HAYIFSAN, HAYIFSAN,
A TELLİ QARA!
«Qaçaq Nəbi» (1) dastanı həcmcə böyük olsa da, bu dastanın Dədə Qorqud boyları, Koroğlunun səfərləri qədər bitgin süjeti, bədii dəyəri yoxdur. «Qaçaq Nəbi»də bir hadisəçilik, təsvirçilik var. Ümumiləşdirmənin olmaması dastanın bədii dəyərini azal-dır. 19-cu yüzildə yaşamış, Qarabağın Mollu (2) kəndində do-ğulmuş Nəbi Alı oğlu (təqribən 1854-cü ildə doğulmuş – 12.03.1896-cı ildə Qərbi Azərbaycanın Larnı kəndində öldürülmüşdü.) (3) yalnız Güney Qafqazda deyil, Anadoluda, İran Azərbaycanında igidliyi ilə ad çıxarmışdı. Onun şəxsi düş-mənləri ilə, sonra da hökumət məmurları ilə silahlı mücadiləsi dildən-dilə, ağızdan-ağıza keçərək dastanlaşmışdı.
İstirahət günlərində tələbəlik dostum Ələddin Həsənovun (4) doğulduğu Xanağaya (5) gedərdim. Ailə üzvlərinin səmimiyyəti məni bu ailənin üzvünə, Əlincə qalası ətəyindəki kəndi doğma kəndimə çevirmişdi. Tarixi abidələrlə zəngin, açıqsüfrəli bu kəndə nəinki öz ailəmlə, hətta dost tanışlarla qonaq getməkdən ləzzət alardım. Elə burada da Qaçaq Nəbi və silahdaşları ilə bağlı çox söhbət, rəvayət eşitdim.
«Qaçaq Nəbi» dastanında onun silahdaşlarının çoxunun adı çəkilir, haqqında bəhs edilir. Dastanda adı çəkilən silahdaşlar-ından biri də Telli Qaradır. Epizodik görünməsinə baxmayaraq, bir çox detallara görə onun ömür yolu diqqətimizi özünə çəkdi. Adətən, dastanlarda ikinci sırada duran igidlərin də doğumu, ha-ralı olması, əsas qəhrəmanla ilk tanışlığı və s. təsvir olunur. Am-ma «Qaçaq Nəbi»də çox vaxt bu prinsip gözlənilməyib. Telli Qara haqqında geniş bilgi yoxdur. Onun ölüm səhnəsi nisbətən geniş təsvir edilir. Dastanda göstərilir ki, Hacı İsmayıl Qara-kilsədə (6) pristav İsmayıl bəydən, naçalnik Cəfərqulu bəydən çoxlu qoşun alıb Camal (7) qalasında olan Qaçaq Nəbinin dəstəsinin üzərinə yeriyir.
Dastanda deyilir: «Üç gün, üç gecə atışma oldu. Hər yerə hay düşdü, söz yayıldı. Naxçıvan, İrəvan tərəfindən də qoşun gəldi. Özünə ümidi gələn kəndlilər də əllərinə tüfəng keçirib Nəbigilə köməyə getdilər, Naxçıvandan və İrəvandan da külli qoşun gəldiyini kəndlilərdən Ağaəli Tağı oğlu Nəbiyə xəbər verdi.
Dağın sol tərəfində Hacı İsmayıl bir dəstə ilə köhnə bir barı-nın* dalına girmişdi. Onlardan az yuxarıda Telli Qara dayaz bir xarımı** özünə səngər eləmişdi. Bu elə bir xarım idi ki, Telli kənardan tamam görünürdü. Düşmən olanda nə olar, gərək hər tərəfi deyəsən. Hacı İsmayıl bəy də çox igid adam idi. Onun gül-ləsindən toz da yayına bilməzdi. O, Telli Qaranı gördü. O saat tüfəngi üzünə alıb onu nişan aldı. Telli Qaranın ortasından bir güllə keçirdi. Telli Qara yerə yıxıldı, tüfəng əlindən düşdü, nə qədər çalışdı tüfəngi götürə bilmədi, bircə dəfə Nəbinin adını çəkib, canını yoldaşlarına tapşırdı. O biri tərəfdən Hacı İsmayıl özünü bir divarın dalına atdı. Ora-bura göz gəzdirdi ki, Nəbini görsün, onu da vursun. Hacı İsmayıl Nəbinin yerini öyrənmişdi. Divarın üstünə dırmanırdı ki, onu güllə ilə vursun, Mehdi Hacı İsmayılı görüb aynalını*** üzünə aldı, onun incəsindən bir güllə keçirdi. Hacı İsmayıl mayallaq aşıb divarın başından yerə düşdü, canını qardaşına tapşırdı.
Hacı İsmayıl öldürülən kimi düşmən qoşunu geri qayıdıb qaçmağa başladı. Nəbigil düşmənləri qovub gözdən itirdilər. Çiçəklinin ayağında Nəbi Telli Qaranı görmədi. Yoldaşlarından soruşdu:
– Telli Qara harada qaldı?
Həcərin ürəyi döyünə-döyünə dedi:
– Telli Qara mənim səngərimin yaxınlığında idi. Ay aman, yəqin onu gorbagor Hacı İsmayıl vurdu!
Adamlar hərə bir tərəfə dağılıb soraq saldılar, car çəkdilər, Telli Qaranı axtarmağa başladılar. Həcər atını düz Çətəndaşa (8) Telli Qara vurulduğu yerə sürdü. Baxıb nə gördü? Gözlər olsun görməsin. Telli öz qanına boyanıb. Atı da gəlib başının üstündə da- ----------------------
* Barı – divar, hasar.
** Xarım- çuxur, xəndək
*** Aynalı - üstdən doldurulan tək patronlu tüfəng.
yanıb. At Həcəri görən kimi bərkdən kişnədi. Həcər Telli Qaranın qanlı cəsədi yanında diz çökdü, gözlərinin yaşını abi-leysan kimi tökməyə başladı. Ağlaya-ağlaya Nəbini görək nə cür haraya çağı-rdı:
Telli Qara Çətəndaşda vurulmuş,
Axıb qanı çalalarda durulmuş,
El-obada yas məclisi qurulmuş,
Özünü tez yetir, ay Qaçaq Nəbi!
Dəstəsi yanında, ay qoçaq Nəbi!
Telli boyanıbdı qızıl qanına,
Ana, bacı yoxdu gəlsin yanına,
Düşmən qıyıb güllə vurub canına,
Özünü tez yetir, ay Qaçaq Nəbi!
Dəstəsi yanında, ay qoçaq Nəbi!
Həcər deyər, zülüm-zülüm ağlaram,
Ciyərimi düyünlərəm, dağlaram,
Başıma zil qara yaylıq bağlaram,
Özünü tez yetir, ay Qaçaq Nəbi!
Dəstəsi yanında, ay qoçaq Nəbi!
Nəbi Həcərin ağısını eşitdi, atını düz Çətəndaşa sürdü. Nə gördü? Telli Qaranı vurublar. Həcər özünü onun meyidinin üstünə salıb ağlayırdı. Nəbi Boz atın belindən yerə düşdü, Telli Qaranın başının üstündə diz çöküb onun qanlı gözlərindən öpdü, hönkürtü ilə ağlamağa başladı.
– Zalım düşmən, ürəyimi parçaladı! Can Qara! And içirəm, ölüncə düşmənlə barışmayacağam! Ax, zalım düşmən! Ax, za-lım düşmən!
Həcər bir ağı çəkdi:
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir qərib ölüb
Göy kişnər, bulud ağlar.
Yoldaşları hamısı gəlib çıxdı. Telli Qaranın meyidi üstündə ağlamayan olmadı. Hər yerə səs düşdü, erməni, müsəlman bütün kəndlilər tökülüb gəldilər. Bir şivən var idi ki, dağa-daşa lərzə düşmüşdü. Telli Qaranın ölməsinə hamı yanırdı. Nəbi lap qov-rulurdu. Nə eləsin, nə çarə qılsın, ölənlə ölmək olmaz. Telli Qaranın meyidini Çətəndaşda dəfn elədilər. Yeddi gün, yeddi gecə yas saxladılar. Buradan atlanıb Qırxlara getdilər. Telli Qaranın ölməsindən xeyli keçmişdisə də, Nəbinin nə qəlbi açılır, nə də üzü gülürdü» (9)
1973-cü ilin payızından Naxçıvanda yaşayırdım. İşimlə əla-qədar tez-tez kəndlərə gedirdim. Folklor həvəskarı olduğumdan eşitdiyim atalar sözlərini, məsəlləri, bayatıları, nağılları və s. toplayırdım.
«Qaçaq Nəbi» dastanında Telli Qaranın ölümünün təsvirində bir qeyri-dəqiqlik vardı. Bunu özüm üçün aydınlaşdırmaq istəyi ilə axtarışa başladım.
Camal qalası Şahbuz rayonunun Keçili və Nurs kəndlərinin yaxınlığında, Zəngəzur dağ silsiləsində yerləşir. Çətəndaş isə Culfa rayonunun Xanağa kəndinin ərazisində Anzır kəndinin xarabalığı yaxınlığındadır. Çətəndaş qayasından Camal qalası deyil, Əlincə qalası, İlanlı dağ, Araz boyu, bir sözlə, Culfa tərəf aydın görünür. Camal qalasından Çətəndaşa 20-25 kilometrlik bir məsafə var. Ca-mal qalasında mühasirəyə düşən Çətəndaşda necə vurula bilər? Qaçaq Nəbi yanında olduğu halda Həcər niyə «Özünü tez yetir, ay Qaçaq Nəbi!» – deyə ağlamalıdı? Bəlkə Camal qalası yaxınlığında da Çətəndaş deyilən yer var?
Qaçaq Nəbinin Camal qalası ətrafında döyüşü dastanda öz əksini belə tapır:
Camal qalasında səngərə yatdı,
Aynalı tüfəngi doldurub atdı,
Bəy, xanları bir-birinə qatdı!
Qoy sənə desinlər, ay nadan Nəbi!
Aynalı tüfəngi oynadan Nəbi!
Həcər minib kürən atın belinə,
Vəli tüfəngini alıb əlinə,
Uymaz yağıların fitnə-felinə,
Qoy sənə desinlər, ay nadan Nəbi!
Aynalı tüfəngi oynadan Nəbi!
İgid Nəbi Koroğludan yamandı,
Bəylər, xanlar deyir, Allah, amandı!
Gəlin bir görüşək, axır zamandı!
Qoy sənə desinlər, ay nadan Nəbi!
Aynalı tüfəngi oynadan Nəbi!
Bu şerdən də Camal qalası ətrafında döyüş olduğu aydın gö-rünür. Nədənsə Camal qalası ətrafındakı döyüşlə Çətəndaş ətra-fındakı döyüş eyniləşdirilib.
Bunun səbəbini tapmaq üçün illərlə aradım, insanlarla görüş-düm, onları söhbətə tutdum. Bəziləri qan düşmənçiliyinin oyana biləcəyindən qorxub bildiklərini demirdisə də, əsas qorxu höku-mətdən idi. Telli Qara, qardaşları, əmioğlanları çarizmə qarşı vu-ruşsa da, insanlar Sovet rejiminin qəddarlığından elə qorxmuş-dular ki, susmağı başın salamatlığı hesab edirdilər. Bütün bu çətin-liklərə baxmayaraq, bəzi şeyləri dəqiqləşdirə bildim.
Folklorda nəsr şerə nisbətən tez dəyişikliyə uğrayır. Şerin vəzni, qafiyəsi, misraların ritmi onu ilkin şəkildə daha çox qoruyub sax-layır. Buna görə də şeiri əsas götürüb Çətəndaş (Camal qalası ya-xınlığında Çətəndaş deyilən yer yoxdur – Ə.Ş.) bölgə-sində araşdırma apardım.
Saltaxda müəllim işləyən bənənyarlı Ələkbər Hüseynov (10) nənəsi Əzizə Alı qızından(11) Telli Qara və Qaçaq Nəbi haqqında eşitdiklərini səliqə ilə qələmə alıb saxlayıb. O, Telli Qara ilə ma-raqlandığımızdan xəbər tutub yazdıqlarını bizə təqdim etdi. Həmin yazıdan bə’zi parçaları aşağıda veririk:
“Tivililər (12) heyvandarlıqla məşğul olduqlarından növbə ilə gedib Naxçıvan şəhəri yaxınlığındakı mədəndən duz gətirirdilər. Bir gün də duz gətirmək növbəsi Piriş kişigilə çatır. Misirxan kiçik qardaşı Sədirxanla öküz arabasını qoşub Duzdağa gedir. Arabanı duzla yükləyib geri qayıdanda Misirxan qardaşına deyir:
– Sən yavaş-yavaş arabanı sür getsin, mən Naxçıvanda bir az bazarlıq edim. Arxanca gəlib çataram.
Misirxan bazarlıq edib qardaşının ardınca tələsir. Yolda ona çatır. Görür ki, Sədirxan ağlayır, öküzlərdən də biri yoxdur. Misir-xan qardaşından nə üçün ağladığını xəbər aldıqda Sədirxan deyir:
– Bu yol ayrıcına çatanda bir atlı ilə rastlaşdım. Atlı məndən yo-lu xəbər aldı. Mən də onun nabələd olduğunu görüb haraya, nə məqsədlə getdiyini soruşdum. Atlı bildirdi ki, pəhləvandır. Onu bu tərəflərə güləşməyə dəvət ediblər. Mən təkid etdim ki, gəl əvvəl mənimlə güləş. Yıxsan get, yıxmasan elə burdan geri qayıt. Pəh-ləvan etiraz etdi. Elə başa düşdüm ki, məndən qorxur. Odur ki, ayağım daha da yer aldı. Dedim:
-Yıxılsan atını alacam. Yıxsan arabamı sənə verəcəm. Pəhləvan gördü mən əl çəkən deyiləm, güləşdi. Ona güc gəlirdim. Necə oldusa bir də gördüm kürəyim yerdədir. Bəhanə gətirdim ki, ayaq-larım dolaşdı. İkinci dəfə bir də güləşdik. O yenə mənim kürəyimi yerə vurdu. Daha əlacım qalmadı, arabanı və öküzləri ona verdim. O da bir öküzü açıb apardı. Gedəndə də çörək bağlamasını verdi ki, ac qalmayım. Bir də mənə dedi:
– Öküzü ona görə aparıram ki, sənə ibrət dərsi olsun, tanı-madığın adamla mərc qoşma.
Misirxan gördü ki, qardaşına hirslənməyin mənası yoxdur. Odur ki, pəhləvanın getdiyi səmtə yol aldı. Sədirxan qardaşının məq-sədini başa düşüb qarşısını kəsdi:
– Hara gedirsən? – dedi. – Pəhləvanla güləşib öküzümüzü almaq üçün mərcə nə qoyacaqsan?
– Bu biri öküzü də mən mərcə qoyacam.
– Bayaq sənə demədimmi arabanı da, öküzləri də uduzmuşam. Bunlar pəhləvanındır. Özü aparmadı. Qərara almışdım ki, bu biabırçılıqdan sonra kəndə qayıtmayım, gedim İranda, Turanda işləyim. Heç kim bilməsin ki, öküzü mən mərcə qoymuşam. Bir halda ki, sən də gücünü sınamaq istəyirsən, gəl gedək. Yıxsan ökü-zümüzü alarsan, yıxılsan məni pəhləvana nökər verərsən.
Misirxan qardaşının bu şərtinə razı olmaq istəmədi. Lakin Sədirxanın təkid etdiyini, sözündən dönməyəcəyini görüb razılaşdı.
Qardaşlar pəhləvanın olduğu kəndə o vaxt çatdılar ki, neçə-neçə cavanın kürəyi yerə dəymişdi. İndi də pəhləvan kənd camaatı ilə əyləşib çörək yeyirdi. Sədirxan aralıdan pəhləvanı göstərərək:
– Məni yıxan odur! – dedi. - Özü isə kənarda durdu.
Misirxan məclisə gəlib salam verdi. Qonaq olduğundan ona pəhləvanın yanında əyləşməyi təklif etdilər. Misirxan əlini bardaş qurmuş pəhləvanın ayağına söykəyib, yerə əyləşdi. Pəhləvan sir-sifətini turşutsa da, bir kəlmə dinmədi. Çay, çörək məclisi yığışdırılandan sonra Misirxandan haradan gəlib, haraya getdiyini xəbər aldılar. Misirxan pəhləvanla güləşməyə gəldiyini bildirdi. Pəhləvan isə hamı eşitsin deyə bərkdən:
– Bu igid, kimdirsə, əhsən onu doğan anaya. Məni məğlub etdi – dedi.
Məclisdə əyləşənlərin hamısı pəhləvanın bu sözünü istehza kimi başa düşdü. Pəhləvan vəziyyəti belə görüb əl atdı şalvarının balağına, şalvarın balağını dizinə kimi cırdı və ağsaqqallardan xahiş etdi ki, bir sınıqçı gətirsinlər. Hamı mat qaldı.
Pəhləvan dedi:
– Bayaq çörək üstə olduğumuza görə istəmədim ayağım qırıldığını bilib qanınız qaralsın. Əlimdəki maça (bud) sümüyünü basıb qırdım ki, şaqqıltısını eşidəndə elə biləsiniz ki, bayaqkı şaqqıltı da yediyim ətin sümüklərinin şaqqıltısından olub. Mən söz vermişdim ki, kim məni yıxsa adımı ona verəcəyəm. Bu gənc məni məğlub etdi. Lakin güləş meydanında yıxmadığı üçün adımı ona vermirəm.
Üzünü Misirxana tutub dedi:
– Düzdür ayağımı qırdın, amma çox da gücünə güvənmə. Mən güləşə heç vaxt qazanc mənbəyi kimi baxmamışam. Ancaq bu gün bir gəncin təcrübəsizliyindən istifadə edib onu yıxıb, öküzünü əlindən almışam. Onun qarğışı məni tutdu. İndi qalib sənsən. Nə istəsən verəcəm.
Misirxan dedi:
– Məni bağışlayın. Sizin belə nəcib bir insan olduğunuzu heç təsəvvürümə də gətirməzdim. Yalnız qardaşımdan aldığınız öküzü qaytarmağınızı xahiş edirəm.
Pəhləvan öküzü qaytardı və əlavə olaraq Misirxana xələt də verdi. Kənd ağsaqqalları xoşagəlməz hal üçün pəhləvana üzrxahlıq etdilər və sınıqçı gətirib ayağını sarıtdılar. Camaatın təkidinə baxmayaraq, pəhləvan ayağı sarındıqdan sonra atını minib getdi.
Kəndi xoş bir uğultu bürüdü. Çoxları bu şəxsin məşhur Osmanlı pəhləvanı Sani Süleyman olduğunu söylədi.
Kənd camaatı Misirxangili də hörmət və ehtiramla yola saldılar. Qardaşların hərəsinə də bir at bağışladılar. Evlərində pəhləvanın verdiyi «çörək boğçası»nı açanda isə gördülər ki, içərisində bir öküzün dəyəri qədər pul var.
Tivili Pirməmməd kişinin qızı Xanımın gözəlliyi dillər əzbəri idi. Kəndin, eləcə də ətraf kəndlərin cavanlarından çoxu Xanımla evlənmək fikrində idilər. Onlar arasında nisbətən varlı olan Ələsgər də var idi. Ələsgərin atası Pirməmmədin qapısına getsə də, boş qayıtmışdı. Pirməmməd kişi elçiliyə gələn el ağsaqqallarına «yox» deməsə də, kəbin xərci üçün 100 bacaqlı qızıl istəmişdi. Bu da açıq-aşkar «yox» demək idi.
Kənddə Piriş kişini hamı səxavətli, əliaçıq və cəsur bir adam kimi tanıyırdı. Onun 5 oğlu var idi. Piriş kişinin böyük oğlu Misirxan da Xanımı istəyirdi. Lakin Pirməmməd kişinin Ələsgərin elçiləri qarşısında qoyduğu şərtə görə, öz fikrini valideynlərinə bildirmir... Amma qızdan da keçə bilmir və Xanımı alıb qaçır.
Əzizə nənənin yaddaşında bir də aşağıdakı şer parçaları qalıbmış:
Bir vaxt gördülər ki, Telli yox oldu,
Dəstəsi artıban mindən çox oldu.
...Tellini qoyun getsin kəndinə,
Aynalı tüfəngin salsın çiyninə,
Xanımın əlini alsın əlinə...
...Zəhmi ağır, özü fağır Tellimiz...
...Sübh azanı hər kəs durar namaza,
Bir cüt igid qərq olubdur Araza.
Görünür, son misralar Telli Qaranın qardaşı Sədirxanın və əmioğlanları Məmmədhüseynin, Şirinin, Fərhadın Yaycı (13) kəndi yaxınlığında pəl* ilə Güney Azərbaycana keçərkən Arazda qərq olmalarına qoşulmuş şerini bizə gəlib çatmış misralarıdır.
Culfa rayonunun Saltax (14) kəndində də Telli Qaranın Nəbi və başqa döyüş dostları ilə buraya gəlməsi haqqında maraqlı rəva-yətlər danışır, şer parçaları söyləyirlər. Ələkbər müəllimin topladığı bu rəvayətlərdən biri belədir:«Cavan ikən bir yetimlə dul qalmış Saltaxlı Laçın xanım təsərrüfatı idarə etmək üçün çobanları Hü-seynə ərə getmək məcburiyyətində qalır. Hüseyn isə bir neçə ildən sonra keçmişini unudub özünü başqa cür aparır. Bir dəfə də Nəbi və Telli Qara Saltaxa gəlir. Laçın onları çox yaxşı qarşılayır. Onlar da Laçının ağlına və bacarığına heyran qalıb Hüseyni öldür-məkdən, var-yoxunu aparmaqdan əl çəkirlər. Hətta Laçına oğlunun toyuna gələcəklərini vəd edirlər. Vədlərinə sadiq qalıb Saltaxa toya da gəlirlər. Bundan xəbər tutan hökumət adamları Nəbini tutmaq istəyir. Atışma olur. Nəbiyə atılan güllənin qarşısını Laçın öz bədə-ni ilə kəsir. Toy yasa dönür».Xanağa kəndində də yaşlılar, cavanlar Telli Qaradan həvəslə söhbət açdılar. El qəhrəmanının döyüşdə həlak olduğu yeri göstərdilər.
Həsən (15) əminin dedikləri:
– Haqqında çox eşitmişəm. İgid, namuslu bir insanmış. Haqqında çoxlu mahnı oxuyurdular. Heyif ki, yadımda qalmayıb. Eşitdiyimə görə, ata-baba nəsli Kürmahmudlu tayfasındanmış. Haqsızlığa dözməyən, igid bir tayfa olub Kürmahmudlular. Ona görədə tez-tez yer dəyişməli olurmuşlar. Telli Qaranın nə üçün qa-çaq düşdüyünü bilmirəm. Amma, ağsaqqallardan eşitdiyimə görə, Nəbi ilə bir yerdə döyüşən Baş Anzırlı (16) Şahhüseyngillə əmi-uşağı olub. Şahhüseyngil qlava** Kərbəlayı Heydərin qardaşı Kərbəlayı Səftəri öldürəndən sonra qaçıb Telli Qaraya qoşulublar. Bir də onu söyləyirdilər ki, Nəbi dəstə ilə İrana keçəndə bərkə dü-şəndə Həcəri Telli Qaranın yanında qoyarmış. Telli Qaranın arvadı da qaçaq imiş. Yenə Nəbi çar məmurlarının diqqətini yayındırmaq ------------------------
* Çayı keçmək üçün vasitə. ** Qlava (rus) – bələdiyyə rəisi
üçün İrana keçibmiş. Telli Qara, arvadı Xanım, Həcər və bir neçə qaçaq bu tayda daldalanıblarmış.
Telli Qaragil dinclərini almaq, bir az da azuqə götürmək üçün Baş Anzır kəndinə gəlirlər. Çuğul bunu hökumətə xəbər verir. Kazaklar, yasovullar* kəndi mühasirəyə alanda qaçaqlar Çətəndaşa çəkilirlər. Çətəndaş çox bərk yerdi. Oradan baxanda hər tərəf ovuc içi kimi görünür. Belə gözəl təbii səngərin olmasına baxmayaraq, qüvvə üstünlüyü öz işini görür. Telli Qara bu döyüşdə şir kimi vuruşur. Qadınları mühasirədən çıxarsa da, özü qəhrəmanlıqla həlak olur. Deyirlər, Qaranın ölümündən təsirlənən Həcər Nəbiyə belə bir sifariş göndərir:
Telli Qara Çətəndaşda vuruldu,
Qanı axıb çalalarda duruldu,
El-obada yas məclisi quruldu,
Özünü tez yetir haraya, Nəbi!
Düşmən bizi alıb araya, Nəbi!
Eşitdiyimə görə, hökumət adamları Telli Qaranın meyidini Nax-çıvana aparmaq istəyirmişlər. Yolda camaat qoymayıb ki, hökumət adamları meyidi aparsın. Gətirib kamal-ədəblə Göynük (17) kənd qəbristanlığında dəfn ediblər...
Şerin son beytindəki azacıq dəyişiklik və söylənilən rəvayət bizə daha inandırıcı göründü.
Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Yusif Səfərovun isə Culfa rayonundan topladığı bir rəvayətdə deyilir ki, Telli Qara kiçik bir qaçaq dəstəsinin başçısı imiş. Nəbini də qardaşı Mehdi və qaynı ilə birlikdə İlanlıdağ ətrafında qaçaq dəstəsinə o, qəbul edib.
Bu fikri Culfa və Ordubad rayonlarının ağsaqqal-ağbirçəkləri tez-tez təkrar edirlər.
* * *
Şahbuz rayonunda da Telli Qara haqqında rəvayətlər yaşayır. Külüs kəndində bir yay axşamı ağsaqqallardan Telli Qaranı xəbər ---------------------------
* Polis vəzifəsini yerinə yetirən məmur. Kazak ordusunda yüzbaşıya uyğun gələn zabit rütbəsi.
aldıq. Divarın dibində əyləşib sakit-sakit söhbət edən qocalar, elə bil, birdən-birə canlandılar. Bir-birinin sözünü kəsərək mübahisəyə başladılar. Hər biri öz dediyinin doğru olduğunu sübuta yetirməyə çalışırdı. İllər öz işini görmüş, qocaların yaddaşları zəifləmişdi. Diqqətlə qulaq asanda hiss edirdin ki, ağsaqqalların hər biri el qəhrəmanının həyatından bir parçanı söyləyir, haqqında qoşulmuş şerləri xatırlamağa çalışır. Külüslü qocalar yalnız aşağıdakı şer parçalarını xatırlaya bildilər:
Telli Qara Saqqarsuda (18) durubdu,
Bənövşəyi bığlarını burubdu,
Əzəl əldə uryadniki* vurubdu...
...Telli Qara tellərini əsdirir,
İncə belə gümüş kəmər kəsdirir.
...Hayıfsan, hayıfsan, a Telli Qara,
Qubernat əlindən gəlibdir zara...
Rüstəm Rüstəmzadə «El qəhrəmanları xalq ədəbiyyatında» (19) kitabında Əli Əliyevin «Azərbaycan» jurnalının 1958-ci il 11-ci nömrəsində yayınlanmış «Qaçaq Nəbi» məqaləsinə istinadən aşa-ğıdakı şeri verir:
Qaçaq Nəbi Şahbulaqda (20) durubdur,
Bənövşə bığların dalda burubdu.
Hardasan, hardasan, a telli Nəbi?
İrəngin lalədir, bil, telli Nəbi!
Aydın görünür ki, şerdə bir misra çatışmır. Dastandakı onlarla şerdən heç birində Nəbiyə «Telli Nəbi» deyə müraciət edildiyinə rast gəlinmir. Bu onu göstərir ki, şeri Nəbiyə uyğunlaşdırmaq istəyiblər. Yamaq da aydınca gözə çarpır.
Külüslü qocalar Telli Qaraya qarşı mübarizə aparan, onu öldürməyə çalışan Qara bəydən də söhbət açdılar. Onun da haqqında şerlər qoşulduğunu söylədilər. Məsələn:
-----------------------
* Uryadnik (rusca) – bölgədə ən kiçik polis məmuru.
Qara bəydi atlıların baqqalı,
Öldürəndə hökumətdən haqq alı...
Və yaxud:
Atlılar yığılıb nizam quruldu,
Hamı dedi: onu vurdu Qara bəy!
Qara bəyin şəxsiyyəti, vəzifəsi ilə maraqlandıqda ağsaqqallar dedilər: «Ay oğul, eşitdiyimizə görə, o da qoldan güclü, gözdən iti, qoçaq adam olub. Bəyliyi-zadı yox imiş. Hökumət qaçaqların öhdəsindən gələ bilmirmiş. Çünki “qaçağı el dolandırır”, deyiblər. Ona görə də hökumət məmurları yerli camaatın bəzilərini müxtəlif vədlərlə aldadaraq qaçaqlara qarşı qaldırırdılar. Qaraya da başına bir neçə nəfər toplayıb, qaçaqları güdüb hökumətə xəbər verdiyinə, onlarla vuruşduğuna görə bəylik veribmişlər.»
Maraqlıdır. Yaddaşlarda iki Qara yaşayır; biri elin igid oğlu, məzlumların, haqqın, ədalətin tərəfdarı Qara, o biri qoçaq olsa da, hökumətə xidmət etməsi ilə elin nəzərindən düşmüş Qara. El-oba isə nə yaxşını unudub, nə də pisi.
Telli Qaranın sorağı ilə Ordubad rayonunun Tivi kəndinə yol-landıq. Kimi dindirdiksə, hamı bir ağızdan dedi: «Yaxşısın Məmmədxan bilir.» (21)
Məmmədxanın 55-60 yaşı ancaq olar. Gözəl hafizəsi, həsəd aparılacaq yaddaşı, bir də hərdən şer demək qabiliyyəti var. Telli Qara ilə maraqlandığımızı bildikdə isə çox məmnuniyyətlə ata-babasından, xüsusən Telli Qaranın arvadı Xanımdan eşitdiklərini təfsilatı ilə söylədi. Xanım 100 ilə yaxın ömür sürüb. 20 ildən çox qaçaqlıq edib. 1955-ci il aprelin 16-da Tividə vəfat edib.
Məmmədxanın söylədikləri:
– Telli Qaranın atası Piriş Baş Anzırda doğulub. 4 qardaş olub-lar. Qardaşlarından Mirzə Hüseynin də beş oğlu olub. Adları belə-di: Şahhüseyn, Ağahüseyn, Məmmədhüseyn, Şirin və Fərhad. Şahhüseyn və qardaşları uzun illər Nəbi ilə birlikdə qaçaqlıq etmişlər. Tayfamıza Həsənalı tayfası deyirlər. Deyilənə görə, nə səbəbdənsə dədələrimiz Dərələyəzdən köçüb Asəbülkəhf (22) yanında bina qurublar. Ordan da Baş Anzıra köçüblər. Piriş qardaşlarından ayrılıb Tiviyə gəlib. Sultan bəyin qızı Nazxanımı aldıqdan sonra ömrünün sonunadək bu kənddə yaşayıb. Pirişin Nazxanımdan Misirxan, Sədirxan, Məmmədxan, Zeynalabdin, Vəliş adlı 5 oğlu olub. Məmmədxan mənim babamın əmisidir ki, o adı da indi mən daşıyıram. Qara adını isə kiçik qardaşım daşıyır. Erməni cəlladı Andranik (23) 1918-ci ilin yayında danışıq adı ilə 18 nəfərlə birlikdə babam Məmmədxanı da bir evə yığıb, oraya od vurub, hamısını yandırıb.
Piriş kişi böyük oğluna cavan ikən ölmüş qardaşı Misirxanın adını qoysa da, ailədə hamı uşağı əzizləyərək, qarayanız olduğuna görə Qara deyə çağırırmış. Bu qarayanız uşağın əsl adı Misirxan unudularaq Qara kimi tanınır.
Telli Qara igid, cüssəli, söz götürməyən, haqsızlığa dözməyən bir oğlan imiş. Öz kəndlisi Pirməmmədin qızı Xanım ilə evlə-nibmiş. Bir gün həmkəndlisi Ələsgərlə dalaşır, Qara Ələsgəri dö-yür. Ələsgər də ondan qisas almaq üçün hökumət məmurlarına çuğullayır ki, guya iki il əvvəl üç erməni tacirini öldürüb malını aparan Telli Qara olub. Pristav Tiviyə (24) gəlib Qaranı həbs edir, qollarını arxadan örkənlə* bağladır. Yasovul Adıgözəl Cəfəroğluya da göstəriş verir ki, Telli Qaranı Bist (25) kəndindəki müvəqqəti həbs evinə aparsın.
Axşamın qaranlığından istifadə edən Qara yasavulun qabağından qaçır.
Kəlbə Məhəmməd xatırlayırdı ki, bir payız günü sübh tezdən tövlənin peyinini təmizləyib çölə tökürdüm. Gördüm alçalıqda bir şirvanı çarıq izi var. Bunu atam Əlabbasa xəbər verəndə dedi:
– Yəqin ki, Telli Qara qaçıb.
Səhər öyrəndim ki, həqiqətən də, Telli Qara gecə evlərinə gedib, ailə üzvləri ilə görüşüb və qardaşı Sədirxanı, arvadı Xanımı gö-türüb o dövrün məşhur qaçaqlarından olan Kələntərdizəli (26) Ələkbərin dəstəsinə qoşulub. Sonra o biri qardaşları da hökumət məmurlarının təhqir və təqibinə dözməyərək qaçıb Telli Qaraya qo- ------------------------
* Keçi qəzilindən əl ennilikdə uzun toxunan məişət avadanlığı. Heyvanlara yük vurarkən örkənlə bağlamağa üstünlük verilir. Çünki örkən kəndirə, çatıya nisbətən enli olduğundan heyvanın dərisini sürtüb yara etməz.
şulurlar. Bir ara azalı (27) Saro da onlarla birlikdə qaçaqlıq edib.
Pristav dəfələrlə Tiviyə gəlib Piriş babanı və Nazxanım nənəni döyür ki, Qaranı tutub təhvil versinlər. Qara da dəfələrlə onu nahaq böhtana salmış Ələsgəri öldürməyə cəhd göstərsə də, baş tutmur. Çünki Ələsgər Qaranın ondan intiqam alacağından qorxaraq evdə-eşikdə yatmır, gündə bir yer dəyişirmiş.
Xanım nənə Nəbinin qaçaq dəstəsinə qəbul edildiyini yaxşı xatırlayıb deyirdi: – Nəbi hamıdan çox Qaraya inanır, onun xatirini istəyirdi. Bu da səbəbsiz deyildi. Qara ilqara düz, dosta sədaqətli, namuslu bir adam idi. Nəbigil yenə İrana keçmişdilər. Qara, Həcər, mən və bir neçə nəfər bu tayda qalmışdıq. Bir dəfə Şahbulaqdan (28) keçəndə Həcər qışqırıb atını onunla yanaşı sürən qaçağı təhqir etdi. Hədələməyə başladı. Telli Qara qaçaq yoldaşının Həcərə xəbis baxdığından xəbər tutan kimi tüfənglə onu vurdu.
Telli Qara haqqında qoşulmuş şer parçalarını xatırlatdıqda Məmmədxan dedi:
– O, şerləri el şairləri qoşublar. Bəlkə onun çoxunu Qaranın heç özü də eşitməyib. Xanım nənə də deyirdi: Telli Qaraya o qədər söz qoşulmuşdu ki, Nəbidən də çox. Heyif, Qara tez öldü. Sonra Nəbi məşhurlaşdığından Telli Qara yaddan çıxdı.
«Telli Qara Saqqarsuda durubdu» misrası ilə başlayan şerin yaranma tarixi haqqında Məmmədxan belə bir rəvayət söylədi: – Bir gün pristav Mirzəmehdi xana xəbər verirlər ki, Telli Qara dəstəsi ilə Saqqarsu yaylağındadır. Pristav qoşun toplayır. Qaçaqlara qarşı mübarizə aparan dəstəyə yerli bəylər də səfərbərliyə alınır. Tivili qlava Məşədi Şahvələdin bələdçiliyi ilə qoşun gedib Şahbulaqda düşərgə salır. Hazırlıq görülür ki, qaçaqları mühasirəyə alıb tutsunlar. Telli Qara da üstlərinə qoşun gəldiyindən xəbər tutub, dəstəni möhkəm yerdə daldalayıb özü vəziyyətdən xəbər tutmaq üçün dərə ilə gizlənə-gizlənə Şahbulağa tərəf gəlir. Görür ki, onlara qarşı gələn dəstənin başçısı Balyov gah bu, gah da o xörək qazanının arxasında yataraq sağa-sola atəş aça-aça məşq edir. Yerini möhkəmlədib diqqətlə onu nişan alır, birinci gülləyə onu vurur. Sonra da ocağı atəşə tutur. İstirahət edənlər qa-çaqların onları mühasirəyə aldığını güman edib qaçmağa üz qoyurlar”.
Xanım nənə deyirdi ki, o vaxt Naxçıvandakı dustaq evinin altıncı kamerasından Nəbini qaçıran da Telli Qara olmuşdu.
Hətta Nəbinin Telli Qaraya belə bir sifariş də göndərdiyini söy-ləyirdi:
Yastığım kərpicdi, döşəyim saman,
Yorğanım həsirdi, üşüdüm, aman.
Mənim bu günümdə gələsən, Telli
Qazamat divarın dələsən, Telli.
Telli Qara öləndən (29) sonra da arvadı, qardaşları, əmisi uşaqları uzun müddət qaçaqlıq etmişlər. Onu da deyim ki, 1914-cü ildə Kəngərli bəyləri ilə Tivililər arasında Tivi kəndi yaxınlığındakı And, Top sahələri üstündə münaqişə baş verəndə birinci silaha sarılan yenə Piriş kişinin uşaqları olub. Hətta Xanım, Nazxanım da əlinə tüfəng götürübmüş. Həmin iş üstündə babam Məmmədxanı da iğtişaşçı kimi həbs ediblər.
Məmmədhüseynin iki oğlu Hüseyn, Əsgər İranın Zunuz (30) kəndində yaşayıb. 1914-cü ildə Hüseyn Tiviyə gəlib. Məmmədxanın həbs edildiyini, qohumlarının təqibə məruz qaldığını görüb Vəlişi təqibdən qurtarmaq üçün İrana – öz yanlarına aparmaq istəyib. Amma qohumları qoymayıb.
Telli Qara haqqında söylənilən rəvayətləri şer parçalarını diqqətlə dinlədikdə bu qənaətə gəlmək olur ki, el qəhrəmanı haqqında şerlər və rəvayətlər varmış. Sonradan bunların bəzi parçaları Qaçaq Nəbi dastanına qarışmış, bəzi parçalar isə yaddan çıxmışdı.
25.X.1984.
Qaynaqlar və notlar
1. Qaçaq Nəbi (dastan). Bakı Azərbaycan Dövlət Nəşriyyatı, 1961.
2. Azərbaycan Respublikasının Qubadlı rayonunda kənd.
3. Azərbaycan Sovet Enisklopediyası. Bakı, 1979, 10 cilddə, 3-cü cild, s.104.
4. Ələddin Həsən oğlu Həsənov. 1950-ci ildə Culfa rayonunun Xanağa kəndində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsini bitirib. Ərəfsədə məktəb direktoru, Bənənyarda sovxoz direktoru, rayon maarif şö’bəsinin müdiri, rayon partiya komitəsinin şö’bə müdiri, II katibi və I katibi, 1993-cü ildə isə Azərbaycan Hərbi Polis İdarəsinin rəisi işləyib.
5. Culfa rayonunda Əlincəçay üzərində Əlincə dağı ətəyində kənd. Gözəl təbiəti, Əlincə qalası və tarixi abidələri və qonaqsevər insanları ilə məşhurdur.
6. Keçmiş Zəngəzur mahalında kənd. 2.III.1940-cı ildən adı dəyişilərək Sisian edilmişdir. İndiki Ermənistan Respublikasında rayon mərkəzidir.
7. Zəngəzur dağ silsiləsində, Şahbuz rayonunun Keçil və Nurs kəndləri yaxınlığında, indiki Ermənistan Respublikası ilə sərhəddə qala.
8. Culfa rayonunda keçmiş Baş Anzur kəndi yaxınlığında dağ.
9. Qaçaq Nəbi. (dastan), “Azərbaycan Dövlət Nəşriyyatı”, Bakı, 1961, s. 87-89.
10. Hüseynov Ələkbər. 1952-ci ildə Culfa rayonunun Bənənyar kəndində doğulub qonşu Saltax kəndində müəllim işləyirdi.
11. Şahidlərin verdiyi bilgiyə görə, Əzizə Alı qızı, 1982-ci ildə, təxminən 120 yaşında Bənənyar kəndində vəfat edib. Savadsız olub.
12. Ordubad rayonunda kənd. Anzırın 8-9 kilometrliyində yerləşir.
13. Culfa rayonunda Arazın sol sahilində kənd.
14. Culfa rayonunda Əlincə çayının sağ sahilində kənd. Əlincə qalasının 3-4 kilometr güneyindədir.
15. Həsənov Həsən Kərbəlayı Əbil oğlu. 1912-ci ildə Culfa rayonunun Xanağa kəndində doğulmuş, 3 sentyabr 1982-ci ildə həmin kənddə vəfat etmişdir. İbtdai təhsilli idi.
16. Əlincə qalasının doğusunda kənd. İkinci Dünya Savaşından sonra əhalisi Əlincə çayı sahilinə köçmüş, kənd xaraba qalmışdır. 19-cu yüzildə bölgənin abad və tanınmış kəndlərindən olub.
17. Culfa rayonunda Əlincə qalasının batısında kənd.
18. Ordubad rayonundakı Bist kəndindən yuxarıda Göygöl yaylağında çay adı.
19. Rüstəmzadə Rüstəm. El qəhrəmanları xalq ədəbiyyatında, “Gənclik” nəşriyyatı, 1984, s. 71.
20. Zəngəzur dağ silsiləsində bulaq adı.
21. Məmmədov Məmmədxan Sədirxan oğlu. Tivi kəndinin sakini, natamam orta təhsilli.
22. Naxçıvan Muxtar Respublikasında Culfa və Babək rayonları arasında dağ. Dağ oradakı mağaranın adı ilə məşhurlaşıb. Hökümdar zülmündən qaçıb mağaraya gizlənmiş yeddi nəfərin 300 ildən çox burada yuxuya getdikləri, ayıldıqdan sonra qeybə çəkildikləri haqqında əfsanə bu yerlərdə geniş yayılıb. Qurandakı Kəhf surəsində təsvir olunan hadisələr bu mağarada baş verdiyini söyləyirlər.
23. Andranik Ozanyan (1865-1927) xarici ölkələrdən yardım alaraq erməni silahlı dəstəsi yaradıb müsəlman kəndlərinə basqınlar təşkil etmişdi. Osmanlı dövləti 1890-cı illərdə onun dəstəsini dağıdıb özünü həbs etsə də Rusiya və Böyük Britaniyanın təzyiqi ilə həbsdən azad etməli olmuşdur. Andranik Birinci Dünya Savaşında yenidən Anadolunun doğusunda ətrafına silahlı dəstə toplayaraq müsəlman kəndlərini talamağa, dinc sakinləri öldürməyə başlamışdır. Bununla Rusiya qoşunlarının Osmanlı dövlətinin içərilərinə doğru irəliləməsinə şərait yaratmışdır 1918-ci ildə Osmanlı hərbi birləşməsi qiyamçıları İraqa çıxarılmış B.Britaniya orduları ilə birləşməsinə əngəlləmişdir. Andranik vəziyyətin çıxılmazlığını görüb ətrafındakı silahlı dəstə və cəzadan qorxaraq qaçan erməni əhalisi ilə İrana oradan da Naxçıvana və Zəngəzura keçmişdir Yol boyu onlarla müsəlman kəndini dağıtmış əhalisini qəddarlıqla məhv etmişdir. Culfadan Bakını işğal etmiş Rus-erməni birliyinin təşkil etdiyi hökumətin başçısı Stepan Şaumyana 1918-ci ilin 14 iyulunda «Türk qoşunlarının Naxçıvan qəzasının içərilərinə irəliləməsinə mane olmağa çalışacağam. Cavabınızı və sərəncamınızı gözləyirəm general-moyor Andranik» məzmunlu teleqram vurmuşdur. Müsbət cavab alsa da türk qoşunlarının yaxınlaşdığından xəbər tutan kimi tələsik dağ yolu ilə Zəngəzura qaçmışdır. «Naxçıvanı Rusiya Respublikasının ayrılmaz hissəsi», özünü isə həmin hökumətin təmsilçisi elan edən Andranikin arzuları baş tutmamışdı. Zəngəzurda, Dərələyəzdə, Vedi ətrafında da onlarla müsəlman kəndini dağıtdırmış, əhalisini məhv etmişdir. Ermənistan Respublikasının hökuməti ilə dil tapa bilmədiyinə görə dəstəsini buraxıb xaricə getməli olmuşdur. 1999-cu ildə cənazəsinin qalıqlarını Parisdən Ermənistana gətirərək təntənə ilə dəfn etmişlər.
24-27. Ordubad rayonunda kənd adları.
28. Ordubad rayonundakı Tivi kəndində yuxarıda Gəmiqaya dağında yer adı.
29. Sağ qalan əqrəbalarının şəcərə ağacından Telli Qara adı ilə tanınmış Misirxan Piriş oğlunun təxminən 1840-1888-ci illərdə yaşadığını müəyyənləşdirdik.
30. İran İslam Respublikasının Şərqi Azərbaycan ostanında kənd. Arazın sağ sahilində Mərənd şəhəri yaxınlığındadır.
Çap olundu: Əli Şamil. Dastanlaşmış ömürlər, Bakı, “Səda” nəşriyyatı, 2001, səh.17-33
|