Pedaqoq, alim Əmin Abid

PEDAQOQ, ALİM ƏMİN ABİD

 Elə şəxsiyyətlər var ki, xoş xatirələri onu tanıyanların qəlbində yaşasa da, əsərləri bu gun belə aktuallığını itirmir. Belə şəxsiyyətlərdən biri də görkəmli pedaqoq alim Əmin Abiddir. Əmin Abid Mötəllibzadə Əhmədov 1898-ci ildə Bakıda daşyonan ailəsində doğulub. İlk təhsilini mollaxanada alıb. Ərəb-fars dillərini də burada mükəmməl öyrənib.

Bakıdakı Alekseyski  məktəbində orta təhsil aldığı illərdə Ə. Abidin imzası dövri mətbuatda görünməyə başlayır. “Kəlniyyat”, “Məktəb”, “Dirilik” jurnallarında kiçik şeir və hekayələrlə çıxış edir. Abid Mütəllibzadə imzası “Məktəb” jurnalında tez-tez görünür. O, jurnallarda gah orijinal və şəkillər əsasında yazdığı kiçik hekayələr, gah da rus və Avropa klassiklərindən tərcümələr dərc etdirir.

Abid Mütəllibzadənin dünyagörüşünün formalaşmasında qardaşlarının rolu böyük olmuşdu. Şair Əli Abbas Müznübin və nəşriyyatçı Əbülfəz Mütəllibzadənin kiçik qardaşı olan Abid erkən yaşlarından ailədə daim ədəbiyyatdan, sənətdən , mətbuatdan söhbət getdiyini görmüşdü. Belə bir mühitdə tərbiyə alan Ə.Abid 1912-1918 ci illərdə nəşr olunan jurnal və qəzetlərdə müxtəlif imzalarla çıxış edirdi.

1918- ci ildə Ə. Abid oxumaq, təhsil almaq arzusu ilə İstambula gedir. Orada “Darülmüəllimi aileyeyi” bitirir. Sonra isə Azərbaycan sovet hökumətinin tapşırığı ilə ixtisaslaşmaq üçün darülfununa  daxil olur. Təhsil illərində Ə. Abid İstambulun, Vyana və Buxarest şəhərlərinin zəngin kitabxanalarından istifadə edərək Azərbaycan ədəbiyyatına, dilinə, tarixinə dair materiaallar toplayır. Ədəbiyyat tariximizə dair tapladığı materiallar əsasında 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” adlı əsər yazır. Müəllif ədəbiyyatımızın tarixini Azərbaycan dilinin formalaşdığı dövrdən başlayır və sonrakı dövrlərdə yaranmış şifahi və yazılı ədəbiyyatımızı xronoloji ardıcıllıqla təhlil edir.

Ə. Abid ədəbiyyat tariximizə dair tədqiqatlarında  F. B. Köçərlinin, Y. V. Çəmənzəminlinin yazı metodundan istifadə edərək Azərbaycan ədəbiyyatı tarixi kitablarını daha da təkmilləşdirmişdir. Elə buna görədir ki, İstanbul darülfununda Ə. Abidin “Azəri-türk ədəbiyyatı tarixi” məqaləsi “Azərbaycanın ilk elmi əsəri olacaq” deyə yüksək qiymətləndirilir. Ədəbiyyat tarixinə dair belə sanballı bir elmi əsər yazarkən Ə. Abid yalnız İstambul, Budapeşt və Vyana kitabxanalarından istifadə etmişdir. Ona habelə Zaqafqaziyanın müxtəlif şəhər və kəndlərində yaşayan ziyalılar, xüsusən qardaşları material taplamaqda yaxından kömək göstərmişlər.

Əmin Abidin “Azəri-türk ədəbiyyatı tarixi” əsəri yalnız İstambul darülfununun professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Macar şərqşünası Madam Markit Poldu bu əsərin xülasəsini öz doğma dilinə çevirmişdir.

1926-cı il 2 iyulda Vətənə qayıtdıqdan sonra Ə. Abid Bakı pedaqoji texnikumunda, Azərbaycan Dövlət Universitetində, Ağdaş qəsəbəsindəki II dərəcəli və kəndli cavanlar məktəbində, Quba şəhərindəki orta məktəbdə və Ağdamdakı pedaqoji texnikumda, eləcə də digər təhsil ocaqlarında Azərbaycan ədəbiyyatından dərs demişdir. Tədris etdiyi fənni ürəkdən sevən, peşəsinin vurğunu, geniş dünyagörüşlü Əmin Abidin pedaqoji ustalığı onu iş yoldaşlarının və şagirdlərinin sevimlisinə çevirmişdi.

Ə. Abid Bakı Maarif Evi nəzdindəki ədəbiyyat dərnəyinə rəhbərlik etmiş, Proletar Yazıçılarının Azərbaycan Assosiasiyasının yanında Ədəbiyyat universitetində (1928-1929- cu illər) ədəbiyyatımızın inkişafına həsr edilmiş məruzələr oxumuş, M. F. Axundovun əsərləri külliyyatını toplamış və Ə. Nazimlə birlikdə M. F. Axundovun rusca və azərbaycanca nəşr ediləcək fəlsəfi  əsərlərinin tərtibi üzərində çalışmış, onlarca elmi məqalə dərc etdirmişdir. Onun respublikamızın orta və ali məktəblərdə dərslərin təşkili, proqramların tərtibi haqqında fikirləri, tənqidi qeydləri yeni proqramın  tərtibinə yaxından kömək göstərmişdi.

1927- ci ildə “Yeni yol” qəzetində dərc etdirdiyi məqaləsində Ə. Abid orta məktəblərdə dərslərin Azərbaycan dilində tədris edilməsinin təmin edildiyini ali məktəblərdə də dərslərin bir qisminin ana dilində aparıldığını alqışlayır, bunu ədəbi dilin sürətlə zənginləşməsi kimi qiymətləndirirdi.

Pedaqoji fəaliyyəti ilə yanaşı Ə. Abid müntəzəm elmi işlə də məşgul olmuşdur. Ədəbiyyat tariximizin qaranlıq səhifələrinin işıqlandırılmasında onun əməyi az olmamışdır. Mükəmməl ədəbiyyat tarixi dərsliklərinin olmadığı bir dövrdə onun jurnallarda  və məcmuələrdə dərc olunan dərin məzmunlu elmi əsərləri ədəbiyyatımızı tədris edən müəllimlərə, ali məktəb tələbələrinə böyük kömək göstərirdi. Onun “Füzulinin tədqiq edilməmiş bir əsəri” adlı məqaləsi dünya füzulişünaslığında yeni mərhələ oldu. Bu məqalə ilə Ə. Abid “Söhbətül Əsmar”ın ölməz Azərbaycan şairi Məhəmməd Füzuliyə məxsus olduğunu təsdiq etdi. Görkəmli  Azərbaycan şairi Qazi Bürhanəddin yaradıcılığı haqqında da azərbaycanlı oxuculara geniş məlumat verən yenə Əmin Abid olmuşdur.

Bir alim kimi “Kitabi-Dədə Qorqud”un tədqiqi sahəsində də Əmin Abidin xidmətləri böyükdür. Azərbaycan ədəbiyyatının başlanğıcını “Kitabi-Dədə Qorqud”dan hesab edən Əmin Abid 1926-1927 – ci illərdə Bakıda ədəbiyyat həvəskarları qarşısında oxuduğu mühazirələrində ölməz abidədən geniş söhbət açmış, dastanın xalqımıza məxsus olduğunu söyləmişdi. Dastan haqqında mühazirələr oxumaqla kifayətlənməyən alim 1927- ci ildə Ruhulla Axundova çap edilmək üçün verdiyi “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabında da mövzunu geniş şərh etmişdi.

“Kitabi-Dədə Qorqud” daim Ə. Abidi narahat edən, maraqlandıran mövzu olmuşdur. Odur ki, dönə-dönə bu mövzuya qayıtmış, 1927-ci ildə “Maarif işçisi” jurnalının 3-cü nömrəsində dərc etdirdiyi “Heca vəzninin tarixi” sərlövhəli geniş tədqiqat əsərində yazmışdır:  “Dədə-Qorqud” kitabının bu nüsxəsinin (Drezden nüsxəsi nəzərdə tutulur – Ə. Ş) hər nə qədər müsəlmanlığın Oğuzlar tərəfindən qəbulundan sonra kopya edildiyi (köçürüldüyü – Ə. Ş) məlum olursa da, mündəricatı, istər məzmunu , istərsə də yazı üsulu etibarı ilə olsun tamamən “vəznli nəşr” dövrünün xarakterini göstərir.

O, folklorşünaslıqla ardıcıl məşgul olmuşdu. 1929- cu ildə 2,5 çap vərəqindən böyük həcmdə “Azərbaycan folkloru” əsərini yazan Ə. Abid 1930- cu ildə 5 min bayatı üzərində apardığı tədqiqatı tamamlayaraq “Azərbaycanı öyrənmək yolu” məcmuəsində dərc etdirmişdi. Tədqiqatçının XVII əsr Azərbaycan ədəbiyyatı, Natəvan, Həbibi, M. P. Vaqif, Mirzə Şəfi haqqında yazdığı məqalələr də öz aktuallığını, dərin məzmunu ilə seçilir.

M. F.Axundovun əsərlərinin üzə çıxarılmasında, arxivinin təşkil edilməsində, çapa hazırlanmasında Ə. Abidin xidməti az olmamışdır. Avropa, rus, türk və Azərbaycan mətbuatında M. F. Axundov haqqında yazılanları müqayisəli şəkildə öyrənən Ə. Abid 1936- cı ildə tərtib edib nəşriyyata təqdim etdiyi “M. F. Axundovun əsərləri” külliyyatına geniş müqəddimə yazmaqla kifayətlənməmiş, yubileydə nəşr olunmaq üçün 4 çap vərəqi həcmində bioqrafik oçerk hazırlamışdır.

İstedadlı tədqiqatçı Ə. Abidin Firdovsi haqqında yazdığı məqalələr vaxtilə yüksək qiymətləndirilmiş, bu gün də elmi əhəmiyyətini itirməmişdir. Ə. Abid yalnız klassikləri tədqiq etməmişdir. Müasirləri olan yazıçı və şairlərin yaradıcılığı haqqında fikirlər söyləmiş, gənc yazanlara məsləhətlər vermiş, ədəbiyyat nəzəriyyəsi ilə məşgul olmuşdur.

 

Əli Şamilov,

S. M. Kirov adına ADU-nun sovet

ədəbiyyatı kafedrasının dissertantı,

“Sovet Naxçıvanı” qəzetinin əməkdaşı,

 

“Azərbaycan müəllimi”  qəzeti,

2 iyul, 1982 -ci il, sayı  53.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol