Bilqamıs dasta­nı haq­qında

DÜNYANIN İLK DASTANI

AZƏRBAYCAN DİLİNDƏ

 (Bilqamıs dasta­nı haq­qında)

Şərqdən keçərək Dəclə və Fərat çaylarının hövzəsində qüdrətli dövlət yaratmış şumerlər dünya ədəbiyyatında və incəsənətinə misilsiz incilər bəxş etmişlər. Onların yaratdığı ölməz abidələr şöhrətlənərək Yaxın Şərqdə yaşamış akkad, hett, hurrit və başqa xalqların dillərinə tərcümə edilmişdir. Məhz buna görədir ki, bizim günlərdən təxminən 4-6 min əvvəl yaradılan, gil lövhələr üzərində yazıya alınan qədim şumer dastanı –“Bilqamıs”-ı tədqiqatçılar çox vaxt dünyanın  ilk yazılı dastanı adlandırırlar.

“Bilqamıs” dastanının taleyi də “Avesta”nın, “Kitabi Dədə Qorqud”un taleyi kimi olmuşdur. Bu ölməz abidələrin beşiyi – ana vətəni Şərq olsa da onlara dünya şöhrəti qazandıran, elm aləmində tanıtdıran Qərb tədqiqatçıları olmuşlar. Avropa şərqşünaslarının səmərəli axtarışlarından, geniş tədqiqatlarından sonra ulu babalarımızın yaratdığı bu misilsiz abidələr Şərqdə ikinci həyatını yaşamağa, tədqiq və təbliğ olunmağa başlamışlar.

Bu abidələrin əksəriyyəti ilə xalqımızın varislik əlaqəsi olsa da onların dilimizə çevrilməsi, ümumxalq malı edilməsi gecikdirilmişdir. Sevindirici haldır ki, bu nöqsanların aradan qaldırılmasında ilk addımlar atılır. “Gənclik” nəşriyyatı bu yaxınlarda “Bilqamıs dastanı” kitabını oxucuların mühakiməsinə vermişdir. Yaxın illərdə Azərbaycan oxucuları “Avesta” və başqa ölməz abidələri də ana dilimizdə oxuyacaqlar.

“Bilqamıs dastanı”nı nəşr üçün İsmayıl Vəliyev hazırlamışdır. Oxucular indiyədək İ. Vəliyevi tədqiqatçı və şair kimi tanıyırdılar. Bu kitab isə İ. Vəliyevin tərcüməçilik məharətini aşkarladı. O. Yalnız dastanın mətnlərini nəzmlə oxucuya çatdırmaqla kifayətlənməmiş, bu qiymətli abidə haqqında yığcam və dərin məzmunlu ön söz də yazmışdır. “Gil lövhələrin dastanı” adlandırılan ön söz oynaq, şirin bir dillə qələmə alınmışdır. Odur ki, ilk cümlələrdən oxucunu ələ alır. Ön sözdə oxuyuruq:

-“ günlərin bir günündə metal emalatxanasında qəribə bir sifariş verildi. Bu sifariş başqalarına bənzəmirdi. Gil lövhələr üzərindəki işarələr metal üzərində əslinə uyğun döyülüb hazırlanmalı idi. Bunu emalatxanaya görkəmli ingilis şərqşünası Henri Raulenson qədim Şərqdə tapılan gil yazı işarələrinin oxunuşuna həsr olunmuş monoqrafiyası üçün sifariş vermişdi. Mis üzərində döymə işini kiçik yaşlarından ata və babasından öyrənən gənc Corc Smit yalnız qravüranı hazırlamaqla kifayətlənmədi, həmin yazıları oxumağa həvəs göstərdi, gil kitabın ayrı-ayrı lövhələrini ən yaxşı bərpaçasına və oxucusuna çevrildi. Bundan sonra gil lövhələrin oxucuları çoxalmağa başladı.”

C. Smit 1872-ci ildə Assuriyanın mərkəzi Nineviya şəhərində aparılan qazıntılardan tapılmış lövhələrin araşdırılması ilə məşğul olur. Bu lövhələrdə oxuduğu parçalar istər Smiti, istərsə də tədqiqatçıların hamısını heyrətləndirir. Dünya xalqları arasında geniş yayılmış “böyük daşqın” la bağlı rəvayətlər bu lövhələrdə də öz əksini tapmışdı. Bu o deməkdi ki, Nuhla – Böyük daşqınlar ağlı əfsanə və rəvayətlər “İncil” dən çox-çox əvvəllər ədəbiyyatda geniş yayılmış süjet imiş.

Tərcüməçi qısa ön sözdə sanki geniş tədqiqat aparır. “Bilqamıs dastanı”nda təsvir olunan Utnapişti obrazının Nuhla eyniləşdiyini, dastan qəhrəmanının taleyi ilə Dədə Qorqudun taleyi arasında bir yaxınlıq olduğunu söyləöyir və bu qənaətə gəlir ki, Şərq xalqlarısonrakı minilliklərdə yaratdıqları dastanlarında da “Bilqamıs”dan səmərəli bəhrələnmişlər. Bu da varisliyə gözəl sübutdur.

İ. Vəliyev tərcümə zamanı əsasən dastanın ən mükəmməl variantı hesablanan akkad dilinə tərcüməsindən istifadə etməyi lazım bilmişdir. Bununla yanaşı dastan qəhrəmanının adının dəqiqləşdirilməsinə də səy göstərmişdir. Gil lövhələri oxuyan tədqiqatçılar dastan qəhrəmanının adını Gilqameş, Qilqəmes, Vilqames kimi qeyd edirlər. İ. Vəliyev isə yazır: “Son dövrdə tədqiqatçılar şumer dilində çoxlu türkdilli xalqlara məxsus sözlər tapdıqlarına görə şumer dilini bu xalqlar ailəsinə mənsub edirlər. Qəhrəmanın adı gil lövhələrində müxtəlif cür oxunsa da tərcümələrinin hamısında onun mənası eynidir, yəni hər şeyi görən, hər şeyi bilən drməkdir”. Buna əsaslanan tərcüməçi dastan qəhrəmanının adını  “Bilgə” sözü ilə əlaqələndirib “Bilqamıs” kimi yazır. Dilimizdə “mış” şəkilçisinin olduğunu və adların bəzilərinin bu şəkilçi ilə bitdiyini nəzərə alsaq, onda “Bilqamıs” yox, “Bilqamış” şəklində oxunsa daha yaxşı olardı.

Şumerlərin yaratmış olduğu “Bilqamıs” dastanı bizim günlərədək tam şəkildə gəlib çatmamışdır. Dastanı bərpa etməyə çalışan tədqiqatçılar qismən yaxşı mühafizə edilmiş akkad və hett dillərinə tərcümələrdən geniş istifadə edirlər. Onu da qeyd edək ki, Azərbaycanda Qılqamış pəhləvanla bağlı maraqlı rəvayət və əfsanələr dolaşmaqdadır. Çox təəssüf ki, indiyədək bunlar toplanıb nəşr edilməmşdir. əgər belə bir toplu nəşr edilsəydi, bəlkə də “Bilqamıs dastanı”nın itmiş hissələrini, parçalarını azərbaycanlılar arasında yaşayan əfsanə və rəvayətlər arasında bərpa etmək olardı.

Kitabın sonunda verilmiş izahatda dastanda adı çəkilən tanrılar, ilahələr haqqında da məlumat verilir. Bu da kitabın məziyyətlərini artırır. Arzu edərdik ki, nəşriyyatlarımız bu xeyirxah ii davam etdirsinlər, qədim abidələri yüksək səviyyədə nəşr edib oxuculara çatdırsınlar.

Əli Şamilov

“Sovet Naxçıvanı” qəzeti

1985-ci il, sayı 184 (14.222), səh.4

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol