mirzə Təqixan da orada müəllim işləyib” (Kəsrəvi Əhməd, səh. 52).

“Trabzon iranlılarından”, “Trabzondakı katolik missionerlərinin açdığı məktəbdə dərs oxuyub diplom almışdılar” ifadələrindən belə anlaşılır ki, Təqixanın atası Ağa Məhəmməd (məqalələrdə Təqixanın atasının adı Məhəmmədəli kimi də yazılır-Ə.Ş.) Trabzonda yaşayırmış, ailəsi də oradaymış. Övladları da Trabzonda doğulub və ilk təhsillərini orada almışlar.

Enver Uzun 2011-ci ildə çap etdirdiyi “Trabzonda İran məktəbi və Azərbaycanlı Tağı Rıfat (1890-1920)” məqaləsində  isə yazır: “Tağı Rıfat Tebrizi, varlıklı bir ailənin çocuğu olarak 1890 yılında Tebriz şeherinde dünyaya gelmiştir. İlköğrenimini burada tamamladıkdan sonra babası Ağa Mehemmet Tebrizi onu İstanbula göndermişdir. Rıfat İstanbulda Türkçe ve Fransızca eğitim aldıktan sonra Osmanlı Türkçesini ileri derecede öğrenmiştir. Onun şeirlerinde milliyetçilik, vatanseverlik ve demokratik idealler ön plandadır” (Uzun Enver, 2011:165).

Enver Uzun Mirzə Təqixan Rəfət haqqında araşdırmalar aparmış, zəhmətinin bəhrəsi kimi də 2017-ci ildə Trabzonda “Mirza Tagı Rıfet han” kitabını nəşr etdirmişdir. (Uzun Enver, 2017).      O, Mirzə Təqixan Rəfətin ömür yolu ilə bağlı bir çox dolaşıqlığa aydınlıq gətirmişdir.

İranda Təqixan Rəfət haqqında yazılanların əksəriyyətində də onun Təbrizdə doğulduğu fikrindədir. Təqixan Rəfətin qohunlarından olan, “Dilmanc” jurnalının sahibi və redaktoru mühəndis Əlirza Sərrafın mənə yazdığı məktubda şairin adının Təqi, atasının adının isə Ağa Məhəmməd olduğunu göstərir. Yəni onların nəslinin xanlıqla bir bağlılığı yoxdur. Aldığı təhsilə, müəllim işlədiyinə görə də  adının əvvəlinə Mirzə sözünü əlavə ediblər.

Osmanlının Qara dənizdəki böyük liman şəhəri Trabzon İran tacirlərinin Avropaya açılan əsas qapısı idi. Buna görə də şəhərdə iranlıların böyük diasporu vardı. Xüsusu məktəbləri fəaliyyətdə idi. Trabzaonda ticarətlə məşğul olan, Təbrizli  Ağa Məhəmmədin övladlarının dəqiq sayı haqqında da dəqiq bilgiyə rast gəlmədik. Əhməd Kəsrəvi altı, ya da yeddi oğlu  olduğunu yazır. Mühəndis Əlirza Sərrafa görə, Ağa Məhəmmin qızı, yəni Təqixanın bacısı Nadirə xanım general Haşım Əmini ilə ailə qurub. Nadirə Əmini açıq fikirli, geniş dünyagörüşlü bir qadın olub. İranda feminizm hərəkatının yayılmasına cəhd edib və uzun illər Təbrizdə “Pərvin” adlı qızlar  mədrəsəsində  müdir işləyib.

Enver Uzuna görə “medrese tahsilini Mirze Tağı Han medresesinde tamamlamış”, “dini bilgileri Tebriz’in Katolik okulunda öğrenmiş”, “ Tağı Rıf’etin Abdulkerim H. Ferhan adında bir erkek ve bir de Nadire Hanım Emin adlı kız kardeşi vardır”.(Uzun Enver, 2017:36 )

Ağa Məhəmməd Təbrizinin övladları haqqındakı bu bilgilər onu göstərir ki, ata övladlarının təhsil almasına xüsusi diqqət yetirib.

Təqixanın İstanbulda ali təhsil aldığını, fransız dili müəllimi ixtisasına yiyələndiyini, Trabzona gedərək orada iranlıların açdığı Naseri məktəbində müəllim, sonra müdir işlədiyini yazırlar. Məhəmmədəli Səffət isə “Dastani-Dustan” kitabında Təqixanın Trabzon səhərində təhsilini bitirdikdən sonra, orada iranlıların açdığı mədrəsədə, bir ara isə fransızların məktəbində müəllim işlədiyini yazır. Ona görə, Təqixan Trabzonda olanda Paris qəzetlərində “Bir nəfər iranlı” imzası ilə elmi-ədəbi məqalə yazdığı üçün və məktəbdəki fəaliyyətinə görə Fransa  hökumətinin Trabzondakı konsulu ona fəxri medal verib. Enver Uzun isə bu məsələyə aydınlıq gətirərək yazır ki,  “Trabzon’da kaldığı 2-3 yıllık bir süre zarfında Tağı Rıfet Fransız Sörler Mektebi’nde ve Ferör Muallimin okullarında görev yapmış ve Fransadaki gazetelere değil, Trabzon’da Osman Nuri Eyüboğlu’nun Dabağhane başındaki İkbal Matbaası’nda Fransızca çıkarılmakta olan “L’Orient (Doğu)” gazetesinde yazmış olmalıdır. (Uzun Enver, 2017:45).

 

2.      Təqixan Rəfətin  Təbrizdəki pedaqoji  və ictimai-siyasi fəaliyyəti

 

Trabzonda müəllim işləmiş, pedaqoji təcrübə toplamış Təqixan Rəfət 1916-ci ildə Təbrizə gələrək işə başlamasını Həbib Sahir “Şeir-i Sahir” adlı kitabının ön sözündə belə xatırlayır: “… bir gün səhər qara paltar geymiş, rəngli qalstuk taxmış, osmanlılara məxsus papaq qoymuş, gözəl üzlü, gənc bir müəllim  bizim dərs otağımıza gəldi. O, Təqi Rəfət idi. O, Osmanlı ölkəsində təhsil almış və fransız dili ilə ədəbiyyatından dərs demişdi. Bizim müəllim-şair fars, türk və fransız dillərində şeir yazırmış. Onun şeirləri əvvəllər mədrəsəmizdə tələbələrin hazırladığı “Ədəb” jurnalında çap olunurdu, sonralar başqa jurnallarda və “Təcəddüd” qəzetində şeirlərini oxuduq. O, yenilik tərəfdarı idi. Təzə biçimdə farsca, türkcə yazdığı şeirlər gənclərin marağına səbəb oldu. Çox tez Firdovs mədrəsəsində “Rəfət məktəbi” adlı bir üslubda-“biçim”də yazan şairlər meydana çıxdı. “Rəfət məktəbi”nin ardıcılları sırasında Əhməd Xorrəmi, Təqi Bərzgər, Yəhya Mirzə Daniş (indiki Ariyənpur) də vardı” (Sərdariniya Səməd, 1377:266).

Həbib Sahir özünü də “Rəfət məktəbi”nin nümayəndəsi sayır və coşqun vətənpərvəri həmişə hörmətlə yad edir.

Təqixan Rəfətin Təbrizə dönməsinin səbəbi isə Rusların Trabzonu işğal etməsi olmuşdur.

Təqixan Rəfət məktəbdə müəllim işləmək, şeir yazmaqla kifayətlənmir. Şeyx Məhəmməd Xiyabani, Fərivərd Abdullazadə, Əliəsgər Sərtibzadə və b. demokratlarla dostlaşır, İran Demokrat Firqəsinə üzv yazılır. Müasirlərindən Məhəmməd Sərd Haşimi “İran məcəllə bə  cəridə tarixi” kitabının birinci cildinin 149-cu səhifəsində Təqixanı belə təsvir edir: “Rəfət orta boylu, arıq, qara qaş, qara gözlü, diqqətçəkən, iti baxışlı, ürəyi gül ləçəyindən incə, duyğulu    qəlbi sevgi yanğısıyla dolu bir kişi idi. Azərbaycan milli üsyanının öncüllərindən biri olan bu insan ölməz Şeyx Məhəmməd Xiyabaninin vurğunu idi” (Haşimi Məhəmməd Sərd, I cild s.149).

İqtisadiyyatı tamamilə çökmüş, güclü ordu saxlaya bilmək o yana qalsın məmurlarına belə normal və vaxtlı-vaxtında maaş verə bilməyən İran hökuməti 1907-ci ilin avqustun 31-də bağlamış olduğu müqavilə ilə ölkənin quzeyi Rusların, günüyi İngilislərin təsir dairəsinə düşmüşdü. Ölkənin vətənsevər aydınları isə hökumətin idarəetməs üsulu və yeritdiyi xarici siyasətlə barşımır, vətəni əsarətdən qurtarma yolları axtarırdılar.

Lakin Birinci Dünya Savaşının başlanması İranın vəziyyətini daha da ağırlaşdırmışdı. Osmanlı devləti ilə savaşan Rusya və Böyük Britaniya ordu birliklərini İranda yerləşdirmişdi. Hələ bu azmış kimi, onların açdıqları məktblərdəki, xəstəxanalrdakı və b. təşkilatlardakı missiyoner adı altında fəaliyyət göstərən hərbçiləri ölkədəki xristiyanlara hərbi təlim keçərək və silahla təmin edərək özləri üçün əlavə bir güc yaratmışdılar. Bu güc də silahsız dinc əhaliyə divan tutur, qadın, qoca, uşaq demədnə müsəlmanları öldürür, evlərini talayır və yandırırdılar. Nə İranın mərkəzi hökuməti, nə də Təbriz valisi erməni-aysoru silahlı dəstələrinin müsəlmanları qırmasının qarşısını ala bilirdi. Xilas olmaq üçün bölgədən tez-tez xəlifənin-Osmanlı sultanının yanında nümayəndə heyəti göndərilir, ondan yardım istənilirdi.

Çar Rusiyasının orduları Osmanlıya qarşı savaşda İran tərəfdə, Qara dənizdə böyük uğurlar qazansa da İran tərəfdə məğlubiyyətə uğradı. 1915-ci il iyul ayının 27-də Xəlil Paşanın rəhbərlik etdiyi dövdünücü ordu birləşməsi, 36-cı alay  və süvari birliyi Urmiyanı, Sofiyanı keçərək Təbrizə daxil olur. Lakin onlar burada uzun müddət qala bilmir. Səfəvi-Osmanlı savaşlarının təsirindən qurtara bilməyən toplum xilaskar ordunun gəlişindən yararlana və təşkilatlana bilmir. Osmanlı əsgəri birlikləri geri çəkilən kimi erməni-aysoru silahlı birlikləri yenə də bölgədə müsəlmanların kəndlərin dağıdır, dinc əhaliyə divan tutur. Səməd Sərdariniyanın yazdığına görə onlar 200 mindən çox insanı öldürmüş, mal-mülkünü talamış və evlərini yandırmışlar.

Rusiyanı bürüyən qarışıqlıq üç yüz illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoydu. İran Azərbaycanındakı rus hərbi qüvvələri arasında da bir çaşqınlıq yaradır. Bundan istifadə edən Demokrat Firqəsinin üzvləri Məşrutə hərəkatının liderlərindən, Rusların 1911-ci il yanvarın 1-də (hicri qəməri 1330-cu ilin məhərrəm ayının 10-da) Təbrizdə dar ağacından asdıqları Mirzə Əliağa Təbrizi Sidqətülislamın məzarı başına toplaşdılar. Salamulla Cavid yazır ki, çıxışlarda Siqqətülislama rəhmət duaları oxundu, çar Rusiyasının bölgədəki azadlıqsevərlərə qarşı qəddarlığı pisləndi. Rus silahlı qüvvələri tərəfindən azərbaycanlı(yəni Rusiya işğalı altındakı Azərbaycandan gəlmiş-Ə.Ş.) Qəmbərov da çıxış etdi. Onun çıxışını məzar başına toplaşan Demokrat Firqəsinin üzvləri yaxşı qarşıladılar. (Cavid Salamulla, 2011: 78)

Demokrat Partiyasının üzvləri fəallıqlarını artırdıqlarından sözlərini xalqa çatdırmaq üçün qəzetə ehtiyac duyurdular. Ş.M.Xiyabaninin nəvəsi Fəraməz Xiyabani Əsl babası haqqında xatirələrində yazır ki,  babam Füyuzat, Abdullazadə, Əmirxızı və Təqi Rəfət ilə birlikdə istibdad əleyhinə mübarizədə insanları səfərbər etmək, konstitusiyanın tam şəkildə icra edilməsinə, demokratiya, ədalət və hüquq bərabərliyinə nail olmaq üçün Demokrat Partiyasının orqanı olacaq “Təcəddüd” adlı qəzetini nəşr etməyi qərara alırlar. Fars ədəbi dilində “feminizm” sözünə ilk dəfə bu qəzetdə rast gəlinir və orada bir neçə qadın yazıçı da fəal iştirak edir. (Xiyabani Əsl Fəraməz, 2011:218) .

 

3.1. Təqixanın “Təcəddüd” qəzetindəki fəaliyyəti

 

İdeya rəhbəri Ş.M.Xiyabani olan qəzetin birinci sayı 1917-ci il aprelin 9-da çıxır. Mirzə Təqixan Rəfətin təşəbbüsü ilə fransızca renessans sözünün ərəb dilində qarşılığı olan təcəddüd ifadəsi  (yeniləşmə) qəzetə ad kimi seçilir. “Qəzetin 1-13-cü saylarının mühərrirləri  Əbülqasim Füyuzat və Əbülfət xan Ələvi,  59-86-cı saylarının müdiri və baş redaktoru Mirzə Təqixan Rəfət, 37-202-ci sayları müdiri və redaktoru Xiyabani olur”. (Mirzəyeva Cəmalə, 2011:204)

Pərvanə Məmmədlinin fikrincə, “Sərvəti-fünün” ədəbi məktəbinin İranda davamçısı olan Təqixan Rəfət poeziyanı həm forma, həm də məzmun cəhətdən yeniləşdirmək, dili sadələşdirmək, Şərq motivlərini və poetik sistemini dəyişdirmək və s. kimi ədəbi məramı qarşısına məqsəd qoymuşdur. Çalışdığı “Təcəddüd” qəzetində özünə həmfikir və məsləkdaşlar tapmışdır... Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaratmış, sərbəst şeirin əsasını qoymuşdur. O, “Təcəddüd”də, “Azadistan” jurnalında açıq imza ilə və ya “Femina” təxəllüsü ilə dərc etdirdiyi şeirləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli-azadlıq hərəkatına yaxından kömək göstərmişdir. (Məmmədli Pərvanə, 2011:186, 184)

Milli Məclisə seçkilərdə Mirzə Təqixan Rəfət öz namizədliyini verməsə də, seçkilərin demokratik keçməsi üçün var qüvvəsi ilə çalışmışdır. “Təcəddüd” qəzetinin  43-cü sayında ( 9 zilhiccə 1335-ci il, hicri 26 sentyabr 1917-ci il) o, yazır: “Verməli olduğumuz səs bizim azadlığımızı məhdudlaşdıra bilər. Yəni səsimizi verdiyimiz andan etibarən yaydan çıxan ox kimi nəzarət əlimizdən çıxacaq, azadlığımız və haqqımızı itirmiş olacağıq. Biz, sadəcə səs vermədən bir saniyə öncə və səs verdiyimiz ana qədər keçən qısa müddət ərzində sərbəstik. Bu iki saniyə arasındakı zaman bizim sərbəstliyimizin, azadlığımızın qısa ömrüdür. Bu qısa zamanın tək bir meyvəsi bizim səsimizdir. Dəyərli dostlarım, ölüm və qalım  bu bir tək səsə bağlıdır. Vətəndaşlar, oyaq olmaq gərəkdir, bu məsələni aydın qavramaq gərəkdir. Təqi”. (Azeri Ali, 1994:80)  

 İslam Qəribli Rəfətin publisistik fəaliyyətindən söz açarkən yazır: “Rəfət Təbrizi özünü ictimai mövzular aləmində daha sərbəst hiss edirdi. Tanış ola bildiyimiz şeirlərində biz onu, əsasən, cəmiyyətdən, onun insanı əzən qanunlarından, daha doğrusu qanunsuzluqlarından narazı bir şəxs kimi görürük. Bu narazılıq heç də bədbinlik və pessimizm notları ilə müşahidə olunmur. Şair xalqın parlaq səhərini mübarizədə gördüyündən vətən övladlarına məyus olmamağa, öz haqqını müdafiə edərək onu qazanmağa çağırır”. (İslam Qəribli, 2011:152)  

Xarici müdaxiləçilər isə öz planlarını həyata keçirmək üçün yerli xalqlardan da məharətlə istifadə edirdilər. Xristian missionerlərinin açdıqları məktəblər, xəstəxanalar İrandakı xristian aysoruları, erməniləri təşkilatlandırma, silahlandırma mərkəzlərinə çevrilmişdilər. Onların hərbi təlim keçib silahlandırdıqları erməni və aysoru dəstələri Osmanlı ərazisindəki müsəlman kəndlərini dağıtmaq, əhalini zülm və qəddarlıqla öldürməklə kifayətlənmirdi, Urmiya, Salmas bölgəsində də olmazın qəddarlıqlar törədir, kəndləri yandırır, əhalini soyur və öldürürdülər.

İran hökuməti də ingilislərin və rusların qorxusundan vətəndaşına divan tutan silahlı dəstələri durdura bilmirdi. 1918-ci ilin martında Urmiyada ingilis və rus hərbçilərinin yardımı ilə xristian aysoru və ermənilərin müsəlman türk və kürdləri qırmasından təsirlənən Mirzə Təqixan Rəfət “Urmu yandı” şeirini yazaraq “Təcəddüd” qəzetinin 27-ci sayında çap etdirir. Sərbəst vəzndə yazılmış şeiri həm üslub, həm də məzmun cəhətdən yeni dövr ədəbiyyatının nümunəsi hesab edirlər. (Mirzəyeva Cəmalə, 2011:210). Şeiri Əhəd Fərəhməndi Azərbaycan türkcəsinə belə çevirmişdir:

Zülm xarabalıqlarında uğursuz Urmu

Şaşqın, qərarsız, yaralı olmasaydı,

Öz balalarını gec, ya da tez

Verməzdi istibdad cəlladlarına.

Urmu nə vaxt zülmdən qurtulacaq?

Tanrı hansı acınacaqlı baxt üzrə

Urmu yandı?

Bundan yaxşı günlər gözləyirdi Urmu.

Urmu Rus inqilabını gördükdə,

Ürəyində çırpınan bağırtını içəri qaytardı

Yorğun köksündə qışqırtını udarkən,

Belə sandı:

Yenə də bağışlamalıdır köhnə düşmanı

Yazıqlar olsun, kişilik itib batdı!

Urmu yandı. (Kəsrəvi Əhməd, 1998)

“Təcəddüd” qəzeti Urmiya şəhərində rus əsgərləri və aysoru-erməni müttəfiq qoşunlarının əli ilə yandırılması haqqında ardıcıl məqalələr verir. (Mirzəyeva Cəmalə, 2011:210). Urmiya və Salmas bölgəsi xristianların əlində əsir-yesir olarkən Ehsan paşanın rəhbərlik etdiyi Osmanlı əsgəri birlikləri 1918-ci ilin iyununda Salmas-Xoy bölgəsinə gəlir. Xoyu mühasirəyə almış Andranik Ozanyanın rəhbərlik etdiyi erməni ordusu elə ilk döyüşdə məğlub olub geri çəkilir. Onlar arxaları ilə gələn türk əsgərlərinin hücumundan qurtulmaq üçün Araz çayı üzərindəki körpünü yandırmaqla kifayətlənmirlər, çayın sahilindəki, indiki Naxçıvan ərazisində bir neçə kəndi dağıdıb əhalisini qəddarlıqla öldürürlər. Osmanlı əsgəri birlikləri naxçıvanlıların köməyinə gəldikdə Andranik Ozanyanın dəstəsi Zəngəzura çəkilərək oradakı müsəlman kəndlərini dağıdır, əhalisini məhv edirlər.( Sərdariniya Səməd, 2010:17, sayı 4.)

 Demokrat Firqəsinın fəallarından Məhəmmədəli Səffət “Dastani-Dustan” kitabında yazır ki, osmanlılar İran müsəlmanlarını labüd ölümdən xilas etməyə gələndə Azərbaycan valisi Nizamul-səltənə ədəbi dildə yazmağı bacaran Mirzə Təqixan Rəfəti yanına çağıraraq, türk dilində qəzet çıxarmasını istəyir. Təqixan bu işi gördükdə bütün xalq onu alqışlayır.

Mirzə Təqixan Rəfət “Təcəddüd” qəzetində şeirlərini çap etdirməklə, məqalələr yazmaqla kifayətlənmir, mitinqlərdə Ş.M.Xiyabaninin və b. türkcə xalqa müraciətlərindən parçaları fars dilinə çevirərək “Təcəddüd” qəzetində çap edirdi. (Kəndli Qafar, 2011:67, Məmmədli Pərvanə, 2011:179)

“Təcəddüd” qəzeti kəskin tənqidi məqalələr çap etməkdən çəkinmirdi. 1917-ci ildə Təbriz valisi təyin olunmuş Şərifiddövlə haqqında verilmiş məqalə dediklərimizə nümunə ola bilər. Məqalədə tərəf-müqabilinə qarşı təhqiramiz ifadə, kobud sözlər işlədilməsə də, dövrün  və hadisələrin faktlarla müqayisəli təhlili qarşı tərəfə ağır zərbə vururdu.  (Mirzəyeva Cəmalə, 2011:204)

Mirzə Təqixan Rəfət “Təcəddüd” qəzetinin 59-86-cı saylarına redaktorluq etməklə kifayətlənməmişdir. O, Azərbaycan Demokrat firqəsi gənclər təşkilatının “Azadistan” adlı elmi, nəzəri-siyasi jurnalını da ən ağır və gərgin günlərdə nəşr etdirə bilmişdir. İstiqlaliyyət, dil, ədəbiyyat məsələlərini işıqlandıran jurnalın ayda iki sayının çap edilməsi planlaşdırılsa da, cəmi 4 sayı işıq üzü görür. (Tağıyeva Şövkət, 1990:) Onlardan 6 iyun, 5 iyul, 12 avqust 1920-ci ildə işıq üzü görənlərin redaktoru Mirzə Təqixan Rəfət olur.

 

3.2. Yeni ədəbiyyat uğrunda mübarizə

İdeoloji mübarizənin önündə Ş.M.Xiyabani, M.T.Rəfət gedirdi. Özü də bu mübarizə yalnız siyasi sahəni əhatə etmirdi. Cəmalə Mirzəyeva yazır ki, ədəbi aləmdə bir-birinə qarşı mübarizə aparan iki tərəf meydana gəlmişdi. Bu mübarizədə ənənə tərəfdarları klassik üslubdan uzaqlaşmağı qəbul etmir, yeni üslubda yaranmaqda olan ədəbiyyatı, xüsusilə də mənzum ədəbiyyatı tənqid edirdilər. Klassik ədəbiyyat tərəfdarlarının ən nüfuzlu təşkilatı Məliküşşüəra Baharın yaratdığı və başçılıq etdiyi “Daneşkədə” ədəbi məclisi idi. “Təcəddüd” qəzeti ədəbiyyatda da yeniləşmə tərəfdarı kimi çıxış edərək köhnəliyi qəbul etmir, ənənədən ayrıla bilməyənləri şiddətli tənqid edirdi.  “Təcəddüd” qəzetində ədəbi tənqidlə bağlı əsas məqalələr Təqi Rəfətə aid idi. O, fars, türk, fransız dillərində şeirlər yazıb, İran ədəbiyyatında “yeni şeir”in  əsasını qoyanlardan biri olub. “Təcəddüd”də, “Azadistan”da çap etdirdiyi məqalələrində açıq imza ilə və ya “Femina” təxəllüsü ilə dərc etdirdiyi şeirləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli azadlıq hərəkatına dərindən köməklik göstərib. (Mirzəyeva Cəmalə, 2011:204, Cənubi Azərbaycan ədəbiyyatı..., 1983: 162, II cild)

Mirzə Təqixan Rəfət ədəbiyyatda yalnız forma dəyişikliklərini istəmir, həm də məzmunca dəyişikliklərə nail olmağa cəhd göstərir. Fikrini Modernistlərin Bəyanatında belə ifadə edir: "Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin vaxtlarını yaşayırıq. Bizim istədiklərimiz heç də düşüncə və incəsənət dünyasında, ədəbiyyatda müasir eranı yaratmaqdan az deyil. Köhnəlmiş lakin, hələ də üstün olan statusu dəyişərək yeni müasir status ilə əvəz etmək ... Dil insanın fikir və hisslərini ifadə etmək üçün alətlərdir. Əgər biz iddia edə biləriksə ki, insan fikirləri və hissləri minilliklər ərzində heç bir dəyişikliyi qəbul etmir, onda dil dəyişikliyi yararsız ola bilər. Aydındır ki, intellektual və perseptual müasirlik ədəbi müasirliyi tələb edir".

İranda “ədəbi təcəddüd”, “ədəbi inqilab” adlanan hərəkata güclü təkan verən, demokratik ədəbiyyatda farsca “şere-nou” adlandırılan yeni şeirin əsasını qoyanlardan biri olan Mirzə Təqixan Rəfət yazır: “Bu açıq və aydın bir həqiqətdir ki, yeni fikir və yeni hisslər ədəbiyyatda da yeniləşmə tələb edir. Daha doğrusu, ədəbi yeniləşmə, yəni təfəkkür və deyim tərzində yeniləşmə fikirlərin və hisslərin yeniliyini göstərən yeganə sübutdur.”

“Təcəddüd” qəzetinin 56-cı sayında “Məhəmməd Sərrafzadə (Təqi) imzası ilə çap etdiyi “Ədəbiyyatda Təcəddüd” (renessans) adli şeiri göstərir ki Rəfət yazılarını müxtəlif imzalarla çap etdirmişdir.  Onun “Təcəddüd” qəzetinin 24-cü sayında nəşr olunmuş “Yaşasın müsavat” şeri az zamanda milli himnə çevrilmişdir. Şeirdə deyilir:

Yenə yetdi iqbalımız,

Hasil oldu amalımız,

Nə aydın istiqbalımız,

Yaşasın İstiqlalımız,

 Yaşasın Hürriyyət,

Yaşasın Müsavat!

Fexr-ü şərəf misdağımız,

Rövşen hamı afağımız,

Azad olsun torpağımız,

Yaylağımız, qışlağımız,

Yaşasın Hürriyyət,

Yaşasın Müsavat!

Millət hamı qardaşımız,

Fəth-ü zəfər yoldaşımız,

Öz əlimiz, öz başımız,

Torpağımız, dağ daşımız,

Yaşasın Hürriyyət,

Yaşasın Müsavat!

Qardaşlarım qeyrət edin,

Təhsil üçün himmət edin,

Nə vaxtadək ibrət edin,

Kəsb-i şərəf, Rəf’ət edin,

Yaşasın Hürriyyət,

Yaşasın Müsavat!  

Fransadakı romantizm cəryanının təsirilə türk, fars, fransız dillərində şeirlər və pyeslər yazan, “Ey cəvan-i İrani” (Ey İranın gənci), “Zənən” (Qadınlar), “Bərxiz”  (Qalx) və b. şeirləri günümüzədək gəlib çatan M.T.Rəfətin “Xosrov Pərviz” adlı məzmun pyesi daha məşhur olmuşdu. Demokrat firqəsinın əksər üzvləri kimi onun evi də dağıdıldıqda əsərlərinin bir çoxu məhv edilmişdir.

 

3.2. Demokrat Partiyasını yeniləşdirmə yollarında

Demokrat Firqəsinin Tehranda yerləşən Mərkəzi Komitəsinin və partiyaya rəhbərlik edən Müxbirissəltənə Hidayətin yeritdiyi xətti ilə Ş.M.Xiyabani və tərəfdarları arasında ziddiyyət gündən-günə dərinləşirdi. Çünki Demokrat Partiyasının rəhbər heyəti demokratik fikirli insanlardan çox özlərini irticaçı hökumət məmuru kimi apardılar.

Partiya daxilindəki ziddiyyət getdikcə dərinləşirdi. Qulam Məmmədli Bakıda 1949-cu ildə çap etdirdiyi “Xiyabani” kitabında yazır: “Xiyabani və yoldaşları (Hacı Məmmədəli Badamçı, Mirzə Təqixan Rəfət – bu adam Xiyabani qətl edildikdən sonra özünü öldürmüşdür) Zeynalabdin Qiyami, Mirzə Əbülqasim Füyuzat, Mirzə Əli Heyət, Mirzə Rəsul Kazimi, Mirzə İsmayıl Nohəri, Məhəmmədəli Səffət, Mirzəli xan Pezeşki, Mirzə Əli Nağı Gənceyi və d. Demokrat Firqəsinin əyalət konfransını çağırmaq qərarına gəldilər”.

Konfrans 1917-ci ilin aprelində baş tutur. Demokrat Firqəsinın Vilayət Komitəsinin təsis toplantısına Güney Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 480 nəfər qatılır. Bir neçə gün sürən müzakirədən sonra yeddi maddəlik bir qərar qəbul edilir. Toplantıda Azərbaycan Demokrat Firqəsi yaradıldığı və rəhbərliyinə də Ş.M.Xiyabani, Mirzə İsmayıl Nobəri, Məhəmmədəli Badamçı, Mirzə Təqixan Rəfət, Əhməd Kəsrəvi, Doktor Zeynalabdinxan, Sultanzadə, Zeynalabdin Qiyami, Nurulla xan Yekani, Mirzə Əli Heyət və b. seçildiyi elan edilir. (Rəhimli (Bije) Əkrəm, 2011:127).

Nə Təbriz valisi, nə də yeni formalaşan Demokratik Firqənin vilayət Komitsi Urmiyada, Salmasda, Xoy ətrafında erməni-aysoru birliklərinin müsəlmanları qırmaısnın qarşısını ala bilir. Hələ bu azmış kimi Ruslarla birgə Osmanlı ordularına qarşı savaşan Andranik Ozanyanın silahlı dəstəsi və qaçqınları bölgəyə daxil olur. Müsəlmanları qorumaq və ölkədə qarşıqlıq yaratmış, minlərlə insanın ölürülməsində və yüzlərlə kəndin dağıdılmasında iştirak etmiş Andranik Ozanyanın dəstəsini cəzalandırmaq üçün Əli İhsan paşanın rəhbərliyi altında Osamnlı əsgəri birlikləri 9118-ci il iyunun 18-də Təbriz yaxınlığına gəlir.

1918-ci il sentyabrın 25-də isə xalqın arzusu ilə Təbrizə girən Əli İhsan Paşa və onun əsgəri birlikləri böyük alqışlarla qarşılanır. Qacar şahzadəsi Möhtəşəmül-səltənə də Osmanlı ordusunun gəlişini alqışlayır və vali kimi işə başlayır. Oradan da Qaradağı idarə etməyə göndərilir. Bölgənin idarəedilməsini təşkil etmək üçün “İttifaqı-islam” deyilən bir təşkilat qurulur. Bu təşkilatın qurucuları sırasında Yusif Ziya Axundzadə (Abdulla Şairin böyük qardaşı-Ə.Ş.), Mirzə Təqixan və b. olur. Mirzə Təqixan həm də Osmanlı ordusunda müşavirlik (08.06-01.10.1918) vəzifəsini yerinə yetirir. Osmanlı ordusunun gəlişindən narazı qalan Şeyx Məhəmməd Xiyabani, Mirzə İsmail Nubəri və Məhəmmədəli ağa Badamçı həbs edilərək Urumiyəyə, oradan da Karsa göndərilir.(Uzun Enver, 2017:19-20).

  Partiya fəalları arasındakı inciklikdən söz düşəndə Əhməd Kəsrəvi yazır ki, Ş.M.Xiyabani, T.Rəfət, M.İ.Nohəri və b. türk dilinə önəm verir, əyalət əncümənini gücləndirməyə çalışır, İran daxilində Azərbaycana geniş muxtariyyət tələb edirdilər. Onlar ölkənin demokratik qaydada idarə edilməsi uğrunda mübarizəni sərt dəyişikliklər edərək həyata keçirmək istəyirdilər. Bu da İran Demokrat Firqəsinın üzvlərinin hamısının ürəyindən deyildi. Partiya üzvlərinin bir çoxu bunu ölkənin parçalanması kimi dəyərləndirirdi. Bizim “qəbul etdiyimiz qərarlardan biri də bu idi ki, partiya iclaslarında danışıqlar fars dilində aparılsın, partiyanın əsas tələblərindən biri də bu olmalıdır ki, Azərbaycanda farscaya rəvac verilsin... Bizim iclasımız qurtardı. Bundan bir neçə gün sonra  Xiyabani və Nohəri həbsdən xilas olub Təbrizə qayıtdılar. Görüş, söhbət və danışıqlardan məlum oldu ki, Xiyabani bizim tədbir və işlərimizdən incimişdir” (Kəsrəvi Əhməd, 1998).

Azərbaycan Demokrat Firqəsi yarandığı ilk gündən “İnqilabiyun” və “Tənqidiyun” deyə iki qrupa parçalanır. “İnqilabiyun” qrupuna Ş.M.Xiyabani Əliəsgər Sərtibzadə, Mirzə Təqixan Rəfət, Fərivərd Abdullazadə və b. “Tənqidiyun” qrupuna Seyid Əhməd Kəsrəvi, doktor Zeynalabdin xan, Mirzə Əli Heyət, Mirzə Bağır Taleyi, Bakı ermənilərindən olan Sultanzadə və b. daxil olur. “İqilabiyun” qrupunun sözçüsü Hacı Məhəmməd Badamçı qruplarının istəklərini belə izah edir: “Məqsədimiz ölkədə islahat aparmaqdır. Maarif şəbəkələrini genişləndirməkdir, intizamlı, xalqa xidmət edən ordu yaratmaqdı. İqtisadiyyatı qaldırmaqdı. Milli sənayeni qabağa aparmaqdı. Elə bir hökumət iş başına gətirməkdi ki, o millətin xeyrinə fəaliyyət göstərə bilsin, ölkədə hərc-mərcliyə və dərəbəyliyə son qoya bilsin. Məmləkətin hər yerində abadlığa fikir verə bilsin.”

Əhməd Kəsrəvi isə sonralar yazır: “Xiyabani hərəkatı başlamazdan əvvəl də biz onunla razılaşmırdıq. Hərəkat nəticəsində hökumət yarandıqdan sonra bu narazılıq düşmənçiliyə çevrildi”. (Kəsrəvi Əhməd,. 2011.:130) Əliəsgər Sərtibzadə, Mirzə Təqixan Rəfət, Fərivərd Abdullazadə və onların tərəfdarları Xiyabanidən sərt tədbirlər görməsini istəyirdilər. Lakin demokratik fikirli, mülayim təbiətli ziyalı olan Şeyx Məhəmməd buna getmir. (Cavid Salamulla, 2011:79.)

Enver Uzun  Əhməd Kəsrəvinin mövqeyindən söz açarkən onun yazılarından alıntılar verir: “Osmanlılar nereye gitmişlerse öncelikle orada “İttihadi İslam (İslam Birliği) Teşkilatı” yarattılar....Tebriz’de de bir çok insanı bir araya toplayarak parti kurdular. Benim tanışlarımın bir çoğu, o cümleden Mirze Eli Heyet de o parti mensupları arasına katıldı. Amma ben partinin dışında kaldım. (yani partiye girmek istemedim).... Bazılarının Hökmavar’dan (Kesrevi’nin yaşadığı mahallenin adıdır) gidip Osmanlılara benim hakkımda casusluk etmiş olmaları meraklıdır. Bunlar Hiyabani’nin arkadaşlarıydılar”(Uzun Enver, 2017:28).

Maraqlı burasıdır ki, Əhməd Kəsrəvi Xiyabaninin adamlarının Osmanlılara onun haqqında casusluq etdiyindən şikayətlənir. Bu həqiqət olsaydı osmanlılar onu həbs edərdilər. Sual doğurur, nədən Əhməd Kəsrəvini deyil Ş.M.Xiyabaninin həbs edib Urmiyaya, oradan da Karsa apardılar?! Əhməd Kəsrəvinin iddialarının əksinə Osmanlıların gəlişi müsəlmanları aysoru-erməni qətliamından xilas etmişdir. Buna baxmayaraq “Tənqidiyun” qrupunun üzvləri durmadan Osmanlıların əleyhinə təbliğat aparır, onları işğalçı adlandırır, təbliğatlarının fanatiklər arasında daha da təsirli etmək üçün təqiqət ayrıseçkiliyini körükləyirdilər.  Hətta Təqi  Rəfəti  “işğalçı

Osmanlı əskərinə yaltaklık yapmakla; Xəlil Paşanın isteği üzere “Azer Abadegan” gazetesini Türkçe çıkararak Osmanlı siyasetine kulluk etmiş olmakla” suçlayırdılar.(Uzun Enver, 2017:21)

Turac Atabəyi yazır ki, Azərbaycanlı demokratları 1917-ci il Rusiya inqilabını alqışlayaraq “öz məmləklətlərində demokratiya uğrunda mübarizə aparmaqla yanaşı, digər millətlərin təməl suverenliyinə hörmət bəsləyərək Rusiyada fəaliyyət göstərən həmin qruplarla” qarşılıqlı dostluq əlaqələri yaratmaq üçün partiyanın əyalət komitəsini təsisi etdilər. Lakin çox keçmir ki, həmin inqilabçıların Araz çayının o biri sahilində həyata keçirdikləri siyasi tədbirlər azərbaycanlı demokratları öz nəhəng qonşuları ilə daha ehtiyatlı və sayıq münasibətlər qurmağa vadar edir. (Atabəyi Turac, 2002:72).

Xiyabani, onun çevrəsində olan Təqixan Rəfət və b. sosial demokratlara, xüsusən onların bolşeviklər adlandırlan qrupunun yeritdiyi siyasətə, eləcə də rusların himayəsilə təşkil olunmuş bütün quruplara xoş münasibət bəsləmirdilər. Çünki bu qrupların tərkibindəkilərin əksəriyyətini ermənilər təşkil edirdilər. Onlar da siyasi mübarizə aparmaq əvəzinə müsəlmanları kütləvi şəkildə qırır, talanlar törədirdilər. Urmiyada, Salmasda törədilən soyqırımları, Qafqazdakı soyqrımından canlarını qurtara bilənlərin Təbrizə, Mərəndə gəlib çıxmaları, bolşeviklərin tez-tez mövqelərini dəyişmələri əhalidə bu qruplara qarşı mənfi münasibət formalaşdırmışdır. Ona görə də Təbrizdə bolşeviklərin bir hissəsi qaçmış, bir hissəsi də “bolşeviklərə kömək edən” Almaniya konsulluğuna sığınmışdı. Təbriz demokratik hökuməti böyük silah və sursat anbarı yerləşən Almaniya konsulluğunu mühasirəyə alaraq bolşeviklərin təslim olmasını tələb edir. Alman konsulluğu buna etiraz etdikdə, ora mühasirəyə alınır. 45 günlük mühasirə qarşılıqlı atışma və Alman konsulunun ölümüylə nəticələnir. Sonda bolşeviklər silahı verməyə və təslim olmağa məcbur qalırlar. (Tohidi-Rüstəmova Solmaz, 2011:109)

Azərbaycan Demokrat Firqəsinin İnqilabiyun qanadı nəinki bolşeviklərlə, bütün qüvvələrlə əməkdaşlıq etməkdən çəkinir, onlara müdaxiləçi kimi baxırdılar. Hətta Cəngəl hərəkatı adı ilə məşhurlaşan, Gilan üsyanının rəhbəri Kuçek Xan İranda konstitusiyanın bərpa edilməsi məqsədilə Xiyabaniyə birgə əməkdaşlıq təklif etdikdə  Ş.M.Xiyabi ona “Səninlə Vüsuqüddövlə arasında nə fərq var? O, İranı ingilis qüvvələrinin əlilə idarə etmək istəyir, sən isə rusların dəstəyi ilə bu işi həyata keçirmək istəyirsən”. (Atabəyi Turac, 2002:73).

 Təbrizdə tez-tez mitinqlər keçirilir, əhalinin siyasi fəallığı gündən-günə artır. 1917-ci il dekabrın 23-də bazar ertəsi axşamüstü “Təcəddüd” qəzetinin bağçasında keçirilən mitinqi Mirzə Təqixan Rəfət açır. Mitinqdə Azərbaycanın ağır vəziyyətini təhlil edir. Çıxışını coşqun və ilhamlı, gələcəyə ümid dolu çağırışlarla bitirir. Bu da mitinq iştirakçılarının mübariz ruhunu artırır. (Azeri Ali, 1994:105)      

Rus əsgəri birliklərinin Miyanədə, Mərənd ətrafı kənlərdə soyğunçuluqla məşğul olduqları, Təbrizin ərzaq anbarlarını talayıb apardıqları bir zamanda Azərbaycan Demokrat Firqəsi 1918-ci ilin qışında Azərbaycan labüd aclıqla üz-üzə qalanda  xalqa taxıl payladılar və bir sıra tədbirlər gördülər. Bu da Xiyabani və onun silahdaşlarının nüfuzunu artırdı.

 

3.3. Azərbaycan demokratlarının seçkilərdə qələbəsi və Təbriz üsyanı

 

1919-cu ilin avqust-sentyabr aylarında İranın Dördüncü Məclisinə seçkilər keçiriləndə Mirzə Təqixan Rəfət öz namizədliyini verməsə də, demokrat partiyasının nümayəndəsi kimi tez-tez seçicilərlə görüşür, alovlu çıxışlar edir, qəzetdə məqalələr yazaraq seçiciləri demokratlardan olan namizədlərə səs verməyə həvəsləndirir. Aparılan səmərəli təşkilati işlər öz bəhrəsini verir. Təbriz və şəhər ətrafından doqquz deputat yerindən altısını Demokrat Firqəsinın tərəfdarları qazanır. Bu da İran hökumətini bərk narahat edir. (Atabəyi Turac, 2002:73).

Partiyadan Milli Məclisə seçilən deputatlara Xiyabani rəhbərlik edir. Onlar Tehrana teleqram vuraraq M.Q.Vüsuqüddövlə hökumətinin ingilislərlə bağladığı təslimçi sazişə görə Milli Məclisə gəlməyəcəklərini bildirirlər. Təbrizdə etirazlar artır, mitinqlər çoxalır. Təsdiq edilməmiş, xalqda nifrət doğuran M.Q.Vüsuqüddövlə kabineti istefa vermək məcburiyyətində qalır. Müşiridövlə baş nazir kürsüsündə əyləşdirilir. O da, yazışmalar yolu ilə Azərbaycan Demokrat Firqəsinın liderlərini dilə tutub gözlənilən üsyanın qarşısını almağa çalışır. Demokrat firqəsinın daxilində müxalif olan bir qisim şəxs yeni hökumətin tərəfinə keçir.  M.Q.Vüsuqüddövlənin “mərkəzi hökumətin hakimiyyətini gücləndirmək və Azərbaycanda polis şöbələrini yenidən “təşkil etmək” adıyla göndərdiyi iki İsveç  zabitinin-Öyürlenq və Fukeklonun  rəhbərliyi altında qırx üç nəfər polisdən ibarət bir qrup da Azərbaycanı sakitləşdirə bilmir. Polis idarəsi ilə Demokrat firqəsinin liderləri arasında ziddiyyət daha da dərinləşir. (Rəhimli (Bije) Əkrəm, 2011:127, Atabəyi Turac, 2002:70). 

Demokratlar üsyanın qaçılmaz olduğunu görürlər. Odur ki, üsyana rəhbərlik etmək üçün “Heyət-e Ectemaye”nun (İctimai   Heyəti) əsasını qoyur və “ictimai sülh və qayda-qanun” və “İranda konstitusiyanın bərpa edilməsi” tələblərinin əks olunduğu bəyannaməni nəşr edirlər. (ASE, 1976:235, Atabəyi Turac, 2002:70). Yeni yaranan təşkilata Şeyx Məhəmməd Xiyabani sədr, Mirzə Təqixan Rəfət, Zeynalabdin Qiyami və b. üzv seçilirlər. Üsyan ilk gündən xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanır. Əvvəlcədən aparılmış təbliğat nəticəsində hökumətin müxtəlif silahlı qüvvələri də üsyançıların tərəfinə keçir. Üsyançılar arasında ciddi nizam-intizam hakim olur.  “Xiyabaninin dediyi kimi səkkiz aylıq ciddi hazırlıqdan sonra həyata keçirilmiş bu üsyanın başlaması ilə Cənubu Azərbaycanda milli azadlıq hərəkatı yeni mərhələyə daxil olur”. (Tağıyeva Şövkət, səh:48)  1920-ci il aprelin 7-də  Xiyabani Təbrizdəki mitinqdə deyir: “Bu gün dünya camaatına rəsmən bildiririk ki, biz Vüsuqüddövlə və ingilis talançı sazişini (1919-cu il sazişi nəzərdə tutulur – Ə.Ş.) bağlamış hökumət əleyhinə üsyan etmişik və... Azərbaycan adını Azadıstana dəyişərək bu gündən bu adı rəsmi ad kimi elan edirik”. (Tağıyeva Şövkət, səh:48)

“Tənqidiyun” qrupunun üzvləri- Seyid Əhməd Kəsrəvi, Dr. Zeynalabidin xan, Mirzə Əli Heyət, Mirzə Bağır Taleyi, Bakı ermənilərindən olan Sultanzadə  və b. gizlicə Təbriz valisi Eynəlüddövlənin yanına gələrək “İnqilabiyun”çuların ölkəni parçalamaq istədiklərindən, ana dilində yazıb-oxumağa təşəbbüs göstərdiklərindən, keçirmək istədikləri islahatlardan narahat olduqlarını, bunun İranın dağılmasına aparıb çıxaracağını bildirirlər. Onlar Xiyabani tərəfdarlarının əleyhinə “bəstə”(oturaq etiraz nümayişi) keçirməyə icazə istəyirlər.

 

 

4. Təbrizdə Milli Hökumətin yaradılması

“Cəngəl” hərəkatının yatırılması ilə ingilislərin işğalçılıq siyasəti daha da aşkar şəkil alır. Onlar İranı da Hindistan kimi bir müstəmləkəyə çevirmək məqsədi ilə 1919-cu il avqustun 9-da İranın baş naziri Vüsuqüddövlə ilə müqavilə bağlayır. Bu müqavilə xalq həyəcanını daha da artırır. Nəhayət, Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında milli-azadlıq hərəkatını başlayır.

Şeyx Məhəmməd Xiyabani Təbrizin Alaqapı meydanında söylədiyi nitqində deyir: “Mən bu gün bütün dünyaya bildirirəm ki, biz ingilislərlə müqavilə bağlayan Vüsuqüddövlə hökuməti əleyhinə qiyam etmişik”. Həmin günlərdə Mirzə Təqixan Rəfət yalnız təşkilati işlərdə, ideya-siyasi mübarizədə Xiyabani ilə çiyin-çiyinə olmaqla qalmır. O, həm də şeirlərilə üsyan bayrağı qaldırır, xalqını mübarizəyə səsləyərək yazır:

Qalx yerindən vətən oğlu, nəzər et asimana,

Üfüqün rəngi günəşdi, necə gör döndü qana.

Qalx, gülər üzlə salamla açılan al, səhəri,

Qalx ki, iş vaxtı çatıb, gözləməyin, ol səhəri.

Qalx, iri addım ilə get irəli, başla işə,

Məyus olamaq səni bil məhv edəcəkdir həmişə.

Bil döyüş gözləyir indi yolunu öndə sənin,

Sabaha səsləyir hər an səni doğma Vətənin...

Bir təzə fəsil gəlibdir, yeni nəslin baharı,

Bağların, bağçaların gör necə artmışdı barı.

Qalx ki, xoşbəxtlik özü qarşına gəlmiş gülərək,

Qalx, düzəlt qamətini, meydana çıx Rüstəm tək.

Zal kimi bağrını qoy kamana, sən oxu at,

Səsləyir, bax, səni xoş günlərə indi bu həyat.

Tehran hökumətinin xalqın istəyinə əhəmiyyət vermədiyini görən İctimai Heyət yeni hökumət qurur. Onlar Tehrandan göndərilmiş məmurları və hərbi qulluqçuları vəzifələrindən kənarlaşdıraraq Təbrizdən uzaqlaşdırmağa başlayır. Vali müavini Əminülmülk, maliyyə işlərinin başçısı Tərcümanüddövlə və b. asanca Təbrizdən gedirlər. Üsyan rəhbərlərinin təcrübəsizliyi ucbatından Tərcümanüddövlə dövlət xəzinəsindəki pulları da aparır. Beləliklə, yeni hökumət ilk gündən iqtisadi çətinliklə üzləşməli olur. (Tağıyeva Şövkət, səh:54)

Təbrizdə heç bir dəyişikliyi istəməyən, irticaçı, şahpərəst qüvvələrlə yanaşı, dörd siyasi partiya – Demokratlar, “Çoxlar” (bolşeviklər), “Bicezan” (bu partiya Rusiya Əsgər Deputatları Sovetinin köməyi ilə yaranmışdır)  və Erməni Sosialist Partiyası fəaliyyət göstərirdi. (Tohidi-Rüstəmova Solmaz, 2011:113). Lakin  onlardan heç birinin Təbrizdə Demokrat firqəsi qədər gücü yox idi. Odur ki, 1920-ci il iyunun 24-də Xiyabani Milli Hökumət yaradıldığını elan edəndə o partiyalardan heç birinin nümayəndəsi yeni hökumətə daxil ola bilmədi.  Xiyabani Milli Hökumət dedikdə əslində bu hökumətin milliliyindən çox, xalqa məxsusluğunu nəzərdə tuturdu. (Atabəyi Turac, 2002:70). Bu hökumət İrandan ayrılıb müstəqil fəaliyyət göstərmək istəmirdi. Onlar demokratikləşmiş İranın içərisində geniş muxtariyyət istəyirdilər.

Ş.M.Xiyabaninin qurduğu Milli Hökumətin Rəyasət Heyətinə 20 nəfər daxil idi. Onların sırasında Məhəmmədəli Badamçı tacir, Haşim Neysai, Mahmud Əmin mülkədar, Mirzə Təqixan Rəfət, İsmayıl Əmrirxızı, Əbülqasim Füyuzat ziyalı, Nurulla xan Yekani, Nüsrətulla Neysari, Zeynalabdin Qiyami məşrutə inqilabının iştirakçısı və inqilab veteranları idilər. Bunlar onu göstərir ki, hökumət təşkil edilərkən sosial təbəqələr nəzərə alınmışdır. (Rəhimli (Bije) Əkrəm, 2011:134)

Təqixan Rəfət Demokrat firqəsində və Milli Hökümətdə Xiyabaninin köməkçisi və mədəni- maarif məsələləri üzrə  müşaviri vəzifəsini yerinə yetirirdi.

Təbrizdəki vəziyyətdən yararlanmaq istəyən bolşeviklər Ş.M.Xiyabaniyə “hərbi qüvvə ilə yardım” təklifi edirlər. Rəşdi və Ənzəlini tutmuş bolşeviklərin bu təklifini Milli Hökumət rəhbərləri rədd edir. Onlar yaxşı bilirdilər ki, hərdi yardımın ardınca “ideoloji yardım” da gələcəkdir.  (Tohidi-Rüstəmova Solmaz, 2011:109) 

Bolşeviklərin yardımından imtina edən Azərbaycan Demokrat Firqəsi İranın Güneyində və Doğusunda ingilislərin ağalığına da etirazlarını bildirir. Təbrizdə tez-tez ingilislər əleyhinə şüarlar səsləndirilir. Şəhərdə yayılmış bir çağırışda deyilir: “Ey güneyli gənclər, siz vətən xaini deyilsiniz. Ağır günlərini yaşayan öz ananızla düşmənlik etməsziniz. İngilis polis təşkilatına girməyin! İranda demokratiyanı müdafiə edənlər vətən xainlərini heç vaxt unutmayacaqlar!” Bu tipli şüar və çağırışlar ingilisləri bərk narahat edir. (Azeri Ali, 1994 :82)

 1920-ci il iyulun 25-də bazar ertəsi axşam mitinqdə Ş.M.Xiyabani və M.T.Rəfət çıxış edir. “Yaşasın Demokratiya!”, “Yaşasın Xiyabani!” şüarları ilə bitən mitinqin sonunda  Xiyabanı siyasi dustaqlara böyük amnistiya elan edir. (Azeri Ali, 1994:227)   

 

5.Milli Hökumətin ləğv edilməsi üçün görülən tədbirlər

 

   Mehdiqulu xan Müxbirüs-səltənə Hidayəti Təbrizə vali göndərilir. Özünü demokrat kimi göstərməyə çalışan Müxbirü-səltənə Hidayəti ilə danışıqlara Ş.M.Xiyabani özü getmir, Seyid Əli Mühəqiqini və Hacı Məhəmmədəli Badamçını göndərir. Milli Hökumətin nümayəndələri ona geri qayıtmağı təklif edirlər. Lakin o israrla Təbrizdə qalır, “Şahzadə” bağında yerləşən kazak qüvvələrinin başçısı Mişiteçlə gizli danışıqlar aparır, Milli Hökumətin qvardiya qüvvələrinin rəhbəri, Bağırxan Salarimillinin kürəkəni Mirzə Hüseyin xan Haşimi Majoru ələ alır. (Cavid Salamulla, 2011:82). Həmin günlərdə Milli Hökumətin əsas silahlı qüvvələri Qaradağda Əmir Ərşadın rəhbərlik etdiyi silahlı qüvvələr ilə savaşırdı. (Azeri Ali, 1994:65). Belə bir gərgin günlərdə  Mirzə Hüseyin xan Haşimi Major “ətrafdakı quldurlarla mübarizə aparmaq” bəhanəsi ilə 800 nəfərlik jandarma dəstəsini özü ilə bərabər Basmınc tərəfə aparır. Beləliklə, Milli Hökumətin  son silahlı qüvvələri də mərkəzdən çıxarılır. Təbrizdə yalnız İran kazak briqadası qalır. Həmin briqada isə Tehran hökumətinə sadiq idi.   (Məmmədli Qulam, 2011:42).

Kazaklar valinin göstərişi ilə sentyabrın 12-də sübh çağı Alaqapıdakı Milli Hökumətin qərargahına və hökumət rəhbərlərinin evlərinə basqın təşkil edirlər. Azərbaycanda xalqın dəstəyi ilə, bir insanın ölümünə belə yol vermədən yaradılmış Milli Hökumət silah gücünə devrilir. Muxtariyyət hüquqları ilə çıxış edən Milli Hökumətin mərkəzinin qəddarlıqla dağıdıldığını hakimiyyət və ona yaxın olan qüvvələr ört-basdır etməyə çalışır. Müxbirü-səltənə xatirələrində Ş.M.Xiyabaninin “öz evinin zirzəmisində özünə sui-qəsd etdiyini” (Atabəy Turac, 2002:227), Ə.Kəsrəvi də Ərqəvan kəndlərində olan Mirzə Təqixan Rəfətin onları tutmağa gələn atlılardan qaça bilməyib özünü güllələdiyini yazır. (Kəsrəvi Əhməd, 2011:172). Sonralar çap olunmuş onlarla xatirə və diplomatik sənəd Müxbirü-səltənənin səmimi olmadığını, Ş.M.Xiyabaninin Əli Badamçının və ya Şeyx Həsən Miyanaçının evində son gülləsinədək döyüşərək öldüyünü aşkara çıxarır. Əhməd Kəsrəvi hakimiyyətin tərəfini tutsa da, zorakılıq olduğunu yazmadan keçinə bilməyib. O da göstərir ki, Milli Hökumət üzvlərinin, Azərbaycan Demokrat Partiyasının liderlərinin çoxunun evini kazaklar talayıb apardılar. (Kəsrəvi Əhməd, 2011:171)

Məhəmmədəli Səffət də “Dastan-i Dustan” əsərində Mirzə Tağıxan Rəfətin ölümü haqqında yazır: “Qızıl Dizəc başqa rəvayətə görə Ənzab Ərvənəq rayonunda Rəfət 31 yaşında Şexin ölümünü eşidərkən intihar edir”. (Səffət Məhəmmədəli, 1997:82)

Əkrəm Rəhimli (Bije) Ş.M.Xiyabaninin  tərəfdarlarından 300 nəfərin evinə od vurularaq yandırıldığını, Müxbirü-səltənənin Xiyabaninin başını kəsib gətirənə böyük mükafat vəd etdiyini,  (Rəhimli (Bije) Əkrəm, 2011:137),  Turac Atabəyi isə Xiyabani də daxil olmaqla 50 demokratin qətlə yetirildiyini yazır. (Atabəyi Turac, 2002:73)

Tarixçi Əhməd Kəsrəvi də Mirzə Təqixan Rəfətin öldürüldüyü tarixi göstərmir. Cənazəsinin Təbrizə gətirilib dəfn edildiyini yazır.

Milli Hökumətlə yeni təyin olunmuş vali arasında vəziyyətin gərginləşdiyi günlərdə C.Məmmədquluzadə ailəsi ilə birlikdə, yəni 1920-ci il sentyabrın 7-də Təbrizə gəlir. Ş.M.Xiyabani vəziyyətin gərgin, işin çox olmasına baxmayaraq Mirzə Cəlili qəbul edir, ona “Molla Nəsrəddin” jurnalının nəşrinə köməklik göstərəcəyini söyləyir. (Məmmədli Qulam, 2011:43)

Həmin günlərdə İranda olan Cəlil Məmmədquluzadənən xanımı Həmidə xanım Cavanşir isə olay haqqındakı xatirələrini belə yazıb: “Bazar ertəsi, sentyabrın 10-da saat 10.00-da şəhərdə güllə səsləri eşidildi. Mirzə Ələkbər gəlib xəbər verdi ki, şahın qoşunları şəhərə daxil olub, demokratlarla döyüşlər gedir. Şəhərdə çaxnaşma var. Bazar, dükan bağıldır... Atışma saatbasaat güclənir. Bir neçə güllə vıyıltı ilə evə girib Münəvvərin ikinci mərtəbədəki divarına dəydi. Münəvvər xanımcanla birlikdə dəhşət içində aşağı qaçdı. Mirzə Cəlil uşaqları bir otağa yığıb həyətə buraxmadı... Bizim evin divarı arxasında demokratların qəzetinin redaksiyası vardı. Bu yerə basqın başladı və az müddətdə yerlə yeksan edildi. (Cavanşir  Həmidə xanım, 2011:252-253)

Həmin günlərdə Təbrizdəki rus konsulu ilə görüşlərini və etdikləri söhbəti Həmidə xanım Cavanşir belə xatırlayır: “Həmidə xanım: Yəni bütün bunları aradan qaldırmaq mümkün deyilmi? Konsul belə cavab verdi: “Deyirlər Təbrizin özünün xüsusi Allahı və müqəddəsləri vardır. Onun ənənəvi qaydalarını və köhnə nizamını aradan qaldırmaq mümkün deyildir. Bəziləri nələrisə dəyişdirməyə cəhd etmişdilər, ancaq bunun cavabını həyatlarını itirməklə almışlar”. (Cavanşir  Həmidə xanım, 2011:252-255)

 

Sonuc

Səttərxan Sərdari-milli, Əliağa Siqqətülislam, Ş.M.Xiyabani, M.T.Rəfət və b. həyatlarını itirsələr də, köhnəliyi dəyişməyə cəhd etdilər, əbədiyaşar bir ideya qoyub getdilər.

Müxbirü-səltənə də, Əhməd Kəsrəvi də tərəfli mövqe tutaraq Milli Hökumət liderlərini qorxudan özlərinə qəsd edən kimi tanıtmağa çalışdılarsa da, bu baş tutmadı. Sonralar çap olunan xatirələrdə Ş.M.Xiyabaninin öldürülməsi təfsilatı ilə verilsə də, M.T.Rəfətin ölümü haqqında dəqiqləşdirilmələr aparılmamış, Əhməd Kəsrəvinin inandırıcı görünməyən, qeyri-dəqiq fikirləri təkrarlanmışdır.

155 gün yaşamış Milli Hökumətin apardığı islahatlar, liderlərinin söylədikləri və yazdıqları xalqın yaddaşına əbədi həkk olunur. Ş.M.Xiyabani, M.T.Rəfət vətən və millət yolunda şəhid olsalar da, onların ideyaları yaşayır. “Rəfət məktəbi” adlandırılan ədəbi məktəb İranda yaşayan xalqların ədəbiyyatına güclü təsir edir. Həbib Sahir, Əhməd Xürrəm, Təqi Bərzgər, Yəhya Mirzə Danişi (Yəhya Ariyanpur) və b. özlərini “Rəfət Məktəbi”nin davamçıları sayırlar.

 

Qaynaqlar

1.    ASE.(1976). Azərbaycan Sovet Ensiklopediyası, I cild, Bakı.

2.    ASE.(1986). Azərbaycan Sovet Ensiklopediyası, IX cild, Bakı.

3.    Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90. (2011). “Bakı Çap Evi”, Bakı.

4.    Azeri Ali. (2004). Azadistan devleti ve Şeyh Muhammed Hıyabani(1918-1920), (Yayına hazırlayan Seyfeddin Altaylı), “Elila Elektronik İletişim Ajansı”, Ankara.

5.    Atabəyli Turac. (2002). Azərbaycan: etnik mənsubiyyəti və İranda qüdrət uğrunda mübarizə, “Təhsil” nəşriyyatı, Bakı.

6.    Cavanşir Həmidə xanim.(2011). Xatirələrim, Ruscadan çevirən və nəşrə hazırlayanı: Mehriban Vəzir, “Apostroff” nəşriyyatı, Bakı.

7.    Cavid Salamulla.(2011). Xiyabanini xatırlarkən, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90, “Bakı Çap Evi”, Bakı.

8.    Cənubi Azərbaycan ədəbiyyatı antologiyası.(1983). 2-ci cild, “Elm” nəşriyyatı, Bakı, səh. 162.

9.        Haşimi Məhəmməd Sərd.(2004) İran dərgi bə cəridə tarixi, birinci cıld.

10.    Xiyabani Əsl Fəraməz. (2011). Şeyxin nəvəsi babası haqqında, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90, “Bakı Çap Evi”, Bakı.

11.    Kəndli Qafar. (2011). Ş.M.Xiyabanini tədqiq edib öyrənmək mənəvi borcumuzdur, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90, “Bakı Çap Evi”, Bakı.

12.    Kəsrəvi Əhməd. (1998).Şeyx Məhəmməd Xiyabanı üsyanı. “Mərkəz” nəşriyyatı, ilk çap, Tehran.

13.    Kəsrəvi Əhməd.(2011). Xiyabani hərəkatının sonu və onun öldürülməsi, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90, “Bakı Çap Evi”, Bakı.

14.    Qəribli İslam.(2011). Ş.M.Xiyabani hərəkatı dövründə Cənubi Azərbaycanda ədəbi mühit, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90, “Bakı Çap Evi”, Bakı.

15.    Məmmədli Qulam.(2011). Şeyx Məhəmməd Xiyabani haqqında, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90, “Bakı Çap Evi”, Bakı.

16.    Məmmədli Pərvanə. (2011). Şeyx Məhəmməd Xiyabaninin publisistikası, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90, “Bakı Çap Evi”, Bakı.

17.    Mirzəyeva Cəmalə.(2011). Təcəddüd qəzeti Xiyabani hərəkatının ideoloji silahı kimi, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90, “Bakı Çap Evi”, Bakı.

18.    Məhəmməd Əli Səffət.(1997). Dastan-i Dustan, Əbu yayın evi, 1997.

19.    Sərdariniya Səməd. (1377). Azərbaycan məşahirləri, ikinci çap, “Dnyal” nəşriyyatı.

20.    Sərdariniya Səməd.(2010). Arazın hər iki tayında müsəlmanların soyqırımı, “Kimlik jurnalı, sayı 2, 3, 4, 5.

21.    Tağıyeva Şövkət.(1990). 1920-ci il Təbriz üsyanı, Bakı.

22.    Tohidi-Rüstəmova Solmaz. (2011). Kominternin Xiyabani hərəkatına münasibəti, Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90, “Bakı Çap Evi”, Bakı.

23.    Uzun Enver.(2011). Trabzonda İran məktəbi ve Azerbaycanlı Tağı Rifat(1890-1920), Trabzon üzərinə notlar, Trabzon, səh. 165-173.

24.    Uzun Enver.(2017). Mirza Tagı Rıfet han, Trabzon.

 

Ali Shamil Huseyin

International Relations Department Folklore Institution

Azerbaijan National Academy of Sciences

Baku-Azerbaijan

alishamil@yahoo.com

 

Abstract

 

On June 24th, 1920 a new state called Azadistan was established in Tabriz that is believed to be a consequence and impact of Azerbaijan Democratic Republic (1918-1920). One of the leaders of newly founded National Government Mirza Taghikhan Mahammad Tabrizi well known as  Rafet was a creator of simple prose (sheire-nou) and put in a great deal of effort to make renovations in literature. Literary school founded by him was called “Rafetisepti”. He taught different subjects such as literature, geography, geometry, art and French language in Trabzon (Turkey) madrasah “Naseh” and in Tabriz (Iran)madrasah “Mahammadiyye”. He worked as an editor of newspaper “Tajaddud” and journal“Azadistan”. Mirza Taghikhan, whose poems written in Turkish, Persian and French had great novelty value for Iran literature, fell victim to political struggle and died very young in 1920.

 

Çap olundu: Azərbaycan Cümhuriyətinin təsiri ilə yaranmış Azadıstan dövləti və onun ideoloqu Mirzə Təqixan Rəfət, Azərbaycan Cümhuriyəti(Tarixi, siyasi və ədəbi-kulturoloji müstəvidə), səh.89-111.

 

 



[1] Məqalə 2011-ci ildə elmi konfrans üçün hazırlanmış “Xiyabani hökumətinin ideoloqu-

yenilikçi şair Mirzə Təqixan Rəfət” məqaləsi əsasında yazılmışdır.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol