Asan Refatovun şərəfli ömürü, acı taleyi

Əli Şamil

AMEA Folklor İnstitutunun elmi işçisi

 

Azərbaycan da Kırım da ona vətəndir,

və ya   ASAN REFATOV şərəfli ömrü, acı taleyi

 

Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədrinin (Azərbaycan Bəstəkarlar İttifaqı, 1996:5-6) adı və soyadı qaynaqlarda Asan Refatov, Həsən Rüfətov və   Qasan Rıfatov kimi yazılır.  Yanlışlıq elə ilk baxışdaca görünür. Bu, eyni ad və soyadın rus, Azərbaycan və Krım türkcələrində imla variantlarından irəli gələn müxtəliflikdir. Türkiyədə, Azərbaycanda, İranda, İraqda yaşayan türklər h səsindən geniş istifadə etdikləri halda, tatarlar sözönündə h səsini işlətmirlər. Rus dilində h səsi olmadığından başqa dillərdən alınma sözlərdə bu səs yerindən asılı olaraq  q və ya x səsi ilə əvəzlənir. Ona görə Azərbaycanda, Türkiyədə “Həsən”, “Hasan”  kimi çağırılan ad tatarlarda “Asan”, ruslarda isə “Qasan”, “Xasan”  kimi yazılır və deyilir.

Bugünkü oxucuya Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədrinin tatar  olması qəribə görünər. Çünki elm, ədəbiyyat, incəsənət, eləcə də ictimai-siyasi xadimlərimiz arasında tatarlar yoxdurlar, olanlar da aparıcı mövqedə deyillər.   Yaxın keçmişimizdə isə Bəkir Çobanzadə, Xeyri Əliyev, Fatma Qədiri, Əziz Ubaydullin, Abdulla Şərifov, Həsən və Əli Terequlovlar, Mərziyə Davudova və başqaları ən tanınmış, nüfuzlu Azərbaycan ziyalıları sayılırdılar. Heç kim də onların tatar olduqları halda Azərbaycanda işləmələrinə, şan-şöhrət qazanmalarına təəccüblənmirdi.  Krımdan, Kazandan, Həştərxandan, Səmərqənddən, İstanbuldan və başqa  şəhərlərdən ziyalılar gəlib Azərbaycanda jurnalistlik, müəllimlik, aktyorluq, mühəndislik fəaliyyəti göstərdikləri kimi, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Seyid Rza Əlizadə, Məhəmmədəmin Rəsulzadə və başqaları  da Türkiyədə, İranda, Özbəkistanda və s. ölkələrdə qəzetlər açır, teatr tamaşaları təşkil edir, müəllim, həkim, mühəndis vəzifələrində işləyirdilər.

Azərbaycanda ali təhsil alan, işləyən, musiqi əsərləri yaradan və Bəstəkarlar  Ittifaqının sədri vəzifəsinə yüksələn Asan Refatovun atası Mamut  ağa yalnız yaşadığı Bağçasarayda deyil, bölgədə də bilikli, yenilikçi, vətənpərvər bir insan kimi tanınırdı. Elə buna görə də onu 1890-cı i­llərdə qurulan «Kaytaz ağanın üsuli-cədid (yeni üsul)  məktəbi»nə  işləməyə dəvət etdilər. Mahmud  ağa uşaqlara dərs deməklə kifayətlənmir, gözəl santur çalan olduğundan uşaqlara da musiqi alətlərində çalmağı öyrədirdi. 1902-ci ilin dekabr ayının 19-da Mamut  ağanın ailəsində dünyaya göz açan oğlana Asan adi verdilər. Atası qamışdan düzəltdiyi musiqi alətlərini  3-4 yaşlı oğluna verir. Bu oyuncaq  kiçik Asanın ömür yolunu müəyyənləşdirir.(Bektöre Yalkın, 1993:17-19, sayı 3)

 Asan  ilk təhsilini atasının dərs dediyi məktəbdə alarkən qardaşları və qonşuların uşaqları ilə birlikdə kiçik musiqi proqramı hazırlayır. Bir az  böyüdükdən son­ra simli instrumental alətlərdə, hətta pianinoda çalmağı öyrənir. İlk notu kaman (skripka) çalan böyük  qardaşı  Midatdan alır.

1893-cü ildə anadan olan Midat Krımda gimnaziyanı bitirir. Yeniyetməliyindən elmə, ədəbiyyata, musiqiyə böyük maraq göstərir. 16 yaşında Nikolay Qoqolun “Taras Bulba”, Lev Tolstoyun “Ölüm”, “Həyat fəlsəfəsi”, 1912-1913-cü illərdə “Anna Karenna”, “Canlı meyid”    əsərlərini ana dilinə çevirir. 1908-ci ildə təhsilini davam etdirmək, hüquq təhsili almaq üçün İstanbula gedir. Orada jurnalistikaya maraq göstərir, ictimai-siyasi işlərə böyük maraq göstərir. Birinci Dünya Savaşı(1914) başlayandan sonra Krıma dönməli olur. Burada bolşeviklərlə sıx  əməkdaşlıq edir.  “Rusyada siyasi partiyalar” kitabini yazaraq 1918-ci ildə Ağməscit şəhərində çap etdirir. Krımda bolşeviklərin  tatarca ilk qəzeti “Əməkdar xalq” qəzetini çap edən də Midat olur. (Fazıl Rza, Naqayev Safter, 2001:257) 

Asan böyük qardaşı Midatdan çox öyrənsə də onun solçu fikirlərini ilə razılaşa bilmir.   Bağçasarayda İdadiyə məktəbi adı ilə tanınan gimnaziyada oxuyanda  Asan  milli musiqini nota köçürməklə kifayətlənmir, La Traviata, Aida, Karmen operalarının və rus bəstəkarlarının klassik əsərlərinin partiyalarını yazıb özünün təşkil etdiyi orkestrdə çaldırır. 16-17 yaşlı yeniyetmənin  musiqini nota köçürməsi, orkestri ustalıqla idarə etməsi, müxtəlif musiqi alətlərində, xüsusən də  klarnetdə gözəl  çalması yalnız yerli tatarların deyil, buraya dincəlməyə gələn qonaqların da diqqətini cəlb edir. Bu səbəbdən Bağçasarayda təşkil edilən bayram şənliklərinə, müxtəlif  məclislərə həmişə onu dəvət edirlər.

Bağçasarayda dincəlməyə gələn musiqiçilərin çıxışları, xüsusən Azərbaycandan gedən teatr və musiqi dəstələri Krım türkləri tərəfindən sevinclə qarşılanırdı. Krımlı  aydınlar, iş adamları Moskva, Peterburq  şəhərlərinə, Avropa ölkələrinə  səfərləri zamanı orada opera və simfonik orkestrlərinin konsertlərinə gedirdilər. Millətin mədəni inkişafına bu  tədbirlərin güclü təsir göstərdiyini görürdülər.

1908-ci ildə Bakıda Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının tamaşaya qoyulması nəinki Rusiyadakı türk-müsəlmanları, eləcə də Şərqin bir çox xalqlarını həyəcanlandırmışdır. Krım tükləri də Azərbaycanlıların teatr və opera tamaşaları ilə tanış idilər.

Krım türkləri «Çorabatır»  xalq dastanı ilə qürur duyurdular.  Tanınmış ziyalı, tarixçi-etnoqraf Osman Nuri Akçokraklı(1879-03.01.1938) nəinki tatarlar, qıpçaq türkləri arasında da məşhur olan «Çorabatır» mövzusunda opera  yazmağı Asan Refatova məsləhət görür. (Bektöre Yalkın, 1993:17-19, sayı 3)

 Onda Asan gimnaziyanı  yenicə bitirmiş, musiqi təhsili olmayan 18 yaşlı bir  gənc idi. Ona libretto yazmaqda,  orkestr yaratmaqda  və s. işlərdə   kömək edəcək başqa birisi də yox idi. Belə bir durumda operanın librettosunu yazmaqda şair, dramaturq  Osman Nuri Akçokraklı  gənc Asana yardımçı  olur. Asan bu işin ağırlığını anlasa da, vətəndaşlıq borcunu yerinə yetirməyə çalışır. Milli musiqidən yararlanaraq  klarneti əsas götürüb ilk  Krım tatar operasını yazmağa başlayır.

Vrangelin rəhbərlik etdiyi Rus hərbçiləri-ağqvardiyaçılar milli azadlıq hərəkatında fəal iştirak edən, bolşeviklərin “Müsəlman seksiyası”nin rəhbəri təyin etdikləri   Midat Refatov və Xasan Urmanovu əqidə yoldaşları Reşit Asanov, Useyin Sakayev, Abdulla Baliçiyev və Yevgeniya Jiqalinlə birlikdə 1920-ci ilin aprelin 21-də güllələyirlər. (Fazıl Rza, Naqayev Safter, 2001:258) 

 Bölgədə böyük qarışıqlıq baş verir. Krım savaş meydanına çevrilir və təsərrüfat tamam dağılır. 1921-ci ildə bölgəni böyük aclıq bürüyür və Asan ağır xəstələnir. Bu da “Çorabatır” üzərində işin yubanmasına səbəb olur.

Asan 1922-ci ildə Ağməsciddəki (Simferopol)  Totaykıy Tatar Texnikumunda musiqi müəllimi kimi işə  başlayır. Az zamanda bu­rada nəfəsli orkestr təşkil edir.       (İsmayıl Otar, 1996:3, sayı 17) Gündüzlər dərs deyib, gecələr yeni musiqi əsərləri yazan Asan Refatov qısa zamanda «Totaykıy marşı», B.Çobanzadənin  şeirinə «İgid marşı», Şevki Bektörənin  şeirinə «Qış günündə diləyim», Umer Ipçinin şeirinə «Gənc bülbülcük»  mahnılarını, eləcə də Leyli-Məcnun, Tahir-Zöhrə dramlarına, A.S. Puşkinin «Bağçasaray çeşməsi» (Krım tatarcasına çevirən Osman Nuri Akçokraklı) poeması əsasında hazırlanmış tamaşaya da musiqi yazır.

Evində pianinosu belə olmayan gənc bəstəkar klublardakı, məktəblərdəki alətlərindən  faydalanaraq tamaşalara musiqi yazmaqla kifayətlənmir, yarımçıq qalmış «Çorabatır» operasını bitirir. Bir çox əngəllərə, musiqi alətləri, peşəkar kadrlar, dekorlar və s. qıtlığına baxmayaraq, 3 pərdəli, 6 şəkilli opera 1923-cü ilin sentyabrında Akməsciddəki (Simferopol) Qızıl Əsgər Klubunda tamaşaya qoyulur. Krım Tatar Musiqi tarixində ilk opera olan «Çorabatır» xalqın coşğusuyla, alqışlarla qarşılanır. Professor Bekir Çobanzadə tamaşa haqqında yazır: “Bu Krımtatar sanatı tarixində ilki görülən ən güclü, ən sevimli mədəni, siyasi vaqiyə oldu. Əsərin müəllifləri Osman Akçokraklı və Asan Refatov bununla xalqının mədəni həyatında silinməz iz qoydular” (Fazıl Rza, Naqayev Safter, 2001:231)  

 1924-cü ilin  fevralında Krım Dövlət Dram Teatrında «Çorabatır» operası ikinci dəfə səhnəyə qoyulur. Kommunist rəhbərliyi operanın çoxlu tamaşaçı cəlb etdiyini, xalqın rəğbətini qazandığını, insanlarda vətənpərvərlik, milli hisslər oyatdığını görüb narahat oldular və ona  əngəl yaradır.

1924-cü ildə Sovetlər Birliyinin bir çox yerlərində olduğu kimi,  Krımda da etnoqrafik və arxeoloji bir elmi təşkilat quruldu. Buraya professorlardan Başkirov, Qorozdin, Kaylanski və Krım tatar alimlərindən Osman Akçokraklı, rəssam Useyin Badaninski, Muhtar Hayreddinov, Bilal Cebbar, Asan Refatov və başqaları daxil idi. 1925-ci ildə Useyn Bodaniskinin başçılıq etdiyi etnoqrafiya ekspedisiyasına daxil olan  Osman Akçokraklı Sudak rayonunu Kapısxor kəndindən XVII əsrdə yaşamış şair  Canməhəmmədin 1892 sətirlik “Toqaybəy” əsərinin əlyazmasını tapır. (Fazıl Rza, Naqayev Safter, 2001:229).    A. Refatov isə çoxlu sayda folklor nümunələrini, xalq mahnılarını, yırları, maniləri toplayıb nota köçürdü. 1932-ci ildə onlardan yalnız 150-ni çap etdirə bildi.

Asan Refatov 1926-ci ildə  musiqi təhsili almaq üçün Azərbaycana gəlir, Bakı Konservatoriyasının bəstəkarlıq və dirijorluq fakültəsində təhsil alır. Burada Boris Karaqiçyevin  sinfində nəzəriyyə dərsləri alır.  Üzeyir Hacıbəyovla yaxından tanış olur və onun yaradıcılığını dərindən öyrənir. 1928-ci ildən etibarən konservatoriyanın nəzdindəki musiqi texnikumunda nəzəriyyədən dərs deməyə başlayır. Tələbələri arasından Qara Qarayev, Cövdət Hacıyev, Tovfiq Quliyev, Səid Rüstəmov kimi tanınmış bəstəkarlar yetişir.

Konservatoriyanın tələbəsi olan, texnikumda dərs deyən Asan eyni zamanda yaradıcılığını da davam etdirir. Kiçik həcmli əsərlərlə yanaşı, tamaşalara da musiqi yazır. «Ə.T.» imzalı müəllif «Kommunist» qəzetinin 1929-cu il 26 may tarixli sayındakı «Şərq konserti» məqaləsində yazırdı: «İki gün əvvəl Dövlət Konservatoriyası tərəfindən tərtib olunmuş Şərq konserti bütün göstəricilərimizi isbat edici faktdır. Bu konsert konservatoriya professorlarından Karaqiçev, Aysberq, Hacıbəyli, Mailyan və konservatoriya tələbələrindən Zeynalov və Rüfatovun yazılarından bəzi parçalar çalındı».( T. Ə., 1929: 26 May)

Ü.Hacıbəylinin rəhbərliyi ilə keçirilən bu konsertdən bir ay sonra-iyunun 27-də Konservatoriyada B.V.Karaqiçevin sinfinin tələbələri A.Zeynallı, Q.Buruşteynin, A.Refatovun və N.Karnitskoyun  Azərbaycan xalq musiqisi əsasında hazırladıqları əsərlərdən ibarət konsert keçirilmişdir.(Azerbaydjanskaya qosudarstvennaya Konservatoriya, 1972:59) 

 Asan 1930-cu ildə konservatoriyanı bitirsə də, geri dönməyə tələsmirdi. Çünki onun səmərəli fəaliyyəti üçün burada imkanlar daha geniş idi. Bir  çox həmyerlisi də burada elm və mədəniyyət sahəsində çalışırdı. 1931-ci ildə o, konservatoriyaya prorektor təyin edildi. Gənc bəstəkara bu, böyük etimad idi. O, Bakıda yaşadığı müddətdə İşçi-Kəndli Teatrında Riza Şövqünün  «İrəli»( 1929-cu il, 22 aprel), Hacıbaba Nəzərlinin  «Yolda»(1930-cu il, 2 dekabr), Seyid Hüseynin «Kölgə»( 1932-ci il, 6 noyabr), Qavril Karnellinin «Əfilər» və «Pambıq verək»(1932-ci il), Azərbaycan Dövlət Dram Teatrında Cəfər Cabbarlının «Almaz»( 1931-ci il, 13 aprel) və M. Danilovun «Qara su» (tərcümə edəni: Bayramlı) (1931-ci il, 19 fevral) tamaşalarına musiqi yazır.

Fars şairi Firdovsinin anadan olmasının 1000 illiyinə Azərbaycanda da ciddi hazırlıq gedir, əsərləri tərcümə olunur, «Şahnamə» mövzusunda müxtəlif müsabiqələr keçirilirdi. Asan da bu müsabiqə üçün «Gavə» operasını yazırdı. Azərbaycanlı araşdırıcı Əmin Abid yazırdı: “Son sənələrdə Rifətov Həsən «Gavə”nin əslindən istifadə etmək şərti ilə opera halında dəstələməyə başlayaraq əlan bəzi hissələrini hazırlamışdır”.(Abid Ə., 1934:105)

«Kommunist» qəzeti 26 sentyabr 1932-ci il 226-cı sayındakı bir elanda yazıb: «M.F.Axundov adına Böyük Dövlət Opera Teatrı Türk Sektoru, 1932-1933-cü il mövsümü.

… Təzə operalar: «Koroğlu», « Səfa», «Gavə»

…Kompozitorlar: Hacıbəyli, Maqomayev, Zeynallı, Rüfatov». («Kommunist», 1932:26 sentyabr)

 “Kommunist” və “Bakinski raboci” qəzetləri 1933-cü ilin iyulun 25-də Bakı teatrlarının 1932-1933-cü il tamaşa mövsümü işləri haqqında müşavirə çağırır. Qəzet yazır ki, məsələ haqqında maarif komissarı Cuvarlinski məruzə edəcək. Bədii hissəyə aşağıdakı yoldaşlar çağırılırlar: Əli Kərimov, Maqomayev, Ordubadi, Bülbül, Ü.Hacıbəyov, Rifatov, Əfrasiyab…”(“Kommunist», 1933 :24 iyul)

1934-cü il onun həyatda yüksəlişinin ən yüksək nöqtəsi olur. Həmin ilin iyunun 30-da keçirilən təsis iclasında 32 yaşlı Asan Azərbaycan Bəstəkarlar İttifaqına sədr, N.Karnitskaya (müavin), B.Çebanenko (məsul katib), G.Bruşteyn (yaradıcılıq bölməsinin müdiri), A.İtyakov, M.Kriştul, N.Tağızadə isə təftiş komissiyasına üzv seçilirlər. 1935-ci il mayın 15-də keçirilən iclasda Azərbaycan Bəstəkarlar İttifaqının sədri A.Refatov hesabatla çıxış edərək İttifaqın sədri kimi fəaliyyət göstərdiyi müddətdə 14 iclas, 16 müşavirə keçirildiyini qeyd edir.

1935-ci il iyulun 19-da Azərbaycan Bəstəkarlar İttifaqının hesabat seçki iclası keçirilir. İdarə heyətinə Ə.Kərimov (sədr), Ü.Hacıbəyov (sədr müavini), A.Refatov, M.Maqomayev, K.Çernetsov isə İttifaqa üzv seçilirlər.( Azərbaycan Bəstəkarlar İttifaqı, 1996:5-6)

Krım Mərkəzi İcraiyyə Komitəsi Asan Refatovu 1935-ci ildə vətənə dəvət edir. O, bu dəvəti məmnunluqla qarşılayır. Lakin Asan Refatova işləmək və yaradıcılıqla məşğul olmaq üçün lazımı şərait yaradılmır. Akmesciddəki Tatar Musiqi Texnikumuna müəllim təyin olunur. Lakin yenə də onun normal yaşaması və işləməsi üçün şərait yaradılmır. Bakıdan Krıma döndükdən sonra zəhmət haqqının böyük qismini musiqi alətləri almağa, yaşadığı mehmanxananın bir otaqlı mənzilinin kirayəsini ödəməyə xərcləyir. Bu çətinliklərə baxmayaraq, xalqına xidmət etmək istəyi onu geri dönməyə qoymur. Dərs deməklə yanaşı, yaradıcılıqla da məşğul olur. Yusuf Bolatovunn «Toy davam edir», «Nəsrəddin Xoca», İlyas Tarkan «Hücum» pyeslərinə musiqi yazmaqla yanaşı, tatar yırlarının musiqisini də nota köçürür. Əvvəllər nota köçürdüyü yırlar üzərində yenidən işləyir, onları aranjeman edir. Bütün bunlar onu xalq musiqisi əsasında «Krım süitası» adlı klassik əsərini yazmağa həvəsləndirir.

1936-cı ildə Moskvada hazırlanmış vala Asan Refatovun «Qı­zıl əsgər marşı», «Pioner marşı», «Krım süitası» kimi əsərləri və  nota köçürdüyü xalq yırlarından «İki puqu», «Armut dalda (budaqda) sallanır» və «Şompul» daxil edilir. Bu, onun əsərləri yazılmış ilk və son val olur. Elə həmin il onun «Toy davam etdir» əsəri Sovetlər Birliyində keçirilən radio festivalına və «Şüştər» süitası isə Azər­baycan Bəstəkarlar İttifaqı tərəfindən Üzeyir Hacıbəyovun və Asəf Zeynallının əsərləri ilə  birlikdə  sentyabr ayında Parisdə keçirilən bir festivala göndərilir.

Özbəkistanda və Krımda gözəl səsi, yüksək aktyorluq bacarığı ilə şöhrətlənmiş  Sabirə Erecəpova həmin günləri xatirələrində belə təsvir edir: “O devirdə mənə çox yardımı dəyən Reşat ağanın(Reşat həmin dövrdə Krım radiosunun musiqi redaksiyasına başçılıq etmişdir-Ə.Ş  ) atası Mamut əfəndi, qardaşı Asan Refatov bizim milli musiqi mədəniyyətimizin tarixində mühüm yer tutur. Reşat ağa özü qayət istedadlı adam olub, bütün Krım yırlarını(xalq mahnılarını-Ə.Ş.), ələlxüsus Bağçasaray ətrafının yırlarını mükəmməl bilirdi. Özü  gözəl mandalina çalar və yırlar oxuyardı. Menim yırlar oxumağımda  onun çox faydası oldu. Birincisi, Reşat ağa bizim ədəbi dilimizi yaxşı bilirdi. Mənim dilimi və diksiyamı düzəltməmə böyük yardımı oldu. Mən  Reşat ağadan çoxlu Bağçasaray yırı öyrəndim.

 Reşat ağanın atası Krımın ən usta santurçusu idi. Santur özbək xalqının çan dediyi musiqi alətidir. Mamut efendi santırını öyle çalırdı ki, eşidənlər onun ustalığını heç bir vaxt unutmazlar...

1936-ci ildə mən Moskvaya Ümumittifaq Radio Festivalına Krımdan yırçı olaraq getdim. Orada mükafatlandırılanlar sırasında oldum. ...Konsert Çaykovski adına konsert zalında oldu. Konsertdə mən Asan Refatovun   veolençel, pianino və mənim səsim üçün işlədiyi “İki puqu” yırını və “Noqay beytləri”ni yırladım. Bu konsert mənim  xatirəmdə əbədi qaldı” (Erecepova Sabirə, 1995:68)

Sabirə Erecepovanın təsvir etdiyi bu konsertdə Asan və Reşat Refatov qardaşları, Mamut Nedim kimi Krımın tanınmış musiqiçiləri də iştirak etmişdilər.   

Asan Refatov xalq əfsanəsi  əsasında «Arzu qız» adlı opera yazmağa başlayır. Üzeyir Hacıbəyov «Koroğlu» operasını Böyük Oktyabr Sosialist İnqilabı adlandırılan çevrilişin 20-ci ildönümünə həsr etdiyi kimi, Asan da eyni yolu tutaraq «Arzu qız» operasını yazırdı. 1937-ci ilin aprelin 24-də texnikumda keçirilən bir toplantıda o, dərs  ilində görülən işlərdən danışarkən  demişdir: ««Arzu qız» operasını bitirmək üzrə­yəm. Qismət olsa Oktyabr bayramı günlərində səhnəyə qo­yulacaq...»

Çox təəssüf ki, onun bir çox arzuları kimi «Arzu qız» operasının səhnəyə qoyulması da baş tutmadı. Elə həmin toplantıda çıxış edən tələbələrindən biri: «Refatov bizə Sovet qəzetləri oxumağı  ya­saq edir... Opera yazmağa başqaları da tapılar...» kimi iddialı və ittihamedici bir çıxış edir.  Elə bu toplantıdan üç gün sonra qardaşı Refatla birlikdə həbs edilməsi toplantının əvvəlcədən planlaşdırıldığından xəbər verir.

 Çünki artıq Sovetlər Birliyinin hər yerində kütləvi həbslər başlanmışdı. Rusiyanın işğal etdiyi  türk-tatar xalqlarını azad edib müstəqil dövlətlərini yaratmaq istəyən təşkilatın üzvlərinin çoxu artıq həbs edilmişdir. Kislavodskda həbs edilərək Bakıya dindirilməyə gətirilmiş professor Bəkir Çobanzadənin 12493 saylı istintaq işində «həbs olunan günədək mən (B.Çobanzadə-Ə.Ş) əksinqilabi, millətçi mövqedə durmuşam və SSRİ-dən ayrılmaq şərti ilə türk-tatar xalqlarının vahid müstəqil dövlət halında birləşməsi (Vahid Turan Dövləti) məqsədini qarşıya qoymuşam» ifadəsi də var. 1937-ci ilin fevralın 16-da müstəntiqin «Siz daha kimlərlə əlaqədar idiniz?» sualına  cavabında  o, 1929-cu ildən bəstəkar A.Refatov, 1925-ci ildən Yaqub Zəki, Salman Mümtaz, Hənəfi Zeynallı, Mədinə Qiyasbəyli, Asiya Akimova, 1930-cu ildən Ələkbər Adıgözəlov, Rüstəm bəy Sultanov, İdris Həsənov,  1933-cü ildən Ruhulla Axundov və başqaları ilə birlikdə mübarizələrini davam etdirdiyini söyləyir. (Bünyadov Ziya, 1993: 91, Babayev Adil, 2003:87)

Yalnız Azərbaycanda deyil, SSRİ-nin əksər şəhərlərində gedən bu dindirmələrdən Krımda yaşayan millətçilər kənarda qala bilməzdilər. 1937-ci ilin aprelin 27-də  Asanı və qardaşı Refatı burjua milliyyətçisi və xalq düşməni adı ilə tutub bütün əsərlərini  müsadirə etməklə kifayətlənmir, 1938-ci ilin  avqustun 8-də   ataları 78 yaşlı Mamutu da həbs edirlər.

Professor Bəkir Çobanzadə 1937-ci ildə müstəntiqlər tərəfindən dindirilərkən Sovet hökumətinə qarşı mübarizə aparmaq üçün 5 qrup yaradıldığını söyləyir. Bu qrupların biri Bakıda oxuyan Krımlı tələbələrdən ibarət imiş. Qrupa Bəkir Çobanzadə rəhbərlik edirmiş. Onların arasında Kürkçü Hüseyn, Toplu Osman, İsmayıl Ametov, Enan Abdürrahman, Ağmolla Tanabəyli, Tarki Zəki və başqaları ilə yanaşı, Krımda - Simferopolda müəllim işləyən Reşid və Asan Refatovun da adı çəkilir. (Babayev Adil, 2003:88)

Bu həbslərlə də Refatov ailəsindən əl çəkilmir. Təqib və təzyiqlərə dözməyən anası  Fatma Refat 1943-cü ildə ağır xəstəlikdən vəfat edir. Bir il sonra isə  bacıları Ayşə Refat Özbəkistana sürgünə göndərilir.

Beləliklə, Krımda maarif və mədəniyyət yayan bir ailənin yaşamasına da rus müstəmləkəçiləri  son qoyur.

Bu ailəni Azərbaycanla bağlılığı isə hələ tam aydınlaşmayıb. Belə ki,  fəal bolşevik olan Midat Refatovun Azərbaycana gələrək milli dəyərləri, türk birliyini təbliğ edən “Şəlalə” jurnalının(19.01.1913-21.03.1914) nəşrinə yardımçı olduğunu yazırlar. (Fazıl Rza, Naqayev Safter, 2001:257). Bu ailəyə  yaxın olan, Asan Refatovla bir neçə əsər tamaşaya hazırlayan Osman Akçokraklı 1934-cü ildə millətçilikdə ittiham edilərək pedaqoji institutdan qovulub təqib ediləndə Bakıya bacısının yanına gəlir. (Fazıl Rza, Naqayev Safter, 2001:231).

Bütün bunlar onu göstərir ki, Asan Refatov musiqi təhsili almağa gəlməzdən əvvəl də ailənin   Azərbaycana sıx bağlantısı varmış. Təəssüf ki, bu insanın xidmətləri lazımınca qiymətləndirilməyib və fəaliyyəti öyrənilib, təbliğ edilməyib. Azərbaycanda Konservatoriyasına həsr olunmuş böyük bir kitabda onun adı uç yerdə-58, 64 və 68-ci səhifələrdə ümumi siyahıda çəkilib. Prorektor işləmiş, bəstəkarlıq ittifaqına sədrlik etmiş, tamaşalara musiqi yazmış, opera bəstələmiş, musiqiçi kadrlar haqqında  hazırlamış insana qarşı haqsızlıq deyilmi?!(Azerbaydjanskaya Qosudarstvennaya Konservatoriya, 1972)       

 

Qaynaqlar

1.     Abid Əmin. (1934) Firdovsi «Şahnamə» seçilmiş dastanlar, “Azərnəşr”, Bakı.

2.     Azərbaycan Bəstəkarlar İttifaqı (1934-1994), (1996), « Səda» nəşriyyatı, Bakı.

3.     Azərbaycan teatrının salnaməsi (1983). II hissə (1920-1930), “Yazıçı” nəşriyyatı, Bakı.

4.     Babayev Adil (2003). Elimizin və elmimizin soyqırımı (I kitab), “Bakı Universiteti nəşriyyatı”, Bakı.

5.     Bektöre Yalkın.(1993). Asan Refat «Kırım» üç aylık fikir ve kültür dergisi, sayı 3 Nisan-Mayıs-Haziran.

6.     Bünyadov Ziya. (1993). Qırmızı terror. Azərbaycan dövlət nəşriyyatı, Bakı

7.     Erecepova Sabrie.(1995) Menim enişli-yokuşlu yollarım, “Tavriya” nəşriyyatı, Akməscit.

8.     «Hücüm » jurnalı(1930-1932)

9.     Kərimov İnqilab.(1969). Sovet Azərbaycanın gənclik Teatrı, Bakı.

10.                       «Kommunist» qəzeti (1932). 26 sentyabr, sayı 226

11.                       «Kommunist» qəzeti (1933). 24 iyul, sayı 170

12.                       Otar İsmayıl.(1996). Kırımda Totayköy pedaqoji texnikumu hakkında. «Kırım» (üç aylyk fikir ve kültür dergisi) dergisi,  sayı 17.

13.                       Fazıl Riza, Naqayev Safter.(2001) Kırımtatar edebiyatının tarixi.(Kıska bir nazar), Akmescit.

14.                       T. Ə.(Tahir Əsəd (1929). Şərq konserti. «Kommunist» qəzeti, 26 may, sayı 119.

15.                       Азербайджанская Государственная Консерватория имени Узеира Гаджибекова.1921-1971.(1972) Составител Э.Г.Аббасова, Д. Х.Данилов,  Л.Б.Карагичева, К.К.Сафар-Алиева. Азербайджанская Государственное Издательство, Баку.

 

Çap olundu: Bəstəkarlar İttifaqımızın ilk sədiri-Asan Rifatov. “Yom”(Türk dünyası mədəniyyət dərgisi-rüblük Yaz), 2008, sayı 9, səh. 8-14., Asan Refatovun şərəfli ömürü, acı taleyi. “Musiqi dünyası” jurnalı, 2008, sayı 1-2, səh. 58-61.,

Asan Refatov  Bəstəkarlar İttifaqımızın ilk sədri. Avrasya Krumu sempozyum bildiriler.(Hazırlayan Hayrrettin İvgin) 2008, Ankara, səh. 185-190.

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol