Usuf gəldiyini kafır nə bildi,

USUF GƏLDİYİNİ KAFİR NƏ BİLDİ?

 

 Doğulub boya-başa çatdığım Göyçə mahalı (1) aşıqlar diyarı kimi tanınır. Burada yalnız toyda, düyündə deyil, üç-beş kişinin toplaşdığı bir məclisdə də söhbət, əsasən, ya aşıqlardan olar, ya da qaçaqlardan. Kiçik Qafqaz dağlarının çevrələdiyi Göyçə mahalı Güney Qafqazın coğrafi anlamda mərkəzini xatırladır. Qaçaqların daldalanması və mübarizə aparması üçün bu yerlər təbii qalanı xa-tırladır. Həm də qaçaqlar buradan asanlıqla Kür boyu tuqay meşə-lərinə, oradan Böyük Qafqaz dağlarına, Qarabağ düzlərinə, eləcə də İrana, Türkiyəyə çəkilə bilirlərmiş. Qışda havası yumşaq Mu-ğanda, Mildə, Qarabağda, Kür boyunda daldalanan qaçaqlar yazdan payızadək Göyçə dağlarında at oynadarlarmış. Qaçaq Nəbi (1854-12.3.1896), Qandal Nağı (1870-1917), Qaçaq Kərəm (1860-1909), Dəli Alı (1887-1917) və b. qaçaqlar haqqında söhbətləri, şerləri və onları tanıyanların xatirələrini dinləyə-dinləyə böyümüş-düm. Universitetdə oxuyanda (1968-73) kitabxanalarda, arxivlərdə köhnə kitabları, qəzet və jurnalları, sənədləri də oxumağa həvəs göstərirdim. Salman Mümtazın (2) «El şairləri» kitabında «Öysüzlü Qaçaq Yusifin dastanından» (3) başlığı altında verilmiş şer məni düşünməyə vadar etdi. Şeri köçürdüm.

Nahaq yerə bizi yazdılar qaçaq,

Dağların başında biz olduq naçaq,

Ad mənim adlanır, yoldaşım qoçaq,

Yoxdur mənim bir imdadım, ağlaram.

 

Qismət buydu bizə, dağlarda gəzək,

Zülümkar divana ərzələr yazaq,

Bir iyidə insafdımı yüz kazaq

Yoxdu mənim bir imdadım, ağlaram.

 

Biz də endik dağdan, getdik Öysüzə, (4)

Quzu kəsib hörmət etdilər bizə,

Çuğul getdi Hamasada (5) kinyaza

Yoxdu mənim bir imdadım, ağlaram.

Öysüzün ətrafı çayırdı, çöldü,

Usuf gəldiyini kafır nə bildi,

Aslan qardaş getdi, yoldaşım öldü.

Yoxdu mənim bir imdadım, ağlaram.

Öysüzlü Qaçaq Yusif haqqında heç nə bilmirdim. Azərbaycanda yayınlanan kitablarda, qəzet və dərgilərdə də bu haqda bir bilgi yox idi. Folklor tarix araşdırıcıları olan müəllimlərimiz də bu haqda əla-və bir bilgi verə bilmədiklərindən axtarış həvəsinə düşdüm.

Axtarış üçün ən önəmli olan iki şey vardı. Birincisi qaçağın adı, ikincisi onun yeri-yurdu. Elə bir çətinlik çəkmədən Öysüzün Ama-siya rayonunda kənd olduğunu öyrəndim. Amasiyadan tanıdığım tələbə dostlarımın və məşhur aşıqların da qaçaq Yusif haqqında elə bir bilgiləri yox idi. Maddi vəziyyətim də imkan vermirdi gedib Amasiyada axtarış aparım.

Universiteti bitirib Naxçıvanda işləməyə getdim. Amma Qaçaq Yusif mövzusunu da unutmadım. 1978-ci ildə tələbə dostum Ramiz Əsgər Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib bizə gəldi. Birlikdə onlara getməli olduq. Ramizin doğulduğu Qaraçanta (6) kəndi də Amasiya rayonuna daxil idi. Türkiyə ilə sərhəddə yerləşdiyindən buraya gediş-gəliş əngəllənirdi. Kənar şəxslərin oraya getməsi üçün icazə sənədi olmalıydı. Bizim rəsmi gediş sənədimiz olmasa da məmurlarla dil tapıb Qaraçantaya gedə bildik.

Amasiya rayonu rəsmi sənədlərdə bir inzibati vahid sayılsa da iki yerə bölünürdü. Arpa gölünün sahillərində, Ağbaba dağının ətrafında olan kəndlərə Ağbaba, Güney bölgəsinə isə Şüröyül deyilirdi. Bu yerlərdə yaşayanların əksəriyyəti türklər idi. Qara-çanta Şüröyüldə, Öysüz isə Ağbabadaydı.

Qaçaq Yusiflə bağlı şe’ləri, söhbətləri toplamaq istədiyimi biləndə Ramizin atası Baxşəli (7) müəllim babasından eşitdiklərini belə xatırladı: «Usuf bizim kəndə də gəlif. Qurvan Haxverdi oğlu-nun qonağı oluf. Necə olufsa, həyətdə söhbət eliyəndəmi, gəzi-nəndəmi tüfəngi üzünə götürüf Məmməd İsgəndər oğlunun xoru-zunu vurur. Məmməd kişi də deyir: «Qaçağa bax, qaçağa! Xoruz vurur».

Usuf çıxarır, xoruz sahibinə üç qızıl verib deyir: «Özümü sına-yırdım, görüm düz vura bilirəmmi! Sonra da mərc gəlib yoldaşının ovcundakı pulu güllə ilə vurur. Qaraçantalı Hacı Mustafa var-dövl-ətini, zinyət əşyalarını Usuf əlindən alacağından qorxurmuş. Qızıllarını gizlətsə də öz-özünə deyirmiş «nal, mıx, Usuf! Nal, mıx, Usuf».

Söhbət zamanı Baxşəli müəllimin böyük qardaşı, rayon qəzetinin redaktoru Kərim (8) müəllimin də Yusiflə bağlı araş-dırmalar apardığını öyrəndik. Onunla görüşdük. Kərim Əsgərov Qaçaq Yusifin həyatından bəhs edən sənədli povest yazmaq istə-diyini, ona görə də xeyli şer və rəvayət topladığını söylədi. Hətta topladığı şerlərdən «Ağlaram», «Qalsın», «Al, geri qayıt» rədifli qoşmaların üzünü köçürüb mənə verdi. Şerlərin nə vaxt, harada, kimdən köçürüldüyü haqda heç bir bilgi yox idi. Yəni pasport-suzdu. Bu da mənim işimə yaramırdı. Amma işimə yarayanlar da oldu. Dəli Usuf, Qaçaq Usuf adı ilə məşhurlaşan igidin Öysüzdən deyil, qonşu Göllü kəndindən olduğunu öyrəndim. Atasına Hacı Alı oğlu Məhəmməd deyərmişlər. Yusif uca boylu, sarıyanız, ol-duqca cəld və çevikmiş. Kərim müəllimin hesablamasına görə təxminən 1870-ci illərdə doğulub. Öysüz kəndi ətrafında döyüşdə yaralanaraq ölüb. Buna görə də yanlışlıqdan «Öysüzlü Yusif» yazıblar.

Topladığım bilgiləri Azərbaycan radiosunda hər bazar günü efirə çıxan «Bulaq» verilişində danışdım. Elə bir əks-sədaya rast gəlmədim. Üstündən iki-üç il keçəndən sonra yenidən Qaraçantaya getdim. Bir həftəyədək orada qaldım. Ağbabanın kəndlərini gəz-dim. Qaçaq Yusif haqqında bilgisi olanlarla görüşdüm. Göllü kənd qəbristanlığında Yusifin və atası Məhəmmədin qəbirləri üstündə ruhlarına Fatihə oxudum. Ellər kəndindən olan Aşıq İskəndər Ağbabalıdan (Gülməmmədov) (9) Qaçaq Yusiflə bağlı iki dastan – rəvayət topladım. Aşıq bunlardan birini «Qaçaq Usufun Kars Səfəri», o birisini isə «Dəli Usufun Pənbək səfəri» adlandırmışdı.

Aşıq İskəndərə: «Bu dastan-rəvayətləri hansı aşıqdan, hansı ustaddan öyrənibsən?» sualı ilə müraciət etdikdə: «Yalançı Allahın düşmanıdı. Uşaqlıqda ondan-bundan eşitdiyim söhbətlərə, bir-iki şerə bir az da mən əlavə edib danışmışam. Camaatın da xoşuna gə-lib», – cavabını aldım.

Aşıq İskəndərin özünün əlavə etdikləri hansıdır, öncədən olanlar hansı? Bu suala aşıq nədənsə aydınlıq gətirmədi. Bir onu söylədi ki, Qaçaq Yusif haqqında ilk şer qoşanlardan biri Ellərli Qasım əfəndinin oğlu Heydər Xoca olub. Sənin kitabdan köçürdüyün şer də Heydər Xocanındır. Özü də şer dörd bənd yox, beş bənd olub. Kitaba düşməyən bənd belədir:

Saat üç oldu, dava quruldu,

Axdı qanım daşlar üstə duruldu,

Əzəlbaşdan Allahyarım vuruldu,

Yoxdu mənim bir imdadım, ağlaram.

Aşıq İskəndərin söylədiyi qoşmanı Salman Mümtazın çap etdir-diyi ilə tutuşdurdum. Fərq olduqca az idi.

Kərim müəllim də, görünür, povest yazmaq fikrindən daşın-mışdı. Mənə iki şagird dəftəri verdi. Bu dəftərlərin birində misrası, vəzni, qafiyəsi pozuq doqquz şer vardı. Yazılma tarixi göstərilməsə də, təxminən 1960-cı illərdən sonra qələmə alındığı aydın olurdu. Şeirlər kimdən toplanıb, gəncliyində özü də şerlər qoşan Kərim müəllim özü hansı dəyişikliyi aparıb, yoxsa yazıb? – bu suallara cavab vermək çətindir.

İkinci dəftəri daha mötəbər qaynaq saymaq olar. Yazısından aydın görünür ki, hələ Azərbaycanda işlədilən kiril əlifbasında ə, ё, ö işlədilən vaxt – yə’ni 1959-cu ildən öncə qələmə alınıb. Dəftərin özündəki «1378-ci il» qeydini hicri tarixindən miladiyə çevirəndə 1957-ci ilə uyğun gəlir. Bu da dəftərin yazılma tarixinə düşür. Kərim müəllimə Qaçaq Yusif haqda bilgi verən isə Öysüzlü yüz yaşlı Bayram Əziz oğlu Hüseynov olub. Bayram kişi hadisələrin canlı şahidi imiş. Özü də Yusifgilin ailəsi ilə yaxın olduğundan bir çox məsələləri təfsilatı ilə bilirmiş.

Bayram kişinin söylədiyinə görə, Göllülü (10) Hacı Alı oğlu Məhəmmədin Omar, Osman və Usuf adlı üç oğlu olub. Usuf son-beşikmiş. Özü də uşaqlıqdan bərk at minmək həvəskarı, atıb-vurmaq aşiqiymiş. Nişan almaqda, güllə ilə nişan vurmaqda yaşıd-larından seçilirmiş.

Aşıq İskəndərin söylədiyi «Qaçaq Usufun Kars səfəri» dastan-rəvayəti ilə Bayram Əziz oğlunun söylədikləri üst-üstə düşür: Usuf Təpəgöydən (11) Mirzə kişinin oğlu Musaynan dostuymuş. Usufun arvadının da Mirzə kişiyə bir az qohumluğu çatırmış. Bir gün Usuf Musagilə gəlir. Musa evdə olmur. Amma arvadı Mədinə onu hör-mətlə qarşılayır. Evə dəvət edir. Qaynı İrvahamın da dalınca adam göndərir. İrvaham da gəlib Usufnan çay-çörək yeyir, söhbət edir, sonra da onu hörmətlə yola salır.

Axşam Musa gələndə Mədinə Usufun gəldiyini söyləyir. Bu iş Musanın xoşuna gəlmir. Arvadından şübhələnir. Atasını və qardaş-larını çağırıb məsləhətləşdikdən sonra Mədinəni bərk döyür. O vaxtdan Mədinənin gününü göy əskiyə bükürlər. Göz verirlər, işıq vermirlər. Mədinə görür bunlar sakitləşmək bilmir, Usufa xəbər göndərib başına gələnləri ona bildirir.

Usuf da atını minib gəlir Mirzə kişinin qapısına. Atdan düşmədən Mirzə kişini qapıya çağırtdırıb deyir:

– Ay Mirzə dayı, bu nə işdi siz eləyifsiniz? Adam da heç kəsdiyi duz-çörəyi ayaxlayarmı?! Dostluğu düşmənçiliyə çevirərmi?! Gəlinin təmiz adını ləkələyərmi?!

Mirzə kişi Usufa ağır cavab qaytarır. Mədinə də son vaxtlar ba-şına gətirilənləri Usufa deyir. Bundan qəzəblənən Usuf elə Mirzənin yanındaca Mədinəni alıb qoyur atın tərkinə. Atı da sürür Bavrada (12) bığlı Osebgilə. Mirzə kişi Amasiya pristavı Paşalova şikayət edir. Pristav Göllüyə gəlib kəndin arvadlarını bir yerə top-luyur. Bir-bir üzdərini açıb baxırlarmış görsünnər Mədinə hansıdı. Usufun atası pristava hirslənir, onu ölümnən hədəliyir. Deyir: «Naməhrəm kişinin arvadlarımızın üzünə baxmağa haqqı yoxdu. Usuf  Mədinəni Bavraya bığlı Osebgilə aparıb. Bacarırsan get tut».

Bundan sonra Paşalov (13) geri qayıdır.

Mirzə kişi Yusiflə açıq döyüşdə qisas ala bilməyəcəyini görüb kələyə əl atır. Pristava rüşvət verib Omarı Amasiyaya gətirdir. Atası Məhəmməd Omara ehtiyatlı olmağı tapşıranda o: «Əşi, Kosa Mirzədənmi qorxacam?» – deyir.

Omarı Amasiyada şər qarışanədək yubadırlar. Geri dönəndə Alı koxa Omara deyir: «Eşitmişəm Mirzə səni öldürtmək istəyir. Gəl Düzkənd (14) yolu ilə gedək.» Onun bu təklifinə Omar razı olmur. Kəsə yolla – Təpəköy yolu ilə gəlir. Yolda Omar tanışı Şərifə rast gəlir. Onu atının tərkinə alır. Şərif də ona ehtiyatlı olmağı məsləhət görəndə Omar hirslənir, deyir: «Qorxursan düş piyada get!» Şərif də atdan düşüb piyada gedir. Omar Təpəköyə çatmamış bir təpənin yanında pusquya düşür. Mirzə kişi Amasiyada xəncər, qılınc dü-zəldib satan üç ləzgini də pulnan ələ alıbmış. Üç ləzgi, bir də Mirzənin uşaqları İbrahim, Osman, Musa Omarı öldürmək istə-yirlər. Omar qamçı ilə İbrahimi üzündən yaralasa da, onu öldü-rürlər. Omarın atı Göllüyə gəlib çıxır. Məhəmməd kişi Omarın ölüm xəbərini Yusifə göndərir. Omarın dilindən deyilmiş beş bənd-li şerin birinci bəndinin bir, ikinci bəndinin üç misrası qalıb. Nisbətən bütöv qalmış bəndlər aşağıdakılardır:

Zalım düşmən gəlib kəsdi yolumu,

Aynalı açılıb qırdı qolumu,

Öz-özümə fərz eylədim ölümü,

Aman qardaş, bir yamana uğradım.

 

Fələk vurğunuydum, ağrıdı başım,

İndən belə tərsə düşübdü işim.

Yanımda olaydı Usuf qardaşım,

Aman qardaş, bir yamana uğradım.

 

Omar deyərlər mənim adıma,

Çağırdım Allahı yetməz dadıma.

Onda düşdü Usuf qardaş yadıma,

Aman qardaş, bir yamana uğradım.

Aradan xeyli keçəndən sonra bir gün Yusif qaçaq yoldaşı Allah-verdi ilə uryadnik paltarında gəlir Mirzə kişinin qapısına. Mirzə ki-şinin arvadından Musanın, İbrahimin, Osmanın yerini xəbər alır. Anaları onnarın yerini demir. Belə olanda Yusifgil gedib Gay Süleymanı gətirirlər. Gay Süleyman rusca bilirmiş. Gay Süleyman Mirzə kişinin arvadına deyir: «Bunlar Karsdan (15) gəliblər. Höku-mət adamlarıdır. Oğlanlarını Karsdan istəyirlər.» Arvad da deyir: «Oğlannarım Omar öləndə ot biçirlər.»

Yusifgil atlarını sürür ora. İbrahim Amasiyaya, Mirzə kişi də-yirmana gedibmiş. Musa Yusifi aralıdan görən kimi tanıyır. Qaçıb gizlənmək istəyir. Mümkün olmur. Yusif onu güllə ilə vurur və papağını da götürüb gətirib anasına verir.

Aşıq İskəndər variantında bu hissə xeyli bədiiləşdirilib. Guya Yusif Musanın başını kəsib bir parçaya bükür. Gətirib anasına verəndə deyir: «Qarpızdı, Mirzə kişi gələndə kəsib yesin. Ürəyi sərinləsin.»

Kərim müəllimin verdiyi birinci dəftərin hadisələr təsvir edilən hissəsində şer yoxdu. Hətta bu yerdə şer söyləndiyinə işarə belə yoxdur. İkinci dəftərdə isə ilk üç şer Yusifin dilindən söylənilir. Dastan-rəvayətdəki şe’rlər məzmunca eyni olsa da, ayrı-ayrı şəxslər tərəfindən qoşulduğu aydın görünür.

Məsələn, dastan-rəvayətdə şerin ilk bəndi belədir:

Omarın adını qaldır o yerdən,

İndi ora Musaölən desinnər.

Mərd iyiddər gəlif keçəndə hərdən,

İndi ora Musaölən desinnər.

Kərim müəllimin variantında isə şerin son bəndində deyilir:

Qaçaq Yusif Təpəkəndə gələndə,

Dedilər ki, Musa Omar öləndə

Biçin biçir, onnarı ki, görəndə

Damarım quruyub qanım ağladı.

Yusifin Dağıstana getməsi, qardaşı Omarın qatillərini tapıb öldürməsi haqqında rəvayətdə də bir neçə şer var.

Diqqəti çəkən odur ki, Yusif Dağıstandan gələndən sonra Zur-zunada (16) Aşıq Şenliyin (17) məclisində olur. Aşıq qaçaqlar üçün çalıb-oxuyanda hökumət adamları məclisi mühasirəyə alırlar. Qaçaqlar döyüşə-döyüşə mühasirəni yarıb çıxırlar. Aşıq Şenlik hö-kumət adamlarının əlinə keçir. Onu hədələyib deyirlər: «Qaçaqları saxladığınız bəs deyil, hələ onların şəninə mahnı da oxuyursunuz?» Kərim müəllim bu yerdə mötərizə açıb yazıb: «Aşıq Şenniyin qaçaqlara Zurzunada qoşduğu mahnılar».

Yusifin Mədinəni aparandan sonra başlanan qaçaq ömrünün ən çox xatırlanan əhvalatlarından biri “Karsa səfər»idir.

Karsa patron almağa gedən Yusif Bayrampaşa məhləsindəki dostu Əhmədin evində qonaq qalır. Geri dönəndə çuğul qubernata Yusifin Karsa gəldiyini xəbər verir.

Qubernat milliyyətcə çərkəz* olan, igidliyi, qorxmazlığı ilə ad çıxarmış uryadnik Əbdül Məcidi** yanına çağırıb ona Qaçaq Yusifi həbs etməyi tapşırır. Əbdül Məcid iki silahlı əsgər də gö-türüb Yusifin arxasınca gedir. Qaradağda (18) Məzrə yaxınlığında onlar Yusifə çatırlar. Üzdən tanımadıqları üçün ondan sənəd istə-yirlər. Qaçaq Yusif isə özünü danır. Gümrülü  (19) stracnik*** Yusif olduğunu, Karsa okruqdan**** məktub gətirdiyini söyləyir. Sənəd əvəzinə bir 25-lik pul çıxarıb verir. Əl çəkmədiklərini görüb bir yüzlük də verir. Əbdül Məcid pulu almır. Yusifi zorla Karsa aparmaq istəyir. Yusif də əl atır tüfəngə. Üçünü də öldürür. Atlarını və tüfənglərini alıb çəkilir dağlara.

Bu mövzu da şerə çevrilmişdir. Lakin əldə olan şerlər            bir-birindən fərqlidir. Yalnız bəndin sonundakı misra – «Bir bazar xərcliyi al, geri qayıt!» misrası eynidir.

Nümunə üçün Aşıq İskəndərdən topladığımız şerdən üç bəndi aşağıda veririk:

   Aldı  Usuf:

Özünkü islamsan, din qardaşımsan,

Bir bazar xərcliyi al, geri qayıt.

Məni tanımırsan, yəqin naşısan,

Bir bazar xərcliyi al, geri qayıt.

  Aldı Hasan:

Çox da laf eyləmə, bu qədər yetər,

 Bu sevdadan geri dönmək olarmı?!

Eşitsə qubernat gülləyə tutar.

Bu sevdadan geri dönmək olarmı?!

Aldı  Usuf:

Qubernat sözünü tulla kənara,

Başar ki, özünə yaxşılıx ara.

Anana, bacına geydirrəm qara,

Bir bazar xərcliyi al, geri qayıt.

---------------------------

* Bə’zi variantlarda ləzgi kimi qeyd edilir.

** Aşıq İskəndər variantında bu ad Hasan kimi qeyd edilir.

*** Stracnik – kiçik polis nəfəri, qoruqçu, nəzarətçi.

**** Okruq – dairə, inzibati-ərazi bölgüsü.

 

 

 

  Aldı  Hasan:

Eşitsə qubernat dalınca gələr,

Tüfəngin süngüsü bağrını dələr,

Ana, bacın cəsədin üstə mələr,

Bu sevdadan geri dönmək olarmı?!

  Aldı  Usuf:

Mən Usufam, eşitmişəm adını,

Yaxşı billəm qubernatın zatını,

Səni öldürrəm, allam atını,

Bir bazar xərcliyi al, geri qayıt.

  Aldı Hasan:

Çərkəzəm, adıma Hasan deyəllər,

Düşmənin başını kəsən deyəllər,

İndi görək kimə «əhsən» deyəllər,

Bu sevdadan geri dönmək olarmı?!

Kərim Əsgərovun hesablamasına görə, Qaçaq Yusifin Kars yaxınlığındakı Qaradağda uryadniki öldürməsi 1895-ci ildə olub. Bundan qəzəblənən qubernat hər yerə teleqram vurub ki, Qaçaq Yusifi tutsunlar. Hətta bu işə yerli camaatı da cəlb edib. Göllü kəndindən Abdulla və Alı koxaya da tüfəng, pul verib Yusifin üs-tünə göndərib. Qubernatdan vəzifə, mükafat almaq eşqi ilə qaçaq-ların üstünə gedənlər peşman olurlar. Qaraxaçda (20) gedən bir döyüşdə Qaçaq Yusif çoxlarını öldürür və ya yaralayır. Mühasirəni yarıb Lori (21) meşələrinə çəkilir.

Bu hadisəni əks etdirən şerin vəzn və qafiyəsi pozulmuş olsa da, günümüzədək gəlib çatıb. Kərim müəllimin qeydlər dəftərində şer belədir:

Dörd yanımı mətərisin aldılar,

Güllə atdım, qayalara doldular.

Zalım yerlilərim qubernatdan pul aldılar,

Girdilər qəsdimə mənim, ay fələk.

 

Fələk heç kimdən gözün əyməsin,

Heç iyid meydanda tək qalmasın.

Necə olsun, mənim gülləm dəyməsin?!

Yəqin ki, yetişib əcəlim mənim.

 

Alı koxaya həsr edilmiş yarımçıq şerin birinci bəndi isə belədir:

Başına döndüyüm, ay Alı koxa,

Sənə nə olubdu bərk ağlayırsan?

Çərkəzi öldürüb bir qan eylədim,

Yoxsa sən də qorxudan ağlayırsan?

Şerin ikinci bəndinin son misrası yoxdur. Üçüncü bəndinin isə ilk misrası tam, ikinci misra isə yarımçıqdır.

Elə oradan Yusifin qaçaq yoldaşlarının Qazaxlı Dilbaz oğlu Allahyar bəy, Həmid bəy, Aslan ağa Qasımlı, Halay bəy Qızıl-hacılı, kor İsmayıl Borçalı və başqaları olduğunu öyrənirik.

Qaçaq Yusifin Amasiyada posta basqın edib başda uryadnik ol-maqla 12 nəfəri tərksilah etdiyindən, 600 patron götürdüyündən, sonra da patronların pulunu ödədiyindən, stracnik Yusiflə Əlirzanın gecə ikən gedib Gümrüdən patron alıb gətirdiklərindən və səhər işə gələn pristavın hər şeyi yerində görüb, Qaçaq Yusifin Amasiyaya gəlişini dedi-qodu saydığından bəhs edən söhbətlər də ağızdan-ağıza dolaşır, müxtəlif variantlarda söylənirdi.

Qaçaq Yusifin Pəmbəyə (22) getməsi, Petralı Səfərlə görüşü, onu öz dəstəsinə dəvət etməsi də dastanlaşıb.

Yusif haqqında ən geniş yayılmış söhbət isə onun ölümü ilə bağlıdır. Hadisələrin canlı şahidi Bayram Əzim oğlunun söy-lədiyinə görə, payız vaxtı qaçaqlar ucqar kənddə bir neçə gün dincəlmək istəyirlər. Yusif Öysüzü münasib bilir. Orada Səfər Hü-seynovun evinə gəlirlər. Səfər Yusifə deyir: «Amandı, mənim evimə düşmə. Rus bizi qırar. Çünki kənddə bir Alverdi adlısı var, o mənimlə düşməndi. Hökumətə xəbər verəcək».

Yusif də deyir: «Ya onu bura çağırtdır, ya da qaçaqlardan biri onnarda qalsın».

Qaçaqlara quzu kəsirlər. Yeyib-içirlər. Sən demə, Bayramın əmisi oğlu Heydər onnara gəlirmiş. Göyüş kişi qaçıb Heydərə deyir: «Kəndə gəlmə. Yusif burdadı. Səni öldürər».

Heydər İsmayıl oğlu kəndə girmir, Göllüyə dönür, stracniklərə qaçaqların Öysüzdə olduğunu xəbər verir. 12 stracnik və keçəl Alı, Molla Bayram öz dəstələri ilə Öysüzü mühasirəyə alırlar. Yusif-gildə altı yoldaşıymış. Onlardan ikisi keşikdə durubmuş. Keşikçilər Yusifə mühasirəyə düşdüklərini deyiblər. Yusif evdən çıxıb Keçəl Alıya deyir: «Gəl! Gələrsən də, görərsən!»

Yusif Bayramın anası Fatmaya deyir: «Bizim xurcunlarımızı çölə atın. Qoy görsünlər. Sonra deyərsiniz zornan evimizə girmişdilər».

Yusif ilk güllə ilə üstlərinə gələn dəstənin başçısının atını qaşqa-sından vurur. Aslan ağa deyir: «Bu yerlər açıqlıqdı, hər tərəf çılpaq dağdı. Bizi qıracaqlar. Gəlin mühasirəni yarıb Lori tərəfin meşə-lərinə çəkilək».

Qaçaq Yusif razı olmur. Deyir: «Bunlar kimdi qabaqlarından qaçaq. Gəlin bunlarla zarafat edək». Beləcə də döyüşə-döyüşə Ellər kəndinin dağlarına tərəf çəkilirlər. Sultanabad, Bozyoxuş, Qurdbulaq, Axırkələk (23) tərəfdən kazaklar gəlib dağları müha-sirəyə alırlar. Atışma uzanır. Yusifin yoldaşı Allahyar ölür, özü də ağır yaralanır. Həm də patronu qurtarır. Buna baxmayaraq heç kim onun daldalandığı yerə yaxın düşə bilmir.

Bayram Əzim oğlunun xatirəsinə görə, Yusifi mühasirəyə alanların başçısı yüz kazakla gəlmiş milliyətcə çeçen olan Şahnəzərov imiş. Patronu qurtaran, aldığı ağır yaradan tərpənə bilməyən Yusifi düşməni İbrahim öldürmək istəyir. Şahnəzərov qoymur. Deyir: «Kişi idin sağ vaxtı vuraydın!» Yaralı Yusifi Ellər kəndinə gətirirlər. Atası Məhəmməd gəlib oğlunu görəndə deyir: «Qaçaq dağda olar, evdə nə gəzirsən?!».

Bir də Yusifin atasının Karsdan gəlmiş prokurora dediyi: «Neçə il əvvəl bir kor qızım evdə öldü. Əgər Yusif evdə ölsəydi, onun kor qızdan nə fərqi olacaqdı» sözləri həmin bölgədə dillər əzbəridir.

Yusifin Öysüzə gəldiyini xəbər verdiyinə görə pristav Heydərə yüz manat pul, bir qızıl medal və bir təzə berdanqa* (tüfəng) verir. Buna baxmayaraq Heydər təhlükəsizliyini təmin etmək üçün hökumətə ərizə yazır. Hökumət onun üç qardaşına, qaynına və iki əmioğlusuna tüfəng verir ki, Heydəri qaçaqlardan qorusun.

Qaçaq Yusifin son döyüşü ilə bağlı üç bəndli bir qoşma da var. Əlimizdəki bir neçə variantdan birini – Aşıq İskəndərdən topladığımızı burada veririk:

   Başına döndüyüm, ay Aslan dayı,

Mərdlik meydanınnan qaşma, amandı.

Yığılan düşməndi, bilinməz sayı,

Mərdlik meydanınnan qaşma, amandı.

 

Qaşmaq olmaz, bərkit atın təngini,

İndi görrəm mərd iyidin cəngini,

Mən səni sevirəm canda can kimi,

Mərdlik meydanınnan qaşma, amandı.

 

Mən Usufam, sən də mənə arxasan,

İnanmıram bu qovğadan qorxasan.

Hərdən-hərdən yada salıb darxasan,

Mərdlik meydanınnan qaşma, amandı.

Şerin başqa variantlarında misralar «Aslan* qardaş getdi, yoldaşım öldü», «Namərd Aslan məni tək qoydu», «Getdi Aslan dayım, Allahyar öldü» və b. şəkillərdə işlədilib.

 

Kərim müəllimin 1950-ci illərdə topladığı şer və rəvayətlər dəftərində «Ağlaram» qoşmasının hər bəndi beş misradır. (Bu növ şerə 19-20-ci yüzildə formalaşan qəhrəmanlıq dastanlarında az-az da olsa rast gəlmək olur. - Ə.Ş.). Son misralar belədir:

Pozuldu növrağım, gülüm, ağlaram,

Hər yandan kəsildi yolum, ağlaram.

Həmin dəftərdəki hesablamalarda da bir yanlışlıq var. Bir tərəfdən Yusifin 1870-ci ildə doğulduğu, 1913-cü ilin payızında öldüyü qeyd edilirsə, son səhifədə Yusifin iki il qaçaqlıq etdiyi göstərilir. Yusifin Əbdül Məcidlə Kars yaxınlığında 1895-ci ildə döyüşdüyünü həqiqət kimi qəbul etsək, onda bu iki il qaçaqlıq etməsi ilə uyğun gəlmir.

Xatirələrə görə, Yusifin ölümünə dözməyən atası Məhəmməd Hacı Alı oğlu da bir il sonra ölür. Bizim əldə edib toplaya bildiyi-miz bu qədərdir. Yusifin qaçaqlığı, ölüm tarixi yəqin ki, Kars qu-berniyasının polis və jandarma sənədlərində öz əksini tapıb. Kars arxivləri isə əlyetməz olub.                                                                -------------------------

* Berdanqa (rusca) – 1870-91-ci illərdə Rus ordusunda işlədilən bir patronlu tüfəng növü.

 

Sözardı: Sovetlər Birliyi dağıldı. Azərbaycan müstəqillik əldə etdi. Bunlara baxmayaraq hələlik Kars arxivlərindən xəbər verənimiz yoxdur. Bakıda «Yazıçı» nəşriyyatının 1994-cü ildə çap etdiyi «Qaçaq Usuf» (toplayanları: Aftandil Ağbabalı, Nizami Məmmədxanlı), Azərbaycan Dövlət Nəşriyyatının 1997-ci ildə çap etdiyi «Ağbaba folkloru» (toplayan və tərtib edən Sürəyya Ağbabalı) və «Ozan» nəşriyyatının 1998-ci ildə çap etdiyi «Aşıq İskəndər Ağbabalı. Ayırdılar Ağbabadan», I kitab (toplayanı və tərtib edəni: Tacir Səmimi) kitablarında Qaçaq Yusiflə bağlı maraqlı folklor nümunələri var.

                                                                  10.09.1986

 

 

Qaynaqlar və notlar

 

1. İndiki Ermənistan Respublikasında bir bölgə adıdır. Rusiya Qafqazı işğal edəndən sonra (1828) bölgənin adını rəsmən dəyişsə də,                         

xalq arasında bu gün də o yerlərə Göyçə deyilir. 1988-ci ildə bölgənin əsas əhalisi olan türklər zorla buradan qovuldular.

2. Azərbaycan ədəbiyyatının fədakar araşdırıcısı. 1884-cü ildə Şəki şəhərində doğulmuş, 1937-ci ildə həbs edilmiş 1941-ci ildə Bakıda güllələnmişdir.

3. Kitab Bakıda «Azərnəşr» tərəfindən iki dəfə – 1928-ci ildə əski əlifba ilə, 1935-36-cı ildə latın qrafikası ilə nəşr edilib. II cild, s.75

4. İndiki Ermənistan Respublikasında kənd. 1988-ci ilin noya-brında, Türklər oradan qovulanadək kəndin adı dəyişməmişdi.

5. İndiki Ermənistan Respublikasında rayon mərkəzi olan Amasiyanın xalq ağzında deyiliş forması.

6. İndiki Ermənistan Respublikasının Amasiya rayonunda kənd. 04.05.1939-cu ildə kəndin adı dəyişilərək Əzizbəyov edilmişdir. 1988-ci ildə Ermənistandan bütün Türklər kimi Qraçantalılar da qovuldular.

7. Əsgərov Baxşəli Qələndər oğlu. 1927-ci ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. Ali təhsillidir. 1988-ci ildən Sumqayıt şəhərində yaşayır.

8. Əsgərov Kərim Qələndər oğlu. 1925-ci ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. Ali təhsilli idi. 1991-ci ildə vəfat edib.              

9. 1925-ci ildə Ağbaba mahalının Ellər kəndində doğulub. Natamam orta təhsilli olub. Aşıqlığı məşhur el sənətkarı Aşıq Şenliyin şagirdi Kor Nəsibdən öyrənib. Onlarla dastan bilirdi. Özü də şerlər, rəvayətlər qoşardı. 1988-ci ildə erməni irqçiləri Ermənistandan müsəlmanları qovanda Aşıq İsgəndər də Azərbaycanın Şəmkir rayonuna köçmək zorunda qaldı və 1992-ci ildə orada vəfat etdi.

10. Ağbaba mahalında kənd adı. Ermənistan Respublikasındadır. 1991-ci ildə adı dəyişdirilib.

11. Ağbaba mahalında kənd adları. Ermənistan Respublikasındadır. 1991-ci ildə adları dəyişdirilib.

12. Gürcüstan Respublikası Axalkalaka qəzasında kənd.

13. İkinci dəftərin sonunda «Amasiyada pristav Ohannes naçalnik idi» qeydi var. Müəyyənləşdirə bilmədik ki, Ohannes Paşalovun adıdır, yoxsa bunlar ayrı-ayrı şəxslərin adı və soyadıdır.

14. Ağbaba mahalında kənd.

15. Türkiyədə il mərkəzi. Rusiya – Osmanlı müharibəsindən sonra (1929) bağlanmış anlaşmaya əsasən Kars Rusiyanın işğal zonasında qaldı. Osmanlı dövləti 1853-1856-cı il savaşında bu yerləri azad etdi. Lakin Kars 1877-1878 savaşında yenidən ruslar tərəfindən işğal olundu və quberniya mərkəzinə çevrildi. 1918-ci ildən sonra Kars Rusiya işğalından azad oldu.

16. Kars yaxınlığında kənd.

17. Çildirli Aşıq Şenlik. 1850-ci ildə Türkiyənin Kars ilinə bağlı Suhara kəndində doğulub və 1913-cü ildə də həmin kənddə dəfn edilib.

18. Kars yaxınlığında dağ.

19. İndiki Ermənistan Respublikasında Araz sahilində şəhər. Rus ordusu 1829-cu ildə bu yerləri işğal edəndə şəhərin adını dəyişib Aleksandropol etdilər. Sovet hakimiyyəti illərində isə (27.01.1924) yenidən dəyişib Leninakan etmişdilər. 1991-ci ildən əski adı özünə qaytarılıb.

20. Keçmiş İrəvan quberniyasında kənd və yayla adı.

21. Ermənistan və Gürcüstan ərazilərində bölgə. Adı dəyişilsə də coğrafi məkan kimi Lori-Pənbək şəklində hələ də işlədilir.

22. Keçmiş İrəvan quberniyasında bölgə.

23. İndiki Gürcüstan və Ermənistan Respublikalarında yer adları.

-------------------------

* Aslan ağanın 22 il qaçaqlıq etdiyini söyləyirlər.

 

Çap olundu: Əli  Şamil. Dastanlaşmış ömürlər, Bakı, “Səda” nəşriyyatı,  2001, səh.34-47

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol