Deməyin meydannan qaşdı Mirzalı

DEMƏYİN MEYDANNAN QAŞDI

MİRZALI

 

Axtarış: On ilə yaxındı Mirzalı haqqında eşidirəm. Eşit-diklərim məni yeni adamlarla görüşməyə, Mirzalı haqqında daha çox məlumat toplamağa sövq edir. Şahbuz (1) rayonunda* az-az məclis olar orada Mirzalıdan söhbət getməsin. Həmişə də qocalar yad-daşlarından gileylənər, bəzən də ötən zəmanəni ya-manlayarlar. Axı çarizmə,** xan-bəy üsul-idarəsinə qarşı vuru-şan bir adam haqqında o vaxt danışmaq çox çətin idi.

Mirzalı haqqında söyləmlər yalnız yaddaşlarda yaşamışdır. Qocalar, qarılar bu dünyadan köçdükdə özləri ilə bərabər bildik-lərinin bir çoxunu da aparmışlar. Bizim günlərə qədər gəlib çatan az-çox rəvayətlər isə bugünkü qocaların ata-babalarından eşitdikləridir. Belə qocaların, qarıların neçəsi ilə görüşüm? Onuyləmi, iyirmisiləmi bilmirəm. Əksəriyyəti də eyni rəvayəti, hadisəni müxtəlif çalarda, müxtəlif variantda xatırlayır. Odur ki, eşitdiyim rəvayətləri qruplaşdırmağa çalışdım.

Mirzalının yaxın qohumlarından olan Qara kişi Kolanı kəndində*** doğulsa da, 40 ildən artıqdır Naxçıvan (2) şəhərin-də yaşayır. Yaşı 80-i keçib.

Birinci rəvayət – xatirə və ya Qara kişinin dedikləri:

Kolanı (3) kəndi 3 tayfadı: qazaxlı, kolanı, gülümlü. Mirzalı qazaxlı tayfasındandır. Atamın dayısıdır. Mirzalıya qoşulmuş şeirdə adı çəkilən Nənəş mənim doğmaca nənəmdir. Onu yaxşı xa-tırlayıram. Birinci erməni-müsəlman davasında sağıymış. İkinci erməni-müsəlman davasında ölmüşdü. Deyirlər, öləndə 150 yaşı varmış. Qardaşı haqqında yana-yana, kövrələ-kövrələ danışırdı.

«Böyük aclıq ili» camaat bərk aclıq çəkirmiş.  Keşiş**** də Gömür (4) kilsəsinə  çoxlu taxıl yığıbmış. Ətraf kəndlərin ermə-ni və müsəlmanları keşişdən borc istəyirmiş, o da vermirmiş. Gözdüyürmüş qiymətlər qalxsın, baha qiymətə satsın. Belədə

-------------------

* İlçə, bəxş. ** Tezarlıq. ***  Köy.**** Papaz.

Mirzalı bir neçə yoldaşı ilə kilsəyə hücum edir, keşişi dirəyə sarıyır, taxılı camaata paylayır. Buna görə də qaçaq düşür...

Mirzalının tutulmasına isə Molla Cəfər səbəb olur. Molla Cəfər bir cadu yazır. Onun təsirindən Qarabağda qaçaqlıq edən Mirzalı oradan bir günə Kolanıya gəlir. Tozanaq qar yağdı-ğından izindən Mirzalının kəndə gəldiyindən xəbər tuturlar. Hökumət adamları onu tutmaq üçün kəndə gəlirlər. Atışma olur. Mirzalının atdığı güllə Molla Cəfərə dəyir, onu öldürür.

Deyirlər qubernat* da Mirzalının qoçaqlığından çox eşidi-bmiş. Ona görə İrəvandan (5) Əşrəf ağa və başqalarını Naxçıvana göndəribmiş. Tapşırıbbış Mirzalını vurmağa qoyma-sınnar, onu diri tutsunnar. Mirzalının gizləndiyi evə heç kim yaxın düşə bilmir. Qardaşı Ağanı dilə tutur, yarızor, yarıxoş Mirzalının yanına göndərirlər. Onunla danışıb, qollarını bağlayıb bayıra çıxarmağı tapşırırlar. Ağa deyilənlərə inanıb içəri girir. Qardaşının qollarını bağlayıb bayıra çıxaranda Molla Cəfərin qohumları Şəmi və Şəmşimalı xəncərlə onu doğruyur.

Müəllifdən: Yaşlı nəslin yaddaşında 1906-1907-ci illər birinci erməni-müsəlman davası kimi, 1918-20-ci illər isə ikinci          erməni-müsəlman davası kimi qalıb. Buradan belə qənaətə gəlmək olar: Nənəş 1907-1917-ci illər arasında ölüb. Onun 150 yaşında ölməsini isə dəqiq fakt kimi qəbul etmək olmaz. Adətən yaşı yüzü keçən adamlardan söz düşəndə həmişə rəqəmin şişirdilməsinin şahidi oluruq. Nənəşin 150 yaşında öldüyü ilə razılaşsaq, onda doğum tarixi 1757-67-cı illər arasına düşür. Qoy Mirzalı da bacısından 10-15 yaş kiçik olsun. Lap 30-40 yaşlarında da qaçaqlıq etsin. Bu da 1822-ci ili keçmir. Rusiya isə İrəvan və Naxçıvan xanlığını 1828-də işğal edib. Mirzalı ilə bağlı söhbətlərdə adı çəkilən vəzifələr Rusiyanın Qafqazı işğalından sonra yaranıb. Bunlardan belə qənaətə gəlmək olar: Mirzalı 1820-30-cu illərdən öncə deyil, sonra qaçaqlıq edib.

İkinci rəvayət: - Bunu da Aşağı Qışlaq kəndində yaşı 80-ni keçmiş Əziz Mahmud oğlu danışdı:

 ------------------

* Vali.

– Quş Mirzalı cavanlığında cəld və zarafatcıl bir adam kimi ad çıxarıbbış. Bir gün quzu növbəsinə gedibbiş. Axşamüstü çöl-də bir dovşan qaçır. Dovşan hansı tərəfə qaçırsa, Mirzalı qaba-ğını kəsib qaytarır quzunun içərisinə. Bu minvalla dovşanı sürü ilə gətirir kəndə.

Camaat çəpişini, quzusunu seçib aparmağa gələndə Mirzalı dovşanı göstərərək zarafatla deyir: – Bu çər dəymiş çəpiş kimin-di? Qoymayıb bu gün bir az dincimi alım. Sabah onu çölə aparmayacam.

Yuxarı Qışlaqlı Abbasəli Abdullayev (6) Quş Mirzalı ilə bağlı rəvayətlərlə yanaşı, şerləri də yaxşı xatırlayır. Bu şeirlərin biri Quş Mirzalının dilindən sevgilisinə müraciətlə söylənən gəraylıdır. Gəraylının bəzi misralarında vəzn və qafiyə pozuqluğu var. Gəraylıda deyilir:

 

Cavan ömrüm bada getdi,

Salmadı  yar yada məni.

Fələk görün nələr etdi,

Yar gətirdi dada məni.

 

Ömrüm getdi hədər yerə,

Qan ağlar kim məni görə.

Dost gəlmədi bu dar günə,

Yar salmadı yada məni.

 

De, bu dərdə dözüm necə,

Dərdim bilən yoxdu bircə,

Can vermərəm yar gəlincə,

Cəllad çəksə dara məni.

 

İstər Abbasəli əmi, istərsə də Qışlaq, Kolanı, Biçənək, Reme-şin (7) və başqa kəndlərdə Quş Mirzalını xatırlayan qocaların və qarıların əksəriyyəti onun ölümü ilə bağlı pərakəndə bir qoşmanı tez-tez xatırlayır. Qoşmanın belə geniş yayılmasının və yadda qalmasının səbəbi, bizcə, süjetli olması və orda bir çox şəxs adlarının çəkilməsidir. Qoşmada deyilir:

 

Çərşənbə günündə çıxdım səfərə,

İçdiyim şərbətim döndü zəhərə,

Qəfil gülləm dəydi Molla Cəfərə,

Deməyin meydannan qaşdı Mirzalı,

On arşın divarı aşdı Mirzalı.

 

Ağa qardaş qollarımı bağladı,

Şəmi vurdu, Şəmşimalı doğradı,

Nəsir ağa başa döydü, ağladı,

Deməyin meydannan qaşdı Mirzalı,

On arşın divarı aşdı Mirzalı.

 

Şerin misralarının başqa variantlarında deyilir:

 

Nənəş bacım birçəyimi oxşadı.

və ya

Eşidənnər deyir: ağlı zayıldı,

Görənnər deyir: quşdu Mirzalı.

 

Üçüncü rəvayət: Bunu da yaşı 100-ü haqlamış, Zərnətündə (8) böyüyüb boya-başa çatmış, hazırda Naxçıvan şəhərində yaşayan Fətulla Musayev (9) danışdı:

– Quş Mirzalı Kömür kilsəsini dağıdandan sonra xeyli qaçaq-lıq edir. Mirzalının bir bacısı Məşədi Gilə Ağcabədi (10) rayo-nunun Qaravəlli kəndində yaşayırmış. Mirzalı Qaravəllidən bir günə Kolanıya gəlib çatmışdı. Onun belə qoçaqlığına mahnı qoşmuşdular. Yadımda bunnar qalıb:

 

Sübh çağı Xan (11)  bağınnan yığdım üzümü,

Günorta Şahbulaqda (12) aşdım onun üzünü.

 

Danışırdılar ki, Mirzalı dəfələrlə həbsdən qaçıb. Qubernat da Mirzalının həbsdən qaçmasıynan çox maraqlanırmış. Bir gün eşidir ki, Mirzalını tutub İrəvan həbsxanasına gətiriblər. Özü du-rub onun yanına gəlir. Öyrənmək istəyir Mirzalı həbsxanadan necə qaçır. Qubernat Mirzalını bir neçə dustaqla birgə uca hasa-rlı, üstüaçıq həbsxana meydanında gəzintiyə çıxardıqlarını gö-rür. Tərcüməçi vasitəsilə Mirzalıdan silahlı nəzarətçilərin, uca divarların olduğu bir yerdən necə qaça bildiyini xəbər alır. Həbsxananın naçalniki* və başqaları  da qubernatın yanınday-mış. Mirzalı gülümsəyərək: «Çox sadəcə» deyib, «qaçma-ğını» göstərir. Mirzalı geri çəkilib divara doğru qaçır. Ayağının birini yerə vurub sıçrayıb o birisini divarın bir metr ucalığına vurur. Yerə düşüb bir də geri çəkilir. İkinci dəfə qaçıb ayağının birini yerə vurduqda ikincisini bayaqkından xeyli yuxarı vurur. Üçün-cü cəhddə Mirzalı sıçrayıb ayağını divarın adam boyundan çox uca yerinə vurur və əlini atıb divarın üstündən tutur. Bir anın içərisində qubernatın, naçalnikin və başqalarının gözü qarşı-sındaca divarı o üzə aşır. Keşikçilər bu tamaşadan ayılıb Mirzalının qaçdığını yəqinləşdirənə kimi o aradan çıxır.

Çayxanada söhbət: Bir payız günü Aşağı Qışlaq kənd çayxa-nasında ağsaqqalları yenə də Mirzalıdan söhbət etməyə sövq etdik. Fikirlər şaxələndi. Mübahisə qızışdı. 105 yaşlı Zal Rüstəm oğlu hadisələrə daha obyektiv yanaşmağa, özündən kiçik və ya-şıdı olan qocaların sözlərinə düzəliş verməyə çalışırdı. Qocalar deyəndə ki, Mirzalını Molla Cəfər cadu ilə bir günə Qarabağdan Kolanıya gətirdi. O, gülərək:

– Ay oğul, bunların sözünə inanma – dedi. – Mirzalı ilə Mol-la Cəfər bərk dost olub. Hökumət Mirzalını tuta bilmədiyini gör-əndə Kolanıdan, bizim kənddən və Yuxarı Qışlaqdan Mirzalıya yaxın olan 15 ailəni Sibirə (13) sürgün edəcəyini bildirir. Bu ailələr arasında Molla Cəfər və onun qohumlarının da ailəsi var imiş. Molla Cəfər də vəziyyəti məktub vasitəsilə Mirzalıya bildi-rir. Ona görə də Mirzalı bir payız günü – yerə yenicə qar düşən-

-----------------

* Naçalnik (rus) – polis, jandarma komutanı.

də Kolanıya gəlir. Onu tutmaq istəyənnər düşünürlər ki, neylə-yək-neyləməyək? Axşam olsa Mirzalı qaçıb aradan çıxacaq. Bi-çənəkli (14) Kəblə Mustafa da atıcılıqda ad çıxarıbbış. Naçalnik onu gətirdir ki, Mirzalını vursun. Mirzalı da uzaqdan Kəblə Mustafanı görən kimi işi başa düşüb onun tüfəngini vurur. Kəblə Mustafaya təzə tüfəng verib yenə Quş Mirzalının üstünə göndə-rillər. Bu dəfə Quş Mirzalı Kəblə Mustafanın özünü vurur. Şeir-dən göründüyü kimi, Mirzalı Molla Cəfəri qəsdən yox, təsa-düfən vurmuşdu.

Mirzalının qaçaqlıq etdiyi vaxtı dəqiqləşdirmək istədikdə Zal Rüstəm oğlu dedi:

– Nəbinin (15) qaçaqlıq elədiyi yuxu kimi yadıma gəlir. Nəbi yoldaşlarıynan bizim evə gəlmişdi. Xurcunlarına çörək, yemək yığıb getdilər. Amma Quş Mirzalının qaçaqlığı mənim yaşımnan qabaq olub. Onun haqqında böyüklər danışanda eşitmişəm. Mir-zalıdan, onun qoçaqlığından söz düşəndə bir də onu deyirdilər: O zaman pristav* Qarababada (16) otururmuş. Mirzalıya bir məktub verib İrəvana aparmasını tapşırır. Səhəri gün axşam pris-tav Mirzalını görəndə hirslənir. Ondan nə üçün tapşırığını yerinə yetirmədiyini soruşur.

Mirzalı deyir:

– Dünən tezdən məktubu vermişdiniz, mən də tənbəlliyimdən Kolanıya qayıtmayıb elə ordan İrəvana getdim. Bu gün də qayı-dıb gəlmişəm.

Pristav hirslənərək deyir:

– Bəs nə üçün cavabı gətirməmisən?

Mirzalı deyir:

– Sizin dediyiniz vaxta hələ iki gün var. Vədənin tamam ol-masını gözləyirdim ki, gəlib Sizə xəbər verim.

Pristav gülərək Mirzalının qoçaqlığına heyran qalır və təşək-kürünü bildirir.

Deyillər bu hadisədən bir xeyli sonra yolda poştu soyullar. Nə qədər axtarıllarsa, poştu soyanı tapa bilmirlər. Çuğullar xə -   --------------

* Pristav (rus) – məhəlli polis məmuru.

bər verir ki, poştu soyub belə cəldliklə aradan çıxan Quş Mirzalı olar. Ona görə də pristav Mirzalını həbs etmək haqqında əmr verir.

– Zal əmi, Quş Mirzalının şairliyi, şer deməyi olubmu? - sualıma: – A bala, bildim nə deyirsən. Quş Mirzalının şairliyi, aşıxlığı olmayıb. Məncə, onun dilində söylənən şerləri qışlaqlı Molla İsmayıl deyib – cavabını verdi.

Dördüncü rəvayət: Bunu da 1903-cü ildə Sisian (17) uyez-dinin** Şükar kəndində doğulmuş, daşnakların (18) Zəngəzurda (19) nahaq qanlar axıtdığı dövrdə – 1918-1920-ci illərdə qaçıb Şahbuz rayonunun Aşağı Remeşin kəndinə gəlmiş Tahir Allahyar oğlu danışdı.

– Ay oğul, uşağın yaddaşı iti olar. Uşaqlıxda eşitmişəm bun-narı. Bir çoxu da yadımdan çıxıb.

Elə ki, Mirzalı gecə Kolanıya çatır, kəndə girməyə ehtiyat edir. Kəndin üst tərəfində bir dəyirman varıymış, girir dəyir-mana. Hava soyuq olduğundan, su donduğundan dəyirmanı ge-cələr işlətmirlərmiş. Mirzalı dəyirmanın pərdilərindən söküb çel-varda (təndirin yarısı qədər olan ocaq – Ə.Ş.) ocaq qalayır. Un-dan xəmir yoğurub özünə kömbə* bişirir.

Səhər dəyirmana adam gələcəyindən ehtiyatlanıb, Hindizan məhləsinin yuxarısındakı Sarı yoldakı mağarada daldalanır. Kimi deyirdi dəyirmançı gecə ocaq qalanıb kömbə bişiril-diyindən duyub ki, Mirzalı gəlib. Kimi də deyirdi ki, sübh tez-dən su gətirməyə gedən bir gəlin Mirzalını görüb qorxub. Qor-xusundan hay-haray salıb.

Kənddə olan, Mirzalının gəlişini səbirsizliklə gözləyən Əşrəf yüzbaşının dəstəsi onu mühasirəyə alır. Mirzalı yerinin o qədər də münasib olmadığını görüb, İsmayılın evinə qaçıb (Kolanıda kəndin sakinləri həmin evin təxmini yerini bizə göstərdilər. İndi həmin yerdə Bayram Nəcəfov yaraşıqlı ev tikib, bağ salıb – Ə.Ş.) girir. Tək olmasına baxmayaraq, bir nəfəri də qoymur evin -----------------------

* Uyezd (rus) - qəza.

** Ocaqda, xəmrəsiz (mayasız) bişirilmiş çörək növü.

 

həndəvərinə gəlsin. Əşrəf yüzbaşı Quş Mirzalını döyüşdə  məğ- lub edə bilməyəcəyini, gecə düşən kimi qaranlıqdan istifadə edib mühasirədən çıxıb qaçacağını görüb hiyləyə əl atır. Mirza-lının qardaşı Ağanı al dilə çəkir. Ağa da evə girib Mirzalının qollarını bağlayır. Lakin namərdlər verdikləri vədə əməl etmil-lər. Qolubağlı igidi, görda* və xəncərlə doğrayırlar.

O ki, qaldı Molla Cəfəri vurması. Onu da qəsdən vurmayıb. Şeirdə də deyib:

 

Bənümmə** günündə çıxdım səfərə,

İşdiyim şərbətlər döndü zəhərə,

Nahaq gülləm dəydi Molla Cəfərə

Oxuduğu qara yazı ağ oldu.

 

Mirzalı ölüm ayağında çox şer deyib. Huşumda ilişib qalan bu azacıqdı:

 

Əşrəf ağa çapar saldı hər yana,

Kazak*** düzdü, məni qatdı meydana,

Doğradılar, batdım qızılı qana,

Haray, bizim ağır ellilər, haray!

 

Ağa qardaş qollarımı bağladı,

Mirzə Nəsir dəsmal çəkdi ağladı,

Kəlməm deyilməmiş Şəfi məni doğradı,

Haray, bizim ağır ellilər, haray!

 

----------------------

* Görda - birağızlı əyri qılınc, yatağan.

** Cümə axşamı.

* Rusiyada yaşayan əhalinin bir qrupuna verilmiş ad. Bəzi araşdırıcıların fikrincə türk mənşəli olub sonradan ruslaşan bu xalq azadlıqsevərliyi və döyüşkənliyi ilə seçildiyinə görə Rus çarları XVIII yüzildən başlayaraq onlardan xüsusi ordu yaratmışlar. Bu ordudan daha çox cəza dəstəsi kimi istifadə edilmişdir

 

Müəllifdən: Rəvayətlər, söhbətlər ziddiyyətli və bir az da əfsanəvidir. Bu da təbiidir. 19-cu yüzildə qaçaqlıq etmiş el qəh-

rəmanı haqqında xalq məhəbbətlə rəvayətlər yaratmış, şerlər qoşmuşdur. Yaradılmış rəvayətlər və şerləґ pərakəndə halda bizim günlərə gəlib çıxmışdır. Şerləri kim qoşmuşdu, dastanı kim yaratmaq istəmişdi? Suallarımız cavabsız qaldı.. Naxçıvanı, İrəvanı bürümüş, xalq arasında «böyük aclıq ili» kimi məşhurlaşmış ili də müəyyənləşdirə bilmədik.

                                                      15.X.1983.

 

Qaynaqlar və notlar

 

1. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında rayon.

2. İndiki Azərbaycan Respublikasında şəhər, Naxçıvan Muxtar Res-publikasının paytaxtı. Miladdan öncə II-I minilliklərə aid maddi mədəniyyət nümunələrinin tapılması şəhərin üç min ilə yaxın tarixindən xəbər verir. Səl-cuqların Azərbaycandakı canişininin iqamətgahı (12-ci yüzil) burada yer-ləşirdi. Uzun illər Naxçıvan xanlığının mərkəzi olub. Rusiya 1828-ci ildən bu yerləri işğal edib. 1841-ci ildən Naxçıvan qəzası elan edib və Gürcüstan-İmeretiya quberniyasına qatıb. 1849-cu ildən İravan quberniyasının tərkibində olub. 1918-ci ildə Güney Qafqazda Azərbaycan, Gürcüstan və Er-mənistan Respublikası yaradılanda ermənilər Naxçıvanı işğal etməyə çalışıblar. Əhalisinin çoxunu türklər təşkil etdiyinə görə güclü müqavimətlə rastlaşıblar. Ermənistan respublikasının silahlı dəstələri, eləcə də Andranik Ozanyanın başçılığı ilə Türkiyədən qaçan ermənilər Naxçıvan kəndlərində qırğınlar törətsələr də tam qələbə çala bilməyiblər. Naxçıvan 1918-ci ildə yaradılmış Araz Türk Respublikasının tərkibinə daxil olub. Bu respublikanın ömrü qısa olsa da əhali iki il ermənilərə qarşı müqavimət göstərib.

1920-ci ildə Rusiya bolşeviklərin rəhbərliyi ilə Qafqazı işğal edəndə Nax-çıvanı Ermənistan Respublikasına qatmaq istəyib. Yerli əhalinin əksəriy-yətini tüklər təşkil etdiyindən güclü müqavimətlə rastlaşıblar. 1921-ci ildə Karsda (mart) və Moskvada (oktyabr) bağlanmış anlaşmaya əsasən Naxçıvan Sovet Sosialist Respublikası (Azərbaycan respublikasının tərkibində olmaqla) elan edilib. Sovetlər Birliyi Qafqazda mövqelərini möhkəmlətdikdən sonra uluslararası anlaşmanı kobud şəkildə pozaraq 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yara-tdığını elan edib. 1929-cu ildə isə birtərəfli qaydada Naxçıvana bağlı 9 kəndi Ermənistana verib. Beləliklə, Naxçıvanı Azərbaycandan ayıran Meğri dəhlizini böyütmüş olub.

3.  Şahbuz rayonunda kənd.

4. Naxçıvana bağlı Şahbuz rayonunda ermənilərin yaşadığı dağ kəndi. Yerevan şəhərində və ətraf qəsəbələrdə  daha rahat şərait olduğuna görə 1950-ci illərdə ermənilər kəndi tərk edib oraya köçmüşlər.

5. Son yüzillikdə Yerevan-Erivan şəklində yazılır.

6. Abdullayev Abbasəli Məhəmməd oğlu. 1904-cü ildə Yuxarı Qışlaq kəndində anadan olub. Kənddəki molla məktəbində üç il təhsil alıb. Şahbuz rayonunda müxtəlif vəzifələrdə işləyib. 6 sentyabr    2000-ci ildə doğulduğu kənddə vəfat edib.

7. Bu kəndlər Naxçıvana bağlı Şahbuz rayonundadır.

8. Şahbuz rayonunda kənd. 1950-ci illərdə əhalisi yaxınlığındakı Biçənək kəndinə köçürülüb.

9. Musayev Fətulla. 1887-ci ildə Şahbuz rayonunun Zərnətün kəndində doğulub. Savadsızdır. 1987-ci ildə Naxçıvan şəhərində vəfat edib.

10. Qarabağ bölgəsində rayon.

11. İndiki Dağlıq Qarabağ vilayətinin mərkəzi Stepanakertin əski adı. Xankəndi olmuş, kənd yaxınlığındakı bağ Xanbağı adlanmışdır.

12. Keçmiş Qarabağ xanlığının Zəngəzur qəzasında (indiki Ermənistan Respublikasında) bulaq adı.

13. Sibir – Türklərin savir, sabir tayfasının adı ilə bağlı bölgə. Rusiya bu yerləri 18-ci yüzildə işğal etmiş və yerli əhalini sıxışdırmaq üçün hökumətdən narazı insanları daima buraya sürgün etmişdir. Qışı olduqca soyuq və uzun keçdiyinə, sərt təbiətinə görə bura Rusiya hökumətinin cəza bölgəsi – sürgün yeri olmuşdur.

14. Şahbuz rayonunda kənd.

15. Qaçaq Nəbi (1854-1896) nəzərdə tutulur.

16. Şahbuz rayonunda kənd.

17. Keçmiş Qarabağ xanlığında kənd İndiki Ermənistan Respublikasında rayon mərkəzi.

18. Ermənilərin 1890-cı ildə Tiflisdə yaratdıqları Sosialst təmayüllü partiya. Bu partiyanın üzvlərinin 1905-07-ci illərdə və 1917-21-ci illərdə törətdikləri qırğınlar, əsasən də dinc müsəlman əhalisinin məhvində fəal iştirakı onu irqçi bir təşkilat kimi tanıtdı. 1918-ci ildə yaradılan Ermənistan Respublikasının hökumətində Daşnaksütun partiyası aparıcı – iqtidar partiya idi.

19. Keçmiş Qarabağ xanlığında qəza. 1920-ci ildə ruslar bolşevizm adı altında Qafqazı yenidən işğal edəndən sonra Zəngəzur qəzası ləğv edildi və Ermənistan Respublikası yaradılmaq üçün bölgənin çox hissəsi oraya qatıldı.

Çap olundu: Əli  Şamil. Dastanlaşmış ömürlər, Bakı, “Səda” nəşriyyatı,  2001, səh.7-16

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol