“Azərbaycan filologiyası məsələləri” toplusu haqqında

MARAQLI MÜDDƏALAR TOPLUSU

  Y. Məmmədəliyev adına NDPİ- nin müəllimi, gənc tədqiqatçı Arif Rəhimovun dövrü mətbuatda dərc olunan elmi məqalələrinin sayı o qədər çox olmasa da irəli sürdüyü müddəalar, şərh olunan məsələlər həmişə diqqəti cəlb edib. A. Rəhimovun “Midiya” və “Mağ” sözlərinin mənşəyinə dair” yeni bir məqaləsi Azərbaycan SSR Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan filologiyası məsələləri” toplusuna daxil edilmişdir.

Tarixin atası adlandırılan Heredot Midiyada 6 tayfanın – bus, paratagen, struxat, arizant, budi və mağların yaşadığını göstərir. Tədqiqatçılar isə Midiya tayfalarının iki dil qrupunda danışdığını söyləyirlər. !. Yerli dillər. . İran dilləri. Yerli dillərin hansı dil qrupuna daxil olduğu məsələsi isə uzun müddətdir mübahisə mənbəyinə çevrilmişdir. A. Rəhimov inandırıcı dəlillərlə sübut edir ki, mağlar başqa tayfaları özlərinə tabe edərək Midiya dövlətini yaratmışlar. Bu dövləti yaradan tayfa isə məhz türkdilli tayfa olmuşdur.

     H. Araslı, C. V. Qəhrəmanov, M. C. Cəfərov, M. Ş. Şirəliyev, T. İ. Hacıyev (məsul redaktor), A. Məmmədov kimi nüfuzlu alimlərin elmi redaktəsi ilə çapa hazırlanmış məqalələr toplusunu “Elm nəşriyyatı” 1983- cü ildə oxucuların mühakiməsinə vermişdir. Toplu Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyətə başlayan yeni “Ümumi və tarixi-psixoloji dilçilik” şöbəsinin təşəbbüsü ilə tərtib olunsa da, buraya dilçiliklə məşgul olan alimlərlə yanaşı tarixçilərin, arxeoloqların, coğrafiyaşünasların və başqa alimlərin də məqalələri daxil edilmişdir.

   Müxtəlif ixtisaslı tədqiqatçıların məqalələrinin bir məcmuədə toplanması heç də təsadüfi deyildir. Kitaba yazılmış yığcam və məzmunlu ön sözdə bu belə izah edilir: “Dil-ədəbiyyat, etnoqrafiya, tarix və mədəniyyətin elə məsələri vardır ki, onları yalnız kompleks şəkildə, yəni insan və cəmiyyət haqqında elmlərin bəlkə də hamısının metod, vasitə və nəticələrini cəlb etməklə öyrənmək mümkündür. Bu başqa xalqları tarixində olduğu kimi, Azərbaycan xalqının etnogenezisi məsələsində də məhz bu şəkildə - dilçilik, arxeologiya, tarix, mifologiya, etnoqrafiya, ədəbiyyat və hətta coğrafiya, iqlimşünaslıq və sair kimi müxtəlif predmetli elm sahələrinin həmrəy və birgə fəaliyyəti ilə həll oluna biləcək məsuliyyətli və zəruri problemlərdəndir”.

    “Azərbaycan filologiyası məsələləri” məqalələr toplusunda dilimizin erkən tarixinə aid faktlar, adət-ənənələr, inam və təsəvvürlərin izləri, yazılı və şifahi ədəbiyyat nümunələri, xalqımızın etnogenezisi ilə baglı məsələlər elmin son nəaliyyətləri əsasında yeni baxımdan şərh edilir. İrəli sürülən müddəalar, həm də polemik müddəalar güclü inam hissi, inandırıcı dəlillər və faktlarla möhkəmləndirilir.

   Bu məqalələrdə irəli sürülən qısa müddəaların əksəriyyəti sözsüz ki, yaxın gələcəkdə geniş tədqiqatların mövzusuna çevriləcəkdir. Bu müddəa və mülahizələr yalnız alimlər və mütəxəssislərin deyil, geniş oxucu kütləsinin də marağına səbəb olur. M. Mahmudovun “VI əsr ərəb şeirində işlənmiş bir Azərbaycan sözü haqqında”, V. Məmmədəliyevin “Quranda ümumtürk mənşəli sözlər”, Ə. Hüseynin “Avestada qədim Azərbaycan sözləri”, S. Əliyarovun “azərbaycanda bidəçilik hərəkatına dair ədəbi mənbələrin araşdırma təcrübəsindən”,  M. Yusifovun “Bahar bayramı haqqında ” və başqa məqalələr maarqla oxunur.

   Topluda M. Seyidov, T. Hacıyev, B. Aslanov, B. Budaqov, M. Mahmudov, S. Əliyarov, V. Qukasyan və başqa nüfuzlu alimlərlə yanaşı, imzası son illərdə mətbuatda görünən gənc tədqiqatçıların da yazılarına geniş yer verilmişdir

   “Azərbaycan filologiyası məsələləri” məqalələr toplusunda muxtar respublikamızın yetirmələri olan M. Mahmudovun, V. Məmmədəliyevin, M. Yusifovun, M. Novruzovunvə başqalarının da məqalələri dərc olunmuşdur. Elmi aktuallığı ilə seçilən bu toplunu cəsarətli və maraqlı fikirlər toplusu adlandırmaq olar.

 

Əli Şamilov,

“Sovet  Naxçıvanı” qəzeti,

22 yanvar 1984- cü il,  sayı 18.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol