Xəstə Qasımın bir qıfılbəndi, Aşıq Əlsəgərin onu açması, Müsəmmə Miskinin cavabı

XƏSTƏ QASIMIN BİR QIFILBƏNDİ, AŞIQ ƏLSƏGƏRİN ONU AÇMASI, MÜSƏMMƏ MİSKİNİN CAVABI

Əli Şamil

AMEA Folklor İnstitutu Xarici Əlaqələr bölməsinin müdiri

alishamil@yahoo.com

Xəstə Qasımın qıfılbəndləri sanki bir məhəg daşı olmuşdu. Onları aça bilən aşıq usda sənətkar, bilici sayılmışdı. Aşıq Ələskər kimi sözə hakim, ürfandan xəbərdar bir sənətkar Xəstə Qasımın bir bağlamasını açmışdır.  Yüksək sənətkarlıqla, aydın bir dillə, Xəstə Qasımın söylədiyi qəlibdə bağlamanı açsa da oradakı eyhamlara, deyilən fikirlərə indiyədək aşıqlarımız, araşdırcılarımız tam aydınlıq gətirə bilməmişlər.

 Aşıq Ələsgər heça vəzninin müxtəlif qəliblərində olduqca axıcı və bədii cəhətədn qiymətli şeirlər söyləmişdir. Onların arasında, gəraylı, qoşma, təcnis, divani, müxəmməs çox olsa da dildönməz, qoşayarpaq qoşma, müstəzad qoşma və b. janırların hər birinə bir nümunə ancaq tapmaq olur. Bunlar tək nümunə olsalar da səhətkarlıq baxımından heyratamiz dərəcədə gözəldir.

Müstəzad qoşma janrında söylədiyi yeganə şeir Xəstə Qasımın “Bir çarşıda dörd dəvrişə uğradım” misrası ilə başlayan qıfılbəndinə cavabdır.  “Dörd kitabdır hər yana yol göstərən” misrası ilə başlayan müstəzad qoşmaya Hümmət Əlizadənin 1934, 1935, 1937-ci illərdə, İslam Ələsgərovun 1956-cı ildə tərtib etdiyi “Aşıq Ələsgər” kitablarında rast gəlmədim.

Xəstə Qasımın “Bir çarşıda dörd dəvrişə uğradım” misrası ilə başlayan qıfılbəndinin Aşıq Ələsgərin açmasına Azərbaycan Elmər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun 1963-cü ildə Ə.Axundov və M.H.Təhmasibin tərtib etdiyi  kitabda rast gəldim (Aşıq Ələsgər, 1963:85-86). Heyif ki, şeirin kimdən toplandığı, variantları olub, olamadığı haqqında heç bir bilgi verilməyib. İzahlar bölməsində isə yazılıb:  “İrəvan aşıqlarından Xəstə Həsən adlı birisi Xəstə Qasımın «daimül-övqat» qafiyəli müstəzad qıfılbəndini öz əsəri kimi yazdırıb, bir üzünü Ələsgərə, bir üzünü də Aşıq Miskin Bürcüyə  göndərir. Aşıq Ələsgər qıfılbəndi haman müstəzad ilə açır, altıncı bənddə də qıfılbəndin Xəstə Qasımın əsəri olduğunu ona xatırladır. Xəstə Qasımın qıfılbəndi belədir:

 

Bir çarşıda dörd dərvişə uğradım,

Dördü bir-biriynən eylər ixtilat.

Dördünün də dili ayrı, dini bir,

İki də biz onlarınan şeş cahat.

                        Əsil kainat.

 

Bir şəhərin gördüm padişahını,

Qulun, yasovulun, hər dəsgahını,

Üç yüz altmış altı xoş süpahını

Onlar bir kişidən istədi sürsat,

                      Xoş çəkər səffat.

 

Altı, səkkiz, doqquz idi binası,

Otuz cəlalı var, bəyaz sinəsi,

Altı min altı yüz məddü mənası,

Ərəb idi, əcəm idi, türkü, tat,

                     Bir ismə fəryad.

 

Altıdan qırxatan sərgərdan idi,

İki yüz otuzdan özün tanıdı;

Altı min altı yüz pasiban idi,

Kimi yahu çəkər, kimi əssalat,

                     Kim edər fəryad.

 

İki dərya xoş görünmür gözünə,

İki qırx dörd gəlməz ərin dizinə;

Xəstə Qasımın bu şerinə, sözünə

Qazı, molla, müctəhidlər qaldı mat,

                   Tapmadı kəlmat.

 

Miskin Bürcünün Xəstə Həsənə göndərdiyi cavabı da burada verməyi məsləhət bildik:

 

Arif olan, bizə bir namən gəldi,

Amma ona baxdım, təlx oldu övqat.

Şair bunu nə növilə düzəltdi,-

İmlası rəkikdi, inşası qələt.

 

Verdim çaparlara mindi səməndi,

Dəydi oymaqlara, gəzdirdi kəndi,

Nə qədər var idi alim, əfəndi,

Onlar da bu sözə tamam qaldı mat.

 

Apardım derderə: “aset inça səs? “

Dedi:“asdex yegnin dun uy umes “.

And içdi mahrasa:  “xacı-kidumçes“,

Pop skazal: “Yey boqq, niznayem, brat!”

 

Sən ol əhli-xibrə, biz olaq dağlı,

Sözün məddi gərək mənaya bağlı.

Nə çərən-pərəndi mərhumun oğlu,

Sənəmi qalıbdı hər cəfəngiyyat?

 

Müsəmma Miskinəm, mən zişdi-camal,

Çün adam güdmüşəm, nə qoyun, nə mal,

Sən ki cüz etmisən bu nəzmi-kamal,

 Bizə lazım deyil, özgələrə sat!(Aşıq Ələsgər, 1963: 470-472)

Şeirlər olduqca diqqətişəkəndir. Mövzu konflik üzərində qurulduğundan dinləyicini maqnit kimi özünə çəkir. Aşıqlar məclislərdə böyük həvəslə şeirləri oxuyur,  bəzən özərindən bir az bəzək-düzək verərək söhbəti şirinləşdirir, mövzunu dastanlaşmağa doğru aparırlar.

1973-cü ilin aprelində tələbə yoldaşım Osman Əhməd oğlu həyəcanla yanıma gəldi. Xəbər verdi ki, kəndlərinə Türkiyədən bir aşıq gəldib. Mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin, Osman Əhmədoğlu da filolofiya fakültəsinin  tələbəsi idi. Aşığı görüşmək istəyim dekanımız Şirməmməd Hüseyinovun cəzalandıracağı qorxusuna qalib gəldi. Elə həmin gün axşam qatarı ilə Keşəliyə (Gürcüstan Respublikasının Marneuli rayonu) yola düşdük. Aşıq İslam Ərdənər Türkiyədən - Ərdahanın Kümbətli köyündən bacısına görməyə gəlmişdi.

 Aşıq İslamın söhbətlərini hamı kimi biz də diqqətlə dinləyirdik. Bir gün söz-sözü çəkdi, gəldi çıxdı Xəstə Hasana. Biz Xəstə Hasanın olduqca zəif və istedadsız bir aşıq olduğunu, Xəstə Qasımın qıfılbəndini öz adından Aşıq Ələsgərə göndərdiyini söylədik. Aşıq İslam bizim səhv etdiyimizi söylədi və Xəstə Hasanın bir neçə divanisini, deyişməsini söylədi. Şeirləər çox axıcı və bədii cəhətdən dolğun idi. Buna baxmayaraq biz onun fikrilə razılaşmadıq. Aşığın başına toplaşanların hamısı xalq şerimizin biliciləri, necə deyərlər günlərini aşıq məclslərində keirənlər idi. Onlar da bizim tərəfimizi tutdular. Hətta gedib evində “Aşıq Ələsgər” kitabını gətirən də oldu.   

Aşıq İslam kitabda yazılanları dinlədikdə başını buladı. “Ələsgər tayı-bərabəri olmayan aşıqdı, Xasta Hasan haqqında yazılanlar da haqsızlıqdır. Xasta Hasan İrəvanlı deyil. Axırkələyin Lebis kəndindəndir. Aşıq Ələsgərlə də yaşıd olmayıb. Mən Türkiyədə  Aşıq Şenliyin şerlər kitabını çap etdirmişəm. Orada Xasta Hasanın şəyirdi - çırağı Aşıq Nuru yeniyetmə Hasanı- sizlərin Şenlik kimi tanıdığınız aşığı sınağa çəkərkən, ona ustadının üç şerini söylədiyini və  eyni qafiyə ilə cavab aldığını yazmışam. Yeniyetmə Hasan sınaqdan uğurla çıxıb. Aşıq Nuru ona sənətin sirlərini öyrədib, «ustad şilləsi vuraraq» aşıqlıq etməsinə icazə verib. Şenliyin oğlu Aşıq Qasımla da uzun illər məclislər aparmışıq. O, bu işləri yaxşı bilir“.

Aşıq İslamla razılaşmadıq. Amma o, içimizə bir şübhə toxumu əkib getdi. Bakıya dönəndə başımıza gələnləri bizə Azərbaycan folklorşünaslığından dərs demiş, dos. Vaqif Vəliyevə söylədik. O, Aşıq İslamı tanımadığından dediklərinə də əhəmiyyət vermədi. Dərs ilinin sonlarında orta məktəbdə mənə ədəbiyyatdan dərs demiş İslam Ələsgərov Bakıya, dissertasiya işlərini səhmana salmağa gəlmişdi. Aşıq İslamla olan söhbətimizi ona da danışdıq. Hətta Aşıq İslamdan topladığımız şeirlərin bir surətini də ona verdik. İslam müəllimin münasibəti Vaqif Vəliyevinkindən heç də fərqlənmədi. 

1993-cü ildə unversiteti bitirib təyinatla Naxçıvana, “Şərq qapısı” qəzetində müxbir işləməyə getdim. Redaksiyanın tapşırığı ilə kolxoz-savxozdan, fabrik-zavoddan, partiya-komsomol təşkilatlarından yazsam da, elmi axtarışlardan da əl götürmədim.  Xəstə Hasanla bağlı araşdırmalar aparırdım.  Əkbər Yeravanlı “Erməni Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri” kitabında milliyətcə erməni olub türk dilində yazıb-yaradan, çalıb-oxuduyan 129 aşıq haqqında bilgi vermişdi. Həmin aşıqların sırasında 99-cu  Miskin Bürcü idi. Araştırıcı yazırdı: “Misgin Bürcü (1810-1847). Azərbaycanın Naxçıvan şəhərində anadan olmuş,  Gəncə şəhərində yaşamışdır. İstər Azərbaycanca, istər ermənicə məharətli şeirlər yaradarmışdır”. (Yerevanlı Əkbər, 1958:155). Müəllif 1968-ci ildə “Hayestan” nəşriyyatında çap etdirdiyi “Azəri Erməni ədəbi əlaqələri” kitabında təxminən eyni fikirləri təkrarlayırdı. Kitabdakı bəzi fikirləri bəyənməsəm də Miskin Bürcünün doğum və ölüm tarixi diqqətimi şəkdi. Düşündüm ki, Miskin Bürcü 1847-ci ildə ölübsə, demək bağlama göndərmə məsələsi həmin tarixdən əvvəl olub. Onda Güycədə Aşıq Allahverdi, Aşıq Alı, Şair Məmmədhüseyin kimi yetkin, sorağı uzaqlara yayilan varmış. Bəs nədən dağlamanı onlara deyil Ələsgərə göndəriblər?  Demək Aşıq İslamın dediyi həqiqətə daha uyğundu. Yəni Xəstə Hasan Aşıq Ələsgərdən böyükdür. 

Əkbər Yeravanlının çox vaxt qaynaq göstərməməsi, “tapladığım materiallara görə, əldə etdiyim bilgiyə görə” yazması da işimi çətinləşdirirdi. Erməni Azərbaycan ədəbi əlaqələrindən yazan araşdırıcı Yusif Ramazanov Miskin Bürcüdən söz açsa da onun Müsəmmə Miskin imzası ilə şeir yazdığını göstərmirdi.

İsrafil Abbasovun “Azərbaycan folkloru XIX əsr er­məni mənbələrində” kitabını oxumağım Yereva getməyimə səbsb oldu. O, Ermənistan SSR Nazirlər Soveti ya­nın­da Qədim Əlyazmalar İnstitutundakı (M.Maştos adına Ma­tenadaran) erməni əlifbası ilə yazılmış türkcə forklor nü­mu­nələrini araşdırarkən Gəncədə yaşamış, milliyyətcə erməni olan Miskin Bürcü haqqında yazr: “Miskin Bürçünün (1810-1848) şəxsi əlyazması olan şeir dəftəri üzə­rində da­yanacağıq. Dəftərin yazılma tarıxi 1832-ci il göstərilmişdir. Əlyazma cəmi 24 səhifədir. Müskin Bürcü buraya aşıq şeirinin əksər formalarında yazmış olduğu əsər­lərini daxil etmişrir”…(Abbasov İsrafil, 1977:82).

 Miskin Bürcünün şeir dəftərini görmək, orada Aşıq Ələsgər kitabının izahlar bölməsində Miskin Bürcünün şerinin olub, olmamasını yoxlamaq üçün Yerevana getdim. Azırbaycan türcəsini yaxşı bilən, arxivdə işləyən bir nəfərə “Arif olan bizə bir namə gəldi” misrası ilə başlayan şeiri verdim. Xahiş etdim ki, iki məsələyə diqqət yetirsin: 1.Mənim verdiyim şeir dəftərdə varmı? 2. Dəftərdə Müsəmmə Miskin imzalı şeir varmı?

 O, verdiyim şeiri dəfdərdəkilərlə tütuşdurduqdan sonra təxminən belə dedi: “Dəftərdə nə sizin veriyiniz şeir var, nə də Müsəmmə Miskin imzası. Sizin verdiyiniz şeirin düzəni yerindədir. Dəfdərdəki şeirlər çox pərakəndə, vəzni, qafiyəsi pozuqdur”. Onun dedikləri İsrafil Abbasovun yazdığı ilə üst-üstə düşürdü. Mis­kin Bürcünn əlyazması ilə yaxından tanış olan prof. İ.Abbasov M.Bürcü­nün peşəkar aşıq olmadığını, şerlərinin də bədii cəhətdən zəif, vəzni, qafiyəsi pozuq olduğunu yazırdı.

Öncələr Xəstə Hasanın ömür yolunu, şeirlərini axtarırdımsa indi oraya ikinci bir aşığı da əlavə etməli oldum: Müsəmmə Miskini!  

Sən demə bu mövzuda aşıq şeirlərinin yorulmaz toplayıcısı və araşdırıcısı Sədnik Paşaye hələ 1970-ci ildə yazıb: “Məşhur el şairi Miskin Abdalın mənsub olduğu tayfadan bir neçə istedadlı şair-aşıq çıxmışdı. Yeri düşmüşkən bildirmək lazımdır ki, Miskin təxəllüsü şair-aşıqların həyat və yaradıcılıqları ayrıca bir tədqiqata möhtacdır.

Miskin Abdalın yaradıcılıq ənənələrinin məharətlə davam etdirən sənətkarlardan biri də onun nəticəsi Müsəmma Miskin olmuşdur. 19-cu əsrin birinci yarısında yazıb-yaratmış olan Müsəmma Miskinin aşağıda iki şerini dərc edirik. Müsəmma Miskin bu şerlərdən birincisini – “Qal indi” rədifli qoşmasını doğma kəndi Böyük Qarabulaqdan yazmış, ikincisini – “Arzular” adlı şerini isə İrandan göndərmişdir.

Qal indi

Yolum düşüb qürbət elə gedirəm,

Əziz vətən, cada yollar qal indi.

Viranə dəyirman, viranə mülküm,

Həsrət çəkib, uzun illər, qal indi.

 Əyrəmcə, Qocadağ, Mahı yaylağı,

                                                     Sevimli vətənin laləzar çağı.

                                                     Qalakənd aşrımı, ellər yağnağı,

                                                     Ana vətən, çənli yallar, qal indi.

Qardaşım çox şendi Şəmkirin üstü,

Könlüm nə isə ocandı, küsdü.

Müsəmma Miskinə qəm yeli əsdi,

Tay-tuşlarım, əziz ellər, qal indi.

 

Arzular

            Mən bir murqu-kuhəm, düşmüşəm xakə,

            Açılmaz balu-pər, uça arzular.

            Şer fəhmin qalxıb övcu – fəlakə.

            Bilməm nə küçavə küçə arzular.

Hamızə qatarsan dağlar qarını,

                                          Şəfa tapıb yaram necə sarını?

      Tüccarıyam, tutdum qədəm barımı,

Satmağa bəzirgan, xoca arzular.

     Dəmiri sərhəddi, Balçılı çayı,

     Bu ruyi-zəmində yoxdu həmtayı.

     İçdim xəyalından oldum sevdayı,

     Gündüz xəyal edib, gecə arzular.

                                                               Göz evində könül necə xab edər?

                                                               Sel önündə  divar necə tab edər?

                                                               Diri dil qəfəsdə iztirab edər,

                                                               Dünyaya baxmağa baca arzular.

Miskin açdı tökdü zərü – simin ,

Axtardım tapmadım vətən kimini,

Sular şapha – şarı, dağlar fəslini,

Könlüm Sarıdamı necə arzular. (Paşayev Sədnik, 1970: 1 sentyabr).

Nədənsə mövzunun araşdırıcıları mənim kimi həvəskarların deyil, Sədnik Paşayev kimi peşəkarın da yazdıqlarını oxumadıqlarından eyni yanlışlığı təkrarlaya-təkrarlaya getmişlər.

Vaqif Vəliyev 1981-ci ildə ildə çap etdirdiyi “Qaynar söz çeşməsi“ kitabında bu məsələni da­ha da dərinləşdirərək yazır: “Qeyd etdiyimiz kimi, Aşıq Şen­liyin həyatının müəyyən dövrü Azərbaycanla əlaqədar olmuş­dur. Tədqiqatçı (müəllif Türkiyəli araşdırıcı, Aşıq Şenlik mövzusunda doktorluk dissertasiyası yazmış və kitab çap et­dirmiş Ensar Aslanı nəzərdə tutur–Ə.Ş.) göstərir ki, aşığın (yəni Aşıq Şenliyin–Ə.Ş) təsirləndiyi sənətkarlardan biri Xas­ta Hasandır. Bu el şairi Yerevan ətrafında yaşamış, Aşıq Şenliyə saz çalmağı öyrədən Aşıq Nurunun ustadı olmuşdur. Bu barədə Ensar Aslan yazır: “Azerbaycanın kudretli aşık­larından olan Hasta Hasan Şenliğə kuvvetli etki yapmıştır. Hatta onun çığalı tecnislerinin tesiri ile tecnis yaratmıştır”…

Bu həmin Xəstə Hasandır ki, Xəstə Qasımın “Daimül-övkat” qıfılbənd ayaqlı qoşmasını öz adına çıxıb, Aşıq Ələs­gərə göndərmişdir. Aşıq Ələsgər həmin qıfılbəndi aç­mış və hətta Xəstə Hasana eyham vurmuşdur…”Qasım “kaf”­nandı, Həsən “hey”nən, xeyir tapmaz üstadından deyinən” belə­liklə, Aşıq Ələsgərlə muqayisədə sönük şama bənzəyən Xəs­tə Hasan Aşıq Şenliyə təsir etdiyi halda, Aşıq Ələsgərə Şenliyin təsiri ola bilərdimi?” (Vəliyev Vaqif, 1981:100)

Vaqif Vəliyev Ensar Aslanın Aşıq Şenliyin Aşıq Ələs­gərə təsir etməsi fikrinə etiraz etməkdə haqlı idi. Amma Xəs­tə Hasana sərt hücumda haqsız idi. Bu onu göstərirdi ki, araştırıcı İrəvan ətrafında Xəstə Hasan adlı aşığın olmadığını bilmir. Tələbə vaxtı Xasta Hasanla bağlı topladığımız şeir və rəvayətləri müəl­limimiz olduğuna görə ona verərək, mətbuatda çap etdirə bilmədiyimizdən şikayətlənmişdik. O, görünür bizim topladıqlarımızı heç oxumamışdı da.

Aşıq İslamdan ayrılandan sonra çox aşıqdan və aşıq şeiri bilicisindən Xəstə Hasanı xəbər aldım. Aşıq Ələsgər kitabında yazılanlarda başqa bir şey deyən olmadı. Aşıq Hüseyn Saraclı isə məsləhət gördü ki, Ağbabalı Aşıq İsgəndəri tapım. Aşıq İsgəndəri tapdım, ondan Xəstə Hasan haqqında xeyli bilgi almaqla yanaşı haqqında bir dastan rəvayət, xeyli şeir də topladım. O, Xəstə Hasanın Almaatı şəhəri yaxınlığındakı Talqar qəsəbəsinə sürgün olunan qohumları ilə mənim aramda bir körpü qurdu. Onlardan da çox bilgi aldım. Türkiyədə Xəstə Hasan haqqında kitablarda, jurnallarda yazılanları da əldə etdim.

Аsif Hаcılı “Vətən qürbətdə qаldı.(Ахısqа türklərinin etnik mədəniyyəti)” (Hacılı Asif, 1992) “Ахısqа türklərinin fоlklоru(Tоplаyаnlаr və tərtib edənlər Аsif Hаcılı və Аydın Pоlаdоğlu)” (Hacılı Asif, 1998) kitablarında Xəstə Hasanın şeirlərini nəşr etdi, haqqında bilgi verdi.

Valeh Hacılar da bu yöndə çox böyük işlər gördü “Gürcüstanda türk xalq ədəbiy­yatı ənənənləri” (Hacılar Valeh, 2005), “Folklorumuzun üfüqləri. (Azər­bay­can-Gürcüstan folklor ələqələri tarixindən)” (Hacıyev Valeh,1991)  kitablarında, “Xəstə Hasan kimdir?” (Hacıyev Valeh, 1983) məqaləsində aşığın ömür yolunu geniş işıqlandırdı, şeirlərini nəşr etdirdi. Ömrünün son illərində, 2009-cu ildə isə “Xəs­tə Hasan (həyatı, şeirlərindən seçmələr)” kitabı işıq üzü gördü. Bu Xəstə Hasanın şeirlərinin toplu halda çap olunan ilk kitabı idi.

Şurəddin Məmmədli Qarpapaq 2000-ci ildə nəşr etdirdiyi “Borçalı ədəbi mü­hütü: qaynaqları, təşəkkülü, inkişafı” kitabında Xəstə Hasana geniş yer ayırdı, “Borçalı-Ahıs­ka-Kars ortaq ədəbi arenalı” kitabında (Qarapapaq Şurəddin, 2004)  ilk dəfə cünglərdən topladığı şeirləri ərəb əlifbasından latın əlifbasına çevirərək nəşr etdirdi.

Mən 40 illik axtarışlarım nəticəsində Xəstə hasanla bağlı 10-dan çox məqalə yazdım, 5-6 elmi simpozyumda məruzə oxudum. Aşığın şeirlərini və yeirlərinin yaranması haqqında dastan rəvatətləri toplayıb kitab halına saldım. Kitab Bakıda və Almaatıda nəşr edildi. (ali-shamil.tr.gg)

Müəyyənləşdirə bildik ki, Xəstə Hasan 18-ci yüzilin sonlarında doğulub, 19 yüzildə sənətkar kimi tanınıb. Onun Aşıq Ələsgəri tanıması, ona bağlama göndərməsi sonrada quraşdırılmışdır.

Xəstə Hasan haqqında topladığım materiallar haqqında  həmişə, müəllimim, Aşıq Ələsgər və Göyçə aşıq məktəbinin yorulmaz tədqiqatçısı İslam Ələsgərova bilgi verirdim. İslam müəllim 1988-ci ildə çap etdirdiyi “Aşıq Ələsgər” kitabında  “Daimil-övqat” müstəzad qoşmaya izahatda əvvəllər yazılanları təkrarladı. (Aşıq Ələsgər, 1988:176-178).  1999-cu ildə çap etdirdiyi kitabda isə məsələni bir az yumşaldaraq belə yazdı: “Aşığın şəyirdlərinin söylədiklərinə görə, İrəvan yaxınlığındakı Kankan kəndində keçirilən bir şənlik məclisində Xəstə Qasımdan söz düşmüş, onun bağlamalarının hələ heç kəs tərəfindən açılmadığını söyləyirlər. Həmin kənddə yaşayan Abutalıb deyir ki, nə cür çətin bağlama olsa, Aşıq Ələsgər aça bilər. Mərc gəlirlər. Xəstə Qasımın “Bir çarşıda dörd dərvişə uğradım” misrası ilə başlayan müstəzad qıfılbəndini yazıb bir üzünü Aşıq Ələsgərə, bir üzünü isə Miskin Bürcüyə (yenə də Müsəmmə Miskin yox, Miskin Bürcü yazılır!-Ə.Ş.) göndərirlər. Amma şeiri Xəstə Qasımın əsəri kimi yox, tanınmaz Xəstə Həsənin yaradıcılığı kimi qeyd edirlər.  Aşıq Ələsgər bu müstəzad qoşma ilə həmin qıfılbəndin cavabını açır. Həm də “Qasım qafnandır, Həsən heynən” misrası ilə işarə edir ki, şeir Xəstə Qasımındır.

  Aşıq Ələsgər bağlamanın cavabını göndərəndən bir qədər sonra Abutalıbdan ona bir məktub gəlir. O, məktubda əhvalatın necə olduğunu və mərci apardığını Aşıq Ələsgəpə bildirir (Aşıq Ələsgər, 1999:561)”.

Təəssüf ki, İslam müəllim bu rəvayəti də kimdən topladığını qeyd etməyib.

1990-ci ildə İran İslam Respublikasına getmək mümkünləşəndə Urmiyada, Mərənddə, Xoyda, Təbrizdə, Qaradağda, Zəncanda, Nəqədeydə aşıqlardan, şeir həvəskarlarından Müsəmmə Miskini xəbər aldım. Heyif ki, gördüm deyən olmadı.

Xəstə qasımın qıfılbəndi beş bənddir. Aşıq Ələsgərin yüksək sənətkarlıq nümunəsi olan müstəzad qoşma isə altı bənddir. Aşıq Ələsgər çavabı beş bənddə verə bilərdi. Nədən bir bənd artırıb? Orada nələrə işarə vurub. Aşıq Ələsgərin söylədiyi müstəzad qoşmanın son iki bəndi belədi:

 

Qasım “qaf”ınandı, Həsən “hey”inən,

Xeyir çəkməz ustadınnan deyinən,

İşim yoxdur, seyidinən, bəyinən,

İxtiyarımda qaldı məxluqat,

Daimil-ovqat.

 

Aşıq Ələsgərdi, soruşsan adım,

Huş başımdan gedib, yoxdu savadım,

Sözlə mətləb yazmaq deyil muradım,

Arifə eyhamla yazaram hürfat,

Sədrin olsun sat!

 Birinci misranı anladıq ki, aşıq şeirin Həsənin deyil, Qadımın olduğunu bildirir. İkinci misrada udtadından deyinənin çeyir çəkmədiyini də başa düşdük. Bəs “İşim yoxdur, seyidinən, bəyinən” misrasında aşıq nə demək istəyir? Axı Xəstə Hasan nə seyiddir, nə də bəy!

“İxtiyarımda qaldı məxluqat” deməklə aşıq nəyə işarə edir? “Huş başımdan gedib” deyəndə aşıq yoxsa qocalığını nəzərdə tutur? Savadı olmayan aşıq  arifə eyhamla neçə hürfat yazır?  Hürfatla (hərifləri) yaza bilirsə, demək onda oxumağı da bilir. Yazmağı-oxumağı bilməyən aşıq neçə ola bilir ki, adların həriflərini deyə bilir? Özü də ərəb əlifbasında fərqli yazılan hərifləri dəqiq qeyd edir. Bu bəndlərdə mətləbə aydınlıq gətirə biləcək bəzi eyhamlar var. Lakin o eyhamlar indiyədək inəclənməyib.

Gəldiyimiz nəticə burur ki, Aşıq Ələsgər şeirində açıq görünən təsvirləri, tərənnümləri ilə yanaşı, onun sözaltı mənalarını açmağa, onları dövrün iqtisadi, siyasi, mədəni hadisələri ilə bağlı öyrənməyə çalışmalıyıq.

Müsəmmə Miskin təxəllüsundəki hər iki söz addan çox təxəllüsə oxşayır. Müsəmmə şeir jandıdır. Buradan belə anlamaq olur ki, aşıq müsəmmə janrında şeir söyləməyin ustası imiş. Miskin təxəllüslü bir neçə aşığımız var. Belə olanda görəsən aşığın əsil adı, atasının adı necə imiş? Kənddə onun soyundan qalanlar varsa onların vasitəsilə bu məsələlərə aydınlıq gətirmək olarmı?

1970-ci illərdə Sədnik Paşayevin məqaləsini və topladığı şeirləri araşdırıcılar diqqətə alsaydılar yəqin bəzi məsələlər aydınlıq gətirmək daha asan olardı.

 

Qaynaqlar:

 

1.    Abbasov İsrafil. (1977). Azərbaycan folkloru XIX əsr er­məni mənbələrində, “Elm” nəşriyyatı, Bakı.

2.    Aşıq Ələsgər.( 1963). (tərtib edənləri Ə.Axundov və M.H.Təhmasib), Azırbaycan EA nəşriyyatı, Bakı.  

3.    Аşıq Ələsgər. (1988). (Tərtib edəni, ön söz və qeydlər müəllifi filоlоgiyа elmləri nаmizədi İslаm Ələsgərоv), “Yаzıçı”nəşriyyаtı, Bаkı, səh.176-177.

4.    Аşıq Ələsgər.(1999) Əsərləri dаstаn-rəvаyətlər хаtirələr… Tоplаyıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi İslаm Ələsgər), “Şərq-Qərb” nəşriyyаtı, Bаkı, s 561.

5.    Hacılı Asif. (1992). Vətən qürbətdə qaldı. (Axısqa türk­lərinin etnik mədəniyyəti), “Gənçlik” nəşriyyatı, Bakı.

6.    Hacıyev Valeh. (1983). Xəstə Hasan kimdir? “Sovet Gür­­cüstanı” qəzeti, 12 aprel.

7.    Hacıyev Valeh. (1991). Folklorumuzun üfüqləri. (Azər­bay­can-Gürcüstan folklor ələqələri tarixindən). “Yazıcı” nəşriy­yatı, Bakı.

8.    Hacılar Valeh. (2005). Gürcüstanda türk xalq ədəbiy­yatı ənənənləri. «Səda» nəşriyyatı, Bakı.

9.  Məmmədli Qarpapaq Şurəddin. (2000). Borçalı ədəbi mü­hütü: qaynaqları, təşəkkülü, inkişafı, “Elm” nəşriyyatı, Bakı.

10.                       Məmmədli Qarpapaq Şurəddin. (2004). Borçalı-Ahıs­ka-Kars ortaq ədəbi arenalı, Pozitiv mətbəəçilik “Kolori”, Tbilisi.

11.              Paşayev Sədnik. (1970). Müsəmmə Miskinin iki şeiri, “Qabaqcıl” qəzeti, 1970, 1 sentyabr

12.     Şamil Əli.(2006). Aşıq İsgəndər Ağbabalı. (Əzizə Şamillə birgə). “Səda” nəş­riyyatı, Bakı.

13.     Şamil Əli.(2012). Aşıq İsgəndər Ağbabalı.(Xatirə, məqalə, məktub və sənədlərin işığında). (Əzizə Şamillə birgə). “Elm və təhsil” nəş­riyyatı, Bakı.

14.     Şamil Əli.(2012). Axısqalı Xəstə Hasan. (Şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər). “Elm və təhsil” nəşriyyatı, Bakı.

15.     Şamil Əli.(2013). Axısqalı Xəstə Hasan. (Şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər). “Elm və təhsil” nəşriyyatı, Almatı.

16.     Şamil Əli.(2016). İrfani ləqəbli aşıqlar və Urfani havaları, Bakı, elektron kitab. http://turuz.com/book/title/irfani+leqebli+a%C5%9Fiqlar+ve+urfani+havalari-arashdirmalar-ali+shamil

17.     Şamil Əli.(2016). Çıldırlı Aşıq İrfani(Şeirləri, haqqındakı dastan rəvayətlər), “Elm və təhsil” nəşriyyatı, Bakı.

18.              Vəliyev Vaqif. (1981). Qaynar söz çeşməsi, “Yazıcı” nəş­­riyyatı, Bakı.

19.              Yeravanlı Əkbər.(1958). Erməni Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri,  “Haypetrat” nəşriyyatı, Yerevan.

20.              Yeravanlı Əkbər.(1968). Azəri- Erməni ədəbi əlaqələri, “Haypetrat” nəşriyyatı, Yerevan.

 

 

Çap olundu: Xəstə Qasımın bir qıfılbəndi, Aşıq Ələsgərin onu açması, Müsəmmə Miskinin cavabı,  Pirsultan –elm və sənət dərgisi, 2018, mart, sayı 5, səh. 11-16.

 

 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol