Aşıq Alının ustadı kimdir?
Azərbaycan KP MK-nın “Görkəmli el sənətkarı Aşıq Alının anadan olmasının 180 illiyini təntənə ilə qeyd etmək haqqında” qərarı folklorşünaslarımızın görkəmli sənətkarın yaradıcı irsinin tədqiqi sahəsində apardıqları işi xeyli canlandırdı. Aşıq Alı ilə yanaşı onun ustadının da adı tez-tez çəkilməyə başladı.
Şair Hüseyn Arif respublika televiziya və radiosunda çıxışlarında Alının ustadı Ağ Aşıq təxəllüslü Allahverdidən də ətraflı söhbət açdı “Ədəbiyyat və incəsənət” (9 may 1982-ci il)qəzetində yığcam bir məqalə ilə bərabər aşığın beş şerini dərc etdirdi.
“Ədəbiyyat və incəsənət” qəzetinin 28 iyun 1969-cu il tarixli nömrəsindən “XVIII əsrin axırında Göyçə mahalında doğulub 70 ilə yaxın ömür sürmüş Ağ Aşıq məşhur saz və söz ustadı Aşıq Alının müəllimi olmuşdur Əsil adı Allahverdidir” yazan H. Arif sonrakı məqalə və çıxışlarında yazır ki, Ağ Aşıq təxəllüslü Allahverdi Kosacan kəndində doğulmuş və Göycədə yaşamışdır. (Filologiya elmləri namizədi M. Həkimov da “Sovet Ermənistanı” qəzetinin 1981-ci il 3 sentyabr tarixli nömrəsində dərc etdiyi “Aşıq Alının sazlı – sözlü dünyası” məqaləsində bu fikri təkrar etmişdir). “Azərbaycan” jurnalının 1982-ci il 11 nömrəsində dərc olunmuş müsahibəsində isə H. Arif deyir: “Ağ Aşıq əslən qazaxlıdır, sonra Naxçıvana köçmüş, oradan da Göyçə mahalına gəlmişdir”.
Alının ustadı olmuş Allahverdi haqqında belə dolaşıq müddəalar mətbuatda özünə geniş yer tapmışdır. Hətta N. Məmmədova “Azərbaycan qadını” jurnalında (1981, №11) dərc etdiyi məqaləsində Aşıq Alının 11 ildən artıq süldüzlü Ağ Aşığa (Allahverdiyə) şagirdlik etdiyini yazır.
Bir adam neçə yerdə doğula bilər? Alının ustadı olmuş görkəmli el sənətkarı Ağ Aşıq təxəllüslü Allahverdi haralıdır? İran Azərbaycanının Urmiya gölü yaxınlığındakı keçmiş Sulduz mahalındandır, qazaxlıdır yoxsa Kosacan (İliç rayonu) kəndindəndir?
Mətbuatda özünə geniş yer tapmış yanlış fakt bir çox müəlliflər kimi bu sətirlərin müəllifinin də səhv fikir (bax: “Sovet Naxçıvanı” qəzeti, 1981-ci il, 18 sentyabr) söyləməsinə səbəb olmuşdur. sonralar dəflərlə Göyçənin və Naxçıvanın kəndlərində ağsaqqal – ağbirçəklərlə, aşıqlarla ətraflı söhbət edib material topladıq. Toplanmış materialları tutuşdurduq. Aydın oldu ki, iki eyni ad və təxəllüslü el sənətkarının tərcümeyi - hsalı eyniləşdirilmişdir.
Bu sənətkarlardan biri bizə nisbətən yaxın dövrdə yaşamış kosacanlı Allahverdidir. Onun sonbeşik qızı Zülfünaz nənə hazırda Aşağı Aralıq kəndində yaşayır. Yaşı 87-ni keçib, 60-a yaxın nəvə-nəticəsi var. Zülfünaz nənənin və başqa qocaların xatırladığına görə Allahverdi 1919 – 1920-ci illərdə şərurlular daşnakların zülmündən İrana qaçanda Ərəblər kəndində (Araz çayının sağ sahilində, Şahtaxtı kəndinin qarşı tərəfindədir) 80 – 100 yaşlarında vəfat etmişdir.
Qızının və kəndlilərin xatırladığına görə Allahverdinin atasının adı Baba, anasının adı Nənəqız imiş. Ailənin yeganə övladı olan Allahverdi ərköyün böyümüş, gəncliyində aşıqlığa meyl göstərmişdi. İki dəfə evlənən aşığın birinci arvadı Siyaqut kəndindən Zeynəb, ikinci arvadı isə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zirək kəndindən Pəri olmuşdur. Zeynəbdən Abbas, Əli, Qiyas adlı oğulları, Pəridən isə Gülşən, Ərkinaz, Zülfünaz adlı qızları olmuşdur. Qışı Şərurda yazı Əyricə yaylaqlarında keçirən aşıq bu yerlərin el şənliklərində çalıb oxuyarmış. Allahverdi Baba oğlu şer də qoşarmış. Onun bir neçə aşıqla deyişməsi haqda rəvayəti və vəzni, qafiyəsi pozulmuş bir neçə şerinin nəticəsi M. Seyidov toplamışdır. Şerlərdən aydın olur ki, el sənətkarı Ağ Aşıq təxəllüsündən istifadə edirmiş. Şerlərində real məhəbbəti tərənnüm edən Allahverdi Baba oğlu zəmanəmizin haqsızlıqlarını tənqid etməklə yanaşı, didaktik ustadnamələr də qoşmuşdur. Aşıq ustadnamələrinin birində deyir :
Allah ağıl versin hər yetən kəsə,
Salmasın zillətə, odlu qəfəsə.
Biri varlı olur, biri nə isə...
Kamalı başında az olan ağlar.
Allahverdi Baba oğlu təxminən 50-60 yaşlarında (Zülfünaz anadan olmamışdan bir neçə il əvvəl) Kərbəlaya ziyarətə getmiş, ziyarətgahda sazını sındıraraq bir daha çalmayacağına and içmişdir. Ömrünün axırınadək əlinə saz almayan sənətkar getdikcə düzüb qoşduğu şerləri də yaddan çıxarmışdı. Elə buna görədir ki, aşığın şerləri doğulduğu Şərurda belə geniş yayılmamış, ailə üzvlərinin də yaddaşından tez silinib getmişdir. Kosacanlı Ağ Aşıq təxəllüsü Allahverdinin ustadını müəyyənləşdirə bilmədiyimiz kimi, kimlərə aşıq sənətini öyrətdiyini də aydınlaşdırmaq olmadı.
Ağ Aşığın şerlərinin toplanmasında onun tərcümeyi-halının öyrənilməsində Ermənistan SSR Vardenis rayonundakı Şəfəq kəndi orta məktəbinin müəllimi Zeynalabdin Cəfərovun xüsusi əməyi olmuşdur. Öz dediyinə görə o, 1955 - 56-cı illərdən Ağ Aşığın şerlərinin toplanmağa başlamışdı, topladığı şerləri 1961-ci ildə çap olunmağ üçün rayon qəzetinin redaksiyasına vermişdir. Çox təəssüf ki, həmin şer dəftəri itmiş, Z. Cəfərova aşığın şerlərini yenidən toplamış və 1967-ci ildə H. Arifə təqdim etmişdir.
Hər iki aşıq haqqında heç bir yazılı mənbə yoxdur. Yalnız şifahi xatirələr və sənətkarların yazmış olduqları tərcümeyi-hallarını, yaşadıqları dövrləri müəyyənləşdirmək olar. Ağ Aşıq təxəllüslü ikinci Allahverdinin Göyçə mahalının Kərkibaş kəndində (indiki Vardenis rayonun Şəfəq ) hazırda 173 nəticə, kötücə və yaradıcısı yaşayır. Aşığın adını daşıyan nəvəsi 1930-cu illərdə vəfat edib. Kəndin sakinlərinin yaddaşında yaşayan söhbətlərə görə aşıq Süsənbər adlı qızla evlənmiş, iki oğlu olmuş, İsmayıl adlı oğlu cavan ikən vəfat etmişdir. Hazırda yaşayanlar aşığın Məhərrəm adlı oğlunun törəmələridir.
Z. Cəfərova görə Allahverdinin atasının adı Qara Osman, anasının adı isə Hürü imiş. H. Arif də bu fikri doğru hesab edir. Aşığın nəslinin şiə təriqətinə mənsub olduğunu bildiyimiz halda, atasının adı Qara Osman olması şübhə doğurur. XVII əsrin əvvəlində şiə təriqətinə mənsub bir şəxsin övladına Osman adı verməsi o qədər də inandırıcı deyildir. M. Həkimov 1982-ci ildə çap etdirdiyi “Folklordan çöl materialları toplusu üzrə (bayatılar) metodik iş” kitabında Ağ Aşığın (Allahverdi) 1754-cü ildə vəfat etdiyini yazır. Söylənilənə görə 100 ildən artıq ömür sürmüş, haqqında yazılı bir mənbə (qəbir daşı, sənəd və s.) qalmayan bir şəxs haqqında belə qəti hökm vermək bizcə doğru deyil.
Ağ Aşığın vətənini, təxəllüsünü aydınlaşdırmaq üçün şerlərinə müraciət etmək daha doğru olar. Göyçədən toplanmış şerlərdə oxuyuruq:
Eləmi Göyçəyə mən,
Gözələ, göyçəyə mən.
Qürbətdə həsrət qaldım,
Vətənim Göyçəyə mən.
və yaxud:
Allahverdi neylər dünya malını,
Vəsf edər Göyçəni – öz mahalını,
Yaxın dostlar Ağ Aşığın halını,
Sormaq üçün Kərkibaşa gəlibdir.
və yaxud:
Əlqərəz ruzumuz oldu üç batman,
Növbə mənə çatcaq sındı dəyirman,
Yerdə qalanını apardı siçan,
Güldü Ağ Aşığa Göyçə mahalı.
Bu cür nümunələrin sayını artırmaq da olar. Ağ Aşığın şerlərində Göyçə mahalının adı çəkildiyi kimi, Kərkibaş kəndində sənətkarın adı ilə bağlı sahə, ev yeri, əşyalar və s. vardır. Şerlərində haqsızlığa, bəy-xanların zülmünü kəskin tənqid edən aşıq kəndlərindən xeyli aralıdan axıb Göyçə (Sevan) gölünə tökülən çaya həsr etdiyi şerində deyir:
Dərya kimi çalxalanıb daşırsan,
Salırsan Göyçəyə qalmaqal, Gilli.
Bəy-xan kimi çox həddini aşırsan.
Vermirsən yolçuya bir macal, Gilli.
***
Müddətdir vətəndən düşmüşəm uzaq.
Əl çəkmir yaxamdan pristav, kazak,
Öldürdün atamı, özüm qaldım sağ,
Canımda qalmayıb bir halda Gilli.
***
Allahverdi kimə desin bu dərdi,
Bəzirganam yüküm qəmdi-kədərdi,
Elin dərdi mənimkindən betərdi,
Salan yoxdur bir üstündən, sal Gilli.
Ağ Aşıqla İrəvan sərdarı Söyünün (Hüseyn) arasında baş vermiş bir rəvayət də bizim günlərədək gəlib çıxmışdır. Rəvayətdəki şerlərdə də xan tənqid olunur. Aşığın zəmanədən, bəy-xandan, yasavul və kəndxudadan şikayət və narazılıq edən şerləri də çoxdur. Məsələn:
Rəiyyət qərq olub qəmə,
Dərdimizi deyək kimə?
Zəhirmardı, alıb yemə
Kəndxudanın nan əlindən,
Onun şagirdi aşıq Alı ilə münasibətini bildirən, zəmanəsindən şikayətlə dolu bir qoşmasında deyilir:
Sürünməkdən dizlərində yox taqət,
Əllərinin içi oldu qabar, çat.
Dərviş baban istər xümsü-zəkat
Yetdi harayıma şəyirdim Alı.
Aşıq Alının və başqa 10 nəfər aşığın ustadı olmuş Kərkibaşlı Allahverdinin 50-dən çox şerinin Z. Cəfərov toplanmışdır. Şerlərinin dili rəvan, axıcı, fikri yığcam və məntiqlədir. Aşıq Alı ustadına həsr etdiyi bir şerində deyir:
Mən sızqayam, ümman odur,
Dərya odur, damla mənəm,
Göy üzündə Əbru odur,
Mən zirvədə azca çənəm.
Aşığın qəbri Kərkibaş kənd qəbiristanlığındadır, evinin yerində isə nəticəsi Bəsti ev tikdirib yaşayır.
Onu da qeyd edək ki, Aşıq Alının ustadı olmuş Ağ Aşığın Göyçə mühitindən kənarda axtarmağa ehtiyac yoxdur. Çünki burada aşıq sənətinin bir neçə əsrlik tarixi var. XVI əsrdə yaşamış Miskin Abdalın evi, xurcunu, əsası və çuxasının bir parçası indi də Sarıyaqub kəndində qorunub saxlanılır. Aşıq sənətinə hörmət o qədər böyükdür ki, ətraf kəndlərdən də buraya ziyarətə gəlirlər.
Demək XVIII yüzilliyin ikinci yarısında doğulmuş Ağ Aşıq təxəllüslü Allahverdi Göyçənin Kərkibaş kəndində yaşamış və orada da vəfat etmişdir. XIX əsrin 20 - 40-cı illərində Kosacanda doğulmuş Allahverdi Baba oğlu isə özündən əvvəl yaşayıb-yaratmış sənətkarın təxəllüsündən istifadə etmişdir. Sonralar kərkibaşlı Ağ Aşıqla kosacanlı Ağ Aşığın doğulduğu yer eyniləşdirilərək yanlışlığa yol verilmişdir.
Əli Şamilov
Çap olundu: Aşıq Alının ustadı kimdir? Azərbaycan aşıqlarının IV qurultayı qarşısında. “Sovet Naxçıvanı” qəzeti, 1983, 27 aprel, sayı 98 (13533). |