“MAİL OLSAN MUSTAFANI TAPARSAN”
Aşıqlarımız ustad sənətkarlar içərisində Dollu Mustafanın da adını çəkir, məclislərdə onun şeirlərini, haqqında qoşulan kiçik bir dastanı da söyləyirlər. Həmin dastanı folklorşünas Rüstəm Rüstəmzadə toplayaraq 1988- ci ildə Bakıda nəşr etdirdiyi “Aşıq rəvayətləri” kitabına daxil etmişdir.
Folklorşünas Əhliman Axundovun tərtib etdiyi, “Elm” nəşriyyatı tərəfindən 1983- cü ildə Bakıda nəşr olunan “azərbaycan aşıqları və el şairləri” nə Dollu Mustafanın 5 gəraylısı, 3 qoşması, bir qıfılbəndi də bir müxəmməsi daxil edilmişdir.
Lakin heç bir yerdə el sənətkarının ömür yolu haqqında ətraflı məlumat verilməyib. “Azərbaycan aşıqları və el şairləri” kitabında yazılıb: “XIX əsrdə yaşadığı, ustad aıq olduğu söylənilir”.
“Aşıq rəvayətləri” kitabının qeydlər bölməsində isə yazılıb ki, Dollu Mustafa Cənubi Azərbaycanın Dol kəndində anadan olmuş, XIX əsrdə yaşayıb-yaratmışdır. XIX əsrin sonlarında öz doğma kəndlərində vəfat etmişdir”.
Sərhəd simlərinin sökülməsi, İran İslam Respublikası ilə sadələşdirilmiş gediş-gəlişin təşkili imkan yaratdı ki, bir çox aşıqlarımızın, el şairlərimizin ömür yolunu genişliyi ilə öyrənək, əsərlərini toplayaq.
Urmiya şəhərində olarkən Aşıq Məmmədhüseyn Dehqandan, folklor həvəskarı Məhəmməd Purazərdən xeyli material toplaya bildim. Aşıq Dehqan Dollu Fərhadın şəyirdi olub, Fərhad da ustad – şəyird ənənəsilə Mustafa ilə bağlıdır. Dehqana görə Dollu Mustafa hicri – şəms təqvimi ilə 1250- ci ildə, Miladi təqvimilə isə 1870- ci ildə Dol mahalının Balanduz kəndində xəstələnib vəfat edib. Orda da dəfn olunubdur.
Dol Urmiyadan aralıda dağlar qoynunda kiçik bir mahaldır.. Aşıqları ilə məşhurdur. Məhəmməd Purazəri isə Dollu Mustafa haqqında kiçik bir məlumat və el şairinin üç şeirini mənə təqdim etdi ki, bu tayda oxuculara çatdıram.
Purazərə görə, Mustafa 216 il əvvəl Dol mahalının Şeytanabad kəndində doğulub. Atasının adı Rəsul, anasının adı Gülbəyaz olub. Rəvayətə görə Mustafa yeddi aylığında dünyaya gəlib. 61 il ömür sürüb. Aşığın oğlu Məhəmməd və nəvəsi Mahmud da vəfat ediblər. Söylənilənlərə görə, Dollu Mustafa təhsil almayıb. Buna baxmayaraq dərin savadı olub. Çoxlu təcnis, diltərpənməz, nəfəs gedərgəlməz qoşma, dodaqdəyməz söyləyib.
Dollu Mustafanın qəbrini görmədiyimə, başdaşı üzərində yazı olub, olmadığını bilmədiyimə görə aşığın ölüm və ölüm tarixi haqqında mübahisəyə qarışmıram...
Aşıqların, el şairlərinin ənənsinə sadiq qalan Mustafa da qoşmalarının birinin möhürbəndində doğulduğu yeri-yurdu belə nişan verib:
Mail olsan Mustafanı taparsan,
Gəl Şeytanabadın Dol qalasına.
Bu misralardan görünür ki, Dol mahalın yalnız inzibati, mərkəzi deyilmiş, həm də qala-şəhərcik imiş. El şairinin şeirləri toplansa, yəqin ki, onun ömür yolunu da, dövrünü də ətraflı öyrənmək olar.
Dollu Mustafanın Məhəmməd Purəzərdən topladığımız üç şeirini oxuculara təqdim edirik.
Sən Yetiş Dada
Özü birdir, adı minbir, ilahi!
Bir nəzər dərdimə sən əylə əda.
Aləmi xalq edən, haqq ğərvərdigar,
Kəminə kətmərəm, sən yetiş dada.
Nida gəldi Musa sənnən danışdı,
Qıya baxdı Tur od tutdu alışdı.
Əmr eylədi Firon dəryaya düşdü
Firona dəryada dəydi bir qada.
***
Rəsula vəhy oldu, xətm oldu Quran,
Əyyubun dərdinə sən etdin dərman
Sənnən danışıardı Museyi-İmran,
Lütfündən Musaya gəldi bir nida.
***
Fəqir Mustafa Məhəmməd dinində,
Şeş-Hezar bist cahar on dörd minində.
Hal necə olar ol qiyamət günündə,
Ümidim ismimdi, pənahım xuda.
Dol Qalasına
Başına döndüyüm, qurban olduğum
Allanma könlümün çox havasına
Sıxılıban pulum durdun 1 yeyənlər,
Rəng min can verir, bir parasına.
***
Dana2 olanların çoxdu mərfəti,
Çoxları zülmünən yığıb sərvəti
Ürüşvət pozubdu şəri-şəryəti,
Baxmazlar Quranın bir ayəsinə.
***
Nuh dərya üzündə saxladı keşdi1
Namərd minarəsi yıxıldı, uçdu.
Məddad hökm elədi, qurdu behişti,
Düşdü cəhənnəmin kar harasına.
Bir gün olar, bir dünyadan qoparsan.
Eşqin səməndinə minib çaparsan.
Mail olsan Mustafanı taparsan,
Gəl Şeytanabadın Dol qalasına.
Gələr Olsun
Bir vəfalı yar sevginən,
Sənin qədrin bilər olsun.
Dərdini de ol kimsəyə,
Dərd başına gələr olsun.
***
Ol yarınan oldum aşna,
Ürəyimin qəm daşına.
Dolan o yarın başına,
Sənin qədrin bilər olsun.
***
İlandı girmə qoynuna,
Fitnədi uyma felinə
Noxtasın dola boynuna,
Yadlarınan gülər olsun.
***
Nəmək verdin bivəfaya,
Məni saldı o cəfaya.
Nələr etdin Mustafaya,
Bayis, evin viran olsun.
1. Dud – sələm, 2. Keşdi – gəmi, 3. Dana – alim
Əli Şamilov, (Naxçıvan )
“Oğuz Eli”
Azərbaycan Yaradıcı İttifaq və Birliklərinin “Oğuz eli”
Assosiasiyasının qəzeti, 1992- ci il, 25 iyun, sayı 17, səh. 5 |