MİLLƏT NAMİNƏ, ANA DİLİ UĞRUNDA VƏ ELM YOLUNDA YAŞANMIŞ ÖMÜR - ATA TƏRZİBAŞI
Aprelin 1-də Qarabağda qızışan savaş Ata Tərzibaşının ölümünü mənə unutdurmasa da, haqqında yazmağımı xeyli yubatdı...
Ata Tərzibaşının adını ilk dəfə 1968-ci ildə, Azərbaycan Dövlət Universitetinin birinci kursunda oxuyanda eşitmişdim.
Bizə "Azərbaycan şifahi xalq ədəbiyyatı" fənnindən dərs deyən Vaqif Vəliyev onun bəzi məqalə və kitablarının adını yazdıraraq, oxumağı məsləhət görəndə tələbə yoldaşlarımız arasında narazılıq edənlər oldu. Ata Tərzibaşının kitablarını tapmağın çətin olduğunu, əski əlifba ilə yazılanları oxuya bilməyəcəklərini söylədilər. Vaqif müəllim də səbrlə izah etdi ki, Ata Tərzibaşının əsərlərini məcburi oxu kimi ədəbiyyat siyahısına salmayıb. İmtahan biletlərində də ondan sual olmayacaq, istəyən oxusun, istəməyən oxumasın.Vaqif müəllimin bizə sərbəst seçim hüququ verməsi və həmin illərdə İraq Türkmanları mövzusunun Azərbaycanda gündəmdə olması yaşıdlarımın bu mövzuya diqqətini artırmışdı. Rəsul Rzanın, Rüstəm Əliyevin, Qəzənfər Paşayevin İraq Türkmanları ilə bağlı yazılarını oxuyanda Kərkükdə, Mosulda, Tuzxurmatıda, Ərbildə və başqa bölgələrdə yaşayan soydaşlarımız haqqında daha geniş bilgi əldə etmək istəyirdik.
Ata Tərzibaşının adını ilk dəfə eşitdiyim vaxtdan 47 il sonra o, Allahın rəhmətinə qovuşdu Ötən müddətdə onun yaradıcılığı ilə yaxından tanış oldum, məqalələrimdə əsərlərindən istifadə etdim, haqqında məqalə də yazdım, təəssüf ki, özü ilə görüşə bilmədim.Sovetlər dönəmində İraqa getmək, Ata Tərzibaşını görmək mənim kimiləri üçün mümkünsüz idi. 1990-cı illərdən başlayaraq İraqa gediş-gəliş asanlaşdı. Hər il yüzlərlə azərbaycanlı Kərbala ziyarətinə, onlarla soydaşımız isə ticarət və başqa məqsədlərlə İraqa getdilər. Onlara qoşulub
mən də gedə bilər, həmişə hörmətlə yad etdiyim, əsərlərindən yararlandığım Ata Tərzibaşını görər, söhbətlərini dinləyərdim. Təəssüf ki, bunu edə bilmədim.
Milləti və vətəni üçün etdiyi xidm ətlərə görə dərin hörmətimi qazanmış türkoloq Ata Tərzibaşı Kərkükün tanınmış və əsilli-nəsilli bir ailəsində dünyaya gəlib. 1924-cü il noyabrın 14-də doğulan oğluna Hacı Ömər Ataulla (Azərbaycanda onun adını Əta kimi də yazırlar) adı qoysa da, o, Ata Tərzibaşı kimi tanındı.
İlk təhsilini Kərkük şəhərindəki Piryadı məhəllə məktəbində alan Ataulla orada Quranı Kərimi, Sədi Şirazinin "Gülüstan"və "Büstan"ını, Məhəmməd Füzuli Bağdadinin əsərlərini oxumağı, eləcə də ibtidai hesab əməliyyatını öyrənir. Orta məktəbi və litseyi də doğulduğu şəhərdə bitirir. Məktəb illərində təzyiqlərlə üzləşir. Yaşadığı ölkədə ana dilində təhsil verən məktəblərin olmadığını görür. Hansı ki, onun dünyaya gəlməsindən 4 il əvvələdək bu yerlərdə Osmanlı hakim olsa da ərəb dilində məktəblərin, qəzet və jurnalların açılmasını qadağan etməmişdi. Əksinə ərəb dilinin, ərəb mədəniyyətinin inkişafına kömək etmişdi.
Osmanlı dövlətinin 400 illik hakimiyyətindən sonra parçalanmış imperiyanın yerində imprealis güclərin yaratdıqları İraq Krallığında türklərin sıxışdırılmasına başlanmışdı. Birinci Dünya savaşından sonra imperialist güclər neftlə zəngin Musul vilayətinin Türkiyə Cümhuriyyətinə daxil olmasına da imkan verməmişdilər. Vilayətin Böyük Britaniyanın qurduğu oyuncaq İraq krallığına tabe edildiyi azmış kimi burada yaşayan türklərin Türkiyə Cümhuriyyəti ilə əlaqələrini də əngəllənmişdi. Təzyiq və təqiblərdən cana doyan türklərin bəziləri yüzillərlə yaşadıqları, özlərinə vətən seçdikləri torpaqları tərk etmək məcburiyyətində qalmışdılar. Hacı Ömər isə vətənə bağlı insanlardan idi. Təqib və təzyiqlərə, ərəb assimilyasiyasına baxmayaraq köçməyi fikrindən belə keçirmirdi. Övladlarını da bu ruhda böyütmüşdü.
Beynəlxalq müqavilələrdə türklərin azınlıq hüququ tanınsa da ona əməl edilmirdi. Təqib və təzyiqlərə baxmayaraq türklər soydaşlarının maariflənməsinə böyük diqqət yetirirdilər. Ata Tərzibaşı da millətinin haqqını qanunlarla müdafiə etmək üçün 1946-cı ildə litseyi başa vurduqda Bağdad Universitetinin Hüquq fakültəsində oxumağa gedir. Yeniyetməliyindən ana dilində, milli ruhlu şeirlər yazmağa başlayan bədii yaradıcılığını universitet illərində də davam etdirir. 1950-ci ildə universiteti başa vurub Kərkükdə vəkil kimi əmək fəaliyyətinə başlayır.
Vəkil işləyərkən görür ki ayrı-ayrı soydaşının haqqını müdafiə etməklə iş bitmir. Gərək millət öz hüququnu başa düşsün, öz haqqı uğrunda mübarizə apara bilsin. Bunun üçün də mətbuatın gücündən yararlanır. İlk məqalələrini Misirdəki "Əl-Risale" jurnalında çap etdirir. Bu jurnal o dövrdə böyük şöhrət qazanmış, ən çox tirajla çap olunan ərəbdilli mətbuat idi. Sonralar Ata Tərzibaşının imzası Beyrut, Hələb, Bağdad, Kərkük, İstanbul kimi şəhərlərdə nəşr edilən qəzet və jurnallarda görünür.
Ata Tərzibaşı bir ara Kərkükdə nəşr edilən "Afak" qəzetinin ədəbi redaktoru işləyir. 1958-ci ildə İraqda monarxiya devrilir və general Əbdül Kərim Qasiminin rəhbərliyi altında İraq Respublikası qurulur. Həmin ilin iyulun 26-da demokratik azadlıqlara zəmanət verən müvəqqəti konstitusiya qəbul edilir. Siyasi partiyalar açıq fəaliyyətə başlayır. Bunu alqışlayanlardan biri də Ata Tərzibaşı olur. Qəzetçilikdə qazandığı təcrübəyə dayanaraq 1958-ci il sentyabrın 23-də "Bəşir" adlı həftəlik ədəbiyyat və mədəniyyət qəzetinin nəşrinə nail olur.
Lakin onun ictimai-siyasi fəaliyyətinin və nəşrinə başladığı qəzetin ömrü o qədər də uzun sürmür. Qasiminin rəhbərlik etdiyi hökumət tərəqqipərvər təşkilatların fəaliyyətini məhdudlaşdırmağa başlayır. 1959-cu ilin martında Ata Tərzibaşı da həbs edilir və Hille bölgəsinə sürgünə göndərilir. Əsasını qoyduğu "Bəşir" qəzeti də martın 17-də bağlanır.
"Kərkük", "Afak", "Bəşir" qəzetlərində türklərin mədəniyyəti, ədəbiyyatı, dili haqqında yazdığı məqalələri ilə xalqın sevimlisinə çevrilən Ata Tərzibaşının sürgün həyatı çox da uzun sürmür. Üç aydan sonra yenidən Kərkükə dönərək vəkillik fəaliyyətini davam etdirir.
Ata Tərzibaşı vəkillik etdiyi günlərdə şahidi olur ki, soydaşları çox vaxt savadsızlıqlarına və ərəb dilini bilmədiklərinə görə məhkəmələrdə uduzurlar. Ərəblərin bir çoxu da türklərin tarixindən, mədəniyyətindən, ədəbiyyatından xəbərsiz olduqlarına görə onlara vəhşi, qaniçən və geridəqalmış kimi baxırlar. Odur ki, xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru haqqında həm ana dilində, həm də ərəbcə "A.T", "Ataulla Tərzibaşı", "Məcid Türkekul", "Ömərzadə
Allahverdi" və b. imzalarla əsasən də Ata Tərzibaşı imzası ilə elmi, publisistik məqalələr yazır. Onun istər "El-Turasüş-Şabi" jurnalında Türkman kültürü və folkloru haqqında ərəbcə yazdığı məqalələr, istərsə Ziya Gökalp, Əhməd Ağaoğlu və Fuat Köprülü kimi sosioloqlar haqqında çap etdirdiyi əsərlər bu gün də aktuallığını saxlayır.
İraq türklərinin mədəniyyəti tarixində xüsusi yeri olan "Qardaşlıq" jurnalında türk və ərəb dillərində ədəbiyyat, folklor, dil haqqında dəyərli məqalələr çap etdirən Ata Tərzibaşı sıx-sıx beynəlxalq elmi konfranslarda məruzələr edir, dünyanın ünlü türkoloqları ilə fikir mübadiləsinə girir. Ensiklopediyalar adətən türkmanların kültürü, ədəbiyyatı, tarixi ilə bağlı məqalələri ona yazdırmaqda maraqlı olublar.
Onun "Yazı dili, danışıq dili" məqaləsi dilçilik haqqında nəzəri baxışlarını özündə əks etdirən ən dəyərli qaynaqdır. Bu yazıda Ata Tərzibaşı türkçənin danışıq diliylə yazı dili arasındakı fərqin digər dillərdəki kimi dərin olmadığını isbatlamaq üçün ərəb dilləri ilə müqayisələr aparıb.
Ata Tərzibaşı məqalə və çıxışlarında dilin inkişaf etdirilməsinə, orta əsrlərdə türk dilinə yüklənmiş ərəb, fars tərkiblərindən təmizlənməsinə xüsusi diqqət yetirib. O, istər elmi əsərlərində, istər məqalələrində və çıxışlarında dildən çıxarılan ərəb, fars mənşəli sözlərin yerinə Avropa mənşəli terminlərin gətirilməsinin də əleyhinə olmuşdur. "İrak türkləri və dil özləştirməsi" əsərində məsələni geniş təhlil etmiş və bu fikri irəli sürmüşdür ki, dilin təmizlənməsi, inkişaf etdirilməsi, sərt, inqilabi yolla deyil tədrici aparılmalıdı. Həm də bu təmizləmə və yeniləşmə türk xalqları arasındakı bağlılığa zərər verməməli, əksinə onu daha da yaxınlaşdırmalıdı.
Bölgənin folklorunun toplanmasında və nəşrində böyük xidmətləri olan Ata Tərzibaşı dilin təmizlənməsində və yeniləşdirilməsin də xalq danışığına önəm verilməsini dönə-dönə vurğulamışdır. Səbəbini də onunla izah etmişdir ki, bu gün bir türk xalqının ədəbi dilində işlənməyən, arxaikləşmiş və ya dialektə çevrilmiş sözlər başqa türk xalqlarının ədəbi dilində olduqca işləkdir. Ola bilsin ki, həmin sözlər çalar fərqlərilə seçilsinlər və yeni eşidildiyi vaxt qulaqlara yad gəlsin, yaxud arqo kimi səslənsin. İctimai-siyasi xadimlər, dövlət adamları, yazıçı və şairlər, qəzetçilər bu sözləri sıx-sıx işlətsələr onda ədəbi dillərdə özünə vətəndaşlıq hüququ qazanar və türk xalqlarının bir-birinin yazısını anlaması da asanlaşar.
Ata Tərzibaşı yazı dili ilə danışıq dilinin yaxınlaşmasının vacibliyini dəfələrlə vurğulamışdır. Bunun üçün bölgədə böyük nüfuzu olan Türkiyə türkcəsinin əksikliklərini göstərməkdən də çəkinməmişdi. Məqalə və çıxışlarında dəfələrlə vurğulamışdır ki, tarix boyu türk dillərinin ən işlək və şirin səsi olan sağır nun səsinin əlifbada göstərilməməsi getdikcə bu səsin işləkliyini itirməsi ilə yanaşı, əski yazıların oxunuşunu da, türk xalqları və toplumlarının dilləri arasındakı yaxınlığı da çətinləşdirmişdir.
Tarix boyu 12 ayrı-ayrı əlifbadan istifadə etmiş türklərin böyük bir hay-küylə latın əlifbasına keçməsi də gözlənilən nəticəni verməmişdir. Onun əvəzinə ərəb əlifbasında islahatlar aparılaraq türk xalqlarının səs sisteminə uyğunlaşdırılsaydı, öz keçmişlərindən və bir-birini anlamaqdan belə sürətlə ayrılmazdılar.
1970-ci il yanvar ayının 24-də İraq hökuməti ölkədə yaşayan türklərə ana dillərində təhsil almaq və b. mədəni haqlar verdiyi haqqında bir qanun çıxardı. Lakin qanunun həyata keçməsi müxtəlif bəhanələrlə reallaşmadı.
1953-cü illərdə Bağdadda "Şərqi və türkülər" kitabını nəşr etdirən Ata Tərzibaşı 1954-cü ildə ərəbcə yeni bir kitab nəşr etdirdikdən sonra 1955-ci ildə "Kərkük hoyratları və maniləri", 1961-ci ildə "Kərkük havaları", 1962-ci ildə "Kərkük əski sözləri", 1963-cü ildə "Kərkük şairləri", 1964-də "Arzu-Qəmbər masalı", 1976-cı ildə "İraq türkmanları arasında yağmur duası" və b. kitablarını oxucularının və elm adamlarının mühakiməsinə vermişdi.
Ata Tərzibaşı kitabları təkrar-təkrar nəşr olunan az müəlliflərdən biridir. Belə ki, onun "Kərkük şairləri" kitabı 1963-2012-ci illərdə 13 dəfə, "Arzu-Kambar masalı" orijinalında olduğu kimi Kərkük, Bağdad, İstanbul və Bakıda 5 dəfə (hətta fransızcaya çevrilərək 2000-ci ildə Cenevrədə də nəşr olunub), "Kərkük hoyratları və maniləri" üç dəfə nəşr edilmişdir. Onun kitablarının çap olunma coğrafiyası da genişdir. Buraya Kərküklə yanaşı, Bağdad, İstanbul, Ankara, Bakı, Cenevrə və b. şəhərlər daxildir.
Ömrünü türkman ədəbiyyatının, dilinin, folklorunun və mətbuat, nəşriyyat tarixinin öyrənilməsinə həsr etmiş Ata Tərzibaşı bir ara Bağdadda gündəlik "Əl-Cihad" qəzetini də nəşr etmişdir.
1964-cü ilin may ayında Türk Dil Qurumuna "yardımcı üyə", 1996-cı ilin iyun ayında isə "şərəf üyəsi" seçilən Ata Tərzibaşı 300-ə qədər məqalə, 30-a yaxın kitab nəşr etdirsə də, ailəsinin vəkillikdən qazandığı pulla dolandırmışdır. Yəni dolanışıq üçün vəkillik etməyib elmi axtarışlarla məşğul olsaydı, yəqin onun əsərlərinin sayı iki bu qədər olardı. Ata Tərzibaşı yaradıcı şəxsiyyətlərə onların əsərlərinin bədii, elmi dəyərlərindən çox millətinə neçə xidmət etməsinə görə qiymət verirdi. Ona görə elmi yaradıcılıqla məşğul olurdu ki, millətinə xeyir versin.
2001-ci ildə keçirdiyi bir qəza nəticəsində ayağı sınan böyük alim və ictimai xadim evindən çıxmaz hala düşür. Buna baxmayaraq ruhdan düşmür, daim bilgisayar başında olur. O vəziyyətdə üç cildlik "Türkman sözlüyü", üç cildlik "Türkman kəşkülü" əsərlərini yazaraq nəşr etdirir. Onun son nəşr edilən əsəri 1915-ci ildə işıq üzü görən "Fuzuli hakkında yazılar" olur. 2015-ci ilin sonlarından heç kimlə görüşmək istəməyən şair, alim, vəkil və böyük millətsevər insan 2016-cı il martın 31-də, saat 21:00-da haqqa qovuşur.
Ata Tərzibaşının elmi əsərləri təkcə türk xalqlarının deyil, Yaxın Şərqin ən zəngin kitabxanalarının qiymətli sərvətinə çevrilmişdir.Qarabağda baş verən savaşlar Azərbaycanda Ata Tərzibaşının ölüm xəbərinə diqqəti müvəqqəti azaltmışdır. Yəqin ki, bundan sonra Ata Tərzibaşının ölümünün qırxıncı günü qeyd ediləcək və onun xatirəsinin yad edilməsi üçün bir sıra tədbirlər həyata keçiriləcəkdir.
Əli ŞAMİL
15.04.2016
Çap olunur: Millət naminə, ana dili uğrunda və elm yolunda yaşanmış ömür - Ata Tərzibaşı, “525-ci qəzet”, 20 aprel 2016-ci il, http://525.az/site/?name=xeber&news_id=55547
|