Əmin Abid və onun “Ədəbiyyat tarixi”nin taleyi

 ƏMİN ABİD VƏ ONUN ƏDƏBİYYAT TARİXİNİN TALEYİ

Əli Şamil

Azərbaycan SSR Maarif Komissarlığı 1923-cü ildə “Azərbaycan ədəbiyyatı tarixini yazmağı Əmin Abidə tapşırmışdır. Əmin Abid kim idi? Belə məsul iş niyə məhz ona tapşırılmışdır?

Abid Mütəllib oğlu Əhmədov 1898-ci ildə Bakıda anadan olub. Atası savadsız daş yonan olsa da, övladlarının savadlanması üçün əlindən gələni əsirgəməyib. Abid, ilk təhsilini anası Molla Reyhanın evdə açdığı məktəbdə alıb. Sonra Bakıdakı Üçüncü Aleksandr Kişi Gimnzaiyasında (orta məktəb) oxuyub. Qardaşı Əli Abbas Müznibin yayınladığı “Dirilik”, “Babayı Əmir” və sair dərgilərdə çalışıb 1912-18-ci illərdə Qafqazda, türkcə yayınlanan “Məktəb”, “Kəlniyat”, “Lək-Lək”, “Məzəli”, “Molla Nəsrəddin” dərgilərində, “Bəsirət”, “İqbal”, “Yeni İqbal”, “Sovqat” qəzetlərində onlarla şeir, hekayə, məqalə və rus dilindən tərcümələr yayınlanıb. Onun uşaqlıq və gənclik illərində yazdığı bütün əsərlərdə, etdiyi tərcümələrdə də əsas mövzu yurdsevərlikdir. Məsələn intiqam şeirlərindən aşağıdakı bənd:

Yuxlamışdım, dün gecə gördüm deyirlər kim mənə,

Tutmaq istərsən cahanda sən də gər ali məqam,

Ğəflət etmə! Qalx ayağa! Düşmən bidindən,

İntiqam al, intiqam al, intiqam al, intiqam.(1, 67)

Və yaxud Valeri Bryusovdan (1873-19240 çevirdiyi etdiyi “Millətpərvər bir uşaq” hekayəsinə nəzər salmaq kifayətdir. Hekayənin qısa məzmunu belədir. 1859-cu Avstrya – İtalya savaşı zamanı 12 yaşlı kimsəsiz bir italyan uşağı avstryalıların gəmisində gedəsi olur. Gəmidəkilərin uşağa yazığı gəlib ona yol pulu, yemək pulu toplayırlar. Sonra da italiyalıların geri qalmış, mədəniyyətsiz bir xalq olduğundan danışmağa başlayırlar. Xalqının haqqında pis danışlımasına dözməyən uşaq, pulları və yeməyi avstryalıların üstünə ataraq deyir: - Götürün pulunuzu! Mənim əziz vətənimi və sevgili millətimi təhqir edən adamın köməyi mənə lazım deyil.(2,72)

Satirik “Babayi-Əmir” dərgisində “Şapalaq” başlığı altında dərc etdirdiyi şeirlərin birində isə öz dilinə xor baxan Əli müəllim haqqında yazıb:

-  Tanıyırsınızmı, onu? Kimdir?

-  Axundov Əli bəy!

-  Bəy xəta eyləyirsən! Rusdur, bu ey Kəbla Qulam!

-  Yox, deyil rus! Bəs o rusca danışır, a kişi.

-  Bu müəllim Əlidir, qəm yemə ey Kəbla Salam! (3,5)

15-17 yaşlı Abid Mütəllibzadənin Volterdən, Jan Jak Russodan, J.Lafontendən, A.A.Qorbunovdan, Lev Tolstoydan, A.S.Puşkindən, N.Qoqoldan və b. etdiyi çevirmələr – kiçik olsa da ibrətamizdir. Abid 1919-ci ildə İstanbula gedərək orada Darülmüəllimdə oxuyur və İstanbulda dəyayınlanan qəzet və dərgilərdə “Abid Mətləb oğlu”, “Mütləbzadə Abid Alp” və sair imzalarla yazılar, elmi məqalələr yayınladır. 1920-ci ildən sonra Azərbaycan ali məktəblərinin, texnikumların, ümumtəhsil məktəblərinin sayı sürətlə artdı. Ancaq bu məktəblərdə dərslik, avadanlıq və müəllim çatışmır.

Azərbaycan Maarif Komissarlığı bir tərəfdən bolşevik devrimindən öncə yazılmış, Firudin bəy Köçərlinin “Azərbaycan türk ədəbiyyatı”nın, Hüseyn əfəndi Qaibovun “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” toplularının bir dərslik kimi nə dərəcədə yararlı olduğunu müəyyənləşdirmək üçün komisyon ayırır. O biri tərəfdən də ayrı-ayrı müəlliflərə dərsliklər hazırlamaq barədə sifarişlər verir.

Azərbaycan ədəbiyyatı tarixinə dair təzkirələrdə bilgilər olsa da, o vaxta qədər Avropa tipli ədəbiyyat tarixi yazılmamışdır. Bu sahədə F.Köçərlinin 1903-cü ildə Tiflisdə rusca yayınlatdığı “Azərbaycan tatarlarının ədəbiyyatı” və Yusif Vəzirovun (Y.V.Çəmənzəminlinin – Ə.Ş.) 1919-cu ildə İstanbulda yayınlatdığı “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabçaları ilk addımlar idi. 1923-cü ildə təhsilini başa vurub Bakıya dönən Abid Mütləbzadəni Azərbaycan SSR Maarif Komissarlığı yenidən İstanbul Universitetinin tarix-ədəbiyyat fakültəsində oxumağa göndərir. Həm də ona “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyini yazmağı tapşırır. Məhəmməd Fuad Köprülüzadənin İstanbulda təşkil etdiyi “Türkiyat cəmiyyəti”nin fəal üzvlərindən olan Abid Azərbaycan ədəbiyyatı tarixinə dair mühazirələr hazırlayıb oxuyur, “Sərvəti funun” (İstanbul), “Türk yurdu”, “Həyat” (Ankara) kimi dərgilərdə elmi məqalələrin, “Şəbab”, “İnci”, “Sus”, “Xidmət umumiyyət”, “Yarın İstanbul” (“Türkiyə”) dərgilərində bədii yazılarını dərc etdirirdi. Güney Qafqazın, İranın, Türkiyənin kitabxanalarındakı, ayrı-ayrı şəxslərdəki Azərbaycan ədəbiyyatına dair materiallarla tanış olan, Budapeşt, Vyana şəhərlərinə elmi ezamiyyələrə gedən, şərqşünas alimlərlə görüşüb fikir mübadiləsi edən Abid Mütəllibzadə həmin illərdən araşdırmalarını “Əmin Abid” imzasıyla yayınlatmağa başlayır.

1926-cı ildə İstanbul Darülfünunda Əmin Abid “Azəri ədəbiyyatı tarixi” mövzusunda diplom işi1 müdafiə edir. Zaqafqaziya Mərkəzi İcrayə Komitəsinin və Xalq Komisarlar Sovetinin orqanı olan “Yeni fikir” qəzetinin İstanbul müxbiri  Əli Şahbazov “Azəri ədəbiyyatı tarixi”ni nəzərdə tutaraq yazır: “.... bu vaxta qədər Azərbaycan olduğu kimi Türkiyə mühitində tanınmamışdır. Tanıtdırmağa çalışmasada, o da müxtəlif qayələrlə vaqe olduğundan yalan, yanlış bir fikir verilmişdir. Əmin Abidin bu əsəri Azərbaycan mədəniyyəti üçün ehtiva etdiyi qiymət şöylə dursun, azəriləri darülfünun kimi yüksək bir müəssisəyə tanıtdırması cəhətdən də böyük əhəmiyyətə haizdir.

Bu mühüm əsəri vücuda yetirməyə çalışmaqla, azəri mədəniyyəti tarixində görülən böyük boşluğu Əmin Abid yoldaşımız qismən doldurmuş bulunuyor. Darülfununda qəbul edilən əsəri, kitabının son əsrə aid yalnız bir cildidir və ümumi əsər altı cilddən ibarətdir”.

Elmi yaradıcılıqla məşğul olanadək Əmin Abidin dövri mətbuatda yayınlatdığı və yayınlada bilmədiyi bədii yazıların, tərcümələrin həcmi 30 çap müəllif vərəqi həcmindədir. Türkiyədə yayınlatdığı araşdırmaların 7-8 müəllif vərəqindən az deyil, bu da 100-120 səhifəlik kitab deməkdir.

A.Şahbazov başqa bir məqaləsində yazır: “... Ə.Abid yoldaşın məzuniyyət tezi olaraq vücuda gətirdiyi “Azəri ədəbiyyatı tarixi” əsəri darülfunun imtahan heyəti tərəfindən qəbul edildi. Əmin o suallara istinadən yazılan tətebbönamə məclis müdərrisin (professorlar məclisi) tərəfindən təqdir olunaraq təb olunmasına qərar verildi”. Müxbirin yazdığına görə altı cilddən ibarət olan əsərin xülasəsi gənc macar şərqşünası Margit Paull tərəfindən macarcaya tərcümə edilib (bu tərcümənin taleyi haqqında heç bir bilgi əldə edə bilməmişik.— Ə.Ş.) əsərə görə maarif komissarlığı Əmin Abidə təqdir medalı verəcəkdir. “Amma Əmin Abidə nəinki “təqdir medalı”, heç normal bir iş də vermədilər. O, Bakıya döndükdən sonra gah texnikumda müəllim işlədi, gah Bakı Dövlət Universitetində, gah “Kommunist” qəzetinin ədəbiyyat şöbəsində məsləhətçi kimi çalışdı. Sonra da Bakıdan tamam uzaqlaşdırıldı. Ağdam, Quba kimi şəhərlərdə pedaqoqluq (təlim tərbiyəçi) etməyə başladı.

1930-1932-ci illərdə dərgilərdə, qəzetlərdə, toplantılarda onu pantürkizmdə “Dunkhaləmin təlimini marksizmə qarşı qoymaqda, türk xalqları ədəbiyyatının əlaqəli öyrənməkdə suçlandırıb, hətta “elmi afirist” adlandırırlar. Tez-tez işdən azad edilməsinin, mərkəzdən uzaqlara göndərilməsinin, təqib və təzyiqlərə məruz qalmasının səbəbini isə 80-ci illərin sonlarında dövlət təhlükəsizlik komitəsinin arşivləri açılanda öyrəndik. DTK tərəfindən göz altına alınmış “Gənc Azər” təşkilatının rəhbərlərindən Həşim Aslanov istintaq zamanı deyib:

“Əmin Abid 1927-28-ci illərdə sinifdə türk şairi “Ömər Seyfəddin”in “Bomba” hekayəsini oxudu... Əmin Abid özünə yaxın bildiyi şagirdlərə həmişə təklif edirdi ki, türk şairlərinin pantürkist əsərlərini oxusunlar: Dövlət təhlükəsizlik komitəsinin sədri Novruz Rizayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyinə yazırdı.... “Pedaqoji təmizləmə zamanı əsas diqqəti məktəblərdə millətçi şovinizmi daha fəal yayan müəllimlərə: Türk ədəbiyyatı, ictimaiyyət və coğrafiya müəllimlərinə yönəltmək lazımdır”.

Xalqın ədəbiyyatı tarixini dərindən öyrənən və təbliğ etməyə çalışan Əmin Abidin dünyagörüşü, yayınlatdığı araşdırmaları, oxuduğu mühazirələr sovet kosmopolit məmurlarını qane etmirdi. Onu daimi nəzarətdə saxlamaği, işdən çıxartmağı, sıxışdırmağı dövlət təhlükəsizlik komitəsindən tapşırırdılar.

Bütün bu təzyiq və təqiblərə baxmayaraq Əmin Abid ədəbiyyat tariximizi öyrənir, dərin məzmunlu elmi araşdırmalar ilə ictimai fikri formalaşdırmağa çalışırdı. Hələ İstanbulda ikən Bakıda yayınlanan “Maarif və mədəniyyət” dərgisinə göndərdiyi “Azərbaycan ədəbiyyatında türkcənin təkamülü” məqaləsinə redaksiya aşağıdakı qeydi əlavə etmişdi... Əmin Abid arkadaşımızın bu olinci məqaləsini kəndisində yeni Avropa elmi sistemi əldə edib mühakiməsini təmamilə elmi əsaslarla üzərində qurmağa cəhd etməsi, söylədiyi fikirləri hər cürə nəql şəklində çıxararaq elmi tərzdə söyləməsi məqalə sahibi üçün qiymətli məziyyətlərdəndir”.

Araşdırmaları yüksək qiymətləndirildiyi, dərgilərdə yayınlandığı halda, nə üçün “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” basılmamışdır? Bəlkə belə bir əsər olmamış, “Yeni fikir” yeni məcburi yanlışlığa yol vermişdi?

Əmin Abid 1927-ci ildə “Maarif işçisi” dərgisində yayınlandığı “Oktyabr inqilabının Azərbaycan ədəbiyyatına təsiri” məqaləsində özünün yazmış olduğu “Azərbaycan  türklərinin ədəbiyyatı tarixi” əsərinin üçüncü cildini də qaynaq göstərir. 1929-cu ildə “Dan yıldızı” (Tiflis) dərgisində yayınlatdığı “Türk el ədəbiyyatına elmi bir baxış”, “Oğuznamə” məqaləsindəki qeyddə də “Azərbaycan türklərinin tarixi”nin bir cildini Azərbaycan SSR-i Maarif Komissarı Ruhulla Axundova verdiyini göstərir. Dövrü mətbuatda Əmin Abidin bu qeydlərini yalana çıxaran heç bir yazıya rast gəlmədik. Demək Əmin Abidin özü də çox cildlik ədəbiyyat tarixi yazdığını təsdiq etmiş olur.

Əmin Abidin yaradıcılğı, ömür yolu ilə hələ tələbəlik illərində (1968-1973) maraqlandım. Onun qohumlarını axtarır, bilgi almağa çalışırdım. Tələbə yoldaşım İsmayıl Qurbanovla Əli Abbas Müznibin oğlu Hüseyin Nəcdətin evini tapdıq. Hüseyin Nəcdət 1956-cı ildə vəfat etmişdir. Onun milliyyətcə rus olan arvadı Valentina Pozdşeva bizi ailə arşivi ilə tanış etdi. Burada nəinki Hüseyin Nəcdət, Əliabbas Müznib, Əmin Abid, hətta bu ailə ilə qohumluq əlaqəsi olmayan şəxslərlə də bağlı xeyli sənəd, əlyazma, şəkil və sair vardı. Tapıntı barədə Azərbaycan Dövlət Mərkəzi Ədəbiyyat və İncəsənət Arşivinin müdir müavini Qulam Məmmədliyə (1970-ci il) məlumat verdik. Həmən sənəd arşiv üçün alındı. Beləliklə Ə.Abidin arşivdəki fondu xeyli zənginləşdi.

Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixindən” əsərinin birinci cildi fondda qorunub saxlanılır. Şagird dəftəri vərəqinə qara mürəkkəblə, səliqəli və seyrək xətlə, ərəb əlifbasında yazılmış əlyazma 316 səhifədir. Azərbaycan ədəbiyyatı tarixinə dair sonralar neçə-neçə kitab çap olunmuşdur. Amma nədənsə Əmin Abidin əsəri diqqətdən kənarda qalmışdır. Ona görə də burada əlyazmanın təsvirini bir az geniş işıqlandırmağa çalışacayıq.

Əlyazma “Föhrüst”lə başlayır. O, da aşağıdakı bölmələrə ayrılır: 1 – bir neçə söz, 2 – Başlanğıc: Azərbaycan – Azəri-oğuz təbirləri haqqında ümumi bir tədqiq. 3 – Rusiya, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya. “Mədxəl” adlandırılan fəsil iki bölməyə ayrılır: “Azərbaycan və Qafqaz türklərinin mənşələrinə qısa bir baxış”. Bu bölümün daxili başlıqları belədir. a - Əski Oğuz türklərinin yaşadığı yerlər, a – İqtisadi həyat, c – Toponimçilik, d – Hakim olan dillər. İkinci bölüm “Əski Oğuzlarda ədəbi həyat adlanır və daxili başlıqları belədir: e – Ağız ədəbiyyatı, e – Yazılı ədəbiyyat, F – vəznli nəsr və heca vəzni, q– İlk heca vəzinləri, ğ – xalq şairləri.

“Birinci parça” adlandırılan fəsil üç bölməyə ayrılır:

1 – Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı.

2 – Yabançı ədəbiyyatların təsiri.

3– Xalq ədəbiyyatının əski dövrləri  

4– Çadır ədəbiyyatı: əşirət aristokratiyasının vücuda gətirdiyi ədəbiyyat.

Bu bölümün daxili başlıqları belədir: a – “Oğuznamə”: mövzu və mahiyyəti. b – Oğuz xan mənqəbəsi c – “Həzrət əl-risalət min klamət Oğuznamə əl-məşhur atalar sözü

d –miladi 12-ci əsrində Koroğlu mənqəbəsi.

“İkinci parça” adlandırılan fəsil dörd bölməyə ayrılır: 1 – Azərbaycanın və Qafqazın ərəblər tərəfindən istilası. 2 – Quran ədəbiyyatının ədəbiyyatımıza təsirə başlanması. 3 – İslamlaşmış “Oğuznamə”

4– Kitabi Dədə Qorqud əla lisan tayfeyi oğuzan.

Bu bölümün daxili başlıqları belədir. a – Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqatların mahiyyəti, b–  Qorqudun şəxsiyyəti və Məvareyi Xəzər türkləri, başqırd-qırğız və Anadolu–  Azərbaycan türkləri arasındakı mövqe və nüfuzu.

c– Qorqud mənqəələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər. d – Qorqud əsəri haqqında ümumi təhlil, mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri islami hüviyyəti.

Əlyazma “Nəticə” və Əlavə (mətnlər lə) bitsə də, onun tamamlandığı aydın görünür.

Əmin Abidin 1934-cü ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının ədəbiyyat bölməsində işə girmək üçün doldurduğu formada yayınlanmayan əsərləri sırasında “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”nin adını da qeyd edir və onun 30 müəllif vərəqi həcmində olduğunu göstərir. Araşdırmaya görə nəinki Azərbaycan Cümhuriyyətində İranın quzeyində, Anadoluda, İraqda hətta əl cəzirədə yaşayan oğuzların danışdığı dil bu günkü türklərin danışdığı dilə çox yaxındır.

Araşdırıcı qədim və orta yüz illərdə yaradılmış ədəbi örnəkləri hətta 19-cu ildə yaşamış Mirzə Fətəli Axundovun əsərlərini də təhlil edərkən ona ümumtürk ədəbiyyatının bir parçası kimi baxır. Onun 50 il öncəki yanaşma metoduna ədəbiyyatşünaslarımız 1990-cı illərdə qayıtmalı oldular. Azərbaycan ədəbiyyatını ortaq türk ədəbiyyatının bir parçası kimi öyrənən Əmin Abid Orxan Yenisey abidələrinin “Kutatqu-Bilik”in, “Divani-lüğət-i-türk”ün ədəbiyyatımıza etgisindən geniş söhbət açır və onları qarşılaşdırmaqla araşdırır.

Əmin Abidin Azərbaycanda, Gürcüstanda, Dağıstanda, Özbəkistanda, Türkiyədə yayınlanan dərgilərdə otuzdan çox elmi məqaləsi çıxmışdır. Onları bir yerə toplasaq, 40 müəllif vərəqindən çox olar. Alimin bilimsəl (alimanə) əsərlərinin ümumi həcmi isə yüz müəllif vərəqindən artıqdır. Ədəbiyyat tariximizi gözdən keçirdikdə dəfələrlə “bu fikri ilk dəfə Əmin Abid söyləmişdir” sonucuna gəlirik. O, Azərbaycanda Qorqud biliciliyini, axundovşünaslığın təməlini qoyanlardandır. Dövrü yayınlarda çap etdirdiyi “Füzulinin tədqiq edilmiş bir əsəri”ndə “Söhbət-ül əsmar”ın Məhəmməd Füzulinin olduğunu sübut etməyə çalışmışdır.

1928-ci ildə 5000 türk, tatar, özbək, qaqauz və sair dördlüklərin Azərbaycan bayatıları ilə qarşılaşdırmalı təhlil edən Əmin Abid olduqca dəyərli bir əsər ortaya qoymuşdur. Onun “Heca vəzninin tarixi”, “Ədəbiyyat və elm”, “Molla Nəsrəddin” və “Çar senzurası”, “M.F.Axundovun mətbuat münaqişələri” və sair məqalələri dəyərlərini bu gün də itirməyib.

1928-ci ildə ardıcıl olaraq M.F.Axundovun həyat və yaradıcılığını araşdıran arşivini səhmana salıb təsvirini verən Əmin Abid 1934-cü ildə M.F.Axundovun tam külliyyatını hazırlayaran qrupun tərkibinə salırlar. O, tapşırılan işi vaxtında uğurla başa çatdırır. Birinci cildə ön sözdə yazır. M.F.Axundovun üç cildlik əsərlərinin 1935-ci ildə basılmaq üçün “Azərnəşrə” təhvil verilir. Mətbəədə yığılsa da, 1937-ci ilin tuthatutu kimi daxil olmuş qaragünlər kitabın eləcə də Əmin Abidin “M.F.Axundovun həyatı və yaradıcılığı” monoqrafiyasının işıq üzü görməsinin qarşısını alır. Əmin Abidin 1934-cü ildə Azərnəşrin basdığı Əbülqasim Firdovsi (Şahnamə) kitabının başlanğıcında verilmiş iri həcmli “Firdovsi və Azərbaycan ədəbiyyatı” məqaləsi çağdaşlarının da diqqətini çəkmişdi. M.Fuad Köprülüzadə, Çelev Saleh, Yaqub Qədri, A.Bartold, A. Somoyloviç, Əli Nazim kimi tanınmış bilim uzmanları Əmin Abidin yaradıcılığı doğrultusunda yüksək fikir söyləmişlər. Ədəbiyyatımıza dair yanlışlığa rast gələndə müəlliminə, dostuna, nüfuzlu araşdırıcılara belə güzəştə getməmişdir.

Böyük Sovet Ensiklopediyası kimi nüfuzlu yayının yanlışlığını göstərir. Müəllimi M.F.Köprülüzadə ilə habelə ədəbiyyatçılardan Əli Nazim, Ə.Ə.Seyidzadə ilə ciddi elmi münaqişəyə getməmişdir.

Hərdən özü də yanlışlığa yol verdikdə isə sonrakı yazılarda həmin yanlışlarını boynuna alıb düzəltmişdir. Elmlər Akademiyasının ədəbiyyat bölməsində işlədiyi (1935-37), necə deyərlər, normal elmi fəaliyyət göstərmək mümkün olduğu bir il yarımda “Əmin Abid hansı araşdırmaları aparmışdır?” sualına cavab verə bilməsək də 1924-1935-ci illər apardığı araşdırmalarının yayınlanmayanlarının az bir hissəsinin adını və həcmini qeyd etməyi lazım bildik.

1 –“Mirzə Fətəli Axundovun elmi və ədəbi fəaliyyəti” 20 müəllif vərəqi.

2 – “Azərbaycan ədəbiyyatında Mirzə Şəfinin yeri” 5 müəllif vərəqi.

3 – “Həbibinin əsərləri” 10 müəllif vərəqi.

4 – “Nəsiminin ərəbcə və farsca şeirləri” 3 müəllif vərəqi.

5 – “Molla Pənah Vaqif” 3 müəllif vərəqi.

6 – “Azərbaycan ədəbiyyatında şeir formalarının inkişafı haqqında” 3 müəllif vərəqi.

7 – “Azərbaycan ədəbiyyatşünaslığının inkişafında metodoloji səhvlərimiz” 3 müəllif vərəqi.

8 – “Azərbaycan” sözü tarixdə və həmin sözlərlə əlaqədar elmi ədəbiyyatda cərəyanlar” 3 müəllif vərəqi.

9 – “Azərbaycan folkloru” 3 müəllif vərəqi və sair.

Rus irticai haqqında təsvir yaratmaq üçün iki bəlgədən örnək verəcəyik. 1937-ci ilə aid birinci bəlgə ictimai xasiyyətnamədə Əmin Abid çalışqan, öncül olduğu, siyasi təhsilə ardıcıl qatıldığı, toplumsal xətt üzrə bölmə istehsalat müşavirəsinin sədri olduğu göstərilirsə, ondan bir az sonra verilmiş bəlgədə (əmrdə) deyilir: “Ə.A.M. Əhmədov institutun tələblərinə cavab vermədiyi üçün işdən azad edilsin”. Hər iki bilgəni eyni idarə “Elmlər Akademiysı” adlanan müəssisə verib.

Biz bu yazıda milli kadrların təqib və basqınlara uğradığı dönəmdə yaşamış, ömrünü Azərbaycan ədəbiyyatının öyrənilməsinə həsr etmiş bir araşdırıcının fəaliyyəti barədə təsvir yaratmağa çalışdıq. 1937-ci ildə araşdırıcı Əmin Abidin tutuqlanıb, 1938-ci ildə oktyabrın 21-də saat 21:30-da güllələnib. İstanbulda Unversitetdə oxuyarkən tanış olduğu şairə Nafiə Taner(Əhməd Şükrü) qızı ilə evlənir. Bakıya gəlirlər. Nafiə Abid imzası ilə şeirləri və hekayələr yazır.Əmin Abid tutulanda Nafiə Abidi də həbs edirlər. 1962-ci ildə varislərinin müraciətindən sonra Əmin Abidin haqsız həbs edildiyi bildirildi. Həmin vaxtdan ötən illər içərisində nə Əmin Abidin xidməti layiqincə qiymətləndirilib, nə də əsərləri çap olundu.

Qaynaqlar:

1.         Mütəllibzadə A. “İntiqam”, “Dirilik” dərgisi, 1914,  nömrə 5, səhifə 67.

2.         Mütəllibzadə A.. “Millətpərvər bir uşaq”, “Məktəb” dərgisi, 1915, nömrə  5, səh. 72.

3.         Qozqurab bəy. “Kəbla Salam ilə Kəbla Qulam”, “Babayi Əmir” dərgisi, 1915, nömrə  6, səh.5.

 

4.         F.Köçərlinin adı çəkilən əsəri 1924-cü ildə Bakıda ərəb əlifbasında iki cilddə “Azərbaycan ədəbiyyatı materialları” adı altında, 1980-1981-ci illərdə yenə də Bakıda kiril əlifbasında iki cilddə “Azərbaycan ədəbiyyatı” adı altında yayımlanmışdır.

5.         H.Əfəndi Qaibovun “Azərbaycanda məşhur olan şüəranın əşarına məc­muə­dir” kitabı Bakıda kiril əlifbasında bir cilddə 1984-cü ildə yayınlanmışdır.

6.         Əli Şahbazov. “İstanbul” Türkiyə cümhuriyyətində bir azərbaycanlı “Yeni fikir” qəzeti 1926-cı il, 2 iyul.

7.         Əli Şahbazov “İstanbul Darülfünunda azəri ədəbiyyatı tarixi” “Yeni fikir” qəzeti 1926-cı ildə 9 yanvar.

8.         Gənc Azər (İstintaq materialları üzrə). Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1993, səhifə 13-33.

9.         Əmin Abid “Azərbaycan ədəbiyyatında türkcənin təkamülü”, “Maarif” və “Mədəniyyət” dərgisi 1926-cı il nömrə 2-3 sayı 17-22.

10.    Azərbaycanın Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivi, fond 170.

11.    Əlyazma ərəb əlifbasında olduğuna görə daxili başlıqlarda onun əlifba sı­ra­sına uyğun düzülüb.

12.    Əmin Abid. Türk xalqları ədəbiyyatında heca nevi və Azərbaycan bayatılarının xüsusiyyətləri, “Azərbaycanı öyrənmə yolu” dərgisi 1930-cu il, nömrə 4-5.

 

 

Çap olundu: Əmin Abid və onun ədəbiyyat tarixinin taleyi, “Varlıq” dərgisi,  20-ci il, yay və payız 1377, 2 – 109, 3 – 110, səhifə 81-88.

 

 Kitabın üzərində yazılıb - "Varlıq"; türkcə-farsca fərhəngi dərgi,19-cu il, yay və payız 1376, sayı 105-2 və 106-3 səhifə 270. İran - Tehran
Məqalə 44-cü səhifədə yerləşdirilib.

 



1Lisans almaq üçün yazılan risalə (Varlıq).

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol