“GÜNDOĞANDAN GÜNBATANA”
“Yazıçı” nəşriyyatının 1983- cü ildə oxuculara təqdim etdiyi “Gündoğandan günbatana” kitabı A. Cəmilin “İşıqlar, pərvanələr” kitabından istər mündərəcə genişliyi, istərsə də dolğunluğu ilə seçilir. Bu bir daha onu göstərir ki, gənc şair öz üzərində işləyir, bilik dairəsini genişləndirir, ictimai-siyasi məzmunlu şeirlərinin sayını artırır.
Adil Cəmil yeni kitabında lirik şeirlərinə də ictimai məzmun verir, şəxsi hisslərinin tərənnümündə özünü Vətənə, xalqa borclu sayır. “Nəğmə sorağında” şeirində yazır:
Hələ istəyimcə boy atmamışam,
Ellərin yanında üzüqarayam.
Hələ bircə misra yaratmamışam,
İllərin yanında üzüqarayam.
Yuxarıdakı misralar inkarçılıqdan deyil, özünə tələbkarlıqdan doğmuşdu. A. Cəmilin şeirlərində belə misralara və bəndlərə çox rast gəlmək olar. Şair sanki, özü-özünə hesabat verir. Vətən üçün, xalq üçün layiqli övlad olmağa səsləyir özünü. Bu hissləri oxucuya da təlqin edə bilir. Şeiri oxuyan hər bir kəs özünə sual verir: bəs mən xalqım, Vətənim üçün hansı işləri görmüşəm?
“Vətən”, “Vətən bayatıları”, “Şöhrət muzeyi”, “Dağların töhfəsi”, “Torpaq şirinliyi” və başqa şeirlərdə də Vətənə sonsuz məhəbbət hissləri aşılanır.
Hər xırda detalı mənalandırmaq, hamının gördüyü mənzərəyə poetik don geydirmək bacarığı Adil Cəmil yaradıcılığının əsas məziyyətlərindəndir. Odur ki, bir eli-obanı su ilə sevindirə biləcək qüdrəti olmasına baxmayaraq başı üstəki qovağın “taleyinə axan” Korbulağın da, ölüm “balıqlarını qarmağına keçirdiyi göl yerinin də”, indi özü “selvarda üyünən dağdakı dəyirman daşının da” halına acıyır.
Təbiəti sonsuz məhəbbətlə sevən, onu tərənnüm edənAdil Cəmilin şeirlərində xalq ədəbiyyatına yaxım deyimlər, ifadələr çoxdur. Şair özü nəinki bundan qaçır, əksinə həmin ruhda yeni deyimlər, ifadələr yaradır. Bu da onun şeirlərinə bir şirinlik gətirir. Odur ki, şairin şeirlərinin çoxunəğmə təsiri bağışlayır.
“Gündoğandan günbatana” şeirlər kitabını A. Cəmilin ikinci poetik uğuru hesab etmək olar.
Əli Şamilov,
“Əmək bayrağı” qəzeti
Azərbaycan KP Babək Rayon Komitəsinin və
Rayon Xalq deputatları sovetinin orqanı.
1984-cü il, 16 mart, cümə, sayı 32. |