Əli ŞAMİL
AMEA Folklor İnstitutu
AŞIQ QARANININ ÖMÜR YOLUNUN DƏQİQLƏŞDİRİLMƏSİ PROBLEMİ
Özət: Çıldır-Axısqa aşıq məktəbinin istedadlı sənətkarlarından biri olan Qul Qaranının ömür yolu bu günədək dəqiqləşdirilməyib. 18-19-cu yüzillikdə yaşamış aşığın ləqəbi bilinsə də adı, atasının adı, ustadı və şagirdləri haqqında dəqiq bilgi yoxdur. Xəstə Hasanın “Sözdə bir” divanisində və aşıq haqqındakı dastan rəvayətdə Qul Qaranıdan söz açılır. Oradan öyrənirik ki, İrfani (Urfanı), Küfdadi, Usta Polad, Qara Zülalla çağdaş olmuıdur. Açığın şeirləri və ləqəbi təsəvvüflə sıx bağlı olduğunu göstərir.
Açar sözlər: Qul Qaranı, Xəstə Hasan, İrfani (Urfani), Usta Polad, Çıldır-Axısqa aşıq məktəbi.
Abstract: The life of Gul Garani, one of the talanted ashugs of ChildirAhiska environment, wasn’t learned untill today. Even if known the nickname and period he was lived – 18-th-19th cnturies, researchers still couldn’t get any information about his name, father name, master’s and student’s name. On the poem of “Sözdə bir” belonging to Hasta Hasan and also on the legend about the life of Hasta Hasan talks about the Gul Garani. Thanks to these texts, we can learn that, Gul Garani was lived at the same period with İrfani (Urfanı), Kufdadi, Usta Polad, Gara Zulal. The poems and nickname of ashug shows that, Gul Garani was the mystic.
Key words: Gul Garanı, Hasta Hasan, Irfani (Urfani), Usta Polad, Childir-ashug school
Giriş
Sovetlər Birliyi 70 ilə yaxın “dəmir pərdələrlə” özünü düşməni saydığı qonşularından qorumağa çalışdı. Lakin bütün cəhdlər puça çıxdı. Sərhədlər açılanda aydın oldu ki, ideolgiyalarında, idarəetmələrində, iqtisadiyyatlarında olan fərqlərə baxmayaraq Sovetlər Birliyi ilə Türkiyə arasında oxşar cəhətlər də vardır. 20-ci yüzildə istər Azərbaycanda, istər Türkiyədə yaşamış aşıqların doğulduğu illərdə bir qeyri-dəqiqlik var. Rusiya Azərbaycanı işğal eədndən sonra vergi toplamaq üçün kameral dəftərlər tərtib etmişdir. Osmanlı dövlətində də təhrir dəftərləri vardır. Aşıqlarımız haqqında yazan araşdırıcılar nədənsə təhrir və kameral dəf tərlərdən istifadə etməmişlər. Halbuki, orada hər bir adamın doğulduğu illə yanaşı, atasının və övladlaırnın adı, malı-mülkü də göstərilir.
Müharibələr, sürgünlər yalnız şəhər və kəndləri xaraba qoymamış, həm də insanların ölümünə, faciələrə, mədəniyyətlərin məhvinə səbəb olmuşdur. Qüdrətli Osmanlı dövləti 20-ci yüzilliyin başlarında dünyanın güclü imperiyaları tərəfindən məhv edilsə də, onun xarabalıqlarında qurulmuş gənc Türkiyə Cümhuriyyətinin dirçəlməsi bir çox Avropa dövlətləri kimi, Rusiyanı da qorxuya salımışdır.
Rusiyanın yerində qurulmuş Sovetlər Birliyi sözdə xalqların himayəçisi, azadlıq və sülh carçısı kimi özünü təqdim etsə də, əslində imperiya siyasətini yeritmişdir. Türkiyənin güclənməsi onun müstəmləkə boyunduruğu altında saxladığı xalqların azadlıq mübarizəsini gücləndirəcəyindən qorxuya düşərək Güney sərhədləri boyundakı türk xalqlarını atababa yurdlarından sürgün etmişdir. 20-ci yüzilliyin 20-30-cu illərində sürgünə ayrı-ayrı qruplar, bəzən bütöv kəndlər halında göndərilirdisə, İkinci dünya savaşının sonunda Qaraçaylar, Balkarlar, Axısqa və Krım türkləri, eləcə də, başqa xalqlar ellikcə sürgün edildilər. Folklorumuzu, adət-ənənələrimizi yaxşı bilən insanların bir çoxu müharibədə və sürgünlərdə öldüyündən bildiklərini də özləri ilə aparmışlar.
Bir tərəfdən də hökumətin vətən xaini kimi təbliğ etdiyi xalqların folklorunu toplamağa, nəşr etdirməyə heç bir araşdırıcı cəsarət etməmişdir. Rejimdə yumşalma başlayanda araşdırıcıların maddi imkanları yox idi ki, sürgün olunanların arxasınca Qazaxıstana, Qırğızıstana, Özbəkistana gedib folklor nümunələri toplasınlar və ya araşdırma aparsınlar.
Türkiyə araşdırıcıları isə başqa bir problemlə üzləşmişdilər. Cıldır Kars-İğdir Azəri bölgəsi adlandırılaraq diqqətdən kənarda saxlanılırdı. Bu da səbəbsiz deyildi. Türküyə gündən-günə güclənən, hətta ondan məsafəcə çox-çox uzaqda olan Vyetnamı, Koreyanı, Kubanı və b. ölkələri təsir dairəsində saxlayan Rusiyanı qıcıqlandırmaq istəmirdi.
1.Qul Qaranı haqqında araşdırmalar
Araşdırıcılarımız Qul Qaranı haqqında yazarkən qaynağa rast gəlmədiklərin qeyd etmişlər. Onlar alan çalışmaları zamanı topladıqları şifahi bilgilərə dayanmışlar. 1966-cı ildə Ankarada çap olunmuş “Kars Turizm ve Tanıtma Dernegi Yayınları”nın 5 sayında Ardahan xalq şairlərindən söz açılarkən yazılıb: “1. Qaranı. Dəyirman köyü. 18 yüzyıl. Axıskalı Xasta Hasanın çağdaşı...3. Dursun Kaşifi. Dəyirman köyü. 1797-1865. İkraminin babası.
Eyni kənddən olan iki çağdaş sənətkardan birinin dəqiq doğum və ölüm tarixi, oğlunun adı verilsə də, Qaranının haqqında bu bilgilər verilməyib. Aşıq Şenlik haqqındakı araşdırmaların çoxunda isə Xəstə Hasanın “Yüzdə bir” divanisi verilib. Orada da Qul Qaraninin adı çəkilib. (Erdener Aşık İslam, 1960: 18, Özbék Orhan, 1969:10-11 Aşıkoğlu İsmail, 1964, Arslan Enser, 1975: 74). Ensar Aslan isə yazıb: “Garani, Kul Karani 18 yüzyılda yaşamış, Ardahanın Degirmen köyünden bir aşık” (Arslan Enser, 1975:411). Aşıq Şenlik şeirlərinin son və təkmil nəşirlərindən sayılan “Çıldırlı Aşıq Şenlik. Divanı (Hayatı, şiirleri, atışmaları ve hekayelerı) kitabında isə sənətkarın yüksək qiymətləndirdiyi aşıqların adları belə sıralanır: “Azerbaycan sahasında Şemkirli Aşık Mirze, yeğeni Aşık Hüseyn, Gögçeli Aşık Elesger, havetli Hasta Hasan, Çöllü İsmayıl, Doğu Anadoluda Aşık Karani, Çildırlı Hoca İrfani, Molla Halis,... şiirlerinde öne cekmişler.”
Həmin kitaba yazdığı ön sözündə A.Barat Alptekin ilk dəfə Aşıq Nurunun doğum və ölüm tarixini müəyyənləşdirərək yazır: “Nuri (Lebisli). 1811-1885-ci yılları arasında Gürcüstanın Ahıska vilayetinin Ahırkelek kazasının Lebis köyünde yaşamış olan Aşık Nuri Xasta Hasanın çırağıdır. Sazı ve sözü Xasta Hasandan öğrenmiştir. Çıldırlı Aşık Şenliyin saz ustadıdır.” (Çıldırlı Aşık Şenlik, 2007:44)
Türkiyə araştırıcılarının əksəriyyəti Qul Qaranını Ardahanlı, bir az da dəqiqləşdirənlər Ardahanın Dəyirman köyünden hesab edirlər.
1980-ci illərdən Sovetlər Birliyində Xəstə Hasan haqqında çap olunan yazılarda Qul Qaranı adı çəkilməyə başladı və ömür yolunun, yaradıcılığının öyrənilməsinin vacibliyi irəli sürüldü. (Hacıyev V., 1983: 12 aprel, Şamilov Ə.,1984: 20 Mart, Şamilov Ə., 1986: 1 iyul) 1990-cı illərdən isə bu məsələyə diqqət artdı. Valeh Hacıyev büyük tirajla çap etdirdiyi “Folklorumuzun üfüqləri. (Azərbaycan-Gürcistan əlaqələri tarixindən)” kitabında yazdı: “Xəstə Hasan dövrünün görkəmli sənətkarları Qul Qaranı, Usta Polad, Ömər, İlfani, Sefili ilə deyişmiş, yüzlərlə ustadnamənin, divaninin, təcnisin və bir neçə dastanın yaradıcısı kimi tanınmışdır” (Hacıyev V., 1991:22) Müəllif 2005-ci ildə Bakıda çap etdirdiyi “Gürcüstanda Türk xalq ədəbiyyatı ənənələri” kitabında da Qul Qaranı haqqında yuxarıda dediklərini təkrarlamışdır. (Hacılı Valeh, 2005:160-162)
Şurəddin Məmmədli Qarapapaq 2000-ci ildə çap etdirdiyi “Borçalı ədəbi mühiti” kitabında Xəstə Hasandan söz açarkən sənətkarın “Qərənəyə şagirdlik edib, Xəstə Qasımı özünə ustad sayıb” ifadəsilə kifayətlənmişdirsə (Qarapapaq Şurəddin Məmmədli, 2000:112), 2004-cü ildə çap etdirdiyi “Borçalı-Ahıska-Kars ortaq ədəbi arealı” kitabında Qul Qaranıya fəsil ayırıb. (Qarapapaq Şurəddin Məmmədli, 2004:25-30). Bu Qul Qaranı haqqında gördüyümüz ilk məqalədir.
Araşdırıcı məqaləsində yazılı qaynaqlardan istifadə etmiş, Qul Qaranı haqqında daha geniş bilgi vermişdir. Əsasən, özünün topladıgı materiallardan və S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Ziyəddin Əfəndiyevin fondunda saxlanan “Cüngbayaz”dan (fond 533. saxlama vahidi 63, 64) istifadə etmişdir.
Araşdırıcı bu fikırdədir ki, sənətkar Üveysilik-Qərənilik təriqətinə bağlı olduğuna görə təxəllüsünü Qərəni götürüb. Topladığı bilgilərdən bu qənaətə gəlir ki, “Qaranı Axıska tərəfdə doğulmuş, orada və Borçalıda məşhurlaşmışdır... Borçalının Bəylər kəndində olub, 19-cu yüzilliyin birinci yarısında yaşayıb”. Müəllif Borçalının Qoçulu kəndində yaşayan Qəhraman Ömər oğlu Süleymanovun dediyi: “Aşıq Qul Qaranı Borçalı mahalımızın Bəylər kəndindəndir” fikri üzərində ciddi dayanmır. Amma yazır: “Qul Qərəninin şeirləri indi də Borçalıda elin hafizəsində yaşayır və bu da onun Borçalıyla bağlılığı faktının müəyyən anlamda dəstəklənməsinə kömək edir”. (Qarapapaq Şurəddin Məmmədli, 2004:25).
Onun bir az tərəddüdlə söylədiyi fikirlə razılaşırıq. Çünki aşıq gəzərgi bir insan olub. Qaranının də Borçalıya gəlməsi, məclislər aparması, müəyyən müddət burada qalması mümkündür. Amma onun Bəylər kəndindən olmasını sübutlayan elə bir dəlil yoxdur. Aşığın yaşadığı dövr bizdən çox da uzaqda deyil. Çağdaşımız olan yaşlı nəsil onun oğuluşağını xatırlayardı.
Şurəddin Məmmədli Qarapapağın məqaləsinin ətək yazısındakı “Borçalının Bəylər, Saraçlı, Kosalı, Qaracalar kəndlərində Qərənizadə soyadı indi də qalmaqdadır” fikri hələ həmin nəsillərin Qul Qaranıyla bağlı olduğunu sübutlayan dəlil deyil. Olsa-olsa, bu, soyad oxşarlığıdır. Şurəddin Məmmədli Qarapapaq Qul Qaranı haqqında dəyərli bilgilər verir. Lakin bəzi yerlərdə qaynaq göstərməməsi özündən sonrakı araşdırıcıları çətin vəziyyətdə qoyur. O yazır: “İndiyə qədər bilginlər (Ensər Aslan, Əflatun Saraçlı, Əsəd Əliyev, Məmməd Sarvan, Tinatin Məmmədova və başqaları) Qul Qaranının yalnız adını çəkməklə, onu Borçalı ədəbi mühitinin qüdrətli nümayəndələrindən biri kimi təqdim etməklə yetərləniblər, məlumat azlığı səbəbindən onun barəsində geniş danışa bilməyiblər”. (Qarapapaq Şurəddin Məmmədli, 2004:25). Bilinmir ki, yuxarıda adı çəkilən araşdırıcılar hansı yazılarında Qul Qaranının adını çəkiblər.
Yaxud araşdırıcı Qul Qaranınin təxəllüs götürməsindən söz açarkən aşağıdakı şeiri verir:
Ərş üzündə pərvaz edən buludlar,
Gözlərim oxşatdı ay ağa səni.
Hər qətrəsi tutar bir əzim mələk,
Əmirsiz qoymazlar ay ağa səni.
Müşkül olsa, həkim atar nəxandan,
Qorxum yoxdur nə sultandan, nə xandan,
Mələkülmövt bir gün tutar yaxandan,
Qoymaz ki, qalxasan ayağa səni.
Cəhd eylə, Qərani, qıl beş vaxtını,
Günahkar olarsan, tərk et taxtını,
Soyarlar əynindən tacı-taxtını,
Yuyarlar, bükərlər ay aga səni.
Araşdırıcı bu şeirin də haradan alındığını göstərməyib. Kiçik qüsurlarına baxmayaraq məqalə Qul Qaranı haqqında ilk məqalə kimi olduqca dəyərlidir.
2. Xəstə Hasan Qul Qaranı haqqında
Xəstə Hasanın yükcək sənətkarlıqla söylədiyi “Sözdə bir” divanisinin əlimizdə olan nüsxələrinin hamısında Qul Qaranınin adı çəkilir. Aşağıda Türkiyənin Kars ilinin (vilayətinin) Kümbətli (Ladıkars) kəndindən olan Aşıq İslam Ərdənərdən topladığımız nümunəni veririk:
Abi-çeşmim göllərində sona da bir, qaz da bir,
Süsən-sünbül, mor mənəvşə, bülbül ötər yazda bir.
Vaqif dərdən xəbərdardı Gövhərin qiyməti yox,
Qul Qaranı, Qara Zülal, Aşıq Ömər sözdə bir.
Bu misralardan aydın görünür ki, Qul Qaranı Vaqif, Gövhəri, Aşıq Ömər, Qara Zülal kimi söz ustası sayılır. Aşiq İsgəndər Ağbabalı və Murtuza Tursunovdan (Namazov) topladıgımız nüsxələrdə isə son misra “Qul Qaranı qərəz eylər, Aşıq Ömər sözdə bir“ kimidir. Fərqin yaranmasını aydınlaşdırmaq üşün mütləq Xəstə Hasanın Qul Qaranı ilə deyişməsindən söz açan dastan-rəvayəti gözdən keçirmək lazımdır.
2. Xəstə Hasan və Qaranının deyişməsindən bəhs edən dastan-rəvayət
Bir gecəlik məclis üçün hazırlanmış dastan-rəvayətin əlimizdə dörd nüxəsi var. Onlardan biri Məhəmməd Hüseynqulu oğlundan, ikincisi Aşıq İsgəndər Ağbabalıdan, üçüncüsü Aşıq Murtazadan, dördüncüsü Aşıq İlyas Dadayevdən (Öncəki məqalələrimdə bu soyadını yanlış olaraq Dadaşov yazmışam – Ə.Ş.). Birinci nüsxəni araşdırıcı Elxan Məmmədli babasından toplayıb və AMEA Folklor İnstitutunun Arxivində 1996-cı ilin ekspedisya materialları sırasında 100-cü qovluqda saxlanılır. Sonrakı üc variant isə şəxsi arxivimizdə və AMEA Folklor İnstitunun arxivində müxtəlif illərin ekspedisya materialları arasındadır. Dördüncü variantı isə S.Peterburqda yaşayan professor Faiq Çələbi 9 iyul 1987-ci ildə Almatı şəhərində olarkən Aşıq İlyas Dadayevdən toplayıb.
Gözdən keçirdiyimiz dörd variantın sujetləri arasında elə bir ciddi fərq yoxdur. Hadisələr Nağı bəyin evində baş verir. Aşıq Murtaza və Aşıq İsgəndər Ağbabalı Nağı bəyin Qarzaxlı, Məhəmməd Hüseynqulu oğlu isə Sarıqamışlı olduğunu söyləyib.
Aşıq deyimələrinin ənənəvi qəlibləri əsasında qurulmuş dastanrəvayətin qısa məzmunu belədir:
Qaranı Qarzaxlı Nağı bəyin aşığıdır. Nağı bəy təzə gətirdiyi gəlininə tərif dedirtmək istəyir. Bəyin xanımı gəlini bəzəyib məclisə gətirir. Qaranı gəlinə baxıb aşağıdakı tərifi deyir:
Başına döndüyüm, qurvan olduğum,
Yoxdu sənin kimi, yaxası Gülgəz.
Alışıb oduna büryan olduğum,
Olarmı sənintək həvəsi Gülgəz.
Can qurban eylərəm o uca boya,
Gözəllik yaraşır qamətə, soya,
Bəzəkli-düzəkli aparam toya,
Yoxdur sənin təki sonası,Gülgəz.
Qaranıyam, oxumadım hecəmi,
Yuxum gəlmir, yatammıram gecəmi,
Çox gəzdim dünyanı, Azərbaycanı,
Öldürür qaşların qarası, Gülgəz.
(Ağbabalı İsgəndərin variantı)
Aşıq Murtazanın və Aşıq İlyas Dadaşovun söylədiyi şeir də Ağbabalı İsgəndərdən toplanmış variantla məzmunca eyni olsa da, misralarda, deyimlərdə bir az fərq var. Hər iki şeir Gülgəz rədifi ilə bitir. Dastanda deyilir ki, şeir Nağı bəyin xoşuna gəlmir. O qədər hirslənir ki, hətta Qaranını öldürmək istəyir. Lakin dostları, məsləhətçiləri buna imkan vermirlər. Deyirlər ki, aşığı öldürsən deyəcəklər: “Nağı bəy bir aşığı da saxlaya bilmədi deyə öldürdü. Elə bir aşıq tapaq ki, deyişəndə onu bağlasın. Bu Qaranıya ölümdən ağır zərbə olar”.
Şeiri diqqətlə gözdən keçirdikdə, burada elə bir qəbahətli misraya rast gəlmirik. Toylarda gəlinlərə, qızlara aşıqlarımızın əksəriyyəti belə təriflər deyib.
Burada nəsə bir anlaşılmazlıq, məntiqsizlik özünü göstərir. Elxan Məmmədlinin babası Məhəmməd Hüseynqulu oğlundan topladığı variantdakı gözəlin tərifi məsələyə aydınlıq gətirir.
Gəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,
Həsrətəm didarına, çəkirəm ah nöycavan,
Nə müddətdir yolçusuyam, gözlərəm yollarını,
Axşamlar zarı qıllam, taki sabah nöycavan.
Bad əsdi, gül üzündən qalxdı niqab, ey nigar,
Dağıldı könlüm qübarı, hüsnünə qıldım nəzər,
Məni edib, məbus yaradıb, camalın pərvərdigar,
Saxlasın cümlə bəladan cəni Allah, nöycavan.
Qaranını mehman eylə otağına sazınan,
Üz sürtüb qədəmlərini bus edim peşvaznan.
Soyunub alsan qoynuna aşığı min nazınan,
Açılaydı üstümüzə taki sabah, nöycavan.
Bu şeirin son misralarının Nağı bəyi və məclisdəkiləri əsəbiləşdirəcəyi, aşıqdan narazı salacağı normal görünür. Ehtimal etmək olar ki, Qul Qaranı Gülgəzin tərifinə iki şeir söyləmişdi. İkinci şeirdə açıq-saçıq, intim misralar olduğuna görə, onu qadınlar-qızlar, uşaqlar olan məclislərdə söyləməmişlər. Beləcə, bəzi aşıqların repertuarından çıxsa da, yaşlı nəslin yaddaşında qalmışdır.
Aşıq Murtaza variantında Qaranını qarşılaşdırmaq üçün Urfanini, Küfdadını və Usta Poladı dəvət etmək istəyirlər. Lakin onlar Qarzaxdan uzaqda olduğuna görə, gətirtmək vaxt aparır. Bu zaman eşidirlər ki, Xavet kəndində danaçılıq edən bir yeniyetməyə haqdan vergi verilib. Onu gətirtməyi planlaşdırırlar.
Yeniyetmənin Qul Qaranı kimi bir aşıqla deyişməyə ehtiyat edəcəyini bilirlər. Buna görə də öncədən Nağı bəyin çağırdığını söyləyirlər. Yeniyetmə Hasan Nağı bəyin yanına gələndə məclis qurulduğunu görür. Həmin vaxt bəyin göstərişi ilə Qaranı gizlənir. Bəy ona haqdan 44 vergi verildiyinin doğru, yalan olduğuyla bağlı suallar verir. Hasan söylənənlərin doğru olduğunu deyir. Nağı bəy deyir ki, doğrudursa, onda məclisdəkilər üçün çalıb-oxusun.
Xəstə Hasan çalıb-oxumağa başlayır. Aşıq Murtuzanın və Aşıq İsgəndər Ağbabalının, Aşıq İlyas Dadayevin söylədikləri variantda Xəstə Həsən müxtəlif məzmunda 3 şeir deyir ki, bunlar Məhəmməd Hüseynqulu oğlu variantında yoxdur. Dastan rəvayətin əsasını, özəyini təşkil edən Qul Qaranıyla Xəstə Hasanın deyişməsidir. Hər dörd variantda və Aşıq İslam Ərdənərin bizə göndərdiyi “Qara hey!” rədifli deyişmələr, misra, ifadə fərqlərini nəzərə almasaq, eynidir. Buna görə də onlardan Aşıq İslam Ərdənərin söylədiyi “Qara hey!” cığalı təcnisini, Aşıq İsgəndər Ağbabalının söylədiyi “Bax” divanisini, Məhəmməd Hüseynqulu oğlunun söylədiyi “Ver xəbər” divanisini təqdim edirik:
Qul Qaranı:
Əlif-bey içində, hərf arasında,
Bir xət gördüm, çəkilibdi qara hey!
Əziziyəm, qara hey!
Qış gəldi bax, qara hey.
Qaradan boyax olmaz,
Boyanıbdı qara, hey!
Namərd seyraqubun bafası olmaz,
Dolanar dünyanı üzü qara hey!
Xəstə Hasan:
Aləm bilir bu dünya da beş gündü,
Mən bilirəm beşini də qara hey!
Əziziyəm qara, hey!
Oxu dərsin qara, hey!
Əzəlindən kim çalıb,
Ağ üstündən qara hey?!
Sağlıq xəbərimi yara versələr,
Dost sevinər, düşmən geyər qara hey!
Qul Qaranı:
Üstümüzdə kərəm kanı bir dura,
Dəvət eylə, dostun minsin bir dura.
Əziziyəm, bir dura.
Bir yeriyə, bir dura.
Sərraf odur, dür seçə,
Qiymət vura bir dura.
Əliyyən Mürtəza mindi bir dura,
Qabağında sarvanıydı Qara hey!
Xəstə Hasan:
Xəstə düşdüm, döşək üstə dər saldım,
Cəfa çəkdim, dünya üçün dər saldım.
Əziziyəm, dərs aldım,
Eşiyinə dər saldım.
Eşitdim seyraqub gəlir,
Onun üçün dər saldım.
Əqli kamil ustadımdan dərs aldım,
Oxumuşam əlif, əbcət, qara hey!
Qul Qaranı:
Haqq əmr etdi inli-cinni yaransın,
Əyyub sağlığında gördü yarasın.
Əziziyəm, yarı sin.
Yarı mimdi, yarı sin.
Cismimi ataş aldı,
Qırağında yar, isin.
Qaranı der: Şavatçıyam, ya Rəsul.
Cünahkarlar gələr üzü qara hey!
Xəstə Hasan:
Bizlərdə qaydadı, yara deməzlər,
Yarın sirrin əğyara deməzlər.
Əzizyəm, yara deməzlər,
Yarı yara deməzlər.
Axır həsrət ölərəm,
Dərdi yara deməzlər.
Xəstənin dərdini yara deməzlər,
Görər məzarımı, geyər qara hey!
(Aşıq İslam Ərdənər variantı)
Qul Qaranı:
Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Hər sabah tezdən ərşə çəkilən ol karvana bax.
Dəryada mah, yerdə murğu, hamı onun əmrindədi,
Dünya heç kəsə qalmadı, hanı, Süleymana bax.
Xəstə Hasan:
Bizi yoxdan var eyləyən ol Tanrı sübhana bax,
Abı, ataş, xaki, baddan xəlq olan insana bax.
Adəmi sakin eylədi cənnəti İrizvana,
Onların qəsdi-qərəzi ol ləin şeytana bax.
Qul Qaranı:
İbrahim ki, İsmayılı apardı Ərəfətə,
Dedi: Ata, qolum bağla, sallam səni əzyətə.
Xışmla bıçağı çəkdi ol Həcərül Əsfətə,
Kim göndərdi, kim gətirdi ol qoçu qurbana bax!
Xəstə Hasan:
Hax taladan nida gəldi, “İncil” endi İsaya,
“Zabur” Davuda verildi, abu “Tövrat” Musaya.
Məhəmməd durdu qıvlaya, Məryəm girdi kilisaya,
Məhəmmədin hümmətinə oxunan Qurana bax!
(Aşıq İsgəndər Ağbabalı variantı)
Qul Qaranı:
Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,
Səkkiz cənnət əzizi o kimlərdən ver xəbər.
O kimdi, hüllə biçir insanın sifətinə?
Doqquz bağa su bağlayan o bağmandan ver xəbər.
Xəstə Hasan:
Bizi yoxdan var eyləyən ol sübhandan al xəbər,
Səkkiz cənnət əzizi o kimlərdən al xəbər.
İdrisdir, hüllə biçir insanın sifətinə,
Doqquz bağa su bağlayan o bağmandan al xəbər.
Qul Qaranı:
Dinlərdən hansı əzizdi, mən tutmuşam adını?
Əngiddə kimlər gördü Əzrayılın cəngini?
O kim idi, iki yol gördü ana rəhnini?
Məkanı bu məkanın bil, o bir cannan ver xəbər?
Xəstə Hasan:
Məhəmmədin dini əzizdi, mən tutmuşam o dini,
Qabil öldürdü Habili, gördü Əzrailin zəhmini.
Həzrət Yunus iki yol gördü ana rəhnini,
Məkanı ümman məkanı, ol cannan al xəbər.
Qul Qaranı:
Qaranı ana ilə buldu bir-birini..........?
O kimiydi, kəndi əliynən kəndi kəsdi sərini?
O kim idi, atasız gəldi dünyaya, əmdi ana şirini?
O ki nədən xəlq olubdu, ol divandan ver xəbər?
Xəstə Hasan:
Xəstə Hasan ana ilə buldu bir-birini,
Əzraildir, kəndi əliynən kəndi kəsər sərini.
Həzrət İsa atasız gəldi, əmdi ana şirini,
O ki, nurdan xəlq olunub ol divandan ol xəbər.
(Məhəmməd Hüseynqulu oğlu variantı)
Qul Qaranının dediklərinə cavab verdikdən sonra Nağı bəy Xəstə Hasana təklif edir ki, indi də o desin. Xasta Hasan “İçində” rədifli bağlamanı deyir. Qul Qaranı bağlamanı aça bilmir. Xasta Hasanın söylədiyi bağlama Məhəmməd Hüseynqulu oğlu variantında yoxdur. Onun söylədiyi nisbətən yığcamdır və Qul Qaranının söylədiyi bağlamaları Xəstə Hasanın açmasıyla bitir. Qalan üç variantda fərqlər azdır. Aşıq Murtaza variantının sonunda Qul Qaranı Nağı bəydən xahiş edir ki, Xəstə Hasanı ona iki günlük qonaq versin. Qul Qaranı uşağı, yəni Xəstə Hasanı incitdiyinə görə onun xəcalətindən çıxsın, könlünü alsın. “Nağı bəy dedi: “Yox olmaz, çünki insan oğlu çiy süd əmmiş”. Qaranı dedi: “Bəqim, gətir əl kağızı yazem, mənim buna ziyanım olmaz”. Nağı bəy dedi: “Onda olar, yaz. Əgər buna bir şey olsa, sənin kökünü kəsərəm, vallah!”
Bəli, Qur Qaranı Xəstə Hasanı apardı davata, hamısı yedilər işdilər... Nağı bəy bir yaxşı atı Xasta Hasana peşkaş verdi”.
Bu sonluqda məğlub qalibdən düşmən kimi deyil, dostcasına ayrılır.
Sonuc
Gözdən keçirdiyimiz dastan-rəvayətlərdə və yazılı qaynaqlardan aşağıdakı nəticəyə gəlirik: 1. Qul Qaranı Türkiyədəki Ardahan qəsəbəsi yaxınlığındakı Dəyirman köyündəndir.
2. Aşığın əlimizdə olan 3 qoşma və 3 bağlamasından aydın görünür ki, ustad sənətkar olmuş, elə buna görə də bölgənin ən seçilən aşığı kimi Nağı bəy onu yanında saxlamışdır.
3. Şeirlərinin təsəvvüflə sıx bağlılığı, adındakı qul və Qaranı sözləri onun təriqətlə bağlı olduğunu söyləməyə əsas verir.
4. Qul Qaranı, Urfanı (əsil adı Süleyman), Usta Polad, Xəsta Hasandan yaşda böyük olsalar da, bir bölgənin sənətkarlarıdır və çağdaşdırlar.
5. Aşıq Şenlik 1853-1914-cü, Aşıq Nuru 1811-1885-ci, Xəstə Həsən 18-19-cu yüzillərdə yaşayıblar. Bu hesabla Qul Qaranı da Xəstə Hasandan 20 yaşdan çox büyük olmalıdır. Demək Qaranının doğum tarixi 18-ci yüzilin ikinci yarısına düşür.
6. Xəstə Hasan Qul Qaranı ilə deyişib. Bu mövzudakı dastanrəvayət isə sonradan, özü də Xəstə Həsənin şagirdləri tərəfindən formalaşdırılıb. Buna görə də Xəstə Hasanın “Birdir, bir” divanisindəki “Qul Qaranı, Qara Zülal, Aşıq Ömər sözdə bir” misrası dastan sujetinin təsirilə “Qul Qaranı qərəz eylər, Aşığ Ömər sözdə bir“ şəklinə salınıb. Beləliklə, aşıqların şerlərinin qorunub günümüzədək gəlib çatmasında böyük rolu olmuş “Qul Qaranıynan Xəstə Hasanın deyişməsi” dastan-rəvayət həm də Qara Zülal kimi aşığımızın unudulmasına, Qul Qaranı kimi ustadın qərəzkar kimi tanınmasına şərait yaradıb.
7. Şeir və rəvayətlər isə onu göstərir ki, Xəstə Hasan Qul Qaranının ya şagirdli olub, ya da ondan güclü təsirlənib. Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, üzrə kimya fəlsəfə doktoru Nazir Əhmədli aşıqlarımızın doğum tarixinin öyrənilməsində yeni cığır açdı. O, İrəvan xanlığına daxil olan Dərələyəz və Göyçə mahallarının kameral dəftərlərini yayınlamaqla qalmadı, “Haq nahaq seçilər haqq divanında” adlı bir kitab da yazdı. Bu kitabda indiyədək doğum tarixləri yanlış verilmiş Ağ Aşıq ləqəbli Allahverdinin, Aşıq Alının, Açıq Ələsgərin, Aşıq Musanın, Daşkəndli Şair Məmmədhüseynin, Şəmkirli Söyünün, Kosacanlı Aşıq Allahverdi baba oğlunun doğum tarixlərini kameral dəftərlər əsasında müəyyənləşdirdi. Bununla kifayətlənmədi, sonrakı məqalələrində Sallı Aşıq Cəlilin, Şişqayalı Aydının və b. doğum tarixini dəqiqləşdirdi.(Əhmədli Nazir, 2017)
Bu, araşdırmaçılarımıza imkan verir ki, istər Türkiyədə, istər Azərbaycanda olsun təhrir və kameral dəftərlərdən yararlanaraq aşıqlarımızın və b. insanlarımızın doğum tarixini dəqiqləşdirmək olar.
Qaynaqlar:
1. Alptekin Ali Berat. (2007). Çıldırlı Aşık Şenlik bibliyografyası. Ankara.
2. Aslan Enser. (1975, 1993), Çıldırlı Aşık Şenlik. Hayatı, şiirléri vé hikayéléri. (İncélémé-métin-sözlük), Ankara.
3. Aşıkoğlu İsmail. (1964), Aşık Şenlik, “Koban” yayınları, İzmir.
4. Çıldırlı Aşık Şenlik. (2006). Divanı.(Hayatı, şiirlerı, atışmaları ve hikayeleri), Hazırlayanlar: A.Barat Alptekin, M.Nizamettin Coşkun, Ankara.
5. Erdener Aşık İslam. (1960), Aşık Şenlik divanı, “Bugün” matbaası, Kars. 5.
6. Əhmədli Nazir. (2017). Haqq-nahaq seçilər Haqq divanında, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı.
7. Əhmədli Nazir. (2017). Göyçə mahalının kameral təsviri (1831-ci və 1842- ci il), “Elm və təhsil” nəşriyyatı, Bakı.
8. Hacılar Valeh. (2005), Gürcistanda Türk xalk ədəbiyyatı ənənənləri. «Səda» nəşriyyatı, Bakı.
9. Hacıyev V. (1983), Xəstə Hasan kimdir? “Sovet Gürcüstanı” qəzeti, 12 aprel.
10. Hacıyev Valeh. (1991), Folklorumuzun üfüqləri. (Azərbaycan-Gürcistan folklor əlaqələri tarixindən). “Yazıcı” nəşriyyatı, Bakı.
11. Qarapapaq Şurəddin Məmmədli. (2000), Borçalı ədəbi mühitü, “Elm” nəşriyyatı, Bakı.
12. Qarapapaq Şurəddin Məmmədli (2004). Borçalı-Ahıska-Kars ortaq ədəbi arealı, “Kolori” nəşriyyatı, Tbilisi.
13. Kars ili. (1966), Çıldır, Ardahan, Hanak, Posof. I sayı. Özél say. Kars Turizm vé Tanıtma dérnéği yayınları. Sayı 5, Ankara.
14. Özbék Orhan. (1969), “Aşık Şenlik.(değişmélér, karşılaştırmalar), “Ay yıldız” néşriyatı, Ankara.
15. Şamil Ali. (2004), Xəstə Hasanın ömür yoluna dair bir dəqiqləşdirmə. “Ortak Türk keçmişindən ortak Türk gələcəyinə”. II Uluslararası Folklor Konfransı. AMEA Folklor Mərkəzinin nəşri, Bakı.
16. Şamil Ali. (2006), Aşiq Ürfaninin ömür yolu və şeirləri. ”Ortaq türk keçmişindən ortaq türk gələcəyinə». IV Uluslararası Folklor Konfransının materialları. AMEA Follkor İnstitutu, Bakı, 1-3 noyabr, s.85-91.
17. Şamilov Ali. (1984), El sənətkarlarımız. Xəstə Hasan, “Şərq qapısı” qəzeti, 20 Mart, Naxçıvan.
18. Şamilov Ali. (1986), Xəstə Hasan və müasirləri. “Sovet Gürcüstanı” qəzeti, 1 iyul, Tbilisi.
19. Şamil Əli. (2012).Axısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər), “Elm və təhsil” nəşriyyatı, Bakı.
20. Şamil Əli. (2016). Çıldırlı Aşıq İrfani, “Elm və təhsil” nəşriyyatı, Bakı.
Çap olundu: Aşıq Qaraninin ömür yolunun dəqiqləşdirilməsi problemləri “Ozan dünyası” jurnalı, 2018, № 2 (30), səh. 37-49.
https://ia601505.us.archive.org/22/items/OZAN2302018/OZAN-2%2830%29%20%202018.pdf
|