Qədim abidə tədqiq edilir -Kitabi Dədə Qorqud haqqında

QƏDİM ABİDƏ TƏDQİQ EDİLİR

Alman şərqşünası Henrix Fridrix Fon Dits 1915-ci ildə “Kitabi Dədə Qqorqud”un  Drezden kitabxanasında saxlanan nüsxəsi haqqında məlumat verməklə yanaşı “Təpəgöz” boyunu tərcümə edərək nəşr etdirmişdir. Alman şərqşünasından sonra yüzlərlə tədqiqatçı xalqımızın bu ölməz abidəsinə möraciət etmiş və onu möxtəlif baxımdan şərh etməyə çalışmışdır.

“Kitabi Dədə Qorqud” azərbaycan xalqının əvəzsiz tarixi abidəsi olsa da çox təəssüf ki, onun tədqiqinə Böyük Oktyabr sosialist inqilabından sonra mümkün olmuşdur.

Ötən 50 ildə 100-ə yaxın azərbaycanlı alim bu ölməz abidəyə müraciət etmiş, dastan haqqında samballı monoqrafiyalar və məqalələr yazmışdır. İndi fəxrlə deyə bilərik ki, dünya dədəqorqudşünaslarının ən görkəmli nümayəndələri respublikamızda yaşayıb yaradır. Şamil Cəmşidov dədəqorqudşünaslarının gənc nəslinə mənsubdur. Ölməz abidə haqqında 20-dən çox məqaləsi və iki monoqrafiyası çap olunmuşdur.

 “Elm” nəşriyyatının oxuculara təqdim etdiyi “Kitabi Dədə Qorqud” monoqrafiyası Ş. Cəmşidovun ikinci kitabıdır. 60-cı illərdən dədəqorqudşünaslıqla məşğul olan müəllif son monoqrafiyasında oxucuya çox qiymətli məlumat verir, indiyədək mübahisəli olan və qaranlıq qalan məsələləri aydınlaşdırır.

        “Kitabi Dədə qorqud”un nəşri və tədqiq tarixi” adlandırdığı 1 fəsildə müəllif dünya şərqşünaslarının xalqımızın bu qiymətli abidəsi haqqında dərc etdirdikləri əsərləri nəzərdən keçirir və abidənin Azərbaycandan almaniyaya necə gedib çıxdığı haqqında fikir yürüdür.

       Dastanın harada qələmə alınması, Qorqud atanın şəxsiyyəti və yaşadığı dövr indiyədək mübahisəli qalırdı. Ş. Cəmşidov orta əsr tarixçilərindən Övliya Çələbinin , İsgəndər bəy Münşinin, Şərəf xan Bidlisinin, A. A. Bakıxanovun və başqalarının əsərlərindən gətirdiyi sitatlarla və özünün ağıllı mühakimələri ilə sübut edir ki,xalqımızın əvəzsiz abidəsi Azərbaycanda qələmə alınmış, azərbaycanın bir çox şəhərlərini istila etmiş Özdəmir oğlu Osman paşa tərəfindən qənimət kimi bir çox qiymətli əlyazmalarla birlikdə Türkiyəyə, oradan da Almaniyaya aparılmışdır. Şirvana bəylərbəyi təyin edilən Osman paşa 933-cü ildə (Hicri) Təbrizi işğal etmişdir. Lakin Təbrizdə çox qala bilməmiş, şəhərdə baş verən iğtişaşdan və qızılbaşların yenidən başlanan hücumundan yaxa qurtarmağa çalışan türk ordusu xəstələnmiş Osman paşanı gəcavəyə əyləşdirib Van istiqamətində geri çəkilir. Osman paşa 933-cü ilin şəvval ayının 29-da (hicri) Əlbaq qəsəbəsində dəfn edilir. Bu tarix də “Kitabi Dədə Qorqud”un ilk vərəqindəki tarixlə düz gəlir.

       Türkiyə tarixində Osman paşalar çox olmuşdur. Ş. Cəmşidovun gətirdiyi dəlillər o qədər güclüdür ki,oxucunu həmin dəqiqə tutur. Əmin olursan ki, dastanın il vərəqindəki tarix məhz Özdəmir oğlu Osman paşanın vəfat tarixidir və bu ölməz abidə onun xəzinəsi ilə birlikdə Azərbaycandan gedib.

         Ş. Cəmşidov ağır zəhmətə qatlaşan, orta əsr müəlliflərinin verdikləri məlumatları dönə-dönə yoxlayıb, saf-çürük edən tədqiqatçı olmaqla yanaşı həm də bacarıqlı mətnşünasdır. Bu baxımdan tədqiqatçının abidədəki mətnləri müxtəlif variantlarla oxuyubizah edən müəlliflərlə mübahisəsi və eləcə də “İç oğuzun”, “Boz oq”, “Daş oğuzun” isə “Üç oq” olduğunu isbat etməsi də maraqlıdır. İndiyədək tədqiqatçıların əksəriyyəti fonetik yaxınlığı nəzərə alaraq “İç oğuzun”, “Üç oq”, “Daş oğuzun” isə “Boz oq” olduğunu yazırdılar.

      Ş. Cəmşidov fonetik yaxınlığa aldanmır, sintaktik və məntiqi təhlil apararaq, eləcə də oğuzlar haqqındakı qədim rəvayətlərdən gətirdiyi misallarla sübut edir ki, “İç oğuz” , “Boz oq” hakim, “Daş oğuz” və “Üç oq” isə ona tabe olan hissədir.

      Ərəb əlifbasında bəzi saitlərin yazılmaması, bəzi hərflərin isə yerindən asılı olaraq müxtəlif cür səslənməsi, bir-birinə oxşar işarələrin çoxluğu, nöqtələrin dəyişməsi ilə sözün dəyişməsi və eləcə də katib xətaları qədim və orta əsr abidələrinin oxunuşunu olduqca çətinləşdirir. Bu da bir sözün müxtəlif cür oxunmasına səbəb olur. Səhv oxunuş da tədqiqatçıları çaşdırır. Azərbaycanlı alimlərin əksəriyyətinin Şərur və Şərurun oxuduqları sözü türk tədqiqatçılarından Orxan Şaiq Şürükün və “Şirögüven”, “Giziroğlu Mühəmməd Fəxrəddin Şirokavan”, “Məhərrəm Ergin Şirogüven” və sair oxuyurlar.

Ş. Cəmşidov bu cür yanlış müddəaları rədd etmək üçün uzun müddət toponimika ilə məşğul olmuş, dastanda adı çəkilən coğrafi adları dəqiqləşdirərək oğuz elinin yaşadığı ərazini müəyyənləşdirməyə cəhd göstərmişdir. Müəllif oğuz elinin Dərbənddən “Gürcüstan ağzınadək” bir ərazidə yerləşdiyini göstərməklə kifayətlənmir, boylardan çıxış edərək göstərir ki, bu xalq heç də köçəri, bu il bu dağda, sabah o birisi dağda yaşamayıb. Onlar oturaq həyat keçirmiş, sabit əraziləri olmuş, bu ərazini də yağılardan qorumuşlar.

     Oğuz qəhrəmanlarının yaşadıqları, müdafiə edib qoruduqları və döyüşdükləri, səfərə çıxdıqları yerləri nəzərdən keçirən tədqiqatçı haqlı olaraq göstərir ki, oğuzların yaşayıb həyat sürdükləri ərazi heç də Şimali Qərbi anadolu deyil, Azərbaycandır. Həm də bu xalq cəsur, döyüşkən olsa da heç bir vaxtistilaçı, soyğunçu müharibələr aparmır. Əksər vaxt onlara hücum etmiş düşməni məğlub edib ev-eşiklərini, mal-dövlətlərini qarət edirlər.

     Ş. Cəmşidovun dastandakı qəhrəmanları tarixi şəxsiyyətlərə bənzədən, onları prototipi olduğunu söyləyən müəlliflərlə mübahisəsi də maraqlıdır.

       Əsəsrin məzmununu və ideyasını geniş, elmi surətdə təhlil edən Ş. Cəmşidov dastanın bədii xüsusiyyətlərini, bədii təsvir və ifadə vasitələrini də nəzərdən qaçırmamışdır. “Dədə Qorqud”dan sonra yaranan dastanlara göstərdiyi təsiri də geniş işıqlandırmışdır.

      Müəllifin müxtəlif mənbələrdən götürüb monoqrafiyaya əlavə etdiyi köməkçi mətn, miniatür və şəkillər kitabın məziyyətlərini daha da artırır. 

 

Əli Şamilov,

“Şərq qapısı” qəzeti, 31 dekabr 1978- ci il.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol