İKİNCİ MİRZƏ CƏLİL
M . S. Ordubadi “Böyük ədiblə görüşlərim” xatirələrində yazmışdı: “XIX əsrin axırlarında... Naxçıvan ölkəsində tərəqqipərvər bir ziyalı təbəqəsi əmələ gəlirdi. Bu təbəqəyə...iki nəfər də Mirzə Cəlil adında tərəqqipərvər, gözüaçıq şəxsiyyət daxil idi.
Mirzə Cəlillərdən birisi Mirzə Cəlil Məmmədquluzadə, ikincisi də onun yaxın dostu, müəllim Mirzə Cəlil idi ki, Naxçıvan xalqı arasında Şürbi Mirzə Cəlil adı ilə məşhurdur. İkinci Mirzə Cəlil rus dili müəllimidir. O, daim şərab içib, şəhvət və bidətlərin inkişafına çalışan qarınqulu ruhaniləri, əmlakının gəlirini meyxanələrdə xərcləyən mülkədar, bəyləri, xanlrı, ikiüzlü, yaltaq ziyalıları tənqid etdiyi üçün adını Şürbi Mirzə Cəlil qoymuşdur.
Mən böyük ədibimiz Mirzə Cəlil Məmmədquluzadə ilə birinci dəfə Şürbi Mirzə Cəlil vasitəsi ilə tanış oldum. ...O, çox gözəl tar çalır və oxuyurdu...”
Ordubadinin xatırladığı Mirzə Cəlil Şürbi Cəlil Məmmədquluzadənin sadəcə olaraq dostu və müasiri deyildir. O, molla nəsrəddinçilərlə eyni cəbhədə dayanan, jurnalla əməkdaşlıq edən müəlliflərdən idi. Bunu “Molla Nəsrəddin” jurnalında redaktor köməkçisi işləmiş Məmmədəli Sidqinin məktubunda da aydın görmək olar. M. Sidqi Şürbiyə yazırdı: “Əzizim Mirzə! Dünən sizin kağızınızı aldım Nə qədər şad olduğumu Allah bilir. Əvvəl başdan onu deyim ki, sizin bu qədər müddətdə məktub yazmağınız məni nəhayət nigaran buraxmışdır... Hələ Mirzə Cəlil də gəlməyib, kənddədir, damağın olsa, bir məqalə yaz “Molla Nəsrəddinə!”.
“Molla Nəsrəddin” ədəbi məktəbinə daxil olan Mirzə Cəlil Şürbinin haqqında geniş tədqiqat aparılmışdır. Jurnalın 80 illik yubileyində Naxçıvanın ziyalı oğlu Mirzə Cəlil Şürbini xatırlamaq, onun barəsində oxuculara məlumat vermək arzusu ilə Əli Mirzəyevlə görüşdük. M. C. Şürbinin oğlu Ə. Mirzəyev 1935- ci ildən 1980- ci ilədək “Şərq qapısı”, “Sovet Naxçıvanı” qəzetində müxbir, məsul katib, redaktor müavini, redaktor vəzifələrində işləyib, fərdi təqaüdə çıxmışdır.
XIX əsrin sonu, XX əsrin əvəllərində yaşamış, Naxçıvanın ictimai-mədəni həyatında fəal iştirak etmiş Mirzə Cəlil Şürbi haqqında xatirələrini danışmağı xahiş etdikdə Əli Mirzəyev dedi:
-Atam vəfat edəndə mən uşaq olmuşam. Ona görə də çox şeyi xatırlaya bilmirəm. Atam haqqında mən anamdan və başqa qohumlarımdan eşitmişəm. Mənsur Sultanovda bir şeir dəftəri var idi. O dəftərdə atamın da şeirləri yazılmışdı. Mənsurun oğlu Əbülqasımla görüşsəniz o sizə kömək edər.
- Əli müəllim, Cəlil Məmmədquluzdənin anadan olmasının 100 illiyi ərəfəsində “C. Məmmədquluzadənin naxçıvanlı müasirləri” adlı bir kitab nəşr olunmuşdur. Bu kitabda atanız haqqında da məqalə dərc edilmişdir. Sonra kitab haqqında rəydə deyilirdi ki, atanızın şəkli səhv verilib. Buna sizin münasibətiniz necədi – deyə xəbər aldıqda Ə. Mirzəyev dedi:
-Atamı xatırlaya bilmədiyimdən şəklinin düzmü, səhvmi verildiyini də deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, atam Zülfüqar Hacıbəyovla yaxın dost olmuşdur. Onlar bizə tez-tez gələrdilər. Eşitdiyimə görə ya Zülfüqar Hacıbəyovun, ya da ki, Niyazinin arxicvində atamın şəkli var. Lakin Bakıya gedib bu məsələni dəqiqləşdirə bilmədim.
Mirzə Cəlil Şürbinin şeirləri yazılmış dəftərlə tanış olmaq həvəsi ilə Əbülqasım Sultanovla görüşdük. Səliqə ilə qorunub saxlanmış qəhvəyi rəngli meşin cildli dəftərçəni stolun üstünə qoydu. Təxminən 100-120 səhifəsi olan dəftər səliqə ilə yazılıb doldurulmuşdur. Söhbətdən aydın oldu ki, bu dəftər Mənsur Sultanovun atası Mirzə Əbülqasım Sultanovun qeyd dəftəridir. Dəftərin əvvəlində Mirzə Əbülqasım Sultanov rus dilində səliqəli xətlə öz tərcümeyi-halını yazmış, sonra isə ərəb əlifbası ilə tarixə, inqilabi hərəkata dair qeydlər və eləcə də müxtəlif şairlərdən seçmə şeirlər köçürmüşdür. Dəftərdə Şürbinin 6 şeiri vardır. Qori müəllimlər seminariyasında Cəlil Məmmədquluzadə ilə eyni vaxtda oxumuş Əbülqasım Sultanovun dəftəri səliqə ilə qorunub bu günədək saxlanmışdır.
Söhbət zamanı Mirzə Əbülqasımın nəvəsi Ə. Sultanov bildirdi ki, bu dəftərdəki ərəb əlifbası ilə yazılmış şeirləri filologiya elmləri namizədi İsa Həbibov müasir əlifbamıza çevirmişdir.
İsa Həbibovla yaradıcılıq “laboratoriya”sında görüşdük. Zənginliyi ilə heyrət doğuran bu laboratoriyada XIX əsrin ikinci və XX əsrin birinci yarısı ilə bağlı, xüsusən Cəlil Məmmədquluzadə və Naxçıvan mühitinə dair çoxlu sənədlərin, xatirələrin, foto-şəkillərin sürətləri var.. Tədqiqatçı alim ölkəmizin müxtəlif arxivlərində çalışaraq Naxçıvan mühitinə dair geniş material toplamışdır. Mirzə Cəlil Şürbi ilə maraqlandığımızı bildirdikdə:
-Bir az mənə vaxt verin Şürbiyə aid sənədləri gətirim, sənədlərin dili ilə danışaq, - dedi. 10-15 dəqiqə sonra stolun üstündə böyük bir qovluq var idi. Bu qovluqda Mirzə Cəlil Şürbiyə dair sənədlər toplanmışdır. İ. Həbibov sənədləri ötəri nəzərdən keçirərək dedi:
-C. Məmmədquluzadənin müasirlərindən olan Cəlil Mirzəyev ziyalılar arasında Şürbi təxəllüslü şair kimi tanınmışdır. Aşiqanə qəzəlləri, maarifçi şeirləri, məktub, məqalə və tərcümələri onun məktub və ədəbiyyat sahəsində özünəməxsus unudulmaz xidmətlər göstərdiyini qabarıq şəkildə nəzərə çarpdırır. Keçən əsrin 90- cı illərindən etibarən o 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Naxçıvan teatrında həvəskar aktyor kimi də çalışmışdır. Nümunəvi xalq müəllimi, rus ədəbiyyatının tərcümə və təbliğ olunmasında xeyli əmək sərf etmiş, ateist görüşləri ilə seçilmiş ziyalı kimi tanınmışdır.
Bütün bunlara görə müxtəlif illərdə Ə. Sultanlı, A. Zamanov, R.Nəcəfov, İ. Maqsudov, M. Nəsirli və başqaları bu maarifçi ziyalının həyatından və çoxcəhətli fəaliyyətindən bəhs etmişlər. Lakin Şürbinin ömür və sənətkarlıq yolu indiyədək sistemli şəkildə öyrənilməmiş, onun tərcümeyi-halındakı faktlar dəqiqləşdirilməmiş, bunun başlıca səbəbi Cəlil Mirzəyevin həyatı, xatirə materialları əsasında işıqlandırılmasından tutarlı arxiv sənədlərinə istinad olunmamasından irəli gəlmişdir. Halbuki Azərbaycan SSR EA Əlyazmalar İnstitutunun fondunda və ermənistan SSR Mərkəzi Dövlət Tarix Arxivində “Şərqi rus”, “İrşad” qəzetlərinin səhifələrində Şürbi ilə bağlı çoxlu materiallar mövcuddur.
Axtarışlar nəticəsində Şürbinin 16 şeirini, bir tərcüməsini, 3 məktubunu, 2 məqaləsini və müəllimlik fəaliyyətinə dair şəxsi işini əldə etmişik. Aydın olmuşdur ki, Şürbi heç də indiyədək yazıldığı kimi 1865-1866- cı illərdə deyil, 1874- cü ildə anadan olmuş, Qori müəllimlər seminariyasında yox, İrəvan müəllimlər seminariyasında təhsil almış, Naxçıvan, Nehrəm, Şahbuz və Vənənd məktəblərində müəllimlik etmişdir. O, C. Məmmədquluzadə, Ə. Sultanov, M. S. Səfərov, Ə. Süleymanov kimi yazıçı və müəllimlərlə dostluq etmiş, sıx əlaqə saxlamışdır. Şeir və məqalələrində maarifçilik ideyalarını təbliğ etmişdir. Cəlil Mirzəyev 1915- ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Naxçıvanın iknci Mirzə Cəlili, Şürbi təxəllüslü şair mətbuatımızın, teatrımızın, maarifimizin sıravi döyüşçüsü, açıq fikirli, istedadlı bir maarifçi olmuşdur. Onun bədii yaradıcılığı, pedaqoji fəaliyyəti, aktyorluğu hələ də geniş öyrənilməmişdir. Arzu edərdik ki, tədqiqatçılarımız bu sahəyə də diqqət yetirsinlər.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzeti,
1986- cı il, 27 dekabr, sayı 297. |