AŞIQLARIMIZIN ÖMÜR YOLUNA AYDINLIQ GƏTİRMƏYİN
YENİ MƏRHƏLƏSİ BAŞLADI
https://media.turuz.com/.../1341-Haqq-Nahaqq-Sechiler_Haqq_Divaninda-Nazir_Ehmed...
Son dövrdə mətbuatda, saytlarda bəzən qarşı tərəfi suçlamaq üçün “o diletantdır”, “onun baza təhsili yoxdur” və s. kimi ifadələr işlədirlər. Bu yaxınlarda 20-ci yüzil ədəbiyyatından iki dərslik, ona yaxın kitab çap etdirmiş, 150-dən çox elmi məqalə yazmış, 10-15 ölkədə məruzə oxumuş, xariçdə dərs demiş bir professoru peşə yoldaşının diletant adlandırdığını oxudum. Təəccüblənmədim, çünki cəmiyyətimiz elə bir duruma gəlib ki, haqsızların, korrupsioner, millətin qanını soran oğru və rüşvətxor yaltaqların səsi haqlılardan, doğrulardan daha gur çıxır.
Mətbuat və söz azadlığından, demokratiyadan sui-istifadə edənlər müəllifin ortaya qoyduğu məhsulu-məqaləni, kitabı, gördüyü işi təhlil etmək, qüsurlarını göstərmək əvəzinə rəqibi saydığı insanın təhsilinə və söy-kökünə hüçüma keçirlər.
Tarixə nəzər saldıqda isə bəzən mühəndisin də tibb sahəsində kəşfl ər etdiyini, kimyaçının tarix sahəsinə yenilik gətirdiyini, riyaziyyatçının biologiyada, coğrafi yada söz sahibi olduğunu görərik. Məşhur yazıçı və şairlərin bir çoxunun(məsələn, böyük şairimiz M.Arazın) filoloji təshili yoxdur. Lakin bu yeniliklər heç də asan başa gəlməyib. Yeniliklərə dirəniş göstərənlər də çox olub. Amma zaman öz işini görüb. Nazir Əhmədli də peşəkar tarixçi deyil. Naxçıvan Dövlət
Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universitetinin) kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, kimya elmləri namizədidir. Bir müddət ixtisası üzrə orta məktəblərdə dərs də deyib. Vətənin başının üstünü qara buludlar alanda, Azərbacanda milli azadlıq mübarizəsi başlayanda “mən siyasətçi, dövlət xadimi deyiləm, müəllim babayam, millətimin uşaqlarına dərs deməklə kifayətlənəcəm”,- deyərək küncdə-bucaqda gizlənməyib, mübarizənin qaynar nöqtəsinə atılıb. Vətənin dərdlərindən, millətin düşdüyü ağır vəziyyətdən yazıb, xalqı ayağa qaldırmağa, səfərbər etməyə çalışıb. Publisist kimi püxtələşib. 1996-1998-ciillərdə “Millət” qəzetinin Baş redaktoru olub. Beləcə kimya müəllimi siyasətçiyə, publisistə, ictimai xadimə çevrilib. 2001-ci ildən günümüzədək Atatürk Mərkəzində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. 7 elmi-publisistik kitabın, ali məktəblər üçün bir dərsliyin müəllifidir. Həmin kitabların bir neçəsini oxumuşam. Fikrini inandırıcı və sərrast ifadə edən üslübu var. Faktları seçməyi bacarır. Onlardan hansını oxuçuya çatdırmağın gərəkli olduğunu yaxşı bilir. Bu üstün cəhətlərinə baxmayaraq, onun yaradıcılığını diqqətə və ardıcıllıqla izəməmişdim. Mənim nəzərimdə günümüzdəki onlarla publisistən biri idi.
2016-çi ildə “Orxan” nəşriyyatında çap olunmuş “Gabud və gabudlular” kitabı məndə Nazir Əmədlinin yaradıcılığına ciddi maraq oyatdı. O, bu kitabında doğulub boya-başa çatdığı kənddən yazıb. Sovetlər Birliyi çökdükdən sonra nəsli-nəcabəti, kəndi haqqında kitab yazanların və yazdıranların sayı artıb. Bu kitabların hamısı yüksək bədii dəyərli, elmi əsaslı olmasa da, mən onları sevir və təqdir edirdim. Düşünürdüm ki, yaxın tarıxımizin öyrənilməsində, gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə kitabların əhəmiyyəti böyükdür. Peşəkar tarixçilərimiz belə kitablardan bir fakt, bir cümlə götürsə qənimətdir. Kəndlərimiz və şəçərələrimiz haqqında yazılanlar son iki yüz illik tariximizə işıq salmağa xidmət edir.
Bu kitablar alışdığımız qəlibləri də dağıdıb. Belə ki, orada həm tarix var, həm bölgənin çoğrafi yası. Həm şair və yazıçıların əsərlərindən parçalar var, həm də etnoqrafik materiallar. Bu kitablarda kəndlərimizdə yaşayan insanların ömür yolu haqqında da bilgi verilir. Lakin onlar ensiklopediya da deyil. Yazı üslubu baxımından da kəndlərimiz haqqında yazılan kitablarda bir fərqlilik var. Burada elmi üsluba da rast gəlinir, bədii üsluba da. Siyası üsluba da rast gəlinir rəsmi üsluba da. Xatirə janrında yazılar da var, şeirlər də. Çox təəssüf ki, kəndlərimiz haqqında yazılmış kitablar haqqında, onların janrı, üslubu haqqında ciddi elmi-nəzəri ədəbiyyat görməmişəm. Bu sahədə hələ bir susqunluq var.
Kəndlərimiz haqqında yazılan kitablarda xatirələr, ağızdan-ağıza keçən söhətlər tarixi sənədləri üstələyib. Nazir Əhmədli isə bu qəlibdən çıxmağa can atdı və istədiyinə nail olub. O “Gabud və gabudlular” kitabında Qafqaz canişinliyi tərəfindən İrəvan və Naxçıvan əyalətləri üzrə hazırlanmış kameral təsvirlərdən istifadə etməklə yeni bir iz açdı. Ata-babaları haqqında şifahi şəkildə dövrümüzə gəlib çatan hadisələrə, rəvayətlərə sənədlər əsasında aydınlıq gətirib. Nəvə-nəticənin doğmaca babası, onun ömür yolu haqqında bildiklərinin yanlışlıqlarını ortaya qoydu.
Belə sənədlərə ağız büzənləri də çox görmüşəm. Onlar zəhmətə qatlaşıb arxivlərə getmək, qalaq-qalaq sənədlərlə tanış olmaq, cild-cild kitab oxumaq əvəzinə “Yəni mən dədəmi, babamı tanımıram?!” deyərək başqasının da əməyini heçə endirməyə çalışıblar. Sənədlər və faktlar isə göstərdi ki, biz yaxın keçmişdə yaşamış babalarımız haqqında çox az şey bilirik və bildiklərimizin də bir qismi yanlışdır. “Gabud və gabudlular” kitabının uğuru Nazir Əhmədlini yeni kitab yazmağa həvəsləndirdi. Bu gün inzibati-ərazi vahidi kimi yox olan Dərələyəzdən yazdı. Sovet dövründə Dərələyəz mahalının adı təkəm-seyrək çəkilirdi. Rusiyanın planlı siyasəti sayəsində özlərini millətçi adlandıran, əslində isə öz millətinə ağır zərbə vuranlar Ermənsitanda yaşayan müsəlmanları qısa bir zamanda vətənlərini tərk etməyə məcbur etdilər. Bu ağır itkidən sonra dərələyəzlilər də ata-baba yurdları haqqında çoxsaylı kitablar nəşr etdilər.
Onlarda tarixə geniş yer verilsə də Nazir Əhmədlinin 2017-ci ilin ilk aylarında “Elm və təhsil” nəşriyyatında çap etdirdiyi “Dərələyəz mahalinin kameral təsviri (1831-ci və 1842-ci illər)” kitabındakı qədər sənədlilik yoxdur. Çünki bu kitabların bir qismi şöhrət, bir qismi elmi ad almaq üçün, bir qismi də təbliğat üçün yazılıb.
Nazir Əhmədli isə ağır zəhmətin bəhrəsi olan ciddi bir tarixi əsər ortaya qoyub. O, yalnız Dərələyəz mahalinin kameral təsvirini rus dilindən çevirməklə kifayətlənmyib. Sənədlərə geniş şərhlər yazıb, tarixi qaynaqlara dayanaraq bölgə haqqında olduqca dəyərli bilgilər verib.
Bu işin ağırlığını bir faktla oxucuya çatdırım. Uzun illər kəndimizin ağsaqqallarını, ağbirçəklərini söhbətə tutub qeydlər aparmışdım. Məqsədim bir kitab hazırlamaq idi. Əlimin altında xeyli material vardı. Nəsillərin təxmini səcərəsini də hazırlamışdım. Uzun illər həmin materiallar arxivimdə yatıb qalırdı, yaxud da növbə gözləyirdi. Nazir Əhmədlinin “Gabud və gabudlular” kitabını oxuyandan sonra Göyçə mahalının sənədləri ilə tanış olub-olmadığını soruşdum. Öyrəndim ki, nəinki Göyçə mahalının, İrəvan, Qarabağ, Gəncə və b. xanlıqların da Rusiya işğalından sonra tərtib edilmiş kameral təsviri onda var. Bizim kəndlə bağlı sənədlərin surətini mənə göndərməsini xahiş etdim. “Yox” demədi, göndərdi. Sənədləri bir neçə dəfə gözdən keçirdim. 19-cu yüzilin milliyətcə rus olan məmurlarının rus dilində yazdığı bəzi yerlərini oxuya bilmədim. Sənəddəki adların çoxu mənə tanış idi. Buna baxmayaraq əlyazmadakı hərfləri dəqiqləşdirə bilmirdim, ölçülər, çəkilər və s. terminlər haqqında neçə-neçə kitaba baxmalı oldum. Sonda yanlışlığa yol verəcəyimdən ehtiyatlanaraq üç gün üzərində işlədiyim sənədləri Nazir Əhmədliyə göndərib mənə kömək etməsini xahiş etdim. 2-3 saat sonra Nazir bəydən məktub aldım.
Orada nəinki əlyazmadakı adları oxuyub latın qrafikasına çevirmişdi, həm də kimin nə qədər əkin sahəsi olduğunu, həmin sahələrə hansı bitkilər əkdiklərini, onlardan nə qədər vergi alındığın, hər ailənin nə qədər mal-qaralası olduğunu, mal varlığına görə dövlətə nə qədər vergi verdiyini yazmışdı. Yəni bunu deməkdə məqsədim odur ki, Nazir Əhmədli o qədər işin içərisinə girib, bu sahədə o qədər püxtələşib ki, ona həsəd aparmamaq olmur.
Dərələyəz haqqında yazanlar arasında tarix elmlər doktorları, filologiya elmləri doktorları, nüfuzlu alimlər, bu mövzuda araşdırmalar aparıb elmi ad alanlar çoxdur. Amma Nazir Əhmədlinin hazırladığı kitab sənədlərin zənginliyi ilə, oradakı sənədlərə verilən izahlarla, məntiqli təhlillərlə öncə yazılanlardan tamamilə fərqlənir. O, kitabı hazırlayarkən həm tarixçilik, həm coğrafiyaşünaslıq, həm şərqşunaslıq, həmi vergi müfəttişliyi, iqtisadçılıq edib, həm təqvimlər arasındakı fərqlərə aydınlıq gətirib, həm də o dövrdə işlədilən ölçü və çəki vahidləri, vergi sistemi haqqında oxucusuna geniş bilgi verib.
Müstəqillik illərdində millətimizin övladlarının bir-birinə məhbbətlə yanaşması əvəzinə düşmənçilik, qəzəb, nifrəti daha da artıb. İnsanların soy-kökünə şübhə ilə yanaşmaq, başqasının ata-babasına, nəslinə böhtan atmaq yoluxucu xəstəlik kimi yayılıb. Azərbaycan çoxmillətli bir ölkədir. Burada nəinki millətlər, hətta kiçik etnik qruplar belə minillərdir dost və mehriban yaşayır. Millətimlə ona görə fəxr edirəm ki, xınalıq, qırız, buduq, udin, saxur və b. etnik qrupları assimilə etməyib, onlara qardaş kimi baxıb.
Təəssüf ki, bu gün kimin kimdən xoşu gəlmirsə onun başqa millətdən olduğunu söyləyir. Bəzən bu təhqir anlamında işlədilir. İş məhkəməyə də daşınır. Məhkəmələr də əllərində tutarlı qaynaq olmadığından çıxılmaz vəziyyətdə qalırlar.
Hər bir insanın milli kimliyi ilə qürur duyması onun təbii haqqıdır. Birisinin soy-kökü haqqında yanlış şayiələr yaymaq da nəinki etik qaydalara sığmır, həm də qanunvericiliyimizə ziddir. Bəzən isə məşhur, tanınmış insanlara sahib çıxmaq xəstəliyinə tutulanlara da rast gəlirik.
Onlar da fakta, sənədə dayanmadan təbliğat aparır, sonra da onların haqqının tapdalandıqları haqqında haray-həşir salırlar. Qəribədir ki, belələrinin hay-harayına inananlar da olur. Məşhur elm, mədəniyyət, sənət və siyasət adamlarına sahiblənmək hərisliyi də, rəhbər vəzifədə işləyənlərin söy-kökü haqqında böhtanlar yaymaq da cəmiyyətdəki bərabərsizlikdən doğan bir bəladır. Nazir Əhmədlinin hazırladığı kitaplarda belə dedi-qodu yayanlara, qaragühuçulara sənədlərin dililə verilmiş sərt çavablar var. Bu kitablardan məhkəmələrdə sübut kimi istifadə etmək mümkündür.
Yeniyetməlik və gənclik illərimdə kitablarda, qəzet və jurnallarda yazılanlara, radio və televizyada deyilənlərə inananların sayı hadisənin iştirakçısının söylədiklərinə inananlardan
çox idi. Doğulduğum kənddə yaşayanların sayı 500-ü keçirdi. Bu kiçik kənddə Aşıq Ələsgəri görənlər, onun məclislərində iştirak edənlər də az deyildi. Aşığın şəninə şeir qoşduğu Kəklik də bizim kənddə yaşayırdı. Qocalıb əldən düşmüş qadın məktəbimizin yanında, oğlu Qulunun ailəsində yaşayırdı. Az qala hər gün görür və söhbətlərini dinləyirdik. Deyilənlərlə yazılanlar arasında bir uyğunsuzluğun olduğunu tez-tez eşidirdik. Mən də yazılanlara daha çox inanlardan olduğumdan, yaşlı nəsilin dediklərinə o qədər əhəmiyyət vermirdim, amma onların dediklərini də yadımda saxlayırdım. Orta məktəbin son siniflərini Zodda oxudum. Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərov bizim ədəbiyyat müəllimiz idi. Məndə ədəbiyyata maraq oyadan da İslam Talıb oğlu oldu. Ona bir insan, gözəl pedaqoq kimi həmişə yüksək sayğım olub. Bizə dərs dediyi zaman babasının həyat və yaradıcılığından dissertasiya yazırdı. Aşığın şeirlər toplusunu çapa hazırlayır, hərdən də təkidli xahişimizlə yazdığı dissertasiyadan parçalar oxuyurdu.
Şagird-müəllim arasında səmimi bir münasibət yaratdığından fikirlərimizi ona rahat söyləyə bilirdik. Ondan Aşıq Ələsgərin şeirlər kitabına başqalarının da şeirlərinnin nədən daxil edildiyini soruşduqda, kitabın tərtibçilərindən, nəşriyyatlardan gileylənirdi.
Aşıqların İmanın, Musanın, Bəşirin, Məhəmmədin və başqalarının adı ilə oxuduqları şeirlərin “Aşıq Ələsgər” kitabına düşməsi haqlı narazılıq yaradırdı. Sonralar mən unversitetdə oxuyanda (1968-1973) və “Şərq qapısı” qəzetində işləyəndə də gördüm ki, aşıqların, sinədəftər şeir həvəskarlarının nəinki İslam Ələsgərovdan, folklor toplayanlardan bir inciklikləri var. Onlar bu incikliyi “çap etdirdiyi o şeirləri məndən topladı, amma mənim adımı bir dəfə də olsun çəkmədi”, “məndən topladığı şeiri başqa aşığın adına çap etdirdi”, “mən söylədiyim şeirin üzərində düzəlişlər apardı” və s. şəkildə bildirirdilər. Onların dediklərində böyük həqiqət olsa da, bir məsələ də vardı ki, hər bir söyləyici, aşıq özünün bildiyini doğru sanırdı. Onlar folklordakı çoxvariantlılıqla razılaşmaq istəmirdilər.
Bir məsələ də vardı. Cəmiyyətdə bir böyüklük, nəhənglik sindiromu mövcud idi. “İnqilabı kim etdi?” sualına düşünmədən “Lenin”, “Sovet hökümətini kim qurdu və möhkəmləti?” sualına “Stalin!” cavabı verilirdi. Sov. İKP.MK-nın 10-dən çox büro üzvü olsa da, yalnız Baş və birnci katiblərin adları hallanırdı. Yuxarıdan başlayan bu proses aşağılaradak davam edirdi. Belə ki, rayonda hamı dərdini, şikayətini birinci katibə, kənddə kolxoz sədirinə, sovxoz direktoruna demək istəyir, əsasən onları tanıyırdılar. Rayon İcraiyyə Komitəsinin sədri, büro üzvləri, rayon prokuroru, kənd sovetinin sədri və başqaları “nəhənglərin” kölgəsin də qalırdı. Bu, özünü bütün təşkilatlarda göstərirdi. Aşıq şeirlərini toplayan araşdırıcılar da bir “böyük”, “məşhur” sənətkar yaratmaq istəyirdilər. Başqalarının, yəni Alının, Bəşirin, İmanın, Musanın haqqının tapdanması önəmli deyildi.
Bolşeviklərin hakimiyyətə gəldiyi ilk illərdən başlayan bu proses 1980-ci illərədək davam etdi.
Belə ki, yeni bolşevik hökuməti keçmişi inkar edir, yeni proletar mədəniyyəti və ədəbiyyatı yaradıcaqlarını vəd edirdilər. Keçmişdə yazılanları, saray ədəbiyyatı, burjua-mülkədar, tacir sinifi nin ədəbiyyatı adlandırır, kasıb-kusub içindən çıxanların yaradıcılığından yeni ədəbiyyat yaratmağa çan atırdılar. Qazaxıstanda Cambul Cabayevi(1846-1945), Dağıstanda avar Həmzət Sadasanı(1877-1951), ləzgi Suleyman Stalskini(Həsənbəyov) (1869-1937), balkar Kazım Meçiyevi (1849-1945) və b. beləcə parlatdılar. Oxuma-yazma bilməyən, vəzn, qafi yə haqqında aydın təsəvvürü olmayan, söylədikləri bədiyyatdan uzaq olan bu insanları ictimai mənşəyinə görə məşhur şair kim təbliğ etdilər, əsərlərini rus dilinə və b. dillərə çevirib böyük tirajla yaydılar. Onlara yüksək dövlət mükafatları, fəxri adlar verdilər.
Fəhlə-kəndlidən yeni proletar ədəbiyyatı yaratmaq istəyənlər qaraçay Qasbot Qoçqarovdan da (Qoçqarlanı) (1834-1940) istifadə etməyə çalışırlar. Lakin o, Sovet qurluşuna xoş münasibət bəsləmədiyindən səfil bir ömür sürdü, at belində gəzərək Sovet rəhbər işçiləri, xoşu gəlməyən adamlar haqqında həcvlər söylədi.
Xatirələrdə Aşıq Ələsgərin Sovet dövründə İrəvana dəvət edildiyindən söz açılır. Qoca və xəstə olduğunu səbəb gətirən aşığın getmədiyi söylənilir. Bu, yuxarıda adını çəkdiyimiz kəndli şairlərin dəvəti ilə eyni vaxta təsadüf edir. Aşıq Ələsgər yeni hökümətdən xoşu gəlmədiyinə görəmi İrəvana getməyib, yoxsa həqiqətən də xəstəlik və qocalıq belə bir səfərə çıxmasını əngəlləyib? Fikrimizcə, o, yeni quruluşu bəyənməyib, qocalığı və xəstəliyi bəhanə gətirərək getməyib. Və yaxşı ki, getməyib!
Bunları deməkdə məqsədimiz odur ki, araşdırıcılarımız yaşadıqları mühitin övladı olduqlarından aşıqların yaşını böyütməyə, onları çox yaşayan, uzunömürlü göstərməyə çalışmaları danılmazdır. Onu da nəzərə almalıyıq ki, həmin dövrdə tədqiqatçıların əlinin çatacağı sənədlər də olmamışdır, çünki sovet dövründə arxivlərdə sərt bir qapalılıq, senzura nəzarəti vardı. “Məxvi” qrifi altında olan minlərlə sənədi ən məşhur, sovet hökumətinə sədaqəti ilə seçilən, inanılmış alimlərə, yazıçı və şairlərə də vermirdilər. Qafqaz canişinliyi tərəfi ndən tərtib edilmiş kameral təsvirlər də belə sənədlərdən idi.
Elə faktlar vardı ki, alimlərimiz onlardan yanlışlığı çözmək üçün ipucu kimi istifadə edə bilərdi. Lakin onlar da bunu etmək istəmir, qəlibləşmiş formulları dağıtmağa cürət etmirdilər. Aşıq Ələsgərin ömür yolu haqqında ən etibarlı məlumatlar ailə üzvlərinin hazırladığı şəcərə sayılırdı. İstər bu şəcərədəki fərq, istərsə Aşıq Ələsgərdən yazan tədqiqatçıların sənəktarın doğumu haqqında yazdıqlarındakı yanlışlıq göz qabağında idi. Söz-söhbətlərdə bunlar deyilsə də, rəsmişəşdirilmirdi. Belə ki, Aşıq Ələsgərin 1821-ci ildə doğulduğunu yazanlar sənətkarla qardaşları arasındakı 30 ildən çox yaş fərqi haqqında deyilənləri eşitmək belə istəmirdilər. Aşıq Ələsgərin 1821-ci ildə doğulduğunu “Quran” ayəsi kimi qəbul edən İslam müəllim onun qardaşı Məhəmmədin 1857-ci ildə doğulduğunu yazır, Məşədi Saleh, Xəlil və Məhəmməd arasındakı yaş fərqini 3-5 il göstərirdi. Bu yaş fərqindəki uyğunsuzluq Aşıq Ələsgərin qardaşı Məşədi Salahın ailəsində də vardı. Belə ki, Məşədi Salahın böyük oğlu Aşıq Qurbanın 1870-ci ildə, ondan sonra doğulan oğlanları Növrəs İmanın 1903-cü ildə, Aşıq Musanın 1909-cu ildə doğulduğu göstərilirdi. Ələsgərlə qardaş-bacıları arasında, eləcə də Məşədi Salahın övladları arasında ögeylik yoxdu. Onda sual doğurdu ki, neçə olur bir qadın bir övlad doğduqdan sonra 33 il(!) fasilə verib sonra bir neçə il fərqlə o biri övladlarını doğur?
Mən 1980-ci illərdə Axısqalı Xəstə Hasanla bağlı İslam müəllimə məktub yazanda bu məsələyə də aydınlıq gətirməsini istəmişdim. O isə belə söhbətləri eşitmək belə istəmirdi.
Hətta 2000-ci ildən sonra İslam müəllimlə bir yerdə, Folklor İnstitutunda işləyəndə İ.Şopenə istinad edərək 1821-ci ildə Ağkilsədə yaşayış olmadığını yazmışdım. Məqaləni hörmət əlaməti olaraq müəllimim və Ələsgər ocağının alim oğlu, bu sahənin bilicisi sayılan İslam Ələsgərova oxumağa vermişdim. İslam müəllim məqaləni oxuyanda bərk əsəbləşmiş, yazını çırıb zibil yeşiyinə atmışdı. Mənə də incikliyini sərt şəkildə bildirdi, narahat olmuşdu ki, mən ondan xəbərsiz məqaləni haradasa çap etdirərəm. İnstitutun direktoru Hüseyin İsmayılova da məndən şikayət etmiş, xahiş etmişdi ki, məqalənin çapına mane olsun. Göycə aşıq məktəbinin yaşını böyütmək istəyən, bu mövzuda dəfələrlə mənimlə mübahisə edən Hüseyn İsmayılov sakit və mülayimliklə xahiş etdi ki, İslam Ələsgərov sənin müəllimin olub, ağsaqqal adamdır, hirslənər, başına bir iş gələr, sən gəl bu məsələni qapat. Mən bu mövzudan əl çəkimək fikirində deyildim, lakin əlimdə də ciddi tarixi sənədlər yox idi. Ona görə də bu məsələni gündən-günə, aydan-aya, ildən ilə ötürürdüm.
Nazir Əhmədlinin qarşımızdakı kitabı isə mənim bu mövzuya müracət etməyimə son qoydu. O, elmi ictimaiyyətə elə sənədlər təqdim etdi ki, burada daha mübahisəyə, inciməyə yer qalmadı. Bu sənədlər həm də Xəstə Hasanın Aşıq Ələsgərə bağlama göndərib-göndərmədiyi məsələləsinə nöqtə qoymuş oldu.
Bir yanlışlıq başqa yanlışlığa da yol açır. Ələsgərin yaşının böyüdülməsi yeni bir problem-Aşığın övladlarının yaşı məsəlsini ortaya çıxarırdı. Onların yaşını artıra bilmədiklərindən, məcbur olmuşdular Ələsgərin 40 yaşında evləndiyi rəvayətini ortaya atsınlar. Kəndimizdən Aşıq Ələsgəri görən adamlar və Göyçədə tanıdığım, söhbət etdiyim aşıqlar ustad sənətkarın 40 yaşında evlənməsinə, onun ilk eşq məcarəsi ilə bağlı yaranan poemaya, radio verlişinə, xüsusən Pullu Məhərrəm haqqında deyilənlərə istehza ilə yanaşır, bu uydurmaları Aşıq Ələsgərə yaraşmayan cəfəngiyat adlandırırdılar. Çoxları kimi Ələsgərin də gəncliyində bir qıza aşiq olduğunu, onun şəninə şeirlər söylədiyini normal qarşılayırdılar. Aşığı gözü tox, oturub-durmağını, sözünün yerini bilən, namuslu bir insan kimi xatırlayırdılar. Onun gözəllərə yazdığı şeiriləri isə o dövrün ab-havasının məhsulu kimi dəyərləndirdilər. Toyun sonunda aşığın bəyə və gəlinə tərif deməsi vacib şərtlərdən biri sayılırmış. Aşıq Ələsgər də bütün aşıqlar kimi bu ənənəyə əməl edirmiş. Yəni musiqi ilə sözün vəhdətindən ibarət xoş sözlər, arzu-diləklər olurmuş. Onlar içərisində yüksək sənətkarlıq nümunələri yaşayır və ağızdan- ağıza keçərək yayılırmış. Bəzən də toyda bir nəfər irəli çıxıb “aşıq, mənim məclisdə iştirak edən qızıma və ya gəlnimə bir tərif de, sənə bir quzu, və ya başa bir nəmər verəcəm” deyərmiş. Aşıq da bunu məmnunluqla yerinə yetirərmiş. Aşıq Ələsgərin gözəllər haqqında söylədiyi şeirlərin bir qismi belə yaranıbsa, bir qismi də müəyyən hadisələrlə bağıldır.
Aşıq Alının anadan olmasının 180 illiyinin təntənə ilə qeyd edilməsi haqqında Azərbaycan KP MK-nın qərarı qəzet və jurnalların bu mövzuda məqalələr verməsinə imkan yaratdı. Həmin günlərdə mən də işlədiyim “Sovet Naxçıvanı” qəzetində Aşıq Alı və onun ustadı, Ağ Aşıq ləqəbli Allahverdi haqqında bir neçə məqalə yazdım. O dövrdə Ağ Aşıqdan söz açan bütün müəlliflər onun Kosacan kəndində doğulduğunu, sonra Göyçənin Kərkibaş kəndinə getdiyini yazırdılar. Mən də aşıqla bağlı material toplamaq üçün Kosacana getdim. Orada aşığın qızı Zülfünaz qarı ilə görüşdüm. Yaşının 80-i keçdiyi deyilən Zülfünazdan aldığım bilgidən bu qənaətə gəldim ki, Kosacandakı Allahverdi ilə Kərkibaşdakı Allahverdi ayrı-ayrı adamlardır. Yaşadıqları dövrlər arasında azından 50-60 il fərq var. Atalarının adı da fərqlidir. Bu haqda 1982-ci ildə “Sovet Naxçıvanı”na məqalə yazdım, radioya verliş hazırladım. Lakin mən məşhur alim olmadığım üçün yazdıqlarım heç kimin diqqətini çəkmədi. 1993-cü ildə “Bir daha Ağ Aşıq haqqında” adlı məqalə yazıb “Oğuz eli” qəzetində (14 yanvar,sayı 1 (30), səh.8) və “Ağ Aşıq təxəllüslü Allahverdi Sulduzludurmu?” məqaləsini Tehrandakı “Vaqlıq” jurnalınada (1998 (1376), 105-2, 106-3, səh.44) çap etdirdim. Əlimdə aşığın doğumu ilə bağlı rəsmi sənədlər olmadığından mən də yanlışlıqlara yol vermişdim. Nazir Əhmədli bu kitabı ilə mənim də yanlışlıqlarımı düzəltmiş oldu.
Nazir Əhmədli 19-cu yüzildə yaşamış aşıqlarımızın ömür yolları haqqındakı yanlışlığa son qoydu. Ağ Aşıq ləqəbli Allahverdilərin, Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Musanın, Şair Məhəmmədin, Şəmkirli Aşıq Söyünün(Hüseynin)və başqalarının haqqında elə dəqiq bilgilər verdi ki, ensklopediyalara məqalə hazırlayanlar, aşıq yaradıcılığından məqalə və kitab yazanlar gərək Nazir Əhmədlinin kitabını daim masalarının üstündə saxlasınlar, araşdırıcılarımız Qaracəmirlidə yaşamış, indiydək adı, bəhsi çəkilməyən sənətkarlar haqqında Nazir Əhmədlinin verdiyi bilgilər əsasında yeni axtarışlara başlasınlar.
Nazir Əhmədli tədqiqatçıların nəzərini kameral təsvir sənədlərinə cəlb etdiyi bu kitabı ilə yeni bir mərhələyə yol açmış oldu. Onun açdığı yolla gedənlər təkçə aşıqlarımızın deyil, qaçaqlarımızın, ictimai xadimlərimizin, alimlərimizin, yazıçı və şairlərimizin də ömür yollarına aydınlıq gətirə biləcəklər.
Sonda bir məsələyə toxunmaq istəyirəm. Dünyanın hər yerində (keçmiş SSRİ-ni və onun indiki davamçılarını çıxmaqla) elmə yenilik gətirənlərə doktor adı verilir. Keçmiş Sovetlər Birliyində olduğu kimi indi də Rusiya və ona bağlılıqdan qurtara bilməyən respublikalarda-müstəqil dövlətlərdə isə bir qəlib müəyyənləşdirilib. Dissertasiyanın həcmi filan səhifə, formatı filan cür, tərtibi filan səviyyədə olmalı, müdafiə şurasınadək üç mərhələrəli müzakirə təşkil edilməli, bu müzakirələrin gedişi videoya çəkilməli və protokolları yazılmalıdır. Sonda böyük bir çamadan dolusu sənədlər Ali Attestassiya Komissiyasına gördərilməldir. Orada azı bir-iki il saf-cürük edildikdən sonra cavab verilir ki, dissertasiya təsdiq edilir, ya yox. (İndiyədək oradan onlarla dissertasiya geri qaytarılıb. Lakin buna görə Müdafiə Şurası üzvlərinin birinə də “gözün üstə qaşın var” deyən olmayıb). Hazırlanan dissertasiyaların da önündə mövzunun aktuallığı, elmi yeniliyi və s. kimi yarımbaşlıqlar var. Amma bunlar formal xarakter daşıyır.
Dahi alman filosofu Fridrix Nitşenin həyatında maraqlı bir hadisə var. Leypsiq Universitetinin tələbəsi olarkən antic yunan ədəbiyyatı ilə bağlı yazdığı iki məqaləsini oxuyan İsveçrənin Bazel Universitetinin klassik filologiya kafedrasının müdiri Nitşenin təhsil aldığı universitetə məktub göndərir. Məktubda yazır ki, əgər etirazınız yoxdursa, biz sizin tələbəniz Nitsşeni təhsilini başa vurduqdan sonra kafedramıza professor vəzifəsinə dəvət edirik. Nitsşenin müəllimləri, əlbəttə etiraz etmir. Hər bir məsələdə punktuallıq, intizam göstərən almanlar bəlkə də öz tarixlərində ilk dəfə olaraq nadir bir hərəkət də edirlər.
Deyirlər bir halda ki, bu tələbəni nüfuzlu bir universitet professor vəzifəsinə dəvət edir, bizim ondan dövlət imtahanı götürməyimiz etik baxımdan düzgün olmaz. Nitsşedən dövlət imtahanı götürmədən ona diplom verirlər və 24 yaşlı gənc məzun dəvət aldığı Bazel Universitetinə yollanır...
Nazir Əhmədlinin kitabları, xüsusilə qarşımızdakı bu son kitabı da elmi yeniliyi olan, millətimizə və Vətənimizə xeyir verən kitablardır. Onlardan yüzlərlə alim, tələbə, ziyalı, yazıçı və şair, öz soy-kökünü öyrənmək istəyən sadə insanlar istifadə edəcəklər. Lakin ona filologiya üzrə elmi dərəcə vermək heç kimin yadına düşməyəcək. Çünki elmi dərəcə üçün müəyyənləşdirilmiş qəliblərdə hazırlanmayıb, oxucuya, alimə, tarixi mövzuda əsər yaradan yazıçı və şairlərə, soy-kökü ilə maraqlananlara lazım olan səviyyədə hazırlanıb. Avropada, Amerikada, Asiyada, hətta Afrikada və Avstraliyada nəşrlərin bu cür hazırlanması normal sayılır. Keçmişdən dördəlli yapışıb ondan əl çəkmək istəməyən bizlərdən başqa.
Ola bilsin ki, hələ Nazir Əhmədlini diletantlıqda, qeyri-peşəkarlıqda, başqalarının işinə qarışmaqda da suçlasınlar. Buna da dözmək lazımdır. Çünki cəmiyyətimiz belə formalaşdırılıb.
Əli Şamil
12.04.2017
Çap olundu: Aşıqlarımızın ömür yoluna aydınlıq gətirməyin yeni mərhələsi başladi, Nazir Əhmədli. Haqq-nahaqq seçilər Haqq divanında, “NURLAR” Nəşriyyat-Poliqrafi ya Mərkəzi, Bakı, 2017, səh. 7-20.
|