ŞAHTAXTI HAMAMI
Azərbaycanın elm və mədəniyyət xadimlərinin böyük bir nəslinin familiyası Şahtaxtı kəndinin adı ilə bağlıdır. XIX-XX yüzilliklərdə İsa-Soltan, Məmmədağa, Behbudbəy və başqaları bu familiya ilə Rusiyanın , Avropanın, Türkiyənin, İranın qəzet və jurnallarında bir-birindən maraqlı, polemik, yüksək elmi dəyəri ilə seçilən onlarla məqalə dərc etdiriblər. Bu yazılar müəlliflərinə hörmət, şöhrət qazandırmaqla yanaşı, Azərbaycanın ən qədim kəndlərindən olan Şahtaxtını da tanıdıb.
Arxeoloqların fikrincə, tunc dövründə bura yüksək inkişafa malik şəhər olmuşdur. Şahtaxtı kəndindəki Gavurqaladan və ətrafdakı kurqanlardan tapılan üzüməzən daş, boyunu muncuqlarla süslənmiş minik atın skeleti və onlarla başqa maddi-mədəniyyət nümunəsi burada yaşamış babalarımızın yüksək mədəniyyətə malik olduqlarından xəbər verir.
Bu günün hidrometroloqları da, melioratorları da, hidrotexnikləri də ulu babalarımızın təcrübəsinə, biliyinə həsəd aparırlar. Kənd Zəngəzur dağ silsiləsindən Araz çayına doğru uzanan tirənin sonunda – kiçik bir təpənin üstündə yerləşir. Buradan sağda – Şərur düzü, qarşı tərəfdə Arazın sağ sahili, solda Böyükdüz çölü aydın seçilir. Yayı həddən çox isti keçən Şərurun başqa kəndlərinə nisbətən Şahtaxtı kəndi sərin olur. Çünki kənd Araz çayının sol sahilindəki təpənin üstündə salındığından həmişə meh vurur.
Kəndin ərazisində indiyədək izi qalan 30- dan çox kəhriz isə həm əkin sahələrini, həm də əhalini yüksək keyfiyyətli içməli su ilə təmin edirmiş. Elm və texnikanın zəif inkişaf etdiyi bir dövrdə ibtidai üsulla qazılmış kəhrizlərə heyran qalmamaq olmur.
Təbrizdən, Xoy və Maragadan gələn karvan yolu üzərində salınmış Şahtaxtı kəndi gah inkişaf edib şəhərə çevrilmiş, gah da müharibələr və təbii fəlakətlər nəticəsində dağıdılaraq yerlə-yeksan edilmişdir. Elə buna görədir ki, tunc dövründən başlayaraq orta əsrlərədək olan böyük bir tarixi dövrdən yadigar qalan yerüstü abidələr yalnız Gavurqalanın divarları, kurqanlar, daş qutu qəbrlər və s. olmuşdur
.
Orta əsrlərdən bizim günlərədək Şahtaxtıda yerüstü abidə az qalmışdır. Belə abidələrdən biri gökəmli şair H. Cavidin ata-baba evindən bir az aşağıda yerləşən hamamdır. Şahtaxtı hamamı muxtar respublikada yeganə hamamdır ki, keçmiş görkəmini və funksiyasını bu gün də saxlayır.
Respublikamızın ərazisində bizim günlərədək qalmış əksər orta əsr hamamlarından fərqli olaraq Şahtaxtı hamamı yer səthindən yuxarıda yəni, yerin üstündə tikilmişdir. Hamamın məsciddən bir az aralıda, kəndin mərkəzində tikilməsi heç də təsadüfi deyildir. Hamamı tikən memar görünür kənd sakinlərinin rahat gəlib-getməsini və s. nəzərdə tutmuşdu. Çünki keçmişdə hamamdan yalnız yuyunmaq üçün istifadə etmirdilər. Hamam həm də kəndin mədəni mərkəzlərindən biri idi. Kəndin qocaman sakinləri hamamda pəhləvanların güləşdiyini, qış aylarından müğənnilərin kopnsert verdiyini, meymunoynadanların və başqa akrobatların, sirk ustalarının çıxışlarını xatırlayırlar. Memarlıq abidələrimizin böyük biliciləri M. Hüseynov, L. Bretanitski, Ə. Salamzadə 1963- cü ildə Moskvada nəşr etdirdikləri “Azərbaycan memarlığı tarixi” kitabında yazırlar: “Hamamlar bütün feodal şərqində olduğu kimi Azərbayvcanda da ən çox yayılmış ictimai binalardan biridir... Hamam qonşu Şərq ölkələrində olduğu kimi Azərbaycan şəhərlərində də yalnız sanitar-gigiyena funksiyası deyil, həmçinin məhəllə sakinlərinin istirahət yeri olaraq qalırdı. Bütün bunlarla yanaşı dini məqsədlər (təmizlənmə) üçün də istifadə edilirdi. Məs: “qüsul” üçün hovuzlar düzəldirdilər.
Qeyd etmək lazımdır ki, hamamdan bəzən idmanla məşğul olan yer kimi də istifadə edilirdi”.
Azərbaycanda adətən hamamlar yer altında tikilirdi ki, qışda isti, yayda sərin olsun və su oz gücü ilə hovuza, çənə qalxsın. Şahtaxtı hamamı isə yamacda tikildiyindən yuxarı hissəsi yarım mərtəbə həcmində qazılıb aşağı salınsa da aşağı hissəsi tam yer səthində olduğundan divarın hündürlüyü 2 metrdən artıqdır. Burada istiliyi normal saxlamaq üçün divarı qalın hörmüşlər. Hamamın su götürdüyü kəhriz isə xeyli yuxarıda olduğundan su çənlərə və hovuzlara rahat qalxırdı.
Respublikamızın və Zaqafqaziyanın orta əsr hamamları kimi Şahtaxtı hamamı da əsasən iki böyük və onlara bitişik başqa kiçik otaqlardan ibarət olduğundan dördbucaqlı formasındadır. Tikintidə ağac materialından demək olar ki, istifadə edilməyib. Yerli Şahtaxtı daşından və kərpicdən tikilib. Əsas iki böyük otaqların üstü gümbəzvari, o biri kiçik otaqların üstü isə tağvaridir.
Şahtaxtı hamamının tikintisi sadədir. Tikintidə həndəsi ornamentlərdən və nəbati naxışlardan istifadə edilməyib. Hamamın qapısı şərqdən – yamacın dik tərəfindəndir. Qapı taxtadan düzəldildiyindən bir neçə dəfə təmir edilib və dəyişdirilib. Qapı kiçik dəhlizə açılır. Dəhliz isə soyunub-geyinmə otagına bitişikdir.
Geniş gözləmə otağının ortasında kiçik hovuz var. Hovuza kəhrizdən sərin su axır. Hovuzdan daşan su isə çirkab suyu axıb gedən kanala tökülür.
Gözləmə otağının divarı boyu kiçik səki vardır. Səkinin üstünə xalça-palaz salırlarmış ki, hamama gələnlər və yuyunma otağından çıxanlar əyləşib dincəlsinlər, soyunub-geyinsinlər. Gözləmə otağına bitişik olan kiçik otaqların nə məqsədlə tikildiyini isə müəyyənləşdirə bilmədik.
Gözləmə otağı ilə yuyunma salonu arasında dördbucaqlı bir otaq yerləşir. Gözləmə və yuyunma otaqlarından buraya dəhliz var. Dəhlizlər otağın müxtəlif istiqamətində olduğundan yuyunma otağından gələn buxar və isti hava axını gözləmə otağına keçə bilmir.
Yuyunma salonu gözləmə otağı kimi kvadrat şəkilli olsa da ondan nisbətən böyük olub şərqə tərəfdir. Yuyunma salonuna “xəlvətxana” adlandırılan kiçik bir otaq və funksiyasını müəyyənləşdirə bilmədiyimiz bir neçə kiçik otaq bitişikdir. Ehtimal ki, bu otaqların birində əvvəllər soyuq su hovuzu yerləşirmiş. Salonun içərisində kisə çəkdirmək üçün xüsusi yer olmuşdur.
Yuyunma salonunun cənub divarında – ortada isti su çəni – xəzinə yerləşir. Əvvəllər xəzinəyə və yuyunma salonuna su saxsı borularla gəlirmiş. İndi onu dəmir borular əvəz edir. Xəzinənin altında ocaq yerləşir. Ocağın qapısı bayırdan – binanın cənub tərəfindəndir. Ocaqdan yalnız xəzinədəki suyu qazdırmaq üçün istifadə edilmir. Yuyunma salonunun və ona bitişik olan otaqların altından isti hava axını keçməsi üçün kanallar qoyulmuşdur. Bu kanalların bir ucu ocağa – yanma kamerasına, o biri ucu isə tüstü borusuna bitişikdir. Yanma kamerasından əmələ gələn isti qazlar bu kanallardan keçərək binanı qızdırır. Hamamın üç bacası vardır. Bunlardan biri yuyunma salonunun cənubunda – ocağın üstündə, ikisi isə yuyunma salonunun şimalında – binanın şərq və qərb divarlarındadır.
Şahtaxtı hamamının planını köçürən Azərkomunalayihə İnstitutu Naxçıvan filialının memarları Tofiq Mahmudov və Tahir Süleymanovun fikrincə bacalardan biri tüstü, o birisi iki baca isə isti dəm qazlarının çıxması üçündür.
Əvvəllər hamamı qızdırmaq üçün saman yandırırlarmış. Uzun müddət Şahtaxtı hamamında ocaqçı işləmiş Ağa kişi deyir ki, 2 – 3 çuval samanı ocaq yerinə doldurduqdan sonra qapısını hörürdük ki, saman tez yanıb qurtarmasın. Oğrun-oğrun yansın. Onda hamam iki-üç gün işləyirdi.
1950- ci illərdən hamamın ocağında mazut yandırılır. Mazutun hisi yanma kamerasından başlayıb döşəmənin altı ilə gedən istilik kanallarını tutduğundan yanan mazutun istisinin müəyyən hissəsi də tüstü ilə bacadan çıxır. Bunun nəticəsidir ki, hər gün hamamda 200 kiloqramdan çox mazut yandırılır.
Hamamın otağında saman yandırıldıqda alınan istilikdən daha səmərəli istifadə edilirmiş. Yaxşı olar ki, burada ya əvvəllər olduğu kimi saman, ya da təbii qaz yandırıla. Mazut həm tarixi abidəni, həm də ətraf mühiti korlayır.
Dördbucaqlı formada olan Şahtaxtı hamamının neçənci ildə tikildiyini müəyyənləşdirə bilmədik. Binanın istər giriş qapısı üzərində, istərsə də divarlarında heç bir kitabəyə rast gəlmədik.
Qocaların yaddaşında qalmış rəvayətlərə görə hamamı İsa-soltan Şahtaxtlının (1853-1894) babası İsa-Soltan tikdirib. O, yalnız Şahtaxtıda deyil, Yaycı və Yengicə kəndlərində də bu cür hamam tikdirmişdir.
Rəvayətlər öz yerində. Bu bir həqiqətdir ki, Şahtaxtı hamamı orta əsr abidələrindəndir. Çox təəssüf ki, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tarixi abidələri siyahısında Şahtaxtı hamamı yoxdur. Və onun qorunduğu haqda da heç bir lövhə yazılıb vurulmayıb.
Yaxşı olardı ki, Şahtaxtı hamamı tarixi abidə kimi siyahıya salına. Mütəxəssislər abidəni ətraflı tədqiq etsin və bərpa işləri aparsınlar.
Əli Şamilov,
“Qobustan” incəsənət toplusu “Qobustan” jurnalı, 1985, sayı 1, səh. 13-15. |