Rza Bərahəni ilə Bakıda bir müsahibə

 

Əli Şamil

alishamil@yahoo.com

 

RZA BƏRAHƏNİNİN BAKIDAKI BİR MÜSAHİBƏSİ

 

 

 

Rza Bərahənini sərhəd məftilləri söküləndən sonra tanıdım. Sovet dövründə Azərbaycan mətbuatında Güney Azərbaycan haqqında yazılanları böyük maraq və həvəslə oxuyurdum. Cavad Heyətin Tehranda nəşr etdirdiyi “Varlıq” jurnalının bəzi saylarını da kitabxanada höccələmişdim. Rza Bərahəni haqqında yazıya rast gəlməmişdim.

1990-cı ildən sonra İrandan Azərbaycana rəsmi və qeyri-rəsmi yollarla gedib-gələnlərin sayı gündən günə artı. Arazdan keçərək gizli gələnlərdən bir də Əkbər Zülfü idi. Üsyankar ruhlu, ədəbiyyatımıza, tariximizə böyük sevgisi olan, milli dəyərləri yüksək qiymətləndirən bu gənc həyatını təhlükəyə ataraq Arazı keçib Naxçıvana gəldi. Şərqi Azərbaycanın Culfa bəxşinin Siyahparan kəndində doğulmuş Əkbər Zülfü o taydakı hadisələr haqqında bizə geniş bilgi verirdi. Rza Bərahəni haqqında da ilk dəfə ondan eşitdim. Əkbərin farsca yazan türklərə xoş münasibəti olmasa da Rza Bərahənidən və onun əsərlərindən söz düşəndə böyük şövqlə danışardı.

Sərhədlər aşılandan sonra bir neçə dəfə İran İslam Respublikasının müxtəlif şəhər və kəndlərinə getmişdim. Rza Bərahəninin yaşadığı Tehran şəhərində yaşayan ziyalılarla görüşüb söhbətləşsəm də nədənsə onunla rastlaşmamışdım.  

Onunla ilk dəfə 1995-ci ilin Oktyabrında Bakıda görüıdüm. Həmin günlərdə Bakıda Cavad heyətin 70 illik yubileyi keçirilirdi. Yubileyə İrandan gələnlər arasında Əli Kamali, Savalan (Həsən Məcidzadə), Qulamhüsüyin Beqdeli, Əziz Möhsini, Rza Bərahəni və b. da vardı. Onları evimə qonaq dəvət etmək üçün hazırlır da görmüşdüm. Son anda Əli Kamalinin qəribəlikləri onların bizə gəlmələrini əngəllədi. Əli Kamali xərclərini ödəməklə onları restorana göndərdi, özü isə mənimlə geniş yaradıcılıq söhbəti etmək üçün bizə gəldi. O taydan qaçaq yolla Bakıya gəlmiş gənclər də  tez-tez bizə gələrdilər. Əkbər Zülfü, Araz Elsəs, Atilla və b. gənclər Ə.Kamalinin qonağım olacağını bilib dərdləşmək üçün bizə gəldilər. Həmin gecə gah Araz saz çaldı, gah Ə.Kamali danışdı, gahdan da biz ona suallar verdi. Məclis səhərədək davam etdi.

Sənər, yəni 19 Oktyabırda o biri qonaqlarla bir də görüşdük. Ondan Azərbaycan radiosunda apardığım “Qonaq eldən gələr” proqramı üçün müsahibələr aldım. Rza Bərahənidən aldığım müsahibəni yazıçının üslubunu saxlamaqla azacıq redaktələrlə aşağıda verirəm.

Əli Şamil: Rza bəy, sizləri xoş gördük. Səhv etmirəmsə Bakıya ilk dəfədir gəlirsiniz. Bakını neçə təsəvvür edirdiniz və necə gördünüz?

Rza Bərahəni:  Mən Bakını çox sevdim. Bakı çox da gözəl şəhərdir. Heç intizarım yox idi bu gözəllikdən. Bakı bir şəkilli şəhərdir. Bakının xalqı da çox mehribandı. Biz ki, burdeydik, bu muddətdə, bir həftənin ərzində, həm akademiyada, həmi ayrı yerlərdə, muzeylərdə, çox məhəbbət elədilər mənə. Müxtəlif adamlar gördüm. Professorlar, yazıçılat hamısının bizə lütfləri vardı. İnşallah ki, ayrı bir səfərlərdə buraya qayıdaq və belə yaxşı adamlarla daha ətraflı söhbət edək.

Əli Şamil: Rza bəy xahiş edirəm özünüzü Azərbaycan radiosunun dinləyicilərinə tanıdasınız?

Rza Bərahəni: Mən 1314-də(Miladi 1935-ci il), altmış il bundan qabaq Təbrizdə dünyaya gəlmişəm. Atam və anam Təbrizlidir. Xanımım da Təbrizlidir. Dərbağeyi rövşənimiz Təbrizlidir. Təbrizdə dərs oxumuşam, lisansa qədər.

Əli Şamil: Rza bəy, dünən  Azərbaycan Demokratik Firqəsi, yəni Seyid Cəfər Pişəvəri dönəmində məktəblərdə türkcə oxuduğunuzdan, şah qoşunları Azərbaycanda demokratik hərəkatı qan içində boğduqdan sonra dərslərin farsca keçirilməyə başlandığından, bu zaman qarşıya çıxan problemlərdən söhbət etdiniz. Mədrəsədə oxuyarkən  hazırladığınız divar qəzetinə görə  başınıza gətirilənəri danışdınız. Bu hadisə mənim üçün olduqca ürəksızladan oldu. Xahiş edirəm onu danışasınız. Məsləhət bilsəniz çap etdirər və efirə verərik. Məsləhət bilməsəniz  lentdə qala. Bəlkə bir zaman lazım gəldi.

Rza Bərahəni:  Mən Təbrizdə Pərvayiş mədrəsəsində dərs oxuyanda, 1324-25-ci illərdə(Mildai-1946-47-ci illər-Ə.Ş) biz orda bir divar qəzetəsi yazardıq ki, mən onun məsuluydum. Uşaqlıqdan ədəbiyyata maraq göstərdiyim üçün görünür məni məktəbin divar qəzetinə məsul təyin etmişdilər. Uşaqlarnan yığışardıq o qəzeti hazırlayıb divara vurardıq.

Şahın  dəstur ilə türki dili qadağan olundu. Tükricə danışılması məktəblərdə, rəsmi yerlərdə qadağandı. Belə bir vaxtda dedilər ki, sən yenə də divar qəzetini yaz gəti. Biz divar qəzetini hazırladıq. Tehrandan  gəlib Təbrizdə işləyənlərin bizimlə bir məktəbdə oxuyan uşaqları məqalələrini farsca yazmışdılar. Mənsə məqaləmi türkcə yazmışdım. Məktəbimizin o zamanki müdiri yaxşı adam idi, indi də qalır-sağdı. Amma məktəbə kənarda da bir nəzarət  vardı. Nəzarətçi məmurlar məktəbə gəldilər gördülər ki, divar qəzetindəki məqalə türki dilindədir. Çox narahat olurlar ki, bu niyə Azərbaycan türkcəsində yazılıbdı. Soruşurlar ki, bu yazını kim yazıb. Bildilər ki, ana dilində məqaləni mən yazmışam, qəzeti divardan özümə qopartdırıb yerə sərdirdilər. Sonra da məni məcbur elədilər ki, üzüquylu düşəm və qəzetdəki yazını dilimlə yalıyam. Qəzetdə məqalələr göy mürəkkəblə yazılmışdı. Onu yalayıb təmizləyənə kimi ağız-burunum gömgöy oldu. Az qalmışdı mürəkkəbdən zəhərlənəm. Evə gələn kimi məni müalicə etdirdilər.

Əli Şamil: Rza bəy, mədrəsəni Təbrizdə farsca bitirdiniz. Türkiyəyə gedərək orada Türkcə oxumağınız Sizin üçün çətin olmadımı?

Rza Bərahəni: Mədrəsədə, rəsmi yerlərdə farsca danışılmasına baxmayaraq, evdə, bazarda, küçədə, meydanda türkcə danışırdıq. O vaxtdan 50 il keçməsinə baxmayaraq bu gün də Təbrizdə türkcədən başqa bir danışıq eşitməzsən. Mən və yaşıdlarımın bir çoxu evdə gizlicə türkcə kitablar oxuyardıq. Ona görə də Türkiyəyə gedəndə orada heç bir çətinlik çəkmədim. Bəlkə elə buna görə də Türkiyədə Universitetdə birincilərdən oldum. Təbriz türkcəsi ilə İstanbul ağızının bəzi fərqlilikləri vardı. Onu da gülüş, zarafat mövzusuna çevirirdik. Elə fərqliliklər bizim təbrizlilərlə ərdəbillər, urmiyallılar, mərəndlilər arasında da var. Təbrizlilər söyürəm deyirlər, onlar sevirəm söyləyirlər. Bu fərqliliklər bəzən qovğaya da çevrilir. Təbrizli  Ərdəbildə, Urmiyada, Mərənddə birisini əzizləmək üçün soyürəm deyəndə onlar hirslənirlər ki, bizi niyə söyürsən.

  Türkiyədə dərs oxudum. İngilis ədəbiyyatı doktorası  aldım, 24 yaşımda.  Türkiyədə dərbaqei əvvəlimci adamam ki, ingilis ədəbiyyatı doktorası almışam. Ordan getmişəm İrana. Əsgərliyə getmişəm, sərbazlıq xidmətimi qurtarmışam.  Sonra Tehran Universitetində işləməyə başlamışam.

 1343-dən(Miladi 1965-), təqribən 31 bundan qabaqdan ta 13 il bundan qabağadək oradakı ədəbiyyat fakültəsində ingilis ədəbiyyatını və tətbiqi ədəbiyyat  tədris eləmişəm. Aradakı fasilələrdə 5 il Nyu York və London Universitetlərində ingilis ədəbiyyatı  professor olmuşam.

Əli Şamil: Rza bəy, elmi, pedaqoji fəaliyyətinizlə yanaşı bədii yaradıcılıqla da məşğul olursunuz. Özü də olduqca məhsuldar bədii yaradıcılığınız var. İndiyədək necə kitab çap etdiribsiniz?

Rza Bərahəni: İndiyə kimi 56 kitabım çıxıb, bunun da 5-i romandı, təqribən 4 min səhifə çap olunubdu. Çoxlu ədəbi-tənqidi məqalələrim çap olunub. 1340 dan bu yana necəki deyiblər, İranda müasir elmi ədəbi tənqidin əsasını mən qoymuşam. 14 şeir kitabımı çap elətirmişəm. Bunların bəziləri müxtəlif dillərə çevrilmiş. İngiliscə  3 kitab çap eləmişəm, ingiliscə yazmışam. Bir miqdar şerim də İngiliscəyə çevrilib. Rusca, İstanbul tükrçəsində, ərəbiyə və başqa dillərdə də çox sayda şeirlərim çap olunub. İspanyol dilində də çap olunan kitablarımdan biri “Taclı mahnılar”  adlanır. Bu kitaba  100 şeir və bir neçə də ədəbi tənqid məqalələrim daxil edilib.

Əli Şamil: Rza bəy, Azərbaycan Demokratik Firqəsi qan içində böğulandan, yüzlərlə insan nahaqdan öldürüləndən, işgəncələrə məruz qalandan, surgün olunandan, ana dilində yazmaq və oxumaq qadağan edildikdən sonra Siz özünüzü necə toparlayıb bədii yaradıcılıqla məşğul ola bildiniz?

Rza Bərahəni: Bu təzyiq və təhqirlərə baxmayaraq sonra İranda bir yazıçı nəsli meydana çıxdı ki, onlar Azərbaycanın və Azərbaycanlıların barəsində yazırdılar. Düzdü ki, onlar Azərbaycan türkcəsində yazmırdılar, farsca yazırdılar. Amma onlar Türk təfəkkürünü fars ədəbiyyatına gətirdilər. Bu çox da çətin olmadı. Çünki bu yazı üsulunun qədim ənənəsi vardı. Keçmişlərdə də türkcə düşünüb farsca yazan onlarla şairimiz olmuşdu.  Əslində fars ədəbiyyatını zənginləşdirən, ədəbiyyata yenilik gətirən də onlar olmuşdu. Məsnəvi janrını fars ədəbiyyatına türklər gətirdilər. Farslar kiçik bir sahədə, eyni mövzuda bədii çəhətdən bir-birindən fərqli və dolğun yazmağa üstünlük verirdilər. Qəzəl də bu işdə onlara yarıyırdı. Türklərə isə bu çox dar gəlirdi. Onlar uçu-bucağı görünməyən çöllərdə at çapmağa alışmışdılar. Ona görə də şeirdə bir uçsuz-buşaqsızlıq yaratdılar. Fars dillində yazılan hansı bir əsəri versəniz oxuyan kimi deyə bilərəm: bunu türk yazıb, bunu fars. Müəllifin milliyyətini təfəkkür və üslubdan müəyyənləşdirmək o qədər də çətin deyil.  

Əli Şamil: Rza bəy, Siz İran ədəbiyyatşünaslığında Avropa tipli ədəbi tənqidin banisi və Fars şeirində yeniləşmə hərəkatının öncüllərindən bir kimi tanınıbsınız. Kəlimələrin bir biriyle oynaştırır, şeir qəliblərini dağıdır, yeni formalar yaradırsınız. Azərbaycan haqqında farsca  bu qədər məhsuldar yaradıcılıqla məşğul olubsunuz, heç türk dilində-ana dilinizdə də əsərləriniz varmı?

Rza Bərahəni: Bəli, var! Bir miqdarı “Varliq”da çap olunubdu. Bir miqdarı da genə var türk və farsi, onlar da “Varlıq” da çap olunubdu. Axırın kitabım ki, Tehranda çıxıbdı, adı “Xəta bepərvana”dı. Orda çox uzun bir farsi-türki şerim çap olunubdu ki, fəqət  əvvəlində 3-4 sətri farsıdı, qalan 35 sətri, 40 sətri türkidi. Müxtəlif yerlərdə oxumuşam. Gedibdi, o tərəf-bu tərəfə(Yəni müxtəlif ölkələrdə çap olunub-Ə.Ş.) Türki-farsi-ərəbi şeirlərim də var. Tehranda çıxan son şeir kitabımda çap olunan bu şeirin adi da “Həh!”dir. Çox məruf bu şeir nəfəs gəlməx şeridi.

Dostlarnan oturub şerlərimdən seçmişik və türkicəyə çevirmişik. 300 səhifədən çoxdu. Yaxınlarda  çap olunacaq.

Əli Şamil: Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız?

Rza Bərahəni: Azərbaycandan doymadan ayrılıram. Mənim böyük arzum budu ki, bu böyük iqtisadi böhran ki, qabağa gəlibdi, bu iqtisadi böhran həlli olsun,     tainki, xalq bu çətinlikdən nicat tapsın. Xalq indiyədək mədəniyyətə, ədəbiyyata, şeirə bir belə əhəmiyyət verib, bundan bu yana artıxrax əhəmiyyət versin. Azərbaycanın mədəniyyəti böyük bir mədəniyyətdir. Fəqət bir dənə xəlq eliyə bilər ki, mədəniyyəti qüzəştədə taani veriblər və yüksəldiblər genə də yüksəltsinlər.

İnşallah ayrı bir vaxtda oturub söhbət eyləyəcəyik. Xüsusən şeir və roman üstündə. Bu fürsətdə, qısa bir fürsətdə fikir eləmirəm ki, elmi bir fikir söyləyə bilim. İnşallah ayrı bir fürsətdə yenə də bu barədə sizinən danışacağam. Ayrı bir vaxtda yenə də xidmətinizdə varam.

Əli Şamil: Çox sağ olun. Sizlərə yeni yaradıcılıq əhval-ruhiyyəsi, mübarizədə dözüm və dəyanət arzulayırıq.

Müsahibənin sonunda Rza Bərahəni böyük şövqlə “Həh!” şeirini söylədi. Ondan aldığım müsahibəni və “Həh!” şerini Azərbaycan radiosunda “Qonaq eldən gələr” proqramında səsləndirdim. Verilişi  lentə köçürtdürüb Rza Bərahəniyə göndərdim.

Rza Bərahəni ana dilində 15-20 şeiri olduğunu söylədi. Mən bir kitab üçün 15-20 şerin az olduğunu bildirdim. Şərtləşdik ki ana dilində yazdığı 50-60 şerini mənə göndərsə Bakıda çap etdirim. Bakıdan  gedəndən sonra bir də onunla 1996-cı ilin sentyabrında əlaqə saxlaya bildim. Tanınmış vəkil, həvəskar folklor toplayıcısı və araşdırıcısı Əli Kamalinın 1996-cı ilin avqustun 1-də ölüm xəbərini eşitdik. Dəfninə gedə bilməsək də bir nümayəndə heyəti təşkil edərək qırxına getdik. Nümayəndə heyətinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Kazım Teymurlu, Azərbaycan Yazıçılar Birliyindən Hamlet Qoca, Qarabağ Qaçqınlarına Yardım Komitəsindən Dilsuz Musayev və Azərbaycan Milli Ensiklopediyasının və Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutun təmsilçisi kimi mən daxil idim.

Tehranda Əli Kamalinin yas mərasiminə Rza Bərahəni gəlməmişdi. Dostlar vəziyyətinin yaxşı olmadığını, təqib və təzyiqlər altında olduğunu söylədilər. Mən evlərinə zəng vurub telefonda xeyli danışdım. Şeirlərini göndərmədiyindən gileyləndim. Vəziyyəti heç də xoşagələn olmadığını, başı bərk qarışıq olduğunu söylədi və vəd etdi ki, başı ayılan kimi ana dilində yeni şeirlər də yazaraq mənə göndərəcək.

Xeyli sonra Rza Bərahəninin Kanadaya mühacirət etdiyindən xəbər tutdum. İranda modernizmin banisi sayılan ədib Kanadada PEN kuluba, yəni yazıçılar birliyinə rəhbər seçilir.

 1968-ci ildə İranda “Kişilik tarixi” kitabını çap etdirə bilməyən, “Hakim və məhkum mədəniyyət” məqaləsinə görə həbs olunaraq 9 ay zindan da saxlanan,

İranın yenilikçi ədiblərindən Qulamhüseyin Səidi, Cəlal Aləhməd, Əhməd Şamlu ilə birlikdə yazıçılar birliyi yaradan Rza Bərahəni İran İslam İnqilabından əvvəl də şah rejimi  bezib mühacirətə gedibmiş.İnqilabdan sonra vətənə dönsə də yenə əvvəliki sıxıntılar, təziqlər, həbslərlə üzləşmiş, yazdıqlarının hamısını çap etdirə bilməmişdi.

 Kanadaya son mühacirətindən bir-iki il sonra mənə bilgisayarda yazılmış bir kitab göndərdi ki, Bakıda çap etdirim. Kitaba Rza Bərahəninin farsca şeirlərinin Türkiyə türkcəsinə çevrmələri daxil edilmişdi.  Şeirləri kimin çevirdiyi də məlum deyildi. Mən həmin kitabı çap etdirə bilməyəcəyimi yazdım və bildirdim ki, Azərbaycan türkcəsində yazılmış orijinal şeirlərini çap etdirməyə həmişə hazıram.

Sonralar onun “Kələbək” adlı şeir kitabını Türkiyədə gördüm. “Dünya kitabları” nəşriyatında 2004-cü ildə çap olunmuş  bu kitabdakı şeirləri  Haşim Hüsrevşahi Türkiyə türkcəsinə çevirmişdi. Mənə göndərilən kitabdakı şeirlərin çoxunu “Kələbək” kitabında gördüm.

Rza Bərahəninin diktafonuma söylədiyi şeiri  aşağıda veririk.

 

    

“Həh!” şeri

Həmişe ma qurestanhaye

no miyaferinim

Əmma dele məra bebin ke dər

 gerove qurestanhaye kuhne əst

Ki kaşan dər xak bərdar mişəvənd

Zəman keşiyde cahan rabetubre.

Və nagahan kəsi əz rah miresəd

Hezareye digər və bər məzar sənge

səxti nə nam neşani mi əfzayə

və dər bərabəri an dodəs bərsine

bi səng minə gərə şəbihe mən

bəxe delemən əzan qurestan ha braxs

ber xahət xas

hələm hələm hələ ləm ləm həla həl hələ həl həl

və ba zəbani çəşm bi niyə mən migery

çera ke geriye esaletdare

der zəbani in do çeşm

Və geçti bir gecə,

geçtikim ki, bir bülbül idi

və ya ki, bir gül idi.

Həlayi həl hələ gəl gəl

Yapış, yapış qolumdan,

gər kiflisən, gülüm sən əgər

Hələm, hələm, həl hələ!

Gəl yapış əlimdən, gər kiflisən, gülüm.

Hələm hələm hələ ləm, yapış əlimdən əgər.

Və nagahan yekiy əzra mirəsən

 

Qavalçalan, oxuyan dağ ətəyində

Bağın dibində, sənin əksini tapanda

O əksi basanda bağrına gizlin,

“Dilim!”, “Dilim!” diyən heyf olmuşum,

Yazığım Gözəl dilim,

necə bağrımda yandı,

lap külə döndü

Şəbi he mən, şəbi he mən!

 

 

Zaman keşiyində, cahanda betu ubre

Yapış qolumdan,

kiflisən gülüm, sən əgər...

Qucaxladım, nə gözəlsən,

dedi: demə, mən ölüm

Dedim: nə səndə ölüm var,

nə vardı məndə ölüm!

O ağladı, qan ağladı.

ələkdi gözlərin ay gül,

qızıl gül yenə ələnir

sənin bu yaşların üryan canım qana bələnir.

Dedi: demə mən ölüm,

Dedi: demə mən ölüm.

Dedim: yapış, yapış qolumdan,

Əgər kiflisən gülüm.

Şəbi he mən, şəbi he mən

 

Hələm, hələm, həla həl ləm həla həl hələ həl həl gülüm,

Bu çəngi Rudəti çalsın,

Məlukun oğlu da gəlsin!

O nazlı dirçəki çalsın

Tarım da Şəhriyar alsın,

mənim yanımda otursun!

Lahac Sadıx qavalın

ilə bərabərimdə otursun!

Və tabə zab ilə getsin,

və Bəlx Təbrizə gəlsin

  çal qaval səsi qalxsın,

və çal qaval səsi qalsın

Onda mən diyərəm Həh!

Hələm, hələm, həla həl ləm həla həl hələ həl həl

Və indi mən diyən oldu, və indi mən diyən oldu.

Kəlamların mənə baxsın,

Dağın dibində o əsir basanda bağrıma gizlin

Və indi mən diyən oldu,

qan ağladıx, hamımız qan ağladux!

Dəfe dili, mən və quuşkom to

be in toprak yeki bin

dəfe dili mən əzan qur və quuşkon to be in toprak ke hezar sal  sedayi çal xeyi əzan viran

ke hezar sal

yeki besine fe şord əkse kohneyi sureti tora təbi

be baxt girist hay hay şəbi he mən hizar sal

Hələm, hələm, həla həl ləm həla həl hələ həl həl

əza qurestan ha

və berəxs dən  bər xa həd xast

 

 

Dədəm,

dədən,

Dədə Qorqut dedux,

dedux hamımız!

Və əl-ələ, əl hələm hələ, əl-ələ verdux.

O yollarun hamısın bağladux

Bizar arsan qan ağladux hamımız.

Hamımız qan ağladux, hamımız hezar sal!

Hələm, hələ Həh!

 

Ancaq mənim ürəyim köhnə bir məzarlığa bağlıdır

Keçmişdə əkdiyimiz

Bu gün torpaqdan

Varlanır.

Bir torbada zaman dünyanı

Daşıyarkən

Çatdı qəfildən bir an

Bir kəs

Minillik adsız, ünvansız

Bir daşa tapındıq

əllərimi bərk-bərk köksümə sıxaraq

dayandıq mənim kimi,

sanki ürəyim

köhnə məzardan gəlib mənə

çatarkən.

Rəqs eyləyərək oxudum

hələm hələm hələ ləm ləm həla həl hələ həl həl

 

Ancaq burnumun ucu göynər mənim

Ürəyimdə ağlar, mənim dilimdə oxşar,

Mənim o iki ağlar gözlərimdə

hələm hələm hələ ləm ləm həla həl hələ həl həl

Sənin köhnə şəklindən üz döndərmədən

Ağladı hönkür-hönkür.

Mənim kimi mən.

 

Şeirdə farsca olan misraları Aqşin Ağkəmərli aşağıdakı kimi tərcümə etmişdir:

 

Ancaq mənim ürəyim köhnə bir məzarlığa bağlıdır

Keçmişdə əkdiyimiz

Bu gün torpaqdan

Varlanır.

Bir torbada zaman dünyanı

Daşıyarkən

Çatdı qəfildən bir an

Bir kəs

Minillik adsız, ünvansız

Bir daşa tapındıq

əllərimi bərk-bərk köksümə sıxaraq

dayandıq mənim kimi,

sanki ürəyim

köhnə məzardan gəlib mənə

çatarkən.

Rəqs eyləyərək oxudum

hələm hələm hələ ləm ləm həla həl hələ həl həl

Ancaq burnumun ucu göynər mənim

Ürəyimdə ağlar, mənim dilimdə oxşar,

Mənim o iki ağlar gözlərimdə

hələm hələm hələ ləm ləm həla həl hələ həl həl

Sənin köhnə şəklindən üz döndərmədən

Ağladı hönkür-hönkür.

Mənim kimi mən.

Sözardı: 2009-cu ilin payızında İsvecdə yaşayan Əlirza Qəzvini mənə zəng vuraraq Rza Bərahəninin bir qurup mühacir şairlə birlikdə Azərbaycana gələcəyini və məni də görmək istədiyini söylədi. Təəssüflə bildirdim ki, mən həmin günlərdə Abant İzzet Baysal Üniversitesi Bolu Halk Kültürünü Araştırma və Uygulama Mərkəzi (BAMER), Azərbaycan Respublikası Milli Elimlər Akademiyası Folklor İnstitutu, Özbəkistan Respublikası Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutu ilə  birgə    Türkiyənin Bolu şəhərində  kecirəcəyi I Uluslararası Köroğlu, Bolu tarih və kültürü simpozyumunda iştirak etdiyimdən onlarla görüçə bilməyəcəm.

Bakıya dönəndə qəzetlərdən oxudum ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan Rza Bərahani Odlar Yurdu Universitetinin fəxri doktoru seçilib.

Bakıda xalq şairi Sabir Rüstəmxanlının naşirliyi, “Bakı-Təbriz” dərgisinin baş yazarı Məsiağa Məhəmmədinin tərtibçi-redaktorluğu ilə “Qanun” nəşriyyatında “Rza Bərahani: Şeirlər, müsahibələr, araşdırma” adlı 79 səhifəlik bir kitab çap olunub. O, görüşlərdə 2500 illik bir dövrü əhatə edən üç hissəli “Ayaz” rumanı üzərində işlədiyini, bu əsərləri əsasında 6 tamaşa hazırlanaraq Fransada göstərildiyini söyləyib. Romanının yazılma texnikasından, bədii yaradıcılıqdan söz açarkən deyib ki, “Mən tarix yazıram, ancaq öz bildiyim kimi”.

Ədib ana dilində yazmasa da milli düşüncəsini farsca, ingiliscə yazdığı əsərlərində oxucuya çatdırır. Onun ana dilində yazıb-yaradan, inqilabçi şair Əlirza Oxayın İran zindanında faciəli ölümünü təsvir edən əsəri Azərbaycanlı gənclərin sevə-sevə oxuduğu əsərlərdəndir

Çap olundu: Rza Bərahəninin Bakıdakı bir müsahibəsi,“Kimlik” jurnalı, 2010-cu il, sayı 5, səh.42.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol