Axundovşunasliğin formalaşmasinda Əmin Abidin rolu
Əli Şamil
alishamil@yahoo.com
AMEA Folklor İnstitutu
 
AXUNDOVŞUNASLIĞIN FORMALAŞMASINDA
ƏMİN ABİDİN ROLU
 
X  Ü L A S Ə
Məqalədə görkəmli Azərbaycan ədəbiyyatşünası Əmin Abidin M.F.Axundza­də­nin ədəbi irsi ilə bağlı araşdırmaları təhlil olunur. Ə.Abidin M.F.Axundza­də­ yaradıcılığı ilə əlaqəli fəaliyyəti üç mərhələyə bölünərək, onun fikirlərinin inkişaf dinamikası izlənilir. Son nəticə olaraq Ə.Abidin bu fəaliyyəti ilə Azərbaycanda Axundovşünaslığın əsasını qoyduğu iddia edilir.
Açar sözlər: Əmin Abid Mütəllibzadə, Mirzə Fətəli Axundzadə (Axundov), Türk ədəbiyyatı, Azərbaycan.
 
Али Шамиль
Институт Фольклора НАНА
Роль Эмина Абида в формировании ахундововедения
 
В статье анализируются исследования выдающего азербайджанского литературоведа Эмин Абида посвященных литературному наследию М.Ф.Ахундзаде. Автор разделяет деятельность Эмина Абида, посвященное М.Ф.Ахундзаде на три этапа, прoслеживает динамику эволюции его мыслей. В результате исследования автор статьи приходит к такому выводу о том, что этой своей деятельностью Эмин Абид основал основы ахундововедения в Азербайджане.
Ключевые слова: Эмин Абид, М.Ф.Ахундзаде, ахундововедения, Aзербайджан, азербайджанская литература
 
Ali Shamil
Folklor Institute of Azerbaijan National Scientific Academy
 
The role of Amin Abid in the formation of Akhundovism
In article is analysis the investigation of the famous specialist in literature Amin Abid’s about of M.F.Akhundov’s literary heritage. Amin Abid’s activities is consisting of three stage and pursued the dynamics of his ideas. In results we can say that it is put a claim  for Akhundocism in Azerbaijan with this activity of Amin Abid.
Key words : Amin Abid , M.F.Akhundov, Akhundovism, Azerbaijan, Azerbaijan literature
 
 
Mirzə Fətəli Axundzadə (Axundov) türk xalqları ədəbiyyatına dramatur­giyanın, Avropa tipli ədəbi tənqidin, materialist görüşlü fəlsəfənin əsasını qoyan bir ədib kimi daxil olsa da, əsərləri və ömür yolu sağlığında lazımı səviyyədə öyrənilməmişdir. 20-ci yüzilin başlanğıcından bu məsələyə diqqət artsa da, ciddi şəkildə öyrənilməsinə 1920-ci ildən sonra başlanılmışdır. Sovetlərin ideoloji məsələyə önəm verməsi Mirzə Fətəliyə də diqqəti artırmışdır. Bundan yararlanan milli düşüncəli araşdırmacılarımız da mövzunu gündəmə gətirmiş, ardıcıl tədqiqatlar aparmış, məqalələr çap etdirmiş və Mirzə Fətəlinin bədii, elmi, fəlsəfi əsərlərini, məktublarını toplayaraq çapa hazırlamışlar. Onların sırasında gənc yaşlarında – 39 yaşında Sovet irticasının qurbanı olmuş Əmin Abid Mütəllibzadənin (Əhmədov) xüsusi yeri var.
Mirzə Fətəli irsini ardıcıl öyrənən gənc araşdırıcı, çağdaşlarının yanlışlığını da aradan qaldırmağa çalışmış, dünyanın hər yerində məsələ ilə bağlı yazılanlar haqqında Azərbaycan oxucusunu bilgiləndirməyə çalışmış və mövzunu ümumtürk ədəbiyyatı kontekstində öyrənməyə üstünlük vermişdir. Bu isə həmin dövrdə olduqca təhlükəli baxış sayılırdı.
Adamların pantürkizmdə suçlandırıldığı, təqib edildiyi, təzyiqlərə məruz qaldığı bir dövrdə belə bir addımın atılması araşdırmacının özünü zərbə altında qoyması ilə yanaşı, Mirzə Fətəlinin də öyrənilməsinin, təbliğinin üzərinə kölgə sala bilərdi. Buna baxmayaraq elmi həqiqət naminə Əmin Abid nə düşünmüşsə onu yazmağa çalışmış, özü də bir çox məsələdə zamanın ideoloji terminlərindən, siyasi baxışlarından uzaq dura bilməmişdir.
Uzun illər Qafqaz Canişinliyinin dəftərxanasında işləyən, rəsmi hökumət qulluqçusu sayılan M.F.Axundzadənin sağlığında əsərlərinin yalnız bir qismi – bədii əsərləri az tirajla çap olunmuş, elmi məqalələrinin, məktublarının və fəlsəfi dünyagörüşünün geniş öyrənilməsinə diqqət yetirilməmişdir. Çünki zamanında bunun üçün bu sahədə çalışacaq kadrlar və münbit şərait olmamışdı.  Buna görə də ədibin bir sıra əsərləri haqqında uzun illər hətta məsələ ilə maraqlananların belə bilgisi olmamışdır. Odur ki, bəzi hallarda yanlışlığa yol verilmiş və bu yanlışlıqlar 100 ilə yaxın davam etmişdir.
Mirzə Fətəli irsinin geniş öyrənilməsinə, nəşrinə və təbliğinə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən (28 aprel 1920-ci il) sonra başlanılmışdır. Bu da təsadüfi deyildir. Keçmişə inkarçı münasibəti ilə seçilən bolşeviklər yeni bir mədəniyyət, yeni bir tarix yaratmaq istəyirdilər. Bunun üçün onlara bir baza, dayaqlar lazım idi. Ateist dünyagörüşlü, dinləri puç hesab edən, əlifbanı dəyişmək istəyən M.F.Axundzadənin həyatı və yaradıcılığının yeni quruluş yaratmaq istəyənlər üçün özül – dayaq rolunu oynayacağı düşünülürdü. Odur ki,  iqtisadi bazanın zəif olmasına, mətbəə avadanlığının azlığına, kadr çatışmazlığına baxmayaraq, 1924-cü ildə Mirzə Fətəlinin “Kəmalüddövlə məktubları” Azərbaycan dilinə tərcümə edilərək Bakıda Yeni Əlifba Komitəsinin nəşriyyatında çap olunur.
1926-cı ildə “Bakı işçisi” Kooperativ Nəşriyyatı M.F.Axundzadənin  komedi­ya­larını və “Aldanmış kəvakib” hekayəsini latın əlifbasına çevirərək çap edir. 1928-ci ildə isə Azərbaycan Xalq Komissarları Soveti M.F.Axundzadənin ölümünün 50 illiyinin geniş qeyd edilməsi, əsərlərinin nəşri, təbliği və araşdırılması haqqında qərar verir.
M.F.Axundzadənin arxivinin yaradılmasına, həyat və yaradıcılığının öyrənil­məsinə, əsərlərinin tərcümə edilməsinə və nəşrə hazırlanmasına gənc araşdırıcı, istedadlı ədəbiyyatşünas Əmin Abid də cəlb edilir.
1898-ci il noyabrın 2-də Bakıda daşyonan ailəsində doğulan Zeynalabdin Mütəllib oğlu Əhmədov şeirlərində və elmi məqalələrində əsasən Əmin Abid imzasını işlətmişdir. Bakıdakı III Aleksandr adına Oğlan Gimnaziyasını bitirən, bir müddət mətbuatda işləyən Əmin Abid sonra İstanbula gedərək orada Darülmüəllimi-Aliyeyi bitirdikdən sonra Azərbaycan hökumətinin təqaüdü ilə 1923-26-cı illərdə darülfününun ədəbiyyat-tarix fakültəsində oxuyur.
1926-ci ilin sonunda vətənə dönən Əmin Abidə M.F.Axundzadənin arxivini qaydaya salınmasını və haqqında araşdırmalar aparılmasını tapşırmaq heç də təsadüfi deyildi. Bu işə onun hazırlığı vardı. İstanbul Universitetində oxuyarkan Vyana və Budapeştdə elmi ezamiyyələrdə olmuş,  “Azəri türklərinin ədəbiyyatı tarixi” adlı elmi iş yazmışdır. Onun yazdığı elmi işi hazırda da oxuduğu universitetin arxivində saxlanır. Ərəb əlifbasıyla 345 səhifə olan bu əlyazma üzərində “Qəbul edilmişdir, 21 Eylul 1926-cı il” qeydi və Mehmet Fuadın, Əli Hikmətin, Fəridin imzaları vardır.
Universitetin professor və müəllim heyətinin yüksək qiymətləndirdiyi elmi iş haqqında  “Yeni fikir” qəzeti yazır: "İstanbul Darülfünunun ədəbiyyat fakültəsində oxumaq üçün burada olan tələbələrdən Əmin Abid yoldaşın məzuniyyət tezi (dissertasiyası) olaraq vücuda gətirdiyi “Azəri türklərinin ədəbiyyat tarixi” adlı əsəri Darülfünun imtahan heyəti tərəfindən qəbul edildi. Elmi üsullara istinadən yazılan tətöbbənamə məclis müdərrisin (professorlar məclisi) tərəfindən təqdir edilərək təb olunmasına (çapına) qərar verilmişdir… Bu mühüm əsəri vücuda gətirməyə çalışmaqla Azəri mədəniyyəti tarixində görülən böyük boşluğu Əmin Abid yoldaşımız qismən doldurmuşdur. Darülfünunda qəbul edilən əsəri kitabının son əsrə aid yalnız bir cildidir. Ümumi əsər altı cilddən ibarətdir. Azəri ləhcəsinin zühur etdiyi tarixdən əsrimizə qədər Azərbaycanda cərəyan edən fikir və ədəbi hərəkat son sosyoloji metodlar nəzərə alınaraq müqayisəli təhlil və tərtib üsullarına əsasən təqdim edilmişdir" (12).
“Yeni bir mədəniyyət yapmaya başlayan azərbaycanlıları sevindirəcək bu hadisə münasibətilə qısa da olsa izahat verməyi faydasız görməyən” Əli Şahbazov  yazır: “Bu vaxta qədər Azərbaycan olduğu kimi Türkiyə mühitində tanıdıl­mamışdır. Tanıdılmağa çalışılmışdırsa da o da müxtəlif qayələrə vaqe olduğundan yalan, yanlış bir fikir verilmişdir. Bu mühüm əsəri vücuda gətirməyə çalışmaqla azəri mədəniyyəti tarixində görülən böyük boşluğu Əmin Abid yoldaşımız qismən doldurmuş bulunuyor” (12)
Respublikanın rəhbər işçilərinin, hətta sıravi kommunistlərinin belə hər gün diqqətlə izlədikləri Zaqafqaziya Sovet Fedarativ Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarlar Sovetinin orqanı olan “Yeni fikir” qəze­tində belə bir məqalənin çap olunması o demək idi ki, Əmin Abidə rəsmi dairələrin münasibəti yaxşı olmuşdur.
Elə həmin məqalədə göstərilir ki, macar şərqşünası Margit Pallun “Azərbaycan türklərinin ədəbiyyat tarixi”nin özətini macar dilinə çevirib nəşrə hazırlayır və Ə.Abid Bakıya gedib əsərini Maarif Komissarlığına təqdim edəcək. “Maarif Komissarlığı müseyerinden dolayı Əmin Abid yoldaşımıza takdir madalyası veriləcək" (12)
Əli Şahbazovun haqqında söz açdığı “məzuniyyət tezi”ni – dissertasiyanı Azərbaycan ədəbiyyatının və ictimai fikrinin yorulmaz araşdırıcısı, İzmirdəki Ege Universitetinin professoru Ə.Y.Akpınar 1990-cı ildə tələbəsi Əziz Mehraniyə əski əlifbadan latın əlifbasına çevirtdirmişdir. Həmin çevimənin 181-ci səhifəsi, yəni “məzuniyyət tezinin” 212-ci səhifəsi Mirzə Fətəliyə həsr olunmuşdur.
Bu Əmin Abidin M.F.Axundzadə haqqında yeganə yazısı deyil. Onun “Sərvət-i fünun”, “Türk yurdu” “Həyat”, “Maarif və Mədəniyyət”, “Maarif işçisi”, “Dan yıldızı” və b. jurnallarında çap olunan məqalələri Azərbaycan SSR Maarif Komissarlığının əməkdaşlarına da, partiya-sovet işçilərinə də tanış idi.
Əmin Abidin İstanbulda tələbə ikən yazdığı, lakin siyasi səbəblərdən orada çap etdirə bilmədiyi böyük həcmli “Oktyabr inqilabının Azərbaycan ədəbiyyatına təsiri” məqaləsinin ətək yazısında belə bir qeyd var: "19-cu əsrin sonlarına doğru Şimali İrandakı türklər arasında ədəbiyyat tamamilə nifaq etdi. Ədəbi fəaliyyət yalnız bizim Qafqaz türklərinə mühəssil qaldı ki, iyirminci əsrin başlanğıcında sxolastik dini ədəbiyyatı mütəşəkkil bir nəşriyyat halında yaşadan yalnız kiçik sahə olmuşdur" (“Azərbaycan türklərinin ədəbiyyatı tarixi, üçüncü cild – Ə.Abid") (11, s.173).
Bu da onu göstərirdi ki, Əmin Abidin yazmış olduğu “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərinin üçüncü cildində M.F.Axundzadə və çağdaşlarının yaradıcılığını da geniş araşdırmaya cəlb etmişdir.
Əmin Abidin M.F.Axundzadə irsinin ardıcıl öyrənilməsindəki fəaliyyətini üç mərhələyə bölmək olar. Birinci mərhələ 1923-26-cı illəri, ikinci mərhələ 1927-33-cü illəri, üçüncü mərhələ 1934-37-ci illəri əhatə edir. Filologiya elmləri dokroru Bədirxan Əhmədov ikinci və üçüncü mərhələni nəzərdə tutaraq yazır: “Bu dövrü cəsarətlə axundovşünasılğın qızıl dövrü adlandıra bilərik. Çünki M.F.Axundovun istər yaşadığı, istərsə də ölümündən sonrakı mərhələdə onun həyatı, mədəni mühiti, əsərləri bu qədər fundemental tədqiqat obyekti olmamışdır. Bu tədqiqatların isə böyük əksəriyyəti Əmin Abidin payına düşür” (7, s.179).
Əmin Abidin 1923-26-cı illərdə yazdıqlarını yenidən gözdən keçirib, genişləndirib sonrakı məqalələrinə istifadə etdiyinə görə birinci mərhələnin üzərində durmağa ehtiyac duymadıq.
 
1. Ə.Abidin 1927-30-cu illərdə M.F.Axundzadəylə bağlı araşdırmaları
 
Mirzə Fətəlinin çoxsahəli yaradıcılığını öyrənmək və təbliğ etməkdə fəallıq göstərən  Ə.Abidin Azərbaycan mətbuatında M.F.Axundzadə haqqında ilk sanballı məqaləsi 1928-ci ildə çap olunub.  “Maarif  işçisi” jurnalının 3-cü sayının 20-50-ci səhifələrini tutan məqalə “Mirzə Fətəli Axundovun türk ədəbiyyatında mövqeyi və təsis etdiyi ədəbi məktəb” adlanır. Bu məqalə heç bir qeyd verilmədən Tbilisidə çap olunan “Dan yıldızı” jurnalının 1928-ci il, 4, 5 və 6-cı saylarında “Türk ədəbiyyatında Mirzə Fətəli Axundov” adıyla da verilmişdir.
Rusiya siyasətçilərinin, eləcə də onların davamçısı olan bolşeviklərin əsarət altına aldıqları türk xalqlarını parçalayaraq bir-birindən ayırmağa çalışdıqları, hər xalqdan bir millət düzəldərək onlara tarix, ədəbiyyat, folklor yaratmağa çalışdıqları bir dövrdə Əmin Abidin belə bir mövzuya girişməsi böyük cəsarət idi. O, “pantürkist” damğası ilə təqib və təzyiqlərə məruz qalacağından qorxmayaraq 19-cu yüzilədək ümumtürk ədəbiyyatının qısa xülasəsini verdikdən sonra Mirzə Fətəlinin ədəbiyyata gətirdiyi yenilikdən və bunun istər Osmanlı dövlətində yaşayan ədiblərə, istər tatar-başqırdlara, istər türküstanlılara və İran türklərinə göstərdiyi təsiri faktlarla ortaya qoyur.
O, yazır ki, Osmanlıda elan edilən “Tənzimat”dan on iki il sonra M.F.Axun­dov komedyalarını yazmağa başlasa da, “Qafqazda türk səhnə ədəbiyyatı təsis edilərkən, Daşkənddən İstanbula, Təbrizdən Kazana qədər uzanan türk ədəbiy­yatında ... avropayi ədəbiyyat texnikası da filizlənmə dövründə bulunurdu (1, s.25).
M.F.Axundzadənin ədəbi dilin sadələşdirilməsindəki, ədəbiyyatı fərdi duyğulardan qurtarıb ictimailəşdirməsindəki, səhnə əsərləri yaratmasındakı, Avropa tipli ədəbi tənqidin yaradıcısı olmasını, əlifba islahatına can atmasını yüksək qiymətləndirən Əmin Abid yazır ki, o, mövzunu metafizik mahiyyətdən uzaqlaşdıraraq həyatiləşdirmiş, “Şərqi oğuz türklərinin ədəbiyyatını sxolastizmidən çıxarmışdır. Yeni ədəbi məktəb yaradan Mirzə Fətəlini “Nəsimi və Füzulidən sonra türk ədəbiyyatının bütün şöbələri üzərinə təsir yapmağa müvəffəq olan bir şəxs” kimi dəyərləndirərək, onu “çılpaq bir dinsiz olaraq meydana çıxmasa da”, “dini xürafati cəhətdən tənqid edən” filosof kimi dəyərləndirir. Bu nəticəyə gəlir ki, türk ədəbiyyatında layiqlik onunla başlamışdır (2, s.14).
Mirzə Fətəlinin səhnə əsərlərinin təsirindən söz açanda Ə.Abid yazır: “Osmanlı türk ədəbiyyatında ilk pyes yazan İbrahim Şinasi, pyesi ilk səhnədə oynanılan Namiq Kamaldır. Halbuki M.F.Axundov İstanbula getdiyi zaman İbrahim Şinasi üç sənə idi ki, tələbəlik həyatından çıxıb, maarif və mətbuat sahəsinə girmişdi. Namiq Kamal da hənuz 11 yaşında bir çocuq idi” (4, s.103).
Kazan tatarlarının ədəbiyyatının yenilənməsində, səhnə əsərlərinin yaran­masında Mirzə Fətəlinin təsirini faktlarla ortaya qoyan Əmin Abid “Mirzə Fətəli Axundovun türk ədəbiyyatında mövqeyi və təsis etdiyi ədəbi məktəb” məqaləsinin sonunda sonralar mübahisə mövzusuna çevrilmiş belə bir açıqlama verir: “M.F.Axundovun Avropa mədəniyyəti ilə aşina olmasını Mirzə Şəfi adlı birisinin rəhbərliyi ilə olduğunu mətbuatımızda ilk dəfə olaraq F.Köcərli ifadə etmişdir (Azərbaycan ədəbiyyatı. Rusca kitaçası, Tiflis, 1903). Bu iddia ondan sonralar ağızdan-ağıza dolaşa-dolaşa ta zamanımıza qədər bir həqiqət olaraq davam etmişdir. Firidun bəyin bu iddasında nə qədər yanlış olduğu, əlimizə keçən alman vəsiqələrinə istinadən yapdığımız bir təhlildə aydın bir surətdə göstərilmişdir (Mirzə Fətəli yubiləsi komisyonunun albomuna bax!)” (4, s.98).  
Çox təəssüf ki, yubiley komissiyasının albomunu tapa bilmədik. Amma Əmin Abidin bu iddiası təsirsiz ötməmiş, Ə.Ə.Səidzadə ilə münaqişəyə səbəb olmuş­dur. Ə.Ə.Səidzadənin “Kommunist” qəzetinin 1929-cu il 8 və 10 noyabr saylarında çap olunan “Mirzə Şəfi Vazeh” məqaləsinə elə həmin qəzetin 22 və 29 noyabr saylarında Əmin Abid “Mirzə Fətəliyə yersiz bir hücum münasibətilə”  məqaləsi ilə cavab vermişdir. 13 gün sonra, yəni dekabrın 12 və 13-də Ə.Ə.Səidzadə yenə də həmin qəzetdə “Əmin Abidə cavab” məqaləsini çap etdirmişdir. Əslində bu mətbuat münaqişələri mövzunu aktuallaşdırmaqla yanaşı, araşdırıcıları yeni axtarışlara təhrik etmişdir. Ə.Ə.Səidzadə Mirzə Şəfi haqqında yazdığı kitabı çap etdirmiş, Əmin Abidin “Mirzə Şəfi Vazeh” kitabı çap olunmasa da əlyazması arxivdə qalmışdır. Birinci dəfə 1929-cu ildə üzərində işlənərək tamamlanmış, 1934-cü ildə üzərində yenidən işlənərək əlavələr edilmiş monoqrafiyada Mirzə Şəfi və Mirzə Fətəli münasibətləri haqqında geniş bilgi vardır (6, f.170).
Əmin Abid 1928-ci ildə “Maarif  işçisi” jurnalının 4, 5, 6, 7 və 8-ci saylarında “M.F.Axundov haqqında (Avropa, Rusiya, Türkiyə və Azərbaycan mətbuatında yayılan tədqiqlərə vəsiqələrlə müqayisəli bir baxış)”, “Dan yıldızı” jurnalının 1928-ci il 4, 5 və 6-cı saylarında “Türk ədəbiyyatında M.F.Axundov”, 1929-cu ildə “İnqilab və mədəniyyət” jurnalının 6-cı sayında “Mirzə Fətəli Axundovun əlifba inqilabçılığı və latın sistemli əlifbası”, 1930-cu ildə yenə “İnqilab və mədəniyyət” jurnalının 11-12-ci saylarında “Mirzə Fətəli Axundzadənin məlum olmayan əsərləri” adlı məqalələri birbaşa mövzu ilə bağlı olub, axundovşünaslığa yenilik gətirən sanballı araşdırmalar idi.
“İnqilab və mədəniyyət” jurnalının 1929-cu il 10-cu sayında çap etdirdiyi “Zərərli tənqidlər” məqaləsi birbaşa M.F.Axundovla bağlı olmasa da, oradakı Mirzə Fətəli ilə bağlı söylədiyi fikirlər Əmin Abidin dünyagörüşünü və ədəbiyyat tariximizi araşdırma metodunu öyrənmək baxımından maraqlıdır (10, s. 255).
Əli Nazimin Moskvadakı “Peçat i revolyusiya” jurnalının 1929-cu il iyul sayında çap olunmuş məqaləsinə cavab kimi yazılmış “Zərərli tənqidlər” məqaləsinin (3, sayı 10) xeyli hissəsi M.F.Axundzadəyə həsr olunub. Əmin Abid yazır: “Nazim böyük ədibimiz M.F.Axundovu türk xalqları ədəbiyyatının gedişi içində tədqiq etməyi bir pantürkizm ideolojisi kimi qəbul edir və bu nöqteyi-nəzərdən Mirzə Fətəliyə aid yapılan bəzi tədqiqlərə hücum edir. Bir ədəbi dövr və yaxud bir ədəbi sima haqqında doğru bir nəticə çıxarmaq üçün mühəqqəq onun mütəəsir olduğu ictimai və ədəbi şərtləri təhqiq etmək lazım gəldiyi kimi, əsərinin xarici qiymətini təyin edə bilmək üçün də təsiri altına düşdüyü mühitin onun zövqü üzərindəki təsir dərəcəsini təyin etmək icab edər” (8, s.172).
“Pantürkist” adlandırılmasından, təqib və təzyiqlərdən çəkinməyən Əmin Abid öz araşdırma metodundan geri çəkilmir. Əksinə onu suçlayanlara də təsir göstərmək istəyir. Bunun üçün də “proletar ədəbiyyatı”ndan nümunə gətirərək yazır: “...bu gün Azərbaycan, Türkistan, Tatarıstan, Kırım, Türkiyə mətbuatında Nazim Hikmət haqqında bir təhlillər yapıldığını, əsərlərinin təkrar edildiyini və ona nəzirələr yazıldığını görməkdəyik. Bu nə deməkdir? Bu Azərbaycan proletar ədəbiyyatında ilk dəfə özünü göstərmiş olan N.Hikmətin bütün türk xalqları ədəbiyyatı üzərinə təsirə başladığını göstərir. Buna görə, N.Hikməti bir tənqidçi və yaxud ədəbiyyat tarixçisi ümumi türk ədəbiyyatının gedişi içində tədqiq etməzsə, onun ədəbi mövqeyini xəyallaşdırmış olur(8, s.164). 
Əmin Abid 1890-cı ildə “Yitcrarishe Centralblatt” jurnalında almanca çap olunmuş bir məqalədə Mirzə Fətəlinin Molyerdən təsirləndiyi fikrinin yazıdan-yazıya köçürülərək yayğınlaşdığını da doğru hesab etmir və bu yanlışlığı təkrarlayan Əli Nazimə də iradını bildirir (8, s.165). 
Araşdırıcının “Maarif işçisi” jurnalının 1928-ci ildəki 4 (36), 5-6 (37-38), 7-8 (39-40) saylarında çap olunmuş məqalənin sonunda “məbadi var” yazılsa da  yarımçıq qalmışdır. Onun Mirzə Fətəlidən bəhs edən məqalələri bəzən sonadək çap edilməyib, bəzən də jurnalın mündəricatında məqalənin adı göstərilsə də, hansı səbəbdənsə çapı dayandırılıb. Bir çap vərəqi həcmində olan bu məqaləni Azərbaycanda M.F.Axundzadə haqqında ilk müqayisəli biblioqrafiya adlandırmaq olar. Çox təəssüflər olsun ki, sonralar M.F.Axundzadənin bibloqrafiyasını hazır­layan araşdırıcılarımız Ə.Abidin bu zəhmətini layiqincə qiymətlən­dirməmişlər.
Məqalənin ilk abzasından məlum olur ki, araşdırıcı İstanbulda olarkən bu işə başlayıbmış. Bakı kitabxana və arxivlərində M.F.Axundzadənin haqqında yazılanların hamısının olmamasından rahatsızlıq keçirən Ə.Abid məqaləsinin sonunda belə bir qeyd verir: “Mövzumuzu təşkil edən sətirlər ədəbiyyatımız tarixinə aid hazırlamaqda olduğumuz əsərdən bir xülasədir (“Azərbaycan türklərinin ədəbiyyatı tarixi”, Əmin Abid, dördüncü cild)” (2, sayı 4, s.40). Buradan aydın olur ki, Əli Şahbazovun haqqında bilgi verdiyi altı cildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” çapa tam hazır deyilmiş.
Dövrü mətbuatdan aydın olur ki, 1928-ci ilədək M.F.Axundzadənin üç mənzum əsəri, “Təmsilatı” və bir neçə nəsr əsəri oxuculara məlum imiş. Ədibin bir çox elmi, fəlsəfi əsərləri haqqında nəinki geniş oxucu kütləsi, hətta araşdırıcılar da xəbərlərsizlərmiş. Odur ki, Əmin Abid 1930-cu ildə “İnqilab və mədəniyyət” jurnalının 11-12-ci saylarında “Mirzə Fətəli Axundzadənin məlum olmayan əsərləri” məqaləsində “Rövzətül-səfai Nasiriyyə” tənqidi risalə, “Xristofor Kolumb”, “Şair Süruş ilə “İran” qəzeti haqqında tənqidi risalə”, “Vaqif və Zakirin məcmuəyi-əşari”, “İngiltərə filosofu Yuma cavab”, “Cəlaləddin Rumi haqqında tənqid risaləsi”, “Mirzə Fətəlinin mənzum əsərləri”  haqqında yığcam və dəyərli bilgilər vermiş, əlifba haqqında əsərlərinə gəldikdə isə “Mirzə Fətəlinin yeni əlifba xüsusunda yazdığı beş əsəri vardır. Bunlar barəsində ikinci bir məqaləmizdə bəhs ediləcəkdir” (3, sayı 11-12, s.45) yazmaqla kifayətlənir.
Mirzə Fətəlinin öz əsərlərini diqqətlə oxuyan araşdırıcı bu qənaətə gəlir ki, M.F.Axundovun “Həqiqülyəqin” adlı əsərinin olduğunu yazanlar yanlışlığa yol vermişlər. Bu əsər Axund Molla Məhəmməd Bakir Məclisinindir. Bu yanlışlıq da M.F.Axundovun “Kəmalüddövlə məktubları”nda “dini tənqid edərkən iki yerdə “Həqiqülyəqin” adında xürafi bir əsərin adını mənbə sifətilə yad etmə”sindən qaynaqlanıb.
“Azərbaycanı öyrənmə yolu” jurnalının 1930-cu il 1-ci sayının mündəri­catında da Əmin Abidin “Mirzə Fətəli Axundzadənin əsərlərindən 1714 və 1701” məqaləsinin adı keçsə də, jurnalda məqalə çap olunmayıb. Sonrakı jurnallarda və arxiv materialları arasında adı çəkilən məqaləyə rast gəlmədik.
Əmin Abidin 1927-30-cu illərdə M.F.Axundzadə haqqında çap olunmuş məqalələri bir yerə toplandıqda sanballı bir kitab yaranır. Təəssüf ki, dövrün ictimai-siyasi durumu belə kitabın çapına nəinki şərait yaratmış, əksinə istedadlı və işgüzar bir araşdırıcını Bakıdan uzaqlaşdırmış, əsərlərinin çapını əngəlləmişlər. Onu hörmətdən salmaq üçün “Kommunist” qəzetinin 1930-cu il 17 yanvar sayında “Ə.Ə.” imzasıyla “Elmi aferist” adlı məqalə də çap etdirmişlər.
 
2. Ə.Abidin 1934-37-ci illərdə M.F.Axundzadəylə bağlı araşdırmaları
 
Əmin Abidin adı KQB-nin (o illərdə təşkilat Dövlət Siyasi İdarəsi adlanırdı – Ə.Ş.) “qara” siyahısına düşdüyü üçün onu millətçi kimi işdən azad edir, Azərnəşrin çap planındakı əsərlərini çıxarır, qəzet-jurnallardakı məqalələrinin nəşrini əngəl­ləyir və Bakıdan uzaqlaşdırırlar. O, Qubada, Ağdamda müəllim işləsə də elmi yaradıcılıqdan əl götürmür.
Azərbaycandakı hakimiyyət dəyişikliyi, SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan şöbəsinin təşkili ilə eyni vaxta düşür. Əmin Abid 1933-cü il mayın 2-də elmi müəssisədə işə girmək haqqında ərizə verir. Altı aylıq çək-çevirdən sonra kadr çatışmadığına görə Əmin Abidi işə qəbul etmək məcburiyyətində qalırlar.
Elmi müəssisədə əmək fəaliyyətinə başlamazdan bir neçə ay əvvəl “İnqilab və mədəniyyət”  jurnalının  1933-cü il 3-cü sayında çap etdirdiyi “M.F.Axundovun  daha bir neçə məlum olmayan əsərləri” məqaləsi ona yenidən M.F.Axundzadə mövzusunun tapşırılması ilə nəticələnir. “İnqilab və mədəniyyət”  jurnalının  1934-cü il 8-ci sayında  yazılır: “Elmlər Akademiyasının Azərbaycan şöbəsi məşhur dramaturq və filosof Mirzə Fətəli Axundovun bir sıra fəlsəfi əsərlərini toplayaraq çapa hazırlayır. Bu kitab Əli Nazim və Əmin Abidin nəzarəti altında türkcə və rusca çıxacaq.”
Əmin Abidin 1933-37-ci illərdə Mirzə Fətəli haqqında  odluqca səmərəli araşdırmalar aparsa da, bir neçə kitab yazsa da, onlardan cəmi ikisi –   “M.F.Axundovun daha bir neçə məlum olmayan əsərləri” və “Mirzə Fətəli Axundovun mətbuat münaqişələri”  məqalələri dövrü mətbuatda çap olunur. 1930-cu ildəki “Mirzə Fətəli Axundzadənin məlum olmayan əsərləri” məqaləsində “Mirzə Fətəlinin yeni əlifba xüsusunda yazdığı beş əsəri vardır. Bunlar barəsində ikinci bir məqaləmizdə bəhs ediləcəkdir” qeydi onu göstərir ki, birinci məqalə həmin vaxt çapa hazır vəziyyətdə imiş.
“M.F.Axundovun daha bir neçə məlum olmayan əsərləri” məqaləsində araşdırıcı əsasən Mirzə Fətəlinin əlifbanı dəyişmək uğrunda apardığı mübarizədən, bu məsələ ilə bağlı hazırladığı sənəd və yazışmalardan bəhs etməklə yanaşı, “Babilik əqidələri”, “Nüsxeyi-Kəmalüddövlənin ilavəsi”, “Mirzə Fətəlinin avtobi­oq­rafiyası” haqqında da yığcam bilgi verir. Ə.Abid 1930-cu ildə Mirzə Fətəlinin əlifba haqqında beş əsərindən söz açacağını yazırsa, 1933-cü ildə çap etdirdiyi məqalədə yeddi əsərdən danışır. Bu da onu göstərir ki, o, mövzu üzərində işləmiş, M.F.Axundzadənin yeni əsərlərini ortaya çıxarmışdır.
Əmin Abidin ilk dəfə M.F.Axundzadə ilə H.B.Zərdabinin  məktublaşmasını  araşdırmaya cəlb edərək “Mirzə Fətəli Axundovun mətbuat münaqişələri” adlı məqaləsini “İnqilab və mədəniyyət” jurnalının 1936-cı il 3-cü sayında çap etdirir. Bu gün belə aktuallığını itirməyən araşdırmada hər iki dahinin mətbuat, mətbuatın vəzifələri və mətbuatın dilinin sadəliyi və s. məsələlər oxucuya çatdırılır.
 Azərbaycan SSR Xalq Maarif Komissarlığının tapşırığı ilə Əmin Abid M.F.Axundzadənin əlyazmalarının və ona məxsus əşyaların Tbilisidən alınıb Bakıya gətirilməsində yaxından iştirak edir. Sonra da fondun elmi təsvirini hazırlayır. Elmi təsvirin ön sözündə yazır: “Arxiv 1928-ci ildə Azərbaycan XMK tərəfindən Mirzə Fətəli Axundovun ailəsindən satın alınmışdır. Hal-hazırda Azərbaycan Dövlət Muzeyi Ədəbiyyat şöbəsində saxlanılmaqdadır. Arxiv materialı hər nə qədər nömrələnərək inventara keçirilsə də, qətiyyən elmi surətdə təsnifə tabe tutulmamış və gəlişi gözəl çilbəndlərə (papkalara) yerləşdirilmişdir və hətta bəziləri qeyri-mütəhərrik bir şəkildə olaraq çəməkanlara yerləşdirilərək divara asılmışdır ki, tədqiq üçün çətinlik törətməkdədir. Buradakı materialların təsnifi tərəfimizdən qəbul edilmiş şəkildədir” (6, f.170).
M.F.Axundzadənin arxivini elmi əsaslarla hazırlayan və onun təsvirini verən Əmin Abid yalnız tərtibçilik etməklə kifayətlənməmişdir, monoqrafiyalar da çapa hazırlamışdır. Arxiv sənədlərində Ə.Abidin Mirzə Fətəli haqqında yazdığı üç kitabın – “M.F.Axundovun elmi, ədəbi görüşləri”, “M.F.Axundovun bədii yaradıcılığı haqqında təqvimi arayış”, “M.F.Axundovun həyatı yeni sənədlərdə”  adı çəkilir. Çox təəssüf ki, onlardan heç birinin nə əlyazmasına, nə də makina yazısına rast gəlmədik. Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində isə Əmin Abidin  Mirzə Fətəli ilə bağlı 64 səhifəlik “M.F.Axundov arxivinin təsvir”, 48 səhifəlik “M.F.Axundzadə”, 300 səhifəlik M.F.Axundovzadənin “Əsərləri”ni­n üç cildliyinə yazılmış ön söz və b. sənədlər qorunub saxlanır. Makinada latın əlifbası ilə yazılmış, üzərində düzəlişlər aparılmış bu səhifələr mətbəəyə göndərilmək üçün hazırlandığı açıq-aşkar görünür.
M.F.Axundzadənin əsərlərinin üç cildliyini nəşrə hazırlayanlar 1937-ci ildə həbs edilib güllələndikdən sonra bu iş F.Qasımzadə, H.Araslı, Ə.Ələsgərzadə, M.Rəfiliyə tapşırılır. Cildlərə F.Qasımzadə, M.Arif və H.Hüseynov ön söz yazır.
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 170-ci fondunda saxlanan materiallardan və AMEA Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzində saxlanan şəxsi işindən  aydın olur ki, Əmin Abid 1934-37-ci illərdə M.F.Axundzadənin əsərlərinin çapa hazırlanması üzərində ciddi işləyib. Belə ki, Əmin Abidin fondunda onun xəttilə yazılmış və ya makinada yazılaraq üzərində düzəlişlər edilmiş xeyli material: A.S.Puşkinin ölümü münasibətilə yazılmış “Şərq poeması”nın sətri və bədii tərcüməsi, Mirzə Fətəlinin farsca yazdığı məktub və məqalələrin tərcüməsi, Azərbaycan türkcəsində yazılmış şeir və məqalələrinin üzünün köçürülmüş və şərhlər yazılmış variantları və b. materiallar vardır.
Ə.Abidin 1935-ci ilin noyabrın 22-də yazdığı bir hesabatda çap olunmamış əsərləri sırasında 20 çap vərəqi həcmində  “M.F.Axundovun elmi, ədəbi görüşləri”, “M.F.Axundovun bədii yaradıcılığı haqqında təqvimi arayış”, “M.F.Axundovun həyatı yeni sənədlərdə”, “M.F.Axundovun arxivinin təsvir”nin adını yazıb (5, f.1937, y.374, s. 44).
Əmin Abid M.F.Axundzadə haqqında yazarkən yalnız başqalarının yanlışlıqlarını deyil, səmimiyyətlə özünün səhvlərini də göstərib, faktlara dayanaraq bu yanlışlıqların haradan qaynaqlandığını göstərib. 1935-ci ildə M.F.Axundzadənin əsərlərinə yazdığı müqəddimə həmin dövrədək böyük mütəfəkkirin həyatı, əsərləri ilə bağlı bir çox yanlışlıqlara son qoyurdu. Çox təəssüf ki, həmin müqəddimə və eləcə də Əmin Abidin M.F.Axundzadə haqqında yazmış olduğu monoqrafiya çap olunmadığından bəzi yanlış  fikirlər və faktlar 1960-cı illərədək təkrarlanmışdır. Bütün bunlara baxmayaraq axundovşünasılğımız Əmin Abid və onun çağdaşlarının qoyduqları möhkəm təməl üzərində formalaşmışdır.
Nəticə
M.F.Axundzadənin ömür yolunun və yaradıcılığının araşdırılması tarixinə nəzər saldıqda tez-tez “bu məsələdən ilk dəfə Əmin Abidin söz açmışdır”, “bu məsələni ilk dəfə Əmin Abid gündəmə gətirmişdir”, “bunlar haqqında ilk dəfə Əmin Abid bilgi vermişdir” və s. deməli oluruq. Çox təssüf ki, bu qədər zəhmətsevər, yenilikçi bir insan istər zamanında, istərsə də sonralar layiqincə qiymətləndirilməmişdir. Əmin Abiddən yararlanmış alimlərimiz, bir az da sərt desək, onun “malını mənimsəmiş”, adını isə qaynaqlarda belə göstər­məmişlər. Bu da təsadüfi deyildir. “Xalq düşməni” elan edilərək güllələnmiş bir adamın adını çəkmək mümkünsüz idi. Hökumət M.F.Axundzadənin əsərlərinin nəşrinə, öyrənilməsinə müəyyən miqdar vəsait xərcləmişdi. Mətnlər mətbəədə yığılmışdı. Onların nəşri qaçılmaz idi. Belə bir şəraitdə “xalq düşməni” adlandırıb həbs etdikləri, güllələdikləri alimlərə görə M.F.Axundzadədən keçə bilmirdilər. Yeni araşdırıcılar bu işə cəlb edir, onları M.F.Axundzadənin əsərlərini tezliklə nəşr etməyə, haqqında kitablar yazmağa məcbur edirdilər. Belə bir şəraitdə həbs və ölüm qorxusu altında olan araşdırıcılar “xalq düşmənləri”nin əlyazmaları üzərində dövrün tələbinə uyğun redaktə və yeniləşdirmələr aparıb öz adlarına çap etdirməli olurdular.
Beləcə dövran bir çoxlarının həbsinə və güllələnməsinə münbit şərait yaradırdısa, həbs olunmayan və güllələnməyənlərin bir qismini də “ədəbi oğruya” çevirirdi. Sonralar 1937-ci illərdə həbs edilənlərə və güllələnənlərə bəraət verildiyi elan edildi. Əslində bu tam bəraət deyil, fiziki bəraət idi. Qorxu, təzyiqlər hələ də davam edirdi. Ona görə də kimsə “ədəbi oğurluğa” məcbur edildiyini etiraf edə bilmirdi. Onlar etiraf etməsələr də, “xalq düşməni” elan edilənlərin əsərlərini öz adlarına çap etdirsələr də, elmimizin inkişafına xidmət etmiş oldular. Mən əminəm ki, 1937-ci ildə repressiyaya məruz qalan vətənpərvərlərə: “əsərlərinizin məhv edək, yoxsa başqasının adıyla çap etdirək?” sualı ilə müraciət etsəydilər, onlar zəhmətlərinin, ağıllarının məhsulu olan əsərlərinin məhv olmasındansa, başqalarının adı ilə çap edilib xalqa çatdırılmasını istərdilər.   
 
Qaynaqlar
 
1.  Abid Əmin. Mirzə Fətəli Axundovun türk ədəbiyyatında mövqeyi və təsis etdiyi ədəbi məktəb, “Maarif işçisi” jurnalı, sayı 3, 1928.
2.  Abid Əmin. Türk ədəbiyyatında Mirzə Fətəli Axundov,  “Dan yıldızı” jurnalı, sayı: 4-5, səh. 22-26, sayı 6, səh. 9-14, 1928.
3.  Abid Əmin. Zərərli tənqidlər. “İnqilab və mədəniyyət”, sayı 10, 1929;
4.  Abid Əmin. Mirzə Fətəli Axundzadənin məlum olmayan əsərləri, “İnqilab və mədəniyyət”, sayı 11-12, 1930.  
5.  Abid Əmin. Seçilmiş əsərləri (tərtib edəni və ön söz müəllifi, filologiya elmləri doktoru Bədirxan Əhmədov), “Şərq-Qərb” nəşriyyatı, Bakı, 2007. 
6.  AMEA AEİTSM - AMEA Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi, fond 1937, saxlama vahidi 374, səh.44.
7.  AMDƏİA - Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, fond 170.
8.  Əhmədov Bədirxan. Bir istiqlal yolçusu...(Əmin Abid: həyatı, mühiti, yaradıcılığı), “Elm” nəşriyyatı, Bakı, 2003.
9.  Mütəllibzadə Əmin Abid. Seçilmiş əsərləri (nəşrə hazırlayanı və ön söz müəllifi Sona Xəyal), “Nurlan” nəşriyyatı, Bakı, 2007.
10.  Hüseyin oğlu Ali Şamil. Emin Abidin hayat hikayesi ile ilgili kesin cizgiler. “Bilge” dergisi, Ankara, 1999, sayı 21, seh.23-26.
11.  Hüseyin oğlu Ali Şamil. Türk edebiyatı araştırmaçısı Emin Abid. “Türk dünyası” (Dil ve edebiyyat dergisi), Ankara, 2002, güz, sayı 14, seh.253-265.
12.  Hüseyinoğlu Ali Şamil. Azerbaycan Edebiyat Tarihinin Yeni Metotla Yazılmasında Emin Abid’in Rolü” “Bilig” dərgisi, kış, sayı 60, 2012.
13.  Şahbazov Əli. Türkiyə məktubları. İstanbul Darülülfununda Azəri ədəbiyyatı tarixi. ”Yeni fikir”, ZSFSR MİK-inin və Xalq Komissarları Sovetinin qəzeti, 9 yanvar 1926.
14.  Şamilov Əli. Əmin Abidin Sovet dövrü publisistikasında ədəbiyyat məsələləri. M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tələbə və gənc alimlərinin konfransının tezisləri. Bakı, ADU nəşriyyatı, 1926.
15.  Şamilov Əli. Əmin Abidin “Ədəbiyyat tarixi”. “Ədəbiyyat və incəsənət” qəzeti, 12 dekabr 1986.
16.  Şamilov Əli. Axundovun əsərlərinin nəşri tarixindən, “Kitablar aləmində” jurnalı, sayı, 3, səh. 16-17, 1987.
 
Çap olundu: Axundovşunasliğin formalaşmasinda Əmin Abidin rolu, AMEA Humanitar elmlər seryası, Xəbərlər (xüsusi buraxılış), “Elm” nəşriyyatı, Bakı, 2012, səh. 90-101
 
 
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol