Qaqauz türklərinin ədəbiyyatı

ƏN GƏNC ƏDƏBİYYATLARDAN BİRİ – QAQAUZ TÜRKLƏRİNİN ƏDƏBiYYATI

Əli Şamil Hüseyn oğlu

                                                                                 Bakı

 

 Özət: Qaqauzların yazılı ədəbiyyatı türk xalqları arasında gec-19-cu yüzildən formalaşmağa başlamışdır. Azərbaycanda da qaqauzların tanıdılmasına 20-ci yüzildən başlansa da orta çağ qaynaqlarında burada Qaqauz kəndinin olduğu göstərilir.
İndiki Moldova Respublikasının bir hissəsi olan Qaqauz Yeri Muxtar Respublikasının başkəndi Komratdır. Bölgə bu gün də xalq arasında və coğrafi vahidlərdə Bucaq adlanır. Azərbaycanın Qəbələ rayonunda da Komrat adlı dağ və pir, ocaq var. Həmin bölgədə 20-ci yüzilin başlarında 7 Bucaq kəndi olmuşdur. İndi onların sayı 3-ə ensə də, bucaq adını yaşadan başqa toponimlər də qeydə alınmışdır. Bunlar heç də təsadüfi oxşarlığa bənzəmir.
Qaqauz türklərinin ədəbi dilinin inkişafında 20-ci yüzilin ilk onilliklərində yaşamış nüfuzlu din xadimi Mixail Çakırın yazdığı və tərcümə etdiyi dini duaların, tarixi və etnoqrafik mə­qalələrin rolu olsa da əsaslı dəyişiklik 1957-ci ildə kiril qra­fikasi əsasında əlifbanın yaradılmasından sonra baş vermişdir. Belə ki, orta məktəblərdə ana dilində dərslər keçirilməyə baş­lamış, qəzetlərdə qaqauz türkcəsində səhifələr hazırlanmış, dərs kitabları basılmışdır.
Qaqauz türklərinin yazılı ədəbiyyatının formalaşmasında Mixail Çakırdan (1861-1938) sonra Nikolay Arabacı (1893-1960), Nikolay Tanasoğlu (1895-1979), Dionis (Dəniz) Tana­soğ­lu (1922-2006), Nikolay Baboğlu (1928-2008), Mina Kösə (1933-99), Dmitri Karaçoban (1933-86), Qavril Qaydarcı (1937-98), Stepan Kuroğlu (1940-2011), Qeorgi Taşoğlu (1948), Vasi Filioğlu (1949), Petr Moysa (1951), Mariya Mer­canka (1951), Stepan Bulqar (1953), Todur Marinoğlu (1955), Petr Çebotar-Qaqauz (1957), Dmitri Ayoğlu (Novak) (1957), Todur Zanet (1958), Andrey Koçancı (1953), Qenov Georgiy (1959), Lyubov Çimpoeş (1958), Petr Yalancı (1964-2004), Tanas Karaçoban (1965), Tina Sürma (1965), Tudora Arnaut (1970), Güllü (Valentin) Karanfil (1972) və b. böyük əməyi olmuşdur.
Açar sözlər: Azərbaycan, Qaqauz Yeri, Komrat, Bucaq, mani və bayatılar
 
     Giriş
Çağdaş statistik qaynaqlarda dünya xalqları sırasında qa­qauzların da adı çəkilir. Onlar haqqında ensiklopedik soraq­ça­larda verilən bilgilər bir-birindən o qədər də fərqlənmir. Ək­səriyyətində yazılır ki, türk xalqı olan qaqauzlar əsasən Moldova, Ukrayna, Qazaxıstan Respublikalarında, Quzey Qaf­qazda, eləcə də Bolqarıstan, Rumıniya, Yunanıstan, Türki­yə və Amerikada yaşayırlar. Dindarları xristianlığın ortodoks (pravoslav) təriqətinə inanan qaqauzların sayı 200 min nəfər­dən çoxdur. Moldova Respublikasındakı Qaqauz Yeri Muxtar Vilayətinin 26 kəndində və Komrat, Çadır-Lunqa, Vulkaneş rayonlarında toplu, Bessarabka rayonunda bolqar, ukraynalı, moldav xalqları ilə qarışıq yaşayırlar. Qaqauzlar 1994-cü il dekabrın 23-də Qaqauz Yeri Muxtar Vilayətini qurmuşlar və türk dilinin güney-batı (oğuz) ləhcəsində danışırlar. 1957-ci ildən 1993-cü ilədək kiril əlifbası əsasında yaradılmış əlifba­dan istifadə etmişlər. Sovetlər Birliyi dağıldıqdan sonra bir çox türk xalqları kimi onlar da 1996-cı ildən latın qrafikalı əlifbaya keçmişlər (Dünya xalqları, 1998:89).
 
1.1. Azərbaycan qaynaqlarında Qaqauz kəndi
Sovetlər Birliyi dağıldıqdan sonra əsarətdə olan xalqlar azad­lıq əldə etmələrindən yararlanaraq tarixlərinə, mədəniy­yətlərinə dair olduqca dəyərli araşdırmalar aparmaqla yanaşı, qaynaqları da nəşr etməyə başladılar. Bu da ərəb, fars dillərini, əski əlifbanı bilməyən, arxivlərə getmək imkanı olmayan araşdırıcıların da işini asanlaşdırdı. Akademik Ziya Bünyadov və tarix elmləri namizədi Hüsaməddin Məmmədov (Qara­man­lı) İstanbulda Başbakanlık arxivində saxlanan, Azərbaycan ta­rixinə aid qaynaqlardan bir qismini 1996-cı ildə Bakıda «Elm» nəşriyyatında kiril əlifbası ilə çap etdirdilər (İrəvan, 1996).
Bu qaynaq bir vergi dəftəridir. 16-cı yüzilin sonlarında Sə­fəvi və Osmanlı dövlətləri arasında doqquz il sürən savaşa son verilmiş, 1590-cı ildə anlaşma imzalanmış, Səfəvilərin quzey-batı bölgələri Osmanlı dövlətinin tərkibinə qatılmışdır. Yeni bölgədə vergi toplanmasını nizama salmaq üçün Osmanlı mə­murları siyahıyaalma keçirmişlər. Bu siyahıyaalma dəftərlə­rindən biri «İrəvan əyalətinin müfəssəl dəftəri» adlanır. Dəf­tərin 210-cu səhifəsində İrəvan əyalətinin Karni nahiyəsində Qaqauz adında bir kənd olduğu göstərilir (İrəvan, 1996:171). Daha sonrakı dövrlərdə isə bu bölgə Səfəvi və Osmanlı savaşlarında əldən-ələ keçir. Osmanlılar bu bölgəni təkrar zəbt etdikdə, yəni 1728-ci ildə vergi dəftərini yeniləşdirirlər.
Bölgənin tarixini öyrənən araşdırıcı Əziz Ələkbərli yazır: “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Karni nahiyə­sinin Qaqauz kəndi, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə həmin nahiyənin Kafavus kəndi kimi qeydə alın­mış­dır, lakin dəftəri çapa hazırlayanlar kəndin adını düzgün oxuya bilmədiklərindən Kafavus adından sonra sual (?) işarəsi qoy­muşlar. Kənddə Həsən adlı şəxsin timarından dövlətin müxtəlif vergilər şəklində ildə 3.000 ağca gəlir götürdüyü də həmin bəlgədə göstərilmişdir.
İ.Şopen (1832) isə Kakavus adını Gərnibasar mahalının kənd­ləri siyahısında vermişdir ki, bu da onun 1826-1829-cu il­lərdə Rusiya-İran, Rusiya-Osmanlı savaşları zamanı böyük dağıntılara məruz qalmasından irəli gəlirdi” (Ələkbərli Ə., 2002:449).
Əziz Ələkbərli Budaq Budaqov və Qiyasəddin Qeybulla­yevin Qaqauz toponimini Orta Asiya türklərinin dillərindəki “qala xarabalığı” anlamında “kaka” sözündən və yunan dilin­dəki “us” şəkilçisindən ibarət olması fikri ilə razılaşmır. Onun fikrincə, adın hər iki komponenti türk dilindədir. Fikrini də belə izah edir: “…burada söhbət Qaqauz (Qaqa-uz, yəni “ata uz”, “böyük uz”) türklərinin adından gedə bilər və getməlidir. Qərbi Azərbaycan ərazisində uz tayfasının adı ilə bağlı to­po­nimlərə nə qədər tez-tez rast gəlinməsi barədə bu kitabın I cil­dində, Vedibasar mahalı ərazisindəki bəzi kəndlərdən (Kotuz, Küsüs, Heyranus, Hakıs və s.) danışarkən ətraflı bəhs etmişik. Bununla belə, bir daha xatırlatmaq istəyirik ki, toponimlərdəki uz komponenti bir necə anlam daşıya bilər: 1. əski türk tay­fa­larından olan uz tayfasının adını; 2. tərəf, yan anlamını; 3. türk dillərindəki “dərə” anlamını; 4. cəm şəkilçisi kimi.
Son olaraq xatırladırıq ki, “İrəvan əyalətinin müfəssəl dəf­təri”ndə (1590) Kavis adlı kəndi, İ.Şopendə (1832) isə Kavus­dar (Gavuslar –Ə.Ə.) adlı monastır da qeydə alınmışdır ki, biz bütün bu toponimləri eyniköklü hesab edirik” (Ələkbərli Ə., 2002:449).
Bu bölgədən XX yüzildə türklər qovulmuş, yerində Rusiya­nın yardımı ilə Ermənistan Respublikası qurulmuşdur. İndi orada Qaqauz adında kəndə rast gəlinmir. Bolqarıstanın baş­kəndi Sofiyada Kiril və Mefodi kitabxanasında «Dəftəri-sicili-livayi-İrəvan» adlı bir vergi dəftəri də mövcuddur. Bu bəlgəni görmədiyimiz üçün orada Qaqauz adında kəndin olub-olma­dığından xəbərsizik.
 
1.2. Əmin Abid qaqauz maniləri haqqında

Əmin Abid 1928-ci ilin oktyabrında tamamladığı “Türk xalq ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xü­susiyyəti” məqaləsində beş min bayatı-mani üzərində araş­dır­ma aparmışdır (Abid Əmin, 1930, 4-5(9-10):9-42). O, Tür­kiyə, İraq türkmənləri, özbək, qazax, tatar və digər türk xalq­ları arasında geniş yayılmış olan dördlüklərin tarixini incələ­miş, müqayisələr aparmış və nəticədə fərqli coğrafiyalarda yaşayan və fərqli adlar daşıyan dördlüklərin köklərinin eyni nöqtədən gəldiyi və eyni kökə dayandığı qənaətinə gəlmişdir (Şamilov Ə., 1986: 26-27, sayı 11).
Məqalədə iki dəfə də qaqauzlardan bəhs edilmişdir. “Mani” sözünün anlamını açıqlayarkən Əmin Abid yazmışdır: “Bizim əldə etdiyimiz nəticəyə görə, bayatı təbiri gibi öləng, cır, türkü, eşulə adları da mənaca şərqi demək olduğundan bunlarda digər türk xalqlarında maninin bəstəsinə verilmiş ad gibi sayıl­ma­lı­dır. Hələ bir az aşağıda tədqiq edəcəyimiz üzrə bundan doqquz yüz sənə əvvələ aid “Kudatku bilik”də məni adı ilə dördlə­mələrdən bəhs etməsini də düşünəcək olursaq və burada türk xalqlarının nəşət etdigi ölkələrdə “Kudatku bilik”in yayıldığı sahələr olduğunu xatırlasaq, o vəkt musiqi yüzündən müxtəlif adlar alan bu nevin - güftə etibarilə - ümumi və müştərək adını manı olarak qəbul etmək icab edər. Zaman keçdikcə bəzi türk qəbilələrində manı adı unudulmuş, yerinə musiqi adı kayım olmuşdur.
Mani təbirinin mənası bəzi müstəşrikləri əlakədar etmişdir. İlk dəfə olarak akademik A.Samoyloviç Nəvainin tuyuğları haq­qında nəşr etdigi qiymətli tətəbönamədə (“Müsülman dün­yası”, Petroqrad, 1917) bir vəsilə ilə məni kəlməsindən bəhs edərkən “Çağdaş Osmanlı və Azərbaycanlılar mani deyə ya­zarlar” qeydini əlavə edir.
Kovalski də maninın məadan gəldiginə qətiyyətlə qanedir. Daha sonra mani haqqında nəşr etdigi məqalədə mani kəl­məsinin əslini türkcədə zənn etməyən Köprülüzadə dəxi ərəb­cənin məni, məa kəlməsindən gəldiginə inanır.
Halbuki bu müstəşriklərdən yüzlərcə sənə əvvəl yetişən Evliya Çələbi bu xüsusu qəti bir şəkildə göstərməkdədir. On yeddinci əsr adamlarından olan bu səyyahın səyahətnaməsində bulduğumuz bir fəqərə onun zamanında maninın Anadolu köy­lərində aldığı adı, mənaca çıplak bir şəkildə meydana qoyur. Evliya Çələbi manılardan göstərdiyi nümunələrin adını doğru­dan-doğruya məni şəklində qeyd edir ki, səyyahın ifadəsini eynilə buraya nəql etdik:
“...Sahibi Pərhiz, şəhbaz bir yigit kalkmış, üryan atına bəs­mələ ilə timar ediyor yedərkən bir savti-həzin ilə makamla şu beyti söylədi:
Öyləmi halım fələk,
Dil bilməz zalım fələk.
Qəsdin can bağçasından,
İki nihalim fələk.
Bu tərz ilə mütəsəvvüfanə, fələkdən şikayət eləyirdi. Həqir heyrətdə qalaraq bu beytdən təfəül qəsd etdim. Yenə məniyə ağaz edərək şunu söylədi:
Baba kitab ilə sən,
Uğraşma nafilə sən.
Bundan bir iş eylə,
Anda yana biləsən.
Digər mani:
Lalanın dünyası nə,
Aldanma dünyasınə.
Dünya bənim diyənin,
Dün getdik dün yasinə.
 
Bunları öylə qəribanə və cigər-suz bir səda ilə okuyub ağladı (Evliya Çələbi Səyahətnaməsi, cild 1, səhifə 211). Ev­liya Çələbinin göstərdiyi nümunələrin bugün belə Azərbaycan bayatıları içində yaşadığını yuxarıdakı izahata əlavə edəcək olursaq, artıq bu nevin Kırım, qaqauz türklərində olduğu gibi cənub türklərində də adının mani və bunun da ərəbcə mənidən gəldiyi haqqında ortaya sürülən fikir haqqında heç bir şübhə qalmamış olur. Məni kəlməsinin mani halına keçməsi isə eyn hərfinin türk ağzına görə dəyişməsindən başqa bir şey deyildir.
Manilər məlum olduğu üzrə heca vəzninin yeddilisilə yazı­lır. Bu şəkilə türk ədəbiyyatının çox əski dövrlərinə aid məh­sulları arasında da təsadüf edirik. Türk ədəbiyyatının elmə mə­lum olan ilk vəsiqəsi Orxon abidələrinin mənsur kitabələri için­­də mənzum parçaların da olduğun ilk dəfə akademik F.E.Korş xəbər verdi.
Bilgə kağan bitigin
Yollug tikin bitigin
Bunca barkag badızın
Özi kağan atısı
Yolug tikin mən ayı
Artıgı tort gün türup
Bitidim, badıztım...
(“Bilgə kağan” abidəsi, qərbi-cənub tərəfi).
Yeddi hecalı ibtidai bir vəzni havi olan bu parça, şəkildən məhrumdur. Bu dövrlərdə Orxon sahəsində yaşamış əsərlərdən başqa nümunələr bulunmuş olsaydı, abidələrin diyilişi tarixin­dən sonra ümum nəzmilə bərabər yeddi hecalılar da hasil olan dəyişikliyi qolaylıqla təqib etmək olacaqdı.
Abidələrdən sonra əlimizdə olan “Divanü lüğat-it-Türk”də­ki mənzumələr arasında da yeddi hecalı bir çox mənzum par­çalar vardır”.
Əmin Abid Qaqauz manilərindən söz açarkən xalq haqqında da bilgi verir. V.Radlova istinadən yazır: “Qaqauzların mənşəi haqqında tətkikat yapan Radlov izahatını bu sətirlərlə xülasa ediyor: “Гагаузы потомки тюрков или узов (Огузов) коче­вав­ших когда-то в южно-русских степях», Образцы наро­дой литературы тюркских племен, часть X, стр. XIX, С.-Петербург, 1904 г.” (Abid Əmin, 1930, 4-5(9-10): 14).
Əmin Abid fikirlərini isbatlamaq üçün An. Lininin “К воп­росам формального изучения поэзии турецких народов, M.F.Köprlüzadənin “Türk ədəbiyyatında qoşma tərzi”, F.E.Kor­­şun “Записки восточного отделения императ. Русс­ко­го археологического общества” (Bu əsər Kovalskidən rus­caya xülasə halında tərcümə olunmuşdur), Kaşqarlı Mahmu­dun “Divanü lüğat-it-Türk” (XI əsr) əsərlərindən, hətta özünün “Maarif işçisi” jurnalının 1927-ci il 3, 4 və 6 saylarında çap olunmuş “Heca vəzninin tarixi” məqaləsindən sitat gətirir. Əmin Abid ikinci dəfə mani janrı haqqında bilgi verərkən yazır: “Manı şəkli qərb-şimali sahəsində də özünə geniş bir mev­ki bulmaqdadır. Bessarabiyada sakin qaqauzların xalq ədə­biyyatında mani böyük bir mevkeyə malikdir. Qaqauz ma­ni­lə­rində diqqətə layiq olan bir cəhət var ki, o da onların bir ço­xunun bizim bayatıların eyni olmasıdır. Bizdə işlədilən ba­yatıların bir çoxu onlarda da vardır və mani adıyla tanın­maq­dadır. Radlovun göstərdiyi nümunələrdən buraya yalnız bir ne­çəsini nəql edirik:
Tüfəngim atılmayır,
Bahalı satılmayır.
Bu uzun gecələrdə,
Yalnız yatılmayır.
 
Gögdə yıldız əllidir,
Əllisi də bəllidir.
Səvişən qızların,
Tomballarından bəllidir.
 
Kala böyür saz olur,
Saz açılıb yaz olur.
Bən yarıma gül deməm,
Gülün ömrü az olur.
Qaqauzların mani şəkillərində qafiyə, göstərilən nümunə­lərdə olduğu kimi, müəyyən bir tərz göstərməz. Radlovun nəql etdiyi nümunələrin də birinci ilə üçüncü, ikinci ilə dördüncü misraları qafiyədar olan şəkilləri də vardır.
Akademik İqnats Kunoşun nəşr etdiyi risalələrlə Anadolu türklərinin vake olan nəşriyyatları da mani növünün Rumeli və Anadolu xalq ədəbiyyatının çox bol məhsullarından olduğunu göstərir. Bu sahələrdə bu növ yalnız mani adı altında yad edilir. Bunlar texnikaca Azərbaycanın cinas saz bayatılarından fərqli olmaqla bərabər qaqauz manilerinə daha yaxındırlar. Kunoş məcmuəsinə bunlardan 400 dənə toplaya bilmişdir. Buraya aldığımız nümunələr bu məcmuədəndir:
Bu gün pazar ertəsi,
Yandı yürək ortası.
Əyil bir kəz öpəyim,
Ayrılıqdır ötəsi.
 
Qarşıda tikili daş,
Cift gəzər iki kardaş.
Böyüyü almaz tiraş,
Kiçigi pırlanta taş.
 
Dəniz içində sarayım,
Səni kimə sorayım.
Sənsiz keçən ömrümü,
Bən ömürmü sayayım?
 
Əlin əlimdə degil,
Kılınc belimdə degil.
Yara getmək istərəm,
Höküm əlimdə degil.”
(Abid Əmin, 1930:22, sayı 4-5(9-10).
Ə.Abid qaqauz manilərinin Azərbaycanda olan qarşılığına nümunə olaraq aşağıdakıları verir:
Göydə yıldız əllidi,
Əllisi də bəllidi.
Yeddi igit içində,
Mənim yarım bəllidi.
 
Mən aşiqəm yaz olur,
Bülbül gülə saz olur.
Sənə gülüm demərəm,
Gülün ömrü az olur.
Araşdırıcı Tudora Arnaut mövzuya diqqət çəkərkən bu qə­naətə gəlir ki, Əmin Abidin məqaləsində verilən qaqauz örnək­ləri Azərbaycan dilinə uyğunlaşdırılmış və sözlər o şəkildə yazılmışdır. Belə ki, qaqauzlar arasında “tüfengim” deyil, “tü­fe­yim”, “atılmayır” deyil, “atılmayor”, “bahalı” deyil, “paalı”, “satılmayır” deyil, “satılmayor”, “tombalarından” deyil, “ton­ba­ların” və b. söylənilir. (Şamil Ə., Arnaut T., 1998:59).
Əmin Abidin haqqında söhbət gedən məqaləsinin əlyaz­masını görmədiyimizdən yanlışlığın araşdırıcıdanmı, yoxsa mə­qaləni çap edən jurnaldanmı gəldiyini müəyyənləşdirə bil­mədik. Sovetlər Birliyində 1937-ci ilin repressiyası adı ilə tarixə düşən kütləvi həbslərdən sonra türkçülük mövzusunda araşdır­malar demək olar ki, durdurulmuş və başqa istiqamətə yönəl­dilmişdir.
1960-cı illərdən başlayaraq türkçülük mövzusunda məqalə­lər yazılmağa başlandığı kimi, güllələnmiş, həbs edilmiş araş­dırı­cı­ların adlarının çəkilməsinə, əsərlərindən istifadəyə icazə verilmiş­dir. Sovetlər Birliyinin çöküşü isə mövzu üzərindəki qadağanın aradan qalxmasına səbəb oldu. Türk xalqlarının tari­xini, mədə­niyyətini, dilini, ədəbiyyatını müqayisəli araşdıran­la­rın sayı da artdı. Belə araşdırıcılardan biri də qaqauz şairi Tu­dora Arnautdur.
 Tudora Arnaut maninin manixeizmdən gəldiyi qənaətin­də­dir. O yazır: “Manı, yeni bir inanc sistemi geliştiren ve giderek “manehaizm” adıyla bir din oluşturan, ruhani kişidir. “732 ta­rih­li Karabalasağun yazıtında İmparatorluk devrinde Uyğur­ların Mani dinine girdiği ve eski dini tasvirleri yaptığı, 762’de Böğü Kağan’ın bunu devlet dini haline getirdiği belirtilir” (Uy­ğur sanatı. Türk ansiklopedisi. C. XXXII, s.226). Manihaist Uyğur Türkleri 36 harften oluşan ve sağdan sola doğru yazılan bir de Ma­ni alfabesi oluşturmuşlardır (Türk alfabeleri. Türk ansiklo­pedisi. C. XXXII, s. 64). Türklerin bu alfabeyi kullan­dık­­larından ve burada varolan metinlerin dörtlüklerden oluşan dini konuları agırlıklı olmak kaydıyle, 7 heceden oluşan dört­lükleri hesaba alacak olursak bu metinlerin daha sonra konusu sevda ağırlıklı olup ve kalıp ise çoğunlukla aynı kalmakla beraber ismin de Maniden geldigi görüşü daha fazla ağırlık bırakmaktadır”.
 
1.3. Azərbaycanda qaqauzlar haqqında
Əmin Abidin yuxarıda bəhs etdiyimiz məqaləsindən sonra qaqauzlar haqqında Azərbaycan mətbuatında ciddi bir yazıya rast gəlinmir. 1937-ci ildə milli düşüncəli insanların həbs edil­məsi, güllələnməsi və sürgünə göndərilməsi Azərbaycan ay­dın­ları arasında qorxu, xof yaratmışdı. Həbs və təqiblərdən qurtara bilən qələm sahiblərinin heç biri təkrar bu mövzuya qayıdaraq həyatını təhlükəyə atmaq istəmirdi.
Azərbaycanda qaqauzlar haqqında yazılara bir də 1960-cı illərdən sonra rast gəlinir. Sovet dövründə respublikalar ara­sında əlaqələr mərkəzi hökumət tərəfindən tənzimlənirdi. Öl­kə­də baş verənləri nəzarət altında saxlamaq üçün respublikalar arasında sosializm yarışı şərtlərinin yoxlanılması, mədəniyyət, incəsənət, ədəbiyyat həftələri, kino festivallar keçirilirdi.
1965-ci ildə Kommunist Partiyası funksionerlərinin rəhbər­liyi ilə Moldova Respublikasının bir qrup ədəbiyyat və in­cəsənət xadimi Azərbaycanda dostluq həftəsi keçirməyə gəlir­lər. Onların arasında qaqauz şairi Dionis Tanasoğlu da olur. “Ədəbiyyat və incəsənət” qəzeti həmin günlərin hadisələrini işıqlandırarkən Moldova ədibləri ilə yanaşı, qaqauz şairinin də “Duyğum” adlı şeirini verir.
Bu, Azərbaycan mətbuatında rast gəldiyimiz yazarı bəlli ilk qaqauz şeiridir. Həmin şeirdən bir bənd veririk:
Hanı sənin gəlişin, ey duyğum!
Göstər bana atəşin, ey duyğum!
Alıb yenə üfləyim,
Yoxsa yanar ürəyim, ey duyğum!
    (“Ədəbiyyat və incəsənət”, 1965, 4 sentyabr)
Yeddi il keçdikdən sonra “Ədəbiyyat və incəsənət” qəzeti yenə də Dionis (Dəniz) Tanasoğlunun bir şeirini çap edir. “Sənsizəm” adlı bu şeir də sadəliyi ilə seçilir. Şair deyir:
...Sənsizəm sanki
Bülbül nəğməsiz
Yetim vətənsiz.
...Sənsizəm sanki
Gündüz günəşsiz
Anam vətənsiz.
Kalmışam sənsiz.
  (“Ədəbiyyat və incəsənət”, 1972, 8 iyul)
Bundan sonra Azərbaycan mətbuatında qaqauz mövzusu getdikcə aktuallaşır. Qaqauz şairlərinin şeirləri, ədəbiyyatları, tarixləri, yaşam tərzləri haqqında yazıların sayı artmaqla yanaşı elmi və bədii səviyyəsi də yüksəlir. Onların içərisində Allah­ver­di Məmmədovun S.Kuroğlu ilə müsahibə əsasında hazır­ladığı “Neredesen, Göy Oğuz?” (məqalənin sonunda jurnal şairin “Acı sevda duası” və “Əllərin alovu” şeirlərini də vermişdir) (“Ulduz”, 1982, dekabr), Əhməd Nehmətovun “Uzun karvan. Bizim karvan” (“Ədəbiyyat və incəsənət”, 1985, 27 dekabr) məqalələri elmi və bədii dəyərinə, insanlara təsir etmək, qa­qauz xalqına maraq oyatmaq baxımından seçilir.
Azərbaycanda qaqauzların tanıdılmasında Güllü Yoloğlu­nun xidməti böyükdür. 1980-ci ilin sonlarında “Azərbaycan-Moldova ədəbi əlaqələri” mövzusunda namizədlik disserta­si­yası yazmağa başlayan gənc araşdırıcı qaqauzlar haqqında ardıcıl məqalələr yazmaqla yanaşı, radio-televiziyada, toplantı­larda bu mövzuda olduqca diqqətçəkən çıxışlar da etmişdir. Tədiqatçı 1992-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra da qaqauzlar mövzusundan uzaqlaşmamışdır.
 Güllü Yoloğlunun təmənnasız şəkildə, özünə mənəvi borc bilərək girişdiyi mövzusu az zamanda onu yalnız Azərbaycan­da deyil, bütün türk dünyasında qaqauzşünas kimi tanıtmışdır. O, Azərbaycanda, eləcə də keçmiş sovet respublikalarında, Tür­ki­yədə, Rumıniyada, Moldovada, Quzey Kıbrısda keçirilən elmi simpoziumlarda qaqauzlarla bağlı dəyərli məruzələri ilə yadda qalmışdır. Güllü xanımın elm aləminə gəlişi ilə respublikamızda qaqauz ədəbiyyatının və mədəniyyətinin ardıcıl öyrənilməsinin yeni mərhələsi başlanır. Mövzu ilə bağlı Azərbaycanda çap etdirdiyi məqalə və tərcümələrinin sayı 30-u keçmişdir. Radio-televiziyada, toplantılardakı çıxışları, verdiyi konfransların mətnləri toplansaydı, yəqin ki, bir neçə cildlik kitab alınardı. Qaqauz mətbuatında çap olunan məqalələrinin də sayı Azər­baycandakından az deyildir.
O, Azərbaycan televiziyasında “Ana sözü” qəzetinin redak­toru Todur Zanetlə, Bakıda tələbə olan Tudora Arnautla apar­dığı müsahibələrdə qəzetə abunə yazılmağı da təbliğ etmiş, həmvətənlərimizi bu qəzetə yazılmağa çağırmış, bunun da sayəsində qəzetin tirajı yüksəlmişdir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Dövlət Nəşriyyatı türk xalqlarını və toplum­larını tanıtmaq üçün dünya türkləri haqqında silsilə kitablar çap etdirməyi planlaşdırdı. Amma “Axısqa Türkləri”, “Uyğurlar”, “Qaqauzlar” adında broşürlar işıq üzü gördükdən sonra nəş­riyyatın iqtisadi sıxıntısından bu iş dayandı. Həmin seriyadan olan “Qaqauzlar” kitabını Güllü Yoloğlu hazırlamışdı (Yoloğ­lu G., 1996). Elə həmin il “Yazıçı” nəşriyyatının çap etdiyi “Qaqauz folkloru” kitabının da tərtibçisi və ön sözün yazarı Güllü Yoloğludur.
Güllü Yoloğlu 1999-cu ildə Türkiyədə Atatürk Kültür Mər­kəzi tərəfindən çap olunan “Türklərin ailə mərasimləri” kita­bında ailə mərasimləri müqayisəli araşdırılan dörd türk boyun­dan biri də qaqauzlardır.
Onun qaqauz sözünün mənşəyindən bəhs edən «Qaqauz», yoxsa “qaqouz?” (“Novruz”, 1991, 16 iyul), Çağdaş qaqauz ədəbiyyatı” (“Ədəbiyyat və incəsənət”, 1989, 21 aprel), “Bu­caq­dan səslər” (“Ulduz”, 1989, 57-60, sayı 1), “Qaqauz yazı­çılarının hekayələri”(“Xəzər”, 1991, 124-129, sayı 4) “M. Kö­sə-60” (“Ədəbiyyat qəzeti”,1993, 5 mart), “Qardaş qaqauzlar” (“Ədəbiyyat qəzeti”, 1996, 4 oktyabr) və “İstər Azərbaycan, istərsə də qaqauz ziyalıları arasında qısqanclıq var” (T.Zanetlə müsahibə) (“Dövran”, 1999, 30 noyabr-6 dekabr) və başqa yazıları mövzu ilə maraqlananlara geniş bilgi verir. Özəlliklə Kişinyovda çıxan “Ana sözü” qəzetində çap olunan 10-a qədər məqaləsi aktuallığı ilə seçilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da qaqauzları tanısın, onların tarixin­dən, ədəbiyyatından xəbərdar olsun deyə G.Yoloğlu “Xuda­fərin” (Polşa) (“Xudafərin”, 1996, 75-79, sayı 1 (2)), “Araz” (İsveç) (“Araz”, 1996, 49-53, sayı 2) və başqa jurnallarda da maraqlı məqalələrlə çıxış etməklə yanaşı, internet saytlarında, eləcə də internetdə yaradılmış diskussiya otaqlarında da mövzu ilə maraqlananların suallarını cavablandırır.
Bakı Slavyan Universitetinin professoru Nizami Tağısoyun (Məmmədov) elmi konfranslarda oxuduğu məruzələri, universi­tetdəki mühazirələri, qəzet-jurnallarda çap etdirdiyi “Qaqauz­lar: keçmişdən bu günə”, “Qaqauzların tarixindən səhifələr”, “Qaqauzların toy-düyün mərasimləri”, “Qaqauz ədəbiyyatı” məqalələri elmi səviyyəsini, yüksəkliyi ilə seçilir. O həmin məqalə və məruzələrini 2010-cu ildə Bakıdakı “Mütərcim” nəş­riyyatında çap etdirdiyi “Etnos və epos: keçmişdən bu günə” kitabına daxil etmişdir.
Azərbaycanlı araşdırıcılardan Cəlil Nağıyevin (Qəriboğlu), Tamella Əliyevanın, Əli Şamilin, Qalibə Hacıyevanın və b. da uluslararası simpoziumlardakı çıxışlarında və məqalələrində qaqauz ədəbiyyatı və mədəniyyət ilə bağlı maraqlı fikirlər vardır.
Azərbaycanda qaqauzların tanıdılmasında Ağası Hunun (Məm­mədovun) da əməyi az olmamışdır. İstər qaqauzlar haq­qında Azərbaycan mətbuatında yazdıqları, istərsə də televiziya və radioda hazırladığı verilişlər, “Ana sözü” qəzetinin Azər­baycanda tanınması, yayılması və qəzetə abunə kampani­yası­nın təşkilindəki xidmətləri Azərbaycan-qaqauz əlaqələrinin in­kişafına təkan vermişdir. 1980-ci illərin sonlarında Azərbay­canda fəaliyyət göstərən “Ana dili” cəmiyyəti (Bu cəmiyyətin fəallarından biri də Ağası Hundur. Onun qaqauzlara böyük mə­həbbəti şəxsi həyatına da təsir etdi. Qaqauzla ailə qurdu. Dörd övlad atasıdır. Xanımı filologiya üzrə fəlsəfə doktoru, şair Güllü Qərənfil də Azərbaycan-qaqauz əlaqələrinin möhkəm­lən­məsində yorulmadan çalışır) qaqauz ziyalılarının Azər­bay­cana səfərlərinə xüsusi diqqət yetirir, onların görüşlərini təşkil edir, rəssamların sərgilərini açır və folklor ansambllarının Azər­bay­canda konsert vermələrinə nail olurdu.
Araşdırıcı Səid Sədiyevin filologiya elmləri namizədi alim­lik dərəcəsi almaq üçün 2005-ci ildə AMEA Nizami adına Ədə­biyyat İnstitutuna təqdim etdiyi “Balkan türklərinin ədə­biy­yatı” dissertasiyasının bir fəsli də qaqauz ədəbiyyatına həsr edilmişdir.
Azərbaycanda qaqauzlara yalnız mətbuatda geniş yer ayrıl­mamışdır. Milli kadrlar hazırlanmasında da onlara daha çox yardım göstərilmişdir. Belə ki, Dionis (Dəniz) Tanasoğlu 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiy­yat İnstitutunda akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə “Çağdaş qaqauz türkcəsində tabeli mürəkkəb cümlə” (Şamil Ə., 2006: 177), Fedora (Tudora) Arnaut 1999-cu ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda professor Qara Namazovun rəhbərliyi ilə “Qaqauz folklorunda mani nevi (Türkiyə və Azərbaycan mani-bayatı örnəkləriylə qarşılaşdırma) (Arnaut T., 1999) və Valentina (Güllü) Qərənfil 2005-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda professor Həsən Quliyev və professor Dionis Tanasoğlunun rəhbərliyi ilə “Qaqauz dilinin məişət leksikası” (Qərənfil G., 2004) mövzularında elmi iş yazaraq filologiya üzrə fəlsəfə doktoru almışlar. 60-a yaxın qaqauz gənci isə ali məktəblərimizdə oxumuşlar. Onların böyük əksəriyyəti 1988-1996-cı illərdə Bakı Dövlət Universitetini bitirmişdir.
Bir sözlə, Azərbaycanda türk xalqları haqqında yazılanları qarşılaşdırsaq sayca az olan qaqauzlara daha çox yer ayrıl­dığını görərik.
 
1.4. Bucaq kəndləri və bucaq tayfası
İlk baxışda elə təsir yaranır ki, Azərbaycanda qaqauzlar haqqında xeyli araşdırma aparılmış və qaqauzların tanıdılması da yetərincədir. Amma bir az dərinliklərə getdikdə öyrənil­mə­miş, qaranlıq qalmış çox mövzuların olduğunu görürük.
Dayım qızı Ülviyyə Qarayeva qonşu kənddə-Böyük Məz­rədə yaşayan qohumumuz İsgəndər İbrahim oğlu ilə ailə qurduqdan sonra ərinin təyinat yeri – Şəki rayonunun Turan qəsəbəsinə köçmüşdü. İsgəndər Gəncədə Kənd Təsərrüfatı İns­ti­tutunun baytarlıq fakültəsini bitirmişdi. Mən də Turan qəsə­bəsinə gedəndə adamların əhval-ruhiyyəsini öyrənmək üçün onunla çayxanaya gedər, söhbətlərə qulaq asar, müzakirələrə qoşular, folklor örnəkləri toplayardım. Çayxanada bəzən kim­lərəsə “qaqauz”, “türkman” deyə zarafat etdiklərini eşitsəm də, buna o qədər əhəmiyyət verməmişdim.
Qəbələ rayonundakı Komrat baba piri haqqında oxuyanda yadıma qaqauzların yığcam yaşadıqları Moldova Respublika­sındakı Komrat şəhəri düşdü. Bizimlə eyni illərdə jurnalistika fakültəsində qiyabi oxuyan, Qəbələnin Çarxana kəndində doğul­muş Akif Hacıyev rayonlarındakı Zizik və Dizax kəndlərində yaşayanlara “türkman” deyildiyini, “türkmanlar” evlənərkən öz tayfalarından qız aldıqlarını, hətta münasıb qız tapmayanda qon­şu kəndlərdən deyil, Bərdədəki “türkman­lar”dan qız aldıq­larını eşitdikdə bölgəyə marağım artdı. Turan qəsəbəsində eşitdiklərim yenidən diqqətimi çəkdi.
Turan qəsəbəsindəki çayxanada Oğuz rayonunun Baş Da­şağıl kəndində yaşayanlara qaqauzlar deyildiyini qeydə almış­dım. Məsələni aydınlaşdırmaq üçün Baş Daşağıl kəndinə get­dim. Kəndin çevrəsindəki qəbiristanlıqlarda başdaşlarının çoxu torpağa batıb. Kənddən aşağıda isə xristian məbədinin xara­balıqları qalır. Burada araşdırma aparılmayıb.
Kəndin indiki sakinlərinin əksəriyyəti Qafqazda Rusiya müs­təmləkəçiliyinə qarşı Şeyx Şamilin başçılığı ilə 30 il davam edən müridizm hərəkatı məğlub olduqdan sonra, yəni son 100-150 ildə burada məskunlaşmışlar. Hətta elə ailələr var ikinci dünya savaşından sonra buraya köçmüşlər.
Rayon mərkəzindən Baş Daşağıla gedən yolun sağında Bucaq adlı kənd var. Bu kənd haqqında “Azərbaycan toponim­ləri. Ensiklopedik lüğət” kitabında yazılmışdır: “Bucaq-Oğuz ra­yo­nunda kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Əsil adı Bu­caq Daşağıl. 19-cu yüzildə kənd ərazisində Güllü Bucaqlı adlı icma vardı. Bölündükdən sonra bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaq ad­landırılmışdır. Kənd Qozluçayın sahilində yerləşdiyinə görə, “Qozlu Bucaq” da adlanırdı.
Toponim bucaq tayfasının adı ilə əlaqədardır. Keçmişdə Azər­baycanda Bucaq adlı 7 kənd vardı. Bucaq etnonimi ilə bağlı toponimlər Qafqazda geniş yayılmışdır. 13-cü yüzildə moğollar qıpçaqları Şimali Qafqazda sıxışdırdıqdan sonra bir hissəsi, o cümlədən bucaqlar Azərbaycana gəlib məskunlaş­mışlar. Bucaqlar qədim türkdilli bulqarların bir hissəsi idilər. Dnepr-Dunay çayları ilə Qara dəniz arasında Bucaq adlı yerdə məskunlaşdıqlarından qədim bulqarların bir hissəsi bu adı qə­bul etmişlər. Həmin ərazi yunan qaynaqlarında Oqloss (künc, bucaq) adlandırılırdı. Toponimin yayılma arealı genişdir. Mol­dova ərazisindəki cənub-şərqi Bessarabiya düzü Bucaq düzü adlanır. Türkiyədə eyni adlı yaşayış məntəqəsi, rayon ərazi­sində Bucaq çayı, İlisu kəndində (Qax rayonu) tabun tirəsi var” (Azərbaycan toponimləri, 1999: 101).
Baş Daşağıl kəndi yaxınlığında indi də Qoca Bucaq bulağı və Qoca Bucaq çəməni var. XX yüzilin əvvəllərində Azər­baycanda yeddi Bucaq kəndi vardısa, indi onların sayı üçdür, bunlardan biri Oğuz, ikisi Yevlax rayonundadır.
 
1.5. Komrat dağı və Komrat baba piri
Baş Daşağıl kəndində xristianlıq abidələrinin olması, buranı müsəlmanların da ziyarət etmələri, qışlağının Bucaq adlanması ilə yanaşı, Qəbələ rayonunda Komrat baba adlı dağın və bu dağ­da eyniadlı ocaq-pirin varlığı da diqqətçəkəndir. Sovetlər Birliyi dönəmində dini yerləri ziyarət etmə yasağı olduğundan, Komrat baba piri üzərindəki bina da uçmuşdur. Son illərdə orada təmir işləri görülmüşdür. Təmir zamanı binanın əski memarlığı qorun­mamışdır. Səbəb-bu işi mütəxəssislərin deyil, həvəskarların gör­məsidir. Onlar təmiri öz bildikləri kimi aparmışlar.
Komrat baba pirinə, əsasən, uşağı olmayan qadınlar ziyarətə gəlirlər (Azərbaycan folklor antalogiyası, 2005, 13:502). Araş­dırıcı Mətanət Abdullayeva Qəbələ rayonunun Mirzəbəyli kəndindəki 70 yaşlı Anaxanım Ağayevadan “Komrat” əfsanə­sini toplamışdır (Azərbaycan folklor antalogiyası, 2005, 13: 517). Əfsanədə Hz. Əlinin (Dördüncü xəlifə Əli Əbu Talib - Ə.Ş.) bölgədə savaşdığından, burada bir xanımla evləndiyin­dən, doğulacaq övladına qolbağı yadigar qoyub getdiyindən söz açılır. Yeddi il sonra geri dönən Hz. Əli Murad adlı bir uşaq­la qarşılaşır. Uşağın dikbaşlığı onun xoşuna gəlmir və hirslənərək “Ko-Murat” deyib ona sağ ayağı ilə bir təpik vurur. Uşaq gedib dağın başına düşür və orada böyük bir çuxur meydana gəlir. Hz. Əli oğlunu öldürdüyünü bilib peşman olur. O gündən bəri həmin yer pir olaraq ziyarət edilir.
Bu əfsanədən bəlli olur ki, adamlar Komrat sözünün mə­nasını unutduqlarından onu belə yozmuşlar. Kırımda, Türküs­tanda, xüsusən də qaraqalpaqların yaşadığı bölgədə də Komrad toponimi geniş yayılmışdır. Bu mövzuda özbək və qaraqalpaq araşdırıcılarının maraqlı məqalələri çap olunmuşdur.
Baş Daşağıl kəndi yaxınlığındakı və bölgədəki xristian abi­dələri dağıdıldığından yazılı qaynaqlar, qəbir daşları tapa bil­mədik. Buradakı əski xristian qəbir daşlarında adlar xristian adları, soyadlar türk adları olsa, qaqauzlarla bağlılıq artardı. Böl­gənin yaşlı sakinləri isə 20-ci yüzilin başlarında Otmannı kəndində və başqa kəndlərdə yaşayan xristianların qonşu xris­tian kəndlərdən fərqli olaraq, türkcə danışdıqlarını xatırlayırlar.
Bölgədə xristian türklərinin yaşadığı haqda qaynaqlarda da maraqlı bilgilər var. Nə yazıq ki, bunlar geniş araşdırmaya cəlb edilməmişdir. Əmir Teymurun Qafqaza yürüşündən bəhs edən bir qaynaqdan parçaları Aydın Məmmədov dilimizə çevirmişdir. Ərəb­cə yazılmış və farscaya çevrilmiş bu qaynağın yazarı İbn Ərəb­şahdır. Aydın Məmmədova görə, Əmir Teymur Şamı aldıqda özü ilə Səmərqəndə apardığı adamlar arasında yeniyetmə İbn Ərəbşah da olub və o, Əmir Teymurun ordusu ilə birlikdə Şəkiyə gəlib. Salnaməsində də gördüyü hadisələri təsvir edib. Bir neçə qaynağı qarşılaşdıran Aydın Məmmədov “Əcaibül-məqdur fi nəvaib Timur” əsərindəki Şəkiyə dair naməlum bəhslər (Gələ­sən-Görəsən qalasında və ətrafında 1403-cü ildə baş vermiş hadisələr barədə məlumatlar)” məqaləsində yazır: “Şirvanşah Şeyx İbrahimin dililə yerli əhali gürcü yox, tatar adlanır. Bu zaman bizim üçün aydınlaşır ki, hekayələrdəki (İbn Ərəbşahın salnaməsindəki hadisələrin təsviri nəzərdə tutulur-Ə.Ş.) gürcü sözləri millət yox, hümmət və məzhəb, yəni xristian-pravoslav mənasında işlənilir”(Məmmədov Aydın, 2007:7, 30 Oktyabr).
Tarixçi Sevda Süleymanovanın “Albaniyanın şimal-qərb sər­həd bölgəsi liniya-ereti” məqaləsi də (Süleymanova S.Ə., 2007:56-74) mövzuya aydınlıq gətirə biləcək faktlarla zəngin­dir.
Nəinki orta yüzillərdə, hətta 19-cu yüzildə, 20-ci yüzilin əv­vəllərində milliyyətlə dini inancın eyni mənada işləndiyini müşahidə edirik. Çox vaxt isə dini inancın milliyyəti üstə­lədiyinin şahidi oluruq. Adamlar mənsub olduqları millətin adı ilə deyil, dininə görə adlandırılırdılar.
Bölgədə folklor toplayarkən Baş Daşağıllı 79 yaşlı Mehralı Səmədov Göybulaxlı Aşıq Donu, Çalıflı Aşıq Əvək və baş­qalarından da söz açdı. Erməni kimi tanıdıqları bu aşıqların əsasən türkcə oxuduqlarını söylədi. Araşdırıcılar isə 300-dən çox erməni aşığının türkcə çalıb-oxuduğunu, şeir yazdığını göstərirlər. Çox təəssüf ki, bu günədək onlardan hansının hay-yəni bu gün erməni adlandırılan xalqdan olduğuna, hansının xristian türkü olduğuna aydınlıq gətirilməmişdir. Son zamanlar bu mövzuda yazan araşdırıcıların fikrincə, qriqorian təriqətinə inanan bütün xalqlar erməni adlandırılmış, bugünki erməni ad­landırılan xalqın soykökünü təşkil edənlər hay adlandırılmışlar.
 Xristian türklər haqqında ciddi araşdırmalara rast gəlinmir. Buna görə də xristianlığın qriqorian təriqətinə inanan türklər ermənilərlə, pravoslav təriqətinə inanan türklərin böyük bir qismi isə yunanlarla (qrek) və gürcülərlə eyniləşdirilmişdir. Pra­voslav inanclı qaqauzların, çuvaşların, bəzi tatar toplum­ları­nın türk kökənli olmaları, dillərini, mədəniyyətlərini qoruyub saxlamaları göz önündədir. Demək, xristianlığın başqa təriqət­lərinə inanan türklərin də tarixinin öyrənilməsinə yenidən nə­zər salmaq lazımdır. Onda görəcəyik ki, türkcə çalıb-oxuyan er­məni aşıqları siyahısına saldığımız aşıqların bir çoxu qriqo­rian inanclı türklər, yunan (qrek, urumlu) adlandırdıqlarımızın böyük bir qismi isə pravoslav inanclı türklərdir.
Bölgədəki toponimlərin qaqauzların yaşadıqları yerin adı ilə uyarlığı, burada yaşayanlara zarafatla da olsa, “qaqauz” de­yilməsi 20-ci yüzilin əvvəllərinədək burada xristian türklərin yaşamasın­dan xəbər verir. Bu da yeni araşdırmalar üçün ipucu ola bilər.
 
2.1. Qaqauz ədəbiyyatının yaranmasını formalaşdıran ictimai-siyasi şərait

Günümüzdə ədəbiyyat ideoloji işin bir parçası olduğundan, onu dünyada baş verən siyasi hadisələrdən kənarda öyrənmək mümkün deyildir. Qaqauz ədəbiyyatı 20-ci yüzildə zəngin türk folkloru və SSRİ-də yaşayan xalqların yazılı ədəbiyyatı əsa­sında formalaşmışdır. Oğuz türklərinin yaşadıqları bölgələrdə top­lanan folklor nümunələrinin əksəriyyətini qaqauzlar arasın­dan da toplamaq mümkün idi. Təəssüflər olsun ki, kadr çatış­ma­dığından, bu iş peşəkarlar tərəfindən vaxtında və yüksək sə­viyyədə yerinə yetirilməmişdir.
Qaqauz folklorunu ilk dəfə V.Moşkov toplamışdır. Varşava­dakı Rus ordusunun həkimi V.Moşkov kənd-kənd gəzərək folk­­lora və etnoqrafiyaya aid materiallar toplayaraq onu 1904-cü ildə çap etdirmişdir (Moşkov, 1904). Atanas Manov da, V.Moşkov kimi qaqauzları fərqli bir millət kimi öyrənməyə çalışmışdır (Manov 1939:107). Bütün bunların arxasında Ru­si­ya strateqlərinin ayrımçılıq siyasətinin durduğu aydın görünür.
Lyubov Çimpoyeşin dastanlar, Mariya Durbaylonun ballada türküləri (xalq mahnıları), Nikolay Baboğlunun ata sözləri, deyimlər, Vitaliy Sırfın nağıllar və Tudora Arnautun mani - bayatılar üzərində apardıqları araşdırmalar, eləcə də qaqauz araşdırıcılarının toplayıb çap etdirdikləri folklor nümunələri də onu göstərir ki, Türkiyə, Azərbaycan, İraq, Suriya, Rumıniya, Bolqarıstan, Makedoniya və b. ölkələrdə yaşayan türklərdən toplanmış folklor örnəkləri ilə qaqauz türklərindən toplanmış nümunələr arasında elə bir ciddi fərq yoxdur. Mövcud fərqlər də məhəlli xarakter daşıyır. 19-cu yüzildən sonra yaradılan folklor nümunələrinin mövzusunda, xüsusən ballada və xalq mahnılarında isə siyasi təsirlər nəticəsində fərq artmışdır.
Sovet dövründə hər vasitə ilə qaqauz ədəbiyyatını ümum­türk ədəbiyyatından ayırmağa çalışırdılar. Səbəb yenə də siya­silərin qarşılarına qoyduqları məqsəddən doğurdu. Qaqauzları soyköklərindən ayırmaq üçün hər vəchlə onların türk olmadığı, Osmanlı dövlətinin təsiri ilə dilləri türkləşdirilmiş bolqar ol­duğu vurğulanırdı. Bu siyasət I Pyotr zamanından başlasa da, 1812-ci ildə Bessarabiyada yaşayan qaqauz türklərinə xüsusi imtiyaz verilməsi ilə daha da sürətləndirildi.
Qaqauzların çoxu bu siyasətlə razılaşmamışlar. 1860-cı ildə qaqauz nümayəndə heyəti İstanbula gedərək Sultan Əbdüləzizə diləkcə (ərizə) verirlər. Onlara Osmanlı dövlətinin tərkibində muxtariyyət verilməsini istəyirlər. Lakin gündən-günə güclə­nən və yeni torpaqlar işğal edən Rusiyanın qarşısında qocalmış və zəifləmiş Osmanlı dövlətinin qaqauzların arzusunu gerçək­ləşdirməsi mümkünsüz idi.
Buna baxmayaraq, qaqauzlar öz haqlarına nail olmaq üçün mübarizəni davam etdirdilər. Dionis Tanas oğlunun yazdığına görə 1906-cı il yanvarın 6-da qaqauz xalqı ayağa qalxaraq Atmaca Pavloğlu və Andrey Qalatanın rəhbərliyində Komrat Cümhuriyyətini qurur. Tarixi şərait yetişmədiyindən, yeni elan edilən qaqauz dövlətinin ömrü cəmi 15 gün olur (Bulgar S, 1999:75).
Komrat Cümhuriyyətinin qurucularından biri kimi Rusiya hökuməti tərəfindən həbs edilmiş Pavel Nikolayev, çar II Ni­kolayın hakimiyyətdən getməsindən və yaranmış qarışıqlıqdan istifadə edərək, 1917-ci ilin dekabrında Kiyevə gedir. Komrat və ya Qaqauz Cümhuriyyəti qurmaq haqqında siyasi xadim və hökumət rəhbərləri ilə danışıqlar aparır. Bu həmin vaxt idi ki, Bucak bölgəsini də üsyan bürümüşdü. 1918-ci il noyabrın 27-də Bessarabiya Milli Məclisinin Rumıniya ilə birləşmək haq­qında qərar verməsi, İkinci Dünya Savaşı, bu savaşdan SSRİ-nin qalib çıxması, Sovetlərin yaratdığı totalitar rejim qaqauz­lara arzularını gerçəkləşdirməyə imkan verməmişdir.
Qaqauz yazılı ədəbiyyatının yaranması və formalaşmasın­dan söz açarkən 1931-1944-cü illərdə Türkiyənin Rumıniyada səfiri işləmiş Həmdullah Süphi Tanrıöverin xidmətlərini də unutmaq olmaz. Bir zaman Türk Ocaqları başqanı olmuş bu millətsevər insan diplomatik vəzifəsini yerinə yetirməklə yana­şı, ölkədəki müsəlman və xristian türklərin yaşadıqları kəndləri gəzərək qaqauzlar yaşayan kənd və qəsəbələrdə 26 məktəb açılmasına nail olmuşdur. Məktəblərdə dərslər ana dilində-türkcə keçilirdi. Dobruca türklərindən və Rumıniyanın Məci­diyyə şəhərindəki Müsəlman Seminariyası məzunlarından, Türkiyədən öyrətmənlər və kitablar gətirdərək soydaşları ara­sında milli şüurun inkişafına təsir göstərməyə çalışırdı. Türki­yədən gələn aydınlar vətənə döndükdən sonra qaqauzlardan topladıqları folklor nümunələrini, orada gördüklərini qəzet-jurnallara, ensiklopediyalara yazmaqla mövzunu gündəmdə sax­lamışlar (Türkiye dışındakı…, 1999:191, 12-ci cild).
Həmdullah Süphi Tanrıöver hətta qaqauzları assimilədən qorumaq üçün Türkiyənin Mərmərə bölgəsinə köçürülməsi barədə bir layihə də hazırlayaraq İsmət İnönü hökumətinə təqdim etmişdi.
Onun Rumıniyadan seçib Türkiyəyə oxumağa göndərdiyi qaqauz gənclərin çoxu İkinci Dünya Savaşından sonra SSRİ-nin “qapılarını möhkəm bağladığından” geri dönə bilməsələr də, Türkiyədə qaqauz məsələsinin gündəmdə saxlamağa çalış­mışlar. Bu gənclərdən biri – qaqauz Doğan Dan “Akınçılar kö­yü” romanını o dövrün ən çox oxunan jurnallarından “Var­lığ”ın 1938-ci il noyabr – 1939-cu il yanvar aylarında çap et­dir­mişdi. Təəssüf ki, qaqauzların etnoqrafiyasına və folkloruna dair zəngin məlumatı yaşadan bu roman və onun yazarı uzun illər diqqətdən kənarda qalmışdır (Argunşah Hülya, 2001:142).
 Türkiyəyə oxumağa gedən gənclərdən söz açan S.Bulgar yazır ki, Həmdullah Süphi Tanrıöverin yardımı ilə Bucak bölgəsindən də 20-yə yaxın öyrənci göndərilmiş və onların hamısı Türkiyədə qalmış, vətəndaşlığı qəbul etmiş, əsgəri xid­mətdə olmuşlar. Amma heç vaxt qaqauzları unutmamışlar. Qa­qauzların folklorunu, ədəbiyyatını, adət-ənənələrini öyrənərək Türkiyədə təbliğ etmişlər. Belə aydınlardan birisi Veysel Arsevendir (Vasiliy Öküzcü). Bu şəxs Türkiyədə bacarıqlı pe­daqoq, musiqişünas, elm adamı kimi tanınmışdır. Qaqauzların folkloru, nəğmələrinin musiqi düzümü və s. haqqında yazdığı elmi, publisistik məqalələrini Türkiyə mətbuatında çap etdir­mişdi (Bulgar S., 2004).
Qaqauzlar milli azadlıq mübarizəsini açıq və gizli şəkildə davam etdirsələr də, istəklərinə yalnız SSRİ dağıldıqdan sonra çatmışlar. Onlar 1989-cu il fevralın 11-də Moldova Kom­munist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında mitinq keçirərək, Qaqauz Muxtar Sovet Sosialist Respublikasının ya­ra­­dılmasını tələb etmişlər. Lakin onların bu tələbinə əhəmiyyət verilməmişdi. 1989-cu il mayın 21-də Komratda toplanan Birinci Qaqauz Xalq Qurultayı Qaqauz Muxtar Respublikasını qurmağı qərara alır. Həmin il noyabrın 12-də onlar bu işi gerçəkləşdirərək Qaqauz Muxtar Sovet Sosialist Respublika­sını elan edir və hökumət yaradırlar.
Lakin Moldova hökuməti bununla razılaşmasa da, Sovet hökumətinin basqılarını, yaranmış ağır iqtisadi-siyasi durumu, ölkənin bir hissəsində Moskvanın əli ilə rusların Dnestryanı Respublika yaratmalarını nəzərə alaraq qaqauzlarla münaqişə­yə girmək istəmir. Qaqauzlar Moskvanın Moldovanın müstə­qil­liyinə qısqanclıqla yanaşaraq ölkəni iqtisadi böhran və milli münaqişələr burulğanına salmaq istəyini, beynəlxalq aləmdə baş verənləri nəzərə almadan 1990-cı ildə Qaqauz Respubli­kası yaratdıqlarını elan edirlər. Rusiyanin xüsusi xidmət or­qanları Moldovanı münaqişə bölgəsinə çevirmək üçün millətçi gənclərin narazılığından istifadə etmək istəyir. Həmin il noyabr ayının 25-də bir qrup milliyyətçi moldovan gənci könüllü dəs­tələr təşkil edərək qaqauzların üzərinə yeridilir. Moldovanlarla qaqauzlar arasında baş verə biləcək silahlı toqquşmanın qarşısı vaxtında alınır. Amma müstəqilliyini elan etmiş Qaqauz Yeri Respublikası, bütün cəhdlərə baxmayaraq, heç bir ölkə tə­rə­findən tanınmır. Hətta Türkiyə və Azərbaycan kimi qaqauzlara hər cür yardım etməyə hazır olan ölkələr də! Bu da səbəbsiz deyildi. Yaranmış qurum özünün iqtisadi, siyasi və coğrafi durumunu, beynəlxalq vəziyyəti nəzərə almırdı.
Moldova hökumətinin susması 23.12.1994-cü ilədək davam etdi. Həmin ilin noyabrında Moldova Məclisi Qaqauz Yeri Muxtar Vilayəti yaradılması haqqında qanun qəbul etdi. Bu qanun qaqauzların Moldova tərkibində milli haqlarını qoruya­raq yaşamalarını tənzimlədi (Bulgar S., 1999:75).
 
2.2. Qaqauz türkcəsinin ilk yazılı qaynaqları

Rusiya uzun illər Osmanlı dövlətinin tərkibində olmuş, Os­manlılarla eyni dildə danışan və eyni mədəniyyətin daşıyıcısı olan qaqauzları yeni işğal etdiyi bölgəyə köçürdükdən sonra onları keçmişindən qoparmaq üçün dini inanclarının möhkəm­lənməsinə və xristian dininə dair mətnlərin ana dillərinə çev­rilməsinə xüsusi diqqət yetirirdi. Bu işi görə biləcək kadrlar isə yox dərəcəsində idi. Rusiya qaqauzlar arasında xristian dininin möhkəmlənməsi üçün anadilli kadrlar hazırlamasına da şərait yaratdı.
1810-cu illərdə Vyanada çap olunmuş “Psaltıra”(Zəbur) və Yunanıstanlı şair Aristofanın (M.Ö.455-385) komediyaların­dan parçalar, Nikolay və İvan Fazlı qardaşlarının Aleksandr Puşkinin “Qış yolları”, “Kahırsız quşcığaz” (Zavallı quşcuğaz) və  “Qış gecələri” şeirlərinin tərcümələri qaqauz türkcəsinin ilk ədəbi məhsulları sayılır (Arnaut T., 2001).
Qaqauz yazılı dilinin formalaşması, tarixinin yazılması isə Mixail Çakırın adı ilə bağlıdır.
Mixail Çakır (27.04.1861, Çadır qəsəbəsi- 08.10.1938, Ki­şinyov şəhəri). 1812-ci ildə qaqauzlar Bucaq bölgəsinə köçü­rüləndə Mixail Çakırın ata-babası da Çadır (indi Çadır–Lunqa adlanır. Lunqa sözü də moldavca çadır deməkdir) yerləşdirilir. İlk təhsilini doğulduğu Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhə­rindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda öyrətmən işləməyə göndərirlər. Qısa bir za­manda din xadimi və öyrətmən kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yana­şı, keşiş vəzifəsini də yerinə yetirir. Mixail Çakır protoiyerey (dini rütbə, keşiş - Ə.Ş.) rütbəsinə yüksəlir.
1884-cü ildə onu dini işlər üzrə məhəllə müvəkkili və rusca və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər. O, qazandığı nüfuzdan istifadə edərək kilsədə duaların milli dil­lərdə oxunmasına razılıq ala bilir (Türkiye dışındakı…, 1999:351, 12-ci cild).
Xalqının dini anlayaraq sitayiş etməsi üçün “İncil”dən və baş­qa din kitablarından çox istifadə olunan duaları ana dilinə və moldovcaya çevirib çap etdirir və kilsələrdə oxuyur. O, xristian dininin müqəddəs kitabı olan “Evangeliya” (İncil), “Psal­tır” (dini nəğmələr), “Liturqiya” (kilsə duası), “Çasos­lov”, “Kilsənin qısa tarixi”, “Yeni müqəddəslərin tarixi”, “Keç­­miş müqəddəslərin tarixi” və s. əsərlər tərcümə etmiş və yazmışdır(Çebotar,7). Hətta 1907-ci ildə qaqauz türkcəsində bir səhifəlik dini qəzet də çıxarmağa nail olmuşdur.
O, qaqauzların keçmişini, adət-ənənəsini, xalq ədəbiyyatını araşdırıb “Гагаузы Бендерского уезда” (“Bender vilayətinin qaqauzları”) adlı irihəcmli bir əsər və “Qaqauzca-Romence laflık” kimi sözlük də yazmışdır. Latın hərfləri ilə və rumın (romen) əlifbasında qaqauz türkcəsi ilə yazılan bu əsərlər yüksək bədii dəyərə malik olmasa da, qaqauz türkcəsinin söz ehtiyatından yararlanmaq baxımından bugün də diqqətçə­kən­dir. Araşdırıcıların verdiyi bilgiyə görə, M.Çakırın 34 kitabı nəşr olunmuşdur. Əsasən xristian dininin yayılmasına xidmət etməsi planlaşdırılmış bu əsərlər milli şüurun oyanmasına da səbəb olurdu. Yazar öz xalqının tarixini, soykökünü öyrən­dik­cə özünün də milli duyğuları güclənirdi. Onun yaradıcılığının ən məhsuldar dövrü Bessarabiyanın Rumıniya hökumətinin tərkibində qaldığı dövrdür.
M.Çakır bu dövrdə Türkiyənin Rumıniyadakı səfiri, böyük millətsevər və maarifçi Həmdullah Süphi ilə tanış olur. O, M.Çakıra güclü təsir göstərir, elmi araşdırmalar aparmasına münbit şərait yaradır, onu hakimiyyət orqanlarının basqıların­dan qoruyur.
Qaqauzlar 1918-ci ildə Rumınyanın tərkibində deyil SSRİ-də yaşasaydılar, yəqin ki, bolşeviklər din adamı kimi M.Çakırı da ya gülləyəcək, ya da ən yaxşı halda Sibirə sürgün edəcək­dilər.
 SSRİ-nin Bessarabiyanı işğalından sonra çox kilsələr qa-pan­dığından, ibadətlər yasaqlandığından, dini məktəblər bura-xıldığından qaqauz türkcəsinin inkişafında bir durğunluq yaran­dı. Din xadimləri də unutdurulmağa çalışılır. Bunun nəticə­sində Mixail Çakırın da qəbrini ziyarət edənlər olmur. 1980-ci illərin ikinci yarısından, milli oyanışdan sonra qaqauz ziyalıları uzun müddət Mixail Çakırın qəbirini axtarsalar da, tapa bil­mirlər.
2000-ci illərdə qəbirüstü abidələrdəki qiymətli metalları oğurlayıb satanların sayəsində Mixail Çakırın da qəbrinin yeri müəyyənləşir. Qəbirüstü başdaşı öncəki şəklinə salınır. İndi qaqauz aydınları buranı tez-tez ziyarət etməklə yanaşı, gələn qonaqları da oraya aparırlar.
 
*   *   *
Sovetlər Birliyi dağıldıqda qaqauzlar da tarixi keçmişlərinə, mədəniyyətlərinə üz tutmağa başladılar. Var səsləri ilə ümum­türk tarixinin, ədəbiyyatının, mədəniyyətinin varisləri olduq­larını bildirdilər. Ədəbiyyat tarixlərinin Orxon-Yenisey abidə­ləri ilə, Divan-i lügat it-Türk”lə, Kutadqu biliq”lə, Kitabi- Dədə Qorqud”la və b. əsərlərlə başladığını yazdılar.
Stalinin ölümündən sonra keçirilən Sov.İKP-nin XX qurul­tayında quruluşun nöqsanlarının böyük qismi ölkənin rəhbərinin adına yazıldı. Stalin şəxsiyyətə pərəstişdə suçlandı. Bu təkcə SSRİ-də deyil, sosialist ölkələrində də bir yumşalma yaratdı. Vəziyyətdən istifadə edən qaqauz ziyalıları 1957-ci ildə kiril əlifbası əsasında yeni qaqauz əlifbasının yara­dılmasına, mək­təb­lərdə ana dilində dərslərin keçilməsinə, dərsliklərin hazır­lanmasına, rayon qəzetlərində qaqauz türk­cə­sində səhifələrin hazırlanmasına razılıq ala bildilər. Bu da yazılı qaqauz ədə­biyyatının formalaşmasına şərait yaratdı. Rus, ukrayna və moldov dillərində təhsil alan qaqauzlar bundan sonra toplu yaşadıqları kənd və qəsəbələrin əksəriyyətində ibtidai sinif­lərdə ana dilində oxumağa başlayırlar. Yuxarı siniflərdə isə qa­qauz türkcəsi və ədəbiyyatı tədris olundu.
1957-1960-cı illərdə “Moldaviya Sotsialiste” qəzeti həftədə bir dəfə qaqauz türkcəsində səhifə çap etməyə başladı. Dionis Tanasoğlunun və Nikolay Baboğlunun hazırladığı bu səhifələr qa­qauz yazılı ədəbiyyatının inkişafına təkan verdi. Burada Ni­kolay Baboğlu (Baboqlu), Vasili Duloğlu, Aleksey Tukan, Fi­lip Topaz, Mina Kösə, Stepan Kuroğlu, Savel Ekonomov ki­mi ya­zarların ədəbi yaradıcılıq nümunələrinin çapına, bununla da onların qələminin püxtələşməsinə şərait yarandı. 1959-cu ildə Kişinyovda “Bucakdan sesler – Literatura yazıları” adlı top­lu çap olundu. Topluya folklor nümunələri ilə yanaşı, qaqauz şairlərinin də əsərləri daxil edildi. Qəzet-jurnal olma­dan günü­müzdə ədəbi əsərlərin yayılması, yaranması və forma­laşması çox çətindir. Qaqauzların qəzet-jurnalları ardıcıl çıx­ma­dığı za­manlarda yazıçı və şairlər əsərlərini dərs kitabları nəşr etdir­mək­­lə ana dilini zənginləşdirir, yetişməkdə olan nəslə təsir gös­tərirdilər.
 1960-cı ildən sonra “Moldaviya Sotsialiste” qəzetinin qa­qauz türkcəsindəki əlavəsi və ana dilində tədris dayandırıldı. Lakin qaqauzlar bununla razılaşmadı, ana dilində nəşrlərə nail olmaq üçün müxtəlif təşkilatlara müraciətlər edirdilər.
Sovet dövründə müttəfiq respublikaların hamısında və bir çox muxtar respublikalarda da yazıçılar ittifaqlarının ədəbi-bədii jurnalları, qəzetləri buraxılırdı. Moldova Yazıçılar İttifa­qının orqanı “Literatura iş arta” qəzeti də 1986-cı ildə qaqauz türkcəsində səhifə verməyə başladı. Bu səhifənin materiallarını Nikolay Baboğlu hazırlayırdı.
1988-ci il avqustun 14-də isə “Sovetskaya Moldaviya” qə­zetinin əlavəsi kimi qaqauz türkcəsində, gənc şair Todur Za­netin redaktorluğu ilə “Ana sözü” adlı qəzet nəşrə başladı. Ki­çik formatda (A3 formatında) 4 səhifəlik, ayda iki dəfə çap olunan bu qəzet qısa müddətdə böyük nüfuz qazandı. Azər­bay­canlı oxucular, qəzet bağlanmasın deyə ona abunəçi olmağa, oraya məqalələr göndərməyə başladılar. Az müddətdə qəzetin tirajı 80 minə yaxınlaşdı. Kommunist partiyasının göstərişi ol­madan 200 min əhalisi olan bir xalqın 80 min tirajla qəzetinin çap olunması görünməmiş hadisə kimi qarşılandı. Bundan narahat olan sovet məmurları “Ana sözü” qəzetinin adını ümu­mittifaq abunə kataloqundan çıxardılar.
1988-ci ilin noyabr ayında Azərbaycanda qaqauz ədəbiyyatı günləri keçirilməsi planlaşdırılmışdı. Lakin Moskvanın Qara-bağ problemini ortaya atması bu cür tədbirlərin keçirilməsini, Azərbaycanın türk respublikaları və toplumları ilə birbaşa əlaqəsini əngəllədi.
SSRİ-nin dağılması respublikalar arasında rabitə xidmətini pozdu. Beləliklə “Ana sözü” qəzetinin abunəçiləri azaldı və qə­zet maliyyə çətinliyi ilə üzləşdi. “Ana sözü” qəzeti səhifə­lə­rində ədəbi-bədii yazılara, folklor nümunələrinə geniş yer verirdi.
Qaqauz Yeri muxtariyyat əldə etdikdən sonra yeni qəbul edil­miş latın əlifbası ilə “Gagauz sesi” qəzeti, 1996-cı ildən Ste­pan Bulqarın redaktorluğu ilə “Sabaa yıldızı” ədəbi-bədii, publisistik, etnoqrafik jurnal, jurnalın əlavəsi kimi uşaqlar üçün “Güneşçik” və “Ana sözü” qəzetinin əlavəsi kimi uşaqlar üçün “Kırlangaç” jurnalı buraxılmağa başladı. Bu nəşrlər ar­dıcıl çap olunmasa da, qaqauz ədəbiyyatını istiqamətləndirir.
 
 3. Qaqauz ədəbiyyatının öyrənilmə tarixi
Qaqauz türkcəsini iki şivəyə-güney Vulkaneş və mərkəz Çadır-Komrat şivələrinə bölürlər. Ukrayna qaqauzlarının danı­şığı da mərkəz şivəsinə aid edilir. Say baxımından mərkəz şivəsində danışanlar çoxluq təşkil etdiyindən yazılı ədəbi dil də bu şivə əsasında formalaşır.
Qaqauz ədəbiyyatı tarixinin öyrənilməsindən söz açan Tu­dora Arnaut yazır: “Gagauz edebiyatının incelenmesi, edebiyat tarihinin yazılması son zamanlarda hız kazanmıştır. İlk ciddi ilmi çalışma Petr Çebotar – Gagauz yapmıştır. Rus dilinde yazılan kitap 1950-1980 yılları arasında yaratılan eserleri ele almakta ve edebiyat kuramları çerçevesinde irdelenmektedir. Gagauz dilinde edebiyatın incelenmesi makale şeklinde Olga Radova, Stepan Kuroglu, Tudora Arnaut tarafından “Sabaa yıl­dızı” dergisinde yayımlanmış, İvan Topal, Nikolay Baboğlu­nun ve b. aydınların tarafından makale, ve ya tanıtma niteliği taşıyan yazıları “İlkyaz Türküsü” kitabında ve “Ana Sözü” gazetesinde yer almış, ayrıca Komrat Devlet Üniversitesi ve Kran­ge adına Kişinev Pedagoji Üniversitesinde okuyan öğren­cilerin mezuniyet tezlerinde kaleme alınmıştır. Gagauz edebi­yatının oluşması ve gelişmesi, yazar ve şairlerin bir arada hiz­met vermesi amaciyle sekseninci yıllarda Moldova Yazarlar Birliğinde Gagauz Yazarlar Birliği Bölümü kurulmuş, 11 Şu­bat 2001 tarihinde ise Gagauz Yerinde Gagauz Yazarlar Birliği oluşturulmuştur.
Yazılı edebiyata hizmet etmiş bazı şahısların eserleri ise çe­şitli ilmi ulusal və uluslararası konferans və sempozyum­lar­da yabancı ve yerli bilim adamları, araşdırmacılar tarafından bil­di­ri olarak sunulmuştur. Gagauz edebiyatı ile Türkiyede Mus­tafa Argunşah, Hülya Argunşah, Harun Güngör, Nevzat Özkan ve b., Azerbaycanda Güllü Yoloğlu, Ali Şamil gibi bilim adam­ları ilgilenmiş ve bu edebiyatın kendi ülkelerinde tanıtıl­ma­sına önemli katkılarda bulunmuşlardır” (Arnaut T., 2005:29).
Onu da xatırlatmağa dəyər ki, Qavril Qaydarcı və Yelena Koltsanın da bir sıra məqalələrində qaqauz ədəbiyyatı ilə bağlı maraqlı bilgilər vardır.
Qaqauz ədəbiyyatı çoxjanrlı və uzun dövrlü olmadığından onun haqqında janrlara görə deyil, yazarlara görə bilgi verməyə çalışacağıq.
Tudora Arnaut qaqauzların yazılı ədəbiyyatlarını beş dövrə bölür və birinci dövrə Nikolay Arabacı və Nikolay Tanasoğ­lu­nun yaradıcılığını daxil edir. Əslində bu bölgü o qədər şərtidir ki, istənilən vaxt mübahisə mövzusuna çevrilə bilər. Çünki ya­zarların çoxu yaxın zaman kəsimində yaşamışlar, yaradıcı­lıqları da istər mövzu, istərsə də bədii dəyər baxımından bir-birinə çox yaxındır. Buna baxmayaraq, biz də həmin bölgünü saxlayaraq əldə edə bildiyimiz qaynaqlar səviyyəsində qaqauz ədibləri haqqında bilgi verməyə çalışacağıq.
 
3.1. Birinci dövr: Nikolay Arabacı və Nikolay Tanasoğlu
Nikolay Petrov oğlu Arabacı (20.09.1893, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi -1960, Moskva). İlk təhsilini doğulduğu kənddə alıb Kom­rat­dakı liseyi bitirdikdən sonra Moskvaya gedərək Güney Doğu Xalqlarının Dilləri İnstitutuna daxil olan N.Arabacını 1930-cu illərdə SSRİ-nin İstanbuldakı Ticarət Nümayəndəliyində işlə­məyə göndərirlər.
İstanbul mühiti, Türkiyədə yaşayan qaqauz kökənli insan­larla ünsiyyət onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Xalqının tarixi və ədəbiyyatını öyrənməyə çalı­şan vətənpərvər fikrini xalqına çatdırmaq üçün ədəbi yaradı­cılığa başlayır. İlk yazılarını da Kırımda tatarca çap olunan qəzet-jurnallara göndərir.
SSRİ-i Almaniya üzərində qələbədən sonra Bessarabiyanı yenidən öz ərazisinə qatır. Beləliklə Bucakda toplu halda ya­şayan qaqauzlar yenidən Rusiyanın-Sovetlər Birliyinin tərki­bində yaşamalı olurlar. Bu dəyişiklik yüzlərlə qaqauzun ölü­mü­nə, həbsinə, sürgününə və aclıqdan doğma yerləri tərk et­mə­sinə səbəb olur. Çünki Sovetlər Birliyinə daxil edilənədək hər bir qaqauzun fərdi təsərrüfatı, əkin sahəsi, iş yeri vardı. So­vetlər Birliyinin tərkibinə qatıldıqdan sonra onların torpaqları, iş alət­ləri, mülkləri əllərindən alınaraq kollektiv təsərrüfatlar yaradıldı. İnsanlar da buna alışa bilmir, malının-mülkünün əlindən alın­masına etiraz edir, qorxusundan etiraz etməyənlər belə kollektiv təsərrüfatlarda ürəkdən çalışmırdılar. Bu da məh­sul qıtlığına, bölgəni aclıq dalğasının bürüməsinə səbəb olur.
Vətəninin belə ağır günlərində N.Arabacı uzaqlarda-Mos­kvada yaşayırdı. Uzun zaman vətənindən uzaqda olması onun şeirlərində həsrət mövzusunu gücləndirmişdir. Şeirlərinin əsas mövzusunu ata ocağına sevgi, xalqın çəkdiyi sıxıntılar, bir də lirik düşüncələr təşkil edir. Şair yazır:
Orda baba evimiz,
Annam ihtiar orda.
Düşlerim orda canımda.
Bunnar için yok nasıl,
Ki, dönmesin şu vaktlar-
Güneş açsın ki, asıl,
Daalışsın o bulutlar.
Şair başqa bir şeirində yazır:
Ömür beni sıbıttı,
Irak ana topraamdan-
Fena eceller sıktı
Xalqımızın buvazında...
Ah, da ne yapar insan,
Girgin hem de verilmez?!
Miskin duşmana, te sen
Kaldın ki nice düşmez.
Orada baba evimiz,
Annam ihtiar orada
Düşlerim orada semiz,
Kaldı sende canım da...
Ömrünün ən məhsuldar illərini Moskvada yaşayan şair qa­qauz ədəbiyyatının inkişafı, ana dilində məktəblər açılması üçün əlindən gələni əsirgəməmişdir. Ana dilində tarixi-etno­q­rafik “Qaqauzlar” romanını yazmağa başlasa da, onu bitirə bilməmişdir.
Şairin “Bizim Drumi” adında dörd hissədən ibarət olan das­tan-poeması Dionis Tanasoğlu tərəfindən hazırlanaraq 1959-cu ildə Kişinyovda çap olunmuş “Bucaktan səslər” toplusuna da­xil edilmişdir. Mənzum dastan-poemada İkinci Dünya Sava­şında qaqauzların Rumıniya ordusu tərəfindən incidilməsi təs­vir edilmişdir. Dastanda üç məsələ önə çəkilmişdir: 1. doğru­luq, dürüstlük (baş qəhrəman Drumi həqiqəti sübuta yetirmək üçün Doftan zindanından qaçıb kəndə gəlir və buradakı qəd­dar­lıq timsalı olan rumın jandarm nəfərinin cəzalandırır. 2. dost­luğa sədaqət (dar gündə Manolun Druminin yanında ol­ması). 3. ana torpağa, kəndinə həsrət.
N.Arabacı kəndlisi Druminin taleyindən bəhs edən “Bizim Drumi” poemanı sadə bir təhkiyə, şirin bir dillə belə başlayır:
Çoktan yaamur bulutlan,
Gökü, ayı heptän örtmüştü.
Gecä yarısı xoruzlar
Şindän bizim küüydä ötmüştü.
Raat uyeer yorgun insan...
Bu geç vakıt salt uyumaz
Küüydä sin-sin gezän bir can:
O saklanır, o açılmaz.
O, dolaya bakınarak,
Bir aula girdi deyneklän.
Köpek ona pek salarak,
Sustu, çüüdü büük sevinmäklän.
Bu köpek salmasından
Manol amca uyanmıştı
Pençerä urmasından
Birdän-bira kär şaşırmıştı.
Kənddə gecənin səssizliyini pozan qonağın gizli gəlişi ilə başlanan mövzu getdikcə ciddiləşir. Bir kəndin deyil, bir mil­lətin taleyində baş verən faciələr təsvir edilir. Sonra da bu ümu­miləşdirilərək müstəmləkə altına düşən bütün xalqın taleyi kimi təqdim edilir. Nikolay Arabacının əsərləri bütövlükdə çap olunmamışdır. Buna görə də onun bədii yaradıcılığı haqqında elə dolğun bilgi vermək olmur. Qaqauz araşdırıcıların belə Nikolay Arabacının arxivi, arxivdə nələrin olduğuna dair geniş bilgiləri yoxdur.
Nikolay Qeorq oğlu Tanasoğlu (01.02.1895, indiki Mol­do­va Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kən­di – 22.02.1970, Kişinev). Qaqauz yazılı bədii ədəbiy­ya­tı­nın əsasını qoyan bu iki şəxsiyyətin ömür yollarında bir oxşar­lıq vardır. Hər ikisi eyni kənddə doğulmuş, Çadır qəsəbəsindəki eyni məktəbdə oxumuşdur. İlk yaradıcılığa şeirlə başlamışdır.
N.Tanasoğlu uzun illər kəndlərdə öyrətmən, məktəb direk­toru işləmiş, qaqauzlar üçün əlifba yaradılmasında, dərslik ya­zılmasında fəal iştirak etmişdir. Yeni yaradılmalı olan dərsliklərə oxu mətnləri salınması üçün Lev Tolstoyun “İlk gənclik”, Nikolay Qoqolun “Taras Bulba”, Mixail Lermon­to­vun “Boro­dino” əsərlərindən parçalar tərcümə etmişdir. Onun şeirləri folklor nümunələri ilə o qədər qaynayıb qarışmışdır ki, çox vaxt hansı şeirin N.Tanasoğluna, hansı şeirin xalq yaradıcılığına məxsus olduğunu seçmək çətinlik törədir.
1940-cı illərdən yaradıcılığa başlayan şairin əsərləri dilinin sadəliyi ilə seçilir. “Quşlar bey seçer” adlı poemasında fikrini nağıllardan götürdüyü süjetlə oxucuya çatdırmağa çalışır. Şai­rin şeirlərində quş təsvirlərinə, quşların dililə fikirlərinin veril­məsinə tez-tez rast gəlinir. Onun şeir şəkli isə qaqauz mani­lərindəki qafiyə quruluşuna (aabb) uyğundur.
Başçada bir genç kızçaz,
İşindä nicäl kuşçaz.
Mari kız, sän bak bana,
Bir kaç laf deim sana (Çadır maaneleri)
N.Tanasoğlu “Sofi” adlı hekayəsi ilə qaqauz yazılı ədə­biy­yatında nəsr janrının əsasını qoymuş olur. Hekayə belə baş­layır: “Sandıkçı İvançunun kızı, Sofi, orta boyda bir kız, tuyan, siması kula, maavi gözlü, suratı tombarlak. Nicä da olsa gözal bir kız. Lafına sıkı, kızlarlan pek şımarmeer. Küüdä yedi klass bitirdiydi.
Onun bobası ellibeş yaşında, ilerdan fukaraydı, çuval kol­tuunda imeelik aarardı, zera imeelii kışın ortasında bitardi. Şkolada üç yıl sade üürenmişti, ama kafalıydı. Esapta üüre­diciylän tutunurdu. Ama, biraz çokça içardi. Kimar gün, bir sotka rakı içtiynan, şkolaya gelirdi. Urok aralığında uşakların ortalanna girirdi da onnara aklıncak türlü zor zadaçilar verirdi.
– Ha bakalım, studentlar, bu zadaçiyi yapabileceniz mi, – uzun, san kaşlann altından gülümseyräk deyärdi.
Sofi yedi klass bitirdiktän sora kır brigadasına işlemää girdi. İşindä çalışkandı hem kantarcı diildi, nicä başkaları bulunurdu. Ne iş tä ona verselär, o küsüş yapmazdı. Kolxozun predse­dati­lisi gördü, ani Sofi işi sever, hem becerikli, onu inek saamaa koydu. Sofi burada da ii üstünlüklär gösterdi. Birdän bira saamaa pek becerämäzdi, ama birkaç aftadan sora ii esap aldı, nicä eski saacıykalar saayardılar da tez kolayını aldı da başladı onnardan üstün çıkmaa. Burada da Sofi çok vakit işlämedi. Bir yıldan sora onu süt fermasına zavedyüşçiy koydular, zerä o isleecä kiyat bilirdi. Sofi işini sevärdi, hem savaşırdı sotialist yarışında başka kolxozların saacıykalanndan üstün çıksın...” (Türkiye dışındakı…, 1999:359, 12-ci cild).
“Sofı” hekayəsi Sovet dövründə oxuduğumuz əmək qəh­rə­manından bəhs edən onlarla hekayələrdən biridir.
N.Tanasoğlunun “Şu yolunda”, “Pahalı Çadırım”, “Mane­ler”, “Geç güz”, “İlk yaz geldi”, “Yaz”, “Yaz yağmuru”, “Oku­la”, “Pek islä” və b. şeirləri ilə yanaşı, poema, ballada və hekayələrindən “Güme kuşları”, “Tudoranın düğünü”, “Sofi”, “Yuvan oğlular”, “Beşqa Qaqauzlar” adlı əsərləri oxucular arasında daha məşhurdur.
Şair ana dilini zənginləşdirmək, soydaşlarının dünya klas­siklərinin əsərlərini doğma dillərində oxumaları üçün tərcü­məyə də xüsusi diqqət yetirmişdir. Belə ki, “Müfəttiş”, “Taras Bulba” (N.Qoqol), “Borodino” (M.Lermontov), “Uşaqlığım­dan” (İ.Karnege), “Qış axşamı” (A.Puşkin), “Boran” (L.Tols­toy), “Cırcırama və qarışqa” (İ.Krılov), “Aslan və milçək” (La Fonten) və b. əsərləri ana dilinə tərcümə etmişdir.
Nikolay Tanasoglu Deniz (Dionis) Tanasoğlunun atasıdır.
T.Arnaut yazır: “Bu iki şair (N.Arabacı və N.Tanasoğlu – Ə.Ş.) Bucağın ecelini, halkın o zamanki durumlara göre sı­kıntılarını dile getirmiş Gagauz edebiyatın temel atılmasında böyük çabalar göstermişlerdir” (Arnaut T., 2005: 30).
Əslində hər iki ədib Sovet sisteminin icazə verdiyi qədər xalqın taleyindən bəhs edən əsərlər yaratmışdır.
 
3.2. İkinci dövr
Bu dövrə Dionis Tanasoğlu (1922-2006), Nikolay Baboğlu (1928- 2008), Mina Kösə (1933-1999), Dmitri Karaçoban (1933-1986), Qavril Qaydarcı (1937-1998), Stepan Kuroğlu (1940-2011) və b. daxil edilir.
Dionis (Dəniz) Nikolay oğlu Tanasoğlu (07.07.1922, indi­ki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi - 23.8.2006, Kişinyovda ölmüş və oradakı Ay­dınlar məzarlığında dəfn edilmişdir). Qaqauz şairi və yazıçısı Nikolay Tanasoğlunun oğludur. İlk yaradıcılığa şeirlə başlasa da, sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, bilgin, ictimai-siyasi xadim sözləri yazılmışdır. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur etmişdir.
Qaqauz mədəniyyətinin elə sahəsi olmamışdır ki, D.Tana­soğlu oraya baş vurmasın. Bunun bir səbəbi onun maraq dai­rəsinin genişliyi olmuşdursa, başqa bir səbəbi də kadr çatış­mazlığı idi. Ardıcıl olaraq elmi-pedaqoji sahədə çalışan, milli kadrların yetişməsində böyük əməyi olan şair Azərbaycanla da sıx bağlı olmuşdur. Buraya bir türkoloji mərkəz kimi baxmış və qaqauz bilim və sənət adamlarını Azərbaycanla sıx bağlılığa yönəltmişdir (Şamil Ə., 2006, 4:177).
1957-ci ildə Z.A.Pokrovskaya ilə birlikdə kiril əlifbası əsa­sında qaqauz əlifbasını yaratmışdır. İlk qaqauz romanını yazan, qaqauzların ilk peşəkar rejissoru və dramçısı Dionis Tanasoğlu olmuşdur.
Kişinyov Pedaqoji İnstitutunun tarix-ədəbiyyat, Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsini bitirən Dionis Tana­soğ­lu Bakıda filologiya elmləri namizədi alimlik dərəcəsi al­mışdır. “Çal türküm” (Səslən, nəğməm) və “Adamın işləri” (1969), “Xoşluk”(Səadət) (1970), “Gənclik türküləri” (1975) kitablarını nəşr etdirən şair yeni qaqauz ədəbiyyatının inki­şa­fına güclü təsir göstərmişdir. “Ana dilim” adlı şeirində dilini şirin bala, salxım çiçəyinin qoxusuna, gözəl səsə bənzədir və onun qorunmasının vacibliyini belə təsvir edir:
Dili lääzım bilelim
Biz ona inan evladız,
Dili hiç kaybetmeyelim,
Salt onunnan biz insanız!
(“Ana sözü”)
Tanasoğlunun lirik şeirləri də, vətənpərvərlik və siyasi məz­munlu şeirləri də nəğmə mətnlərini xatırladır:
Ana tarafım,
Sevgili topraam!
Bucak vatanım,
Gagauzstanım!
                           (“Qaqauzstanım”)
D.Tanasoğlunun 1906-cı ildə qaqauzların öz haqları uğrun­da mübarizəyə qalxmasından bəhs edən “Bucakda yalın” pyesi 1978-ci ildə Komrat şəhərində özfəaliyyət kollektivi tərəfindən göstərilmişdir. Bununla da qaqauz ədəbiyyatında dramçılığın əsası qoyulur. İstedadlı dramçı kimi tanınan D.Tanasoğlu “Oğ­lan, həm Länka”, “Bucakta yalın”, “Keykavus” pyeslərini yaz­maqla yanaşı, dünya ədəbiyyatı klassiklərinin də bir sıra əsər­lərini ana dilinə çevirmişdir. Onun poeziya sahəsində də tər­cüməçilik fəaliyyəti uğurlu olmuşdur. Belə ki, A.S.Puşkin, M.Y.Lermontov, A.Krılov, A.A.Nekrasov, V.V.Mayakovski, A.T.Tvardovski, M.Eminesku, E.Bukov, Səməd Vurğun, Aşıq Ələsgər və b. şairlərin əsərlərini qaqauz türkcəsinə çevirdiyi kimi, öz əsərlərini də rus, moldovan dillərinə, eləcə də Azər­baycan, türkmən və tatar türkcəsinə çevirtdirmişdir.
Qaqauz türkcəsində dərsliklərin hazırlanmasında böyük əmə­yi olan şair uşaqların başa düşəcəyi tərzdə vətənpərvərlik şeirləri yazmış və Türk dünyasının ədəbi örnəklərini də ilk də­fə dərs kitablarına qoymuşdur. Qaqauzların muxtariyyat əldə etmək uğrunda mübarizəsinə sözü və səsi ilə qatılan D.Ta­nasoğlu “Qaqauzstan” adlı iki şeirin də yazarıdır.     
Onun “Uzun karvan” romanı qaqauz ədəbiyyatında hadisə kimi qarşılanmışdır. Q.Q.Markesin “Yüz il tənhalıqda” roma­nından sonra Çingiz Aytmatovun “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, Azər­baycanda Mövlud Süleymanlının “Köç”, Yusif Səmədoğlunun “Qətl günü” və b. romanları meydana çıxmışdır. “Uzun kar­van” romanında da həmin əsərlərdə olduğu kimi, xalqın keç­miş­dən bu günə gəldiyi yol miflərin dili ilə oxucuya çatdırıl­mışdır.
“Uzun karvan” romanı bir uşağın qocadan öz xalqının tarixi, dədə-babalarının keçib gəldikləri yol barədə soruşması ilə başlayır və sual-cavab şəklində davam etdirilir. Yazar bəzən roman üslubundan uzaqlaşaraq tarixi faktları bir araşdırıcı kimi versə də, oxucusunu yormur. Əksinə, oxucuya türk xalqlarının tarixi, oğuzların keçdiyi yol, tarixin müxtəlif dönəmlərində oğuzların bir qolu olan qaqauzların oynadıqları rol haqqında maraqlı bilgiləri bədii şəkildə təqdim edir.
SSRİ Yazarlar İttifaqının üzvü olan Tanasoğlu kiril əlifbası əsasında yaradılmış yeni qaqauz əlifbası ilə çap olunan ilk kitabın-“Bucaktan sesler” toplusunun tərtibçisidir.
Nikolay İqnat oglu Baboğlu (02.05.1928, indiki Moldova Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kən­di - 2008). Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və folk­lor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da əsərlərini qəzet, jurnal və dərsliklərdə çap etdirmişdir. “Bucak­tan sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məz­mun­ludur. Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstər­mişdir. O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında duyğula­rını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır.
Onun qaqauz türkcəsində iki şeir kitabı “Bucak ecelle­ri”(1979), “Tarafımın piyetleri”, (1988), rusca “Dunay pojaluy v dom” (“Dunay, gir içəri”, 1984), “Qvozdiki rastsveli vnov” (“Qərənfillər yenidən açıldı”, 1986) “Bucaan tarafinda” (kita­bın ikinci adı “Gani”) və bundan başqa “Qaqauz folkloru” (1969), ”Masallar” (1991), qardaşı İ.Baboğlu ilə birlikdə “Qa­qauz türkcəsi sintaksisi IX-X klaslar için” (1988), “Literatura okumaları” (1988), Türkiyədə ”Bir öykümüz var” (1994) və b. kitabları çap olunmuşdur.
“Tarafımın piyetleri” adlı poemanın süjeti xalq arasında ge­niş yayılmış bir əfsanədən alınmışdır. Poemanın qəhrəmanı Oğ­lan Tuna boyunda düşmənlə savaşda ölür. Bu ağır itkiyə dözə bilməyən sevgilisi Lanka özünü Tunaya-Dunay çayına atır. Şair bunu Lankanın müqəddəs sulu Dunay ilə evlənməsi və qaqauzların qədim adətləri kimi qiymətləndirir.
Şair əsərlərində xalqını Bucağın bir çox yerlərindəki iskit, peçeneq, tatar kurqanlarını qorumağa, onları ata-babaların mi­ra­sı kimi dəyərləndirməyə çağırır. Milli duyğuları da bu cür möv­zularda özünü daha qabarıq göstərir. Nikolay Baboğlu yazır:
Yakardı vakıtlar tepelerdä ateş yalınnarnı
Da savaşırdılar şılatsın bizä tepä altında insannarını.
Oğuz gölgeleri çıkardılar ordan avşam –avşam,
Tepä dolayında bakıp gezardilär ulam-ulam.
Hazar, hem skif milletleri, peçeneglär,
Kimnär taa zamandan bu toprakta gezmiştilär...
Sorardı gölgelär «ani büünkü senselemiz?
Ani onnar, kimi çoxtan görmää isteeriz biz?
Baboğlunun lirik şeirlərindəki hisslər da diqqətçəkəndir:
Göka diidim, diidim ellän yıldıza
Gönül koydum, cannan düştüm bir kıza.
Sevdam taştı güüdeciimdän döküldü,
En baş peetim ona, ona düzüldü.
Yerä diidim, bastım ana topraama,
Yarim, senin dökülerim kucaana.
Bugünkü qaqauz nəsrinin ağır yükünü çəkən yazıçılar sırasında öndə gedənlərdən biri N.Baboğludur. Onun yaradıcı­lığından söz açan İvan Topal yazır ki, “əgər N.Baboğlunun əsərləri heç bir ədəbi özəllik daşımamış olsaydı belə, xalqın kültür tarixinə bu əsərlər zəngin folklor terminləri ilə dolğun ədəbi bir abidə kimi daxil ediləcəkdi” (Bankova Emilya, 2005:148).
Bir mum o sofraya olsam,
İmäk-içki sana dolsam,
Sana bir şafk edeyim
Benim Bucaam, benim ecelim.
Dərsliklər hazırlamaqda böyük əməyi olan Nikolay Baboğlu 1957-1960-cı illərdə Moldovanın başkəndi Kişinyovda çıxan “Moldova Sotsialiste” qəzetinin “Qaqauz türkcəsi” səhifəsinə, səkkiz il “Komrat” qəzetinə, Moldova Dövlət Televiziyasının qaqauz türkcəsində proqramına, Moldova Yazarlar Birliyinin Qaqauz Yazarları Bölməsinə başçılıq etmiş, bir müddət Moldova Təhsil Nazirinin müavini olmuş, “Aynımda düşlär” pyesini və “Mumnar saalık için” ssenarisini yazmışdır.
Nikolay Baboğlu əsərlərində tez-tez folklor nümunələrindən istifadə etməklə yanaşı, şifahi xalq ədəbiyyatının toplanması, nəşri və araşdırılmasında da böyük işlər gör­müşdür.
Dmitri Nikolay oğlu Karaçoban (27.03.1933, indiki Mol­dova Respublikası Qaqauz Yeri MV Komrat rayonunun Be­şalma kəndi-08.10.1986, Beşalma). Qaqauz ədəbiyyatşünasları onu ilk peşəkar ədib kimi tanıtsalar da, yaradıcılığı çoxsa­həlidir. Ömrünü xalqının mədəniyyətinin inkişafına həsr edən şair qaqauz xalqı üçün ilk bədii və sənədli filmlər çəkmişdir. Kənddə, köhnə dəyirmanda yaratdığı tarix-etnoqrafiya, diyar­şü­naslıq muzeyi YUNESKO tərəfindən qorunur. 1988-ci ildən sonra Dmitri Karaçoban adına Beşalma Qaqauz Tarix və Et­noqrafiya Muzeyi adlandırılmışdır (Verbitski S., 1980: 96.).
Şairin ilk şeirləri 1957-ci ildə “Moldaviya Sotsialiste” qə­zetinin həftəlik əlavəsində çap olunmuşdur (Çebotar, 1993). Bədii cəhətdən o qədər də yüksək dəyəri olmayan bu şeirlər təbiət təsvirlərinin tərənnümü ilə seçilir. Qaqauz yazıçıları arasında M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda ilk təhsil alan və ilk kitab çap etdirən Dmitri Karaçobandır (Ka­ra­çoban D., 1963).
Qaqauz folklorunu dərindən bilən və ona ürəkdən bağlı olan şair yaradıcılığında ondan həmişə məharətlə istifadə etmişdir. “Ça-heys”, “Lak-tık”, “Yortu oyunu” şeirlərində folklorun tə­siri açıq duyulmaqdadır. Arabaçıya həsr etdiyi şeirdə sadə əmək adamının timsalında xalqının çətin günlər yaşadığı zamanda belə nikbinliyini itirmədiyini göstərmişdir. Maddi və mənəvi sıxıntı içərisində olan Arabaçı öküzlərini səsləyəndə bü­tün ağ­rılarını unudaraq “ça-heys” deyə musiqili bir səslə əzizləməsi heyvanların iş qabiliyyətini artırır, onlara sanki yeni güc verir:
Salkımın ardından
Sabaa şılêêr,
Ça-heys, Ça-heys.
Bir erken taliga
Din tıngırdêêr,
Ça-heys,Ça-heys.
Gücülä seçilär
İleridä yol,
Ça-heys, Ça-heys.
Ön diptä oturêr
Bobaylan ool....­­­­­­­­­­­­
Ça-heys, Ça-heys.
Zenginin boodayı
Daa pek yırak,
Ça-heys, Ça-heys.
Biz dä ool bobaylan-
İki çırak
Ça-heys, Ça-heys.
Araşdırıcı Tudora Arnaut Dmitri Karaçobanın yaradıcılığın­dan söz açarkən yazır: “Gagauz halkına “Bän isterim ki, benim kiyatlarım (kitaplarım) insannara taa islää, pak candan, cömert olmaa yardım etsinnär” sözleri ile hitap eden şair kendi ar­zu­suna erişmiştir, çünkü onun işlediği aşk, tabiyat, sosyal hayat, yüksek felsefe, tarih, halk bilimi, yüksek edebiyat, romantizm vb. gibi konular sadeliği ve derinliği ile halkın tüm kitlelerine büyük bir özentiyle ve profesyönelizmle duyurulmuştur.
Herbir insan onun şiirlerinde kendinden bir parça bulmak­tadır. Oğluna duygularını mektupla ulaştırmaya çalışan valide­nin:
Oolum, oolum, yalnız uşaam,
Yazayım bir kiyat, kalayım aşaa
Olsa sendä, evlad, bir can
Beni kolay sän annaycan.
Zoor il oldu, sıra geldi,
Da bukamı sana böldüm
Korku çektim senin üçün,
Korkulardan acıyer içim...
 
sözlerini bir anlayış beklentisi taşırken anne-babaya hatır güt­mek, onlara saygı göstermek yine onların evlatlarına karşı yap­tıkları adımlarla “Geldim yoldan” şiirinde dile getirilmektedir.
 
Geldim yoldan digin bän,
Yufka hem diil zengin dä
Da tä küüyä girdiynän,
Selämımı vərdiynän
Küüdä insan bakardı,
Herkez bişey sorardı
Dostum sordu: “Hep dostmusun?”
Ahmak sordu: “Hep prostmusun?”
Sıkı: “Borcu vərecän mi?”
Sarfoş: “İkram edecän mi?”
Kardaş: “Kazanç hiç var mı?
Bana da pay olar mı?”
Karım sordu: “Geldin mi?”
Bobam sordu: “Dindin mi?”
Anam sordu: “İdin mi?”
(Arnaut T., 2005: 33-34)
D.Karaçobanın “İlk laf” (İlk söz, 1963), “Yanıklılık” (Arzu, 1968), “Baylmak” (İlham, 1969), “Persenqeler” (Variatsuyalar, 1970), “Zelennoye plamya” (Yaşıl alov, 1970), “Stixlar” (1984), “Azbuka otkrıtiy” (1989) şeir kitabları, “Alçak saçak al­tında” (Alçaq dam altında, 1966) hekayələr kitabı çap olun­muşdur (Qaqauz folkloru, 1996:3). Onun şirin hekayələri və kinossenariləri qaqauz ədəbiyyatının inkişafına öz təsirini gös­tərmişdir. Daim ana dilinin təmizliyi uğrunda mübarizə aparan ədib naturaçılığa meylli olmuşdur. Hekayə yazarkən günlərlə kənd­liləri danışdırar, onların söhbətlərini dəftərində qeyd edər, son­ra da bu söhbətləri bədiiləşdirərək hekayəyə çevirərmiş. Buna görə də əsərlərində ümumiləşdirmələr, psixoloji dərinlik əvə­zinə insanların gündəlik yaşam tərzi üstünlük təşkil edir.
Ömrünü mübarizələrdə, qovğalarda keçirən şairin vaxtsız ölümü xalq arasında müxtəlif söz-söhbətin yaranmasına səbəb olmuşdur. Özünü qatarın altına ataraq intihar etməsi haqqında rəsmi dairələrin verdiyi bilgiyə bu gün də inanmayanlar var.
Mina Vasili oğlu Kösə (19.08.1933, indiki Moldova Res­publikası Qaqauz Yeri MV Komrat rayonunun Beşalma kəndi,-25.11.1999, Beşalma). Qaqauz ədəbiyyatında didaktik şeirləri ilə tanınmışdır. Ömrünün çoxunu doğulub boya-başa çatdığı kənddəki məktəbdə öyrətmənliklə keçirən şair, bir ara məktəb direktorluğu, kolxoz-sovxozlarda partiya təşkilat katibi, Kara­çoban adına Beşalma Tarix-Etnoqrafiya Muzeyinin direktoru da işləmişdir. Kişinyov Dövlət Universitetinin tarix fakültəsini bitirən Mina Kösənin ilk şeirləri 1959-cu ildə “Bucaktan ses­ler” toplusunda çap edilmişdir. 1973 ildə isə şairin “Kısmet” (Xoşbəxtlik) adlı ilk kitabı işıq üzü görmüşdür.
Sovet təbliğatına ürəkdən inanan və xalqların xoşbəxtliyini kommunizmin dünyada qalib gələcəyinə, Sovet dövlətinin xalqları əsarətdən qurtaracağına ümid bəsləyən şair ömrünün sonunadək bu mövzuya sadiq qalmışdır. Moldova Yazıçılar Birliyinin üzvü olmuş Mina Kösə “Kardaşlık” (1975), “Zapax zemli” (1979), “Topraan yrek düülmesi” (Torpağın ürək dö­yün­­məsi, 1983), “Xazır ol” (Hazır ol, 1986), “Umutlar” (1988), “Dattım ömürden” (1991), “Sabansaarın gün” (1993) ki­­tablarını çap etdirmişdir.
Şair vətən sevgisini, ana yurda sevgisini belə təsvir edir:
Sıcak mı dışarda,
Ayaz mı orada-
Bu benim topraam,
Bu benim Bucaam!
Vətən qızlarının qara qaşını, uzun saçını meyvə bağlarının cərgələrinə bənzədir və insanların çalışqan olduqlarını dilə gətirir, cənnətdə yaşadıqlarını təsvir edir:
Tarafımın güzelii
Kamaştırdı gözlermi-
Üstün-üstün çiçekler,
Kara kaşlı da kızlar.
Baalar uzun pelikli,
Başça onda büük çiizli,
Köşä-bucak tertipli,
Käämil topraam ray kimi...
(“Tarafımın güzellii”)
Beşalma kəndinə həsr etdiyi şeiri də sosializmin tərənnümü mahiyyətindədir:
Aklımda, aklımda-
Başladı doorulmaa
Yaşaman, Beşalma,
Ellinci illerdä.
Vardı hem, Beşalma,
Tut onu aklında
Çorbacı bir adam-
O Simondu Bogdan!
Kolxozundu başı
Becerän bobası
Otuz yıl içindä
İnsanın iiliinä
(Hep sana sarmaştım)
Ana dilində danışmaqla, onu zənginləşdirməklə, duyğularını və düşüncələrini bu dildə anlatmaqla qaqauz türkcəsinin inki­şafına xidmət göstərmiş şair ömrünün son illərində yazdığı “Şeirlərimdə” adlı əsərində sanki xalqının qarşısında hesabat verir, ideyalarından dönmədiyini qürurla bildirir:
Şiirlerimdä xalqıma
Verdim emin ool kalmaa,
Hem dä ana dilimi
Korudum, nicä can yerimi.
Şeirlərimdä Bucaamı
Dön-dönä açıkladım,
Zerä odur baş hoşluum,
İlk hem da bitki soluum.  
 
Şair savaşa nifrətini dörd misralı “Məzarlıq” şeirində belə təsvir edir:
Ardına vatan cengi
Bastırdı aclık çirkin.
Kurşumsuz düştü insan
Can aldı o sıradan.
 
Qaqauz xalqının iç dünyasına yaxından bələd olan şair mil­lə­tinin hüquqları uğrunda mübarizəsində də ön sıralarda ol­muşdur.
Mina Kösənin yaradıcılığında vətəni Bucağın tərənnümunə həsr etdiyi və uşaqlar üçün yazdığı tərbiyəvi şeirlər də çoxdur. Bu da onun yaşam tərzi ilə bağlıdır. Onun hekayə və satirik şeirləri sağlığında çap olunmuş, əsərləri Azərbaycan, tatar türk­cəsinə, ukrayna, moldovan, rus dillərinə çevrilmişdir.
Nikolay Trifon oğlu Tufar (1936, indiki Moldova Respub­likası, Qaqauz Yeri MV Vulkaneş qəsəbəsi). Kəndli ailəsində böyüyən ədib Kişinyov Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Məktəb illərindən bədii yaradıcılığa meyl göstərmiş, öncə kiçik pyeslər yazmış, uğur qazandığını görüb nəsrə keçmişdir. Politexnik İnstitutunda və Elmlər Aka­de­mi­ya­sının Qaqauzo­logiya şöbəsində işləmişdir. Tarixi mövzuda araş­dır­malar aparmış, qaqauzların ilk müstəqillik mübarizəsini tarixçi bilgin kimi araşdırmışdır. Bununla xalqında qürur duyğusu aşılamağa çalışmışdır.
N.Tufar yalnız elmi əsərlərində deyil, bədii yazılarında-he­kayə və povestlərində də tarixi mövzuya geniş yer ayırmışdır. Sovet təbliğat maşını qaqauzları qorxaq, cəsarətsiz, döyüşlər­dən qaçan kimi tanıtmağa çalışdığı bir vaxtda ədib Birinci və İkinci Dünya Savaşlarında qəhrəmanlıqlar göstərmiş soydaşları haqqında sənədli hekayələr və tarixi oçerklər yazmışdır.
Onun “Saklı cenkçüler(Savaşçılar) adlı bir əsəri də vardır. “Bir gecä istoriyası” hekayəsi qaqauzlar arasında məşhurdur.
Ədibin qaqauz folklorunun toplanması və araşdırılmasında xidməti böyükdür.
Qavril Arkadi oğlu Qaydarcı (02.09.1937, indiki Moldova Respublikası Qaqauz Yeri MV Kaul rayonunun Kırbaalı kəndi, - 14.02.1998, Kırbaalı). Ədəbiyyata şeirlə gələn Qavril Qaydarcının ilk kitabı 1972-ci ildə çap olunmuşdur. “Ana tarafım” adlandırdığı kitaba şair lirik və ictimai-siyasi məzmunlu şeirlə­rini toplamışdır. Onun poetik yaradıcılığından söz açanlar ru­mın şairi Mixay Emineskydan (1850-1989) təsirləndiyini ya­zırlar. Şair “Kaaviysin can” şeirində yazır:
 
Ateş, kızqın Bucak yolu,
Yaker-yok kurtuluş...
Daa boyunda meşä boylu,
Bir sık gölgä sermiş....
Kaaviysin sän, kaviyim bän,-
Zor kırmaa bizi,
Küvedimiz bak toprakdan,
Ana topraan teri.......
Qavril Qaydarcı insanları barışa, əmin-amanlığa, dincliyə, qardaşlığa çağıran misraları ilə daha çox yadda qalmışdır. Onun savaşa nifrət aşılayan “Eski okoplar” şeiri qaqauz məktəblilə­rinin toplantılarda, bayramlarda çox söylədikləri şeirlərdəndir.
Dunay çayına müraciətlə yazdığı “Tuna, Tuna..” şeirində deyir:
Türkülü düzlükça Kara denizä
Tuna durmamayca aktarer dalga.
...Kardaş halklar, mutlak Tuna boyundan
Katlayarlar, ortak, şanı eveldän!...
Şairin əsərlərində torpaq, ana vətən mövzusu aparıcıdır. Xalqının 20-ci yüzildə çəkdiyi əziyyətləri, məhrumiyyətləri poetik dillə qələmə almaqla gələcək nəsilləri bu acıları unutmamağa çağırır. “Ay Bucaam, Bucaam” şeirində yazır:
Ay Bucaam, Bucaam,
Zavallı Bucaam.
Ne pek suuk tenin,
Ne pek kıt kucaan!
Evellär haksız
Sän emärdin ter
Dedelär susuz
Aktarardı yer.
Evellär engin
Meralarında
Bilmäzdin rengi,
Pelindän karä.
Ay Bucaam, Bucaam
Türkülü cömert!
Ne dolmuş kucaan
Çok renkli demet!.....
(Gagauz dili hem literatura 8 klas, 2003:228)
Şair daha çox elmi yaradıcılıqla məşğul olduğundan şeirləri azdır. Bir də onun əsərlərinə 1981-ci ildə çap olunan “Çık, çık günəş” adlı topluda rast gəlirik.
1953-cü ildə Tiraspol şəhərindəki A.S.Makarenko adına Pedaqoji Məktəbə qəbul olunan Qavril oranı bitirdikdən sonra 1957-ci ildə Kişinyov Dövlət Universitetinin tarix-filologiya fakültəsində təhsilini davam etdirir. Rus dili və ədəbiyyatı ixtisasına yiyələnməyə çalışan Q.Qaydarcını diplom işini bitirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Univer­si­tetinin şərqşünaslıq fakültəsinə göndərirlər. Burada o, aspi­rantlar üçün təşkil olunmuş kurslarda iştirak edir.
 “Qaqauz dilində zamanın ifadə üsulları” mövzusunda yaz­dığı diplom işi yüksək qiymətləndirilir. 1962-ci ildə “Müasir qaqauz dilində zaman budaq cümləsi” kitabı nəşr olunur.
1963-cü ildən Moldovanın Beltse şəhərindəki “İskra” qə­ze­tində korrektor, ədəbi işçi, məsul katib işləyir. Beltsedəki Peda­qoji institutun müsabiqəsi onun həyat yolunu dəyişir. Müsa­bi­qədən keçərək rus dili kafedrasında müəllim işləməyə başlayır. 1969-cu ildə SSRİ EA Dilçilik İnstitutunun türk dilləri üzrə aspiranturasına qəbul olunur. 1972-ci ildə “Müasir qaqauz di­lində budaq cümlə tipləri” mövzusunda yazdığı dissertasiyanı müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alır.
Dissertasiyasının mövzusundan istifadə edən Q.Qaydarcı 1973-1981-ci illərdə iki monoqrafiya çap etdirir (Tağısoy N., 2010:185). Əsasən lüğətçilik sahəsində çalışan Q.Qaydarcı E.K.Koltsa, L.A.Pokrovskaya və B.P.Tukan ilə birlikdə “Qa­qauz türkcəsində-rusca-moldovca” sözlüyü hazırlayaraq 1973-cü ildə Moskvada çap etdirmişdir. Sonralar onu Türkiyəyə - TİKA-nın hazırladığı “Karşılaştırmalı Türk lehceleri sözlüğü” kitabını hazırlamağa dəvət etmişlər. Orada qaqauz türkcəsində “a” hərfi ilə başlayan sözlərin lüğətini hazırlamışdır.
1987-ci ilədək Beltsi Pedoqoji İnstitutunda çalışan Q.Qay­darcı sonralar Moldova Elmlər Akademiyasına dəyişilərək oradakı Azsaylı Xalqlar İnstitutunda direktor müavini, 1996-cı ildən ömrünün sonunadək həmin İnstitutda Qaqauzşünaslıq şöbəsinin müdiri işləmişdir.
SSRİ Türkologiya Komitəsinə üzv seçilmiş, Moldova Orfo­qrafiya Komitəsinə sədrlik etmiş, qaqauz dili və ədəbiyyatı kitablarını, dərslik və proqramlarını hazırlamış, Kişinyov Döv­lət Universitetində, İ.Krenqa adına Pedaqoji Universitetdə, Komrat Dövlət Universitetində mühazirələr oxumuş Q.Qay­darci qaqauzların muxtariyyat əldə etməsi uğrundakı müba­rizəsində də fəal iştirak etmişdir.
Şairin “Ana tarafım” şeirinə bəstəkar Mixail Koltsa mahnı yazmışdır.
Konstantin Konstantin oğlu Vasilioğlu (27.02.1938, indi­ki Ukrayna Respublikası, Odessa vilayəti, Bolqrad rayonunun Aleksandrovka (Satılık Hacı) kəndi). Şair ilk təhsilini doğul­duğu kənddə almışdır. Sonra Ali Pedaqoji Məktəbdə oxumuş­dur. Öyrətmənliyi özünə ixtisas seçən şair 1990-cı ildən bu yana Pedaqoji və Psixoloji Elmlər İnstitutunda işləməkdədir. Bədii irsi poeziya və nəsrdən ibarət olan şairin “Sevgilim” adlı şeir kitabı vardır.
Bununla yanaşı, Vasilioğlu qaqauz dərs kitablarının hazır­lan­masında da iştirak etmişdir. T.Arnaut yazır:“Gagauz ədə­biy­yatına bir yetenekli şair sıfatı ile giren Vasilioğlu eserle­rin­de sevgi konusunun yanısıra, Bucağın ecelini, halkın çektiği sıkıntıları vb. konuları büyük bir ustalıkla ve incelikle işler. Gagauz şiirine bir de tıpkı D.Karaçoban gibi cümbüşlü tarzı ile okurların dikkatini çekmiştir. Onun duyguları yalın ve herbir insana yakın. Çiftiçile çiftçi, bilgiçle bilgiç, köylü ile köylü olmayı bilen Vasilioğlu tıpkı bir öğretmen gibi şiirlerinde de bu saygınlığı korumaktadır.
Avşam genä benim
Sän gelersin düşümä.
Genä sansın dünnä
Açıldı önümdä.
Kol-kola biz gittik
Pek uzak yerlerä.
Çok çayırlan bayır
Aşırdık bir kerä.
Pekçenä yoruldun
Bän aldım kucaama.
Ama sora kendin
Sarıldın boynuma.
Yıldızlar göklerdän
Kıptılar gözlerini
Çiçeklär hem otlar
Uzattı ellerini...
Biz seninnen daldık
Eşillik içinä
Şennenärdi kuşlar
Hem çalardı dünnä.
Ama neçin düştä
Hep gelersin bana?
Taa ii diil mi dünür
Yollayım bän sana?!”
(Çağdaş Gagauz Şiiri Antologiyası, 2000:137).
Konstantin Vasilioğlu ədəbiyyata yenilik gətirən ədiblərdən deyil. O, ədəbi mühiti yaradan yazarlardandır. Buna görə də onun mövzuları bəzən özündən öncə yazılmış əsərlərlə səsləşir.
Stepan Stepan oğlu Kuroğlu (09.01.1940, indiki Ukrayna Respublikası, Odessa vilayəti, Bolqrad rayonunun Dmitrovka kəndi - 23.06.2011, Moldova Respublikası, Kişinyov şəhəri). Ədə­bi mühitə şair kimi gəlsə də, bu gün o, folklorçu, tarixçi, et­noqraf və yazıçı kimi də tanınmışdır. Şeirlərində əsas mövzu təbiət təsvirləri, eşq və fəlsəfi düşüncələrdir. Folklor nümunələrini, xalqı arasında geniş yayılmış deyimləri, ata sözlərini, alqış və qarğışları çağdaş poeziyaya gətirməklə daha çox diqqəti cəlb etmişdir. Məsələn, “Dik Tani” adlı şeirində şair xalq arasında danı­şılan bir söhbəti, bir gəncin həyat hekayəsini ədəbiyyata gətir­məklə onu bədiiləşdirmişdir:
Sordum Tani hodula,
Neçin o kalmış dullaa?
Kurêr kendini, ki genç
O sêydı..salt bak da geç!
Bir kıza dünür yollamêr,
Bak küüdä dünğr bulamêr,
Ama kızlar hiç aalamêr.
Öbürü yakışmêr çoktur
İrmi üç yaşı.... hem doktor
Kırnaklıınnan çok kusur
Üfkedän üünä urur.
Üçüncüsü –taa iisi,
Ama pek çok var çiizi.
Yaşamak mı o? Titsi
Herbir gün yıkar giisi....
Büün gelärkän buyanı,
Gördüm Taniyi sansın,
Eki da adaşını:
Metedärdi yaşını.
(Üüsek kuşlar,1982:73-74)
Qaqauzlar arasında geniş yayılmış bir çox manı - bayatı nümunələrinin ilk iki misrasını saxlamaqla son iki misralarını özü yazmışdır. Bəzən də tamamilə yeni manı - bayatı növündə dördlüklər yazmışdır:
Yarimä gelip, geldim
Kendimä gelämedim
Sevgimi sevip sevdim
Elinä diiyamedim
Ne kasêrsın ayolum
Yıraa enseni?
Önündeyim “saa oolu”
Say canabini        (Üüsek kuşlar, 1982:83-84)
 
Azərbaycanı candan sevən, dəfələrlə respublikamıza gələrək Sabir, Nizami günlərində iştirak edən, Nəsiminin yubiley təd­birlərinə qayıdan, geri döndükdən sonra gördüklərini şeirə çe­virən S.Kuroğlu universitetlərimizdə müəllim və tələbələrlə görüşər, akademiyanın institutlarına gedərək yeni nəşrlərlə ta­nış olar, şeirlərini oxuyar, qəzet və jurnallarda, televiziya və ra­dioda qaqauzlar haqqında bilgi verərdi. Bakının küçələrini gə­zərək tanımadığı adamlarla belə şirin söhbət etməkdən ləzzət alar, sonra da onları həvəslə dost-tanışına danışardı.
Stepan SSRİ-nin Bessarabiyanı işğal edərək Ukraynanın tərkibinə qatandan az sonra doğulmuşdu. Onun uşaqlığı çox çə­tin və ağır illərə təsadüf etmişdir. Sovetlərdən sonra faşist Almaniyasının bu yerləri işğalı, Rumın polislərinin özbaşına­lığı, yenidən SSRİ-nin oraya sahiblənməsi böyük qarışıqlıq yaratmış, əli silah tutanları savaşa cəlb etmişlər, iş qabiliyyəti olanları cəbhə xətti üçün işlətmişlər, beləliklə təsərrüfat dağıl­mış minlərlə insan acından ölmüşdür.
İndi həmin günləri qaqauzlar böyük aclıq deyə xatırlayır, acından ölənlərə xatirə abidəsi ucaldılır, kitablar yazılır, filmlər çəkilir. Sovetlər zamanı onu xatırlamaq belə yasaq olduğu hal­da, sonralar bu işin önündə gedən, xalqının məruz qaldığı zülm­­dən söz açanlardan biri də Stepan Stepanoviç Kuroğlu olmuşdur.
Yeniyetmə yaşlarından xalq mahnılarını təsiri ilə şeirlər yazan S.Kuroğlu orta məktəbi bitirib Kişinyov Pedaqoji Uni­ver­sitetinin tarix fakültəsinə qəbul olunur. Ali təhsil aldıqdan sonra kəndlərinə dönərək bir müddət müəllimik edir. 1969-72-ci illər arasında Moldova Elmlər Akademiyasının aspirantura­sın­da oxuyur. Etnoqrafiyadan elmi iş götürür. Vaxtında müdafiə edərək tarix elmləri namizədi adını alır.
Moldova Elmlər Akademiyasında elmi işçi kimi çalışmaqla kifayətlənmir, Qaqauzşünaslıq şöbəsini açılmasına nail olur və şöbəyə uzun illər rəhbərlik edir, kadrlar toplayır, yeni mütəxəssislər hazırlanması qayğısına qalır.
1977-ci ildə Moskvada çap etdirə bildiyi “Личные имена у га­гаузов. Историческая ономастика” kitabı qaqauzların bol­qar, yunan, hətta rumın kökənli olduğunu təbliğ edənlərə sərt bir cavab olur. Qaqauzların türk kökənli olduğunu sanballı fakt­larla ortaya qoyduğuna görə onun elm aləmində nüfuzu daha da artır.
Ana dilində lirik və səmimi şeirlər yazmaqla qaqauz türk­cə­sinin yazılı ədəbi dilinin formalaşmasına təsir göstərir. Qaqauz dilində çap olunan ilk şeirlər toplusuna onun da şeirləri daxil edilir. Az sonra özünün şeirlər kitabını oxucuların mühakimə­sinə verir. Onu SSRİ Yazıçılar İttifaqına üzv seçirlər. S.Ku­roğ­lu Moldova Yazıçılar İttifaqının nəzdində qaqauz bölümünün yaradılması üçün də çox əmək sərf edən insanlardandır.
O, poeziyaya sadəcə bir sənət kimi baxmır, hiss və duy­ğulara təsir etməklə xalqını oyatmaq, maarifləndirmək, dünya­nın inkişaf etmiş xalqları sırasına çıxarmaq vasitəsi kimi ya­naşırdı. Dilini, tarixini, vətənini sevməyin vacibliyindən söz açanda Mixail Çakırı nümunə göstərərək yazır:
Bir düş görmüşdü Mixail Çakır
Da okumayı istermiş kendisi.
Manasını düşün, çağrısını duy…
Duasında anlamış: Bu Allahdan izin.
 
Mixail Çakır XIX-XX yüzillərdə yaşamış nüfuzlu din ada­mı olmaqla yanaşı, xalqının tarixinə, etnoqrafiyasına dair san­ballı əsərlər yazmış, qəzet nəşr etmiş, dini kitabları və çox oxunan duaları qaqauz dilinə çevirərək kilsələrdə oxutmuşdur. S.Kuroğlu da soydaşlarını hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq Mixail Çakır kimi vətənpərvər olmağa çağırır. S.Kuroğlu şeirlərində sadə və kiçik görünən mövzulara müraciət edərək onları ümumiləşdirə bilir. Yazda pəncərəsinə dayanan bir şaftalı ağacının çiçəkləməsindən təsir­lənən şair “Şefteli” şeirini belə tamamlayır:
Elcääzinnän urma sırçaya,
Pencereyä dikmä çiçeeni,
Görüşelim çaarma başçaya,
Gelinä benzäär bir şefteli !
Yaxud “Tatlı ses” şeirində anasızlıqdan doğan acılarını şirin bir xatirə ilə belə başlayır:
Anacıım işler yapaa
Hem bana masal söleer,
Bu eski masal bana
Nicä düş geleer.
İnsan üçün əbədi olan mövzulardan S.Kuroğlu da yan keçə bilmir. “Sənsiz” şeirində yazır:
 
Sensiz
Ak dünnää da – tersinä,
Raatlık – cendemdän beter,
Hem pişmansın kendinä,
Zeedesinnän zeet eder.
Sensiz
Nicä kör kafadarsız,
Nicä kırlangaç – eşsiz,
Nicä zin gecä – şafksız,
Sensiz zor, nicä sensiz...
Həyatını qaqauz türklərini dünyaya tanıtmağa həsr etmiş bu insan ölkə daxilində və xaricində təşkil olunmuş çox sayda toplantılarda iştirak edərək qaqauz tarixi, dili, folkloru və başqa bir çox mövzularda məruzələr oxumuş, bir çox qəzet və jurnallarda məqalələrlə çıxış etmişdir.
Dəfələrlə Azərbaycanda olan şair buradan aldığı təəssürat­larını “Nizaminin cavabı”, “Nizam –Nizam yıllar göçer…”, “Geminməz Sabir durer…” və b. şeirlərində əks etdirmişdir. “Nizamiyə cavab” şeirində yazda yaşıllığa bürünmüş Gəncə çöllərini, Nizami məqbərəsi önündə şeir oxuyan Azərbaycan şairlərini qaqauz oxucusuna belə tanıdır:
Bayırlar -yeşil tınaz
Biri-biri ardına.
Göy Gölü almış Kəpəz
Taşlı avuçlarına.
… Te Cabir Novruz baarêr,
Mamed İsmail, Fikret
Peet incelerni aarêêr..
Te bir ses verdi Nüsret…
Şirvana səfərini, Şamaxıda M.Ə.Sabirin, S.Ə.Şirvaninin mə­zarlarını ziyarət etmələrini, Sabir günlərində iştirakını S.Ku­roğ­lu belə xatırlayır:
Maalim Şirvani divan,
Mezardan kalkıp durêr,
Herbir peet sevän insan
Seslemää onu uurêêr.
..Çaar konaa, Fikret Sadık,
Şemahayı çok andık,
Sabiri görmää artık
Hepsiciimiz uyandık.
Sovetlər Birliyinin dağılmasından sonra qaqauzların müstə­qil­liyi uğrunda dayanmadan mübarizə aparan S.Kuroğlu bir müddət Moldova parlamentində, bir müddət isə Qaqauz Mux­tar Vilayətinin Xalq Məclisində deputat kimi fəaliyyət göstər­mişdir. Qaqauzların siyasi taleyini müəyyənləşdirən Mol­da­viya parlamentində kəskin, sərt və milli çıxışları mol­dav millətçilərinin narazılığına səbəb olmuşdur.
Stepan Kuroğlunun elmi əsərləri ilə yanaşı, ədəbi əsələri də mil­li yönümlü, təbliğ xarakterli olmuşdur. Şeirlərini toplayaraq “Bir kucak güneş” (Bir qucaq günəş, 1969) kitabını nəşr et­dirmiş­dir. Amma onun nəsr əsərlərindən daha çox nəzm əsərləri diqqəti çəkmiş, o, şair kimi tanınmışdır. Onun “Bir kucak güneş” kitabı ilə yanaşı, həm də “Yollar” (1970), “Kızqın çiyler” (1974), “Kauş ava­la­rı” (1977), “Çık, çık güneş” (1981), “Üüsek kuşları” (Yük­sək­lik quşları, 1982), “Rodoslovnoye derevo” (1988), “İlk­yaz tür­küsü” (1969), “Maanelər” (1998), “Yol ildızı” (2000), “Lale­ler” (2001) kimi bədii, 4 elmi kitabın yazarı olan, bir neçə kita­ba redaktorluq edən şair romantizmi və fəlsəfəni poeziyada ən çox işlədən sənətkarlardandır. İncə bir lirizmə əsərlərində yer verən şair mistik düşüncələrini çeşidli idio­matik ifadələrlə anlatmaqdadır.
 Şeirlərinin başlıca mövzusu təbiətin gözəlliyi, qaqauz xal­qının taleyi, azadlıq uğrunda mübarizə, insanlar arasında dost­luğun, sevginin geniş yayılması kimi mövzulardır. “Qoruyun günəşi” şeirində o, İkinci Dünya Savaşının nəticələrini göstə­rərək bunları unutmamağa və dünyada sülhü qoruyub saxla­mağa çağırır.
“Samanyolu” şeirində hər insanın göydə bir ulduzunun ol­duğunu, insana həyatı boyunca o ulduzun işıq verdiyini və insanla birgə ulduzun da öldüyünü mistik bir tərzdə ifadə etmişdir. Bu şeirdə xalq inanclarına və anonim xalq ədə­biyyatının önəmli janrlarında nağıl və rəvayətlərə ağırlıq verən şair yenə Böyük Araba (Böyük Ayı) və Kiçik Araba (Kiçik Ayı) bürcləri ilə bağlı bir misal anlatmaqda, bu ulduzların göydə saman daşıdıqları üçün Saman yolu adını aldıqlarını oxucuya bildirməkdədir.
S.Kuroğlu savaş mövzusuna tez-tez müraciət edən şairlər­dən olmuşdur. İkinci Dünya Savaşında əmisi Fedor Kuroğlunu itirməsi şairi həmişə üzmuş, ona görə də qaqauz ədəbiyyatına vətənpər­vərliyi təbliğ edən, savaşlara nifrət oyadan bir neçə əsər bəxş etmişdir. O, bu əsələri ilə insanları dostluğa, qardaşlığa, barışa səs­ləmişdir. “Uyer soldat”, “Mezar başında”, “Sus aala­ma”, “Menev­şa”, “Ana vətənim” və b. əsərləri bu mövzudadır. Məsələn:
Cenk etmää biz diil kayıl,
Onu kimsä istemez.
Dünnää cengä diil mail,
Birinä islää gelmez.
Onuştan, biz insannar,
Kol-kola tuttuk birlii.
Bizim dişli duşmannar
Görmezlär bizdan iilik.
(Ana Vətənim)
O, doğulduğu Dmitrovka kəndini gerçək yaşam hekayələ­rində və şeirlərində daim yad edir. Əsərlərinin qəhrəmanları kəndindəki insanlar, təbiət mənzərələri də gerçəkliklərdir.
Küüyümün kenarında,
Neredä çeşmä
Yolcazlar bayırlardan
Su iner içmää.
Kim ister türkü çalmaa,
Ko gelip gelsin,
Küyümün kenarında
Su serin içsin,
Bir türkü çalsın.
Bir müddət Moldova Elmlər Akademiyası Azsaylı Xalqlar İnsti­tutunda Qaqauz Etnoqrafiyası və Ədəbiyyatı şöbəsinə müdirlik edən Stepan Kuroğlu uzun müddət 1970-ci ildən Moldova Yazıçılar İttifaqı Qaqauz Ədəbiyyatı şöbəsinin də başçısı olmuşdur. Onun elmi araşdırmaları qaqauzşünaslığın inkişafına təkan vermişdir. O, ilk dəfə qaqauzların doğum, toy, ölüm adətləri haqqında sanballı araşdırmalar aparmış və maraqlı nəticələr əldə etmişdir. Topladığı etnoqrafik materiallardan bu qənaətə gəlmişdir ki, qaqauzlar yüz illər boyu xristian dininə inanma­larına, dinin qaydalarına əməl etmələrinə baxmayaraq xiris­tian­lıqdan öncəki inanclarının izlərini də qoruyub saxlamışlar. Bu da qaqauzların əski çağlarda türklərlə eyni inanca sahib olduğunu göstərir.
1989-cu ildə Kişinyovda İ.V.Dronla birlikdə çap etdirdikləri “Современная гагаузская топонимия и антропонимия kitabı təkcə qaqauzlar arasında deyil, bolqarlar, rumınlar, mol­davlar, ukraynalılar arasında da böyük ək-səda doğurmuşdur. Faktlara dayanan müəlliflər elmi dəlillərlə göstərmişlər ki, qaqauzların soy adlarının böyük əksəriyyəti və bölgədəki toponimlərin əksə­riyyəti türk kökənlidir. Maraqlı burası idi ki, bu fikri müdafiə edən müəlliflərdən biri- İ.V.Dron milliyyətcə qaqauz deyil.
S.Kuroğlu ilə Azərbaycanda da, Moldovada da görüşmüş­dük. Maraqlı və mübahisəli söhbətlərimiz də olmuşdu. O, yal­nız özünü düşünən, özünü təbliğ etməyi sevən birisi deyildi. Bir dəfə mənə zəng vuraraq Türkmənistanda keçiriləcək sim­poz­yuma Qaqauz Yeri Muxtar Vilayətinin keçmiş prezidenti Dmitri Kroytorun da qonaq sifətilə dəvət edilməsinin lazım olduğunu söylədi.
Biz Aşqabatda simpozyum günlərində görüşdük. S.Kuroğlu məruzəsini oxumaq, gəzib dolanmaqla işini bitmiş hesab et­mirdi. Dmitri Kroytorun Türkmənistan radio və televiziyasında çıxışına, qəzet və jurnallara müsahibə verməsinə, rəsmi şəxs­lərlər və iş adamları ilə görüşünə nail olmağa çalışırdı. Açıq aşkar görünürdü ki, elm adamı, şair olmaqla yanaşı, xalq dip­lomatiyasından bacarıqla istifadə edərək Türkmənistanla Qa­qauz Yeri Muxtar Vilayəti arasında birbaşa əlaqələrin yaran­masına nail olmağa çalışırdı.
Mariya Angel qızı Durbaylo (Kuyumcu) (1941, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Tomay kəndi). Kişinyov Universitetinin tarix fakültəsini bitirmişdir. Moldova Elmlər Akademiyasının Qaqauzologiya şöbəsin­də elmi işçi kimi çalışmışdır. Əsasən folklor nümu­nə­lə­ri­nin toplanması və araşdırılması ilə məşğul olmuşdur. Mətbuatda onun imzası çox gec-1987-ci ildən görünməyə başlamış, Mol­dova və Ukraynada yaşayan qaqauz türklərindən topladığı folk­lor nümunələrindən balladaları 1991-ci ildə Kişinyovda ayrıca kitab kimi çap etdirmişdir.
Ədib oxucuların mühakiməsinə folklor araşdırmaları ilə ya­naşı, öz şeir və hekayələrini də vermişdir. “Toomsuz tarlada yaban gülleri” adlı kitabına 10 hekayəsi daxil edilmişdir. Bu kitabdakı hekayələrin bir çoxu avtobioqrafikdir. Psixoloji nəsr sahəsində qələmini sınayan yazıçı qaqauz adət-ənənələrini heka­yələrində incəliyi ilə verməyə çalışmışdır.
 
3.3 Üçüncü dövr
Qaqauz ədəbiyyatının üçüncü dövrünə İkinci Dünya Sava­şından sonra doğulub, ədəbi aləmə 1960-1970-ci illərdən gə­lən­lər - Qeorgi Taşoğlu (1948), Vasi Filioğlu (1949), Petr Moy­sa (1951), Mariya Mercanka (1951), Stepan Bulqar (1953), Todur Marinoğlu (1955), Petr Çebotar-Qaqauz (1957), Dmitri Ayoğlu (Novak) (1957), Todur Zanet (1958) və b. daxil edilir­lər. Onlar 1980-ci illərin sonlarından başlayaraq yaşlı nəsildən daha çevik milli-vətənpərvərlik ruhlu əsərlər yaratmağa başla­mış, qələmlərini milləti azadlıq və müstəqillik uğrunda müba­rizəyə səfərbər etmişlər.
Vasi Qriqori oğlu Filioğlu (26.011949, indiki Moldova Respublikası Qaqauz Yeri MV Komrat rayonunun Beşalma kən­di). 1960-cı illərin sonlarında ədəbiyyata gələn şair Kişin­yovda Əkinçilik İnstitutunu bitirib, doğulduğu kənddə aqro­nom işləmişdir. Mina Kösə və Dmitri Karaçobanın kəndlisi olan şair əsərlərində də onlardan təsirlənmişdir. V.Filioğlu sadə, hər kəsin anlaya biləcəyi bir dillə şeirlərində xalqa müraciət edir. Onun qəhrəmanları hər gün görüşdüyü kəndlilər, çılğın və də­liqanlı gənclər, müdrik və təmkinli ağsaqqallar, ağbirçəklərdir.
Doğulduğu kənddə yaşayan və orada işləyən şair təbiəti, həyatı və kənd mühitini təsvir etməyə daha çox diqqət yetirir.
1995-ci ildən Moldova Yazıçılar Birliyinin üzvü olan şairin şeirləri “İlkyaz türküsü” (1989), “Aydınnık” (1990) toplula­rın­da çap olunmuş və “Yıl kuşaan korafları” (1995), “Ha tutalım qol-qola”(2004) kitabları da oxucuların mühakiməsinə veril­mişdir. Şairin “Yıl kuşaan korafları” kitabına lirik bir ön söz ya­zan Mina Kösə V.Filioğlunu oxucuya belə təqdim edir: “Çift­çilik kanında, kaamil laflar dilində, sönməz çiçeklar ca­nın­da, dinmeez şenniklen üzündə yaşeer Vasili Filioğlu Be­şalmada. Ama ömür yolu bu türlü çıktı: büüdü çokuşaklı ay­lede, ta küçüklüündən girişdi aktarmaa-ne zaman bobasının aulunda, ne zaman da kolxozun yerlerində. Açikgözlü şkola­cıy­dı, sonra student oldu, izmet etti komsomolda, oldu briqada başı, becerekli işledi aqronom hem kolxoz başına yardımçı. Ta niçin diil boşuna onun yaratmasında var çok derin hem yüüsek duyğulu şiirlər çiftçilik için.” (İlkyaz türküsü, 1989).
Şairin şeirləri dərsliklərdə də özünə yer tapmışdır. Şeirlərini daha çox heca vəznində yazan V. Filioğlu lirik ovqata üstünlük verir. O yazır:
Çift-toprak pişer,
Buulanın gündä,
Tamazılar içer
Can şu suyundan.
Tä başleer tomuruk
Laaleya qonmaa,
Erken çin duruk
Diz çökün, iilmää.
 (Filioğlu Vasi, 1995:31)
 
Göz atêrım: bu dolay
Ne gözäl, kıvrak giimni,
Yamaçlar, inip yola,
Karşılêêrlar geleni!
 
Soluêrım bol-bola,
Yutkunup damna-damna.
Güüs doymaz hiç bu solaa,
Tuz-taştan koparılma......
  (Baş düverim)
“Benim Beşalmam”, “Bucak”, “Kısmet”, “Sevda”, “Ax, Ka­ra deniz!” ,“İnsanın ustalıı”, “Xoş gelmişin”, “Ko güller”, “Ma­mu” və b. şeirlərinin adları şairin mövzu və əhval-ruhiy­yə­sindən xəbər verir.
Stepan Stepan oğlu Bulgar (10.06.1953, Ukrayna Respub­likası, Odessa vilayəti, Bolqrad rayonunun Kurçu kəndi). Qaqauz ədəbiyyatına nasir və naşir kimi daxil olmuşdur. Onun rəhbərliyi ilə qaqauz türkcəsində ilk ədəbi-bədii, tarixi, etno­qrafik jurnal - “Sabaa İldızı” çıxır. Jurnalda çap olunan yazılar qaqauz ədəbiyyatının gəlişməsində (inkişafında) önəmli rol oynamaqdadır. Bu jurnalın sayəsində gənc istedadlar əsərlərini xalqa çatdıra bildiyi kimi, jurnal yeni nəslin ədəbiyyata gəlmə­sinə də yardımçı olur. Stepan Bulgar bir ara Qaqauz Yazıçılar Birliyinin sədri işləmişdir.
Unudulmuş qaqauzların taleyini daim diqqət mərkəzində saxlayan nasir tarixi mövzuya daha çox diqqət yetirir. İkinci Dünya Savaşında Sovet dövləti tərəfindən mükafatlandırılan, lakin az təbliğ olunan insanlar haqqında yazmaqla onları ədəbi qəhrəmana çevirir. Hekayələrində ayrı-ayrı bölgələrdə yaşayan qaqauzların işlətdiyi, lakin ədəbi dilə keçməmiş şivə sözlərini gətirməklə ədəbi dili zənginləşdirir.
 Yazıçı portret yaradarkən və personaj seçərkən xalq ənənə­lərindən – adamları ləqəblə, ayama ilə çağırmadan bacarıqla istifadə edir. Bu da elə ilk andaca oxucuda surətlərin xarakteri haqqında fikir formalaşdırır. Yazıçının əsərlərində xalqın gün­dəlik həyatından alınmış mövzular da çoxdur. Xəyanət, doğru­luq, xəsislik, tənbəllik, dostluq, çalışqanlıq və b. məsələlər istər tarixi, istərsə çağdaş mövzularda yazdığı hekayələrdə özünə geniş yer tapmışdır.
Qaqauzlar arasında geniş yayılmış nağılların üzərində işlə­məklə onları yazılı ədəbiyyat nümunəsinə çevirmişdir. “Dev adamın oolu”, “Trakalı Öküz” kimi nağılları ilə çağdaş qaqauz ədəbiyyatına yeni bir üslub gətirmişdir. “Kaurma” povesti də nağıl üslubunda və etnoqrafik cizgilərlə zəngindir. Yazarın “O insan”, “Annadılmadık istoriya”, “Kırmızı küpa taşı” , “Ekmek için”, “Utancak”, “Kendi başına”, “Joltay məzarlıı” və başqa kiçik hekayələrinin dili sadə, mövzusu hər birimizin bildiyimiz hadisələrdən olsa da, daşıdığı məna yükü, təsir gücü böyükdür.
Todur (Fedor) İvan oğlu Marinoğlu (01.02.1955, indiki Moldova Respublikası Qaqauz Yeri MV Bessarabka rayonunun Avdarma kəndi). Kişinyov Universitetinin jurnalistika fakültə­sini bitirmişdir. Bir zaman Komratda çıxan qəzetdə müxbir işlə­dik­dən sonra kəndlərinə gedərək öyrətmənliyə başlamışdır. Ədəbiy­ya­ta publisistik yazıları ilə gəlmiş, 1980-ci illərdə şeirləri mət­buat sə­hifələrində görünmüş, ilk şeiri “Ana sözü” qəzetində çap olunmuşdur.
1989-cu ildə çap olunan “İlkyaz türküsü” toplusunda şairin 30-dan çox şeiri verilmişdir. Bu şeirlərə Stepan Kuroğlu təqdimat yazaraq onun yaradıcılığı haqqında oxucuya bilgi vermişdir. Rusca və moldovanca çıxan qəzetlər də onun şeirlərinə geniş yer ayırmışlar.
Qaqauz uşaq ədəbiyyatının öncüllərindən olan şair tərbi­yəvi, nəsihətamiz şeirlərlə yanaşı satirik şeirlər də yazır. Onun tapmaca formalı dördlüklərini uşaqlar sevə-sevə oxuyurlar.
Şairin lirik şeirləri də yığcam və hisslərə təsir edəndir. O yazır:
Geldin dä güneş çıktı,
Gözlerim də kamaştı.
Annadım şu neetin
Hem dä xoş tabeetini.
Deyemedim: “Genä gel!”
Sölemedim: “Ax, afet!”
Gittin, sarınıp güneşlän,
Ayaz sıktı üreemi.
Marinoğlu başqa bir kiçik lirik parçada deyir:
Gözünün ardına
Üreeni saklamışın.
Dilinin ucuna
Aadımı çıkarmışın.
Qaqauz ədəbiyyatında sərbəst şeir janrına meylli olan şairin mənsur şeirləri də vardır. Onun “Ana” adlı mənsur şeirində de­yilir: “Gezin, görün istersäniz bütün dünnäyi, kalmasın hiçbir köşesi dä, giinin ölä güzäl, ölä gözäl, ölä kimse yoktur giinän, tadın en tatlı imeklerdän, ama ananın laflarından taa gözäl, taa tatlı, taa merhem bişey yok bu dünnäda. Onun saçlarında, derin buruşuklarında, ürek sancılarında bizim küçüklüümüz kaldı. Yoktur can doysun yerdä yaşamaa, yoktur insan doysun demää ‘mamu’ (ana)”. (İlkyaz türküsü, 1989:24).
Marinoğlu çoxyönlü bir yazıçıdır, indiyədək 4 kitabı çap olunmuşdur. Onun şeirləri dərs kitablarına da salınmışdır.
Petr Afanasi oğlu Qaqauz-Çebotar (06.10.1957, indiki Mol­dova Respublikası Qaqauz Yeri MV Çadır-Lunqa rayo­nu­nun Ay­dar kəndi). Kişinyov Universitetinin filologiya fakültə­sini bitirmiş, Moldova Elmlər Akademiyası Azsaylı Xalqlar İns­ti­tutunda Qa­qauz Etnoqrafiyası və Ədəbiyyatı şöbəsində əmək fəaliyyətinə baş­lamışdır. Bədii yaradıcılığa rus dilində şeirlər yazmaqla qədəm qoymuşdur. Ana dilində yazdığı ilk şeirlər 1989-cu ildə çap olu­nan “Cana yakın” kitabında toplanmışdır. “De­lilik”, “Vasilka ba­bu­nın kazları” hekayələri və bir çox xa­rici ölkə yazarlarındən et­diyi tərcümələr onun həm də istedadlı bir nasir olduğunu göstərir.
Şairin Tük dünyasının hər yerində lətifələri sevilə-sevilə da­nışılan Molla (Xoca) Nəsrəddinə həsr etdiyi şeirində bir çağ­daş­lıq, günümüzlə bağlılıq var. Şair keçmişlərdən aldığı möv­zuları belə çağdaşlaşdırır:
Yarım dünnää oldu eşeklän bän gezerim,
Bän diilim ne kayet korkak, ne da girgin.
Ama kahırları bän hepsini enseerim,
Benim adım boşamı Nasrettin?
 Şair epitetlərdən, bədii təsvir vasitələrindən bacarıqla isti­fadə etdiyindən, şeirlərinin dili axıcı və anlaşıqlıdır. Petr Qa­qauz-Çebotarın şeirlərində ata ocağının həsrəti, ana məhəbbəti, adət-ənənəyə bağlılıq, böyüklərə sayğı motivləri özünə geniş yer tapmışdır. Şairlərin əksəriyyətində olduğu kimi, kənd həyatının gözəlliklərinin təsvirinə, şəhər mühitinin insan psixologiyasına göstərdiyi mənfi təsirə həsr olunmuş şeirlərə onun da yara­dıcılığında rast gəlinir.
Satirik şeirləri ilə cəmiyyətdə baş verən nöqsanları kəskin tənqid edir. Rus və Moldovan dillərindən ana dilinə çevirdiyi şeirlərlə qaqauz ədəbiyyatının söz ehtiyatının zənginliyini nü­ma­yiş etdirmiş olur. Qaqauz ədəbiyyatının ana xəttini təşkil edən vətən mövzusundan Petr Qaqauz-Çebotar da yan keç­məmişdir. Vətən-Bucaq qaqauz ədiblərində eyni anlamda işlədilir. Odur ki, şair yazır:
…Darsıdım uzakta,
Ne sızler o canım.
Sansın dilim hasta,
Neredän bu acı?
…Uzakta-uzakta,
Nereye şindi çöktü duman,
Pelinin Bucakta
Bir evdä var iki insan.
(Uzaklıkta)
Qaqauz ədəbiyyatı tarixindən bəhs edən ilk kitabı da Petr Qaqauz-Çebotar yazmışdır.
Todur İvan oğlu Zanet (14.06.1958, indiki Moldova Res­publikası Qaqauz Yeri MV Komrat rayonunun Konqaz kəndi). Kişinyov Politexnik İnstitutunu bitirsə də, yeniyetməlik illə­rindən ədəbi mühitdə olmuşdur. “Mali” adlı ilk şeirini 1977-ci ildə dərc etdirmişdir.
İnstitutu bitirib tikintidə iş icraçısı işləsə də ədəbiyyatdan uzaqlaşmamışdır. Millətinin hüquqlarının tapdandığını, assi­mil­ya­siyaya uğradıldığını görən Todur Zanet var gücü ilə bu haqsızlığa, müstəmləkəçiliyə qarşı çıxmışdır.
Moldaviya Dövlət Radio və Televiziyasında 1986-cı ildən onun yaxından iştirakı ilə qaqauz türkcəsində “Bucak dalğası” proqramı efirə çıxmışdır. Bu proqram N.Baboğlunun rəhbərliyi ilə hazırlanırdı. Todur Zanet də bu proqramın hazırlanmasında yaxından iştirak edir. Onun millətini oyatmaq, vətənini dirçəlt­mək üçün apardığı mübarizə televiziyaya baxan qaqauzların ürə­yindən idi. Odur ki, qaqauz xalqının həyatında xüsusi yeri olan “Ana sözü” qəzeti 1988-ci ildə nəşrə başlayanda qaqauz­lar arasında yaşlı və təcrübəli, ədiblər, qəzet işçiləri olsa da, on­lar bu işin altına girməmiş, gənc Tudor Zaneti redaktor ol­mağa razı salmışlar.
Todur Zanetin cəsarəti, təşkilatçılıq bacarığı sayəsində “Ana sözü” qəzeti böyük nüfuz qazanmış, partiya funksionerləri, hö­kumət məmurları, respublikanın xüsusi xidmət orqanlarının əməkdaşları bu çılğın gənci ram edə bilməmişlər. Onun özü də, redaktoru olduğu qəzet də demokratiyanın, milli azadlıq hərə­katının öncüllərindən olmuşdur.
O, 1993-cü ildə daha bir cəsarətli addım ataraq, qəzeti latın əlifbası ilə çap etməyə başladı. Zaman da T. Zanetin nə qədər doğru olduğunu göstərdi.
Azərbaycan, Türkiyə və başqa türk respublikaları ilə sıx əla­qə qurmağa çalışan, oralara tez-tez səfər edən, milli ruhlu ziyalılarla, ictimai-siyasi xadimlərlə görüşən T.Zanet “Ana sözü”nü ümumtürk qəzeti etməyə çalışırdı.
 Onun ilk şeirlər kitabı 1989-cu ildə işıq üzü görmüşdür. Elə həmin il çap olunan “İlkyaz türküsü” almanaxı da şairin şeir­lə­rinə geniş yer ayırmışdır. Şeirlərində sosial məsələlər, dünya prob­lemləri, insanların arasında sevgi və dostluq ön plana çəkilir və bütün bunlar qaqauz xalqının timsalında verilir. Onun milli duyğularla yüklənmiş misraları qaqauz xalqının müstəqillik mübarizəsinə öncüllük etmiş və bu işə işıq salmışdır. T.Zanet “Zamanayersin, evim!”(1989, 1990), “Karımcalık” (1989), “Bö­cecik” (1991), “Akardı Batıya Güneş” (1993), “Gıcırdeer ka­famı çarkları” (1993), “Akar yıldız” (1998) “Dramçılıq” (2006) kitabları nəşr olunmuşdur. “Dramçılıq” kitabına görə o KIBATEK-in (Kıbrıs-Balkan-Avrasiya-Türkiyə Edebiyat Kuru­mu) 2007-ci ilin ədəbiyyat mükafatı təqdim olunmuşdur.
Şair həmişə millətinin gələcəyini düşünmüş, bunun üçün də uşaqların ana dilini yaxşı bilməsinə xüsusi diqqət yetirmişdir. Hətta ilk kitabını üç bölümə - “Can sesi”, “Sayılmaklar” və “Dil­kırmak, yanıltmaşlar”a ayırmışdır. Şair hamımızın bildiyi bir uşaq oyununu vəzn və qafiyəsinə toxunmadan, ritminə xələl gətirmədən, hətta ilk misralarını saxlamaqla yeni məz­munlu gözəl bir uşaq şeirinə çevirmişdir:
Bir, iki-
Gəldi tilki.
Üç, dört-
Qazı ört.
Beş, altı –
avcı kalkdı
Yedi, sekkiz-
ateş ikiz.
Dokuz, on-
Tilkidän kaldı salt don.
T.Zanet uşaqlar üçün şeirlər yazmaqla yetərlənməyib, 1990-1994-cü illərdə qaqauzların ilk uşaq jurnalı “Kırlanqac”ın baş redaktoru olmuşdur.
Daim vətən və millət haqqında düşünən, xalqını öz haqqı uğ­runda mübarizəyə səsləyən T. Zanet “Kim kabaatlı?” şeirin­də yazır:
Bu dünnedä
Ne biz diil mi insan?..
Neçin diliz hodul,
Ki uzak dedemiz
Devlet da kurmuş.
Duşman esnemiş,
“Memleket” şeirində də babalarına üz tutaraq deyir:
Memleket kaç diiştirdin
Bu erda, dedäm benim,
Ne kadar kahır çekdin...
Todur Zanet də xalq yaradıcılığından əsərlərində geniş isti­fadə edir. Buna görə də onun şeirlərini oxuyanda adamın ya­dına bayatılarımız düşür. Məsələn:
...Şu yaldızlı duygumu,
Yarım alsa uykumu.
Yıllar kıta dönmesä
Sevda-kısmat ölmesä.
Şair təbiətlə bir varlıq, insan kimi danışır, ona müraciət edir. Torpağa, suya, dağa, aya, ulduza, günə müraciət edən şair deyir:
Koy adımı benim günəş,
Da çin sabaalan geleyim.
Dan yerindän seftä ateş
Suradına bän serpeyim.
SSRİ Bessarabiyanı tutduqdan sonra oranın kənd təsərrü­fatını kollektivləşmə, kolxoz quruculuğu adı altında dağıtmışdır. Mü­qavimət göstərənlər isə güllələnmiş, həbs edilmiş və sürgünə göndərilmişdir. Bölgəni aclıq bürümüş,  yüzlərlə insan acından ölmüşdür. Qaqauzların bir qismi 1947-1948-ci illərdə Azərbaycana sür­gün edildilərsə, bir qismi də aclıqdan yaxa qurtarmaq üçün buraya özləri gəlmişdir.
Uzun illər xalqın bu böyük faciəsi haqqında danışmaq yasaq idi. İlk dəfə Todur Zanet nəinki bu mövzuda danışdı, hətta onu ədəbi mövzuya çevirdi. Onun “Aaçlık kurbannarı” pyesi qaqauzların arasında böyük maraqla qarşılanmışdır. Yazıçı və şairlər, ictimaiy­yət məsələni gündəmdə saxlamış, nəticədə aclıq qurbanlarına abidə qoyulmuşdur.
Todur Zanet isə bu mövzunu soyqırım kimi dəyərləndirirdi. Şair “Aclıq” şeirində yazır:
Yaamur yaayardı nerdä sä,
Salt diyil Bucaamızda.
Toprak olmuştu kırımsa,
Bitmişti su punarlarda.
“Toum için kaldı tenä.
Oncaz da az afet.
Uşaam, istemä sän imää,
İnan hiç yoktu bereket”.-
Ana düüler bir kuş gibi.
Nedän bu takaza?
Uşak işitmeer:
“Ver imää... İmää ver, mamu... ver imää...”
Bitti tenä, bitti tozak,
Bitti kabuk fidannarda
Aman, çirkin bu iş kurak,
Sündü cannar doz dolayda.
Kim söleycek:
Kaç insanı
Öpemedi yalpak ana?
Kim söleycek:
Kaç insanı başka hiç görmedi tarla?
Aala canım, aala...
    (Çağdaş Gagauz Şiiri Antologiyası, 217)
Şairin bir çox şeirləri moldav, rumın, rus dillərində və qar­daş türk xalqlarının ləhcələrində səsləndirilmişdir. O, J.Rasinin “Bae­zid”, E.Gherghitanın “Qaynana iki gəlinnən”, M.Baci­ye­vin “Cü­me ertesi azşamneen...” pyeslərini və onlarla şeiri ana di­linə çevirmişdir.
Qaqauzların milli oyanışı zamanı T.Zanetin “Vatan” şeirinə bəstəçi M.Koltsa musiqi yazaraq onu qaqauzların milli him­ninə çevirmək istəmişdir.
Todur Zanet Azərbaycana sıx bağlı olan, buraya tez-tez gə­lən, hər gəlişində də radio-televiziyada, mətbuatda gen-bol çı­xış edən, qaqauzlar haqqında daha çox bilgi verməyə çalışan şairlərdəndir. SSRİ Yazarlar Birliyinin üzvü olmuş, indi isə Moldova Yazarlar Birliyi və Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.
2010-cu ildə Bakıda Todur Zanetin “Ana dilim” adlı şeirlər kitabı (tərtib edən, qaqauzcadan uyğunlaşdıran və ön sözün müəllifi Ramiz Əskər) çapdan çıxmışdır.
Olqa Konistantin qızı Radova (Karanastas) (23.11.1958, in­diki Moldova Respublikası Qaqauz Yeri MV Komrat rayo­nu­nun Konqaz kəndi). Kişinyov Dövlət Universitetinin iqtisa­diy­yat fakültəsini bitirən ədibin imzası mətbuatda 1987-ci ildə görünmüşdür.
“Güllər” şeirində O.Radova yazır:
Elimi qoydum ona
Ateş sarıldı bana:
Aucum çalı doldu,
Canıma sancı kondu... .
Bir kəndin kənarında “yapa yalnız” yaşayan qoca qarıya həsr etdiyi şeirində şair yazır:
O benzer yorqun aaca,
Karşı duran lüzqera.
Açıklı kırdı. Artık
Dalları onun kırık...
“İlkyaz türküsü” almanaxına ədibin yuxarıda haqqında söz aç­dığımız iki şeirindən əlavə “Çorbaciylan kedi”, “Kismetmi bu?” şeirləri və “Düüş” hekayəsi də daxil edilmişdir. Ədəbiyyata şeir və kiçik hekayələrlə gələn O.Radova son dövrlər qaqauz­ların ədə­biyyatının, tarixinin, dialektlərinin öyrənilməsinə səy göstərir.
 
3.4 Dördüncü dövr
Bu dövrə 1980-ci illərin sonlarına doğru yetişən, bugün yaş­ları 40-ı keçsə də, hələ ədəbiyyatda gənc sayılan yazıçı və şair­ləri daxil edirlər. Əslində bu yaş insanın dünyagörüşünün for­ma­laşmasının başa çatdığı, ən məhsuldar, yüksək enerji ilə iş­lə­diyi bir yaş dövrüdür. Peyğəmbərimiz Məhəmməd Əleyhis­sə­lam bu yaş dövrünü insanın kamillik yaşına çatması kimi qiy­mətləndirir. Qaqauz ədəbiyyatşünasları dördüncü dövrə An­drey Koçancı (1953), Qenov Georgiy (1959), Lyubov Çimpoeş (1958), Petr Yalancı (1964-2004), Tanas Karaçoban (1965), Ti­na Sürma (1965) Tudora Arnaut (1970), Güllü Karanfil (1972) və b. yazıçıları daxil edirlər.
Lyubov Stepan qızı Çimpoeş (12.08.1958, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır-Lunqa rayonunun Tomay kəndi.) O, Kişinyov Dövlət Universitetini bitirdikdən sonra Lo­monosov adına Moskva Dövlət Universitetinin aspirantu­ra­sın­da oxumuş, şifahi xalq ədəbiyyatı kafedrasında qaqauz das­tanlarının tədqiqi ilə məşğul olmuşdur. Araşdırmalarını uğurla başa vuraraq filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
1987-ci ildən Moldova Elmlər Akademiyasında işləyir, ha­zırda qaqauzologiya şöbəsinin müdiridir. Ədəbiyyata şeirlə gəl­sə də, son dövrlər daha çox elmi araşdırmalarla məşğul olur. Onun qaqauz dastanlarını ümumtürk mədəniyyəti kontekstində öyrən­mə cəhdi təqdirəlayiqdir. Bu yöndə bir kitabı (Çimpoeş, 1997) və bir neçə məqaləsi çap olunmuşdur. Uluslararası sempo­zium­larda da bu mövzuda maraqlı məruzələr edir. Şeirlərini bir yerə toplayaraq, 2001-ci ildə “Duyğu başçesi” adı altında kitab kimi çap etdir­mişdir. Aşağıda onun iki şeirindən parçalar veririk:
Var fasıl bir havezim,
Gül yapraa gibi olayım,
Soluu pakleer eşilik,
İsterim bän da faydalanayım,
Bu dünneyrin kahırını,
Olsa kalbimdän geçireyim,
Paklayıp diiştreyim,
Sevinmelää çevireyim,
Havazlik
 
Yamur, paalı musaafirim,
Sellamneerim günümü.
Uzun vakıt beklettin
Sana hasret insanınıı...
Yamur, palı musaafirim
        (Çimpoeş L., 2005: 262-263)
Petr Trifon oğlu Yalancı (1964, indiki Moldova Respub­likası Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kəndi-2002). Şeir­lərini yerli qəzetlərdə rusca və qaqauz türkcəsində çap etdirməklə ədəbiyyata gələn Petr Yalancı 1994-cü ildən çap olunan “Qaqau­zun səsi” qəzetinə redaktorluq etmişdir. İlk şeirlər kitabı “Süün­məz yıldızlar”ı 1995-ci ildə Kişinyovda la­tın qrafikalı yeni qa­qauz əlifbası ilə nəşr etdirmişdir. Nə yazıq ki, istedadına böyük ümidlər bəslənilən bu insanı əcəl vaxtsız aramızdan aparmışdır.
Şair “Ana dilim” şeirində yazır:
Paalı ana dilim
Girdi canıma sessiz
Urää verdi ilinnik,
Sevinçlää-bitkinsizlik.
Ana dilsiz diil insan
Onu läzım korumaa.
Ana dilnän biz tamanız,
Bunu olur annamaa!
“Türk halkına” şeirində isə deyir:
Türklüü severim-biz kardaşız:
Hepimizidä bir ecel,
Biz, bezbelli, peydalanmışız
Bir amurdan hem bir gecä.
Halkıma geridä qalmışız
Yaşamakta, işit kardaş!
Kardaşsız necä yalnızız,
Ko ensesin birlää savaş!
Petr Yalancı lirik şeirləri ilə də qaqauz oxucularına özünü sevdirə bilmişdir. Onun şeirlərinə bəstəkarlar mahnı qoşmadan da gənclər nəğmə kimi oxuyurlar. Şair lirik şeirlərinin birində deyir:
Sana, yarım, türkü çalerem,
Kızğın ederem canını.
Tenini canıma dayerım,
Severim herbir saçını.
Şair böyük maraq və həvəslə Bakıya gəlmişdi. Burada rast­laşdığı nöqsanlar onu hövsələdən çıxarır, əsəbiləşdirirdi. Bu­nun səbəbini də belə izah edirdi: “Başqa yerlərdə də bu nöq­sanlar, çatışmazlıqlar var. Amma Azərbaycanda bunların olma­sını mən istəmirəm. Hamımız buraya ümid yerimiz, göz dikdi­yimiz yer, sabahımıza yol göstərən mayak kimi baxırıq”.
Tina Petrov qızı Sürme (1965, indiki Ukrayna Respublika­sı Odessa vilayəti Bolqrad rayonunun Kurcu kəndi). Pedaqoji məktəbi bitirdikdən sonra Komrat Dövlət Universitetinə daxil olmuş, yeniyetməlik çağlarından şeir yazmağa başlamışdır. Yaradı­cılığında lirik şeirlər və uşaqları təlim-tərbiyəyə, elmə həvəs­ləndirən əsərlər çoxluq təşkil edir. Aldığı pedaqoji təhsil ona uşaq dünyasını anlamağa kömək etdiyi kimi, uşaqlara təsir gös­tərə bilmə yollarını tapmaqda da yardımçı olur. Əsərlərinin əksəriyyəti qaqauz türkcəsində nəşr edilən qəzet və jurnallarda çap olunmuşdur. İlk şeir kitabı 1996-cı ildə “Kır çiçeği” adı ilə çı­xmışdır. Çapa hazırladığı iki şeir kitabı da vardır.
Çağdaş qaqauz şairləri arasında istedadı ilə seçilən Tina Sür­meli hansı mövzuda, hansı təbəqə üçün yazmasından asılı olmayaraq milli düşüncəni həmişə öndə saxlayır. “Türklər bizə qardaş” şeirində yazır:
Sölardı dädular bizim –
Türklär bizä kardaş!
İnanmeenm, ani buluştuk-
Gözlerimdän aker yaş.
Sevinmeliktän Kurcu uçer havada,
En paalı musaafirlär
Onun topraanda.
Bizä siz nasıl saadıç,
Paalı dostlarımız,
Sizä oynaycez karşı,
-Hiç yorulmaycez.
Te neredä haliz yortu,
Birerdä kardaşlar toplu,
Kol-kola tutunuk
Oyneerlar horu büük.
Bu misralar qaqauz şairlərinin əksəriyyətində olduğu kimi, Tina Sürmenin də böyük müstəmləkəçilərin millətini “əridə­cəyi” qorxusunu ifadə edir. Onlar bundan qurtarmağın yolunu da soydaşları, qardaşları ilə yaxınlaşmaqda, eyni dilin və mə­dəniyyətin daşıyıcısı olduqları xalqlarla sıx birlikdə görürlər.
 Tanas (Afanasi) Dmitri oğlu Karaçoban (21.08.1965, in­di­ki Moldova Respublikası Qaqauz Yeri MV Komrat rayonu­nun Beşalma kəndi). Tanas Karaçobanın əsas işi heykəltəraş­lıq­dır. Görünür, bədii yazılarını az-az və gec-gec oxucu müha­kiməsinə verdiyindən onun adını bu dövrün ədibləri ilə birgə çəkirlər.
İkinci dövr ədibləri qaqauz ədəbiyyatına fəlsəfə, mistik möv­zular gətirdilər. Onlardan sonra gələnlər də həmin möv­zuları daha da dərinləşdirdilər. Şairlər həyatdan aldıqları duy­ğuları içlərindəki ruhlar aləminin mühakiməsinə verməyə, ora­dan gəl­dikləri nəticələri oxucu ilə bölüşməyə başladılar. Bu, Ta­nas Ka­raçobanın da yaradıcılığında özünü göstərir. T.Kara­ço­ban sər­bəst şeirlərindən birində fikirlərini oxucuya belə çatdırır:
 
Te “sud” gider,
Te su serperlar
Bitti..
Yalın iki oldu...
Birisini, ya, bak
Gömerlär
İkincisi kendi sündü.
                          (“Sabaa yıldızı”, 2001:51)
Tudora (Fedora) İvan qızı Arnaut (6.09.1970, indiki Uk­ray­na Respublikası Odessa vilayəti Bolqrad rayonunun Dmiti­rovka kəndi). Doğulduğu kənddə orta məktəbdə oxuyarkən qa­qauz araşdırıcılarla birgə ekspedisiyalara gedərək folklor və et­noqrafik materiallar toplaması onun dünyagörüşünün formalaş­masına güclü təsir göstərmişdir. İlk şeirlərini də orta məktəbdə oxu­yarkən, yəni 1986-cı ildə “Lıteratura şi Arta”da çap etdirmişdir. 1988-ci ildə qaqauzlar arasından seçilib Azər­baycanda təhsil almağa göndərilən iki gəncdən biri olmuşdur. Bakı Dövlət Univer­sitetinin Şərqşünaslıq fakültəsinin Türk bölümündə oxuyarkən ictimai işlərdə fəallıq göstərməsi ilə yanaşı, qəzet və jurnal­larda, radio-televiziyada, toplantılarda etdiyi çıxışlarla qaqauz­ları yaxından tanıtmağa çalışmışdır. Qaqauz türkcəsində yeni çap olunan “Ana sözü” qəzetinə Azərbaycanda abunə yazılanların sayının qaqauzların sayından çox olmasında Tudora Arnautun kənd-kənd gəzərək abunə kampaniyası aparmasının da rolu az olmamışdır (Şamilov, 1989: aprel)
İlk şeirlərini vətənində və Azərbaycanda çap etdirən şairə qa­qauz ədəbiyyatına gətirdiyi yeniliklərlə də diqqəti özünə çəkmişdir. Qaqauz ədəbiyyatına hoyrat, qoşma, tapşırma, dodaqdəy­məz və b. janr və şəkillərin gəlməsi onun adı ilə bağlıdır.
O, təqlidçilik yolunu tutmamış, hər bir yeniliyə yaradıcı yanaşmağa çalışmışdır. Onun yazmış olduğu “Çağrı”, “Can ses eder, o kız sana aşık” dodaqdəyməzi dediklərimizə gözəl nü­mu­nə ola bilər. Azərbaycanda dodaqdəyməz, adətən, təcnis janrın­da yazılır və mövzusu da dərin psixoloji, didaktik, fəlsəfi yönlü olur. Tudora Arnaut isə sentimental, incə yumorlu bir dodaq­dəyməz yazmaqla janra da, mövzuya da yenilik gətirmiş oldu.
Senin canın yanêr ateş
Sizdä sensiz tek ses
Çiçeklerä sener kaşın
Neriye gitdi kızkardaşın?
Elde kaldı sarı çiçek
Ah-çekersin, gelecek
Gecenin yarısı, kışın
Nereye gitdi kızkardaşın?
Genä kış geçer, geler yaz
Cancazısa sıktı ayaz,
Ak yayer kara saçın
Nereye gitdi kızkardaşın?
Karardı açık tenın
Kär çalılar yakêr seni
Kıskançlıktan aker yaşın
Nereye gitdi kızkardaşın?
Al yanaanı serın çizer
Sancılar kanına dalêr
Ah, aldattı sanki acın
Gelin gider kızkardaşın.
                             (Arnaut T., 1994:61-62)
Universiteti Bakıda bitirdikdən sonra Türkiyəyə gedən, ora­da işləyən və təhsilini davam etdirən gənc şair elmi mühitə qatılır, simpoziumlarda fəal iştirak etməklə qaqauz ədəbiyya­tını təbliğ etməyə, tanıtmağa çalışır. Onun ilk şeirlər kitabı da Türkiyədə çap olunur (Arnaut, 1995).
Azərbaycan, Türkiyə və İraqda yaşayan türklərin ədəbiyya­tın­da var olan hoyrat janrına Tudoranın qələmində də rast gəlirik:
Kazayak
Çeşmə dolu Kazayak.
Yarimin sofrasında
Beni bekler kaz ayak.
M.H.Şəhriyarın “Heydərbabaya salam” poemasının təsiri ilə T.Arnautun yazdığı misralar Azərbaycan oxucusu üçün də maraq doğura bilər:
Heyder baba,
uzakdayım bu saat
aktı yola gözlerim
peetin benimçin kanat.
...Heyder baba
duydum korku illeri,
çaardım halkı koruyalım-
biz koruduk evleri.
Affetmez gidenleri
Nasıl günä bakalım
Ah! Azerbaycan Türkleri?
Türk xalqlarının ilk ədəbi janrlarından olan dördlükləri bil­gin kimi araşdıraraq namizədlik dissertasiyası yazan şair poe­ziyasında onların formasından yararlanmaqla qalmamış, yeni qəliblərdə mani-bayatı formasında da şeirlər yazmışdır. İlk dörd­lük-bayatı “abab”, sonrakılar isə bbba, ccca, ddda qafiyə quruluşuna malikdir. Bu janrı o, qaqauz ədəbiyyatında “Sessiz dialog” şeirində işlətmişdir.
Qaqauzlar sayca az olmalarına baxmayaraq, Türk dünya­sında baş verənləri diqqətlə izləyir, buna öz münasibətlərini bil­dirirlər. Bu baxımdan T.Arnautun da Azərbaycanda gedən milli azadlıq hərəkatını özündə əks etdirən şeirləri çoxdur. Ba­kıda kükrəyən meydan, silahsız, əliyalın yaşıdlarının öz­lə­rini Sovet tanklarının qarşısına atması, Rus-Sovet döyüşçü­lərinin qəddarlıqla insanları qan içində boğması, ucqar bir kənd­dən şəhərə gəlmiş, içərisində Sovet dövlətinə, kommu­nizm ideya­larına böyük sevgi olan gəncə sarsıdıcı təsir etmişdir.
O, Bakıda gözləri qarşısında baş verən 20 yanvar 1990-ci il hadisələrindən bir neçə gün sonra yazmışdır:
Unutmaa isterem o günü,
kan gölcük-gölcük,
karanfillerin kokusunu,
kimin beterine öldük.
Şair hələ 1990-cı ildə o qanlı hadisəni unutmaq istədiyini yazır. Lakin zaman keçir, o isə unuda bilmir. Sağalmaz yara kimi daim ürəyində qövr edir. Buna görə də illər ötsə də, dönə-dönə həmin mövzuya qayıdır. 20 yanvar hadisələrindən az qala 10 il sonra yazdığı “Azərbaycan deyəndə” şeiri dediklərimizə nümunə ola bilər:
Mualim, bän Azerbaycan dediynen
Yaş yerinä kan akêr, kan...
Bülbül aalêr aacın tepesindä
Derdini ondan başkası kimdir soran...
 
Mualim, bän Azerbaycan dediynen
Gözümün önündä diziler Nahçıvan,
Çayxana meclisi Nehrem küündä
O ixtär aksakal soruya tutan...
Mualim, bän Azerbaycan dediynen
“Yılan” dağının vatizli suları dolayanda
Cıvırliga sesli uşaklar suda çırpınan
Yalnız içerdä diz çöküp Allayın önündä
Üç kerem gündə o ihtär karı duvasını yapan...
 
Mualim, bän Azerbaycan dediynen
Tanklar sürülärdi uşaan üstünä
Serbestlik uuruna devrilärdi meydan
Mezarlık anıt koyardı ölen gencinä...
Saa kalanlar’sa olardı duşman....
 
Mualim, bän Azerbaycan dediynen
Çok kiyatlar amana kaldı yazılmadan...
Ama haliz bu halkın canını doymasın metetmää
Yıllarca yazsan da kay-playamaz dastan....
T.Arnaut kiçik bir şeirlə olduqca gərgin keçən bir dövrün bədii təsvirini verməyə çalışır. Tanıdığı ictimai-siyasi xadim, milli azadlıq hərəkatının öndəri, özünü türklük davasının əsgəri sayan Əbülfəz Elçibəyə həsr etdiyi şeirdə isə yazır:
 
Adêrım raametli, ama düşünmekleri bize şavk gösteren, bana ornek olan Ebulfez Elçibeye!
 
Çannar düver cannarda özgürlüü
Meydannar genä tıklım-tıklım,
İnsannar ister kaldırmaa bu kara örtüyü,
Te bän da yumruklarımı sıktım.
 
Bu avşam kervan yıldızı şıladı,
Yeter bu kadar dayanmak, acı,
Senin neetlerin uykumu kapladı,
çünkü buvardı beni kapannı sancı.
 
Bak, halkımın gözü karanfillerä doymuş,
Üüsüz uşaklar sokakta büüdü,
Gelen geçen bizleri soymuş,
Genç evlatlar’sa hep küsülüydü.
 
Aldatıldı insanım gözäl laflarnan,
Satıldı topraklarım beşparasız,
Kasabam doldu “politik” kapannarnan,-
Atılardılar “uygunsuzlar” sölpet arası.
 
Ama sünmedi içimdeki koorlu ateş,
Gemii çevirmiştin bir kerä serbestlää
Şindi lääzım birleşsin herkez
Te, sesirgen bu yemin seslerä!
 
Güüden gitti, ama izinnerin bizimnän,
Yolu açtılar onnar kapalı dünnäädan
Dolêrız meydannara kuvetli yeminnän
Gel da gör-uyandı Azerbaycanın derin uykudan!
Mövzularında fəlsəfi düşüncələrə üstünlük verən T.Arnaut həmyerlisi S.Kuroğlunun təsiri ilə mistik mövzulara da baş vurur.
Tudora Arnaut və onun timsalında qaqauz ədəbiyyatı haqqında İran İslam Respublikasında (Şamil Ə,1378:112,1), Azərbaycanda (Hüseynoğlu Ə, 1995:10 yanvar, Göyçəli Ə, 1995:7 iyul, Qarapapaq Ə, 1995:2 mart, Şamil Ə, 1995, 15 fevral.) bir sıra məqalələr yazılmışdır.
Güllü (Valentin) İvan qızı Karanfil (22.10.1972, indiki Mol­­dova Respublikası Qaqauz Yeri MV Vulkaneş rayonunun Etu­liya kəndi). Orta məktəbin doqquzuncu sinfində oxuyarkən ra­yon qəzetində çap etdirdiyi bir şeir onun həyatını ədəbiyyatla bağlayır.
Məktəbi bitirdikdən sonra Qaqauziyada ilk açılan Komrat Dövlət Universitetinə daxil olur. Gənc şair Azərbaycan milli azadlıq hərəkatı fəallarından biri olan Ağası Hunla ailə qurduq­dan sonra Bakıya köçür. Təhsilini Bakı Dövlət Universitetində digər qaqauz tələbələrindən fərqli olaraq, rusca deyil, Azər­bay­can türkcəsində davam etdirir. Universitetin Şərqşünaslıq fa­kül­təsini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akade­mi­yasının Nəsimi adına Dilçilik İnstitutunda çalışır. Üç övlad bö­yütməklə yanaşı, elmi araşdırmalarla məşğul olur və 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək filologiya elm­ləri namizədi alimlik dərəcəsi alır. Elə həmin il şairin “Sanki yıldızlar aucumdaydı” adlı ilk kitabı çap olunur. Bu kitab həm də Bakıda qaqauz türkcəsində çap olunan ilk kitab olduğuna görə diqqət çəkir.
Hələ 12 yaşında yazdığı “Kendi dilimdə”adlı şeirində Güllü, artıq öz mövqeyini göstərir:
...Kim gülerdi, ko gülsün
Ama diil islä.
Kim azetmeer dilindän
O hiç diil insan.
Bän yazêrım canımdan
Kendi dilimdä.
Şiirim korkmêêr nacaandan
Sauş önümdän.
 
Güllü xanımın poeziyasında barış, Türk birliyi, Vətən, milli düşüncə aparıcı mövzulardan biridir.
Uzun müddət Azərbaycanda yaşaması onun da yaradı­cı­lı­ğına öz etkisini göstərmişdir. Mövzularının bir çoxu Azərbaycanda baş verən olaylarla bağlıdır. Azərbaycanda baş verən hadisə­lərə biganə qala bilməyən şair münasibətini belə bildirir:
Kara gözlü, kara kaşlı
Azerbaycan!
Üüsek boylu hem can taşlı
Azerbaycan!...
Karanfiller kahır sürdü
Azerbaycan!
Gagauzda acı büüdü
Azerbycan!
Bununla yanaşı, şair Azərbaycanın görkəmli şəxsiyyət­lə­ri­nin həyatını öyrənir, yaradıcılığında da buna böyük önəm verir. Burada, Güllü Karanfilin Azərbaycan qürbət şairi Almaz Yıldırıma həsr etdiyi şeiri örnək göstərə bilərik:
Biz xəbər gətirdik Araldan, Mildən,
Al güllər gətirdik Cəmbərəkəntdən,
Tanıdı özgürlük şairini Vətən.
Vətən həsrətiylə alışan Almas,
Su septik acına, oduna, Almaz!
 
Xəzərdən Hazara salam gətirdik,
“Qara dastanını” dilə gətirdik,
Türküz, varız deyə sevindik.
Vətən həsrətiylə alışan Almas,
Su septik acına, oduna, Almaz!...
Xeyir və şərin, ağ və qara rənglərinin savaşı da şairin ya­ra­dıcılığında xüsusi yer tutur:
Ne kıpersın gözünü karannık,
Bän hep okadar aydınnıkım.
Sän bütün Bucaamı sardın,
Ama bän sendän taa büüküm...
“Zaman hayir olsun, Vatanım!“ adı ilə yazdığı məktublar silsiləsində Vətənə məhəbbət, sayqı, özləm hissləri qabarıq şəkildə göstərilir.
Güllü Karanfil də Azərbaycanda geniş yayılmış şeir janr­la­rından bacarıqla yararlanaraq ana dilində yazıb-yaratmışdır. Bunlar da gənc qaqauz ədəbiyyatının inkişafına və zənginləş­mə­sinə xidmət edən amillərdəndir.
Şairin 1989-cu ildə “İlkyaz türküsü” toplusunda çap etdir­diyi “İsteyiş”, “Kendi dilimde” və “Turqay sesi” şeirləri 1999-cu ildə Türkiyədə çıxan “Başlanğıcdan Günümüze Kadar Tür­kiye Dı­şında Türk Ədəbiyyatı Antolojisi”nin Rumın və Qa­qauz türk ədəbiyyatına həsr edilmiş 12-ci cildinə daxil edilmişdir.
T.Arnaut yazır:“Vatan konusu tüm şairlerin tarafından ele alınan bir konudur. Vatana özlem, onu koruma, sahip çıkma duygusu, gerektiğinde onun için hayatını ortaya koyma gibi istekler Lyubov Çimpoeş, Petr Yalancı, Sona Adieva, Andrey Koçancı’nın şiirlerinde büyük bir ustalıkla dile getirilmiştir. Andrey Koçancı “Ana memleket” adlı şiirinde vatanının kendisini çağırmasını, duşmandan koruması için gideceğini ve pişman olmıyacağını şu satırlarla dile getirmektedir:
...Canımı bän verecän-
 Basmasın meret duşman
Çaar beni bän gidecäm
Lafsız olmıycam pişman.”

 

3.5. Beşinci dövr

Beşinci dövrə daxil edilən ədiblər haqqında bilgimiz ol­duqca azdır. Onların əsərləri dağınıq halda qəzet və jurnallarda çap olunur. Bu da həmən gənclər haqqında geniş fikir söylə­nilməsi üçün yetərsizdir. Qaqauz ədəbiyyatşünasları gələcəyin yazıçı və şairləri sırasında Marina Kol, İvanna Kol, Larisa Kulaksız, İvan Karapire, İqor Malaçlı, Sveta Kutsar, Ekaterina Qaneva və b.-nı görürlər. Çünki bu gənclərin çap olunan ədəbi məhsullarında yenilik, axtarış həvəsi güclüdür.

 

     Sonuc

Qaqauz yazılı ədəbiyyatında xalq ədəbiyyatına dayanan şeir geniş inkişaf etmişdir. Sairlər Avropa, Rusiya və Türk dün­yasının əsərlərindən bəhrələnərək, janr və mövzu baxımından ədəbiyyatlarını zənginləşdirmişlər. Qaqauz ədibləri hekayə və romanlar, pyes və dramlar yazsalar da, bölgədə bu janrlar poe­ziya qədər inkişaf etməmişdir.

Stepan Kelarin 1998-ci ildə ukrayna dilində çap etdirdiyi “Filosofiya jitta” (Həyat fəlsəfəsi) kitabına öz şeirləri ilə ya­naşı, Nikolay Baboğlu, Tudora Arnaut, Sona Adıyeva, Vitaliy Boşkov, Petri Çebotar, Qeorgi Qenov, Todur Zanetdən etdiyi tərcümələri də daxil etmişdir (Bankova Emilya, 2005:149). Belə tərcümə toplularının qaqauz ədəbiyyatının təbliğində bö­yük rolu vardır. Türkiyədə 1999-cu ildə çap olunan “Başlan­ğıcdan Günümüze Kadar Türkiye Dışında Türk Ədəbiyyatı Antolojisi”nin rumın və qaqauz türk ədəbiyyatına həsr edilmiş 12-ci cildi qaqauz ədəbiyyatının yalnız Türk dünyasında deyil, dünyanın inkişaf etmiş ölkələrində də tanınmasında böyük rol oynamışdır.

 

 


ОДНА ИЗ НОВЕЙШИХ    ЛИТЕРАТУР -  ЛИТЕРАТУРА ГАГАУЗСКИХ ТЮРКОВ

 Резюме: Письменная  литература гагаузов  среди тюркских народов начала  формироваться  в  конце  19-го столетия. Хотя  в Азербайджане и  признали  гагаузов в 20 столетии, но средневековые источники указывают на наличие здесь деревень с  Гагаузским  населением.
В Гебелинском  районе Азербайдждана есть гора и святые места, идентичные с названием столицы Гагаузии – Комрат, находящееся  на  территории  нынешней  Молдовы. Существование селений с названием Буджак на этой же территории нам не кажется случайной схожестью с названием Буджак – региона, населенного гагаузами. В этой  местности было 7 деревень Буджак. Теперь  их  численность  уменьшилось  до  трех  селений, но  свое  географическое  название  Буджак  не  утратило и  это  название  сохранилось  и  отмечено  в  других  топонимах. И это не  похоже  на  случайность. 
Письменная литература гагаузских тюрков начала формироваться ускоренными темпами в первой  половине  20-го  века  трудами  религиозного  деятеля  Михаилом Чакыр.  Известный  своими переводами  религиозных  книг, молитв, исторических и этнографических  статей  хоть  и  сыграли  немаловажную  роль, но основательное  изменение в  литературе  началось  в 1957- ом году  после  создания  нового  алфавита  на  основе  кириллицы. Так, в гагаузских  школах  начали  изучать  родной  язык, газеты  печатались  на  гагаузском  языке, издавались  учебники.
Формирование  письменной  литературы  гагаузских  тюрков  обязана  таким  ученым,  как Михаил Чакыр(1861-1938), Николай Арабаджы(1893-1960), Николай Танасоглу(1895-1979), Дионис Танасоглу(1922-2006), Николай Бабоглу(1928-2008), Мина Кёсе(1933-99), Дмитрий Карачобан(1933-86), Гавриил Гайдарджы(1937-98), Степан Короглу(1940-2011), Георгий Ташоглу(1948), Васи Филиоглу(1949), Петр Мойса(1951), Мария Мерджанка(1951), Степан Булгар(1953), Андрей Кочанджы(1953), Тодур Мариноглу(1955), Петр Чеботарь-Гагуз(1957), Дмитрий Айоглу (Новак) (1957), Тодур Занет(1958), Андрей  Кочанчы(1953), Генов Геогрий(1959), Любовь Чимпоешь(1958),  Петир Яланчы(1964-2004),  Танас  Карачобан(1965),  Тина Сюрьма(1965),  Тудора Арнаут(1970), Гюллю (Валентин)  Каранфил(1972)  и др.

 

Ключевые слова: Азербайджан, Гагауз Ери, Комрат, Буджак, мани и баяты.

 

 

 


ONE OF THE YOUNGEST LITERATURES-LITERATURE BY GAGAUZ TURKS

Abstract: Of other Turkic people Gagauzians were late to form their written literature and started this process in the nine­teenth century. Although Azerbaijan was introduced to Ga­gau­zians in the twentieth century sources dating back to Middle Ages inform about the existence of Gagauz village here.
The capital of the Autonomous Republic of Gagauz Yeri situated in Moldovian Republic is Comrat. This region is still called Boujag by the people and geographic units nowadays. The holy place and mountain in Qebele in Azerbaijan bears the same name Comrat. That place had 7 Boujag villages at the beginning of the twentieth century. Though they decreased to 3, other toponyms bearing the name boujag were registered as well. It falsifies the chance coincidences. 
Though the development of Gagauz written literature accelerated in the first decades of the twentieth century given the translations of religious books, prayers, historical and ethnographic articles by a man of religion, Michael Chakir, yet the most important change in the literature came in 1957 after the new alphabet was created on the basis of Cyrillic alphabet. As a result, lessons started to be held in mother tongue in secondary schools, newspapers were printed and text-books were published in Gagauz.
Besides Michael Chakir (1861-1938), it was Nikolay Arabaji (1893-1960), Nikolay Tanasoghlu (1895-1979), Dionis (Deniz) Tanasoghlu (1922-2006), Nikolay Baboghlu (1928-2008), Mina Kose (1933-99), Dmitri Karachoban (1933-86), Gavril Gaydarji (1937-98), Stepan Kuroghlu (1940-2011), Georgiy Tashoghlu (1948), Vasi Philioghlu (1949), Petr Moysa (1951), Maria Merjanka (1951), Stepan Boulgar (1953), Andrey Kochanji (1953), Todur Marinoghlu (1955), Petr Chebotar-Gagauz (1957), Dmitri Ayoghlu (Novak) (1957), Todur Zanet (1958), Lyubov Chimpoyesh (1958), Petr Yalanji (1964-2004), Tanas Karachoban (1965), Tina Surma (1965), Tudora Arnaut (1970), Gullu (Valentin) Karanfil (1972) who played active role in the formation of written literature of Gagauz Turks.

Key words: Azerbaijan, Gagauz Region, Komrat, Bou­­jag, manis and bayaties.

 

Çap olunub: Uyğur, Qaqauz, Qüzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı,  “Nurlan” nəşriyyatı, Bakı, 2011, səh. 91-183.


 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol