Nafiə xanımın acı taleyi

Əli ŞAMİL*

NAFİƏ XANIMIN ACI TALEYİ

Nafiə Abidin imzasına yalnız 1927-ci ildə rast gəlinir. Bunlar da həcmcə az olduğu kimi bədii dəyərcə də diqqəti çəkən deyildir. Yəqin Əmin Abidin həyat və yaradıcılığı ilə maraqlanmasaydım bu imza mənim də diqqətimi çəkmədi.

Universitetdə oxuduğum illərdə (1969–73) Ə. Abidi tanıyanlar və qohumları onun İstanbulda oxuyarkən bir qızla evləndiyini, birlikdə Bakıya gəldiklərini söyləyirdilər. Xatirələrdən aydın olurdu ki, zəngin ailədən olan bu qız həm də şair təbiətli imiş. Əmin Abid həbs ediləndən sonra xammı Nafiə də həbs edilibmiş. Menə bağışlanmış ailə şəkilləri arasında Nafiə xanımın da bir neçə şəkli vardı. Şəkildən de Nafiənin yaraşıqlı kübar bir xanım olduğu görünürdü.

Bakıda və Tbilisidə türkcə çap olunan jurnallarda Nafıə Abid1 imzası ilə hekayə və şeirlərə rast gəlməyim xatirələrin doğruluğunu göstərirdi. Bəs Nafiə xanım harada və neçənci ildə doğulub, atasının adı nədir, qızlıqda soyadı necə olub? Bakıya gəlməmişdən öncə və sonralar da bədii yaradıcılıqla məşğul olubmu? Bu və buna bənzər suallara cavab verəcək heç bir qaynağa rast gəlmədiyimizdən az qala həmin mövzunu unutmuşdum. Hətta 1997-ci ildə Türkiyə Radiosunun "Azərbaycanın səsi" redaksiyasının müdiri Seyfəddin Altaylının surətini mənə bağışladığı "İstiqlal uğrunda" kitabında** Nafiə Şükrünün "Qardaş sevgisi" şeirinə rast gələndə heç ağlıma da gəlmədi ki, bu elə Nafiə Abid ola bilər.

1998-ci ildə Əmin Abidin anadan olmasının 100 illiyi münasibətilə məqalə hazırlayarkən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində Əmin Abidin və Nafiə xanımın istintaq işi ilə tanış ola bildim. 30 ilə yaxın cavab axtardığım suallara 2-3 saatda cavab tapdım.

Stalinin ölümündən sonra ölkənin uçuruma getdiyini görən bəzi partiya-sovet rəhbərləri rejimdə bir mülayimlik ab-havası yaratmağa çalışdılar. Quruluşun bütün nöqsanları olub getmiş bir partiya xadiminin adına yazıldı. Minlərlə insana bəraət verildi. Həbsxanalardan buraxıldı. Əslində bu ideoloji bəraət deyil, fiziki bəraət idi. 1920-1953-cü ildə həbs edilmiş, Sibirə göndərilmiş minlərlə insanın çoxu ağır həyat şəraitinə dözməyərək ölmüşdü. Sağ qalanların əksəriyyəti isə nəyəsə müqavimət göstərmək, nəsə yazıb-yaratmaq iqtidarında deyildi. 1920-53-cü illərdə həbs edilənlərə, güllələnəndə həqiqi mənada bəraət verilməsi üçün rejim dağılmalı, quruluş dəyişməliydi. Ona görə də bəraət verilən şəxslərlə bağlı olan arxivlər açılmadı. Onların istintaq materialları ilə araşdırıcıların tanış olmasına icazə verilmədi.

Milli Təhlükəsizlik Nazirliyinin arxivindəki istintaq materiallarından Nafıə xanımın doğma atasının Şükrü, anasının isə Zəhra olduğunu öyrəndim.II Onda "İstiqlal uğrunda" toplusundakı "Qardaş sevgisi" şeirinin müəllifi Nafıə Abid olduğunu yəqinləşdirdim. Bu başqa bir imzanın – Gültəkin imzasının Əmin Abidin olduğunu yəqinləşdirməkdə de köməyimizə gəldi. "Qardaş sevgisi" şeiri "Azərbaycanın millətpərvər şairi Gültəkin bəgə" ithafı ilə başlayır, Şeirin sonunda isə "15 Qanuni-sani 1925." tarixi qoyulub. Şeir mövzu və üslubca da Gültekinin şeirlərinə çox yaxındır:

Əsiyor Şərqin o munis rüzgarı.

Qafqasiyanın yaşıl yamaclarında.

Ruhumdakı eşqin son yadigarı,

Yakıyor qəlbimi dərindən inan.

 

Bənim də səsimdə titrəyir duyğun.

Bənim də səsimdə bir sevgi dərun.

Yalnız sen deyilsin o yurda vurğun.

Bən də abidiyəm o şən məbudun.III

İstintaqa verdiyi bilgidən Nafiənin 1903-cü ildə Yanya şəhərində anadan olduğunu öyrənirik. Yunanıstan Osmanlı imperiyasının tərkibindən ayrıldığına Yanya da Yunanıstanda qaldığına görə Nafiənin ailəsi İstanbula köçmüşdür. Kiçik yaşlarında atası Əhməd Şükrü vəfat etdiyindən anası Zəhra Tevfik Tanurə ərə getmişdir. Buna görə də qızlıq sənədlərində Nafiə Tevfik Tanur kimi yazılmışdır.

Yeddi yaşında İstanbuldakı Camlıq litseyinə daxil olan Nafıə Tevfik Tanur on səkkiz yaşında oranı bitirir. Bir il pedaqoji kursda oxuduqdan sonra İstanbul Universitetinin tarix-ədəbiyyat fakültəsinə daxil olur. Əmin Abidlə də tanışlığı buradan başlayır.

İstintaq materiallarında və başqa sənədlərdə Əmin Abidin Nafiə ilə evlənməsinin tarixinə rast gəlmədik. Əmin Abidin qohumlarının bağışladığı şəkillərinin birinin arxasında Nafıə xanımın "Sevgili annemə nigahdan sonra: Qızınız. 1341" qeydi var.ıv Buradakı tarixi miladiyə çevirdikdə 1923-cü ilə uyğun gəlir. Nafiənin 1922-ci ildə İstanbul Universitetinə qəbul olunduğunu bildiyimizdən 1923-cü ildə Əmin Abidlə evlənməsini doğru tarix hesab etmək olar.

Soykökü sonuncu Bakı xanı Hüseynqulu xana bağlananv Əmin Abid Mütəllib oğlu Əhmədov 1898-ci ildə Bakı şəhərində daşyonan ailəsində doğulub. Ailənin sonuncu oğlu olub. Böyük qardaşı tanınmış şair, jurnalist, araşdırıcı və naşir Əliabbas Müznibdir. Görünür anası Reyhan Adnan qızının və böyük qardaşının təsiri ilə Bakıdakı III Aleksandr kişi gimnaziyasında oxuduğu illərdə"Məktəb", "İrşad" "Dirilik" jurnallarında kiçik hekayələr, şeirlər, elmi-publisistik məqalələr çap etdirmişdir. Gimnaziyanı bitirdikdən sonra Birinci Dünya Savaşının Rusiya ilə Osmanlı dövlətləri arasında yaratdığı gərginlikdən dolayı Ə. Abid ali təhsil ardınca gedə bilməmiş, bir müddət böyük qardaşı Ə. A. Müznibin sahibi və redaktoru olduğu jurnallarda, nəşriyyatlarda çalışmışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ona arzularını həyata keçirməyə imkan vermişdir.vıı

İstanbula gedərək "Aliyeyi Darülmüəllimi" bitirib vətənə qayıdan Əmin Abidi Azərbaycan Maarif Komissarlığı 1921-ci ildə ayda 35 ABŞ dolları təqaüdlə İstanbul Universitetinin tarix-ədəbiyyat fakültəsində oxumağa göndərmişdi. Həm də ona "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ni yazmaq tapşırılmışdır.vııı

İstanbul Universitetində oxuduğu illərdə Ə. Abid Qəzvində, Vyanada, Budapeştdə, İstanbulda arxiv və kitabxanalarda çalışaraq Azərbaycan türklərinin ədəbiyyatı tarixi üçün materiallar toplamaqla kifayətlənməmiş, ictimai-siyasi həyatda da fəal iştirak etmişdir.

Türkiyədə çap olunan jurnallarda – şeirlər, Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələr yazmaqla, F. Köprülüzadənin təşkil etdiyi "Türk ocaqla"nda məruzələr oxumaqla kifayətlənməmiş İstanbulda mühacirətdə olan siyasi xadimlərlə sıx əlaqədə olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri M.Ə. Rəsulzadə ilə dəfələrlə görüşmüş, mühacir nəşrlərdə, xüsusən "Yeni Kafkasiya" dərgisində gizli imzalarla şeir və məqalələrini çap etdirmişdir."

Ə. Cəfəroğlu "Azəri ədəbiyyatının istiqlal mücadiləsinin izləri" əsərində* yazır: "Gültəkin beyin şeirlərinin qüvvət və gücü deyə bilərəm ki, siyasi mətbuatımızdan daha çox rəğbət görə bilmişdi. Ən yaxşı bəzi şeirləri bəstələnib İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir".

1926-cı ildə Universiteti bitirən Ə. Abid 1927-ci ilin əvvəllərində Bakıya dönür. Nafiə xanım da təhsilini yarımçıq qoyub əri ilə Bakıya gəlir, Bolşeviklər bu yerləri işğal edib Azərbaycan Xalq Cümhuriyyətini devirdikdən sonra milli kadrların bir qismini güllələmiş, bir qismini həbs etmiş, Sibirə sürgünə göndərmiş, bəziləri də xarici ölkələrə qaçmaqla canlarım qurtara bilmişdi. Buna görə də həmin illərdə ali təhsilli mütəxəssislərə böyük ehtiyac vardı. Tələbatı ödəmək üçün hətta xarici ölkələrdən müəllimlər, həkimlər dəvət edilmişdi. Ölkənin iqtisadiyyatı ağır durumda olmasına baxmayaraq xarici ölkələrdən dəvət edilənlərə valyuta ilə yüksək maaş verilirdi.

Belə bir vaxtda Ə. Abid və xanımı Nafiə kimi gənc mütəxəssislərin diqqətdən kənar qalması təəccüb doğurur. Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində isə bunlara aydınlıq gətirən kifayət qədər sənəd var. Məs.: Azərbaycan Dövlət Siyasi İdarəsi Müsavatçı gənclərin gizli fəaliyyət göstərən "Gənc Azər" təşkilatının rəhbərliyini ləğv edir.x

Təşkilatın rəhbərlərindən olan Haşım Aslanov və Həsənağa Axundzadə müəllimləri Əmin Abidin tələbələrdə türklük şüuru, milli dövlətçilik əhval-ruhiyyəsi oyatdığı haqda müstəntiqə izahat verirlər.

Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri Novruz Rzayev Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibliyinə 1929-cu il mayın 15-də yazdığı gizli məktubunda millətçi müəllimləri məktəblərdən "təmizləmək" üçün yəni işdən çıxarmaq üçün komissiya yaradılmasını və bu komissiyaya gizli olaraq onların əməkdaşlarının da daxil edilməsini tövsiyə edir.xıı Tövsiyədə göstərilir ki, xüsusən türk ədəbiyyatı, coğrafiyaya və ictimaiyyət müəllimlərinə qarşı yönəldilmiş bu "təmizləmə" əməliyyatı kütləvi narazılıq yaratmasın deyə müxtəlif vaxtlarda və ayrı-ayrı məktəblərdə aparılsın. Həmin vaxtlar millətçilərin kütləvi həbsləri başlayır.

Ə. Abid de bu "təmizləmə"dən kənarda qalmır. Onu Ağdaşa işləməyə göndərirlər. Bununla yanaşı dövrü mətbuatda onun əleyhinə böhtan və təhqir dolu məqalələr çap olunur. 1930-cu illərdən başlayaraq elmi məqalələrinin çapı əngəllənir.

Görünür bu təqiblərdən narahat olan Nafiə xanım Türkiyəyə getməli olur. Ə. Abid Ağdaş, Quba və Ağdamda müəllim işlədikdən sonra 1934-cü ildə Əli Nazimin təşəbbüsü ilə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsində işə götürülür. Aranın sakitləşdiyini güman edən Nafiə xanım Bakıya dönür.

İstintaq sənədləri arasında saxlanan pasportdan Nafıə xanımın 1935-ci il fevralın 20-də pasport, iyulun 23-də Azərbaycana gəlmək üçün viza aldığı, avqustun 2-də İstanbuldan yola düşdüyü və həmin ayın 14-də Bakıya çatdığı görünür.xııı

Müstəntiq nədənsə Nafiə xanımın Türkiyəyə getməsi, Ankarada maliyyə nazirliyində işləməsi ilə o qədər de maraqlanmır. O isə gedişinin səbəbini: "Ailənin yeganə qızı idim. Atam tez-tez anamın xəstə olduğunu, məni görmək istəyi" kimi izah edir.xıv Müstəntiqi en çox maraqlandıran Nafiə xanımın Türkiyə Cümhuriyyətinin Bakıdakı konsulu Nuru bəyin evində olması və onun Türkiyədəki qohumlarıdır.

Nafiə xanım müstəntiqin birinci məsələ ilə bağlı sualına cavab olaraq anasının 1930-cu ilde onu görmək üçün Bakıya gəldiyini, qohumları Bədriyyə xammın (Türkiyənin Bakıdakı konsulu Nuri bəyin arvadı – Ə. Ş.) onları evlərinə qonaq çağırdığını söyləyir.xv Buradan da aydın görünür ki, anası elə ağır xəstə olsa 30-cu illərin çətin şəraitində Bakıya gələ bilməzdi. Bakıda görüşdükləri halda elə həmin il uzaq məsafəni qət edib xəstə anasını görmək üçün yəqin ki, belə tez getməzdi.

Müstəntiq dəfələrlə Nafiənin Türkiyədən Bakıya gəlməsi üçün necə, hansı vasitələrlə viza aldığı və qohumlarının harada işləməsi maraqlandırır. Buradan da artıq 1935-ci illərdə Türkiyədən Azərbaycana gəlmək istəyənlərə çətin viza verildiyi aydınlaşır. Nafiə xanım verdiyi izahatdan ana tərəfdən qohumu, məclis üzvü, dəfələrlə Türkiyə hökumətində nazir vəzifəsində işləmiş Əbdül Xulıq Renda ona viza almaq üçün Moskvada – Xarici İşlər Komissarlığında kimlərəsə ağız açıb, müraciət etdiyi aydın olur.

Əbdül Xalıq Renda haqqında bilgi əldə edən müstəntiq Nafiənin atalığı (istintaqda atası kimi göstərilir – Ə.Ş.) Türkiyə Dəmiryollar idarəsində baş mühasib işləyən Tevfik Tanur, onun qardaşları – Ayvalıq şəhərindəki "Ziraat" bankında işləyən İsmayıl Tanur və haradasa mühasib işləyən Kamil Tanurla da bərk maraqlanır, hətta evdar qadın olan anası Zəhranın tərcümeyi-halını da dəqiqləşdirirlər.

İstintaqın gedişini diqqətlə gözdən keçirəndə aydın görünür ki, Nafıəni ittiham etdikləri casusluq suçu bir kənara buraxılıb. Ən çox müstəntiqləri onun qohumları, xüsusən də Əbdül Xalıq Renda maraqlandırır. Buna görə də belə güman etmək olur ki, DTK-ya Nafıədən çox Əbdül Xalıq Renda lazımmış.

Nafıə ikinci dəfə Bakıya gəldikdən sonra demək olar ki, 2 il rahat yaşayır. Həmin vaxt Ə. Abid Ağdamdan Bakıya gəlir. Əli Nazimlə birlikdə M.F. Axundovun əsərlərinin üç cildliyini çapa hazırlayır. Jurnallarda bir-birindən maraqlı, yüksək elmi səviyyəsilə seçilən məqalələr çap etdirir. SSRİ EA Rəyasət heyəti qarşısında Ə. Abidə çap olunmuş əsərlərinə və çap olunmamış araşdırmalarına görə (dissertasiya yazıb elmi iş müdafiə etmədən – Ə.Ş.) elmlər namizədi adı verilməsi məsələsi qaldırılır. Lakin bu uzun sürmür. 1936-cı ildə SSRİ-də yenidən kütləvi həbslər başlayır. Ə. Abid 1937-ci ilin may ayında SSRİ EA Azərbaycan filialından işdən çıxarılır.xvı O, Kürdəmir rayonunun Qaraqoyunlu kəndində müəllim işləməyə başlayır. Mərkəzdən uzaqlaşmaq onu həbsdən xilas etmir. 1938-ci il iyulun 14-də Ə. Abid İsmayıllı rayonunda (Niyə məhz İsmayıllıda? Bu suala hələ də cavab tapa bilməmişik – Ə. Ş.) həbs edilir. Evleri müsadirə olunur. Qardaşı millətçi şair Əliabbas Müznib də həbs edilmişdi. İrticanın qorxusundan qohumları, tanışları da onlardan üz döndərmişdi.

Qəriblikdə çətin durumda qalan Nafiə vətənə dönməyə çalışır. Baladan uzaqlaşır. Hansı yollarlasa Batuma gedə bilir. Batumda viza almaq ümidiylə Türkiyə konsulluğuna gedir. Batumda konsul işləyən Nafiə xanımı anasının qohumu Bədriyyə xanımın əri Nuru bəy vasitəsilə viza alacağı ümidindəydi. Konsulluqdan çıxarkən onu həbs edirlər. 1938-ci il avqustun 11-də SSRİ Cinayət məcəlləsinim 58/6 maddəsi ilə əksinqilabi iş aparmaqda, casusluqda ittiham olunan Nafiə xanımın həbs edilməsi haqda 6298 nömrəli order çoxdan yazılıbmış. DTK serjantı Avakova da Nafiə xanımı axtarıb tapmaq və həbs etmək haqda əmr verilibmiş. Həbs edilərkən 165920 nömrəli qızıl qol saatını, brilyant sırğalarmı, iki ədəd qızıl üzüyünü və b. bəzək əşyalarını da əlindən alıblar.

Nafıə xanımın istintaqı heç də asan keçməyib. İstintaq işindəki pasport şəklində yaraşıqlı və gənc bir xanın olduğu görünür. İstintaq təcridxanasında çəkilmiş şəkildə isə o qocalıb əldən düşmüş, sərxoş rus qadınlarını xatırladır. Verilən işgəncələr onu qısa müddətdə tanınmaz şəklə salır. Bunu istintaq sənədləri de göstərir. Verdikləri cəzanın ağırlığına dözməyərək huşunu itirdiyindən istintaqda fasilələr verilirmiş. Həkim müayinəsi zamanı ürək xəstəliyinə tutulduğu aydınlaşır. Lakin ondan əl çəkmək istəmirlər. İstədiklərinə de nail ola bilmirlər.

1938-ci il avqustundan başlayan istintaqa Zaqafqaziya Hərbi Prokurorunun Azərbaycan SSR Daxili İşlər Komissarlığı üzrə köməkçisi, 2-ci dərəcəli hərbi hüquqşünas Kurbanov 1939-cu il aprelin 28-də belə yekun vurur: "N.Ş. Əhmədovanın əleyhinə toplanmış sübutların xarakterini nəzərə alaraq bu işin məhkəmə dindirilməsinə göndərilməsini mümkünsüz sayıram. Bunun üçün də N.Ş. Əhmədovanın işinin SSRİ XDİK yanında xüsusi məşvərətə göndərilməsinə razıyam".xvııı

Sonda isə vəzifəsini və rütbəsini, hətta adını və atasının adını göstərməyi belə unudan İvanov 14 nömrəli protokoldan çıxarışı imzalayıb. Orada yazılıb: "Əhmədova Nafiə Şükrü qızı çox təhlükəli ünsür kimi islah-əmək düşərgəsində saxlansın. Cəza müddəti 1938-ci il avqustun 11-dən hesablansın".xvııı

Əmin Abid 1938-ci il oktyabrın 21-də saat 2130-da güllələnib.xıx Bundan nə qohumların, nə də onu tanıyanların xəbəri olub. Tanışları isə dumanlı şəkildə Nafıə xanımın həbsdən döndükdən sonra Türkiyəyə döndüyünü söyləyirdilər.

Doğrudanmı Nafiə xanım Türkiyəyə dönüb? Türkiyəyə dönübsə nə iş görüb, nə vaxtadək yaşayıb? Bakıda yaşayarkən ictimai-siyasi fəaliyyəti olubmu? Çap olunmuş nümunələrdən əlavə şeirləri varmı? Bu və buna bənzər onlarla sual isə hələ cavabsız qalır.

Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyinin ekspozisiyası yenidən qurulanda Nafiə xanımın pasportu, eləcə də həbsdə çəkilmiş şəkli eksponatlar arasında olsa tamaşaçı diqqətini özünə cəlb edər.

 

Qaynaqlar

1. Abid Nafie. "Arabaçı Vladimir" (hekayə) "Dan yıldızı" jurnalı (Tbilisi), 1927,  sayı   10, s. 18–19, Yeni dünya (şeir) "Maarif və mədəniyyət" jurnalı, 1927, sayı    3, s. 21, "Bombalar kölgəsində" (şeir), "Maarif işçisi" jurnalı, 1927, sayı    6 – 7, s. 63, Uzun gecənin sonu (şeir) "Dan yıldızı" jurnalı, 1927, sayı    10, s. 24 və b.

2. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivi (bundan sonra qısaca olaraq AMTNA – Ə.Ş.) Nafiə Tevfik Tanurun (həm də Şükrü Əhməd) Əhmədovanın istintaq işi, sayı    269342.

3. İstiqlal uğrunda (şeirlər toplusu), İstanbul. Orxan mətbəəsi, 1928, s. 62.

4. Şamil Əli. Şəxsi arxivindən.

5. Ağaycv İ. İki rejimin qurbanı – Əliabbas Müznib. "Xalq qəzeti", 1998, 4 fevral.

6. Azərbaycan EA. Əlyazmalar İnstitutu. Ə.A. Əhmədovun şəxsi işi

7. Yenə orada. Abid Mütəllibzadə. "Maarif nəzarətindən bir sual". Ə.A. Müznibin arxivi. Arx. 37 Q-10 (203) fond

8. Şahbazov Əli. İstanbul məktubları. İstanbul Darülfünunda Azəri ədəbiyyatı tarixi. "Yeni fikir" qəzeti (Tbilisi) 1926, 9 yanvar.

9. AMTNA. Ə.A. Əhmədovun istintaq işi, sayı    32796.

10. "Gənc Azər" (istintaq materialları üzrə) Sənədləri çapa hazırlayan B.C. Rəfıyev. Azərnəşr, Bakı, 1993.

          11. Yenə orada, s. 12– 13

          12. Yenə orada, s. 32

13. AMTNA. Nafiə Tevfik Tanur (hərn də Şükrü Əhməd) Əhmədovanın istintaq işi, sayı    269342.

14. Yenə orada.

15. Yenə orada.

16. Bax 6-cı qaynaq.

17. AMTNA. N.T.T. (həm də Əhməd Şükrü) Əhmədovanın istintaq işi, sayı    269342.

18. Yenə orada.

19. AMTNA. Ə.A. Əhmədovanın istintaq işi, sayı    32796.

 

Çap olunub: 1.Nafiə xanımın acı taleyi. “Qədimliyimiz-diriliyimizdir”. (tədqiqatlar elmi toplusu), “Günəş” nəşriyyatı, Bakı. 1998, səh.68-73.,

2.Nafiə xanımın acı taleyi. “Çıraq” jurnalı, 2000, sayı 2, səh. 39-42.

* Azərbaycan Ensiklopediyası NPB-nin qrup rəhbəri.

** 1928-ci ildə İstanbuldakı Orxaniyyə mətbəəsində ərəb əlifbası ilə basılmış bu şeirlər toplusu "Milli Azərbaycan nəşriyyatı" seriyasından buraxılmış 8-ci kitabdır. Kitabda Gültəkinin 20, Əhməd Cavadın 9, Sənanın 6, Azərizadənin 2, Məsud Səfvətin 2, Məcidzadənin, Yusifin, İsmayıl Zühutinin, Usta Əlinin, Gülsərin, Nafiə Şükrünün hərəsinin bir şeiri verilmişdir. İki şeirin altından "... xanım", bir neçə şeirin altından isə ulduz işarələri və yaxud üç nöqtə qoyulmuşdur. Ümumilikdə kitabda 13 müəllifin 48 şeiri verilmişdir. Kitaba Kamal imzası ilə geniş müqəddimə yazılmış, sonda da "Yeni Kafkasiya" və Azəri-Türk" dərgisindən alınmış iki məqalə əlavə edilmişdir. Müəlliflərin əksəriyyətinin həyat və yaradıcılıqları öyrənilməmiş, xalqa tanıdılmamışdır.

* Ə.Cəforoğlunun adı çəkilən əsəri "Azərbaycan yurd bilgisi" dərgisinin 1932-ci il, 8-9-cu nömrəsində, elə həmin ildə İstambulda eyni adla kitabça kimi çap edilmişdir.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol