AƏİ arxivindəki Koroğlu dastanı Kırımda nəşr edildi
Yeni kitablar

ƏLI ŞAMIL
AZƏRBAYCAN ƏLYAZMALAR İNSTİTUTUNUN
ARXİVİNDƏKİ “KOROĞLU” DASTANI 
KIRIMDA 
NƏŞR OLUNDU
XIX yüzillikdə Avropada “Koroğlu” dastanının nəşri və öyrənilməsi ilə koroğluıünaslığın bünövrəsi qoyuldu. Bu həmin zaman idi ki, Avropada  bir kabus – kommunizm kabusun dolaşmaqda idi (Marks K.Engels F. 1968:3). XX yüzilliyin ikinci onilliyində kommunistlərin hakimiyyətə gə­lişi bu qəhramanlıq abidəsinin ardıcıl toplanıb nərş edilməsiniə və öyrənil­məsinə marağı artırdı.
Hakimiyyəti  zor gücünə ələ alan bolşeviklər 1920-ci ildə Azərbaycanı da işğal etməklə sözdə imtina etdikləri çar Rusiyasının mistəmləkəçilik siyasətinin sadiq varisləri olduqlarını isbatladılar. Zor gücünə əsarət altına aldıqları xalqları idarə etmək üçün sinfi mübarizəni ön plana çəkdilər. Xalqların tarixində və mədəniyyətində sinfi mübarizəyə uyğun gələn nə vardısa onu qabartmağa başladılar. Tarixi hadisələri belə sinfilik prin­sipindən dəyərləndirdilər. Ədəbiyyatda, folklorda hakim təbəqəyə etirazı əks etdirən  nümunələrin  nəşr, təbliğ və tədqiqi yeni baxışla süz­gəc­dən keçirildikdən sonra xalqa təqdim edildi. Bir sözlə, hər nə vardısa, o sinfi mübarizə yönündən qiymətləndirilməyə çalışıldı.
İllər böyü  xalq arasından  sevilə-sevilə dinlənilən “Koroğlu” dastanı bu baxımdan onların işinə yaradı. Hökümətin yeritdiyi bu siyasətdən yarar­la­nan alimlər isə həm Azərbaycanda yaşayan aşıqlardan topladıqları “Kor­oğ­lu” dastanını çap etdirir və araşdırır, həm də dastanın  istər türk­soylu  xalqlar, istərsə də onlarla qonşu yaşayan gürcülər, kürdlər, ləzgi­lər, avar­lar, ermənilər və başqa xalqlar arasında geniş yayılmış variantlarını top­la­yıb çap etdirməyə,  müqayisəli öyrənməyə təşəbbüs göstərirdilər. Bu işdə Vəli Xuluflu xüsisilə fəallıq göstərirdi (“Koroğlu”, 1999).
“Ədəbiyyat” qəzetinin 1935-ci il 18 mart nömrəsində yazılmışdı: Az FAN-ın (SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının qısaldılmış adı) folklor seksiyası məşhur xalq qəhrəmanı Koroğlunun (dastan nəzərdə tutulur Ə.Ş.) müxtəlif variantlarını toplamaqdadır. Azərbaycandan başqa Türkiyə, Gürcüstan, Özbəkistan, Tatarıstan və Kırım variantları əldə edilmişdir.
Kırımda 20 il Koroğlu üzərində çalışan Çibanov (əslində Çobanov olmalıdır – Ə.Ş.) yoldaş Bakıya dəvət olunmuş və ondan Kırım variantı yazıya alınmışdır.”(“Ədəbiyyat” qəzeti, 1935: 18 mart)”.
 1937-ci ilin tuthatutu, bu işə rəhbərlik edən Vəli Xuluflunun “ xalq düşməni” elan edilərək güllələnməsi (Qasımov Cəlal, 2003:94) başlanmış işin yarımçıq qalması ilə nəticələndi. Sonralar Azərbaycanda Koroğluşü­nas­lıq sahəsində bir sıra uğurlar əldə edildi. Dastan dəfələrlə kitab şəklin­də çap olundu və haqqında olduqca dəyərli tədqiqatlar aparıldı. Lakin  Yaqub Zəkinin İ.Çobanovdan toplayıb nəşrə hazırladığı variant tamam yaddan çıxdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra keçmişə baxışda da bir dəyişiklik baş verdi. Bir çox yasaqlar aradan qaldırıldı. Necə deyərlər, arxivlər açıldı. Xalqımızın milli dəyərlərini öyrənib təbliğ etmək üçün bir sıra tədbirlər həyata keçirildi. Azərbaycan EA Ədəbiyyat İnstitutunun folk­lor şöbəsi müstəqil instituta çevrildi. Burada bölgələrdən folklor nümu­nələri toplanıb nəşrə hazırlamaqla yanaşı, araşdırmalara da diqqət artı­rıldı. 20-ci yüzilliyin ilk onilliklərində az sayda çap olunmuş kitablar ərəb əlifbasından latın əlifbasına çevrilərək “Azərbaycan folklorunun ilkin nəşrləri”  seriyasından nəşr edilməyə başladı. Türksoylu xalqların folkloru ümumi mədəniyyət kontekstindən öyrənilməyə başladı.
1988-ci ildə Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunun Kırım tatar və rus filologiyası fakültəsinin bitirmiş və 2000-2005-ci illərdə  Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda işləmiş İlqar Qasımov 2003-cü ildə “Kırım tatar dastanları”, 2005-ci ildə Kırım tatar ədəbiyyatından edilmiş tərcümələr və görkəmli Kırım tatar ədibləri haqqında yazılmış məqalələr toplanmış “Dərdli, ağrılı qardaşlarımız” kitablarını çap etdirdi və  Yaqub Zəkinin 1935-ci ildə Bakıda İvan Çoban oğlu Çobanovdan  yazıya aldığı “Koroğlu” dastanı üzərində işlədi. İlqar Qasımov AMEA Əlyazmalar İnstitutunun arxivində saxlanan mətn üzə­rin­də işini başa çatdırsa da, yazı nəşrə hazırlanana kimi  Kırıma köçməli oldu. Nə iqtisadi çətinliklər, nə də  köç ona başladığı işi saxlamağa mane ola bilmədi. Heç bir yerdən maddi və mənəvi dəstək ala bilməsə də, 2009-cu ildə “Qrımdevoquvpedneşir”de “Koroğlu destan”ını iki əlifba ilə   –   kiril və latın əlifbasi ilə çap etdirə bildi.
O, kitabı Kırımda çap etdirməklə kifayətlənməyib Bakıya da gətirdi və əllidən çox nüsxəsini kitabxanalara, mütəxəssislərə payladı. Kitab 188 səhifədən ibarətdir. İlqar Qasımov və Kırımlı alim, filologiya elmlər namizədi N.S.Seymyaqyayev kitaba dəyərli ön söz yazmışlar. Hər iki müəllifin Yaqub Zəki haqqında  kifayət qədər məlumatı olsa da, çox təəssüf ki, oxucuya yetərincə bilgi verməmişlər. Bu da bir sıra suallar doğurur. Yaqub Zəki Umerov Bakıya nə üçün gəlmişdi? Nədən belə mötəbər və məsul bir iş 18 yaşlı texnikum məzununa həvalə edilmişdir? Ali və orta ixtisas məktəblərində dərslər iyun ayında bitir.  Yaqub Zəki isə dastanı yazıya aldıqda altından “Söyleyidiji: Çobanov İvan Çobanoğlu, yazıya alan: Yakub Zəki. 24.02.1935 sənə, Baku şəheri” yazıb (“Koroğlu destan”, 2009:183). Texnikumu bitirməmiş gənc Bakıya niyə gəlmişdir? Onun  Bakıda başqa elmi-pedaqoji fəaliyyəti olmuşdurmu?
Kırım tatar ədəbiyyatının biliciləri Riza Fazıl və Safter Naqayevin 2001-ci ildə Akmescitdə (Simfirapolda) çap etdirdikləri “Qrım tatar ədəbiyyatının tarixi” kitabında Yaqub Zəkinin (Kırımdakı qaynaqlarda bu söz Zəkki kimi yazılır – Ə.Ş.) 1917-ci ildə Bağçasarayın Yancı kəndində anadan olduğunu, 1935-ci ildə Bağçasaray Pedaqoji Texnikumunu bitir­di­yini, 1935-39-cu illərdə Kuybuşev rayonunda nəşr olunan “Udarnik” qəzetində işlədiyini və ilk hekayəsi olan “Qara cəkmə”ni də 1937-ci ildə bu qəzetdə çap etdirdiyini yazırlar.
1939-47-ci illərdə Sovet dəniz donanmasında xidmət edən və İkinci Dünya Müharibəsi iştirakçısı Yaqub Zəki ömrünün sonunadak bədii yaradıcılıqla məşğul olmuş, Kırım tatar ədəbiyyatına bir çox dəyərli heka­yələr qazandırmış naşir kimi tanınmış, SSRİ Yazıçılar İttifaqının üzvü olmuş və 1977-ci ildə Mariupulda vəfat etmişdir (Fazıl Riza, Naqayev Safter, 2001:432-433).
Yaqub Zəki yazıya aldığı dastanın sonunda  İ.Çobanov haqqında geniş bilgi vermişdi.  O, yazır ki, İ.Çobanov 1873-cü ilin oktyabrın 18-də Mariu­pulun Eski Qarani kəndində kasıb bir ailədə dünyaya gəlib. Atası rəh­mətə getdiyindən 4-cü sinifdə oxuyarkən təhsılini yarımçıq qoyub işləməyə başlayıb. Kırım-tatar folklorunu dərindən bilən və bu sahədə uğurlar qazanan İ.Çobanov  bir sıra Kırım-tatar dastanlarını, o cümlədən “Aşıq Qərib”i, “Xurşud bey”i, “Arzı və Qamber”i, “Kozukurpeç”i , “Alim”i və “Koroğlu”nu gözəl bilir. O, “Koroğlu” dastanını D.Papudan öyrənmişdir. D.Papu isə 30 ilə yaxın Terek çayı boyunda çobanlıq etmiş və sonra vətənə qayıtmışdır (“Koroğlu destan”, 2009:183).
N.S.Seymyaqyayev kitaba yazdığı ön sözdə  “Koroğlu” dastanının  Kırımda iki yolla yayıldığını göstəriır. Dastan Kırımdakı Osmanlı qarni­zon­larındakı əsgər və zabitlərin vasitəsilə ötürülə, yaxud da Azərbaycan­dan Qüzey Qafqazda yaşayan xalqlara, oradan da Kırım tatarlarına keçə bilərdi. O, fikrini əsaslandırmaq üçün D.Papunun Terk çayı boyunda ço­ban­lıq etdiyi dövrdə dağıstanlılarla, urumlularla, tatarlarla sıx ünsiyyətdə olduğunu yazır. N.S.Seymyaqyayevin fikirlərini hökm kimi qəbul etmək olmaz. Bu, sadəcə, folklorun yayılmasının bir necə yolundan biridir.
N.S.Seymyaqyayevə görə, Yaqub  Zəkinin Bakıda yazıya aldığı “Kor­oğ­lu” dastanı “Qrım tatar  tilinin yalı boyu şivəsinın ləhcələrindən birində olduğu” üçün  “Azərbaycan variantına daha yaxındır” (“Koroğlu destan”, 2009:28).  
Bugünkü Azərbaycan oxucusunda maraq doğura bilər ki, Kırım xanlığı 500 ilə yaxın Osmanlı dövlətinin müttəfiqi və ya vassalı olduğu halda, nədən onların dili, xüsusən  yalı boyu şivəsi Türkiyə türkcəsinə deyil, Azərbaycan türkcəsinə yaxındır? Səbəbini belə izah edə bilərik ki, Osma­nı dövləti heç zaman nəinki onunla eyni soydan olan xalqları, hətta ölkə ərazisində yaşayan fərqli dillərdə danışan başqa xalqları da dövlət dilində danışmağa və yazmağa məcbur etmirdi. Yaxud da məktəblər açmaq, həvəsləndirmək və başqa vasitələrlə assimilyasiya siyasəti yeritmir və bu haqda da düşünmürdü. Necə deyərlər, nəinki xalqlar, hətta tayfalar və kiçik etnik qruplar belə ana dilində danışmaqda və ya başqa bir dili seç­məkdə tam azad idilər. Yalı şivəsi isə oğuz-qıpçaq qrupunun qarışığından formalaşdığından Azərbaycan türkcəsinin ədəbi dil normalarına yaxın idi. N.S.Seymyaqyayevin dil, şivə, ləhcə haqqındakı fikirlərinə dilçi alimlə­ri­mi­zin münasibət bildirməsini daha münasib sayaraq onun folklorun yayılması haqqındakı fikirlərinə yenidən qayıdırıq.
 XIX-XX yüzillərdə “Koroğlu” dastanının Kırımda yaşayan türksoylu xalqlardan bir neçə variantı toplanıb yazıya alınmadığından, hətta əldə olan mövcud variantlar müqayisəli şəkildə dərindən öyrənilmədiyindən dastanlarımızın süjetinin necə yayıldığı haqqında hökm vermək doğru olmaz. Buna misal olaraq SSRİ dağıldıqdan sonra Özbəkistanda nəşr olun­muş “Göröğlı” dastanlarını göstərmək olar. Sovetlər dönəmində das­ta­nın araşdırıcıları türksoylu xalqlardan toplanıb nəşr edilmiş mətnlərdə daha çox fərqliliklərə diqqət yetirirdilər. Bizi bir-birimizə yaxınlaşdıran, eyni kökdən olduğumuzu isbatlayan faktlara, eyni mədəniyyətin daşıyıcısı olduğumuza deyil, əksinə bizi bir-birimizdən ayıra biləcək məsələlərə daha çox önəm verirdilər.
Daşkənddə 2006-cı ildə, Özbəkistan Dil və Ədəbiyyat İnstitunun direk­toru, akademik, tanınmış folklorşünas Törə Mirzəyev və Zubayda Husa­ino­vanın  Rahmatulla şair Yusuf oğludan toplayıb çap etdirdikləri “Gör­öğ­lı: özbek xalq dostonlari” dastanının mətni belə başlayır: “Bir vaqtlar Türkman eli Urqançda qarar etdi. Zamonlar ağdarilib, Urganç podşoligi barham topib, Urgançda bir podşo turadigan bölib qoldi. Undan keyin taka, yovmit, ersari, köklang türkmanlarining oqsoqollari bir joyga yığılıb, Oğalibek deganni podşo kötarib, Yovmitin ortalıq, deb Yovmitda bir qulay joyni Oğalibekke orda qılıb berib, bozor yurgizdirib qöydilar” (“Gör­­öğlı: özbek xalq dostonlari”, 2006:16). Bu kiçik parçadan və dasta­nın sonrakı hissələrindən də aydın olur ki, özbəklər arasından yayılan variantlarda da Azərbaycandan, Türkiyədən, Türkmənistan və başqa bölgələrdən toplanmış mətnlərdə olduğu kimi Koroğlu Türkmən elindəndir.
Əl Xarəzmi adına Ürgənc Dövlət Universitetinin Filoloji Tədqiqlər Mərkəzi “Xorezm dostanları. Oşiknoma” seriyasından 4 kitab nəşr etmiş­dir. 2005-08-ci illərdə həyata keçirilən bu layihənin  məsul redaktoru tanın­mış özbək folklorşünası, professor S.P.Rüzumbayovdur. Bu seriya­dan çap olunan ilk kitab “Koroğlu” dastanıdır. Xarəzm variantı da son 150 ildə Azərbaycandan toplanaraq çap edilən “Koroğlu” dastanları ilə mövzuca çox yaxındır.
Bunları sadalamaqda məqsədimiz odur ki, orta yüzilliklərdə türksoylu xalqlar arasındakı fərqliliklərin günümüzdəki qədər olmadığını oxucuları­mıza bir daha xatırladaq. Baxmayaraq ki, o dövrlərdə  nə internet, nə televizya, nə radio, nə də yüz min tirajlarla kitab nəşr edə biləcək nəşriy­yat­lar vardı. Necə deyərlər, əlaqələr zəmanəmizdəki ilə müqayisəydə çox-çox aşağı səviyyədə idi.
Müqayisəli araşdırmalardan aydın olur ki, dastanlarımızın yalnız filoloji mətnlərində deyil, musiqisində də bir yaxınlıq var. Musiqişünas Kamilə Dadaşzadə “Epik əsərlərin musiqi hermenevtikası problemlərinə dair” məqaləsində yazır: “Qeyd etmək lazımdır ki, türk musiqi təfəkkürü­nün tarixi rekonstruksiyası müasir musiqişünaslığın mürəkkəb problemlə­rindəndir. Bu son dərəcə önəmli elmi problemin həlli zamanı, zənnimizcə, ilk növbədə öz epik havalarına malik olan dastanlara əsaslanmaq lazımdır. Belə ki, Azərbaycan aşıqlarının repertuarında özünəməxsus havacata məxsus olan iki dastan mövcuddur – “Koroğlu” və  “Əsli-Kərəm”. Bu dastanların ifası zamanı digər ənənəvi aşıq havalarına yer verilsə də, musi­qi komponentinin əsasını həmin epik əsərlərə məxsus olan havalar toplusu təşkil edir”. “Sinkretik səciyyə daşıyan dastanların mürəkkəb quruluşunu eyni elmi prinsiplər (məsələn, semiotik) əsasında öyrənilməsi onların arxaik musiqi qatı haqqında da müəyyən təsəvvür yaratmağa imkan verir. Belə ki, dərin qatlarında mifoloji qaynaqların, qədim tarixi kəsimlərin izlərini qoruyub saxlayan “Koroğlu” dastanının araşdırılması maraqlı elmi nəticələr əldə etməyə imkan vermişdir. ”Koroğlu” havalarının Azərbay­can, türk, türkmən variantlarının musiqi dilinin müəyyən səviyyələrində aparılmış müqayisəli təhlili onların tarixi-genetik qohumluğunu aşkarla­mışdır. Ümumiyyətlə, qeyd olunmalıdır ki, türksoylu xalqların musiqili-epik yaradıcılığının  ən dərin semantik qatlarının öyrənilməsində, onun ko­dunun açılmasında məhz tarixi-müqayisəli təhlil aparıcı rol oynaya bilər”.
Bu dəyərli fikirləri söyləyən Kamilə Dadaşzadə görünür ki, Kırım tatar aşıqlarının söylədiyi “Koroğlu” dastanını əldə edə bilməyib. Yəqin onları əldə etsəydi, Azərbaycan, türk, türkməndən sonra oraya tatar, qaraqalpaq, noqay və başqalarını da əlavə edərdi.
Yaqub Zəkinin 75 il öncə İ.Çobanovdan topladığı “Koroğlu” dastanın­dakı şeirlərin hamısı heca vəzninin qoşma, gəraylı, divani və başqa janrların vəzn və qafiyəsində deyil. Azərbaycan xalq mahnılarında olduğu kimi misralar arasında qafiyə fərqləri var. Bəzi misralarda hecaların sayı çox, bəzisində isə azdır. Aşağıdakı bəndi buna nümunə kimi göstərə bilərik:
Eyvazım, ağlesen saa yazıxtır, yazıxdır,
Men atımı bağladığım xazıxtır, xazıxtır,
Bir xozum var, Eyvaz, saa layıxtır,
Böyle çıxtın namnı, Eyvaz, ağleme.
Aman, oğlan, ağleme (“Koroğlu destan”, 2009:64).  
Diqqəti çəkən odur ki, 6 bəndli bu şeirin 5 bəndinin hər biri 5 misra olduğu halda, 3-cü bənd 6 misralıdır. 1950-ci illərdən sonra Azərbaycanda bir çox dastan toplayıcıları söyləyicilərin misraları və bəndləri fərqli söylə­mələrini “yanlışlıq” kimi dəyərləndirərək mətnləri özləri düzənə salmışlar.
Tehranda yaşayan savəli Əli Kamalinin (1944-1996) Aşıq Əliəkbərdən topladığı “Koroğlu” dastanının qollarını kasetdən yazıya köcürərkən misralarda heca fərqlərinin çox olduğunu müşahidə etdik. Aşıqla görüşüb bizə pozuntu kimi görünən misralardakı heca fərqlərini düzəltməsini istə­dik. Aşıq bizə nöqsanlı görünən bəndləri yenidən ifa edəndə hər şeyin yerin­də olduğunu gördük (“Koroğlu” destanı, 2009:). Aydın oldu ki, bu mis­ra fərqləri musiqinin ahənginin təsirilə eyniləşir. Kırımlı söyləyicidən toplan­mış variant da belədir. Çox təəssüf ki, istər söyləyici, istərsə də topla­yıcı bizə misraları naqis görünən şeirlərin hansı saz havasında oxunduğunu qeyd etməyiblər.
Əli Kamalinin 1980-ci illərdə Mərkəzi İranda yaşayan türklərdən topladığı dastanla Yaqub Zəkinin 1935-ci ildə Kırım tatarlarından topla­dığı dastan arasında oxşar cəhətlər çoxdur. Bu, ayrıca bir mövzu oldu­ğundan sonralar ya biz bu mövzuya qayıdacağıq və ya başqa bir araşdırıcı onu incələyəcəkdir. Burada isə ötəri də olsa qeyd etmək istəyirik ki, dastanın Azərbaycandan toplanıb nəşr olunan variantlarında müxəm­məs­dən başqa qoşma, gəraylı janrında olan şeirlərdə bəndlər əsasən dörd misra­dan ibarətdir. Müqayisə etdiyimiz mətnlərdə isə qoşma və gəray­lıların bəndlərinin 5 misra olduğuna da rast gəlirik. Məs:
Mən bir Koroğluyum nece,
Ne kündüz bildim, ne gece,
Şini dünya cennet gece.
Xocardım, Eyvaz, xocardım,
Xocardım, Eyvaz, pir oldum.
(“Koroğlu destan”, 2009:172).  
Dilçilərin Kırım tatar dilinin yalı boyu şivəsi və ya ləhcəsi adlan­dırdıqları ləhcə Azərbaycan ədəbi dilinə yaxındır. Son onilliklərdə ədəbi dillərimiz arasında fərq süni surətdə artırılmışdır. Buna görə də Yaqub Zəkinin topladığı mətndəki bəzi sözləri bugünkü Kırım tatar oxucusu ay­dın başa düşmür. Kitabı çapa hazırlayan İlqar Qasımov oxucunu çətin vəziy­yətdə qoymamaq üçün sol səhifədə mətni Yaqub Zəkinin yazıya aldığı kimi latın əlifbası ilə, sağ səhifədə isə kiril əlifbası ilə verib.
İlqar Qasımovun kitaba yazdığı önsözdə diqqətə çəkən bir məqam da var. Qaynaqlara dayanan araşdırıcı Koroğlunun gəncliyində adının Uşan olduğu qənaətinə gəlir. (“Koroğlu destan”, 2009:16). 1930-cu illərdə Azər­bay­canda Aşıq Əsəddən toplanmış və AMİA Folklor İnstitunun elmi arxivində 715(b) invertar qeydilə saxlanan bir variantda da qəhramanın adı Rövşən, Roşan deyil Urşan kimi qeyd edilmişdir. İlqar Qasımova görə Uşan farsca olan roşan-işıq, nur sözündən deyil türkcə uruşkan-vuruşqan  sözündəndir. Koroğlu, Göroğlu da korun oğlu, -kördan, qəbirdən  doğul­muş anlamında değil kür, kur, kurma, kuran, kurum sözündəndir. Bu sözlirın də mənası sədd, sərhədd, divar, qala deməkdir. Qihramana bu ad Çənlibeldə özünə məskan saldıqdan, qala qurduqdan sonra bu ad verilib. (“Koroğlu destan”, 2009:18).  
Araşdırıcının bu mülahizələrini daha da dərinləşdirməklə koroğlu­şunas­lığımıza zənginləşdirmək olar.
İlqar Qasımovun Kırımda çap etdirdiyi “Koroglu destan” kitabı bir daha onu göstərir ki, koroğluşünaslıqda hələ görülməli çox iş var.
 
QAYNAQLAR
1. Dadaşzadə Kamilə. “Epik əsərlərin musiqi hermenevtikası problemlərinə dair”. Bakı.
2. K.Marks və F.Engels. (1968). Kommunist partiyasının manifesti. “Azərnəşr”. Bakı,
3. Koroğlu.(2005)Mətni hazırlayıb tərtib edənlər: İsrafil Abbaslı, Bəhlul Abdulla. Lider nəşriyyatı. Bakı.
4.Koroğlu destan. Kyoroğlu dectan (Tərtib edən və nəşrə hazırlayan İlqar Əliqulu oğlu Kasımov (Qasımov)). (2009). “Qrımdevoquvpedneşir” nəşriyatı. Simferpol.
5. Koroğlu(Vəli Xuluflu nəşri). (1999). “Elm” nəşriyyatı. Bakı.
6. Koroğlu dastanı (Nəşrə hazırlayan Əli Şamil). (2009). “Səda” nəşriyyatı. Bakı.
7. Göröğlı: özbek xalq dostonlari (Naşrga tayyorlovçilar: Törə Mirzəyev və Zubayda Hu­sainova). (2006). “Şarq” naşryot-mattbaa aksiyadorlik kompaniyai boş taşririyati. Toşkend.
8. Qasımov Cəlal. (2003). Məhbus tərcümeyi-halı. “Səda” nəşriyyatı. Bakı.
9. Oşikname(Nəşrin tərtibçiləri: S.R.Rüzumboyev, A.Ahmedov, S.S.Rüzimboyev). (2005). I kitab, “Xorezm” neşriyatı. Urqanç,
10. Fazıl Riza, Naqayev Safter.(2001) Qrım tatar edebiyatının tarixi. Qısqa bir nazar, “Qrımdevoquvpedneşir” nəşriyatı, Aqmescit (Simferpol).
Çap olundu Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər(2009) “Nurlan” nəşriyyatı, 29 cild, səh.147-154
Məqalədə yanliş olaraq başqa Zəki Yaqubu Mustafayev Zəki Yaqubun kimi təqdim etmişəm! 
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol