“QARDAŞOĞLANLARI” KİMDİR?
Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində “Molla Nəsrəddin” jurnalının və molla nəsrəddinçilərin rolu böyükdür. Müxtəlif fasilələrlə 25 ilə yaxın nəşr olunan bu jurnal ədəbiyyatın və mətbuatın, habelə ictimai fikrin inkişafına güclü təsir göstərmişdir.
Molla nəsrəddinçilər adı altında birləşən demokratik fikirli müxbirlər çarizmin mürtəce milli siyasətini, cəhaləti, mövhumatı, qadın hüquqsuzluğunu və s. tənqid edir, öz demokratik fkirlərini Zaqafqaziyaya, Orta Şərqə bu jurnal vasitəsi ilə yayırdılar.
Sovet hakimiyyəti illərində jurnalın ətrafına yüzlərlə fəhlə-kəndli, müxbir toplanmışdı. Onun iyirminci illərdə çıxan hər nömrəsində yeni imzalara rast gəlmək olar. “Molla Nəsrəddin” jurnalında 1922- ci ildən başlayaraq “Qardaşoğlanları” imzası altında kiçik felyetonlar görünməyə başlamışdı. Həmin imza ilə gedən “Tiryəkilər məclisi” sərlövhəli felyetonda Astarada bir qrup varlının müntəzəm olaraq bir yerə yığışıb tiryək çəkməsi və gəncləri də bu yola təhrik etməsi tənqid hədəfinə çevrilmişdi. Həmin imza ilə verilən materiallarda Sovet dövlət aparatlarına soxulub fırıldaqçılıq, rüşvətxorluq və bürokratçılıqla məşğul olanlar da tənqid olunurdu.
Həmin imza ilə verilmiş “Qumarbazlarla oyunbazlıq” sərlövhəli yazıda Astara milis nahiyyə rəisi Ağayevin qumarbazlığa qarşı mübarizə aparmaq əvəzinə, özünün də qumarbazlara qoşulması, “Adam öyrəşər” sərlövhəli yazıda isə Astara su nəqliyyatı idarəsinin işçisi Sundiçnikovun fəhlələrlə kobud rəftar etməsi kəskin surətdə pislənilirdi.
“Qardaşoğlanları” imzalı yazıların bir qismi din xadimlərinin ifşasına həsr olunmuşdur. “Molla Nəsrəddin”in 20 dekabr 1924- cü ildə çıxan 24- cü nömrəsində “Qardaşoğlanları” yazırdılar:
“Molla əmi, bizim kəndin bəxtindəndir, ya nədəndir ki, heç başımızdan bəla əskik olmur. Çəyirtkəyə, siçana qarşı mübarizə aparıb çəltiyi evə yığdıq. İndi təzə siçanlar çıxıb. Ən böyüyü Şeyx Yusif, Hacı Molla Əmir Əli, Şeyx İsa, Rəzzaq Xudabaxış oğlu. Torpaq komissiyasından xahiş edirik ki, çəyirtkə və siçanlara qarşı mübarizədə bizə kömək etdikləri kimi bu, yeni mübarizədə də bizə kömək etsinlər”.
“Qardaşğolanları” köhnə dövrün qayıdacağı ümüdi ilə yaşayanların, əvvəllər olduğutək kəndlilərdən kəndlilərdən yenə də xüms, zəkat adı ilə vergi toplamaq istəyənlərin əsl simalarını aşkara çıxarırdılar.
“Qardaşoğlanları”nın Astaradan daha çox yazdıqlarını görən rayon poçt-teleqraf idarəsinin rəisi Əli Yaqubov qorxuya düşür, gələcəkdə onun da bəd əməlləri barədə yazılacağından ehtiyyat edir. Buna görə də “Molla Nəsrəddin”in bu fəal müxbirlərini tanımaq, özünü onların qələmindən qurtarmaq məqsədi ilə Astaradan “Molla Nəsrəddin”in redaksiyasına göndərilən məktubları xəlvət açıb oxumağa başlayır... və təccüblənir. Məlum olur ki, “Molla Nəsrəddin” də “Qardaşoğlanları” imzası ilə çıxış edən onun həmyerliləri, yaxından tanıdığı və hər gün rastlaşdığı Hüseyn Kərimov və Məmi Kazımov imiş. Hüseyn Kərimovu işdən çıxarmaq üçün tədbir görür. O, Kərimovu poçt qutusuna salınmış müxbir məktubunu oğurlamaqda təqsirləndirir və onun evində axtarış etdirir. Lakin H. Kərimovun evindən heç bir məktub və şübhəli sənəd tapılmır. Buna baxmayaraq rəis H. Kərimovu işdən çıxarır.
Jurnalın müxbirinə “nadürüstlərin böhtan atdıqlarından” xəbər tutan Cəlil Məmmədquluzadə o zaman SSRİ Rabitə Nazirliyi Azərbaycan müvəkkilliyinin müdiri işləyən Böyükağa Talıblıya məktub yazır ki, jurnalın fəal müxbirləri olan “Qardaşoğlanlarını” müdafiə etsin.
C.Məmmədquluzadənin məktubundan sonra Azərbaycan müvəkkilliyinin nümayəndəsi Astara poçt-teleqraf idarəsinin işini yoxlayır. Məlum olur ki, Ə. Yaqubov hər gün keyf məclisi qurur və bu məqsədlə rabitə şöbəsinin nəzdindəki əmanət kassasından saxta sənədlərlə pul götürüb xərcləyirmiş. Ə. Yaqubov dərhal işdən götürülür. Bu münaqişə “Qardaşoğlanları”nı hamıya tanıtdırır.
Hazırda Astarada yaşayan H. Kərimov və M. Kazımov o günləri xatırlayaraq deyirlər:
– Jurnalla əlaqə saxladığımız dövrdə Cəlil Məmmədquluzadə bizə müxtəlif vaxtlarda 5 məktub yazmışdı. Biz həmin məktubları M. F. Axundov adına respublika kitabxanasına vermişik. Cəlil Məmmədquluzadə Astaraya gələndə bizimlə şəxsən görüşər, əhvalımızı soruşur, bizi qorxmadan cəsarətlə və həvəslə yazmağa ruhlandırırdı.
Köhnə molla nəsrəddinçilər qələmi bu gün də yerə qoymurlar. İndi “Qardaşoğlanları”nın ikisi də - Hüseyn Kərimov və Məmi Kazımov rayonda çıxan “Sovet Astarası” qəzetində tərbiyəvi mövzuda yazılarla çıxış edir və gizli imzaya heç bir ehtiyac duymurlar.
Əli Şamilov,
“Müxbir” jurnalı, 1974-cü il, sayı 6.
“Sovet Astarası” qəzeti, 1974- cü il, 20 avqust sayı 98 (139) |