Türkmən inciləri
Görkəmli türkmən şairi, türkmən ədəbiyyatının novator sənətkarı Maxdumqulu Fəraqinin anadan olmasının 250 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız günlərdə “Yazıçı” nəşriyyatı oxuculara gözəl bir hədiyyə - “Klassik türkmən şeri” antologiyasını təqdim etmişdir. Kitaba XVIII-XIX əsrlərdə yaşayıb yaratmış 5 türkmən şairinin şeirləri daxil edilmişdir. Şeirləri türkmən dilinin gözəl bilicisi, türkmən ədəbiyyatının yaxın dostuFəxrəddin Əliyev tərcümə etmişdir.
Antologiya Maxdumqulu Fəraqinin (1733-1782) şeirləri ilə başlayır. Türkmənistan tarixinin ən ağır dövrlərində, feodal dağınıqları, türkmən qəbilələrinin bir-biri mənasız və boş yerə vuruşduğu, dinc əhalinin İran şahları və qonşu əmirliklərin talanına məruz qaldığı bir dövrdə yaşayan M. Fəraqinin şeirlərindəki mübariz ruh xalqı daim birləşməyə, yağılara qarşı ölüm-dirim mübarizəsinə çağırmışdır.
Maxdumqulu üsyankar, mübariz ruhlu əsərlərlə yanaşı, lirik, intim şeirlərin də müəllifidir. Orta Asiyanın, Yaxın Şərqin bir çox şəhər və kəndlərinigözəl M. Fəraqi Azərbaycanda da olmuşdur. Onun respublikamızın gözəl guşəsi Şəkiyə həsr etdiyi şeirdə deyilir:
Gedək seyrə çıxaq Nuxa mülkünü,
Könlünü oxşayan yaylaqları var,
Dərib qoxulayaq qönçə gülünü
Yaşıl reyhanları, zanbaqları var
---
Təmiz havasında xəstə sağalar,
Qəribin, miskinin üzü ağ olar,
Bir fidan becərsən , dönüb bağ olar,
Əcəb ov etməli ovlaqları var.
Türkmən şeirinə yeni ruh gətirən, poeziya dilini xalq dilinə yaxınlaşdıran, heca vəznində gözəl şeirlər yaradan M. Fəraqinin yaradıcılığından bəhs edərkən filologiya elmləri doktoru Araz Dadaşzadə deyir: Maxdumqulu şeirləri ilə aşıqlarımızın, Vaqif və Vidadi şeirinin tipoloji əlaqələri də çox aydın müşahidə edilir. Maxdumqulunu oxuyarkən Abbas Tufarqanlının nəsihətçiliyi ilə də, Vidadinin kədəri ilə də rastlaşırıq.
Maxdumqulunun şeirləri ilə Azərbaycan oxuyucuları əvvəllər də tanış idi. 1960- cı ildə şairin “Şeirlər” kitabı çap olunmuşdur. Klassik türkmən antologiyasında dərc olunmuş Maxdumqulu şeirləri 60- cı ildə kitabda çap ediləndən orijinala yaxınlığı ilə fərqlənir. Bu da sözsüz ki, tərcüməçinin hər iki dili gözəl bilməsinin nəticəsidir.
Maxdumqulu məktəbinin ləyaqətli davamçısı olan Molla Vəli Kəminə (1770-1840) isə türkmən şeirinin satirik qolunu gücləndirmişdir. Onun satirasında ictimai məzmun da güclüdür. Şairin tənqid hədəfi bəylər, qazılar, oğrular və bir də zəhmətkeş kütləni kasıb, yoxsul vəziyyətinə gətirən cəmiyyətdir.
Kasıblıq Azərbaycan aşıq şeirində də ən geniş yayılmış mövzu olmuşdur. Hər bir sənətkar bu məsələyə öz münasibətini bildirmişdir. Kəminə isə daha bədii ifadə vasitələri taparaq deyir:
Gündə yüz yol qovsam uzağa getməz,
Yük tutub qapımda yatar kasıblıq.
Kəminə satirik şeirlər yazsa da, əsasən lirik şair kimi tanınmışdır. Onun lirik şeirlərində XVIII-XIX əsrlərdə yaşayıb yaratmış Azərbaycan aşıq və şairlərinin şeirləri ilə tipoloji yaxınlıq vardır.
Antologiyada şeirləri dərc edilmiş şairlər arasında Seyidnəzər Seydi (1775-1836) mübarizliyi, vətənpərvərliyi və coşğunluğu ilə seçilir. Seydi şairdən çox el qəhrəmanını, yenilməz sərkərdəni xatırladır. Şairin şeirləri bizə Koroğlu dastanındakı qoşma və gəraylıları yada salır. Şair igidləri elini, obasını qorumağa, vətən ugrunda qan axıtmağa çağırır. Sanki Koroğluya çevrilib dəli nərə çəkərək deyir:
Vətən deyib mindim Qırat belinə,
Ölərəm, geriyə dönmərəm, bəylər!
Uymaram düşmənin fitnə-felinə
Qandan göl yaradıb çimmərəm,bəylər!
-
...Vuruşa girəndə olaram aslan,
Gəlsə yüz min ləşkər salaream tufan,
Bir əlimdə toppuz, birində qalxan,
Mənə od vursalar, dinmərəm, bəylər!
Vətənin əmin-amanlığını təmin etmək, ağ gününü görmək, xoş dövran sürmək üçün şair birinci növbədə düşməni məhv etməyi lazım bilir. Odur ki, deyir:
Əgər işimizə mövlam yar olsa,
Gəlin düşmən üstə varalım, bəylər!
Hər kəs əsir tutub intiqam olsa
Onun nəmərini verəlim, bəylər!
-
Müxənnətlər qoy cərgədən üzülsün
Bədoyatlı ərlər səf-səf düzülsün!
Düşmənlərin bənd-bərəsi tökülsün,
Vuruşda şir kimi duralım, bəylər!
Şair – sərkərdə igidləri döyüşlərə səsləyərkən bir qaşıq qanından qorxanları, dar gündə ailəsini, elini atıb canını qoruyanları, yağıların yağlı dilinə , yağlı tikəsinə aldananları öldürücü satira atəşinə tutur. Onları hətta təhqir etməkdən belə çəkinmir.
Elə biizmlə bir olmadı, igidlər
Gəlin bu vətəndən çıxıb gedəlim.
Düşmənin yalına hürəyən itlər
Getməsə, xaltasın taxıb gedəlim!
Şeri oxuyanda aydın olur ki, şair vətəni tərk etmək istəyir. Ancaq ümumi ruhdan görürsən ki, vətənə qanı ilə, canı ilə bağlı olan bu el qəhrəmanı heç zaman vətəni tərk etməz, onu dar gündə qoyub qaçmaz.
Seydi sevgiyə də, vətənə də, dostluğa da sadiq və möhkəm olmuşdur. Şair dostu Zəlili əsri düşərkən Seydi yazırdı:
Bu necə bəxtdir ki, qalmaz yerindən
Vurdular töküldü qanım burnumdan
Qılınc başdan dəydi, nizə qarnımdan
Mərdliyi qalxantək tutdun, Zəlili.
Almanaxa yığcam və maraqlı ön söz yazmış (1852) və Mollanəfəsin (1810-1862) də xeyli şeiri verilmişdir. Kitabda dərc olunmuş şeirlər azərbaycan oxucularına o qədər doğma və yaxındır ki, onların tərcümə olunduğu hiss edilmir. Almanaxa yığcam və maraqlı ön söz yazmış professor P. Xəlilov haqlı olaraq qeyd edir ki, “XVIII-XIX əsrlərdə Azərbaycanda yaranan realist şeirin təşəkkül amillərinin yalnız bizim deyil, qardaş xalqların da ədəbi mühiti üçün qanunauyğunluğunu görüb, yeni yaradıcılıq metodunun tarixi əhəmiyyətini müəyyənləşdirməyə əsas verən faktla qarşılaşırıq. Nəhayət, bir də ona görə maraq doğurur ki, şairlərin şəxsi yaradıcılıq əlaqələri olmadan da ədəbi prosesin qanunauyğunluğu sayəsində müştərək motivləri müştərək bədii inikas vasitələrinin, oxşar obrazlar silsiləsinin, xüsusən qohumdilli poeziyada eyni janrların daha geniş yayılmasının şahidi oluruq”.
Tərcüməçi şairlər haqqında yığcam tərcümeui-hal verməklə kitabı daha da oxunaqlı etmişdir. Yəqin ki, bu almanax Azərbaycan-Türkmən ədəbi əlaqələrinin daha geniş öyrənilməsinə təkan olacaq və oxucuların rəğbətini qazanacaqdır.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzeti,
30 oktyabr 1983-cü il, sayı 252 |