ƏMİN ABİD YUNUS İMRƏ HAQQINDA
Əli Şamil
AMEA Folklor İnstitutu direktorunun
Xarici Ölkələrlə Əlaqələr üzrə müşaviri,
alishamil@yahoo.com
Özət. Sovet hakimiyyəti illərini nəzərə almasaq, Yunus İmrənin şeirləri keçmişdən günümüzədək Azərbaycanda sevilə-sevilə oxunmuşdur. Ateist dünyagörüşlü bolşeviklər silahlı üsyan yolu ilə hakimiyyəti ələ aldıqdan sonra bir çox maddi və mənəvi dəyərlər kimi dini də qadağan etmişdilər. Buna baxmayaraq qadağanın ən tüğyan etdiyi vaxtlarda belə gizlində inanc sahibləri Mövlud keçirmə ənənəsinə sadiq qaldılar, Yunus İmrənin İslam dinini təbliğ edən, dərin məzmunlu, fəlsəfi şeirlərini oxuyub övladlarına da oxutdular. Onlar şeirlərdən ibarət cüngləri də qoruyub saxlaya bildilər.
Azərbaycan Cümhuriyyətində Yunus İmrə yaradıcılığının Avropa tədqiqat üsulları ilə araşdırılmasına XX yüzilliyin 20-ci illərindən başlanmışdır. Bu mövzuya müraciət edən ilk araşdırıcılardan biri Əmin Abiddir. Onun 1927-ci ildə Bakıda “Maarif işçisi” jurnalının 3-cü sayında nəşr olunan “Heca vəzninin tarixi” adlı məqaləsi günümüzədək aktuallığını qoruyub saxlamışdır.
Türk xalqları ədəbiyyatında aparıcı olan heca vəzninin keçdiyi tarixi yolu incələyən Əmin Abid Yunus İmrə şeirlərindən geniş bəhs etmişdir. “Heca” vəzninin formalaşmasında zaviyələrin rolundan danışarkən Əmin Abid təsəvvüf şairi Yunus İmrənin şeirlərindən nümunələr də vermişdir. Araşdırıcı Orxan-Yenisey abidələrində, Qaşqarlı Mahmudun “Divani-Luğatit-Türk” ensiklopediyasında, Balasaqunlu Yusifin “Qutadqu bilik” fəlsəfi, sosioloji-əxlaqi poemasında olan poetik nümunələrin getdikcə cilalanaraq Şah İsmayıl Xətainin, Aşıq Kərəmin, Qaracaoğlanın, Gövhərinin, Dərdlinin, Koroğlunun, Aşıq Ömərin, Maxtumqulunun şeirlərilə dolğun bir mərhələyə çatmasından söz açmışdır.
Açar sözlər: Yunus İmrə, Əmin Abid (Abid Mütəllib oğlu Əhmədov), ümumtürk ədəbiyyatı, heca vəzni.
Giriş
Keçmişdən bu günədək dövlətlər sərhədləri ilə tanınsa da, mədəniyyət və ədəbiyyat heç vaxt sərhədlərə sığmayıb. Yunus İmrənin şeirlərinin və fikirlərinin geniş yayılması da dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın qarşısında heç bir sərhədin duruş gətirməməsindən xəbər verir. Uzun illər Osmanlılarla Səfəvilər savaşsa da, 70 il Sovetlər İttifaqı özünü “dəmir divarlar” ilə qorumağa çalışsa da, əsarətdə saxladığı xalqları soykökündən ayırmaq istəsə də, Yunus İmrə şeiri bu qadağalardan güclü çıxaraq insanların qəlbində özünə yuva qura bilmişdir.
Dövrümüzdə Yunus İmrəni Türkiyə ədəbiyyatının nümayəndəsi kimi tanıdılmağa səy göstərilsə də, onun şeirlərini Azərbaycan oxucusu türkiyəlidən daha yaxşı başa düşür. XX yüzilliyin 30-cu illərinədək Yunus İmrənin şeirlərini həm azərbaycanlılar, həm türkmənistanlılar, həm də osmanlılar rahatca oxuyub başa düşür və onu özlərinin sairi sayırdılar.
Azərbaycanın qüzey bölgələrində, Gürcüstan türkləri arasında Yunus İmrənin şeirləri mövludnamələr kimi oxunurdu. Sovetlər İttifaqında sərt qadağaların olmasına baxmayaraq Yunus İmrənin şeirləri məhz bu səbəbdən əlyazma şəklində günümüzədək gəlib çatmışdır. Bu gün də bölgələrimizdə araşdırmalar apararkən Yunus İmrənin şeirləri olan cünglərə rast gəlinir və mövlud məclislərində oxunduğu görülür (Şabanoğlu Məhəmməd, 2001).
Bir çox insanlar Azərbaycanın Qax rayonunun Oncallı kəndi yaxınlığındakı meşədə yerləşən Hacı Tapdıq piri və Şeyx Yunus ziyarətgahına axın-axın gələrək burada qurbanlar kəsirlər, məclislərdə təmbur çalaraq Yunus İmrənin şeirlərini oxuyurlar. Niyə saz (bağlama), tar, kaman və b. musiqi aləti deyil, məhz təmbur? Əlbəttə, bu, başqa bir məqalənin mövzusudur.
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda saxlanan cünglərdə də Yunus İmrə şeirlərinə rast gəlinir. Onlara iki nümunə verməklə mövzuya keçəcəyik.
A-426
13375 şifrə altında saxlanan, medalyonlu tünd qəhvəyi meşin cildli, nəstəliq xəttilə, Azərbaycan və Osmanlı Türkçəsində, eləcə də fars dilində yazılmış, ölçüsü 14X20 santimetr olan 43 vərəqli, 59 saylı cüngün 3 a, 5 a, 7 a, 7 b, 13 b, 31 а, 24 b, 25 b, 26 а səhifələrində Yunus, 5 b, 14 b səhifələrində Yunus İmrə, 1 b, 3 а, 12 b, 13 b, 14 a səhifələrində Miskin Yunus təxəllüsü ilə verilən şeirlər vardır.
A-314
3001 şifrə altında saxlanan, nəstəliq-şikəstə və nəsx xətlə, Azərbaycan türkçəsində, ərəb və fars dilində hicri 1104-cü (miladi 1692) ildə katib Kazım Qaradonlu tərəfindən yazılmış, ölçüsü 10,5X16 santimetr olan, 72 vərəqli, 88 saylı cüngün 51 a səhifəsində də Aşıq Yunus təxəllüsü ilə verilmiş bir şeir vardır (Əlyazmalar kataloqu, 1977, II cild).
Ayrı-ayrı bölgələrdə mövzu ilə bağlı sahə araşdırmaları aparılarsa, yeni cünglər də tapmaq olar.
1. Əmin Abid kimdir və niyə Yunus İmrə mövzusuna müraciət edirdi?
Əmin Abid də ilk təhsilini anası Molla Reyhanın evdə qadınlar və uşaqlar üçün açdığı “Qurani-Kərimi oxutma” kursunda almış, sonra şəhər bələdiyyəsinin III Aleksandr Oğlan Gimnaziyasında təhsilinə davam etmişdir. Onun milliyyətçi ruh ilə böyüməsində ailəsinin, xüsusilə də, böyük qardaşı Əliabbas Müznibin (1882-1938) böyük rolu olmuşdur. Əliabbas Müznib bununla qürur duymuş, hətta həyatı təhlükə qarşısında olanda belə cəsarətlə DTK müstəntiqinin: “Siz tamamilə əminsinizmi ki, qardaşınız Əmin Abid pantürkistdir?” sualına cavabında: “Türkiyədən qayıdandan sonra qardaşım Əmin Abid mənimlə danışarkən Türkiyənin mədəniyyətini, onun ədəbiyyatını, şairlərini və s. təriflədi. Bu danışıqdan mən belə qərara gəldim ki, mənim qardaşım türkpərəstdir-pantürkistdir. Bu barədə boynuma alıram ki, mən özüm də pantürkistəm (Qasımov Cəlal, 1998:163).
Gəncliyində araba düzəldən Əliabbas Müznib coşqun vətənsevərliyi ilə 30 yaşında diqqəti özünə cəlb edə bilir. Satirik şeirlər, məqalələr yazır, milli şüur oyandıracaq əsərləri dilimizə çevirərək nəşr edir. Türklük, islamçılıq əleyhdarlarına qarşı sərt münasibəti hakim dairələrin xoşuna gəlmir. Onun redaktor olduğu “Hilal” qəzeti və “Şəhabi Sağib” jurnalı rus çarlarının işğalçılıq siyasətinin əleyhinə məqalələr nəşr etdirdiyinə görə 1911-ci ildə bağlanır və o, Sibirə sürgün edilir. 1913-cü ildə Rusiya çarları olan Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin üç yüz illiyi münasibətilə verilən əfvi-ümumiyyə (amnistiya) Müznibin də sürgündən xilas olmasına səbəb olur (Ağayev İslam, 2000:35). Bakıya qayıtdıqdan sonra o, yenidən ədəbi, elmi yaradıcılığa başlayır. Ə.Müznibə qəzet, jurnal, mətbəə açmağa icazə verilmədiyinə görə o, kiçik qardaşı Əbülfətin adına icazə kağızı alaraq naşirlik fəaliyyətinə başlayır, satirik şeirlər, cəmiyyətdəki nöqsanları tənqid edən, türk mədəniyyətini tərənnüm ruhlu məqalələr yazır, tərcümələr edir, bəzi jurnalların, kitabların nəşrinə nail olur.
Əmin Abidin imzasına mətbuatda ilk dəfə uşaqlar üçün nəşr olunan “Məktəb” jurnalının 1914-cü il 3-cü sayında rast gəlirik. Yaşının az olmasına baxmayaraq, onun Qafqazda çap olunan “Kəlniyyat”, “Məktəb”, “Lək-lək”, “Məzəli”, “Dirilik”, “Babayi-Əmir”, “Molla Nəsrəddin”, “Övraği-Nəfisə” jurnallarında “İqbal”, “Yeni İqbal”, “Bəsirət”, “Sovqat”, “Azərbaycan” qəzetlərində 40 çap vərəqindən çox tərcümələri, şeirləri, elmi məqalələri, nəsr əsərləri nəşr olunub (Şamil, 1999:7). Bu əsərlərin əsas mövzusu vətən sevgisi, millətinə, dilinə, dininə xor baxanlara qarşı barışmaz mövqeyi idi.
Bütün bunlar Əmin Abidi 1918-ci ildə İstanbula təhsil almağa gedənədək Qafqaz türkləri arasında coşğun vətənsevər, zəki və əməksevər bir gənc kimi tanıtdırır. O, İstanbulda oxuduğu illərdə “İnci”, “Syus”, “Hizməti-Ümumiyə”, “Yarın İstanbul”, “Şəbab”, “Yeni Kafkasiya” və b. jurnallarda şeirlərini və məqalələrini çap etdirmişdir. Tədqiqatçının ədəbiyyat tarixi ilə bağlı ilk elmi məqalələri də Türkiyə mətbuatında nəşr olunub. Bu məqalələr “Türk yurdu”, “Sərvəti- Fünun” və “Həyat” jurnallarında yayımlanmışdır (AMEA AEİTVSMA, Əhmədov Ə.A., fond 39:12).
Əmin Abid İstanbulda təhsil alarkən Gültəkin təxəllüsü ilə 1924-cü ilin 28 mayında çap etdirdiyi “Bayrağım və istiqlalım” şeirində belə hayqırırdı:
Qaldıqca ruslarda Vətənim mənim,
“İntiqam!” olacaq şüarım mənim! (Gültəkin-Əmin Abid, 1999:25).
İstanbuldakı “Darülmüəllimine-Aliye”yi bitirmiş Əmin Abid Azərbaycan Sovet Sosialist Respublikası Maarif Komissarlığının dəstəyi ilə (ayda 35 ABD dolları təqaüdlə) İstanbul Darül-fünunda oxuyub orada və Vyana, Budapeşt, Qəzvin kitabxanalarında araşdırmaları üçün sənədlər, faktlar toplamışdır (AMTNA, Əhmədov Ə.A. qovluğu, 32796). Beləcə, o, Avropa tədqiqat üsulları ilə Azərbaycan türklərinin ədəbiyyat tarixini yazmağa başlamışdır.
Əmin Abid özündən bir sinif aşağıda oxuyan, 1903-cü ildə Yanyada anadan olmuş Nafiyə Əhməd Şükrü qızı (sənədlərdə o, ögey atasının soyadını - Tevfik Tanur olaraq qəbul etmişdir – Ə.Ş.) ilə 1923-cü ildə evlənmiş və 1927-ci ildə Bakıya qayıtmışdır. Nafiyə Abid imzası ilə şeirlər və hekayələr nəşr etdirmiş bu xanım 1938-ci ilin avqustun 11-də MTN tərəfindən həbs olunmuşdur (Şamil Əli, 1998:72).
2.Əmin Abid Yunus İmrənin şeir texnikası haqqında
İstanbulda oxuyarkən çox cildlik “Azərbaycan türklərinin ədəbiyyat tarixi” əsərini yazmağa başlayan və son cildini “məzuniyyət tezi” kimi müdafiə edən Əmin Abid elmi məqalələrini Türkiyə mətbuatında çap etdirməklə kifayətlənmir. Elm aləmində mübahisələrə son qoyacaq, eyni zamanda yeni mübahisələrə yol açacaq bir neçə məqaləsini Bakıdakı “Maarif və mədəniyyət” jurnalında çap etdirir. O, Azərbaycana qayıtdıqda özü ilə yeni bir baxış gətirir. Ə. Abid bir-birinin ardınca olduqca dəyərli məqalələrini nəşr etdirir. Araşdırıcının belə maraqlı məqalələrinin biri də 29 yaşında nəşr etdirdiyi “Heca vəzninin tarixi (Ədəbiyyat nəzəriyyəsi haqqında) məqaləsidir (“Maarif işçisi”, 1927, sayı 3, 4, 6-7).
“Azərbaycan türklərinin ədəbiyyat tarixi” əsərində olduğu kimi, bu məqaləsində də Əmin Abid heca vəzninin tarixinə nəzər salır. O, şeirimizin Orxon abidələrində, Qaşqarlı Mahmudun “Divani-Luğatit-Türk”ündə, Balasaqunlunlu Yusifin “Qutadqu bilik”ində, Əhmət Yəsəvinin “Divani-Hikmət”ində, “Kitabi-Dədə Qorqud”da olan nümunələrini orta əsr sairlərinin şeirləri ilə müqayisə edərək bu tədqiqatı dövrümüzə qədər gətirib çıxarır. Tədqiqatçı orta əsr heca şeirimizdən danışır, Yunus İmrə yaradıcılığına böyük dəyər verərək yazır: “Əhməd Yəsəvi dövründə on ikili vəznin çox geniş yayıldığını biz hicri 630 tarixində yazılmış "Yusif və Zuleyxa" qissəsinə aid bir mənzumədə də görürük. Bu qədim mənzumənin mətni 1889-cu ildə Almaniyada çap olunmuşdur. Vəzn etibarilə çox qədimləri ehtiva edən bu mənzumə bir çox yerdə nöqtəsizdir (öz qədim imlası ilə verilmişdir):
Mələkninin qulağına eşituldi,
Ol oğlanı almaqlığa deyür imdi.
Andan sonra bu makama hazır gəlgil,
Tilimi malı nemətə sitkıl imdi.
Andan son kərə əlli yıl tamam keçdi,
Vədə bitdi deyib tilim sönür imdi.
Qoşa məzar anda məcmuh olmuş idi,
Cümləsi kuyu uzra uçarlar imdi.
Firiştələr irtiqada bilimdi,
Oq alıb quşı atmağa varur imdi.
Anı gora malın doğru qaldı heyran,
Anı görüb bixud olub düşər imdi.
Heca vəzni, xüsusilə Yunus İmrə və müasirləri sayəsində yeni bir dövrə qədəm qoydu. Məlum olduğu kimi, VII əsrdə (miladi tarixlə XIII əsrdə) yaşamış böyük mütəsəvvif şair Yunus İmrə hecanın bir çox vəznindən istifadə etmişdir. Yunus İmrəyə qədər zəif və cılız olan heca, onun şeirlərində tamamilə yeni bir çöhrə qazandı. Əsərlərində qədim hecanın ibtidai formasının izlənməsi hiss olunmur. Yunus İmrənin hecası "hecai ahəngi” deyil, misrası ahəngə malikdir. Bununla əlaqədar “Heca öz yüksəlişini Yunusda tapmışdır” deyə bilərik. O qədər ki, bu gün Qafqas və Türkiyə ədəbiyyatında belə Yunusun bundan altı yüz il əvvəlki heca vəznindəki hakimiyyətinə çox az təsadüf edilir. Böyük şairin əsərləri, mövzumuzla çox əlaqədar olduğu üçün istifadə etdiyi bütün vəznlərdən bir nümunə verməklə istədiyimiz faydanı təmin etməyə çalışacağıq:
1) Beş hecalı:
Yar, yüregim yar,
Gör ki nələr var,
Bu xalq içində
Bizə gülər var.
Girdik bu yola
Eşq ilə bilə,
Qəriblik elə
Bizi salar var.
Bu yol uzaqdır,
Mənzili çoxdur,
Keçidi yoxdur,
Dərin sular var.
Hər kim mərdanə
Gəlsin meydana.
Qalmasun cana
Kimdə hünər var.
Yunus, sən bunda
Meydan istəmə.
Meydan içində
Mərdanələr var.
2) Altı hecalı. Bu nümunədə üçüncü hecadan sonra fasilə vardır:
Şeyximin elləri,
Uzaqdır yolları,
Açılmış gülləri,
Dərməyə kim gəlir?!
Şeyximin özünü,
Sevərəm sözünü,
............................
Görməyə kim gəlir?!
Şeyximin elini,
Sevərəm evini,
Ol sebil əlini
Öpməyə kim gəlir?!
Əhdiylə vəfalar,
Zövqilə səfalar,
Bu yolda səfalar
Çəkməyə kim gəlir?!
Şəhidin donunu,
Yumazlar qanını,
Dost üçün canını
Verməyə kim gəlir?!
Ah ilə göz yaşı
Yunusun hal daşı.
Səhər bişən aşı
Yeməyə kim gəlir?!
3) Yeddi hecalı:
Sağa qalasın bunda,
Eksiz varasın anda,
Nica yapasın sonda,
Qoyalar qiyaməti?
İsrafil surun ora,
Ölənlər turi kela,
Baş açıq, yalın ayaq,
İstiyələr ol ragti.
Zəbanilər gələlər
Saratı götürələr
Tartuşuban yortələr
Fağanlar öla gatı
Yunus, günahın çoxdur,
San ağlar isən haqdır.
Yarın sənə gərəkdir
Məhəmməd şəfaatı.
4) Səkkiz hecalı:
Qarlı dağlarmı aşdın?
Dərin ırmaqlarmı keçdin?
Yarından ayrımı düşdün?
Niçin ağlarsın, bülbül, hey?
Hey, ne yavuz, inlərsin?
Bənim dərdim yenilərsin?
Dostu görməkmi dilərsin?
Niçin ağlarsın, bülbül, hey?
Qanadın aça bilirsin,
Açuban uça bilirsin,
Hubablar keçə bilirsin,
Niçin ağlarsın, bülbül, hey?
Qalalı şəhrinmi yıkıldı?
Ya namu- yarınmı qaldı?
Qürbətdə yarınmı qaldı?
Niçin ağlarsın, bülbül, hey?
Qədrin bilinməzmi oldı?
Xətrin sorulmazını oldı?
Ol dost görünməzini oldı?
Niçin ağlarsın, bülbül, hey?
5) On hecalı:
Hiç qulaqsız siz quşlarmı uçar,
Mürşüd kişilər doğru yol açar.
Mürşidsüz kişi qalırmış naçar?
Var, bir kamilə sor: niyə gəldin?
Ey Yunus İmrəsən, bu ev kudi,
Kəndi nəfsinə ver sənin idi.
Bilirim demə, sən də gəl imdi,
Var, bir kamilə sor: niyə gəldin?
6) On bir hecalı, fasiləli:
Eşq imamdır bizə, könül cəmaat,
Dost yüzi qiblədir daim salavat,
Can səcdəyə vardı dost hicranına,
Yüz yerə varıban edər münacat.
7) On bir hecalı, fasiləsiz:
Aşiqləri famusi yandırmaya,
Uçmağına bular baş indirməyə,
Yeddi tamu bir ahə qatlanmaya,
Yeddi dəniz eşq odun söndürməyə.
Cövzə qaçmaz kərya kibi var,
Bəçqu kibi iki bulundurmıya,
Musa kimi çobanlıq etməyincə,
Kəlim div Tura göndərməyə.
8) On dörd hecalı, iki fasiləli:
Bən dərvişəm deyənə bir on edəsim gəlir,
Tanıyıban şimdidən varub yetəsim gəlir.
Sırat kıldan incədir, kılıcdan kəskincədir,
Varub onun üstünə, evlər yapasım gəlir.
Altında qaya vardır, içi nar ilə pürdir.
Varub ol kölgəlikdə bir az yatasım gəlir.
Tən eyləmək, xocalar, xatiriniz xoş olsun,
Varuban ol tamuda bir az yanasım gəlir.
9) On altı hecalı:
Dini-millət sorar isən aşiqlərə din nə hacib?
Aşiq kişi xarab olur, aşiq bilməz din, dəyanət.
Aşiqlərin könlü, canı məşuqu yanında olur,
Aynı surətdə qılır kim işləsin zindi itaət.
Yunus İmrədən sonra da Türkiyə təkkələrində çox inkişaf etmiş heca vəzninin ilkin zamanlar Azərbaycan və Qafqaz oğuzlarında hansı vəziyyətdə olmasına dair əlimizdə sənəd yoxdur. Yazılı ədəbiyyatımızda heca nümunələrinə Xətainin şeirlərində təsadüf edirik. Xətainin maddi-mənəvi tərbiyə etibarilə ərəb və fars mədəniyyətinin dəyərlərindən bəhrələnən bir "padşah" olmasına baxmayaraq o, xalq üçün də əsərlər yazmışdır. Xətainin bu fəaliyyəti məfkurəvi xalqçılıq deyildi, öz din və dövlət prinsiplərini əhalinin aşağı təbəqəsi arasında yaymaq məqsədi daşıyırdı. O, əsərlərini siyasi fəaliyyətinə dəstək olaraq yazmışdı. Xətai bu qayəsinə çox müvəffəq olmuş şəxslərdəndir. Türkiyədə bir neçə il əvvəl bağlanan "təkkə dərgah" təşkilatının sayəsində Xətainin əsərləri Anadolu elinin hər tərəfinə yayılmışdır.
Xətainin əsərləri bizim insanlar arasında daha çox zaman öncədən unudulmağa başladığı halda, Türkiyədə indi də yaşamaqdadır. Onun hecası yüz illərdən sonra yetişdiyi halda, Yunusun şeirlərinin yanında çox sönük və ibtidaidir. Xətai Yunusa nisbətdə on bir hecalılardan daha çox istifadə etmişdir. Mövzu ilə bağlı şairin şeirlərindəki ədəbi taktikanı göstərmək üçün kiçik bir hissə nümunə veririk:
Allah bir, Məhəmməd haqq, tanrı birdir,
Ərənlər üstündə biligin nurdur,
Cənnəti-əlada bir dərgah vardır,
Biz də ol dərgahdan ayrılmayalım.
Sevdiyimiz bizim onlar da bilsin,
İnsaf əhli olan insafa gəlsin,
Bir olsun, birlik olsun, dirlik olsun,
Biz getdiyimizdən ayrılmayalım.
Qaba-saba olsun haman yük olsun,
Ərdəlim könül evin pak olsun,
Şah Xətaim nəfsimiz haqq olsun,
Biz də nəfsimizdən ayrılmayalım.
Əslində, bizdə heca vəzninin inkişafı məşhur xalq şairi Kərəmdən sonra başlayır. Həyat və şəxsiyyəti "Manqəbəvi-Legendarnıy" bir mahiyyət alan Kərəm, Şərqi Oğuz türkcəsinin heca sahəsinə gətirdiyi Füzulidir. Onun sayəsində heca vəzni, xüsusilə bu gün çox inkişaf edən on birlik heca ədəbiyyatımızda da yer alaraq inkişaf etdi. Kərəmin hecası Xətainin hecasından quvvətlidir; Yunus İmrə ilə başlayan hərəkatın təkamülü adlandırıla bilər. Əsərləri hər kəsə məlum olan Kərəm ilə Anadolunun yetişdirdiyi Qaracaoğlan, Aşıq Ömər, Gövhəri, Dərdli, Quloğlu kimi şairlər sayəsində heca vəzni bitkin bir hal aldı” (Abid Əmin, 1927).
Əmin Abid Yunus İmrədən söz açdığı həmin illərdə istər Azərbaycanda, istərsə də Türkiyədə Yunus İmrə, Dəvriş Yunus, Aşıq Yunus və b. yaradıcılığı hələ araşdırılmamışdı. Ona görə də uzun illər “Yunus” imzalı şeirlər də, yunusların qəbirləri də Yunus İmrəyə aid edilmişdir. Son illər ərzində bu yöndə xeyli araşdırmalar aparılsa da, dolaşıqlığa son qoyulmağa çalışılsa da, mübahisələr hələ də davam edir.
Türkiyədə Yunus İmrə irsinin öyrənilməsində və həqiqətlərin aşkara çıxarılmasında Sevgi və Ayvaz Göktemirlerin xidməti böyük olmuşdur. Onların hazırlayıb 1990-cı ildə Ankarada nəşr etdirdikləri “Güldəstə” kitabını “Yazıcı” nəşriyyatı 1992-ci ildə Müzəffər Şükür Məchulun çevirmə və tərtibilə “Yunus İmrə Güldəstə şeirlər” adı altında çap etmişdi. Kitabda Türkiyənin o dövrdə mədəniyyət naziri olan Namik Kamal Zeybəkin təqdimat məqaləsi, eləcə də Sevgi və Ayvaz Göktemirlerin Yunus İmrənin həyat və yaradıcılığına aydınlıq gətirən geniş ön sözü verilmişdir. Kitabın müəllifləri yazır: “Yunus İmrədən başqa bir neçə şair də vardır. Onların ikisinin kimliyi bəllidir. Birincisi, xüsusi olaraq da “Aşıq Yunus təxəllüsü götürən, bəzən də özünü Yunus, Dəvriş Yunus və Yunus İmrə adlandıran XV yüzildə yaşamış bir şairdir... Bursada Yunus İmrənin adına çıxılan məzarın bu şəxsə aid olduğu qəbul edilə bilər.
... Tanınan başqa bir Yunus da 1711-ci ildə ölən Dəvriş Yunusdur. Onun şeirləri aradan dörd əsrlik fərq etibarilə Yunus İmrənin şeirlərindən daha asan ayırd edilir. Yunus adlı və ya bu adı götürən başqa şairlər də vardır. Ancaq bunların kimlikləri və yaşadıqları dövr haqqında əldə heç bir məlumat yoxdur. Bir çoxları Yunus İmrə tərzində yazdıqları şeirdə Yunus təxəllüsünü götürmüşdür... “Aşiq sevər” anlamındakı “İmrə” ləqəbi də bu qarışıqlığın səbəblərindən biridir. Bu ləqəbi götürən Səid İmrə və Talibi İmrə adlı Yunus tərzində daha iki şair məlumdur. Bunların bir qismi sufidir. Adlarına məzarlar, türbələr, qəbirlər mövcuddur (Göydəmir Sevgi-Ayvaz, 1992:8).
Sevgi və Ayvaz Göktemirlerin son cümləsindən çıxış edərək Qax rayonunun Oncallı kəndinin yaxınlığındakı meşədə Hacı Tapdıq piri və Şeyx Yunus ziyarətgahına da aydınlıq gətirmək olar. Bunun üçün arxeoloqların, folklorçuların, etnoqrafların və b. mütəxəssislərin həmin əraziyə birgə ekspedisiyası təşkil edilməlidir.
Nəticə
Azərbaycanda Yunus İmrənin şeirlərinin sevilməsinə, dillər əzbəri olmasına, məclislərdə oxunmasına baxmayaraq mətbuatın diqqətini bu mövzu çox gec çəkmişdir. Qafqazda türk dilində yayımlanan ilk qəzet nəşrindən 100 il sonra sufi şair-filosofun həyat və yaradıcılığının Avropa tədqiqat üsulları ilə öyrənilməsinə başlanmışdır. Salman Mümtazın “İnqilab və Mədəniyyət” jurnalının 1929-cu ildə çıxan birinci sayında çap etdirdiyi “Molla Qasım və Yunus İmrə” məqaləsi də Yunus İmrə mövzusunun 1920-ci illərdə Azərbaycan ədəbiyyatşünaslığının diqqətində olduğunu göstərir. Lakin Sovetlər Birliyində türkçülüyün sıxışdırılması, türkoloqların təqib edilməsi və güllələnməsi məsələni gündəmdən çıxarmışdır.
Ayrı-ayrı şəxslərin inadkarlığı və şəxsi təşəbbüsləri 1970-ci illərin sonunda mətbuat və nəşriyyatları Yunus İmrə mövzusuna yenidən baxmağa məcbur etmişdir. Bu işdə Məmməd Aslanın xidməti böyük olmuşdur.
Azərbaycan ədəbiyyatının sayılıb-seçilən bilicisi Yavuz Akpınar “Azəri ədəbiyyatında Yunus İmrə” məqaləsində yazır: “Denilebilir ki, Azeri edebiyatının en az araştırılmış sahası dini edebiyatdır. Tekke şairleri, mutasavvıf şairlere önem verilmemiş, eserleri neşr edilmemişdir. Bu bakımdan Yunusun tesirleri varsa, bunları öğrenmek şimdilik mümkün değildir ve ya tesadüflere bağlıdır (Akpınar Yavuz, 1994:206).
Yavuz Akpınarın rahatsızlıqla söylədiklərindən ötən bu müddət ərzində onlarla təkkə və mütəsəvvif şairinin əlyazması latın əlifbasına çevrilərək çap edilmişdir. Azərbaycanlı araşdırıcılar Türkiyədə keçirilən Yunus İmrə simpoziumlarında maraqlı məruzələrlə çıxış etmiş, elmi və publisistik jurnallarda məqalələr çap etdirmişlər. Bununla yanaşı, Azərbaycanda keçirilən Yunus İmrə simpoziuumları da mövzunun aktuallaşmasına öz təsirini göstərmişdir.
Əmin Abidin “Heca vəzninin tarixi (Ədəbiyyat teorisi)” məqaləsi də ərəb əlifbasından çevrilərək məqalələr toplularında çap olunmuş, neçə-neçə alim öz əsərində bu məqalədən yararlanmışdır. Bütün bunlar onu göstərir ki, heç bir ideoloji basqı, heç bir qadağa ümümbəşəri fikirləri, humanist ideyaları məhv edə bilməz.
Əmin Abid 1938-ci ildə güllələnsə də, əsərləri kitabxanalardan yığışdırılsa da, oxunması üzərinə qadağalar qoyulsa da, o və onun kimi humanist ideyalar daşıyıcısı olan yüzlərlə vətənsevər, millətpərvər insanın səpdiyi toxumu məhv etmək mümkün olmamışdır.
Qaynaq:
1. Abid Əmin.(1927). Heca vəzninin tarixi (Ədəbiyyat nəzəriyyəsi haqqında), “Maarif işçisi” jurnalı, sayı 3, 4, 6-7.
2. Abid Əmin.(1930). Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri, “Azərbaycanı öyrənmə yolu" jurnalı, sayı 4-5.
3. Abid Əmin. (2007). Seçilmiş əsərləri (Tərtib edən və ön söz müəllifi Bədirxan Əhmədov), Şərq-Qərb nəşriyyatı, Bakı.
4. Ağayev İslam. (2000) Əliabbas Müznib. "Elm" nəşriyyatı, Bakı.
5. Akpınar Yavuz. (1994).Azeri ədəbiyyatı araştırmaları, Dərgah yayınları, İstanbul.
6. AMEA Əlyazmalar İnstitutunun Arxivi, Əliabbas Müznib fondu, 23 (Q.Z. 53) fond 1, siyahı 1, saxlama vahidi 55.
7. Azərbaycan Milli Elimlər Akademiyası Azerbaycanda Elmi İrsin Toplanması ve Sistemleşdirilmesi Merkezi Arşivi (AMEA AEİTVSMA), fond 39, siyahı 374, Əhmədov Əmin Abidin qovluğu.
8. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivi. Əhmədova Nafiə Tevfik Taner (həm də Şükri Ahmed) qızının qovluğu 39657.
9. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivi, Əhmədov Əmin Abid Mütəllib oğlunun qovluğu 32796.
10. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivi (AMTNA), Əhmədov Əliabbas (Müznib) Mütəllib oğlunun qovluğu 25082
11. Babayev Adil. (2003) Elimizin və elmimizin soyqırımı, I kitab, Bakı Universiteti nəşriyyatı, Bakı.
12. Bünyadov Ziya.(1993). Qırmızı Terror. "Azərbaycan Dövlət Nəşriyyatı». Bakı. (Kitaba daxil edilən məqalələrin əksəriyyətini Z.Bünyadov 1988-ci ildən başlayaraq "Elm" qəzetinin müxtəlif saylarında və başqa qəzetlərdə nəşr olunub).
13. Əhmədov Bədirxan.(2003). Bir istiqlal yolçusu (Əmin Abidi: həyatı. mühiti, yaradıcılığı), “Elm” nəşriyyatı, Bakı.
14. Hüseynoğlu Əli Şamil. (2002). Türk ədəbiyyatı araşdırmacısı Əmin Abid. “Türk dünyası” (Dil və Ədəbiyyat jurnalı) (Ankara), Güz, sayı 14.
15. İmrə Yunus. (1992). Güldəstə. Şeirlər, “Yazıçı” nəşriyyatı, Bakı.
16. Qasımov Cəlal (1998). Repressiyadan deportasiyaya doğru, “Mütərcim” nəşriyyatı, Bakı.
17. Qasımov Cəlal (2003). Məhbus tərcümeyi-halı, “Səda” nəşriyyatı, Bakı.
18. Gültəkin-Əmin Abid (1999). Buzlu cəhənnəm (Tərtib edən və ön söz müəllifi Əli Şamil), “Günəş” nəşriyyatı, Bakı.
19. Mümtaz Salman.(1986).Azərbaycan ədəbiyyatının qaynaqları, “Yazıçı” nəşriyyatı, Bakı.
20. Şabanoğlu Məhəmməd. (2001). Talanın yastı yolu(Birinci kitab), Azərbaycan Milli Ensiklopediyasını Nəşriyyatı, Bakı.
21. Şahbazov Əli (1926). İstanbul Darülfünunda Azəri ədəbiyyatı tarixi. (Türkiyə məktupları). Yeni fikir qəzeti, Tiflis, 9 Yanvar.
22. Şamilov Əli. (1986).Əmin Abidin “Ədəbiyyat tarixi”. “Ədəbiyyat və İncəsənət” qəzeti, 12 Dekabr , sayı 50 (2237).
23. Şamil Əli. (1999). Əmin Abidin həyat hekayəsi ilə əlaqədar dəqiqin çizgilər. “Bilgə” (Ankara) jurnalı, sayı 21.
24. Şəmsizadə Nizaməddin.(1998). Azərbaycan ədəbiyyatşünaslığı, Bakı.
EMİN ABİD CONSİDERİNG YUNUS EMRE
Abstract: The poems by Yunus Emre have always been recited with great pleasure in Azerbaijan. People were secretly reciting Yunus Emre poems in Mevlit ceremonies during Soviet period when Islam was forbidden. Yunus Emre poems can be encountered in the archives and folklore collections kept in the libraries.
The research of Yunus Emre creativity based on european methods started since 1920s in Azerbaijan Republic. Emin Abid has become the first researcher in this regard. Emin Abid (Abid Mutellib Ahmedov) born in 1898 in Baku was graduated from Istanbul University in 1926 taking his master degree in Lıterature-History. In 1927 he publihsed the article named “Hice vezninin tarixi” (the history of syllabic metre) in the third edition of the journal “Maarif ishchisi” (worker of enlightenment) in 1927 in Baku.
This research piece which contains a good deal of Yunus Emre poems still keeps its actuality. Strengthening the roles of sufi poet Yunus Emre and zaviyes (a special place where darvishes are gathered to conduct religious rituals) in the shaping of syllabic metre Emin Abid gives examples from five, six, seven, eight, ten, eleven, fourteen, sixteen poems based on syllabic metre by Yunus Imre and compares them with Orhun Yenisey scripts, poems in “Divani Lughat it Turk” (The Dictionary of Turkic Languages) by Mahmud Kashgarli, and with differents poems by Shah Ismayil Hatai, Ashik Kerem, Karacaoghlan, Govher, Dertli, Kuloghlu, Ashik Omer, Mahtimkulu.
Key words: Yunus Emre, Mevlit ceremonies, Emin Abid, “Heca vezninin tarixi” (the history of syllabic metre)
Çap olundu: Əli Şamil. Əmin Abid Yunis Əmrə haqqında, Yunis Əmrə Azərbaycan ədəbiyyatşünaslığında. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 538 s. səh. 259-276.
Məqalə 2008-ci ilin oktyabrın 8-10-da Türkiyənin Aksaray Universitetinin təşkil etdiyi I Uluslararası Yunus Emre simpoziumunda oxuduğum “Emin Abid Yunus Emre hakkında” adlı məruzə əsasında hazırlanmışdır. Məruzə həmin universitetin 2009-cu ildə yayınladığı “I Uluslararası Yunus Emre sempozyumu bildiri kitabı”nda (səh:12-17) çap edilmişdir.
|