Naxçivan folklor örnəklərində Nizami Gəncəvi əsərlərinin izləri

Əli ŞAMİL,

Aynur QƏZƏNFƏRQIZI

AMEA Folklor İnstitutu

 

NAXÇIVAN FOLKLOR ÖRNƏKLƏRİNDƏ

 NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNİN İZLƏRİ

  

Özət

Nizami Gəncəvi öz yaradıclığında hekayə və əfsanələrdən geniş istifadə edib. Onlardan bəziləri ağızdan ağıza keçərək yaşamışdır və şair onları öz yaradıclığında məharətlə istfadə edib. Digərləri də şairin əsərlərinin təsiri ilə ortaya çıxmış və insanlar arasında yayılmışdır. N.Gəncəvinin dünyaca məşhur Xəmsəsində folklorun izlərini görmək olar.  Şübhəsiz ki, dünyaca ünlü bu əsərin folklordakı izi Azərbaycanda olduğu qədər başqa heç bir yerdə belə geniş yayılmamışdır. Bunu Naxçıvandan toplanmış folklore materialları da sübut edir. Məruzəmizdə Nizami Gəncəvinin əsərlərinin Naxçıvandan toplanmış əfsanə və rəvayətlərdəki izləri araşdırılacaq.

Açar sözlər: Naxçıvan folkloru, Nizami Gəncəvi, rəvayət, əfsanə, Xəmsə, folkor

 

 

Nizami Gəncəvi öz ölməz əsərlərini yaradarkən yazılı qay­naqlarla yanaşı folklordan geniş bəhrələnmişdir. Həmvətənləri də onun əsərlərini yalnız kitablardan oxumaqla kifayətlənməyib, oradakı rəvayətləri, nağılları, əfsanələri və mifləri məclislərdə, toplantılarda söyləmişlər. Beləcə, yazılı mətnlərlə ağızdan-ağıza dolaşan, folklorlaşan mətnlər qaynayıb qarışmışdır. Buna görə də toplanmış folklor nümunələrini araşdırarkən Nizami Gəncə­vinin əsərləri ilə oxşarlıq təşkil edən xeyli süjetə rast gəlmək olur.

N.Gəncəvinin yaradıcılığında folklora önəm verməsi heç də təsadüfi deyildir. Folklorda estetik fikirlərdən söz açarkən Səfər Ələkbərov yazır: “Dünyagörüşü baxımından folklorun var­lığa münasibəti geniş mənada hadisə və predmetlərin xalqa məsxus təfəkkür tərzinə uyğun olaraq obrazlı inikasını təşkil edir. Sözün məhdud mənasında isə folklorun varlığa münasibəti hadisə və predmetlərin yalnız gözəllik baxımından qiymət­ləndirilməsi şəklində aşkar olunur... Kökləri ən qədim zamanlara işləyən Azərbaycan folkloru dərin məzmunlu və janr zəngin­liyinə malikdir. Folklorun estetik və əxlaq tərbiyəsindəki rolu onun bu məziyyətləri ilə ölçülür.” (Ələkbərov Səfər, 1978:4-5)

Araşdırıcıya görə “folklorun həyati qüdrətini başa düşən böyük sənətkarlar daim folklordan bəhrələnmiş, bunu başqa­larına da tövsiyə etmişlər. Nizami Gəncəvi özünün “Xosrov və Şirin” poemasının müqəddiməsində yazıb:

Ruha xoş gəlsə də bu gözəl dastan,

Pərdədə qalmışdı bu gəlin çoxdan.

Tanıyan yoxdu bu gözəl almazı,

Bərdədə idi onun bir əlyazması.

O ölkənin qədim tarixlərindən

Tamam bu dastanı öyrənmişəm mən.

                                 (Gəncəvi Nizami, 1962:6)

Bir həqiqəti də unutmamaq lazımdır ki, istər XII əsrədək, istər də sonrakı yüzilliklərdə tarixi mövzuda yazılmış əsərlərdə əfsanə və rəvayətlər də özünə geniş yer tapmışdır. Elə buna görə də “Xəmsə”dəki bir çox folklor örnəklərinin xalqdan götürül­düyünü söyləyə bilərik. Səfər Ələkbərovun da qeyd etdiyi kimi, “Dahi şair “Xosrov və Şirin” poemasını yazarkən müxtəlif mən­bə­lərlə yanaşı, ağızlarda gəzib dolaşan rəvayətləri də öyrənmiş və gözəl bir sənət əsəri yaratmışdır”. (Ələkbərov Səfər,1978:6)

Azərbaycanda da Nizami Gəncəvinin əsərlərinin Avropa metodları ilə təhlilinə başlandığı ilk günlərdən şairin folklordan bəhrələndiyinə diqqət yetirilib. M.Ələkbərov 1947-ci ildə filolo­giya elmlər namizədi elmi dərəcəsi almaq üçün “Nizami Gən­cəvi və Azərbaycan xalq yaradıcılığı” mövzusunda dissertasiya yazıb. Həmid Araslının “Nizamidə xalq sözləri və xalq ifadə­lə­ri” (Araslı Həmid, 1942:8), “Nizami və Azərbaycan xalq ədə­biy­yatı” (Araslı Həmid, 1947), Ə.Axundovun “N.Gəncəvi və xalq yaradıcılığı”(Axundov Ə., 1954:2), Mübarizin “Nizami yaradı­cı­lı­ğın­da Azərbaycan folklorunun təsiri” (Mübariz, 1938, 24 iyun), Sədnik Paşayevin “Nizami və folklor”, (Paşayev Sədnik, 1976), yenə həmin müəllifin “Nizami və xalq əfsanələri” (Pa­şayev Sədnik, 1983) və b. monoqrafiya və məqalələr mövzunu öyrənmək baxımından olduqca dəyərlidir. Folklorumuzun yorul­maz toplayıcısı və araşdırıcısı professor Sədnik Paşayev bu is­tiqamətdə xüsusi əmək sərf etmişdir. O, “Nizami və xalq əf­sa­nələri” kitabının (Paşayev Sədnik, 1983) ön sözündə yazır: “...Ni­zaminin əsərlərində Herodotun nəql etdiyi əfsanələrin, istərsə də digər qədim əfsanələrin izlərinə rast gəlirik. Ümu­miy­yətlə, folklorla qüvvətli şəkildə bağlı olan Nizami əfsanələrdən daha çox istifadə etmiş, ecazkar sənətkarın xalq əfsanələrindən aldığı süjetlərlə bəzənmiş, ümumiləş­dirilmiş, qüvvətləndirilmiş, xalqa yaxınlaşdırılmışdır. Məhz buna görə də yazılı epik poe­ziyanın əfsanələrlə əlaqəsi məsələsini aydınlaşdırmaq üçün Ni­zami yaradıcılığı zəngin material verir. Bu mütəfəkkir şairin əsərlərində əfsanələrdən yerli-yerində istifadələrin xarakterini aç­maq, faydalı nəticəsini göstərmək müasir ədəbi proses baxı­mından faydalıdır” (Paşayev Sədnik, 1983: 4-5).

Sədnik Paşayevin topladığı “Fərhadın səsi, Fərhadın nəğ­məsi” əfsanəsində deyilir ki, qədim zamanlarda Bazar meydanı yaxınlığında qoşa çinar ağacları var idi. Uzaq və yaxın kəndlərin adamları tez-tez bu çinarların altında yığışardılar. Onları buraya yığışmağa həvəsləndirən Fərhad adlı el nəğməkarının səsi, ürək­ləri yandırıb yaxan mahnılarıydı.

Günlərin bir günü elin nəğməkar oğlu Fərhad bir daha bu yerlərə gəlmədi. Adamlar bundan çox nigaran olmağa başladılar. Bir müddətdən sonra el nəğməkarının sehrli səsi uzaq yerlərdən, uca dağlardan gəlməyə başladı. Camaat bu işə mat qaldı. Dünya görmüş qocalar belə qərara gəldilər ki, dalınca qasid göndərib onu geri çağırsınlar. Bu məqsədlə qasidlər yola düşdülər. Onlar el nəğməkarını Şərurda tapdılar. Lakin onu geri qaytara bilmə­dilər. Çünki el nəğməkarı artıq eşqin şərbətini içmişdi. Fərhad dağlara çıxaraq qayalar arasında tək-tənha bir mağarada yaşa­yırdı. Onun sədası Fars məmləkətinin şahına da çatır. Həm də şah öyrənir ki, bu nəğməkar onun sevgilisinə aşiq olmuşdur.

Şah el nəğməkarı Fərhadı hüzuruna çağırtdırır. Əsl aşiq olan el nəğməkarı Fərhad həqiqəti gizlətmir.

Şah deyir:

– Əgər sən həqiqi aşiqsənsə, sınaqdan çıxmalısan, eşqini əməlinlə sübuta yetirməlisən. Bizim bu yerlərdə uca bir da var. Hərgah onu çapıb arasından yol açsan, Şirin sənindir.

Fərhad bu işdə qolun gücündən çox öz sehrli səsinə gü­vənirdi. Odur ki, Fərhad dağın başına çıxıb yanıqlı bir mahnı oxudu, eli, mahalı köməyə çağırdı.

Adamlar bu səsdən cuşa gələrək axın-axın əlləri belli-kü­lünglü dağa hücum çəkdilər. Fərhad özü də qabağa düşüb əlin­dəki külünglə qayaları parça-parça etməyə başladı. Dağın çapılıb qurtarmasına az qalmış Fərhad yuxuya gedir. Yuxuda görür ki, onun butasına haram əl toxundu. Yuxudan ayılan kimi əlindəki külüngü başına çalaraq özünü məhv edir.

El nəğməkarının səsinə valeh olan bülbüllər bu xəbəri onun vətəninə çatdırırlar. Deyirlər ki, həmin vaxtdan Fərhad ölən yerdən onun məlahətli səsini və külüngünün çaqqıltısını yellər onun vətəninə yetirir. (Paşayev Sədnik, 1983:61)

“Xosrov və Şirin” poemasında diqqəti çəkən başqa bir nüans da “nurdan göz qamaşdıran” (Paşayev Sədnik Paşayev, 1983:64) Şirinin adi insandan çox su ilahəsi Nahidi xatırlat­ma­sıdır. Qədimdə su və od ilahələrinin məbədləri bir-birinə yaxın olmuş, bu məbədlər su kənarında, çox yerdə hərəsi çayın sa­hilin­də tikilmiş, aralarında bir çay – su olmuşdur. (Paşayev Sədnik, 1983:65). İnanca görə, Hörmüzün və Armaitin qızı Nahid su ilahəsi, oğlu Atar isə od ilahəsidir. Araşdırıcılar Naxçıvanda od və su məbədlərinin olduğunu və ayinlər icra edildiyini göstər­mişlər. Bu gün də Naxçıvanda bu məbədlərin qalıqları durur.

Sədnik Paşayevə görə, Naxçıvan ərazisindən toplanan əf­sa­nələrdə Sara və Şirin; Xançoban və Fərhad obrazlarının ara­sın­da müəyyən bir uyğunluq, bənzərlik vardır. Belə ki, “Bir əf­sanəyə görə Arpaçayın sahilindəki “Oğlan qala”da Xançoban, “Qız qala”da isə Sara yaşayırmış, başqa bir əfsanədə isə Fərhad “Oğlan qala”nı özü, “Qız qala”nı isə Şirin üçün tikdiribmiş”. (Paşayev Sədnik, 1983:68). Göründüyü kimi, xalq əfsanələrinin paraleldə öyrənilməsi də onların sirrinin açılmasında böyük rol oynayır.

Naxçıvanda geniş yayılmış və bir neçə variantı müxtəlif qaynaqlarda nəşr olunmuş “Aldədə” əfsanəsinin Fərhadla ruhən bağlı olduğu qənaətinə gələn Sədnik Paşayev yazır: “Fərhadın səsi” əfsanəsi ruh etibarilə “Aldədə” əfsanəsinə çox yaxındır. Aldədə də doğma torpağa quş təki uçur, yad torpaqda isə ayağı tutulur, yerimir. Onun “Nəğməli qarğıları” doğma torpaqda vətənə nəğmə oxuyur, yad torpaqda isə susur, lal olur. (Paşayev Sədnik, 1976:118).

Nizami və folklor mövzusunda bu qədər araşdırmalar apa­rıl­masına baxmayaraq, nədənsə Naxçıvan bölgəsi bu məsələdə diqqətdən kənarda qalmışdır. 1970-ci illərdən sonra bölgədən toplanmış folklor nümunləri onu göstərdi ki, burada N.Gəncəvi əsərlərilə bağlı folklor nümunələri çoxdur. Bu məsələyə diqqət çəkən Ə.Hüseyn oğlu “Sovet Naxçıvanı” qəzetində yazır: “Bu gün xalq arasında mövcud olan bir çox rəvayət və əfsanələr də Nizami əsərlərinin folklorlaşmış variantıdır. Nizami kimi bir ustadın həm özündən sonrakı yazılı ədəbiyyata, həm də şifahi xalq ədəbiyyatına həddindən artıq güclü təsir göstərməsi tamamilə təbiidir. Hətta xalq özünün yaratdıqlarını belə Nizami dühası ilə əlaqələndirməyə çalışmışdır. Dahi şairin əsərləri ilə, xüsusən “Xosrov və Şirin”lə bağlı əfsanələr, rəvayətlər, bayatı­lar Naxçıvan ərazisində çoxdur. Bundan əlavə xeyli yer, çay, bulaq, qala adları da “Xosrov və Şirin” əsərindəki qəhrəmanların adı ilə bağlıdır”. (Hüseyn oğlu Ə., 1984:19 fevral)

Nizami Gəncəvinin “Xəmsə”sində onlarla epik süjet olma­sına baxmayaraq, “Xosrov və Şirin” poemasının qəhrəmanla­rın­dan Fərhadın adı ilə bağlı olan toponim və oykonimlərə Nax­çıvan bölgəsində daha çox rast gəlinir.

Sevgisinə qovuşmaq üçün dağ yaran Fərhadın adı ilə bağlı ən əzəmətli abidələrdən biri Batabat yaylağındakı Fərhad evidir. Çəmənlikdəki tək qayanın içərisi yonularaq 4 otaq yaradıl­mış­dır. Əhəngdaşı qayanın üzərindəki kitabə pozulduğundan bu abidənin nə vaxt yaradıldığını, kimin əl işi olduğunu söyləmək mümkün deyil. Abidə, bəlkə də, qəhrəmana hörmət əlaməti ola­raq Fərhad evi adlandırılıb. Fərhad evinin yanından dərəyə ba­xanda köpüklənə-köpüklənə axan dağ çayı süd arxını yada salır. Onu da xatırladaq ki, Fərhad evindən aşağıda, dərənin içində yerləşən Biçənək kəndinin (Şahbuz rayonu) sakinləri kənddən xeyli aralıdakı bir bulağı “Südlü” bulaq adlandırırlar.

Sədnik Paşayev “Nizami və xalq əfsanələri” kitabında “Fər­hadın səsi, Fərhadın nəğməsi” əfsanəsindən söhbət açarkən ətək yazısında belə bir qeyd verir: “Şərurun Sirab suyu əra­zisində, Məzrə kəndi yaxınlığındakı Quyu dağda “Fərhad ma­ğarası”, “Fərhadın su quyusu” və “Fərhad bulağı” adlı yerlər in­di də mövcuddur”. (Paşayev Sədnik, 1983:68).

Bölgəni yaxşı tanımayan alimimiz topladığı folklor mate­riallarının pasportlaşdırılmasına diqqətsiz yanaşdığı kimi (Sirab və Məzrə Şərur rayon ərazisində deyil, Babək rayonu ərazi­sin­dədir. Bölgədə bir neçə Məzrə kəndi olduğundan Sirab, Kültəpə yaxınlığındakı Məzrə kəndi də Alagöz Məzrə adlanır), görünür, “Ədəbiyyat və İncəsənət qəzetinin 1980-ci il 1 fevral sayındakı Arif Rəhimovun “Vayxırın izi ilə” məqaləsini də oxumayıb. Möv­zu ilə bağlı geniş araşdırmalar aparan dilçi-alim Arif Rəhi­mov yazır: “Köhnə Vayxırın cənub-qərbində “Quyuludağ” adlı bir yer vardır. Dağın şərq hissəsi 250-300 metrlik maili sal daşıdır. Bu sal daşın 160-170 metrliyində 2 metr eni, 11 metr uzunu olan bir yer hamarlanmış və orada iki quyu qazılmışdır ki, bu pilləli quyular əsl möcüzədir. Ora ancaq şimal-qərb tərəfdən bircə yol var ki, bu yolla da bircə adam düşə bilər. Birinci qu­yuda 11 pillə var, ikinci quyuda 27 pillədən sonra səki görünür. Səki burularaq aşağıya doğru 16 pillə enir. Sonra pillələr qırılır və təxminən 2 metr uçurum gəlir. Uçurumun sonu yenidən səki ilə qurtarır və qabağa doğru gedən pilləli yol daş, torpaqla tutulmuşdur. Əfsanəyə görə bu quyuları Fərhad qazmışdır”. ( Rəhimov Arif, 1980:1 fevral)

Arpaçaydan Sədərək kəndinin kövşənlərinə doğru uzanan qədim bir arx da Fərhadın adı ilə bağlıdır. Sədərək yaxınlı­ğın­dakı başqa bir arx isə “Şir” arxı adlanır. “Şir” sözünün bir mə­nası da süd olduğu üçün bu arxın da məhz Nizami qəhrəmanları ilə bağlılığını güman etmək mümkündür.

Sədərək kəndinin başı üzərində bir dağ ucalır: Tejkar dağı. Dağ sərt daşlardan ibarətdir. Bitki örtüyü isə əsasən həmişəyaşıl ardıc kollarıdır. Ta qədimdən bu yerlərin sakinləri ardıc kollarını mü­qəddəs hesab etmişlər. El arasında belə bir əfsanə dolaşır ki, ar­dıc kolları hansısa qəhrəmanın külüngünün sapıdır. Qəhrəman özü­nü öldürmək istəyəndə külüngü havaya atıb köksünü irəli ver­miş, külüng onun köksünə sancılmış, sapı isə yaşıllaşıb qol-budaq atmışdır. Elə ona görədir ki, ardıcın budağını kəsəndə qan axır.

Tejgar və Əjdahan dağlarında bitən ardıc kolları haqqında el arasında gəzən bu cür əfsanə N.Gəncəvinin “Xosrov və Şirin” əsərində Fərhadın ölüm səhnəsini xatırladır:

Döyünən qəlbini sözlər qanatdı,

Dağların başına külüngü atdı.

Külüngün dəstəsi sancıldı yerə,

Nəm topraq can verdi göyərtilərə.

(Gəncəvi Nizami, 1962)

Sədərək kəndindən xeyli yuxarıda – keçmiş Ermənistan SSR-in Yeğeqnadzor (Paşalı) rayonunun Qovuşuq kəndi yaxın­lığında da Fərhadın adı ilə bağlı xeyli yer adları mövcuddur. Qovuşuqla Ələ­yəz kəndləri arasında Vəng adlandırılan qədim bir abidə var. Bu­raya yuxarı yaylaqlardan daşdan yonulub dü­zəldilmiş bir arx gəlir. Yaylaqla Vəngin arası sərt yamaclı dağ­lardır. Ən çevik heyvan – qatır belə buradan çətinliklə keçir. Çox təəssüf ki, arxın yonulmuş daşlarını söküb ətraf kəndlərdə dəyirman novları düzəldiblər.

El arasında gəzən əfsanəyə görə Vəng Şirinin sarayı ol­muş­dur. Yaylaqdan saraya gedib-gəlmək, süd daşımaq çətin ol­duğun­dan Fərhad Şirini təzə südlə təmin etmək üçün daş arxı çəkmişdir.

Şahbuz rayonunun kənd Şahbuz kəndi yaxınlığındakı əzə­mətli və möhtəşəm Şapur qalası da “Xosrov və Şirin” əsərindəki Şapuru xatırladır.

Naxçıvan Nizami Gəncəvinin əsərləri ilə bağlı rəvayət və əfsanələrin yayılması baxımından olduqca zəngin bir muzeyi xa­tırladır. Bu ərazidə yayğın olan əfsanə və rəvayətlərin müxtəlif variant və deyimlərini toplayıb Nizami Gəncəvinin yaradıcılı­ğının da təsirini nəzərə alaraq araşdırmağa ehtiyac duyulur.

 

QAYNAQLAR

1.          Araslı Həmid. (1942). Nizamidə xalq sözləri və xalq ifadələri, SSRİ EA Azərbaycan Filialının xəbərləri, sayı 8.

2.          Araslı Həmid. (1947). Nizami və Azərbaycan xalq ədə­biyyatı,

“Nizami Gəncəvi” məcmuəsi, Bakı.

3.           Axundov Ə. (1954). N.Gəncəvi və xalq yaradıcılığı, Azərbaycan SSR EA xəbərləri, sayı 2.

4.          Ələkbərov Səfər. (1978). “Folklorda estetik və əxlaqi fikirlər”, “Gənclik” nəşriyyatı, Bakı.

5.          Ələkbərov M. (1947). Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı, (avtoreferat), Bakı.

6.          Gəncəvi Nizami. (1962). Xosrov və Şirin, Bakı.

7.          Mübariz. (1938). Nizami yaradıcılığında Azərbaycan folklorunun təsiri, “Ədəbiyyat” qəzeti, 24 iyun.

8.          Paşayev Sədnik. Yanardağ əfsanələri, Bakı, 1976.

9.          Paşayev Sədnik.(1976). Nizami və folklor, Bakı.

10.      Paşayev Sədnik. (1983). Nizami və xalq əfsanələri, “Gənclik” nəşriyyatı, Bakı.

11.         Rəhimov Arif. (1980). Vayxırın izi ilə. “Ədəbiyyat və incəsənət” qəzeti, 1 fevral.

12.         Hüseyn oğlu Əli. (1984). Naxçıvanda N.Gəncəvinin əsərləri ilə səsləşən deyimlər. “Sovet Naxçıvanı” qəzeti, 15 fevral, sayı 43 (13781).

 

ALI SHAMIL, AYNUR GAZANFARAR GIZI

THE TRACE OF WORKS OF NIZAMI GANCEVI IN THE EXAMPLE OF NAKHCHIVAN FOLKLORE MATERIALS

SUMMARY

Nizami Ganjavi took great advantage of stories and legends. Some of them firstly conveyed from mouth to mouth and the poet used them in his own works. The others emerged under the influence of poets works and spread among people. The traces of folklore are possible to be seen in Nizami Ganjavis “Khamsa” which is popular in whole world. No matter how widely spread this immortal work is in the world yet there are not as many folklorised variants in anywhere as they are in Azerbaijan. The folklore materials collected in Nakhchivan prove it. In my paper the traces of Nizami Ganjavis works will be researched within stories and legends collected in Nakhchivan.

Key words: Nakhchivan folklore, Nizami Ganjavi, story, legend, Khamsa, folklore

 

 

СЛЕДЫ ПРОИЗВЕДЕНИЙ НИЗАМИ ГЕНДЖЕВИ НА ПРИМЕРЕ ФОЛЬКЛОРНЫХ МАТЕРИАЛОВ СОБРАННЫХ С НАХИЧЕВАНА

Резюме

Низами Генджеви изпользовал много легенд и рассказов. Некоторые из них дошли до нас через уст в уста, а затем поэт использовал них в своих произведениях. Некоторые из них, появились под влиянием поэта и распространились среди народа. Следы фольклора можно увидеть в Хамсе Низами Ганджави, коорое очень популярно во всем мире. Нет сомнений широко распространенное бессмертное произведение во всем мире, так широко не распространено, кроме Азербайджана нигде. Доказательством этого можно показать фольклорные материалы, собранные в Нахичевани. В докладе будут исследованы следы произвелений Низами Генджеви в легендах и преданиях, собранных с Нахичевани.

Ключевые слова: Нахичеванский фольклор, Низами Ганджави, предания, легенда, Хамса, фольклор

      Çap olundu: Naxçıvan folklor örnəklərində Nizami Gəncəvi əsərlərinin izləri, (Aynur Qəzənfərqızı ilə şərikli), Nizami Gəncəvi və folklor, “Nurlan” nəşriyyatı, Bakı, 146-153.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol