SƏNƏTKAR HAQQINDA SÖZ
(Z. Qiyasbəylinin “İmran Qasımov” monoqrafiyası haqqında )
Yazıçı-dramaturq İmran Qasımov muxtar respublikamızla sıx bağlı sənətkar idi. Ömrünün sonunadək Vənənd seçki dairəsi seçicilərinin Ali Sovetdə nümayəndəsi olan İ. Qasımov görkəmli ictimai xadim, istedadlı yazıçı, gözəl dramaturq və publisist kimi respublikamızdan çox-çox uzaqlarda tanınırdı. Onun ədəbi-tənqid və ədəbiyyatşünaslığa dair əsərləri az olsa da bu əsərlərdəki fikir yükü dərin və geniş olmuşdu.
Belə çoxsahəli yaradıcılığa malik bir sənətkar haqqında elmi fikir söyləmək çətin və məsuliyyətlidir. İ. Qasımovun yaradıcılığı haqqında yalnız respublikamızın deyil, qardaş respublikaların, eləcə də bir çox sosialist və kapitalist ölkələrinin ədəbiyyatşünas və teatrşünasları fikir söyləmişlər. Söylənilmiş fikir və mülahizələri toplayıb saf-çürük etmək onlara ədəbiyyatşünaslığın müasir səviyyəsindən nəzər yetirmək olduqca ağır işdir. Bu ağır və məsuliyyətli işin öhdəsindən filologiya elmləri namizədi Zəkiyyə Qiyasbəyli gəlməyə çalışmışdır.
Z. Qiyasbəylinin oxucuların mühakiməsinə təqdim etdiyi “İmran Qasımov” (“Yazıçı” 1983) monoqrafiyasına akademik Mirzə İbrahimov və Azərbaycan SSR əməkdar incəsənət xadimi, tənqidçi Cəlal Məmmədov rəy vermişlər.
Kitabın redaktoru, filologiya elmləri namizədi, tənqidçi Akif Hüseynovdur. Akademik Mirzə İbrahimov kitaba yazdığı “Ön söz”də tədqiqatçının xidmətlərini aşağıdakı kimi xarakterizə edir:
“...Bu monoqrafiyanın ən yaxşı cəhəti yazıçının fəaliyyəti haqqında dolğun təsəvvür yaratmasından, bizdə ədəbi prosesin, teatr və kino sənətinin işində müəllifin xidmətləri barəsində ətraflı məlumat verməsindədir...
Zəkiyyə Qiyasbəylinin kitabının başqa bir məziyyəti mövzunun geniş, ədəbi kontestdə şərhidir. Belə ki, biz burada yazıçının fəaliyyətini ədəbi prosesin mənzərəsində izləyə bilirik. Onun yaradıcılığına, sovet ədəbiyyatının aktual, ümumi problemləri və partiyalılıq, müasirlik kimi yüksək estetik prinsipləri baxımından nəzər saldığını görürük. Həmçinin İmran Qasımovun sovet və xarici yazıçılarla əlaqələri, onun haqqında görkəmli sənət və ədəbiyyat xadimlərinin fikirləri ilə də tanış oluruq”.
Müəllif monoqrafiyasını “Ədəbiyyatımız və müasirimiz”, “Fəhlə sinfi sənət güzgüsündə”, “Müharibə və ədəbiyyat”, “Bədii təsəvvürdən düşüncələrə və bədii təhlilə doğru” fəsillərinə ayırmışdır.
Bu fəsillərin adı ilə ilk tanışlıqdan oxucuda belə bir təsəvvür yaranır ki, monoqrafiya təsvirçilikdən uzaqdır. Əsərin adı “İmran Qasımov” olsa da müəllif monoqrafiyasına yazıçının tərcümeyi-halını daxil etməyi də lüzumsuz bilir. Bunun əvəzinə birbaşa yazıçının yaradıcılıq “tərcümeyi-halı”nı tədqiq edir. Bu da monoqrafiyanın elmiliyini artırır.
İ. Qasımovun yaradıcılığını ümumi sovet ədəbiyyatının nəhəng panoramı fondunda təhlil edən Z. Qiyasbəyli sənətkarın qidalandığı milli zəmini sovet və dünya ədəbiyyatının qabaqcıl və mütərəqqi ənənələrindən bəhrələndiyinin, özünün ədəbiyyata gətirdiyi yenilikləri oxucuya sadə aydın faktlarla çatdırır. Sənətkarın bədii tapıntıları, yaradıcılıq axtarışları haqqında söylədiyi müddəaları müəllif Sovet ədəbiyyatının görkəmli nümayəndələrindən gətirdiyi sitatlarla təsdiq edir. “Təbiətin, insanın, ümumiyyətlə varlığın dialektikasını marksist təlimi mövqeyindən araşdıran, onu həyata və yaradıcılığa məharətlə tətbiq edən, zamanın isti nəfəsini duymaq, qəlb döyüntülərini eşitmək istedadına malik olan sənətkarın fəlsəfi traktat kimi səslənən, insana yanaşmağın mənasını xatırladan gənc nəslin mənəvi-estetik tərbiyəsində, vətəndaşlıq borcunu başa düşməsində mühüm rol oynayan” güclü bəşəri hisslər aşılayan əsərlərindən, dünyagörüşündən ilhamla söhbət açan Ç. Aytmatov yazırdı: “Sənin (İ. Qasımovun) dramaturgiyanda qaldırılan məsələlər müasir adamların, zamanın problemləri olub qəhrəmanların simasında böyük tarixə vəsiqə almışdır. Sən hər barədə öz dövrünün vətəndaşısan, həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət, ölüm, harmoniya kimi daimi mövzular sənin yaradıcılığında aktual günümüzlə səsləşən əhəmiyyət kəsb edir. Bu, çox gözəldir!
Sənin bəşəri ədəbiyyat haqqında anlayışın, düşüncələrin məni həmişə heyran edir...”
Z. qiyasbəyli monoqrafiyada sənətkarın qələminə məxsus bütün yazıçıları, eləcə də onun haqqında deyilmiş fikirləri eyni ilhamla tədqiq etmişdir. Sənətkarın bütün janrlarda insan psixologiyasının qabarıqlığı ilə verməsini yüksək qiymətləndirmişdir.
Monoqrafiya ilə tanışlıqdan sonra oxucu belə bir qənaətə gəlir ki, İ. Qasımov iri əsərlər yazmasa da yaradıcılığına məsuliyyətlə yanaşmış, istər nəsr əsərləri, istərsə də dram və ssenariləri, istərsə də publisistik əsərlərini eyni ilham və məhəbbətlə yazmışdır.
Z. Qiyasbəylinin “İmran Qasımov” monoqrafiyası sənətkar haqqında yazılmış ən sanballı əsər kimi oxucuların diqqətini özünə cəlb etmişdir.
Əli Şamilov,
“Sovet Naxçıvanı” qəzeti,
23 sentyabr, 1984- cü il, sayı 223 |